Milli azadlıq və demokratik hərəkatlar
Təbriz inqilabının qələbəsindən sonra inqilabi əhval-ruhiyyənin artması şah qüvvələrini, Çar Rusiyasını və imperialist İngiltərəni təşvişə salır. Onlar Səttar xanı və silahdaşlarını gözdən salmaq üçün Səttar xan və Bağır xanı silahdaşlarından,Təbrizdən ayırmağa çalışırlar. İngiltərənin xarici işlər naziri Edvard Karinin bu ölkənin İrandakı səfiri Corc Birliyə göndərdiyi teleqramda (16.3.1910) deyilirdi ki, Səttar xan və Bağır xan tezliklə Təbrizdən çıxarılmalıdır. Bundan sonra İranın baş naziri, Milli Şura Məclisi işə qarışıb Səttar xan və Bağır xanı Tehrana getməyə məcbur edirlər. 1910-cu il mart ayının 6-da Səttar xan və Bağır xan 300 nəfər silahdaşı iləTehrana yola düşür. 1910-cu ilin aprel ayının 3-də Səttar xan Tehrana çatır. Qurbanlar kəsilir, Tehran əhalisi onu xilaskar kimi qarşılayır.
Cənubi Azərbaycanda milli-azadlıq hərəkatı (1917-1920)
1917-ci ildə Rusiyada fevral inqilabı baş verərkən Cənubi Azərbaycan rus qoşunlarının işğalı altında idi. Çarizmin devrilməsi Cənubi Azərbaycanda milli-azadlıq hərəkatının canlanmasına şərait yaratdı. Müharibə dövründə baş verən ümumi iqtisadi böhran və əhalinin vəziyyətinin ağırlaşması, xarici işğalçıların ağalığı və hökumətin ölkəni fəlakətdən xilas etməyə qadir ola bilməməsi İranda, o cümlədən Cənubi Azərbaycanda xalqın narazılığına, tez-tez baş verən həyəcanlara səbəb olmuşdu.
Cənubi Azərbaycanda əhalinin çıxışlarına əsas siyasi orqan – İran Demokrat Partiyasının (İDP) əyalət komitəsi istiqamət verirdi . Azərbaycan əyalət komitəsi bu təşkilatın mətbuat orqanı kimi «Təcəddüd» («Yeniləşmə») qəzetini nəşr etməyə başladı. Qəzetin ilk nömrəsi (fars dilində) 1917-ci il aprelin-9-da çıxdı.
1917-ci il mayın 1-dən başlayaraq Təbrizdə mitinq və nümayişlər keçirilməyə başladı.
1917- ci il avqustun 24-də Təbrizdə İDP-nin əyalət komitəsinin konfransı açıldı. 480 nümayəndə iştirak edirdi. Konfrans Azərbaycan Demokrat Partiyasını (ADP) müstəqil elan etdi. Şeyx Məhəmməd Xiyabani başda olmaqla onun Mərkəzi Komitəsini seçdi. ADP-nin fəaliyyət dairəsi genişləndi. Astara, Miyanə və b. şəhərlərdə, kəndlərdə və Bakıda partiyanın təşkilatları yarandı.
1918- ci ilin noyabrında Türkiyə Cənubi Azərbaycanda yerləşdirdiyi 9-cu ordusunu buradan çıxartdıqdan sonra ingilislər yenidən İranın şimal-qərbini ələ keçirdilər. Vüsuqüddövlənin hökuməti ilə 1919-cu il avqustun 9-da İranı İngiltərədən tam asılı hala salan saziş bağlanması Cənubi Azərbaycanda genişlənən milli-azadlıq hərakatının yeni pilləyə qalxmasına təkan verdi. Əyalətdə ingilis imperialistlərinə və İran hökumətinə qarşı mübarizə şiddətləndi.
1920-ci il aprelin 7-də Təbrizdə üsyan başlandı. Ümumi sayı iki minə yaxın olan süvari və piyada kazak dəstələrindən başqa Təbrizdəki silahlı qüwələrin hamısı üsyana qoşuldu. Üsyana rəhbərlik etmək üçün İctimai İdarə Heyəti (İİH) yaradıldı. Mirzə Tağıxan Rəfət, Zeynalabdin Qiyami və b. ibarət bu heyətə Şeyx Məhəmməd Xiyabani başçılıq edirdi.
Təbrizdə üsyan qalib gəldi. Hakimiyyət İİH-nin əlinə keçdi. Xiyabani İranın daxilindən və xaricindən olunan bir sıra hərbi yardım təkliflərini rədd etdi. Müəyyən hadisələr buna səbəb olmuşdu. Gilandakı hərəkatın xoşagəlməz cəhətləri, Sovet rəhbərlərinin 1920-ci il mayın 18-də yenidən İrana-onun Xəzərsahili limanı Ənzəliyə hərbi hissələr çıxarması Xiyabaninin bolşeviklərə olan inamını qırmışdı. O, bolşevizmi «çarizmin o biri üzü» adlandırdı.
