Press "Enter" to skip to content

Logo position: relative;. icon position: absolute; width: 50px; top: 0; left: 185px; ->

Elmi məsləhətçisi olmuş görkəmli şərqşünas alim, mərhum akademik Vasim Məmmədəliyevin rəyində də Mahirə Quliyevanın klassik poetikanın öyrənilməsi sahəsində qazandığı nailiyyətləri diqqət mərkəzinə çəkilmişdir.

Natəvan qədərli şairə – Mahirə QULİYEVA

Xurşidbanu Natəvan Qarabağ tarixinin ən çətin dönəmində yaşamışdır. 1806-cı ildən 1822-ci ilə qədər hakimiyyətdə olmuş Qarabağ xanlığının sonuncu xanı Mehdiqulu xan Cavanşirin yeganə övladı olan Xurşidbanu Natəvan, Qarabağ xanlığı tamamilə Rusiyanın işğalına keçdikdən sonra milli mənafenin qorunmasında böyük rol oynamış, siyasi baxımdan iradəsi olmasa da, ictimai işlərdə və ədəbi-mədəni mühitin canlanmasında bir çox işlər görmüşdür. Qarabağda və Bakıda yol və su çəkdirilməsi işinə yardım göstərməklə yanaşı, Xurşidbanu Natəvan təhsil işinə də xüsusi diqqət göstərmiş, qızların təhsil almasını dəstəkləmişdir.

Bədii tikmə ustası, xəttat və rəssam kimi də tanınan, “Xurşid” və “Natəvan” imzaları ilə yazıb-yaradan, lakin xüsusilə də birinci təxəllüslə yazdığı şeirlərin böyük əksəriyyəti günümüzə qədər gəlib çatmayan şairə XIX əsr Azərbaycan şeirində artıq qadınların da özünəməxsus yer almasına səbəb olacaq qədər poetik nümunələrin müəllifi kimi tanınmışdır. XIX əsr Azərbaycan ədəbiyyatına Aşıq Pəri, Heyran xanım, Fatma xanım Kəminə kimi qadın şairlərlə birlikdə yeni bir ruh gətirən Xurşidbanu Natəvanın təəssüf ki, bir çox şeirləri günümüzə qədər gəlib çatmamış, mövcud şeirləri isə şəxsi iztirab fonunda yazılmışdır. Xurşidbanu Natəvan şair olmaqla yanaşı, incəsənətin digər sahələrinə də bələd olmuşdur.

XIX əsrin 30-40-cı illərindən etibarən Azərbaycan yazıçıları ədəbi məclislər təşkil etməyə başlamışlar. Həmin məclislərə dövrün məşhur sənətkarları başçılıq edirdilər. Tiflisdəki “Divani-hikmət”in başçısı Mirzə Şəfi, Şuşadakı “Məclisi-üns”ünkü Xurşidbanu Natəvan, yenə oradakı “Məclisi-xamuşan”ınkı Mir Möhsün Nəvvab, Şamaxıdakı “Beytüs-Səfa”nn başçısı Seyid Əzim Şirvani, Ordubaddakı “Əncüməni-şüəra”nınkı Məmmədtağı Sidqi və başqaları idilər.

Ədəbi həyatda müəyyən rol oynayan bu məclislərdə yazıçılar öz yeni əsərlərini oxuyub müzakirə edir, şeir gecələri, deyişmələr keçirir, klassiklərin, o cümlədən başqa ölkələr ədəbiyyatının ən yaxşı əsərlərini birlikdə oxuyub, onların ətrafında mübahisələr açır, gənc ədəbiyyatçıların tərbiyəsi ilə məşğul olurdular və s.

XIX əsrdə Azərbaycanda ədəbi mühit mərkəzləri olaraq Bakı, Şamaxı, Şuşa, Qazax, Şəki, Naxçıvan, Ordubad, Lənkəran və başqa şəhərlərin adlarını çəkmək mümkündür. Bu şəhərlərdə “Məclisi-üns”, “Məclisi-fəramüşan”, “Beytüs-Səfa”, “Məcməüş-şüəra”, “Əncüməni-şüəra”, “Fövcül-füsəha” kimi ədəbi məclislər fəaliyyət göstərmiş, ayrı-ayrı xanlıqların işğal dövründə cəmiyyətin ədəbi həyatı canlanmışdır.

XIX əsrdə Azərbaycanda mövcud olan ədəbi məclislər haqqında geniş araşdırmaları və monoqrafiyası olan Nəsrəddin Qarayev qeyd edir ki, Mirzə Rəhim Fəna xatiratında “Məclisi-üns”ün doqquz üzvünün adını çəkir, lakin məclisin əsas üzvləri aşağıda adları çəkilən şairlərdən ibarət olduğu qənaətinə gəlir: Xurşidbanu Natəvan (1832-1897), Mirzə Rəhim Fəna (1841-1931), Mirzə Ələsgər Növrəs (1836-1912), Mirzə Həsən Yüzbaşov (1824-1904), Məmo bəy Məmai (1842-1918), Hacı Abbas Agəh (? -1892), Məhəmmədəli bəy Məxfi (1821-1892), İsmayıl bəy Daruğə (1842-1891), Məşədi Nəsir Lövhi (? -1891), Mirzə Sadıq Piran İmamxan oğlu (1811-1892), Hüseyn Ağa Cavanşir (1856-?), Bəhram bəy Fədai, Mirzə Haqverdi Səfa (?-1881), Məhəmməd Ağa Müştəri (1875-1956), Mahmud bəy Mahmud, Mirzə Cəfər (Köhnəfüruş, 1839-1903), Səməd bəy Səməd, İsgəndər bəy Rüstəmbəyov (1845-1918) və başqaları.

