Libala Hacızadə Əsərləri. I cild
Вы используете браузер, который Facebook не поддерживает. Чтобы все работало, мы перенаправили вас в упрощенную версию.
Вы используете браузер, который Facebook не поддерживает. Чтобы все работало, мы перенаправили вас в упрощенную версию.
Страница «Əlibala Hacızadə» есть на Facebook. Войдите, чтобы связаться с Əlibala Hacızadə.
Страница «Əlibala Hacızadə» есть на Facebook. Войдите, чтобы связаться с Əlibala Hacızadə.
Əsəri oxuyarkən müəllifin həyatı ilə də maraqlandım. İnternetdə yer alan məlumatlardan aydın olur ki, Əlibala Hacızadə tam bir ədəbiyyat vurğunu olub. Ömrünü yazıb-yaratmağa həsr edən yazıçı elə bu kitabında da obrazlar vasitəsilə ədəbiyyata olan marağını ifadə edir. Kövrək qəlbli yazıçı bu əsərinə görə bir sıra çətinliklərlə üzləşsə də, yenə də öz sevgisindən – ədəbiyyatdan uzaqlaşmayıb. Əsərdəki ideyalarına, açıq fikirlərinə görə işindən uzaqlaşdırılsa da, Əlibala Hacızadə haqsızlığa qarşı mübarizə aparıb və yenidən öz vəzifəsinə qayıda bilib.
“Vəfalım Mənim” 1975-80 illərdə yazılan ən maraqlı əsərlərdən biridir. Hər detalı ilə bu gün də aktuallığını qoruyan bu gözəl əsər həm gündəlik həyatı, həm də iş həyatını bütün gərçəkliyi ilə gözlərimiz qarşısında açır. Əsərdə əsas qəhrəmanları ilə bir-birinə bağlanan üç fərqli hadisə cərəyan edir. Bu hadisələr çərçivəsində yazıçı cəmiyyətdə mövcud olan fərqli xarakterə malik insanları ən kiçik detallarına qədər təsvir edir, mənfi xüsusiyyətləri ifşa edib oxucunu belə insanlara qarşı ehtiyatlı olmağa səsləyir, müsbət cəhətləri isə yüksək qiymətləndirib təbliğ edir. Elmi əsərlər və ədəbiyyat, poeziya fonunda bir-birilə əlaqələnən həyatlar, onları birləşdirən hadisələr, məsələlərin açılmasına aparan gözlənilməz yollar, qarşılaşdıqları müxtəlif situasiyalar qarşısında qəhrəmanların keçırdiyi duyğuların tərənnümü bu kitabın əsasını təşkil edir.
Bəzən bezərək, bəzən sadəcə bitirmək üçün, bəzən həvəslə, bəzənsə səhifələrin azaldığına üzülərək oxuduğum bir roman oldu. İkinci hissəni daha çox bəyəndim. Səbəb isə hadisələrin daha çox qarışması və gözləmədiyim sonluqla bitməsi oldu. Oxuyarkən elə səhnələrlə qarşılaşdım ki, bəzən göz yaşlarıma hakim ola bilmədim. Asanlıqla ağlayan biri olmadığım üçün mənə belə təsir bağışlayan kitabların yeri ayrıdı ürəyimdə. Kitabı yaşayaraq oxuyan, hadisələri gözləri qarşısında canlandıraraq yaşayan, özünü qəhrəmanların arasında hiss edən hər bir oxucunun çox təsirlənəcəyi bir romandır.