Xiyabani başda olmaqla hərəkatın əsas tələbi İranı demokratik respublikaya çevirməklə onun tərkibində Cənubi Azərbaycana muxtariyyət verilməsindən ibarət idi. İranın əsas Qanununa uyğun olaraq Əyalət Ənciməni yaradılması haqqında müraciəti Tehran qəbul etmədi. Hakimiyyətin yerlərdə demokratların əlinə keçməsinə istinadən üsyan rəhbərliyi iyunun 24-də muxtar hüquqlara və silahlı qüvvələrə malik Milli Hökumət (MH) yaratdı. Xiyabaninin rəis seçildiyi Milli Hökumət iyunun 24-də «Təcəddüd» qəzeti redaksiyası binasından mərkəzi dövlət idarələrinin yerləşdiyi və vəliəhdin iqamətgahı olan binaya – Ala Qapıya köçürüldü.
Yerli icraiyyə orqanı olan Milli Hökumət demokratik respublika qaydalarına əsaslanırdı. Milli Hökumətin tərkibinə ADP-nin üzvlərindən 20 nəfər daxil idi. Onlar əsasən ticarət burjuaziyasının və ya bir qismi Xiyabani kimi ticarət burjuaziyası ilə bağlı olan ziyalı təbəqəsinə mənsub idi.
MH kənd təsərrüfatı, maarif, maliyyə, səhiyyə, ədliyyə, vəqf, hərbi işlər və s. sahələrdə islahatlar və b. tədbirlər həyata keçirməyə başladı, bu sahələr üzrə idarə və nazirliklər yaratdı.
Lakin torpaq məsələsi məhdud şəkildə həll edildi. Layihədə təkcə dövlət torpaqlarının kəndlilər arasında bölünməsi nəzərdə tutulurdu ki, onlar da əkin üçün yararlı olan sahənin yalnız 4 faizini təşkil edirdi. Tolrpağın əsas hissəsi isə mülkədarların, ruhanilərin və qismən ruhani idarələrinin əlində toplanmışdı.
Nə üçün Xiyabani Azərbaycanı «Azadistan» adlandırdı?
Tarixşünaslıqda bu barədə müxtəlif fıkirlər var. Onlardan biri də sosialist inqilabının cənuba doğru irəliləməsi və Qafqazda Azərbaycan Sovet respublikasının təşkilinə qarşı müdafıə mövqeyi tutmaqdır. 1920-ci ildə Təbrizə gəldiyi günün sabahı sentyabrın 8-də Xiyabani ilə görüşən Cəlil Məmmədquluzadə isə «Molla Nəsrəddin» jurnalı səhifələrində üsyan dövründəki Cənubi Azərbaycanı «Azərbaycan cumhuriyyəti» adlandırırdı.
Tehranda Böyük Britaniya nümayəndəliyi isə mərkəzi hökumətin Azadistana (Azərbaycana) hazırladığı silahlı hücum planının təşkilatçısı idi. Sentyabrın 11-də Təbriz üzərinə qəfıl hücum təşkil edildi. Əksinqilabi qüvvələr sentyabrın 12-də Ala Qapını ələ keçirdilər, sentyabrın 14-də isə «Təcəddüd» qəzeti binasını dağıtdılar. Əksinqilabi qüvvələrin sayca üsyançılardan çox olmasına baxmayaraq, üsyançılar sentyabrın 14-dək son damla qanlarına qədər qəhrəmancasına vuruşdular. Sentyabrın 14-də Xiyabani vətənin azadlığı və istiqlalı uğrunda mübarizədə şəhid oldu.
Üsyançılara amansızcasına divan tutuldu. İran irticasının başçısı Müşirüddövlə isə Cənubi Azərbaycanda və İranın müxtəlif yerlərində xalq hərəkatının yatırılmasındakı «xidmətlərinə» görə şah tərəfındən birinci dərəcəli «Taci Kəyan» nişanı ilə təltif edildi.
Beləliklə, Xiyabaninin başçılığı ilə həyata keçirilmiş bu üsyan İrandakı imperialist ağalığına, şahlıq quruluşuna qarşı və azərbaycanlıların öz milli istiqlaliyyəti uğrunda mübarizə tarixində böyük əhəmiyyətə malik oldu. Ş.M.Xiyabaninin siyasi fəaliyyəti, nəzəri-fəlsəfı baxışları Azərbaycan xalqının milli-azadlıq və demokratik hərəkatı tarixində dərin iz buraxmışdır.