“Məclisi-üns” ədəbi məclisi Mirzə Rəhim Fəna tərəfindən yaradılsa da, Xurşidbanu Natəvan da bu məclisin üzvlərindən olmuş, şeir məclislərində çıxışlar etmiş, ədəbi fəaliyyəti ilə də dəstəklənmişdir. Xurşidbanu Natəvanın qəzəlləri arasında Mirzə Rəhim Fənaya müraciətlə yazdığı aşağıdakı şeiri vasitəsilə əslində klassik şairlərə və şeirə münasibətini ifadə etmişdir:

Ey əhli-dil, Fənanı qoyun barı ağlasın,

Əğyarə çünki yar olub yarı, ağlasın

Mən etmək aşiqi, nə rəva, ahü zardan?

Çox dərdi var, qoyun ki, sizi tarı, ağlasın.

Səsləndi Natəvanə ki, ərbabi-qəm tamam

Hali-Fənayə cəm olub elcarı ağlasın!

Natəvanın qəzəlləri arasında onun “Məclisi-üns”lə əlaqəsini göstərən, eyni zamanda klassik ənənədən qaynaqlanaraq yazılan bu şeir siyasi hakimiyyətini itirən Qarabağ xanlığı şairlərinin mövcud vəziyyətinin sadəcə lirik fonda deyil, xalqın taleyi timsalında da göstərmək cəhdi kimi dəyərləndirilə bilər. “Məclisi-üns”ün üzvlərini “ərbabi-qəm” olaraq adlandırması da təsadüfi deyildir. Mirzə Rəhim Fənanın “Məclisi-üns”lə bağlı xatirələrində xan ailəsinin bu məclisə göstərdiyi diqqət vurğulanmaqla yanaşı, Natəvanın da adı çəkilir: “Zaman keçdikcə mərhum xan “Məclisi-üns” əhlinə iltifat göstərməyə illət etdi. Valideyi-möhtərəməsinin dəxi şeir aləminə meyil və şövq yetirməyinə əksər övqat xasi – “Məclisi-üns” şam və nahar sərf etmək üçün hüzura dəvət olunardılar və söhbətt-maarifdən məhzuz olardılar. Bu qism halatın təsiri təhtində və raqim daimülhüzur olduğu səbəbə o mərhumənin xatirində xəyalati-şeir cilvə etdiyinə bəzi öz qəlbi zəxmlərinə işarə etmək qəsdilə raqimdən özü üçün təxəllüs xahiş edər. Və çox vəqtlər məzacən nasaz olduğuna münasib “Natəvan” kəlməsini təxəllüs qəbul edər”. Göründüyü kimi, xan ailəsinin “Məclisi-üns”ə dəstəyini vurğulayan Mirzə Rəhim Fəna Xurşidbanunun Natəvan təxəllüsünü seçməsinin səbəbini ruhi-psixoloji vəziyyətindəki ab-havaya bağlı olduğunu da açıqlayır. Nəsrəddin Qarayevin araşdırmalarına görə, “Məclisi-üns” 1987-ci ilə kimi, yəni Natəvanın vəfatına qədər öz fəaliyyətini davam etdirmişdir. Onun ölümündən sonra artıq “şeir bazarının gülləri solmuş”, “bülbüllər susmuş”, beləliklə də, şeir məclisləri getdikcə öləzimişdir.

Xurşidbanu Natəvanın bizə gəlib çatmış şeirlərinin böyük əksəriyyəti qəmgin notlarla zəngindir. Belə ki, şairənin şəxsi həyatındakı uğursuzluq və kədərli motivlər onun şeir yaradıcılığına da təsir göstərmişdir. Bu kədər motivləri ilə Natəvan təxəllüsünü də götürmüş və həqiqətən də, şeirlərində daha çox qəmli notlara köklənmişdir. Hətta aşağıdakı qəzəlində dediyi kimi, dərdini söyləmək üçün sözlərin yetərsiz olduğunu ifadə etmişdir: “Midad olsa, əgər dərya, qələm olsa əgər əşcar, // Başa yetməz qəmim şərhi, qələm hər ləhzə qan ağlar”.

Xurşidbanu Natəvanın şeirlərində qəm motivləri eyni zamanda həsrət duyğuları ilə birlikdə təqdim edilmişdir. Ayrılıq, həsrət, fəraq, hicr kimi sözlər onun şeirlərində ən çox müraciət edilən sözlərdəndir: “Tamamən dərdü qəmlərdən fəraqün dərdi əfzundur, // Onunçun Natəvan hər dəm olub nalan, qan ağlar”.

