Milli əxlaq və ailə etikası
Əxlaq insanı birgəyaşayış şəraitində yaşamaq qabiliyyətləri baxımından xarakterizə edir. Əxlaqın məkanı – insanlar arasındakı münasibətlərdir. İnsanın güclü və ya ağıllı olmasını müəyyən etmək üçün onu digər insanlarla münasibətdə görmək və ya müqayisə etmək vacib deyil, çünki bu, fərdin özünəxas xüsusiyyətləridir. Lakin insanın nə dərəcədə xeyirxah, əliaçıq, mehriban olmasını və bu kimi digər xüsusiyyətlərinin şahidi olmaq üçün onu məhz başqaları ilə ünsiyyət prosesində görmək zəruridir. Məsələn, Robinzon Kruzo nə qədər ki, adada tək idi, onun mənəvi keyfiyyətlərinin olub-olmamasının heç bir əhəmiyyəti yox idi. Məhz Pyatnitsa peyda olandan sonra bu xüsusiyyətlərin üzə çıxmasına imkan yarandı.
Milli əxlaq və ailə etikası
Daha ətraflı
Daha ətraflı
Daha ətraflı
Daha ətraflı
Tədbirlər
Faydalı
Media
Tədris resursları
mərkəzi
- Afiyəddin Cəlilov 86
- +994 12 599 08 08
Təhsil texnologiyaları mərkəzi
- Fətəli Xan Xoyski 109
- +994 12 599 08 08
daxili 67 00
Elmi pedaqoji tədqiqatları mərkəzi
- Zərifə Əliyeva 96
- +994 12 599 08 08
İnsan resursları
mərkəzi
- Mir Cəlal Paşayev 71
- +994 12 599 08 08
Metodik dəstək və peşəkar inkişaf mərkəzi
- Mir Cəlal Paşayev 71
- +994 12 599 08 08
© Azərbaycan Respublikasının Təhsil İnstitutu 2023. Müəllif hüquqları qorunur.
Azərbaycan Respublikasının Təhsil İnstitutunun rəsmi internet saytı. Saytın idarəetməsi Azərbaycan Respublikasının Təhsil İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsi tərəfindən həyata keçirilir.
Milli əxlaq və ailə etikası
Bu gün “millət” və “xalq” anlayışları haqqında dəqiq təsəvvür yoxdur. Hələ, orta əsrlərdə müsəlman ölkələrində «millət» sözü dini mənsubiyyətlə bağlı olaraq, ümumilikdə müsəlman əhalisinə, ya da hər hansı məzhəbə, təriqətə, eləcə də dini icmaya və cəmiyyətə aidiyyətini göstərirdi. Belə ki, «Ərəb və fars sözləri lüğəti» kitabında ərəb dilindəki «millət» sözünün üç izahı var: 1. Əhali, xalq; 2. Təriqət, məzhəb; 3. Dini icma və yaxud cəmiyyət. Avropada isə «millət» termini 1830-cu ildən sonra işlədilmişdir. Bu vaxta qədər Avropa ölkələrində «millət» yalnız cəmiyyətin yuxarı təbəqəsinə-aristokratlara, eləcə də sonralar tacir birliklərinə və tələbələrə aid edilmişdir. Avropada sonralar “millət” və “xalq” sözü müəyyən mənada bir-birindən fərqləndirilmiş, «millət» – əhalinin şüurlu və fəal hissəsini, «xalq» – isə siyasi və sosial baxımdan passiv, ətalətli kütləni ifadə etmişdir.
XX əsrdə «etnos», «milliyyət», «millət», «xalq» anlayışları ilə bağlı Azərbaycan türk ideoloqu Məhəmməd Əmin Rəsulzadə yazırdı ki, qədimdə «ümmət» ilə «millət» arasında fərq olmayıbsa, hazırda bu fərqi görmək və bu anlayışları bir-birindən fərqləndirmək lazımdır: O, dili millətin varlığının əsas amili kimi verir: «Dil milliyyətin hamısını təşkil etməsə də, yüzdə doxsanını vücuda gətirən böyük bir amildir. Bir milliyyəti məhv edib aradan götürmək qəsdində olan siyasilərdə əsl bunun üçündür ki, təmsil (assimilyasiyon) əməliyyatı icra edərkən ən birinci fikirlərini dilə verər və ən əvvəl bir millətin dilini yaddan çıxarmağa səy edərlər». Ona görə, milliyyəti və milləti yalnız dil deyil, soykök, mədəniyyət, adət və əxlaq, tarixi ənənələr də ifadə edir. Sonralar Rəsulzadə Qərb alimləri Madzi və Durkheymin fikirlərini təhlil edərək millət və milliyyət anlayışlarını bir qədər də dəqiqləşdirir: «Millət anlamını ifadə üçün dilimizdə iki söz vardır: «Milliyyət» və «Millət». Bunlardan birincisi lisani, dini, irqi, qövmi, tarixi, coğrafi, iqtisadi və siyasi amillərin təsiri ilə meydana gələn etnik bir topluluğu ifadə edir. İkincisi, isə bu topluluqdan doğan ümumi bir iradəni anladır».