Müəllif: baş müəllim S.A.İsmayılova
- Teqlər:
- Cənubi Azərbaycan
Milli azadlıq və demokratik hərəkatlar
1905-1911-ci illərdə Səttar xanın başçılığı ilə Təbrizdə milli-azadlıq hərəkatı (Məşrutə hərəkatı) başladı. Tezliklə bu hərəkat Cənubi Azərbaycanın hər tərəfinə yayıldı.
Məşrutə hərəkatı Səttar xanı böyük sərkərdə səviyyəsinə qaldırdı. 1907-ci ildə Təbrizin Əmirxiz mahalının azadlıq fədailərinə rəhbərlik edən Səttar xan nümayiş etdirdiyi qeyri-adi qəhrəmanlığı və şücaəti ilə azadlıq fədailərinin sevimli sərkərdəsinə çevrilmişdir.
1908-ci ildə şahın 40 min nəfərlik silahlı qüvvəsinin inqilabın beşiyi sayılan Təbriz şəhərinə hücumundan sonra iyun ayında Səttar xanın rəhbərliyi altında Ali Hərbi Şura yaradılmışdır. Ali Şuranın baş komandanı Səttar xan və onun müavini Bağır xan, üzvləri Əli Müsyo, Hacı Əli, Seyid Haşim xan təyin edilmişlər. 1909-cu ilin aprel ayına qədər Təbriz üsyanı inqilabçıların verdiyi çoxsaylı itkilərə baxmayaraq düşmənin silahlı qüvvələrini Təbrizdən çıxarmağa nail olur. Bu döyüşdə Səttar xan və Bağır xan nümayiş etdirdikləri qeyri-adi qəhrəmanlıqları müqabilində Azərbaycanın əyalət əncüməni tərəfindən müvafiq olaraq “Sərdari-milli” (Xalq sərkərdəsi) və “Salari-milli” (Xalq rəhbəri) fəxri adlarına layiq görülürlər.
Təbrizin müdafiəsi Hərbi Şuraya tapşırılır. Üsyançıların qələbəsi bütün İrana təsir göstərir. Bir çox şəhərlərdə, o cümlədən Tehranda “Səttar xan” adı altında inqilabi komitələr yaranır. Təbriz əyalət əncüməni özünü Şura Məclisinin elçisi kimi təqdim edir. 1908-ci ilin oktyabr ayına qədər Azərbaycanın bir çox vilayətləri düşmənlərdən təmizlənir. Ölkədə inqilabi hərəkatın güclənməsindən qorxuya düşən şah-irtica qüvvələri Tehranda Şura Məclisinin yenidən açılmasına icazə verməyə məcbur olurlar. 1908-ci ilin dekabr ayında açılan İkinci Şura Məclisi Səttar xanla Bağır xanın xidmətlərini dəyərləndirmək məqsədilə onların adlarının metal lövhə üzərinə qızıl hərflərlə həkk edilmiş Şərəf Nişanlarının hazırlanması və Məclisin yenidən açılışı zamanı tribunadan asılması haqqında fərman verir.
Təbriz inqilabının qələbəsindən sonra inqilabi əhval-ruhiyyənin artması şah qüvvələrini, Çar Rusiyasını və imperialist İngiltərəni təşvişə salır. Onlar Səttar xanı və silahdaşlarını gözdən salmaq üçün Səttar xan və Bağır xanı silahdaşlarından,Təbrizdən ayırmağa çalışırlar. İngiltərənin xarici işlər naziri Edvard Karinin bu ölkənin İrandakı səfiri Corc Birliyə göndərdiyi teleqramda (16.3.1910) deyilirdi ki, Səttar xan və Bağır xan tezliklə Təbrizdən çıxarılmalıdır. Bundan sonra İranın baş naziri, Milli Şura Məclisi işə qarışıb Səttar xan və Bağır xanı Tehrana getməyə məcbur edirlər. 1910-cu il mart ayının 6-da Səttar xan və Bağır xan 300 nəfər silahdaşı iləTehrana yola düşür. 1910-cu ilin aprel ayının 3-də Səttar xan Tehrana çatır. Qurbanlar kəsilir, Tehran əhalisi onu xilaskar kimi qarşılayır.
Səttar xana fədailəri ilə Atabəy parkında yer verilir. 1910-cu ilin 7 avqustunda şah qoşunları və milliyətcə erməni olan və əvvələr Səttar xanın qüvvələri ilə birgə şah rejiminə qarşı mübarizə aparmış daşnak Yefrem Davidyansın başçılıq etdiyi Tehranın polis qüvvələri gecə xaincəsinə Atabəy parkına hücum edirlər, Səttar xanın qüvvələrini mühasirəyə alaraq tərkisilah etməyə cəhd göstərirlər. Baş verən silahlı qarşıdurmada Səttar xan ayağından yaralanır. Səttar xanın qoşunlarına Tehrandan çıxmağa imkan verilmir. Nəhayət, 1914-cü ilin noyabr ayının 9-da aldığı güllə yarasından Səttar xan 48 yaşında vəfat edir və Tehrannın Şah Əbdüləzim qəbiristanlığında dəfn olunur. Qəbri 1924-cü ildə inqilabçılar tərəfindən təmir edilir.
