Press "Enter" to skip to content

Fərhad və Şirin (Əlişir Nəvai)/Əsərin məxəzləri

Hüseyn Bayqaranın hökmdar kimi tarix qarşısında ən böyük xidmətlərindən biri də uşaqlıq dostu, özündən iki yaş kiçik Əlişir Nəvaini sarayına baş vəzir təyin etməsi idi. Bu məsələ təkcə o demək deyil ki, şair Nəvai sarayda belə yüksək vəzifə tutmuşdur. Nəvai məhz həmin vəzifəsindən istifadə edərək o dövrdə türk dünyası mədəniyyətinin, ədəbiyyatının inkişafı üçün misilsiz işlər görmüşdür. Elmə, mədəniyyətə yüksək dəyər verən hökmdarın siyasətinə onun da böyük təsiri olmuşdur.

Əlişir Nəvai – Seçilmiş əsərləri

Ümumtürk ədəbiyyatının Xoca Əhməd Yəsəvi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli kimi qüdrətli söz ustaları sırasında klassik özbək ədəbiyyatının banisi, dahi şair və mütəfəkkir Əlişir Nəvainin adı ehtiramla çəkilir. Dostu şair Əbdürrəhman Caminin məsləhəti ilə Nizami mövzularından ibarət yazdığı “Xəmsə”dən başqa çağatay türkcəsində müəllifin özünün “Xəzayinül-məani” adını verdiyi dörd divan, farsca divan və s. yaradan mütəfəkkir şairin əsərləri öz bədii-estetik keyfiyyətlərinə görə bütün Yaxın və Orta Şərqdə yayılmış, türk xalqlarının şairləri üçün uzun əsrlər boyu sənətkarlıq örnəyinə çevrilmişdir. Bir dövlət xadimi kimi də böyük nüfuza malik olan Nəvai sənəti sevdiyi və yüksək dəyərləndirdiyi üçün bir çox sənətkarlara hamilik etmiş, mədəniyyətin hər tərəfli inkişafına çalışmışdır. Azərbaycan xalqının görkəmli şəxsiyyətləri Nəvaiyə yüksək qiymət vermiş, onu öz doğma sənətkarları hesab etmişlər. Bu kitaba böyük özbək şairinin “Xəmsə”sindən üçüncü poema — məşhur “Fərhad və Şirin” əsəri ilə yanaşı, dördüncü — “Yeddi səyyarə” poemasından parçalar daxil edilmişdir.

Aşağıdakı düyməyə vuraraq resursu yükləyə bilərsiniz.

