Press "Enter" to skip to content

Meşə haqqında kitab

meşə fondundan istifadə və meşə fondu barəsində sərəncam verir;

Meşə haqqında kitab

AZƏRBAYCAN RESPUBLİKASININ MEŞƏ MƏCƏLLƏSİ [1]

Bu Məcəllə Azərbaycan Respublikasının ərazisində meşə münasibətlərinin tənzimlənməsinin, meşələrdən istifadənin, onların mühafizəsinin, qorunmasının, bərpasının, ekoloji və ehtiyat potensialının yüksəldilməsinin hüquqi əsaslarını müəyyən edir.

Meşə münasibətlərinin tənzimlənməsi meşə bitkilərinin, torpağın, heyvanat aləminin və ətraf mühitin mühüm ekoloji, iqtisadi və sosial əhəmiyyət kəsb edən digər komponentlərinin vəhdəti olan meşə anlayışı nəzərə alınmaqla həyata keçirilir.

Ümumi müddəalar

Maddə 1. Əsas anlayışlar

Bu Məcəllədə işlədilən əsas anlayışlar aşağıdakılardır:

meşə — bioloji cəhətdən qarşılıqlı əlaqəli və öz inkişafında bir-birinə təsir göstərən, torpağın, suyun, ağac, kol və ot bitkilərinin, heyvanların, mikroorqanizmlərin və ətraf mühitin digər tərkib hissələrinin vəhdəti;

meşə fondu sahələri — meşə sahələri, habelə meşə bitkiləri ilə örtülü olmayan meşə və qeyri-meşə torpaq sahələri;

meşə münasibətləri — meşələrin, meşə fondu torpaqlarının istifadəsi, mühafizəsi, qorunması və bərpası sahəsində münasibətlər;

xüsusi qiymətli meşə massivləri — tərkibində relikt və endemik ağac və kol cinsləri olan nadir meşələr, məhsuldarlığı və genetik keyfiyyəti ilə fərqlənən, habelə estetik cəhətcə nadir mənzərəli meşə sahələri;

yaşıllıq zonalarının meşələri — şəhərlərin və digər yaşayış məntəqələrinin sərhədləri xaricində və ya onlara yaxın olan sahələrdə yerləşən, mühüm qoruyucu, sanitariya-gigiyena, sağlamlaşdırma funksiyalarını yerinə yetirən və əhalinin istirahəti üçün istifadə edilən meşələr;

yabanı meyvə meşələri — meşə fondu ərazisində təbii bitən, yaxud süni yolla yaradılan və tərkibində təsərrüfat əhəmiyyətli miqdarda qiymətli meyvə, giləmeyvə və qərzəklilər olan meşələr, meşə-bağlar, bağlar və həmin cinslərin plantasiyaları;

dövlət qoruyucu meşə zolaqları — xətti qaydada süni salınan, iqlimtənzimləyici, torpaqqoruyucu və suyu mühafizə funksiyalarını yerinə yetirən meşələr;

qeyri-meşə torpaqları — meşə təsərrüfatının ehtiyacları üçün nəzərdə tutulmuş torpaqlar, habelə meşə fondunun sərhədləri daxilində yerləşən digər torpaqlar;

meşəbərpa qırması — meşələrin vəziyyətini yaxşılaşdırmaq və təbii qoruyucu funksiyaları gücləndirmək məqsədilə qırma yaşı çatmış və ya ötmüş ağaclarda aparılan qırma;

aralıq istifadə üçün qırma — meşəyə qulluq, seçmə sanitariya və yenidənəkmə ilə əlaqədar qırmalar, az qiymətli ağaclıqların, habelə qoruyucu, suyu mühafizə və başqa funksiyalarını itirmiş ağac və kolluqların kəsilməsi ilə əlaqədar olan digər qırmalar;

relikt bitkilər — keçmiş geoloji dövrlərin florasından qalmış və yeni yaşayış mühitinə uyğunlaşaraq müasir biosenozun tərkibinə daxil olan bitki növləri;

arid bitkilər — buxarlanan rütubətin miqdarının yığıntı miqdarından çox olduğu quraq iqlimli ərazilərin bitkiləri.

Maddə 2. Azərbaycan Respublikasının meşə qanunvericiliyi

Azərbaycan Respublikasının meşə qanunvericiliyi bu Məcəllədən, Azərbaycan Respublikasının digər qanunvericilik aktlarından ibarətdir.

Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq dövlətlərarası müqavilələrdə Azərbaycan Respublikasının meşə qanunvericiliyindən fərqli qaydalar müəyyən edilmişdirsə, beynəlxalq müqavilələrin tələbləri tətbiq edilir.

Maddə 3. Azərbaycan Respublikası meşə qanunvericiliyinin məqsəd və vəzifələri

Azərbaycan Respublikası meşə qanunvericiliyinin məqsəd və vəzifələri meşələrin əhəmiyyətini nəzərə almaqla onları elmi əsaslarla idarə etmək, meşə ekosisteminin bioloji müxtəlifliyini saxlamaq, meşələrin ehtiyat potensialını yüksəltmək prinsipləri əsasında onlardan səmərəli istifadəyə, meşələrin mühafizəsini, qorunmasını və bərpasını təmin etməyə yönəldilmişdir.

Maddə 4. Meşə qanunvericiliyi ilə tənzimlənən münasibətlər

Meşələrin, meşə fondu torpaqlarının istifadəsi, mühafizəsi, qorunması və bərpası sahəsində münasibətlər (meşə münasibətləri) Azərbaycan Respublikasının meşə qanunvericiliyinin və torpaq qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir.

Meşə fonduna daxil olmayan yaşıllıqları n (bundan sonra — yaşıllıqlar ) istifadəsi, mühafizəsi, qorunması və bərpası sahəsində münasibətlər Azərbaycan Respublikasının mülki, bitki aləmi, torpaq və su qanunvericilikləri, habelə “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu və bu Məcəllənin müvafiq maddələri ilə tənzimlənir. [2]

Meşə fondu ərazisində heyvanat aləminin, su obyektlərinin, yerin tərkinin, atmosfer havasının istifadəsi və mühafizəsi sahəsində münasibətlər Azərbaycan Respublikasının meşə qanunvericiliyi ilə meşələrin, habelə meşə bitkiləri ilə örtülü olmayan meşə fondu torpaqlarının səmərəli istifadəsi, mühafizəsi, qorunması və bərpası üçün lazım olan həddə tənzimlənir.

Meşələrin, habelə meşə fondu torpaqlarının istifadəsi, mühafizəsi, qorunması zamanı yaranan əmlak münasibətləri, əgər bu Məcəllədə başqa hal nəzərdə tutulmamışdırsa, Azərbaycan Respublikasının mülki qanunvericiliyi ilə tənzimlənir.

Meşələrin, habelə meşə bitkiləri ilə örtülü olmayan meşə fondu torpaqlarının istifadəsi, mühafizəsi, qorunması zamanı yaranan inzibati münasibətlər, o cümlədən maliyyə münasibətləri bu Məcəllə ilə Azərbaycan Respublikasının inzibati və maliyyə qanunvericiliklərinə uyğun olaraq tənzimlənir.

Maddə 5. Meşə münasibətlərinin obyektləri

Meşə münasibətlərinin obyektləri Azərbaycan Respublikasının meşə fondu (bundan sonra — meşə fondu), meşə fondunun sahələri, ağac-kol bitkiləri və onlardan istifadə hüquqlarıdır. [3]

Maddə 6. Meşə fondu, meşə fondunun torpaqları və sahələri

Azərbaycan Respublikasının ərazisindəki bütün meşələr, habelə meşə bitkiləri ilə örtülü olmayan meşə fondunun torpaqları (meşə və qeyri-meşə torpaqları) Azərbaycan Respublikasının meşə fondunu təşkil edir.

Meşə fondunun sərhədləri meşə fondunun torpaqlarını digər torpaqlardan ayıran hüdudlarla müəyyən edilir.

Torpaqların meşə fonduna daxil edilməsi və oradan çıxarılması Azərbaycan Respublikasının meşə qanunvericiliyi və torpaq qanunvericiliyi ilə müəyyən edilmiş qaydada həyata keçirilir.

Meşə torpaqlarına meşə bitkiləri ilə örtülü olan torpaqlar və bu bitkilərlə örtülü olmayan, lakin meşələrin bərpası üçün nəzərdə tutulmuş torpaqlar (meşələşməmiş qırma sahələri, yanğın yerləri, seyrəkliklər, talalar, qurumuş ağaclıqlar, tinglik sahələri, çətiri birləşməmiş meşə əkinləri və digərləri) aid edilir.

Qeyri-meşə torpaqlarına meşə təsərrüfatının ehtiyacları üçün nəzərdə tutulmuş torpaqlar (kənd təsərrüfatı torpaqları, meşə mərzləri, yollar altında olan torpaqlar və digər torpaqlar), habelə meşə fondunun sərhədləri daxilində yerləşən sair torpaqlar (bataqlıqlar, daşlıqlar, qayalıqlar yerləşən və istifadə üçün əlverişsiz başqa torpaq sahələri) aid edilir.

Meşə fondunun sahələrinə meşə sahələri, habelə meşə bitkiləri ilə örtülü olmayan meşə və qeyri-meşə torpaq sahələri aid edilir.

Meşə fondu sahələrinin sərhədləri meşə təsərrüfatı işarələri ilə naturada nişanlanmalı və plan-xəritə materiallarında (meşə xəritələrində) göstərilməlidir.

Maddə 7. Meşə fonduna daxil olmayan yaşıllıqlar [4]

Aşağıdakı yaşıllıqlar meşə fonduna daxil deyildir:

xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərində olan yaşıllıqlar (bu Məcəllənin 74-cü maddəsi nəzərə alınmaqla);

xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqlar;

kənd təsərrüfatı məhsullarının istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqlar (əkinlər);

ümumi istifadədə olan yaşıllıqlar (park, meşə-park, bağ, bağça, bulvar ərazisində olan və digər yaşıllıqlar);

məhdud istifadəli yaşıllıqlar (məhəllədaxili, təhsil , tibb , mədəni-məişət, sənaye müəssisələrinin və digər obyektlərin ərazisində olan yaşıllıqlar); [5]

xüsusi təyinatlı yaşıllıqlar (sənaye müəssisələri və kompleksləri ilə yaşayış zonaları arasında, infrastruktur obyektlərinin (magistral dəmir və avtomobil yollarının, enerji kəmərlərinin və obyektlərinin, su kanallarının, digər bu kimi obyektlərin) hüdudlarında salınmış yaşıllıq zolaqları, tingliklər (şitilliklər), küçə yaşıllıqları, mühafizə, sanitariya-mühafizə və digər qoruyucu zonalarda, xatirə kompleksləri (xiyabanlar) və qəbiristanlıqlar ərazisində olan və digər yaşıllıqlar).

Maddə 8. Meşə münasibətləri obyektlərinin dövriyyəsi

Meşə fondunun dövriyyəsinə, həmçinin meşə fondu sahələrinin özgəninkiləşdirilməsinə gətirən və gətirə bilən alqı-satqıya, ipoteka qoymaya və digər əqdlərə yol verilmir. [6]

Meşə fondu sahələrinin və onlardan istifadə hüququnun dövriyyədə olmasına isə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş həddə yol verilir.

Meşə fondu sahələrindən istifadə hüququ ilə bağlı əqdlər Azərbaycan Respublikasının meşə qanunvericiliyində müəyyən edilmiş qaydada, onunla tənzimlənməyən hissədə isə mülki qanunvericiliklə həyata keçirilir.

Yaşıllıqlar bir şəxsdən başqasına Azərbaycan Respublikasının mülki qanunvericiliyində və torpaq qanunvericiliyində nəzərdə tutulmuş qaydada verilə bilər. [7]

Maddə 9. Meşə münasibətlərinin subyektləri

Meşə münasibətlərinin subyektləri Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikası, bələdiyyələr, fiziki və hüquqi şəxslərdir.

Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası adından meşə münasibətlərində öz səlahiyyətləri daxilində dövlət hakimiyyəti orqanları iştirak edirlər.

Bələdiyyələr meşə münasibətlərində onların statusunu müəyyən edən qanunvericilik aktı ilə verilən səlahiyyət daxilində iştirak edirlər.

Meşə təsərrüfatının aparılmasını həyata keçirən və meşə fondundan istifadə edən fiziki və hüquqi şəxslər meşə münasibətlərinin iştirakçılarıdır.

Meşə münasibətləri obyektlərinin istifadəsi, mühafizəsi, qorunması və bərpası zamanı yaranan əmlak və inzibati münasibətlərində Azərbaycan Respublikasının, Naxçıvan Muxtar Respublikasının, bələdiyyələrin, fiziki və hüquqi şəxslərin iştirakı həmin münasibətlər bu Məcəllə ilə tənzimlənmədiyi hallarda Azərbaycan Respublikasının mülki və inzibati qanunvericilik aktları ilə müəyyən edilir.

Maddə 10. Meşə istifadəçiləri

Meşə fondu sahələrindən istifadə hüququ verilən fiziki və hüquqi şəxslər meşə istifadəçiləridir.

Meşə fondu və ağac-kol bitkiləri üzərində mülkiyyət, onlardan istifadə hüququ

Maddə 11. Meşə fondu üzərində mülkiyyət

Azərbaycan Respublikasında meşə fondu dövlətə mənsubdur və onun mülkiyyətidir.

Meşələr və meşə fondunun torpaqları özəlləşdirilmir.

Maddə 12. Fiziki və hüquqi şəxslərin yaşıllıqlar üzərində mülkiyyət hüquqları

Fiziki və hüquqi şəxslərin xüsusi mülkiyyətində olan torpaq sahələrində yerləşən y aşıllıqlar , qanunvericiliklə digər hallar müəyyən edilmədikdə, onların xüsusi mülkiyyətinə aid edilir.

Göstərilən yaşıllıqlar üzərində sahiblik, istifadə və sərəncam hüquqları Azərbaycan Respublikası meşə qanunvericiliyinin və digər qanunvericilik aktlarının tələblərinə uyğun olaraq mülkiyyətçi tərəfindən həyata keçirilir.

Maddə 13. Meşə servitutları (meşə sahələrindən başqasının müəyyən dərəcədə istifadə etmək hüququ)

Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hallar nəzərdə tutulmamışdırsa, fiziki şəxslər sərbəst surətdə meşələrdə olmaq hüququna malikdirlər (kütləvi meşə servitutu).

Meşə fondu sahələrindən və meşə fonduna daxil olmayan sahələrdən fiziki və hüquqi şəxslərin istifadə hüquqları müqavilələr, habelə məhkəmə qərarları əsasında başqa maraqlı şəxslərin xeyrinə məhdudlaşdırıla bilər (xüsusi meşə servitutu).

Azərbaycan Respublikasının mülki, torpaq və başqa qanunvericilik aktlarının müddəaları meşə servitutlarına bu Məcəllənin tələblərinə zidd olmayan həddə tətbiq edilir.

Maddə 14. Meşə fondu sahələrindən istifadə hüququ

Meşə fondu sahələrindən istifadə hüququ meşələrin çoxfunksiyalı mahiyyəti nəzərə alınmaqla həyata keçirilir (müxtəlif şəxslər tərəfindən və müxtəlif məqsədlər üçün eyni vaxtda istifadə).

“Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada meşə bitkiləri ilə örtülü olmayan meşə və qeyri-meşə torpaqları meşələrin bərpası məqsədilə təyinatı üzrə bu Məcəllə ilə müəyyən edilmiş şərtlərlə fiziki və hüquqi şəxslərə müqavilə əsasında icarəyə verilə bilər.

Bu Məcəllə ilə nəzərdə tutulmamış hallarda meşə fondu sahələrindən istifadə hüququna dair mülki və torpaq qanunvericiliklərinin normaları tətbiq edilir.

Maddə 15. Meşə fondu sahələrindən istifadə hüququnun əsasları

Meşə fondu sahələrindən istifadə hüququnun əsasları aşağıdakılardır:

bu Məcəllə ilə yol verilən digər əsaslar.

Meşə sahələrindən istifadə hüququ, kütləvi servitut istisna olmaqla, meşə fondu sahələrinin icarə müqaviləsinin dövlət qeydiyyatından keçdiyi, meşəqırma bileti, order, meşə bileti alındığı vaxtdan əldə edilir.

Maddə 16. Meşə fondu sahələrindən istifadə hüququnun yaradılması

Meşə fondu sahələrindən istifadə hüququ meşə fondu sahəsinin (torpaqlarının) icarə müqaviləsinin, meşəqırma biletinin, orderin, meşə biletinin əsasında yaranır.

Meşə istifadəçisi Azərbaycan Respublikasının meşə qanunvericiliyi ilə müəyyən edilmiş hallarda və şərtlərlə istifadəyə verənin razılığı ilə meşə fondu sahəsindən istifadə hüququnu özünün hüquqi varisi olmayan şəxsə müqavilə əsasında verə bilər.

Meşə istifadəçisi olan şəxs vəfat etdikdə ona məxsus istifadə hüququ qanunvericilikdə müəyyən edilmiş qaydada başqa şəxslərə keçə bilər.

Meşə istifadəçisi olan hüquqi şəxs yenidən təşkil edildikdə ona məxsus istifadə hüququ Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada yeni yaranan hüquqi şəxsə keçir.

Meşə fondu sahələrindən (torpaqlarından) istifadə hüququnun başqasına keçməsi müqaviləyə, meşəqırma biletinə, orderə, meşə biletinə dəyişikliklər etmək yolu ilə rəsmiləşdirilir.

Maddə 17. Meşə fondu sahələrindən istifadə hüququnun həyata keçirilməsi

Meşə istifadəçiləri meşə fondu sahələrindən istifadə hüququnu o vaxt sərbəst həyata keçirirlər ki, bu, meşələrin və meşə fondu torpaqlarının vəziyyətini pisləşdirməsin, ətraf mühitə zərər vurmasın, habelə başqa şəxslərin qanuni mənafelərinə xələl gətirməsin.

Azərbaycan Respublikasında meşə qanunvericiliyinin tələblərinə zidd məqsədlər və üsullar ilə meşə fondu sahələrindən istifadə qadağandır.

Bu Məcəllədə və digər qanunvericilik aktlarında nəzərdə tutulmuş hallar istisna olmaqla, dövlət hakimiyyəti orqanlarının meşə fondu sahələrindən istifadə sahəsində meşə istifadəçilərinin fəaliyyətinə qarışmasına yol verilmir.

Maddə 18. Meşə fondu sahələrindən istifadə hüququnun məhdudlaşdırılması və ya dayandırılması

Meşələrin, habelə meşə ilə örtülü olmayan meşə fondu torpaqlarının səmərəli istifadəsini, mühafizəsini, qorunmasını və bərpasını, ölkənin müdafiəsini və dövlətin təhlükəsizliyini təmin etmək, əhalinin sağlamlığını, ətraf mühiti, tarixi-mədəni və təbii irsi, fiziki şəxslərin hüquqlarını və qanuni mənafelərini qorumaq zərurililiyi yarandığı hallarda meşə fondu sahələrindən istifadə hüququ qanunvericiliklə müəyyən olunmuş qaydada məhdudlaşdırıla və dayandırıla bilər.

Maddə 19. Meşə fondu sahələrindən istifadə hüququnun məhdudlaşdırılması və ya dayandırılması qaydaları

Meşə fondu sahələrindən istifadə hüququ müvafiq icra hakimiyyəti orqanının qərarı ilə aşağıdakı hallarda məhdudlaşdırıla və ya dayandırıla bilər:

meşə istifadəçisi tərəfindən Azərbaycan Respublikası meşə qanunvericiliyinin tələbləri pozulduqda;

meşə istifadəçisi tərəfindən icarə müqaviləsinin, meşəqırma biletinin, orderin, meşə biletinin şərtlərinə əməl edilmədikdə.

Meşə fondu sahələrindən istifadə hüququnun məhdudlaşdırılmasına və ya dayandırılmasına səbəb olan şərait və şərtlər aradan qaldırıldıqda bu hüquq tam həcmdə bərpa olunur.

Meşə istifadəçisi onun meşə fondu sahəsindən istifadə hüququnun məhdudlaşdırılması və ya dayandırılması barədə qərarla razılaşmadıqda məhkəməyə şikayət edə bilər.

Meşə fondu sahələrindən istifadə hüququnun məhdudlaşdırılması və ya dayandırılması meşə istifadəçisini Azərbaycan Respublikasının meşə qanunvericiliyini pozduğuna görə intizam, inzibati, mülki və cinayət məsuliyyətindən azad etmir.

Maddə 20. Meşə fondu sahələrindən istifadə hüququna xitam verilməsinin əsasları

Meşə istifadəçisi meşə fondu sahələrindən istifadə hüququndan imtina etdikdə, istifadə hüququnun müddəti başa çatdıqda meşə istifadəçisi olan hüquqi və fiziki şəxsin fəaliyyəti dayandıqda, bu Məcəllə və Azərbaycan Respublikasının başqa qanunvericiliyi ilə nəzərdə tutulmuş digər hallarda onun meşə fondu sahələrindən istifadə hüququna xitam verilir.

Meşə fondu sahələrindən istifadə hüququna məcburi xitam verilməsi yalnız aşağıdakı hallarda həyata keçirilir:

meşə istifadəçisi tərəfindən Azərbaycan Respublikasının meşə qanunvericiliyi pozulduqda;

fövqəladə vəziyyət törədən qəza, təbii fəlakət və bu kimi başqa hadisələr baş verdikdə;

meşə istifadəçisi tərəfindən meşə fondu sahələrindən istifadə üçün haqq müəyyən olunmuş müddətdə ödənilmədikdə;

meşə istifadəçisi tərəfindən meşə fondu sahələrindən (torpaqlarından) istifadə qaydaları və ya icarə müqaviləsində, meşəqırma biletində, orderdə, meşə biletində nəzərdə tutulmuş şərtlər pozulduqda;

meşə istifadəçisi tərəfindən yanğın təhlükəsizliyi sahəsində normaların, standartların və qaydaların tələblərinə əməl edilmədikdə; [8]

meşə fondu sahələri dövlət ehtiyacları üçün alındıqda. [9]

Meşə fondu sahələrindən istifadə hüququna xitam verilməsi Azərbaycan Respublikasının meşə qanunvericiliyinə görə meşə istifadəçisinin intizam, inzibati, mülki və cinayət məsuliyyətindən azad etmir.

Maddə 21. Meşə fondu sahələrindən istifadə hüququna xitam verilməsinin qaydaları

Meşə fondu sahələrindən istifadə hüququna meşə fondu sahəsinin (torpaqlarının) icarə müqaviləsinin, meşəqırma biletinin, orderin, meşə biletinin ləğvi nəticəsində xitam verilir.

Meşə istifadəçisi meşə fondu sahəsindən istifadə hüququndan imtina etdikdə bu hüquq onun rəsmi ərizəsi əsasında dayandırılır.

Meşə fondu sahələrindən istifadə hüququna xitam verilməsi bu barədə meşə istifadəçisinə rəsmi xəbər verməklə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.

Maddə 22. Meşə fondu torpaqlarının icarəyə verilməsi

Bu Məcəllənin 14-cü maddəsinə uyğun olaraq meşə bitkiləri ilə örtülü olmayan meşə və qeyri-meşə torpaqları meşələrin bərpası məqsədilə təyinatı üzrə meşə istifadəçisinə (icarəçi) icarəyə müqavilə əsasında müvafiq icra hakimiyyəti orqanı (icarəyə verən) tərəfindən bir ildən qırx doqquz ilədək verilə bilər. [10]

Meşə fondu torpaqlarının icarə müqaviləsi əsasında əldə edilmiş meşə sərvətləri (məhsul) icarəçinin mülkiyyətidir.