M.Ə.Rəsulzadə «millət», «milliyyət» və xalq, «etnos» anlayışların tərifini verərkən ustadı saydığı, XIX əsrin böyük Azərbaycan-türk ziyalısı, filosofu Şeyx Cəmaləddin Əfqaniyə dəfələrlə müraciət etmişdir. Əfqani Rəsulzadədən öncə yazırdı ki, qohumluq və yaxınlıq dairəsi genişlənəndə ailə vəhdəti aradan qalxır, onun yerinə çoxlu ailələrin və insanların cəmindən ibarət olan qəbilə vəhdəti meydana gəlir. Əfqani də millətin varlığında dil birliyini ən vacib amil saymışdır: «Əgər dil birliyi olmasa, milli vəhdətin həqiqi mahiyyəti və həyat gücü ola bilməz». Onun fikrincə, insanları bir-birinə bağlayan iki vacib şeydən biri dil birliyi (milli vəhdət) isə, digəri din birliyidir.
Çağdaş dövrdə etnos, millət və xalq anlayışlarının izahını və şərhini verən Azərbaycan tədqiqatçıları yazırlar ki: «Millət (lat. natio tayfa, xalq) – tarixən kapitalizmin meydana gəlməsi, feodal pərakəndəliyinin dəf edilməsi, təsərrüfat əlaqələrinin güclənməsi, ədəbi dil bazasında savadlılığın yayılması, milli mənlik şüurunun möhkəmlənməsi ilə səciyyələnən etnos tipidir». Bu anlamda, millət vahid etnik kökdən olan toplum yox, müəyyən dövlətə öz dövləti kimi baxan insanlardır. Xalq isə hər hansı dövlətdə yaşayan əhalinin cəmidir. BMT-də də «millət» və «xalq» anayışları sinonim kimi işlənir. Bu mənada «millət» müxtəlif insan birliklərini ifadə edir ki, xalq və yaxud millət etnosla identikdir. Etnosla bağlı isə belə fikirlər vardır ki, etnos, bir-birinə oxşayan, eyni cür düşünən insanların sabit birliyidir
«Milliyyət», «etnos», «millət», xalq anlayışlara yuxarıda verilən onlarla təriflər də göstərir ki, bu məsələlərlə bağlı elmi, fəlsəfi ədəbiyyatda birmənalı fikir yoxdur. Bu anlayışlar, o cümlədən «millət»lə bağlı elmi ədəbiyyatda 300-dən çox tərif mövcudur ki, bu da hər bir xalqın özünəməxsusluğu, dini-fəlsəfi dünyagörüşü, milli ideologiyası və s. ilə bağlıdır. Fikrimizcə, «milliyyət», yaxud «etnos» dedikdə dili, soykökü, adət və əxlaqı, məişət ümumiliyi və s. bir olan tayfalar başa düşülməlidir. Ümumiyyətlə, etnosun sinonimi milliyyətdir və burada başlıca sırf dil, kök, adət-əxlaq və yurd birliyidir. Ancaq bu mənada «milliyyət» və «etnos» siyasi-ideoloji əhəmiyyət kəsb etmir. Etnos siyasi-ideoloji mənada meydana çıxanda, artıq «millət» anlayışı yaranar. Bu da, daha çox dövlətin yaranması ilə bağlıdır. Yəni «etnos» və «milliyyət»ə yeni məna verən dövlət olduğu üçün, burada konkret bir etnosun hakimiyyətindən söz açmaq artıq çətinləşir. Ən yaxşı halda konkret bir etnosun hakim üstünlüyündən söhbət gedə bilər, ancaq həmin dövlətin tərkibindəki bütün etnosları eyniləşdirmək, eyni bir soya, dilə, mədəniyyətə, dinə və s. malik olduğunu söyləmək isə qətiyyən mümkün deyil.Görünür, qədim dövrlərdə və orta əsrlərdə mövcud olmuş dövlətlərdə bu məsələlər bir o qədər vacib olmadığı üçün, indi Midiya, Atropatena, Albaniya və b. dövlətlərin etnik tərkibi və dili ilə bağlı kifayət qədər uyğunsuzluqlar meydana çıxmışdır. Etnik kimlik və dilin müəyyənləşməsində etnos və milliyyətə dar mənada, konkretlik baxımından yanaşmaq lazımdır. Etnos və milliyyətlə müqayisədə «millət» məfhumu daha geniş anlayışdır və dar çərçivə ilə məhdudlaşdırıla bilməz.
