Press "Enter" to skip to content

Görkəmli azərbaycanlı şairin intihar edən yazıçı qızı

Müasirlərinin və ailə üzvlərinin xatirələrindən məlum olur ki, şair qızı Ülkəri daha çox sevərmiş. Teatra, gəzintilərə, bayram tədbirlərinə hər zaman qızı Ülkərlə gedərmiş. Ülkər atasıyla çox yaxın dost imiş və ona adıyla “Əliağa” deyə müraciət edirmiş. Bu müraciət formasını şairin anası oğlunun daim gənc xatırlanması üçün tövsiyə edibmiş.

20 FEVRAL — ƏLİAĞA KÜRÇAYLININ DOĞUM GÜNÜ

Bakı Dəmir Yolu Texnikumunda birillik mühasiblər kursunda oxuduqdan sonra baş mühasib olmuş, Salyan Dram Teatrında eyni vəzifəyə dəyişilmişdir (1946-1947). «Sənin gözlərin» adlı ilk şeiri ilə («Azərbaycan gəncləri», 1946) ədəbiyyata gəlişi uğurlu olmuş, mərkəzi və respublika dövri mətbuatda müntəzəm çıxış etmişdir. Salyan radio qovşağında redaktor işləmiş, gənc yazıçıların I Respublika müşavirəsində iştirak etmişdir (1947). Bakıda fəhlə gənclər orta məktəbinin son sinfini bitirib ADU-nun Filologiya fakültəsinə daxil olmuşdur. Onu M.Qorki adına Ədəbiyyat İnstitutuna təhsil almağa göndərirlər, ab-havası düşmədiyindən geri qayıdıb universitetdə təhsili davam etdirir (1949-1954), eyni zamanda «Kommunist» qəzeti redaksiyasında ədəbi işçi, «Ədəbiyyat və incəsənət» qəzetində şöbə müdiri (1953-1955) işləyir. Moskvada ali ədəbiyyat kursunun dinləyicisi (1955-1957), «Azərbaycan gəncləri» qəzeti redaksiyasında şöbə müdiri (1959-1965), «Azərbaycan» jurnalı redaksiyasında məsul katib, Azərbaycan Yazıçılar İttifaqı nəşriyyat şöbəsinin rəisi (1965-1966), «Literaturnıy Azerbaydjan» jurnalı redaksiyasında məsul katib, Azərbaycan Dövlət Nəşriyyatında redaktor (1966-1967) işləmiş, sonra bir müddət yaradıcılıq fəaliyyəti ilə məşğul olmuş, yazıçılar ittifaqında dramaturgiya bölməsinə rəhbərlik etmiş (1975), «Yazıçı» nəşriyyatında (1978-ci ilin mayından ömrünün axırınadək baş redaktor olmuşdur.

1980-ci il fevralın 11-də vəfat etmişdir.

Görkəmli azərbaycanlı şairin intihar edən yazıçı qızı

1946-cı ildə, “Azərbaycan gəncləri” qəzetində çap olunan ilk şeirlərinin qonorarını alan Salyan rayon Dəmir Yolları idarəsinin gənc hesabdarını rayonun birinci katibi yanına çağırır. On səkkiz yaşlı gənc həyəcanla birinci katibin qəbuluna yollanır. Nigaranlıq, təlaş, narahatlıq.

Amma gənc hesabdar-şair, Salyan radio qovşağının redaktoru rayon partiya komitəsində sürprizlə qarşılaşır. Birinci katib həyəcandan özünə yer tapa bilməyən hesabdara Azərbaycan Sovet Yazıçılar İttifaqının sədri Səməd Vurğunun məktubunu oxuyur. Məktubda gənc şair Əliağa Kürçaylı Yazıçılar İttifaqında keçiriləcək gənc yazıçıların birinci respublika müşavirəsinə dəvət edilirdi.

Səməd Vurğunla görüş.