1920-1921 illərdə Güney Azərbaycanda Heydər Xan Əmoğlu hərəkatı başlamışdır. Bir müddət Bakıda elektrik mühəndisi işləmiş Əmoğlu 1904-cü ildə Tehrana gəlmiş və Müzəfərəddin şahın parlamentin təşkili ilə bağlı fərmanından sonra yaradılan silahlı hissələrin təşkilində fəal iştirak etmişdir. Tehran İnqilab Komitəsi Məmmədəli şaha və ona havadarlıq edən ingilis-rus imperialistlərinə qarşı durmaq məqsədilə Mücazat Komitəsi yaratdı və komitənini rəhbərliyinə Heydər Əmoğlunu gətirdi.
Səttar xan hərəkatı zamanı səngərlərdə vuruşan Heydər Xan Əmoğlu 1909-cu ildə Səttar xan və Bağır xanla birlikdə Tehrana getmişdir. Onların başına gələn hadisələrdən sonra Əmoğlu fəaliyyətə başlamışdır. Altı dil bilən Heydər Xan əvəzsiz partizan döyüşləri ustası kimi şöhrət qazanmış, düşmənə ağır zərbələr vurmuşdu.
İngilislərin dayağı ilə hərbi məktəb görmədən rütbələr qazanmış Rza Xan nazir olan kimi əli altındakı rus kazaklarını Gilana, Əmoğlunun üstünə yollamışdır. Sonra casuslarını işə salıb Heydər xanın tərəfdarlarını onun əleyhinə çevirə bilmişdir. Gilanda antiimperialist partizan hərəkatının təşkilatçısı və rəhbəri olan, Heydər xanla silahdaşlıq edən Mirzə Kiçik Xanı ələ alınıb onun vasitəsilə Əmoğluna tələ qurdurmuşdur.
Rəşt yaxınlığındakı Pəsixan qəsəbəsində ağır yaralanan Əmoğlu Mirzə Kiçik Xanın adamları tərəfindən tutuldu. Bir müddət onların əlində dustaq qaldıqdan sonra Müəyyənül Rəaya adlı bir xain tərəfindən işgəncə ilə həlak edildi.
Rusiyada mütləqiyyətin devrilməsi İranda və Cənubi Azərbaycanda xalq hərəkatının yenidən başlanmasına təkan verdi. Cənub Azərbaycanda hərəkata Şeyx Məhəmməd Xiyabaninin rəhbərlik etdiyi Əyalət Komitəsi istiqamət verirdi.
1917-ci il avqust ayında İDP-nin Azərbaycan Əyalət Komitəsinin konfransı keçirildi. Konfransda Ş.M.Xiyabaninin rəhbərliyi ilə ADF yaradıldı. ADF-nin Mərkəzi Komitəsi xariciləri ölkədən qovmaq və demokratik İran hüdudlarında Cənubi Azərbaycana muxtariyyət verilməsi uğrunda mübarizə aparırdı.
1917-ci ildə xalq hərəkatının genişlənməsi nəticəsində baş nazir Vüsuqüddövlə istefa verdi. Lakin o, ingilislərin köməyi ilə yenidən hakimiyyətə gəldi. 1919-cu il 9 avqustda İran və İngiltərə arasında müqavilə bağlandı. Bu müqavilə İranı siyasi və iqtisadi cəhətdən İngiltərədən asılı hala salmaqla yanaşı, Cənubi Azərbaycanda demokratik hərəkata yeni təkan verdi. 1920-ci il 7 apreldə Təbrizdə üsyan başladı. Üsyana Xiyabani başda olmaqla İctimai İdarə Heyəti rəhbərlik edirdi. 1920-ci il iyunun 24-də Təbrizdə Milli hökumət yaradıldı.
İranda və Cənubi Azərbaycanda baş verən hadisələrdən narahat olan ingilislər irticaçılar və daxildəki xəyanətkar qüvvələrlə birləşdi. İngilislərin köməyi ilə hərəkat sentyabrın 14-də yatırıldı. M.Xiyabanı öldürüldü. Yüzlərlə üsyançı həbs, edam və sürgün edildi.
Məhəmməd Təqi Xan Püsyan Şeyx Məhəmməd Xiyabaninin başçılıq etdiyi Azadıstan Hərəkatında şöhrət qazanmışdır. O, Almaniyada hərbi bilik qazanmış, 1920-ci ildə Tehrana qayıtmışdı.
Rza Şah Məhəmməd Təqi Xanı Şeyx Məhəmməd Xiyabaninin Azadıstan Dövlətini süqut etdirmək üçün Azərbaycana yollamaq istəsə də, o bunu qəbul etməmiş və Xorasan vilayətinin hərbi komandirliyinə təyin edilmişdir.