Bütün dərdlərdən fəraq//həsrət dərdinin daha ağır olduğunu bildirən şairə bu qənaətə, təbii ki, şəxsi həyatında yaşadığı həsrət dolu anlardan sonra gəlmişdir. Xüsusilə də oğlanları ilə bağlı hadisələr – birinin ölümü, digərinin isə şairənin Seyid Hüseynlə evlənməsi nəticəsində ondan uzaqlaşması, evi tərk etməsi bir ana kimi onun könlündə dərin yaralar açmış və həddindən artıq kədərləndirmişdir. O, kədərini bəzən tarixi qəhrəmanları da yada salaraq izhar etməyə çalışmışdır: “Dəvasız dərdi-bidərman, qalıb məhzunu sərgərdan, // Ərəstu ilə həm Loğman, Fəlatuni-zaman ağlar”.

Ümumiyyətlə, “Ağlar” rədifli qəzəlində Xurşidbanu Natəvanın şəxsi kədəri yaşadığı dönəmin tarixi hadisələri ilə səsləşərək şeirə gətirilir. Qəzəlin maraqlı poetik quruluşu var: ağlayan ürəyindən bunun səbəbini soruşan şairə digər beytlərdə izahı verir və beləliklə, qəzəl şəxsiyyətin daxili sorğu-sualı, mükaliməsi şəklində formalaşır. Naləsi fələklərə qədər gedib çıxan könül bunun səbəbini badi-səbadan soruşmağını istəyir:

Könül huşyar imiş məndən, dedi:

Sərasimə qalıb heyran, çəkər ah,

Səbadan sordum əhvalı ki,

ey hər haldan agah,

Nə vaqedir, səni tarı,

olub dil natəvan ağlar?

Dəxi badi-səba, gördüm,

bəsi dilkiru nalandır,

Təkəllüm yox bəyan etsin,

qalıbdır bizəban, ağlar.

Tutulmuş nitq güftarı, dedi:

Ey Natəvan xəstə,

Necə şərh eyləyim halı ki,

cümlə insü can ağlar.

Badi-səbabın da dərdli olduğunu görərək bağda dolaşmağa davam edən şairə bu dəfə bağbanla rastlaşır, lakin o da şad-xürrəm deyil, əksinə, badi-xəzan sərvini soldurduğu üçün gözləri yaşlıdır və fəryad etməkdədir. Beləliklə, kainatda və ətraf aləmdə hər nəsnənin keçmişdən indiyə qədər ağlar vəziyyətdə olduğunu, bəşər tarixində həm pirin, həm cavanın daima göz yaşı tökdüyünü bildirən Natəvan çərxin belə qurulduğu, ona görə də yerin və göyün ah-nalə etdiyi qənaətinə gəlir. Bununla belə o özünü yalnız hiss edir və Füzulinin də təsiri hiss olunan aşağıdakı beytində bununla bağlı kədərli fikirlərini ifadə edir: “Tənim rəncur, dil xəstə, dəxi bir qəmküsarım yox, // Kimə şərh eyləyim dərdim, gedər tabü tavan ağlar”.

Qəmküsarının olmamasından daha çox şikayət edən Natəvanın tərcümeyi-halından bilirik ki, xüsusilə də anasını itirdikdən sonra o, toplumda və ailədə yalnız qalmış, ətrafındakı insanlar dul qaldığı müddətdə onu çox sancmış və incitmişlər. Buna görə də xeyli sıxıntılar yaşayan şairə “növbənöv qəmlər”dən bezara gəldiyini və xoş olmayan taleyini qəzəl boyunca sorğulamışdır: “Firavandır qəmim, şərhin bəyan etmək deyil mümkün, // Yaz, ey müstovfiyi-aləm, müdam əhli-cahan ağlar”. Qəminin firavan olduğunu söyləməklə bədii təzad yaradan Natəvan digər şeirlərində də bu qəzəlində toxunduğu yalnızlıq və kədər duyğularını davam etdirmişdir.

Natəvanın həyatından bilirik ki, 16 yaşlı oğlu Mirabbas cavan yaşında dünyasını dəyişmiş və bundan sonra qəmi daha da artmış, nakam ölüm onun qəm çeşidini artırmışdır. Şairə yaşadığı dönəmdə nakam həyat tərzi ilə övlad həsrətlərinin qəm yükünün daşıyıcısı olmuşdur. Onun “Getmə” rədifli qəzəllərini bir ananın ağısı olaraq dəyərləndirmək mümkündür:

Yıxıb bu könlüm evin, eyləyib viran, getmə,

Yoxumdu tabü-təvan firqətə, cavan, getmə!

. Səninlə roşən idi qəlbim, ey gözüm nuri,

Güman ki, təng ola canimə bu cahan, getmə!

Bu ölümün qəlbində açdığı yaraları, bu cür hicran dərdinin çarəsinin olmadığını bildirərək bu dərddən sonra daha da tənhalaşacağını deyərək sanki bir möcüzə ilə oğluna yalvarır və onu gözü yaşlı qoyub getməməsini xahiş edir. “Getmə” rədifli ikinci bir qəzəlində isə xalq arasında yas mərasimində deyilən ağılarda olduğu kimi oğlunun müxtəlif müsbət keyfiyyətlərini dilə gətirir və ayrılığı ilə barışmır: “. İki gözüm işığı, şahzadə simbərim, // Məni də yoldaş apar, qoyma Natəvan getmə!”.