Meşə fondu torpaqlarının subicarəsi qadağandır.

Meşə fondu torpaqlarının icarəyə verilməsi bu Məcəllə və Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktları ilə tənzimlənir.

Maddə 23. Meşə fondu torpaqlarının icarə müqaviləsinin şərtləri

Meşə fondu torpaqlarının icarə müqavilələrində aşağıdakılar göstərilir:

icarəyə verilən sahənin sərhədləri;

işin həcmi (ölçüləri);

icarə haqqının miqdarı və onun ödənmə qaydası;

icarəyə verilən sahənin mühafizəsi, qorunması və bərpası sahəsində tərəflərin öhdəlikləri;

Azərbaycan Respublikasının meşə qanunvericiliyi və tərəflərin razılığı ilə nəzərdə tutulmuş başqa şərtlər.

Maddə 24. Meşə fondu torpaqlarının icarəyə verilməsi qaydası

Meşə fondu torpaqlarının icarəyə verilmə qaydası Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Meşə fondu torpaqlarının icarəyə verilməsi aşkarlıq şəraitində, müvafiq ərazidə yaşayan əhalinin mənafeyini nəzərə almaqla həyata keçirilməlidir.

Maddə 25. Meşəqırma bileti, order və meşə bileti

Meşəqırma bileti oduncaq və ikinci dərəcəli meşə materiallarının tədarükü, daşınması üçün hüquq verən sənəddir. Meşəqırma biletində meşə quruluşu layihələri əsasında meşə fondundan istifadə üçün ayrılmış sahənin yeri, oduncağın və ikinci dərəcəli materialların miqdarı, keyfiyyəti, onların qiyməti, işin aparılma müddəti, qırma yerlərinin təmizlənməsi, meşənin bərpa edilməsi şərtləri və qaydaları göstərilir.

Order özü yıxılmış və (və ya) qurumuş ağaclardan oduncaq hazırlamaq, ağac tör-töküntüsü və ikinci dərəcəli meşə materiallarının tədarükü, daşınması üçüq hüquq verən sənəddir. Order meşəqırma bileti əsasında verilir.

Meşə bileti onun sahibinə əlavə meşə istifadələri üçün hüquq verən sənəddir. Meşə biletində meşə fondundan istifadənin növü, yeri, miqdarı, vaxtı, şərtləri və qiyməti göstərilir.

Meşəqırma biletinin, orderin və meşə biletinin formaları, onların uçotu, saxlanılması, doldurulması və verilməsi qaydaları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Maddə 26. Meşə fondu sahələrinin qısamüddətli istifadəyə verilmə qaydası

Meşə fondu sahələrinin bir ilə qədər qısamüddətli istifadəyə verilməsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir.

Meşə fondundan istifadə, onun mühafizəsi, qorunması və meşələrin bərpası sahəsində dövlət idarəetməsi

Maddə 27. Meşə fondundan istifadə, onun mühafizəsi, qorunması və meşələrin bərpası sahəsində dövlət idarəetməsi və onun əsas prinsipləri

Meşə fondundan istifadə, onun mühafizəsi, qorunması və meşələrin bərpası sahəsində dövlət idarəetməsini Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. Bu məqsədlə:

meşə təsərrüfatının aparılması sahəsində dövlət siyasətinin əsas istiqamətlərini müəyyənləşdirir;

meşə qanunvericiliyinə riayət edilməsinə, həmçinin meşə fondundan istifadəyə, onun mühafizəsinə, qorunmasına və meşələrin bərpasına dövlət nəzarətini həyata keçirir, onun aparılması qaydalarını müəyyən edir;

meşə fondundan istifadə və meşə fondu barəsində sərəncam verir;

investisiya siyasətini həyata keçirir;

meşə fondundan istifadənin, onun mühafizəsinin, qorunmasının və meşələrin bərpasının dövlət proqramlarını təsdiq edir;

meşə fondundan istifadənin norma və qaydalarını müəyyənləşdirir;

hesablanmış meşəqırma həcmini müəyyənləşdirir və təsdiq edir;

meşə fondundan istifadəyə görə ödəniş növlərini, habelə köküstə buraxılan oduncağın minimum ödəniş tarifini, ayrı-ayrı meşə istifadəçiləri üçün tədiyə güzəştlərinin həcmini və onların ödəmə qaydalarını müəyyən edir. Meşə materiallarına qiymət qoyur;

meşələrin qorunub saxlanılması və təkrar istehsalı üzrə respublika fondunu yaradır, ondan istifadə qaydalarını müəyyən edir;

köküstə oduncaq buraxılması, meşəqırma, meşə fondunun mühafizəsi, qorunması və meşələrin bərpası qaydalarını təsdiq edir;

meşə təsərrüfatının aparılması üzrə elmi tədqiqat və layihə axtarış işlərini təşkil edir və əlaqələndirir;

meşələrin dövlət uçotunun, dövlət meşə kadastrının, meşələrin monitorinqinin və meşə quruluşu işlərinin aparılması qaydalarını müəyyən edir;

meşə fondundan istifadə, onun mühafizəsi, qorunması və meşələrin bərpası sahəsində beynəlxalq əməkdaşlığı həyata keçirir, müqavilələr bağlayır və onların yerinə yetirilməsini təşkil edir;

meşə təsərrüfatı sahəsində dövlət statistika hesabatının aparılması qaydasını müəyyən edir;

meşə fondu sahələrindən istifadə hüququnu, habelə meşələrin vəziyyətinə və bərpasına təhlükə yaradan işləri dayandırır, məhdudlaşdırır, bunlara xitam verir;

meşə təsərrüfatının aparılması və meşədən istifadə ilə əlaqədar olmayan məqsədlər üçün meşə torpaqlarını qeyri-meşə torpaqlarına keçirir, meşə fondu torpaqlarını geri alır;

meşə fondu sahələrini fövqəladə ekoloji vəziyyət və ekoloji fəlakət zonaları elan edir;

qanunvericiliklə müəyyən edilmiş digər səlahiyyətləri həyata keçirir;

meşə fondundan istifadə, onun mühafizəsi, qorunması və meşələrin bərpası sahəsində dövlət idarəetməsi aşağıdakı prinsiplərə əsaslanır:

ətraf mühitin mühafizəsi;

ölkənin mənafeyinə uyğun olaraq meşə fondundan səmərəli istifadə edilməsi.

Maddə 28. Naxçıvan Muxtar Respublikasının meşə fondundan istifadə, onun mühafizəsi, qorunması və meşələrin bərpası sahəsində fəaliyyəti

Naxçıvan Muxtar Respublikasının meşə fondundan istifadə, onun mühafizəsi, qorunması və meşələrin bərpası sahəsində həyata keçirdiyi fəaliyyət bu Məcəllə ilə tənzimlənir.

Maddə 29. Meşə fondundan istifadə, onun mühafizəsi, qorunması və meşələrin bərpası sahəsində yerli özünüidarənin səlahiyyətləri

Meşə fondundan istifadə, onun mühafizəsi, qorunması və meşələrin bərpası sahəsində yerli özünüidarənin səlahiyyətləri Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktları ilə müəyyən edilir.

Meşə təsərrüfatının təşkili

Maddə 30. Meşə təsərrüfatının təşkilinə qoyulan əsas tələblər

Meşə təsərrüfatının təşkili və meşə fondundan istifadə ətraf mühitə, təbii ehtiyatlara və insanların sağlamlığına zərər gətirməyən prinsiplərə əsasən həyata keçirilməlidir.

Meşə təsərrüfatı işləri aparılarkən aşağıdakılar təmin olunmalıdır:

insanların sağlamlığı naminə meşələrin mühityaradıcı, suyu mühafizə, qoruyucu, sanitariya-gigiyena, sağlamlaşdırıcı və digər faydalı təbii xüsusiyyətlərinin saxlanılması və gücləndirilməsi;

oduncaq və başqa meşə sərvətlərinin tədarükü üçün meşə fondundan məqsədli və səmərəli istifadə;

meşələrin bərpası, onların cins tərkibinin, keyfiyyətinin yaxşılaşdırılması, məhsuldarlığın yüksəldilməsi, mühafizəsi və qorunması;

eşə fondu torpaqlarından səmərəli istifadə;

meşə təsərrüfatı işlərinin səmərəliliyinin vahid siyasət, elm, texnika və qabaqcıl təcrübənin nailiyyətlərindən istifadə əsasında yüksəldilməsi;

bioloji müxtəlifliyin saxlanılması;

tarix-mədəniyyət və təbii irs obyektlərinin qorunması.

Maddə 31. Meşə fondunun meşə qrupuna və qoruyucu kateqoriyalara aid edilməsi

Azərbaycan Respublikasının meşə fondu dağ və düzən meşələrindən ibarətdir.

İqtisadi və ekoloji əhəmiyyətinə, yerləşməsinə və yerinə yetirdiyi funksiyalara görə ölkənin meşə fondu birinci qrup meşələrə aid olub aşağıdakı qoruyucu kateqoriyalara bölünür:

xüsusi qiymətli meşə massivləri;

şəhərlərin və digər yaşayış məntəqələrinin ətrafındakı yaşıllıq zonalarının meşələri;

yabanı meyvə meşələri;

dövlət qoruyucu meşə zolaqları;

Zəruri hallarda göstərilən kateqoriyalara aid edilmiş meşələrdə xüsusi qoruyucu meşə sahələri (eroziyadan mühafizə meşələri, çayların, göllərin və digər su obyektlərinin sahillərində olan meşə sahələri, dəmir yollarının və avtomobil yollarının kənarlarındakı meşələr və s.) və xüsusi qorunan meşə sahələri (elmi və mədəni-tarixi əhəmiyyət kəsb edən meşələr və meşə-parklar, seyrək arid meşələri, ziyarət edilən yerlərdəki meşələr və s.) müəyyən edilir.

Meşələrin qoruyucu kateqoriyalara aid edilməsi, habelə bir qoruyucu kateqoriyadan başqa qoruyucu kateqoriyaya keçirilməsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada meşə quruluşu işləri və ya xüsusi müşahidə materialları əsasında həyata keçirilir.

Maddə 32. Qoruyucu kateqoriyalara görə meşə torpaqları hüdudlarının müəyyən edilməsi

Meşələri qoruyucu kateqoriyalara aid edərkən eyni zamanda meşə fondu sahəsinin hər bir kateqoriya üzrə hüdudları bu Məcəllədə nəzərdə tutulmuş qaydada müəyyən edilir.

Xüsusi qoruyucu meşə sahələrinin göstəriciləri meşə quruluşu işləri və ya xüsusi müşahidə materiallarına əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Xüsusi qoruyucu meşə sahələrinin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Maddə 33. Meşənin qırma yaşının təyini

Meşənin qırma yaşı meşələrin əhəmiyyətindən, məhsuldarlığından, yerinə yetirdiyi funksiyalardan, habelə orada bitən ağac cinslərinin bioloji xüsusiyyətlərindən asılı olaraq müəyyən edilir.

Meşələrin qırma yaşı meşə quruluşu işləri aparılarkən və ya elmi tədqiqat işlərinin nəticəsi ilə əsaslandırılır.

Qırma yaşı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Maddə 34. Hesablanmış meşəqırma həcmi və onun təsdiq edilməsi qaydası

Hesablanmış meşəqırma həcmi meşə fondundan səmərəli, uzunmüddətli istifadənin zəruriliyi nəzərə alınmaqla meşə quruluşu işləri aparılarkən müəyyən edilir.