Oxuyarkən kitabda bir çox obraza rəğbət yaranır. Mənim üçün sevdiyi insanı itirsə də, onu xatirələrində yaşadan, həyatının bir parçası imiş kimi yoluna davam edən Gülmirə, qarşılaşdığı insanları müşahidə, yaşadığı hər şeyi mühakimə edərək düşüncələrini kağızlara həkk edən, ətrafındakılara münasibətini qələmi ilə ifadə edən Sakit Aranlı, ilk məhəbbətini ömür boyu qoruyub saxlayan, ən ağır zərbəni sevdiyi tərəfindən alsa belə, sevməkdən əsla vazkeçməyən, illər boyu qəlbində daşıdığını sandığı kini sevdiyini çətin anında gördüyü zaman yox edən Əsəd və oğlunun ölümü ilə barışmayıb həyatına davam etsə də, ürəyinin bir tərəfi darmadağın olan ana, mühakimə olunan həyat yoldaşı olmasına baxmayaraq haqsızlığa qarşı çıxıb ədalətlə fikrini söyləyən qadın – Nadirə xanım unudulmaz qəhrəmanlardand ır. “Vəfalım Mənim” hər səhnədə özümü obrazların yerinə qoyaraq “ Mən necə davranırdım?” , “Mən necə qərar verərdim?” suallarına cavab axtarmaqla oxuduğum bir kitab oldu. Bəzən onlarla razılaşıb “Mən də eynilə belə davranardım!” deyir, bəzənsə “Yox, əsla mən bu qədər cəsarətli ola bilməzdim!” deyə düşünürdüm oxuyarkən..
Qısacası, bu kitab mənə çox şey qatdı.. Əlibala Hacızadənin qələmi ilə ilk tanışlığımın bu kitab vasitəsilə olması çox xoş oldu. Bu əsəri yarada biləcək belə bir yazıçıya sahib olduğumuz üçün qürur duydum. Sonda oxumadan öz yazıçılarımızı tənqid edənlərə bu kitabla tanış olmağı tövsiyə edirəm. Sevgi, nifrət, sədaqət, xəyanət, yalan və sirlərlə dolu bu roman məndən 5 bal ala bildi.
Əlibala Hacızadə Əsərləri. I cild
Yazıçı Əlibala Hacızadənin bütün əsərlərini əhatə edən X cildliyinin I cildinə müəllifin 50 illik yaradıcılığının ilk nümunələri – şerləri, hekayələri aə povestlərinin bir qismi daxil edilmişdir.
Ədəbiyyat aləmi müqəddəs bir aləmdi və əbədiyyət adlı bir dünyaya uzanan bir çox yolların ən gözəli, şirini və əzab-lısıdı. Mən ömrümün böyük bir hissəsini burada – müqəddəs saydığım bu dünyanın içində yaşamışam. Onun paklığını, müqəddəsliyini bildiyim üçün, o aləmin qapısı ağzında ayaqqabılarımı təmizləyib içəri girmişəm, bilmişəm ki, o saf, şəffaf dəniz kimi, napak şeyləri qəbul etmir, silkinib, çırpınıb gec-tez sahilə atır.
Mən nə az, nə çox, diiz 50 ildi ki, bu aləmdəyəm. Gəlişim səssiz-küysüz olub, burda yaşadığım o 50 il də səsdən-kiiydən, münaqişə, çəkişmə-didişmələrdən uzaq olub və yəqin ki, gedişim də səssiz-küysüz olacaq.
Mən bu dünyada heç kəsin, heç kimin yox, yalnız ürəyimin, vicdanımın diqtəsi ilə qələm çalmışam, ədəbiyyatın, sənətin müəllimlərimdən, ustadlarımdan öyrəndiyim sirlərini qəlbimin istəkləri, arzuları ilə uyğunlaşdırıb düşündüklərimi, duyğularımı kağız üzərinə köçürmüşəm, tək öz dərdlərimi, arzularımı, sevgilərimi, nifrətlərimi, insan, həyat, məhəbbət, xəyanət, mərdlik, namərdlik və s. haqqında düşüncələrimi deyil, sənin, onun, nəticə etibarilə, hamının bu məsələlər barədə fikirlərimi yazmışam, çünki bilirəm ki, hər kəs düşündüklərini deyə bilmir, yaza bilmir; sən – şair, yazıçı onun – hər bir adi adamın qəlbindən keçənləri yazanda o, səni öz ürəyinin, hisslərinin tərcümanı sanır, səni özünə doğma, məhrəm hesab edir və səni sevir.
Aşağıdakı düyməyə vuraraq resursu yükləyə bilərsiniz.
Əlibala hacızadə vəfalım mənim
“Ədəbiyyat aləmi müqəddəs bir aləmdi və əbədiyyət adlı dünyaya uzanan bir çox yolların ən gözəli, şirini və əzablısıdı. Mən ömrümün böyük bir hissəsini burada – müqəddəs saydığım bu dünyanın içində yaşamışam”.