Oğlunu ruhu olaraq qəbul edən, onsuz bədəninin ruhsuz bir cəsədə döndüyünü vurğulayan Natəvanın günümüzə gəlib çatmış şeirlərindən biri də “Əfsus” rədifli qəzəlidir. Ən məşhur qəzəllərindən biri hesab olunan bu şeirində Natəvan yenə də qəm ləşkərinin hücumları içərisində çarəsizdir və artıq oğlunun ölümünü qəbul edərək, heyifsilənməkdədir:

Səni ağuşə çəkdi xaki-siyah,

Əşkdən bağrım oldu qan, əfsus!

İtirib bu şüküftə qönçəsini,

Qaldı sərkəştə Natəvan, əfsus!

Övladının qara torpaqda yatdığını ürək acısı ilə dilə gətirən şairə qanlı göz yaşları tökərək “Əfsus” rədifli bir qəzəlində də ana qəlbinin çırpıntılarını, övladını gənc yaşda qara torpağa tapşırmağın acılarını ifadə edir. Qəzəlin giriş hissəsində ömrünün payız fəslinə yetdiyini, gül mövsümünün ötüb getdiyini bildirən şairə qəfil əsən küləyin gülünü soldurduğunu göz yaşları ilə ürəyini qana döndərərək bildirir:

Keçibdi mövsimi-gül, getdi növbahar, əfsus!

Qalıbdı bülbüli-biçarə xarü zar, əfsus!

O gül ki, qibtə edərdi ona behişti-çəmən

Tutubdu indi yer altında o, qərar, əfsus!

“Oğlum üçün” adlı qəzəli də bu mövzuda qələmə alınmışdır. Ümumiyyətlə, şairənin bizə gəlib çatan qəzəlləri, fikrimizcə, ömrünün xəzan çağlarında yazılmışdır. Çünki bu şeirlərdə övladlarından ayrı düşmüş bir ananın fəryadları eşidilməkdədir:

Sənin hicrin odu, Abbas, dəxi, çıxmaz ki, canımdan,

Səməndərtək yanar daim anan nari-fəraqında.

Uçub şəhbaztək könlüm, gəzərdi vəsl bağında,

Pərü balını sındırdı fələk, bu pir çağında.

Böyük oğlu Mehdiqulunun anasından uzaqlaşmasını isə rəqiblərin əməli kimi dəyərləndirən şairə arzularının nakam qalmasında onların da rolu olduğunu vurğulamış və həm taleyini, həm də düşmənlərini qınamışdır: “Rəqiblər qoymadı yetsin əlim bir daməni-vəslə, // Xəyalilə keçirdim ömrümü nalan, xuda hafiz!”.

Bütün bu çəkilə bilməyəcək qəm yükünü sırtında daşıyan şairə elm və maarif xadimlərinə yardım göstərməyi özünə borc bilmiş, onun həyat və yaradıcılığını şeirlərində əks etdirən şairlər isə sevilən şairənin bu yükünə şərik olmağa çalışmışlar. Belə ki, Molla Qədir Şirvani Nacinin – şairənin öz müasiri olan şairin şeirində Natəvana yüksək qiymət bəslədiyi anlaşılır. Natəvanın nəcib sifətləri bu şeirdə öz əksini tapır:

Ey rahati-ruhi Natəvanım,

Bimar gözün fədası canım

Rəhm et məni-zari binəvayə,

Hicrin oxun atma, tökmə qanım

Bu cismi zəifi natəvanım.

Beləliklə, Xurşidbanu Natəvanın yeniyetməlik dövründən atasını itirməsi, heç istəmədiyi bir adamla evlənməsi, bu evliliyin ona sadəcə iztirab verməsi, birinci həyat yoldaşının intiharından sonra dul qalması, ətrafındakı insanların yenə də onu narahat etmələri nəticəsində rəiyyətdən olan bir şəxslə evlənməsi, böyük oğlunun bundan incik düşərək evi tərk etməsi, digər oğlu Abbası gənc yaşında itirməsi, eyni zamanda anasının ölümü və bütövlükdə Qarabağ xanlığının XIX əsrdə işğal altına düşməsi onu həm bir xan nəslinin nümayəndəsi olaraq narahat etmiş, həm də bir ana və qadın kimi həyatın kədərli lövhələri ilə qarşılaşmışdır. Bütün bu iztirablar onun şeirində öz əksini tapmışdır.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

Nənəsi ölümündən öncə Mahiri məhkəməyə verib

Axar.az Qaynarinfo-ya istinadən xəbər verir ki, iddiaçı futbolçunun nənəsi Mahirə Həmid qızı Quliyevadır. İşin mahiyyəti mənzilə istifadə hüququna xitam verilməsi ilə bağlıdır.