«Millət» tarixən müəyyən bir ərazidə yaşamağa məcbur olan, iqtisadi münasibətlərə malik, bir çox hallarda eyni bir dinə tapınan, zaman-zaman soyca, dilcə, mənəviyyatca qohumlaşan həm birsoylu, birdilli tayfaların (məsələn, türksoylu, türkdilli), həm də fərqli soylu, fərqli dilli tayfaların (türksoylu-türkdilli, irandilli, qafqazdilli və b.) siyasi-ideoloji mənada birliyidir. Bu siyasi birliyin ən bariz nümunəsi dövlətin yaranmasıdır. Dövlətlərin, imperiyaların yaranması ilə, hakim və ya qeyri-hakim vəziyyətdə olmalarından asılı olmayaraq, eyni bir hakimiyyətin sərhədləri çərçivəsində yaşamağa məcbur olan, bəzən soykökü baxımdan türk olmayan tayfalar türkləşərək daha çox türklüyü, azərbaycanlılığı başqa halda isə soykökü fars olmayan tayfalar farslaşaraq farslığı, iranlılığı ifadə etmişlər. Doğrudur, hansı etnosun və etnosların (türkdilli, irandilli, qafqazdilli və b.) hakimiyyətdə olması, ümumilikdə həmin dövlətin ərazisində yaşayan, ancaq hakim etnosla bağlı olmayan tayfaların çox vaxt assimilyasiyası ilə nəticələnmişdir. Ancaq unutmaq olmaz ki, bu proses əsrlər boyu yalnız bir istiqamətdə baş verməmiş, qarşılıqlı şəkildə olmuşdur.
Beləliklə, müxtəlif dövrlərdə soykök və dil baxımdan qohum və yad etnoslar bir-biri ilə qaynayıb-qarışmışdır ki, artıq «millət» anlayışı çərçivəsində farslaşmış türklərə, türkləşmiş farslara, almanlaşmış fransızlara, fransızlaşmış almanlara və b. rast gəlmək mümkündür. Bu baxımdan, tarixən, soykökü fars, kürd, ləzgi, talış və s. olmasına baxmayaraq, türkçülüyə, azərbaycançılığa xidmət edən ziyalılar, dövlət adamları, eləcə də soykökü türk olub farsçılığa, irançılığa xidmət edən tarixi şəxsiyyətlər, mütəfəkkirlər də olmuşdur. Bütün bunlara baxmayaraq əsrlər boyu «hakim millət», «əsas millət» anlayışı da öz yerini qoruyub saxlamışdır ki, bu da dövlətin özəyini təşkil edən əsas etnoslar və milliyyətlə bağlıdır. Deməli, «millət» anlayışı dövlətin yaranması ilə bağlı nə qədər siyasi-ideoloji məna daşısa da, ona yad olan tayfalarla bu və ya başqa dərəcədə qaynayıb-qarışsa da, o, özünün başlıca, qohum etnoslarından təşkil olunmasını heç vaxt inkar etməmişdir və edə də bilməz. Belə ki, «millət» anlayışı dövlətçilik baxımından nə qədər siyasi-ideoloji məna daşıyıb, bir-birinə qohum və qohum olmayan etnik qrupları özündə ehtiva etsə də, bir o qədər də onun yaranmasında və dövlət kimi meydana çıxmasında başlıca rol oynayan vahid etnos(lar) və milliyyətlə bağlıdır.