Bu fikirlərin müəllifi görkəmli yazıçı Əlibala Hacızadə idi və həmin sözlərin doğruluğuna bəlkə də mən onun özü kimi inanırdım. Əlli beş ildən artıq həmin o Ədəbiyyat adlı müqəddəs aləmin ən dinc, səsdən-küydən, münaqişədən, çəkişmə-didişmələrdən uzaq olan bu sakini indi o dünyada rahat uyumaqdadır.
Əlibala Hacızadə o yazıçılardan idi ki, ancaq irəliyə – sabaha, gələcəyə baxırdı, yazıb-yaratmaq eşqi onda elə güclü idi ki, keçmiş heç yada düşmürdü. Ancaq günlərin birində – doğulduğu Biləsuvarda 70 illiyi qeyd olunanda dedi ki, mən keçmişimə görə qətiyyən təəssüflənmirəm – nə yaşımın ötüb keçməsinə, nə də yaradıcılığıma görə.
Ömrünün son illəri ağrıyla, xəstəliklə keçdi. Deyəsən, vaxtında müalicəsi gecikmişdi. Onu Moskvaya da apardılar, amma təəssüf hissilə dedilər ki, gecdir. Bax, keçmişi bu mənada qınanmalıdır. Amma o, xoşbəxt yazıçı idi. “Populyar yazıçı” ifadəsinə həmişə ehtiyatla yanaşmışam, amma o, vaxtında, zamanında populyar yazıçı idi. Keçən əsrin 70-80-ci illərində Əlibala Hacızadənin çox geniş oxucu auditoriyası vardı. Onun “Təyyarə kölgəsi”, “Vəfalım mənim”, “İtkin gəlin”, “Əfsanəsiz illər”, “Ayrılığın sonu yoxmuş” romanları ən yüksək tirajla çap olunurdu, bu əsərlərin hər biri oxucuların dünyasına yol tapırdı. O, milyonların sevimlisinə çevrilmişdi. Təsəvvür edin ki, adını çəkdiyim bu romanlar haqqında ədəbi tənqiddə təkəmseyrək yazılar çap edilirdi, amma akademikdən tutmuş sağıcıya qədər hamı bu romanları oxuyurdu. Nə idi bunun sirri? Oxucu qalın-qalın romanlardakı məlum kommunist obrazlarından, məlum konfliktlərdən, məlum ifadə üsullarından yorulmuşdu. Ona görə də Əlibala Hacızadənin sevgi süjeti üzərində qurulan, bir az macəravari, bir az da romantik səpgili əsərləri həvəslə oxunurdu. Özü də Əlibala Hacızadə professional nasir idi, təsvir etdiyi hər bir hadisəni, situasiyanı, lövhəni sənətkarlıqla qələmə alırdı. Yazıçı “Mən sözlərimin içində yaşayıram” xatirə-məqaləsində ona olan oxucu sevgisi barədə yazırdı:
Yaxşı yadımdadır ki, cənab Heydər Əliyev -Mərkəzi Komitənin birinci katibi – o zaman pambıq yığımı mövsümlərində (hər il bu, az qala bir ənənəyə çevrilmişdi) böyük bir dəstə ilə – şairlər, yazıçılar, bəstəkarlar, müğənnilər və aktyorlardan ibarət böyük bir qrupla pambıq rayonlarına gedir və zona müşavirələri keçirirdi. Məni də iki dəfə o dəstəyə salmışdılar. Lakin xəstə olduğum üçün gedə bilməmişdim. 1980-ci ildə, yayın qızmar günlərinin birində Saatlı rayonunda hansısa kolxozun qabaqcıl pambıqçı qızlar işləyən bir briqadasına gedir, qızları başına yığır, onlara bu ağır zəhmətləri üçün təşəkkür edir və sonra soruşur:
– Bəlkə sizin də bir şeyə ehtiyacınız var. Maşına, mebelə. utanmayın, deyin, mən can-başla yerinə yetirərəm.
Pambıqçı qızlardan biri utana-utana qabağa çıxıb:
– Heydər müəllim, çox sağ olun. Bizim heç nəyə ehtiyacımız yoxdur, hər şeyimiz var,-deyir. Ancaq bir xahiş etmək istəyirik.
