Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalı
Рейтинг: +1 ( 1 за, 0 против).
Скачать “Böyük dayaq (1962)” .
12+ Film rəhbərlik etdiyi adamlara inanan, onlara arxalanan insanın qarşısında qoyduğu məqsədə nail olmasından bəhs edir. Filmdə kənd təsərrüfatında gedən dəyişikliklərdən, müasir kəndin adamlarından, rəhbərlikdə demokratik üsulların bərpası uğrunda aparılan mübarizədən söhbət açılır. Film Mirzə İbrahimovun “Böyük dayaq” romanının motivləri əsasında çəkilib. Rejissor: Həbib İsmayılov Ssenari müəllifi: Mirzə İbrahimov Operator: Xan Babayev Rəssam: Məmməd Hüseynov Bəstəkar: Fikrət Əmirov Rollarda: Ələsgər Ələkbərov (kolxoz sədri Rüstəm kişi), Tamilla Rüstəmova (Maya), Həsən Məmmədov (Qaraş, Rüstəmin oğlu), Leyla Rzayeva (Səkinə), Zemfira Əliyeva (Pərşan), Nəsibə Zeynalova (Telli arvad), Məmmədrza Şeyxzamanov (Şərəfoğlu) İstehsalçı: Azərbaycanfilm İlk baxış tarixi: 13.05.1963 Janr: dram
Готовим варианты загрузки
* — Если видео проигрывается в новой вкладке, перейдите в неё, а затем кликните по видео правой кнопкой мыши и выберите пункт “Сохранить видео как. “
** — Ссылка предназначенная для онлайн воспроизведения в специализированных плеерах
- видео с Ok
- видео с Vk
- видео с Twitter
- видео с Instagram
- видео с Youtube
- видео с Facebook
- видео с Yandex
- шортс с Youtube
- музыку с Ok
- музыку с Vk
- музыку с Instagram
- музыку с Youtube
- музыку с Soundcloud
- Программа UDL Client
- Расширение UDL Helper Приложение UDL Lite
- Политика конфиденциальности
- Лицензионное соглашение
- О защите авторских прав
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalı
Sayt 2012-ci il fevral ayının 14-də Bakı şəhərində gerçəkləşdirilən “Çağdaş Azərbaycan ədəbiyyatının inkişafına dəstək” layihəsi çərçivəsində istifadəyə verilib. E-mail:edebiyyat-az.com@mail.ru Əlaqə telefonu: 051 785 44 33; 070 815 12 96 Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri
Xalq yazıçısı Mirzə İBRAHİMOV.”Böyük dayaq”
Böyük dayaq Birinci fəsil 1 Bu gün Muğan düzünə qışın orta ayından çox payızın əvvəlini xatırladan mülayim bir axşam enmişdi. Günəş batandan azca sonra sinəsi yarıq-yarıq böyük səhranın üstündəki buludsuz göylər ulduzlarla doldu. Topalanıb çoxalan bu ulduzlar açılmaz bir sirrinmi, əbədi bir sevdanınmı dastanını oxuyur kimi bizim torpağa baxaraq sayrışdıqca, qış gecəsi hər tərəfə hakim olurdu. Gecə sakit və sirli görünürdü. O, sanki min ahəngli cazibədar bir musiqi ilə insanları oxşayır, istirahət etməyə, xəyal və düşüncələrə dalmağa, şirin söhbətlərə qulaq asmağa çağırır, ürəklərini yumşaldırdı. Belə axşamlarda qayğı, sevinc, iztirab və həyəcanlarla dolu iş günündən sonra qabağında ətirli və rəngli çay buğlana-buğlana samovarın yanındaca oturmaq, stola dirsəklənərək qəlyanını tüstülədib xəyala getmək Muğan düzünün böyük kolxozlarından sayılan “Yeni həyat”ın sədri Rüstəm kişinin xoşuna gələrdi. Rüstəm kişi, corab toxuyan, tikiş tikən, qab-qacaq silərək heç bir zaman işsiz oturmayan orta boylu, mütənasib bədənli arvadı Səkinə ilə ahəstə-ahəstə oradan-buradan danışar, bəzən də oynaq təbiətli və 21 yaşına çatdığına baxmayaraq hələ də bir uşaq kimi nazlanmağı sevən zarafatcıl və ərköyün qızı Pərşanın laqqırtısına qulaq asardı. Ailədə ünsiyyəti artıran, ürəkdə munis duyğular oyadan belə axşamlardan sonra yuxu nə qədər şirin olardı. Lakin bu gün Rüstəm kişinin evindəki ahəng pozulmuş, yerini soyuq bir sükuta vermişdi. Heç kəs danışmırdı. Küsülü kimi hərə öz aləminə dalmışdı, öz fikri ilə məşğuldu. Sanki evdəkilər bir-birini görmür, eşitmirdi. Ürəyi sıxıldığından Pərşan tez-tez qaşqabaqlı atasına baxır, fikirli anasını süzür və söz deməyə cəsarət etməyib susurdu. Lakin rahat da otura bilmirdi. Nəhayət, böyük otağın bir küncünü tutan kitab şkafına yaxınlaşdı. Kitabların birini götürüb o birini qoydu, heç birini oxumağa qərarı gəlmədikdə, şkafdan ayrıldı, balaca dördkünc stola tərəf getdi. Onun üstündəkini radionu işə saldı. Xırıltı otağı bürüdü. Rüstəm kişi qızına gözaltı baxdısa da bir söz demədi. Radio da Pərşanı məşğul edə bilmədi. Bir stansiya danışmamış o birisini qoşdu, anlaşılmaz sınıq kəlmələr, müxtəlif musiqi səsləri və dalğaların dəyişməsindən doğan gurultular bir-birinə qarışdı. Nə Pərşan rahat oldu, nə də Rüstəm kişi ilə Səkinədən bir səs çıxdı. Pərşan radionu bağlayıb pəncərə qabağına getdi. Anasının gərdəninə oxşayan mütənasib gərdənini düzəldərək, gözlərini hara isə dikib durdu. Rüstəm kişi samovarın dibindən tərpənmirdi. Yenə nəhəng gövdəsini şax tutmuş, çallaşmış başını dik qaldıraraq, enli sinəsini qabrtmış, daş kimi lal-dinməz oturmuşdu. Qabağındakı çay da soyuyub ətrini itirmişdi. Üstündə iblis şəkli olan qəlyan yenə Rüstəm kişinin əlində tüstüləyirdi. “Zolotoye runo” tütünü ilə dolu qutu qabağında açıq qalmışdı. Rüstəm kişi bu tütünün ətrindən, saçaqlı tellərinin rəngindən xüsusi ləzzət alardı. İndi isə nə qutunu görür, nə də tütünün iyini hiss edirdi. Yalnız tez-tez qəlyanı sümürür, boz tüstünü otağa buraxıb düşünürdü. Geniş alnını və iti baxışlı qara gözlərinin altını qalın qırışlar ötrmüşdü. Rüstəm kişinin gizli fikir və iztirabları bu qırışları bir az da artırırdı. Sönməkdə olan qəlyanı nazik mil ilə təmizləməyə başladıqda gözünü naməlum nöqtədən çəkdi, qəlyana baxdı. Birdən xəyalının dərinliklərində xoş bir xatirə baş qaldırıb, dumanlar arasından parıldayan səhər şəfəqi kimi ani olaraq üzünün, alnının qırışıqlarını işıqlandırdı. Bu xatirə Rüstəm kişiyə indi bir yuxu, bir nağıl qədər şirin gəlsə də, fikirlərini dağıda bilmədi, içərisində daş kimi yatan ağırlığı azaltmadı. Bu gün səhərdən Rüstəm kişinin işi düz gətirmirdi, sanki yolunun üstündən qara pişik adlamış, ya da qabağına dovşan çıxmışdı. Səhər tezdən idarəyə gedərkən hələ pilləkənin ağzındaca Telli arvad qabağını kəsərək mal fermasından pis xəbər aldığını söylədi: - A Rüstəm, başın salamat olsun, ferma heyvanlarının başında bəla var. Deyirlər ki, inəyin bu doğhadoğ vaxtında içinə azar düşüb. Rüstəm kişi “Nə qaraxəbər arvaddır?” deyib düşündü. O, sətin köynəyi büzməli tumanın içinə salıb, üstündən göy saya jaket geymiş Tellini acıqlı-acıqlı süzdü, sanki malların içinə azar salan o idi: - Ay arvad, nə vaxt sənin dilindən xoş söz eşidəcəyəm? Səhər-səhər qoy bir gözümü açım, sonra qabağımı kəs! Telli arvad qara qaş-gözünün ifadəsini dəyişməsə də, nazik göy damarları görünən buğdayı rəngli balaca əlini çox hissəsi ağarmış saçına çəkdi, boynuna sürüşən qara kalağayısını düzəltdi: - Xoş oldu, bəd oldu, budur. Eşitdiyimi deyirəm ki, sədrsən, tədbir tökəsən. - Bəs zootexniki harda çər vurub qabağını almır? - O yazıq da neyləsin, davası yox, dərmanı yox. Fermaya nə verirsən ki, nə istəyəsən! Rüstəm kişi kənddə dilli-dilavərliyi ilə məşhur olan bu arvadla nahaq yerə qan qaraltdığını düşünüb, şinelinin ətəyini çəkdi və sözünün dalına qulaq asmadan yuxarı çıxdı. Kömək üçün tez rayona zəng elədi. Tələm-tələsik və həyəcanla danışaraq əhvalatı bildirdi, mal-heyvan qırılarsa, rayonun məsuliyyət daşıyacağənə söylədi. Yalnız zootexnikin dava-dərmanla fermaya yola düşmüş olduğunu eşitdikdə rahat oldu və ayaqçını çağırdı, tez atı yəhərləməyi tapşırdı, özü də otaqda durmayıb artırmaya çıxdı. Hazırlaşırdı ki, ata minib fermaya getsin, briqadirlərdən Lal Hüseyn tövşüyə-tövşüyə içəri girdi, iniltili səslə kolxozun yük maşınının gübrə daşıyan yerdə çevrilib böyrü üstə yolun altına yuvarlandığını xəbər verdi. - Yox, canım?! – deyə Rüstəm kişi heyrətlə və acıqılı soruşdu. Sədrin sualı o qədər heybətli idi ki, Lal Hüseyn özünü itirdi, dili topuq çala-çala MTS-ə zəng etmək, traktor gətirdib maşını palçıqdan çıxarmaq lazım olduğunu söylədi. - Yox, canım?! – deyib Rüstəm kişi da acıqılı soruşdu və dərhal əlavə etdi: - Traktor sürünüb gələnə kimi gün keçər ki! Bir gündə bilirsən maşın neçə dəfə stansiyaya gedib qayıdır, ya bilmirsən? Briqadir cavab verməyib dodaqlarını çeynədi, nə “hə”, nə “yox” deməyib gözlərini döydü, - açıq cavab verməyib bu yolla susmağı bacardığı üçün onun adını Lal Hüseyn qoymuşdular. - Niyə bəs əl tərpədib maşını çıxartmadınız, hə?! Lal Hüseyn yenə susub qalın ətli dodağını tərpədəndə rüstəm kişi əlini havada yellədi, yəhərə sıçrayıb boz atı səhraya sürdü. Yük maşınının dal təkərləri arxın içində palçığa batıb qalmışdı. Xeyli əlləşib tər tökəndən sonra şofer ümidini kəsərək, kabinədə uzanıb meşin yarım-paltosuna bürünərək yuxuya getmişdi. Rüstəm kişi cin başına vurmuş halda onu dümsükləyib ayıltdı və yaxındakı tarlaya göndərdi: - Get, bala, o avaraları çağır, köməyə gəlsinlər! Bir dəstə adam sədrin əmri ilə gübrə dolu kisələri tələsik maşından boşaltdı, hərə bir yandan girişib hay basdı. Rüstəm kişi həm göstəriş verir, həm də özü nəhəng çiyni ilə sanki yük altında boğulub xırıldayan maşını itələyərək, kömək edirdi; bu zaman qan-tər içində olan Lal Hüseyn də gəlib çıxdı. - Ə-ə, nə gözünü döyürsən, girişsənə! – deyib Rüstəm kişi ona acıqlandı. Nəhayət, hay-küylə maşını dartıb palçıqdan çıxartdıqda Rüstəm kişi yenə boz atı mindi və maldarlıq fermasına sürdü. Axşam çox gec, üst-başı palçıqlı və yorğun-arğın halda evə qayıtdı. Nədənsə məhz indi, əsəblərinin belə gərgin çağında, arvadı Səkinə ilə yarımçıq qalmış mübahisəni həll etmək istəyirdi. Lakin söhbəti haradan başlamağı bilmirdi. Şax oturaraq qəlyanı dalbadal alışdırıb sümürür, Səkinə ilə danışmaq üçün fürsət gözləyirdi. Pərşan, Aşıq Ələsgərin şeirlərini oxumaqla məşğul olduğundan, artıq atasına baxmırdı. Səkinə də fikirli idi. Bardaş quraraq güllü-naxışlı xalçanın üstündə oturmuşdu, bir dizinin dibində cürbəcür iynə, sap, düymə və çalkeçirt olan taxta qutu, o biri dizinin dibində Pərşanın, Qaraşın, Rüstəm kişinin tuman-köynəyi vardı. Onları bir-bir götürərək tələsmədən düyməsi qırılanın düyməsini tikir, cırıq olanına yamaq salır, təpçiyir və bu biri tərəfə qoyurdu. Səkinə zahirən nə Pərşan kimi narahat, nə də Rüstəm kimi acıqlı idi. Fikirli olsa da sakit görünürdü. Ondan nə ani qəzəbin nəticəsi olan ağır bir söz, nə də ehtiraslardan doğan düşünülməmiş bir hərəkət gözləmək olardı. Oturuşunda, hərəkətində və üz-gözündə bir xanımlıq, nəcib bir əxlaqın və mənəviyyatın gözəlliyi duyulurdu. Sanki bu evin ahəngini yaradan o idi. Səkinə bütün varlığı ilə tikib-yamamaqla məşğul görünürdü. Guya başqa heç bir şeylə maraqlanmırdı. Əslində isə nə tikib, nə yamadığını özü də bilmirdi, fikri-diqqəti Rüstəm kişidə və Pərşanda idi. O yaxşı bilirdi ki, son zamanlar qızının da, ərinin də nəbzi əvvəlkilər kimi vurmur, əvvəlki kimi sakit və rahat nəfəs almırlar. Səbəb nədir? Burası Səkinəyə o qədər də aydın deyildi. Aydın olmadığı üçün də diqqət kəsilərək, duyuq gözlərini onlardan gizlədib, hər sözlərinə fikir verir, hər hərəkətlərini izləyirdi. Buna görə də kəndin sakit və soyuq qucağından qopan yanıqlı bayatını eşidən kimi Pərşana baxdı. Dırnağının gözünə batan iynənin ağrısını udub, uf da demədən yenə öz işi ilə məşğul oldu. Bayatı səsi içəri dolanda Pərşan intizardan qurtarmış kimi dərindən köksünü ötürdü, dönüb divardan asılmış kəfkirli saata baxdı və pəncərəyə daha artıq yapışıb qaldı. Səkinə bayatı deyənin saat kimi vaxtında səsləndiyinə diqqət etdi: hər gün axşam saat 8-də, lap köhnə azançılar kimi, nə bir dəqiqə gec, nə bir dəqiqə tez! Hələ bayatının sözlərini seçmək olmurdu. Ancaq Pərşan da, Səkinə bilirdi ki, bu səs yaxınlaşacaq, lap divarlarının dalında səslənəcək və sonra yenə yavaş-yavaş uzaqlaşacaqdır. Pərşan pəncərəni açmaq istədi. Ata və anasını şübhələndirməkdən qorxaraq əl saxladı, qulağını çölə zilləməklə kifayətləndi. Bayatı səsi artıq yaxınlaşmışdı. Onun sözləri də aydın eşidilirdi: Araz başdan lil gəlir, Dəstə-dəstə gül gəlir, Neylərəm belə yraı Ayda, ildə bir gəlir. Rüstəm kişi də bu səsi eşidib xoşhallandı. Hətta qəlyanını sümürüb ayağa durdu və divardan asılmış meşin çantanı götürüb açdı. Oradan böyük bir bloknot çıxarıb yazdı: - Briqadir Şirzadın yaxşı səsi var. Xor dərnəyi düzəltməyi ona tapşırmalı. Bu fikir onda bir yüngüllük yaratdı. Oturub, uzaqlaşan bayatı səsinə qulaq asaraq gülümsədi də. Sonra yenə ciddi düşüncəyə daldı. Lakin artıq alnını və gözünün ətrafını örtən qırışıqlar əvvəlki kimi qatılaşmadı. Deyəsən Pərşanın da üzündən əvvəlki intizar çəkilmişdi. Rəngi bir az açılmışdı. Kəndin qaranlıq və tənha küçələrinin sükutunu pozan Şirzad, sanki bayatısının ürəkləri açdığınlı gözüylə görürmüş kimi, daha yanıqlı oxudu: Gün getdi yatan yerə, Ay getdi batan yerə, Sinəm nişana qoydum. Yar oxun atan yerə. Ayrı zaman olsaydı bəlkə də Rüstəm kişi bu sözlərə fikir verərdi. Pərşan kimi yetişmiş bir qızın evinin dalında belə yanıqlı bayatı çağırmağın əbəs olmadığını düşünərdi. “Gözün qızın üstündə olsun!” deyə Səkinəyə tapşırıq verərdi. Lakin indi o ancaq bayatının yanıqlı və ürəyə yatan ahəngini eşidirdi. Sözlərdəki məna, səslərdəki titrəyiş isə ona çatmırdı. Adi zaman olsaydı, Səkinə öz müşahidələrini ona deyərdi. Indi bu barədə söz açmağı vaxtsız sayaraq susdu və durub tikiş şeylərini yığışdıraraq, balaca otağa keçdi. Arvadın bu hərəkəti Rüstəm kişiyə heç də xoş gəlmədi, etinasızlıq, hətta evin böyüyünə qarşı nifrət kimi göründü. Yerindən tərpənməyib bu qərara gəldi ki, lap gecənin şirin yuxusuna haram da qatmalı olsa, danışıb Səkinəni istədiyinə razı salacaq, ya da məcbur edəcəkdir. Lakin nə cür? Səkinənin iradəsini zorlamaq Rüstəm kişi üçün dünyada ən ağır və əzablı əməllərdən idi. 2 Rüstəm kişi Səkinə ilə 30 il əvvəl evlənmişdi. Otuz il bir yastığa baş qoymuş, bir sevinc və bir kədərlə yaşamışdılar. Bu 30 ildə yalnız bircə dəfə sözləri çəp gəlmişdi. Bu hadisə müharibədən əvvəl baş vermişdi. O zaman kişini hələ “Rüstəm kişi” yox, sadəcə Rüstəm çağırırdılar. Adına əlavə olunan “kişi” sözü bir yandan hörməti ifadə edirdisə, o biri yandan da gəncliyin çoxdan keçdiyini, ömür sarayından çox kərpiclərqopub düşdüyünü göstərir və ürəkdə kədər oyadırdı. O zaman isə Rüstəmin çağ vaxtı idi. 35 yaşı təzəcə tamam olmuşdu, özünü də iki il əvvəl kolxoza sədr seçmişdilər. Qaraşın səkiz, Pərşanın 5 yaşı vardı. Orta boylu Səkinə 30 yaşına çatmışdı. ətə-cana dolmuş, gözəlləşmiş, gərdənli bir qadın olmuşdu. Muğana məxsus sərin bir payız axşamı, uşaqlar yatandan sonra, ər-arvad talvarın altında oturmuşdular. O il Rüstəmin və kolxozun həyatında yaxşı illərdən biri idi. “Yeni həyat” kolxozu planlarını doldurmuş, birinci dəfə olaraq əməkgününə iki kilo taxıl, 5 manat pul, bostan məhsulları və sairə bölmüşdü. Rüstəmin kefi saz idi. Ürəyi sevinc vı iftixar hissi ilə döyünürdü. Səkinə talvar taxtasından asılmış otuzluq neft lampasının işığında oturub Pərşana qış corabı toxuyur və yavaş-yavaş danışan ərinə qulaq asırdı. Rüstəm ona gələn il daha çox məhsul götürəcəklərindən, həyatın yaxşılaşacağından, ümidlə dolu gələcəkdən danışırdı. Danışa-danışa da arvadını süzürdü. Gözü corab millərində, qulağı ərinin təmkinli, ahəngdar səsində olan Səkinənin üzündə taleyindən razı bir ifadə vardı. Dağınıq saçları girdə, yaraşıqlı başından boynuna və çiyinlərinə tökülmüşdü. Saçlarının ətri və bədəninin hərarəti Rüstəmi uzaqdan vurur, ruhunu oxşayırdı. Səkinə ərinin sevinc və xəyallarına şərik olaraq ara-sıra başını tərpədir və “yaxşı olar” deyə yavaşca təsdiq edirdi. Arvadının səsindəki, hərəkət və oturuşundakı cazibəyə qarşı dura bilməyən Rüstəm: - Daha bəsdir, - dedi, - dur yığışdır, yerimizi aç, yataq. Səkinə qıyqacı ona baxıb gülümsədi: - Tələsmə, yatarsan, gecə uzundur. Səkinənin tərpənmədiyini, eyni sakitlik və arxayınlıqla öz işini davam etdirdiyini görən Rüstəm bir addım ona tərəf atdı və əlindən yapışdı. Corab milinin biri yerə düşdü. Rüstəm diksindi. Lakin milin düşməsindən yox, Səkinənin əlinə toxunmaqdan diksindi. Rüstəmə elə gəldi ki, arvadının əli bərkimiş və kobudlaşmışdır. Sudan çıxarılaraq qurudulmuş dəri kimi sərtdir. Yalnız indi xatırladı ki, axə arvadı 15 ildir aramsız olaraq kətmən vurur, pambıq becərib toplayır, axşamlar da ev işlərini görür. Tez əyilib mili yerdən götürdü və arvadına verdi, sonra onun yarı çılpaq, ətli qolundan yapışdı: - Səkinə, sabahdan manqanı burax. Səkinə ərinin zarafat etdiyini və onu yoxlamaq istədiyini düşündü. İri, mavi gözləri ilə gülümsədi: - Ay Rüstəm, yoxsa bu qocalan vaxtımda məni xanım eləmək istəyirsən? Yaraşmaz. - Yox, xanım eləmək istəmirəm. Bağça açırıq, orada işlərsən, bir az vaxtın qalar, ev-eşiyə də, özünü də baxarsan. Ərinin ciddi danışdığını görən Səkinə də ciddi cavab verdi: - Yox, Rüstəm, məni bağçaya keçirmə. Əvvəla, mən özüm yüksək məhsul ustası olmaq istəyirəm, söz vermişəm. İkincisi də. Rüstəm arvadının sözünü kəsdi: - Elə birinci bəsdir. Deməli, könlündən orden keçir? Amma sənə nə yaraşar! - Səndən nə gizlədim, ürəyimdən keçir. Axı, kim istəməz ki, döşündə orden parlasın? - Yaxşı, ikinci nə səbəbə? - İkinci səbəbi sən məndən də yaxşı bilirsən. Yadındadırmı? Bir zaman deyərdilər: “Mollanın dediyini elə, elədiyini eləmə”. Axı, biz keçmiş mollalar kimi ola bilmərik. Mən pambıq işinə çıxmasam, sən yayın istisində nə üzlə qapı-qapı düşüb özgə arvadlarına deyəcəksən ki, gəlin, pambıq batdı. Ölüb yerə girmək ondan yaxşıdır ki, el sənə desin: “Əvvəl öz arvadını çıxart, sonra bizim qapımıza gəl”. Mən istəmirəm ki, sənin üstünə el töhməti gələ. Bu yükün altından çıxmaq çətindir. - Qorxma, arvad, mənim üstümə el töhməti gəlməz. Görürsən, 10 il bir qram taxıl bölməyən “Yeni həyat” kolxozçusuna bu il nə verdim: az alanı 700-800 kiloqram. Dövlət planlarını da artıqlaması ilə ödəmişəm. Bizim zamanda da planları yerinə yetirdin, papağını çəp qoy, gəz, neyləsən söz deyən olmayacaq! - Belə çıxır ki, plan dolduran nə istəsə eləyə bilər, hə? Bəs onda Haşımlılar kolxozunun köhnə sədrinə niyə 10 il iş verdilər? Yox, Rüstəm, sən heç şeyə aldanma, nə elə ucalığını istəyirəm ki, əl çatmasın, nə də elə yıxılmağını ki, ayaqlar altına düşəsən. Kimin ki, ağlı var, bir qaydada yaşar, böyük də olanda, kiçik də. - Arxayın ol, mən elə iş tutmaram ki, Haşımlılar sədrinin gününə düşəm. Onun işi başqa idi. Gözü qızışmışdı. Qayda-qanun bilmirdi, basıb yeyirdi. - Sən elə bilirsən ki, onun gözü birdən o cür qızdı? Yox! Yəqin elə o da sənin kimi əvvəlcə özündən müştəbeh olub, bu fikrə gəlib ki, böyük adamdır, sonra da deyib nə var, filan işi eləsəm mənim üçün keçərlər, bu gün bir qaydanı pozub, sabah o birisini, sonra gəlib çıxıb o yerə ki, orada yapışıblar yaxasından. İstəmirəm, Rüstəm, ağır da olsa, çöl işinə öyrənmişəm, çıxaram əlim-ayağım nazikləşər, iraq candan, ağır gün gələndə də əlim kətmən tutmaz, bağçaya uşaqlı dul arvadlardan, ya da o işin sahibi olan qızlardan birini qoy. Rüstəm ilk uğurdan o qədər sevinmiş, özünə o qədər arxayın olmuşdu ki, Səkinənin dediklərini başa düşmürdü, bunu arvada məxsus bir vasvasılıq hesab edirdi. Səkinənin məsləhət verəcək hakimanə bir əda ilə danışması isə Rüstəmin daxilində nəyi isə təhqir edir, onu acıqlandırırdı. Bu hissin təsiri ilə olmalıdır ki, arvadının anlaşılmaz qayğılar və təlaşla titrəyən səsi də, bir qədər əvvəlki cazibədar, təravətli və isti bədəni də indi namehriban və azca yabançı görünürdü. Arvad susub durduqda Rüstəm də danışmadı. Qalife şalvarının enli cibindən çubuğunu və tütün qabını çıxartdı, yavaş-yavaş doldurmağa başladı. Səkinə gözaltı ona baxdı. Rüstəm bu baxışları duysa da, əhəmiyyət vermədi. Səkinə yenidən milləri götürüb corab toxumaqla məşğul oldu. Rüstəm çubuğu alışdırıb çəkdi, azca yüngülləşmiş kimi yavaşdan: - Bilirsən, arvad, - dedi, - mən hamısını ölçüb-biçmişəm, qərarım bu olub ki, sabahdan bağçada işləyəsən. Səkinə göz dolusu ərinə baxıb gülümsədi, yavaşdan, lakin bayaqkından seçilən daha ciddi bir ahənglə dedi: - Ay Rüstəm, bəs azadlıq, bərabərlik nə oldu? Həmişə arvad da, kişi də birdir deyənlərdən biri də sən olmusan. Axı, bərabərlik, azadlıq olan yerdə belə qərarı sən özün haqqında çıxara bilərsən, mənim haqqımda yox. - Azadlıq məgər özbaşınalıqdır? Ərin ər yeri var, arvadın arvad! – Rüstəm kişi güldü, yarızarafatla davam etdi: - Yoxsa bu evdə bizim bir ixtiyarımız yoxdur? - Bu evdə sənin çox ixtiyarın var. Amma o şey ki, təkcə mənə aiddir, mən bilərəm. Orda hökm işləməz! Rüstəm bildi ki, işi uduzub. Söhbət ki, bu yerə çatdı, Səkinə bəstəboy, yumşaq əndamlı və mülayim təbiətli, incə ruhlu bir qadından çevrilib olur bir qaya parçası. Nə qaldırmaq, nə tərpətmək mümkündür. Rüstəmin ürəyində azca əvvəlki cazibədən doğmuş son qığılcım da söndü. Çubuğunu tüstülədə-tüstülədə bağçada gəzindi, sonra talvarın altında özünə yer hazırlayıb soyundu və yıxılıb yatdı. Bu ilk ixtilaf onların hər ikisinin ürəyində nə isə ağır daş kimi yatıb qaldı, münasibətlərində soyuq bir iz buraxdı. Yalnız müharibə başlanandan 6 ay sonra Rüstəm cəbhələrdə vuruşarkən ayrılıqdan doğan qüssəninmi, müharibə ilə bağlı olan gözlənilməz facianə təsadüflərinmi ürəyini yumşaltması nəticəsində bu fikrə gəldi ki, Səkinə haqlıdır, yüz dəfə haqlıdır. Bu zaman o, ad qazanaraq, manqabaşçısı olmuşdu. Bunun sayəsində də Rüstəmin bir cüt balasına həm analıq, həm də atalıq etmişdi, onların həyati tələb və ehtiyaclarını ödəməklə, özlərini oxutmuş, məktəbdən ayrılmağa, bəzi uşaqlar kimi yol qırağında qarpız və alma satmaq dərəcəsinə enməyə qoymamışdı. Planı artıqlamasilə yerinə yetirdiyi üçün rayon qəzetində şəklini də çəkmişdilər. Rüstəm bu şəkli alanda 1942-ci ilin may ayı idi. O, ağır günlərdə Səkinənin şəklini qoynuna basmış, altındakı yazını təkrar-təkrar oxuduqca ürəyi dağa dönmüşdü. Elə onda da Səkinəyə yazmışdı ki, bağışla, neçə il əvvəlki söz-sovun günahı məndədir, səhv etmişəm! İki il vuruşduqdan sonra yaralanaraq hərbi hospitalda yatan, yenidən cəbhəyə qayıdan və nəhayət, ağır yaralanaraq müharibə qurtarmamış ordenlərlə geri dönən Rüstəm ailəsi tərəfindən elə bir hərarətlə qarşılanmış, arvadında elə bir rayihə və mehribanlıq görmüşdü ki, ömrü boyu bir daha onunla tərsləşməyəcyinə, heç bir arzusuna qarşı çıxmayacağına öz aləmində and içmişdi. 3 Lakin hisssiyyatın coşduğu və hansı bir səbəbdənsə ruhun oynadığı zaman, içilən andlara hər kəs sadiq qalırmı? Yavaş-yavaş zaman hissiyyatı yatırdıb ruhu sakit etdiyi kimi, bu and dəqiqələrini də çoxlarının hafizəsindən silib aparır və üstünə qalın bir pərdə çəkir. Rüstəmin də özünə söz verdiyi o zamandan illər gəlib getmişdi. Həm də yüz ilin, min ilin hadisələri ilə dolu olan illər! Bu illər ərzində nələr olmamışdı, nə qədər sular axmış, nə qədər adamlar həlak olmuş, torpağın üstündə nə dəyişikliklər baş vermişdi. Böyük bir müharibənin getdikcə qızışan alovları şəhərləri, kəndləri yandırıb-yaxmış və bəşəriyyəti kifayət qədər yorduqdan sonra sönmüşdü. Amansız ölüm və fəlakətin əlindən qurtarmış ruhu əzgin və yorğun insanlar daha xoş bir həyat və gələcək naminə xərabələri yenidən tikməyə, şüur və mədəniyyətin yeni yüksəlişi üçün daha geniş yollar açmağa özündə qüvvə tapmış, gərginlik və yeni məhrumiyyətlərdən qorxmayaraq işə girişmişdi. Nəticədə dağılmış kəndlər və şəhərlər yenidən canlanmış, yeni evlər, yeni küçələr salınmış, yeni nəsil meydana gəlmişdi. Rüstəmin öz evində balaca uşaq kimi qoyub getdiyi Qaraş indi 24 yaşında böyük bir kişi olmuşdu. Gəlin-gəlin oynayan Pərşan 21 yaşına çatıb orta məktəb qurtarmışdı. Rüstəmin qara gur saçları çoxdan seyrəkləşmiş və çallaşmışdı. Ona Rüstəm “kişi”, yaxud Rüstəm “əmi” deyə müraciət edən bir nəsil yaranmışdı. İndi Səkinənin də başı qar səpələnmiş dik bir təpəyə oxşayırdı. Gözlərinin dövrəsində və açıq geniş alnında balaca qırışlar əmələ gəlmişdi. Lakin Rüstəm kişinin şax və enli kürəyi hələ də əyilmədiyi kimi, Səkinənin də gərdəni öz tənasübünü, iri gözləri öz cazibədar həyat işığını itirməmişdi. Bircə şey vardı ki, Rüstəm kişini xasiyyəti çox dəyişmişdi. Səkinə, qadınlara məxsus bir həssaslıqla ərinə diqqət yetirərək hiss etmişdi ki, o çox səbirsiz olmuşdur. Bəzən xırda bir şey üçün qızışıb özündən çıxır, fikrinə qarşı fikir deyənlərə zorla qulaq asır, zahirən sussa da, daxildə az qalır ki, partlasın. Səkinə bunu də hiss etmişdi ki, zaman Rüstəm kişinin ona qarşı həmişə yumşaq duyğularını poza bilməmişdir, elə indi də əvvəlkilər kimi əri onunla nə qədər mübahisə etsə də, qızışsa da, axırda soyuyub tabe olur və dediklərinə əməl edir, hövsələsizliyi və tez qızışmağı isə lənətə gəlmiş müharibənin nəticəsi idi. Hər halda Səkinə belə izah edərək ərinə daha artıq mehribanlıq göstərir, hövsələsini pozacaq hər şeyin qabağını əvvəlcədən almağa çalışırdı. Ailədə, öz aralarında baş verən və həyatın gündəlik zəruri ehtiyaclarına toxunan mübahisələrdə o, heç vaxt Rüstəm kişini qızışacaq hala gətirmir, tez güzəştə gedirdi. Lakin o şey ki, ərinin ictimai vəziyyətinə, xalq qarşısındakı nüfuzuna və ailənin taleyinə toxunurdu, o şeydə Səkinə güzəşt nə olduğunu bilmir, qaya kimi möhkəm dururdu. Bir həftə əvvəl yenicə yerlərinə girmişdilər ki, Səkinə sevincək ərinə dedi: - Ay kişi, gözün aydın, Qaraş evlənmək fikrinə düşüb. - Saqqalını subaylıqda ağartmayacaqdı ki. Yaxşı fikirdir, gözaltısı var, ya yox? - Olmasaydı, sözü açmazdı. Hər şeyi danışıb qurtarıblar, qız da şəhərli qızıdır. Deyirəm, haralı olur-olsun, adam olsun. Nanəcibinə rast gəlməyək. Rüstəm kişi qəti səslə: - Gəlməzsən, arvad. Qaraş sənin südünü əmib, mənim çörəyimi yeyib, rastına pis adam çıxmaz! – dedi. Səkinə, “şərə-şur qızlara tuş gələn yaxşı adamlar azdırmı” deyə etiraz etmək istədi. Lakin bunu bədniyyətlik sanaraq susdu və ərinin fikri ilə razılaşdı: - Sən deyən olsun, kişi. Səkinənin verdiyi xəbər Rüstəm kişinin lap ürəyindən idi. Bunu eşidən kimi sanki üstündən ağır bir yük götürüldü. Son zamanlar Rüstəm kişi oğlunun tora düşməsindən, pis bir günah işləməsindən qorxurdu. 24 yaşlı, canı-başı sağlam, istiqanlı bir oğlan özünü nə qədər saxlayacaqdı. Özü də hansı qız-gəlin onu görür, rəng verib rəng alır, ağ sinələr gizli bir ah ilə qalxıb enir, qara gözlərdən qığılcım çıxır. Peyğəmbər də olsa bu tilsimə dayana bilməz, handakı cavan oğlan ola. - Arvad, gəlini nə qədər tez gətirsən, o qədər yaxşıdır. - Elə özü də onu deyir, deyir ki, ana, otağı hazırla, qızı götürüm gəlim. Qardaşının evlənmək fikri Pərşanı hamıdan artıq sevindirdi. O, səhərdən axşama qədər atılıb-düşür, oxuyur, anasının boynunu qucaqlayır, Qaraşın otağını səliqəyə salır, gündə yüz dəfə bu səliqəni pozub yenidən düzəldir, yorulmaq bilmirdi. Lakin bircə məsələ evdəki ümumi razılığı və ahəngi pozdu. Rüstəm kişi Qaraşa ağıllı-başlı toy qurmaq fikrində idi. O, rayonun adlı-sanlı adamlarını, hətta rəhbərlərini də toya yığmaq, böyük süfrə açıb karvan kimi dal-dala düzülən “Pobeda”larda gəlini gətirmək istəyirdi. Bu fikir Pərşanın da ürəyindən oldu. Yaxşı bə dəbdəbəli toy qıza nağıl kimi maraqlı görünürdü, bütün xəyalını oynadırdı. Rüstəm kişi və Pərşanın gözlədiyinin əksinə olaraq, Səkinə bütün bunlara etiraz edib dedi: - Bu dəbdəbəni neyləyirsən, ay kişi! Tanış-bilişdən, Qaraşın dost-aşnasından beş-on adam çağır, sakitcə gəlini gətir gəl, qurtarsın getsin. - Yox, ay Səkinə. Bir oğlumuz var, niyə ürəyinə dəyək. Qoy dost-aşna da deməsin ki, Rüstəm kişi simiclik elədi, malına qıymadı. Ya da qorxusundan toy eləmədi. Gəlin də görsün ki, biz oğlumuzun xoşbəxtliyi üçün heç şeyi əsirgəmirik. - Hə, hə, ay nənə, qoy Qaraş qağama bir yaxşı toy quraq! – deyə Pərşan da söhbətə qarışdı, - qoy xoşbəxt olsunlar. - Ay bala, xoşbəxtlik məgər toyun zorbalığındadır? Bu atan məni gətirəndə bir zurna çalan da yox idi. Nə oldu, biz bədbəxt olduq? - Biz evlənən günlər başqa, ay arvad. Onda mən muzdur, yoxsulun biri idim. Sən də bəy qızı deyildin. Nə kolxoz var idi, nə də bu eyvanlı ikimərtəbə ev. İndi isə allaha şükür, hər şeyimiz var. Varlığa nə darlıq. Qoy Qaraş balaya bir toy düzəldim ki, səsi Muğan düzünə yayılsın. - Səsi Muğan düzünə də yayılar, bəlkə bir az da o yana. Bakıya da gedib çıxar. Amma qorxuram, bu səsdən öz qulağımız bata, - deyib Səkinə mənalı gözlərlə ərinə baxdı. Lakin nə baxışlar, nə də arvadının səsindəki titrəyiş Rüstəm kişini inandırmadı. Mübahisə nə qədər yumşaq bir şəkildə getsə də, onlar qəti bir qərara gələ bilmədilər. Hər kəs öz dəlillərini gətirdikcə aralarındakı ixtilaf dərinləşdi. Rüstəm kişi ehtiyatsızlıq edib Səkinəyə acıqlandı da: - Lap əbucəhl olub getmisən, arvad. Mən ağzımı açıb “hə” deməmiş, sən ordan qışqırırsan “yox”. - Mən əbucəhl olmamışam, elə əvvəlki mənəm. Görünür sənin məcazın tündləşib, saqqalın ağardıqca yerişini itirirsən. Rüstəm kişi qəzəblənərək, “söz mənimkidir!” deyib evdən çıxdı. İdarəyə getdi. Bu mübahisə onların talvara qaldırılmış tənəklərlə, nar və alma-armud ağacları ilə əhatə olunmuş ikimərtəbəli, eyvanlı evində zəif bir soyuqluq yaratdı. Lakin Rüstəm kişi arvadının könlünü alacağına, öz istədiyinə razı salacağına inanırdı. Ertəsi gün yenə evində oturub dalbadal çubuğunu tüstülətdiyi zaman Səkinənin soyuduğunu düşünürdü. Onu çağırmaq istər kimi öskürdü. Səkinə gəlmədi. Nəhayət, Rüstəm kişi dayana bilməyib səslədi: - Səkinə! Səkinədən cavab çıxmadı; Rüstəm kişi kibrit çöpü ilə çubuğunu qurdaladı və başını qaldırmadan bir də çağırdı: - Səkinə, hardasan?! Yenə Səkinədən səs çıxmadıqda başını çiyninin üstündən dala çevirdi. Artıq radionu işə salmış Pərşana baxdı, tamamilə başqa bir səslə, xüsusi mehribanlıq və məhəbbət dolu yumşaq bir səslə: - Qızım, yeri gör, anan hardadır. Çağır gəlsin, danışaq! – dedi və özü də təəccüb etdi ki, “Səkinə” çağıranda niyə səsi bu qədər sərt, “Pərşan” çağıranda bu qədər yumşaq çıxır. Qara, uzun saçlarını qoşalayıb sinəsi aşağı sallamış Pərşan çevik bir hərəkətlə yenidən qalxdı, iki əliylə atasının boynunu qucaqlayıb qulağının dibindən öpdü və: - Güzəştə getməyəsən, ha. – deyərək anasını çağırmaq üçün eyvana qaçdı. Rüstəm kişi işıqlı və bir az bic gözləri ilə qızın dalınca baxdı, gülümsəyib: - Lap anasının burnundan düşüb, - dedi və durub otaqda gəzindi. Arvadı gələnə qədər fürsətdən istifadə edib bir də düşündü, fikrində bir də götür-qoy etdi ki, sözü haradan başlasın, necə etsin, Səkinəni necə razı salsın. Hər halda dalaşmağın, zilə çıxmağın mənası yoxdur. Ucadan başlarsan, arvad da qızışar. Evin sirri həyətə çıxar, kəndə yayılar. Bunu da bir zurna eləyib çalarlar. Nə çox həvəskarı. Ərizəbazlar onsuz da söz axtarırlar. Üç gün əvvəlki mübahisə də nahaq idi. Günahın bir azı Səkinədə isə, bir azı da mənim özümdədir. Axı, nə işin var, verirsən arvadnan ağız-ağıza? Görürsən tərs damarı tutub, danışma, çıx get, havası keçəndə qayıt, bir az orasını-burasını sığalla, pambıq kimi yumşalsın, istədiyinə razı sal. Səbr ilə halva olur ey qora səndən. Bir də ki, vallah, gülməli işdir, əslinə baxanda mənasız bir şeydir. Bunun üstündə heç söz güləşdirməyə dəyməz. Arvaddır, ürəyi zəifdir, hər gün bir söz eşidir, qorxur. qorxur ki, məni işdən çsonra da Telli arvadın dilinə düşə, üstünə ayaq alalar. Daha demir ki, mən atayam, ürəyimin min arzusu var. Oğul böyütmüşəm, toyunu da görmək istəyirəm. Rüstəm kişi qayıdıb yerində oturdu, çubuğunu alışdırıb sümürərək, xoş xəyallara getdi. Qaraşın uşaqlığı, məktəbə getməsi, cavanlaşıb boya-buxuna çatdığı illər yadına düşdükcə fərəhindən üzü gülür, belə bir oğul atası olduğu üçün iftixar edirdi. İndi həmin bu Qaraş evlənmək fikrinə düşmüşdü. Hətta ata və anadan xəbərsiz özünə adaxlı da tapmışdı. Bu barədə neçə gün əvvəl anasına xəbər vermişdi. Qaraş uşaqlıqdan atası ilə hesablaşsa da, anası ikə daha açıq idi. Hər həvəs və arzusunu çətinlik çəkmədən anasına açardı. Səkinə də gecələr Rüstəm kişi ilə yastığa baş qoyanda görüb eşitdiklərini, uşaqlarının istəklərini ona danışardı. Bəzən bu uzun və həzin söhbətlər gecəyarısına qədər çəkərdi. Nəhayət, Rüstəm kişi “yastıq söhbəti qurtarmaz, arvad, yat, görək səhər nə göstərir” deyər və yuxuya gedərdi. Bu xatirələr Rüstəm kişinin ürəyini daha da yumşaltdı. Buna görə də çiyninə ağ saçaqlı böyük yun şal salmış Səkinə içəri girəndə gülümsəməyə çalışdı: - Hə, arvad, hirsin soyuyub, ya yox? Səkinə ağ, girdə üzündə hələ də çıraq kimi yanan və ona xüsusi gözəllik verən mavi gözləri ilə ərinə yoxlayıcı bir nəzər saldı: - Sənin hirsin soyusun, məndə hirs yoxdur, - dedi və qızına döndü: - Sən niyə marıtlayıb durmusan, üzümdə ərik ağacı bitməyib ki. Çıx get işinə. Pərşan anasına qısılddı: - Nənə, sən qağamın canı, razı ol. - Razı olar, razı olar, - deyə Rüstəm kişi qızının başını oxşadı. Səkinə, ərinin yarızarafatla deyilmiş sözlərinə ciddi cavab verdi: - Ay kişi, bu iş təkcə sənin işin olsaydı, mən ağzıma su alıb oturardım, deyərdim qoy bildiyini eləsin, barını da özü yeyəcək, bəlasını da. Amma təkcə sənə aidiyyəti olan iş deyil. Pərşana da, Qaraşa da, mənə dəxli var, axırı pis olanda üçümüz də üzümüzü tutacağıq sənə. Yaxşı, mən heç, mən yumdum ağzımı, danışmadım, bəs o qızına, o oğluna nə cavab verəcəksən? - Nəyin cavabını verəcəyəm, ay arvad?! Mən burada nə cinayət eləyirəm ki, cavab da verməli olam? Sən də dönmüsən lap o xoflu xəlifəyə, hər şeydən qorxursan. Səkinə etiraf etdi: - Hə, qorxuram, niyə qorxmayım? Yüz adamı yığacaqsan bura, gəlib üzünə baxıb getməyəcəklər ki?! Özün deyirsən ki, stol açacağam, qoyun kəsdirəcəyəm, düyü islatdıracağam. Xərci heç bilirsən hara gedib çıxacaq, heç bu barədə fikir eləmisən? - Yaxşı, xəsislik eləmə görək. Beş qoyunun var, üçünü kəsərik. Yığıb gora aparmaycağıq ki? - Yaxşı, qoyunu kəsdin, bəs düyüsü, bəs yağı, bəs xuruşu, bəs meyvəsi, bəs içkisi? Yox, Rüstəm, mən qolumu çırmayıb belə qonaqlığa düyü islatmaram. Hələ orasını demirəm ki, sən kolxoz sədrisən, hamının gözü səndədir, sən bir eləyəndə, başqaları beş eləyəcək. Özümüz də dildən-dilə düşəcəyik. Yeyib gedəcəklər, on beşini də üstünə qoyub danışacaqlar. İstəmirəm, yaxşı fikir eləsən özün də görərsən ki, sənə yaraşan iş deyil. Camaatın ağzına düşərsən. Rüstəm kişi səbirli olmaq haqqındakı qərarını unudaraq, qeyri-ixtiyari əsəbiləşdi: - Camaat nə deyəcək, cəhənnəmə desin! Bir oğlum var, bir dəfə evləndirəcəyəm. Yüz dəfə evləndirməyəcəyəm ki. Qoy elə olsun ki, bir uşağın da könlü açılsın. Evə gələn yad qızı da görsün ki, necə yerə gəlir. Camaat da danışar-danışar yorular. - Ay kişi, heç sən başa düşürsən nə danışırsan? Camaata belə alçaq gözlə baxmaq nahaqdır. Kim ki, camaata xor baxır, elə bil o öz əliylə öz gözlərini bağlayır, öz şamını söndürür. Çünki mən hələ bir dəfə də görməmişəm ki, bu camaat deyən söz yalan çıxsın. Bir adam barəsində camaat pis dedi, bil ki, o adam elə doğrudan da pisdir. Elə iş tut ki, camaat həmişə yaxşı desin. Əbləh o kəslərdir ki, pis əmələ yol verirlər. Camaat da adlarını pisliyə çağıranda xətirlərinə dəyir, başlayırlar köhnə bəylər kimi yekə-yekə danışmağa. Yaxşısı budur nə pis iş tut, nə də pis söz eşit. İndi ki, belə oldu, mən əlimi yuyub çəkildim kənara, o oğul, o da sən. Necə evləndirirsən evləndir, özün bilərsən! Rüstəm kişi artıq səbri də, təmkini də itirmişdı. Səkinənin aramla dediyi sözlərə qulaq asa-asa qaralıb ağarırdı. Atasının bu halına ürəyi yanan Pərşan anasına göz-qaş edir, əlini dodaqlarına qoyur, min hərəkətlə yalvarırdı ki, ana, bəsdir, bu qədər insafsızlıq eləmə. Lakin Səkinə nə ərinin rəngdən-rəngə düşməsinə, nə də qızının bu hərəkətlərinə baxmayıb danışırdı, ürəyində nə var idi, açıb tökürdü. Səkinə ərinin özünüsevən, sözgötürməz bir adam olduğunu bilirdi. Bilirdi ki, bu sözlər lap kişinin ürəyinin başından dəyib yaralayır. Lakin susmurdu. O düşünürdü ki: “Mən də deməsəm, kim deyəcək? bu cür fikirlər cücərib böyüyəcək, kişini aparıb salacaq uçurumun təkinə”. Belə düşündüyü üçün də yavaş-yavaş, lakin tutarlı-tutarlı danışırdı. Rüstəm kişi isə getdikcə içəridən daha artıq yanırdı. Arvadın töhmətləri sanki onun sinəsində bir ürəyi yox, iki ürəyi deşirdi: ərinin və kolxoz sədrinin ürəyini! Bu ikiqat zərbə onu yaman incidirdi. Beləcə oturarsa kobudluq edəcəyindən qorxaraq, tütün qabını qabağına dartdı. Çubuğunu doldurdu və kibriti havada yellədib yandırdı. Çubuğunu sümürə-sümürə ayağa qalxdı, gedib pəncərə qabağında durdu və Muğan düzünə baxırmış kimi arxasını Səkinəyə çevirdi. Bundan istifadə edərək Pərşan pişik kimi səssiz və çevik hərəkətlə özünü anasının üstünə atdı: - Nənə, yaman tərslik edirsən! – deyib pıçıldadı. Səkinə onu özündən kənar elədi: - Ay qız, sən nə yapışmısan mənim boğazımdan, qoy bir görüm nə qayırırıq. Keçi can hayında, qəssab piy hayında. Mən sabahkı günümüzü fikir eləyirəm, sən də kef axtarırsan. Pərşan qızardı, alışıb yandı. Nazik dodaqları da, girdə yanaqları da, qara, buruq saçları altından ucu görünən balaca qulaqları da qızardı. Sonra qarabuğdayı üzü tutuldu, gözləri doldu: - Hamı analar istər ki, oğluna yaxşı toy eləsin, sən bilmirəm niyə belə edirsən, bizi istəmirsən! – deyə anasından uzaqlaşdı. - Pis anayam, yaxşı anayam, buyam. Xasiyyət don deyil ki, təzəsini tikdirəm. Pərşan küsüb qaşqabağını salladı. Sanki söhbət Qaraşın yox, onun toyundan gedirdi, sanki onu istədiyi oğlana vermək istəmirdilər. Aşıq Ələsgərin kitabını götürüb acığından anasına “gecən xeyrə qalsın, ay nənə!” deməyib, öz otağına çəkildi. Rüstəm kişi başqa bir söz tapmayıb, Səkinəni qorxutdu: - Arvad, elə eləmə ki, gedim Tellini gətirim, toy tədarükünü tapşırım ona. Lakin bu təklif də Səkinəni sındırmadı: - İstəyirsən lap get moltanı gətir, amma onu da bil ki, nə qədər mən varam, bu evə Telli-melli ayağı dəyməyəcək! Rüstəm kişi mübahisənin nahaq olduğunu duyub eyvana çıxdı, çubuğunu tüstülədə-tüstülədə var-gəl etməyə başladı. Mülayım də olsa qış gecəsi idi, gündüzün havasına nisbətən xeyli soyuq meh əsirdi, çöllərin qoynundan qoparaq, Rüstəm kişinin yaxasından içəri dolurdu. Göy üzünün ulduzları da ona çox soyuq görünürdü. Cazibəsini itirmişdi, lap yayın günorta çəyirtkələri kimi sayrışırdılar. Rüstəmin sinəsində baş alıb Muğan çöllərində gəzmək həvəsi oyandı. Lakin çıxıb getmədi. Çünki belə hərəkət Səkinəni cin atına mindirərdi. “Arvadın bu cür quyruğunu düydüyünü heç görməmişdım, - deyib düşündü, - gedim yatım, bəlkə səhər ağlı başına gəldi. ” İkinci fəsil 1 Lakin səhər də Səkinə yumşalmadı. Rüstəm kişi yenə toy məsələsini ortalığa gətirəndə qəti cavab verdi: - Mən bildiyimi demişəm, qalanı öz işindi. Rüstəm kişi qapını çırpıb evdən çıxdı, acıqlı halda və cəld addımlarla idarəyə yollandı. Hələ kolxozun böyük həyətinə qədəm basmamış gödək və potuq Nəcəf başda olmaqla bir dəstə kolxozçu qabağını kəsdi: - Şənbə günü də gəlib çatdı, indi nə deyirsən? Rüstəm kişi xatırladı; müəllim olmadığından kənd məktəbində dörd aydan bəri rus və alman dili keçilmirdi. Bir həftəyə müəllim gətirəcəyi haqqında kolxozçulara söz vermişdı. Lakin elə oradaca vədini unudaraq heç bir şey etməmişdi. Bunu xatırlayıb qızardı, camaatın qarşısında çaş qaldısa da, özünü itirməyib, belə dəqiqələrdə hücuma keçməyin ən yaxşı mügafiə olduğunu yadına saldı: Nə günləri sayırsınız? Bir həftə olmasın, iki həftə olsun, söz vermişəm, müəllim gətirdəcəyəm! – dedi və ürəyində yay tətili zamanı Bakıya gedərək geri qayıtmamış əvvəlki müəllimə lənət yağdırdı. Bu cavabdan heç də razı qalmayan kolxozçular onun yaxasından əl çəkmədilər. Bir neçə yerdən qarışıq səslər eşidildi. Rüstəm kişinin yadında qalan bu sözlər oldu: - Öz qızın oxudu, atteatatı alıb qoydu başının altına, daha nə vecinə! Axı biz də istəyirik ki, uşaqlarımız oxusun. Tələb elə, müəllim gətir! - Elə bu məktəb müdiri yaman qızışdırıb sizi, göndərib üstümə, - deyə Rüstəm kişi tələsmədən, fikirli-fikirli çubuğunu və tütün qabını çıxartdı, doldurub alışdırmaq istədi. Tütün qabı sürüşüb əlindən çıxdı, lakin kim isə onu havadaca qapıb Rüstəm kişiyə verdi. Rüstəm kişi Yarməmmədi cəld hərəkətindən tanıyıb üzünə baxmadan tütün qabını aldı, onun alışdırıb uzatdığı kibriti yana itələyib özü ağayana hərəkətlə kibrit yandırdı, çubuğu tüstülətdi: - Partiya təşkilatı var, komsomol var. Biri getsin də. Təsərrüfatı mən götürmüşəm üstümə, o biri şeyləri də onlar aparsın! Yarməmməd nazik, uzun boynunu bir az da uzadaraq: - Bəli, bəli, - dedi, - düz sözə nə deyəsən, düzdür də. Telli arvad ona təpindi: - Əyə, bir dilini saxla, bəli, bəli deməkdən dilin yara olmadı? Kənd komsomol təşkilatının katibi Nəcəf irəli gəldi: - Daşı bizim bostana atırsansa, bil ki, nahaqdır. Çünki biz çox məsələ üçün getmişik, bir dəfə də sən getsən təsərrüfat batmaz! Rüstəm onun zəif damarından tutmaqla birdəfəlik kiritmək istədi: - Bu qədər danışmaq əvəzinə fikrini işə versəydin, indi sən də bir ad çıxartmışdın, ay komsomol katibi, ay traktorçu yoldaş! - Rüstəm dayı, burda mənim, ya da komsomolun işini müzakirə etmirlər ha, salırsan ortalığa. Burda camaat deyir ki, kolxoz sədri də bir məktəbin dərdinə qalar, məktəbdə uşağı olmayanda nə olar ki?! - Ona nə var məktəbin, müəllimin dərdinə qala, - deyə Telli arvad yerindən dilləndi. – Elə bilir ki, neçə il əvvəldir, şəhərə qədəm qoyan hər kəs, bildi-bilmədi, götürəcəklər ali məktəbə. – Telli arvad üzünü Rüstəm kişiyə tutdu: - İndi ki, sədrimizsən, gərək uşaqlarımıza dil öyrətməyə müəllim də tapasan. Mən bilən belədir. - Sən bilənə şəkk-şübhə ola bilməz ki, ay Telli-dilli arvad, - deyə Rüstəm güldü. - Bəzəməyə qalsa, Rüstəm, mən elə bəzərəm ki, cümlə-cahan tamaşasına gələr. Sən bizim gerçək sözümüzə gerçək də cavab ver! - Sədri bəzəmək olmaz, - deyə Yarməmməd bir ayağını qoyub o biri ayağını götürdü, - hələ analar elə oğul doğmayıblar! Telli arvad ikiəlli ona boğma çıxardı: - Ala, kül töküm danışdığın sözə! Ələkçinin qıl verəni! Sədri də bəzərlər, ondan yekəsini də! Dalından bir quyruq bağlarlar, boynundan da bir zınqırov asarlar, ayağına papış geydirib, başına da dəccal papağı qoyarlar, get hara gedirsən! Rüstəm kişi təpərli adam idi və bu sözləri Telli arvad yox, başqa birisi desəydi, üstünə elə qışqırardı ki, zəhri çatlardı. Lakin camaat arasında telli arvadla ağız-ağıza verməyi özünə ar bildi. Yarməmmədə acıqlandı: - Yüz dəfə demişəm ki, camaat söz deyəndə idarə işçisi kənardan boğazını uzatmasın, hər kəs öz qanacağına görə nə bacarır, onu da danışır, sənə nə qalıb, bala? – Qızarmış və pörtmüş Yarməmmədi rahat buraxıb camaata döndü: - Bir az səbr edin, yoldaşlar, buna Muğanın şoran torpağını dirildən sovet hökuməti deyərlər. İki müəllim nədir ki, əlində aciz qala, onu da tapacaq! - Nə konkret cavab oldu! – deyə potuq Nəcəf istehza ilə güldü. Telli arvad isə ciddi və bir az da acıqlı soruşdu: - Ay Rüstəm, gerçək sözündür, ya bizi ələ salmısan? Rüstəm kişi tutuldu. Telli arvadın susmaq bilməyən dili onun səbrini tükəndirdi: - Ay arvad, sən nə yuyulmamış çömçə kimi düşmüsən ortalığa, haya-küyə basıb, baş-qulağımızı aparırsan?! Məktəbdə oxumalı kimin var? Ömründə bir oğlan doğmusan, o da çoban Kərəm, qoymuşam ferma müdiri, məndən nə istəyirsən? - Birini doğmuşam, beşini doğmuşam, özüm bilərəm, heç kəsə dəxli yoxdur! Uşaq doğanda da sənnən məsləhət-məşvərət açmayacağdıq ha! – deyə Telli arvad hamını güldürdü, özü isə ciddiyyətlə davam etdi. – Oğlumu da ferma müdiri qoyan sən niyə olursan? İdarə var, heyət var. İkinci də ki, minnət öz əməyinə, öz bacarığına. Məktəbə qoymağa da gül kimi nəvələrim böyüyür, onları oxutmaq istəyirəm. Ocigəzlər olmasaydı da. Yarməmməd yerdən qışqırdı: - Arvad, bəsdir, kiri! Telli arvad onu boğmalayıb davam etdi: - Ocigəzlər olmasaydı da danışacaqdım. Bu xalqın uşaqları elə mənim uşaqlarımdır, hə, hə, bil, belə mənim balalarımdır. Sənin kimi. Rüstəm kişi kəskin və acıqlı: Baş aparma, telli arvad, baş aparma! – deyib onu hədələdi və hamının acıqlı halda susduğunu görüb yerindən qopdu, üzünə deyilən tənələri eşitməmək üçün təzəcə aldığı göy rəngli “Pobeda” maşınına oturub, birbaş rayon mərkəzinə sürdü. Əlbəttə, təkcə müəllim məsələsi olsaydı bəlkə də bu sisli-dumanlı havada, hər tərəfi palçıq basdığı bir zamanda Rüstəm kişi 40 kilometr yolu keçib rayona getməzdi. Lakin daha vacib məsələ onu rayona çəkirdi. Son günlər payızlıq əkinlərin vəziyyətini yoxlayaraq ölçüb hesabladıqları zaman 100 hektardan artıq sahədə toxumun cücərmədiyi məlum olmuşdu. Havalar imkan verən kimi bu yerləri yenidən şumlamaq və səpmək lazım idi. Rüstəm kişinin fikri bu idi ki, maşın-traktor stansiyası ilə danışsın, cücərməyən sahələri pambıq şumunun içinə qatsın, traktorla sürdürüb əkdirsin. Kolxozçuların narazılığını eşidəndə düşündü ki, rayona gedib həm bu məsələni həll edər, həm də nə cür olsa, lap başqa məktəbdən də olsa, rus və alman dilini bilən bir müəllim tapıb gətirər. Bu fikirlə Rüstəm kişi maşını kəndarası küçələrdən keçirib palçıqlı araba yoluna çıxartdı. Neçə gündən bəri yağan narın yağış yolu tamamilə isladıb gölməçələr yaratmışdı. Yapışqandan pis Muğan palçığı maşının təkərləri altında fırçıldayaraq dörd tərəfə sıçrayırdı. Yol boyu tez-tez rast gəldiyi çala-çuxur sürətlə getməyə imkan vermirdi. Rüstəm kişi isə tələsirdi, bir az da yavaş sürərsə təkərlərin palçıq içində batıb qalacağından qorxaraq, rayon mərkəzinə gedən əsas yola çıxmağa can atırdı. Sərin və rütubətli hava maşının yarıya qədər açıq pəncərəsindən içəri dolur, çöllərin nə yayda, nə də qışda kəsilməyən xoş ətrini özüylə gətirirdi. Çoxdan qurumuş sirkan kollarının, arxların qırağında cücərən körpə oyların və yaş torpağın ürəyindən qopan bu ətir Rüstəm kişiyə ləzzət verirdi. Çöl hacasının təsiri ilə getdikcə acığı soyuyur, əsəbləri rahat olurdu. Bir az əvvəlki mübahisə ona xırda və mənasız görünməyə başlayırdı. – “Dünyada çinədanı dar olmaqdan pis şey yoxdur! – deyə düşünürdü. – Tez qaynayıb daşırsan, özündən çıxıb aləmi acılayırsan, həm öz kefini pozursan, həm də başqalarının qanını qaraldırırsan. Muğan isə bu qədər gözəldir, ucu yox, bucağı yox, baxdıqca ürək açılır. Sanki qara bulud da adamın üzünə gülür, istəyir şad olasan!” 