Əxlaqın mahiyyəti
Əxlaq bugünkü vəziyyətinə birdən-birə, «hazır şəkildə» gəlib çıxmamışdır. Primitiv norma və təsəvvürlərdən yetişməyə başlayan əxlaq, bəşəriyyətin bütün tarixi boyu mövcud olmuş və olduqca mürəkkəb, uzun və hətta çətin bir yol keçmişdir. Tarixi inkişafın hər bir pilləsində maddi və mənəvi istehsal prosesi zamanı insanlar müəyyən davranış normaları, prinsipləri, qaydaları, adət vəənənələr, dəblər yaratmışlar. Cəmiyyətin təşəkkül tapdığı ilk günlərdən insanlar bir-birilə münasibətlərini tənzim etmək üçün yaratdığı bu birgəyaşayış qaydalarına riayət edir, öz hərəkətlərində nəyin pis, nəyin yaxşı olduğunu, hansı hərəkətin bəyənilib-bəyənilmədiyini xeyir və şər kateqoriyaları vasitəsilə qiymətləndirmişlər.
İctimai şüurun qədim formalarından olan əxlaq insanlar arasındakı münasibətləri əks etdirir. Əxlaq insanların bir-birinə, dövlətə və cəmiyyətə olan münasibətlərini nizama salır, ictimai həyatın bütün sahələrində insanların hərəkətlərini tənzimləyir. Məsələn, əməkdə, məişətdə, siyasətdə, elmdə, ailədə, ictimai yerlərdə və s. Bunların hər birində o, müxtəlif rol oynayır. Bununla əlaqədar «peşə etikası», «ailə və nikah etikası» və s. terminlər yaranıb. Bütün bu sahələrdəəxlaqla yanaşı insanların hərəkətlərinin digər tənzimləyiciləri də var. Məsələn, dövlətin hüquq normaları və dekretləri, istehsalatdakı qanun-qaydalar, təşkilatın nizamnamələri və təlimatları, vəzifəli şəxslərin göstərişləri, dini-ritual xarakterli qaydalar, takt, etiket, ədəb, davranış qaydaları, idman və digər oyunların şərtləri, nəqliyyatın idarə olunma qaydaları, sanitar-gigiyena normaları və s. Bütün bunlar bəzən əxlaq normalarının spesifikasını aydınlaşdırmağa bir qədər mane olur. Əxlaqa «bu belədir» anlayışı ilə yanaşı, «belə olmalıdır» daha çox uyğun gəlir.
Bəzi təsir formaları, məsələn, milli ənənələr, məişətdəki estetik normalar, əmək vərdişlərinin tərbiyə edilməsi və s. əxlaqla yanaşı digər sahələrə də aiddir. Ayrı-ayrı insanların tərbiyəsinə təsir edən ictimai formalar — adət vəənənələr, ictimai rəy, tərbiyə və s. əxlaqla bağlı olsa da bütünlükdə ona məxsus ola bilməz.
Hər bir dövrün və cəmiyyətin özünəməxsus əxlaq qaydaları, prinsip və normaları olduğu üçün hər bir insan da əsasən yaşadığı dövrün və cəmiyyətin əxlaq qaydalarına tabe olur. Tarixi hadisə olan əxlaq bəşəriyyətin ictimai tərəqqisi gedişində dəyişir və inkişaf edir. Cəmiyyət siniflərə bölünən zaman əxlaq qaydaları da sinfi xarakter daşımağa başladı. Hər sinfin özünəməxsus əxlaq qaydaları yarandı. Müəyyən sinfə xidmət edən əxlaq sinfi xarakter daşıyaraq hakim sinfə xidmət edir. Tarixdəəxlaqın aşağıdakı əsas tipləri var ki, bunlara əxlaqın konkret-tarixi tipləri də deyilir: 1) ibtidai icma əxlaqı; 2) quldarlıq əxlaqı; 3) feodal əxlaqı; 4) burjua əxlaqı və s. Əxlaqın inkişafında bəşər mədəniyyətinin tarixi tərəqqisini əks etdirən varislik elementlərinə də rast gəlmək olar. Əxlaq bir formadan digərinə keçərkən insanlar arasındakı münasibətlərdə humanizm ünsürləri də artır. Artıq ibtidai icma dövründə qarşılıqlı yardımın sadə formaları yaranır. Adam əti yemək adəti yox olur. Tayfa ittifaqları və dövlətin yaranması ilə qan düşmənçiliyinə son qoyulur. Feodal əxlaqı təhkimli kəndlini öldürməyə yol vermir, halbuki quldarın öz qulunu öldürməsi onun şəxsi işi idi. Burjua əxlaqında şəxsiyyətə hörmət prinsipi təsdiqlənir. Zaman keçdikcə, cəmiyyət inkişaf etdikcəəxlaq qaydaları da dəyişir. Çox vaxt hətta zahirən əbədi görünən əxlaq qaydaları belə dəyişikliyə uğrayır, öz əvvəlki məzmununu itirir və ya onlara heç bir ehtiyac qalmır.
