Press "Enter" to skip to content

Milli mətbuatımız

1920-ci il AXC-nin süqutundan sonra bolşeviklər bütün sahələr kimi, mətbuatı da tam nəzarətə götürdülər. Repressiyanın tüğyan etdiyi, azad sözün olmadığı bir şəraitdə də xalqını, millətini sevən fədakar mətbuat işçilərı sətiraltı olsa da öz fəaliyyətləri ilə milli şüurun oyanmasına, demokratik təfəkkürün formalaşmasına müstəsna xidmətlər göstərdilər.

Milli Azərbaycan mətbuatının yaranması və inkişafı

22 iyul 2021-ci il tarixində Azərbaycan milli mətbuatının 146-cı ildönümü tamam olur. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə, təsisçi və baş redaktor kimi, Həsən bəy Zərdabi tərəfindən, 22 iyul 1875-ci ildə əsası qoyulan “Əkinçi” qəzetinin nəşrə başladığı gün ölkəmizdə Milli Mətbuat və Jurnalistika Günü kimi qeyd olunur. Tarixə nəzər salsaq görərik ki, zəngin ənənələrə malik olan milli mətbuatımız mürəkkəb, lakin şərəfli inkişaf yolu keçmişdir.

Beləliklə, 1875-1877-ci illər ərzində fəaliyyət göstərən “Əkinçi” qəzetin 56 nömrəsi işıq üzü görüb və bütün Qafqazda əks-səda doğurub. Qəzet xalqımızın milli oyanışında, milli birliyinin möhkəmlənməsində böyük rol oynayıb, lakin Çar Rusiyasının hakim dairələrini narahat edib və iki ilə fəaliyyəti dayandırılıb.

1918-ci ildə müsəlman Şərqində ilk demokratik və dünyavi dövlət olan Azərbaycan Xalq

Cümhuriyyətinin yaranması ilə milli mətbuatın inkişafında ikinci mühüm mərhələ başlandı. Cümhuriyyyətin 23 aylıq fəaliyyəti dövründə söz, fikir, mətbuat azadlıqlarının inkişafı istiqamətində müəyyən addımlar atıldı, “Mətbuat haqqında Nizamnamə” qəbul edildi. 1918-ci il iyulun 3-də Azərbaycan Cümhuriyyəti hökuməti “Azərbaycan Cümhuriyyəti hökumətinin xəbərləri”nin nəşri haqqında qərar qəbul etdi. Həftədə iki dəfə nəşr olunan hökumət xəbərlərində əsasən rəsmi qərarlar, əmrlər, təlimatlar dərc edilirdi.

Azərbaycan mətbuatının üçüncü mühüm dövrü sovet hakimiyyəti illərinə təsadüf edir. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan və Bakıda bolşevik hökumətinin qurulmasından

Sonra Respublikada müstəqil və demokratik mətbuat ənənələrinə, demək olar ki, son qoyuldu, Xalq Komissarlığı Soveti 2 ay ərzində 90-dan çox qəzetin fəaliyyətini dayandırdı və nəticədə ədəbiyyat və nəşriyyat üzərində senzura rolunu oynayan “Qlavlit” yarandı, həmin quruma mətbuatda hərbi və dövlət sirlərini qorumaq səlahiyyəti də verilmişdi.

Nəhayət, Ümummilli Lider Heydər Əliyevin sovet Azərbaycanına rəhbərlik etdiyi vaxtdan etibarən mətbuata ideoloji basqılar azaldı, qəzet və jurnalların müstəqilliyi xeyli dərəcədə təmin olundu. Ulu Öndərin prinsipial və qətiyyətli mövqeyinə istinad edən Respublika mətbuatı

o illərdə müxtəlif sahələrdəki problemlərlə bağlı çox cəsarətli, qətiyyətli yazılar dərc edirdi, cəmiyyətdəki nöqsanlar əksər hallarda kəskinliyi ilə oxucuların diqqətinə çatdırılır, inkişafa mane olan amillər açıq göstərilirdi. Ulu öndər Heydər Əliyev demokratik ruhlu rəhbər kimi mətbuata müsahibəsində cəmiyyətin bu və digər nöqsanlarını açıq qeyd edirdi. Məsələn, 1981-ci ildə “Literaturnaya qazeta”da dərc olunmuş məşhur “Qoy, ədalət zəfər çalsın!” sərlövhəli müsahibəsində Ulu öndər Heydər Əliyev sovet cəmiyyətinin nöqsanlarını, qlobal problemlərini açıb göstərmişdir.