2 Rüstəm kişi rayon mərkəzinə çatanda sanki sinəsində 20 yaşlı bir cavanın ürəyi döyünürdü: fikri açılmış, yanaqları qızarmış, canına yeni qüvvət gəlmişdi. Deyirlər ki, qış fəslində cənnətin qapıları Muğana tərəf açılır. Maşını rayon maarif şöbəsinin birmərtəbəli yastı-yapalaq binası qabağında saxladı və özünə məxsus sərbəst hərəkətlə düşüb içəri getdi. Birbaş balaca boylu, lakin zahirən çox iddialı görünən maarif müdiri Qoşatxanın otağına girdi. Onunla salamlaşdıqdan sonra ərklə: - Ay maarif müdiri, yerin altında da olsa, üstündə də olsa, tap, mənə bir müəllim ver, maşına qoyub özümlə aparacağam! – dedi. Rüstəm kişinin amiranə səsi və dərəcəsini aşan sərbəst hərəkəti Qoşatxanın xoşuna gəlmədi. Adının əvəzinə “ay maarif müdiri” deyə müraciət etməsi isə əsəblərinə toxundu. Qoşatxan mədəni və tərbiyəli adam idi, lakin heç kəsə borclu qalmağı sevməzdi, kobudu yerində oturdar, dikbaşa etinasızlıq göstərərdi. İndi də belə oldu: - Müəllim ver! Tələb eləməyə maşallah hamınız qoçaqsınız, elə ki müəllim gəlir, yatmağa yer də tapmır. Başdan eləyib deyirsiniz: “O məktəb, o da sən. Get dərsini de!” Məktəb də nə məktəb, qışda odunu yox, yayda suyu! Müəllim istəyən qədrini bilər. Maarif müdirinin bir az etinasız, bir az da istehzalı rəftarı Rüstəm kişinin ürəyinə dəydi. Uzun və şax gövdəsini dartaraq yuxarıdan aşağa qarşısındakı balaca adama baxdı, sözlərindən qəzəbləndiyi üçün çubuğunu sümürüb, tüstünü birbaş onun üzünə buraxdı: - İşin də dilin boyda olsaydı, indi rayonumuzda hamı alim idi. Hansı müəllimə başqaları bal yedirtdi, biz quru ayran verdik, ay bala! Dünyada tütün iyindən zəhləsi gedən maarif müdiri əliylə boz tüstünü dağıdaraq, Rüstəm kişinin çubuğunu yana itələdi. - Gözümə soxmayacaqsan ki! İcazəsiz çəkməyin bəs deyil, hələ bir üzümə də üfürürsən. Çəkdiyin şəhər trubkasıdır, amma özün çırt çubuğu sümürəndən uzağa getməmisən! Maarif müdirinin dili neştər kimi Rüstəm kişinin ürəyinə batır, zorla sakitləşmiş əsəblərini yenidən qıcıqlayırdı. İxtiyarı olsaydı, boğazından tutub sıxar, tüpürdüyünü özünə yaladıb buraxardı. Lakin bir fikir onu bu hərəkətdən saxlayırdı. Bilirdi ki, rayonda çoxları, hətta raykom katibi belə, maarif müdirinin dilinin altına düşməkdən qorxur. Xüsusən fəallar iclası və partiya konfransları yaxınlaşanda maarif müdiri qızmış nər kimi gəzərdi. Məsul işçilər ona rast gələndə yalandan üzünə gülüb tez aralanmağa çalışardılar. Bu fikirlə Rüstəm kişi qəzəbini içərisində boğub, acıqlı-acıqlı onun üzünə baxdı. Rüstəm kişiyə elə gəldi ki, Qoşatxanın əynindəki kostyum eybəcərcəsinə gendir, köynək göz qamaşdıracaq qədər tünd sarıdır, boğazından asılmış qalstuk isə daylaq quyruğu kimi dartılmışdır. Bütün bunlar Rüstəm kişinin ürəyini bulandırdı. “Bir vücuduna bax, iddiasına bax!” deyib düşündü və ağzından, mənası olmasa da, çox şey ifadə edən sözlər çıxdı: - Eh, sən də. - Sən-mən dünyası çoxsan keçib, sözünün dalını de. Rüstəm kişi bir addım da irəli atdı. Belindən də aşağı olan maarif müdiriylə üz-üzə durdu. Elə qəzəblə tərpəndi ki, qulaqlı papağı havada yelləndi, uzunboğaz çəkmələri cırıldadı, şinelinin ətəkləri açıldı. Maarif müdiri bu hərəkəti də sakitliklə qarşılayıb yerindən qımıldanmadı. Rüstəm kişi iri gövdəsini ona tərəf əydi: - Qalstuklu oğlan, çırt çubuğu çəkən adam deyil?! Maarif müdiri altdan yuxarı Rüstəm kişini süzdü və “hım” eləyib gülümsədi. - Rüstəm kişi, get bu demaqogiyanı başqasına gəl, mənə yox! Mən sən deyən xoxlardan deyiləm. Mədəniyyət isə hamıya lazımdır. Birinci növbədə də kolxoz sədrinə. Müəllimə gəldikdə deməliyəm ki, yoxdur! Olsa da, “Qızıl bayraq” kolxozunu qoyub sənə göndərməyəcəyəm. Get məktəbdə şərait yarat, sonra gəl müəllim istə. Rüstəm kişi səsini daha da ucaltmaqla maarif müdirini gerilətmək istədi. - Nə şərait ə, bala, nə şərait?! Daşdan 12 otaqlı bina tikdirmişəm! Gəlin otağı kimi bəzəmişəm! Daha nə istəyirsən? Gözündən gəlsin! Bu da sağ ol deməyindir, bala? Maarif müdiri Rüstəm kişinin bütün danışdığından sanki bircə “bala” sözünü eşitdi: - Əvvəla, - dedi, - mən sizin balanız-zadınız deyiləm, familiyam var, zəhmət çəkin familiyamı deyin! Rüstəm kişi geri döndü və “Pah atonnan!” deyib kimə isə müraciət edir kimi özünü ağ örtüklü divana saldı. - İkincisi nədir? - İkincisi də odur ki, məktəbə yeni tikdirmisən, çox sağ ol, ancaq onu da bil ki, indiki zamanda bu, böyük hünər deyil və belə şey üçün heç kəsin heç kəsə minnət qoymağa haqqı yoxdur. Borcundur eləmisən, vəssalam! - Minnət qoymuram, ay yoldaş. Olanı deyirəm. Başqaları heç onu da eləmir! Maarif müdiri əlini Rüstəm kişinin döşündə işıldayan “İkinci dərəcəli Vətən müharibəsi” ordeninə uzatdı: - Bunu gəzdirən dala baxmaz, qabağa baxar. Niyə özünü pislərlə müqayisə edirsən. Hünərin var, yaxşılara bax. Rüstəm kişi yenidən qızışmağa başladı, divanın üstündən ayağa durdu: - Hansı yaxşılar, ay bala? Sən say, mən barmağımı büküm. - Barmağını bükmə, zəhmət olar. Elə biri qonşun Qara Kərəm oğlu, müəllimlərə 10 otaqlı, eyvanlı, bağçalı ev tikdirib! Qara Kərəm oğlunun adını eşidən kimi Rüstəm kişinin hövsələsi tükəndi: - Səninlə danışan gərək ağzına bir batman saqqız ala ki, hövsələdən çıxmaya. Batırdın bu rayonun maarifini, günah bizdədir ki, sənin kimiləri raykomun bürosuna çəkib əlləzinəni əzbərdən oxutmuruq! Elə bil ki, külüng vurub bulağın gözünü deşdin. Maarif müdiri sözü su fəvvarəsi kimi Rüstəm kişinin üstünə yağdırdı: - Elə o günü gözləyirəm ki, məsələyə büroya keçə! Onda mən göstərərəm ağ üz hansıdır, qara üz hansı. Sən elə bilirsən ki, planları doldurmusan deyə hər şeyi sənə bağışlayacaqlar? Elə ağlına nə gəldi edəcəksən, özündən başqa heç kəsin fikrinə qulaq asmayacaqsan? Nə qanunsuzluq oldu törədəcəksən? Səhvin var, Rüstəm kişi! Bu səhv sənin gözünü elə bağlayacaq ki, ayılanda hansı dərədə olduğunu da bilməyəcəksən! Rüstəm kişi yenə istədi maarif müdirinin yaxasından tutub silkələsin və yerində oturtsun. Lakin “lənət sənə kor şeytan!” deyib əl saxladı, şinelinin ətəyini çəkib: O müəllimi səndən almasam, mən heç mən deyiləm! – dedi və dala baxmadan otaqdan çıxıb qapını çırpdı. Qapı çərçivəyə bərk dəydiyindən geri qayıdıb yarı açıq qaldı. Maarif müdirinin səsi dəhlizdə Rüstəm kişinin qulağına çatdı: - Qapı sındırmaq qəhrəmanlıq deyil! Rüstəm kişi qayıdıb bu mənasız sözə cavab verməyi şəninə sığışdırmadı və şinelinin ətəyini yellədə-yellədə özünü maarif idarəsindən çölə atdı. 3 Rüstəm kişi maarif idarəsindən çıxanda rayon icraiyyə komitəsinə getməyi qərara aldı. Lakin qərarını yerinə yetirməmiş çayxanaya girib iki stəkan tünd çay içdi. O, çayın və bir də trubkanın təskinedici, dincəldici qüvvəsinə sözsüz, danışıqsız inananlardan idi. Yorğun olanda və ya birisi ilə çəpləşəndə trubkanı sümürüb, stəkanda buğlanan çaya baxaraq fikrə getmək başqa bir aləm idi. Fikri dincəldib, əsəbləri sakit edən bu əməliyyatdan sonra Rüstəm kişi icraiyyə komitəsinə tərəf yollandı. Fikri icrakom sədri Kələntər Kəlbiyevlə görüşməkdi. Onu yaxşı tanımasa da haqqında eşitmişdi. Deyirdilər ki, əhvallı adamdır. Xoşuna gəlir ki, onunla hesablaşsınlar, raykoma getməmiş yanına gəlib məsələni razılaşdırsınlar; kim ki, belə hərəkət etdi, məsələnin dərininə varmadan Kələntər müdafiə edəcək, kim ki, əvvəlcə onun qapısını açmadı, lap gün kimi aydın məsələ qaldırsa Kələntər bir şey tapıb bulandıracaq, əleyhinə çıxacaq. Bir sözlə, öz adamlarını saxlayan adamdır. Təsadüfi deyildi ki, adına bir lələş də əlavə edərək Kələntər lələş çağırırdılar. Düzdür, belələrindən Rüstəm kişinin zəhləsi gedərdi. Elə buna görə də bu vaxta qədər Kələntərin yanında cəmi 2-3 dəfə olmuşdu, bu görüşün də təşəbbüskarı Rüstəm kişi yox, icraiyyə komitəsi sədri özü idi. İndi isə Rüstəm kişi özü onun yanına getmək istəyirdi. “Bəlkə o, Qoşatxanı məcbur edə”. Belə düşünsə də getməyə ayağı gəlmirdi, ürəyi ona deyirdi: “Niyə özünü Kəlntər lələşə borclu edirsən, beləsi bir şahının əvəzinə min manat qoparmasa əl çəkməz!” Ürəyinin səsinə qulaq asıb tutduğu yoldan döndü və raykoma getdi. Birinci katib Aslanovun yanına girməyi də özünə rəva bilmədi. “Özümü qiymətdən salaram” deyib ikinci katibin qapısını açdı. Katib diqqətlə ona qulaq asıb gülümsədi, ümidlərinin tərsinə olaraq, nəinki maarif müdirinə təpinib dərhal müəllim tapmağı əmr etdi, əksinə, onun müdafiəsinə qalxdı, bir az yumşaq və bir az təsirli şəkildə belə cavab verdi: “Rus və xarici dil müəllimləri çatmır, elə edəydiniz ki, keçənolki müəlliminiz qoyub qaçmayaydı. İndi ki, lazımi şərait yarada bilməmişsiniz, gözləyin, Bakıdan yeni müəllimlər gələndə sizin də məktəbə göndərərlər”. Rüstəm kişi ikinci katiblə mübahisə etməyi lazım bilmədi. Deyilənlərlə razılaşmasa da susdu. Öz aləmində isə belə nəticə çıxardı ki, maarif müdiri onu qabaqlamış, o, gəlib çıxana qədər telefonla əhvalatı raykoma xəbər vermiş, burada əvvəlcədən müəyyən fikir yaratmışdır. Yox, doğrudan da bu adam xatalı adamdır, onunla ehtiyatlı tərpənmək gərək! Rüstəm kişinin çıxardığı ikinci nəticə bu oldu ki, gələn il kolxozda bir neçə uşaq seçib Bakıya, məhz dil müəllimi olmağa göndərsin, canı bu gəlmələrin dərd-sərindən qurtarsın: ev ver, odun ver, su gətir, nə bilim yeməyini çatdır. Müəllim öz kəndlərindən olsa, bütün bu baş ağrısından birdəfəlik qurtarar. Ancaq məsələni elə bu sayaq da qoymaq istəmirdi. Daxilində tərs bir fikir deyirdi ki, müəllim ala bilməsən də balaca maarif müdirini yuxarı təşkilat yanında qızardıb tərlət, ürəyin soyusun, sonra qayıt geri. Bunu da ancaq Kələntər lələş edə blərdi. Çünki Qoşatxan büro iclaslarının birində onun da sıxıb suyunu çıxartmışdı. O iclasda Rüstəm kişi də vardı. Bürodan sonra Kələntər lələş maarif müdirinə yarı-zarafatla dedi: - Sənin cilovunu çəkmək mənə borc olsun, ay müəllim! Rüstəm kişi birbaş icraiyyə komitəsinin balaca bağçanın ortasında yerləşmiş birmərtəbəli binasına getdi. Sədrin pəncərəsi böyük qarağacın altına açılırdı. Rüstəm kişi yenə tərəddüd içində ağacın yarpaqsız budaqları arasından boylananda pəncərə açıldı. Kələntər lələş yarı əyilmiş halda dolğun bədənini irəli verdi: - Gəl, ay kişi, oradan boylanma görək. Ayda-ildə bir ayağın bu tərəfə düşür, onda da bir saat dayanıb məşvərət açırsan – guya deyirsən gedim, getməyim. Gəl, hökumətsiz işin keçməyəcək. Rüstəm kişi balaca dəhlizdən keçdi. Kələntər lələşin küncləri hamarlanmış dördbucağı andıran otağına girdi, artıq stolun dalında oturaraq telefonla danışan Kələntər lələşə yaxınlaşmadan, otağın ortasında dayandı. Kələntər ətdən çatlayan və nədənsə arvad əlinə oxşayan ağ əlini ona uzatdı, telefonda kimə isə qulaq asa-asa başını yana çevirdi: - Salam, ay kişi, - deyib Rüstəm kişinin əlini sıxdı, yer göstərdi, - əyləş. Nədənsə Rüstəm kişi buraya gəldiyinə peşman oldu. Öz aləmində düşündü: “Oturduğu yerə bax, qabiliyyətinə, qanacağına bax. Elə bil ki, dədə-baba çöldə böyüyüb, bir adamın ki, famili Kəlbiyev ola, adamlığı bundan artıq olmaz, tfu!” Kələntər lələş telefonun dəstəyini yerinə qoydu, çatma qara qaşlarının altındakı qara gözlərini oynatdı: - Hə, de görək, sən hara, bura hara? Rüstəm kişi istər-istəməz maarif müdirindən gileyləndi: - Müəllim vermir, özü də baş aparır. Kələntər lələş yumruğunu stola vurub ayağa durdu: - Günah onda deyil, bizdədir. Öz muğanlılarımızı qoymuşuq kənarda, bu Qarabağın, nə bilim Gəncənin avaralarını gətirib mindirmişik başımıza. Bizə nə etsələr azdır. Rüstəm kişi heç şey anlamırmış kimi sədrə baxıb heyrətdə qalmışdı: “Bu nə danışır? Nə qarabağlı, nə muğanlı, nə gəncəli söhbətidir atıb ortalığa?!” - Qanmadım, Kələntər yoldaş, kimi nəzərdə tutursunuz. - Kimi tutacağam, biri elə maarif müdirini, sonra da raykomu. Hərəsi bir dərədən gəlib, Muğana nə ürək yandıracaqlar. Rüstəm kişi sədrin fikrini axıra qədər bilmək üçün özünü türkəsayalığa vurdu: - Yəni deyirsən başqa yerdən gələn idarə müdirləri pis işləyir, hə? Pis işləyir dedin, qaldı. Əllərini ağdan-qaraya vurmurlar, iş tökülür bizim üstümüzə, canımız çıxır. Bu qarabağlıdan, gəncəlidən, şamaxılıdan Muğana can yandıran çıxmayıb, çıxmaz da. Rüstəm kişi türkəsayalıq pərdəsinin altındakı tikanın ucunu Kələntər lələşə batırdı: - Niyə, Kələntər yoldaş, görəsən Muğan Azərbaycandan deyil, ya qarabağlıların, gəncəlilərin, şamaxılıların Azərbaycandan ayrı bir vətənləri var? Kələntər tikanın acısını dərhal hiss etsə də, belə məsələlərdə söz altında qalan olmadığını göstərdi: - İndi ki, gəncəli gədəsi Qoşatxandan bu qədər razısan, niyə gəlmisən üstümə?! Rüstəm kişi bərkitmək istəməyərək yumşaq səslə dedi: - Kələntər yoldaş, mənim istəyim odur ki, müəllim versin. Qarabağlı, gəncəli, şəkili, haralı olursa olsun, nə təfavütü? - Yox, Rüstəm dadaş. Təfavütü çoxdur. Bir var rəhbər işçi bu yerdə doğulan ola, bir də var gəlmə ola. Yer sahibi yerin qədrini yaxşı bilər, dörd əllə tutub əlləşər, gəlmənin bir gözü o tərəfdədir ki, qoyub qaçsın. Partiya da deyir ki, hər yerin öz kadrı. Başa düşdün yox? Rüstəm kişi onun asanlıqla sözünü dəyişdirdiyini gördükdə Qoşatxandan şikayət üçün gəldiyini unudub mübahisəyə girişdi: - Bağışlayasınız, partiya demir ki, respublikanı bölüb parçalayın, köhnə xanlıqlara çevirin! Kələntər əlini əlinə vurub güldü: - Ay kişi, sənin demaqoqluğun da varmış! Mən deyirəm ki, əgər rus dili müəllimi öz kəndindən olsaydı qoyub qaçardamı? Qaçmazdı, mən bunu deyirəm. Rüstəm kişi “bu başqa sözdür, bayaqdan başqa söz danışırdın” demək istədi, lakin vaxt itirməyi mənasız sayıb qətiyyətlə soruşdu: - İndi nə deyirsən, mənə bir köməyin dəyə bilər ya yox? Kələntər lələş sakit olub yenə yerində oturdu: - Bəs sənə də köməyim dəyməmiş kimə dəyəcək, ay rəhmətliyin oğlu! Ancaq əvvəlcə mən hazırladığım kadrı apar, düzəlt işə, sonra da müəllim məsələsini həll edək. - O nə kadrdır? – deyə Rüstəm kişi təəccüblə soruşdu. - Sənin ferma müdirin bir qəpiyə dəyməz. Bax, öz aramızda, xəbərdar edirəm, vaxt ikən rədd elə getsin. Yavaşca-yavaşca basıb yeyir fermanı özü üçün. Axırda günahlar töküləcək sənin üstünə. - Çoban Kərəm təmiz adamdır, - deyib Rüstəm kişi Telli arvaddan nə qədər acıqlı olsa da oğlunu müdafiə etdi. - Yəni, ay Rüstəm, adamları sən məndən yaxşı tanıyırsan?! Deyirəm vaxt ikən rədd elə getsin, rədd elə, vəssalam. Yerinə də sənə peyğəmbər kimi adam tapmışam. Rüstəm kişi yerində dikəlib oturdu. - Kimdir o peyğəmbər? - Fərhad dayı, tanıyırsanmı? Rüstəm kişi stula mıxlanıb qaldı, qulağına inanmadı. Fərhad dayının əliəyri və məharətli adam olduğunu yaxşı bilirdi. Dörd-beş kolxozun hərəsində bir il, iki il hesabdar, ferma müdiri, mühasib olmuş, elə məharətlə yeyib-yedirtmişdi ki, heç bir yoxlama, əleyhinə bir şey tapa bilməmişdi. - Hə, nə fikrə getdin? – deyə Kələntər lələş soruşdu. - Yox, yoldaş ispolkom, onu məndən uzaq elə. - Niyə?! Çoban Kərəm çox üzüyoladır, qorxursan, bu, örkən altına gəlməyə, hə? Deyib Kələntər lələş adi bir şey haqqında zarafat edirmiş kimi gülüb Rüstəm kişiyə göz vurdu. – Yoxsa fikrin budur ki, ferma tək sənindir, daha rayonda başqa adam yoxdur. Rüstəm kişi arı sancmış kimi yerindən sıçradı: - Bütün mahal bilir ki, mən ömrümdə haram tikə kəsməmişəm. Handakı el malı, kolxoz malı ola! Belə şübhələriniz var, ərizə verəcəyəm, günü sabah komissiya göndərin, Fərhad dayılar isə, nə qədər mən sağam, bizim fermanı görə bilməz! Rüstəm kişi dönüb getmək istəyəndə Kələntər lələş yarı hakim, yarı mülayim və mehriban səslə: - Yaxşı, ay kişi, özündən çıxma görüm, - dedi, - səni yoxlayırdım, o gün raykomda bir yoldaşla mübahisə düşdü, o dedi, Rüstəm kişi Fərhad dayını qəbul edər, mən dedim eləməz. Gör indi rayonun adamlarını necə tanıyıram! Müəllim məsələsində də, açığını deyim ki, sənə kömək etmək olmayacaq. Get gələn ili gözlə! Rüstəm kişi bura gəldiyindən son dərəcə peşman halda çıxıb uzaqlaşdı, həyətdə qəti düşündü ki, Qoşatxan onu qabaqlayıb bütün rayon təşkilatlarını əvvəlcədən xəbərdar etmişdir: “Yaman adamdır, ehtiyatlı olmaq gərək!” 4 Müəllim məsələsində ümidi kəsildikdən sonra Rüstəm kişi rayon mərkəzinin ətəyində, şose yolunun qırağında yerləşən maşın-traktor stansiyasına yollandı. Stansiya yenicə yaradılmışdı və rayonda ən cavan MTS hesab olunurdu. MTS-in yerləşdiyi sahə böyük bir inşaat meydanını xatırladırdı. Kombinezonlar, yarımpaltolar, iri çəkmələr, mazutlu şapka və papaqlar geymiş fəhlə və traktorçular, MTS işçiləri bu inşaat meydançasında durub danışır, hərəkət edir, işləyirdilər. Buradakı işgüzar, qaynar həyat Rüstəm kişinin fikrini oynatdı. Ürəyində bir titrəyiş yaratdı. O, keçmişdə bomboş bir səhra olan bu yeri yaxşı tanıyırdı. Neçə ay əvvəl ona desəydilər ki, bu çöldə belə işlər görüləcək, belə bir həyat qaynayacaq, inanmazdı. Lakin indi bütün bunlar bir həqiqət idi. Rüstəm kişinin ürəyini açırdı. Rüstəm kişi səkkiz otaqdan ibarət təzəcə tikilmiş birmərtəbəli və hələ bozaran daşlarına suvaq çəkilməmiş binaya doğru yollandı. Bu binada MTS-in idarəsi yerləşirdi. Əvvəlcə fikir elədi ki, müavinin yanına getsin, məsələni onunla razılaşsın, lakin sonra fikrindən döndü. “On iki imama yalvarınca bir allaha yalvar” deyib, birbaş direktorun kabinetinə getdi. İşin tərsliyindən direktor yerində deyildi. Bakıya çağırıldığını dedilər. Müavin hardadır? – deyə Rüstəm kişi bir az həvəsdən düşmüş halda katibdən soruşdu. Gilənar gözlü qız hamıya gülümsəyən gözlərini oynatdı: - İndicə, sizin qabağınızca çıxdı. Deyəsən aşxanaya getdi. Aşxana idarədən üç-dörd yüz addım aralı uzunsov bir binada yerləşirdi. Bu bina köçəri düşərgəsini xatırladırdı. Yerə basdırılmış bir neçə dirək onun əsas sütunlarını təşkil edirdi. Fərsiz görkəminə baxmayaraq oradan təzə dəmlənmiş çayın ətri və bozbaşın xoş iyi adamı vurur, iştahasını açırdı. Aşxana traktorçular və fəhlələrlə dolu idi. Rüstəm kişi ayaq üstə hər tərəfə göz gəzdirdi, müavini görmədi. Onun təzəcə çörək yeyib emalatxanaya getdiyini dedilər. Emalatxana dörd tərəfdən hündür hasar içinə alınmışdı. Hasarlar boz daşlardan tikilmişdi, ikitaylı geniş dəmir darvazası vardı. Rüstəm kişi bu darvazadan içəri girdikdə gözü önünə yeni böyük bir zavodun mənzərəsi açıldı. Hər yanda qızğın iş gedirdi. Rüstəm kişi hayana baxdısa müavini görə bilmədi. Təmirdə olan bir traktorun ətrafına yığılmış adamlara yaxınlaşdıqda az qaldı ürəyi yerindən çıxsın, gözlərinə inanmadı: köhnə dostu Şərəfoğlu traktorçuların arasında durmuş, adi bir təbəssümlə nə isə danışırdı. Uca boynuna yaraşan qara kostyum və boz payız paltosu geymiş, şalvarın balaqlarını uzunboğaz çəkmənin içinə salmışdı. Rüstəm kişinin fikrindən keçdi ki, Şərəfoğlu indi də 20 il əvvəlki kimi yaraşıqlıdır, nə qarnı piy bağlayıb, nə də boynunu-buxağını ət bacmışdır. Ani olaraq özünü onun üstünə atıb qucaqlamaq istədi, lakin tez hisslərinə sahib oldu. Sözünü kəsməmək üçün kənarda durub fürsət gözləyərək marıt-marıt üzünə baxarkən, qeyri-ixtiyari olaraq əlini cibinə salıb çubuğunu çıxartdı, tütün doldurub alışdırdıqda yenə xoş xatirəyə daldı. Bu xatirədən doğan sevinc, dumanlarını yaran səhər şəfəqi kimi ani olaraq üzünün və alnının qırışlarını işıqlandırdı. İlk gənclik və ağır müharibə illəri yadına düşdü. Bu çubuğu da Rüstəm kişiyə köhnə dostu və yoldaşı olan həmin bu Şərəfoğlu bağışlamışdı. Şərəfoğlu Muğanda iki dəfə uzun müddət yaşayıb işləmişdi: bir suvarma işlərinin başlandığı iyirminci, bir də kolxoz quruluşunun genişləndiyi iyirmi səkkiz-otuzuncu illərdə. Elə Rüstəm ilə də lap birinci görüşdən dəst olmuşdu. Rüstəm ona üçüncü dəfə tamamilə təsadüfi olaraq, 1942-ci ildə Ukraynada rast gəldi. Şərəfoğlu zabit, Rüstəm kişi isə adi əsgər idi. Şərəfoğlu özü xahiş edib onu hissəsinə keçirdi, iki il gecəli-gündüzlü bir yerdə oldular, əsgər həyatının bütün ağırlığını bir yerdə çəkdilər, Mozdokdan Budapeştə gedib çıxdılar. Xoşbəxtlikdən tale onları bir-birindən ayrı salmadı. Doğrudur, bir dəfə Rüstəm kişi ayağından yaralandı. Lakin sağalıb yenə hissəsinə qayıtdı. Mqharibə Şərəfoğluna da aman vermədi. Güllə onun sağ qabırğasının altından keçdi, bağırsağını zədələyib çıxdı. Bu, Budapeştə hücum zamanı olmuşdu. Şərəfoğlu ölümcül halda hərbi xəstəxanada yatırkən döyüşdən göz açmayan Rüstəm onu bir an belə unuda bilmirdi. Şəhəri aldıqdan sonra Rüstəm vaxt tapıb onun yanına getdi. Şərəfoğlunun qarnını yarmış, bağırsağını kəsib tikmişdilər. Çoxlu qan itirdiyindən halı ağır idi. Bu vəziyyətdə o, gözünü açdı. Rüstəmə baxıb təşəkkür bildirən xəfif təbəssümlə gülümsədi. Heç bir söz demədən başının üstündəki balaca dolabçanın gözünə qoyulmuş trubkanı götürüb ona verdi və əlini sıxdı. Rüstəm yaşarmış gözünü yana çəksə də, trubkanı aldı, dostunun əlini sıxdı. O gündən etibarən qoz ağacından qayrılmış öz kələ-kötür çubuğunu büküb heybəsinə qoydu və bir gün də olsa şəkilli trubkadan ayrılmadı. Müharibədən sonra Rüstəm kişi Şərəfoğlu ilə əlaqəni itirsə də tez-tez onu xatırlar, “kişilikdə, dostluqda misli yoxdur” deyib düşünərdi. İndi Rüstəm kişi həm məhəbbət, həm də heyrət dolu gözlərini bu dostuna dikib durmuşdu. Sanki bu baxışları hiss edərək Şərəfoğlu başını qaldırdı və Rüstəmi görən kimi sözünü kəsib ucadan: - Xoş gördük, ay dost, - deyə ona yaxınlaşdı: - Xoş gördük! Rüstəm kişi onun əlini sıxdı və gözlərinə baxıb özünü saxlaya bilmədi, qucaqlayıb öpdü: - Necəsən ay yoldaş, sən hara, bura hara? - Bir de görüm sən necəsən? Kimi axtarırsan belə? – deyib Şərəfoğlu da onu bağrına basıb silkələdi. - Direktor müavinini, - deyə sözarası Rüstəm kişi cavab verdi. Bir dəqiqə gözlə - deyib Şərəf traktorçulara döndü, yarımçıq qalmış sözünü müxtəsər edərək, nə isə göstəriş verdi və Rüstəmin qolundan tutdu: - Gedək görüm müavinə nə sözün var. Rüstəm kişi anladı ki, Şərəfoğlu buraya müavin təyin olunubdur. - Bəs qabaqkı nə oldu? - Onu başqa MTS-ə direktor göndəriblər. Rüstəm kişi giley-güzar etdi: - Yaman incidim səndən, ay yoldaş. Lap, qulağımızın dibində olursan, özün də bir xəbər vermirsən. Dostluq beləmi olar? - Xəbər verməsəm də, xəbər tuturam, - deyə Şərəfoğlu gülümsədi. – Sənin kimi birdəfəlik unutmuram. Şərəfoğlu Rüstəm kişinin qolunu buraxmadan irəlilədi. Yol uzunu onlar bir-birindən hal-əhval tutdular. Ötəri olaraq keçən günləri xatırladılar, ürəkləri qərib xatirələrin gətirdiyi sevinc və həsrətlə doldu. Nəhayət, uzun bir otaqdan ibarət olan kabinetə gəldilər. Otağın qapısına qəhvəyi rəngdə meşin çəkilmişdi. Üç balaca pəncərəsi vardı. Lap küncdə, üçüncü pəncərənin qabağında dəmir peş qoyulmuşdu. Yuxarı tərəfdə adi taxtadan qayrılmış yazı stolu, onun qabağında isə uzunsov, ensiz bir stol görünürdü. Stolların üstünə o qədər də əla olmayan qırmızı mahuddan örtük çəkilmişdi. Bu, Şərəfoğlunun kabineti idi. Rüstəm kişi şinelini qapının ağzındakı asılqana keçirdi. Şərəfoğlu də boz paltosunu və boz şapkasını çıxararaq oradan asdı və köhnə dostunun qolundan tutub yer göstərdi: - Əyləş, Rüstəm, nə yaxşı ki, gəlmisən! – dedi və onunla üz-üzə oturub hər iki əlini stolun üstündə çarpazlayaraq, başını dostuna tərəf əyib sıcaq duyğularla qaynayan gözlərini üzünə dikdi, hələ çöldə başladıqları söhbəti davam etdirdi: - Səkinə bacı necədir, uşaqlar necədir? Yəqin böyük adam olublar, hə? Desəm ki, onlar üçün bərk darıxmışam, tutacaqsan qolumdan, dur gedək bizə. - Yox, elə incimişəm ki, özün də gəlsən içəri buraxmaram. Ay kişi, ay rəhmətlik oğlu, biz sənnən duz-çörək kəsmişik, isti-soyuqdan çıxmışıq, bir-birimizə qardaş demişik, nə tez hamısını yadddan çıxartdın? Muğana gəlirsən, bilirsən ki, evin var, qapısını da döymürsən, şəhərliləri elə-belə gördüm, balıq kimi qanı soyuq. Mən olsaydım, birinci axtarıb səni tapardım. - Yaxşı, daha üzümüzü az danla, ay Rüstəm. Öyrənmisən daima dost-aşnadan özünə borclu çıxarmağa. Onu da bil ki, dost dostun ürəyində gərək. Bir gün tez, bir gün gec, gəlib qapını açacaqdım, sən qoymasan da Səkinə bacı mənim üzümə qapı bağlamaz. Evdə nə var, nə yox, qızı köçürmüsən, gəlindən-zaddan var, ya yox? Rüstəm kişi istədi Qaraşın evlənməsi haqqındakı mübahisəni açıb dostuna bildirsin, lakin “uzunçuluq olar, kişinin başını ağrıdaram” deyib üstündən keçdi. - Heç şey deməyəcəyəm, gəlib görərsən. - Gələcəyəm, gələcəyəm, - deyib Şərəfoğlu ayağa durdu, zəngi basıb katibi çağırdı, - bizə bir stəkan yazşı çay versinlər, - dedi. Bu zaman Rüstəm kişi də ayağa durub dağınıq gözlərlə otağı nəzərdən keçirərkən, Şərəfoğlu böyük stolun dalına keçdi, yeni qəzet və jurnallardan ibarət bükülünü kənara çəkdi, nə isə yazılmış bir kağıza baxıb qımıldandı. Alnına enən şabalıdı saçlarını dala itələyib, bahar göyləri kimi mavi və dibsiz gözləri ilə ayaq üstə duran Rüstəm kişini süzdü: - Otur görək, deməli, evdə salamatlıqdır, bəs işlər necədir, yaz əkininə hazırlığınız nə haldadır? Rüstəm kişi yanakı oturub balaca stola dirsəkləndi və yaz əkininə hazırlıq haqqında məlumat verdi. - Bu il pambıq yerləri üçün 700 tondan artıq peyin hazırlanmış, mineral gübrələr əsasən daşınıb sahələrin kənarına yığılmış, alətlər təmir olunmuş, briqada və manqaların tərkibinə yenidən baxılmışdır. Rüstəm kişi fikrini ümidverici sözlərlə qurtardı: - Elə bilirəm ki, bu il hazırlığımız keçənilkindən yaxşıdır. Bizə arxayın olun, yoldaş Şərəf, yuxarı təşkilatların yanında başınızı aşağı etmərik. Şərəfoğlu özünə məxsus bir diqqətlə qulaq asır, ara-sıra suallar verir, təsdiq edir və razılığını bildirirdi. Rüstəm kişi xatərladı ki, insanı söhbətə həvəsləndirməkdə onun misli yoxdur. Qaradinməz və özünə inanmayan adamları belə Şərəfoğlu hiss olunmadan danışmağa həvəsləndirərdi. Onun aidın və parlaq gözləri, hər şeyi anladığını və duyduğunu bildirən xoş üzü müsahibi ruhlandırırdı. Belə qeydkeş və diqqətli rəftar həqiqi dostluq hissləri ilə qarışaraq Rüstəm kişinin də ruhunu oxşayır, yorulmadan onunla müsahibə etmək həvəsi oyadırdı. Buna baxmayaraq çox danışmaq, vaxt almaq da olmazdı. Rüstəm kişi sözünü qurtarıb dayananda Şərəfoğlu gülümsədi. - Trubkanı görmürəm, yoxsa çəkməyi tərgitmisən? - Yox, tərgitməmişəm. Bilirəm ki, sən daşını atmısan, istəmirəm yadına salam. - Eybi yoxdur, çıxart çək. Şərəfoğlu stolun alt gözünü açdı, oradan, işlətmədiyi üçün tozlanmış bir külqabı çıxartdı. Silib Rüstəm kişinin qabağına qoydu. Rüstəm kişi trubkasını “Zolotoye runo” ilə doldurub sümürdü. Şərəfoğlu: - Heç ingilis lordları da belə trubka çəkə bilməz! – deyib güldü. – Elə bil ki, saray lordusan durmusan. Rüstəm kişi də gülümsədi: - Lordun ağzı nədir bizimlə yarışa! Şərəfoğlu yerindən durdu. Rüstəmin yanına gəldi, onunla üzbəüz oturdu. - Hər şeyi dedin, ancaq əsas məsələdən danışmadın. Rüstəm kişi trubkanı dodağından çəkdi və təəccüblə soruşdu: - Hansı əsas məsələdən? Şərəfoğlu yenidən stolun dalına keçdi, boz mil-mil paraçadan tikilmiş pencəyin ətəyini yana itələdi, şalvarının cibindən balaca bir açar çıxarıb stolun siyirməsini açdı və oradan böyük bir kağız vərəqi götürdü, diqqətlə baxdı. Rüstəm kişi onun hər bir hərəkətini izləyir və nəzərdən qaçırdığı məsələni xatırlamağa çalışırdı, lakin yadına heç şey düşmürdü. Şərəfoğlu başını kağızdan qaldırmadan soruşdu: - Keçən il hər hektardan neçə sentner pambıq, neçə sentner taxıl götürmüşsünüz? Rüstəm kişi ancaq indi məsələnin nə yerdə olduğunu anladı və dodağını dişləyib azca qızarsa da özünü itirmədi, tez bekini dikəltdi, sinəsini qabağa verib stola dirsəkləndi: - Doğrudur, məhsuldarlıq planını yerinə yetirə bilməmişik. Ancaq özünüz bilirsiniz ki, qabaqkı illərə nisbətən hər hektardan iki sentner taxıl, üç sentner pambıq artıq götürmüşük. Müavin əlindəki kağızı stolun üstünə atıb ayağa durdu, nədənsə narazı kimi kabinetdə gəzindi və gəlib Rüstəm kişinin yanında dayandı, əlini onun çiyninə qoydu: - Ay dost, - dedi, - niyə mənimlə açıq danışmırsan, siyasət işlədirsən? Rüstəm kişi daha da qızardı və sualedici gözləri bir az da açıldı: - Nə siyasət?! Düzünü deyirəm. - Yox, siyasət işlədirsən! Düzünü danışsan deyərsən ki, yoldaş Şərəf, boynuma alıram, pis işləmişik, hər hektardan 22 əvəzinə 15 sentner taxıl götürmüşük. Pambığımız ondan da pis – 20 əvəzinə 12 sentner! Siyasət işlətməsən belə deyərsən. Boynuna alarsan ki, hər hektarda 7 sentner taxılımız az olub, 8 sentner pambığımız. Səm isə siyasət işlədib keçmişlərlə müqayisə edirsən, özün də bilirsən ki, bu müqayisə heç şeyə dəyməz. Elədirmi? - Yox, elə deyil, - deyə Rüstəm kişi qəti etiraz etdi, - plan planlığında, ona sözüm yox. Amma bir də həyat var, işin şəraiti var. Məsələni həll edən odur. Tısbağa yerişiylə gedən bir kolxozu 2-3 ilə o hündürlüyə qalxızmaq qeyri-mümükündür. Bacardığımızı etmişik və çoxlu da gəlirimiz olub. - Yox, bacardığınızı etməmisimiz! – deyə Şərəfoğlu Rüstəm kişidən ayrıldı və stola yaxınlaşdı, bir parça kağız götürüb onun qabağına qoydu: - Götür, hesabla, gör nə qədər məhsul itirmişsiniz, götür. Rüstəm kişi istər-istəməz kağızı alıb iri, həm də bir qədər əyri xəttlə yazdığı rəqəmləri bir-birinə vurmağa başladı. - Nə qədər olur? – deyə Şərəfoğlu soruşdu. Rüstəm kişi cavab verməyib kağızı onun qabağına qoydu. Şərəfoğlu kağızı götürüb diqqətlə baxdı, orada yazılanları oxuyurmuş kimi danışdı: - 3 766 sentner taxıl, 6 720 sentner pambıq itirmisimiz. Yaxşı işləsəydiniz bu qədər məhsul torpaqda qalmazdı, dost. Bunu isə gəlirə keçirsən, kolxozçunun hər əməkgününə azı 10 kilo taxıl çıxardı. Yəni keçən il böldüyünüzdən 3 dəfə artıq. Azdırmı? Rüstəm kişi cavab verməyib fikrə getdi. Şərəfoğluna elə gəldi ki, əvvəlcə o, etiraz etmək istədi; üz-gözü qaralıb dumanlandı, sonra hansı bir fikirsə bu dumanı dağıtdı. Gözlərinin dərinliyində tezcə dəyişən yüngül ifadələr oynadı, bu ifadələr deyirdi: “Nə özünü yorursan, başdan elə getsin”. Bu fikrin təsiri ilə olmalıdır ki, Rüstəm kişi noğul kimi ağzını şirinlədən sözlərlə dedi: - Düzdür, boynuma alıram ki, bu sahədə səhvimiz var, kifayət qədər çalışmamışıq. Rüstəm kişinin birdən-birə fikrindən əl çəkib razılaşması Şərəfoğluna bir təhər gəldi. Bu vaxta qədər mərd və cəsarətli bir adam kimi tanıdığı, açıq ürəkli və açıq sözlü bir dost hesab etdiyi Rüstəmin belə anlaşılmaz bir yol tutması onu darıxdırdı. Bir qədər rəsmi səslə: - Boynuna almaq azdır, dost! – dedi, - mən istəmirəm sən o işçilərdən olasan ki, tez-tez səhvlərini boynuna alır, heç səninlə mübahisə də etmirlər. Lakin nə əzab çəkir, nə də düşünürlər. Səhvi doğuran səbəbləri anlamağa çalışmırlar, buna görə də səhv ildən-ilə təkrar edilir, vəziyyət düzəlmir. Onlar isə hey boyunlarına alırlar: səhv etmişik, səhv etmişik. Rüstəm kişiyə elə gəldi ki, bir adamın cibinə girən yerdə əlindən tutublar, darıxa-darıxa cavab verdi: - Sən ki, bilirsən, mən elələrindən deyiləm! - Mən həmişə səni mərd bilmişəm. Buna görə də təəccüb edirəm. İndi hər şeydən danışdın, ancaq məhsuldarlığı necə qaldıracağından və bu sahədə keçən il buraxılan səhvlərdən bir kəlmə də danışmadın. Deməli, bu məsələ sizi düşündürmür. Sözüm yox, keçən illərə nisbətən bu il yaxşı işləmisiniz. Diqqət edin, keçən illərə nisbətən! İmkanlara və tələblərə görə isə çox pis işlədiyiniz aydındır. Ən yaramaz cəhət isə budur ki, işin çox hissəsini fikirsiz, elmi mühakiməsiz görmüşsünüz. Bu, ən böyük bəladır. Heç bir yaxşı təcrübə sizdə ağıllı-başlı düşünülüb yayılmamışdır, sanki aqrotexnika deyilən elmdən sizin xəbəriniz yoxdur, indiki zamanda isə fikirsiz işləsən, qabaqcıl təcrübəni dərk edib yaymasan, torpaqdan istənilən məhsulu götürmək olmaz. Rüstəm kişinin siması getdikcə dəyişirdi, orada dərin bir fikrin və iztirabın əlamətləri görünürdü. İndi sözlər də onun ağzında yağ kimi ərimirdi, ağır çıxırdı. - Etiraf edirəm ki, ayağımız hara çəkib ora getmişik, yoldaş Şərəf, söz verirəm ki, kəndə qayıdan kimi aqronom ilə birlikdə məsələni hərtərəfli ölçüb, biçərik, atalar demişkən: qalıbdan qalıba salarıq, tədbirlərimizi heyətdə müzakirə edərik. - Çox yaxşı, vaxt eləsən tədbirləri mənə də göstərərsən. - Baş üstə! - İndi de görüm müavini nə üçün axtarırdın? Rüstəm kişi istədiyini açıb Şərəfoğluna deyə bilmədi. Rüstəm kişi bütün söhbət əsnasında bu 100 hektar haqqında düşünürdü, onu fikrindən çıxara bilmirdi. Köhnə müavinin getdiyini, yerinə Şərəfoğlunun gəldiyini bildiyi ilk dəqiqələrdə sevindi, düşündü ki, bircə işarə ilə Şərəfoğlu məsələni həll edəcəkdir, əvvəlki müavin isə necə olsa danışıq açar, MTS-in sovetinə keçirməsə də, ən azı Rüstəmi danlağa tutaraq xəbərdarlıq edərdi. Məhsuldarlıq haqqında Şərəfoğlunun sözünə qulaq asdıqda isə bu fikrə gəldi ki, cücərməyən sahələrdən söz salarsa, özünü dostunun nəzərində kiçiltmiş olar. “Heç kişilikdən deyil ki, uzun ayrılıqdan sonra gəl dostu gör, elə birinci dəqiqədəcə tut yaxasından ki, işim xarabdır mənə kömək elə. Heç kişilikdən deyil!” Buna görə də Rüstəm kişi əsil mətləbi Şərəfoğlundan gizlətdi: - Elə bir işim yoxdur, dedim qulluğuna salam verim. Əlbəttə, Rüstəm kişi ikicə dəqiqə sonra peşmançılıq çəkəcəyini bilsəydi, belə cavab verməzdi. Şərəfoğlu xoşuna gəlməyən bir şey eşidirmiş kimi tutuldu: - Onda mənim sənə sözüm var. Bunu oxu və fikrini mənə bildir. O, siyirmədən ikinci bir kağız çıxarıb Rüstəm kişinin qabağına qoydu. Kələ-kötür hərflər və əyri xətlərlə adi şagird dəftərinin dörd vərəqini tutan bu kağız imzasız idi. Altında “Kolxozçu” yazılmışdı. Yüz hektar payızlığın çıxmadığını xəbər verirdi. Hətta sahələri də göstərir və nəticədə qeyd edirdi ki, toxumluq yerə səpilməmiş, kolxoz sədri və mühasib tərəfindən mənimsənilmişdir. Rüstəm kişi kağızı oxuduqca qızarır və rəngdən-rəngə düşürdü. Axırda özünü saxlaya bilməyib yerindən sıçradı, əlini stola vurdu: - Alçaq! Görəsən bunu yazan kimdir? Şərəfoğlu təmkin və soyuqqanlılıqla soruşdu: - Yazılanlarda həqiqət varmı? Nədənsə Rüstəm kişinin səsi boğulub yavaşıdı: - Yüz hektar taxılımız çıxmayıb, düzdür, səbəbi də odur ki, suyumuz çatmayıb. Şərəfoğlu kağızı geri aldı: - Rüstəm kişi, - dedi, - sən müavinin yanına bu yüz hektarı yenidən sürüb əkmək üçün icazə almağa gəlmisən, eləmi? Rüstəm kişinin baxışları Şərəfoğlunun baxışları ilə çarpazlaşdıqda suala çaş cavab vermədi: - Onun üçün gəlmişəm! - Sonra da fikrini dəyişdin, qorxdun ki, mən bu məsələni tək həll etməyəm, MTS-in sovetinə keçirəm, biabır olasan, qərara aldın ki, özün bir təhər traktorçularla danışıb sürdürərsən, bir az da qoşqu qüvvəsindən istifadə edərsən, eləmi? Rüstəm kişi təsdiq etməsə də kömür kimi qaralıb susurdu, özünü belə gülünc vəziyyətə saldığına görə əzab çəkirdi. Dağ kimi bir adamın bu ağır sükutu Şərəfoğluna təsir etdi, onun gözləmədiyi halda: - Get, - dedi, - traktor işləri planına salıb göstəriş verərəm. Sənə isə məsləhət görürəm, heç bir idarənin qapısını bulanıq fikirlə açma, günahdır, köhnə dostun yanına bu fikirlə gəlməyin günahı isə ikiqat artıqdır! 