Təbiəti mühafizə orqanı ilə razılaşdırılmış meşəqırma həcmi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

Meşə fondunun sərhədi, meşənin qırma yaşı, meşə kateqoriyası dəyişdikdə və meşə fondunda digər dəyişikliklər baş verdikdə hesablanmış meşəqırma həcmi müəyyən edilmiş qaydada yenidən təsdiq edilir.

Maddə 35. Meşə təsərrüfatının idarə edilməsi və meşə fondundan istifadə ilə əlaqədar olmayan məqsədlər üçün meşə torpaqlarının qeyri-meşə torpaqlarına keçirilməsi (və ya) meşə fondu torpaqlarının geri alınması

Meşə təsərrüfatının idarə edilməsi və meşə fondundan istifadə ilə əlaqədar olmayan məqsədlər üçün meşə fondu torpaqlarının qeyri-meşə torpaqlarına keçirilməsi (və ya) meşə fondu torpaqlarının geri alınması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.

Bu halda meşə fondundan torpaq ayrılan fiziki və hüquqi şəxslər həmin torpaqların kadastr qiyməti əsasında hesablanmış dəyəri müvafiq meşə təsərrüfatına ödəyirlər.

Meşə fondu torpaqlarının geri alınması ilə əlaqədar meşə istifadəçilərinə dəyən ziyan Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada tam həcmdə ödənilir.

Maddə 36. Meşələrin vəziyyətinə və bərpasına təsir edən obyektlərin tikinti yerlərinin razılaşdırılması [11]

Meşələrin vəziyyətinə və bərpasına təsir edən, habelə bu Məcəllənin 37-ci maddəsində nəzərdə tutulan obyektlərin tikinti layihələrinin “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada ətraf mühitə təsirinin qiymətləndirilməsi (ƏMTQ) sənədi hazırlanır və həmin sənəd dövlət ekoloji ekspertizasından keçirilməklə müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılır.

Meşələrin vəziyyətinə və bərpasına təsir edən mövcud obyektlər ətraf mühitə təsir göstəricilərinə dair ekoloji tələblərə uyğun olduqda, həmin obyektlərin yenidən qurulması və ya həmin obyektlərdə mövcud qurğu və avadanlıqların dəyişdirilməsi üçün ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədinin hazırlanması tələb olunmur, lakin həmin fəaliyyətə dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilən sənədlərdə (atıla bilən tullantı həddi (ABTH), buraxıla bilən axıntı həddi (BBAH), ekoloji pasport) ətraf mühitin mühafizəsi sahəsində normativ hüquqi aktların və texniki normativ hüquqi aktların tələbləri nəzərə alınmaqla müvafiq dəyişikliklər edilir.

Meşələrin vəziyyətinə və bərpasına təsir edən mövcud obyektlərin fəaliyyəti zamanı təbiətdən istifadə şərtləri ətraf mühitə təsir göstəricilərinə dair ekoloji tələblərə uyğun olmadıqda və ya ilkin layihədə nəzərdə tutulandan fərqli texnologiyalar və texnoloji üsullar tətbiq edildikdə, həmin fəaliyyətə dair yenidən ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) aparılmalıdır.

Meşələrin vəziyyətinə və bərpasına təsir edən obyektlərə dair ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) həyata keçirilərkən onların transsərhəd təsiri müəyyən edildikdə, həmin obyektlərlə bağlı transsərhəd təsirlərin qiymətləndirilməsi məsələləri Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq həll edilir.

Maddə 37. Meşə fondunda meşə təsərrüfatının aparılması və meşədən istifadə ilə əlaqədar olmayan işlərin görülməsi qaydası

Meşə fondunda meşə təsərrüfatının aparılması və meşədən istifadə ilə əlaqədar olmayan tikinti və mədən işlərinin aparılmasına, kommunikasiyaların çəkilməsinə və digər işlərin yerinə yetirilməsinə icazə (meşə fondu torpaqlarının qeyri-meşə torpaqlarına keçirilməsi və (və ya) meşə fondu torpaqlarının geri alınması tələb olunmadıqda) müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir.

İcazədə görülən işlərin adı, müddəti və yerinə yetirilmə şərtləri, ətraf mühitin mühafizəsi barədə tələblər göstərilir.

Bu işlərin yerinə yetirilməsi qırma ilə əlaqədar olduqda meşə təsərrüfatı müəssisəsi meşəqırma bileti yazır.

Göstərilən işlərin yerinə yetirilməsində tətbiq olunan üsullar meşə fondunun vəziyyətinə və meşələrin bərpasına mənfi təsir göstərməməlidir.

Maddə 38. Meşə fondunun dövlət uçotu

Meşə fondunun dövlət uçotu meşə fondundan səmərəli istifadəni, onun mühafizəsini, qorunmasını və meşələrin bərpasını təşkil etmək, meşə fondunun kəmiyyət və keyfiyyət dəyişmələrinə müntəzəm nəzarət etmək, dövlət orqanlarını, bələdiyyələri, əlaqədar fiziki və hüquqi şəxsləri meşə fondu barədə məlumatla təmin etmək məqsədilə aparılır.

Meşə fondunun dövlət uçotunun məlumatları dövlət meşə kadastrının aparılmasında istifadə edilir.

Meşə fondunun dövlət uçotu göstəricilərinin siyahısını, habelə müvafiq sənədlərin formalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

Meşə fondunun dövlət uçotunun aparılma qaydası Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən müəyyən edilir.

Maddə 39. Dövlət meşə kadastrı

Dövlət meşə kadastrı meşə fondunun qeydiyyatı, onun ekoloji, iqtisadi, kəmiyyəti və keyfiyyət cəhətdən qiymətləndirilməsidir.

Dövlət meşə kadastrı meşə təsərrüfatının idarə edilməsində, onun təşkilində və meşə fondundan istifadə ilə əlaqədar olmayan məqsədlər üçün meşə torpaqlarının qeyri-meşə torpaqlarına keçirilməsində və (və ya) meşə fondu torpaqlarının geri alınmasında, meşə fondundan istifadə üçün ödəmələrin miqdarının müəyyən edilməsində, meşə istifadəçilərinin və meşə təsərrüfatı işləri aparan şəxslərin təsərrüfat fəaliyyətinin qiymətləndirilməsində istifadə olunur. Dövlət meşə kadastrının aparılmasını müvafiq icra hakimiyyəti orqanı həyata keçirir.

Dövlət meşə kadastrı göstəricilərinin siyahısı və meşələrin iqtisadi qiymətləndirilməsinin metodikası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Dövlət meşə kadastrının aparılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

Maddə 40. Meşələrin monitorinqi

Meşələrin monitorinqi meşə fondundan istifadə, onun mühafizəsi, qorunması və meşələrin bərpası, onların ekoloji funksiyalarının aparılması sahəsində dövlət idarəetməsi məqsədilə meşə fondunun vəziyyətinin və dinamikasının qiymətləndirilməsi və proqnozlaşdırılması sistemindən ibarətdir.

Meşələrin monitorinqinin həyata keçirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Maddə 41. Meşə fondundan istifadənin, onun mühafizəsinin, qorunmasının və meşələrin bərpasının dövlət proqramları

Meşə fondundan istifadə, onun mühafizəsi, qorunması və meşələrin bərpası üçün dövlət proqramları hazırlanır.

Meşə fondundan istifadənin, onun mühafizəsinin, qorunmasının və meşələrin bərpasının dövlət proqramları müvafiq icra hakimiyyəti orqanı tərəfindən hazırlanır və həyata keçirilir.

Bu proqramların layihələrinə dair “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada strateji ekoloji qiymətləndirilmə (SEQ) sənədi hazırlanır və həmin sənədin dövlət ekoloji ekspertizası həyata keçirilir. [12]

Maddə 42. Məcburi sertifikatlaşdırılan meşə ehtiyatları

Köküstə buraxılan oduncaq və ikinci dərəcəli meşə ehtiyatları məcburi sertifikatlaşdırılır. Göstərilən ehtiyatların məcburi sertifikatlaşdırılmasının təşkili və aparılması Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi qaydada həyata keçirilir.

Maddə 43. Meşə quruluşu işləri və onun aparılması

Meşə quruluşu işləri meşə fondundan səmərəli istifadə, meşə təsərrüfatının effektli aparılması, bu sahədə vahid elmi-texniki siyasətin həyata keçirilməsini təmin etməyə yönəldilmiş tədbirlər sistemindən ibarətdir.

Meşə quruluşu işləri aparılan zaman aşağıdakılar həyata keçirilir:

müəyyən edilmiş qaydada meşə təsərrüfatlarının, milli parkların, dövlət təbiət qoruqlarının, digər meşə təsərrüfatı müəssisələrinin, meşə fondu sahələrinin və ərazilərinin təsərrüfatdaxili təşkilinin müəyyən edilməsi;

topoqrafiya-geodeziya işlərinin görülməsi və meşənin xüsusi xəritələrinin hazırlanması;

meşələrin cins və yaş tərkibini, vəziyyətini, habelə meşə ehtiyatlarının keyfiyyət və kəmiyyət göstəricilərini müəyyən etməklə meşə fondunun inventarlaşdırılması;

relikt (qədim dövrdən dəyişməmiş) meşə bitkilərinin, xüsusi qoruyucu və xüsusi qorunan meşə sahələrinin aşkara çıxarılması;

meşələrin bərpası və aralıq istifadə üçün qırılmasını, meşəsalma, meliorasiya, meşələrin mühafizəsi, qorunması, digər meşə təsərrüfatı tədbirlərinin görülməsini tələb edən meşə fondu sahələrinin aşkara çıxarılması, habelə bu tədbirlərin aparılması qaydaları və üsullarının müəyyən edilməsi;

meşələrin qoruyucu kateqoriyalara aid edilməsinin və bir qoruyucu kateqoriyadan digərinə keçirilməsinin əsaslandırılması, meşə ilə örtülü olmayan torpaqların meşə ilə örtülü olan torpaqlara, qeyri-meşə torpaqlarının meşə torpaqlarına keçirilməsi;

hesablanmış meşəqırma və aralıq istifadə üçün qırma həcminin müəyyən edilməsi;

meşəbərpa, meşəsalma, meşələrin mühafizəsi və qorunması tədbirlərinin, həmçinin digər meşə təsərrüfatı işlərinin həcminin müəyyən edilməsi;

meşədən əlavə istifadənin və ikinci dərəcəli meşə ehtiyatları tədarükü miqdarının, meşə fondundan ovçuluq təsərrüfatının ehtiyacları, mədəni-sağlamlaşdırma, turizm və idman məqsədləri üçün istifadənin müəyyən edilməsi;

meşə-bioloji və digər xüsusi müayinələrin aparılması;

meşə quruculuğu layihələrinin həyata keçirilməsinə nəzarət;

digər meşə qoruyucu işləri.

Meşə quruluşu işləri zamanı meşə fondunun meşə quruluşu layihələri tərtib edilir. Layihələrdə ötən dövr ərzində meşə təsərrüfatlarının aparılması və meşə fondundan istifadə qiymətləndirilir, onun təşkilinin və aparılmasının əsas müddəaları hazırlanır. Həmin layihələr müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada təsdiq edilir və bu Məcəllədə nəzərdə tutulmuş hallarda, ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədlərinin hazırlanması, meşə təsərrüfatının aparılması, onun cari və perspektiv proqnozlaşdırılması, habelə meşə təsərrüfatı işlərinin maliyyələşdirilməsi üçün əsasdır. [13]

Meşə quruluşu işləri meşə fondu ərazisində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada vahid sistem üzrə aparılır.

Meşə quruluşu işləri aparılmadan meşə təsərrüfatı və meşədən istifadə işlərinin həyata keçirilməsi qadağandır.

Maddə 44. Meşə fondu haqqında məlumat

Meşə fondu haqqında məlumat, meşələrin dövlət uçotu, dövlət meşə kadastrı, meşələrin monitorinqi, meşə quruluşu işləri göstəricilərindən və sairədən ibarətdir.

