Press "Enter" to skip to content

Azərbaycan Məhəbbət Destanlarının Poetikası – Məhərrəm Cəfərli – Baki – kiril – 2000 -266s

Ümumiyyətlə, Azərbaycan folklorşünaslığının, eləcə də məhəbbət dastanlarımızın ən görkəmli tədqiqatçılarından olan Məmmədhüseyn Təhmasibin məhəbbət dastanlarının araşdırılması, tədqiqi və nəşri sahəsindəki gərgin və ardıcıl zəhməti danılmazdır. Tədqiqatçı xüsusilə bu dastanların yaranması yolları haqqında bir sıra fikirlər söyləyərək, şərhlər vermiş, müqayisələr apararaq, bəzi qənaətlər ortaya qoymuşdur ki, onun bu səyləri xüsusi qiymətləndirilməlidir.

Akademik Məmməd Cəfər Cəfərovun 110 illiyi qeyd edilib

İyunun 11-də AMEA-nın Mərkəzi Elmi Kitabxanasında görkəmli ədəbiyyatşünas və tənqidçi, Dövlət Mükafatı laureatı, Əməkdar elm xadimi, akademik Məmməd Cəfər Cəfərovun 110 illiyinə həsr olunan “Bu günün və sabahın ədəbiyyatşünası” mövzusunda respublika elmi konfransı keçirilib.

AZƏRTAC xəbər verir ki, Folklor İnstitutunun təşkilatçılığı ilə keçirilən tədbiri müəssisənin direktoru, akademik Muxtar İmanov açaraq Prezident İlham Əliyevin “Akademik Məmməd Cəfər Cəfərovun 110 illiyinin qeyd edilməsi haqqında” 2019-cu il 15 aprel tarixli Sərəncamının əhəmiyyətindən danışıb. Akademik vurğulayıb ki, alim ömrünün 60 ilə yaxın bir dövrünü ölkədə ədəbi-nəzəri fikrin inkişafına həsr edib, ədəbiyyatın tarixi və nəzəriyyəsi, ədəbi əlaqələr və eləcə də estetikanın aktual məsələlərinə dair sanballı və fundamental araşdırmaları ilə Azərbaycan ədəbiyyatşünaslığını əhəmiyyətli dərəcədə zənginləşdirib.

“Məmməd Cəfər Cəfərov böyük ziyalı, işıqlı, nurlu şəxsiyyət idi. O, ölkə və dünya ədəbiyyatı tarixi, ədəbiyyat nəzəriyyəsi və estetika, fəlsəfə məsələlərinə dair fundamental əsərlər yazıb”, – deyə institutun direktoru bildirib. Alimin Nizami Gəncəvi, Məhəmməd Füzuli, Mirzə Fətəli Axundzadə, Cəlil Məmmədquluzadə, Hüseyn Cavid, Səməd Vurğun kimi qüdrətli söz ustalarının yaradıcılığına həsr olunan tədqiqat işlərinin işıq üzü gördüyü diqqətə çatdırılıb.

Məmməd Cəfər Cəfərovun onun elmi rəhbəri olduğunu deyən M.İmanov alimin pedaqoq kimi xidmətlərindən danışıb, onun gözəl müəllim olduğunu deyib. Qeyd edib ki, Məmməd Cəfər Cəfərov Azərbaycanda ədəbiyyat nəzəriyyəsi məktəbinin əsas yaradıcılarından biridir. Onun tədqiqat əsərləri də bu gün ən dəyərli mənbələrdəndir.

Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla ədəbiyyatşünas alimin səmərəli elmi fəaliyyətindən danışıb. Bildirib ki, Məmməd Cəfər Cəfərov bu sahədə elmi məktəb yaradıb, gənc kadrların hazırlanması istiqamətində təqdirəlayiq fəaliyyət göstərib.