5 Rüstəm kişi kəndə qayıdanda bıçaq vursan qanı çıxmazdı. Elə bil ki, kişini məngənə arasına salıb sızmışdılar, rəngi qaralıb boğulmuşdu. Mütəmadiyən içərisində bir şey qaynayıb buğlanır, dumanı üzünə çıxırdı. İndi nə üzlə kəndə qayıdırdı, məktəbə müəllim gətirə bilməmişdi, maarif müdiri ilə kobud rəftar etmiş, növbəti iclaslardan birində nitq demək üçün əlinə bəhanə vermişdi, raykom və ispolkomun yanında yüngülsaqqal olmuşdu. Rüstəm kişi Rüstəm kişi yeri düşdü-düşmədi xahiş etməyi, ağız açmağı sevməzdi. Bu əqidədə idi ki, adam qabağında dil tərpədəndə gərək əsaslı tərpədəsən, sözün yerə düşməsin. Sözünün qiymətini bilməyən adam başının qiymətini bilmir. Hər xırda şey üçün özündən yuxarıya ağız açanlardan zəhləsi gedərdi. Belələrini bacarıqsız və zəvzək adlandırardı. İndi ona elə gəlirdi ki, özü özünü, sözü köpük kimi bazara atan zəvzəklər vəziyyətinə salmışdı. Şərəfoğlu ilə olan söhbəti yadına düşəndə qanı daha da qaralırdı. İndi hadisə olub qurtarandan sonra hər şey ona aydın görünürdü, nə dediyi sözlərdə, nə də hərəkətində abırlı və ağıllı bir şey tapmırdı, hamısı ona bayağı, saxta görünür, yadına düşdükcə əti çimçəşirdi. Yəqin Şərəfoğlu ondan bədgüman olmuşdur. Oturub deyir: sən necə adamsan ay Rüstəm, nə zəif və dönük xasiyyətin var? Haqq-sayı, yoldaşlığı, dostluğu da belə ucuz tutmaq olar? Köhnə dostun yanına gəlirsən, utanmayıb üzünə bir maska da taxırsan? Yadındadırmı, sən özün mənə deyərdin: örtülü bazar, dostluğu pozar. Dost ürəyi dost ovcunda. Bəs nə oldu sənin o sözlərin? Yoxsa onda cavan idin, adi kolxozçu idin, biclik bilmirdin, ona görə elə danışırdın? İndi həyatın hər üzünü görmüsən, təcrübən var, vəzifə sahibisən, belə güman edirsən ki, düzlük kimi sadə şeylərsiz də keçinmək olar? Nəyə lazımdır o həyat təcrübəsi ki, onun bahası insanı həmişə cavan saxlayan düzlüyü və xoş xəyalları itirmək hesabına başa gələcək? Nəyə lazımdır o vəzifə ki, ona çatan insanlığını itirəcək? Bu düşüncələr Rüstəm kişinin fikrini o qədər məşğul etmişdi ki, maşını necə qovduğunu, dolanbac yollardan, böyük çöllərdən necə keçib getdiyini, nə vaxt kəndə girdiyini hiss etməmişdi. Özünü cəsarətli və mərd göstərməyə alışmış adamların xasiyyətində birdən-birə biclik və siyasətçilik kimi xırda cəhətlərin aşkar olması başqalarını heyran buraxırsa, bu adamların özlərini bitməz-tükənməz iztirablara və daxili əzablara salır. İndi Rüstəm kişi birbaş məsələdən başlamadığı üçün, Şərəfoğluna zahirən hörmət göstərdiyi üçün özünü danlayır və peşmançılıq çəkirdi. Bütün bunlardan əlavə Rüstəm kişini narahat edən, onun içərisini yeyən bir şey də vardı. Bu imzasız kağızı yazan kim ola? Telli arvad? Komsomol Nəcəf? Yarməmməd? Yastı Salman? Yoxsa briqadirlərdən biri? Bu vaxta qədər Rüstəm kişi kolxoz tərəfindən rahat idi. Elə bilirdi ki, hamı ürəkdən onu istəyir, düşməni-zadı yoxdur. Bu imzasız kağız fikirlərini alt-üst etmişdi. Demək, lap qulağının dibində bir düşmən oturub, kim bilir, bəlkə də hər gün evinə gəlib süfrəsinin başında onunla çörək kəsir, üzünə gülür, içəridə isə kölgəsini qılınclayır, büdrəməsini gözləyir ki, vurub üzü üstə yerə sərsin. Bu düşmən kim ola? Rüstəm kişinin fikri heç kəsin üstündə dura bilmirdi, haçalanırdı, bu adamdan o birisinə qaçırdı. Bir gündə bu qədər tərs məsələlərə rast gəlməsi fikrini çaşdırmışdı. Bir adam lazım idi məsləhətləşsin, ürəyini boşaltsın, yüngülləşsin. Adam da ki, Səkinə idi. Ancaq Səkinə onu duyar, ürəkdən halına yanıb oxşar, təsəlli verərdi! Lakin dərdini, uğursuzluğa uğradığını arvada bildirmək Rüstəm kişiyə bir növ ar gəldi. Guya zəiflik göstərib onun gözündə özünü alçaltmış olardı. Yox, arvad qabağında şikayətlənib ah-nalə etmək kişi sifəti deyil, Rüstəm kişi heç vaxt belə şey etməmiş və etməyəcək! Bütün həyatı boyu özünü Səkinəyə qüdrətli, dönməz, qorxmaz və iradəli göstərmişdir, bir sözlə, kişi olmuş və kişi də qalacaqdır. Kişi özünü elə aparmalıdır ki, adı gələndə arvad fəxr eləsin, ürəyinə od düşsün, nəinki aciz-zavallı kimi ürəyi yansın. Üçüncü fəsil 1 Rüstəmgilin işığı yanırdı. Hələ heç kəs yatmamışdı. Rüstəm kişi sakit oturub trubkasını təmizlədi, sonra da ətirli məxməri çaydan beşinci stəkanı içib boşaltdı. Pərşan radio ilə məşğuldur. Səkinə qab-qacağı yığışdırıb yerbəyer edirdi. Elə bu zaman həyətdə it iki ağız hürüb səsini kəsdi. Sonra da eyvanda nagahanı gur bir səs eşidildi: Pərşan! Ana! Hardasınız, ay yoldaşlar! – deyə Qaraş içəri girdi. Sevincindən rəngi açılmış və yüngülləşmiş Səkinə oğluna doğru yeridi: - Hə, lap vaxtında gəlmisən, ay oğul! Qaraş atasının da otaqda olmasından və birdən-birə onunla üz-üzə gəlməsindən sanki sıxıldı, özünü narahar hiss etdi. Səkinə iftixar dolu gözlərlə atası kimi enlikürək, ucaboy, çatmaqaş və qartal gözlü oğlunu süzdü. Anaya məxsus bir həssaslıqla onun yöndəmsiz duruşunda qeyri-adi bir şey sezdi: - Niyə oturmursan, oğul? Bir şey olmayıb ki? Qaraş atasının gözlərindən qaçmaq, gizlənmək istədi, qəribə bir həyəcanla anasına baxdı, dili topuq çala-çala: - Tək deyiləm, ana, qonaqla gəlmişəm, - dedi və cavab gözləmədən geri dönüb qaranlıq eyvana çıxdı. Onun titrək səsi heyrət içində qalan Rüstəm kişinin qulağında cingildədi: - İçəri keç, Maya, anamla tanış ol. Səkinənin, Rüstəm kişi və Pərşanın heyrət, təəccüb və maraq dolu baxışları altında Maya içəri girdi. Ürəyi az qala yerindən çıxan Səkinə gəlini başdan-ayağa süzdü və bütün üzünü , hətta boğazının altını da işıqlandıran təbəssümlə gülümsədi: gəlin ananın xoşuna gəlmişdi. Mayanın bənizi qardan ağ idi, bu da Muğan qızlarının günəşin və havanın altında alma kimi qızaran yanaqlarına alışmış bir göz üçün yeni və sevimli idi. İncə, nazil dodaqları, balaca zərif burnu, çəkilmə qara qaşları və kəsik qara saçları ağ üzünə, girdə çənəsinə çox yaraşırdı. Səkinə öz-özünə “sağ ol, bala, adam baxmaqdan doymur”, deyib düşündü. Maya tanımadığı və bu andan həyatı həyatları ilə bağlanan üç nəfərin diqqətli baxışları altında qızarmağa başladı. Nədənsə, Səkinənin ona yazığı gəldi, tez yaxınlaşdı, boynunu qucaqlayıb öpdü: - Xoş gəlmisən, bala! Qədəmlərin xoş olsun! – deyib noxudu rəngli balaca sumkasını əlindən aldı, noxudu rəngli gen drap paltosunu tutdu. – Çıxart, çıxart, qızım! İndi keç otur, gəldiyin yollara qurban olum. Səkinənin mehriban və məhəbbətlə dolu rəftarı Mayanın ürəyində bu vaxta qədər tanış olmayan şirin duyğular oyatdı. İlk dəfə qayınanası ilə necə görüşəcəyi haqqında neçə gündən bəri çəkdiyi iztirablar birdən xoş bir sevincə çevrildi. Min bir həvəslə dolu ürəyində yeni, şad hisslərlə çırpındı, bu evdə səadət tapacağı haqqındakı xəyalları şübhələrdən təmizlənərək bir həqiqət olub üzünə güldü. Şirin və cazibədar təbəssümlə qayınatasına baxdı. Rüstəm kişi bu gəlişdən çox narazı idi, ürəyində bunu yüngüllük hesab edib belə evlənmənin gələcəyinə inanmırdı. Lakin Mayanın xoş və təmiz təbəssümü qarşısında ürəyi yumşaldı, üzü mərhəmət gülüşləri ilə işıqlandı, gəlini alnından öpüb təbrik etdi, yana çəkildi. Mayanın sevinc və həyəcan dolu gözləri, yerində sakit dayana bilməyib növbəsini gözləyən Pərşana sataşdıqda bir az da işıqlandı: - Qaraş səni o qədər istəyir ki, - deyib ona tərəf yerimək istədi. Lakin Pərşan onu tərpənməyə qoymayıb quş kimi üstünə uçdu, boynunu qucaqladı, üzündən, gözlərindən öpə-öpə ağlamağa başladı. - Yaxşı, yaxşı! – deyə Səkinə Pərşanın qollarını Mayanın boynundan ayırdı: - Sevincdən ağlamaq xeyirdi, amma çox yox. Səkinə gəlini mütəkkə qoyulmuş divana oturtdu, özü də yanında oturub, hələ də ayaq üstə duran Qaraşa baxdı: - Bir de görüm, gəlinimizin sənəti nədir? Qaraş anasının sualına cavab verməmiş Maya özü dilləndi: - Su mühəndisiyəm, ana. Səkinənin də, Rüstəm kişinin də gözləri heyrətdən açıldı, bir də Mayaya nəzər saldılar. Maya zahirən o qədər gənc görünürdü ki, ona 18-dən artıq yaş vermək olmazdı. Nədənsə Rüstəm kişi belə incə və gözəl bir qızın ya həkim, ya müəllimə, ya da artistka olduğunu güman etmişdi. Su mühəndisi olacağı heç ağlına gəlməmişdi. - İnstitut qurtarmısan, qızım? – deyə Rüstəm kişi birinci dəfə gəlinə sual verdi. - Bəli, Gəncədə Kənd Təsərrüfatı İnstitutunu qurtarmışam. Rüstəm kişi “yaxşı işdir”, deyib mənası məlum olmayan diqqətli nəzərlə bir də Mayanı süzdü. Pərşan da daha artıq bir maraq və hörmətlə yenidən gəlinə baxdı. Bu davamlı baxışlar altında Mayanın daha artıq qızardığını görən Səkinə tez ortalığa söz atdı: - Sənətin lap gözəl sənətdir, bala. Elə bizim Muğanın da dərdi su dərdidir. Neçə gündən bəri mübahisəyə səbəb olub qanlarını qaraldan bir məsələ indi Rüstəm kişiyə mənasız görünürdü. Anasının sevincinə şərik olan Pərşan atasının boynunu qucaqladı: - Bu biz istəyəndən də yaxşı oldu, ay dədə! Rüstəm kişi cavab verməyib qızının qollarını boynundan açdı və trubkasını doldurmağa başladı. İşin gözlənilmədən arvad istəyən kimi qurtarması və bu münasibətlə Səkinənin açıq təntənəsi Rüstəm kişini pərt etmişdi. Lakin o, öz pərtliyini üzə vurmamağa və trubkasını tüstülədə-tüstülədə şad görünməyə çalışırdı. Ancaq Rüstəm kişi bir məsələni həll edə bilmirdi. Gəlini gözlənilmədən, toysuz-filansız çəkib gətirdiyi üçün Qaraşa nə desin – danlasın, yoxsa heç üstünü vurmasın? Əlbəttə, ürəyində dərin bir etiraz vardı. Atalıq qüruru, evlənməyə bu cür yüngül münasibət onu darıxdırırdı. Lakin zəmanə ilə razılaşmaq zərurəti və bu ruhda bir çox mülahizələr sinəsindəki dalğaları yatırır, coşub-daşmasına yol vermirdi. Pərşan isə heç bir mühakiməyə dalmadan maraq, sevinc və məhəbbət dolu gözlərini gah Qaraşa, gah Mayaya tutub sevinir, gülürdü. Ona elə gəlirdi ki, Qaraş və Maya səadətlə, sirlərlə dolu cazibədar bir dünyanın qapısını açırlar. Doğrudan da bu saat Qaraş və Mayanın üzündə ürəklərinin dərinliklərindən qalxan həm sehrkar bir cazibənin, həm də xoş bir səadətin işıqları oynayırdı. 2 Rüstəm kişi ayıldıqca yarası qövr eləyən xəstənin vəziyyətində idi. Gözlənilməz hadisənin ilk dəqiqələrdə oyatdığı şaşqınlıq keçdikcə ürəyində acı bir təəssüf və qəzəb qaynayıb qalxırdı. Kim isə lap ciyərinə biz batırıb sorüşürdü: “Bu nə işdir, ay Rüstəm kişi? Belə də evlənmək olar? Belə də arvad olar? Salaməleyküm, əleykəssalam, düş qabağıma gedək. Oğuldan sənin muradın bu idimi? Hələ gözlə, sənin bu ocağına namussuzluq ləkəsi yaxmasınlar!” Bu ağır fikirlər, ürək gəmirən şübhələr içərisini yedikcə Rüstəm kişi daha tez-tez və barmaqları əsə-əsə trubkanı təmizləyirdi. Böyük bir sual ilə yamam gözlərini isə Qaraşdan və Mayadan çəkmirdi. Hər ikisinin üz-gözünü, boy-buxununu ölçür, bir-birinə nə qədər yaraşıb-yaraşmadığı müəyyən etməyə çalışırdı. Bilmək istəyirdi ki, bunlar nə qədər bir yerdə yaşayacaqlar. Bu saat atanı yalnız evlənmənin gözlənilməz zahiri cəhətləri deyil, mənası və gələcəyi daha artıq narahat edirdi, daha artıq düşündürürdü. Qapıdan belə asanlıqla içəri girən bir qız evdə kök salıb, rişə atıb, qol-budaq verib qalacaqmı? Maya gözəl idi. Lakin bu gözəllik Rüstəm kişiyə yabançı təsir bağışlayırdı. Əl vurmamış yarpaqları dağılacaq dağ çiçəyi qədər zərif idi. Halbuki ona nisbətən Qaraş möhkəm və sağlam idi. Yonulmamış qaya parçasına oxşayırdı. Tük basmış qara iri əlləri, dərisi havada yanmış və bərkimiş iri sifəti, tərpənəndə mağarasından çıxan ayının hərəkətlərinə oxşar yöndəmsiz, ağır hərəkətləri Mayanın incə vücuduna və tərpənişlərinə qarşı tam bir ziddiyyət təşkil edirdi. Bu ziddiyyət Rüstəm kişinin ürəyindəki gizli əndişəni daha da artırırdı. Doğrudur, Mayanım üzündə və gğzlərində heç bir biclik, sırtıqlıq və ya bayağılıq yox idi. Əksinə, bir uşaq qədər sadə, səmimi və təmiz görünürdü. Bu munis və mehriban gözlər belə Rüstəm kişinin ürəyini sakit etmirdi, daxilində fırtına kimi coşan narazılığı yatıra bilmirdi. Necə də yatıra bilərdi?! Maya Rüstəm kişinin çoxdan alışdığı, qanına, iliyinə işləmiş adət və təsəvvürləri tapdalamışdı. Qızın elçisiz, sorğusuz-sualsız qoşulub gəlməsi sərsəmlikdir, ağılsızlıqdır. Belə qızın üzü açılanda nələr etməz? Maya bir də ona görə Rüstəm kişinin qəzəbini coşdururdu ki, evində yetişmiş Pərşan vardı. Sabah Pərşan da onun kimi birisinə qoşulub qaçmaq fikrinə düşməyəcəkdimi? Bəs bu qızın atası-anası yoxdurmu? Göbələk kimi yerdən ki, bitməyib? - Haralısan, ay gəlin? – deyə Rüstəm kişi boğuq səslə soruşdu. Maya qızarıb xəfifcə gülümsədi və Qaraşa baxdı, sanki bu baxışlarla deyirdi: “Bəs sən mənim tərcümeyi-halımı niyə ata-anana danışıb, məni sorğu-sualdan qurtarmamısan?” - Moskvada doğulmuşam, - deyib mənalı-mənalı onları süzdü. Üçü də birdən təəccüblə soruşdu: - Moskvada?! Rüstəm kişinin fikrinə cürbəcür şeylər gəldi. - Dədən, nənən hardandı? - Mayanın bir tərəfi şuşalıdır, bir tərəfi muğanlı, - deyə Qaraş dilləndi. Rüstəm kişi və Pərşan bir yerdə və xüsusi maraqla soruşdular: - Muğanlı?! Maya özü yumşaq səslə cavab verdi: - Bəli, atam Muğanda doğulmuşdur. Lakin 4-5 yaşı olanda çıxıb getmişdir. – Mayanın səsi birdən titrədi. İndicə qırılacaq kimi köyrəldi, lakin tez özünü ələ alıb soruşdu: - Necə məgər, yoxsa, bunun bir mənası var? - Yox, elə bir mənası yoxdur, - deyən Rüstəm kişi trubkasını sümürüb sorğu-sualı davam etdirdi: - Deməli, nənən şuşalıdır, dədən muğanlı? - Bəli, atam buralı, anam şuşalı idi. Rüstəm kişi trubkanı ağzından çəkdi, kirpiklərini azca qaldırdı: - İdi?! Köyrəlmiş və az qala ağlayan Mayanın əvəzinə Qaraş cavab verdi: - Mayanın atası da, anası da vəfat etmişdir. Bu sözü eşitdikdə Səkinə və Pərşanın Mayaya yazığı gəldi. Ona qarşı ürəklərində qəribə bir məhəbbət oyandı. Rüstəm kişi isə vəziyyətini pozmadan, soyuqqanlılıqla dedi: - Ana tərəfə çəkmisən, Qarabağ xanımları zərif doğrayan olur. Bizim tərəflərə necə, heç bələdçiliyin var, ya yox? - Xeyr, ömrümdə Muğana ayağım dəyməyib. Ancaq kitablarda oxumuşam. - Nə təhər, barı oxuduğundan xoşuna gəlibmi? Kitablarda bizim Muğanı necə yazırlar? Maya üzünü Qaraşa tutdu: - Çamadanımı aç! Orada bir kitab var, mənə ver. Mayanın Qaraşla belə sərbəst rəftarı, hətta ona söz buyurması Rüstəm kişiyə xoş gəlmədi. Tez ayağa durub qapıya gedən Qaraşı saxladı: - Otur yerində, Pərşan gətirər, çamadan hardadır? Maya nə üzünün mülayim gülümsər ifadəsini, nə də səsindəki yumşaq ahəngi pozmadan: - Özüm gətirərəm, - deyib yerindən qalxdı və qapıya tərəf yollandı. Lakin Qaraş iri əlləri ilə sınacaq, əziləcək yüngül və zərif bir şeyə toxunar kimi ehtiyatla Mayanın qolundan tutub saxladı: - Əyləş, bu saat gətirərəm. Rüstəm kişi trubkasını sümürüb istehza ilə gülümsədi: - Qoy gətirsin! Biz gözümüzü açıb başqa dünya görmüşük. O zaman gəlin qayınana, qayınata yanında kişiyə söz buyurmazdı. İndi başqa cür olub. Rüstəm kişinin bu sözləri bayaqdan bəri sakit oturub qulaq asan Səkinəyə lap yersiz və kobud göründü. Qızarmış Mayaya ürəyi yandı, Rüstəm kişiyə töhmət etdi: - Ay kişi, gəlin də elə bilər ki, gerçək sözündür. İndi ki, oğluna ürəyin yanır, dur özün gətir. Bu gəlinə sən, ya oğlun qulluq etməlisiniz, indi kefin istəyəni seç! Səkinənin gülə-gülə dediyi bu sözlər Rüstəmi yumşaltdı, gözünü Mayaya tərəf çevirdi: - Qayınananın miyançılığına baxma, ay gəlin! Sən mənim sözümü tut, sırğa elə qulağından as. Adam nə qədər kiçiklik eləsə, o qədər böyüyər. Mən ki, belə qanmışam, belə də görmüşəm. Arvad kişinin hörmət-izzətini nə qədər çox saxlasa o qədər yaxşıdır. Maya üz-gözünün ifadəsini dəyişməsə də, bütün bu danışığın daxilində yaxşı duyğular oyatmadığını büruzə verməsə də, pərt olduğu məlum idi. - Düz deyirsiniz, adət böyük şeydir. Belə bir məsəl də var: “Göz gördüyünə alışar”. Siz göz açanda elə görmüşsünüz, elə də xoşunuza gəlir. Rüstəm kişi Mayanın bu sözlərində istehzamı, etirazmı, razılıqmı olduğunu bilmədi. Ona sual vermək istəyirdi ki, Pərşan sözə qarışdı. Odlu-odlu bildirdi ki, hər yerdə və hər zaman kişinin borcu qadına hörmət etməkdir, ona qulluq göstərməkdir. Qadın içəri girəndə kişi ayağa durmalıdır, yer göstərməlidir, paltosunu tutmalıdır və sairə. Qadının həyati arzu və istəklərini yerinə yetirmək kişini alçaltmır, onun nəcabət və tərbiyəsini sübut edir. Müəllimimiz bizə belə deyib. Pərşan hər kəlməsi ağzından güllə kimi çıxan sözünü belə qurtardı: - Dədə, o köhnə zaman idi, gəlin qul kimi dururdu hamının qulluğunda, ürəyinin sözünü də deyə bilmirdi. O mədəniyyətsizlikdir! Rüstəm kişi qızının odlu nitqinə bircə kəlmə ilə cavab verdi: - Ay qız, sən kiri! Lakin Pərşan nəinki kirimədi, bir az da ucadan və daha qızğın şəkildə davam etdi: - Bu “ay qız, sən kiri!” sözünün özündə də, nidasında da lap köhnə, lap çürük bir dünya yaşayır. Neçə dəfə iclaslarda, evlərdə, keçələrdə, pambıq çöllərində görmüşəm ki, qəzlar, arvadlar ağzını açanda sən də, sənə baxıb briqadirlər də qışqırıblar ki, “ay qız, kiri!” Bir soruşan da yoxdur ki, niyə kirisinlər?! İşin çoxunu görən onlar, özləri də danışmasınlar?! Olmaz, dədə. Vallah neçə dəfə istəmişəm ki, yazım göndərim qəzetlərə. - Hə, hünərin var, öz qızının cavabını ver! – deyə ucadan gülən Səkinə təşəxxüslə Rüstəm kişiyə baxdı. Rüstəm kişi cavab vermədi. Səkinə o biri otağa keçib göy rəngli dəmir sandığı açdı, kağıza bükülü bir kəllə qənd çıxarıb gətirdi və Pərşana müraciət etdi: - Qızım, gəl, qəndi doğra, yeməkdən qabaq bizə bir yaxşı şirin çay verərsən, gəlinin şirnisini içərik. O vaxta qədər mən də bit otağa əl atım, - dedi və astanada bir də geri çevrildi. – Atanla da məsələni səsə qoyanda məni öz tərəfində say. Rüstəm kişi Səkinəyə sərt bir cavab verdi: - Yaxşı olar ki, sən qızına nəsihət verəsən, deyəsən ki, adam sözünün yerini bilər, böyük-kiçik qanar, qız uşağı sürtülmüş aşıq kimi hey alçı durmaz. Ağır oturar, batman gələr. - Bu sözləri elə oğlanlara da demək olar, ay dədə. O yerdə ki, oğlan danışa bilir, niyə qız danışmasın?! Rüstəm kişi od üstündə buğlanan qazan kimi köpükləndi və hamını heyrətdə buraxan bir hərəkətlə Pərşanın kürəyinə bir yumruq ilişdirdi. - Danışar, payını da alar! Səkinə dayandığı yerdə “ah!” edib əlini əlinin üstünə vurdu. Maya ayağa sıçradı. Rüstəmin qabağına gələrək gözünün içinə baxıb boğuq bir səslə: - Siz nə etdiniz?! – dei və Pərşanı qucaqladı. Rüstəm kişi danışmayıb heybətli bir kölgə kimi o biri otağa keçəndə Pərşan başını Mayanın sinəsinə qoyub hıçqıraraq ağladı. 3 Qaraş ruhi sarsıntı içərisində oturub fikrə getmişdi. Atasının ağır hərəkətindən sonra birinci dəfə olaraq ayrılmaq, evdən çıxıb Mayanı da götürərək özünə dirrik yaratmaq fikrinə düşdü. Axı, belə hərəkətlər getdikcə təkrar olunub onların həyatını zəhərləyə bilərdi. Qaraş ta uşaqlıqdan atasını hədsiz dərəcədə sevmişdi, özü böyüyüb boy atdıqca bu məhəbbəti də böyümüşdü. Ata onun üçün həmişə hamıdan uca və yüksək, hamıdan böyük və əzəmətli olmuşdu, hər şeydə atasına oxşamaq, atası kimi olmaq ən şirin arzusu idi. İndi də Qaraş atasında qüsur tapmaqdan qaçardı, xoşuna gəlməyən bir söz və ya hərəkəti uzun müddət ürəyini ağrıdardı. Lakin heç vaxt ona bir söz deməzdi. Bu dəfə də susdu. Ürəyinin dərinliklərində sancı duyduğuna baxmayaraq susdu, atanın nə üzünə, nə də dalınca bir söz dedi. Lakin hiss etdi ki, bu dəfə nə isə ürəyi çox bərk incimişdir, sanki atası yumruğu Pərşanın kürəyinə deyil, Qaraşın ürəyinin başına endirmişdi. Həm də belə bir gündə, bütün varlığı ilə sevdiyi, hələ kəndlərində tay-tuşlarından heç birinə nəsib olmamış Maya kimi gözəl, Maya kimi ağıllı və təhsil etibarilə Qaraşdan çox-çox yüksək olan bir qızın evlərinə gəlin gəldiyi bir gündə bu yumruğu atası ona layiq görmüşdü. Bəs Maya özünü necə hiss etməli idi? Yəqin ki, Qaraşdan daha artıq həyəcan və iztirab keçirirdi. Qaraş öz evinə gəlmişdir, o isə başqasının qapısını açmışdır. Bu qədər qeyri-adi bir addım atan qız həyəcanlanmaya bilərmi? Necə qarşılanacağını düşünməyə bilərmi? Qaraşı narahat edən o deyildi ki, atanın pis rəftarı onların məhəbbətinə təsir edə bilərdi. Yox, bu barədə Qaraş heç düşünmürdü də. Maya ilə məhəbbətlərinə ləkə sala biləcək, eşqlərini soyuda biləcək bir şey dünyada yox idi, belə bir şey Qaraşın təsəvvürünə gəlmirdi. Onu həyəcanlandıran, narahat edən, sarsıdan Mayanın vəziyyəti idi. Evlərinə ilk qədəm qoyduğu gündə sevinclər və xoş duyğular yerinə dumanlı və kədərli duyğuların oyanması idi. Qayınatanın, həm də oğulun daima təriflədiyi, göylərə qaldırdığı belə bir qayınatanın bu cür hərəkəti onda ağır duyğular oyatmaya bilməzdi. Bunu düşündükcə Qaraş daha artıq sarsılırdısa da, yenə atası haqqında fikrinə pis şeylər gəlməsinə yol vermirdi. O inanırdı ki, ata haqqında pis düşünmək ən böyük xəyanət və çirkinlikdir. Buna görə də o, atanı anlamağa, hətta onun bir anda qızışıb özündən çıxaraq belə hərəkətə yol verməsinə bəraət qazandıran səbəbləri axtarıb tapmağa çalışırdı. Maya isə Rüstəm kişinin bu hərəkətini xeyir əlaməti saymayaraq, ağır təlaşla gələcəyini düşünsə də, üzdə heç bir şey bildirmirdi, xüsusən Qaraşın iztirab çəkdiyini gördükdə öz həyəcanını daha dərinlərdə gizlətməklə, bu hadisəyə heç bir əhəmiyyət vermədiyini göstərməklə Qaraşı sakit etmək istəyirdi. Buna görə hələ də içini çəkən Pərşanın başını sığalladı: - Ağlama, yaxşı qız, gəl mənim dostum ol. Əlbəttə, Qaraşı və Mayanı məşğul edən düşüncələr Pərşanın heç ağlına da gəlmirdi, çox sevdiyi və bir az əvvəl tam müttəfiq olduğu atasından belə bir cəza almaq dərəcəsinə endiyi üçün özünə acığı tuturdu. Bir də ki, Mayanın yanında alçaldığını düşünür və daha artıq köyrəlirdi. Öz hıçqırıqları ilə məsələni dərinləşdirdiyini görən, içərisi Qaraşdan və Mayadan daha artıq ağrısa da qətiyyən özünü o yerə qoymayan Səkinə gülə-gülə dedi: - Ay qaraçı balası, nə oldu? Gündə yüz dəfə kişinin boynuna minirsən, bəs onda yaxşıdır, indi pis oldu? Gəl, gəl, gedək gəlinimizə çığıtmadan-zaddan bişirək; görsün ki, ağlamaqdan, keçi kimi oyan-buyana tullanmaqdan başqa bir şey də əlindən gəlir. Elə hey deyirdin, Qaraş qağam evlənsin, gecə-gündüz gəlinin qulluğunda duracağam, belə gəlin yatsan yuxuna da girməzdi, di gəl. Maya səhər Bakıda Qaraşla yüngül bir nahar etdiyini, bütün günü dilinə bir şey dəymədiyini yalnız indicə xatırladı və bərk acdığını hiss etdi. - Gedək, Pərşan, mən özüm də qayğanaqdan-zaddan bişirə bilirəm, yaman da acmışam, yəqin ki, Qaraşın da ürəyi gedir. Səkinə əlini əlinə vurdu: - Can, mənim balalarım, qadanız ürəyimə gəlsin. Yəqin səhərdən bir şei dadmamısınız. – Qaraşa döndü: - Axı, sənə nə deyim, bir barmaq tel də vura bilməzdin ki, ana, gəlirəm, hazır ol. Gəlini erkəklə, plovla qarşılarlar. Özümüzə görə bizim də bir adımız, sanımız var, dost-aşnamız var, bircə gün əvvəl xəbər versəydin olmazdı? Anasının mehribanlığından riqqətə gəlmiş və ürəyi açılmış Qaraş gülümsədi: - Xəbər verə bilmədim də, ana, belə düşdü. Səkinə Mayaya döndü - Üç gün əvvəl deyir ki, ana, Bakıya müşavirəyəgedirəm, mexanizatorların müşavirəsinə. Qurtaran kimi qayıdacağam. Ürəyimə dammışdı ki, bu gedişdə bir şey olacaq, soruşdum, bala, tək qayıdacaqsan, ya cüt? Dedi ki, yox, ana, tək-tənha, hələ tələsmə. Tələsən kim oldu, mən, ya sən? - Yaxşı, nənə, qağamı bu qədər sıxışdırma, yoldan gəlib yorulub, özü də acdır, - deyə Pərşan heç şey olmamış kimi bir an əvvəlkindən də şad hərəkətlə Mayanın qolundan tutdu: - Gedək, gedək, qayğanaq bişirək. Səkinə onları astanada saxladı: - Qayğanaq nədir, ay qız? Yeri fərələrdən üçünü çıxart, Qaraş kəsər, tez çığırtma hazırlaram. Maya etiraz etdi: - Yox, ana can, - o qeyri-ixtiyari olaraq Səkinəyə ana deyə müraciət edirdi, əvvəla, çığırtma uzun çəkər, nə qədər ki, aclıq yadımıza düşməmişdi dözürdük, indi dözə bilmirik. İkinci də, gecə gözü nə çığırtma, qayğanaq hamısından yaxşıdır. Səkinə etiraz etmək istədikdə Qaraş sözə qarışdı: - Düz deyir, ay nənə. Pendirin var. Var! Yağın var, özü də nehrə yağı. Bu da var. Balın var? O da yaxşı. Yağ, pendir, qayğanaq, balla. Lap əla şeydir. Daha durmayın qızlar. Nədənsə Pərşan qayıdaraq Qaraşın boynunu qucaqlayıb bərk-bərk öpdü: - Nənəmi də oturt yanında, özümüz hazırlayıb gətirərik. Səkinə lap üsyan qaldırdı: - Yenə qol-qanad açdın, ay dəli? Düş qabağıma, Mayanı oturt yerində. Qoy gəlin dincəlsin, nə qədər canımda can var, qoymaram gəlinimin əli qazana dəyə, özü də belə gül kimi oxumuş gəlinin. - Yox, ana can, xahiş edirəm indi məni belə bir ləzzətdən məhrum etməyəsiniz, - deyib Maya nəinki kişinin, hətta qadının da huşunu çıxaran bir təbəssüm və məlahətlə Səkinəyə baxdı. Səkinə Qaraşın yanında oturdu: - Yaxşı, gedin hazırlayın. Onlar qaçaraq eyvana çıxanda Qaraş sualedici nəzərlə anasına baxdı. - Gözünə qurban olum, yaxşı gözün var, üzünə baxanda adamın ürəyi açılır, - deyib Səkinə Qaraşı bağrına basdı, körpəni oxşar kimi oxşadı. Eyvana çıxdıqda Muğan çöllərinin ətrini gətirən həzin meh və yağışın yuyub təmizlədiyi ulduzlu göylər Mayanın ruhunu daha da qaldırdı, eyvanın tuşundan gün çıxan tərəfə baxdıqda isə heyran oldu, “ah” deyib yerində dondu. Şərq üfüqlərindən təzəcə boylanmaqda olan ayın işıqları nhəng büllur aynada əks edər kimi parıldayırdı. - O nədir elə, ay Pərşan? Mən ömrümdə belə mənzərə görməmişəm. Pərşan ikiəlli Mayanın incə belini qucaqlayıb, o göstərən tərəfə baxdı: - Onu deyirsən? O yerin adı suqovuşandır, ay qız. Bax sağ tərəfdən Araz gəlir, sol tərəfdən Kür. İki sevgili kimi bir-birinə qovuşub birgə axırlar. Bilirsənmi, anam onların nağılını da bilir: Kür – oğlandır, Araz – qız, bir-birlərinə qovuşmaq üçün dağlardan, dərələrdən aşıb gəlirlər, Muğanda, bizim Azərbaycan torpağında bir-birinə qovuşurlar. Muğan belə Muğandır! Hələ də gözünü suqovuşandan çəkməyən Maya: - Gözəl yeriniz, gözəl kəndiniz var! – dedi. – Bu eyvanı isə dünyaya dəyişmərəm. Eviniz də çox qəşəngdir. Bağçası da varmı? - Eh, lap behişt kimi bağçamız var. Üzüm, alma, armud, nə desən bitir. İstəyirsən gedək gəzək! - Axı Qaraş acdır, - deyə Maya ucadan güldü, - mən də acam. Pərşan da ona qoşuldu: - A, lap yadımdan çıxmışdı. Yaxşı gedək ocağı qalayım. Mətbəxiniz yoxdur? – deyə Maya xəbər aldı. Pərşan kimi zirək, gözüaçıq bir qızdan “mətbəx nədir?” sualını eşitdikdə heyrət etdi, qulaqlarına inanmadı, mətbəxin nə olduğunu iki-üç cümlə izah edib soruşdu: - Bəs siz xörəyi harda bişirirsiniz? - Bizim yerlərdə mətbəx tikmirlər. Evin yanında ocaq yerimiz var. Qışda dədəm üstünü bir təhər örtür, yayda açıq havada qalır. Bu xəbər təəssüf oyatsa da, Muğanın gözəlliyi haqqında Mayanın təəssüratını pozmadı. Pərşan ocağı alışdırdı, tavaya yağ atdı, yumurtaları ayrıca bir qaba çırpmaq istəyəndə, Maya onu saxladı: - Məni şahid gətirməmisən ki. Bunu mən bacararam, get, sən samovara od sal, yağı-pendiri hazırla. Pərşan razı olmadı: - Bu gecə qaranlığında səni tək qoya bilmərəm, qaçırarlar, sonra qağam məni öldürər, - deyib qəhqəhə ilə güldü. – Yaxşı, sən yumurta çal, mən də samovarı odlayım. – Ocağın yanındakı böyük taxçadan samovarı götürdü, ağzına bir parça nazik taxta qoydu və vedrəni aldı. Yağlı tavanı odun üstünə qoyub yumurtaları sındırmaqda olan Maya vedrədəki suya işarə etdi. - Deyəsən suyunuz bulanlıqdır? - Çay suyudur, dana. Bir az yaxşı durulmayıb, - deyə Pərşan heyrətə yer olmadığını bildirən bir səslə cavab verdi. - Deməli, hər kəs çaydan suyu özü alıb, özü bacardığı kimi duruldur, hə? - Bəs necə? - Kolxozun su duruldanları, su kəməri yoxdurmu? Bu dəfə Pərşan xəfif bir məyusluqla: - Yoxdur, - dedi, - axı, kolxoz üçün çətindir, gücü çatmaz. - Niyə çatmır ki? Çətin heç bir şey yoxdur! Beş-on metr hündürlükdə bir çən qoyulur, suvuran nasoslar çayın suyunu ora qaldırır. Orada su durulub təmizlənir, başqa bir çənə keçir, bu çəndən də xüsusi borular vasitəsilə evlərə, xəstəxanaya, məktəbə, hamama gedir. Bəs, hamamınız necə, işləyir? Kəndimizdə hamam yoxdur, - deyə tamamilə batıq və qorxaq bir səslə Pərşan cavab verdi. O, Mayanın Muğan haqqında, onların kəndi haqqında pis fikrə gəlməsindən çox qorxurdu, elə əvvəlki kimi Muğanın gözəlliyinə heyran olub qalmasını istəyirdi. Maya isə ondan elə şeylər soruşurdu ki, cavab verəndə qız xəcalət çəkməyə başlayırdı: - Dədəm deyir ki, kənddə yaxşı bir hamam tikdirəcək. Maya, Pərşanın azca pötrdüyünü hiss edib, yeni suallar vermədi, daha doğrusu, gözünə yaxşı dəyən və tərifə layiq olan şeylərdən soruşmağa başladı, bunlardan danışanda yenə Pərşan bülbül kimi ötür, doymaq bilmirdi. Nəhayət, eyvandan Səkinənin səsi eşidildi: - Ay qız, orada nə nağıl açmısan, qurtarmazsan, dilotu yeməmisən ki, gəlini soyuğa verərsən. Pərşan altdan yuxarı anasına baxıb: - Nənə, vallah, bu heç sənin sözün deyil. Qaraş göndərib, yəqin dözə bilmir! – dedi və Mayanın qulağına nə isə pıçıldayıb ucadan güldü. Özünü gülməkdən saxlaya bilməyən Maya soruşdu: - Çox tapmaca bilirsən? - Sən bilən qədər. Bax, qoymayacağam tez yatasınız, ha. İnciməzsən ki? - Mən incimərəm, amma Qaraşa yazığın gəlsin, bütün günü oyan-buyana qaçmaqdan həlak olub. - Deməli, sənin ona yazığın gəlir, hə, hə? - Bəs nədir? - Sən allah, de görüm, qağamı necə sevmisən, elə birinci görəndə, yoxsa sonradan, yavaş-yavaş? Hansı yaxşıdır, birdən sevmək, yoxsa yavaş-yavaş? - O da yaxşıdır, bu da! Bir şərtlə ki, doğrudan sevəsən. - Yəni bir dəqiqə də ürəyindən çıxmaya, hə? Səkinənin yenə eyvana çıxdığını görən Maya, tavanı ocağın üstündən götürüb pıçıltıyla dedi: - Başına gələr, bilərsən. Sözlə demək çətindir. 4 Ta qədim zamandan kəndin gözəl bir adəti var: gecə ertədən yatmaq, səhər gün doğmamış durmaq. Bütün ciddi-cəhdinə baxmayaraq Pərşan saat 12-dən o yana otura bilmədi. Tez yatmağa adət etdiyinə görə qayğanaq yeyilib, çay içildikdən sonra əsnəməyə başladı. Bunu görən Səkinə: - Dur, get yat. Qoy uşaqlar da dincəlsinlər, - dedi və Mayaya döndü: - Gəl, qızım, sənin otağını göstərim. Əlbəttə, bu sözü eşidən Pərşanın gözləri dərhal açıldı, anasından ayrılmadı, iş arasında birgə səliqəyə saldıqları otağın Mayaya necə təsir edəcəyini görmək istədi və onlara qoşuldu. Bir pəncərəsi suqovuşana açılan eyvanın baş tərəfindəki gəlin otağına getdilər. Bu otağın astanasından içəri ayaq basdığı anda keçirdiyi həyəcanı Maya bütün gün ərzində keçirməmişdi. Ona elə gəldi ki, ürəyi sinəsindən sıçrayıb çıxacaq, şirin duyğu və xəyalların təsirindən bihuş olub yıxılacaqdır. Yavaşca Pərşanın qolundan tutdu və düşündü ki, bu ana qədərki əlaqələrin hamısını pozmaq, açdığı qapıların hamısından geri qayıtmaq olardı, bu qapıdan isə geri qayıtmaq, bu astanadan girdikdən sonra geri dönmək çətindir, bəlkə də müşküldür. Burada qismətinlə sevinməlisən, bu balaca otaqda ömür yoldaşınla yeni həyatın əsaslarını qoyacaq, bütün dünyanın səadətini duyacaqsan. Otaq Mayaya dərhal çox doğma və isti göründü. Daha başqa bir şey görmədi. Səkinə şkafı açıb nə isə göstərdi, sovruqları, məhrəbaları, gəlin üçün hazırlanmış alt və üst paltarlarını nişan verdi, zərli bir boğça açdı, nə isə, naxışlı corabları, güllü dəsmalları tərpətdi. Balaca bir qutudan “Zvezda” markalı qızıl saat və zümrüd qaşlı bir üzük çıxartdı. Saatı Mayanın sol qoluna bağladı, üzüyü sağ əlinin barmağına taxdı və üzündən öpdü: - Bizdə deyərlər ki, ər arvadın qiyamət yoldaşıdır. Səni görüm xoşbəxt olasan, - dedi və qeyri-ixtiyari olaraq ağladı. – Gözümün ağı-qarası bir oğlum var. Sənə tapşırıram. Bu qəribə mərasim zamanı nə əlini, nə də dilini dinc qoymayan Pərşan da Mayanı qucaqlayıb ağladı. Maya da özünü saxlaya bilməyib başını Səkinənin sinəsində gizlədərək gözündən süzülən damcıları sildi. Elə bu zaman Qaraşın səsi astanadan eşidildi: - Bəh, bəh! Baş-başa verib nə yaxşı ağlaşırsınız! - Şadlıqdandır, ay oğul, - deyə Səkinə Qaraşı içəri çağırdı. – Əlini mənə ver, sən də ver, Maya – hər ikisinin əlini tutub birləşdirdi və sinəsinə sıxdı. – Bir yerdə qarıyıb qocalasınız, nəvəli-nəticəli olasınız. Kürlə Araq suqovuşanda birləşən kimi bir-birinizə qaynayıb-qarışasınız. Pərşan sevinclə ucadan dedi: - Kürnən Arazın nağılını Mayaya danışmışam, nənə. - Ay dağ keçisi, qarışmadığın iş yoxdur, bilmirəm hansı yazığa qismət olacaqsan, dilindən zar deyəcək. Pərşan nə isə cavab vermək istədi, Səkinə əlini onun ağzına qoydu: - Bəsdir, camaatın qulağını aparma, gəl gedək. Ayrılarkən bir də öpüşdülər. Pərşan Mayanı öpüb Qaraşın boynuna atıldı və ayaqlarını yerdən üzüb elə sallandı ki, az qaldı onu üzü üstə yıxa. Səkinə qızın ətli qoluna bir sillə vurdu: - Uşağı boğdun, ay dəli. Bilmirəm səni kim alacaq, - dedi və əlindən tutub otaqdan çıxartdı. Nəhayət, unudulmaz hadisələrlə dolu olan səs-küylü gün qurtardı və Maya ilə Qaraş tək qaldı. Ah, onlar bu dəqiqəni nə qədər arzu etmişdilər! Bütün gözlərdən uzaq, bütün dillərdən və nəzərlərdən uzaq, sevdiyin və sevildiyin adamla bir otaqda tək qalmaq, yalnız onu görmək, yalnız onun səsini eşitmək, yalnız ona baxmaq, yalnız onun nəfəsini duymaq nə böyük səadətdir! Maya bu səadətin, bu ilahi məhəbbət duyğularının işığı ilə nurlanmış gözləri ilə Qaraşı süzdü. Qaraşın məst və bir az da işıqlı gözləri sanki yaxınlaşmağa cəsarər etməyərək onu çağırır, ya da icazə istəyirdi. Ah, Qaraş, sən nə qədər cəsarətsizsən! Sən nədən ehtiyat edirsən? Altı ay əvvəl Bakının sahil bağında sənə deyilən sözün təkrar olunmasındanmı qorxursan? Qorxma, sən kobud deyilsən, axı, o zaman da bu söz sənə ərk-naz, məhəbbət dolu bir ahənglə deyilmişdi. Hətta bu ahəngdə, səndəki kobudluğun xoşa gəldiyini bildirən bir məna da vardı. Birdən Mayaya elə gəldi ki, qəriblik, təklik hiss etdiyi bu qəribə yerlərdə Qaraşdan başqa bir ümidi yoxdur. Qaraş yeganə dayağıdır, başını onun geniş və qabarıq sinəsinə qoyub arxayın nəfəs ala bilər, hər şeydən, hər şeydən arxayın ola bilər – bu sağlam vücud, bu möhkəm qollar istədikləri həyatı qurmaq, hər arzunu yerinə yetirmək, ürəyin təşnə çırpıntılarını soyutmaq üçün yaranmışdır. Belə sinəyə baş qoyan sabahkı günə arxayın ola bilər. Bütün bunları duyar kimi, fikirlərini eşidər kimi Qaraş titrək səslə: - Maya! – dedi və bir addım ona tərəf atdı. Maya zərif qollarını açıb məhəbbət və ehtirasla Qaraşın boynuna sarıldı. Qaraş, qıza hədsiz dərəcədə yaraşan mavi ipək koftanın düymələrini açarkən Maya onun əlini sinəsinə sıxdı, - dayan, - deyə pıçıldadı və onu yavaş-yavaş suqovuşana açılan pəncərənin qabağına apardı, ayın işıqları hələ də Kür və Arazın birləşmiş sularında oynayırdı. Lakin artıq suyun çox hissəsi qaranlığa bürünmüşdü. Bayaqkı böyük güzgü sanki parçalanmışdı, yalnız kiçik bir qırıntısı xəncər ağzı kimi parıldayırdı. Maya düşündü: “Bir az sonra bu parıltı da çəkiləcək, sular qaralıb çöllərin ümumi qaranlığı içərisində itəcəkdir. Nə sabah, nə birisi gün o mənzərə təkrar olmayacaqdır. Səadət də bunun kimi deyilmi? Yox, yox, bizim səadətimiz sönməyəcək, qaralmayacaqdır!” Göyün lap dərinlərində ulduzlar parıldayırdı. Lakin şimal üfüqlərindən irəliləyən boz buludluq onların üzünə pərdə çəkməyə başlamışdı. Bütün bunlar səhranın əsrarəngsiz sükutunu artırır, Mayanın qulağına şirin bir səadət mahnısı oxuyurdu. Maya üşüməyə başladığını hiss edərək daha artıq Qaraşa qısıldıqda, onun bədəni məstedici bir hərarətlə qızındı. Dördüncü fəsil 1 Balaca bir tikan barmağın gözünə soxulduqda çürüyüb irin bağlayır, bu irin deşilib dağılmayınca adama əziyyət verir, hətta əsəbiləşdirir də. İrin deşilib dağılanda adam rahat olur. Səhərisi Rüstəm kişi özünü irini deşilmiş kimi hiss edirdi. Dünən onu əsəbiləşdirən fikir bu gün bir tikan kimi irinləyib bədənindən çıxmışdı, buna görə də axşamkı hərəkətin peşmançılığını çəkir və öz-özünə düşünürdü: atalar yaxşı deyib: “Acıqlı başda ağıl olmaz”, gərək özümü saxlayaydım”. Lakin evdə müvazinət sevən, özünün yerini və adını gözləyən Rüstəm kişi peşmançılığını bildirəcək adam deyildi, bunu kişi üçün zəiflik sayırdı. Ona görə də səhər tezdən durub heç kəslə görüşmədən idarəyə getmək fikrilə yavaşca geyinib eyvana çıxdı. Lakin gecəni qızı ilə yatmış Səkinə onu güdürmüş kimi qabağını kəsdi, adəti üzrə “sabahın xeyir” etdikdən sonra: - Ac qarına hara gedirsən, ay kişi, aşağı düş, bir stəkan çay iç, get, - dedi. Rüstəm, arvadının gözündə hörmətini salacağından, zəiflik göstərəcəyindən qorxmasaydı Səkinənin əlindən öpər, min dəfə “sağ ol!” deyərdi. “Belə də qeydkeş, belə də insan adam olar! Nə vaxt yatır yatsın, səndən tez ayılacaq, neyləsən çaysız evdən buraxmayacaq”. Bu fikirlər Rüstəm kişini çaysız getməyə qoymadı, heç bir söz deməyib Səkinənin təklifinə qulaq asdı, aşağı düşdü, ocağın yanındaca oturub yüngül bir nahar etdi. Arada mehriban bir nəzərlə Səkinəyə baxdı. Səkinə bildi ki, kişi yenə öz hərəkətinin peşmançılığını çəkir, buna görə də heç şeyi üzə vurmayıb mehriban rəftar etdi. Səkinənin bu nəcib rəftarı Rüstəm kişinin ürəyində xoş duyğular oyatdı: “Belə insan az tapılar!” deyib arvadı haqqında iftixarla düşündü və xoş üzlə evdən çıxıb, boz atı yəhərləyərək həyətin ortasına çəkdi, üstünə sıçrayıb mahmızladı. Əvvəlcə idarəyə tərəf yollandı. Lakin bir neçə addım sürməmiş fikrini dəyişdi. “Bu stol zəhrimarın da öz azarı var, elə bil ki, ahənrübadır, dəmir parçası kimi adamı çəkib saxlayır, bir kağız bu yandan, biri o yandan çıxır, telefon zınqıldayır, o gəlir, bu gəlir, macal tapıb iş üstünə gedə bilmirsən, gün gəlib keçir”, deyə düşündü və atən başını çəkib, alaçən içində itmiş çölə sürdü. Pambıq şumu və səpini başlanana qədər Rüstəm kişi tərəvəz və bağ-bostanın işinin canını almağa qərar vermişdi. Rüstəm kişi “Yeni həyat”ın torpaq, su və iqlim şəraitini nəzərə almış, bağ-bostana diqqəti xeyli artırmışdı. O bilirdi ki, Muğanın qarpızı Bakı bazarına çıxanda alıcılar bir-birinə dəyir, göydə qapırlar, çünki doğrudan da Muğan qarpızı yayda baldan qiymətlidir, handa bir bulaq suyundan artıq adamın ürəyini sərinlədir. Niyə də belə nemətdən istifadə etməyəsən? Həm şəhər əhalisinə kömək edirsən, həm də kolxozun sandığına on min manatlarla əlavə mənfəət gətirirsən. Rüstəm kişi kənddən çıxıb atı, qurumuş yol qırağı ilə sürərkən arabalarda peyin daşıyan kolxozçular tez-tez gözünə dəyirdi. Onları salamlayıb keçdikcə ürəyində deyirdi: “Yaxşı işləyirlər, Qara Kərəm oğlunun lap dədəsini yandıracağam. Bu il hər şeydə birinci!” Yol boyu tökülmüş buğlanan peyin Rüstəm kişinin gözünə dəyəndə atı mahmızladı, özünü səhlənkar arabaçıya çatdırmağa tələsdi. Yolun döngəsində qarabığlı ağköynək oğlanə saxladı: - Ə-ə, heç o bığından ar eləmirsən? Oğlan arabada dikəlib heyrətlə Rüstəm kişiyə baxdı, damağındakı papirosu yerə atdı. - Nədən sarı, Rüstəm dayı?! - Çərdən sarı, azardan sarı! Bu peyini veriblər sənə yolların qırağına səpə-səpə gedəsən, ya çölə aparasan? Düş arabanın yanını bərkit, yırtığını qapa. Oğlan yalnız indi dala baxıb yol boyu şərit kimi uzanan peyin zolağını gördükdə qızardı və arabanı saxlayıb yerə sıçradı. Rüstəm kişi atını mahmızlayıb dala baxmadan gözdən itdi. Rüstəm kişi, şumlanıb peyinlənən bostanlıqların arasına girəndə nəfəsindən buğ çıxan at tövşüyüb yavaşıdı. Elə onsuz da Rüstəm kişi atın cilovunu çəkəcəkdi, şumlara baxmaq, necə peyinləndiyini yoxlamaq istəyirdi ki, arxayın olsun. Bir neçə yaxşı şumlanmış, hətta çuğundur və soğan əkilmiş sahəyə baxdı, razı halda yenə yola çıxanda gözü traktorçu ilə dalaşan Qızyetərə sataşdı, atdan endi, cilovunu sahənin yanındakı arabaya bağlayıb onlara yaxınlaşdı: - Nə var, bala, nə qışqırışırsınız? – deyib, qıçındakı dolaqlardan tutmuş başındakı şapkasına qədər yağa-mazuta bulanmış arıq və batıq sinəli traktorçuya müraciət etdi. Hələ də hirsi soyumamış traktorçu əlini havada yellədi, Rüstəm kişiyə cavab vermədən Qızyetərə bozardı: - Sənin ixtiyarın yoxdur məni qovasan! Rüstəm kişi Qızyetərə baxdı. Bu gənc manqabaşçısının gözləri işıqla dolu olsa da azca sərt görünürdü. O, Rüstəm kişini süzüb traktorçuya döndü, sakit və təmkinli səslə dedi: - Bura bax ey, çox atılıb-düşmə! Qoymaram şumu başdansovdu eləyib gedəsən, srürsən ağıllı-başlı sür, sürmürsən xoş gəldin! Rüstəm kişi gözucu şuma baxıb doğrudan da 20-22 santimetr yerinə 14-15-dən çox olmadığını gördükdə fikrində Qızyetərə haqq verdi. Lakin bir söz deməyib traktorçunun cavabını gözlədi. Traktorçu Qızyetərə qarşə etinasızlıqla əlini ölçdü: - Mollalıq eləmə, sən allah! – dedi və acıqla traktoru sürmək istəyəndə Rüstəm kişi iri əlini uzadıb onun batıq sinəsinə yapışmış mazutlu köynəyindən tutdu. - Sənə söz deyirlər, qulaq as! Düş aşağı, dərinliyi düzəlt! Arıq traktorçu nə isə deyinə-deyinə düşüb maşının dalına keçdi, Rüstəm kişi dediyinin olacağına arxayın bir hərəkətlə boz atın cilovunu açıb üstünə qalxdı və yəhərdə şax oturub, fermalara tərəf sürdü. Əvvəlcə mal fermasına getdi, malların başının üstünü almış ölüm qorxusu aradan götürülmüşdü; fermada mal həkimi, zootexnik və naxırçılarla görüşdü, kefi açılmış halda yaxındakı qoyun yatağına yollandı. Hava qaralaraq axşam düşəndə isə Rüstəm kişi evə daha xoş üzlə qayıtdı. Dünənki hadisəni unutmuş kimi idi. Qayda ilə gəlinlə görüşdü, hətta Qaraşın alnından, Pərşanın başından öpdü: - Hə, arvad, çaydan, meyvədən nəyin var? - Bəs nahar etməyəcəksən? – deyə Səkinə soruşdu. – Yaxşı düyü bişirmişəm. - Barı siz yemişsinizmi? Gözlə, gəlini ac saxlarsan, ha! Həmişə nahara Rüstəm kişini gözləməyə adət etmiş Səkinə üzr istər kimi: - Elə mən də onlara qoşuldum, - dedi, - bir yerdə yedik. Səni çox gözlədik, Qaraş idarəyə zəng elədi, Salman dedi ki, Kürün o tayına gedib, bəlkə axşam qayıtmadı, qoymadım uşaqlar ac qalsın. - Lap yaxşı eləmisən. Mən də o tayda, fermada yemişəm, çobanlar toğlunu canavarın ağzından qurtarmışdılar. Canavarın başını çomaqla azmişdilər. Kafir, toğlunun quyruğunu dibindən üzmüşdü. Verdim çobanlara, yaxşı bir çoban bozartması qayırdılar. Çay hazırla, siz də gəlin görək nə var, nə yox, - deyə Rüstəm kişi birdən Mayaya, Qaraşa və Pərşana müraciət etdi. Onlar otağa keçdilər. Çöl havası Rüstəm kişinin yanaqlarını allaşdırmışdı. Trubkasını dolduraraq şax oturub alışdıranda, ciddi siması və iri ciddi gözləri bir qədər zəhmli görünürdü. Xüsusən Mayaya belə təsir bağışlayırdı. Artıq Maya ona ehtiyatla yaxınlaşırdı, “sevinc və gülüşləri nə qədər xoş olsa da, inanmaq çətindir, gözlənilməyən hərəkətlər edə bilər” deyə düşünürdü. Rüstəm kişi Mayanın ehtiyatlı baxışlarını hiss etsə də, fikir vermirdi, öz zəhmli qürurunu saxlayaraq trubkasını sümürürdü. - Hə, necəsən, gəlin xanım, bizim yerlərdə darıxmırsan ki? - Sağ olun, yaxşıyam, darıxmaq hələ tezdir. - Bəs fikrin nədir, elə evdə oturacaqsan? - Xeyr, fikrim işləməkdir, Gərək ki, Muğanın su mühəndislərinə ehtiyacı var. - Ehtiyacı çoxdur. Ancaq qorxuram, uzaq kolxoza göndərələr. Bizdə də qəribə adamlar var, bir də görürsən, əri dünyanın bu başına göndərdilər, arvadı o biri başına, Sonra da gecə-gündüz qışqırırlar ki, ailə gərək möhkəm olsun. MTS-lə danışaram, öz kolxozumuza təyin edərlər. - Zəhmət çəkməyin, bu barədə nazirliyin göstərişi var, hələ Bakıdan çıxmamış danışmışıq. - Amma bil ha, Muğan ağır yerdir, qışına baxma, qışıyla payızı yaxşı olur, bircə palçıq bir az əziyyət verir, amma yayının istisinə hər adam dözməz. Nə Maya, nə Qaraş bir söz dedi. Pərşana elə gəldi ki, atasının sözlərində nə isə tikanlı bir məna var, bu məna Mayanı məyus edir. - Yaxşı, ay dədə, Mayanı qorxuzma. Yay gələr, yaylaq var, şəhər var, nə çox sərin yerlər. Rüstəm kişi istehza ilə güldü: - İdarə məgər karvansaradır, istəyəndə girib, istəyəndə çıxasan, intizam var, qayda-qanun var. - Mən onu deyirəm ki, niyə bu başdan Maya bacının ürəyini xofla doldurursan, yay gələr, onda bilər, yaxşıdır, ya pis. Ata ilə qızın boş bir şey üstündə tərsləşəcəklərindən qorxan Maya açıq ürəklə etiraf etdi: - İstiyə heç tabım yoxdur. Soyuğu xoşlayıram. Amma kitablarda oxuduğuma görə, yayda Muğanın axşamları sərin olur. Rüstəm kişi maraqlandı. - Muğan haqqında çox kitab yazılıb? - O qədər də çox yazılmayıb. Hər halda heç yoxdur da demək olmaz. Budur, kitablardan biri əlimin altındadır, - deyə Maya gündüz oxuyub qeydlər etdiyi ağ cildli bir kitabı göstərdi. Rüstəm kişi əlini uzadıb kitabı ondan aldı, əvvəlcə cildindəki yazını oxudu, sonra samballı olub-olmadığını yoxlar kimi əlini üstündə gəzdirdi. Xeyli yazıblar ha. – dedi və vərəqlətiv düşündü. Sonra öz-özünə söyləndi. – Elm belə şeydir. – Kitabı Mayaya qaytardı. – Al, bir ora-burasından oxu görüm, nə yazır. Maya kitabı aldı, lakin oturduğu yerdə işıq az olduğundan gözü hərfləri seçmədi. Otağın elektrik lampası ilə yox, adi neft lampası ilə işıqlandığını indicə görür kimi bir təəccüblə Qaraşa baxdı, lakin bir söz deməyib stulunu radionun üstündə divardan asılmış otuzluq lampaya doğru çəkdi, kitabı vərəqləməyə başladı. Rüstəm kişi dönüb onun balaca ağ əllərinə, şümşad barmaqlarına, azca qızarmış dırnaqlarına nəzər saldı: “Yaxşı arvad tapmısan, Qaraş! Elə bil ki, ömründə bir qaşıq da yumayıb. Bizə yaxşı bağ belləyəcək, iş görəcək!” deyə belə bir fikir başından keçdi. Onun etimadsızlıq və şübhə ilə dolu baxışlarını görməyən Maya kitabın harasında isə əl saxladı. - Baxın, görün bizim Muğanı necə tərifləyirlər. Tarixdən 300 il əvvəl Yunanıstanda bir alim yaşamışdır. Onun adı. Rüstəm kişi Mayanın sözünü kəsdi: - Tarixdən 300 il əvvəl deyirsən, onda neçə il elər? Pərşan atasının fəndgirliklə verdiyi sualın altındakı mənanı dərhal anladı. - Ay, dədə, neçə dəfə sənə demişəm, yenə yadında qalmır. 