Fərhad və Şirin (Əlişir Nəvai)/Əsərin məxəzləri

Bəxtimin ulduzu parlaq nur-saçdı
Mənə yüksəklərdə bir büsat açdı.
Ulduzu göz yaşı edəndə fələk,
Süpürmüş o yeri pərilə mələk.
Onun səqfi idi o əyilmiş tağ,
Çərx olmuşdu ona atlas bir otaq.
Gecə məçmər idi, ay isə udu,
Ulduz – qığılçımı, günəş də odu.
Xoşdur bu məclisdə mənə əylənmək,
Sürtər ayağıma üzünü fələk,
Vərəqimdən alar səfanı səhər,
Gecə qələmimdən rəng alıb gəzər.
Yazı yazmaq üçün yonarkən qələm,
Yontusunu yığdı Utarid o dəm.
Qələm etməmişkən yazıya adət
Qapımdan içəri girdi səadət.
Şən üzlə eylədi dünyaları şad,
Məni təbrik edib, o eylədi yad:
«Nə arzun var onu tanrı yetirsin,
Uğruna sevdiyin şeyi gətirsin.
Fələk kimi yüksək himmət, bax budur.
Günəş kimi yeni niyyət, bax budur,
Bu himmətə alın surtər fələklər,
Günəş bu niyyətə afərin deyər.
Gözünü ən uca eyvana saldın,
Böyük bir təpənin torpağın aldın.
Görüm qızıl olsun tutduğun torpağ.
Səpdiyin qətrələr incitək parlaq,
Himmət məclisində hər kim içsə cam,
Bu camla arzusu tapar sərəncam.
Alsa hansı bir quş himmətdən qanad.
Alçaq yuvalara etməz iltifat.
Nəsri-tayir açar himmətlə qanad,
Göyün məclisində oynar gecə şad,
Əl açsa himmətlə hər kim dünyada,
Şübhəsiz yetişər hər bir murada.
üksəklik himmətdən olmuşdur nişal,
Himmətsizi alçaq etmişdir zaman.
Milçək tez uçmağı bacardığından,
Yerdə kəzən bir fil acizdir ondan.
Müşgün xoş qoxusu göylərə çatdı,
Qaranlıq şamını ulduz parlatdı.
Kim lağım atmağı etmişsə peşə,
Diriykən məzarə girər həmişə,
Belə bir himmət ki, sən zahir etdin,
Şübhə yox, dünyada məqsədə yetdin,
Sən ancaq tanrıya təvəkkül eylə,
Onuntək əvvəldən təhəmmül eylə!
Çünki bu evdə sən toxusan ipək,
Gərək nəqş oluna onda hər bəzək,
Nəzmin qulaqlarda xoş olsa əgər,
Alar əfsanədən nəş’ə könüllər,
Tarixdə nə varsa topla bir yerə,
Bir tarix yarat ki, tarixə girə.
Bəlkə ondan tapdın elə gözəl söz
Ki, dəyməmiş olsun ona başqa göz,
Yazdığın nəzmə ver eylə yaraşıq,
Olsun əsərimə görənlər aşiq.
Söz yaz ki, yazmamış onu xəlayiq,
Sözü təkrar etmək sənə nə layiq?
Xoş olmaz ellərdən geri at sürmək,
El yüyürən yoldan bir də yüyürmək.
Kirmə o bağa ki, başqası girmiş,
Açılan güllərin hamsını dərmiş,
Bu bağda tapmazsan açılmış gül sən,
Dünya bağında tap çox gül, çox çəmən».
Dedikcə bu sözlər beynimə batdı,
Bütün bu mə’nalar könlümə yatdı,
Bu düşüncə etdi qəlbimi şeyda,
Tarix eşqi saldı başıma sevda.
Tarixi diqqətlə tamam oxudum.
Hər hadisə oldu mənimçün mə’lum.
Bir neçə söz tapdım, kamımca oldu,
Camım mən istəyən şərabla doldu.
Bu dürrləri sapa düzdüyü zaman,
Onda bilər nədir qulaqdan asan.
Keçmiş ellər Əgər çox dürrlər almış,
Qiymətli incilər hələ də qalmış.
Budur nəhayəti olmayan dəniz,
Çatmaq mümkün deyil dibinə hərkiz,
Əliboş mən də bu dəryaya girdim,
Bu söz bəzəyini ələ gətirdim.
Bu bağa qısqanar Çin nəqqaşları,
Atəş rəngindədir gülü, gülzarı.
İnsan bu gülşənə gələndən bəri
Bir söz eşitməmiş qüssədən qeyri.
Onlar eşq əhlinin əfsanəsidir.
Məhəbbət əhlinin nişanəsidir.
Kimin bu badədən qədəhi dolmuş,
Həmişə Xosrovun məddahı olmuş.
Söyləmiş ölkəsi, ayini belə,
Ordusu beləydi, təmkini belə.
Bə’zən dünya gəzən Şəbdizdən deyər,
”Gah gənci-badavər məğamı söylər.
Kef məçlisindəki gözəl süfrələr
Gözəl saraylarda möhnət törədər.
İçib gah Baribüd nəğməsilə mey,
Şapur dastanından deyər peyapey.
Büzürkümmid ona hikmət arayan,
Könlünü açmaqda işə yarayan.
Məryəmin qoynunda gah tapar aram,
ŞƏgər halvasından gah alar o kam.
Gah Xasrovtək Şirin eşqiylə yaşar,
Bə’zən kəniz, bə’zən yartək yanaşar.
Bu nazla bəslənən şahzadə yəqin,
Dünyada qüssədən, dərddəndir əmin.
Arada söyləyib bir-iki dastan,
Zavallı Fərhaddan vermişlər nişan.
Qart daşları çapan bir dağ gövdəli,
Şirinin qəmindən olmuşdur dəli.
Yüyürmüş vəsl üçün bir neçə gün o,
Onu daş içində öldürtmüş Xosrov.
Belə nəqş eyləmiş bu rəsmi qələm,
Bu dastanı belə eşitmiş aləm,
Ancaq ki, nəzmdə hər mahir nəqqaş,
Duzüb söz sapına qiymətli qaş-daş,
Onu dərk etməkdən düşüncə heyran,
Ona vurğun olur ağıllı insan.
Onların nəzminə etdikcə diqqət
Bildim qarşımdadır böyük əziyyət.
Başqa cürə lazım bildim tərhini,
Bu mehnətnamənin yazdım şərhini.
Demirəm sözlərim dürr tək yaxşıdır.
Daş da olsa şe’rim çaxmaq daşıdır.
Od rəngli olsa da gər lə’l-parə,
Çaxmaq daşı kimi saçmaz şərarə.
Çaxmaq daşı deyil, bu- mehnət dağı,
Qəmlər burda qoymuş dağ üstə dağı.
Bu qəm dağı içrə dərdü mühəndən,
Mümkün deyil qaçım mən Kuhkəndən;
Nizami ardınca getdisə Xosrov,
Əgər o şah isə, bu oldu xosrov.
Bu işdə uyuşdu iki yekanə,
Xosrovdan dedilər gözəl əfsanə.
Mənim tək yazığa eşq etdi bidad,
Salıb qəm dağına, eylədi Fərhad.
Yern var qaldırsam ahu fəğanı,
Desəm Fərhad üçün mən bu dastanı.
Yazım can lövhindən iki rəvayət,
Fərhadla Şirindən edim hekayət,
Tişəsi sinəmdən çıxartsa fəğan,
Onu itiləsin gərək bu suhan.
Gəncədə bəslənən o böyük ustad,
Bu xoş əfsanəni belə etmiş yad.
Demiş, yazıq Fərhad daşlar çapardı,
Sanma bu sənətdə bir misli vardı.
Şirinin qəlbində varmış bu məraq,
Qart daşlar bağrında çəkdirə bir arx,
Bu işçin arardı bir əhli-hünər,
Şapur ona verdi Fərhaddan xəbər.
Fərhadçın Şapuru Şirin yolladı,
Şapur da tez gedib tapdı Fərhadı.
Pərdə arxasında Şirin durarkən,
Şirin dillə ona iş buyurarkən,
Bu xoş səsi duyan o xəstə Fərhad,
Aşiq oldu ona, qopartdı fəryad,
Səbrini itirdi,qərarı getdi,
İş bir yerə çatdı, həyatı bitdi.
Lakin hindistanlı mahir sənətkar,
Bu qəm dastanını edəndə izhar,
Bu qüssə üstündə işlətdi qələm,
Açdı bu səhfədən bir başqa aləm
Hansı bir sözü ki, gördü müvafiq,
Onu əsərinə bildi o layiq.
Gövhər dəryasında qələmi üzdü,
Əsərinə belə incilər düzdü
Ki, nəslən çatardı o, sultanlara,
Xəta mülkündəki böyük xanlara.
Hər sözü hünərdən verərdi xəbər,
Alnında parlardı şahlıqdan asər.
Bəllidir insaiın lakin adəti,
Mə’lumdur bəşərin bu xasiyyəti.
Könlü hər bir işə göstərsə maraq,
Çətindir vzünü ondan qurtarmaq.
həvəs nizə alıb, göstərərsə zor,
Əvvəl ağlın eylər gözlərini kor.
Nəfsilə vuruşan basılar, inan,
Bu işdə tən durar dərvişlə sultan.
Onun qəlbindəki coşqun bir həvəs,
Hünərlər yaratdı Fərhada əbəs.
Oğlunu bu sayaq görüncə xaqan,
Çox çalışdı onu qaytarsın yoldan,
Gördü mümkün deyil, çün tərki-adət,
İnsanda fitridir nikbət, səadət.
Bu işdə oldusa çox fikrə düçar,
Şahlıq namusuna bu iş gəldi ar.
Çox seyirlər etdi özkə diyara,
Bu müşkül bəlayə tapmadı çara.
Axırda oğlundan əl üzdü bütün,
Onu səyahətə sövq etdi bir gün.
Hünərlə at sürdü Əşrəf meydana,
Bu sözü başqa cür çəkdi bəyana.
Bu qəmli dastanı yazmışlar belə,
Yazan adam bəlli deyildir mənə.
hər üç şair bundan bir qədəh içdi,
Arada bununçün ixtilaf düşdü.
Xosrov bu qüssəni istərkən yazmaq,
Qabaqca yazandan o verdi soraq.
Bu müqəddəs işə eylərkən rəğbət,
Başdan başlamağı bildim məsləhəq.
Bir sözü bilməsən ta başdan-başa,
Ortadan oxusan o gəlməz xoşa.
Olsa «iyman» sözü rəhmətdən nişan,
Əlifsiz yazılsa, oxunar «yaman».
Şəmsi hər bir adam qızıl edər hiss,
Vaşdan «şi»ni atsan, dönüb olar mis.
Möhnət gecəsinə şam işıq saçar,
Kəsilsə şö’ləsi qaranlıqlaşar.
Qəm şamı salmışdır canıma atəş,
Can da bu yanmaqda olmuş mənə əş,
Başında olmasa gər zərli bayraq,
Etməz şəbistanı şam belə parlaq.
Mənim can evimi işıqlandıran,
O təraz şamına var ümid inan,
Günəştak göylərdə cövlan edəçok,
Aləmi nuruna heyran edəcək.
O işıq şamını dur gətir saqi!
Şam deyil, o parlaq günəşdir baqi.
Günəş yayılarkən ucalıqlara,
Mən də Fərhad kimi çıxım dağlara.

Naviqasiya menyusu

  • Bu səhifə sonuncu dəfə 30 dekabr 2018 23:09 tarixində redaktə edilib.
  • Mətn Creative Commons Attribution-ShareAlike lisenziyası altındadır, bəzi hallarda əlavə şərtlər tətbiq oluna bilər. Ətraflı məlumat üçün istifadə şərtlərinə baxın.
  • Gizlilik siyasəti
  • Vikimənbə haqqında
  • Məsuliyyətdən imtina
  • Mobil görüntü
  • Tərtibatçılar
  • Statistikalar
  • Kuki məlumatı

Almaz Ülvi. Əlişir Nəvai haqqında iki məqalə

Деярли бутун илмий ва ижодий фаолиятини Ўзбек ва Озарбайжон адабиётларининг ўзаро алоқаларини ўрганишга бағишлаган таниқли адабиётшунос олима Алмаз Улвий ўзбек адабиётига доир 150 дан ортиқ мақолалар нашр эттирган. Олиманинг 2009- йилда Тошкентда “Озарбайжон-ўзбек (чиғатой) адабий алоқалари (даврлар, сиймолар, жанрлар, тамойиллар)” ва “Алишер Навоий Озарбайжон адабиётшунослигида” китобларининг тақдимоти ўтказилган эди. Олима ҳақида тўлиқ маълумот олиш учун Олим Шафиевнинг «Ўзбек адабиётининг озар тадқиқотчиси» мақоласини мана бу саҳифада ўқинг .