Məhəmməd Təqi Xan tezliklə Xorasandakı özbaşınalığa son qoymuşdur. Bu işlər xalq tərəfindən alqışlansa da, o vaxtlar Xorasan valisi olan Vüsuquddövlənin qardaşı olan Əhməd Qəvəmüssəltənə ilə ingilis konsulunu narahat edirdi.
1920-ci ildə Məhəmməd Təqi Xan Xorasanda üsyan bayrağını qaldırdı və 1921-ci il aprel ayında müstəqillik elan etdi. Əmri altındakı jandarm hissələrinin sayını artırıb milli orduya çevirdi və milli ordu “Fədai” adlandırıldı.
Məhəmməd Təqi Xan kəndlilərin dövlətə olan borclarını bağışladı, böyük torpaqları bölərək olmayanlara payladı.
Məhəmməd Təqi Xan Püsyanın həyata keçirdiyi islahatlar xüsusilə ingilisləri maddi mənafeləri cəhətdən lərzəyə gətirmişdi. Buna görə də ingilislər mürtəce din adamlarına pul verib Məhəmməd Təqi haqqında uydurma yalanlar yaydılar. Sonra da 4000 nəfərlik bir ordunu ağır silahlarla təchiz edərək Xazai adlı bir mürtəcenin rəhbərliyi ilə Xorasana yolladılar.
Məhəmməd Təqi Xan Püsyan birləşmiş ordu ilə rəşadətlə döyüşsə də, Səttar xan, Bağır xan, M. Xiyabani, Heydər xan Əmoğlu kimi xəyanətlə üzləşdi və ürək ağrıdan şəkildə qətlə yetirildi.
XIX əsrin ikinci yarısında maarifçilik hərəkatı geniş yayılmışdı. Bu dövrdə Şimali Azərbaycanda milli burjuaziya zəif olduğundan vahid, istiqamətverici təşkilat yox idi. Maarifçilik hərəkatının nümayəndələri xalqın xoş gələcəyini maarifə, elmə çağırmaqda, cəhalətdən qurtarmaqda görürdülər. Bu istiqamətdə M.F.Axundov, H.B.Zərdabi, N.Nərmanov, Ə.b.Ağayev, Ə.b. Hüseynzadə və başqaları çox işlər görmüşlər.
1988-1989-cu illərdə Şimali Azərbaycanda milli azadlıq hərəkatı başladı. İlk etiraz mitinqi 1988-ci il fevralın 19-da Bakıda başladı. Dekabrın 4-də hakimiyyət orqanları mitinqi ordunun köməyi ilə dağıtmağa nail oldular.
1988-1990-cı illərdə Azərbaycanda başlanmış milli demokratik hərəkat qızğın şəkildə ölkənin müstəqilliyinin bərpasına istiqamətlənmişdi. 1989-cu il sentyabrın 23-də Suverenlik haqqında qərar qəbul edən Azərbaycan bu işdə sovet respublikaları arasında birincilərdən idi. Bu hərəkatı yatırmaq məqsədilə 1990-cı il yanvarın 20-də sovet qoşunları Azərbaycana yeridildi. Törədilən vəhşiliklər nəticəsində yüzlərlə Azərbaycan vətəndaşı həlak oldu və yaralandı. Ölkədə 1991-ci ilin ortalarınadək davam edən fövqəladə vəziyyət elan olundu. Bu uğursuzluqlara baxmayaraq Azərbaycan xalqının vətənpərvər qüvvələrinin müstəqillik uğrunda dönməz mübarizəsi 1991-ci il avqustun 31-də Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən dövlət müstəqilliyinin bərpa edilməsi haqqında Bəyannamənin qəbul olması ilə nəticələndi.
1989-cu il dekabrın 8-də Cəlilabadda fasiləsiz mitinqlər, tətillər başladı. Bakıdan gətirilmiş milis dəstələri həbslərə başladı. Qəzəblənmiş xalq rayon partiya komitəsinin, daxili işlər şöbəsinin binasını dağıtdılar. Dekabrın 29-da “xalq hökuməti” adlanan qurum fəaliyyətə başladı. Toqquşmalarda 15-dən çox adam yaralandı.
Başqa rayonlarda hadisələr əsasən dinc yolla inkişaf etmişdir. 1989-cu ilin noyabr-dekabr aylarında Sabirabad və Ağcabədi rayonlarında xalq hərəkatı yerli rəhbərlərin istefası ilə nəticələndi. Naxçıvan MSSR-də də belə oldu.