K.Abdulla ölkəmizdə çoxsaylı tənqidçilərin yetişməsində müstəsna xidmətləri olan Məmməd Cəfər Cəfərovun tələbələrin sevimlisinə çevrildiyini, onun gələcəyin ədəbiyyatşünaslarına daim qayğı ilə yanaşdığını diqqətə çatdırıb. Məmməd Cəfər Cəfərovun ictimaiyyət arasında da böyük hörmət qazandığını deyən rektor mərdlik, cəsarət, iradə kimi xüsusiyyətlərə sahib olan alimin elmi irsinin gələcək nəsillərə layiqli miras olduğunu vurğulayıb. K.Abdulla müəllimi Məmməd Cəfər Cəfərovun xeyirxah əməllərindən, yüksək mənəvi keyfiyyətlərindən söhbət açaraq, onunla bağlı xatirələrini bölüşüb. Bildirib ki, ömrünün yarıdan çoxunu Azərbaycan elminin inkişafına həsr edən akademik Məmməd Cəfər Cəfərovun zəngin irsi gələcək nəsillərə layiqli mirasdır.

Tədbirdə Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli Azərbaycan elminə dəyərli töhfələr verən Məmməd Cəfər Cəfərovun alim, pedaqoq adını hər zaman uca tutduğunu deyib. O, pedaqoji sahədə uzun müddət uğurla çalışan və qiymətli dərsliklər müəllifi olan alimin, humanitar elmlərin, klassik ədəbiyyatın mükəmməl bilicisi olduğunu söyləyib. Qeyd edib ki, Məmməd Cəfər Cəfərov elmlə helmi üzvi şəkildə birləşdirən, öz sağlığında mifləşmiş insan idi.

Görkəmli alimin sadəliyini, insani xüsusiyyətlərini vurğulayan T.Kərimli onun əziz xatirəsinin hər zaman qəlblərdə yaşayacağını bildirib.

Diqqətə çatdırılıb ki, Məmməd Cəfər Cəfərov Azərbaycan Dövlət Pedaqoji Universitetində və Bakı Dövlət Universitetində müxtəlif vəzifələrdə çalışıb, daha sonra fəaliyyətini Azərbaycan Elmlər Akademiyasının Dil və Ədəbiyyat İnstitutunun şöbə müdiri, direktoru, eləcə də Azərbaycan Elmlər Akademiyasının Ədəbiyyat, Dil və İncəsənət Bölməsinin akademik-katibi kimi davam etdirib.

Konfransda filologiya üzrə elmlər doktoru, professor Şirindil Alışanlının “Məmməd Cəfər Cəfərovun elmi-nəzəri görüşləri”, filologiya üzrə fəlsəfə doktoru Sərxan Xavərinin “Azərbaycan məhəbbət dastanları Məmməd Cəfər Cəfərovun elmi-nəzəri görüşləri kontekstində”, dosent Ağaverdi Xəlilovun “Məmməd Cəfər Cəfərovun elmi-ədəbi irsində folklor və etnoqrafiya məsələləri” və filologiya üzrə fəlsəfə doktoru Dilbər Zeynalovanın “Məmməd Cəfər Cəfərov və dünya ədəbiyyatı” mövzularında məruzələri dinlənilib.

Azərbaycan Məhəbbət Destanlarının Poetikası – Məhərrəm Cəfərli – Baki – kiril – 2000 -266s