Almaz Ülvi
Əlişir Nəvai haqqında iki məqalə

Almaz Ülvi (Binnətova Almaz Qasım qızı) — Azərbaycan ədəbiyyatşünası, yazıçı-publisist. Özbək ədəbiyyatı tədqiqatçısı. 25 yıldır, sürekli basın kurumlarında bilimsel, edebi, tarihi sosyal-siyasi makalelerini ile halka ve cemiyete sunmuştur. Çeşitli gazete ve dergilerde, kitap ve bilimsel toplularda, dünyanın bir takım tanınmış uluslararası dergilerinde türk, Özbek, Rus, İngiliz, Gürcü, Tatar vb dillerde bilimsel makaleleri yayınlanmıştır.

Eserleri :
• «Poeziyada milli-azadlıq duyğuları» Bakı, 1998, 115 səh.
• «Ülviləşən Ülvim» Bakı, 1998, 256 səh.
• «Ədəbiyyat ömrü yaşayan əbədiyyat memarı» (Bakı, 80 səh.),
• «Müharibə ağrılarım. Sənədli publisistik düşüncələr, ədəbi qeydlər» (546 səh.),
• «Ədəbi duyğularım. Portretlər, düşüncələr, qeydlər» (Bakı, 426 səh),
• «Azərbaycan — özbək (cığatay) ədəbi əlaqələri (dövrlər, simalar, janrlar, təmayüllər)» (Bakı, 326 səh.),
• «Əlişir Nəvai Azərbaycan ədəbiyyatşünaslığında» (Bakı, 326 səh.),
• «Müdriklik işığında» (2009, 137 səh.)
• «Göyçə mahalı Kəsəmən: Bir kəndin tarixindən səhifələr» I kitab. Bakı, «CBS», 2011. 592 səh., tiraj 1000.

Cığatay ədəbiyyatı və dahi Nəvai

Cığatay ədəbiyyatının Nəvai dövründə türk dili xüsusi inkişaf mərhələsi keçmişdi. Türk dili elə bir zirvəyəcən tərəqqi etdi ki, islam dünyasının üç böyük dilindən birinə çevrildi. Əlişir Nəvainin ədəbi fəaliyyətinin “bahar vaxtı” Sultan Hüseyn Bayqara sarayında çalışdığı illərə təsadüf etmişdir.

Teymurlular nəslinin sonuncu görkəmli nümayəndəsi Hüseyn Bayqara (1438-1506) da şair idi. O, 1438-ci ildə Heratda doğulmuşdur. Əlişir Nəvainin atası Qiyasəddin Kiçginə Bahadur Hüseyn Bayqaranın atası Əmir Qiyasəddin Mənsur ilə süd qardaşı olmuşlar. Bu səbəb də daxil olmaqla onların uşaqları da bir yerdə böyümüş və məktəbdə birgə oxumuşdular. Məktəb illərindən sonra Hüseyn Bayqara saray işlərində çalışmışdır. Bir müddət sonra o da Teymurlu varisləri arasındakı taxt-tac mücadiləsinə qoşulmuşdu. 1469-cu ildə bu mücadilədə qalib gələn Hüseyn Bayqara Heratda hakimiyyəti ələ alıb hökmdar oldu. O, yüksək elmi, geniş dünyagörüşü, ziyalı səviyyəsi, şair qəlbi ilə hökmdarlığı dövründə məmləkətdə elmə, mədəniyyətə, ədəbiyyata geniş meydan verərək onu əlçatmaz zirvələrə, ucalıqlara qaldırdı. Şahrux hakimiyyəti dövründən ölkənin paytaxtına çevrilən Herat artıq Şərqin mədəniyyət mərkəzlərindən birinə çevrilmiş, şöhrəti hər yana yayılmışdı. Qırx ilə yaxın hökmdarlığı dövründə o, Şərq tarixində ən xeyirxah hökmdar kimi tanınmışdır. Humanizmi ilə fərqlənən Hüseyn Bayqara Herat sarayında son dərəcə gözəl elm və sənət mərkəzi yaratmışdı. Fars şairi Əbdürrəhman Cami, məşhur tarixçilər , o cümlədən Qantemir, rəssam Behzat Hüseyn Bayqara sarayında yaşayıb-yaradırdılar. O, cığatay türk ədəbiyyatının ilk və ən böyük nümayəndəsi Əlişir Nəvaini saray vəziri təyin etmişdi.

Hüseyn Bayqara həm də gözəl lirik şeirlər müəllifi idi. Onun divanı hər yana — ən böyük kitabxanalara yayılmışdı. Tədqiqatçıların qeydinə əsasən, onun qəzəlləri cığatay şairlərinin qəzəllərindən fərqlənirdi. Təbiət gözəlliyi, eşq, məhəbbətlə dolu xoş duyğular Hüseyn Bayqara poeziyasının məzmununda xüsusi yer tuturdu. O, əsərlərini cığatay-türk dilində yazmışdı. Hətta hökmdarlıq etdiyi ölkədə türkcə-cığatayca yazmaq barədə fərman imzalamışdı. Fars dilinin bütün Şərq dünyasında tüğyan etdiyi dövrdə bu fərman xüsusi əhəmiyyət daşıyırdı. Bu o dövr idi ki, hətta türk dilində yazılan şeirlərə lağ edirdilər. Hüseyn Bayqara sarayının baş vəziri Nəvai ilə İraqdan saraya qonaq gəlmiş şair Bənnayi arasındakı söhbət əsrlərdir ki, rəvayətə dönüb danışılır. Söhbət əsnasında Bənnayinin sözünə hiddətlənən Nəvai “Bənnayi, danışıq həddini aşdın. Sənin ağzın pisliklə doldurulmalıdır”. Bənnayi isə onun sözünə cavab olaraq: “Pislik doldurmaq elə də çətin iş deyil. Türk dilində bir şeir oxumaq kifayətdir” — demişdir. Türk dilinə münasibətin pis olduğu belə zamanda Hüseyn Bayqaranın türk dilinə dair imzaladığı fərman ölkənin elmli və dövlət adamları, türk dilinin inkişafı və yayılması üçün böyük önəm daşıyırdı. Tarixçilərin, tədqiqatçıların rəyidir ki, cığatay — türk ədəbiyyatının ən yüksək inkişaf mərhələsi Hüseyn Bayqaranın hökmdarlığı illərinə aiddir. O, türk dilini incəliklərinəcən gözəl bildiyindən hətta şeirlərində yad, alınma sözlərdən çox az iştifadə etmişdir.

Hüseyn Bayqaranın hökmdar kimi tarix qarşısında ən böyük xidmətlərindən biri də uşaqlıq dostu, özündən iki yaş kiçik Əlişir Nəvaini sarayına baş vəzir təyin etməsi idi. Bu məsələ təkcə o demək deyil ki, şair Nəvai sarayda belə yüksək vəzifə tutmuşdur. Nəvai məhz həmin vəzifəsindən istifadə edərək o dövrdə türk dünyası mədəniyyətinin, ədəbiyyatının inkişafı üçün misilsiz işlər görmüşdür. Elmə, mədəniyyətə yüksək dəyər verən hökmdarın siyasətinə onun da böyük təsiri olmuşdur.