Mahirə Quliyeva bu ilin fevral ayında vəfat edib. Məlumata görə, birinci instansiya məhkəməsi iddianı təmin etməyib. Bu səbəbdən də iş üzrə apellyasiya şikayəti verilib.

İş hazırda Bakı Apellyasiya Məhkəməsinin hakimi Fuad Babayevin icraatındadır.

İki il əvvəl isə Mahir Emrelinin anası Elnurə Emreli keçmiş həyat yoldaşı, tanınmış prodüser Anar Mədətovu və onun anası Mahirə Quliyevanı məhkəməyə verib. O, birgə nikah dövründə əldə edilən əmlakın bölünməsi və həmin zaman götürdükləri kredit öhdəliyinin birgə ödənməsini tələb edib.

Həmin vaxt Anar Mədətov da məhkəməyə müraciət edərək, keçmiş arvadına qarşı iddia qaldırıb. Prodüser də əmlakın bölüşdürülməsini istəyib.

Nəsimi Rayon Məhkəməsi tərəflərin iddianı qismən təmin etsə də, Anar Mədətov qərardan narazı qalaraq apellyasiya şikayəti verib. Bu çəkişmənin sonu barədə açıq mənbələrdə hər hansı məlumata rast gəlinmir.

Bəzi məlumatlara görə, Mahirə Quliyeva ilə nəvələri arasında olan məhkəmə çəkişməsi əvvəlki prosesin davamıdır.

Mahir Emrelinin atası Anar Mədətov keçmiş xanımı Elnurə Emreli ilə boşanmadan başqa bir qadınla münasibət qurduğuna görə ailədə narazılıq yaranıb. Futbolçu və bacısı bu hadisədən sonra atasının soyadından imtina ediblər.

Poetika ağırlıqlı ədəbiyyatşünas – Mahirə Quliyeva MƏQALƏ

Ümumiyyətlə, şərqşünaslıq elmində, o cümlədən Azərbaycan şərqşünaslıq məktəbində filoloji aspektdə yaranan elmi əsərlərdə ənənəvi olaraq ədəbiyyat tarixçiliyi, mətnşünaslıq və mənbəşünaslıq istiqamətləri aparıcı olmuşdur. Dünyada və Azərbaycanda şərqşünaslıq sahəsində müqayisəli ədəbiyyatşünaslıq üzrə də tədqiqatlar müəyyən dərəcədə inkişaf etmişdir. Bununla belə, Orta əsrlərin struktur-poetika araşdırmalarından fərqli olaraq, XX əsrdə sistemli şərqşünaslıq elmi yarandıqdan sonra bu sahədə ədəbiyyat nəzəriyyəsi, poetika məsələləri yuxarıda qeyd edilmiş istiqamətlərlə müqayisədə ikinci cəbhəni təşkil etmişdir.

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Erkən yeni dövr Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, filologiya elmləri doktoru Mahirə Quliyeva şərqşünaslıqda ədəbiyyat tarixçiliyi və mətnşünaslıqla poetika məsələlərinin qovuşağında yazdığı elmi əsərlər ilə nəzəri-tarixi istiqaməti təmsil edən alimlərimizdəndir. Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin ərəb filologiyası ixtisasını 1972-ci ildə bitirdikdən sonra AMEA-nın Əlyazmalar Fondunda (indiki Əlyazmalar İnstitutunda – İ.H.) elmi fəaliyyətə başlayan Mahirə Quliyevanın ərəbdilli əlyazmaların təsnifatı, təsviri, tədqiqi və təbliği istiqamətində atdığı ilk addımlar onun elmi dünyagörüşünün inkişafında və elmi vərdişlərinin formalaşmasında özünəməxsus rol oynamışdır. O, Əlyazmalar Fondunda mənbələr üzərində iş aparmaq, qədim xətt növlərini mənimsəmək, klassik poetikaya dair əlyazmalarla tanış olmaq baxımından da sözün əsl mənasında məktəb keçmiş olur. Bunun ardınca Əlyazmalar Fondunda 1982-ci ildə yaradılmış “Elmi ekspozisiya və çöl arxeologiyası” şöbəsinin nəzdində təşkil olunmuş əlyazmaların sərgisi salonundakı səmərəli fəaliyyəti Mahirə Quliyevanın qədim ədəbi-mədəni sərvətlərimizi geniş dairədə tanıtmaq və təbliğ etmək sahəsindəki qabiliyyətlərini ölkə və dünya ictimaiyyəti qarşısında təqdim etmək üçün geniş imkanlar açmışdır. Azərbaycan, ərəb və rus dillərindəki bələdçilik fəaliyyəti, savadlı-məzmunlu təqdimatları həm də Mahirə Quliyevanın özünün cəmiyyətə təqdim olunmasına şərait yaratmışdır. Azərbaycan cəmiyyətində nüfuz qazanan Mahirə Quliyevanı əlyazmalar sərgilərinə baxmaq üçün gələn xarici qonaqlar vasitəsilə dünya ictimaiyyətinin nümayəndələri də yaxından tanımışdır. Azərbaycanlı gənc tədqiqatçı, onun elmi dünyagörüşünə və xarici dilləri bilmək qabiliyyətinə maraq göstərən Əlyazmalar Fondunun fəxri qonağı, YUNESKO-nun Baş direktoru Muxtar Amadu Boun tərəfindən Fransaya dəvət almış, Strasburq Universitetində keçirilən Azərbaycan elm və mədəniyyəti günlərində iştirak etmiş, Əlyazmalar Fondunun zəngin mənəvi sərvətləri haqqında məlumat vermişdir. Beləliklə, Mahirə Quliyeva Azərbaycan elmini ölkədə və beynəlxalq elmi-mədəni mühitdə cavan tədqiqatçılardan biri kimi təmsil etməyə başlamışdır.