1989-cu il dekabrın 31-də Naxçıvan MSSR-də Araz çayı boyu 137 km Sovet-İran sərhəd qurğuları dağıdıldı. Hər iki tərəfdən sərhədə toplaşanlar Arazı keçib görüşdülər. 1990-cı il yanvarın 7-də isə SSRİ-Türkiyə sərhədində həyəcanlar oldu. Yanvarın 18-də Biləsuvar və Cəlilabad rayonlarında sərhəd qurğuları dağıdıldı. Əhali cənublu qan qardaşları ilə görüşdü.
Milli-azadlıq hərəkatının güclənməsi
Müstəmləkə sisteminin süqutu.İkinci Dünya müharibəsindən sonra müstəmləkə problemi ən aktual məsələlərdən biri idi. Hətta, 1945-ci ildə İngiltərə, SSRİ və ABŞ hökumət başçılarının razılığı ilə San-Fransisko konfransının gündəliyinə müstəmləkə problemi barədə xüsusi məsələ salındı. Konfransın təsis etdiyi BMT-nin nizamnaməsinə müstəmləkə xalqlarının “özünüidarə və müstəqillik” əldə etməsi ideyası daxil edildi.
Demokratik qüvvələrin müharibədə qələbəsi və müstəmləkə probleminin ən vacib beynəlxalq məsələyə çevrilməsi müstəmləkə və asdı ölkələrdə milli-azadlıq hərəkatına yeni vüsət verdi. 1946-cı ilin aprelində fransız qoşunları Suriyadan, dekabrda isə Livandan çıxarıldılar. İordaniyada, Misirdə, İraqda, Fələstində ingilislərə qarşı milli-azadlıq hərəkatı başlandı. 1946-cı ilin mayında İngiltərə Transiordaniyaya (1950-ci ildən İordaniya) müstəqillik verdi. 1947-ci ilin noyabrında BMT-nin Baş Məclisi Fələstinin ərəb və yəhudi hissələrinə bölünməsi və Qüdsün (Yerusəlim) beynəlmiləlləşdirilməsi barədə qərar qəbul etdi. 1948-ci ilin may ayında paytaxtı Tel-Əviv şəhəri olmaqla müstəqil İsrail dövləti yaradıldı. Fələstinlilərin müstəqil dövlət yaratmalarına imkan verilmədi. O vaxtdan etibarən Yaxın Şərq yəhudilərlə ərəblər arasında münaqişə meydanına çevrilmişdir. 1949-cu ildə İsrail və Ərəblər arasında sülh sazişi imzalansa da, problem hələ də qalmaqdadır. Ərəblərin vahid cəbhədə birləşə bilməməsi və iri dövlətlərin bölgədəki qarşıdurma siyasəti üzündən problemin həlli hələ də uzanmaqdadır.Münaqişə ilə əlaqədar bir milyona kimi fələstinli öz doğma torpaqlarından qaçqın düşdülər. Əlavə Fələstin qaçqınları problemi yaranmışdır.
Müharibədən sonra Misirdə ingilislərə qarşı azadlıq mübarizəsi başladı. Əvvəlcə hərəkata ölkədə çox böyük nüfuza malik olan «Bəfd» partiyası başçılıq edirdi. 1952-ci ildən azadlıq hərəkatına Kamal Əbdül Nasirin başçılıq etdiyi «Azad zabitlər» təşkilatı rəhbərlik etməyə başladı. 1952-ci ilin iyulunda Misirdə kral hakimiyyəti devrildi. 1953-cü ildə Misir respublika elan edildi. 1954-cü ildə K.Əbdül Nasirin tərəfdarları hakimiyyətə gəldilər, 1954-cü ilin oktyabrında ingilis qoşunlarının Misirdən çıxarılması barədə müqavilə imzalandı. Bununla da Misir İngiltərənin 74 illik müstəmləkə asılılığından azad oldu, 1956-cı ilin yayında K.Ə.Nasir müstəqil Misirin prezidenti oldu,
Camal Əbdül Nasir (1918-1970), Misirin dövlət və siyasi xadimi. Kəndli ailəsində anadan olmuşdur. 1934-cü ildə hələ tələbə ikən Qahirə üsyanında iştirak etmişdi. Qahirə universitetində, sonra isə hərbi Akademiyada təhsil almışdır. İkinci dünya müharibəsi dövründə «Azad zabitlər» qrupunu yaratmışdı. 1948-ci ilin mayında İsrailə qarşı Fələstin müharibəsində iştirak etmişdi. 1952-ci ildə monarxiyaya qarşı «Azad zabitlər» təşkilatının üsyanının başçılarından olmuşdur, 1956-cı ildə Misir Ərəb Respublikasının prezidenti seçilmiş və ölənə kimi o, vəzifəni tutmuşdur.