Böyük mütəfəkkir, filosof, şair və dövlət xadimi Əmir Əlişir Nəvai 1441-ci ilin 9 fevralında Heratda doğulmuşdur. Onun atası Teymurlular sarayına yaxın zadəgan ailəsindən idi. Nəvainin atası Qiyasəddin Kiçginə Bahadur bir müddət Səbzəvar şəhərinin hakimi olmuşdur. Bu səbəbdən də bir yerdə böyüyən Nəvai ilə Hüseyn Bayqaranın yoldaşlığı dostluğa çevrilmişdi. Xorasan vilayətinin mərkəzi Heratda hakimiyyət başına gələn Hüseyn Bayqara Nəvaini sarayında əvvəlcə möhürdar, az sonra — 1472-ci ildə isə daha yüksək vəzifəyə — vəzir təyin etmişdi. Nəvainin yüksək əxlaqı, elmi, qabiliyyəti, zəkası, fitrətən fazilliyi dostunu bu addımı atmağa sövq etmişdi. Nəvai hələ uşaqlıq illərindən türk və fars dillərində şeirlər yazardı. Atası onun elmə, ədəbiyyata olan həvəsini, istedadını görüb təhsilinə xüsusi diqqət ayırmışdı. Dövrün tanınmış şair və ədibləri, xüsusən türk ədəbiyyatı qarşısındakı böyük xidmətləri ilə seçilən Həsən Ərdəşir və o illərin şöhrətli şairi Lütfi ona ustadlıq — müəllimlik etmişdilər. Əlişir Nəvai gənclik illərindən Şərqin dahi mütəfəkkirləri Fəridəddin Əttar, Qasım Ənvar, Nizami Gəncəvi və digər klassik şair və filosofların əsərlərini dərindən mənimsəmişdir. Ümumiyyətlə, Nəvai Şərq dünyasının bütün böyük filosof-mütəfəkkirlərinin əsərləri ilə yaxından tanış olmuş, öyrənmişdir. Bütün bunlar onun poetik yaradıcılığının inkişafına da böyük təsir göstərmişdir.

Böyük mütəfəkkir və şair, dövlət xadimi Əlişir Nəvai (əsl adı Nizaməddin Mir Əlişir) özbək ədəbiyyatı tarixinin ən görkəmli nümayəndəsidir. Nəvai hələ 10-12 yaşlarından gözəl şeirlər yazarmış. Müasirləri tarixçi Qantəmir (1437-1534), şair Lütfi (1369-1465) Nəvainin şeirləri ilə tanış olduqda onun poetik istedadını yüksək qiymətləndirmişdilər. 1464-1465-ci illərdə xəttatlar Nəvainin ilk divanını — şeirlər toplusunu hazırlamışdılar. Bu fakt özü təsdiq edir ki, Nəvai artıq gənc yaşlarından lirik şair kimi tanınırdı. Tədqiqatçıların qeydinə görə, Nəvai 15 yaşında lirik şeirləri ilə qəlbləri ovsunlamış, şeir-sənət adamlarının diqqətini qazanmışdı.

Sultan Hüseyn Bayqara sarayında işlədiyi dövrdə Əmir Əlişir Nəvai dövlət xadimi kimi geniş və əhəmiyyətli işlər görərək el hörməti qazanmışdır. O, elmə, təhsilə, ədəbiyyata, mədəniyyətə daim yüksək dəyər verdiyindən tutduğu vəzifədən istifadə edərək ölkəsinin elmli, ziyalı, nüfuzlu adamlarını — alimlərini, şairlərini, musiqiçilərini, rəssamlarını, xəttatlarını daim diqqətdə saxlamış, onlara qayğı göstərmiş, himayədarlıq etmişdir. Elin, xalqın köməyinə yetən bu şəxs əməlisaleh, nəcib insan kimi ad-san qazanmışdı. Nəvainin fəaliyyəti dövründə ən böyük xidmətlərindən biri də saray kitabxanası yaratması olmuşdur. Böyük tikinti işlərinin birbaşa vasitəçisi və rəhbəri olmuşdur: Heratda və ölkənin digər regionlarında xeyli sayda məscidlər, səyyahlar üçün ayrıca məscidlər, karvansaralar, böyük körpülər, hamamlar … və s. tikdirmişdi.

Nəvai geniş dünyagörüşlü, ədalətli, zülmkarlığa qarşı mübariz bir dövlət xadimi olubdur. Onun dövlət xadimi kimi ölkədəki nüfuzu saray əyanlarının xoşuna gəlmədiyindən ona qarşı qeyri-səmimi münasibətlər formalaşdırmağa başlamışdılar. Bunun nəticəsi olaraq o, vəzirlikdən Astarabad vilayətinin hakimliyinə göndərilmişdi. Lakin bütün bu münasibətlər Nəvainin ürəyincə olmadığından o, 1488-ci ildə vəzifəsindən istefa verir və doğma Herata qayıdaraq həyatını elmə, ədəbiyyata — yaradıcılığa həsr edir. Bu illər Nəvai yaradıcılığının o dövrü idi ki, o, artıq “Xəmsə” kimi dahiyanə toplunun müəllifi kimi şöhrətlənmişdi. O, məhz “Xəmsə”si ilə sübut etdi ki, türk ədəbi dilinin gücü dünya səviyyəli əsərlər yaratmağa qadirdir. Hüseyn Bayqara onu yenidən saraya dəvət etsə də, Nəvai bundan imtina etmiş və yaradıcılıqla məşğul olmağa üstünlük vermişdi. Nəvainin etirazına baxmayaraq hökmdar Hüseyn Bayqara onu sarayda əlahiddə vəzifəyə təyin etmişdi. Bu vəzifəsinə görə Nəvaiyə bütün dövlət məsələlərinin həllində iştirak hüququ verilmişdi. Nəvai bu təkliflə razılaşsa da daha çox ədəbi yaradıcılıqla məşğul olmuşdur. Onun bu dövrdən sonrakı yaradıcılığında daha çox dövrün ictimai-siyasi ruhu, problemləri qabarıq görünür. 1490-1501-ci illərdə Nəvai ən incə, gözəl və qüdrətli lirik poeziyasını, ictimai-fəlsəfi və elmi əsərlərini yaratmışdır.

Nəvainin hələ gənclik illərindən ən böyük arzularından biri türk ədəbi dilini fars ədəbi dili səviyyəsinə qaldırmaq idi. O, bu arzusu uğrunda daim mücadilədə olmuşdur. Dostu, hökmdar Hüseyn Bayqaranın köməkliyi və özünün elmi-ədəbi yaradıcılığının gücü ilə istədiyinə nail ola bilmişdir. Amma bu o demək deyil ki, türk dilinin inkişafı Nəvaidən başlamışdı. Lakin həmin problemin aktual olaraq qalması Nəvaini mübarizəsində daha inadlı etmiş, mətinləşdirmişdi. Beləliklə, o öz qüdrətli dühası ilə möhtəşəm əsərlər yaratdı.