1956-cı il ki, deyirik, tarix budur. Axı, ondan əvvəl də yer üzündə insanlar yaşayıb, iş görüblər, aylar, illər keçib, ona da deyirlər bizim tarixdən əvvəl. Rüstəm kişi Pərşana çəpəki bir nəzər saldı və: - Onu bildim ey, ay əllamə! Mən soruşuram ki, nə qədər elər? – dedi və cavab gözləməyib özü hesabladı, - deməli, 300 ordan, 1956 il də burdan, elər – 2256. – Üzünü Mayaya tutdu. – O, kitab yazan 2256 il bundan qabaq yaşayıb, - yenə pərşana döndü. – Mən bunu soruşuram, Soruşduğumu başa düşməməyin bəs deyil, hələ bir sözümü də dağa-daşa salırsan. Adamın çinədanı bu qədər dar olmaz, bala. Pərşanın açıq ürəkli, sözü üzə deyən bir qız olması Mayanın xoşuna gəlirdi. Az qaldı qucaqlayıb onu öpsün və sən haqlısan deyib qışqırsın. Lakin özünü saxlayaraq üzünə baxıb gülümsəməklə kifayətləndi və davam etdi: - Hə, təqribən 2256 il əvvəl Yunanıstanda Strabon adlı bir tarixçi yaşayıb. Həmin tarixçi bizim Muğandan belə yazıb. - Pah atonnan, deməli o zaman Muğanın adı kitablarda yazılırmış! – deyə Rüstəm kişi yenə Mayanın sözünü kəsdi. - Bəli, hələ ondan da qabaq. Hə, Strabon deyir ki, Muğan yerində torpaq ildə 2-3 dəfə məhsul verir. Onun sözünə görə, Muğanda suvarma işləri Babil və Misir ölkəsindən yaxşıymış. Muğan yamyaşıl olarmış. Çox gözəl otlaqları varmış.Havası da Misir və Babilin havasından yaxşıymış. Burada üzüm tənəklərini ancaq beş ildə bir dəfə kəsərmişlər. Təzə əkilən tənəklər ikinci il məhsul verərmiş. Tənəklər yaşa dolanda onların məhsulunu yığıb qurtarmaq olmazmış. Maya danışdıqca həvəslənir, Muğanın keçmişi haqqında maraqlı şeylər nəql edirdi. Rüstəm kişiyə elə gəlirdi ki, bu vaxta qədər eşitmədiyi bir nağıla qulaq asır. Adi sözlər Mayanın dodaqlarından xüsusi bir gözəlliklə, ruhu oxşayan və ürəyi yumşaldan bir ahənglə çıxırdı. Bu sözlərdən Maya almaz kimi parıldayan qəribə cümlələr düzəldirdi, Rüstəm kişi heç vaxt belə cümlələr düzəldə bilməyəcəyini hiss edərək, daha artıq maraqla ona qulaq asırdı. Qızın tanış sözlərdən düzəltdiyi cümlələr Səkinənin iplərdən vurduğu yaraşıqlı naxışları xatırladırdı. Mayanın danışdığı o qədər şirin, səsi o qədər ahəngdar idi ki, sehrlənməmək mümkün deyildi. Pərşan stulunu daha da ona yaxın çəkərək bir əlini dizinin üstünə, o biri əlini çənəsinə qoyub gözünü ağzına dikərək dinləyirdi. Özünün isə ağzı açıq idi. Heç xəbəri olmadan Rüstəm kişinin trubkasının odu sönmüşdü. Birdən Maya sözünü kəsdi. Xəyalpərvər və səadət dolu gözlərlə gülümsəyən Qaraşa: - Atanın trubkasını yandır, - dedi və kibriti ona tərəf itələdi. Pərşan ucadan güldü: - Dədəmin ki, trubkası söndü, deməli danışıq xoşuna gəlib. Rüstəm kişi yuxudan ayılar kimi dikəldi, qızına cavab verməyib kibriti Qaraşın əlindən aldı və otaqda gəzinməyə başladı. Yenə əvvəlki sərt ifadələr onun üzünü bürüdü. - Dədə, nə fikir edirsən? – deyə Pərşan ona yaxınlaşdı və sualına cavab gözləmədən çiyinlərindən tutub aşağı çəkdi, qulağına pıçıldadı: - Toyu nə vaxt düzəldirik? Rüstəm kişinin üz-gözündə güclə sezilən istehzalı bir təbəssüm oynadı: - Toydan sonra nağara?! – dedi və sözlərinin təsirini yoxlamaq üçün Mayagilə baxdı. Qaraşla nə isə danışan Maya görünür bu sözləri eşitməmişdi, ya da eşitməmək üçün qəsdən Qaraşa tərəf dönmüşdü. - Niyə olmur, dədə?! – deyə Pərşan əl çəkmədikdə Rüstəm kişi ucadan cavab verdi: - Toy qalsın sən ərə gedənə! Pərşan qızardı: - Dədəm də söz danışdı! Pərşanın nazla dediyi bu sözü Maya və Qaraş eşitdi. Hər ikisi ona baxıb: “nə var ki?! deyə soruşmaq istədi. Lakin gənc və hərarət dolu sinələrindən bir-birinə axan şirin, məlahətli və pak duyğuları pozmaqdan qorxdular. Qayibanə baxışlarla Pərşanı və Rüstəm kişini süzüb yenə gözlərini bir-birinin üzünə dikdilər. Rüstəm kişi onların bu baxışlarında saf və odlu bir sevdanın işıqlarını gördü. Doğma oğlunun ürəyini belə munis və mehriban sevgi ilə isitdiyi, onu pxşadığı üçün Mayaya təşəkkür etmək istədi. Nə üçün də belə bir qızı danlayasan? Nə üçün pis və qara fikirlərə düşəsən? Sevib qoşulub gəldiyi üçünmü? Bəlkə də bu hərəkət yüngüllükdən deyil, ürəyin təmizliyindən, istəyin gücündəndir? Bax, Qaraşın üzünə bax, sanki dünyanın səadətini ona bağışlayıblar. Nə vaxt o, indiki qədər xoşbəxt olmuşdur? Heç vaxt! Üzü gülür, gözləri gülür, özü də gözəlləşmışdir, daha yaxşı olmuşdur. Onu bu qədər yaxşı edən, gözlərinə belə işıq gətirən bir qıza tərs baxmaq insafsızlıq deyilmi? Yox, belə bir qızı sevmək, ata kimi bağrına basıb oxşamaq lazımdır! Lakin Rüstəm kişi ürəyindən keçənləri etmədi. Yerində də otura bilməyib, qapıya tərəf yollandı. - Görüm arvad harda qaldı, çay dəm alınca gecə gəlib keçəcək, - dedi və eyvana çıxdı. 2 Rüstəm kişi otaqdan çıxan kimi Pərşan bir uşaq sevinci ilə Mayanın boynunu qucaqlayıb öpdü, maraq dolu gözləri ilə Qaraşı süzüb gülə-gülə Mayanın qulağına pıçıldadı: - Qağamın da gözləri yanır, səninki də! Nədəndir? Maya güldü. Qaraş barmağıyla bacısını hədələdi: - Yenə də pıçıldayırsan, yoxsa könlün şapalaq istəyir? - Qorxma, sənin paxırlarının üstünü açmıram, - deyə Pərşan ona cavab verdi və yenə Mayanın qulağına pıçıldadı: - Gör nə yaxşı qağam var! Kənddə qız yoxdur ki, gizlində onun üçün ürəyi getməsin. - Niyə bəs gizlində? – deyə Maya iftixar duyğusu ilə Qaraşı süzüb soruşdu. Pərşan təəssüf dolu səslə: - Nə bilim, bu da bir adətdir, - dedi. - Yaxşı adət deyil! Adam da sevgini gizli saxlarmı? Qəribədir. Qaraş ancaq Mayanın axırıncı sözünü eşidə bildi və buna əsasən onların danışığı haqqında təqribi bir təsəvvür hasil etdi: - Yeddi yaşından adətidir, qıza rast gəldi pıçıldaşacaq, özü də nədən, məhəbbətdən. - Elə on il bundan qabaq bilmədiyin kimi yenə də bilmədin. Biz səndən danışırıq. - Mənim nəyimdən danışacaqsınız? Yəqin kiminsə qiybətini qırırsınız. Səni yaxşı tanıyıram. Bir qız gördün pıçıldaşıb ürəyini boşaltmasan dayana bilməzsən. - Ay yalançı, niyə elə deyirsən? Havaxt, kimin qiybətini eləmişəm? Ömrümdə dilimə özgə sözü gətirməmişəm. Nənəm deyir ki, qiybət olan evdə məhəbbət olmaz. - Nənəm düz deyir, amma nə faydası, sən pıçıldaşmamış keçinə bilmirsən. - Qağam canı, ömrümdə qiybət eləməmişəm.Amma pıçıldaşmağı sevirəm. - Elə onu da tərgiz. yoxsa. Qaraş sözünün dalını deməyib əlini havada yellətdi. Maya Pərşanın başını sinəsinə sıxdı: - İnanmıram ki, sən belə bacıya əl qaldırasan. Pərşan Mayadan aralanıb dikəldi: - Hünəri var qaldırsın, vallah, götürüb qoyaram ayağımın altına, bu da əvvəlki deyil ha! - Hə, deyəsən acısı hələ də canından getməyib? Maya maraqlandı: - Danış görüm nə təhər oldu, nə üstə səni vurdu? - Heç nə, bu kişi tayfası ki var, görünür elə ürəyinin bir guşəsi anadangəlmə qaranlıqdır, istər uşaq olsun, istər böyük. Mən 5-ci sinifdə oxuyanda bir qızla bir partada oturardıq. O indi də durur. Adı Qızyetərdir. Sağlıq olsa tanış edərəm. Yaman zirəkdir. Qaraş onun sözünü kəsdi: - Yaxşı, Qızyetərin tarixini danışma, sözünü de. - Gör nə tələsir, istəyir uşaqlıqdakı qəhrəmanlığını da biləsən. Yaxşı, indi deyərəm. Ancaq qorxuram ki, eşidəndə sənə olan sevgisi bir-iki qram azalsın. - Sevgini tərəzidə çəkmirlər. Onun ölçüsü başqa şeydir. - Siz yaxşı bilərsiniz. Mən bilmərəm! Hə, Qızyetər bir dəfə bizə gəlmişdi. Dərslərimizi hazırlayıb oturduq bir küncdə. Bu da gah bir dəqiqə kitaba baxır, gah yalandan qələm yonur, gah bayıra çıxıb su gətirir, gah da kağızları yumurlayıb barmağının arasına qoyaraq Qızyetərin burnuna, mənim qulağıma vururdu. Elə uşaqlıqdan dəcəlin biridir. - Sən yaxşısını seçərsən, baxarıq, - deyə Qaraş ucadan güldü. - Hər halda səndən pisi olmaz. Hə, Maya bacı, nənəm bunun dəcəlliyini görüb acıqlandı. Yaxasından tutub oturtdu yerində, dedi, dərslərini hazırla, qızlarla işin olmasın. Biz isə oturub ordan-burdan danışırdıq. Gülürdük, buna da yazığımız gəlirdi. Amma nənəmin qorxusundan yaxın dura bilmirdik. Bu ürəyi qara elə bilir ki, sözünü danışıb gülürük. Birdən yerindən durub ayağını qaldırıb vurasan mənim qıçımdan, qışqırasan üstümə: az pıç-pıç edin, qulağım getdi! Görürsən bu nə insafsız olub. Maya qıyqacı baxışlarla Qaraşı süzüb təsdiq etdi: - Yaman insafsızdır, ay Pərşan. Qaraş özünə məxsus şirin-şirin gülərək, cibindən çıxartdığı qıraqları miləmil ağ dəsmalla gözünü sildi: - Bu da ki, bir şivən qopardı, gəl görəsən! Səsinə nənəm çörəyi təndirdə qoyub qaçdı evə. Elə qışqırdı ki, az qaldı şüşələr tökülə, yazıq arvad qorxub, elə bilib qızın ətin kəsirlər. Elə uşaqlıqdan qara-qışqırıqçının biridir. - Bəs dalını niyə demirsən ki, nənəm oxlovu alıb üstünə gələndə ipini qırmış dana kimi qaçdın kəndə. - Bəs durub kötək yeməyəcəkdim ki?! Qaçmaq da bir hünərdir. - Yaman hünərdir. Düşməninə qismət olsun! Pərşan yenə gülə-gülə Mayanın qulağına nə isə pıçıldadı. O, pıçıldadıqca Mata təsdiq edirdi. Hər ikisi də Qaraşa baxəb gülümsəyirdi. Pərşanın gözlərində ərk və naz, Mayanın gözlərində incə və mehriban duyğular, təlaş dolu xoş bir intizar və çağırış vardı. Bu çağırış qarşısında dayana bilməyən Qaraş titrək səslə Pərşana dedi: - Get, bir gör nənəm nə oldu? Pərşan şeytan-şeytan bir Mayaya, bir də qardaşına baxıb qaşlarını oynadaraq: - Getmirəm, - dedi, - özün get. Qaraş onu dilə tutdu: - Yaxşı bacımsan, yeri. - Yaxşı-zad olmuram. Özün get. Dilini də işə salma. Pərşan onların bir anlığa da olsa tək qalmaq istədiklərini hiss edirdi. Lakin şıltaq bir duyğu onu otaqdan çıxmağa qoymurdu. Gözləri bic-bic işıldayırdı. Amma birdən onlara yazığı gəldi: - Nə verərsən gedim? - Nə istəsən! - Sonra dəbbələmiyəsən ha! Maya bacı, şahid ol, sənin yanında söz verdi. Nə istəsəm verəcək! Pərşan dağ keçisinə məxsus bir hərəkətlə qapıya tərəf sıçradı. Lakin elə astanadaca atası ilə üz-üzə gəldi və geri dönüb Qaraşa dilini çıxartdı: - Baş tutmadı! Rüstəm kişi kimlərə isə “buyurun, buyurun!” deyə içəri girdi. Eyvanda qarışıq səslər eşidildi. Qaraş gələnləri qarşılamaq üçün ayağa durdu, Şərəf Şərəfoğlunu astanada gördükdə narahat oldu, “yəqin nə isə bir iş var, dalımca gəlib”, deyə düşündü. - Nə əcəb belə, yoldaş Şərəfoğlu. Şərəf gülə-gülə və ucadan: - Nə heyrət edirsən? – dedi. – Axı, bu kişi ilə mənim köhnə dostluğum var. Ancaq indi bunun üçün yox, sənin üçün gəlmişəm. Qaraş və Maya “yəqin MTS-də bir şey olmuş, təcili bir iş var”, deyə düşündülər və təəssüf dolu gözlərlə baxışdılar. Şərəfoğlu bunu hiss etdi: - Sənin üçün deyəndə ki, sənin görüşünə gəlmişəm. Elə bilirsən ki, gizlincə evlənməklə yaxanı bizim əlimizdən qurtaracaqsan? Daha heç kəs xəbər tutmayacaq? Rüstəm kişi, bu indiki cavanlar özlərini çoxbilmiş hesab edirlər, daha demirlər ki, köhnə qvardiya qocalsa da, bəzi şeylərdə gənclərə nümunə ola bilər. Uşaqlar, gətirin görək. Son sözləri deyirkən Şərəf geri döndü, uzunboylu, qələmə ağaclar kimi şax və nazik bədənli Şirzadı, potuq Nəcəfi, dolğun, qarayanız Qızyetəri içəri çağırdı. 3 Qaraş, Şirzad və Nəcəf uşaqlıqdan bir yerdə böyümüş, beş il əvvəl bir yerdə onillik kənd məktəbini bitirmişdilər. Şirzad 14 yaşından şeir, musiqi həvəskarı idi, haradansa bir saz da tapmışdı. Aşıq Ələsgərin sözlərini əzbərdən bilirdi. Yeri gələndə özündən də quraşdırıb oxuyardı. Buna görə də çox zaman ona “Aşıq Şirzad” deyərdilər. Anasının dediyinə görə, musiqi və şeir həvəsi ona rəhmətlik atası Qasım Kəngərlidən keçmişdir. Bayatı çağırmaqda Qasımın qabağında bir cavan dura bilməzmiş. Lakin ömrünün axırında kişinin taleyi üzünə gülmədi. 1937-ci ildə “xalq düşməni” kimi tutularaq məhv oldu. O zaman Şirzadın beş yaşı vardı, bütün ailəni sıxıb əzən bu ağır dərd uşağın da mənəviyyatına təsirsiz qalmadı. Gözlərindəki xəfif kədər o zamanın yadigarıdır. Yalnız üç il əvvəl atasının bəraət kağızını aldıqda sevinib üzü açıldı. Şirzadın şeir və musiqi həvəsini görən müəllimləri də, yoldaşları da elə güman edərdilər ki, onilliyi qurtarıb, ədəbiyyatın dalınca gedəcək. Şirzad özü də bu həvəsdə idi. Lakin onuncu sinifdə oxuyanda ailənin dirəyi olan böyük qardaşı mədə xərçəngindən vəfat etdi. Qoca anası və körpə bacısı onun üstünə düşdü. Şirzad kolxoz işinə getdi, yavaş-yavaş irəlilədi. İndi briqadir işləyir. Nəcəf isə hələ məktəbdə oxuyandan maşın həvəskarı idi. Qaraşla oturub-durar, maşın sürməkdən danışardı. Onillikdən sonra bir müddət kolxozda işlədi, iki il əvvəl xüsusi traktorçuluq kurslarına girib uğurla bitirdi. O vaxtdan traktorun dəstəyindən tutub kolxoz tarlalarını şumlayır. Qızyetər və Pərşan isə ikicə il əvvəl kamal attestatı almışılar. Qızyetər Pərşandan bir yaş böyükdür, bir il beşinci sinifdə qaldığından Pərşan gəlib ona çatmışdı. Lakin işdə o, Pərşandan çox irəlidir. Yeddinci sinifdən başlayaraq hər il 150-200 əməkgünü alır. İndi yaxşı manqabaşçılarından biridir. Başqa bir şeydə də o, Pərşanı keçib: o, ərə gedib, Pərşanın isə hələ rəsmi deyiklisi də yoxdur. Bu fərqlərə baxmayaraq dostluqları pozulmazdır. Qızyetər ani olaraq otaqdakılara nəzər salıb Mayaya yaxınlaşdı. Bir dəstə nərgiz gülünü ona verdi: - Hamımızın adından təbrik edirəm. Xoşbəxt olasınız! Pərşan aralığa girdi: - İndicə dediyim Qızyetərdir. Adını çək, qulağını bur, demişlər. Qızyetər Pərşanı öpdü: - Gözünüz aydın, ay qız! Gün o gün olsun sənin başına gəlsin. - Hamı sənin kimi dotələb olmaz, - deyib Pərşan da onu öpdü. Maya, tünd ətri otağı bürümüş ağ nərgiz dəstəsini alıb birdən-birə yüz qat artmış sevinclə təşəkkür etdi, Qızyetərin əlini sıxdı. - İlin bu fəslində belə gül! Nəcəf özünü irəli verdi. - Hələ bu nədir, Qızyetər sizə güllər verəcək ki, iyi bir kilometrdən adamı vursun! – dedi və qəribə sərbəst bir hərəkətlə əlini Mayaya uzatdı, - tanış olaq, Nəcəf komsomol! Maya ilə görüşdükdən sonra, yenə Qızyetəri göstərdi: - Öz əliylə əkib, öz qapısında yetirib ey! Qızyetər Nəcəfin qolundan tutub yana çəkdi: - Məni sonra təriflərsən. Keç zənbili boşalt, görək. - Bir əl saxlayın, - deyə Şərəf sözə qarışdı və hələ də sevinc içərisində çaş qalmış Mayaya yaxınlaşdı: - İcazə verin qocalar da əlinizi sıxsın, ürəkdən sizi təbrik edirik, - dedi və Nəcəfgilə döndü: - Hə, uşaqlar, indi başlayın. Tökün stolun üstünə görək nəyiniz var. Şərəfoğlu, kənarda durub trubkasını qurdalayaraq şübhəli nəzərlərlə gəncləri süzən Rüstəm kişiyə və onun yanında əllərini, çiyninə salmış yekə enli şalın altında çarpazlamış Səkinəyə yaxınlaşdı: - Hə, arzu edirəm tezliklə nənə-baba olasınız! – dedi və hal-əhval tutdu. Nəcəflə Qızyetər zənbildən iki bükülü konfet, bir qitu peçenye və bir qutu şokolad çıxarıb stolun üstünə qoydular. Yalnız Şirzad yerindən tərpənməyib kənarda durmuşdu. - Ay yoldaş, özünü niyə elə qurutmusan? Gəl əlini işə qat, - deyə Nəcəf ona sataşdı. Xəyalı uzaqlarda olan Şirzad onun səsini eşitdi, lakin sözlərini anlamadı: - Nə dedin? - Ə. ə, nə deyəcəm?! Onu deyirəm ki, bu stolu düzəltmək lazımdır, ey! Yoxsa yenə şeir aləmindəsən?! Şirzad nə yerindən tərpəndi, nə də bir cavab verdi. Nəcəfin zarafatı ona şit və yersiz gəldi. “Eh, adamdır da, həvəsi gələndə min söz danışır”, deyib düşündü və gah Mayaya qısılıb nə isə pıçıldayaraq gülən, gah Qaraşı dümsükləyən, gah Qızyetərə bir söz deyib güldürən və hamını görsə də, hamıya yaxınlaşsa da, yalnız Şirzada məhəl qoymayan Pərşana baxdı. Nəcəf bu baxışlardakı sevgini də, həsrəti də, şübhə və ümidi də gördü, dostunun hansı xəyallara daldığını anladı. - Yanıram sənin halına, ay Şirzad, - dedi və Pərşana döndü, - hə, siz də burdasınız, yoldaş? Mən elə bilirdim, kinoda olarsınız, axı bu gecə kəndə kino gəlib. Xəbərin yoxdur? Uşaqlıqdan kino dəlisi olan və hələ bir tamaşa buraxmayan Pərşan Nəcəfin istehzasını rədd etmək məqsədilə: - Zəhmət çəkmə, xəbərim var, özüm getməmişəm, - dedi və Mayanın gəlməsi münasibətilə bütün günü evdən çıxmadığını, kino məsələsindən xəbərsiz olduğunu gizlətsə də, hər halda marağını yatıra bilmədi: - Nə gedir? - Romeo və Cülyetta! – deyə Nəcəf mənalı-mənalı Şirzada baxdı, halbuki başqa film göstərildiyini bilirdi. – Ay qız, ay Pərşan, nə sirdir ki, içəri girəndə səni görmədim? - Qızyetər sənin gözünü elə bağlamayıb ki, bir də qız görəsən. - Vallah, düz deyirsən! Hamı işığa gedir, Qızyetər məni qaranlığa çəkir, hamının gözü açılır, bu kafir mənim gözümü bağlayır. Elə deyil, Şirzad? - Yox, elə deyil. Sənin gözünə işıq verən Qızyetər oldu ki. - Bu qaradinməzin içərisi sözünən doluymuş ki, - deyə Pərşan çəpəki Şirzadı süzdü. - Hələ harasıdır, qoy bir meydan tapsın, gör nə əl-qol açacaq, sənə sözlər deyəcək ki, heç Aşıq Ələsgərin ağlına gəlməyib. - Pərşan kömək eləsə Aşıq Ələsgəri də keçər, - deyə Qızyetər güldü. - Niyə sən buna kömək eləmədin, bir kitab yaza? Dil-dil üstə qoymur. - Başlamışam, yazıram, ikicə aya oxuyarsınız - Qızyetərnamə! Hamısı ucadan güldü, hətta Şirzad da gülümsədi. Qızyetər Nəcəfin qolundan dartdı: - Az danış, Maya bacı da elə bilər ki, doğrudan da əlindən bir iş gəlir! – Mayaya döndü: - Elə dili var, danışığa gələndə üzünü görmə, amma elə ki, əlinə qələm alıb bir vərəq kağız götürdü, nitqi tutulur, bir kəlmə də tapıb yaza bilmir. - Niyə elə deyirsən, ay kafir? Elə sənə məhəbbətimi birinci izhar edən şanlı məktub olmadımı? Oxuyan günün səhəri qaçdın üstümə. - Yalançının dilinə çiban çıxsın, bu Şirzadı iki ik qasid salan kim idi? Axırda gördüm quruyub çöpə dönəcəksən, yazığım gəldi. Nəcəf əlini qoynuna saldı: - İndi ki, belə oldu, oxuyun bu şanlı məktubunu. Görün mənə nələr yazırdı, - dedi və bükülüb əzik-əzik olmuş bir kağızı cib dəftərinin içindən çıxarıb Pərşana uzatdı. Lakin Qızyetər Pərşanı qabaqlayıb kağızı aldı və bir də Nəcəfin qolundan itələdi: - Demirəm az danış! Əlin işdə olsun. - Acığın niyə tutur, deyirsən işlə - işləyim, yat – yatım, dur – durum, daha acığın niyə tutur? – deyə Nəcəf məzəli bir mütilik göstərdi, - Ay qız, Pərşan, ayıbdır ey, qonağa hörmət edərlər, gəl stolu düzəlt, bəy qızı kimi özünü çəkmə. - Qızyetər olan yerdə mənsiz də keçinərsən. - Niyə, iş görmək elə yetimlərə qalıb?! Qızyetər, Nəcəf, Qızyetər, Nəcəf! Gəl qolunu çırma,əlini qat işə görüm. Öyrən ey, bu il çöldə görüm necə davam gətirəcəksən, iş çətinləşir, ay xanım! - Mənim dərdimi çəkmə, mən çulumu sudan çıxardaram. - Atmacanı kimə atırsan, Şirzad yoldaşa, hə? Qorxma, hələ onun çulunu suda görən olmatıb. Ee. İrəli gəlsənə, gör səni necə tətifləyirəm. Şam ağacı kimi quruma, görək. Gəl otur, boğazını arıtla, Maya bacının, Qaraş yoldaşın sağlığına bir şikəstə de, ləzzət versin bizə. Nəcəf zənbilin dibindən çıxardığı “Mədrəsə” şərabını döşünə qısıb “Koroğlu”dakı təlxək kimi məzəli-məzəli oxudu: - Aşıq bir şikəstəəə. Bu səs və bu mahnı qocaların da nəzərini cəlb etdi, Şərəfoğlu Rüstəm kişidən və Səkinədən ayrılıb bu tərəfə gəldi: - Ay komsomol, özfəaliyyəti nə yaman canlandırırsan, - dedi, - hazırsınızmı? - Bəlkə əvvəlcə bir stəkan çay içələr, - deyə Səkinə Rüstəm kişiyə müraciət etdi. Stolun üstündəki şeylərə və zənbildən çıxan şərab şüşələrinə mat-mat baxıb fikrə gedən və üzü dumanlanmağa başlayan Rüstəm kişi bir cavab verməyib çiyinlərini qısdı. Şərəfoğlu: - Əlbəttə, - dedi, - əvvəlcə çay gözəl adətdir. Səkinə Pərşana stolun üstündəki şeyləri kənara yığmağı, süfrəni salıb çay dəstgahını gətirməyi tapşırdı, özü samovarın dalınca getdi. Pərşan əlinə keçən işlənmiş süfrəni stolun üstünə salanda Rüstəm kişi acıqlandı: - Stol üstünə salmağa şey qəhət olub?! Rüstəm kişi Pərşanın heyrət dolu baxışlarını hiss etdi və acıqlı səsinin buraxdığı təsiri yumşaltmaq üçün məcburi bir zarafatla: - Ay qızım, - dedi, - bu Nəcəf komsomol görməyib, sənə nə olub, belə şərəfli bir yığıncaqda, belə əziz bir gündə qonaq qabağına köhnə süfrə açarlar? - Düz deyirsən, vallah, Rüstəm dayı, evdə bişməyib, qonşudan da gəlməyib, gözümü açmışam, yetimlik görmüşəm. Daha bəzi adamlar kimi yağlı süfrə başında, ipək yorğan-döşək içində böyüməmişəm. - Ay Nəcəf komsomol, qanacaq varlı-kasıblığnan olmur ha, südnən ana döşündən əmmirlər! Bu bir qabiliyyətdir, hər kəsin özündə. Nə almaq olur, nə satmaq. O ki, qaldı yetimlik məsələsinə, ay bala, sən heç danışmasan yaxşıdır. Sənin yetimliyin sovet dövrünə düşüb, ona yetimçilik deməzlər. Bu boyda hökumət sənə atalıq eləyib. Hünər odur ki, mən dözən yetimçiliyə dözəydin, yerindən duran qapazı başına çaxıb bir tikə çörəyini də əlindən alırdı. Mən deyəndə ki, Nəcəf komsomol görməyib, sözümün mənası var. Arif olan mənadan yapışar. - Biz mənanı zahirdə axtarmırıq, ay Rüstəm dayı. Məna gərək içəridən gəlsin. Süfrənin təzə olub-olmaması şərt deyil, şərt odur ki, süfrə sahibilə oturmaq ürəyə yatsın. Biz bu qapını açanda süfrəyə görə yox, adamına görə açmışıq. Pıqqapıqla qaynamaqda olan samovarın qulpundan tutub içəri girən Səkinə Nəcəfin son sözlərini eşirdi: - Sağ ol, ay oğul! Öz evindir, yaxşı eləyib gəlmisən, - dedi və samovarı kənardakı balaca stolun üstünə qoydu. Pərşan sandıqdan çıxardığı göy haşiyəli böyük sarı süfrəni gətirib stolun üstünə saldı. Qızyetər və Maya da stəkan-nəlbəki, qənd və mürəbbə gətirməkdə ona kömək etdilər. Səkinə stəkanlara qənd salıb ətirli çay süzdü, bir-bir qonaqların qabağına qoydu. - Bəh, bəh! Çayın ətrinə bax, rənginə bax! – deyə Nəcəf stəkanı götürüb işığa tutdu və həvəslə baxıb davam etdi. – Necə gəlməyə bilərdik, ay Səkinə xala? Qaraş kimi yoldaşımız evlənsin, evinə Maya bacı kimi bir qız gətirsin, biz də oturaq baxaq? Heç bu kişilik olar, yoldaşlıq olar? Şərəf yoldaş xəbər verən kimi durduq ayağa. Rüstəm kişi yenə tüstülətməkdə olduğu trubkasını ağzından çəkdi: - Deyirəm axı, bu qanacaq sizdə olmaz. Deməli, mayası Şərəfdəndir? Rüstəm kişi ilə Nəcəfin yüngül atışmalarına artıq hamı adət etsə də, hər dəfə ucadan gülürdülər. Bu dəfə də gülüş soyuyan kimi Nəcəf özünü itirmədi: - Düz deyirsən, ay Rüstəm dayı, - dedi, - qanacaq cəhətdən bir az deyəsən hamımız axsayırıq. Belə olmasaydı, gəlin sahibi bir saat qabaq deyərdi ki, ay qohum, ay qonşu, belə xeyir iş var, buyurun. Nəcəfin bu sözünə bir özü, bir də məsələdən xəbərdar olmayan Şirzadla Qızyetər güldü. Səkinə də pərtlik olmasın deyə səsini onlara qatdı. Lakin Rüstəm kişi ancaq trubkasını üç dəfə dalbadal sümürməklə kifayətlənib, qaşını azca çatdı. Maya və Qaraş isə heç şey eşitmədilər. Onlar sevinc və səadət içində xumarlanaraqöz arzu və xəyallarına dalmışdılar. Qaraşın ürəyində stolun başında toplanan bu adamlara nəhayətsiz bir məhəbbət qaynayırdı. Onlar öz gəlişləri ilə həyatın bu əziz dəqiqələrini nə qədər mənalı etmişdilər: qoy Maya görsün ki, adı bir traktorçuya getməkdə səhv etməmişdir. Bu traktorçunun yaxşı gündə çörəyini böləcək, qapısını açıb sevincini artıracaq dostları var! Bu dostlar pis gündə də ona yaxşı dayaq olduqlarını göstərəcək, dərdlərinə şərik çıxacaqlar. 4 Maya da ilk dəfə gördüyü bu adamları ürəkdən xoşlayır, onlara qarşı bir minnətdarlıq duyurdu. Sanki onlar Mayanın əlindən tutub bilmədiyi, tanımadığı Muğan çöllərində gəzdirir, bu qədər şirin bir ehtirasla qədəm basdığı yeni həyat yollarında cəsarətlə yeriməsinə kömək edirdilər. Nəinki bir ay əvvəl, hətta dünən axşam suqovuşana baxdığı zaman ömrünün yeni günləri, həyatının yeni yolları ona nə qədər bilinməz, sirli və hətta dumanlı görünərək ürəyində gizli qorxular oyadırdı. İndi isə bu adamlar öz açıq ürəkləri, sədaqət və sevincləri, zarafat və gülüşləri ilə bu bilinməz yolları işıqlandırmışdılar. Maya da, Qaraş da stol başına toplanan adamların ürəyində pis bir şey olacağını təsəvvürə gətirməkdən uzaq idilər. Bu adamların yoldaşlıqda düzlüyünə, yaxşı adamlar, həqiqi insanlar olduğuna şübhələri yox idi. Onlar qonaqların yerli-yersiz hər sözündə, hər zarafatında bir sevinc tapırdılar. Odur ki, Qaraş Nəcəfin bilmədən və qərəzsiz olaraq dediyi sözlərin atasının ürəyində pis izlər buraxmaması üçün: - O adamı xəbərdar edərlər ki, yad ola, özgə ola, sənin ki öz evindir, - dedi. Pərşan isə əlavə etdi: - Bir də ki, sənə nə var. Çağırılmamış qapı açmağı ar bilənlərdən deyilsən ki. Bu dəfə gurultulu bir qəhqəhə otağı bürüdü. Qızyetər şəkəri gülüşlə qaqqıldayqaqqıldaya Nəcəfə baxdı. - Hə, adamın sözünü belə kəsərlər ha. - Mən təslim, mən təslim! – deyib Nəcəf hər iki əlini qaldırdı. Şərəfoğlu qollarını Pərşana tərəf açaraq əlini bir-birinə vurdu: - Sözü deyəndə də bax beləcə açıq deyəsən. Yoxsa bu Nəcəf yoldaş kimi, pərdələyir, kağıza bükür, yarpağa səriyir, bilmirsən içində nə var. - Hər halda pis şeyi sərimərəm, yoldaş Şərəf! Kürdün nəyi olsa, oğurluğu olmaz. Elədirmi, ay Rüstəm dayı? Niyə danışmırsan, yenə xod vermisən trubkaya?! Rüstəm kişi: Nə danışım, hər şeydə qoçaqsan, maşallah, - dedi və gülümsəməyə çalışdı. Lakin birdən Şərəfin göstərdiyi imzasız kağız gəlib gözünün qabağında durdu. “Bu yazmış olmaya?” deyib düşündü. Ani olaraq başına gələn bu fikirdən özü də sarsıldı. Hətta yerində otura bilməyib tütün götürmək bəhanəsi ilə ayağa durdu və stoldan uzaqlaşıb bir də Nəcəfə baxdı, öz-özünə “lənət sənə kor şeytan, ola bilməz!” deyib yerinə qayıtdı. Lakin nə qədər çalışdısa artıq imzasız kağız haqqında fikirlər başından çıxmadı. Rüstəm kişi duz-çörəyi əziz tutan adam idi. Adamla çörək kəsib üzünə gülən, dalda isə ayağının altını qazan şəxslərə nifrəti böyük idi. Onun əqidəsincə, oğrunu, yalançını, adam öldürəni düzəltmək olar, çörək itirəni olmazdı! Nəcəfin bu qəbil adamlardan olduğuna inanmaq istəmirdi. Şübhə isə başından çıxmırdı. Onun susduğunu görən Nəcəf, zarafatda dərəcəni aşdığını güman edərək ciddiləşdi. Pərşan Qızyetərlə baş-başa verib nə isə pıçıldaşdı, Qaraş barmağı ilə onları hədələyib güldü. Maya da Pərşanın gözlərinə baxıb gülümsədi. Birdən ona elə gəldi ki, Pərşanın gözləri ətrafa ilıq bir məhəbbət və sevgi yayır. Doğrudan da yaxşı qızdır! Belə bir baldıza rast gəldiyim üçün nə qədər xoşbəxtəm! Qayınanam da yaxşı arvaddır. Az danışır, danışanda gülümsəyir, çox ürəyi yumşaq və mərhəmətli qadındır. Mən həmişə deyingən, acıqlı qayınanaya rast gəlməkdən qorxardım. Bu elələrinə oxaşamır, özü də çox diqqətli və səliqəlidir. Hər şeyə göz yetirir, hər şeyi görür. İşinə, səliqəsinə də söz yoxdur. Amma hey ayaq üstədir, daima əli işdədir. Belə adamlar pislik bacarmazlar. Az danışmaqda Qaraş ona çəkib, amma boy-buxunda atasıdır durub; hə, atası qəribə adama oxşayır. Nə yaxşı deyə bilirəm, nə pis. Özünü yaxşı saxlayır. Danışığı, mühakimələri möhkəmdir. Bu günün adamı olduğunu gözə soxmaq istəyir. Amma özü də bilmədən bəzən elə sözlər deyir ki, köhnə adamları xatırladır. Bir az da deyəsən xudbindir. Hərəkətlərində hakimiyyətə alışan adamların ədası var. Elə bil ki, hamıya yuxarıdan aşağı baxır. Yaxşıdır ki, Qaraş anasına çəkib, kobud deyil. Danışmağı bacarmasa da, yaxşı ürəyi var, həssasdır. Məni də yaman sevir! Həmişə arzu edərdim ki, məni dəli kimi sevən bir adama rast gəlim. Qaraş elə belədir, məhəbbəti dağdan aşağı axan çay kimidir. Bu mənim xoşuma gəlir: mühakiməsiz, dəlicəsinə məhəbbət! Mən istərdim ki, sevgilim həssas təbiətli olsun. Fikrimi gözümdən oxusun. Arzularımı hiss edib, deyilməmiş yerinə yetirsin və bundan ləzzət alsın, Qaraş belədir. Mənim Qaraşım. 5 Çay içib qurtarmamış Səkinə Rüstəm kişini o biri otağa çəkdi: - Ay kişi, yeməyə nə hazırlayım, toğlunu kəsəcəksən, yoxsa toyuq-cücə çığırtması düzəldim? – deyə məsləhətləşdi. - Heç şey lazım deyil, yağdan, pendirdən qoy ortalığa, bir az da yumurta bişir, vəssalam. - Ay kişi, nə danışırsan, ayıb deyil?! Şərəfoğlu olmasaydı, Rüstəm kişi dediyi kimi də edərdi, nə geniş süfrə açılmasına, nə də qırmızı şərab şüşələrinin ortalığa gəlməsinə yol verərdi. Nəcəf, Şirzad, Qızyetər kimi qonaqları bir stəkan çayla yola salardı. Lakin Şərəfoğlunun üzündən keçə bilmirdi, kişi hörmətə layiq adam idi. - Ay kişi, gözümə bir təhər dəyirsən, - deyə Səkinə onun fikrini pozdu və qəti bir qərara gəlməyə qoymadı. - Nə təhər dəyirəm, şeytan şəklində? - Başa düşmürəm, yenə niyə bulanmısan?! Axşamdan yaxşı idin, indi birdən dəyişdin. – Səkinənin səsi titrədi. – Səndən xahiş edirəm, Rüstəm, uşağın xeyir günündə belə eləmə, o qız da yazıqdır, istəyib gəlib, qoy üzü gülsün. - Yaxşı, yaxşı! – deyə Rüstəm kişi zorla ələ aldı. – Gedirəm toğlunu kəsəm, kabab bişirərsən, Qaraşı çağır qoy xoruz-beçədən də üç-dördünü kəssin, çığırtma düzəlt. Belə məclis bir şeynən keçməyəcək, atalar deyib: “Adını qoydun dəyirmançı, çağır gəlsin, dən Koroğlu”. Kişinin birdən-birə belə səxavətə gəlməsindən sevinən Səkinə: - Elə yaxşıdır, xeyir günümüzdə qapımızı açıb içəri giriblər, qoy şad qayıtsınlar, - dedi. Qaraşı çağırmaq üçün o biri otağa eçmək istədikdə Rüstəm kişi onu saxladı: - Mən toğlunu kəsib soyunca, sən də ocağı qala. Bizim üçün o otaqda, sizin üçün də bu otaqda süfrə aç. Səkinə heyrətlə geri döndü: - Başa düşmürəm, nə deyirsən? Rüstəm kişi yenə əsəbi cavab verdi: - Nəyi başa düşmürsən? Kişilərə bir otaqda, arvadlara o birində. İndi başa düşdün? Səkinə etiraz etmək istədi, lakin onu daha da acıqlandırmaqdan qorxaraq, heç bir söz deməyib o biri otağa keçdi. Səkinə belə düşünürdü ki, bir az sonra Rüstəm kişi özü bu fikrindən əl çəkəcəkdir, çünki belə bir ayrılığın ümumiyyətlə axmaq bir hərəkət olması bir kənara qalsın, hazırda bunun üçün səbəb də yox idi. Axı, kimdən ayrılasan?! Bu ona bənzər ki, Qaraşa deyəsən bacısı Pərşanla bir süfrə başında oturma. Çünki sən oğlansan, o qız, Rüstəm kişi belə şeyə yol verməz. Rüstəm kişi isə tamamilə başqa ruhi vəziyyətdə, başqa fikirdə idi. O, Nəcəf və Şirzadı görən dəqiqədən ürəyinin göynədiyini hiss edirdi: “Belə də şey olar, bir yandan üzümə gülürlər, o biri yandan ayağımın altını qazıyırlar?! Belələrinə namus etibar etmək olmaz. Qızıma, gəlinimə pis gözlə baxan olsa, gərək adam üzünə çıxmayam!” Doğrudan da tay-tuş içində, kəndin hörmətli qocaları və ağsaqqalları içində o namuslu, abırlı və möhkəm ailə başçısı kimi tanınmışdı, yüngül hərəkət edərsə həm abrını itirəcəyinə, həm də kolxoz sədri olaraq hörmətdən düşəcəyinə inanırdı, kəndin bütün saçlı-saqqallı kişiləri, ağbirçək ədəb-ərkan sahibləri gözündə canlanır, qulağına “plam, olmaz!” deyib pıçıldayırdılar. Buna görə də məsələ Səkinənin düşündüyü kimi həll olunmadı. Kabab və çığırtma hazır olana yaxın Rüstəm kişi yuxarı qalxdı və üç stolun baş-başa qoyularaq iki böyük ağ süfrə ilə örtüldüyünü, süfrənin üstünə cərgə ilə neçə dəst qab-qacaq düzüldüyünü gördükdə qanı qaralmış halda Səkinəni o biri otağa çəkdi. - Deməli bu ağbirçək vaxtında saqqalıma soğan doğramaq qalmışdı, hə? - Nə olub, ay kişi? - Demədim siz bir otağa, biz bir otağa? - Ay kişi, ayıbdır, axı, mən necə Qızyetərə deyim ki, ərinlə oturma, gəl bu yana? - Qızyetərlə mənim işim yoxdur, harda, kiminlə oturur, o bilər, əri bilər. Mən səni deyirəm, qızımı, gəlinimi deyirəm. - Neylək, məni deyirsən, mən heç adam üzünə də çıxmaram. İstəsən sabahdan bir yaşmaq da tutaram. Qızın, gəlininlə özün danış. - Yaxşı, danışaram! – deyib Rüstəm kişi Pərşanı və Qaraşı çağırdı: - Ay bala, ikicə dəqiqəliyə bura gəlin. Səkinə əlacsız halda sandığın üstə oturub əllərini qoynunda çarpazladı. Qaraş yavaş-yavaş, Pərşan qaçaraq içəri girdi. Qız atasının boynuna sarındı: - Sağ ol, ay dədə! Nə yaxşı toğlunu kəsdin, bu hörmətlə ki, bunlar gəlib, lap dəvə də kəssən azdır. Rüstəm kişi onun qolunu boynundan açdı: - Qaraş, o stolların birini bu tərəfə çıxarın, ikisi qalsın orda, arvadlar burda oturar, kişilər orda, qoy yer genişlik olsun. Qaraş atasının fikrini dərhal anlayıb, başına qaynar su tökülmüş kimi oldu. Pərşan isə məsələnin mahiyyətini başa düşmədiyindən ucadan dedi: - Ay dədə, o biri otağa 50 adam yerləşər, biz cəmisi doqquz adamıq. Hələ nənəm beş adamlıq qab-qacaq artıq düzüb ki, birdən gələn oldu. Yox, yox, hamımız bir yerdə oturacağıq! Rüstəm kişi məsələni dava-dalaşsız həll etməyə çalışdı: - Qızım, sən bir dayan, görək Qaraş nə deyir. Qaraş məni başa düşür. Arvadın arvad yeri var, kişinin kişi. Arvad ki, qoşuldu kişiyə, çaxırı doldurub stəkan-stəkana vurdu, o arvaddan arvad olmaz. Pərşan yalnız indi atasının məqsədini başa düşdü, mat-mat bir anasına, bir Qaraşa baxıb çığırmaq, səs salıb hamını bura yığmaq istədi. Lakin boğazı tutuldu, səsi çıxmadı. Atasının dönməz və acıqlı baxışları altında qanadları qırılmış kimi keçib anasının yanında oturdu, üçü də gözünü rəngdən-rəngə düşən Qaraşa dikmişdi. Qaraşın üzü əvvəlcə qaraldı, bu zaman atasına: - Mən öz bildiyim kimi yaşayacağam! – demək istədi. Sonra üzündə ağ zolaqlar qızardı. – Əl çək bu cəhalətdən, ata! Axı, sən kolxoz sədrisən! hansı zamanda yaşayırsan?! – Ən axırda qara, ağ və qırmızı cizgilər keçdi və simasında qəti, aydın qərarın dəyişməz təmkinli ifadələri sabit oldu: - Dədə, buradakılar hamısı sənin balalarındır. - Sözüm yox, oğul, ancaq bizdə də adət belədir, gözüm öyrənib, həmişə görmüşəm ki, toyda, yasda arvad bir tərəfə yığılar, kişi bir tərəfə. - Dədə, axı, elə adətlər var ki, buxov kimi keçib ayağımıza, olmaz ki, arvadlarımızın da, özümüzün də ayağımızdan bu buxovu açaq? Bir də ki, özün fikirləş, camaat bizə nə deyər? - Camaat bizə heç bir şey deyə bilməz, oğul. De görüm bu kənddə hansı evə, hansı nahara getdin, arvadı yad kişi lə yan-yana oturan gördün? Bütün rayon belədir. Məndən də yekə vəzifə sahiblərinin, hətta kommunistlərin də evinə getmişəm, çörəyini yemişəm, amma bir-iki Telli kimisindən başqa arvad üzü görməmişəm. Uzağa niyə gedirsən. elə bircə həftə əvvəl ispalkom tutdu qolumdan apardı evinə, məndən başqa üç sədr də vardı, raykomun ikinci katibi də oturmuşdu yuxarı başda, bir məktəb direktoru, bir aqronom, bir həkim də gördüm. Dörd saat oturduq, samovar boşaldı, dolma gəldi, dolma getdi, kabab gəldi, plov gəldi, meyvə gəldi. Axırda yenə çay verdilər. Deynən gözə bir arvad tayfası dəydi. Ey tövbə! Deyərsən bəlkə ispalkom subaydır, yox, arvadı oxumuş müəllimə, bacıları nə bilim həkimxanada işləyir, biri də gözə dəymədi. Ancaq həyətdən çıxanda gözucu gördüm ki, hamısı evin dalında mətbəxin yanında, qaynaşır. Mən geri qalmışam, ispalkoma nə deyirsən? Adətdir, oğul, hər xalqın bir adəti var. Bizdə görünməyib ki, arvad kişiyə qarışıb laqqırtı vura. - Çox pis adətdir, dədə! Həm də özgə arvadına düz baxmamaq, öz arvadına inanmamaq bəylərin adətidir. Axı, dünyada sənə mənim bu nənəmdən yaxın kim var? Mən sənin oğlunam. Yolunda ölümə də gedərəm, amma mən bilirəm ki, yüz il də əlləşsəm, bu nənəm qədər sənə qulluq edə bilmərəm. Onun ürəyində elə bir tel yoxdur ki, sənsiz yaşasın, səndən ayrı döyünsün. - Əvvəla, kişi adına görə arvad saxlar. İkinci də, bəyənmədiyin adətlər nənəni yetirib. Sən mənə qulaq as, arvadın gəlin vaxtından cilovunu yığ. - Düz qadın gəlin vaxtında da yüz kişinin arasında otursa, üzünə toz qonmaz, sənə olan sədaqəti bir zərrə də azalmaz, tərsinə, başqalarını görər, gözü açılar, yaxşı və pis sözləri eşidər, bacarıqlı olar. Pis adət isə arvadın qanadlarını qırır, indi də bu adətə görə elə daxmalar var ki, altında minlərlə arvadların iradələri boğulur. - Danış, danış! Belə ki, sən deyirsən, gərək məni aparıb oturdalar məhkəmənin qabağında, deyələr qadın azadlığının düşmənisən. - Məsələ səndə deyil, dədə, pis adətdədir. Bayaq dedin ki, ispalkomun evində olmusan. Məclisdə arvad görməmisən. İndi qoy mən də sənə altıca ay əvvəl Qazax rayonunun Şıxlı kəndində gördüyümü deyim. Yadındadır, müşavirəyə getmişdim. Kolxoz sədri evində bizə qonaqlıq verdi. Allaha and olsun, yanağı lalə gəlinlər, qızlar stolun başında özünü kişidən yaxşı aparırdı, deyib-gülür, çalıb-oynayırdı. Bu da bir adətdir, dədə. Hansı yaxşıdır – o, ya bu? Əlbəttə, bu! - Mənim nəzərimdə öz adətim yaxşıdır. - Yox, o adət arvadı gözəgörünməz bir çadra altında çürüdür. Bu çadraları dağıtmaq lazımdır, dədə. Bizim üçün ayıbdır ki, evimizə qonaq gələ, arvadlarımızı süfrəmizin başında görməyə. Yoldaşımız kimi deyən-gülən yox, qul kimi ocaqların, mətbəxlərin dalında tər tökən görə. Ayıbdır, dədə! Nə qədər ki, biz arvadlara belə baxırıq, hələ çox utanıb qızarmalı olacağıq. Əlbəttə, Qaraşın dəlilləri Rüstəm kişini fikrindən döndərmədi, onu ancaq heyrət və təəccübə saldı. Lal-dinməz, üzüyola Qaraş onu qabağına qoyub gör necə söz axınında çalxaladı. “Maya kimi gəlin belə kişidə ikicə il düz dolansa, əlimin dalını yerə qoyaram ki, mən dünyada heç şey bilmirəm” deyib düşündü. Əmr etmək, “səsini kəs, get arvadları bu biri otağa ötür” demək istədi. Razı olmasa cəncəl salıb məclisi pozmaq da fikrindən keçdi. Lakin Şərəfoğlunu xatırladıqda susdu, onun yanında belə hərəkət etməkdən qorxdu. Bütün rayonda abrını aparıb, lap bakı qəzetlərində də yazdırardı. “Adamlarda nə qiryət, nə də etibar qalmayıb”, deyə düşündü və söhbəti kəsdi: - Neylək, siz deyən olsun, gedin, oturun hamınız bir stolun başında, nə bilirsiniz eləyin, ancaq mənim orda işim yoxdur! Sənə isə, Qaraş, bir söz deyəcəyəm, bəyənmədiyin atalar düzəldib, yadında saxla: “Pendiri dəri saxlar, arvadı əri!” Rüstəm kişi bu sözləri deyib çıxdı və birbaş öz otağına gedib soyundu, üzüqoylu yerinə yıxıldı. Səkinə yaşarmış gözləri ilə Qaraşın alnından öpdü: - Sağ ol, oğul, ömrüm uzunu məni bu cür qiymətləndirən olmayıb! Pərşan isə sevinc və iftixardan böyümüş gözləri ilə Qaraşa baxaraq, yerində mıxlanıb qalmışdı. İndi Qaraş ona nəinki çox gözəl, həm də çox ağıllı və qüvvətli görünürdü. 