Elmi tədqiqat sahəsində keçdiyi yolun dərsləri istiqamətində də Əlyazmalar Fondu məktəbi Mahirə Quliyeva üçün mühüm əhəmiyyətə malik olmuşdur. Azərbaycan şərqşünaslıq elminin mogikanlarından biri olan filologiya elmləri doktoru, professor Rüstəm Əliyevin məsləhəti ilə “XIII əsr ərəb alimi Siracəddin Əbu Yəqub əs-Səkkaki əl-Xarəzminin “Elmlərin açarı” (“Miftəhul-ulum”) əsərində ərəb ədəbiyyatının nəzəri məsələləri” mövzusunda 1984-cü ildə böyük uğurla müdafiə etdiyi namizədlik dissertasiyası Mahirə Quliyevanı Azərbaycan şərqşünaslıq elmində fərqli yol seçmiş istedadlı tədqiqatçılardan biri kimi tanıtmışdır. Mahirə Quliyevanın mətnşünaslıqla nəzəriyyənin qovuşağında yazılmış dissertasiyası Azərbaycan şərqşünaslıq elminə nəzəriyyə ağırlıqlı ədəbiyyat tarixi tədqiqatı kimi daxil olmuşdur. Azərbaycan Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun ixtisaslaşdırılmış şurasında nüfuzlu alimlərin qarşısında namizədlik dissertasiyasını uğurla müdafiə etdiyi zaman rəsmi opponentlər kimi çıxış edən tanınmış rus alimi, professor Besti Yakovlevna Şidvar və Azərbaycanda klassik poetikanın böyük ustadı kimi qəbul edilən professor Əkrəm Cəfər tərəfindən yüksək qiymət almışdır. Namizədlik dissertasiyasının tanınmış rus şərqşünası, professor İ.M.Fliştinskinin 1991-ci ildə Moskvada çapdan çıxmış “Ərəb ədəbiyyatı tarixi” monoqrafiyasının ədəbiyyat siyahısına daxil edilməsi Mahirə Quliyevanın respublikamızdan kənarda da şərqşünas alim kimi diqqəti cəlb etməsinin mühüm göstəricisi idi.

Şərq ədəbiyyatı nəzəriyyəsi istiqamətində apardığı tədqiqatlar Mahirə Quliyevanı istər-istəməz klassik poetika cəbhəsinə gətirib çıxarmışdır. Onun 1991-ci ildə Bakıda “Yazıçı” nəşriyyatında çap etdirdiyi “Klassik Şərq poetikası” monoqrafiyası Azərbaycan şərqşünaslığında Orta əsrlər poetika sənətinə həsr olunmuş ilk elmi tədqiqat əsərlərindən biridir. Klassik lirikanın böyük ustadı Məhəmməd Füzulinin bədii yaradıcılığı əsasında yazılmış və 1996-cı ildə çap edilmiş “Orta əsr bədii təfəkkürü və klassik Azərbaycan ədəbiyyatı” monoqrafiyası ilə Mahirə Quliyeva Azərbaycan şeir sənətini ümumşərq bədii mədəniyyəti miqyasında təhlil edib poetika baxımından dəyərləndirməyin nümunəsini göstərmişdir. Doktorluq dissertasiyasının əsas müddəalarını əks etdirən “Klassik Şərq bəlağəti və Azərbaycan ədəbiyyatı” monoqrafiyasını (1999) Azərbaycan ədəbiyyatşünaslıq elmində şərqşünaslıqla milli şeir poetikasının müqayisəli təhlilini verməklə ümumşərq poetika sistemində ölkə ədəbiyyatının üstün yerini və mövqeyini müəyyənləşdirməyin mükəmməl məşqləri adlandırmaq olar. Mahirə Quliyeva “Klassik Şərq bəlağəti və Orta əsrlər Azərbaycan poeziyası” probleminə həsr olunmuş doktorluq dissertasiyası ilə aydın və dərin baxışlara malik olan poetika tədqiqatçısı olduğunu isbat etmişdir. Mahirə Quliyeva Azərbaycan ədəbiyyatşünaslığına ilk dəfə olaraq bəlağət anlayışını gətirmişdir. O, poetikanın klassik adı olan bəlağət anlayışının poetikasını açmaqla Azərbaycan poetikaşünaslığını zənginləşdirmişdir. Bu, Orta əsrlər Azərbaycan şeirinin poetik sisteminə elmi cəhətdən ümumşərq miqyasında yanaşıb, nəzəri baxımdan qiymətləndirməyin əhəmiyyətli bir nümunəsidir. Tərəddüdsüz demək olar ki, Azərbaycan elmində müqəddəs “Qurani Kərim”in poetikasının Mahirə Quliyeva ilk və mükəmməl tədqiqatçılarından biridir. Akademik Həmid Araslının dissertasiyaya yazdığı rəydə deyildiyi kimi, “Mahirə Quliyevanın “Klassik Şərq bəlağəti və Azərbaycan ədəbiyyatı” kitabı (və dissertasiyası – İ.H.) Azərbaycan ədəbi-tənqidi və bədii-nəzəri fikrimizin tarixi köklərinin Şərq poetikasının ənənəvi bədii qayda-qanunları zəminində sistemli araşdırılmasının uğurlu başlanğıcı kimi böyük əhəmiyyətə malikdir”. Rusiya Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun professoru, məşhur türkoloq-şərqşünas alim İya Steblevanın Azərbaycan dilində oxuyub qiymətləndirdiyi doktorluq dissertasiyası haqqındakı rəyi Mahirə Quliyevanın tədqiqatının elmi yeniliklərinin mahiyyətini açan nəzəri qiymətləndirmələrdən ibarətdir: “Mahirə Quliyevanın dissertasiyası əhatə etdiyi ədəbi materiallara görə indiyə qədər bu problemə həsr edilmiş işlərin sərhədlərini aşır… Dissertasiyanın böyük zəhmət tələb edən və ən çətin hissəsi olan “Bədiyyat və klassik Azərbaycan ədəbiyyatı” adlanan ikinci fəsli yüksək qiymətləndirilməyə layiqdir. “”Quran”da bədiilik və klassik Azərbaycan ədəbiyyatı” fəsli mətnlərdə çox işlənmiş poetik fiqurlar nəzərə alınmaqla bu müqəddəs kitabın obrazlar sisteminə həsr edilmişdir. Nəticə etibarilə Mahirə Quliyevanın “Klassik Şərq poetikası və Orta əsr Azərbaycan poeziyası” doktorluq dissertasiyası yüksək professional səviyyədə yerinə yetirilmişdir və onun nailiyyətlər mübahisəsizdir”.