İllər sonra şair hamisini, xeyirxahını “Səməd Vurğun taleyimizdə” adlı yazısında belə xatırlayır: “Ayağım-ayağıma dolaşa-dolaşa xitabət kürsüsünə tərəf gedirəm. Öz adını Səməd Vurğunun dilindən eşitmək adi bir kəndli balasına necə təsir edə bilər? Sifətim alışıb-yanır. Ürəyimin qanı gicgahlarıma vurur. Xitabət kürsüsündəyəm. İndi Səməd Vurğuna daha yaxınam. Çəkinə-çəkinə Səməd Vurğuna baxıram.

– Danışım, ya şeir oxuyum?

– Şeir oxu, natiqimiz onsuz da az deyil.

“İlk bahar çiçəyi” adlı şeirimi oxuyub gah salona, gah da Səməd Vurğuna baxıram.

Bu onun səsidir.

Bu dəfə adını elan etmədən “Qurtardı” şeirini oxumağa başlayıram. Şeiri oxuyub qurtaran kimi, birbaşa danışığa keçirəm. Səməd Vurğun qəflətən sözümü kəsir.

– A bala, harada oxuyursan?

Salondakılar gülüşür. Mən tez əlavə edirəm:

– Hesabdar idim. İndi fəhlə işləyirəm.

– Gəl səni düzəldim universitetə.

– Kamal attestatım yoxdur. 9-cu sinfi bitirmişəm.

– Sən gəl, mən deyərəm, götürərlər”.

Bu görüş gənc hesabdar-şairin həyatında dönüş nöqtəsi olur.

Hesabdarlıqdan şöhrətin zirvəsinə

Həyat yoldaşı Şəhla Kürçaylı (məşhur xanəndə Cabbar Qaryağdıoğlunun qızı) xatirələrində Əliağa Kürçaylının doğum tarixi ilə bağlı maraqlı bir faktı qeyd edir: “Əvvəla, hər ikimizin təvəllüd tariximiz sənədlərdə düzgün qeyd olunmayıb. Özündən eşitmişdim ki, əslində o, 1926-cı ilin 20 fevralında dünyaya gəlib. Ancaq atası Həsənağa oğlunun doğum ilini 1928-ci ilə yazdırıb. Mənim təvəllüdüm isə 1930-cu il əvəzinə atam xanəndə Cabbar Qaryağdıoğlunun istəyi ilə iki il qabağa yazılıb. Beləcə, onunla – həyat yoldaşım şair Əliağa Kürçaylı ilə yaşıd olmuşduq”.

Tərcümeyi-halı olduqca zəngindir Əliağa Kürçaylının. Doqquzillik təhsilini tamamladıqdan sonra Bakı Dəmir Yolu Texnikumunda birillik mühasiblər kursunda oxuyub, öz istəyi ilə Dəmir Yolunda baş mühasib işləyib və yenə də öz istəyi ilə Salyan Dram Teatrında eyni vəzifəyə təyin olunub. 1947-ci ildə Səməd Vurğunun dəvəti ilə gənc yazıçıların I Respublika müşavirəsində iştirakı isə onun bütün həyatını dəyişib.

Səməd Vurğunun köməkliyi ilə Bakıda fəhlə gənclər orta məktəbinin son sinfini bitirib ADU-nun Filologiya fakültəsinə daxil olan şairi M.Qorki adına Ədəbiyyat İnstitutuna təhsil almağa göndərsələr də, bir il sonra geri qayıdır. ADU-da təhsilini davam etdirir. M.Qorki adına Ədəbiyyat İnstitutunu yarımçıq qoymasının da maraqlı tarixçəsi var. Şair rəsmi olaraq Moskvanın havasına alışmadığını, səhhətinin Moskvada yaşamağa imkan vermədiyini desə də, həyat yoldaşı xatirələrində yazır ki, şair Moskvadakı təhsilindən məhz ona görə imtina edib:

“Əliağanın anası ölənədək deyirdi ki, oğlum sənə görə Moskvada təhsilini yarımçıq qoydu. Bu sözləri acıqla, ya incikliklə yox, nəvazişlə deyirdi: “Əliağa nigaran idi ki, o gələnədək səni kiməsə verərlər, ona görə qayıdıb gəldi”.