6 - Ay balam, bu ailə müşavirəsi qurtarmadımı? – deyə Nəcəf komsomol astanadan bu biri otağa boylananda Səkinə Qaraşın alnından öpüb gözünün yaşını silirdi: - Gəlin görək də, kabab da hazırdır. Maya xanımla Qızyetər çığırtmanı da gətirirlər, keciksəniz, payınız getdi. Nə qədər yesən, payımız qalacaqdır, - deyə Pərşan onu qarşıladı. – Bir toğludur, beş xoruz. - Özüm ölüm, elə iştaha gəlmişəm ki, bir toğlunu tək yeyərəm, doydum demərəm. Gəlin görək. Onlar içəri girəndə Maya ilə Qızyetər Şərəfoğlunun yanında oturaraq diqqətlə ona qulaq asırdılar. O, tez-tez saçlarını dala verir, təmiz və mülayim gözləri ilə suqovuşana baxaraq, yavaş-yavaş nə isə nağıl edirdi. Şirzad kitab şkafının yanında ayaq üstə duraraq Aşıq Ələsgəri oxuyurdu. Pərşan Qızyetərgilə yaxınlaşdı. - Yəqin Şərəf yoldaş maraqlı şeylər danışır, heyf mənə qismət olmadı. - Bəxtindən küs, - deyə Qızyetər ona yanında yer elədi. Lakin Şərəfoğlu, hamının yığışdığını gördükdə: - Belə, qızlar, - dedi, - həyat çox qəribədir. Danışıqdan ayrılmaq istəməyən qızlar fikirli halda ayağa durdular. Qızyetər dilləndi: - Çox qəribədir. Pərşan səbir edə bilmədi. Mayadan soruşdu: - Nədən danışırdı? - Muğanın keçmişindən, öz xatirələrini. Sonra sənə danışaram. Səkinə Şərəgoğluna yuxarı başda yer göstərdi. O, Səkinənin təklif etdiyi yerə keçib ayaq üstə durdu: - Bəs Rüstəm kişi hanı? Səkinə, Qaraş və Pərşan baxışdılar. Pərşan üsyankar bir fikirlə ağzını açıb olanları demək istədikdə, Səkinə onu qabaqladı: - Siz əyləşin, o özünü bir az pis hiss edir. Şərəfoğlu narahat oldu: - Nəyidir, bəlkə həkim çağırmaq lazımdır? - Bir az başağrısı var, həkimsiz də keçər. - Yox, dostlar, başı ağrısa da, biz onu bu saat sağaldarıq, hərarəti yoxsa, bir piramidon içər, vəssalam, durub gələr stolun başına, piramidon da mənim cibimdə. Eh, Səkinə xanım, bu başağrıları məndən də əl çəkmir, kontuziyadan sonra başlanandır. Rüstəm kişinin də başağrısı elə lənətə gəlmiş müharibənin nəticəsi olmalıdır. Uşaqlar, siz oturun, mən bir dostuma baş çəkim, gəlim. Şərəfoğlu birbaş Rüstəm kişinin otağına getdi. Qapını taqqıldadıb içəri keçdi. Yorğanı başına çəkmiş Rüstəm kişi əvvəlcə Səkinə bilib dinmədi, lakin Şərəfoğlunun səsini eşidən kimi yorğanı açıb yanı üstə çevrildi. - Əyləşin, Şərəf yoldaş. - Sənə nə oldu? – deyə Şərəfoğlu ağ kətili taxtın yanına çəkib, əlini Rüstəm kişinin başına qoydu. – Hərarətini ölçmək lazımdır, başağrısı soyuqdəymədən də ola bilər. Durub qapıdan Pərşanı səslədi, termometr istədi. Pərşan qaçaraq termometr gətirdi. Rüstəm kişinin etirazına baxmayaraq, Şərəfoğlu termometri onun qolunun altına qoydu, cib saatını çıxarıb nəbzini tutdu və saydı: - Yetmiş altı! Ürəyin lap 18 yaşlı igidin ürəyi kimi işləyir. Ancaq bir az tələsir, görünür ocağın başında özünü istiyə çox vermisən. Termometri götürüb baxdı. Rüstəm kişinin hərarəti yox idi. Şərəfoğlu yenə “Pərşan” çağırıb bir stəkan su istədi. Piramidondan bir dənə Rüstəm kişiyə içirtdi: - İndi dur ayağa, gedək stolun başına. Rüstəm kişi etiraz etmək istədi, lakin Şərəfoğlu heç bir etiraza yol verməyən qətiyyətlə: - Necə olar bilər, - dedi, - heç olmazsa yarımca saat otur, bizimlə bircə qədəh cavanların sağlığına qaldır, sonra səndən əl çəkərik. Rüstəm kişi istər-istəməz ayağa durub geyindi. Xəstəliyini bəhanə gətirərək əsil səbəbi açmamış Səkinəyə qarşı ürəyində bir yumşaqlıq hiss etsə də, qadınları ayırmaq təşəbbüsündən boyun qaçırmasını ona bağışlaya bilmədi. Buna görə də hamının gurultulu hay-küyü altında yemək otağına girəndə tutqun idi, təbii olaraq, oturanlar tutqunluğu başağrısı ilə izah edirdilər. Rüstəm kişi ilə Şərəfoğlunu yuxarı başda, yan-yana oturtmaq istəyirdilər. Lakin Şərəfoğlu yan tərəfi seçdi, aralarında da Səkinəyə yer ayırdı, başda isə bəy ilə gəlini oturtdu. Pərşan Qızyetərlə Şirzadın arasına düşdü. Artıq Rüstəm kişi heç şeylə razılaşmasa da, heç şeyə etiraz etmirdi. “Görək axırı nə olacaq!” İlk qədəhi Şərəfoğlu qaldırdı. Mayanın və Qaraşın sağlığına içdilər. Səkinə stəkanı heç əlinə də almaq istəmirdi, lakin hay-küylə məcbur etdilər, stəkanı götürüb başqaları ilə stəkan-stəkana vurdu. Ancaq içmədi. Bunu təkid edən də olmadı, doğrudur, Nəcəf komsomol burda da zor işlətmək istəyirdi. Şərəfoğlu onu saxladı. - Kim bacarmır və ya istəmir, içməsin! Zor nəyə lazımdır. Ümumiyyətlə içkini sevməyən və bir stəkandan artıq içəndə özünü doğrudan da pis hiss edən Şirzad bu sözdən tutdu: - Qızıl kimi sözdür! Şərabı ortalığa gətirirlər, qarnı doldurmaq üçün yox, ürək açmaq üçün. Elələri var ki, bir saatda beş şüşə boşaldır, bir qəpiklik də söz danışmır. Elələri də var ki, beş saatda bir şüşə boşaldır, amma elə gözəl, elə xoş sözlər danışır ki, adamın ürəyi açılır. - Bura bax, ay yoldaş, içmirsən, içmə, - deyə Nəcəf onu saxladı. – Ancaq oxumasan əl çəkməyəcəyəm. Aşıq, bir şikəstə. Rüstəm dayının gərək yaxşı sazı olsun. Pərşan tez yerindən sıçradı: - Var, var, bu saat gətirim, - deyib eyvana çıxdı, iki dəqiqə keçməmiş xüsusi köynək içində saxlanan sazı gətirdi və Şirzada verdi: - Çal, küçələrdə qıy vurunca adam içində çal, qoy, sağ ol desinlər. Şirzad mülayim və sirayətedici baxışlarla Pərşanı süzərək sazı aldı və kökləməyə başladı, Nəcəf Qızyetərə müraciətlə: - İndi oxuyub oynamamış bir adam qoymayacağam qalsın. Hamı ya çalacaq, ya oynayacaq, ya oxuyacaq. Məclisi hay-küy bürüdü: - Elədir ki, var. – Hətta Şərəfoğlu Nəcəfi təriflədi də: - Hə, bax, belə aydın və qəti, hamı da öz təklifini bilsin. - Düzəlirik də, yoldaş Şərəf, tənqidi nəzərə alırıq, deyin görək, nədən başlayaq? Gözəlləmədən! – deyə Pərşan səsləndi. Rüstəm kişi qaşaltı, acıqlı-acıqlı qızına baxdı. Pərşan özünü görməməzliyə vurdu. Şirzad ayağa durub sazı sinəsinə sıxdı. Sağ üzünü saza söykəyib, xumarlanan qara gözlərini yumdu və mizrabı simlərdə oynatmağa başladı. Məclisə bir anlığa dərin sükut çökdü. Şirzad yemək stolu ilə divan arasındakı uzun xalçanın üstündə süzə-süzə çaldıqca sazın oynaq, şirin, ruhu oxşayan təranələri otağa dolurdu. Xalq ruhunun ölməz və əbədi dastanını nəql edən, xalqın sinəsindən qopub gələn bu təranələr oturanların xəyalını oynadır, müəyyən həyəcanla doldurur, şirin arzular və yenilməz bir həyat eşqi oyadırdı. Ömründə birinci dəfə kənd yerində gecələyən, birinci dəfə saza qulaq asan Maya özünü xəyali bir aləmdə hiss edirdi. Ona elə gəlirdi ki, çalınan təkcə bir musiqi aləti deyil, böyük bir orkestrdir. Bu qədər oynaq, bu qədər zəngin səslərin bir alətdən, bir sinədən çıxdığına inanmaq çətin idi. Axşamdan bəri məclisdə sakit oturaraq, az danışan, az gülən, hamıya eyni xeyirxah gözlərlə baxan və az nəzərə çarpan Şirzad, indi hamının diqqət mərkəzində idi. Maya birinci dəfə görürmüş kimi onu süzürdü. Onun ilk nəzərdə çox uzun görünən boyu da indi deyəsən oturanların gözünü oxşayırdı. Doğrudan da təzə, uzunboğaz çəkmələrdə, qalife şalvarda və iki döş cibi olan beli kəmərli yaxalıqlı köynəkdə Şirzad yaraşıqlı idi. O, ayaqlarını cütləyərək xalçanın üstündə süzür, gözəlləmənin ən canlı yerində sazın bütün simlərini dindirir və birdən yavaşıdaraq ortalıqda durub, sözləri aydın söyləyirdi: Dərdim çoxdur, dindirməyin, həzərat, Məni bir alagöz ceyran öldürür. Qılıncsız, tüfəngsiz alır canımı, Kimsə bilmir, pünhan-pünhan öldürür. Saz səsinə məmə deyib pəpə yemiş, ömründə çoxlu aşıqlara qulaq asmış Rüstəm kişinin trubkası yenə də sönmüşdü. Kim bilir, bəlkə də bu səslər onun ürəyində çoxdan sönmüş telləri tərpədirdi. Pərşan yerində otura bilməyərək, ayağa durdu və arxadan atasının boynunu qucaqlayaraq, başını başına söykədi, valeh-valeh qulaq asdı. Rüstəm kişi çiyninin üstündən qızına baxıb trubkasınən ucu ilə balaca, düz burnuna toxundu: - Ağzını yum, ayıbdır. Qıpqırmızı qızarmış Pərşan atasının yanından çəkilib anasına qısıldı. Səkinə gözaltı ona bir nəzər salıb, heç bir söz demədən yanında oturtdu. Şirzad gözəlləməni qurtarıb dayananda hamı bir ağızdan “sağ ol, sağ ol, ay Şirzad!” deyib qışqırdı. Səslər kəsiləndə isə hamı fikrə getmişdi, heç kəs xalqın sinəsində yuva salmış yüksək mənalar və müqəddəs duyğular dünyasının sazla açılan qapısından geri dönmək, ayrılmaq istəmirdi. 7 Məclis təzəcə qızışmağa başlayırdı ki, Rüstəm kişinin iti bir-iki ağız ahəstəcə hürüb səsini kəsdi. Qaraş itin kimə hürdüyünü bilmək üçün yerindən qalxmaq istəyəndə Rüstəm kişi saxladı: - Getmə, gələn Yastı Salmandır, Qurdbasan ona həmişə belə hürər. Doğrudan da iki dəqiqə keçməmiş eyvanda ayaq səsləri səsi eşidildi və evin qapısı yavaşca açıldı. Hamının gözü, başını astanadan içəri salaraq, yarı əyili halda qapıdan boylanan qaraqaş və lopa bığlı adama dikildi. Rüstəm kişi ayağa durdu: - Ay Salman, içəri buyur, qapının arasından boylanma. Boylanmıram, buyuracağam, yoldaş sədr, - deyə Salman köhnə dost və araları açıq olan bir adam kimi cavab verdi. Sağ əli boz payız paltosunun cibində, sol əlində qırmızı lentindən tutduğu yumru bir qutu içəri girdi. Bütün oturanları bir-bir süzərək tələsmədən salam verdi. Rüstəm kişinin əlini havada silkələdi: - Təbrik edirəm, yoldaş Rüstəmov, - dedi və nə üçünsə o biri otağa keçmək istəyən Səkinəni saxladı: - Səkinə xala, mübarək olsun, gözün aydın olsun. Səkinədən cavab alaraq tələsmədən Qaraşa və Mayaya yaxınlaşdı. Mayanın əlini sıxıb gözlərinin içinə baxdı: - Xoş gəlmisiniz bizim evə, bizim Muğana, ayağınız yüngül olsun, üzünüz kimi nurlu olsun. Xəyal, həyəcan və sevinclərdən yorulmağa başlayan Maya, artıq adamları bir-birindən ayıran cizgiləri seçə bilmirdi. Yeni gördüyü adamların sifəti gözlərində dumanlı bir siluet kimi titrəyib bir-birinə qarışır, xəyalında aydın bir iz buraxırmırdı. Salmanın da adı maraqdan böyümüş və işıqlanmış gözləri bu dumanlı simalara qarışıb itdi. Salman isə xüsusi bir diqqətlə Mayanın açıq çəhrayı ipək paltarda olduqca yaraşıqlı görünən gərdəninə baxdı. Mərmər kimi ağ boynunu yalayan buruq tellərini, çiynindəki üçbucaqlı zərif yaylığın altından xəfifcə qabaran döşlərini süzdü. - Sizə layiq bəxşiş tapmaq, çətindir, gəlin xanım. Lap almaz parçası gəlsə yanınızda parıltısını itirıcək. Buna baxmayaraq, cəsarət edib sizə hədiyyə gətirmişəm, nöqsanına baxmayın, - dedi və ikiəlli tutduğu bir qutunu ona uzatdı. Maya özünü itirib qaldı, bilmədi qəbul etsin, yoxsa etməsin, çünki nə belə bir hadisəyə rast gəlmişdi, nə də belə şey eşitmişdi. Yaxşıdır ki, Salman tez çıxış yolu tapdı, qutunu Maya ilə Qaraşın arasına, stoıun üstünə qoydu. Üzr istər kimi Səkinəyə döndü. - Kənd yeridir də, Səkinə xala, gün ki batdı, hər yan bağlanır, bir şey tapmaq olmur. - Heç o da lazım deyildi, - deyib Səkinə qaşlarını çataraq cavab verdi. - Məsələ şeydə deyil ki, ay Səkinə xala, məsələ hörmətdədir, hər şeyin ürəkdən gəlməsindədir. İki adamın ürəyi bir-birinə yatdı, balaca bir çöp də qızıldan qiymətli olur. - Ay Salman, nə gətirmisən sağ ol, fəlsəfə açma görək, - deyə Nəcəf yanında ona yer göstərdi. - Açın, açın görək içində nə var? – deyə Qızyetər qışqırdı. Salman Qaraşa döndü, bərk-bərk əlini sııxdı, hətta dayana bilməyib, onu qucaqladı və öpdü də. Qızyetər lentindən tutub qutunu özünə tərəf sürüdü: - Ver görək içində nə var? – deyib açdı. - Bəxşiş belə olar ey! Arvadının oynaq təbiətindən xoşlanan, açıq hərəkətlərini sevinc və zarafatla qarşılayan Nəcəf: - Ay qız ey, şey üçün ürəyin getməsin, ha, - dedi, - yoxsa bu Salman səni hədiyyə içində basdırar. Salman əlini qaldırıb gözünün üstə qoydu: - Nə olar, Qızyetər xanımın hədiyyəsi mənim bu gözlərim üstə! - Yaxşı, səxavətini göstərmə, qoy görək nə gətirmisən, - Nəcəf qutunu götürmək istədi. Qızyetər vermədi: - Bayaqdan mənə lağ eləyirdi, indi özünün ürəyi gedir. Vermiyəcəyəm baxasan. - Yaxşı, yaxşı, ver görək Salman nə gətirib. Qızyetər qollarını qutunun üstündən götürdü. Hamı bir əyləncəyə çevrilmiş qutulara baxdı: biri “Qırmızı Moskva” ətri, o biri müxtəlif şokolad konfetlərdən ibarət idi. Nəcəf şokolad qutusunu əlinə alıb Qızyetərə tədəf uzatdı: - Bilirəm, könlündən keçir, götür, şokolad görəndə ürəyin gedir. Qızyetər şokoladdan birini götürüb ağzına qoydu: - Ay Salman, bunları hardan tapmısan? Salmanın gözlərində bir razılıq, bir fərəh vardı. Hər iki əliylə bığlarını tumarlayıb Qızyetərə və sonra Pərşana baxdı: - Moskvaya gedəndə almışdım. Başınız üçün, neçə dəfə işlətmək istəmişəm, əlim gəlməyib. Elə bil ürəyimə dammışdı ki, xeyir iş olacaq, saxlayırdım. Gör necə yerinə düşdü. Hədiyyə əldən-ələ gəzib tərifləndikcə Salman gülüb-açılır, anlaşılmaz bir həvəslə Mayadan “sağ ol” eşitmək istəyirdi. 26 yaşını bitirən Salman Bakıdan Moskvaya qədər çox yerlərdə olmuş, çox qızlar, qadınlar görmüşdü, buna baxmayaraq Mayaya baxdıqca baxmaq istəyir, “nə məlahətli şeydir”, deyib düşünürdü; onu Qaraşla müqayisə etdikdə isə öz-özünə dedi: “Armudun yaxşısını meşədə çaqqal yeyər”. Salman bu kənddə doğulmuşdu. Hələ 14 yaşı olanda atası onu Bakıya apardı və kənd təsərrüfatı texnikumuna düzəltdi. Lakin sonralar xəbər çıxdı ki, Salman diş texniki olub. 17 yaşında o “arvad işidir” deyə bu sənəti atdı, teatr texnikumuna daxil oldu. İki il də orada oxuyaraq “artistlik nə sənətdir” deyib onu da yarımçıq qoydu. Bakıda hansı idarədə isə təsərrüfat müdiri işlədi və bu işdə məharət göstərdi. “Möhkəm sənətim olsun” deyə buradan mühasiblik kurslarına getdi, qurtarıb mühasib köməkçisi oldu. Yalnız 5 il əvvəl atası vəfat edəndə Muğana qayıtdi. Zirəkliyi, bacarığı və dilavərliyi ilə Rüstəm kişinin nəzərini cəlb etdi. O, muhasiblikdən başqa yaxşı maşın sürür, bir az tar və piano da çala bilirdi. Kolxozda birinci iki ili hesabdar vəzifəsini apardı, indi üç ildir ki, Rüstəm kişi etibar göstərib onu mühasib təyin etmişdir. Bir il əvvəl Rüstəm kişi özü ilə birlikdə onu da Moskvaya, Kənd Təsərrüfatı Sərgisinə aparmışdı. Beləliklə, Salman buradakı yaşıdları və tay-tuşlarının hamısından çox şey görmüşdü, təcrübəli idi. Gətirdiyi hədiyyələrin tərifi qurtaran kimi Salman qaöıya getdi, başını eyvana çıxarıb qışqırdı: - Ay Yarməmməd! Çöldən səs gəldi: - Bəli, bəli! Burdayam, burdayam! - Orada kimi gözləyirsən, qalx yuxarı görək. - Əmanəti də gətirim, yoxsa özüm gəlim? – deyə aşağıdakı qışqırdı. - Gətir, gətir! - Daha nə var? – deyə Nəcəf istehzalı bir ifadə ilə Salmandan soruşdu. Görünür Salman Nəcəfin sualındakı istehzanı başa düşdü. - Ay Nəcəf, gətirəndən soruş, mən nə bilim, - deyib güldü. Yarməmmədin özündən əvvəl nazik uzun boğazı astanadan bu tərəfə keçdi. Daima hərəkət edən gözləri işıldayır, alnından tər axırdı, şapkasının günlüyü sağ qulağının dibinə sürüşmüşdü, sol çiynində içi dolu bir xurcun vardı. Adamları görən Yarməmməd özünü itirdi, bir ayağı çöldə, bir ayağı içəridə tərəddüdlə dayandı. Şapkasını çıxarıb salam verdi. Lakin cavab yerinə hamı qəhqəhə ilə güldü. Doğrudan da bu saat Yarməmməd çox gülünc vəziyyətdə idi. Xurcun çiynini əzirdi, nazik və azca əyri belini bir az da əymişdi. Boynu armud saplağı kimi uzanmışdı, bu nazik və arıq boynun üstündəki başı xeyli uzunsov idi. Çıxıq alnının altındakı gözləri qaranlığa açılmış bir cüt deşiyə oxşayırdı. Yarməmməd sualedici nəzərlə gah Salmana, gah Rüstəm kişiyə baxırdı: - Nə var, ay Yarməmməd, orda niyı durmusan? – deyə Rüstəm kişi trubkanı ağzından çıxarmadan soruşdu: - O xurcunda nə var? - Rüstəm dayı, toğludur, öz toğlum. Qaraş balanın xeyir işində qurban kəsmişəm. Nəcəf ayağa durdu: - Ay kişi, lap möcüzədir ki! Hələ bu vaxta qədər bu Yarməmmədin qapısının hayana açıldığını bilən yoxdur. Çörəyinin dadını, çayının rəngini bilən yoxdur. Möcüzədir! Səkinə ciddi və ona yaraşmayan bir qaşqabaqla: - Lazım deyil, Yarməmməd; - dedi, - toğlumuz da var, ətimiz də. Apar evinə. Yarməmməd yalvarıcı gözlərini Rüstəm kişinin üzünə dikdi: - Rüstəm dayı, belə gündə qapıdan pay qaytarmaq olmaz. Məni vurub, öldürsən bundan yaxşıdır! Səkinə üzünü Salmana tutdu: - Bunu necə gətirmisən, elə də apar qoy evinə, deyirəm! Bütün bu mənzərə oturanlara təsir etmişdi, Mayaya isə hamıdan artıq. Onun Yarməmmədə yazığı gəlir, Səkinənin belə amansızlığı və sərtliyini heç cür anlaya bilmirdi. - Sənnənəm, ay Salman! – deyə Səkinə bir də səsləndi. - Ay Səkinə xala, nə olub məgər? Adam adamın xeyirdə, şərdə qapısını açar, pay gətirər, pay aparar. Sən ki, dünya görmüş adamsan. Bəlkə sən qorxursan ki, Yarməmməd əlini yana ata, kolxozun anbarına sala, heç qorxma. Gözümün qabağında öz damından çıxarıb kəsdi, soydu, şaqqaladı, doldurdu xurcuna. Varın verən utanmaz, deyərlər. Bunun da varı budur, qanacağı belədir. - Varı da bol olsun, qanacağı da. Bizə lazım deyil, apar, geri qaytar! – deyə Səkinə Yarməmmədə tərəf yeriyəndə Rüstəm kişi qolundan tutub saxladı. İrəli keçdi: - Neylək, gətirmisən, gətirmisən. Sağ ol. Düşürt aşağı, ocağın başına, - Səkinəyə döndü, - arvad, gəl Yarməmmədin toğlusundan bir kabab çəkək. Üz-gözündəki narazlığı gizlətməyə çalışan Səkinə Rüstəm kişinin dalınca eyvana çıxdı və orda ürəyini boşaltdı. - Mən o ətə əl vurmayacağam! - Ay arvad, vallah, mən bilmirəm bu evdə nə olub? İti də bu halda qapıdan geri qaytarmazlar. Səni adam bilib qapını açıb, indi səsini çıxarma, sabah bir toğlusunun əvəzinə ikisini verərəm. Qoltuğuna verib geri qaytarmaq boğazından tutub öldürməkdən pisdir. - Sözüm payda deyil, bilirsən ki, ondan zəhləm gedir. Elə Salmandan da. Durduğu yerdə adamın üzünə hırıldayır. - Zəhlən getsə də, hirsini ye. Necə ki, mən yedim. Belə gündə qapına zəhər də gətirsə gərək udasan. Axı, adət var. Qaytararsan, dalınca min söz deyərlər. Adın qalar xeyrə-şərə yaramaz. - Bizi tanıyan ağzını açıb elə söz deməz. Hamı bilir ki, heç kəsin yaxşı və pis günündə dalda gizlənməmişik. Onu da bilirlər ki, xəmirimə özgə mayası qatmamışam. Bir də ola ki, Yarməmməd kimi tülkünün mayasını. - Arvad, səndən xahiş edirəm, əbucəhl olma, Sözü kəs, get bir-iki şiş kabab düzəlt, qoy qonaqların qabağına. - Özün düzəlt, mən əlimi o ətə vurmayacağam! – deyib Səkinə geri qayıtdı və pərtliyini gizlətmək üçün zorla gülümsəyərək içəri girdi. Bu zaman Salman ayaq üstə durub qədəh qaldırmışdı. Onun tostuna qulaq asan adamlar Səkinəyə gözucu baxıb yenə gözlərini ağzına dikdilər. Süfrə başında oturub tost deməkdə Salman bütün rayonda məşhur idi. Sarı yun kostyum, boynu qalstuklu ağ köynək onun buğdayı, yastı üzünü işıqlandırır, rəngini açırdı. O, üzünü qırxdırmış, boynunun dalını, qulaqlarının dibini təmizləmiş, buruq-buruq qara yumşaq saçlarını səliqə ilə daramışdı, pudralanmış, ətirlənmişdi. Bu görkəmi ilə xalis şəhərliyə oxşayırdı. Maya ilk nəzərdə onun rayon işçisi, yaxud kənd müəllimi və ya həkim olduğunu guman etmişdi. Salman pencəyinin ətəklərini açaraq durub ilk badəsini Qaraş və Mayanın sağlığına içəndə, Qaraşı ən gözəl sözlərlə tərifləyəndə Maya yavaşca soruşdu: - Bu kimdir, Qaraş? Qaraş deyəndə ki, mühasibdir, Maya təəccübləndi: - Heç güman etmək olmaz, mədəni adama oxşayır. Görünür qabiliyyətinə görə yer tutmur? Qaraş cavab verməyib yalnız gülümsədi və təmkinli, səbirli gözlərini hara isə dikib qulaq asmağa başladı. Mayanın ürəyində ani olaraq sevdalı hisslər qaynadı, Qaraşın ağırlığı, təmkini, ağıllı və səbirli gözlərlə hamıya qulaq asması, hisslərini və fikirlərini ifadə etməkdə dözümlü olması nə qədər gözəl idi! Şərəfoğlu badəsini götürüb ayağa durduqda Mayanın fikirləri qırıldı. Şərəfoğlu: - Yoldaşlar! – dedi, - dünyada bir söz var ki, mən onu bütün sözlərdən əziz tuturam: dostluq! Kimin ki yaxşı dostu var, o xoşbəxtdir. Dostluq hər adamın ürəyinə sevinc gətirir, şadlığını artırır. Məndən soruşsalar ki, dünyada ən bədbəxt adam kimdir, deyərəm dostu olmayan adam. Mən eşidəndə ki, Qaraş evlənmişdir, evdə otura bilmədim. Bura gəlməyi özümə borc bildim, çünki Rüstəm kişi ilə mən dostam. Həm də bizim dostluğumuzun mayası möhkəmdir: ağır günlərdə bir-birimizi sınamışıq. Mən istərdim ki, Maya yoldaşla Qaraş bu evə yeni bir dostluq gətirsinlər. Dostluğun bünövrəsini bir az da möhkəmlətsinlər. Çünki ər-arvad olmaq asandır, amma dost olmaq, şirin və acı günlərin vəfalı dostu olmaq hər kəsin hünəri deyil. Mən Qaraşın Maya yoldaşa belə bir dost olacağına inanıram. İçək onların sağlığına. Şərəf sözünü qurtaran kimi qapının ağzında əlində şiş kabablar buğlana-buğlana dayanmış Rüstəm kişi irəli gəldi və kababları Salmana verdi: - Yavaş-yavaş boşqablara çək! Yarməmməd, sən də keç otur. Yarməmməd sıxıla-sıxıla, yöndəmsiz bir yerişlə stola yaxınlaşdı, təndir çörəyini götürüb arasını açdı və şişin yuxarısından aşağı siyirib buğlanan kababı Şərəfoğlunun boşqabına çəkdi, eyni qayda ilə o biri şişi Rüstəm kişinin boşqabına siyirib, islanmış isti çörəyi də oraya qoydu, yavaşca pıçıldadı: - Möhtərəm sədrin kabablı çörəkdən xoşu gəlir. Rüstəm kişi dodaqucu və etinasızcasına: - Yaxşı, keç əyləş, mıxməmməd olma! – dedi və Yarməmmədin çiynindən basdı. Artıq məclis qızışdığından adamlar özlərini daha sərbəst hiss etməyə başladığından, Yarməmmədin müti və yazıq halda belini əyib oturmasına fikir verən olmadı. Qızyetər Şərəfoğlunun qolundan tutdu, pianoya tərəf çəkdi: - Şərəf dayı, rica edirik, bizə sevdiyiniz bir şey çalın. - Məndən nə çalan, ay Qızyetər? Salmana çaldırın! Eşitdiyimə görə, yaxşı havalar bilir. - Onu da çaldıracağıq. İndi sizdən xahiş edirik, nə bacarırsınız. Şərəf hər iki əliylə saçlarını dala darayıb Salmana döndü: - Dadıma çat, mən çalan deyiləm. Salman pianonun başına keçərək rast çalmağa başladı. Bu gözəl və ahəngdar musiqi hamının diqqətini cəlb etdi. Muğamdan sonra “Yaxan düymələ” havasının oynaq səsləri otağa yayıldı. Onu dinlədikcə Mayanı xüsusi həyəcan bürüdü. Bu, anasının çox sevdiyi və daima oxuduğu mahnılardan biri idi. Anası Mayanı yatağına uzandırıb üzündən öpər, pianonun başında ituraraq çalar və oxuyardı; Maya bu səslərə qulaq asaraq nə vaxt yuxuya getdiyini bilməzddi. Sonralar, böyük qız olanda da, harda bu havaya qulaq assa, anası, onun mehriban və dünyada heç şeylə əvəz edilməyən nəvazişləri xəyalında canlanardı. İndi də belə oldu. Salman havanın son akkordlarını vurarkən Maya özünü saxlaya bilmədi. Keçmiş günlərin xatirələri, indiki qeyri-adi həyatının iztirab və həyəcanları coşaraq, bütün vücudunu titrətdı. İxtiyarsız olaraq gözləri doldu. Heç kəs görməsin deyə, tez balaca yaylığını çıxarıb yaşarmış uzun, qara kirpiklərini sildi və gözaltı adamlara nəzər saldı. Hamının fikri pianoda idi. Hətta xəyala getmiş Qaraş belə Mayadan xəbərsiz görünürdü. Maya sevindi. Sevindi ki, bir anda üzə çıxmış zəiflik kimi görünəcək duyğulardan başqaları xəbər tutmamışdır. Lakin acza sonra səhv etdiyini anladı və burada daha ayıq gözlər olduğuna inandı. Salman pianonun başından qalxıb yerində oturdu və hamı hay-küylə ona təşəkkür etdiyi zaman Mayaya tərəf əyildi, qulağına pıçıldadı: - Musiqi həssas ürəkləri titrədir. Həm də xoş xatirələr oyadır. Ancaq bilmək istərdim ki, gözləriniz niyə yaşardı: yadınıza bir şey düşdüyü üçün, yoxsa indiki həyəcanlardan? - Həm ona, həm də buna görə! – deyə nə üçünlüyünü bilmədən, Maya bu suala cavab verdi və düşündü ki, cavab verməmək daha yaxşı olardı. Bu ziddiyyətli düşüncə Salmanın sonrakı sözünü aydın eşitməyə imkan vermədi, Salman isə: - Qaraş xoşbəxtdir! – deyib yavaşca kənara çəkildi və ümumi şənliyə qoşuldu. Maya düşündü ki, “bu, həssas adamdır, Qaraşın yaxşı tanışları, yoldaşları var”. Salman tez-tez gah Mayaya, gah Pərşana baxaraq onları müqayisə edirdi. Mayanın gözəlliyi təcrübə və təhsilin verdiyi vərdişlərlə sığallandığı halda, Pərşanın gözəlliyi heç bir sığal görməmişdi. “Öyrənəndə o bundan da cazibədar olacaq”, - deyib müqayisəni qurtardı və Pərşana yaxınlaşdı: - Oynamaqla necəsən? Qardaş toyunda bacının oynaması vacibdir. - Bacının da, ananın da, atanın da! – deyə Nəcəf yerindən səsləndi. Sazdan sonra yenə az danışan və hamıya eyni mehriban gözlərlə baxıb duran Şirzad dedi: - Gəlin yallıdan başlayaq, hamı bir yerdə. Dönə-dönə Şirzada tənəli sözlər atıb, tikanlı gözlərlə baxan Pərşan birdən açıldı: - Bu oğlan həmişə az danışır, amma yaxşı danışır. – Şirzadın əlindən tutaraq ortalığa çəkdi. Şirzad Nəcəfin, Nəcəf Mayanın, Maya Qızyetərin, Qızyetər Səkinə xalanın əlindən tutdu. Salmanın çalğısı altında yavaş-yavaş yallı oyunu qızışdıqda Rüstəm kişi trubkasını doldurub alışdırdı və eyvana çıxdı; qız, oğlan, arvad, kişi bir-birinə qoşulub getdikcə qızışaraq, ayaqlarını geniş atıb oynadıqca Rüstəm kişinin içərisində nə isə qaynayır, ürəyini deşirdi. Danışmağın yeri deyildi, susanda isə dişi bağırsağını kəsirdi. “Gərək Səkinə belə şeyə yol verməyəydi. Səkinə də ki, özü 18 yaşlı qız kimi balağını çırmayıb düşüb ortalığa”, deyə öz-özünə söyləndi və trubkasını sümürüb tüpürdü: Arvad tayfasının böyüyü də, kiçiyi də elə bir ağıldadır! – deyib eyvanda gəzindi. Beşinci fəsil 1 Gündüz işığında adi sarımtıl torpaqdan seçilməyən, gecələr isə qaranlığı qatılaşdıran alçaq damlı balaca bir bina kəndin ortasında yerləşmişdi. On beş il taxıl anbarı olmuş bu bina indi kolxoz klubu üçün uyuğunlaşdırılmışdı. Adına layiq işıqlı bir şey vardısa, o da təzəcə salınmış yaşıl rəngli qapısı idi. Həmin bu qapının qabağında üç gənc durub şirin-şirin söhbət edir və o tərəf-bu tərəfə baxırdı. Onların nəzəri tez-tez divarları qar kimi ağaran ikimərtəbəli kolxoz idarəsinə tuşlanırdı, onun qabağındakı bir dəstə kolxozçuya əmr verən Rüstəm kişiyə tərəf çevrilirdi. Rüstəm kişi uca boyunu, enli kürəyini, enli sinəsini və dolğun nəhəng bədənini nümayiş etdirirmiş kimi şax durmuşdu. Əynində şinel və tünd göy yun şalvar vardı. Şalvarın balaqlarını uzunboğaz çəkmələrin içinə salmaşdı. Dərisi işım-işım işıldayan papağı alnından bir az yuxarı itələyib, əllərini qarnının üstündə çarpazlamışdı. Ayaqlarını azca aralı qoyaraq durduğundan torpağın qoynuna möhkəm kök atmış haça çinar kimi təpərli görünürdü. Uzaqdan baxana elə gələ bilərdi ki, Rüstəm kişi bu saat ya ağır bir şey götürüb kənara atacaq, ya da bir adamla güləşəcəkdir. Onun duruşunda və görkəmində bir sərbəstlik vardı. Kolxoz klubunun qabağındakı gənclərin də nəzərini cəlb edən məhz Rüstəm kişinin bu təsirli duruşu idi. Bu gənclərdən Salman Şirzadı dümsüklədi: - Yoldaş katib, gəlsənə sədri yaxalayaq. Yaxşı fürsətdir, müavin məsələsini həll edək. Salmanın dümsükləməsindən qanı qaralmış Şirzad ona bir əxlaq dərsi verməyi qərara aldı: - Ay Salman, böyük bir kolxozun mühasibisən, neçə yerdə oxumusan, neçə kurs qurtarmısan, yenə də adamla danışmağın təhrini bilmirsən. Üzünə baxan isə deyər ki, görəsən bu alimdir, ya şair. Üzünü dəyişib, için yox. - Mən neylədim, yoldaş Şirzad?! - Daha neyləyəcəksən. Yüz dəfə demişəm ki, söhbət zamanı adam əl-ayağını işə salmaz. Sözün var, söz danış, bu dümsükləmək nədir? Nəcəf komsomol ucadan güldü: - Eşitməmisən ki, deyərlər, adəti tərgitmək mərəzdən qurtarmaqdan çətindir. Salman on söz danışanda iyirmi dəfə dümsükləyəcək, on dəfə sənin döşünə, boynuna vuracaq, beş dəfə çək bura deyəcək, neyləsin, adətidir. - Bu mədəniyyətlə də sədr müavini olmaq istəyirsən? – deyə Şirzad qırmızı-qırmızı soruşdu. Heç şeydən inciməyən, hər şeyi lağlağıya salan Salman bundan da incimədi: - Başınız üçün, bundan sonra əlimi tərpənən görməzsiniz, - Şirzada döndü. – Dəliyəm müavinlik istiyəm? Nə gəlib gül kimi sənətimə. Mənim kolxoza yazığım gəlir. İşlərin qızışan vaxtı, müavin yox. Bu cür çox ciddi inandırmalara baxmayaraq, Salmanın könlündən doğrudan da müavinlik keçirdi. Son zamanlar nədənsə onda qəribə bir həvəs oyanmışdı: adamlara rəhbərlik etmək, göstəriş vermək, qabağında “baş üstə!” deyənlər görmək. Şirzadı yoxlamaq üçünmü, nədənsə, əlavə etdi: - Məndən müavin çıxmaz. Şirzad bir söz demədi, yenə üçü də kolxozçularla söhbət edən sədrə tərəf baxdı. Özünün müşahidə altında olduğunu hiss edən Rüstəm kişi yanındakılara nə isə deyib yerindən tərpəndi, gənclərə doğru irəlilədi, hələ onlara çatmamış: - Hə, Nəcəf komsomol, nə mənə əyri-əyri baxırsan? – deyib səsləndi. Nəcəf komsomol: - Karın könlündəki özünün olsun, yoldaş sədr. Mən ki, sizə çox düz baxıram, - dedi və əlavə etdi: - Deyirlər yenə iclas çağırmışsınız? Bu “yenə” sözü rüstəm kişinin lap qulağını deşdi. Ancaq özünü o yerə qoymadı. - Çağırmışam! Deyəsən komsomolun da yığıncağı var? – deyib istehzalı və etinasız səslə soruşdu. – Yoxsa dünya siyasətinə baxacaqsınız? Nəcəf sədrin istehzasına daha kəskin bir məsxərə ilə cavab verdi: - Bəli, balaca məsələlərlə işimiz yoxdur. Baxırıq özümüzdən böyüklərə, onlar necə, biz də elə. - Bəs, bu dilotunu sənə kim yedirib? Adamı söz altında boğursan. - Sizdən öyrənmişəm, vallah, yoldaş sədr. Xəmirimizi iclasda yoğuran siz olmadınızmı? Ona görə də iclassız keçinə bilmirik. Rüstəm kişi ucadan güldü: - Düz deyirsən, bala, südnən gələn sümüynən çıxar. Soruşdum ki, nə məsələdir? Bu sualı verməkdə Rüstəm kişinin gizli məqsədi vardı: iki gün əvvəl idarədə məhsuldarlıq üzrə Nəcəf böyük bir dava qaldırmışdı: o, “azı hər hektardan 30 sentner planlaşdırılmalıdır!” deyib tələb etdi. Rüstəm kişi trubkanı dodağından çəkib ona baxdı: - Əə, başın-zadın xarab olmayıb ki?! Keçən il - 20, bu il - 30, harda görülüb?! - Görülməyib, görülər! – deyə Nəcəf təkid etdi. – Vəzifə böyük olduqca adamların qüvvəsi də artar. Bu ətrafda mübahisə qızışdıqda Nəcəf təkləndi, məlum oldu ki, tələb etdiyi 30 sentner müəyyən bir haqq-hesabın, real imkanları öyrənməyin nəticəsi deyil, sadəcə bir arzu, bir xəyaldır; Rüstəm kişi də məsələnin bu tərəfindən yapışıb onu pisikdirdi. Lakin Nəcəf təklənsə də tabe olmadı: “Hələ bu barədə danışarıq” deyib idarədən çıxdı. O vaxtdan Rüstəm kişi nigarançılıq çəkirdi. Bilmirdi, Nəcəfin məsələsini komsomol iclasına keçirsin, yoxsa rayon təşkilatlarına çatdırsın. Nəcəf cavab verməmiş uzunboylu Şirzad sinəsini qabardaraq dedi: - Fikrimiz var ki, “Qızıl bayraq” kolxozunun təcrübəsini bizdə də keçirək, bu il biz də pambığı maşınla toplayaq. Necə baxırsınız? Rüstəm kişi cavab əvəzinə üzünü Salmana turdu: - Salman, bala, bir yadına sal görüm. Sabir necə deyib? O gün oxuyurdun ey. Salman xoşa gələn bir gülüşlə tez Sabirin məşhur şeirini söylədi: Çırmanırıq keçməyə çay gəlməmiş. Söz veririk indi bir ay gəlməmiş. Rüstəm kişi şeirin dalını deməyə qoymadı: - Qızıl kimi sözlərdir. Elə bil ki, fevral ayında hələ toxumu yerə səpməmiş pambığın toplanışından danışanları görüb yazıb, - deyərək güldü və daha artıq istehza ilə əlavə etdi: - Qorxuram siz də Qara Kərəm oğlu kimi toplayasınız. Yarısı kolun üstündə qala, yarısı da tökülüb torpağa qarışa. - Təzə iş əngəlsiz başa gəlməz, - deyə Şirzad etiraz etdi. – Hətta bəzən adama elə gəlir ki, heç baş tutan məsələ deyil. Amma elə ki girrisən meydana, yavaş-yavaş bitib-düzəlməyə başlayır. - Axı, beləsi də olur ki, ay Şirzad, meydana girir nər kimi, amma meydandan çıxanda yolunmuş cücəyə oxşayır. Necə deyərlər, əl boş, üz qara. Buna nə deyirsən? Şirzad cavab vermədi. Salman: - Allah düşmənin də başına gətirməsin! – dedi. Nəcəf sussa da ürəyində Rüstəm kişinin bu sözlərinə qarşı dərin bir etiraz duydu. Lakin danışmadı: “Mənası nədir? Sədri, iki adamın yanında dediyi sözdən döndərmək üçün gərək bir pud qan qaraldasan. Dediyində israr edəcək, hələ bir qızışacaq da”. Bir də ki, həmişə yeni bir maşın gələndə hamıdan qabaq rayona cuman, rayon partiya komitəsinə qədər gedib min dillə maşını birinci olaraq öz kolxozuna çəkib gətirən Rüstəm kişinin pambıqyığan maşınlara qarşı etinasız münasibəti çoxdan Nəcəfin gözünə dəymişdi. Yəni bunu çoxları hiss edirdi ki, pambıqyığan maşın məsələsində kolxoz sədri çox laqeyddir, yerindən tərpənmir, oturub gözləyir ki, MTS özü nə vaxt çağırın deyəcək ki, buyurun, siz də sahənizi maşın yığımına hazırlayın. Lakin bunu görənlər Rüstəm kişinin sərt xasiyyətindən qorxaraq susurdular. Bircə Nəcəf komsomol susmadı: - Rüstəm dayı bu pambıqyığan maşına dəvə nalbəndə baxan kimi baxır! – deyə iradəsindən asılı olmayaraq dilləndi. Rüstəm kişi birdən cavab vermədi. Heç şey adamı gizli fikrinin başqaları tərəfindən açılması qədər çaşdırmaz. Rüstəm kişi doğrudan da ürəyinin dərinliklərində pambıqyığan maşına inanmırdı, düşünürdü ki, çanağında qoza bağlayan və sonra saçaqlanıb açılan ağtelli pambığı heç bir maşın insan əli qədər təmiz və səliqə ilə yığa bilməz. Pambıqyığan maşının verdiyi itki haqqındakı söhbətlər qulağına dəydikdə oturub gözləməyi, qabağa qaçmamağı qərara almışdı. Lakin öz şübhələrini hətta doğma qızı Pərşandan da gizli saxlamışdı, çünki bu fikirdə olan adamları qəzetlər artıq tənqid etmişdi. Bir də ki, zəmanəmizdə maşına qarşı çıxmağın bağışlanmaz mühafizəkarlıq olduğunu bilirdi. Buna görə də ürəyinin dərinliklərindəki şübhələrin üzə çıxmasına yol vermirdi. Nəcəf komsomolun sözünü də yerdə qoymaq olmazdı. - Adam başından yekə söz danışmaz, bala! Nə vaxt bizə maşın təklif edərlər, onda da görərsən mən necə baxıram. - Bəs başqa maşınlar gələndə niyə durub gözləmirdin, MTS-i, raykomu bir-birinə qatırdın? - Onu da mən bilərəm. Sənə dəxli yoxdur! Nəcəfin ürəyində qaynayanların hamısı üzə çıxdı. - Dəxli var, özü də lap yekəsindən! Kolxoz sənin malikanən-zadın deyil ki! - Dedim ki, ağzını boşuna qoyma. Sözün qədrini bil! - Bundan sonra sözün qədrini səndən öyrənəcəyik! – Darğa kimi danışmağından! - Günah məndədir ki, sənin kimi demaqoqla ağız-ağıza verirəm! Qozbeli qəbir düzəldər. Amma sən elə qozbellərdənsən ki, qəbir də əlində aciz qalacaq. Onların pərtləşməsi Salmanın ürəyindən idi, iki adam dalaşanda tamaşaçı olmaq ona ləzzət verərdi: - Rüstəm dayı, Nəcəf demək istəyir ki, kənddə siz maşının birinci tərəfdarı olmuşsunuz. İndi də. Rüstəm onun sözünü kəsdi: - Nəcəf nə demək istəyir, mən yaxşı başa düşürəm. Miyançıya ehtiyac yoxdur! Bu komsomol yoldaş, əvvəla, bilsin ki, çox yekə sıhv edir. İkinci sözüm də budur ki, iclasa gələn cavanların hamısını yığın gətirin idarəyə, “Qızıl bayraq” kolxozu ilə sosializm yarışı müqaviləsinin şərtlərinə baxacağıq. Sizin vacib məsələni sonra da müzakirə edə bilərsiniz, qaçmır. Etiraza yol verməyən bir hökm şəklində deyilmiş bu sözlər nəinki Nəcəfə tikan kimi batdı, şirzadın da kefini pozdu. Onun qarabuğdayı üzünün əzələləri gərginləşdi, danışmaq istədi, lakin Salman ətəyindən çəkib, ayağından basdı. “Hirsi yatar, danışarıq”. Onların susduğunu görən Rüstəm kişi yarı hökm, yarı ərk ilə: - Yaz qapını alıb, bu saat böyük-kiçik hamının fikri yaz əkinində olmalıdır! – dedi və azca düşünüb əlavə etdi: - Görürsünüz ki, mən də dəridən çıxıram. Söhbətin pis istiqamətə düşdüyünü görən və müavin barəsində danışmaq mümkün olmadığını görərək yanıb-tökülən Salman Rüstəm kişinin son sözünü eşidəndə sevindi və tez fürsətdən istifadə etdi: - Vallah, Rüstəm əmi, elə biz də sizin halınıza yanırıq. Bax, indicə Şirzad da, Nəcəf də, mən də onu deyirdik ki, tək qalmısınız. Sizsiniz ki, bu nəhəng kolxozu tək idarə edirsiniz, heç kəsin hünəri deyil. Üç aydır müavin yox, işlər tökülüb üstünüzə. Bəs bu müavin məsələsi nə oldu? Salmanın qaşovlaması Rüstəm kişini bir az yumşaltdı: - Nə bilim, hərənin ağzından bir hava gəlir, bir adamın üstündə dura bilmirik. - Sən hər ağıza niyə baxırsan, Rüstəm əmi? Kolxozu allaha şükür, beş barmağın kimi tanıyırsan, seç elə bir adam ki, üzüyola, başıaşağı olsun, işləyən olsun, sənlə boyunduruq yoldaşı olsun, yana yox, süz qabağa baxsın. Gözlənilmədən Rüstəm kişi: - Ay uşaqlar, - dedi, - nə olar, bu Salmanı müavinliyə irəli çəkək? Nəcəf və Şirzad dilucu: - Pis olmaz, - dedilər. Salman özü etiraz etdi: - Çox sağ olun, boynuma böyük minnətdir. Amma bacarmaram. - Yaxşı, fikirləşərik, - deyib Rüstəm kişi bu məsələnin üstündən keçdi, Şirzada müraciət etdi, - belə ki səsin var, kəndin küçələrində bayatı çəkməkdənsə, bir çalğı dərnəyi düzəltsənə, cavanları yığ başına, bayramda-zadda oxusunlar, camaata ləzzət versin. Şirzad pul kimi qızardı və heç bir söz deməyib susdu. Ancaq Rüstəm kişinin bu sözü nəticəsiz qalmadı: Pərşan sabahısı günü nə qədər gözlədisə bayatı səsi küçədən içəri dolmadı. Buna görə də qız bütün axşamı pəncərə qabağında hərlənib durdu və gecəni çox gec yuxuya getdi. Rüstəm kişinin bu sözündən istifadə edən bircə Salman oldu: - Nə gözəl fikirdir, yoldaş sədr, - dedi, - xor dərnəyi də düzəldərik, çalğı dərnəyi də. Rüstəm kişi hələ də qaşqabağı açılmayan Nəcəfə işarə ilə: - Belə şeylərdə gərək komsomol qolunu çırmayıb düşə ortalığa, - dedi və əlavə etdi: - İclası yaddan çıxarmayın. Rüstəm kişi cavab gözləmədən idarəyə getdi. Gənclər baxışdılar. Biçaq vursan Nəcəfin qanı çıxmazdı. Şirzad adəti üzrə sakit görünürdü, Salman isə həmişəki kimi mülayim səslə dedi: - Uşaqlara xəbər verim? - Yox, biz iclasımızı aparacağıq! Elədirmi, Şirzad? Şirzad birdən cavab vermədi, fikirləşdi və yavaş-yavaş dedi: - Bəlkə doğrudan da komsomol iclasını başqa günə keçirək? Axı, yarış şərtləri çox böyük məsələdir. Gəncləri kənarda qoya bilmərik. - Belə də olsa, bu Rüstəm kişi bizi göz açmağa qoymayacaq, minəcək boynumuza, kefi gələn tərəfə sürəcək, nə istəsə yeridəcək. - Heç şey edə bilməz. Sən mənim sözümə bax. Bu dəfə ümumi işin xatirinə güzəştə gedək, bir də belə şey eləsə yerində oturdarıq. Necə sözdür. Salman Şirzadın təklifini bəyəndi və ona tərəfdar çıxdı. İclası başqa günə keçirməyi və yaz əkinində komsomolçuların iştirakı məsələsini də müzakirəyə qoymağı təklif etdi. - Tərslik niyə gərəkdir. Sədr də ağsaqqal kişidir, hörmətini saxlamalıyıq. Özbaşınalıq edərik, məsələni keçirər raykoma. Bu söz Nəcəfi daha da qızışdırdı, bütün acığını Salmana tökdü: - Qorxutma, qorxutma! Hara keçirir keçirsin. Bizim də dilimiz var, sözümüzü deyərik. Mən iclasımızı aparacağam. - Bəlkə belə eləyək: sən öz iclasımızı keçir, mən, Salman və bir-iki nəfər də heyətə gedək, - deyə Şirzad orta bir təklif irəli sürdü. Salman dərhal bu təklifə səs verdi: - Hə, bax, bu lap ağıllı fikirdir, - dedi və öz aləmində düşündü ki, Şirzad çox bic adamdır, hər yerdə öz xeyrini yaxşı bilir. İndi də ümumi iş pərdəsi altında həm Nəcəfi razı saldı, həm də Rüstəm kişinin təklifi ilə razılaşdı, çünki onunla haçalaşmaq istəmir. Əbləh adam, hələ də gözü Pərşandadır! Salman bu fikirdə idi ki, Şirzad haqqında belə acıqlı və pis düşünməyə haqqı var. Çünki Salman çoxdan Pərşanı özününkü bilir, məsələni həll olunmuş hesab edirdi. Doğrudan da Rüstəm kişinin hərəkətləri bildirirdi ki, qızını Salmana verməyə razıdır. Elə əslində də kolxoz sədrinin ondan xoşu gəlirdi, çünki gələcəyinə inanırdı. İnanırdı ki, Salman görən iş möhkəm işdir, Salman deyən söz nəticəsiz qalmaz. Buna görə də qızına meyl edən kənd cavanlarının hamısından artıq ürəyi doğrudan da Salmanda idi. Bütün bunlara baxmayaraq Salman qəti qəti hərəkət etmir, tərəddüd göstərirddi. Bunun da səbəbi vardı. Birinci səbəb o idi ki, Pərşan onun eyhamlarına həmişə ikibaşlı cavab verir, zarafata salıb gülürdü. İkinci səbəb də Rüstəmin tərs adam olması idi. Salmanın aləmində, Rüstəm kişinin ipinin üstünə odun yığmaq olmazdı. Bir də gördün səni yarı yolda qoydu. Tərs damarına düşdü, “yox” deyib duracaq. Bir hərəkətin xoşuna gəlmədi, deyəcək “get, bala, sənə mən qız vermərəm!” Söz ağzından çıxdı, qurtardı. Fələk də quyruğunu yerə qoysa geri götürən deyil. Şirzadın da Pərşana göz dikdiyini, ona meyl etdiyini Rüstəm kişidən başqa hamı bilirdi. Qızın onu sevib-sevməməsi isə yenə şübhəli idi. Salmana elə gəlirdi ki, sevmir. Çünki qız onu həmişə tənəli sözlərlə qarşılayır, bəzən istehza edir, küsüb oturan uşaq kimi ondan üz döndərir, sözünə cavab belə vermirdi. Hətta onu acılayan vaxtları da olurdu. Ümumiyyətlə, Salman Şirzadı özünə ciddi rəqib hesab etmirdi. “Nə qədər bic olsa, yüz beləsini büküb cibimə qoyaram” deyirdi. 