Meşə fondu haqqında məlumat Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının xüsusi sərəncamında olmaqla, onun müəyyən etdiyi qaydada fiziki və hüquqi şəxslərə verilir.

Maddə 45. Meşə fondunun vəziyyətinə, istifadəsinə, mühafizəsinə, qorunmasına və meşələrin bərpasına dövlət nəzarəti

Meşə fondunun vəziyyətinə, istifadəsinə, qorunmasına və meşələrin bərpasına dövlət nəzarətinin vəzifəsi fiziki və hüquqi şəxslər tərəfindən meşə fondundan istifadənin, köküstə oduncaq buraxılışını, meşəbərpa və aralıq istifadə qırmaları və digər qırma qaydalarını Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun təmin etməkdən ibarətdir.

Bu sahədə dövlət nəzarətini müvafiq icra hakimiyyəti orqanları səlahiyyətləri daxilində həyata keçirirlər.

Meşə fondunun vəziyyətinə, istifadəsinə, mühafizəsinə, qorunmasına və meşələrin bərpasına dövlət nəzarətinin həyata keçirilməsi qaydası Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Maddə 46. Meşə fondunun mühafizəsinə tələblər

Meşə fondunun mühafizəsi dövlət tərəfindən həyata keçirilir.

Bu məqsədlə aşağıdakı tədbirlər görülür:

meşə fondunun vəziyyətinə, istifadəsinə, mühafizəsinə, qorunmasına, meşələrin bərpasına nəzarətin təşkili;

meşə fondundan istifadə edilməsi, onun mühafizəsi, qorunması, bərpası sahəsində hüquq pozuntularının qarşısının alınması, onların aradan qaldırılması;

təqsirkar fiziki və hüquqi şəxslərin qanunvericilikdə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməsi;

meşə fonduna zərər vuran təsərrüfat və başqa fəaliyyət növlərinin məhdudlaşdırılması, dayandırılması, qadağan edilməsi;

Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər tədbirlərin həyata keçirilməsi.

Meşə fondunun mühafizəsinin təşkili Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Meşələrin və meşə bitkiləri ilə örtülü olmayan meşə fondu torpaqlarının istifadəsi, mühafizəsi, qorunması və bərpası

Maddə 47. Meşədən istifadəyə qoyulan əsas tələblər

Meşədən istifadəyə qoyulan tələblər aşağıdakılardır:

meşələrdən fasiləsiz və səmərəli istifadə;

əhalinin sağlamlığının qorunması, ətraf mühitin yaxşılaşdırılması və iqtisadiyyatın inkişafı üçün meşələrin mühityaradıcı, suyu mühafizə, qoruyucu və digər funksiyalarının saxlanması və gücləndirilməsi;

meşədən istifadə qaydalarının meşələrin əhəmiyyətindən, yerinə yetirdikləri funksiyalarından, yerləşməsindən, təbii və iqtisadi şəraitdən asılı olaraq müəyyənləşdirilməsi;

meşələrin bərpası üçün şəraitin yaradılması;

meşədən istifadənin ödənişli olması;

meşədən istifadənin elmi cəhətdən əsaslandırılmış normalarına riayət edilməsi.

Maddə 48. Meşə fondundan istifadə növləri

Meşə fondundan istifadə növləri aşağıdakılardır:

ikinci dərəcəli meşə ehtiyatları tədarükü (kötük, lif, qabıq və başqaları);

meşədən əlavə istifadə (ot çalını, pətəklərin və arıxanaların yerləşdirilməsi, yabanı meyvə, göbələk, giləmeyvə, gərzəkli və digər məhsullar, palıd qozası, dərman bitkiləri, texniki xammal, mamır, meşə döşənəyi, tökülmüş yarpaq, qarğı, qamış, gil və digərlərinin tədarükü və yığılması, müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş siyahı ilə müəyyənləşdirilən başqa əlavə istifadə);

elmi-tədqiqat məqsədləri üçün;

mədəni-sağlamlaşdırma, turizm və idman məqsədləri üçün;

Meşə fondu sahələrindən istifadə meşə sərvətlərini götürməklə və ya götürmədən həyata keçirə bilər.

Meşə fondu sahələri bir və ya bir neçə meşə istifadəsinə bir və ya bir neçə növ əlavə istifadə üçün verilə bilər.

Maddə 49. Meşə fondundan istifadə zamanı meşə istifadəçilərinin hüquqları

Meşə fondundan istifadə zamanı meşə istifadəçiləri aşağıdakı hüquqlara malikdirlər:

onların istifadəsinə verilmiş meşə fondu sahələri barədə məlumat almaq;

müəyyən edilmiş həddə meşə fondundan istifadə;

meşədən istifadə müddətində meşə fondundan istifadə ilə bağlı məqsədlər üçün müəyyən edilmiş qaydada tikililər, qurğular, oduncaq saxlamaq üçün yerlər düzəltmək;

Azərbaycan Respublikasının meşə qanunvericiliyinə zidd olmayan digər hüquqlar.

Maddə 50. Meşə fondundan istifadə zamanı meşə istifadəçilərinin vəzifələri

Meşə fondundan istifadə zamanı meşə istifadəçiləri aşağıdakılara əməl etməyə borcludurlar:

meşə fondu sahələrindən Azərbaycan Respublikasının meşə qanunvericiliyinə uyğun olaraq istifadə etmək;

meşə fondu sahələrinin (torpaqlarının) icarə müqaviləsinin, meşəqırma biletinin, orderin, meşə biletinin şərtlərinə əməl etmək;

əhalinin sağlamlığına, ətraf mühitə ziyan vurmamaq;

meşə fondundan torpaq eroziyasına səbəb olmayan, meşənin vəziyyətinə və bərpasına, habelə suyun və digər təbii obyektlərin vəziyyətinə mənfi təsir göstərməyən üsullarla istifadə etmək;

istifadəyə verilmiş meşə fondu sahələrində meşə yanğını təhlükəsizliyi qaydalarına riayət etmək və həmin sahələrdə yanğın baş verməməsi üçün tədbir görmək, meşə yanğını baş verdikdə onun söndürülməsini təmin etmək;

qırılma üçün ayrılmış ağacları tam kəsib götürmək, oduncağın tədarükü və daşınmasını müəyyən edilmiş müddətdə başa çatdırmaq;

oduncaq tədarükü ilə bir vaxtda sahələri qırma qalıqlarından təmizləmək;

meşə fondu sahələrinin (torpaqlarının) icarəsi barədə müqavilədə, meşəqırma biletində, orderdə, meşə biletində göstərilmiş müddətdə və şərtlərlə meşəbərpa tədbirlərini həyata keçirmək;

istifadəyə verilmiş meşə fondu sahələrini (torpaqlarını) öz hesabına meşə fondu sahələrinin icarəsi barədə müqavilədə, meşəqırma biletində, orderdə, meşə biletində göstərilmiş vəziyyətə gətirmək;

meşə fondu sahələrində işlər başa çatdıqdan sonra onları müvafiq meşə təsərrüfatı müəssisələrinə təhvil vermək;

meşə təsərrüfatına vurulmuş zərər və itkini müəyyən edilmiş qaydada ödəmək;

meşə fondundan istifadə üçün haqları vaxtında ödəmək;

meşələrdə sanitariya qaydalarına riayət etmək, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş digər rəsmi tələbləri yerinə yetirmək;

başqa meşə istifadəçilərinin hüquqlarını pozmamaq;

meşə fondundan istifadə barədə, habelə meşə fondundan istifadəyə görə ödəmələrin miqdarını müəyyən etmək üçün lazımi məlumatları müəyyən edilmiş qaydada meşə təsərrüfatı müəssisələrinə, dövlət statistika orqanlarına vermək;

Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

Maddə 51. Meşə fondu istifadəçilərinin hüquqlarının müdafiəsi

Meşə fondu istifadəçilərinin pozulmuş hüquqları bərpa olunmalı və onlara vurulan zərər ödənilməlidir. Zərərin ödənilməsi ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir.

Dövlət ehtiyacları üçün meşə fondu torpaqlarının özgəninkiləşdirilməsinə Azərbaycan Respublikasının Mülki Məcəlləsində və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununda torpaqların dövlət ehtiyacları üçün alınması haqqında nəzərdə tutulmuş hallarda və şərtlərlə yol verilir. [14]

Maddə 52. Meşə təsərrüfatına dəyən zərər və itkinin ödənilməsi

Meşə təsərrüfatına dəyən zərər və itkilər Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada ödənilir.

Maddə 53. Fiziki şəxslərin meşələrdə olması

Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hallar nəzərdə tutulmadıqda, fiziki şəxslər haqqı ödənilmədən meşələrdə olmaq, şəxsi istifadələri üçün yabanı meyvə, giləmeyvə, göbələk, gərzəklilər və digər meşə sərvətləri, dərman bitkiləri, texniki xammal yığmaq, mədəni-sağlamlaşdırma, turizm və idman tədbirlərində iştirak etmək hüququna malikdirlər.

Azərbaycan Respublikasının Qırmızı kitabına düşmüş bitki və göbələk növlərinin, habelə təbii narkotik tərkibli bitki və digər xammalın yığılması, tədarükü qadağandır.

Fiziki şəxslər meşədə yanğın təhlükəsizliyi qaydalarına əməl etməyə, ağacların və kolların zədələnməsinə, sındırılmasına, kəsilməsinə, meşə əkinlərinin korlanmasına, meşələrin zibillənməsinə, qarışqa və quş yuvalarının dağılmasına yol verməməyə, habelə Azərbaycan Respublikası qanunvericiliyinin digər tələblərinə riayət etməyə borcludurlar.

Fiziki şəxslərin ov etmək məqsədilə meşələrdə olması bu Məcəllə və Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə tənzimlənir.

Fiziki şəxslərin meşədə olması və meşə sərvətləri yığması Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yanğın təhlükəsizliyi, meşə toxumçuluğu, yabanı meyvə və digər meşə sərvətləri tədarükü ilə əlaqədar olaraq qoruq meşələrində milli parklarda və xüsusi mühafizə edilən ərazilərdə isə onlar üçün müəyyən edilmiş xüsusi qaydaya müvafiq olaraq məhdudlaşdırıla və qadağan edilə bilər.

Meşələrin bərpası və meşəsalma

Maddə 54. Meşələrin bərpasının və meşəsalmanın məqsədi

Meşələrin bərpasının məqsədi meşə ilə örtülü olmayan torpaqlarda meşələrin vaxtında bərpa olunmasından, onların cins tərkibinin yaxşılaşdırılmasından, məhsuldarlığının artırılmasından, meşə fondu torpaqlarından səmərəli istifadə etməkdən ibarətdir.

Meşəsalmanın məqsədi qeyri-meşə torpaqlarında meşələr salmaqdan, meşə fondunun məhsuldar olmayan torpaq sahələrini minimuma endirməkdən, meşə fonduna daxil olmayan torpaqlarda qoruyucu əkinlər yaratmaqdan ibarətdir. Böyük ərazilərdə irimiqyaslı (10 ha-dan çox olan) meşəsalma fəaliyyəti üzrə layihələrin “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada ətraf mühitə təsirinin qiymətləndirilməsi (ƏMTQ) sənədi hazırlanmalı və həmin sənədin dövlət ekoloji ekspertizası keçirilməlidir. [15]

Maddə 55. Meşəbərpa qaydası

Meşəbərpa işlərinin həcminin, onların aparılma üsullarının və bərpa olunacaq ağac cinslərinin müəyyənləşdirilməsi, həmçinin meşəbərpa tədbirlərinin, meşə toxumları tədarükü və əkin materialları yetişdirilməsi işlərinin aparılması, meşə fondunda baş vermiş dəyişiklikləri nəzərə almaqla meşə quruluşu layihələrinə uyğun olaraq meşə təsərrüfatı müəssisələri tərəfindən yerinə yetirilir.