Əliağa Kürçaylının kitabları müntəzəm çap olunurdu, mətbuatda müxtəlif yazılarla çıxış edirdi. “Kommunist”, “Ədəbiyyat və incəsənət” qəzetlərində, “Azərbaycan”, “Literaturnu Azerbaydjan” jurnallarında müxtəlif vəzifələrdə çalışan Əliağa Kürçaylı Azərbaycan Dövlət Nəşriyyatında redaktor olmuş, Yazıçılar İttifaqında Dramaturgiya bölməsinə rəhbərlik etmişdi. O, 1978-ci ildən ömrünün sonuna kimi “Yazıçı” nəşriyyatında baş redaktor vəzifəsində çalışmışdı. Şair “Arifin bacısı”, “Gözəllik”, “Cavabsız məktublar”, “Durnalar cənuba uçur”, “Yollarda axtar məni”, “Dünya ovcumdadır”, “Bütövlük”, “Ülkər” (ölümündən sonra nəşr olunub) adlı kitabların müəllifidir.
Dövründə şöhrətin zirvəsində olan, sevilən şair 52 yaşında, ağır xəstəlik nəticəsində dünyasını dəyişir.

Atasının ölümündən 20 dəqiqə sonra intihar.

Ailə qurandan sonra Əliağa Kürçaylının çətinlikləri, əziyyəti çox olub. Bu barədə şairin ömür-gün yoldaşı Şəhla xanım ətraflı söhbət açıb: “1953-cü il fevralın 16-da oğlumuz Ülfət anadan oldu. 1956-cı ilin 12 oktyabrında isə qızımız dünyaya gəldi. Onda hələ də kirayədə yaşayırdıq. Ev sahibi bizi suyu çox işlətməyə, gündüzlər işıq yandırmağa qoymurdu. Otağımız yarıqaranlıq olurdu. Qızımız doğulanda hələ xəstəxanadaykən Əliağa mənə məktub gətirdi. Xalası gəlini göndərmişdi. Kirayədə çəkdiyimiz əziyyətdən, o işıqsız, tavanı daman evimizdən yazırdı: “Bu qızın adını Ülkər qoyun. Çünki səhər açılanda bütün ulduzlar sönür, Ülkər ulduzu isə hələ qalır. Arzu edirəm, bu uşaq da sizin evinizə işıq gətirsin”. Xalası gəlininin yazdıqları Əliağaya çox təsir etdi. Mənə dedi ki, uşağın adını elə Ülkər qoyaq. Belə də oldu. Qızımız üçaylıq olanda bizə Hüsü Hacıyev küçəsindəki yazıçıların binasında ev verdilər. O, çox çap olunan şair idi. Yaxşı da qonorar alardı. Yavaş-yavaş dolanışığımız düzəlirdi”.

Müasirlərinin və ailə üzvlərinin xatirələrindən məlum olur ki, şair qızı Ülkəri daha çox sevərmiş. Teatra, gəzintilərə, bayram tədbirlərinə hər zaman qızı Ülkərlə gedərmiş. Ülkər atasıyla çox yaxın dost imiş və ona adıyla “Əliağa” deyə müraciət edirmiş. Bu müraciət formasını şairin anası oğlunun daim gənc xatırlanması üçün tövsiyə edibmiş.

Şair ağır xəstəlikdən əziyyət çəkəndə, mətbuatda nəsr nümunələri ilə tez-tez çıxış edən Ülkər Nizami adına Ədəbiyyat muzeyində çalışırmış. Atasına son dərəcə bağlı olan Ülkər işdən dönən kimi onun yanına qaçar, vaxtını atasıyla keçirərmiş. Ülkərin yarıda qırılan taleyinə işıq tutmaq üçün yenə də Şəhla xanımın xatirələrinə müraciət edək: “. atası dünyasını dəyişəndə Ülkər işdəydi. Əliağanın gözlərini mən bağladım. Bir az sonra Ülkər içəri girib, həmişəki kimi atasının yanına getmək istəyəndə, qapını bağlayıb onu içəri buraxmayıblar. Hələ də başa düşə bilmirəm, niyə Ülkəri qoymayıblar Əliağayla görüşsün. Atasının ölümünü anlayan Ülkər dəhlizdəki kətilin üstündə kiçik bir kağız parçasına yazıb: “Məni axtarmayın, Ülkər. 11 fevral”.