Tədqiqatçılar yazır ki, Nəvai dostu, şair-filosof Əbdürrəhman Caminin məsləhəti ilə dahi Nizaminin “Xəmsə”sinə cığatay-türk dilində “cavab” yazdı. Beləliklə, Şərq ədəbiyyatında ilk dəfə türk dilində “Xəmsə” yaradıldı. Başqa bir qrup tədqiqatçı isə göstərir ki, lirik şeirləri ilə məşhurlaşan Nəvai müasiri, dostu şair Əbdürrəhman Caminin “Xəmsə” yazmağa başladığını eşidir və çox qısa zaman ərzində (1483-85) öz “Xəmsə”sini tamamlayır. 1485-ci ildə bitirdiyi 64.000 misralıq “Xəmsə”si “Heyrətül-əbrar”, “Leyli və Məcnun”, “Fərhad və Şirin”, “Yeddi səyyarə” və “Səddi-İsgəndər” adlı məşhur əsərlərdən ibarətdir. “Heyrətül-əbrar” (1483, “Mömünlərin heyrəti”) poeması əxlaq və təsəvvüfə aid mükalimələrdən ibarətdir. Nəvai işlədiyi İsgəndər obrazını dövrün zalım hökmdarlarına qarşı qoymuşdur. Cəmi üç ilə Şərq ədəbiyyatında yeni “Xəmsə” yaratmaq Nəvainin filosof düşüncəsinin, şairlik istedadının və qabiliyyətinin nəticəsi idi. Onun “Xəmsə”sində böyük türk ruhu diqqətdən yayınmır.

Nəvai lirik şeirlərindən ibarət altı divan yaratmışdır: “Bədaye ül-bidayə” (1466-1482), “Nəvadir ül — mihayə” (1482-1492), 1498 — ci ildə “Xəzain ül-məani” adlı ümumi başlıqda topladığı (“Cahar divan”) — “Qəraüb üs-sifər” (“Uşaqlığın qəribəlikləri”), “Nəvadir ül — şəvab” (“Gənclik nadirlikləri”), “Bədaye ül — vüsət” (“Orta yaşın gözəllikləri”), “Fəvaid ül-kibar” (“Böyüklüyün faydaları”). Bu divanlarına onun türk dilində yazdığı şeirlər toplanmışdır. O, fars dilində yazdığı qəsidələrindən də ibarət iki toplu bağlamışdı: “Altı zərurət” və “İlin dörd fəsli”.

O, cığatay — türk dilində yazdığı əsərlərində “Nəvai”, fars dilində yazdığı əsərlərində isə “Fani” təxəllüsündən istifadə etmişdir. “Nəvai” sözü “musiqili”, “təravətli”, “Fani” sözü isə “etibarsız” , “ölüm” mənasını verir. Nəvai fars dilində yazmağın dəyərinə xələl gətirmək fikrində olmayıb. Sadəcə olaraq, o təsdiq etmək istəyib ki, doğma ana dilində — qədim cığatay-türk dilində bəşəri dəyərli əsərlər yazmaq mümkündür. O, bununla müasirlərinə sübut etmək istədi ki, türk ədəbi dilinin imkanları “Xəmsə” yarada biləcək qədər zəngindir. Nəvai Şərq ədəbiyyatının janrlarından son dərəcə incəliklə istifadə edərək, dünya ədəbiyyatı tarixində özünəməxsus dəstxəttini, üslubunu yarada bilmişdir.

Nəvainin əsərləri, hələ sağlığında ikən böyük şöhrət qazanmışdı. Onun əsərləri dünyanın ən məşhur kitabxanalarına yayılmış və qorunmuş, müasir dövrümüzə qədər gəlib çıxmışdır. Əmir Əlişir Nəvai türk dünyasına bəşəri dəyərli elmi-ədəbi əsərlər bəxş etməklə yanaşı, dövlət xadimi kimi də xidmətləri tarixi xarakter daşıyır.

Nəvai yaradıcılığında — lirikasında, poemalarında yüksək mənəviyyat məsələlərindən, sufizmdən ətraflı söhbət açılır. Onun fəlsəfi görüşlərinin əsasında sufilik elementlərini özündə təcəssüm etdirən panteizm durur. Nəvai mövhumatı — insanları cəhalətə aparan eybəcər “dini” baxışları tənqid etmiş, orta əsr despotizminə qarşı daim mübarizədə olmuşdur. Nəvai bu mövzuda ilk olaraq “Ərbəin” ( “40 rübai”) və “Minacat” əsərlərini yaratmışdır. Ümumiyyətlə, Nəvai əbədi-bədii irsi ilə yanaşı onun əhəmiyyətli, müasir dövrümüzdə də öz aktuallığını saxlayan xeyli sayda elmi əsərləri də vardır: Öz sufi baxışlarını “Nəsim ül-məhəbbət” (1496) əsərində açmış və bu əsərində 750 sufi şeyxi haqqında elmi mənbə hazırlamış, tarixə ərməğan etmişdir. O, bu əsərində Nəsimi şəxsiyyəti, poeziyası haqqında, poetikasının qüdrəti barədə məhəbbətlə söz açmışdır. Nəvainin fars və türk dillərindən bəhs edən “Mühakimət ül — lüğəteyn” (“İki dilin mühakiməsi”, 1499 ) əsəri xüsusilə o dövr üçün (elə indi də) çox əhəmiyyətli idi. O, bu mənzum əsərində türk dilinin incəliklərindən, türk folklor və etnoqrafiyasının zənginliyindən söz açaraq türk dilini gözdən salanlara cavab vermişdir. O, bu iki tarixi dili bir-birinə qarşı qoyanların əleyhinə olaraq, hər iki dilin üstünlüklərini qeyd etmiş, bir dili o biri dilin güdazına verməyin tam əleyhinə olmuşdur. Bu əsərində türk dilinin gözəlliyini və zənginliyini nümayiş etdirərək, fəxarət dolu xoş hisslərini qələmə almışdır. “Məcalis ül-nəfais” (“Nəfis məclislər”, 1491) adlı təzkirəsində isə ədib, tədqiqatçı-filosof alim yaşadığı əsrin 400-dən çox şairi haqqında ətraflı məlumat yazmışdır. Ümumtürk əruzunun nəzəri əsasları haqqında “Mizan ül-övzan” (“Vəznlərin tərəzisi”, 1492), müəmma janrının nəzəri əsasları haqqında “Mufradat” (1493) əsərləri bu gün də elmi aktuallığını itirməmiş, elmi araşdırma mövzusu olaraq hələ də diqqətdədir. Bunlardan əlavə, Nəvai tarixi mövzuda traktatlar müəllifi kimi də məşhurdur: “Tarixi mülük ül-əcəm” (“İran şahlarının tarixi”) və “Tarixi-ənbiya və hükəma“ (”Filosoflar və peyğəmbərlərin tarixi») əsərlərini göstərə bilərik. Bunlardan əlavə, Nəvai məktublarını “Münşaat” adlı əsərində toplamışdır. Memuar janrında Əbdürrəhman Camiyə həsr etdiyi “Xəmsə ül-mütəhəyyirin” (“Beş heyrət”, 1482-1494), “Haləti-Seyyid Həsən Ərdəşir” (“Seyyid Həsən Ərdəşirin həyat və yaradıcılığı”) və “Haləti — Pəhləvani Məhəmməd” (“Məhəmməd Pəhləvanın həyat və yaradıcılığı”) əsərlərini göstərmək olar. Nəvainin bioqrafik səpgidə yazdığı “Haləti — Pəhləvani Məhəmməd” əsəri “Küştigir” təxəllüsü ilə şeirlər yazan Məhəmməd Pəhləvana həsr olunmuşdur. Əsərdə zəngin hafizəsi və gözəl hazırcavablığı ilə hamını heyran qoyan Məhəmməd Pəhləvanın Sultan Hüseyn Bayqaraya və Nəvainin özünə bəslədiyi dostluq duyğularından bəhs olunmuşdur. “Lisaleyi-müəmma” (1491), “Vəqfiyyə” (1482), “Nəzm ül-Cəvahir” (1485), “Sirac ül-müslimin” (1488) və s. qeyd etdiyimiz bu və digər əsərləri həm əbədi-bədii xarakterinə, dilinə, məzmununa, mövzusuna, həm də elmiliyinə, fəlsəfi mənasına görə ümumtürk ədəbi-elmi tarixinin möhtəşəm abidələrindəndir. 1499-cu ildə yazdığı “Lisan üt-teyr” (“Quşların dili”) poeması fəlsəfi və təsəvvuf məsələlərinə aid edilmişdir. O, Sultan Hüseynə ithaf etdiyi bu əsəri — uşaqlıq illərindən sevdiyi, oxuduğu, öyrəndiyi filosof Fəridəddin Əttarın fəlsəfi “Məntüq üt — teyr” əsərinə cavab olaraq yazmışdır. “Lisan üt-teyr” dövrün ictimai-siyasi məsələlərinə dair müəllifin yüksək baxışları öz əksini tapmışdı. Təhsilini Herat, Məşhəd və Səmərqənd şəhərlərində dövrün məşhur ziyalılarından almış Əlişir Nəvai cığatay-türk ədəbi nəsrinin ilk nümunəsi sayılan axırıncı — 1500-cü ildə tamamladığı “Məhbub ul-qulub” (“Ürəklərin sevgisi”) əsərində dövlət və məişət məsələlərinin bədii inikasını əks etdirmişdir. Göründüyü kimi, dahi mütəfəkkir Nəvainin janr və mövzu baxımından yaradıcılığı rəngarəngdir. Onun bu qədər zəngin ədəbi irsi toplanaraq müasir dövrümüzdə dəfələrlə istər doğma Özbəkistanda, istərsə də bir çox ölkələrdə, o cümlədən Şərq ölkələrində, Azərbaycanda nəşr olunmuşdur. 1987-ci ildən isə başlayaraq doğma vətəni Özbəkistanda əsərləri 20 cilddə nəşr olunmuşdur.