– Buyur, qızım.
– Bu yaxınlarda bir “İtkin gəlin” kitabı çap olunub. Ondan bizim kəndə bircə nüsxə gəlib çıxıb. Qızlarımız onu oxumaq üçün növbəyə durublar. Əgər mümkünsə, deyin, o kitabdan bir az çox buraxsınlar, biz də oxuya bilək.
. Deyirlər, padşahların sözü sözlərin padşahıdır. O söhbətdən sonra “İtkin gəlin” iki dəfə də – hərəsi yüz min tirajla çap olundu və satıldı”.
Tanınmış yazıçıların hər biri yaradıcılığının ilk illərində sınaq dövrünü keçirirlər-bu sınaq dövrü təcrübəsizliklə, səriştəsizliklə, kimi isə yamsılamaqla müşayiət edilir. Heç şübhəsiz, Əlibala Hacızadə üçün də belə bir dövr olmuşdur. Onun 1950-ci illərdə yazdığı bir çox hekayələri də məhz bu mənada “məşq” xarakteri daşıyırdı. Ancaq inkar etmək olmaz ki, Əlibala Hacızadənin həmin hekayələrində sonrakı yaradıcılığı üçün səciyyəvi olan keyfiyyətlər üzə çıxırdı. Bunlar ilk növbədə yazıçının həyata və təsvir etdiyi insanlara yaxınlığı idi, o, gördüyü, müşahidə etdiyi hadisələri qələmə alırdı, özündən süjet uydurmurdu, süjeti həyatdan götürürdü. Elə ilk hekayələrindən Əlibala Hacızadənin dili öz təbiiliyi və təmizliyi ilə diqqəti cəlb edirdi.Yazıçının özünəməxsusluğunu təyin edən ümdə əlamətlərdən biri-üslubu da müəyyənləşirdi. “Bir dəstə nərgiz”, “Heykəl gülür”, “İntihar”, “Qara yun” və s. hekayələrində təcrübəsizlik də nəzərə çarpırdı, amma gələcəyin professional yazıçısı Əlibala Hacızadəyə xas olan bədii məziyyətlərin ilk nişanələrini də bu yazılarda görə bilirdik.
Sınaq dövrü çox uzun çəkmədi-formalaşma dövrü-axtarışlar başlandı. Bu axtarışların uğurlu bəhrəsi özünü 1960-cı illərdə qələmə alınan hekayə və povestlərdə büruzə verdi. Və istər 1950-ci illərdə, istərsə də 1960-cı illərdə yazdığı povest və hekayələrində Əlibala Hacızadənin əsas qəhrəmanları sadə insanlar idi, daha doğrusu, özü yaşda gənclər idi. Əgər belə demək mümkünsə, Əlibala Hacızadə öz duyğu və düşüncələrini, hiss və həyəcanlarını, həyat və gözəllik haqqında fikirlərini bu və ya digər şəkildə obrazlarına paylayırdı. Yazıçının yaradıcılığında sıçrayış isə “İnam” povestindən başlandı. Povestin qəhrəmanı Bəhruz bütün xüsusiyyətləri ilə o dövrün müasir qəhrəman tipini ifadə edirdi. Başqa bir sürücünün ehtiyatsızlığı, ya nadanlığı ucundan qəzaya uğramış bir insanı xəstəxanaya çatdıran Bəhruz bir müddət şübhə və qınaqların hədəfinə çevrilir, ancaq günahsız olduğu üçün get-gedə hamı ona inanır. Bu, adi həyat əhvalatını Əlibala Hacızadə mənəvi-əxlaqi problem səviyyəsinə qaldıra bilmişdi. Povest çap olunduqdan sonra akademik, görkəmli tənqidçi Məmməd Arif əsər haqqında maraqlı bir məqalə ilə çıxış etmiş, povestin bədii dəyərini və məziyyətlərini qeyd etməklə yanaşı, bəzi qüsurlarını da nəzərə çarpdırmışdı: “Əziz Əlibala Hacızadə! “Azərbaycan” jurnalında (1966 №4) dərc olunmuş “İnam” povestiniz yaxşı bir məsələyə həsr edilmişdir. İnsana inam, etibar bizim cəmiyyətimizdə xüsusilə əhəmiyyətli məsələdir. Məncə, siz bu məsələni bədii cəhətdən də müvəffəqiyyətlə həll etmisiniz. Povestiniz elə ilk sətirlərdən oxucunu maraqlandırır və qəhrəmanın mənəvi aləmi ilə tanış etməyə başlayır”.