Məsələni eşidən kimi, qızımı axtarmağa başladım. Tapa bilməyəndə yadıma bir zamanlar evində kirayədə qaldığımız ailə düşdü. Qadının həyat yoldaşı hüquqşünas idi, Milli Təhlükəsizlik Nazirliyində işləyirdi. Tez qadına zəng vurdum. O da həyat yoldaşına xəbər verdi. Təcili olaraq milis işçilərinə göstəriş verildi. Axtarış aparıldı. Milislərin bir dəstəsi Dənizkənarı bulvara gedib. Orada dənizə uzanan keçiddəki gözətçidən soruşublar:

– Bura bir qız gəlməyib?

– İndi, bax elə bu dəqiqə bir oğlan tələsə-tələsə getdi o tərəfə.

Atası Ülkərə qəhvəyi rəngli yun parçadan şalvar, pencək, bir də papaq tikdirmişdi. Həmin paltar əynində idi. Gözətçi qaranlıqda elə bilib ki, gedən oğlandır. Milislər cəld deyilən tərəfə üz tutublar. Ancaq Ülkəri sağ tapmayıblar.

Onun ölüm kağızında yazılıb ki, dənizdə batdı. Ancaq belə olmayıb. Mənə dedilər ki, Ülkər özünü dənizə atmaq istəyəndə ürəyi partlayıb. Atasının vəfatından iyirmi dəqiqə sonra Ülkər gözlərini yummuşdu. Böyük faciəydi. Yadlar belə göz yaşlarını saxlaya bilmirdilər. Gör mən, Ülkər kimi bir qızı əlindən çıxmış ana, necə tab gətirirdim bu dərdə. Biz onu “Vağzalı” sədaları altında gəlin köçürmək arzusundaykən, cənazəsi çıxırdı ata evindən. Bacım oğlu Fuada dedim ki, musiqiçiləri gətir. Onlara tapşır ki, pilləkənlərdən düşəndə “Vağzalı” çalsınlar. Həyətdə isə Əliağanın sevdiyi musiqini çalsınlar”.

kulis.az

ŞAİR ÖMRÜ – ƏLİAĞA KÜRÇAYLI

O, qarlı-şaxtalı fevralda doğuldu (1928), soyuq fevral günlərinin birində də dünyasını dəyişdi (1980). Cəmi 52 il ömür sürdü. Uşaqlığı və ilk gənclik illəri ağır ehtiyac içində keçdi, heç orta məktəbi bitirməmiş ailə qayğısı çəkdi, sonra Bakıya gəldi. Böyük şairimiz Səməd Vurğunun qayğısı sayəsində fəhlə-gənclər məktəbini bitirdi, ADU-nun filologiya fakültəsində təhsil aldı. Daha çonra Yazıçılar İttifaqı onu Qorki adına Dünya ədəbiyyatı institutuna göndərdi, amma səhhəti buna imkan vermədiyi üçün yenə Bakıya – universitetə qayıtdı. Onun həyatında xoşbəxt günlərin təməli qoyuldu.

Əliağa Həsənağa oğlu Vəliyev elə ilk şeirlərindən özünə Kürçaylı təxəllüsü götürdü. Müharibədən sonra ədəbiyyata gələnlərin ilk sırasında Əliağa Kürçaylı tədricən, istedadının və bu istedadı zəhmətlə, mütaliə ilə, daim poetik axtarışlara can atmağının sayəsində gənc şairlər arasında seçilə bildi.