Maddə 56. Meşələrin məhsuldarlığının artırılmasına qoyulan əsas tələblər

Meşələrin məhsuldarlığının artırılması, meşə fondu sahələrindən səmərəli istifadə və meşə təsərrüfatı işlərinin məqsədyönlü aparılması yolu ilə təmin edilir.

Meşələrin məhsuldarlığının artırılması elmi cəhətdən əsaslandırılmış qırma sisteminin tətbiqi, meşələrin bərpası, onların cins tərkibinin yaxşılaşdırılması, seleksiya-genetika əsasında daimi meşə toxumçuluğu bazasının yaradılması və ondan səmərəli istifadə, hidromeşəmeliorasiya tədbirləri, meşələrə qulluq, digər meşə təsərrüfatı işləri aparmaq yolu ilə həyata keçirilir.

Meşələrin məhsuldarlığının artırılması tədbirləri meşə quruluşu layihələrinə uyğun olaraq meşə təsərrüfatı müəssisələri tərəfindən görülür.

Maddə 57. Meşələrin məhsuldarlığının artırılması

Meşələrin məhsuldarlığının artırılması məqsədilə aşağıdakılar həyata keçirilməlidir:

meşələrə qulluq, seleksiya, meşə toxumçuluğu, qiymətli ağac cinslərinin sort-sınağı üzrə işlər aparmaq, torpaqların münbitliyini artırmaq, onların su və külək eroziyasının, bataqlaşmasının, şoranlaşmasının və torpaqların vəziyyətinin pisləşməsinə səbəb olan digər proseslərin qarşısını almaq, habelə meşələrin cins tərkibini yaxşılaşdırmaq, onların məhsuldarlığını və qoruyucu xüsusiyyətlərini artırmaq (bu zaman palıd, fıstıq, qoz, şam və başqa qiymətli ağac cinslərinin saxlanması və onların vaxtında bərpası təmin olunmalıdır);

aralıq istifadə üçün qırmalar aparmaq;

meşələrin bərpası, yeni meşələr salınması, çox rütubətləşmiş torpaqların hidromeşəmeliorasiyası sahəsində tədbirlər görmək;

meşə təsərrüfatı təmayüllü yollar çəkmək.

Meşə fondunun mühafizəsi və qorunması

Maddə 58. Meşələrin mühafizəsinin və qorunmasının məqsəd və vəzifələri

Meşələr yanğından, qanunsuz qırılmadan, meşədən istifadənin müəyyən edilmiş qaydalarının pozulması hallarından və meşəyə zərər vuran digər hərəkətlərdən, zərərvericilərdən və xəstəliklərdən mühafizə edilməlidir.

Meşələrin mühafizəsi və qorunması, onların bioloji və digər xüsusiyyətlərini nəzərə almaqla həyata keçirilir, meşə fondundan səmərəli istifadə, meşələri məhv olmaqdan, zədələnmədən, zəifləmədən, çirklənmədən və digər mənfi təsirlərdən mühafizə sahəsində təşkilati, hüquqi və başqa tədbirlər sistemindən ibarətdir.

Meşələrin mühafizəsi və qorunması meşə təsərrüfatı müəssisələri tərəfindən, yerüstü vasitələrdən və müəyyən edilmiş qaydada aviasiyadan istifadə etməklə həyata keçirilir.

Maddə 59. Meşələrin mühafizəsi və qorunması tədbirlərinin həyata keçirilməsi qaydası

Müvafiq icra hakimiyyəti orqanları və meşə təsərrüfatı müəssisələri meşələrin mühafizəsi və qorunması, zərərvericilər, xəstəliklər və yanğınlarla mübarizə tədbirləri həyata keçirirlər.

Müvafiq icra hakimiyyəti orqanları və meşə təsərrüfatı müəssisələri zəruri hallarda, yüksək yanğın təhlükəsi dövründə əhalinin, nəqliyyat vasitələrinin meşəyə girməsini, habelə ayrı-ayrı meşə fondu sahələrində müəyyən iş növlərinin aparılmasını məhdudlaşdırır və ya qadağan edir.

Meşə zonalarında istehsalat və məişət tullantılarının basdırılması qadağandır. [16]

Fiziki və hüquqi şəxslərin meşə yanğınlarının söndürülməsinə cəlb olunması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Maddə 60. Meşələrin yanğından mühafizəsində meşə istifadəçilərinin vəzifələri

Meşə istifadəçiləri meşə yanğınlarına qarşı müvafiq meşə təsərrüfatı müəssisələri ilə razılaşdırılmış tədbirlər planı hazırlayıb təsdiq etməli və nəzərdə tutulmuş müddətdə yerinə yetirməlidir. Meşə yanğınlarına qarşı tələblər müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Fiziki və hüquqi şəxslərin meşə fondu ərazisində iş apardıqları, mədəni-kütləvi və sair tədbirlər keçirdikləri yerlərdə müvafiq icra hakimiyyəti orqanları tərəfindən təsdiq edilmiş normalara uyğun və yanğın təhlükəsi dövründə istifadə etməyə yararlı yanğınsöndürən vasitələr olmalıdır.

Maddə 61. Meşə fondunda yanğın nəzarəti

Meşə fondunda yanğına nəzarət fiziki və hüquqi şəxslərin yanğın təhlükəsizliyi sahəsində normaların, standartların və qaydaların tələblərinə riayət etmələri, onların pozulmasının qarşısının alınması məqsədilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır. [17]

Meşə istifadəçiləri, meşə fondu sahələrində və meşə fondu ilə həmhüdud torpaqlarda iş aparan digər fiziki və hüquqi şəxslər, habelə meşə fondunda mədəni-kütləvi və sair tədbirlər keçirilməsinə cavabdeh olanlar yanğın təhlükəsizliyi sahəsində normaların, standartların və qaydaların tələblərinin pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq inzibati, cinayət və sair məsuliyyət daşıyırlar.

Maddə 62. Meşə fondunun zərərvericilərdən və xəstəliklərdən mühafizəsi

Meşə fondunun zərərvericilərdən və xəstəliklərdən mühafizəsi meşə fondunun vəziyyəti üzərində müntəzəm müşahidə aparmaq, zərərvericilərin və xəstəliklərin mənbələrini aşkara çıxarmaq, həmin yerlərdə profilaktik tədbirlər aparmaq, bu halların yayılmasının qarşısını almaq və onları aradan qaldırmaq yolu ilə təmin edilir.

Meşə fondunun zərərvericilərdən və xəstəliklərdən mühafizəsi aşağıdakı tədbirlərdən ibarətdir:

cari, ekspedisiya aviavizual və sair meşəpatologiya müşahidələri;

zərərvericilərin və xəstəliklərin əmələ gəlməsinin ümumi, ilkin yoxlanışı və onun dəqiq müşahidəsinin aparılması;

zərərvericilər və xəstəliklər ilə aviasiya və yerüstü vasitələrlə mübarizə tədbirlərinin hazırlanması;

meşə xəstəliklərinə qarşı profilaktik tədbirlərin, zərərvericilərin və xəstəliklərin mənbələrinin ləğv edilməsi işlərinin təşkili;

bu tədbirlərin yerinə yetirilməsi üzərində nəzarət.

Meşə fondunun zərərvericilərdən və xəstəliklərdən mühafizəsi tədbirləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş fitosanitariya qaydaları ilə nizamlanır.

Maddə 63. Meşə fondunun səmərəli istifadəsi, mühafizəsi, qorunması və bərpasının təmin olunmasında fiziki və hüquqi şəxslərin, ictimai birliklərin iştirakı

Meşə fondunun mühafizə olunması hər bir vətəndaşın, fiziki və hüquqi şəxslərin borcudur.

Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq fiziki və hüquqi şəxslər, ictimai birliklər meşələrin səmərəli istifadəsi, qorunması və bərpasının təmin olunmasında iştirak edə bilərlər.

Meşə fondundan istifadənin, onun mühafizəsi, qorunması və bərpasının iqtisadi tənzimlənməsi

Maddə 64. Meşə fondundan istifadəyə görə ödəmə

Bu Məcəllədə və Azərbaycan Respublikasının digər qanunvericiliyində nəzərdə tutulmuş hallardan başqa meşə fondundan və meşə sərvətlərindən istifadənin bütün növləri ödənişlidir.

Meşə təsərrüfatının ümumi gəliri meşə gəlirlərindən və meşə təsərrüfatının fəaliyyəti nəticəsində əldə edilən gəlirdən ibarətdir.

Meşə gəliri köküstü oduncaq buraxılışı və meşədən digər istifadələrə görə, habelə meşə fonduna vurulan zərər və itkiyə görə ödəmələrdən ibarətdir. Ödəmələr meşə məzənnələri əsasında hesablanır.

Meşə təsərrüfatının fəaliyyəti nəticəsində əldə edilən gəlirlərə meşə təsərrüfatı istehsalından, meşə sənayesi və qeyri-sənaye meşə istehsalından daxil olan vəsaitlər aid edilir.

Maddə 65. Meşələrin qorunub saxlanması və təkrar istehsalı fondu

Meşələrin bərpasının mühafizəsinin və qorunmasının, meşə təsərrüfatı istehsalının digər tədbirlərinin, habelə meşə təsərrüfatının inkişafı proqramlarının maliyyələşdirilməsini təmin etmək məqsədilə meşələrin qorunub saxlanması və təkrar istehsalı fondu yaradılır.

Fondun maliyyə mənbələri meşə gəlirlərindən, meşə təsərrüfatına ictimai yardımlardan və digər vəsaitlərdən ibarətdir.

Meşə təsərrüfatı istehsalı meşələrin qorunub saxlanması və təkrar istehsalı fondu, eləcə də büdcə vəsaiti hesabına maliyyələşdirilir.

Sənaye və qeyri-sənaye istehsalı özünümaliyyələşdirmə (təsərrüfat hesabı) prinsipi əsasında həyata keçirilir.

Maddə 66. Meşə təsərrüfatı sahəsində həvəsləndirmə və güzəştlər

Meşə təsərrüfatı işçilərinə Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilmiş qaydada həvəsləndirmə və güzəştlər (otlaq, biçənək sahələri təhkim etmək, meşədən mal-qara üçün ot biçmək, yanacaq kimi istifadə üçün güzəştli qiymətlərlə odun, xüsusi geyim və s.) nəzərdə tutulur.

Meşə fondundan və ağac-kol bitkilərindən istifadənin xüsusiyyətləri [18]

Maddə 67. Oduncaq tədarükü

Oduncaq tədarükü meşəbərpa və aralıq istifadə üçün qırma, habelə başqa qırmalar (başdan-başa sanitariya qırmaları, su qovşaqlarının, boru kəmərlərinin, yolların, elektrik xətlərinin tikintisi, habelə mərzlərin, yanğından mühafizə keçidlərinin açılması və digər belə məqsədlər üçün aparılan qırmalar) qaydasında aparılır.

Böyük ərazilərdə (5 ha-dan çox olan) meşələrin irimiqyaslı qırılması fəaliyyəti üzrə layihələrə dair layihələrin “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada ətraf mühitə təsirinin qiymətləndirilməsi (ƏMTQ) sənədi hazırlanmalı və həmin sənədin dövlət ekoloji ekspertizası keçirilməlidir. [19]

Maddə 68. Kateqoriyalarından asılı olaraq meşələrin qırma üsulları

Dövlət qoruqlarının meşələrində yalnız qoruq rejiminə müvafiq olan qırmaların aparılmasına yol verilir.

Kurort meşələrində, xüsusi qiymətli meşə massivlərində, şəhərlərin və digər yaşayış məntəqələrinin ətrafındakı yaşıllıq zonalarının meşələrində, yabanı meyvə meşələrində və dövlət qoruyucu meşə zolaqlarında aralıq istifadə üçün qırmalar və başqa qırmalar aparılır.