Əlibala Hacızadə romançı idi və Azərbaycan romanının XX əsrdə keçdiyi yolu izləsək, hər bir romançının bu sahədə müəyyən uğurlarını qeyd etməli olsaq, heç şübhəsiz, onun da xidmətlərini dana bilmərik. Belə ki, o, on romanın müəllifi idi. Bu romanlardan ikisi (“Təyyarə kölgəsi”, “Vəfalım mənim”) dilogiya, Əfqanıstan hadisələrindən bəhs edən üç roman isə trilogiya idi. “Dünyanı tanı” romanı səksəninci illərin Azərbaycan gerçəkliyindən söz açır. Əsərlərinin yeddinci cildində (yazıçının əsərlərinin on cildi xeyriyyəçi-iş adamı-şair Gülağa Tənhanın maddi dəstəyi ilə işıq üzü görmüşdür), onun daha dörd romanı-”Xoş gəlmisən, Nərgizim”, “Ölüm yoxdur”, “Möcüzə”, “Yandırılmış adam”- təqdim olunur.
“Təyyarə kölgəsi” və “Vəfalım mənim” romanları mənəvi-əxlaqi problemlərdən söz açırdı. Müəllif konkret olaraq filologiya sahəsində çalışan alimlərin həyatını təsvir edirdi, ziyalı mənəviyyatı necə olmalıdır sualına cavab vermək istəyirdi. Amma hadisələr yalnız bir institut çərçivəsində davam etmirdi, onun hüdudlarından kənara çıxırdı. Elmi mübahisələr, qızğın diskussiyalar deyildi konfliktin mayası. Əsas konflikt, çarpışma mənəvi aləmlərdə baş verirdi. Romanda sevgi xətti ictimai motivlərlə vəhdət təşkil edirdi. Yeri gəlmişkən deyək ki, Əlibala Hacızadə Azərbaycan nəsrində sevgi səhnələrinin ən yaxşı təsvirçilərindən biri idi. Nakam sevgilər, yarımçıq məhəbbətlər, zərif, kövrək, incə hisslər onun təsvir etdiyi məhəbbət aləminin əsas cizgiləriydi. Bəzən o, bu səhnələrin təsvirində ifrata da varırdı. Görürdün ki, hadisəni uzadır, mətləbdən yayınır. Bu da var idi. “Təyyarə kölgəsi”ndə nakam bir məhəbbət tarixçəsi vərəqlənirdi (Gülmirə-Orxan). Bu məhəbbət tarixçəsi hisslərin draması kimi həyəcan doğururdu. Bax, o zamankı oxucular məhz belə səhnələrin heyranıydılar. Onun məhəbbətə baxışı, sevgi haqqında düşüncələri bizim dastanlardan qaynaqlanırdı. Fərq yalnız sonluqda idi-məhəbbət dastanlarımızın əksəriyyətində nakamlıq yoxdur. Əlibala Hacızadədə isə sevgilərin sonu ayrılıq və ölümlə bitirdi.
Əlibala Hacızadənin “Əfqanıstan” trilogiyası da (üç romanı şərti olaraq belə adlandırmaq olar) onun roman yaradıcılığında mühüm yer tutur. O, ömrünün dörd ilini müttərcim kimi Əfqanıstanda keçirmişdi, orada baş verən hadisələri yaxından müşahidə etmişdi. Ancaq bu trilogiyada o, həmin hadisələrin təsvirinə o qədər də yer vermirdi, yenə də sevgi xətti bu romanlarda süjetin əsasında dayanırdı. İnsan taleləri məhz sevgi, məhəbbət işığında əks olunurdu. Trilogiya intizar doğuran hadisələr üzərində qurulmuşdu. Bu intizar doğuran hadisələr həm də psixoloji yükə malik idi. Hadisələrin məkanı təkcə konkret bir coğrafi ərazi, yaxud otaq, mənzil deyil, həm də obrazların daxili aləmiydi. Onun yaradıcılığına həsr olunmuş bir məqalədə oxudum ki, sən demə, Əlibala Hacızadə Azərbaycan nəsrində lirik təmayülün yaradıcısı imiş. Əlbəttə, bu yalnış fikirdir, yazıçının özü də buna etiraz etmişdi. Çünki o da yaxşı bilirdi ki, XX əsr Azərbaycan nəsrində lirik üslubun İlyas Əfəndiyev, Ənvər Məmmədxanlı kimi yaradıcıları var və Əlibala Hacızadə də onların davamçısıdır.