2 Hava buludlu idi. Yuxarılarda hərəkətsiz duraraq heç bir işıq buraxmayan qalın, boz bir pərdə göy üzünü örtmüşdü. Aşağılarda, kəndin üstündə isə topa-topa buludlar hərəkət edirdi. Külək çöllərdən qalxan tüstü və dumanı cənuba – Salyan və Lənkəran tərəfə qovub aparırdı. Kənddən xeyli aralı yarğanlar açaraq sahillərini yuya-yuya axıb gedən Araz bir az da bulanıq görünür və getdikcə qaralıb gözdən itməyə başlayırdı. Axşam düşürdü. Qərb üfüqləri qaraldıqca geniş çöllərin qoynundakı kəndləri, çılpaq ağaclarla dolu bağçaları, payızlıq taxıl zəmilərini bir qaranlıq örtürdü. Getdikcə üfüqlər daralır, səhra öz şəklini itirirdi. Kənd evlərini bir-birindən seçmək olmurdu. Axşam qaranlığını hərə bir cür qarşılayırdı. Çənli-dumanlı axşam Nəcəfin kefini daha da pozduğu halda, nədənsə, Şirzadın ürəyini xoş hisslərlə doldururdu. Gözünü uzun cığıra dikmiş Salman isə bu axşama biganə görünürdü. Sanki heç şey onun vecinə deyildi. Əslində isə o, axşamı görmürdü, öz fikirləri ilə məşğuldu. - Yaxşı, siz gedin, biz də başlayaq, - deyə Nəcəf sükutu pozdu. Şirzad pencəyinin qolunu çəkib biləyindəki qızıl saata baxdı: - Hələ tezdir, nə tələsirsən, qoy hamı yığışsın. Kənd arası kollu-koslu və dərəli-təpəli boşluqdan kolxoz həyətinə uzanan cığırın başında bəstəboylu bir qız göründü. Şirzad onu hamıdan əvvəl tanıdı və tanıyan kimi də qara, xəyalpərvər gözləri ilə güldü. Salmanın da rəngi açıldı. Şirzada baxıb qaşlarını tərpətdi: - Pərşandır! - Bəli, Pərşandır. - Durna kimi səkir. Şirzad cavab vermədi. Pərşan gəlib yaxınlaşdı. Onun əynində xəzli qara palto, başında sarı yun şal, ayağında işıldayan uzunboğaz boti vardı. Qız qapıya çatmamış Salman müsahiblərindən ayrılıb ona tərəf getdi. Sərin axşam havasının alma kimi qızartdığı yanaqlarına, iri qara gözlərinə baxıb salam verdi, əlini əlinə alıb sıxdı və saxlayıb nə isə dedi, yumşaq və xoş bir gülüş həyətə yayıldı. Pərşan qapıya yaxınlaşanda Şirzad və Nəcəflə ucadan salamlaşdı. Şirzad da, Nəcəf də hörmətlə qızın salamını aldı, yaxınlaşıb əlini sıxdı. Hətta Şirzad işıqlı, iti baxışlarını Pərşanın gözünə dikib durdu. Bu baxışlar altında daima anlaşılmaz bir təlaş və həyəcan keçirən Pərşan ani olaraq Şirzadı süzdü və nədənsə pərt olmuş kimi salmana dedi: - Atam xahiş edib ki, iclasdan sonra bizə gedəsən. Salman açıq nəzərlərini bir qızarmağa başlayan Şirzada, bir də Pərşana salıb nəzakətlə dedi: - Baş üstə, Pərşan xanım. Şirzada elə gəldi ki, bu adi sözlərdə başqa gizli bir məna var və bu mənanı Pərşan başa düşür. – Görəsən xoşuna da gəlirmi? – Ürəyindən keçən suala cavab axtarır kimi bir də Pərşana tərəf döndü. Göz qırpmadan onun yumru çənəsinə, üzünə, yaraşıqlı balaca dodaqlarına baxdı, hətta nə isə demək də istədi. Lakin nədənsə, danışmadı, qız da susub içəri keçdi. Bayaqdan bəri kefi saz olan Şirzad bir az dalğınlaşdı. Salman isə daha da canlandı. Gözlərini Şirzaddan və Nəcəfdən çəkmədən cürbəcür sözlər danışmağa başladı. İndi sözlər onun ağzından şəkər kimi tökülürdü. Şirzad yenə gözlərini uzaqlara dikmişdi. Nəcəf yenə gah Salmana baxırdı, gah kəndin küçələri ilə birləşən balaca cığıra. Bu cığırda yeni bir qız göründü. O, tamamilə Pərşan kimi geyinmişdi. Əynində Pərşanınkı biçimdə və eyni rəngdə xəzli palto vardı. Onu görən kimi Nəcəfin gözləri güldü, xoş bir fikirlə üzü açıldı. “Yenə cavan göründü gözlərimə”, deyə Salman avazla oxudu və onu qarşılamaq üçün qabağa getdi: - Salam, Maya xanım, - deyib əlini sıxdı. Maya, Nəcəf və Şirzad ilə də görüşdü. Salman onun yumşaq biləyindən tutarkən Maya əlini çəkdi: - Vaxt deyilmi? – deyə soruşdu. - Vaxtdır, lakin hələ hamı yığışmayıb, - deyə Şirzad dilləndi. - Çoxmu çəkər? - Yəqin bir 20 dəqiqə də gözləməli olacağıq. - Nə etməli, gözləyərik, - deyə Maya içəri keçdi. Salman onun dalınca: - Yaman vaxt gözləyəndir. Saatdan düz işləyir. Ay xoşbəxtdir bu Qaraş ha, maral kimi bir qız tapıb, - dedi və azca düşünüb əlavə etdi: - Deyəsən sədrin gəlininə göz dikən çoxdur. Nəcəf kinayə ilə cavab verdi: - Özü də birinci ağzı sulanan sənsən, hə? - Keçməli can deyil, başın üçün! Amma mən qələt elərəm, əcəlim çatmayıb ha, bir də ki, kişi ilə düz-çörək kəsmişik, - deyib Salman ciddiləşdi və Şirzada döndü – Elədirmi, ay şair? Acıqlı görünən Şirzad onun sözlərini eşitmirmiş kimi ötəri bir nəzərlə üzünə baxıb, cavab vermədi. Nəcəf isə qaşlarını düyünləyib kluba getdi. Salman özünü sındırmadı. - Sənin dərdin Pərşan dərdidir, elə bil ki, sədrin qızı dünyanın gözüdür. Şirzad ciddi bir tövrlə təsdiq etdi: - Doğrudan da yaxşı qızdır. - Bəs niyə dayanmayıb birbaş içəri keçdi? Yoxsa aranız dəyib? Istəyirsən gedim çağırım, barışdırım? Şirzad onun qolundan tutub saxladı və üzünə baxıb istehza ilə gülümsədi. Şirzad ona görə gülümsədi ki, Salman hər hərəkəti və sözü ilə camaat arasında yayılmış fikrin doğruluğunu sübut edirdi. Camaat ona yastı Salman deyirdi. Çünki o hər şeyin dünyada hamar, yastı olmasını istəyirdi. Sanki onun sənəti iti ucları hamarlayıb yastılamaqdan ibarət idi. Hər yerdə ata ilə oğlun ixtilatına qarışmaq, iki sevgilinin arasına girib, onları barışdırmaq, ər ilə arvadın davasını yatırtmaq, sədrin qəzəbinə gəlmiş adamların işini düzəltmək sanki Yastı Salmana peşə olmuşdu. Yastı Salman çağrılmağına da səbəb onun yalnız xasiyyəti deyildi. Xarici görkəmi də buna əsas verirdi. Təbiət onu qəribə yaratmışdı: enli üzü yastı idi, burnu yastı idi, qara qaşları yastı idi, çənəsi yastı idi, dodaqları yastı idi. İri tüklü əlləri yastı idi, bədəni yastı idi. Bu yastılıq onu ortaboylu adamlardan balaca göstərirdi. Halbuki əslində heç də balaca deyildi. Qəribədir ki, bu adamın yerişi və gülüşü də yastı idi. Güləndə elə bil ki, daşın altında qurud əzirdilər; arasıkəsilməz xırıltılar eşidilirdi. Buna elarası noxudu gülüş deyərlər. Yastı yerişi isə o qədər yastı idi ki, kənardan baxan onun yeridiyini və ya suda üzdüyünü birdən-birə ayırd edə bilməzdi. Əlbəttə, Salmanda yalnız bu keyfiyyətlər olsaydı, şübhəsiz ki, heç bir qız Şirzad kimi cəsur, qoçaq bir adamı qoyub onu seçməzdi. Lakin Salmanın başqa keyfiyyətləri də vardı; o, həyat adamı idi, çətin ayaqda daha tez çıxış yolu tapırdı. Başı gicəlmirdi, çalışqan idi, bitməz-tükənməz qüvvəsi vardı. Bütün bunlara görə də Pərşan indiyə qədər öz qəti hökmünü verə bilmirdi. Sanki Şirzadı yaxud Salmanı seçmək onun üçün həllolunmaz müşkülə dönmüşdü. Hərdən Şirzada elə gəlirdi ki, Salman öz səbirli, mehriban və xoş rəftarı ilə artıq qızı ələ almışdır. Belə düşünəndə Şirzad bədbin olurdu. Az qalırdı gedib Salmanı tapa və soruşa: “O sənin nəyini sevir?!” – Lakin özünü saxlayıb getmirdi, çünki Yastı Salman onun bu sözlərini də şirin gülüşlərlə qarşılayacaq, hətta istehzaya qoyacaqdı. Salmanı acıqlandırmaq, qəzəbləndirmək mümkün deyildi. Qadınlarla olduğu kimi kişilərlə də əlaqəsi səmimi və açıq görünərdi. Hər kəsin evinə gedib-gələr, hər kəsin sirrini bilər, xeyirxah məsləhətlər verərdi. Birinin adamı öləndə qapısını birinci açan Yastı Salman olardı. Tez tabut tədarükündə olar, qəbiristana qaçardı, çay-qənd üçün selpoya yüyürərdi. Toy günündə birinci o əl-ayağa düşərdi. Özü də heç bir işi görməkdən çəkinməzdi: ora qaçar, bura qaçar, bir şeyin yaddan çıxmasına yol verməzdi. Şirzad Yastı Salmanı belə tanıyırdı və öz ürəyində ona bəraət qazandırırdı. Təbiəti belədir, xeyirxahdır. Buna da qabiliyyət lazımdır. - Yaxşı, niyə bu soyuqda durmuşuq? Gəl, biz iclasımıza gedək, - deyə Salman Şirzadı fikrindən ayırdı. - Yeri, Nəcəfə de, bir-iki adam da ayırsın. - Yenə sən yaxşısan, mənim sözümə baxmaz. - Sənin dilin daşı da da yumşaldar. Yeri görək. Salman “baş üstə!” deyib içəri girdi və ikicə dəqiqə keçməmiş geri qayıtdı: - Bu saat gələrlər. Doğrudan da iki qız və üç oğlan klubdan çıxdı. Onlara qoşulub ucadan deyib gülə-gülə, şadlıq və hay-küylə kolxoz idarəsinə tərəf yollandılar. Salman Şirzadın qoluna girib yastı və şirin-şirin oradan-buradan danışarkən, Şirzad bilmirdi ona nifrəti var, yoxsa məhəbbəti. Onlar kolxoz iclasına yollanırkən hələ qanı durulmamış Nəcəf qaşqabağını salladığı halda komsomol iclasını açdı. - Yoldaşlar! – dedi və ağzına qədər adamla dolu zalı süzdü. – Gündəlik məsələmiz ikidir. Birinci – pambıq toplanışını mexanikləşdirmək, ikinci – kəndimizdə səhiyyə və mədəni-maarif işlərinin vəziyyəti. Kimin nə təklifi var? Yerlərdən “təsdiq olunsun, təsdiq olunsun”, deyə qışqırışdılar. Lakin görünür bu səslər Nəcəfə xoş gəlmədi. Acıqlı-acıqlı dedi: - Qışqırmayın. Təklifi olan barmaq qaldırıb söz alsın. Maya əyilib yanında oturmuş Qızyetərin qulağına pıçıldadı: - Buna neyləmisən belə qanı qaradır?! Qızyetər üzük kimi yanan gözləri ilə gülümsədi, ilk dəfə görürmüş kimi narahat və yoxlayıcı bir tərzdə Nəcəfi süzdü. “Doğrudan da buna nə olub?” deyə düşündü. Birdən Qızyetərin gözünə dəydi ki, ciddilik və qaşqabaqlı olmaq Nəcəfə yaraşmır. Bu fikrin təsiri ilə onu gülmək tutdu, lakin özünü saxladı və Mayanın qulağına nə isə pıçıldadı. Nəcəf azca tutqun halda bu tərəfə çevrildi, qızların hər ikisinə xəbərdaredici bir nəzər fırladıb dedi: - Hə, nə təklif var? Yenə bir neçə yerdən səs gəldi ki, gündəlik təsdiq olunsun. Buna baxmayaraq, Nəcəf demokratiyanı gözləyərək səsə qoydu. Gündəliyin vahid rəylə qəbul olunduğunu qeyd etdikdən sonra yanında oturmuş Pərşana tərəf əyilərək: “birinci məsələ haqqında məlumat üçün sözü mənə ver”, deyib qulağına pıçıldadı. Pərşan ayağa durdu və ona söz verdi. Nəcəf əyri-üyrü taxtadan qayrılmış və adamın başı zorla görünən xitabət kürsüsünün dalına keçdi, yavaş-yavaş danışmağa başladı. Azca sonra qızışdığı zaman hiss etdi ki, xitabət kürsüsü onu sıxır, əl-qol açmağa qoymur. Bir qədər sonra bir az da qızışanda xitabət kürsüsündən çıxıb səhnənin qırağına gəldi və sözünə davam etdi. Getdikcə ürəyi boşaldı, açılışdı, həvəsləndi. Nağıl söylər kimi pambıqyığan maşın haqqında, insan zəhmətini yüngülləşdirmək, məhsuldarlığı qaldırmaq haqqında şirin-şirin danışdı. Danışdıqca azca əvvəki buludlar onun üzündən çəkilir, xoş xəyallarla dolu olan gözləri gülümsəyirdi. Çıraq kimi üzünə dikilmiş bütün başqa gözlərdə də bir sevinc və təbəssüm vardı. Sanki köhnə kolxoz klubunun divarları bu insan sevincindən nurlanaraq işıqlanmış və genişlənmişdi. 3 Yaz yaxınlaşırdı. Rüstəm kişi rayona verdiyi məlumatlarda göstərirdi ki, “Yeni həyat” bu il yaza keçən illərdən yaxşı hazırlanmışdır. Doğrudan da Rüstəm kişiyə elə gəlirdi ki, çiyid dərmanlanmış, gübrə sahələrin ətəyindəki züsusi binalara daşınmışdır, kotanlar, toxumsəpənlər və başqa alətlər sahlərdən yığılaraq təmir olunmuşdur. Rüstəm kişiyə belə gəlirdi, çünki Salmanın, Yarməmmədin, Lal Hüseynin verdiyi məlumatlara inanırdı. Sahələrin hamısına şəxsən getməmişdi. Briqadaların tərkibini isə bir ay əvvəl özü müəyyən etmişdi. İndi yaz işlərinin planı xüsusi iclaslarda bütün briqada üzvlərinə çatdırılmaqda idi. Beləliklə, Rüstəm kişi səhər-axşam gözünü buludlu-dumanlı göylərə tutaraq, havaların açılmasını gözləyirdi. Səbirsizliklə göylərə baxan təkcə Rüstəm kişi deyildi. İndi bütün kənd yazın ilıq həfəsinin həsrətində idi. Çöllərin oyanmasını, günəşin munis şüaları altında yerdən duman və buğ qalxmasını, ağacların çiçəklənməsini, quşların civildəşməsini gözləyirdi. Bu il hamının sinəsində böyük bir ümid canlanırdı. Hamı ilin məhsullu olacağına, keçən ilkindən iki-üç dəfə artıq gəlir götürəcəklərinə inanırdı. Təbiidir ki, bu inam kolxoz sədri Rüstəm kişinin ürəyində daha güclü idi. O, kolxozun qüvvə və imkanlarını daha yaxşı bilirdi. Buna görə də onun hərəkətləri qəti, sözləri möhkəm və ümidi sarsılmaz idi. Bu ilin təbii şərati onun inamını daha da möhkəmləndirirdi. Qışın axır ayı çox sərt keçmişdi. Yarım metr qalınlığında qar yorğanı uzun müddət payızlıq taxılların üstünü örtmüşdü. Rüstəm kişinin hesabına görə, bu il yaz da mülayim və yağıntılı olmalı idi. Rüstəm kişi əlli illik ömrünü ucsuz-bucaqsız çöllərin qoynunda keçirmişdi, bu çöllərin necə nəfəs aldığını da bilirdi. Qışa baxıb yazə müəyyən edər, yaza görə yayın necə olacağını xəbər verərdi. Şəxsi müşahidələr və hissiyyata əsaslanan mülahizələri çox zaman doğru çıxardı. Rüstəm kişi özü bu fikirdə idi ki, havanı təyin etməkdə hələ heç vaxt səhv etməmişdir. Qonşu “Qızıl bayraq” kolxozunun sədri Qara Kərəm oğlu isə son 20 ildə onun üç dəfə səhv etdiyini deyirdi. Söz yox, Rüstəm kişi bunu boynuna almırdı. Hər halda bu il yazın gözlədiyi kimi olacağına Rüstəm kişinin heç bir şübhəsi yox idi. Deməli, yaza hazırlıq yaxşı keçirilib, havalar pis olmayacaq, kolxozçuların ruhu yüksəkdir – tufan edəcəyik! Rüstəm kişi belə düşünürdü. Planı 150% yerinə yetirəcəyinə arxayın idi. Bu əhvali-ruhiyyə ilə də “Qızıl bayraq” kolxozu ilə yarışmağa razı olmuşdu. Yarış şərtləri əvvəlcədən hazırlanmışdı. Bu şərtlərin çoxunu Rüstəm kişi öz dili ilə demiş, Salman da kağıza yazmışdı. Kolxozun ümumi iclası onları bəzi əlavələrlə təsdiq etmişdi. İndi “Yeni həyat”ın nümayəndələri idarənin qabağında duraraq maşını gözləyirdilər. “Qızıl bayraq” kolxozuna gedəcəkdilər. Orda təntənəli şəraitdə yarış müqaviləsi imzalanacaqdı. Nümayəndələr 15 nəfərdən ibarət idi. Onların içində Rüstəm kişidən başqa Qızyetər, Yastı Salman, Şirzad və Nəcəf də vardı. Hamısı toya gedir kimi yaxşı geyinmişdi. Orden və medallarını taxmışdı. Hətta Qızyetər başına həsir şlyapa da qoymuşdu. Bununla da çoxlarının nəzərini özünə çəkirdi. Şirzad sarı köynəyin üstündən göy pencək geyərək qalstuk da bağlamışdı. Lakin həmişəki kimi onun qalstuku tez-tez sürüşüb yana qaçırdı. Qızyetər balaca əlləri ilə onun qalstukunu düzəltdi: - Nə vaxt yerində duracaq? Salman yastı-yastı güldü: - Subayın səliqəsi olmaz, evinə də gedəndə adamın ürəyi yanır, hər şey var, amma istilik yoxdur! Yaxşı deyiblər: arvadsız ev, susuz dəyirman kimidir. Qızyetər kolxoz sədrini söhbətə çəkmək istədi: - Rüstəm dayı əl qatmasa Şirzadın işi düzələn deyil. Elə bir tərsə rast gəlib ki. - Eşq qabağında yola gəlməyən tərs yoxdur, - deyib Nəcəf Qızyetərə baxdı, - o tərsi də düzəldərik. Fikirli olan Rüstəm kişi söhbətin qızı Pərşan üstünə gəldiyini görərək daha da ciddiləşdi və Nəcəfə keçən günkü iclası xatırlatdı. - Sən səsini kəs, dələduz! Salman da Nəcəfə sataşdı: - Özünə qəlbir çala bilmir, başqasına ələk ələyir. Mən olmasaydım, qalmışdın Qızyetərin əlində əsir. - Bəs yoldaş yoldaşa nə gündə gərək? İndi də gərək başqalarının dərdinə qalaq. - Özümüzə gələndə əlimiz bağlanır. Eşitməmişsən, çıraq öz dibinə işıq salmaz. - Yox, düz deyil! O çıraq idi. İndiki lampalar hər tərəfə işıq salır. Daima beləcə bir-birinə sataşır, zarafatlaşır, gülüşürdülər. Rüstəm kişi də gənclərə qoşulmuşdu, bu gün kefi saz, halı yaxşı idi, deyib-danışır, zarafata zarafatla cavab verirdi. Eyni zamanda o, işin gələcəyini düşünür, özünə müavin axtararaq, danışıqarası gəncləri bir-birilə müqayisə edirdi. Şirzadın qartal gözlərinə, uzun boynuna baxıb düşündü: “Kişidir, igid oğlandır. Dağı dağ üstə qoyar, yiruldum deməz. Yaxşı müavin olacaq!” Rüstəm kişinin belə düşünməsi təsadüfi deyildi. Özünə yaxşı müavin tapmaq fikri onu çox narahat edirdi. Rayon təşkilatları da “adam tap” deyib tələsdirirdilər. Bu barədə o, qoca kolxozçularla, ayrı-ayrı partiyaçılarla, briqadirlərlə məsləhətləşmişdi. Hətta sözarası rayon işçilərinin də ağzını yoxlamışdı. Hərə bir adamın adını çəkirdi. Beləliklə bir siyahı əmələ gəlmişdi. Şirzad, Nəcəf komsomol, yastı Salman, Telli arvad və sairə. Nəcəf komsomolun adını eşidən kimi Rüstəm kişi etiraz etdi. - At getsin, sən allah! Demaqoqun birdir. Xüsusilə Şərəfoğluyla görüşdən sonra imzasız kağızın Nəcəf tərəfindən yazıldığını güman edir və buna görə də onu yaxına buraxmırdı. Telli arvadın da adını eyni dəlillərlə siyahıdan silmişdi. Bircə bunu əlavə etmişdi ki, “arvadın demaqoqu dəhşətdir, allah heç kəsi beləsinə rast gətirməsin”. Əvvəllər Yastı Salman ürəyinə hamıdan çox yatmışdı. Onu həm yaxşı tanıyırdı, həm də ki, keçən gün onun müavin haqqında dediyi sözlər çox xoşuna gəlmişdi; üzüyola, başıaşağı. Rüstəm kişiyə elə gəlirdi ki, Salman məhz bu cür müavin olacaq, nə desə “baş üstə!” deyib yerinə yetirəcək. Lakin rayon partiya komitəsində Salmanın adı çəkiləndə o qədər də həvəs göstərməmişdilər. Rüstəm kişi özü də uzun müddət ölçüb-biçərək bu qərara gəlmişdi ki, “Salmanı mühasiblikdə saxlamaq daha yaxşıdır. Nökər kimi durub qabağımda, nə buyururam “baş üstə!” deyib yerinə yetirir. Müavin qoymaqla bacarığı, qabiliyyəti artmaycaq ha, hələ kim bilir bəlkə başqa fikirlərə də düşəcək. Elə adam tapım ki, bir az təpərli olsun”. Beləliklə, siyahıda ancaq Şirzad qalmışdı. Salman bitərəf idi, Şirzad partiyalı, nəinki partiyalı idi, hətta bir həftə qabaq onu kolxoz partiya təşkilatına katib də seçmişdilər. “Müavin olsa, mənim işim bir az yüngülləşər, necə olsa çiynini yük altına verməyə məcbur olar”, deyə Rüstəm kişi qəti qərara gəlməyə başlayırdı. Xəbər Şirzadın da qulağına çatmışdı. O da öz aləmində Rüstəm kişi ilə işləməyə şad idi: “Təcrübəli adamdır, kolxoz təsərrüfatını yaxşı bilir, çox şey öyrənmək olar. Samballı kişidir. Sözü də kişi sözü, dedi – qurtardı. Beləsi ilə yol gedən peşmanlıq çəkməz. ” Şirzad hissə qapılan, yəni Salmanın dediyi kimi qəlbən şair idi. Hissə qapılanda da ürəyi yaz səhərinin üfüqləri kimi açılırdı. Bu halda o hamıya inanır, hamıda ancaq yaxşı sifətlər görürdü. Pis və yaramaz cəhətlər isə nəzərindən qaçırdı. Hazırda Rüstəm kişiyə də anvaq bu nəzərlə baxırdı. Onun ancaq nəcabət və mərdliyini gürürdü. Bir də ki, Şirzadın nəzərində müavin olub-olmamağın heç bir mənası yox idi. Vəzifə onu cəlb etmirdi. Elə briqadirliyindəcə ləzzətlə işləyirdi. İndi bu qədər fikirli olmasının səbəbi isə başqa şeydi; yarış şərtlərinin müzakirəsindən sonra məhsuldarlıq məsələsi onu çox məşğul edirdi, ona elə gəlirdi ki, məhsuldarlığı xeyli artıra bilərlər, şərtləri isə deyəsən, az götürmüşlər. Əvvəlcə dumanlı olan bu fikir getdikcə aydınlaşır və ona həqiqət kimi görünməyə başlayırdı. Onun dalğınlığını görən Qızyetər: - Gərək sən aşıq olaydın, - dedi, - nahaq pambıqçı olmusan. - Biri o borinə mane olmur. Pambıq da yığmaq olar, saz çalıb söz də qoşmaq olar. Trubkasını tüstülədən Rüstəm kişi: - Ay Şirzad, - dedi, - nə ağıllı söz danışdın. Canın üçün, yaz, qoy kolxozumuzun öz aşığı olsun. Yaz, bizi də tanıt bütün məmləkətə. - Rüstəm dayının könlündən qəhrəman olmaq keçir! – deyə Qızyetər güldü. Yarməmməd tez bu sözə cavab verdi: - Qəhrəman olanlar ondan artıq deyil ki! Salman isə Şirzadın yaxasından tutdu: - Ə-ə, başın üçün, yaz. Elə birinci öz kolxozumuzdan başla, Rüstəm dayını bir yaxşıca təriflə. Şirzad mənalı-mənalı onu süzdü: - Rüstəm dayıdan az yazmayıblar ha, yazılanlar bəsdir. Şirzadın bu sözü Rüstəm kişiyə yaman toxundu. “İki ildə vur-tut üç dəfə qəzetə yazıblar, o da camaata çox görünür”, deyə düşündü. “Ay Şirzad, sənin də içində deyəsən qurd var axı”. Bunun məntiqi nəticəsi olaraq, Rüstəm kişinin fikrində bir şübhə oyandı. “Şirzaddan müavin çıxacaqmı?” Salman bu suala cavab tapmağa qoymadı: - Ay Şirzad, qəzetlər Rüstəm dayı haqqında nə yazıblar? Əslinə baxsan, heç nə. Odur, Qara Kərəm oğlundan Bakıda kitab da düzəldiblər, şəkli də üstündə. Kitabın yanında qəzet-məzet yalandır, oxuyub cırıb atırsan, amma kitab qalır. Beş il, on il, əlli il sonra da qalır. Sən də yaşayırsan, yaddan çıxmırsan. Əlini uzadıb tutursan 50 il bundan sonra gələn adamların əlindən, deyirsən mən də varam. Nəcəf komsomol özünü saxlaya bilməyib istehza ilə dilləndi: - Ay Salman, yaltaqlanma görək, Rüstəm əmi də elə bilər ki, doörudan da kitaba düşməli iş görüb. Salman özünü sındırmadı, fikrindən əl çəkmədi: - Lətifəsi Rüstəm əmiyə gəlməsin, el yaxşı deyib ki, ev buzovundan öküz olmaz. Şirzad, mən ölüm, qələmi götür, yaz sədrimizdən! Şirzad onun yaxasından itələdi: - Ə-ə, qır-saqqız olub yapışma, əl çək. Mən heç kəsdən yaza bilmərəm. Guya birdən-ikiyə kitab bağlamışdım. Mənimki yer əkmək, məhsul yetirməkdir. Nə qədər zarafatla deyilmiş olsa da, Nəcəfin və Şirzadın sözləri Rüstəm kişinin ürəyini cızıb yaraladı: “Sözün düzünü zarafatla deyərlər. Mənim barəmdə yaxşı bir söz eşidəndə ikisinin də az qalır dili tutula. Guya bunlar yazmağınan mənə xələt verəcəklər. Cəhənnəmə yazın, gora yazın, guya yazan tapılmayacaq!” deyib hirslənirdi, hirsləndikcə də düşünürdü: “ə-ə, yaxşı ki, tələsməmişəm. Bu Şirzad gədəni müavin qoymamışam. Deyəsən hələ yaxşı tanımıram, deyəsən Salman bundan yaxşıdır”. - Yaxşı, ay uşaqlar, bəsdir, kəsin bu danışığı, nə briqadirdən yazan olmaz, nə də məndən qəhrəman. Yarməmməd sədrin sözünü elə burada kəsdi: - Ondan yazan olub-olmayacağını bilmirəm, amma səndən lap yaxşı qəhrəman olar. Oğul istəyirəm, qələmi ala əlinə, kağızı qoya qabağına, onda görər ki, səndə necə yazmalı şeylər var. - Kiri ə-ə, sonra deyərlər ki, sədrə yaltaqlıq edirsən. Yarməmməd ciddi olaraq etiraz etdi. - Kim? Mən yaltaqlıq edirəm? Allaha and olsun, mən heç raykoma da yaltaqlıq eləmərəm. Bizim nəsildə hələ yaltaq görünməyib. Amma hamıya hörmət etmişik, həmişə haqq söz danışmışıq. Rüstəm kişi etinasızlıqla: - Bəsdir, ay Yarməmməd, - dedi, - damağına toxunmasın. Hörmət, əlbəttə ki, lazımdır. O yerdə ki, böyüyə hörmət olmadı, orda iş getməz. – Şirzada baxdı, - indi deyin görək, müavin haqda nə qərara gəldiniz? Sədrin nə üçün sözü bu yerə çəkdiyini anlayan Nəcəf komsomol: - Sizdən asılıdır, - dedi, - mən fikrimi dünən də sizə demişəm. Dünən axşam Rüstəm kişi bir də Nəcəflə danışmışdı. Nəcəg qəti olaraq Şirzadın üstündə durmuşdu. Rüstəm kişi isə indi bu danışığa başqa istiqamət verdi: - Elədir, danışmışıq. Mən bu fikrə gəlirəm ki, müavinliyə Salmandan yaxşı adam yoxdur. Hamı susdu, yalnız Yarməmməd ucadan təsdiq etdi: - Sağ ol, vallah! Nə tapmısan! Həm təsərrüfatı bilir, həm də başlı adamdır. Yaman başı var, danışdır, Çini-həbəşdən bəri hər yandan xəbər versin. Yarməmməd çoxdan hesabdarlıqdan bir pillə yuxarı qalxmaq fikrində idi. Mühasib stolunun lap özü üçün yarandığını düşünürdü. Salman müavin olmaqla yol açılacaq, arzusuna çatacaqdı. - Salmandan ləyaqətli adam görmürəm, - deyib fikrini tamamladı. Rüstəm kişi Şirzaddan soruşdu: - Necə bilirsən? Şirzada elə gəldi ki, Rüstəm kişi bunu soruşmur, soruşur ki, “hə, necəsən, müavinlik əlindən çıxdımı?” Bu suala o, qürurla cavab verdi: - Bir vəzifəyə ki, hər tini burulanda bir adam təyin ediləcək, ağlı olan o vəzifəyə getməz! Rüstəm kişi bu sözləri belə anladı: “İstəmirəm sənin müavinlik vəzifəni, kimə bağışlayırsan, bağışla, mənə öz briqadirliyim kifayətdir”. Şirzaddan lap acığı gəldi: “Bu ki, dikbaşın biridir. İndidən özünü belə çəkir. Stolun dalına keçəndə hökmünün qabağında durmaq olmaz. Yox, bu məndən də havalıdır, rəhbər olmaq istəyir. Bir kolxozda da bir rəhbər olar, o da mənəm. İki qoçun başı bir qazanda qaynamaz”. Bu lal danışıqdan sonra Rüstəm kişi qəti qərar çıxardı. Nə cür olsa rayon təşkilatlarının razılığını alıb Salmanı müavin qoyacaqdır. Şirzad Salmanın müavinlikdə faydalı olub-olmayacağını düşünürdü. Onun həm mənfi, həm müsbət cəhətlərini fikrindən keçirdi: “İctimai adamdır, fəaldır, ünsiyyət sevəndir, fikri daima hərəkətdədir, gözü açıqdır, təsərrüfatı bilir, kolxozu tanıyır – bunlar hamısı çox gözəldir. Pis cəhəti bircə odur ki, möhkəm fikirli deyil, çox zaman həqiqəti yox, şəraiti nəzərə alır. Nə olar ki. bu qüsur çox adamlarda var. Tənqid edərik, düzəldərik. Tənqid onu fikrində möhkəm olmağa məcbur edir. Yox, etiraz etməyə dəyməz. Elə bilərlər ki, özüm o yerə göz dikmişəm!” Bu qəti qərara gələndə Şirzad rahat oldu, sakit, mülayim və açıq nəzərlə yoldaşlarını süzdü. Hamısı yaxşı adamlar idi, hamısının üzündə-gözündə xoş bir niyyətin işıqları və ruh yüksəkliyi vardı. Yalnız ona Yarməmmədin özü də, gözləri də bulanlıq göründü. Hər dəfə gözü bu adama sataşanda Şirzadın ürəyində bir-birinə zidd olan müxtəlif hisslər oyanırdı. Ona həm yazığı gəlir, həm acığı tuturdu, həm nifrət edir, həm də mərhəmət duyurdu. Yarməmməd bütün görkəmi və hərəkətləri ilə başqalarından srçilirdi. Daima narahat idi, nazik ayaqları üstündə yellənən cüllütə oxşayırdı. Girdə qara gözləri aramsız olaraq oynayır, bir adamdan o birinə, bir şeydən başqa şeyin üstünə qaçırdı. Yarməmməd birinin qolundan tutub maşına qalxmasına kömək edir, o birinin pencəyinin yaxasına qonmuş tük və ya sap qırığını götürür, başqa birisinə xoş nəzərlərlə baxıb gülümsəyirdi. Bir sözlə, o hamıya xoş gəlməyə çalışırdı, məhz buna görə də o, Şirzada pis təsir bağışlayırdı. Sanki Yarməmmədin heç bir şəxsi arzusu, şəxsi düşüncə və ehtirası yox idi, başqalarına xoş gəlmək üçün, uyuşmaq üçün yaranmışdı. Rüstəm kişinin başına xüsusi bir səylə fırlanırdı. Gözü daima onda idi, onun ən kiçik arzularını anlamağa və yerinə yetirməyə çalışırdı. Məsələn, Rüstəm kişi çevrilib yana baxanda Yarməmməd dərhal anlayırdı ki, sədr qoltuğundakı portfeli qoymağa yer axtarır, əlini uzadıb portfeli alırdı. Rüstəm kişi çubuğa tütün doldurmağa başlayan kimi Yarməmməd kibriti çəkib gözləyirdi, hətta bəzən Rüstəm kişiyə tərəf azca meyl etdiyi vəziyyətdəcə kibrit əlində yanıb qurtarır, barmağını yandırırdı, o heç qımıldanmırdı da, sanki barmağının dərisi daşdan, dəmirdən idi. Dərhal ikinci kibriti alışdırır, eyni vəziyyətdə durub Rüstəm kişinin çubuğu doldurub qurtarmasını gözləyirdi; hələ kibriti Rüstəm kişinin trubkasına yaxınlaşdırdığı anda Yarməmmədin üzünə baxsaydınız: bu üz hər şəklə düşə biləcək xəmirə oxşayırdı. Özünün müəyyən bir şəkli yox idi. Ona baxanda Şirzadın hissləri, duyğuları təhqir edilirdi. Rüstəm kişi isə nə bu üzə, nə də bütünlüklə bu adama fikir vermədən, xidmətlərini təbii bir şey kimi qəbul edirdi. O, bircə dəfə açıq gözlə Yarməmmədə baxmış olsaydı, görərdi ki, onun üzünə-gözünə çəkilmiş təbəssüm pərdəsi altında cana üşütmə salan ağır və qara bir nifrət yatmışdır. Yarməmməd kölgəli keçmişindən uzaqlaşa bilməyən adamlardan idi. Onu belə miskin hala salan da keçmişidir. Bu keçmiş bədbəxti hər dəqiqə təqib edir, ağır fikirlər və vahimələr içində titrədirdi. Keçmişin isə ən qaranlıq nöqtəsi 37-ci ildir. O zaman Yarməmməd Şirzadın atası Qasım Kəngərlinin müdir olduğu rayon maliyyə şöbəsində işləyirdi. Hansı bir anketdə isə atasının mollalığını, anasının falçılığını gizlətdiyi üçün onu maarif şöbəsindən qovmuşdular. Kommunxozda da “yerimiz yoxdur, başqasına söz vermişik” demişdilər. Sinsidiyini görən Qasım Kəngərlinin ona yazığı gəldi. Maliyyə şöbəsinə götürdü. Əvvəllər Yarməmmədin ürəyində Kəngərliyə qarşı minnətdarlıqdan başqa bir duyğu yox idi. Lakin sonralar o zamankı vəziyyətdən istifadə etməyi qərara aldı: Qasım Kəngərli təbiətən sadə, təmiz adam idi, “siyasət” bilməzdi, ürəyi dilində idi, hər məsələyə aid açıq danışar, gah tədarük sistemində, gah maliyyə quruluşu və planlaşdırmada qüsurlu saydığı cəhətləri qeyd edər, gah da bu və ya digər işçinin yanlış hərəkət etdiyini söylərdi. Yarməmməd qulaqlarını şəkləyib onu dinləyir, “ihi, ihi” edərək sözlərini yadında saxlayırdı. Nəhayət, başına qaxınc olmuş keçmişini yuyb təmizləmək üçün bu danışıqlardan istifadə etdi. 1922-ci ildə ölüb getmələrinə baxmayaraq, Yarməmmədə elə gəlirdi ki, indi də ata və anası əllərində quran onun yolunu kəsib irəliləməsinə mane olurlar, ancaq qeyri-adi qulluq göstərib canfəşanlıq etməklə onların kölgəsini üstündən götürə bilər. Bu fikirlər Yarməmmədi hər kəsdən və hər kəsə casusluq edənlərin, könüllü surətdə evlər yıxan xırdaların və alçaqların cərgəsinə sürüklədi. Vicdanını satdı, bulanıq suda balıq tutmaqdan ləzzət almağa, qaranlıq gecələrdə yazmağa başladı. Hər gün üzünə gülüb qabaq-qabağa çay içdiyi müdirinin “əksinqilabi danışıq və hərəkətlərindən” rəsmi idarələrə rəsmi, lakin gizli məlumatlar verdi. Qara palçığın altından yavaş-yavaş süzərək möhkəm qayaların dibini oyub uçurdan lehməli sular kimi bu məlumatlar öz işini gördü. Qasım Kəngərli aradan götürüldü. O zaman Yarməmməd çox sevinirdi. Bu fikirdə idi ki, maliyyə şöbəsi müdirini böhtana salıb güdaza verməklə keçmişin kölgəsini üstündən silib atmış, özünü amansız bir fırtınadan xilas etmişdir. Lakin elə bir zaman gəldi ki, xidmət donuna geydirilmiş xəyanətlərin üstü açıldı, 37-ci ildəki qara əməli ağır bir zəncirə çevrilərək, Yarməmmədi boğmağa başladı. Şirzadın atasının bəraət kağızı gələndən Yarməmmədin yediyi, içdiyi zəhərə dönüb, yuxuları vahimə ilə dolmuşdu: hər dəqiqə oturub gözləyirdi ki, çağırıb “böhtan üçün cavab ver!” deyəcəklər, gözləyirdi ki, Şirzad yaxasından tutub “atamın qatili!” deyə üzünə tüpürəcəkdir. Hələ Rüstəm kişi! Onu görəndə Yarməmmədin qorxudan az qalır ürəyi partlasın, sanki bu dəqiqə aləmin gözü qabağında sədr boğazından yapışıb sıxacaq, təpiyi belinə vurub deyəcək: “Get, satqın, bizim çörək sənə haramdır!” Yarməmmədi əcaib şəklə salan dəhşətli duyğuların tarixi belədir. Maşın həyətə girdi və gəlib idarənin qabağında durdu. Rüstəm kişi şoferə yaxınlaşdı: - Əyə, harda belə ləngidin? İlişib eləməmişdin ki? Şofer acıqlı-acıqlı cavab verdi: - Nə ilişmək?! Görürsən ora-burasını düzəldib səliqəyə salmışam, qoy abırlı olsun. Rüstəm kişi bir söz deməyib maşına minmək üçün camaata işarə verdi. Kolxozçular maşına doluşdular. Yarməmməd Rüstəm kişiyə şoferin yanında yer hazırlamışdı. Hamı mindikdən sonra qapını açıb bir əliylə tələsik oturacağı silərək, o biri əliylə qapını tutub Rüstəm kişiyə “buyurun” dedi. Rüstəm kişi bir addım ona tərəf atdı, sonra dəstədən ayrıqlmaq istəməyərək geri döndü. - Sən özün orada otur, Yarməmməd, mən dalda oturacağam, söhbət etmək istəyirəm. Əlbəttə, Yarməmməd bu təkliflə razılaşmadı. - Yox, yoldaş sədr, mənim yerim daldadır. Rüstəm kişi yuxarı çıxdı və kabinənin söykənəcəyinə yapışmış skamyada oturdu. Sərin hava üz-gözlərini oxşaya-oxşaya yola düşdülər. Rüstəm kişi, son deyişməni unutmuş kimi, əlini yanında oturmuş Nəcəfin çiyninə vurdu: - Hə, qoçaqlar, görək bu il nə edəcəksiniz. Gərək bütün cavanları ayağa qaldırasınız, ümidim sizədir. Rüstəm kişinin kinli olmadığını, tez qızışdığı kimi, tez də soyuduğunu güman edən Nəcəf “yaxşı sədrimiz var!” deyib düşündü və bu fikrin oyatdığı bir sevinclə yonma daş kimi möhkəm, yumru bədənini dikəltdi. Sinəsini irəli verdi. - Rüstəm dayı, arxayın ol, gənclər “Yeni həyat”ın adını batırmazlar. Sən qocaları hərəkətə gətir. Yastı Salman sözə qarışıb dedi: - Bu başdan gəlin şərt kəsək ki, dalda qaldı yoxdur. Qoca da, cavan da əlindən gələni etməlidir. Bir yerdə ki, söhbət gəlirimizi artırmaq barədə gedə, yatmaq olar? Bol məhsul uğrunda mübarizədə dalda qalmaq kişilikdən deyil! Rüstəm kişi daha da həvəsləndi: - Gərək bu il kolxozumuzda əmək normasını birə-iki yerinə yetirməyən adam qalmasın. Ancaq yaxşı iş ilə Qara Kərəm oğlunun qabağında tab gətirmək olar. Yarməmməd sədrə ürək-dirək verdi: - Ay yoldaş sədr, Qara Kərəm oğlu nədir, sənin qabağında dursun! Allah sənin kölgəni bizim üstümüzdən əskik eləməsin, işimiz həmişə irəli gedər. - Yox, Yarməmməd, Qara Kərəm oğlunu sən o qədər də zəif bilmə. Bərk adamdır. Hələ-hələ geri çəkilən deyil. - Nə qədər bərk olsa, bizim sədrin yanında pambıq kimi yumşalacaq. Yenə deyirəm, allah sizi “Yeni həyat”a. Şirzad Yarməmmədin sözünün dalına qulaq asa bilməyib səbirsizliklə dedi: - Hər adam ancaq iş üçün yaşasa, iş üçün düşünsə biz yarışda qalib çıxarıq. Yoxsa indidən başımızın altına yastıq qoymağın xeyri yox, zərəri var. Araya sükut çökdü. Hamı Şirzadın nəyə işarə etdiyini anlayıb fikrə getdi. Hətta Rüstəm kişi bir balaca pərt də oldu. Yarməmmədin üzdən çox məsum görünən tərifləri özü də hiss etnədən onun canına yatırdı. Şirzadın söhbət arası, dediyi söz isə tikan kimi dərisini cızdı. Ağırlıq hiss edər kimi yerində qurcalandı. Şirzadın sözünü uddu. Şirzad isə düşündü ki, bu zəhrimar tərif lap zəhərli şərbət kimi bir şeydir. Heç xəbərin olmadan içirsən, ləzzət verir, sonradan içərini göynətməyə başlayır. Bu hissin təsiri ilə Yarməmməd ona daha da pis görünürdü. Dəvə beli kimi əyri burnu, sarı üzü, qara gözləri adamın lap zəhləsini qaçırırdı. Hətta birinci dəfə olaraq, Yarməmmədin gözlərinin maymaqcasına yumulub-açıldığına, üzünün və əllərinin tüklənib-qıllandığına diqqət yetirdi. Başını yana çevirdi, ürəyində “tfu, heyvana oxşayır. İyrəncdir”, dedi. Şirzadın dodağını belə tərpətmədən ürəyində dediyi bu sözləri hamı eşitdi desək səhv etmərik. Amma bircə adam nə onun hərəkətini gördü, nə də sözlərini eşitdi. O da Yarməmməd idi: özündən böyüyə xoş gəlmək, qulluq göstərmək həvəsi onun bütün başqa hisslərini kütləşdirmiş, əzmiş, susdurmuşdu. Rüstəm kişi isə Yarməmmədin yaltaq hərəkətlərinə çoxdan alışdığından, başqalarında oyatdığı ikrah hissini duymur, ya da duymaq istəmirdi. Yarməmmədin yalmanlığı və qulluq göstərməsi ürəyinə yatırdı. Maşın “Qızıl bayraq” kolxozuna yaxınlaşdıqca uzaqlarda duman içində kəndin boz evləri, çılpaq ağacları görünməyə başladı. Yolun hər iki əlində otu-ələfi nisbətən az olan, ucsuz-bucaqsız bir düzənlik uzanıb gedirdi. Bu düzənlik “Qızıl bayraq” kolxozunun şumlamağa hazırladığı pambıq çölləri idi. Ona baxdıqca Şirzadın da, Rüstəm kişinin də, Nəcəfin də rəngi açılırdı. Rüstəm kişi iti baxışlarla çölləri süzüb: - Qızıl kimi torpaqlardır, - dedi, - Qara Kərəm oğlu yaman seçib! Şirzad Qara Kərəm oğlu ilə Rüstəm kişinin arasında yarışın daima qızğın və canlı bir şəkil aldığını bilirdi. Onlar yalnız iki qonşu kolxozun sədrləri kimi bir-birini keçmək həvəsi ilə deyil, bir də yaşlı adamların öz bacarıq və üstünlüyünü sübut etmək ehtirası ilə yarışa girərdilər. Şirzad bilirdi ki, Rüstəm kişi təbiətən məğlub olmağı, ikincilər cərgəsində oturmağı, dalda qalıb ayağını sürməyi sevmir. O hər fəsildə, hər işdə həmişə birincilər cərgəsində olmağa meyl etmiş və ləyaqətlə orada öz yerini tutmuşdur. Əlbəttə, bəzən dala qaldığı, büdrədiyi, bu və ya başqa kolxozla yarışda ikinci yer tutduğu hallar da olmuşdur. Belə zamanlarda təbiidir ki, onun gülər üzü bir qədər tutqunlaşar, alnını kiçik qırışlar örtərdi. Qara Kərəm oğlundan geridə qaldıqda isə dərin bir iztirab keçirərdi. İndi dediyi sözlər də Qara Kərəm oğlunun mümkün ola biləcək üstünlüyünü əvvəlcədən obyektiv səbəblə izah etmək təşəbbüsündən başqa bir şey deyildi. Bəlkə də Rüstəm kişinin heç belə bir fikri də yox idi, yəni heç bu barədə düşünməmişdi, lakin qeyri-iradi deyilmiş olsa da, bu sözlərin ancaq bircə mənası vardı: “Qara Kərəm oğlunun torpaqları bizimkindən yaxşıdır”. Bu fikir Şirzada xoş gəlmədi və dərhal: - Bizim torpaqlar heç də bunların torpağından pis deyil, - dedi, - çox cəhətdən bizimkilər yüksək məhsul üçün daha əlverişlidir. Rüstəm kişi Şirzadın sözlərindəki gizli mənanın üstündən keçmədi: - Sən torpağın necəliyini məndən soruş, bala. Mən onun hər sirrinə bələdəm. Belədirmi, ay Salman? Salman cavab verməmiş Yarməmməd danışdı: - Yoldaş sədr torpağın allahıdır. - Sən kiri, ay bala. Başa düş ey, sonra deyərlər ki, hesabdar sədrə yaltaqlıq eləyir. Kiri, qoy Salman desin. Daha inandırıcı olsun deyə Salman üzünü Şirzada tutdu: - Onu bilirəm ki, necə pis torpaq olsa, Rüstəm dayının əli dəyəndə gül-çiçək bitirər. Rüstəm kişi Şirzadı həm tərksilah etmək, həm də bundan sonra fikrinə qarşı fikir demək həvəsini öldürmək məqsədilə: - Yox, ay Salman, - dedi, - dünyada pis torpaq yoxdur, pis adam var. Torpaq deyər, əz məni, əzizləyim səni, yəni mənə yaxşı bax, mən də səni ucaldım, pis baxsan, xar eləyərəm, bir versən əvəzini on qaytararam, verməsən özündən küs; bizim torpaqlar Qara Kərəm oğlunun torpaqlarından yüz qat artıqdır. Çünki sizin kimi oğullar qulluq edir! Axırıncı sözləri deyərkən o, əlini Şirzadın, Nəcəfin, Yastı Salmanın və başqalarının döşünə vurdu, Yarməmməd də döşünü qabağa verdi, lakin Rüstəm kişi əlini etinasızcasına yana çəkdi: - Bəli, torpaq insanın yox, insan torpağın şöhrətini artırır! Hamı xəyalpərvər gözlərlə ayılmaqda və yavaş-yavaş buğlanmaqda olan çöllərə baxaraq fikrə getdi. Torpaq oxunmamış bir kitab kimi açılaraq onları çağırırdı. Maşın çölləri, təpələri, yarğanları və ox kimi düz yolları arxada buraxaraq “Qızıl bayraq” kolxozuna yaxınlaşmaqda idi. Başları üstündə qırmızı bayraq yellənən bir dəstə qadın və kişi Rüstəmgili qarşılamaq üçün kəndin ətəyinə çıxmışdı. Balacaboylu, azca arıqtəhər, əynində qara mahud palto və başında qulaqlı papaq olan Qara Kərəm oğlu dəstənin içində idi.O elə durmuşdu ki, sanki sıxılırdı, adamlardan utanırdı, özünü gizlətməyə çalışırdı. Tamamilə ağarmış qaşları və kirpiklərinin altındakı iri, duru gözlərinə baxan nə qədər həyəcanlı olduğunu duya bilərdi. “Yeni həyat”ın maşını onlara yaxınlaşdıqda sürətini azaltdı. Qara Kərəm oğlu birdən qışqırdı: - Xoş gəlmişsiniz! Qədəmləriniz xoş olsun! Ura. Hamı “ura!” çəkdi. “Qızıl bayraq” kolxozunun adamları sıçrayıb maşına doluşdu. Əl verdilər, hətta qucaqlaşıb öpüşənlər də oldu və bunu birinci olaraq iki kolxoz sədri etdi. Əvvəlcə onlar bərk-bərk bir-birinin əlini sıxdılar və birdən qol-boyun olub öpüşdülər də. Onların dalınca da başqa kolxozçular öpüşdülər. Hətta kim isə Qızyetəri qucaqladı. Qızyetər də etiraz etməyib onunla öpüşdü. Bu iş o qədər təbii və səmimi oldu ki, Nəcəfə də ləzzət verdi. - Belə gündə öpüşməmək günahdır, - deyib qollarını qaldıraraq Qızyetərə tərəf yeridi. Qızyetər gülüb güri çəkildi: - Nə çoxbilmişsən! Rüstəm kişi də bunu görüb Nəcəfin qulağına pıçıldadı: - Yoldaş komsomol, basırığa salmaq olmaz ha. Nəcəf etiraz etdi. - Doğrusu, Rüstəm dayı, yaman vəcdə gəlmişdim! Bu arvad hamı ilə öpüşür, bir məndən başqa. - Bəs heç bu yetimləri düşünən yoxdur, - deyib Qızyetər Şirzadı göstərdi. Rüstəm kişi ona da cavab tapdı: - Qızı tapsın, payıza qədər gözləsin, elə yarışdan qalib çıxan günü toyunu özüm edəcəyəm. Salman Rüstəm kişinin bu sözünü belə başa düşdü ki, “Şirzad, Pərşandan gözünü çək” və sevincək dedi: - Sağdışı da mən olacağam! - Əlbəttə! Ay Salman, sənsiz nə toy-nağara. Qara Kərəm oğlu sözə qarışdı: Yaxşı sözdür, ancaq bircə şərtim var: hansı kolxoz qalib çıxsa, toy orda olacaq. Bəy də, gəlin də orda qalacaq. - Ay Qara, iştahan deyəsən çox böyükdür, toy-nağaramızı da bura köçürtmək istəyirsən. Bəs biz qalib gəlsək nə verəcəksən? - O barədə düşünməmişik, onu da siz deyərsiniz. Maşın hər iki tərəfdən ağaclar əkilmiş kənd küçələrindən keçdikcə bu cür söhbətlər davam edirdi. Lakin getdikcə Şirzad, Nəcəf və başqaları susaraq, kənddəki səliqəyə, cərgə ilə sıralanmış evlərə, onların dal tərəfində uzanan bağçalara baxırdı. Hər şeydə geniş bir xalq təşəbbüsünün, xalq yaradıcılığının izləri görünürdü. İnsanın ürəyini isidən odlu bir iradənin fəaliyyəti gözə dəyirdi. Şirzad on il əvvəl bu kənddə olmuşdu. O, zaman anası sağ-salamat idi. Şirzadı da götürüb toxum aparmağa gəlmişdi. Onda bura da öz kəndlərinin eyni idi: palçıqlı küçələr, yastı-yapalaq boz evlər və sairə. İndi isə köhnə kənd elə dəyişmişdi ki, Şirzad gözlərinə inana bilmirdi. Bura nisbətən öz kəndləri hələ nə qədər geri qalmışdı. Cansıxıcı idi! Bu fikir Şirzadın kefini pozdu, onu narahat etməyə başladı. “Nə üçün bizdə bu səliqə və qayda yoxdur, küçələr boyu ağac əkməmişik, evlərin çoxu hələ də köhnədir, bəzi qapılarda bir dənə də ağac yoxdur, nə üçün?!” Maşın “Qızıl bayraq” kolxozunun qırmızı kərpicdən tikilmış, üstü kirəmidli böyük mədəniyyət evinin qabağında durduqda, Şirzadın fikrində dolanan sualların sayı daha da artdı, hətta nida işarələri də maydana çıxdı. “Yaman yatmışıq! Elə bilirik ki, bizdən yaxşı kolxoz yoxdur, əslində isə hamıdan pis bizik!”