Qeyd edək ki, Azərbaycan məhəbbət dastanlarının araşdırılması, geniş tədqiqatlar mövzusuna çevrilməsi uzun və gərgin bir tarixi yol keçmişdir. Bu proses ən görkəmli folklorşünas alim və yazıçıların, akademiklərin ciddi polemikaları, müzakirə və mübahisələri, bir-birinə zidd fikir və mülahizələri ilə müşayiət olunur. Akademik Həmid Araslı, xalq yazıçısı Mirzə İbrahimov, Mirəli Seyidov, Feyzulla Qasımzadə, Əlyar Qarabağlı, Əhliman Axundov, Fərhad Fərhadov, Səfurə Yaqubova, Paşa Əfəndiyev, Məmmədhüseyn Təhmasib və başqa müəlliflər özlərinin bir sıra əsərlərində məhəbbət dastanlarımızın tarixi, təsnifatı, yaranma üsulları ilə bağlı olduqca müxtəlif səpkili fikir və mülahizələr söyləmişlər. Xüsusən bu dəyərli sənət incilərimizin yaranma yolları haqqında irəli sürülən müddəalar öz müxtəlifliyi, necə deyərlər, rəngarəngliyi ilə diqqəti cəlb edir. Belə ki, professor F.Qasımzadə “XIX əsr Azərbaycan ədəbiyyatı tarixi” adlı əsərində şifahi xalq ədəbiyyatına xüsusi yer ayıraraq, bir sıra ustad el aşıqlarımızın həyat və yaradıcılıqları haqqında məlumat verir, aşıq ədəbiyyatımızın tədqiqi və nəşri tarixindən, özünəməxsus xüsusiyyətlərindən söz açır. Əsas şeir şəkillərimizdən olan qoşmanın, eləcə də aşıq ədəbiyyatımızın ən mürəkkəb janrı sayılan təcnisin üzərində məxsusi dayanaraq, onların tarixindən, bədii-poetik xüsusiyyətlərindən danışaraq, təsnifatlarını verir və nəhayət, məhəbbət dastanlarımız, onların yaranma üsulları ilə bağlı maraqlı müddəalar irəli sürür. Buna baxmayaraq müəllif adıçəkilən əsərində qəhrəmanlıq dastanları haqqında bir kəlmə də demədən sevgi dastanlarını iki qrupa bölür. Qeyd edir ki, birinci qrupa daxil olanlar əsl sevgi dastanlarıdır. Onlar dünyasını dəyişmiş ustad aşıqların qoşma və gəraylıları əsasında onlardan sonra yaşayıb-yaradan aşıqlar tərəfindən quraşdırılır.

Buna görə də həmin dastanlarda iki üslub mövcud olur: “. “Yurd” adlanan nağıl hissəsi dastan müəllifinə, şeir hissəsi isə ustad xalq aşığına aid olurdu” (12, 137). Bu fikrin özü F.Qasımzadənin dastana yazılı ədəbiyyat nümunəsi kimi baxdığını, onun struktur−semantikasını anlamadığını göstərir.

Akademik H.Araslı isə “Aşıq yaradıcılığı” adlı əsərində bu məsələyə toxunaraq, tamam fərqli qənaətə gəlir. Onun fikrincə, dastanlarımız iki yox, üç üsulla yaranır. Onlardan birincisi budur ki, “bəzi dastanlarda həqiqətən tarixdə yaşamış şəxsiyyətin adı ilə bağlı müasirlərinin yaratdığı şeirlər həmin dastanın əsasını təşkil edir” (2, 13). Bu fikrinə dayaq vermək üçün müəllif “Koroğlu” dastanını misal göstərsə də, hiss olunur ki, başqa misallar tapıb, əlavə etməkdə çətinlik çəkmişdir.

Təsnifatını davam etdirən tədqiqatçı “Abbas və Gülgəz”, “Qurbani”, “Aşıq Qərib” dastanlarını göstərərək, bunları F.Qasımzadənin birinci hesab etdiyi ölüb getmiş ustad aşıqların şeirləri əsasında başqaları tərəfindən quraşdırılmış ikinci qrup məhəbbət dastanlarına aid edir. “Ustad aşıqlar haqqında sevgi dastanları bəzən onların özləri tərəfindən, həyatda ikən yaradılırdı” (2, 13) deyə bu cür yaranan dastanları isə H.Araslı üçüncü üsulla ərsəyə gələn dastanlar adlandırırdı. Lakin bu qəbil dastanları F.Qasımzadə ikinci üsulla yaranan dastanlar sırasına aid edərək yazırdı: “. Dastanı aşıq özü yaradırdı” (12, 137).