Demək olar ki, jurnalistikamızın inkişafında dördüncü mərhələ ötən əsrin 90-cı illərinin əvvəllərinə – Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonrakı dövrə təsadüf edir. Etiraf etməliyik ki, müstəqilliyin ilk illərində müəyyən obyektiv və subyektiv səbəblər üzündən ölkənin yeni formalaşan mətbuat orqanları ciddi məhrumiyyətlərlə, çətinliklərlə üzləşmişdilər.

Həmin dövrdə ölkədə hökm sürən gərgin ictimai-siyasi vəziyyət, Ermənistanın hərbi təcavüzünün doğurduğu ağır sosial-iqtisadi və psixoloji durum, iqtisadi tənəzzül fikir, söz, mətbuat azadlıqlarının təmin edilməsinə, ciddi maneələr yaradırdı. 1992-ci ildə hərbi senzuranın tətbiqi adı altında mətbuat üzərində nəzarət daha da gücləndirilmişdi.

Azərbaycan mətbuatının inkişafında keyfiyyətcə yeni mərhələ Ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın istəyi ilə hakimiyyətə qayıdışından sonrakı dövrdə başlandı, Azərbaycanın xilaskarı Heydər Əliyev qayıdışı ilə Azərbaycan üçün ümummilli baxımdan ciddi nəticələr verdi və bu hadisə nəticə etibarilə milli müstəqil dövlətimizin həyatında dönüş nöqtəsi oldu.

Həmin dövrdən Respublikada mətbuat orqanlarının azad fəaliyyəti və inkişafı yolunda süni maneələrin aradan qaldırılması, qanunvericilik bazasının təkmilləşdirilməsi, qəzetlərin

maddi-texniki təchizatının yaxşılaşdırılması sahəsində ardıcıl tədbirlərin həyata keçirilməsinə şərait yaradıldı.

Ümummilli Lider Heydər Əliyev, demokratik dəyərləri, insan hüquq və azadlıqlarını, sosial

ədalət prinsipini uca tutan rəhbər kimi, kütləvi informasiya vasitələrinin cəmiyyətdəki roluna

hər zaman böyük önəm verirdi. Ümummilli Liderin rəhbərliyi altında hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunu özünün inkişaf modeli kimi qəbul edən Azərbaycan 1993-cü ildən insan hüquqları, söz və mətbuat azadlığının təmin edilməsi ilə bağlı bir sıra beynəlxalq konvensiyalara, sazişlərə qoşuldu. 1995-ci ildə ümumxalq referendumu ilə qəbul edilmiş Azərbaycan Respublikasının ilk milli Konstitusiyasının 50-ci maddəsində hər kəsin İnformasiya əldə etmək hüququ təmin edildi. Bu müddəanın Konstitusiyaya daxil edilməsi Azərbaycanın demokratik inkişaf kursu ilə yanaşı, Respublikamızın qoşulduğu beynəlxalq müqavilələrdən irəli gəlirdi.

Bütün bunlarla yanaşı, Ümummilli Lider, ölkə mətbuatının qüsurlarını, problemlərini də hər zaman açıq şəkildə bildirir, jurnalistləri milli-mənəvi, etik dəyərlərə riayət etməyə çağırırdı. Ulu Öndər Heydər Əliyev kütləvi dövlətin informasiya vasitələrinin fəaliyyətinin daha da müstəqilləşməsi, demokratikləşməsi istiqamətində apardığı siyasətin hüquq islahatlarının ayrılmaz hissəsi olduğunu vurğulamış, bu sahədə qarşıda duran vəzifələrdən dəfələrlə fikirlərini bildirmişdir.

