Liağadı da! Əliağa Vahid
Durduq bir ümid ilə gözəllər tərəfində,
Mindən birisi bəlkə tərəfdarımız oldu.
Əlağa vahid şeirləri
Fəxr etdik o gül bəlkə bizim yarımız oldu,
Tale bizə yar olmadı,əğyarımız oldu….
Aşiqlərə bülbül dedilər,biz də sevindik,
Hər bir gülə verdikdə könül xarımız oldu.
Durduq bir ümid ilə gözəllər tərəfində,
Mindən birisi bəlkə tərəfdarımız oldu.
Təkfir ilə zikr etdi bizi mollanümalər,
Zahid dediyi cənnətə inkarımız oldu.
Yar etdi cəfalar bizə,biganədən umduq,
Düşmən bizə öz sevgili dildarımız oldu.
Vahid,fələyə əyməmişik sərvət üçün baş,
Sərvət bizə öz gövhəri-əşarımız oldu.
Gelmese üstume yarim men ölenden sonra.
Tutmaz aram mezarim men ölenden sonra…
Hansi gülcöhreni meshuri-cahan eylemedim.
Qoy desin sanli diyarim men ölenden sonra?!…
Gördüyüm her gözeli sövq ile tesvir eledim.
Sen de xatirla,nigarim,men ölenden sonra…
Vetene,xalqa calisdim,ebedi xidmet edem.
Solmasin bagu baharim men ölenden sonra…
Asiqem senete,sere ve gözel musiqiye.
Dillen,ey sevgili tarim,men ölenden sonra…
Vahidem,qaldi sözüm dehrde bir dürr kimi.
Yasayar elde süarim men ölenden sonra…
“Əliağadı da! Əliağa Vahid”
“Yesenin, əlbəttə ki, sözləri başa düşmürdü, amma müğənninin səsi və melodiya onu valeh etmişdi, qəlbində iztirab baş qaldırmışdı, gözü qarşısında isə fars miniatürü canlanırdı: badam gözlü, nazik qaşlı pəri, budağında bülbül oturmuş qızılgül koluna tərəf əyilib. O, təsəvvür etdi ki, haradasa Şirazda – Hafizin vətənindədir. Mahnıda tez-tez hansısa Vahidin adı çəkilirdi və Yesenin diqqət etdi ki, bu ad çəkiləndə hamı otağın küncündə əyləşmiş qısaboylu, arıq, qarabuğdayı – onun üzünün rəngi başındakı açıq-qəhvəyi papağın rəngindən fərqlənmirdi – əynində köhnə paltar olan şəxsə tərəf boylanır və “Sağ ol, Vahid!” deyirdi.
– Bu kimdir, – deyə Yesenin soruşdu. Manuylov çiyinlərini çəkdi.
Yesenin ofisiantı çağırıb soruşdu.
– Bu? – Ofisiant təəccübləndi, – Əliağadı da! Əliağa Vahid. Böyük şairdi. Oxuduqları onun qəzəlləridir”.
Bu hissə mədəniyyətşünas Hüseyn Nəcəfovun Yeseninin Bakıya və şəhərətrafına səyahətindən bəhs olunan “Balaxanı mayı” kitabından götürülüb.
Musiqi şairi
Məlum olduğu kimi, tanınmış rus şairi öz səyahəti zamanı şair Əliağa Vahidlə dostlaşıb. Halbuki Vahid rus dilində çox çətinliklə danışırdı. Amma bu iki insanda elə bir oxşarlıqlar var idi ki, onlar dil maneəsini asanlıqla aşırdılar. Onların hər ikisi genişürəkli, əsl xalq şairləri idi. Və ən əsası və təəccüblüsü o idi ki, həm Yeseninin, həm də Vahidin şeirləri musiqiyə çox rahat “yatırdı”. Əslində, bu, poeziya üçün çox nadir haldır, çünki şeirlərin öz ritorikası olur. Məsələn, Brodskini gitara ilə oxumaq mümkün deyil, onu yalnız ucadan söyləmək lazımdır. Bizim kimi aşıq motivli və ya rus müəllif mahnıları kimi oxunan nəğməkar şairlərin yazdıqlarını isə tarın və ya gitaranın müşayiəti olmadan dinləmək alınmır.