Əxlaq – gerçəkliyi dərketmə vasitəsi olub, insanın praktik-mənəvi dünyagörüşüdür. Mürəkkəb və ictimai hadisə olan əxlaqın təbiətini öyrənmək üçün onun strukturunu aydınlaşdırmaq lazımdır. İctimai şüurun digər formaları kimi əxlaqın da strukturu ictimai münasibətlərlə müəyyənləşir. Əxlaqi münasibətlər ictimai münasibətlər sistemində mühüm yer tutur ki, bunlar da əxlaq haqqında elm olan etika tərəfindən öyrənilir.
Əxlaq insanı birgəyaşayış şəraitində yaşamaq qabiliyyətləri baxımından xarakterizə edir. Əxlaqın məkanı – insanlar arasındakı münasibətlərdir. İnsanın güclü və ya ağıllı olmasını müəyyən etmək üçün onu digər insanlarla münasibətdə görmək və ya müqayisə etmək vacib deyil, çünki bu, fərdin özünəxas xüsusiyyətləridir. Lakin insanın nə dərəcədə xeyirxah, əliaçıq, mehriban olmasını və bu kimi digər xüsusiyyətlərinin şahidi olmaq üçün onu məhz başqaları ilə ünsiyyət prosesində görmək zəruridir. Məsələn, Robinzon Kruzo nə qədər ki, adada tək idi, onun mənəvi keyfiyyətlərinin olub-olmamasının heç bir əhəmiyyəti yox idi. Məhz Pyatnitsa peyda olandan sonra bu xüsusiyyətlərin üzə çıxmasına imkan yarandı.
Əxlaq normaları hər yerdə, müxtəlif şəraitlərdə təzahür edərək universal, bəşəri xarakter daşıyır. Onlar həm cəmiyyətin, həm də ayrı-ayrı şəxslərin rəyinəəsaslanır. Əxlaq normaları kifayət qədərdir: ətrafdakılarla nəzakətli rəftar tələb edən sadə normalardan tutmuş, «öldürmə!», «oğurluq etmə!», «böyüklərə hörmət et!», «yalan danışma!» kimi mürəkkəb, insanın həyat prinsipinə çevrilmiş normalaradək. Lakin əxlaqı normalar məcmusu kimi təsəvvür etmək o qədər də düz deyil. Çünki, əvvəla, bu normaların özləri əsaslandırılmalıdır, məsələn, «nəyə görə oğurluq etmək olmaz?», «öldürmək olmaz?»; ikincisi, konkret situasiyalarda bu normalar bir-birini inkar da edə bilər, məsələn, bir xuliqan qadının ardınca qaçır və yoldakılardan onun hansı tərəfə getdiyini soruşur, məgər bu zaman adamlar xuliqana sözün düzünümü deməlidirlər? Və yaxud həkim öz xəstəsinə həmişəmi diaqnozu olduğu kimi deməlidir? Ümumiyyətlə, nəzərə almaq lazımdır ki, yaranmış situasiyalar elə rəngarəng ola bilər ki, onların hərəsi üçün ayrıca norma fikirləşmək heç mümkün də deyil.
İnsan əxlaqi şüurla birgə doğulmur. O, əxlaq normalarını və davranış qaydalarını tədricən mənimsəyir. Bu normalar və qaydalar müəyyən vaxtdan sonra onun fərdi şüurunda özünə yer tapır ki, bu da «yaxşını pisdən», «əxlaqı əxlaqsızlıqdan» ayırmağa kömək edir. İnsan çox vaxt hətta öz istəyinin əksinə gedərək, ictimai rəyi nəzərə alıb, hamı tərəfindən qəbul edilmiş davranış qaydalarına vəəxlaq normalarına uyğun hərəkət etməli olur. Çünki cəmiyyətdə yaşayan insan ondan təcrid oluna bilməz. O, bu və ya digər mənada cəmiyyət qaydalarına tabe olmaq məcburiyyətində qalır. Çox vaxt, əsasən, «öz ürəyinin hökmü ilə» hərəkət edən insan cəmiyyət və ya ayrı-ayrı şəxslər qarşısındakı borc və vicdan hisslərinin təhriki ilə hər hansı addımı atır və bu zaman özü də hiss etmədən ictimai mənafe şəxsi mənafedən üstün tutulur. Belə olmasaydı nə maddi və mənəvi nemətlər istehsal oluna bilər, nə də insan cəmiyyəti mövcud ola bilərdi.