Bu gün Azərbaycan dünyada dinamik inkişaf edən, müasir, beynəlxalq aləmdə böyük nüfuza malik, demokratik islahatların daha da dərinləşdiyi ölkəyə çevrilmişdir. Mövcud reallıqlar kütləvi informasiya vasitələrinin, o cümlədən milli mətbuatımızın qarşısında da bir çox yeni

Prezident İlham Əliyev çıxışlarında qeyd etdiyi kimi, bu gün Azərbaycan mediası müasir

cəmiyyət quruculuğunda, milli həmrəyliyin və tolerantlığın möhkəmləndirilməsində, demokratik özünüdərkin inkişafında, milli mənəvi dəyərlərin qorunub saxlanması və təbliğində daha təsirli rol oynamalı, qlobal informasiya məkanının, müasir informasiya – kommunikasiya texnologiyalarının yaratdığı imkanlardan səmərəli istifadə edərək fəaliyyət sahəsini genişləndirməli, beynəlxalq aləmdə tanınmalı və Azərbaycanın haqlı səsini dünya ictimaiyyətinə çatdırmağı bacarmalıdır.

Eyni zamanda, öz tarixi dəyərlərini, jurnalistikada “Əkinçi” ənənələrini yaşadaraq, peşəkarlıq, obyektivlik, qərəzsizlik, yüksək milli şüur və vətənpərvərlik prinsiplərini rəhbər tutmalıdır.

Ölkəmizin başçısı İlham Əliyev azad sözün hamisidir: “Doğrudan da böyük əlamətdar bir tarixdir. Biz fəxr edə bilərik ki, milli mətbuatımızın böyük tarixi var. Bu, bizim böyük sərvətimizdir, dəyərimizdir. Ancaq bu da həqiqətdir ki, müstəqillik dövründə Azərbaycan mətbuatı tam azad və müstəqil mətbuat kimi fəaliyyət göstərməyə başlamışdır. Bu barədə dəfələrlə danışmışıq, xüsusilə 1998-ci ildə Prezident Heydər Əliyevin tarixi Fərmanı ilə senzuranın ləğv olunması mətbuat üçün yeni dövr açdı və Azərbaycan mətbuatı artıq tam şəkildə azad mətbuat kimi fəaliyyət göstərməyə başlamışdır.” Prezidentimiz İlham Əliyev, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu ənənələri uğurla davam etdirməklə, mətbuat orqanlarının maddi-texniki bazasının gücləndirilməsi, jurnalist əməyinin qiymətləndirilməsi istiqamətində atdığı addımlarla öz mövqeyini təsdiq edib.

Bugünkü mətbuat, dövlətin iqtisadi imkanlarına və ictimai şüurun yetkinlik səviyyəsinə

uyğun olaraq təkmilləşir, dövrün aktual çağırışlarını düzgün dəyərləndirə bilir. Müstəqil Azərbaycan demokratik inkişaf yolu seçən ölkə kimi, mətbuatın dövlət və cəmiyyət həyatındakı roluna mühüm önəm verir, onun müstəqilləşməsi, mövcud problemlərinin həlli istiqamətində ardıcıl tədbirlər həyata keçirir və Prezidentimiz mətbuata qayğısı ilə jurnalistlərin

dostu olduğu halda, Azərbaycan mətbuatı inkişaf yolundadır.

Bütün Azərbaycan jurnalistlərini milli mətbuatımızın 146-cı ildönümü münasibətilə təbrik edir, hər birinizə can sağlığı və yaradıcılıq uğurları arzulayıram!

Natavan Rüstəmova

“Suraxanı Gənclər Evi” Sosial Xidmət Müəssisəsinin direktoru

Milli mətbuatımız

MİLLİ MƏTBUAT GÜNÜ

Azərbaycanda milli mətbuatın, ana dilində ilk qəzetin nəşrə başlamasının 147 ili tamam olur. 1875-ci ilin 22 iyulunda görkəmli maarifçi, təbiətşünas alim, publisist, mütəfəkkir Həsən bəy Zərdabinin əsasını qoyduğu “Əkinçi” qəzeti ilə xalqımızın milli oyanışında yeni səhifə açılıb.

Vətənpərvər ziyalı Həsən bəy Zərdabi böyük əzab-əziyyətdən sonra ana dilində ilk qəzetin çapına müvəffəq olmuşdu. 1875-ci ilin 22 iyul tarixindən 1877-ci ilin 29 sentyabr tarixinə qədər çapını davam etdirən “Əkinçi” ayda iki dəfə 300-400 tirajla nəşr edilib. Bu müddət ərzində qəzetin 56 nömrəsi işıq üzü görüb.