Qeyd edək ki, bu fikir müxtəlifliyi təkcə H.Araslı ilə F.Qasımzadə çərçivəsində məhdudlaşmır. Folklorşünaslıq elmimizdə məhəbbət dastanlarının yaranması yolları ilə bağlı ziddiyyətli mülahizələr ötən əsrdə daha geniş arealı əhatə edirdi. Bir sıra görkəmli folklor tədqiqatçımız məhəbbət dastanlarımızın ustad aşıqların qoşma və gəraylıları əsasında onlar dünyalarını dəyişdikdən sonra yaşayıb-yaratmış aşıqlar – yəni onların şagirdləri və ya digər naməlum müəlliflər tərəfindən yaradıldığı qənaətində olmuşlar. Bu fikir ilk vaxtlar tərəfdarlarının çoxluğuna görə seçilmişdir. 1960-cı illərdə “Azərbaycan ədəbiyyatı tarixi” kitabında XVII-XVIII əsrlərin görkəmli şair-aşıqları haqqında oçerkləri (4, 485-486) dərc edilmiş Mirəli Seyidov da yuxarıda qeyd etdiyimiz fikri dəstəkləyərək, həmin oçerklərdə “Abbas və Gülgəz”, “Xəstə Qasım” dastanlarının Tufarqanlı Abbasın və Xəstə Qasımın şeirləri əsasında onlardan sonra yaşamış aşıqlar tərəfindən yaradıldığını vurğulayır.

Akademik Mirzə İbrahimovun da məhəbbət dastanlarımızla bağlı özünəməxsus fikirlərini nəzərə çatdırmağı vacib hesab edirik. Onun şifahi xalq ədəbiyyatına, aşıq yaradıcılığına həsr edilmiş bir sıra əsərləri diqqəti cəlb edir. Bunlardan müəllifin 1960-cı illərdə dərc olunmuş “Tükənməz xəzinə” (11, 316), “Aşıq poeziyasında realizm” (10, 165-187) və s. kimi məqalələri, hesab edirik, bu gün üçün də öz aktuallığını qoruyub saxlamaqdadır. Akademik bu məqalələrdə aşıq yaradıcılığı və dastanlarımızla bağlı olduqca seyrək toxunulan realizm məsələsini şərh və izah etməklə yanaşı, “Abbas−Gülgəz”, “Yaxşı−Yaman” dastanlarını misal göstərərək, bu qəbil dastanların Tufarqanlı Abbas və Sarı Aşığın qoşma və gəraylıları əsasında başqa aşıqlar tərəfindən yaradılmış olması fikrini irəli sürən tədqiqatçılarla dolayısı ilə də olsa, razılaşaraq yazır: “Abbas Tufarqanlının Gülgəz Pəri adlı gözəl bir sevgilisi olmuşdur. Demək olar ki, Abbasın bütün qoşmalarında tərənnüm edilmişdir. Abbas Gülgəzi doğrudan da yüksək romantik bir məhəbbətlə sevmiş olmalıdır ki, ona həsr olunmuş şeirlərində böyük ürək çırpıntısı duyulur. Sonralar bu şeirlər əsasında yuxarıda adını çəkdiyimiz “Abbas və Gülgəz” dastanı da yaranmışdır” (10, 171).

Ümumiyyətlə, Azərbaycan folklorşünaslığının, eləcə də məhəbbət dastanlarımızın ən görkəmli tədqiqatçılarından olan Məmmədhüseyn Təhmasibin məhəbbət dastanlarının araşdırılması, tədqiqi və nəşri sahəsindəki gərgin və ardıcıl zəhməti danılmazdır. Tədqiqatçı xüsusilə bu dastanların yaranması yolları haqqında bir sıra fikirlər söyləyərək, şərhlər vermiş, müqayisələr apararaq, bəzi qənaətlər ortaya qoymuşdur ki, onun bu səyləri xüsusi qiymətləndirilməlidir.