Hər hansı addımın, hərəkətin hansı cəmiyyətdə baş verməsindən asılı olmayaraq, o həmişə «xeyir və şər», «ədalət vəədalətsizlik» mövqeyindən qiymətləndirilib.
Əxlaqın mahiyyətini daha yaxşı başa düşmək üçün onun əsas funksiyalarını da nəzərdən keçirmək lazımdır. Əxlaqın formalaşması və mədəniyyətin müstəqil sahəsinə çevrilməsi prosesində müəyyən əxlaq funksiyaları yaranıb ki, onlar bu gün də aktualdır. Əxlaqın funksiyaları içərisindəən əsasları bunlardır: 1) qiymətləndirici; 2) idraki; 3) dünyagörüş; 4) tərbiyəvi; 5) tənzimləyici.
Qiymətləndirici funksiya əsas funksiya olub, yalnız əxlaqa deyil, digər ictimai şüur formalarına – incəsənətə, dinə, hüquqa, siyasətə və s. də aiddir. Bu funksiyanın xüsusiyyəti hər şeydən əvvəl ondan ibarətdir ki, burada qiymətləndirməəxlaqi şüurun əsas anlayışları prizmasından – xeyir, şər, ədalət, vicdan, borc və s.-dən keçir. Əxlaqi qiymətləndirmə adətən universal xarakter daşıyaraq insanın bütün hərəkətlərinə aid olur. Hüquq sahəsində bu, başqa cürdür. Məsələn, hörmətsizliyə, kobudluğa, nəzakətsizliyə görə heç kəsi cinayətkar kimi mühakimə etmirlər. Siyasi qiymətləndirmə də bütün hərəkətlərə aid olmur. Burada da müəyyən məhdudiyyətlər, hərəkətlərin təzyiq, hədə-qorxu, hər hansı affektin (qorxu, qısqanclıq) təsiri altında baş verməsinin nəzərə alınması və s. səbəblər mövcuddur. Əxlaqi qiymətləndirmə həm də fərdin mənəvi əqidəsinə və ictimai rəyin nüfuzuna əsaslanır. İnsan şüurunda əxlaqi qiymətləndirmə adətən «xalis» olmayıb, estetik, siyasi və s. qiymətləndirmə ilə tamamlanır.
İdraki funksiya qiymətləndirici funksiya qədər intensiv vəəhəmiyyətli olmasa da onunla geniş mənada uzlaşır. Adətən fərd başqalarının və ya özünün hərəkətlərini qiymətləndirdiyi zaman digər şəxslərin və ya özünün daxili aləmi haqqında natamam da olsa təsəvvür əldə edir. İdrakın bütün formalarının, o cümlədən elmi idrakın əsas şərti mənəvi keyfiyyətlərdir. Çünki obyektivlikdən uzaq olan alim qibtə və yalana əl ata bilər, öz xeyrini güdə bilər, əldə etdiyi nəticələri təhrif edə bilər, şöhrətpərəstlikdən özünü və ya başqalarını aldada bilər. Əxlaqın idraki funksiyası elmin idraki funksiyasından onunla fərqlənir ki, əxlaq daha obrazlı olub, ön plana hissləri, inamı və intuisiyanı çəkir. Elmi idrakda isə ağıl, dərrakə bunları üstələyir. Beləliklə, əxlaqın da idraki funksiyası ictimai şüurun digər formalarında olduğu kimi sosial gerçəkliyi əks etdirir. Lakin əxlaqi şüur mövcud olan və ya formalaşan sosial varlığı, ictimai münasibətləri qanunlar şəklində deyil, cəmiyyətin tələbləri və şəxsiyyətin maraqlarını bildirən ideya, təsəvvür, ümid, arzu, əhvallar kimi müəyyən məqsədlər şəklində, yəni «bu belədir» əvəzinə «belə olmalıdır» kimi əks etdirir.