Əlibala Hacızadənin “Əfqanıstan” trilogiyasından sonra yenidən müasir həyat hadisələrinə qayıdışı da maraqlı bir romanla müşayiət olundu. O, sovet dönəmi hadisələrindən söz açan “Dünyanı tanı” romanını qələmə aldı. Romandakı Nəzər müəllim obrazı sovet ədəbiyyatının “müsbət qəhrəman” ölçülərinə tam uyğun gəlsə də, çox canlı və koloritli təsvir olunmuşdu.
Xalq şairi, Bəxtiyar Vahabzadə yazırdı: “Əlibala Hacızadə ədəbiyyatımıza nə gətirmişdir? Mən onun romanlarını oxuyanda bu qənaətə gəlirəm ki, o, bizim ədəbiyyatımıza-nəsrimizə bir məişət psixologizmi gətirmişdir. Bədii əsərdə obrazlar gərək o qədər təbii olsun ki, onların hərəkətlərinə oxucu təəccüb etməsin, hər şey ona inandırıcı görünsün. Mən Əlibalanın romanlarında bu təbiiliyi görürəm. Yalnız öz millətini dərindən tanıyan, xalqın məişətinə, psixologiyasına, adət-ənənələrinə mükəmməl bələd olan yazıçı bu təbiiliyi qoruyub saxlaya bilər. Yazıçının birinci xüsusiyyəti odur ki, o, gərək xalqının Məcnunu olsun. onu platonik məhəbbətlə sevsin. Nöqsanlarını görsün, onları dilinə gətirmək istəməsin. Bu mənada Ə.Hacızadə öz xalqının əsl Məcnunudur”.
Vaxtında verilmiş böyük qiymət idi bu.
Adətən, şairlərin nəsrə keçməsi təbii qəbul olunur (uğurlu, ya uğursuz alınsa da), amma nasirlərin şeir yazması bir qədər təəccüblə qarşılanır. Əlibala Hacızadənin çoxlu şeirləri də var, amma o özünü heç vaxt şair adlandırmırdı. Sadəcə olaraq, içindəki lirik duyğuları, şairanə hissləri boğa bilmirdi, onları romanlarında, ya da ayrıca parçalar halında şeirə çevirirdi. Bu şeirlərin əksəriyyəti xanəndələr tərəfindən oxunurdu. Bir nümunə:
Sən allah, yuxuma girmə gecələr,
Qorxuram sevincdən öləm yuxuda.
Yaman istəyirəm hamıdan gizli,
Mən özüm yuxuda gələm yuxuna.
Gələm tufan kimi, gələm sel kimi,
Öpəm gözlərindən, dodaqlarından.
Uyuyum qoynunda qızıl gül kimi,
Nə səhər açıla, nə sökülə dan.
Sənə nəğmə deyəm incədən incə,
Ürəyim qəşş edə xoşbəxtliyindən.
Sərxoş dodaqların hey pıçıldaya:
“Sənsiz neyləyirəm xoşbəxtliyi mən?”.
Beləcə, yuxunda yaşayam sənin,
Görmək istəmirəm kimi-kimsəni.
Dünyanın xoşbəxti say özünü sən…
Mənim tək kim sevər, axı kim səni?
Əlibala Hacızadə unudulan yazıçılardan deyil və illər keçdikcə bir daha əmin oluruq ki, ömrü ədəbiyyatımıza xidmətdə keçən, ölümündən sonra da əsərləri sevilə-sevilə oxunan yazıçılar unudulmur və unudulmayacaq.
Vaqif YUSİFLİ,
filologiya elmləri doktoru
Comments are closed, but trackbacks and pingbacks are open.