Odur ki, xüsusi olaraq Yeseninin şeirləri üçün yazılmış çoxlu sayda romans və Əliağa Vahidin şeirlərinə yazılmış çoxlu mahnı var. Yesenin Moskva kabaklarında dinlədildiyi kimi, Vahidi də Bakının meyxanalarında məmnuniyyətlə dinləyirdilər. Məhz buna görə 1924-cü ildə tanış olmuş bu iki şairin münasibətləri möhkəm dostluğa keçdi. O illər Vahid çox kasıb idi, borc içində batırdı və qəzetlərdən aldığı qəpik-quruşla dolanırdı. Buna baxmayaraq, Yesenində mənən doğmalıq hiss edən Vahid ona qonaqpərvərliyini göstərmək istəyirdi. İlk görüşdən sonra Əliağa vacib işlə bağlı “Kommunist” qəzetinin redaksiyasına getməli olduğunu deyərək, dostundan onu bir qədər gözləməyi xahiş etdi. Bu “vacib iş”, əslində, dostu, tanınmış dramaturq Cəfər Cabbarlıdan bir az borc götürmək idi. C.Cabbarlı çox əliaçıq insan idi və heç vaxt Əliağanı əliboş qaytarmırdı. O zaman Vahid korrektor işləyirdi, arabir qəzetə şeirlərindən satıb birtəhər dolanırdı, amma rusiyalı həmkarına qafqazsayağı qonaqpərvərlik nümayiş etdirməməyi özünə sığışdırmadı.
Maraqlıdır ki, elə eyni qəzetdə onların daha bir ortaq dostu, məşhur “Qılınc və qələm” romanının müəllifi Ordubadi də çalışırdı. O, Vahiddən yaşca böyük idi və onun belə həyat tərzi keçirməsini və borc içində yaşamasını qəbul edə bilmirdi. Və məhz həmin dekabr axşamı o, Vahidi qəzetdə müntəzəm rubrika aparmağa razı sala bildi. Vahid razılaşdı və qürurla “küçədə onu böyük rus şairini gözlədiyini” deyərək, həm Cabbarlıdan, həm də sərt xasiyyətli Ordubadidən bir az pul götürüb getdi. Onlar şən əhvalla şəhəri, dənizkənarını gəzirdilər, poeziyadan danışırdılar. Sonra Vahid Yesenini şəhərin dağlıq hissəsindəki evinə qonaq apardı ki, burada yarızirzəmidəki mənzildə birgə yaşadığı həyat yoldaşı və dostları ilə tanış etsin. Və yalnız səhərə yaxın Yesenin mehmanxanaya qayıtdı.
Sevgi dolu ürəklərin dili ilə
Vahidlə Yesenin həmyaşıd idilər, o dekabrın qeyri-adi isti günlərində onların hələ 30 yaşları da tamam olmamışdı və rus şairinin vaxtsız ölümünə cəmi bir il qalırdı. O zaman “Bakinski raboçi” qəzetinə rəhbərlik edən tərcüməçi və jurnalist Pyotr Çagin də Yeseninlə dostluq edirdi və rus şairinin Bakıdakı həyatının təfərrüatlarını məhz Çagin yazmışdı. Ertəsi gün Yesenin dostu Çaginə onu döşəməsi torpaqdan olan yarımzirzəmi mənzilinə qonaq aparan Vahidlə və onun həyat yoldaşı, milliyyətcə rus olan Nina ilə tanışlığı haqda danışdı. Yesenin deyirdi: “Təsəvvür edirsən, o, rusca çox çətinliklə danışır, Nina isə türkcə heç nə bilmir, amma elə mehriban yaşayırlar ki. “. Çagin isə ona xatırladırdı ki, “elə sənin özün də Aysedora ilə jestlərin köməyilə danışmırsan?”.
Doğrudan da, bu məsələdə şairlər bir-birlərinə çox bənzəyirdilər. Yeseninin həyat yoldaşı, məşhur amerikalı rəqqasə Aysedora Dunkan rus dilini bilmirdi. Yesenin bunu belə izah edir: “Görünür, təbiətin sözsüz bir dili var. Ağacların, quşların, heyvanların, sevən ürəklərin dili. Bircə baxış, jest kifayət edir, sözdən də artıq məna verir”. Daha sonra o əlavə etdi: “Mənim dediyim başqa şeydir. Sən “Vahid” təxəllüsünün tərcüməsini bilirsən? “Vahid” – yeganə deməkdir. Bu, dəqiq belədir, ya yox, bilmirəm, amma mən ona necə hörmət qoyulduğunu gördüm. Adamın lap paxıllığı tutur. Kaş bizdə, Rusiyada da belə olaydı. Amma özü köstəbək kimi komada yaşayır. Mən sizi tanış edəcəyəm, xahiş edirəm, ona normal mənzil almağa kömək et”.