Əlişir Nəvai 1501-ci il yanvarın 3-də vəfat etmiş və doğulduğu Heratda dəfn olunmuşdur.

Nəvainin poemaları dünyanın çox dillərinə tərcümə olunaraq yayılmışdır. Onun əlyazmaları Rusiyanın, İngiltərənin, Türkiyənin, İranın və s. ölkələrin məşhur kitabxanalarında qorunur. Şərq ədəbiyyatşünaslığında ayrıca nəvaişünaslıq elmi yaranmışdır. Azərbaycan ədəbiyyatşünaslığında isə Firidun bəy Köçərli, akademik Həmid Araslı, filologiya elmləri doktorları Pənah Xəlilov, Cənnət Nağıyeva, Xəlil Rza Ulutürk, Tərlan Quliyev və başqaları Əlişir Nəvai irsini tədqiq və tərcümə etmiş, Azərbaycan ədəbiyyatında və ədəbiyyatşünaslığında şərəfli, tarixi bir səhifə açmışlar.

Əmir Əlişir Nəvainin ədəbi şəxsiyyəti
və irsi Azərbaycan ədəbiyyatşünaslığında

Nəvai ədəbi irsi Azərbaycan ədəbiyyatında, ədəbiyyatşünaslığında o qədər doğmalıqla yer tutmuşdur ki, dahi mütəfəkkirlər Nizami və Nəvainin yubiley komitələrinin iclasında (3 dekabr 1940) ölməz Səməd Vurğun çıxışında Nizami yubileyinə hazırlıqdan danışdıqdan sonra Nəvai yubileyinə hazırlıqdan söz açır və deyir ki, «mən və mənim yoldaşlarım son illərədək bilmirdik ki, Nəvai özbək şairidir. Hər yerdə onun adı Azərbaycan şairi kimi çəkilirdi. Nəvai xüsusilə bütün Şərq xalqlarının ədəbiyyatından fars dilinin qovulması sahəsində olduqca böyük rol oynamışdır. Nəvainin şəxsiyyəti, siması olduqca əzəmətlidir. Nəvai yalnız böyük ədəbiyyat deyil, böyük dil də yaratmışdır. Nəvai bir alim kimi, dilşünas, tarixçi kimi çıxış edir. O, son dərəcə çoxcəhətli və istedadlıdır.

Mən Nəvaini dərya ilə müqayisə etdim və dedim ki, bizim bəzi alimlərimiz onun sahillərinə taxta qayıqlarda üzmək istəyirlər. Mənim zənnimcə, bu dəryaya müasir elm və mədəniyyət əsasında tikilmiş böyük bir gəmi salmaq lazımdır. Nizaminin böyük şəxsiyyəti ilə çiyin-çiyinə böyük Nəvai dayanmışdır».
Görkəmli ədəbiyyatşünas və tanınmış alimlərimiz tarix boyunca Əlişir Nəvai irsini tədqiq və tərcümə etmiş, Azərbaycan ədəbiyyatında və ədəbiyyatşünaslığında şərəfli, tarixi nəvaişünaslıq səhifəsi açmışlar. Təkcə XX əsr ədəbi tənqid tarixini vərəqləsək, bu baxımdan xeyli material əldə etmək mümkündür.

Hələ 1902-ci ildə Baxçasarayda Ə. Nəvainin «Mühakimət ül — lüğəteyn» əsəri İ. Qaspirinskinin giriş məqaləsi ilə Azərbaycan dilində kitab şəklində nəşr olunmuşdur. «Təracümi-əhval (məşahir) Əlişir Nəvai» adlı məqalə «Dəbistan» dərgisində, «Təracümi-əhval Əlişir Nəvai» adlı digər məqalə isə «Dirilik» dərgisində hissə-hissə çap olunmuşdur. Bu məqalələr həcm etibari ilə böyük olduğu kimi, məzmun etibari ilə elmi, ədəbi faktlar baxımından isə çox zəngindir. Əldə olan materiallar içərisində ən dolğun informasiya və mənbələr məhz bu məqalələrdə öz əksini tapmışdır.

1912-ci ildə ədəbiyyatşünas və müəllim Fərhad Ağazadənin Bakıda nəşr etdirdiyi «Ədəbiyyat məcmuəsində», «Dirilik» jurnalında və digər mətbu orqanlarında Nəvainin həyat və yaradıcılığı haqqında geniş məqalələr yazılmışdır. Salman Mümtazın «Ədəbiyyatımızda Nəvai təsiri» məqaləsi «Kommunist» qəzetində çap olunmuşdur. S. Mümtaz bu məqaləsində qeyd edir ki, «ümumtürk ədəbiyyatında dörd böyük sima vardır ki, onların haqqında kiçik-kiçik məqalələr deyil, böyük-böyük kitablar yazmaq vacib olar. Çünki onlar bir məhəllənin, bir şəhərin və yaxud bir qəzanın deyil, qocaman bir türk aləminin, ucsuz-bucaqsız türk ellərinin şairi- məşhuru bulunmuşlar».