Elmi məsləhətçisi olmuş görkəmli şərqşünas alim, mərhum akademik Vasim Məmmədəliyevin rəyində də Mahirə Quliyevanın klassik poetikanın öyrənilməsi sahəsində qazandığı nailiyyətləri diqqət mərkəzinə çəkilmişdir.

Filologiya elmləri doktoru Mahirə Quliyevanın ədəbiyyatşünaslıq fəaliyyətini üç istiqamətdə təhlil edib dəyərləndirmək lazımdır. Hər şeydən əvvəl, Mahirə Quliyeva şərqşünaslığın əsas qollarından biri olan ərəbşünaslıq sahəsində mühüm elmi xidmətləri olan tanınmış şərqşünas alimdir. Yuxarıda qeyd etdiyimiz kimi, professor Rüstəm Əliyevin rəhbərliyi ilə “Şəkkakinin “Miftəhul-ulum” əsərində ərəb ədəbiyyatının nəzəri məsələləri” mövzusunda yazdığı namizədlik dissertasiyası Azərbaycan ərəbşünaslığının ciddi örnəklərindən biridir. Alimin “Klassik ərəb-müsəlman ədəbiyyatşünaslığına giriş” monoqrafiyası Azərbaycan ərəbşünaslıq elminin mühüm nailiyyətlərindən biri hesab olunmağa layiqdir. Mahirə Quliyeva müqəddəs “Quran” kitabımızın poetikasını öyrənməyin elmi-nəzəri əsaslarını yaratmışdır, onun digər elmi əsərlərində ərəb ədəbiyyatı və “Quran” motivləri ilə müqayisəli araşdırmalar geniş yer tutur.

İkincisi, Mahirə Quliyeva Şərq poetikasının və orta əsr Azərbaycan şeirinin poetik xüsusiyyətlərinin əsas tədqiqatçılarından biridir. Fikrimcə, poetika bütövlükdə Mahirə Quliyevanın elmi tədqiqatlarının açarıdır. Onun bütün tədqiqatları poetika işığında yaranıb meydana çıxmışdır. “Klassik Şərq poetikası” (1991), “Şərq poetikasının əsas kateqoriyaları” (2010) monoqrafiyaları ümumiyyətlə, klassik Şərq poetik sisteminin tədqiqinə Mahirə Quliyevanın elmi töhfələridir.