Dünyagörüş funksiyası müxtəlif sistemli əxlaq normalarının, prinsiplərinin, ideallarının cəmiyyət və şəxsiyyətin fəaliyyətinə yol göstərən dəyərlər məcmusundan ibarət olması iləəlaqədardır. Fərd cəmiyyətin yaratdığı əxlaqi norma və prinsipləri mənimsəyərək öz şüurunda özünə gərək olacaq müəyyən baxış və məsləklər formalaşdırır. Əxlaq sadə normalardan ibarət ola bilməz. O, bu normaları əsaslandırmalı, onlara haqq qazandırmalı, onların nəyə görə yerinə yetirilməli olduğunu göstərməlidir. Beləliklə, əxlaqi şüur həyat əhəmiyyətli suallarla, ali dəyərlərləəlaqədar olur. Bunları həll etmək üçün insanın dünyadakı mövqeyini aydınlaşdırmaq tələb olunur. Bunun üçün isə dünya haqqında heç olmasa elementar da olsa təsəvvürə malik olmaq lazımdır. Dünya haqqında təsəvvür əldə etmək üçün yalnız elmi nəticələrəəsaslanmaq olmaz, indiki halda bu, natamam olar. Dünyanın elmi mənzərəsi və dünyagörüş eyniyyət təşkil etmir. Dünyagörüş yalnız biliklər əsasında formalaşmır, bura həmçinin insan hisslərinin rəngarəng qamması da aiddir. Əxlaqi şüurda dünyagörüş xüsusi anlayışlar prizmasında formalaşır: Dünya ya xeyirxah, ya qəddar, ya da neytral; qaydaya salınmaz və ya xaotik kimi nəzərdən keçirilir.
Tərbiyəvi funksiya – əxlaqın əsas funksiyalarındandır. Fasiləsiz, intensiv və məqsədyönlü tərbiyə prosesi olmadan nə cəmiyyət mövcud ola bilər, nə də ayrıca insan şəxsiyyət kimi formalaşa bilər. Tərbiyənin mərkəzində şəxsiyyətin mənəvi özəyini formalaşdıran əxlaq tərbiyəsi dayanır.
Tənzimləyici funksiya digər funksiyaların özünəməxsus sintezidir. Lakin əxlaq insanların hərəkətlərinin yeganə tənzimləyicisi deyil: din, incəsənət, hüquq, siyasət də bu qəbildəndir. Lakin məhz əxlaqi dəyərlər insanın mənəvi aləminin mərkəzində dayanaraq, onun həm siyasi mövqeyinə, həm mövcud hüquq qaydalarına (o cümlədən, insanın hüquqi şüuruna) münasibətinə, həm müxtəlif dini təlimlərə qiymət verməsinə, həm də incəsənət sahəsindəki biliklərinə (estetik zövqünə) təsir edir. Hüquq, siyasət və estetik şüurdan fərqli olaraq əxlaq, demək olar ki, insan həyatının bütün sahələrini tənzimləyir. Əxlaq insanlardan çox şey tələb edərək onları mənəvi ideala yaxınlaşdırır (bu, qeyri-mümkün olsa da). Nəhayət, bu funksiya da insanın əxlaqi əqidəsinə və ictimai rəyin nüfuzuna, ilk növbədə vicdana əsaslanır. Lakin bütün bunlarla yanaşı əxlaq kifayət qədər gücə malik deyil. Buna saysız-hesabsız cinayətlərin olması, gündəlik həyatdakı kobudluq, nəzakətsizlik və s. misaldır. Bunların da səbəbi az deyil: əvvəla, ayrı-ayrı fərdlərin əxlaqi şüuru çox vaxt lazımi səviyyədə olmur; ikincisi, ictimai rəy də səhv edə bilər. Bundan başqa, bəzən həyat şəraiti əxlaqi hissləri boğur. Məsələn, uşaqları acından ölən qadının cinayətə və ya oğurluğa əl atması və s.
Mənbə: Etika: İncəsənət təmayüllü ali məktəb tələbələri üçün dərslik.- Bakı: 2009.- 160 s.
Müəllif: ŞAHHÜSEYNOVA SEVİNC ASİF qızı
Comments are closed, but trackbacks and pingbacks are open.