Firudin bəy Köçərli yazır ki, «Əlişir Nəvai hicrətin IX əsrinin axırlarında yetişən cığatay (türk) və əcəm şüərasının ən məşhurlarındandır. Bu şair əslən cığatay türklərindənsə də Azərbaycan şüəarası arasında artıq hörmət və şöhrət kəsb etmiş və onlara Nəvai təsiri artıq dərəcədə olubdur. Buna da ümdə səbəb onun təb lətifindən törəyən əşar nəfisə və əşari-məmduhəsi olubdur ki, çox şirin və tatlı dil ilə rəşteyi-nəzmə çəkilmişdir». Ədəbiyyatşünas alim Əli Nazimin «Kommunist» qəzetində 1925-ci ildə nəşr etdirdiyi «Əlişir Nəvai və biz» məqaləsi şairin 1926-cı ildə keçiriləcək yubileyinə sanki hazırlıq üçün start idi. O, yazırdı: «Nəvai tam bir sənətkardır. İncəsənət şöbələrindən şeir, musiqi və rəsm təbiətilə müstəid və malik bir şairdir. Nəvai bir çox havalar bəstələmiş, bir çox rəsmlər yapmışdır. Nəvai böyük bir şair və rəssam olmaqla bərabər, eyni zamanda da bir mücəddid, bir yenilikçidir. Nəvainin bu yenilikçiliyi nədədir? Nəvai nə yeni bir ədəbi məktəb açmış, nə yeni bir fəlsəfə yapmış və nə də yeni bir ədəbi şəkil yaratmış deyildir. O, yeni nə yapmışdır, bilirsinizmi? -Türkcə yazmışdır! İmdi türkcə yazmaq qədər sadə və təbii bir hadisənin bir yenilik sayılmayacağını zən edənlər bulunur. Fəqət XY əsrin islam türk dünyasını tədqiq edənlər və türk şairlərinin türkcə yazmadıqlarını görürlər ki, hər yerdə fars hərifi var. Nəvai böylə farslıq arasında üsyan etmiş. Türk xalqçılığı məfkurəsilə türkcə yazmış olduğundan ədəbiyyatımızda ilk dəfə dil inqilabı yapmış deməkdir. O, «Mühakimət ül-lüğəteyn»i ilə türkcənin də farsca qədər gözəl və zəngin olduğunu isbat etmişdir». Azərbaycan Ədəbiyyatı Cəmiyyəti Nəşriyyatı 1926-cı ildə «Nəvai» adlı tədqiqat kitabı çapdan buraxmışdı. Kitabda ilk məqalə İsmayıl Hikmətindir. İkinci məqalə Bəkir Çobanzadənin «Nəvai — dilçi» adlı tədqiqatıdır. Burada müəllif Nəvaini bir «lisançı» olaraq tədqiq edir. Bu məqalə də, eyni zamanda «Kommunist» qəzetində (1926, 4 mart tarixdə) dərc olunmuşdur. Üçüncü «Fars ədəbiyyatının Əlişir Nəvaiyə təsiri»nə dair Mirzə Möhsün İbrahiminin məqaləsidir. Kitabın ilk səhifəsində «Böyük türk şairi Nəvai» yazılsa da, içindəki əsərləri oxuduqdan sonra o qənaətə gəlirsən ki, «Nəvai şair olmaqdan ziyadə bir lisançı olmuşdur». «Yeni yol»da (4 mart 1926) dərc olunmuş «Əmir Əlişir Nəvai» adlı məqalə də çox maraqlı təsir bağışlayır.

Elə həmin il şairin «Münşəat» və «Vəqfiyyə» əsərləri ilk dəfə Azərbaycan dilində nəşr olunmuşdu. Yeri gəlmişkən, bu zaman Sultan Hüseyn Bayqaranın da «Divan»ı Bakıda işıq üzü görmüşdü. Kitaba İsmayıl Hikmətin və Bəkir Çobanzadənin Hüseyn Bayqara haqqında-həyat və yaradıcılığı, «Divan»ı barədə məqalələr də daxil edilmişdir.

1940-48-ci illər arasında şairin 500 illiyi ilə əlaqədar yenidən xeyli məqalələr yazılmış, kitablar nəşr edilmişdir. Bu illərdə akademik Həmid Araslının xidmətlərini xüsusilə qeyd etmək lazımdır. Akademikin «Nizami və Nəvai», «Nəvai və Azərbaycan ədəbiyyatı», «Əlişir Nəvai», «Əlişir Nəvai və yaradıcılığı», «Nəvai və Füzuli», «Böyük şair» və s. məqalələri Nəvai irsinin Azərbaycan ədəbiyyatşünaslığında öyrənilməsi sahəsində tutarlı mənbələrdir. Nəvai yaradıcılığını yüksək dəyərləndirən alim yazır ki, «Nəvai irsi Azərbaycan xalqı tərəfindən hələ XV əsrdən etibarən oxunur, sevilir. Əsrlərdən bəri xalqımız Nəvaini öz şairləri sırasında bilir. Onun müasiri Kişvəri, Xülqi kimi lirik şairlər Nəvainin təsiri altında əsərlər yazmışlar. Böyük Füzuli də öz «Leyli və Məcnun» əsərinin müqəddiməsində onun adını Nizami və Əbunüvas kimi Şərqin dahi sənətkarları sırasında çəkmişdir. M. F. Axundov məqalələrində Nəvaini ağıllı dövlət xadimi kimi xatırlamışdır».

Məmməd Arif «Əlişir Nəvai. Böyük özbək şairi», Azərbaycan-özbək ədəbiyyatlarının qarşılıqlı əlaqələrindən dissertasiya işi müdafiə edən Qulamhüseyn Əliyevin «Azərbaycan-özbək ədəbi əlaqələrindən», «Azərbaycan-özbək ədəbi əlaqələrinə dair» (1964) məqalələri bu sıradan dəyərli tədqiqatlardır.

1947-ci ildə Ə. Nəvainin «Yeddi səyyarə» əsərindən iki nağıl, 1948-ci ildə isə «Fərhad və Şirin» əsəri Azərbaycan dilində çapdan buraxılmışdır. «Fərhad və Şirin» poemasının (M. Rahim, M. Dilbazi, N. Rəfibəyli, Ə. Ziyatay və Ə. Vahid tərcümə etmişlər) kitab halındakı bu nəşrinə Həmid Araslı «Fərhad və Şirin» adlı ön söz yazaraq, əsərin mövzusundan, fəlsəfi və bədii mənasından söz açmışdır. Həmin əsər 1968-ci ildə əvvəlki tərcümədə yenidən nəşr olunmuşdur. Bu kitabdakı müqəddimə, şərh və redaktə də Həmid Araslıya aiddir. O, bu kitaba da «Böyük şair» adlı irihəcmli ön söz yazmışdır. «Yeddi səyyarə» əsəri isə «Yazıçı» nəşriyyatında 1979–cu ildə yenidən şair Ələkbər Ziyatayın orijinaldan tərcüməsi ilə nəşr olunmuşdur. 2004-cü ildə isə «Ə. Nəvai. Seçilmiş əsərləri» kitabı şairin 1968 və 1979-cu illərdəki nəşrləri əsasında təkrar 25.000 nüsxə tirajla işıq üzü görmüşdür. Akademik «Nəvai və Füzuli» araşdırmasında bu iki qüdrətli sənətkarın yaradıcılıqlarını qarşılıqlı surətdə tədqiq etmiş, Füzuli irsinə Nəvainin, Nəvai irsinə isə Azərbaycan ədəbiyyatı klassiklərinin təsirini şərh etmişdir.

1975–ci ildə dahi mütəfəkkirin «Şeirlər» kitabı Bakıda «Gənclik» nəşriyyatında nəşr olunmuşdu. Nəfis tərtibatlı 96 səhifəlik bu kitaba şairin qəzəllərindən, müxəmməs və rübailərindən, dübeyti və başqa lirik parçalardan, qitələr və beytlərdən ibarət əsərləri daxil edilmişdir — əsərləri xalq şairi Süleyman Rüstəm dilimizə çevirmiş və «Əlişir Nəvai» adlı müqəddimə yazmışdır.

1980-ci ildə Özbəkistanda Azərbaycan ədəbiyyatı və incəsənəti günləri ərəfəsində Bakıda keçirilən «Nəvai və Füzuli poeziya saatı» böyük el bayramı kimi qeyd olunmuşdu.