“Əkinçi” qəzetində dövrün görkəmli alim və ziyalılarının – Nəcəf bəy Vəzirovun, Moskvadan Əsgər ağa Goraninin, Şamaxıdan Məhəmmədtağı Əlizadə Şirvaninin, Dərbənddən Heydərinin göndərdikləri məktublar, Seyid Əzim Şirvaninin şeirləri və Mirzə Fətəli Axundzadənin “Vəkili-naməlumi millət” imzası ilə məqalələri dərc olunurdu.

Azərbaycan milli mətbuatının zəngin inkişaf yolu ictimai fikir tariximizin mühüm bir hissəsidir. Milli mətbuatımız “Əkinçi” ilə başlanan maarifçilik, yeniləşmə, çağdaş mədəni təfəkkür xəttini davam etdirərək xalqımızın milli özünüdərkində, milli oyanış prosesində müstəsna rol oynayıb. Zərdabi və onunla birlikdə bu qəzetdə əməyi olan maarifpərvər yazarlar xalqı cəhalət və qəflət yuxusundan oyatmağa çalışırdılar. Təbii ki, bütün bunlar dövrün hakim dairələrini rahatsız etməyə bilməzdi. Üstəlik, çarizmin diktəsi ilə özlərini “ziyalı” sayan bəzi üzdəniraqlar da “Əkinçi”nin üzərinə hücuma keçirdilər. Beləliklə, 1877-ci il sentyabrın 29-da “Əkinçi” öz nəşrini dayandırmağa məcbur oldu. Azərbaycan milli mətbuatının təməlini qoyan bu qəzet, ikiillik ömür yaşasa da, xalqın milli və müasir ruhda tərbiyə olunmasında çox böyük rol oynadı. “Əkinçi”dən sonra onun yolunu milli mətbuatın yeni səhifələrini açan “Ziya”, “Kəşkül”, “Kaspi” və digər qəzetlər davam etdirdi.

Mətbuat özlüyündə cəmiyyətin aynası, ictimai şüurun, mənəviyyatın inikasıdır. Bu baxımdan Azərbaycan milli mətbuatı tarixinin ilk səhifələrindən həm də milli-mənəvi dəyərlərimizin daşıyıcısı, fəal təbliğatçısı və qoruyucusu kimi məsul bir missiyanı da yerinə yetirib. Həsən bəy Zərdabinin fəaliyyəti bu baxımdan böyük örnəkdir. Zərdabi 1873-cü ildə peşəkar milli teatrımızın yaranmasında, ilk teatr tamaşasının hazırlanmasında yaxından iştirak etmişdi. O, mütəfəkkir bir ziyalı kimi xalq yaradıcılığına dərindən bələd idi, folklor musiqi nümunələrimizi toplayır, “Əkinçi” qəzetində dərc etdirir, həmçinin dövrün ziyalılarını bu təşəbbüsə qoşulmağa çağırırdı. “Əkinçi” fəaliyyətini dayandırandan sonra da Zərdabi bu yöndə fəaliyyətini davam etdirirdi və 1901-ci ildə ilk dəfə “Türk nəğmələri məcmuəsi”ni nəşr etdirərək bu zəngin mənəvi xəzinəmizin qorunub saxlanmasına töhfəsini verdi.

Bu gün müstəqillik yolu ilə inamla irəliləyən və hərtərəfli inkişaf edən Azərbaycanda söz və mətbuat azadlığının təmin olunması istiqamətində ciddi addımlar atılır, bu sahənin inkişafı ilə bağlı bir sıra uğurlu layihələr həyata keçirilir. Söz və mətbuat cəmiyyətin və dövlətin demokratik inkişaf göstəricisi kimi qəbul olunur. Kütləvi informasiya vasitələri, qəzetlər, jurnallar, teleradiolar, informasiya agentlikləri və informasiyanın müntəzəm formada yayıldığı digər vasitələr cəmiyyətdə ictimai fikri və sosial fəallığı formalaşdırmaqla yanaşı, həm də onları istiqamətləndirir.

Respublikamızın ictimai-siyasi, sosial-iqtisadi həyatında demokratik dəyərlərin daha geniş şəkildə bərqərar olması, müstəqil dövlətçiliyin siyasi, iqtisadi və hüquqi dayaqların möhkəmlənməsi prosesi sürətləndikcə, Azərbaycan dövləti söz və mətbuat azadlıqlarının qanunvericilik bazasının demokratikləşdirilməsi istiqamətində yeni-yeni addımlar atır.