Üçüncüsü, Mahirə Quliyeva Azərbaycan ədəbiyyatının klassik Şərq poeziyası ilə əlaqəli tədqiqi istiqamətində geniş elmi iş aparır. Onun “Klassik Şərq bəlağəti (poetikası) və Orta əsrlər Azərbaycan poeziyası” mövzusunda yazılmış doktorluq dissertasiyası, adından da göründüyü kimi, zəngin milli şeirşünaslıq xəzinəmizin problemlərinin ümumşərq kontekstində dəyərləndirilməsi əsasında yaradılmış qiymətli elmi tədqiqatdır. Tədqiqatçının “Klassik Şərq bəlağəti və Azərbaycan ədəbiyyatı” (1999), “”Quran” bəlağəti və Azərbaycan ədəbiyyatı” (2018), “Aşıq yaradıcılığı və dastanlar Şərq poetikası və islami dəyərlər baxımından” (2016), “”Quran” və Azərbaycan ədəbiyyatı” (2016), “Azərbaycan ədəbiyyatı ərəb-müsəlman nəzəriyyəsi kontekstində” (2017), “Klassik ədəbiyyatda “Quran” motivləri və ideya-estetik tərbiyə” (2019) monoqrafiyalarının hamısından klassik Şərq poetikası və Azərbaycan poeziyasının poetik sisteminin qarşılıqlı əlaqəsi məsələləri qırmızı xətlə keçir. Hətta Mahirə Quliyevanın böyük Azərbaycan şairləri Məhəmməd Füzuliyə və İmadəddin Nəsimiyə həsr edilmiş monoqrafik tədqiqatlarının da özünəməxsusluğu bu tədqiqatlarda poetika məsələlərinin araşdırılmasının ağırlıq təşkil etməsi ilə səciyyələnir. Mahirə xanımın Mir Cəlalın yaradıcılığından bəhs edən “Yazdım ki, izim qalsın” kitabı da söz sənətindən yaradıcılıqla istifadə işığında dəyərləndirilmələr zəminində yazılması ilə fərdiləşir. Bütün bunlar Mahirə Quliyevanın poetika bilicisi olmasını meydana qoyur. Xüsusilə, yaxşı cəhət həm də bundan ibarətdir ki, Mahirə Quliyeva Şərq poetikası ilə Azərbaycan ədəbiyyatının təmasından bəhs edərkən doğma, milli ədəbiyyatın ümumşərq ədəbiyyatındakı üstün mövqeyini və rolunu obyektiv elmi meyarlar vasitəsilə nəzəri cəhətdən əsaslandırılmış şəkildə təqdim edir. Son illərdə Mahirə Quliyevanın elmi fəaliyyətində nəzərə çarpan ədəbiyyatda milli kimlik və mənəvi zənginlik məsələlərinin araşdırılması onun Şərq və Azərbaycan ədəbiyyatlarını paralel şəkildə tədqiq edib öyrənmək sahəsindəki çoxillik tədqiqatlarını tamamlayır. Aydın görünür ki, Mahirə Quliyeva tanınmış tədqiqatçı alim kimi özünü Azərbaycan ədəbiyyatının Şərq poetikası ilə qarşılıqlı əlaqəsinin tədqiqi istiqamətində tapmışdır. Haradan baxsan, onun elmi, onun xidmətləri bu zəngin və geniş çərçivənin hüdudları daxilindəki poetika ağırlıqlı tədqiqatları ilə üzvü surətdə bağlıdır.

Orta əsrlər poetikası problemi ilə ardıcıl surətdə məşğul olan şərqşünas alimin tərcümeyi-halında Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda 1992-ci ildən etibarən keçən illər xüsusi yer tutur. Onun vəzifə pillələrində yüksəlməsi bu elm məbədindəki fəaliyyəti ilə əlaqədardır. Mahirə Quliyeva Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Həmkarlar Təşkilatının sədri (2006-2010), Füzulişünaslıq sektorunun rəhbəri (2013-2017), Erkən yeni dövr Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri (2017-ci ildən) vəzifələrinə qədər yüksəlmişdir. Hazırda onun başçılıq etdiyi Erkən yeni dövr Azərbaycan ədəbiyyatı şöbəsində rəhbərliyi ilə “Molla Pənah Vaqifin həyatı və yaradıcılığı” mövzusunda monoqrafiya üzərində iş davam etdirilir. Elmin inkişafı üzrə Dəstək Fondunun qrant layihələrini də Ədəbiyyat İnstitutunun aparıcı alimlərindən biri kimi qazanmış və uğurla yerinə yetirmişdir. Mahirə Quliyeva Ədəbiyyat İnstitutu Elmi Şurasının və Dissertasiya Şurasının üzvü kimi də ədəbiyyatşünaslıq elminin inkişafı və yeni elmi nəslin formalaşdırılması yollarında fəal iş aparır.

Filologiya elmləri doktoru Mahirə Quliyevanın çoxcəhətli elmi fəaliyyəti dövlətimiz tərəfindən yüksək qiymətləndirilmişdir. O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Tərəqqi” medalına layiq görülmüşdür. Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Elmi Şurasının qərarı ilə “İlin alimi” diplomunu almış, AMEA Humanitar Elmlər Bölməsinin fəxri fərmanı, bir çox ictimai təşkilatların və mətbuat orqanlarının diplomları ilə təltif olunmuşdur.

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Erkən yeni dövr Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, filologiya elmləri doktoru Mahirə Quliyeva ömrünün yetmişinci pilləsini yeni-yeni elmi layihələrin həyata keçirilməsi və davamçılarının hazırlanması sahəsindəki yorulmaz fəaliyyəti ilə davam etdirməkdədir.

Uğurlar arzulayıram.

Millət vəkili, akademik

İsa HƏBİBBƏYLİ

Comments are closed, but trackbacks and pingbacks are open.