Əliağa Kürçaylı XX əsr Azərbaycan poeziyasının – əllinci-yetmişinci illər dövrünün ən irəlici simalarından biri idi. Bunu müasir Azərbaycan ədəbiyyatının tədqiqatçıları anlayışla dərk edirlər. Yəni sözün qısası: Əliağa Kürçaylısız bu illərin poeziyasını təsəvvür etmək qeyri-mümkündür. Amma gəlin etiraf edək ki, bəzən biz unutqanlıq bəlasına tutulub belə gözəl bir şairin də ədəbi irsini və şəxsiyyətini layiqincə qiymətləndirmirik. Xalq şairi Nəbi Xəzrinin (ruhu şad olsun) vaxtilə yazdığı bir məqaləsini xatırlayıram: “Biz həyatdan erkən getmiş Ə.Kürçaylının layiqli qiymətini vermişikmi? 60 illiyi oldu, necə qeyd edildi? 70 illiyi gəlir. O necə keçəcək? Qayğı bəlkə də dirilərdən çox dünyasını dəyişənlərə lazımdır. Əfsus! Görəsən, biz niyə bu qədər unutqanıq? Unutduq ki, başqalarını unudanların özləri də sabah unudula bilər”.

Bu giley notlarını unudub Əliağa Kürçaylının sənət dünyasına baş vurmaq istəyirəm. Və ilk növbədə, gözlərim qarşısında son dərəcə bənzərsiz bir şair olan Əliağa Kürçaylının obrazı canlanır.

Sən mənə ömrüm boyu
Bir bulanıq Kür suyu,
Bir söyüd yarpağı ver.
Canımdan əziz olan,
Üstündə çiçək solan
Şor Muğan torpağı ver.
Mən onda hara düşsəm,
Hansı diyara düşsəm
Deyərəm vətəndəyəm.
Sən ey Milim, Muğanım,
Doğma Azərbaycanım
Deyərəm ki, səndəyəm!

Əliağa Kürçaylını bu şeirdən sevməyə başladım. Poeziyamızda hər şair Vətən-Azərbaycan sevgisini özünnəməxsus şəkildə incələyir. Ə.Kürçaylının Vətən sevgisi doğulduğu Salyanın Kürqaraqaşlı kəndindən, Muğan torpağından, Kür çayından başlayıb böyuk Azərbaycana qovuşurdu. Muğan torpağının yetirməsi olan çox şair tanıyıram, amma onların heç biri Muğanı, Kürü Əliağa Kürçaylı qədər poeziyanın daimi məkanına çevirə bilməyib. Baxın:

Dostum, sən yaxşı bax, bura Muğandır,
Büzmə dodağını ona, amandır!
Düşünmə burada hər vaxt yaz olur,
Qışda palçıq olur, yayda toz olur.
Dostum, olmasa da Muğan kurort tək
Onu mənim kimi sevəsən gərək!
Onun tikanı da, onun gülü də
Şoran torpağı da, tər sünbülü də,
Ana südü kimi bizə əzizdir.

Sovet dövründə vətənpərvərlik – vətəni sevmək ideyası iki mənada anlaşılırdı – SSRİ qüdrətli, qüvvətli bir dövlətdir və onu vəsf etmək lazımdır, bizim şairlərin bir çoxu bundan yan keçə bilmirdilər, ya məcburən, ya da könüllü, dəstədən geridə qalmırdılar. Amma indi, SSRİ dağılandan və süqut edəndən sonra o şeirlərin heç biri yaşamadı. Vətən sevgisi isə şor Muğan torpağından başlamış böyük Azərbaycan sevgisinə qədər elə o illərdə şairlərimizin ilham qaynağına çevrildi. Əliağa Kürçaylının poeziyasında da böyük Azərbaycan əzəmətli bir obraz kimi canlanır və deyim ki, bu obraz o qədər çoxşaxəlidir ki, heyrətini gizlədə bilmirsən. Naxçıvanda narbənd ağacından tutmuş Savalanın zirvəsində qara qədər, Muğanın qışından tutmuş İraqda-Füzuli məzarına qədər, “Qobustanda şöhrətə dönüb Xudafərində yetim qalan” daşlara qədər, Nizami, Nəsimi, Vaqif, Natəvan, Sabir, Səməd Vurğun, Mehdi Hüseyn ucalığına qədər, Azərbaycan təbiətinin gözəlliklərinə qədər hüdudsuz idi bu Vətən sevgisi.