Müasir qloballaşma dövründə azad və müstəqil kütləvi informasiya vasitələrinin mövcudluğu cəmiyyət həyatında əhəmiyyətli təsirə malikdir.

Onun başlıca vəzifəsi cəmiyyəti onu maraqlandıran məsələlər barədə məlumatlandırmaq, zəruri informasiyalarla təmin etməkdir. Siyasi mədəniyyətin formalaşmasında, siyasi plüralizmin dərinləşməsində müstəsna rola malik medianın əsas funksiyası məhz ictimaiyyətin obyektiv informasiyaya olan tələbatını ödəməkdir. Media bu missiyanı qanunvericiliyə zidd olmayan üsullarla informasiyaları toplayıb hazırlamaq və yaymaqla həyata keçirməlidir.

Mətbuat cəmiyyətin siyasi həyatının müxtəlif tərəfləri barədə balanslaşdırılmış, obyektiv, qərəzsiz və dolğun informasiya verilməsi yolu ilə siyasi mədəniyyətin təkmilləşdirilməsinin başlıca vasitələri sırasında yer alır. Tirajlanan söz eyni zamanda ictimai rəyə – əhalinin geniş kütlələrinin əhval-ruhiyyəsinə, davranışlarına, beləliklə də siyasi proseslərə, bütövlükdə siyasətə təsir göstərir. Bu təsirin mahiyyəti ondan ibarətdir ki, kütləvi informasiya vasitələri əldə etdiyi məlumatın hazırlanması, ötürülməsi və yayılmasının müxtəlif üsullarından istifadə etməklə, habelə həmin məlumatı öz şərhləri ilə birlikdə yaymaqla insanlarda müəyyən ideyaların, təsəvvürlərin, mövqelərin formalaşmasına əhəmiyyətli təsir göstərir, cəmiyyətdə müəyyən davranış və fəaliyyət üçün meyillərin yaranmasına kömək edir.

Həsən bəy Zərdabinin yaratdığı və redaktoru olduğu “Əkinçi” qəzeti ilə əsası qoyulan Azərbaycan jurnalistikası ötən 146 ildə müxtəlif dövrlərdə ağır sınaqlara məruz qalsa da hər çətinliyə dözmüş və tutduğu şərəfli yoldan dönməmişdir. Ötən dövrdə zəngin və şərəfli yol keçən Azərbaycan mətbuatı indi özünün yüksəliş mərhələsini yaşayır.

Müasir Azərbaycanın memarı və qurucusu Ulu Öndər Heydər Əliyev hər zaman mətbuatın cəmiyyətə təsir gücünü yüksək qiymətləndirmiş, mətbuat və söz azadlığı, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirmişdir.

Ulu Öndər tərəfindən qoyulan mətbuatın inkişafına dövlət qayğısı siyasəti bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan jurnalistikasında söz, fikir azadlığının yaradılmasını, demokratiyanın inkişafını özündə əks etdirən bu siyasət nəticəsində Azərbaycan dünyada sözə, insan hüquqlarına hörmət edən ölkə kimi tanınır.

Milli mətbuatımız

İctimai fikir tariximizin formalaşmasında zəngin inkişaf yolu keçmiş milli mətbuatımızın xüsusi xidməti inkar olunmazdır. “Əkinçi” ilə başlanan milli mətbuatımız maarifçilik, yeniləşmə, çağdaş mədəni təfəkkür xəttini davam etdirərək xalqımızın milli özünüdərkində, milli oyanış prosesində müstəsna rol oynayıb. 147 il əvvəl – 1875-ci il iyulun 22-də nəşrə başlayan “Əkinçi”nin ilk sayında Həsən bəy Zərdabi türk millətinin yaşamasını, inkişafını, elm və mərifət sahibi olmasını arzulayırdı.

Zərdabi dönə-dönə vurğulayırdı ki, millətin ayılması üçün mütləq maariflənməsi gərəkdir və bunu dövrün ziyalıları etməlidir. Bu amal ilə “Əkinçi” milli demokratik və xalq mətbuatının ilk təməl daşını qoydu. Bununla da cəmi 56 nömrəsi ilə millətin aynası, eyni zamanda Azərbaycan jurnalistikasının bayraqdarı ola bildi.