Cənub-Şərqi Asiyada və Okeaniyada da milli azadlıq hərəkatı yüksəldi. 1945-ci ildə İndoneziya müstəqillik qazandı. Həmin ildə Vyetnamda müstəqil demokratik respublika yarandı, 1947-ci ilin avqustunda İngiltərə Hindistana, Pakistana, 1948-ci ildə Seylona (indi Şri-Lanka) əvvəlcə dominion, sonra isə müstəqillik verməyə məcbur oldu. 1948-ci ilin yanvarında Birma müstəqilik əldə etdi. 1949-ci ildə Çində, 1950-ci ildə Koreyada xalq inqilabları baş verdi. Onlar asılı vəziyyətdən çıxdılar. 1957-ci ildə Malayziya, Laos, Kamboca müstəqillik əldə etdilər.
Beləliklə, müharibədən keçən 10 il müddətində 1,2 milyard əhali müstəmləkəçilikdən azad oldu. Dünya xəritəsində 15 suveren dövlət meydana gəldi ki, onlarda da keçmiş müstəmləkələrdə olan əhalinin 4/5-ü yaşayırdı. Bu, müharibədən sonra müstəmləkə sisteminin süqutunun ilk mərhələsi idi.
50-ci illərin ortalarından etibarən müstəmləkə sisteminin dağılmasının yeni mərhələsi başlandı. Bu, müstəmləkə sisteminin klassik formasında olan, metropoliyalardan bilavasitə asılı və onlar tərəfindən idarə olunan ərazilərin azad olması mərhələsi idi. Onlar əsasən Afrika qitəsində yerləşirdilər, Deməli, qara Afrika ayılmağa başlamışdı.
Qeyd edək ki, İkinci Dünya müharibəsinin sonu üçün Afrika kontinentində olan Misir, Efiopiya, Liberiya və Böyük Britaniyanın dominonu Cənubi-Afrika İttifaqı rəsmi olaraq müstəqil hesab olunurdular. Lakin Afrikanın İngiltərə, Belçika, Portuqaliya, İspaniya, İtaliya arasında bölüşdürülmüş ərazisinin çox böyük hissəsində müstəmləkəçilik hökm sürürdü. 1950-ci illərin axırları-1960-cı illərin əvvəllərindən etibarən onlarda da müstəmləkəçilikdən azad olmaq uğrunda mübarizə başladı. 1957ci ildə Afrikada İngilis müstəmləkəsi Qızıl Sahil (sonra Qana) öz müstəqilliyini elan etdi. 1958-ci ildə Qvineya Fransadan müstəqillik aldı.
BMT-nin keçmiş müstəmləkələrə müstəqillik vermək barədə 1960-cı ildə qəbul etdiyi Bəyannamədən sonra Afrikada müstəmləkəçiliyə qarşı mübarizə genişləndi. 1960-cı il tarixə Afrika ili kimi daxil oldu. Həmin ildə kontinentin mərkəzi və qərb hissəsində 17 ölkə müstəqillik qazandı. Fransanın əlində olan Qərbi və Ekvatorial Afrikasında Fil Dişi sahili, Daqameya, Yuxarı Volta, Niger, Seneqal, Qabon, Çad və b. müstəqillik əldə etdilər. Belçika Konqosu (Mərkəzi Kinşasa) müstəqillik qazandı. 1960-cı illərdə İngiltərənin Nigeriya, Syerra-Leone, Uqanda, Keniya, Tanqanika, Zənzibar (Tanzaniya adı ilə), Zambiya, Belçika Konqosu (Zair) kimi müstəmləkələri müstəqillik əldə etdilər. Fransanın keçmiş müstəmləkəsi Fransa Konqosu (mərkəzi Brazzavil) müstəqillik aldı.
1962-ci ildə Əlcazair azadlıq əldə etdi. Afrikada milli-azadlıq hərəkatının, müstəmləkəçilikdən azad olmaq uğrunda mübarizənin genişlənməsi və möhkəmlənməsində 1963-cü ildə yaradılmış Afrika Birliyi Təşkilatının mühüm rolu olmuşdur.
Ümumən, 1961 -1970-ci illərdə 30 müstəmləkə ölkəsi müstəqillik qazandı.
Müstəqillik uğrunda mübarizə 70-ci illərdə də davam etmişdi. 1973-cü ildə müstəqil Konqo Xalq Respublikası yaradıldı, Efiopiya da tam müstəqillik əldə etdi. 1974-cü ildə Qvineya-Bisau, 1975-ci ildə Anqola, Mozambik, Yaşıl Burun adaları müstəqillik qazandılar. Artıq 1975-ci il üçün Afrika qitəsi müstəmləkəçilikdən azad olmuşdu. İkinci dünya müharibəsinədək Afrikada yalnız Misir, Efiopiya, Liberiya, və Cənubi Afrika İttifaqı rəsmən müstəqil dövlət idisə, müharibədən sonra Afrika ölkələrinin əksəriyyəti istiqlaliyyət əldə etmişdi.