Əvvəla qeyd edək ki, Məmmədhüseyn Təhmasib məhəbbət dastanlarımızın əsasən ustad aşıqların qoşma və gəraylılarından istifadə edilərək, onlardan sonra gələn aşıqlar tərəfindən yaradılması fikrini irəli sürənlərin folklor tədqiqatçıları arasında əksəriyyət təşkil etdiyini və əvvəllər özünün də bu qənaətlərlə şərik olduğunu etiraf edir. Lakin fikrini davam etdirərək yazır: “. Bir qədər ətraflı araşdırmalar aydın göstərdi ki, bu, bizim məlum-məşhur ustad aşıqlarımıza qarşı haqsızlıq, dastançılıq kimi mühüm bir yaradıcılıq prosesini isə görkəmli, qüdrətli sənətkarların əlindən alıb, təsadüflərə bağlamaq kimi yanlış bir yoldur. Məgər süjetli, konfliktli, surətli, səciyyəli, aşiqli, məşuqəli, “bağlama” və “açma”lı, “duvaqqapma” və “ustadnamə”li dastan yaratmaq kiçik şeirlər, qoşmalar yaratmaqdan çox asandırmı ki, bu ikincini ustadlara, birincini isə təsadüfi “naməlum”lara bağlayırıq?” (14, 19-20).

Bizcə, professor Məmmədhüseyn Təhmasibin bu fikri ilə tam razılaşmaq düzgün deyil. Çünki H.Araslı, F.Qasımzadə, M.İbrahimov və bu kimi müəlliflərin qənaətlərinə, təsnifatlarına da müəyyən mənada bəraət verilməsinə ehtiyac duyulur. Əvvəla bir vacib məqamı diqqətə çatdıraq ki, “Abbas və Gülgəz”, “Aşıq Qərib”, “Qurbani”, “Xəstə Qasım” və digər məşhur məhəbbət dastanlarının Tufarqanlı Abbas, Aşıq Qərib, Qurbani, Xəstə Qasım və başqaları kimi ustad aşıqların şeirləri əsasında onlardan sonra gələn aşıqlar, onların öz şagirdləri tərəfindən yaradılmasını qəbul etmək heç də həmin ustadlara qarşı haqsızlıq və ya onları dastançılıq qüdrətindən məhrum eləmək kimi qiymətləndirilməməlidir. Əksinə, adıçəkilən ustadlardan sonra gələn aşıqları (tutaq ki, heç onların adları tarixdə qalmayıb. Əslində, qalmaya bilməz. Bəlkə də onlar sadəcə sədaqətlə ustadlarına xidmət edərək, öz adlarını həmin dastanlara daxil etməyiblər) “təsadüfi” və “naməlumlar” adlandırmaq ədalətsizlikdir. Ustadları haqqındakı məşhur dastanları onların yaratmış olması müddəası, bizcə, heç də ustadları dastançılıq qüdrətindən məhrum eləmir. Çünki həmin ustadların yaratdıqları neçə-neçə başqa dastanın da mövcudluğunun məlum olduğunu professor Məmmədhüseyn Təhmasib özü də etiraf edərək yazır: “Ən əsaslılarından biri də odur ki (yəni “Qurbani” dastanının Aşıq Qurbani, “Abbas−Gülgəz”in isə Tufarqanlı Abbas tərəfindən yaradıldığını sübut edən dəlillərin – C.İ.), bu sənətkarların başqa dastanları da olmuşdur və vardır” (14, 21). Amma bu dəlili əsas götürərək, “Abbas−Gülgəz”in Tufarqanlı Abbas, “Qurbani”ninsə Aşıq Qurbani tərəfindən yaradılmış olduğuna hökmən qərar vermək, fikrimizcə, o qədər də məntiqli deyil.