“Əkinçi” ilə əsası qoyulan mətbuat sonradan “Ziya”, “Ziyayi-Qafqaziyyə”, “Kəşkül”, “Şərqi Rus”, “Həyat”, “İrşad”, “Füyuzat” kimi mətbuat orqanları ilə davam etdirildi.

Zəngin tarixi olan Azərbaycan milli mətbuatının keçdiyi şərəfli yol təbii olaraq bir neçə tarixi mərhələdən keçib. Azərbaycan Xalq Cümhuriyyəti dövründə azad mətbuatın, eləcə də hadisələrə yeni baxışın təməli qoyuldu.

Azərbaycanda milli istiqlal elan edildikdən sonra daxili və xarici təhlükələrə qarşı ideoloji mübarizə aparmaq vəzifəsi də mətbuatın üzərinə düşürdü. Məhz 1918-ci il sentyabrın 15-də ilk nömrəsi Gəncədə çapdan çıxan rəsmi dövlət orqanı olan “Azərbaycan” qəzeti bu zərurətdən yarandı. “Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə “Azərbaycan” adlı qəzetin nəşrə başlamasının reallaşması milli mətbuatımızın tarixində təkcə ərazi olaraq ölkənin deyil, milli dövlətin adını ifadə edən mətbuat orqanının nəşrə başlaması bir hadisə idi. “Azərbaycan” qəzeti ölkənin ictimai-siyasi, iqtisadi və mədəni həyatının ən müxtəlif sahələrini öz səhifələrində geniş surətdə əks etdirirdi. Tədqiqatçıların təbrincə desək, “Azərbaycan” qəzeti Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinin mətbu salnaməsidir.

Heydər Əliyev və mətbuat

1920-ci il AXC-nin süqutundan sonra bolşeviklər bütün sahələr kimi, mətbuatı da tam nəzarətə götürdülər. Repressiyanın tüğyan etdiyi, azad sözün olmadığı bir şəraitdə də xalqını, millətini sevən fədakar mətbuat işçilərı sətiraltı olsa da öz fəaliyyətləri ilə milli şüurun oyanmasına, demokratik təfəkkürün formalaşmasına müstəsna xidmətlər göstərdilər.

Bu məqamda xüsusi olaraq qeyd etməyi vacib sayıram ki, məhz Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətdə olduğu illərdə mətbuatımız yeni inkişaf mərhələsini yaşayıb. Ulu Öndər Heydər Əliyev hər zaman mətbuatın cəmiyyətə təsir gücünü yüksək qiymətləndirib, mətbuat və söz azadlığı, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirib. Məhz Heydər Əliyevin şəxsi səyi nəticəsində ana dilimizə olan ögey münasibət aradan qadırılıb, milli dil siyasəti yürüdülüb və bu siyasət medianın inkişafında müstəsna rol oynayıb. Azərbaycan dilində qəzetlərin sayı artırılıb, televiziyada verilişlərin Azərbaycan dilində yayımı genişləndirilib.

Məhz onun dövründə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində ixtisaslı kadrların hazırlanması istiqamətində mühüm addımlar atıldı. Azərbaycanda nəşr olunan çap mətbuatı, demək olar ki, ittifaq miqyasında peşəkarlıq səviyyəsinə və digər parametrlərinə görə seçilirdi. Artıq Azərbaycan mətbuatı uzun onilliklərlə qadağan olunan milli adət-ənənələrimizdən, tariximizdən, mədəniyyətimizdən, dilimizdən yazmağa başladı. Heydər Əliyevin şəxsi təşəbbüsü ilə o zaman Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinin əlaçı tələbələri Moskva Dövlət Universitetinə oxumağa göndərildilər. Bu isə Azərbaycan Jurnalistika məktəbinin formalaşmasında, inkişafında müstəsna rol oynadı.

Xalqın təkidli tələbi ilə Ümummilli Liderin yenidən hakimiyyətə gəlməsi müasir jurnalistikanın inkişafında yeni dövrün başlanğıcı oldu. Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan Konstitusiyada mətbuat azadlığının hüquqi bazası yaradıldı.