Xüsusi qoruyucu meşə sahələrindən istifadənin bütün növləri məhdudlaşdırıla və qadağan edilə bilər.

Meşəbərpa və aralıq istifadə üçün qırmalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən qırma qaydaları (əsasnamə) üzrə aparılır.

Maddə 69. Qırma zamanı oduncaq tədarükünün təşkili və qaydası

Meşəqırma sahələrinin ayrılması, onların meşə istifadəçilərinə verilməsi, habelə meşəqırma tələblərinin pozulmasına görə cərimənin miqdarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən Azərbaycan Respublikası meşələrində köküstü oduncaq buraxılışı qaydaları ilə müəyyən edilir.

Maddə 70. Qırmalar zamanı oduncaq tədarükü həcminin müəyyən edilməsi

Meşədən oduncaq tədarükü hər bir meşə təsərrüfatı müəssisəsinin ərazisi üzrə hesablanmış meşəqırma həcmində aparılır. Hesablanmış meşəqırma həcmindən artıq miqdarda oduncaq tədarükü qadağandır.

Meşəbərpa və aralıq istifadə üçün qırma qaydası ilə oduncaq tədarükünün həcmi meşələrin vəziyyətinə, meşəyə qulluq, seçmə sanitariya və yenidənəkmə ilə əlaqədar qırmaların müəyyən edilmiş normalarına əsasən meşə quruluşu işləri aparılarkən müəyyənləşdirilir və müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

Başqa qırma qaydaları ilə oduncaq tədarükünün həcmi meşə fondunun ağac-koldan təmizlənməsi ilə bağlı olan layihələrdən asılı olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Maddə 71. İkinci dərəcəli meşə sərvətlərinin tədarükü və meşədən əlavə istifadə qaydası

Meşə fondu sahələri ikinci dərəcəli meşə sərvətlərinin tədarükü və meşədən əlavə istifadə üçün fiziki və hüquqi şəxslərin istifadəsinə bu Məcəllə ilə müəyyən edilmiş qaydada verilir.

Meşə fondundan ikinci dərəcəli meşə sərvətlərinin tədarükü və meşədən əlavə istifadə qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

Maddə 72. Meşə fondu sahələrindən elmi tədqiqat, mədəni-sağlamlışdırma, turizm və idman məqsədləri, ovçuluq təsərrüfatının ehtiyacları üçün istifadə qaydaları

Müvafiq təşkilatlar tərəfindən meşə fondu sahələrində elmi tədqiqat işləri aparıla bilər. Bu meşə istifadəsi həmin məqsədlərə uyğun gəlmədikdə, meşə təsərrüfatı müəssisəsi fiziki və hüquqi şəxslərə meşə fondu sahəsindən istifadəni məhdudlaşdırır və ya qadağan edir.

Mədəni-sağlamlaşdırma, turizm və idman məqsədləri üçün verilmiş meşə sahələrində meşə istifadəçiləri təbii landşaftın saxlanılması, yanğın təhlükəsizliyi və meşələrdə sanitariya qaydalarına əməl etmək şərtilə abadlıq tədbirləri görə bilərlər.

Meşə fondu sahələri ov yerləri kimi qanunvericilikdə müəyyən edilmiş qaydada ovçuluq təsərrüfatının ehtiyacları üçün fiziki və hüquqi şəxslərin istifadəsinə və ya icarəsinə verilə bilər. [20]

Meşə fondu sahələrindən elmi tədqiqat mədəni-sağlamlaşdırma, turizm və idman məqsədləri, ovçuluq təsərrüfatının ehtiyacları üçün istifadə qaydaları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Maddə 73. Sərhəd zonalarında meşə fondu sahələrindən istifadə qaydası

Sərhəd zonalarında meşə fondu sahələrindən bu Məcəllə ilə müəyyən olunmuş qaydada istifadə edilir.

Sərhəd zonalarında meşə fondu sahələrindən istifadənin xüsusiyyətləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir.

Maddə 74. Meşə fondu ərazisində yerləşən dövlət təbiət qoruqları, milli parklar və təbiət parkları

Meşə fondu sahələri meşə fondu ərazisində yerləşən dövlət təbiət qoruqlarına Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada təhkim edilir və onlar bu sahələrdə dövlət idarəetmə funksiyasını həyata keçirir.

Dövlət təbiət qoruqlarının, milli parkların və təbiət parklarının ərazilərindəki meşələrin istifadəsi, mühafizəsi, qorunması və bərpası bu Məcəlləyə və Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.

Maddə 75. Kənd təsərrüfatı təyinatlı torpaqlarda yerləşən ağac-kol bitkiləri [21]

Kənd təsərrüfatı təyinatlı torpaqlarda yerləşən ağac-kol bitkiləri torpaqqoruyucu, sutənzimləyici və meşə bitkilərinə xas olan digər xüsusiyyətləri ilə torpaqları mənfi təbii, antropogen və texnogen hadisələrin təsirindən qorumaq üçündür.

Bu torpaqlarda yerləşən ağac-kol bitkilərində aparılan qırmalar bu bitkilərin vəziyyətinin yaxşılaşdırılmasını və funksiyalarının yerinə yetirilməsini təmin etməlidir. Ağac-kol bitkilərində qulluq, sanitariya, yenidənəkmə məqsədilə qırmaların, habelə başqa qırmaların aparılmasına yol verilir.

Kənd təsərrüfatı təyinatlı torpaqlardan meşə salınması, ağac-kol bitkilərinə qulluq edilməsi, onların istifadəsi, mühafizəsi, qorunması, habelə bunlarla bağlı dövlət nəzarəti Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir.

Maddə 76. Dəmir yoluna aid torpaqlarda yerləşən ağac-kol bitkiləri

Dəmir yoluna aid torpaqlarda yerləşən ağac-kol bitkiləri dəmir yolu magistralını mənfi təbii hadisələrdən qorumaq, ətraf mühitin çirklənməsinin qarşısını almaq, dəmir yolu nəqliyyatının səsinin təsirini azaltmaq üçündür.

Müvafiq icra hakimiyyəti orqanı göstərilən ağac-kol bitkilərinin istifadəsi, mühafizəsi, qorunması və bərpası sahəsində dövlət idarəetməsini həyata keçirir.

Dəmir yoluna aid torpaqlarda yerləşən ağac-kol bitkilərində qulluq, sanitariya, yenidənəkmə məqsədilə xüsusi təyinatlı və başqa qırmaların aparılmasına yol verilir. Bu qırmaların aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Dəmir yoluna aid torpaqlarda yerləşən ağac-kol bitkilərinin vəziyyəti, istifadəsi, mühafizəsi və qorunması üzərində dövlət nəzarəti müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyən edilir.

Maddə 77. Avtomobil yollarına aid torpaqlarda və su fondu torpaqlarında yerləşən ağac-kol bitkiləri

Avtomobil yollarına aid torpaqlarda və su fondu torpaqlarında (avtomobil yollarını və kanalları ayıran zolaqlarda) yerləşən ağac-kol bitkiləri avtomobil yollarını və kanalları mənfi təbii, antropogen və texnogen hallardan mühafizə etmək üçündür.

Avtomobil yollarını və kanalları ayıran zolaqlardakı ağac-kol bitkilərində sanitariya və yenidənəkmə ilə əlaqədar qırmaların və başqa qırmaların aparılmasına yol verilir.

Avtomobil yollarına aid torpaqlarda və su fondu torpaqlarında meşəsalma, habelə ağac-kol bitkilərinin istifadəsi, mühafizəsi və qorunması qaydaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir.

Avtomobil yollarına aid torpaqlarda və su fondu torpaqlarında yerləşən ağac-kol bitkilərinin istifadəsi, mühafizəsi və qorunması üzərində dövlət nəzarəti müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir.

Meşələrin istifadəsi, mühafizəsi, qorunması və bərpası sahəsində mübahisələrin həlli, meşə qanunvericiliyinin pozulmasına görə məsuliyyət

Maddə 78. Meşələrin istifadəsi, mühafizəsi, qorunması və bərpası sahəsində mübahisələrin həlli qaydası

Meşələrin istifadəsi, mühafizəsi, qorunması və bərpası sahəsində mübahisələr məhkəmə qaydasında həll edilir.

Maddə 79. Meşə qanunvericiliyinin pozulmasına görə məsuliyyət

Meşə qanunvericiliyinin pozulmasında təqsiri olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun intizam, inzibati, mülki və cinayət məsuliyyəti daşıyırlar.

Meşə fondu sahələrinin özbaşına tutulmasına (zəbt edilməsinə) görə inzibati və cinayət məsuliyyətinə cəlb edilmiş şəxslər həmin torpaqları müəyyən edilmiş müddətdə azad etməlidirlər. [22]

Maddə 80. Meşə qanunvericiliyinin pozulması ilə bağlı əqdlərin etibarsızlığı

Meşə qanunvericiliyini pozmaqla bağlanmış əqdlər etibarsızdır.

30 dekabr 1997-ci il tarixli N 424-IQ nömr ə li “Azərbaycan Respublikası Meşə Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmişdir. (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 1998-ci il, № 3, maddə 139)

Məcəlləyə əlavə və dəyişikliklər etmiş qanunlar:

1. 22 iyun 1999-cu il tarixli 692-IQD nömrəli “İstehsalat və məişət tullantıları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 1999-cu il, № 8, maddə 476)

2. 29 oktyabr 2004-cü il 785-IIQD nömrəli “Ovçuluq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2004-cü il, № 11, maddə 902)

3. 17 aprel 2007-ci il tarixli 314-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 5, maddə 436)

4. 1 aprel 2008-ci il tarixli 588-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №5, maddə 348)

5. 5 mart 2010-cu il tarixli 970-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16 aprel 2010-cu il, № 80, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 04, maddə 274)

6. 20 aprel 2012-ci il tarixli 330-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 5 iyun 2012-ci il, № 122, “Azərbaycan” qəzeti 6 iyun 2012-ci il, № 123, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, №6, maddə 496)

7. 17 may 2016-cı il tarixli 245-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“ Respublika ” qəzeti, 1 iyul 2016-cı il, № 140 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 6, maddə 989 )

8. 11 noyabr 2016-cı il tarixli 394-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“ Azərbaycan ” qəzeti, 18 dekabr 2016-cı il, № 281 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 12, maddə 2007 )

9. 14 fevral 2017-ci il tarixli 528-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 12 mart 2017-ci il, № 55 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 3, maddə 343 )

10. 3 may 2019-cu il tarixli 1578-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( “Azərbaycan” qəzeti, 14 iyun 2019-cu il, № 128 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 6, maddə 987 )

11. 20 noyabr 2020-ci il tarixli 198-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( “Azərbaycan” qəzeti, 26 dekabr 2020-ci il, № 273 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 12, I kitab, maddə 1423 )

12. 23 aprel 2021-ci il tarixli 301-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( “Azərbaycan” qəzeti, 13 iyun 2021-ci il, № 122 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 6, I kitab, maddə 541 )

[1] 30 dekabr 1997-ci il tarixli N 424-IQ nömr ə li “Azərbaycan Respublikası Meşə Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 1998-ci il, № 3, maddə 139) ilə təsdiq edilmişdir.

[2] 11 noyabr 2016-cı il tarixli 394-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“ Azərbaycan ” qəzeti, 18 dekabr 2016-cı il, № 281 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 12, maddə 2007 ) ilə 4-cü maddənin ikinci hissəsində (hər iki halda) ismin müvafiq hallarında “ağac-kol bitkiləri” sözləri ismin müvafiq hallarında “yaşıllıqlar” sözü ilə əvəz edilmişdir və “habelə” sözündən sonra “Yaşıllıqların mühafizəsi haqqındaAzərbaycan Respublikasının Qanunu və” sözləri əlavə edilmişdir.