Əliağa Kürçaylı insanşünas şair idi. Azərbaycan insanı onun şeir və poemalarının baş qəhrəmanıydı. Onun uşaqlığı müharibə illərinə düşdü və o illərin xatirələri şeirlərində dönə-dönə əks olunurdu.

Aclar dayanardı məğrur, tox kimi,
Dərdlilər dərdsiztək gülümsəyirdi.
Gəlinlər sinədə bir dağ yox kimi
Könülsüz-könülsüz əlvan geyirdi.
Atalar gizlində silib gözünü
Aşkarda zarafat edirdi bəzən.
Məni sarsıdırdı insan dözümü,
Ərşə çəkilmişdi xudbin, xudpəsənd.
Nə bir ayaq çəkən, nə rüşvət alan,
Hamı tikəsini bölürdü yarı.
Nə rəyasət eşqi, nə riya, yalan
Əsir etməyirdi o insanları.

Onun şeirlərində insan ləyaqəti tərənnüm edilir. Müharibə illərinin ağır günlərində də ləyaqətini itirməyən insanlar vardı və bir də sonralar bu ləyaqət anlayışından uzaq olanlar. “Sən neçin olursan yedək gəmisi?! Özün keç hünərlə neçə dənizdən” – dənizdə yedək gəmisi böyük paraxodlara bənd edilir, paraxod batsa, gəmi də məhv olacaq. Belə sürünənlər insanlar arasında azmıdır? Ə.Kürçaylının “Ömür” şeiri təkcə o illərdə deyil, bizim çağımızda da sürünən, məsləki, qayəsi məlum olmayan insanlara çağırışdır:

Bircə yol verilir ömür insana,
Tapılmış pul kimi baxma sən ona.
Ya çatdır kişitək bu ömrü sona,
Ya dalda yer ara, ayaqda yaşa!
Dalğalı dənizə bənzəyir həyat,
Köpürür bir saat, yatır bir saat.
Ya üz qəvvas kimi, dərində qol at,
Ya dayazda dolan, qıraqda yaşa!
Ömrünü bir cürə keçirir hərə,
Yüzü də yaşayır bəzi boş yerə.
Sən ya qartal kimi ucal göylərə,
Ya sürün ilantək, torpaqda yaşa!

Əliağa Kürçaylı bir məqaləsində yazırdı ki: “Poeziya o zaman öz yüksək borcunu ödəmiş olur ki, qarşısına qoyduğu məqsədi, təlqin etmək istədiyi fikri eyni zamanda bədii boyalarla, yüksək şeiriyyətlə, bir sözlə, sənətkarlıqla ifadə etmiş olsun. Əks təqdirdə, əsər soyuq mühakimədən, cansız nəqşlərdən uzağa getməz, oxucunun qəlbinə, şüuruna təsir edə bilməz”. Bu gün Ə.Kürçaylının 60-70-ci illərdə yazdığı şeirlərə diqqət yetirəndə, sanki bu şeirlərin lap indicə, XXI əsrin ikinci onilliyində yazıldığını düşünür, onların təkcə ideya-məzmunca dolğunluğunu deyil, həm də yüksək sənətkarlıqla qələmə alındığının şahidi olursan. Doğrudur, bu şeirlərdə didaktika da var, amma bu didaktika insanları düzlüyə, haqqa-ədalətə, həyatı, gözəlliyi sevməyə çağırır. Baxın, “Qətiyyət” şeirində Kürçaylı sanki bu günü düşünübmüş:

Yayda gün başları dağlayan zaman
Sərin bir çətirə dönmüsənmi sən?
Bir Vətən övladı ağlayan zaman,
Söylə, tutmusanmı onun əlindən?
Udmusan sözünü yoxsa bir anda
Bıçaq işləyəndə qana, iliyə?
Əqidə yolunda, inam yolunda
Qərar vermisənmi Nəsimiliyə?