Heydər Əliyevin 1998-ci ildə imzaladığı “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” Fərman ölkə mətbuatının inkişafında mühüm hadisə oldu. Bu fərman kütləvi informasiya vasitələrinin sərbəst inkişafına, onların cəmiyyətin dinamik şəkildə demokratikləşməsinə təsir edən güclü vasitəyə çevrildi. Məhz bu fərmanla Dövlət Sirlərini Mühafizə edən Baş İdarə ləğv edildi, hərbi senzura yaradılması haqqında 16 aprel 1992-ci il tarixli fərman və bütün informasiya yayımı üzərində nəzarət tətbiq edilməsi ilə bağlı 15 aprel 1993-cü il tarixli sərəncam qüvvədən düşdü. 1999-cu ilin sonunda qəbul olunan “Kütləvi informasiya vasitələri haqqında” yeni qanun mətbuatda fikir pluralizminin daha da möhkəmləndirilməsinə səbəb oldu. Bu sənəd Azərbaycanda mətbuatın inkişafına mane olan bir sıra bürokratik əngəlləri aradan qaldırdı. Yeni mətbuat orqanlarının təsis olunması proseduru asanlaşdırıldı.

1998-ci il 6 avqust tarixli sərəncamı ilə senzuranı ləğv edən Ulu Öndər bununla da azad sözə, azad fikrə böyük meydan verdi.

Ulu Öndərin yaratdığı ənənələr davam edir

Prezident İlham Əliyev bütün sahələrdə olduğu kimi, mətbuata qayğıda da Ümummlili Liderin ənənələrini layiqincə davam etdirir. Ölkəmizdə söz və mətbuat azadlığı ən yüksək səviyyədə təmin olunur.

Müasir dünyada mətbuata və demokratiyaya yeni baxış var. Belə ki, azad söz, hər bir fərdin öz düşüncələrini, fikirlərini sərbəst ifadə etmək istəyi demokratiyanın başlanğıcı kimi qəbul edilir. Eyni zamanda azad, hüquqi, demokratik cəmiyyət quruculuğu prosesi də gedir. Bu gün mətbuat işçisi olmaq çox ağır işdir, belə ki, hər bir sosial şəbəkə istifadəçisi mətbuatın bir hissəsinə çevrilib. Məhz belə bir vəziyyətdə zəngin və mütərəqqi ənənələrə malik Azərbaycan mətbuatı demokratiyanın mühüm vasitəsi kimi çıxış edərək istər dövlət və cəmiyyət, istərsə də dövlətlə fərd arasında hərtərəfli münasibətlərin qurulmasına, demokratiyanın inkişafına öz töhfəsini verməkdə davam edir.

Mətbuat işçiləri 2020-ci il sentyabrın 27-də başladılan 44 günlük Vətən müharibəsində informasiya savaşında olduğu kimi, döyüş meydanında da nümunə göstərdilər. Onlardan bəziləri həyatlarını da itirdilər. Vətən müharibəsi başa çatdıqdan sonra jurnalist fəaliyyətlərini yerinə yetirərkən AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov, AZTV-nin operatoru Sirac Abışov həlak oldular.

KİV-ə dövlət qayğısı

Mətbuatın inkişafında dövləti qayğısı xüsusi rol oynayır. Prezident İlham Əliyev azad medianı inkişaf etdirmək, mətbuatın maddi-texniki bazasını möhkəmləndirmək, jurnalistlərin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması məqsədilə verdiyi sərəncamlar dediyimizə sübutdur. Azərbaycan Prezidenti İlham Əliyevin 2009-cu ilin martında imzaladığı sərəncamla Prezident yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu yaradıldı. Fondun yaradılmasında məqsəd Azərbaycanda fikir, söz və məlumat azadlığı şəraitini yaxşılaşdırmaq, o cümlədən buna xidmət edən kütləvi informasiya vasitələrinə dövlət dəstəyi idi.