[3] 11 noyabr 2016-cı il tarixli 394-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“ Azərbaycan ” qəzeti, 18 dekabr 2016-cı il, № 281 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 12, maddə 2007 ) ilə 5-ci maddədən “, ağac-kol bitkiləri” sözləri çıxarılmışdır.

[4] 11 noyabr 2016-cı il tarixli 394-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“ Azərbaycan ” qəzeti, 18 dekabr 2016-cı il, № 281 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 12, maddə 2007 ) ilə 7-ci maddə yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

Maddə 7. Meşə fonduna daxil olmayan ağac-kol bitkiləri

Aşağıdakı ağac-kol bitkiləri meşə fonduna daxil deyildir:

kənd təsərrüfatı torpaqlarındakı ağaclar və ağac qrupları, tarlaqoruyucu meşə zolaqları, habelə digər ağac-kol bitkiləri;

dəmir yolları və avtomobil yollarını, kanalları və digər su obyektlərini ayıran zolaqlardakı qoruyucu ağaclar;

şəhərlərdə və digər yaşayış məntəqələrində olan ağaclar və ağac qrupları, habelə yaşıllıqlar;

həyətyanı sahələrdə, yaylaq, qışlaq və bağ sahələrində olan ağaclar və ağac qrupları.

[5] 23 aprel 2021-ci il tarixli 301-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( “Azərbaycan” qəzeti, 13 iyun 2021-ci il, № 122 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 6, I kitab, maddə 541 ) ilə 7-ci madd ə sinin alt ı nc ı abzas ı nda “ v ə s ə hiyy ə ” s ö zl ə ri “ , tibb ” s ö z ü il ə ə v ə z edilmişdir.

[6] 20 noyabr 2020-ci il tarixli 198-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( “Azərbaycan” qəzeti, 26 dekabr 2020-ci il, № 273 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 12, I kitab, maddə 1423 ) ilə 8-ci maddəsinin birinci hissəsində “girov” sözü “ipoteka” sözü ilə əvəz edilmişdir.

[7] 11 noyabr 2016-cı il tarixli 394-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“ Azərbaycan ” qəzeti, 18 dekabr 2016-cı il, № 281 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 12, maddə 2007 ) ilə 8-ci maddənin dördüncü hissəsində, 12-ci maddənin adında və mətnində ismin müvafiq hallarında “ağac-kol bitkiləri” sözləri ismin müvafiq hallarında “yaşıllıqlar” sözü ilə əvəz edilmişdir.

[8] 5 mart 2010-cu il tarixli 970-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16 aprel 2010-cu il, № 80, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 04, maddə 274) ilə 20-ci maddənin ikinci hissəsinin altıncı abzasında “qaydalarına” sözü “sahəsində normaların, standartların və qaydaların tələblərinə” sözləri ilə əvəz edilmişdir.

[9] 20 aprel 2012-ci il tarixli 330-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 5 iyun 2012-ci il, № 122, “Azərbaycan” qəzeti 6 iyun 2012-ci il, № 123, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, №6, maddə 496) ilə 20-ci maddənin ikinci hissəsinin yeddinci abzasından “geri” sözü çıxarılmışdır.

[10] 14 fevral 2017-ci il tarixli 528-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 12 mart 2017-ci il, № 55 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 3, maddə 343 ) ilə 22-ci maddənin birinci hissəsində “on” sözü “qırx doqquz” sözləri ilə əvəz edilmişdir.

[11] 3 may 2019-cu il tarixli 1578-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( “Azərbaycan” qəzeti, 14 iyun 2019-cu il, № 128 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 6, maddə 987 ) ilə 36-cı maddənin mətni yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

Meşələrin vəziyyətinə və bərpasına təsir edən obyektlərin tikinti yerləri dövlət ekoloji ekspertizasından keçirilməklə müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılır.

[12] 3 may 2019-cu il tarixli 1578-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( “Azərbaycan” qəzeti, 14 iyun 2019-cu il, № 128 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 6, maddə 987 ) ilə 41-ci maddəyə yeni məzmunda üçüncü hissə əlavə edilmişdir.

[13] 3 may 2019-cu il tarixli 1578-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( “Azərbaycan” qəzeti, 14 iyun 2019-cu il, № 128 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 6, maddə 987 ) ilə 43-cü maddənin üçüncü hissəsinin üçüncü cümləsi yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

Həmin layihələr, ona əlavələr müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada təsdiq edilir və meşə təsərrüfatının aparılması, onun cari və perspektiv proqnozlaşdırılması, habelə meşə təsərrüfatı işlərinin maliyyələşdirilməsi üçün məcburi normativ texniki sənəd sayılır.

[14] 17 aprel 2007-ci il tarixli 314-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 5, maddə 436) ilə 51-ci maddəsinin 2-ci hissəsi yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

Dövlət ehtiyacları və digər ehtiyaclar üçün meşə fondu torpaqlarının geri alınması ilə əlaqədar meşə istifadəçilərinə dəyən zərər Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada ödənilməlidir.

1 aprel 2008-ci il tarixli 588-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №5, maddə 348) ilə 51-ci maddəsinin ikinci hissəsindən “və ya ictimai ehtiyaclar” sözləri çıxarılmışdır.

20 aprel 2012-ci il tarixli 330-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 5 iyun 2012-ci il, № 122, “Azərbaycan” qəzeti 6 iyun 2012-ci il, № 123, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, №6, maddə 496) ilə 51-ci maddənin ikinci hissəsində “Mülki Məcəlləsində” sözlərindən sonra “və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununda” sözləri əlavə edilmişdir.

[15] 3 may 2019-cu il tarixli 1578-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( “Azərbaycan” qəzeti, 14 iyun 2019-cu il, № 128 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 6, maddə 987 ) ilə 54-cü maddənin ikinci hissəsinə yeni məzmunda ikinci cümlə əlavə edilmişdir.

[16] 22 iyun 1999-cu il tarixli 692-IQD nömrəli “İstehsalat və məişət tullantıları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 1999-cu il, № 8, maddə 476) ilə 59-cu maddəsinə 3-cü hissə əlavə edilmiş və köhnə redaksiyadakı üçüncü hissə müvafiq olaraq dördüncü hissə hesab edilmişdir.

[17] 5 mart 2010-cu il tarixli 970-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16 aprel 2010-cu il, № 80, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 04, maddə 274) ilə 61-ci maddənin birinci hissəsində “tələblərinə və qaydalarına” sözləri və ikinci hissəsində “tələblərinin və qaydalarının” sözləri müvafiq olaraq “sahəsində normaların, standartların və qaydaların tələblərinə” və “sahəsində normaların, standartların və qaydaların tələblərinin” sözləri ilə əvəz edilmişdir.

[18] 11 noyabr 2016-cı il tarixli 394-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“ Azərbaycan ” qəzeti, 18 dekabr 2016-cı il, № 281 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 12, maddə 2007 ) ilə 9-cu fəslin adından “və ağac-kol bitkilərindən” sözləri çıxarılmışdır.

[19] 3 may 2019-cu il tarixli 1578-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( “Azərbaycan” qəzeti, 14 iyun 2019-cu il, № 128 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 6, maddə 987 ) ilə 67-ci maddəyə yeni məzmunda ikinci hissə əlavə edilmişdir.

[20] 29 oktyabr 2004-cü il 785-IIQD nömrəli “Ovçuluq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər haqqında” Azərbaycan Respublikasının Qanunu ( Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2004-cü il, № 11, maddə 902 ) ilə 72-ci maddəsinin üçüncü hissəsində “sahələri” sözündən sonra “ov yerləri kimi qanunvericilikdə müəyyən edilmiş qaydada” sözləri və “istifadəsinə” sözündən sonra “və ya icarəsinə” sözləri əlavə edilmişdir.

[21] 11 noyabr 2016-cı il tarixli 394-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“ Azərbaycan ” qəzeti, 18 dekabr 2016-cı il, № 281 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 12, maddə 2007 ) ilə 75-ci, 76-cı və 77-ci maddələr ləğv edilmişdir.

[22] 17 may 2016-cı il tarixli 245-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“ Respublika ” qəzeti, 1 iyul 2016-cı il, № 140 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 6, maddə 989 ) ilə 79-cu maddənin ikinci hissəsindən “inzibati və” sözləri çıxarılmışdır.

Meşə haqqında kitab

Baxışım heyrətdə, gözüm heyrətdə;
Elə bil nadanam, görməmişəm mən.
İnsanı, heyvanı belə ülfətdə,
Belə ünsiyyətdə görməmişəm mən.

Maral duzağıdır meşə başabaş,
Nə güllə səsi var, nə bir səksəkə.
Bu meşə uzadıb sağ əlini kaş
Bizim meşələrin başına çəkə.

Söz ehtiyatı

  1. “Bığını çeynəmək”, “sağ əlini başına çəkmək”, “tamaşa etməyə bir cüt göz gərək” ifadələrinin mənalarını izah edin. Bu ifadələri cümlələrdə işlədin.
  2. Mətndən çıxış edərək “ülfət”, “duzaq” sözlərinin mənalarını izah edin.

Düşün və cavab ver

  1. Şeirlərdə təsvir olunan meşələr arasındakı fərqin səbəbini izah etməyə çalışın.

Yazı

  1. Plan tutmaqla meşə haqqında hekayə yazın.

Dil qaydaları

  1. “Maşuk meşəsi” şeirində altından xətt çəkilmiş sözlərin tələffüzündəki fərqi və hansı nitq hissəsinə aid olduğunu müəyyən edin.
  2. Mətndə göy rənglə verilmiş sözlərin sualını müəyyənləşdirin. Hansı sözün əsas hərəkəti, hansının hərəkətin necəliyini bildirdiyini təyin edin.

Yadda saxla! FEİLİ BAĞLAMA

Feili bağlama həm zərfin, həm də feilin xüsusiyyətlərini daşıyır: hərəkətin tərzini, zamanını, səbəbini bildirir.

Müəllim danışanda qulaq asmaq lazımdır (zaman).
O, əlini döşünə qoyaraq danışırdı (tərz).
Rəhim səhvini başa düşüb üzr istədi (səbəb).

Meşə haqqında kitab

Baxış sayı : 2626

Feliks Salten
(1869-1945)
Feliks Salten Avstriya yazıçısı, tanınmış uşaq yazarıdır. Bir çox pyes, roman, hekayə qələmə alıb. Teatr, musiqi, ədəbiyyat sahəsində çoxlu
məqalələr yazıb.

Heyvanlar haqqında yazdığı kitablarla uşaqların sevgisini qazanıb. O özü mahir ovçu olub. Bir ovçu kimi apardığı müşahidələr sayəsində əsərlərində heyvanlar aləmini gözəl təsvir edə bilib. O, heyvanların həyatını öyrənmək üçün çoxlu səfərlərə çıxıb. Hətta evində müxtəlif heyvanlar saxlayıb. Onun heyvanlar haqqında yazdığı “Bembi” adlı nağıl-roman çox keçmədən uşaqların sevimli kitabına çevrilib. 1924-cü ildə ilk dəfə çap olunan “Bembi” sonralar bir çox dillərdə və ölkələrdə işıq üzü görüb.

1942-ci ildə amerikalı rəssam Uolt Disney “Bembi” əsəri əsasında cizgi filmi çəkib. 1945-ci ildə İsveçrədə heyvanlar haqqında ən yaxşı hekayə üçün “Bembi” müsabiqəsi keçirilib.

“Bembi” nağıl-romanı Azərbaycan dilində ilk dəfə Elxan Rəhimovun tərcüməsində 1976-cı ildə nəşr olunub. “Libra kitab”ın yenidən çapa hazırladığı həmin tərcümənin dili nisbətən sadələşdirilib. Oxunması asan olsun deyə əsər 19 bölməyə ayrılıb, hər birinə ayrıca başlıq qoyulub.

Comments are closed, but trackbacks and pingbacks are open.