Əliağa Kürçaylı şeirdə tam deyə bilmədiklərini poemalarında əks etdirirdi və görkəmli tənqidçi Əkbər Ağayevin təbirincə desək: “Epik lövhələr yaratmaq, portret cıza bilmək, xarakterlər vermək cəhətindən Kürçaylının qələmi itidir. Onun poemalarında ictimai mənalı məsələlər ön plana çəkilir, həm də ötkəm publisist bir pafosla işlənir”. Əlbəttə, bu yazıda Kürçaylının 25 poemasının hər biri haqqında söz açmaq qeyri-mümkündür, amma iki məqamı nəzərə çarpdırmaq istəyirəm. Birincisi; Kürçaylının poemaları vaxtında, nəşr olunduğu illərdə ədəbi ictimaiyyətin diqqətini cəlb etmişdi. Böyük şairimiz Səməd Vurğun Kürçaylının hələ əllinci illərdə yazdığı “Mutan axşamları” poemasını bəyənmiş, ona müsbət rəy yazmışdı. Süleyman Rüstəm isə 1952-ci ildə Kürçaylının “Kənd işıqları” poeması haqqında belə demişdi: “Yaxşı poemadır. İnkişaf edirsən. Bax, belə yazmaq lazımdır”. Sonralar N.Xəzri, Qabil, Ə.Ağayev ,M.Əlioğlu, X.Rza Kürçaylının poemaları haqqında təqdiredici fikirlər söylədilər. İkincisi; Kürçaylının poemalarının tematik mənzərəsi genişdir, XX əsrin bir çox həqiqətləri bu poemalarda öz əksini tapıb: Müharibə dövrü, tarixi həqiqətlər, məhəbbətin tərənnümü, zəhmət adamlarının həyatı, Vətən həsrəti və mənəvi-əxlaqi problemlər (“Nargindən əsən külək”, “Daş hasar”, “Dürnalar Cənuba uçur”, “Mənim məhəbbətim”, “Muğan axşamları”, “Qəzəb”, “İnsan həsrəti”, “Ana”, “Cakondanın təbəssümü”, “Cavabsız məktublar”, “Ana” və s.)

Əliağa Kürçaylının poetik aləminə baş vurarkən onun ömrünün son illərində qələmə aldığı “Daşlar” silsiləsini heç cür yaddan çıxarmaq olmaz. Bu silsilə yetkinlikdən kamilliyə çatan bir şairin poeziyamızın fəlsəfi ahənginə qoşulduğunu əks etdirirdi. Xalq yazıçısı İlyas Əfəndiyev, görkəmli tənqidçi Yaşar Qarayev, akademik Bəkir Nəbiyev bu silsiləni müasir poeziyamızda ədəbi hadisə kimi qiymətləndirmişdilər. Yaşar Qarayev yazırdı ki: “Şair daşın məna rənglərini incələyir, təbiətə və insana məhz bu rənglərin güzgüsündən baxır. Daşın da sınağında, hər şeydən əvvəl insanın, həm bir bəşər, həm də konkret bir fərd mənasında “mən”in əxlaq mahiyyəti üzə çıxır. Hər bir daş bir əməlin simvoluna çevrilir. Nəhayət, daşların daxili ahəngi, məna düzümü bu şeirlərdəki duyğular və düşüncələr axarına vahid məcra verən fəlsəfi süjet, bədii fabula rolunu oynayır”.

Əliağa Kürçaylı bənzərsiz lirika ustası idi. Qəlbin ən kövrək duyğuların, insanın gözəlliyə, həyata sevgisini, məhəbbətin aliliyini əks etdirən şeirləri indi də dillər əzbəridir, desəm, yanılmaram.

Comments are closed, but trackbacks and pingbacks are open.