Şübhəsiz, şair azərbaycanlı həmkarını, bir növ, özünə bənzədirdi.
Bir gün sonra onlar Şağan və Mərdəkanı gəzmək üçün yenidən görüşdülər. Bu gün Mərdəkana 8 zolaqlı yol ilə cəmi yarım saata çatmaq olur, o vaxtlar isə ora ən rahatı camaatın “ququ quşu” adlandırdığı və fəhlələrin istifadə etdiyi komfortsuz şəhərətrafı qatarla getmək idi. O, köhnə parovoz və balaca vaqonlardan ibarət idi. Hər tərəfi buxara bürüyən bu qatar bərkdən və az-az fit verdiyi üçün xalq arasında “ququ quşu” kimi tanınırdı. Bu qatar mənzilbaşına bir neçə saata çatırdı. İsti yay günlərində çimərliyə gedən bakılılar, az qala, vaqonların qapılarından asılı qalırdılar. Sərnişinlər həddindən çox olanda isə maşinist arxa vaqonları açırdı, stansiyaya çatıb qalan vaqonları “götürmək” üçün yenidən geri qayıdırdı. Odur ki, şairlərin bəxti gətirmişdi – yay yox, qış ayı idi.
Ağ şəhərdə şairlər hərəyə 1 manat verib Mərdəkana qədər bilet aldılar. 23 oktyabr, cümə axşamı idi, Vahidin yeni dostunun ölümünə 1 il 5 gün qalırdı. Amma onlar bunu bilmirdilər. Şən əhvalda, deyib-gülərək boş “ququ quşu”nda əyləşib gedirdilər, pəncərədən “naxalstroy”lara, zavodların qaranlıq korpuslarına, balaca kəndlərə, səhralara tamaşa edirdilər.
P.S. Füzuli məktəbinin davamçısı olan Əliağa Vahid sovet dövründə qəzəl janrının ən parlaq təmsilçisi sayılırdı. Bundan başqa, o, Nizami, Füzuli, Xaqani və Azərbaycan poeziyasının digər klassiklərinin əsərlərini Azərbaycan dilinə tərcümə edirdi. Poetik xalq janrı olan “meyxana”ları ilə də tanınırdı. Əliağa Vahid 1965-ci il oktyabrın 1-nə keçən gecə Bakıda vəfat edib.
Əlağa Vahid – Seçilmiş əsərləri
Azərbaycanda, eləcə də Yaxın Şərqdə məşhur qəzəl şairi kimi şöhrət qazanmış Əlağa Vahidin yaradıcılıq bioqrafiyası maraqlı və özünəxas cəhətlərə malikdir. Dahi Füzulini özünün böyük ustadı adlandıran Əlağa Vahid, onun bədii üslubundan, işlətdiyi əruz bəhrlərindən, təsvir və ifadə vasitələrindən, qafiyə və rədiflərindən bilavasitə faydalanaraq öz yaradıcılığında bədii sözün məna dolğunluğuna, ifadə səlisliyinə nail olmuşdur.
Əlağa Vahid qəzəl yaradıcılığında püxtələşdikcə, klassik qəzəl məktəbinin istedadlı davamçısı kimi, öz dəsti-xətti ilə seçilmiş, qəzəlləri və satirik şeirləri xalq arasında sürətlə yayılmış, ürəklərə yol tapmış, sevilmiş və dillər əzbəri olmuşdur. Şair qəzəl janrının mövzu dairəsini xeyli genişləndirmiş, Vətənə, xalqa məhəbbətini sadə, adi xalq danışıq dilində əruzun ritmik bəhrlərində, qoşa misralarla uğurla şerə çevirmişdir.
Əlağa Vahidin “Seçilmiş əsərləri”nə müxtəlif illərdə qələmə aldığı qəzəlləri, şeirləri və poeması daxil edilmişdir.
Aşağıdakı düyməyə vuraraq resursu yükləyə bilərsiniz.
Comments are closed, but trackbacks and pingbacks are open.