. Bu fikirlər onun ürəyində bir çırpıntı yaratdı. Gəncliyə məxsus güclü xəyallar və arzular sürətlə, bir-birinin ardınca baş qaldırdı: nəinki bütün kəndi bürüyəcək ağaclar, böyük kolxoz parkı, mədəniyyət evi, həm də su kəməri, elektrik işığı haqqında da düşünməyə başladı. Bütün bunlar da mümkün olmayan bir xəyal deyil, sadə, adi və real arzular idi. “Yeni həyat” kolxozunun öz qüvvə və imlanları ilə yerinə yetiriləcək arzular idi. Bu arzular həyati olduğu üçün də Şirzadın ürəyini həyəcanla döyündürürdü. Yaxşı bir iş görmək mümkün olduğuna inandığın halda, soyuqqanlı olmaq, o işin görülməməsinə laqeyd baxmaq mümkündürmü? Bu, namuslu vətəndaşa yaraşarmı? Hələ kommunistlik, komsomolluq bir yana dursun! – Yox, mümkün deyil! Gərək taxta olasan, cansız olasan, ana torpağı sevməyəsən ki, belə şeylərdə laqeydlik göstərəsən! Maşından düşdükdə mədəniyyət evinin qapısı ağzında durmuş kolxozçular: “Ura! Xoş gəlmişsiniz!” Yaşasın “Yeni həyat” deyə qışqırdılar. Sonra bərk basırıq düşdü. Hamı irəli soxularaq “Yeni həyat”ın nümayəndələrinə baxmaq istəyirdi. Ucaboylular balacaların çiyninin üstdən baxır, balacalar ucaların böyründən başını çıxararaq maraqlı gözlərlə maşından düşənləri seyr edirdilər. Bu basırıq içində kim isə Şirzadın qolundan tutdu. Bu, Qızyetər idi. O, Şirzadı yana çəkdi. - Görürsən, nə gözəl mədəniyyət evi tikiblər! Biz də köhnə taxıl anbarını rəngləmişik, elə bilirik qəhrəmanlıqdır. Gəl bir kənardan yaxşı-yaxşı tamaşa edək. Onlar adamları yararaq açıqlığa çıxdılar. Orada, özünü itirmiş halda dördgöz olub kimi isə axtaran Yarməmməd onalrı görcək üstlərinə cumdu və başı alovlu doruşdu: - Yoldaş sədri görmədiniz? Qızyetər onun da qolundan çəkdi: - Bəri gəl, görməli şeylər var, sədr qaçmaz, lazım olanda, özü səni tapacaq. Qızyetər, Yarməmmədin etirazına qulaq asmayıb qoluna girdi və çəkib apardı. Mədəniyyət evinin tağlı və naxışlı qapılarını, naxışların ortasında səliqə ilə işlənmiş qırmızı ulduzları ona göstərdi. - Çox gözəl tikiblər, böyük və genişdir, adama ləzzət verir, hələ bir şəkillərə bax, - deyə Qızyetər yan divarda çəkilmiş ağ pambıq kolları arasında işləyən kolxozçuların şəklinə işarə etdi. Şirzad heç bir söz demədən binaya baxırdı, onun hər kərpicinin necə qoyulduğuna diqqət yetirirdi. Qızyetər Yarməmmədi bu söhbətə qoşmaq üçün “yaxşıdırmı?” deyə soruşdu, lakin səs verən olmadı. - Bıy, bəs bu hesabdar nə oldu?! Yarməmməd yox idi. O nə vaxt isə qoyub qaçmışdı. - Dayana bilməyib, sədrsiz ürəyi partlayır. Gərək kölgə kimi yanında dolana. Şirzad qeyri-ixtiyari olaraq: - Elə bu kölgələr deyil bizi geri çəkən, höqsanımızı görməyə qoymayan?! – dedi. Hər ikisinin ürəyi dolu olduğu halda söhbəti davam etdirə bilmədilər. Nəcəf gəldi: - Ay yoldaş, - deyib Şirzada müraciət etdi, - az qalıb səni meydana çağırım, hə. Bu nədir, Qızyetəri harda itirirəm, sənin yanında tapıram. - Yaxşı kişisən, itirmə, adam da arvadını itirər? – deyə Qızyetər cavab verdi və Nəcəfin qoluna girdi. – Belə zarafatları burax. - Sən mənim ciddi sözümü niyə zarafat hesab edirsən? Özü də bilin ey, iclas başlanır, nə özünüzü xəlvətə vermişsiniz, gəlin meydana, boynunuza vəzifə götürün, iş görün! Nəcəfin gözəl xasiyyəti vardı, dünyada çıxılmaz və ümidsiz vəziyyət bilməzdi. Demək olar ki, çox zaman şad və üzü açıq olardı. Buna görə də hamı onu sevərdi. Deyərdilər ki, “Nəcəf yoldaşın ürəyi dilindədir”. Şirzad isə onun tərsinə idi. Həmişə fikirli və azca tutqun görünərdi. Nöqsan və çatışmazlığa rast gələndə çox tez haldan çıxardı, əsəbiləşərdi və hətta qəzəblənərdi də. Özü də danışdırmayınca dərdini açıb deməzdi. Buna baxmayaraq, bəlkə də elə buna görə bu iki adam möhkəm dost idi. Bir-birinə ürəkdən bağlanmışdılar. Bu bağlılıq həyati anlayış, hissiyyat və duyğular eyniliyindən doğmuşdu. Bu hissiyyat və duyğuların yalnız şəkli başqa idi. Onlar bir-birinin ürəyindən keçəni bir baxışdaca anlayırdılar. İndi də Nəcəfin gözləri Şirzadın xəyal dolu baxışlarına rast gəldikdə: - Əziz dost, - dedi, - nə düşündüyünü duyuram. Haqlısan. Lakin indi fikrə qərq olmağın zamanı deyil, qayıdarıq, danışarıq. Geri qalmışıq, çalışarıq sürətlə irəli gedək. Qızyetər, Şirzadın fikirli gözlərini indi görürmüş kimi: Doğrudan, yoldaş Şirzad, bu nə baxışdır? Bir az aydın baxın! Bir az da, bir az da. Amma belə getsə mən Nəcəfi sıza qısqanacağam, o sizin hər fikrinizi bilir, mənim isə fikirlərimin yüzdən birini bilmir. Deməli, sizi məndən çox sevir. Nəcəf Şirzada göz vurdu: - Burda deyiblər ki, qara məni basmamış, mən qaranı basdım. Mən qısqanmaqdan, o qısqanır. - Kimə qısqanacaqsan? Sən papağını göyə at ki, Şirzadla gəzirəm. Qarovulçu kimi durub başımın üstündə. Bu iki sevgilinin bu qədər səmimi və dostanə münasibəti Şirzadın ürəyinə xoş təsir edirdi: - Qısqanmayın, Qızyetər! Bizim dostluğumuz yaxşı dostluqdur. Bu dostluqdan ürəklərimizdə hər cür gözəl duyğular oyanır, çiçəklər açır. Elə buna görə də sənin məhəbbətin getdikcə Nəcəfin ürəyinin dərinliklərinə kök salır. Heç bir iclasa gecikməyi sevməyən Nəcəf Qızyetərin də, Şirzadın da qoluna girib irəli çəkdi: - Canım, bu məhəbbət söhbətini niyə belə dar yerdə salırsınız, adamın ürəyi titrəyir, amma əl-qol aça bilmir! Elədirmi, ay Qızyetər, - başını Qızyetərin qulağına tərəf əydi. Qızyetər yolundan çıxıb qabağa qaçdı: - Bircə onu görə bilməyəcəksən! – deyib qıyqacı baxaraq güldü. - Yetimin də allahı var. Bizə də bir gün doğar! Mədəniyyət evinin geniş qapısından içəri girən Qızyetər Nəcəfin sözlərini eşitmədi, lakin ürəyindən keçəni yaxşıca bildiyindən, sevincdən qanadlanıb uçdu. Altıncı fəsil 1 Mədəniyyət evinin işıqlı və böyük zalı adamla qaynaşırdı. Altı yüz təzə qayrılmış sarı rəngli kreslonun hamısı tutulmuşdu. Geniş pəncərələrin yanlarında və zalın axırında divara söykənərək ayaq üstə duranlar da az deyildi. Şirzad, üzərinə təzə qırmızı mahud çəkilən rəyasət heyəti stolunun dalına keçdikdə, ilıq insan nəfəsi ilə qızmış zala nəzər saldı. Burada cavan, qoca, arvad, kişi bir-birinə qarışmışdı, ucadan danışır, gülüşürdülər. Zalda oturanlar nəinki yaşca bir-birindən seçilirdi, onların görkəmi və geyimləri də müxtəlif idi. Kostyumlu, qalstuklu, üzü təmiz qırxılmış adamlarla yanaşı motalpapaqlılar, üzünü tük basmış, saç-saqqalı bir-birinə qarışmışlar da vardı. Bu zahiri fərq və ziddiyyət arvadların arasında daha artıq gözə dəyirdi: qabaq iki cərgədə oturanların əksəriyyəti şal kostyum, ipək paltar geymiş, saçlarını hörüb qəşəng düzəltmişdilər, lap bir az o yanda büzməli tuman və köhnə qaydada yaxalı köynək geyib, baş yaylığını boğazının altında düyünləmiş arvadlar oturmuşdular. Şirzadın xəyalında on il əvvəlki iclaslar canlandı. Adamlar zahirən nə qədər dəyişmişlər! O zaman üzü tüklülər, motalpapaqlı və büzmə tumanlılar zalın əksəriyyətini təşkil edərdi. İndi isə tərsinədir. İndi həmin adamların çoxusu o qədər dəyişmiş ki, tanımaq olmur. Gözəllik, səliqə və təmizlik hər şeydə gözə dəyir. Ola bilər ki, bəzi adamlara bu, əhəmiyyətsiz görünsün. Lakin Şirzadın nəzərində bu, vacib və çox mənalı bir əlamət idi, adi kəndlinin fikri və mənəvi yüksəlişinin əlaməti idi. Şirzadın gözü üçüncü cərgədə oturmuş orta yaşlı, qara şal kostyumlu və yasəməni ipək koftalı bir qadına sataşdı. Bu qadın 12 il əvvəl onların kolxozundan “Qızıl bayrağ”a köçmüş Zeynəb Quliyeva idi. İndi o bütün respublikada ad qazanmış istehsalat qabaqcıllarındandır. Zeynəb saçlarını səliqə ilə hörüb boynunun dalına yığmışdı və çoxdan Şirzada baxırdı. Göz-gözə sataşanda gülümsədi. Şirzad da gülümsəyib başı ilə onu salamladı. Sədrin hələ yerində olmamasından istifadə edib aşağı endi, doğma adamı ilə görüşürmüş kimi görüşdü, əlini sıxdı. Zeynəbin qara pencəyinin döşündə üzünə işıq salan Qızıl Ulduz nişanı vardı. Şirzad bu nişana baxdıqca onun ağır həyatını xatırladı. “Sağ ol, halal olsun sənə!” deyib düşündü. Zeynəbin əri 1945-ci ildə müharibənin qurtarhaqurtarında həlak olmuşdu. O zaman Zeynəb az savadlı, dilsiz-ağızsız bir arvad idi. Əini əbədi olaraq itirib, iki uşağı ilə tək qaldığını düşünəndə, az qala dəli olmuşdu. Dünya gözündə qaralmışdı. Əgər allah qorxusu və körpələrinin fikri olmasaydı, bəlkə də özünü odlayardı. “Ağır günün ömrü az olar” deyərlər. Zeynəbin də dərdli günləri tez keçdi. Uzaq qohumları olan Qara Kərəm oğlu qapısını açıb pis günündə əlindən tutdu, sdər olduğu kolxoza apardı. Tənhalıq və ümidsizlik qorxusundan xilas etdi. Ona bir qardaş, bir ata kimi pənah çıxdı, işə çəkdi, uşaqlarını kolxoz bağçasına aldı. Sonralar ara-sıra ərinin kəndi olan “Yeni həyat”a gəlib-gedərdi. Elə o zaman Şirzadgildə və qonşularda onun yaşayışı haqqqında danışardılar. İlk zaman o çox əziyyət çəkmişdi. İşə qorxa-qorxa gedib-gəlir, tarlada bərk-bərk yaşmaq tutaraq işləyirdi. Əməkgünü hecə hesablanır, norması nədir, bilməzdi. Söz soruşanda “nə bilim” deyib başını aşağı dikərdi. Axşamlar qaranlıq hər tərəfi bürüyəndə uşaqları yuxuya verib dizlərini qucaqlayaraq ağlardı. Bir dəfə beləcə oturub göz yaşı tökdüyü yerdə qapını tıqqıldatdılar. Zeynəb qorxub səsini içəri dərdi. Onda Qara Kərəm oğlu dedi: - Aç, ay qızım, iki kəlmə sözüm var. Zeynəb qapını açıb onu içəri buraxdı. Özü küncə qısılıb durdu. Qara Kərəm oğlu asta-asta danışmağa başladı: - Sənə bir söz deyəcəyəm, sırğa elə, as qulağından. Əvvəl mənə bir cavab ver görüm, adamın gözünün yaşı şirin olur, ya acı? Zeynəb cavab verməyib fikrə getdi: “Qara dayı niyə belə soruşur? Nə cavab verim?” - Söz soruşuram, cavab ver, - deyə Qara təkid etdi. - Acı, - deyə Zeynəb yavaşcadan dilləndi. - Acı su bir alaq da bitirməz. Dədə-babamız min il başına döyüb ağlayıb, nə gün görüb ki, indi sən də ağlayırsan, ay qızım?! Bu Muğan torpağını şoran eləyən o göz yaşları olub. Acizlik adamın birinci düşmənidir, yadında saxla! Qara Kərəm oğlu çıxıb getdi, lakin onun sözü Zeynəbin yadından çıxmadı. Acizliyi, göz yaşını o qaranlıq gecənin ətəyinə bağlayıb yola saldı. İşlədi, işlədikcə əl-qolu açıldı, yaşmağını üzündən götürdü, gözləri açılıb uzağı gördü. Nəinki əməkgünün necə hesablandığını, torpaqdan çox məhsul götürməyin də qaydalarını öyrəndi. Öyrəndi ki, hər şey özündən asılıdır, insanın əli torpaqdan qızıl yetirər. Yavaş-yavaş Zeynəb qabaqcıllar cərgəsinə çıxdı, getdikcə gəliri artdı. Uşaqlarına yaxşı paltar aldı, dirriyini düzəltdi. “Qızıl bayrağ”a köçdüyünün yeddinci ili Sosialist Əməyi Qəhrəmanı oldu. Onda Qara Kərəm oğlu yenə axşam qaranlığında onun qapısını açıb içəri girdi: - Qızım, - dedi, - indi sən ölkənin adlı-sanlı adamısan, höccələyə-höccələyə iki sətir oxumağın ayıbdır, gərək yaxşı savadın ola, dilin açıla, söz danışa biləsən. Sabahdan kolxozda gecə məktəbi açırıq. Get, yazıl. Zeynəb dörd il gecə məktəbinə davam etdi, oranı qaydası ilə qurtardı. İndi hər cür kitablar oxuya bilir, kəndin qabaqcıl adamlarındandır, özü də briqadir vəzifəsində çalışır. Şirzad ayaqüstü hal-əhval tutdu. Uşaqlarını soruşdu. Zeynəb iftixarla bu il qızı Sədəfin onilliyi qutaracağını, oğlu Rəhimin səkkizinci sinifdə oxuduğunu və işdə anasına kömək etdiklərini söylədi. Təbiidir ki, Zeynəb zahirən də on-on iki il bundan əvvəlki Zeynəbə oxşamır. Ona baxaraq söhbət etdikcə Şirzad düşünürdü: “Bəli, həyatımızın gözəlliyi onun daima irəliləməsindədir, dayanmaz yüksəlişindədir. Bu yüksəlişdən geri qalmaq, ayaqlaşmamaq bədbəxtlikdir”. - Siz necəsiniz? – deyə Zeynəb soruşdu, - maşallah yekə kişi olmuşsunuz. Şirzad yaxşıyıq dedi, artıq bir söz danışmağa macal tapmadı. Qara Kərəm oğlu sədr kürsüsünü tutub zəngi basdıqda Şirzad yerinə getdi. Oradan zala nəzər saldı, yenə fikri öz kolxozlarına qayıtdı. Sanki “Qızıl bayraq”da gördükləri bir güzgü idi, ona öz geriliklərini göstərirdi. Bəli, biz irəli yox, dala gedirik. Çünki özümüzdən başqa heç kəsi görmürük, hay-küyə qapılırıq. Başımızın altına yastıq qoymuşuq. Ah, adamın özünə vurulmağı nə pis olarmış! Şirzad, rəyasət heyətində şax oturmuş Rüstəm kişiyə baxdı. Görəsən o da bunları görürmü? Bu narazılıq duyğusu onun da içərisini gəmirirmi? Rüstəm kişinin üzündə belə bir əlamət yox idi. O özündən razı və məğrur bir vəziyyətdə oturmuşdu. Bəlkə də o haqlıdır, belə bir gündə özünü gözdən salmaq kimə lazımdır? Lakin bu mülahizələr də Şirzadın odunu soyutmadı, narazılığını yatırtmadı. Nəcəfin Rüstəm kişi ilə məhsuldarlıq ətrafındakı mübahisəsi yadına düşdü, o zaman komsomol katibinin dedikləri Şirzadı tərəddüdə salmışdı. “Bəlkə doğrudan da asan yol tuturuq?” deyə düşünmüşdü. Lakin Rüstəm kişinin qəti etirazı və ifrat tələbkarlığı bu şübhələri yatıran kimi olmuşdu. İndi haman şübhələr baş qaldırırdı. Yarış müqaviləsi də ona qüsurlu görünməyə başlayırdı. Ona elə gəldi ki, müqavilədə ancaq asanlıqla yerinə yetirilə biləcək şeylər nəzərdə tutulmuşdur. Bu yarışın özü, bu müqavilə, bu gurultulu gəl-get hamısı zahir üçündür, Rüstəm kişinin növbəti toy dəstgahıdır! Bu təzə fikir Şirzadı sarsıtdı. Lakin onu axıra qədər düşünüb nəticə çıxarmamış, sədr üçüncü dəfə zəngi basdı. Zalda birdən-birə dərin bir sükut yarandı. Hamı gözünü səhnəyə dikib dinlədi. Sədrlik edən Qara Kərəm oğlu iki əlini stola söykəyib bədənini azca qabağa verdiyi halda iclası açdı. O, çox aramla danışırdı. Nə səsində, nə də hərəkətlərində artıq, lazımsız bir şey var idi. Yəni qızışmır, özündən çıxmır, əllərini havada oynatmırdı. Sözləri çox adi, çox sadə bir ahənglə söyləyirdi. Bununla belə, ona diqqətlə qulaq asırdılar. Hamı cınqırını çəkmədən bir cümləsindən sonra o birini gözləyirdi. Bəzi kələ-kötür ifadələri belə fikir və məna ilə dolu olduğundan qulaqlara xoş gəlirdi. Söz ağzından külçə kimi ağır və samballı çıxırdı. Şirzad onu dinlədikcə həsəd aparırdı. Bu qədər sadə və bu qədər mənalı danışasan! Bəli, bu böyük bir istedaddır. Uzun həyat təcrübəsinin ağıllı adamlara verdiyi bacarıqdır. Ancaq həyatı, insanları, mübarizəni yaxşı bilən adam yaxşı da söz tapar, fikir kasıblığı çəkməz, boş sözlərə əsir olmaz! Qara Kərəm oğlu yeni təsərrüfat ilində hər iki kolxozun qarşısında duran böyük vəzifələrdən, məhsuldarlığı yüksəltməkdən danışaraq sözünü qurtardı: Yoldaşlar, inqilabdan qabaq bizim kəndə ağtumanlılar kəndi deyərdilər, bu gün bizi yarışa çağıran “Yeni həyat”a isə achəsənlilər! Elə adından halı bilinir. Artıq söz deməyə də ehtiyac qalmır. Achəsənlilərlə ağtumanlılar arasında ilin doqquz ayı ağac davası kəsilməzdi. Niyə? – Su üstündə. Niyə? – Otlaq üstündə. Niyə? – Bizim bəyin danası onların bəyinin zəmisinə girib. Bəs ilin dörd fəslini ağ tuman içində gəzən kim idi? – Yoxsul kəndçi! Bəs ac qalan kim idi? – Yoxsul kəndçi! Bəs ağac altında ölən kim idi? – Yoxsul kəndçi! İndi, yoldaşlar, o günləri biz gedər-gəlməzə göndərmişik, ağtumanlılar kəndi olub “Qızıl bayraq” kolxozu, yoxsul kəndçi olub torpağın sahibi, suyun sahibi: maşını var, çörəyi var, işığı var. Burada zal əl çaldı, gurultulu alqışlarla mədəniyyət evinin divarlarını titrətdi. Qara Kərəm oğlu özü də camaata qoşulub əl çaldı. Zal sakit olanda sözünü davam etdi: - Bəs achəsənlilər kəndi nə olub? O, birinci olaraq bu mahalda yeni həyatın bayrağını qaldırıb, hamıdan əvvəl kolxoz düzəldib: Yeni həyat! Bu ad bizim qonşuların boynuna çox vəzifələr qoyur: hər şeydə nümunə olmaq, yeni həyatın nümunəsi olmaq. Mən ürəkdən bizim qonşularımıza bu yolda müvəffəqiyyət arzu edirəm. İndi “Yeni həyat”la “Qızıl bayraq” kolxozu arasında, ağtumanlılar achəsənlilər arasındakı ədavətdən əsər qalmayıb. Yox, əsər qalmayıb nədir, indi biz bir yolun yolçusu olmuşuq. Fikrimiz də, ürəyimiz də birdir. Niyə? Çünki o zaman biz kəndimizi tanıyırdıq, vətənimizi yox. İndi isə kəndimizi ona görə sevirik ki, vətənimizin bir guşəsidir. Çalışırıq kəndimiz abad olsun, çünki vətənimizin gülüstan olmasını istəyirik! Burada Qara Kərəm oğlu bir balaca sağ tərəfə çevrildi. Heykəl kimi şax durmuş Rüstəmin çiyninə toxundu: - Belədirmi, ay Rüstəm kişi? Zaldakıların üzü xəfif bir gülüşlə işıqlandı, yerində qımıldananlar oldu. Rüstəm kişi əvvəlcə nə cavab verəcəyini bilmədi. Trubkasını qurdaladı. Sadəcə “belədir” deməyi ş\xsiyyətinə sığışdırmadı: - Bəs ürəyimizdə vətən məhəbbəti olmasaydı məni bura nəyinən çəkib gətirmək olardı! – deyə ucadan səsləndi. Zalda gülüşmə qopdu, sonra şiddətli alqışa çevrildi. Qara Kərəm oğlu davam etdi: - Rüstəm kişi çox yaxşı söz tapdı. – Məhəbbət! – Bəli, yoldaşlar, indi bizim ürəklərimizi birləşdirən böyük bir məhəbbətdir. Bizi qardaş edən bu məhəbbətdir. Biz sovet torpağının adamlarıyıq. Bir fikir eləyin: sovet torpağı. Dünyanın gözünün işığı olan bu torpaq bizim vətənimizdir! Hara getsən yaxşı adamlar gözünü bizim vətənimizə dikib, işığı bu torpaqdan alır, ümidini bura bağlayır, dar günə düşəndə deyir ki: mənim də köməyim var, arxam var! Deməli, bizim ürəyimizi qızdıran məhəbbətin duracağı yoxdur, sərhəd-zad tanımır. Bizim məhəbbətimiz də bu torpaq kimi təmiz və böyükdür. Sosializm yarışının özü bu məhəbbətdən törəyib və bizim qüvvələrimizi artırır, hamımıza can verir, hamımızı həvəsə gətirir, bizi bir-birimizə daha artıq bağlayır. Ona görə də sosializm yarışına girən adam paxıllıq, xırdaçılıq bilməz. Başqasının geri qalmasını istəməz. Həmişə irəli getməyə çalışar, yoldaşının da irəliləməsini istər. Sosializm yarışı ancaq irəli getməkdir, həm də elliklə irəli getmək! Qara Kərəm oğlu yenə azca sağa əyilərək Rüstəm kişinin çiyninə toxundu. - Belədirmi, ay Rüstəm kişi? Yenə sıx oturub diqqətlə qulaq asan adamlar gülüşdülər. İki kolxoz sədrinin münasibətindəki səmimiyyət hamıda sevinc oyadırdı. Rüstəm kişi yenə trubkasını təmizlədi: - Bizim şüarımız budur: irəli! Özün qabağa get, geri qalanı da dalınca çək! Qara Kərəm oğlu Rüstəm kişinin ikibaşlı sözünə cavab verməyib udmağı qərara aldı və eyni təmkinlə davam etdi: - Hə, bax, bu yaxşı şüardır: irəli! İndi gəlin görək bizi necə irəli aparmaq istəyirlər. Bunu bilmək üçün qonşularımızın gətirdiyi şərtlərə bir də nəzər salmalıyıq. Şərtləri oxumaq üçün söz verilir. Qara Kərəm oğlu ətrafa baxındı. Rüstəm kişi özü elan etdi: - Bizim manqabaşçısı Qızyetər xanıma. Zal bu sərbəstliyi və zarafatı da gülüşlə qarşıladı, xitabət kürsüsünə yaxınlaşan Qızyetərə isə bərk əl çaldı. 2 Qızyetərin yanaqları lalə kimi alışıb yanırdı. O bir böyük göz kəsilərək üzünə dikilmiş yüzlərlə gözlərə baxmaqdan qorxur kimi başını qaldırmadan oxuyurdu. Lakin iki-üç cümlə oxumamış yerlərdən səslər eşidildi: - Bir az yavaş! Qızyetər dayanıb udqundu, özünü ələ almaq, nəfəsini kəsən həyəcanı cilovlamaq istədi. Birinci dəfə olaraq başını qaldırıb bütün zala, sonra rəyasət heyətinə nəzər saldı. Hamə nəfəsini dərərək gözünü ona dikmişdi. Gözləri Nəcəfin gözlərinə sataşdı. O, Qızyetərdən artıq həyəcan keçirirdi, qolunu dizinə söykəyib bütün bədənini qabağa vermişdi. Nə isə sağ əlinin yumruğunu düyüb havada tərpətdi. Guya deyirdi: möhkəm ol, niyə özünü itirirsən! Lakin Şirzad olmasaydı, onun bu hərəkəti Qızyetəri lap çaşdıracaqdı. Şirzad adi bir otaqda oturmuşlar kimi ayağa durdu, sədrin qabağından qrafini götürdü, tələsmədən əyib stəkanı su ilə doldurdu; gətirib Qızyetərin qabağına xitabət kürsüsünün qırağına qoydu. Yavaşca, heç kəsin eşitməyəcəyi bir səslə pıçıldadı: - Tələsmə, Qızyetər! Bu səs, bu adi sərbəst hərəkət Qızyetərə ruh verdi. Şərtləri başdan oxumağa başladı, hər sözü aydın və məna ilə oxudu. Bir neçə cümlə sonra o artıq mənasına görə sözləri xüsusi ahənglə deyir, hətta daha əhəmiyyətli saydığı fikirləri ayrıca olaraq zaldakılara çatdırmağa çalışırdı. Onun səsi Şirzada Qara Kərəm oğlunun səsindən daha güclü, daha xoş göründü. Bu səsdə bir qüvvət, döyünən bir qəlbin hərarəti və təravəti vardı. Qara Kərəm oğlunun ağzından sözlər nisbətən ləng vəsoyuq çıxırdı. Onlardakı itiliyin bir hissəsi sanki harada isə ortalarda soyuyub gedirdi. Qızyetərin sözləri isə elə odlu halda, isti-isti gəlib adamın ürəyinə dolurdu. Qızyetər yarışın şərtlərini oxuyub qurtardı və kağızı sədrə verərək, keçib yerində oturdu. Qara Kərəm oğlu üzünü zala tutdu: - Kim danışmaq istəyir? Kimin nə qeydi var? Ani bir sükut oldu. Kolxozçular yarış şərtlərini fikrində dolandırır, imkan və bacarıqlarını ölçüb biçir, düşünürdülər. Sədr bir də “kim danışmaq istəyir?” deyə soruşduqda zaldan çox aydın bir səs gəldi: - Mənə söz verin! Bu, iclas başlamamış Şirzadla salamlaşan Zeynəb idi. O, sədrin cavabını gözləmədən kolxozşuların diqqətli nəzərləri altında sərbəst addımlarla kürsüyə doğru gəldi. Sədr hörmətlə: “buyurun, yoldaş Quliyeva”, deyib ona söz verdi. Zeynəb yuxarı çıxdı. Sağ əliylə kürsünün kənarından yapışdı və başını dik tutaraq danışdı: - Yarışın şərtləri əsasən yaxşıdır, plandan əlavə 30% pambıq vermək nəzərdə tutulub, bizim briqadamız bununla razıdır. Öz tərəfimizdən 50% artıq verməyi öhdəmizə götürürük. Məncə yarış şərtlərinin böyük bir nöqsanı var: o da orta məhsuldarlığın az göstərilməsidir. Hər hektardan 23 sentner. Keçən il bizim manqaların çoxu 25 sentner vermişdi, hətta 30 sentner verənlər də olmuşdur. Pis işləyənlər olmasaydı, orta məhsuldarlıq bir az da artıq çıxardı. Gərək ki, “Yeni həyat” kolxozunda da keçən il hektardan 22-25 sentner pambıq yığanlar olmuşdur. Bəs, bu 23 sentner hardan çıxıb? Aydındır ki, bu nə yaxşı, nə də pis işləyənlərin normasıdır. Orta bir şeydir. Burada Rüstəm kişi irəliyə getməkdən danışdı. Mən bir şeyi başa düşmürəm, ortaların ayağı ilə yerimək necə, irəli getməkdir? Təklif edirəm ki, orta məhsuldarlıq hər iki kolxoz üçün 25 sentner götürülsün. Zalda müxtəlif səslər eşidildi. Kimi Zeynəbin təklifini təqdir edir, kimi şübhə altına alırdı: - Qiymətli təklifdir! - Qoy hamı yaxşı işləsin, onda 30 da vermək olar! - Deyəsən çox zildən başladı! - Zil-zad deyil, əsil sarı simdir! İşimizin canı məhsuldarlığın artmasıdır! Bu səslər altında Zeynəb düşüb yerində oturdu. Şirzad ona baxdı. İşarə ilə təklifinə şərik olduğunu bildirdi. Bu saat Şirzadın fikri iti işləyirdi. Sanki bir fırtına içinə düşmüşdü, Zeynəbin çıxışı şübhələrini dağıtmışdı, yarış şərtlərini hazırlayarkən arxayınçılığa qapıldıqları tamamilə aydın idi. O, Rüstəm kişiyə baxdı. Üzünün ifadəsindən, gözündən onun nələr düşündüyünü bilmək istədi: bəlkə o da bu səhvi anlamışdır, bəlkə elə o özü söz istəyib daha gərgin iş və zəhmət tələb edən şərtlər irəli sürəcəkdir. Yox, Rüstəm kişinin üzündə bütün planlarını 200% yerinə yetirmiş, çətinliklərə təntənə ilə zəfər çalmış bir adamın arxayınşılığı vardı. Heç bir əzələsi tərpənmirdi, heç bir damarında qan adı cərəyanını pozmamışdı. Şirzada elə gəldi ki, Rüstəm kişinin üzündəki bu arxayınçılıq, bu özündən razılıq nə isə onun ürəyinin dərinliklərində yuxuya gedən, yaxud ölməkdə olan bir duyğunun kölgəsidir. Yox, bu duyğunun ölməsinə yol vermək olmaz! Onu silkələmək, ayıltmaq lazımdır. Şirzad nə cür hərəkət etməyi kəsdirməmiş Nəcəfin “mənə söz ver” deyin yerindən qalxdığını gördü. “Bəli, ara yaman qızışacaq – deyib düşündü, - indi Nəcəf od eləyəcək!” Lakin Nəcəf kürsüyə çıxıb həyəcanla və ucadan danışsa da, bircə cümlə ilə sözünü qurtardı: - Yoldaş Zeynəbin dediyini mən on gün qabaq demişəm, səs verirəm. Şirzad məsələnin bununla qurtaracağını düşünüb yüngülləşdiyi halda Rüstəm kişinin sərt və boğuq səsini eşitdi: - Keç otur, bala. Keç otur. Bu nə deməkdir? Rüstəm kişi razıdırmı, yoxsa əvvəlki fikrindədir? Nəcəfin də tərəddüd içində qaldığını görən Şirzad tez əlini qaldırıb söz istədi. Qara Kərəm oğlu dönüb ani, lakin sirayətedici iti gözlərlə ona baxdı və: - Buyurun, buyurun, yoldaş Şirzad, - dedi. Yalnız indi Şirzad, Rüstəm kişinin yerində qurcalandığını gördü: deməli, söz istəməsi onun üçün gözlənilməz bir hərəkətdir. Görəsən bu hərəkəti təqdir edirmi? Onun maraq və intizar dolu baxışlarından nə fikirdə olduğunu anlamaq mümkün deyildi: görünür ki, hələ özü də müəyyən bir qərara gəlməmişdi. Məsələ Şirzadın danışığından asılı olacaqdı. Şirzad hələ də çıxışın ona xoş gələcəyini düşünmək istəyirdi. Niyə də xoş gəlməsin? Rüstəm kişi özü demədimi ki, biz həmişə irəli getməyə öyrənmişik. İrəli getmək, əlbəttə gözəl şeydir. Qocanı cavan, cavanı daha qüvvətli edir. Fikirdə min bir titrəyiş, ürəkdə min bir həyəcan yaradır. Rüstəm kişi mütləq onun təklifi ilə razılaşacaqdır, bəyənəcəkdir. Bu cür düşündüyünə baxmayaraq, Şirzad daxilində, harada isə çox dərinlərdə küt bir təlaş, anlaşılmaz bir həyəcan duyurdu. Bu həyəcan onu daha qəti hərəkətlə xitabət kürsüsünə çıxmağa və oturanlara anlaşılmaz görünən gərgin səslə danışmağa məcbur etdi: Mən Quliyeva yoldaşın təklifinə tamamilə şərikəm. Məhsuldarlıq planlaşdırılarkən bütün imkanlarımız nəzərə alınmamışdır. Biz qabaqcılları yox, pis işləyənləri əsas götürmüşük. Orta məhsuldarlığı bu il 25 sentnerə qaldırmaq olar, - dedi və Rüstəm kişiyə baxdı. Kolxoz sədrinin bütün üzü qızarmışdı, qaşları çatılmışdı. Boynunun damarları gərginləşmişdi. Azca əvvəlki arxayınçılıq və rahatlıq öz yerini qaynar bir ehtirasa vermişdi. Şirzad hələ də sağlam şüurun qələbə çalacağı ümidində idi. Rüstəm kişi onu başa düşməli, təbrik etməlidir. Yəqin üzündəki bu qaynar ifadə də canlı bir hərəkət və həyatın əlamətidir. Lakin gözlərində anlamadığı bir sərtlik də vardı. Kürsüdə şax durmuş Şirzadla rəyasət heyətində boylanaraq oturmuş Rüstəm kişinin baxışları çarpazlaşdı. Şirzad onun gözlərində açıq narazılıq və töhmət gördü. Bu yersiz ifadə Şirzadın mənliyinə toxundu və ona daha artıq cəsarət verdi. Bunu təcrübəsiz bir gəncin lovğalığı kimi qəbul edən Rüstəm kişi də ona daha sərt baxdı. Sanki zalda oturanlar da bu iki adamın arasında gedən ağır mübarizəni görür və nəfəsini içəri çəkərək nəticəni gözləyirdi. Əslində isə hər kəs öz aləmində təklifin doğru olub-olmadığını düşünürdü. Rüstəm kişi böyük, əzəmətli gövdəsini şax tutaraq ayağa durdu, Şirzadın sözünü kəsdi: - Halva-halva deməklə ağız şirin olmaz, bala, halva üçün un gərək, yağ gərək, bal gərək, odun gərək. Dildə 25 sentner demək asandır. Dilə nə var, ətdəndir, o tərəfə də hərlənir, bu tərəfə də, 25 də deyər, 30 da deyər, necə ki bu yoldaş demişdi, - Rüstəm kişi şəhadət barmağı ilə Nəcəfi göstərdi. – Amma hektardan 25 sentner götürmək üçün dəridən çıxmaq lazımdır. “Dilə nə var, ətdəndir, o tərəfə də hərlənir, bu tərəfə də” sözlərini Rüstəm kişi sakit, lakin ağır bir kinayə ilə dedi və hətta əlini açaraq o tərəf-bu tərəfə hərlədi. Elə hərlədi ki, zalda oturanların gülüşünə səbəb oldu. Rəyasət heyətində kim isə qəsdən şit-şit və ucadan güldü: - Hoo. hoho. Qulağını deşən bu gülüşün təsiri ilə Şirzad dönüb rəyasət heyətinə baxdı və ürəyi bulandı: gülən Yarməmməd idi. O, yerində dikələrək Rüstəm kişiyə tərəf boylanmışdı. Sözündən çox xoşlandığını sədrin nəzərinə çatdırmaq istəyirdi. Nəcəf acıqlı-acıqlı Yarməmmədin ətəyindən dartıb oturtdu. Lakin Yarməmməd mənasız və bayağı gülməkdə davam edirdi: - ho, hoho, hoho. Dana böyürtüsünü andıran bu gülüş, bu istehza Şirzadı hər şeydən artıq haldan çıxartdı. Lakin xitabət kürsüsündən düşmədi, özünü itirmədi, fikrindən əl çəkmədi. Rüstəm kişi sözünə çox əlverişsiz bir yerdə nöqtə qoyub durduqda Şirzadın səsi onu sarsıtdı: - Bax, elə məsələnin canı budur ki, siz dediniz! Gərgin işləməkdən qaçırsınız. Əlbəttə, tənbəllik bu günün tələbləri ilə tutmur. Yəni heç bir dövrün tələbləri ilə tutmayıb. Tənbəllik yatmaqdır, ölümdür. Biz isə hərəkət etmək, yaşamaq istəyirik. Kommunizm sabah deməkdir. Siz çevrilib dünənə baxırsınız. Rüstəm kişi onun sözünü kəsdi: - Əə. mən gərgin işləməkdən qaçıram?! Sual çox pis qoyulmuşdu. Ona qəti cavab versə Rüstəm kişi bərk inciyəcəkdi. Yumşaq, üstüörtülü cavab vermək, yanından ötmək də mümkün deyildi və Şirzadın xasiyyətinə zidd idi. - Bəli, siz gərgin işləməkdən qorxursunuz! Belə olmasaydı aydın mətləbi cəhlə salmazdınlz. Rüstəm kişi bütün zalın gərgin diqqəti altında yenə Şirzadın spzünü kəsdi: - Yaxşı, biz arxayınçılıq etmişik, tənbəllik etmişik, rayona nə deyirsən, bəs bu kənd təsərrüfatı şöbəsinə nə deyirsən, o niyə təsdiq etdi?! Şirzad belə bir möhkəm dəlili də vurub dağıtdı: - Kənd təsərrüfatı şöbəsi də səhv edib. Bütün imkanlarımızı hesablamayıb; keçənilki işimizi diqqətlə öyrənsəydi, görərdi ki, orta məhsuldarlığı 23 sentner göstərmək olmaz. - Keçən il 20 idi, bu il 23. Bunun nəyi geriləmək oldu? - Əlbəttə, zahirdə bu da irəliləməkdir. Bizim bacadan baxanda qabaqdakı dik də böyük dağ kimi görünür. Amma elə ki, çıxıb ucadan baxırsan, görürsən yox, dağ görünən balaca təpə imiş. Bizim 23 sentner də belə görünür. İrəliləmək yox, geri getmək olur. Rüstəm kişi yerindəcə Şirzada cavab vermək istəyəndə Qara Kərəm oğlu onun dodağının titrədiyinə diqqət etdi. “Kişi yaman hirslənib, - deyə düşündü. – Acıqlı başda ağıl olmaz, başlar baş-ayaq vurmağa, dava salar, iclas pozular”. Bunun qarşısını almaq məqsədilə Qara Kərəm oğlu ayağa durdu. Yoldaşlar, on beş dəqiqəlik tənəffüs elan olunur. Çay içmək, papiros çəkmək istəyən var, - dedi və Rüstəm kişinin qolundan tutub nə isə danışa-danışa səhnədən çıxartdı. 3 Lakin tənəffüsdə də Qara Kərəm oğlu yarızarafat və yarıciddi sözlərlə Rüstəm kişini soyuda bilmədi. Xudbinlik onu, dilə tutduqca şıltaqlanan uşağa çevirmişdi. Qara Kərəm oğlu, “bəlkə başqalarına qulaq asaq, görək camaat nə düşünür”, deyə onu sakit olmağa çağırdı. Rüstəm kişi buna da etinasızlıq göstərdi. - Nə camaat, - dedi, - camaat mən, sən! Biz nə desək camaat da onu deyəcək! Qara Kərəm oğlu gülüb susdu. Onun bu istehzalı gülüşü Rüstəm kişini kürsü dalında deyilən sözlərdən daha artıq sancıb yandırdı: “Heç olmasa bircə adam hazırlamalıyam ki, iclasın qabağındamən deyəni təsdiqləsin. Bu çəpik çalmağa öyrənənlərin də adəti belədir, elə bir-ikisi əlini əlinə vurdu, “urra!” deyib qışqıracaqlar. Lakin kim çıxsın, Yarməmməd? Yox, sözünün hörməti olmaz, mənə gülərlər. Salman? O deməyə söz tapar, ancaq yaxşı düşməz, deyərlər ki, gədə müavin olmaq üçün əldən-ayaqdan gedir. Yaxşı olar ki, Şirzadın yaxınlarından biri danışa”. Rüstəm kişi zahirdə Qara Kərəm oğlu və başqaları ilə söhbət etsə də fikri bu məsələnin həlli ilə məşğul idi. Nəhayət, müsahiblərindən ayrılıb dəhlizə çıxdı və adamların arasından Qızyetəri tapıb yana çəkdi. Rüstəm kişi bu fikirdə idi ki, öz uşağı kimi Pərşanla bir böyümüş Qızyetər sözündən çıxmaz. - Ay qızım, biabırçılığı görürsənmi? Niyə ağzına su alıb oturmusan? Qızyetər, Rüstəm kişinin fikrini anlayaraq, gözləri ilə bic-bic gülümsəyib soruşdu: - Nə deyim, Rüstəm dayı? - Nə deyəcəksən, hən manqabaşçısısan, həm də fəal, sinəni ver qabağa, katibi oturt yerində, de ki, bura boş-boş sözlər danışmaq üçün yığışmamışıq. Qızyetər ciddiləşdi. Altdan yuxarı Rüstəm kişinin acıqdan alovlanan gözlərinə baxdı: - Yox, Rüstəm dayı, onlar boş söz danışmır, çox ciddi məsələ ortalığa atıblar. Bağışlayın, sizə də məsləhət görürəm mübahisə etməyəsiniz. Onların dediyi partiyanın axırıncı qərarlarıyla düz gəlir. Bu qərarların canı odur ki, kənd təsərrüfatının məhsuldarlığı artsın, birə iki, birə beş artsın. Rüstəm kişi ondan ümidini kəsdi: - Yaxşı, bala, get zəngi bas, başlayaq. Qara Kərəm oğlu naqqalın biridir, ağzı sözə qızışdı qurtarmaz, - deyib geri döndü. İclas yenidən başlananda isə Rüstəm kişi icazə almadan xitabət kürsüsünə çıxdı: - Yoldaşlar, adam sözünün dalını-qabağını bilsə yaxşıdır. Atalar yaxşı deyib ki, yüz ölç, bir biç. Nə dediyini bilməyən adamlara nə var ki, yeddidə alacağı yox, doqquzda verəcəyi! Təklifdir gəlir ağzına, atır havaya, sabah yerinə yetirməyəndə də vecinə deyil, rayon qarşısında cavab verməyəcək, plenumda məhşər ayağına çəkilməyəcək, ona nə var. Mən isə sözü havaya atmağa öyrənməmişəm. Kişi söz dedi, gərək başı ilə cavab versin. Dedin, gərək edəsən! Keçən il 20, bu il 23. Bundan iti sürət olmaz. Kim irəli çox tələsir, buyursun. Biz bundan bərk yeriyə bilmərik. Çünki tələsərsən – cərcənək olarsan. Muğan düzündə bundan bərk gedən hələ ki, yoxdur. Rüstəm kişinin ağayana bir əda ilə dediyi sözlərə qulaq asdıqca dişi bağırsağını kəsən Şirzad bura qədər durub gözlədi, tikanlı sözlərini uddu. Lakin söz bura çatanda yerindən qışqırdı: - Xeyr, düz demirsən! Bizdən çox-çox bərk gedənlər var. Sən zəhmət çək sentyabr plenumunun qərarını bir də oxu. Onda görərsən ki. Rüstəm kişi Şirzadın bu sözlərini özü üçün təhqir saydı. - Oxumuşam, bala, səndən qabaq ozumuşam. Mənə siyasi dərs demə! - Mənim heç kəsə dərs demək fikrim yoxdur. Ancaq onu deyirəm ki, bizdən çox qabaqda gedənlər var. - Məsələn? - Məsələn, Ağdam rayonu. İki yüz on hektar sahənin hər hektarından 53 sentner məhsul götürüblər. - Biz Ağdamda yaşayırıq, yoxsa qışda palçığı dizə çıxan, yayda tozu göz çıxaran Muğan düzündə? Bu dəlil camaata inandırıcı təsir etdi. Yerlərdən “doğrudur, doğrudur!” deyən səslər gəldi. Orta cərgənin qırağındakı pəncərənin yanında oturub şapkasını qara qaşlarının üstünə qədər basmış birisi icazə almadan yerindən sıçrayıb qışqırdı: - Doğrudur, ay yoldaş, 23-dən artıq yazmaq olmaz! Qabaq cərgədə oturanlar dönüb o tərəfə baxdı. Zaldan cürbəcür səslər eşidildı. Qara Kərəm oğlu zəngi basdı: - Ay Nuru nəvəsi, qabağa gəl, kürsüyə çıx, görək nə deyirsən? Rüstəm kişi “Qızıl bayraq” kolxozunda özünə tərəfdarlar tapdığına sevinib səbirlə kürsüdə durmuşdu, zalın sakit olmasını gözləyirdi. Nuru nəvəsi adlanan orta boylu, qırmızıyanaq adam kürsüyə yaxınlaşıb Rüstəmin yanındaca durdu: - Deyirəm ki, bax, bu kişi haqq söz danışır, bizim Qara Kərəm oğlu özünü göstərmək üçün istəyir çox yaza, sonra da nəfəsimizi kəsə. Yerlərdən üç-dörd nəfər “doğrudur” deyib yavaşca səsləndi. Başqaları etiraz etdi. Birinci dəfə olaraq Qara Kərəm oğlunun dodağının qanı qaçdı, lakin təmkinini pozmadan: - Ay Nuru nəvəsi, - dedi, - yenə sözün var, ya qurtardın? Nuru nəvəsi bozardı: - Sözüm bu idi ki, dedim, bax bu kişi haqq söz danışır, o yoldaş, bağışlasın, adını bilmirəm, - Nuru nəvəsi əlini Şirzada uzatdı, - o yoldaş havallayı danışdı. Nuru nəvəsi düşüb yerinə getdikdə Rüstəm kişi qaliblər kimi geniş sinəsi ilə yenə bütün kürsünü turdu. Şirzad bir anlığa susub yerində qurcalandı. Rüstəm onu qəti məğlub etdiyini düşünərək halına yandı. Artıq heç bir söz demədi. Yadına xalq məsəli düşdü: - İgid basar, kəsməz! Birdən fikrindən keçdi ki, ay canım, ağzından süd iyi gələn bu körpə ilə nə ağız-ağıza vermisən?! Çox da partiya təşkilatçısıdır. Onun bütün yaşı qədər sənin partiya stajın var. Bircə sözlə kiritdin, indi qoy otursun yerində, dalını evimizdə, öz kolxozumuzda danışarıq?! Bu mülahizələrlə Rüstəm kişi səsini bir az yumşaltdı: - Ay oğul, olmaz ki, burda danışmamış, əvvəl imkanlarımızı orda (o, əlini başının üstündən dala tərəf hərlədi), öz evimizin içində aydın edək! İclas diqqətlə mübahisənin necə qurtaracağını gözləyirdi. Hər kəs öz aləmində kimin haqlı, kimin haqsız olduğunu kəsdirməyə çalışırdı. Şirzad yerindəcə etiraz etdi: - Bu təkcə bir kolxozun məsələsi deyil ki, orada həll edək. Hər iki kolxozun həyat məsələsidir, gələcəyi məsələsidir. Birgə həll etsək daha yaxşı olar. - Avazın yaxşı gəlir, oxuduğun quran olsa. Birlik yaxşı şeydir. Amma yerində. Hər kəs öz evində bişirməmiş nə birlik? Öz evimizdə bir dəfə danışdıq, siz deyən olmadı, qayıdarıq, bir də danışarıq. Rüstəm kişinin bu sözləri zala soyuq təsir göstərdi. Yerdən narazı səslər çıxdı. - Hamımız bir evin adamıyıq. Bura da sizin evinizdir. “Yeni həyat”ın nümayəndələri sədrin bu səhvindən darılan kimi oldular. “Yaman yersiz söz danışdı”, deyə Qızyetər Nəcəfin qulağına pıçıldadı. Hamının narazılığını hiss edən Şirzad fürsətdən istifadə edib ayağa durdu: - Elə bütün bəla da bundadır! Sən dar düşünürsən, ölçün balacadır. Elə bilirsən ki, bizim evimiz təkcə “Yeni həyat” kolxozundan ibarətdir. Bir az kənarı görmürsən. Böyük evimizi görmürsən! Müvəffəqiyyətsizliyə uğradığını duyduqca qızışıb çaşan Rüstəm kişi Şirzadın sözü hara gətirdiyini anlaya bilmədi, düşünmədən acıqlı-acıqlı soruşdu: - Hansı böyük ev, ay bala?! Şirzad geniş üfüqləri qucaqlayacaq bir tərzdə qollarını açdı: - Odur, başını qaldır, pəncərədən bax, ucu yox, bucağı yox, böyük evimiz odur, adına da vətən deyirlər. Şirzadın həyəcanla, iti sürətlə dediyi bu sözlər alqışlarla qarşılandı. Kolxozçular əl çaldıqca Rüstəm kişiyə elə gəldi ki, ağır təzyiq altında sıxılır, əzilir, büzüşür və balacalanır. Şirzad isə böyüyür, boy atır, ucalır. Dumanlı şəkildə də olsa hiss etdiyi və gördüyü bu vəziyyət belə Rüstəm kişini ayıltmadı, fikrindən döndərmədi, əksinə, onu daha da acıqlandırdı, köntöy tərpənməyə məcbur etdi. Şirzad danışdığı zaman o dala çevrilib, bir-bir adamlarına nəzər saldı, onların baxışlarında özünə tərəfdar axtardı. Lakin Qızyetərin və Nəcəfin gözlərində açıqcasına etiraz gördü. Şirzad da narazılıq əlaməti olaraq başını buladı. Rüstəm kişi gözləri ilə Yastı Salmanı axtardı. O, daha da yastılanaraq oturmuşdu. Özü də sakit və fikirli idi. Rüstəm kişiyə elə gəldi ki, o hələ ölçüb-biçir, deyilənlərdən müəyyən bir nəticə çıxarmağa çalışır. Nəhayət, onun özünə tərəf çıxacağına şübhə etmədən yenə qabağa – zala baxdı. Şirzadın son sözlərinin doğurduğu alqışlar kəsilməmiş Rüstəm kişi əlini qaldırdı və zalı sakit olmağa çağırdı. Əvvəlcə zalda səs-küy daha da artdı. Lakin çox tez sükut əmələ gəldi. Rüstəm kişi qəti səslə: Mən taxmamış taqqıldadanlardan, çaya çatmamış çarığını çıxardanlardan deyiləm! Demişəm qurtarıb. Öhdəmə bir sentner də artıq götürə bilmərəm! – dedi və məğrur görkəmlə keçib yerində oturdu. Zalda da, rəyasət heyətində də ağır bir sükut yarandı. 4 Bu sükut içində Qara Kərəm oğlu həmişəki təmkinini və üzünün mülayim ifadəsini pozmadan ayağa durdu. O, evində qohumlarının, yaxın dostlarının arasında söhbət edirmiş kimi sakit hərəkətlə və yavaş-yavaş danışdı, özü də söhbəti çox uzaqdan başladı: - Yoldaşlar, təəccüb etməyin ki, Rüstəm kişi ilə Şirzad və Zeynəb arasında belə canlı danışıq oldu. Çünki məsələ vacib məsələdir. Yüksək məhsul kommunizmin lap can-cövhər məsələsidir. Partiya bizi həmişə şəxsi tənqidi genişləndirməyə çağırır. Mən öz balaca ağlımla belə anlayıram ki, şəxsi tənqidin binövrəsində açıq və doğru söz durur. Deyəsən həmin canlı məsələ barəsində danışanda mən şəxsi tənqidsiz keçinə bilməyəcəyəm. Lap başlanğıcdan Qara Kərəm oğlunun sözləri Rüstəm kişiyə xoş gəlmədi. Birinci cümlələri eşidəndə “hə, qızışdır, qızışdır, Qara Kərəm oğlu. əlinə yaxşı fürsət düşüb!” deyə düşündü. Sonrakı cümlələrdə fikrə getdi. “Dünya görmüş adamdır, mübarizədə bişmişdir, boş xəyallara aldanmaz”, deyə sözünün dalını gözlədi. Lakin söz “şəxsi tənqidin binövrəsinə” çatanda yerində tərpəndi, bildi ki, Qara Kərəm oğlu söhbəti dolandırıb onun üstünə gətirəcək. - Mən üzümü bu qardaşım Rüstəm kişiyə tutmaq istəyirəm. Rüstəm kişi Qara Kərəm oğlunun sözünü zarafatla keçirmək istədi, iki əlini də havada yellədi: - Mənə qardaş-zad lazım deyil. Qardaş yaxşı olsaydı, allah özü üçün yaradardı! Lap qabaq cərgələrdə üç-dörd adam güldü. Yarməmməd də “ho,ho” edərək boylanıb qaqqıldadı. Nəcəf Şirzada: - Gör bu nə canfəşanlıq edir, - dedi və yenə Yarməmmədin ətəyindən çəkib yerində oturtdu. Başqa gülən olmadı. Hamı Rüstəm kişiyə soyuq nəzər salıb yenə Qara Kərəm oğluna baxdı. Qara Kərəm oğlu Rüstəm kişiyə tərəf döndü: - Neynək, qardaş olmursan, olma. Yoldaşlıqdan ki, boyun qaçıra bilməyəcəksən? - Yoldaşlığa sözüm yoxdur. - Lap yaxşı. Şəxsi tənqid yoldaşa heç qardaşdan pis yapışmır. Hətta deyərdim ki, onu bir az da bərk tutur. - Yaxşı, nehrə çalxama, sözünü de, görək. Qara Kərəm oğlu üzünü yenə zala tərəf çevirdi. - Sözüm odur ki, bu əziz dostumuz Rüstəm kişinin sözləri bir əhvalatı yadıma saldı. Keçmişdə Kərim bəy adlı bir ağa var idi. Cavanlar görməyib, qocaların yadında olar. Kərim bəy tərsin biri idi. Dedi toyuq bir qıçlıdır, deməli bir qıçlıdır, daha danışıq ola bilməzdi. Dedi qatıq qaradır, deməli qaradır. Özü də hansı söz ağzından birinci çıxdı o idi. Daha dünya-aləm yığışsa, min kitab açsa Kərim bəyi fikrindən döndərə bilməzdi. Bir dəfə bazar ayağında bir dəstə adamın içində heyvanlardan söhbət düşür, biri deyir camış yaxşı heyvandır, qatığı çox dadlı olur, o biri deyir inək yaxşıdır, gözəl yağı çıxır. Üçüncüsü deyir yox, qoyun yaxşıdır, çünki qoyun pendirinin yerini heç zad verməz. Kərim bəy də burada imiş, birdən ağzından çıxır ki, dünyada keçidən yaxşı heyvan yoxdur. Soruşanda ki, ay bəy, niyə keçi cümlə heyvanlardan yaxşıdır, belə cavab verir: “Çünki demişəm, qurtarıb. ” Məni bağışlasın, bizim Rüstəm kişi də sözünün üstündə durub ki, iyirmi üç 25-dən yaxşıdır! Niyəsinə də cavabı odur ki, mən kişiyəm, kişinin sözü bir olar. Mən isə deyirəm ki, əsil kişilik tərslikdə, zorda, gücdə yox, həqiqətdədir. Kişi odur ki, həmişə haqqa tərəf çıxsın, səhv etdiyini görəndə mərdi-mərdana boynuna alsın. Biz səhv etmişik. Məhsuldarlığı nə qədər mümkünsə qaldırmağın mənasını başa düşməmişik, ona görə də hektardan 25 sentner verə biləcəyimiz halda 23 yazmışıq. Mən Zeynəb Quliyeva yoldaşın təklifini qəbul edirəm. Elə bilirəm ki, “Yeni həyat” kolxozu da bu danışıqlardan sonra şərtində 25 sentner yazar. Qara Kərəm oğlu sözü deyib durdu və dönüb “Yeni həyat”ın nümayəndələrinə baxdı. Şirzad, Qızyetər, Nəcəf və başqaları ucadan: “doğrudur, doğrudur!” deyib səsləndilər. Yarməmməd nə isə dodaqarası anlaşılmaz bir şey mızıldadı. Onun da ağzından çıxan “doğrudur” sözü idi. Lakin o bunu Rüstəm kişi eşitməmək və Şirzadgil eşitmək üçün üzünü yana tutaraq yavaşdan cılız səslə dedi. Qara Kərəm oğlu da, rəyasət heyətində oturan başqaları da sualedici nəzərlərini Rüstəm kişiyə dikdi. O isə başını aşağı salmışdı. Stol örtüyündən qopararaq barmağı arasında yumurladığı iplik parçasına baxırdı. Fikrində isə məsələni həll etməyə çalışırdı. Girdələyib qurtardığı iplik parçasını bir kənara atıb ayağa durdu: - Yoldaşlar, - dedi, - bu Qara Kərəm oğlu məni köhnə bəylərə oxşatdı. Eybi yoxdur, neynək vaxt gələr, verilən sözlər işdə yoxlanar, bilinər ki, bəy kimdir, həqiqi kommunist kimdir. Onda mən də Qara Kərəm oğluna bir məsəl çəkərəm, yadınızda saxlayın, qonşunun əppəyi qonşuya borcdur. Məhsuldarlıq məsələsinə gəldikdə isə mən deyirəm: nə bəy, nə də geridə qalmaq kimi sözlər məni qorxutmur. Mən elə əvvəlki sözümdə dururam. Etiraza oxşar bir uğultu zalı titrətdi. Rəyasət heyətində oturanlar isə ciddi bir narazılıqla sakit durmuşdular. Yalnız Yarməmməd Rüstəm kişiyə tərəf əyilərək yavaşcadan: - doğrudur, - dedi. Bu dəfə elə dedi ki, Rüstəm kişi eşitsin, Şirzadgil eşitməsin. Onun mızıltısından bir şey başa düşməyən Qara Kərəm oğlu əyilib soruşdu: “Nə deyirsən?”, Nəcəf Yarməmmədin ətəyindən çəkib çiynindən basdı və Qara Kərəm oğluna dedi: - Bir sözü yoxdur. Rüstəm kişi isə bütün iclas boyu ilk dəfə olaraq daxilində qorxuya oxşar bir şey duydu. Bu, zaldan ona dikilmiş yüzlərlə soyuq gözlərin oyatdığı daxili təlaş duyğusu idi. Bu baxışlar altında zaldan üstünə gələn üşütmə içində o özünü doğrultmağa çalışdı: - Gərək nəzərə alasınız ki, bizim də heyət idarəmiz var, iclasımız var. Qayıdarıq, müzakirə edərik, görək camaat nə deyir. Qara Kərəm oğlu Rüstəm kişinin bir az əvvəlki sözlərini xatırladı. “Biz nə desək camaat da onu deyəcək”. Bu sözlərlə indiki fikri tutmurdu. Bu sözlərin hansı onun həqiqi etiqadını ifadə edirdi? Bir az qabaq qızışaraq təsadüfənmi elə demişdi, yoxsa indi siyasət işlədirdi? Bu suala cavab tapmadan müqavilənin başqa maddələrinin müzakirəsinə keçdi. Məhsuldarlıq hər kolxoz üçün ayrı göstərildi: “Yeni həyat” üçün 23, “Qızıl bayraq” üçün 25 sentner. Yarışın başqa şərtləri mübahisə oyatmadığından, yarım saat keçməmiş iclas qurtardı. Qara Kərəm oğlu yenə əvvəlki təmkinli və mehriban hərəkəti ilə Rüstəm kişinin qoluna girdi: - Mədəniyyət evimiz xoşuna gəlirmi? - Pis deyil, - dedi və düşündü ki, gələn il ölü də olsa, diri də, gərək kəndin ortasında bundan da yaxşı bir mədəniyyət evi dikəltsin. Çölə çıxanda öz adamlarını yolun qırağındakı yük maşınının yanında toplanmış gördü. Onlar nə isə şirin-şirin danışırdılar. Hamısı da gözünü Şirzada dikmişdi. “Yəqin yenə məhsuldarlıq söhbətidir”. Bu fikir başından keçmiş, onu görən Şirzad dəstədən ayrılıb yanına gəldi. Heç şey olmamış kimi gülərüzlə: - Rüstəm dayı, - dedi, - uşaqlar istəyir Qara Kərəm oğlunun konsertinə qala. Etiraz etmirsən ki? Rüstəm kişi hələ də Şirzada açıq nəzərlə baxa bilmirdi. İçərisində dağılmaq bilməyən duman üzünə çıxırdı: - Bayaqdan mənə siyası dərs deyirdiniz, gərgin işdən danışırdınız, indi də konsertdən başlamısınız. O sözlə bu əməl tutmur! Oturun maşına, yola düşək. İşimiz çoxdur! Qara Kərəm oğlu etiraz etdi: - Elə şey yoxdur, yodaş Rüstəm! Konsertə də qulaq asacağıq, hələ bizə gedib çığırtma da yeyəcəyik! Rüstəm kişi qəti səslə: - Sonraya qalsın, - dedi, - sağlıq olsun. Balığı haçan tutsan təzədir, çığırtmanı yazda da, yayda da yemək olar.. Bu sözlərlə o, Qara Kərəm oğlnun əlini sıxıb maşına tərəf getdi. Haradan çıxdığı məlum olmayan Yarməmməd maşının yanında idi. Bir əliylə maşının qapısını açdı, o biri əliylə oturacağı silib təmizlədi: - Yoldaş sədr, buyurun! Rüstəm kişi ani tərəddüdlə durub bir ona, bir də maşının dalına dolmuş Şirzada, Qızyetərə, Nəcəfə və başqalarına baxdı və tez Yarməmmədin hazır saxladığı kabinəyə girib qapını örtdü.. Bütün yol uzunu daldan onun qulağına şən gülüşlər, qarışıq səslər gəlirdi. O isə yanında oturduğu şoferə belə bir söz demirdi. Tutqun gözlərlə qaçışan çölləri, ağacları, dağları seyr etməyə çalışır, lakin bir şey görmürdü. Çünki tərs bir fikir gözlərini bağlamışdı: “Kül başına, Rüstəm kişi, gör nə günə qaldın ki, hər uşaq-muşaq sənə dərs deyir!” 