Professor Ləziz Kayumov yazır ki, «Əlişir Nəvai böyük Azərbaycan şairi Nizamini özünün sevimli müəllimlərindən biri adlandırmışdır. Füzuli isə Əlişir Nəvaiyə bir şagird kimi böyük məhəbbət bəsləmişdir. XX əsrin böyük özbək şairi Qafur Qulam isə bu hissi öz şeirlərində belə tərənnüm etmişdir: «Biz biri -birimizin şagirdiyik, biz biri -birimizin müəllimiyik». Elə bu müstəvidən deyək ki, Əlişir Nəvainin Azərbaycan xalqı üçün doğmalaşması onun ancaq dilinin Azərbaycan ədəbiyyatı klassikləri dilinə yaxınlığı deyildi, həm də Nəvai sənətinin məzmunu, onun insanpərvərliyi, yaratdığı surətlər aləmi bizim klassik ədəbiyyatımız səpgisində görünürdü. Füzuli də özbəklərə həmin səpgidə doğma gəlirdi.

Professor Pənah Xəlilov 1977-ci ildə nəşr etdirdiyi «SSRİ xalqları ədəbiyyatı»nda görkəmli özbək şairi Nəvaidən geniş söhbət açmışdır. O, burada dahi şairin həyatı, ayrı-ayrı əsərləri, yaradıcılıq fəlsəfəsi barədə dəyərli fikirlərini bildirmişdir.

Nəvainin həyat və fəaliyyətinin, yaradıcılığının Azərbaycanda öyrənilməsi haqqında danışarkən, filologiya elmləri doktoru Cənnət Nağıyevanın xidmətlərini-bu istiqamətdə apardığı tədqiqatlarını, olduqca dəyərli, orijinal, dərin elmi əsaslara söykənən monoqrafiya-laını xüsusilə qeyd etmək lazımdır. Cənnət Nağıyevanın rus dilində «Elm» nəşriyyatında nəşr etdirdiyi «Əlişir Nəvainin Bakı əlyazma-ları» (1986) monoqrafiyası istər elmi baxımdan, istərsə də ədəbi əlaqələr baxımından dəyərlidir. Tədqiqatçı Əbülfəz Rəhimov filologiya elmləri doktoru C. Nağıyevanın adı çəkilən kitabı haqqında yazır: «C. Nağıyeva Nəvai divanlarının əlyazma nüsxələrinin öyrənilmə tarixindən bəhs edərkən əksər Qərb və Şərq kataloq müəlliflərinin adını çəkir. Görkəmli özbək alimləri Parso Şəmsiyevin, Həmid Süleymanovun tədqiqatlarını düzgün olaraq yüksək qiymətləndirir. Göstərilir ki, Əlyazmalar İnstitutunda şairin divanlarının 37 tam nüsxəsi saxlanılır. Bu əlyazma nüsxələrinin çoxunun köçürülmə tarixi qədim, xəttləri isə olduqca gözəldir. Əsil xəttatlıq nümunələridir. Təsadüfi deyil ki, Özbəkistanda Nəvai irsi çapa hazırlananda bu nüsxələrdən də istifadə edilmişdir». Klassik irsin tədqiqi sahəsində böyük təcrübə toplayan Cənnət Nağıyevanın doktorluq işi — «Nəvai və Azərbaycan ədəbiyyatı. XV — XIX əsrlər» əsəri 1990- cı ildə Daşkənddə kitab halında nəşr edilmişdir. C. Nağıyeva indiyəcən Nəvai haqqında «Nəvai ensiklopediyası sözlüyü» (müəlliflərindən biri, 1989), «Azərbaycanda Nəvai» (2001), «Nəvainin Bakı əlyazmaları»(1986), «Navai i Azerbaydcanskaya literatura. XV-XIX veka» (1990) kitablarını çapdan buraxdırıb. O, təkcə Nəvaiyə aid Azərbaycan, rus və özbək dillərində 60-dan çox elmi məqalə yazıb müxtəlif kitab, dərgi, almanax və qəzetlərdə dərc etdirib.

2006-ci ildə filologiya elmləri doktoru Tərlan Quliyev Nəvainin məşhur «Mizan ül-övzan» əsərini Azərbaycan dilində nəşr etdirmişdir. O, bu əsəri cığataycadan dilimizə çevirərkən mətnə aid öz tədqiqatçı qeydlərini, şərhlərini də hazırlamış, «Əmir Əlişir Nəvai və onun «Mizan ül-övzan» əsəri» adlı ön sözüylə birgə həmin kitabda çapa təqdim etmişdir.

Ədəbiyyatşünaslığımızın Nəvai fəsli ilə bağlı hələ neçə-neçə kitablara, tədqiqatlara mövzu olası çoxlu məsələlər bu gün də aktuallığını saxlamaqdadır. Bu sətirlərin müəllifi də müxtəlif illərdə «Nəvai və Azərbaycan ədəbiyyatşünaslığı», «Nəvainin əsərləri Azərbaycan dilində», «Özbək ədəbiyyatşünaslığında Nizami, Nəsimi və Füzuli irsinin öyrənilməsi», «Nəvainin ədəbi şəxsiyyəti», «Cığatay ədəbiyyatı. Dahi Nəvai», «Nəvaişünas alim Cənnət Nağıyeva» və s. məqalələr yazılaraq elmi dərgi, almanax və qəzetlərdə çap edilmişdir. Azərbaycan — özbək (cığatay) ədəbi əlaqələrimizin təşəkkül tarixindən başlamış müasir dövr əlaqələrimizə qədərki altı yüz illik bir dövr izlənən «Azərbaycan — özbək (cığatay) ədəbi əlaqələri (dövrlər, simalar, janrlar, təmayüllər)» adlı (Bakı, 2008, 326 səh.) monoqrafiyada da «Cığatay (özbək) ədəbiyyatı. Klassik irsin öyrənilməsi», «Dahi Əlişir Nəvai. Həyat və yaradıcılığına cizgilər», «Nəvai irsi Azərbaycan ədəbiyyatşünaslığında, «Özbək ədəbiyyatı və ədəbiyyatşünaslığında Nizami, Nəsimi və Füzuli ənənələri» kimi yarımbölmələrdə bu mövzu işlənmişdir.

Bütün bu kimi ədəbi hadisələri özündə əks etdirən «Əlişir Nəvai Azərbaycan ədəbiyyatşünaslığında» (Bakı, 2009. 360 səh.) məqalələr toplusunu iki xalqın dostluq-qardaşlıq tarixində, ədəbi həyatında dəyərli ədəbi hadisə kimi qiymətləndirmək olar. Nəvai yaradıcılığına dair Azərbaycan dövrü mətbuatında dərc olunmuş 150-dən artıq məqalənin içindən seçilib, elmi-nəzəri sanbalı ilə fərqlənən materiallar bu topluya daxil edilmişdir. Burada Azərbaycan türkləri ilə özbək türkləri arasındakı qədim tarixə malik ədəbi, mədəni, tarixi və elmi əlaqələrin yüz illik dövrü əhatə olunmuşdur.

Cığatay (özbək) klassik ədəbiyyatının, xüsusən, dahi Əlişir Nəvai yaradıcılığının və ədəbi irsinin tədqiqi, təsiri və təbliği Azərbaycan ədəbiyyatşünaslığının bütün inkişaf mərhələlərində onun diqqət mərkəzində olmuşdur. Bu amil isə öz-özlüyündə Nəvai dühasının yalnız Azərbaycan ədəbiyyatına deyil, eyni zamanda, Azərbaycan ədəbiyyatşünaslığına güclü təsirini bir daha sübut etməkdədir.

Comments are closed, but trackbacks and pingbacks are open.