Hazırda media məkanında sürətli qloballaşma prosesi gedir. Eyni zamanda tarixi təcrübə göstərir ki, informasiya sahəsi dünyada ən sürətli inkişaf edən sahələrdəndir. Yeni dövrlə ayaqlaşmaq üçün milli mətbuatımızın inkişafı ilə bağlı qanunvericilik bazasının təkmilləşdirilməsinə, Vətən müharibəsindən sonra ölkəmizdə dövlət-cəmiyyət, dövlət-media, media-cəmiyyət münasibətlərində də yaranmış yeni reallıqlar bu sahənin qanunvericilik bazasının yenilənməsinə böyük tələbat yaratmışdı. Bu baxımdan mövcud qanunvericiliyin təkmilləşdirilməsi zamanın tələbi idi. Yeni qanunun qəbulu onu göstərdi ki, Azərbaycan iqtidarı ölkənin demokratik dəyərlər çərçivəsində söz və mətbuat azadlığının mövcudluğunda, bu sahənin qənaətbəxş olmasında maraqlıdır və israrlıdır. Bu gün dövlətin informasiya təhlükəsizliyinin qorunması özlüyündə mühüm əhəmiyyətli məsələlərdən ən vacibidir. Günümüzün reallıqlarından biri kimi “informasiya müharibəsi” anlayışı həyatımıza daxil olub və ciddi əhəmiyyət kəsb edir. “Müasir müharibələrin qalibləri informasiya müharibəsinin qalibləridir” ifadəsi real həyatda öz yerini möhkəmləndirməkdə davam edir. 44 günlük Zəfər müharibəsində qəhrəman əsgərlərimizin şücaətini Müzəffər Ali Baş Komandan İlham Əliyev informasiya müharibəsində təkbaşına döyüşərək tamamladı. 30-dan çox dünya KİV-inə, televiziya kanallarına və informasiya agentliklərinə müsahibələr verdi. Azərbaycanın haqq işini, müqəddəs torpaqlarımız uğrunda apardığımız müharibənin həqiqətlərini, eyni zamanda mənfür ermənilərin törətdikləri bütün vəhşiliklərinin üstünü konkret faktlarla dünyaya göstərdi. Bu gün tam əminlikə deyə bilərik ki, informasiya cəbhəsində qələbəmiz döyüş meydanındakı qələbəmizi, zəfərimizi möhtəşəm və etibarlı etdi. Azərbaycanın gücünü dünyaya tanıtdı.

Milli mətbuatın yubileylərinin ölkədə geniş qeyd olunması, KİV-ə birdəfəlik yardımların göstərilməsi, mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri, həmçinin milli mətbuatın inkişafındakı xidmətlərinə görə jurnalistlərin fəxri adlarla təltif edilməsi haqqında sərəncamlar da mətbuata və mətbuat işçilərinə qayğının tərkib hissəsidir.

Ən yaxşı ictimai nəzarət forması

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çıxışlarında vurğulanan ictimai nəzarət anlayışında jurnalistlərə xüsusi diqqət ayrılmışdır.

İlham Əliyev demişdir: “…Biz cəmiyyətdə də elə ab-hava yaratmalıyıq ki, ictimai nəzarət güclənsin. Siz yaxşı bilirsiniz ki, mən dəfələrlə bu məsələ ilə bağlı öz fikirlərimi bildirmişəm. Mən daim bunu deyirəm, vətəndaşlara müraciət edirəm, biganə qalmayın və nəzarət edin. İctimai nəzarət bir çox məmurları bu cinayət xarakterli işlərdən çəkindirəcək. Ona görə ictimai nəzarətin hansısa institusional formatı da gərək işlənilsin. Sizin, media nümayəndələrinin bu sahədə çox böyük rolunuz var. Deyə bilərəm ki, mən bəzən xoşagəlməz hallar haqqında sizdən öyrənirəm, sizdən bu xəbər tuturam və dərhal reaksiya verilir… Ona görə dövlət məmurları bilməlidirlər, onların işinə təkcə Prezident Administrasiyası yox, həm ictimaiyyət, həm də media nümayəndələri nəzarət edir”.

Cənab Prezident tərəfindən irəli sürülən bu çağırışlar yeni dövrün mediasının əsas iş prinsipinə çevrilərsə, inkişafımıza töhfə olar, bundan xalq və dövlət güclənər.

Əziz mətbuat işciləri! Sizin hər birinizi Milli Mətbuat Günü münasibəti ilə səmimi-qəlbdən təbrik edir və zamanın hər anında bu cətin və şərəfli peşənizdə uğurlar arzulayıram!

Azərbaycanın yeni-yeni qələbələrinin şahidi olmaq üçün Sizin qələminizin gücünə ehtiyac çoxdur. Dövlətimizin, millətimizin və xalqımızın firavanlığı üçün apardığınız mübarizədə yorulmayasınız.

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri

Comments are closed, but trackbacks and pingbacks are open.