Hesab edirik ki, F.Qasımzadə, M.Seyidov və başqa tədqiqatçıların mülahizələri nisbətən daha ağlabatandır. Bu nəticəyə gəlməyimizinsə bir neçə obiyektiv səbəbi var. Birincisi, xalqın bir qədər ziyalı, saza-sözə, sənətə meyilli təbəqəsinin bir sıra xüsusiyyətlərini nəzərdən keçirmək, onların qəhrəmanlıq, sevgi məsələlərinə son dərəcə həssaslığını və emosionallığını, macəraçılığını diqqətdən kənarda qoymamaq gərəkdir. Məlumdur ki, ustad aşıq, hansısa konkret bir sənətkar olmadan belə, bütövlükdə xalq özü öz qəhrəmanını, eyni zamanda sevdiyi, inandığı sənətkarını şişirdib, daha da böyüdüb, haqqında cürbəcür qeyri-adi, hətta ağlasığmaz macəralar, əhvalat və hadisələr, o cümlədən nağıl, rəvayət və dastanlar uydurub, fəxrlə, həvəslə söyləməyi, ağız-ağız gəzdirib-dolaşdırmağı hədsiz dərəcədə xoşlayandır və bu potensiala malikdir. Bu halda xalqının sevimlisi olan ustad aşığın özünün özü haqda, öz adı ilə bağlı dastan yaratmasına ehtiyac qalırmı? Bizə elə gəlir ki, yox. Amma o qədər də tanınıb-sevilib hələ məşhurlaşmayan şagirdlərin, cavan aşıqların məclislərdə xalqın daha çox diqqətini cəlb etmək, sevgisini qazanmaq naminə məşhur ustadların şeirlərindən oxumağa, onların həyat və yaradıcılıqları, istedadlarının qüdrəti, başlarına gələn əhvalat, hadisə və macəralardan danışıb, auditoriyanı ələ almağa, təbii ki, çox böyük ehtiyacı olur. Və bu ehtiyacı daha yüksək səviyyədə ödəmək istəyi və cəhdləri tam məntiqi olaraq mümkündür ki, bu da həmin ustadlar haqqında mükəmməl dastanların yaranıb formalaşmasına gətirib çıxara bilər.

Azərbaycan Dastanları – 1. cild

Azərbaycan el ədəbiyyatının ən maraqlı və rəngarəng mövzularla zəngin janrlarından biri dastanlardır. Dastanlarımızda millətin mənliyi, bənzərsizliyi, fəlsəfi və əxlaqi baxışları, dünya görüşü və dünya duyumu əksini tapır, davranışın ən incə psixoloji çalarları açılır, torpağın ətri və rəngləri, dağların əzəməti, meşələrin, çayların, bulaqların sərinliyi, çöllərin, düzlərin genişliyi canlandırılır.

Təqdim olunan cildə elin bu şifahi söz sənəti incilərindən – haqq aşığı Qurbani haqqında rəmzi-məcazi səciyyəli “Qurbani”, astral məzmunlu “Tahir və Zöhrə”, Dədə Qorqud dünyası ilə çox yaxından səsləşən “Novruz”, ailə-məişət mövzulu “Alı xan”, eləcə də qəhrəmanlıq dastanlarından məhəbbət dastanlarına keçid təsiri bağışlayan “Lətif şah”, “Şahzadə Əbülfəz” kimi çox sevilən, xalqın duyğu və düşüncələrini, istək və arzularını bütün əlvan yönləriylə tərənnüm edən dastanlar daxil edilmişdir. Geniş yayılan bu dastanlarda elin həyat və mübarizəsi tarixindən, keçmişin şirin və acı təcrübələrindən əldə olunmuş fikir və arzuları əksini tapır. Həmin fikirlərin daşıyıcıları olan dastan qəhrəmanları bir fərd olmaqdan çıxıb yurdun qəhrəmanlığı, gücü, zəkası və insaniyyət timsalına çevrilirlər.

Aşağıdakı düyməyə vuraraq resursu yükləyə bilərsiniz.

Comments are closed, but trackbacks and pingbacks are open.