Milli-azadlıq hərəkatı İngiltərənin, Fransanın, Niderlandın Qərb yarımkürəsindəki kiçik müstəmləkələrini də bürüdü. İngiltərənin Yamayka, Trinidad, Barbados, Britaniya Qvineyası (Qayana adını almış), Niderlandın Surinam, Antil adalarının Niderlanda məxsus hissəsi, Fransanın Martinika, Qvadelupa, Fransa Qvianası istiqlaliyyət qazandılar. Nəhayət, 70-ci illərdə ən qədim müstəmləkə imperiyası olan Portuqaliya imperiyası dağıldı.
Müharibədən sonra Latın Amerikası ölkələrində də ABŞ-m rolu çox gücləndi. ABŞ müharibədən sonrakı 15 il ərzində Latın Amerikası iqtisadiyyatına 5 milyard dollar sərmayə qoymuşdu. ABŞ Venesuela neftinə, Braziliya kofesinə, Çili misinə qoyduğu sərmayə hesabına 20 milyard dollar gəlir əldə etmişdi.
Latın Amerikası dövlətləri ABŞ asılılığından xilas olmaq uğrunda mübarizəyə qalxdılar. Həmin ölkələrdə tez-tez dövlət çevrilişləri, burjua-demokratik və xalq inqilabları baş verirdi. 1956-1959-cu illərdə Kubada kommunist çevrilişi, Argentina və Meksikada burjua çevrilişləri, 1962-ci ildə Peruda, Ekvadorda, Qvatemalada, Hondurasda, 1965-ci ildə Dominikan Respublikasında dövlət çevrilişləri olmuşdu. 1970-ci ilin sentyabrında seçkilər yolu ilə Çilidə Xalq Birliyinin namizədi Salvador Alyende hakimiyyətə gəldi. Lakin 1973-cü ildə hərbi xuntanın başçısı general A.Pinoçet silah yolu ilə onun hakimiyyətini devirdi və hakimiyyəti öz əlinə aldı. Xuntanın hakimiyyəti 1997-ci ilədək davam etmişdi.
Latın Amerikası ölkələri xalqlarının müstəmləkəçiliyə, iqtisadi asılılığa qarşı suverenlik uğrunda «ikinci inqilab» adı ilə apardıqları inadlı mübarizəsi hədər getmədi, onların sonrakı inkişafına həlledici təsir göstərdi. 80-cı illərdə həmin ölkələrdə demokratik rejimlər bərpa olunmağa başladı. 1980-cı ildə Peruda, 1982-ci ildə Boliviyada, 1985-ci ildə Braziliyada, Qvatemalada, Hondurasda, Uruqvayda, 1998-ci ildə Çilidə demokratik rejimlər bərpa olundu. Kubadan başqa bütün Latın Amerikası ölkələrinin tarixində ilk dəfə burjua demokratik quruluşu bərqərar oldu.
Qəraib hövzəsində də 14 ölkə ingilis, fransız və Niderland müstəmləkəçiliyindən azad oldular.
Dünyada böyük müstəmləkə ölkələrindən biri də Rusiya idi. 1917-ci ildə monarxiya və burjuaziya hakimiyyəti devrildikdən sonra yaranmış sovet rejimi də çarizmin müstəmləkəçilik ənənəsini davam etdirmişdi. O, keçmiş çarizm məkanında yaşayan qeyri rus millət və xalqları qondarma «könüllülük» prinsipi əsasında SSRİ adı altında birləşdirmişdi. 80-ci illərin sonundan etibarən burada da milli-azadlıq hərəkatı başlandı. Nəhayət, 1991ci ildə, SSRİ yaradılandan 69 il sonra daxili və xarici siyasi proseslərin təsiri nəticəsində Sovet İttifaqı süqut etdi. Vaxtilə rəsmən «könüllü» olaraq SSRİ-də birləşmiş müttəfiq respublikalar: Latviya, Litva, Estoniya, Ukrayna, Belorusiya, Moldaviya, Gürcüstan, Azərbaycan, Ermənistan, Qazaxıstan, Tacikistan, Özbəkistan, Qırğızıstan və Türkmənistan onun tərkibindən çıxaraq müstəqillik əldə etdilər. Onlar da müstəqil, suveren dövlət oldular.
Beləliklə, təqribən 400 il ərzində zaman-zaman formalaşan müstəmləkə sistemi ikinci dünya müharibəsindən sonra dağıldı. Dünyanın 2 milyard nəfər əhalisi müstəmləkə əsarətindən azad oldu. Dünyanın xəritəsində 130-a yaxın inkişaf etməkdə olan ölkə meydana gəldi. Əgər 1917-ci ilə kimi müstəmləkə və asılı ölkələr dünya ərazisinin 3/4 və dünya əhalisinin 2/3-sini təmsil edirdilərsə,
80-cı illərin axırında dünya ərazisinin 0,15 və əhalisinin 0,3 faizi onların payına düşürdü.
Comments are closed, but trackbacks and pingbacks are open.