5 Maşının dalında oturanlar isə tamamilə başqa şey düşünür və şirin-şirin danışırdılar. “Qızıl bayraq” kolxozundan uzaqlaşan kimi Qızyetər dedi: - Bilirsinizmi, bu günkü iclas və bu kənddə gördüklərim məni yaman narahat edir, elə bilirəm ki, biz bu vaxta qədər yuxuya getmişik. İndiyə qədər mən deyirdim, hər şeyimiz yaxşıdır. Planlarımız dolur, daha nə var ki? İndi görürəm ki yox, biz qonşularımızla ayaqlaşa bilmirik. Nəcəf gileyli bir səslə onun sözünə tərəf çıxdı: - Mən deyəndə ki, Rüstəm kişi paxır bağlayıb, bax bu Yarməmmədin (o, Yarməmmədin döşündən tutub silkələyəndə Yarməmməd qəsdən budaq kimi o tərəf-bu tərəfə əsib gülümsədi) içərisi çürüyüb, hamınız üstümə düşürsünüz ki, boşboğazlıq eləmə. İndi əkdiklərinizin meyvəsini dərin! Orda tərif, burda tərif, bu da axırı. İş o yerə gəlib çatıb ki, Rüstəm kişi elə bilir o, asqıranda gərək bütün kolxoz asqırsın, öskürəndə bütün kolxoz öskürsün! Hətta mənə elə gəlir ki, o, hər gün təriflənməyi çay içmək kimi adi bir şey hesab edir: çayı bir az gec gələndə yəqin başı ağrıyır, narazı bir halda üz-gözünü büzüşdürür. Belədirmi, ay Yarməmməd? Yarməmmədin üz-gözü yığışdı, turşudu, tez cibindən əzik-üzük çirkli ağ yaylıq çıxarıb ovcunda sıxdı və üzünə tutub asqırdı. Lakin bir dəfə yox, üç dəfə, dörd dəfə asqırdı. Gözləri sulanın caya qədər asqırdı və başını yana tutmaqla yaxasını Nəcəfin əlindən qurtarmaq istədi. Amma Nəcəf əl çəkmədi: - Gör nə yerində asqırır, - deyib güldü. – Onu bil ki, səndən əl çəkən deyiləm! De görüm mənimlə razısan, ya yox? Bilirəm, bunların hamısını Rüstəm kişiyə xəbər verəcəksən, ancaq öz fikrini də de. - Başın üçün, Nəcəf yoldaş, mənim fikrim həqiqət tərəfindədir. Asqırmağın da günahı məndə deyil, burnum xarabdır. O ki qaldı işə, əlbəttə, gərək işdə şəxsi tənqid olsun. Məlum məsələdir ki, şəxsi tənqid yaxşı şeydir. Nəcəf güldü: - Yaxşı şeydir, hə? Sən çox sevirsən, eləmi? Yalançının imanı yansın. Ay kişi, bu boyda adam da yalan danışar? Heç utanmırsan? Yarməmməd, Nəcəfin zarafata saldığını görüb açılışdı: - Məsləkimiz haqqı, mən şəxsi tənqidi sevirəm. Lap canım-ciyərim kimi sevirəm. Nə isə xəyala dalaraq bu sözləri eşitməyən Şirzad soruşdu: - Yarməmməd, bir de görüm bizdə neçə briqada və neçə manqa var? Yarməmməd yüngül və sevincək cavab verdi: - Bax, belə sual ver, cavabını o saat deyim. Axı, məni niyə dağa-daşa salırsan, ay Nəcəf yoldaş? Bizdə dörd briqada, on iki manqa var, ağrın alım. - Neçə manqa keçən il hektardan 25 sentner məhsul götürüb? Yarməmməd alnını ovuşdurdu: - Düzü o yadımda deyil, qayıdan kimi bütün məlumatları hazırlayıb sənə verərəm. Hər manqa, hər briqada nə qədər götürüb, əlifdən beyə kimi hamısını hazır edərəm. - Mütləq hazırla və mənə ver. Məhsuldarlığın düzgün planlaşdırılması kolxoz gəlirinin əsasıdır. Az olanda, deməli, hər iş yüngülcə, başdansovma görüləcək. Amma yüksək məhsul üçün gərgin işləmək lazımdır, diqqət və səliqə də öz yerində, aqrotexniki qaydalara da ciddi əməl olunmalıdır. Üç ay, beş ay qabağa baxmaq lazımdır. Yaqin Rüstəm kişini qorxudan da budur. Birdən maşın yavaşıyıb dayandı, bunun səbəbini bilmək üçün Qızyetər yan taxtadan tutub qabağa əyildikdə Rüstəm kişi ilə baş-başa dəydi. Rüstəm kişi qapını açıb çıxdı və qəribə bir yüngüllüklə sıçrayıb maşının dalına dırmaşdı. Maşındakılar, vərdiş halını almış bir hörmətlə yanlarında ona yer elədilər. O, ağır hərəkətlə keçib oturdu. Maşın yerindən tərpəndi. Getdikcə artan bir sürətlə irəlilədi. Nümayəndələr sədrin buludlu və dumanlı üzünü gördükdə onun hələ də acıqlı olduğunu və danışmaq üçün buraya keçdiyini yəqin etdilər. Sədr onları uzun zaman intizar içində saxlayıb üzünü Şirzada tutdu: - Hə, bala, bir öz hərəkətini fikirləşdinmi? Onun ahəngi və amiranə səsi Şirzada gülməli göründü. Lakin zorakı bir ciddiliklə: - Bəli, düşündüm! – dedi. Rüstəm kişiyə elə gəldi ki, Şirzad hərəkətindən peşman olmuşdur və indicə öz səhvini boynuna alacaqdır. - Hə, nə qərara gəldin, oğul? – deyib mülayimləşmiş bir səslə soruşdu. - Bu qərara gəldim: bütün o mübahisə heç olmaya da bilərdi. Rüstəm kişi məsələni daha da aydın etmək istədi: - İndi səhv etdiyini başa düşürsənmi? - Mən sizi anlamıram! - Oğul, - dedi, - adam bir böyük-kiçik bilər, sözünün yerini bilər, axı! O barədə burda danışmaq fikriniz var idi, əvvəldən mənə deyəydiniz, Mən də ölçüb-biçəydim, bir qərara gələydim. Axı, mən də bu saç-saqqalı kürsü dibində ağartmamışam. Bir şey bilirəm bu sözü deyirəm. - O barədə birinci dəfə danışmırıq ha. - Düzdür, danışmışıq. Amma belə yox. Bir mülahizə edin, məgər mən məhsuldarlığı artırçağın mənasını başa düşmürəm? Yox, sizdən də yaxşı başa düşürəm! Əgər etiraz edirəmsə, deməli bir səbəbi var. Siz hələ çox cavansınız, belə şeyləri başınız daşdan-daşa dəyəndən sonra anlayacaqsınız! Rüstəm kişi öz aləmində Salmana, Qızyetərə, Nəcəfə və Şirzada öz uşaqları kimi baxırdı. Onların hamısını bələkdə görmüşdü. Necə iməklədiklərini, yumbalana-yumbalana necə birinci sinfə getdiklərini də xatırlayırdı. Hətta bəzilərinin ata-analarına da böyüklük etmişdi. Evdə, eşikdə daima hamısından hörmət görmüşdü. Elə buna görə də həmişə və hər məsələdə fikrinin onlar üçün qanun olmasını istəyirdi ki, nə desə onlar sözsüz yerinə yetirsinlər. Bir də ki, o indi biləni onlar hələ on il sonra başa düşəcəklər. Bu fikirlər Rüstəm kişi ilə onların arasında anlaşılmazlıq yaradırdı, bu anlaşılmazlığı getdikcə dərinləşdirirdi. Şirzad Rüstəm kişini bu qədər acıqlandıran daxili səbəbləri bilmək istədi: - Yaxşı, sizcə mənim səhvim nədir, Rüstəm dayı? Rüstəm kişi məmnuniyyətlə izah etdi: - Sənin birinci səhvin odur ki, çox tələsirsən, istiqanlısan, ölçüb-biçməmiş danışırsan, ikinci səhvin də odur ki, böyük-kiçik bilmirsən, bilmirsən ki, bizim özümüzə görə adətlərimiz var. - Rüstəm dayı, böyüyə hörmət etməyi mən də xoşlayıram. Lakin böyüyə hörmət adamı prinsipsiz, simasız edirsə, belə hörmətdən əl çəkmək lazımdır. Çünki o həm hörmət edəni, həm də hörmət olunanı alçaldır. Hörməti belə başa düşmək köhnəlikdir. - Yaxşı, bu təzə adət nədir? Rüstəm kişi “təzə” sözünü xüsusi ahənglə dedi. Sanki dikinin üstündən nə isə bərk bir şey çıxarıb atdı. - Təzə odur ki, səmimi olasan, yalandan, boğazdan yuxarı hörmət göstərməyəsən. Mən ürəkdə sizin fikrinizlə razı deyiləmsə, yalandan razı olduğumu bildirsəm, xoşunuza gələrmi? Rüstəm kişi qəti dedi: - Yer var ki, gələr, lap ləzzət də verər! - Bax, bunu mən anlaya bilmirəm. Necə yer ola bilər ki, mən istədiyimin tərsini deyim və sizə də xoş gəlsin? Bu mümkün deyil! Mən bir şeyin həqiqət olduğuna inanandan sonra atam qəbirdən çıxıb gəlsə də onu deyəcəyəm. Rüstəm kişinin gözlədiyi olmadı. Şirzad üsr istəmirdi, səhv etdiyini demirdi, əksinə, öz fikrində israr edirdi. - Qozbeli qəbir düzəldər! – dedi. – Xəmiriniz demaqoqluqla yoğrulub, vəssalam! - Bizi təhqir etməyin! – deyə Şirzad da ciddi cavab verdi. - Axı, günah məndədir ki, sənin kimi uşaq-muşaqla ağız-ağıza verirəm! Bu “uşaq-muşaq” sözü sanki bir vedrə qaynar su olub Şirzadın başından aşağı töküldü. O, ağır söz üçün ağzını açanda Nəcəf qolundan tutub danışmağa qoymadı, sözə qarışdı: - Rüstəm dayı, gərək ki, Qara Kərəm oğlu da sizinlə yaşıddır, hə? Rüstəm kişi sualın mənasını dərhal başa düşdü. Qara Kərəm oğlu adı qulaqlarını deşdi və buna görə də Nəcəfin sualına birbaş cavab verməkdən boyun qaçırdı. - Sözünü de görək, nə deyirsən? - Onu deyirəm ki, bizi lap uşaqlıqdan böyüyə hörmət etməyə öyrədiblər. Amma bizə başqa şey də deyiblər, deyiblər ki, adam odur ki, ümumi işin faydasını, vətənin faydasını hər şeydən uca tutsun. Yoxsa hər kəsin xatirinə həqiqəti gizlətsək, bizimlə köhnə bəylərdə fərq olmaz. - Qara Kərəm oğlunun sözünü danışma. - Yox, danışacağam. Çünki Qara Kərəm oğluna mən çox hörmət edirəm. O, yaşca qoca olsa da, fikri, düşüncəsi cavandır. Elə bil ki, mənim yaşıdımdır. - Deməli, biz çürümüşük, hə? - Çürüməsəniz də, hər halda paslanmışsınız. Mən bunu çoxdan demişəm! Rüstəm kişi zahiri etinasızlıq göstərmək istəsə də, əslində yanıqlı bir ürəklə: - Sən köhnə demaqoqsan! – deyib üzünü Nəcəfdən yana çevirdi. Nəcəf də söz altında qalmağı sevməzdi. - Sən də Qarabağın quru bəylərindən o yana getməmisən. Söhbət pis yerə gəlib çıxdı, söz düyünə düşdü. Heç bir anlaşma əlaməti görünmürdü. Əksinə, bir-iki də belə söz deyilsəydi, ehtiraslar qızışacaq, sədrlə nümayəndələr arasında bərk dalaşma düşəcəkdi. Bu vaxta qədər özünü saxlayan, səbirlə mübahisələrə qulaq asan Salman növbəsinin çatdığını hiss etdi: - Dalaşmaq nəyə lazımdır, qocalara hörmət etmək, cavanlara yol açmaq. Qoca təcrübəsini ortalığa qoysun, cavan hünərini, vəssalam! - Sən də az moizə elə! – deyib Rüstəm kişi onun da sözünü kəsdi. Salman gülümsəyib susdu, incimədi, küsmədi, yastı üzünün bir əzələsi də tərpənmədi. Təbiətən mülayim və xeyirxah olan Qızyetər bu cür deyişməyə rast gəldiyi üçün dərin həyəcan keçirirdi. Şirzad, Nəcəf və Rüstəm kişinin anlaşmasını ürəkdən istəyirdi. Bunun üçün də əsil məsələdən danışmaq lazım olduğunu hiss edirdi: - Ay Rüstəm dayı, axı, siz etirazınızın səbəbini bildirmədiniz! - Etirazımın səbəbi odur ki, ay qızım, kağıza yazmaq asandır, yerinə yetirmək çətin! Məni rayon qabağında yüngülsaqqal eləməyin! Beş il ömrüm qalıb, qoyun rahat yaşayım! Qeyri-ixtiyari və səmimi olaraq deyilən bu sözlər Şirzadın ürəyini yumşaltdı. Rüstəm kişinin çal saçlarını, un səpələnmiş kimi görünən qaşlarını və kirpiklərini birinci dəfə görürmüş kimi diqqətlə baxdı. “Axı, bu yaşda kişini biz niyə bu qədər sıxışdırırıq, - deyə düşündü. – Bu yaşda qocanın qarşısına belə tələblər qoymaq insafsızlıq deyilmi? Biz də o yaşa gələndə yəqin beləcə rahatlıq axtaracağıq”. Lakin dərhal bunu rədd edən başqa mühakimə başına gəldi: “Yox! Mən görsəm ki, artıq fikrim yorulub, zəmanə ilə ayaqlaşa bilmirəm, özüm ərizə verərəm, işə əngəl olmaram. Nə üçün həm başqalarının yolunu kəsəsən, həm də özünü gülünc vəziyyətə salasan?” Şirzad Rüstəm kişinin hələ çox möhkəm vücudunu süzdü, işıqlı gözlərində dönməz iradə və inadın parıltısını gördükdə düşündü ki, onu hərəkatın qabağında kötüyə döndərən şey qocalıq deyildi. Yox! O, hələ işləyə bilər. İşi irəli apara bilər. Nəcəf deyəndir. Paslanmaq başlanıb, tərpətmək, təmizləmək, yağlamaq lazımdır! Bu fikirlə o, boz paltosunun əzik ətəyini qaldırdı, cibindən səhifələrinin qıraqları əzilib-büzülmüş ağ cildli balaca bir kitabça çıxartdı: - Rüstəm dayı, bu kitabı oxumuşsunuzmu? Rüstəm kişi nə Şirzada, nə də kitaba baxmadan cavab verdi: - Hə, oxumuşam! Kitab oxuyan elə bir siz deyilsiniz ki?! Şirzad onun səsindəki qəzəbi bir qulağından alıb o biri qulağından buraxdı. Kitabı havada yellədə-yellədə: - Qəribə misallar var, - dedi, - çox maraqlıdır. Bütün qabaqcılların təcrübəsi yazılıb. Şirzad danışdıqca Rüstəm kişi gözaltı kitabın ağ cildi üzərindəki iri, qara yazını oxudu: “Böyük vəzifələr qarşısında”. Kitabın adını yadında saxlamağa çalışdı. Nəcəf Rüstəm kişinin yeni tələbləri başa düşəcəyinə və işi bu tələblərə görə qura biləcəyinə ümidsiz baxdığı üçün onunla mübahisə və münaqişəyə girişməyin nahaq vaxt itirmək olduğu qərarına gəlmişdi və üzünü yana tutub, artıq oyanaraq adamı çağırmaqda olan geniş çöllərə baxırdı. Mübahisə qızışıb davaya keçmədiyi və soyuduğu üçün Qızyetərin gözləri gülürdü. Onu ciddi məşğul edən fikirlər isə bu gülüşün dalında gizlənmişdi. Yarməmməd bu mübahisələrdə sağ-salamat kənarda qala bildiyi və heç bir fikir deməyə məcbur olmadığı üçün çox şad idi. Onun sual dolu gözləri gah Şirzada, gah Nəcəfə baxır, hamıdan çox Rüstəm kişiyə dikəlib dururdu və sanki soruşurdu: “Nə buyurursan, nə qulluğun var?” Salman yastılanaraq kənarda oturmuşdu. Onun nə düşündüyünü heç kəs bilmirdi. Rüstəm kişi acıqlı, pərt və fikirli idi. Artıq heç kəsə baxmadan gözlərini hara isə, qaçışan uzaqlara zilləmişdi. Şirzad isə maşının atıb-tutmasına baxmayaraq hər səhifəsini əzbərdən bildiyi kitabı varaqlayırdı. Kəndə qayıdan kimi məhsuldarlıq məsələsinin kolxoz heyətində müzakirə olunacağını düşünür, fikrən bu müzakirəyə hazırlaşırdı. Rüstəm kişi bütün gün ərzində içərisinə dolmuş qəzəbdən şişmişdi, bir söz deməsə, Şirzadın üstünə püskürüb açılmasa, çatlayıb dağılacaqdı. Qızğın ehtiraslar onun fikrini dumanlatmışdı. Buna görə də ağlına gələn birinci sözü dedi: - Adam qudurğan olmaz, bala, partiya təşkilatçısı seçildiyin bir həftə deyil, yerə-göyə sığmırsan. Ay kişi, səhərdən bunu de ki, biz də bilək dərdin nədir? – deyə Şirzad soyuqqanlıqla cavab verdi. – Ancaq onu da bil ki, Rüstəm dayı, belə sözlərlə bizi qorxudub qabağımızı kəsmək olmaz. Sənə hörmətimiz çoxdur, ancaq bir iş ki, hamımızın güzəranı ondan asılıdır, onu heç kəsə qurban verə bilmərik. Yeddinci fəsil 1 Maşın kəndə girəndə Rüstəm kişi küsülü kimi oturmuşdu. Üzünü Şirzaddan və Nəcəf komsomoldan yana tutmuşdu. Onların varlığını belə unutmağa çalışırdı. Lakin buna nail ola bilmirdi. Nə barədə düşünürsə düşünsün, axırda fikri gəlib onların üstündə dururdu. Rüstəm kişi Şirzaddan və Nəcəf komsomoldan qorxmurdu. Ona elə gəlirdi ki, camaat arasında hörmətləri olsa da, işin başına keçəcək halda deyillər. Rayonda onları tanıyan yoxdur. Rüstəm kişini narahat edən onların pis toxum səpmələri idi, üzünə ağ olmaları idi. Belə toxumlar cücərib arta bilərdi. Buna görə də onların ağzını bərk yummaq lazım idi. Qayda-qanunla, ustalıqla elə tıxaclamaq lazım idi ki, dilləri tərpənəndə “bəli, bəli!” və “baş üstə”dən başqa söz tutmasın. Rüstəm kişi bərk acıdığını hiss etdi. Ürəyi də yanırdı, təşnəqəlb olmuşdu. Könlü çay istəyirdi. Buna baxmayaraq evə getmədi, kolxoz idarəsinin böyük darvazası ağzında maşından düşdü, yol yoldaşları ilə vidalaşmadan, ayrılıb uzun və geniş həyətə girdi. Girən kimi də dayanıb ürəyində oynaşmağa başlayan anlaşılmaz, qərib duyğularla ətrafı süzdü: sol tərəfdə kolxozun səkkiz otaqdan ibarət qırmızı kərpicdən tikilmiş ikimərtəbəli, eyvanlı-pəncərəli binası yüksəlirdi. Binanın qabağında balaca bağça vardı. Həyətin o biri başından kolxoz məhsullarını və təsərrüfat alətlərini yığmaq üçün birmərtəbəli bina görünürdü, bina çiy kərpicdən tikilmiş və ağardılmışdı. Rüstəm kişi bu binalara, bu geniş həyətə sakit və laqeyd baxa bilmirdi. Onları daxili bir qürur hissi ilə seyr etdikcə ürəyi həm sevinclə, həm də acı bir kədərlə dolurdu. Sevinirdi, çünki hamısını özü tikdirmişdi. Hamısı öz zəhmətinin məhsulu idi. Kədərlənirdi, çünki qədr-qiymətini bilməyib üzünə ağ olmağa başlayan cavanlar meydana çıxırdı. O, kolxozu təhvil alanda bura bomboş, çuxurlu-təpəli bir çöllük idi. O, zaman kolxoz idarəsi iki otaqdan ibarət köhnə və yan-yörəsi sökük bir binada yerləşirdi. Kolxoz mal-heyvanını saxlamaq üçün fərli bir tövlə də yox idi. Kənddə təsərrüfat alətləri yay-qış uçuq-sökük, qar-yağış tökülən bir xarabalıqda saxlanırdı. Rüstəm kişi o zaman sədrliyi boynuna çəkdi. Çiynini təsərrüfatı pozulmuş bu kolxozun ağır yükünün altına verdi. Əlbəttə, tikinti işlərinə birdən başlaya bilməzdi. Çünki kolxozun iqtisadi vəziyyəti çox ağır idi. Üç il dalbadal heç bir plan yerinə yetirilməmişdi. Əməkgününə bir qram məhsul, bir manat pul verilməmişdi. Hesabat işləri qarışıq salınmışdı. Mal-qaranın və avadanlığın düzgün hesabı olmadığı kimi, əməkgünlər və məhsulun hesablanmasından baş açmaq da mümkün deyildi. Xüsusən əkin və səpin, becərmə və yığım işləri pozğun bir halda idi. Möhkəm əmək intizamından danışmağa gəlməzdi. O zaman kolxoz, köhnələr demişkən, arvad hamamına oxşayırdı. Ağız deyəni qulaq eşitmirdi. Aqrotexniki tədbirlərdən elə-belə görkəm üçün danışırdılar. Rüstəm kişi birinci il bütün fikrini əsas məsələyə - kolxozun təsərrüfatını qaldırmaq məsələsinə verdi. Briqada və manqaları möhkəmlətdi. Hesabat işlərini qaydaya saldı, möhkəm intizam yaratdı. İkinci il kolxoz bütün planlarını artıqlaması ilə yerinə yetirdi. Borclarını ödədi və hər əməkgününə üç kilo taxıl payladı. Bu, bir bayram idi. Kolxozçular Rüstəm kişini əlləri üstündə gəzdirmək istəyirdilər. Onda rüstəm kişi üzünü onlara tutub demişdi: - Üç kilo da məhsuldurmu? Əməkgününə üç kilodan danışanda adam utanır. Rusiyada kolxozlar var ki, əməkgününə iyirmi beş kilo taxıl bölürlər. Gərək onlara çataq! On beş il əvvəl Rüstəm kişi belə işləyirdi. Bu binaları da sədrlik etdiyinin üçüncü ili tikdirib başa çatdırmışdı. Demək olar ki, onların layihəsini də özü düzəltmişdi. Baş ustalığını da özü etmişdi. O, zaman Rüstəm kişinin ürəyində on səkkiz yaşlı bir cavanın eşqi və həvəsi vardı. Yorulmaq bilmirdi. Heç bir çətinlikdən qorxmurdu. Nədən yapışsa mütləq axıra aparıb çıxarırdı. Həm də nə həvəslə, nə ruhla aparırdı. Sonra müharibə düşdü. Rüstəm kişi kolxozu saz halda, yaxşıca vəziyyətdə təhvil verib getdi. Lakin neçə il sonra qayıdarkən yenə onu pozğun bir halda gördü. Yenə qabaqkı kimi təsərrüfat dağılmışdı. Ümumi gəlir borcları, xərcləri ödəməyə çatmırdı. Torpaqların bir qismini duz basmışdı, ağacların çoxu qurumuşdu, idarənin binası damırdı, tövlə uçmuşdu, mal-heyvanın sayı birə iki azalmışdı. Kolxozda cəmi üç min baş qoyun, altı yüz qaramal qalmışdı ki, bunun da çoxu arıq-ələngə dana-dunadan, əmcəyi qarnına yapışmış qısır inəkdən, yatanda zorla yerindən qalxan qabırğası çıxmış kəldən ibarət idi. Yeddi yüz təsərrüfatı birləşdirən bir kolxoz üçün bu heç nə idi. Rüstəm kişi əkinçiliyə nəzər salanda gördü ki, burada vəziyyət maldarlıqdan da pisdir: kolxoz üç yüz hektar pambıq, altı yüz əlli hektar taxıl, on beş hektar tərəvəz, otuz hektar yonca əkmişdi. Cəmi – doqquz yüz doxsan beş! Halbuki akt üzrə kolxozun ayağında dörd min hektar torpaq vardı. Son iki ildə kolxozun illik gəliri hazırlıq və vergiləri ödəmirdi, kolxozun hazırca borcu bir milyondan artıq idi. Kolxozda hər kəs öz hayında idi, gözünü öz qapısına, öz inəyinə, öz bağçasına dikmişdi. Kənd bir ağızdan dedi ki, kolxozu düzəltsə Rüstəm kişi düzəldər. Rüstəm özü də sahibsiz qoyub getdiyi övladını qayıdıb küçələrdə başsız və lüt-üryan görən ata kimi ürəkdən yanırdı, yanırdı və kolxozu qaldırmağa hazır idi. Onu raykoma çağırdılar. Camaatın arzusunu dedilər. Rüstəm kişi təşəkkür və şadlıqla: - Camaatın etibarı mənə bəsdir, hər şeyə hazıram! – dedi və işə girişdi. İçərisində, lap dərinlərdə isə mütəkəbbir bir duyğu oyandı: mənsiz keçinə bilmirlər! Əvvəllər Rüstəm kişi bu duyğunu susdurub işə girişdi. Yavaş-yavaş kolxozu kəsirdən çıxardı, gətirib bu günə çatdırdı. Rüstəm kişi əvvəlcə etibarlı, təsərrüfatı bilən adamları başına yığdı, onlardan kimini briqadir, kimini manqabaşçısı təyin etdi. Kolxozçularda işə həvəs və ümid oyatdı. - Siz mənə “hə” deyin, uzaqbaşı ikicə ilə əlinizi çörəyə çatdırım! Camaat ona inandığından “hə!” dedi, dalınca getdi. Rüstəm kişi elə birinci il əkin sahəsini bir yarım artırdı. Şoranlıqla mübarizəyə başladı. Cırrıq, kör-kötük basmış yerləri təmizləməyə girişdi. Kolxoz üçün kreditlə iki yüngül traktor,otçalan maşın və sairə aldı. Arat üstü yüngül malanı, bostan malasını və bu kimi yüngül işləri MTS-siz, öz qüvvəsi ilə yerinə yetirdi. Bu da kolxozun məxaricini xeyli azaltdı. “Görəsən Rüstəm kişi “Yeni həyatı” necə dirildəcək” deyə maraqla gendən baxanlar: - Bax, təsərrüfatçı belə olar, kişi qəpiyin də yerini bilir! – dedilər. Nəticədə 1950-ci ildə kolxozun pambıq əkini yeddi yüz, taxılı min beş yüz hektara çatdı. Yalnız iyirmi hektar üzüm bağından yarımca milyon gəlir götürdü. “Yeni həyat”ın fermalarında səkkiz min baş qoyun, min beş yüz baş qaramal vardı. Bəli, Rüstəm kişi kolxozu diriltmişdi, öz əməyi ilə fəxr etməyə haqlı idi. Bunu görən rayon da, kolxozçular da ona “sağ ol!” dedilər. Onu misilsiz və əvəzsiz bir sədr kimi qiymətləndirib yüksək hörmət və etibara layiq bildilər. Neçə dəfə şəklini qəzetlərə çəkdilər, haqqında yazdılar. Mükafat verdilər, rayonda bir təntənəli iclas olmadı ki, Rüstəm kişini yuxarı başda, rəyasət heyətində oturtmasınlar. “Misilsiz sədr, nümunəvi sədr!”sözləri qulağını oxşadı. Elə buradan da Rüstəm kişinin bədbəxtliyi başladı. O özü öz gözünə əvəzsiz və misilsiz bir adam kimi göründü. Ona elə gəldi ki, nəinki kolxozda, hətta rayonda hamıdan ucada durur, hamıdan layiqlidir. Son illər Rüstəm kişi öyrənmişdi ki, hamı ona peyğəmbər kimi baxsın, hər sözünü bir hökm kimi qəbul etsin. Başqa cür ki, ola bilməz! Bu hisslər onda ağayana hərəkətlər doğurdu. Yumşaq və mülayim səsi dəyişdi, hökmü andıran ifadələr əmələ gəldi. Paltosunu tutanlara, çubuğunu alışdıranlara ehtiyac hiss etdi. Hiss edən kimi də belələri onu dövrəyə aldılar. Onların arasında Salman və Yarməmməd birincilik göstərdilər. Fırfıra kimi sədrin başına fırlandılar. Onlar fırlandıqca da Şirzad kimilərin hərəkəti Rüstəm kişiyə anlaşılmaz görünürdü. Narazılıqlarının əsil səbəbini tapmağa cəhd etsə də tapa bilmir, onları günahkar görürdü: “Məgər görmürlər ki, nə gecəm var, nə gündüzüm. Öldüyüm-qaldığım camaatdır, daha nə istəyirlər. ” Bununla belə, Rüstəm kişi içərisində nəyinsə yandığını hiss edirdi. Sanki harada isə, hansı bir səhvə isə yol vermişdi: “Bəlkə nahaq mübahisə edirəm? Bəlkə doğrudan da məhsuldarlıq məsələsində haqsızam?” deyən bir sual onu içəridən yeməyə başlayırdı. “Bəs necə etməli, bu səhvi nə təhər düzəltməli?” Xudbinlik bu şübhələri boğduqca Şirzad kimi uca başlı adamların sözü ona mənasız gəlirdi. “Gör bir mənə nə deyirlər: Rüstəm kişi, sən bizi dala çəkirsən, irəli getməyə qoymursan! Öz başınız üçün, bunlar hamısı boşboğazlıqdır. Bunların əsil mənası budur ki, Rüstəm kişi, zəhmət çək, yoldan çıx, stolu boşalt, beçələr xoruz olub!” Bunu açıq deməsələr də sözlərindən belə çıxır. Kolxozun irəliləməsinə mane olduğunu lap şapalaq kimi üzünə çırpmışdılar. Bu sözlər Rüstəm kişiyə acı gəldiyi qədər də anlaşılmaz idi, onu incidirdi, təhqir edirdi. “Necə yəni irəliləməyə mane olursan?! Məgər kolxozu dirildən mən deyiləm? Məgər kolxoz mənim çiyinlərimdə durmur? Məgər bütün bu qızyetərləri, nəcəfləri (demaqoqluğuna baxmayaraq), şirzadları tərbiyə edən mən deyiləm? Bəs zəhmətim əvəzinə bu da onların sağoludur?!” Belə düşündükcə Rüstəm kişinin bütün şəxsi xidmətləri, gördüyü işlər, eşitmiş olduğu təriflər yenidən gözlərində canlanır, qulaqlarında səslənirdi. Hətta şəklini birinci səhifələrində çap etmiş qəzetləri belə xatırlayırdı. Şəklin altında Rüstəm kişinin adı ilə iki sütunluq yazı da çap etmişdilər. Doğrudur, bu yazını özü yazmamışdı, ağ ipək köynəyinin yaxası açıq olan cavan bir oğlan idarədə çay içə-içə qırx beş dəqiqə onunla söhbət etmiş, sabahısı nə isə gətirib oxumuşdu. O da etinasız bir halda qələmi götürüb altından qol çəkmişdi. Bu yazıdan xatirində heç bir şey qalmamışdı, elə qol çəkdiyi dəqiqəcədə unutmuşdu. Yadında qalan, Nəcəf komsomol dediyi kimi, ancaq təriflər, təriflər və yenə təriflər idi. Başqa bir şey xatırlamırdı. Hətta zaman keçdikcə Rüstəm kişi bu təriflərə adi, qanuni bir şey kimi alışmışdı. Hər üç-dörd ayda, hər kənd təsərrüfatı kampaniyasının axırında bir təriflənmək onun cirəsi idi. Rüstəm kişi özü də bilmədən bu cirəyə alışdı, noğula öyrənib ələ baxan uşaqlar kimi iclaslarda gözünü danışanların ağzına dikər, tərif gözlərdi. Tərif gəlməyəndə oturduğu yerdə öz-özünə qızarmağa, bozarmağa, pərt olmağa başlardı, ürəyinin sıxıldığını hiss edərdi. İndi dalğa-dalğa qalxaraq, içərisini yeyən bu ağrılarla “Qızıl bayraq” kolxozundan geri qayıtmışdı. Qocaldığı, qüvvələri tükənməyə başladığı bir zamanda əməyini yerə vuran, xidmətlərinə xor baxan gənclərlə qarşılaşmaq ona çox ağır gəlirdi. “Camaatın dərdini-ehtiyacını düşünmürlər, ad çıxarmaq, birinci cərgədə durmaq həvəsi ilə yaşayırlar. Biz də cavan olmuşuq. Bizim də qanımız isti olub, amma heç vaxt şöhrət üçün iş görməmişik. İşin özü bizi ruhlandırıb, bizdən qabaqda duranlara hörmətsizlik eləməmişik. Xalq üçün, camaat üçün əldən-ayaqdan getmişik”. Bu etiqad Rüstəm kişinin qətiyyətini artırdı: “Görsəm ki, kolxozçunun çörəyi bir qram azalacaq, bir tədbirə əl atmaram, istəyir bütün rayon qışqırsın!” Rüstəm kişiyə elə gəlirdi ki, təcrübəli, dünya görmüş kolxozçuların hamısı dalında dağ kimi durmuşdur, camaat yaxşı bilir ki, kim onun üçün ürəkdən yanır, kim sözdən tonqal qalayır! Bu fikirlər də Rüstəm kişinin ürəyini sakit edə bilmədi. O nəinki qocalardan, hətta gənc nəsildən də nəhayətsiz bir hörmət və minnətdarlıq gözləyirdi, bu arzu və həvəslə ömrünün ən yaxşı illərini kolxoza vermişdi. Belə düşündükcə ürəyi köyrəlirdi, zəhmətinin havayı getmədiyini bildirən binalara baxaraq təskinlik tapmağa çalışırdı. - Axı, səni mən tikmişəm, öz əlimlə binövrənə daş qoymuşam, elədirmi? Şahid olursanmı? – deyə Rüstəm kişi ikimərtəbəli binanın kərpic sütunundan tutdu. - Elədir, böyük sədr, elədir! – deyə sütin dilləndi. Rüstəm kişi xəyaldan ayrılaraq, heyrtələ geri çəkildi. - Kimsən? Nə danışırsan? – deyə axşam qaranlığına müraciət etdi. - Sizin kölgənizəm, qiyamətə qədər qulluğunuzda durmuşam, həqiqəti təsdiq edirəm, - deyə Yarməmməd sütunun dalından çıxdı. - Sən bura nə vaxt gəldin?! Yarməmməd güldü: - Siz qapının ağzında durub fikrə getmişdiniz. Yavaşca keçib gəldim. Fikirlərinizi dağıtmaq istəmədim. - Get evinə, bir tikə çörək ye, ay yassar, sonra gələrsən. Mən MTS-ə zəng edəcəyəm. Görüm əlavə traktor yola salıblarmı. Sən get! Quyruq kimi nə bağlanmısan dalıma! - Bu nə sözdür, böyük sədr! Necə ola bilər ki, siz idarədə oturasınız, mən gedib çörək yeyəm? Bağırsaqlarım bir-birinə dolaşsa da bu qələti eləmərəm. Hazırda başqalarının nəzarəti və baxışından kənar olduğu üçün yaltaq təbiətinə tam azadlıq vermiş Yarməmmədin danışığı, hərəkətləri nə qədər iyrənc olsa da, Rüstəm kişinin canına yatıtdı, ürəyini oxşayırdı. İndi o sanki səhərki adam deyildi. Yarməmmədin sadə bir hərəkətindən iyrənib üzünü yana çevirən Rüstəm kişi deyildi. Ümumiyyətlə onu danışdırsan deyər ki, yaltaqlardan zəhləm gedir, gərək adam yaltağı yaxınına qoymasın! Heç şübhəsiz ki, o bunu ürəkdən və səmimi deyər, eyni zamanda nə Salmanı, nə də Yarməmmədi özündən uzaqlaşdıra bilməz. İndi də Yarməmmədin idarədə qalmasına razı olub otağa keçdi. MTS-ə zəng etdi. - Allo. Emteesi istəyirəm, a bala! Telefon ara vermədən zəng çaldı. Rüstəm kişi stoldan bir az aralı əl-əl üstdə qulluğa hazır duraraq gözlərini üzünə dikmiş Yarməmmədə baxdı və telefonun dəstəyini qulağından aralayıb dedi: - Elə bil ki, poçt müdiri dədəsinə toy eləyir. Zurna-qaval səsi bir-birinə qarışıb. - Nə zurna-qaval? – deyə birdən telefonda nazik bir qız səsi eşidildi. - Ay qız, salam! Zurna-qaval istəmirəm, bir müdiri çağır görüm.. Katibə müdirin qayıtmadığını söylədikdə Rüstəm kişi Şərəfoğlunu istədi. Qız: “bu saat çağırım”, dedi. Rüstəm kişi gözlədiyi halda Yarməmmədə dedi: - Ə-ə, mıxməmməd, nə durmusan qələmə ağac kimi, keçib otursana. - Tərbiyəm yol vermir, böyük sədr, sən dura-dura mən oturam, - deyib Yarməmməd qımışddı. Rüstəm kişi ona nə isə demək istərkən Şərəfoğlunun səsini eşidib diqqətlə qulaq asdı: - Salam, Rüstəm kişi. Ay kişi, bu nə işdir, dünən niyə Kərimin traktoru işləməyib? Özün də hələ yeni traktor istəyirsən? Birini saxlaya bilmirsən, ikincisini barı istəmə. – Şərəfoğlu Rüstəm kişini elə bil ki, avtomat gülləsinə tutmuşdu. Ağzını açmağa qoymurdu. Dalbadal qınayırdı: - İşin bu qızğın vaxtında traktorun traktorun boş dayanması cinayətdir. Belə səhlənkarlığı səndən gözləməzdim. Rüstəm kişi onun sözünü kəsmədi. Çünki dünən traktorun işləmədiyindən xəbərsiz idi. Şərəfoğluna nə cavab verəcəyini bilmirdi, buna görə də bir qulağı telefonda olduğu halda üzünü yana – Yarməmmədə tərəf çevirdi, dişini qıcıb pıçıltı ilə soruşdu: - Məgər dünən Kərimin traktoru işləməyib? Yarməmməd qəddini bir az da düzəltdi: - Bəli! İşləməyib! - Zəhrimar bəli, çor bəli! Niyə işləməyib? Yarməmməd saraldı: - Kəndə, çörək dalınca gəlmişdi, böyük sədr. Rüstəm kişinin rəngi dəyişdi, tüpürdü: - Sizin atanıza lənət! Ə-ə-ə, deməmişdim traktorçunun çörəyini bir gün əvvəl göndərin! Yarməmmədin dili dolaşdı: - Mən briqadirə. - Səni azar vursun! – deyib Rüstəm kişi onun sözünü kəsdi. – Sizə bir tikə etibar yoxdur. Şərəfoğlu təəccüblə soruşdu: - Ay kişi, kimə etibar yoxdur, bizə, ya sizə? Rüstəm kişi Yarməmmədə çəp-çəp baxıb telefonun dəstəyini qulağına sıxdı. - Sənnən deyiləm, yoldaş Şərəf. Bizim buradakı yekəbaşlarnanam. Arxayın ol, bir də belə şeylərə yol vermərik. Hamısına özüm baş çəkərəm. Traktorçuların çörəklərini də özüm apararam. (Rüstəm kişi tənəli gözlərlə Yarməmmədə baxdı. Yarməmməd başını aşağı saldı.) Canım çıxar apararam! Mənim bədbəxtliyimdir, bir dəqiqə əlimi üstündən çəkdim, iş yatır. Yox, yox, heç kəsə tapşırmayacağam. Özüm öz əlimlə aparacağam. İkinci traktor havaxt gəlir? Sabah gözləyəcəyəm. Sağ ol! Rüstəm kişi dəstəyi yerinə asdı və Yarməmmədə döndü. Yarməmməd qəddini komandir qabağındakı əsgər kimi şax tuta bilməyib, günahkar vəziyyətdə büzüşərək durmuşdu. - Bəs adama etibar eləyəndə belə cavab verər? Sağ ol, çox sağ ol! Böyük sədr, böyük sədr! Hamısı fırıldaqdır. Hamısı boğazdan yuxarıdır. Boynunun ardını görəndə hesabdarlığı görərsən! – deyib hirsli qapıdan çıxdı və pillələri aşağı endi. Lakin ikicə addım atmamışdı ki, hələ də özündə olmayan Yarməmməd günahkar və qorxudan titrəyən səslə onu çağırdı: - Rayondan zəng edirlər. Rüstəm “əl çəkməzlər ki, - deyib düşündü, - yenə görəsən nə məlumat istəyirlər. Yaz açıldı, dəftərxanalar qızışacaq”. Dəstəyi götürüb Şərəfoğlunun səsini eşitdikdə yanıldığını anladı. Şərəfoğlu istehza ilə soruşdu: - Ay Rüstəm kişi, sarı torpaqdakı traktorçunudamı səndən xəbərsiz geri göndəriblər? Məsələnin nə yerdə olduğunu yaxşı bilən Rüstəm kişi bu dəfə dostuna bir az möhkəm cavab verdi: - Yox, onu mən demişəm. Siz də az bilmirsiniz ha, ay yoldaş! Orada qarğıdalı əkəcəyəm. Malasın kolxozun DT-14 traktoru ilə çəkəcəyik. Yüngül işdir, MTS-i nahaq yerə məhsulumuza şərik etmək istəmirik. - Hər şeydə fikriniz belə işləsə yaman olmaz, - deyib Şərəfoğlu söhbəti qurtardıqda Rüstəm kişi otaqdan çıxdı. Məscid qapısındakı dilənçi kimi əli qoynunda onu gözləyən Yarməmmədə ötəri nifrətamiz bir nəzər salıb, dalına da baxmadan evə getdi. Yarməmməd hələ nə cavab verəcəyini müəyyən etmədiyi halda, “böyük sədr, böyük sədr!” deyə-deyə xırda, lakin iti addımlarla onun dalınca qaçdı. Həyət qapısına qədər getdi. Rüstəm kişi dönüb dalına da baxmadı. Yarməmməd iki ot tayasının arasında tərəddüd içərisində qalıb, acından ölən uzunqulaq kimi həyətin ortasında durdu, nə qabağa getməyə cəsarət etdi, nə də dala sönə bildi. Səkinə evə Rüstəm kişidən də gec qayıtdı. Çöl işindən sonra manqabaşçısı onları yığıb söhbət etmiş, qarşıdakı vəzifələrdən danışmış, hərəsinin nə düşündüyü ilə maraqlanmışdı. Çox sadə və təbii olan bu söhbət uzandığından vaxt tez keçmişdi. Səkinə hələ astanadan Rüstəmin fikirli olduğunu gördü, lakin səbəbini soruşmadı: ! “Qızıl Bayraq”dakı mübahisələr kəndə yayılmış, onun da qulağına çatmışdı. O, ürəyində ərini xeyli danlamışdı: “Axı niyə hər şeyi bərkə salırsan, camaat yaxşı söz deyir, qulaq as, nahaq yerə özünü əldən salma”, deyib düşünmüşdü. Gəlib onunla üz-üzə oturanda da özünə məxsus yumşaq və ehtiyatlı bir əda ilə: - A kişi, - dedi, - eşitmişəm orda da cəngi-cidal açmısınız. İşin qurtarıb məgər? sən ki həmişə boynuna hamıdan çox yük götürmüsən, indi nə oldu belə? Hirsi-havası soyuyub sakit düşündükcə Rüstəm kişi özü də peşmançılıq çəkməyə başlayırdı: “Aləmə yayılacaq ki, Rüstəm kişi 23, Qara Kərəm oğlu 25 tərəfdarıdır. İşin kökünə varan olmayacaq, hamı bu rəqəmləri tutub duracaq, hamı bir ağızdan deyəcək: - 23 – 25!” Səkinənin sözləri Rüstəm kişinin bu fikirlərini bir az da artlrdı. Lakin yenə də özünü ayağa vermədi, xeyli düşünüb həm izzət-nəfsini saxlayan, həm də Qara Kərəm oğlundan üstün olduğunu göstərən bir çıxış yolu tapdı: - Bilirsən, arvad, mən elə əvvəlki mənəm. Qorxub eləmə. İdarənin qərarı iyirmi üç idi. Mən də onu keçirdim. Bu gün-sabah heyəti yığıb qara tısbağanın acığına iyirmi yeddi keşirəcəyəm. Həm sən deyən kimi camaatın rəyinə hörmət etmiş olaram, həm də daha yüksək məhsuldarlıq uğrunda mübarizəyə başlaram. Necədir? Yaxşıdır, ancaq cəngi-cidalsız da olardı, - deyib Səkinə ərinin izzət-nəfsi ucundan necə çoxbilmişliyə əl atdığına güldü. 2 Müavin məsələsində Rüstəm kişinin tərəddüd keçirdiyini hiss edən Salmanı “Qızıl bayraq”dakı mübahisə çox sevindird. Şirzadla sədrin əlaqəsi gərginləşdikcə məsələnin öz xeyrinə həll olunacağını düşünürdü. Lakin nə vaxt, bir aya, beş aya məlum deyildi. Salmanın isə oturub gözləməyə səbri gəlmirdi. Rüstəm kişiyə kənardan təzyiq etmək lazım idi. Bi barədə düşünəndə və xəyalən rayona tərəf baxıb orada özünə dayaq axtaranda Kələntər lələş gəlib gözünün qabağında durdu: “Yaxşı tapmışam. Dodağını bircə dəfə tərpədsə, bəsimdir, oldum müavin”. Bu fikirlə Salman kənddən çıxdı, özü də Rüstəm kişidən icazə alıb çıxdı. Əlbəttə, əsil mətləbi ondan gizlətdi. Bəhanəsi bu oldu ki, çuğundur əkilən sahəyə baş çəkəcək. Bu sahə rayon mərkəzinə yaxın olduğundan, yönəlib Kələntər lələşlə görüşmək asan idi. Salman, üç hektarlıq bir sahədə yem çuğundurunu səpib qurtarmaqda olan kolxozçularla görüşüb, bir-iki sorğu-sualdan sonra yola düşərək, ikindi çağı İcraiyyə Komitəsinə çatdı. İşin avandlığından Kələntər lələş idarəsində tək oturub gözünü nə isə qabağındakı bir kağıza zilləmişdi. Qapı açıq idi. Salman astanada dayanıb səsləndi: - İcazə ver gəlim, Kələntər qağa. Kələntər başını qaldırdı, salmanı görən kimi yenə aşağı saldı. Bir söz deməyib ağ ətli əliyə gəl işarəsi verdi. Salman stola yaxınlaşdı. Oturmayıb ayaq üstə durdu. Kələntər yenə gözünü üzərində müxtəlif rəqəmlər yazılmış kağıza zilləmişdi. Salmana elə gəldi ki, saat bəddir, işi tutmayacaq. Ümumiyyətlə, indi o haradan və necə başlamağı bilmirdi. Belə adama qulluq göstərməmiş, xahişdən başlamaq ona mənasız göründü. Bəs nə qulluq, necə qulluq göstərəsən? Salmanın yadına düşdü ki, Rüstəm kişi sözarası ferma müdiri haqqında Kələntərin təklifini lağa qoyub gülmüşdü. Elə bunuca xəbər vermək necə olar? - Otur görək, ay Salman, - deyə nəhayət Kələntər lələş başını qaldırdı. – Necəsən, ay bala? Salman yavaşca oturdu. - Siz yaxşı olun, Kələntər qağa. Biz yaxşı olduq xalqa nə faydası? Siz yaxşı olun ki, rayonumuza lazımsınız. Bivec adam, avara və cahil bir işçi olduğuna baxmayaraq Kələntər özünü dartar, özü haqqında yağlı təriflərdən xoşlanardı. Salmana özü barədə tərifli sözlər söylətmək məqsədilə: - Biz rayon üçün neyləmişik ki? – deyib soruşdu. - Necə neyləmişik, ay yoldaş Kələntər?! Siz olmasaydınız, rayonumuz çoxdan batmışdı. Elə bir quru nəfəsiniz bizə bəsdir. Camaat nahaq yerə başınıza and içmir ha. - Yox, istəməyənlər də var, Salman, gözü götürməyənlər də var. Salman istədiyini demək üçün əlinə fürsət keçdiyini hiss etdi. İstədi “uzağa niyə gedirsən, elə biri Rüstəm kişi” deyib başlasın. Ancaq bütün xırda və avara dedi-qoduçuların bu cür üzdən baxıyaladığını düşünüb başqa sğz danışdı: - Onsuz olmaz ki, yoldaş Kələntər. Sizin kimi adamların işi ağırdır. Hərə bir şey umur, hamının da umduğunu yerinə yetirmək olmur, görürsən ki, saldı ürəyinə, başladı künc-bucaqda eşələnməyə. - Eşələnsin, nə qədər bacarır. Mənə də Kələntər deyərlər, dövrəmi elə sementləmişəm ki, heç yeri qaza bilməzlər. De görüm niyə gəlmisən? Salman açıq danışıq pərdəsi altında istədiyini deməyə çalışdı. - Gəlmişəm ona görə ki, işimiz çox da yaxşı deyil. Fermamızın vəziyyətindən xəbərdarsınızmı? Qorxuram ki, bu il nə ət, nə süd, nə də yağ planı dola. Partiya da ki, bu məsələlərə yaman fikir verir. Siz məndən. Kələntər özündən məlumatlı olan adamları sevməzdi. Onlara qarşı qeyri-ixtiyari bir nifrət duyardı. Xüsusən bir az aşağıda duran adamlar bir şeyi artıq bildikdə Kələntər az qalardı onları otağından qovsun. Buna görə də Salmanın sözünü ağzında kəsdi: - Fermanıza yaxşı adam tapmışdım, sədriniz dodağını büzdü. - Elədir, sizin namizəd yaman acığına gəlib. O gün lağa qoyub deyirdi ki, Kələntər lələş istəyir bizim qoyunların ixtiyarını ikiayaqlı canavara tapşırsın. Birdən deyilmiş bu söz Kələntəri tutdu, lakin o hirslənib özündən çıxmadı, adəti üzrə gülümsəyib alnını qaşıdı, öz aləmində isə istədiyini mütləq Rüstəm kişiyə yedirtməyi qərara aldı. - Deyirlər ki, “Qızıl bayraq”da da yaman mübahisəniz olub? - Bəli, orda da bir balaca söz çəp gəldi. Salman istədi Rüstəm kişinin tərs, kobud, iş bacarmayan, qabağından yeməyən bir adam olduğunu söyləsin, lakin ferma müdiri haqqındakı xəbəri eşidəndə Kələntərin susmasının mənasını başa düşmədiyindən, bir az ehtiyatlı hərəkət etməyi qərara aldı, “kim bilir, bir də gördün dost olublar”. Belə olmayıb elə olanda özünə çıxış yolu qoymaq üçün Rüstəm kişi haqqında beş kəlmə pis sözə iki kəlmə də yaxşı söz qatdı: - Rüstəm kişi təcrübəli, hörmətli sədrdir, yoldaş Kələntər. Ancaq bir az qocalıb, çox şeylər var ki, başa düşmür. - Heç şey başa düşmür! – deyib Kələntər Salmanı şübhədən qurtararaq hökmünü verdi, - onun ixtiyarına qoysaq kolxozu batırar, gərək elə tərpədək ki, yuxusu da qaçsın. Sən də get, ayıq ol. Bir şey hiss elədin, birbaş mənə zəng elə. Lap evə də zəng çala bilərsən. - Baş üstə! – deyib Salman ayağa durdu. – Ancaq necə tərpətsəniz, ağlım kəsmir ki, işləri indiki zamana görə apara bilə. Nə qədər ki, sədrlikdə saxlamaq fikrindəsiniz, heç olmasa bir yaxşı iş bilən müavin verin. Kələntər Salmanın ürəyindən keçəni anlamış kimi gülüb ayağa durdu, gəlib əlini onun çiyninə qoydu: - Gəlsənə, ay aşna, səni müavin eləyim, bir az sonra da. – Kələntər sözünün dalını deməyib durdu. – Hə, nə deyirsən?! - Kələntər yoldaş, sən məni ölümə də göndərsən yox demərəm, amma çox ağır iş təklif edirsən. Onun bu sözlərini vecinə almayan, yəni onların, özünü qiymətə mindirmək üçün deyildiyini başa düşən Kələntər vəcd ilə danışdı: - Çox gözəl olar, sən müavin, Hətəm qağa ferma müdiri! “Yeni həyat”dan arxayın olarıq. Xoş gəldin. Hə, bura bax, o Rüstəm kişiyə de ki, axşam yanıma gəlsin. Salman dərhal ciddiləşdi: - Mən deməsəm yaxşıdır, Kələntər qağa. Sonra şübhəyə düşər. - Qazdan ayıqsan, ay Salman! Amma yaxşı söz deyirsən, özüm çağırtdıraram. Salman qapıdan çıxanda axırıncı dəfə geri döndü: - Kələntər qağa, bazar axşamı bir bizə tərəf gəl. Nə olar, bir bizim də qapımızı açın. Yaxşı, yaxşı, gələrəm, get sər-hesab ol, - deyib Kələntər yerinə qayıtdı və təcili olaraq Rüstəm kişini yanına çağırmaq haqqında göstəriş verdi. Rütəm kişi rayon icraiyyə komitəsinə şəxsən Kələntər Kəlbiyevin yanına çığırıldığını eşitdikdə elə tutuldu ki, bıçaq vursan qanı çıxmazdı; adam içində təmkinini saxlayıb bir söz deməsə də, öz-özünə düşündü: “Niyə adımı buna tanıtdırdım? İndi həftə səkkiz mən doqquz çağırtdıracaq, hər dəfə bir şuluq söz qatacaq ortalığa, razı olacaqsan namusun gedəcək, olmayacaqsan min dolaşığa salacaq. Qurumsağın familiyasına bir bax – Kəlbiyev! Atana lənət bunlara famil tapan kişi! Getməyəcəyəm! İşin qızğız vaxtında niyə çəkir məni rayona, sözü var, özü zəhmət çəksin, otursun maşına, gəlsin!” Lakin evdə Səkinə onun acığını yatırtdı. - A kişi vallah qorxuram bu hirs-hava ilə dünyanı özünə düşmən qayırasan! Hökumət qulluqçusudur, çağırır, get, yaxşı təklif olsa qəbul edərsən, pis təklif olsa etməzsən. Tərslik eləsən nə çıxacaq? Yəni ondan yekə yer yoxdur? Var! Ora gedərsən. Bu başdan artıq söhbət nəyə lazımdır. Səkinənin məsləhətinə qulaq asıb “Pobeda”da rayona gələn Rüstəm kişi ağır bir hərəkətlə Kələntərin qapısını açdı. Soyuq və bir az da narazı səslə salam verdi. İcazə almadan keçib onun qabağında oturdu: - Buyurun, gəlmişəm. Rüstəm kişinin rəftarı Kələntərə qətiyyən xoş gəlmədi: - Görürəm, gəlmisən, - deyib etinasızlıqla danışdı və acı bir istehza ilə əlavə etdi. – Bağışlayın, narahat etdik. Rüstəm kişi bu istehzanı udub trubkasını çıxartdı və qəsdən icazə istəmədən dolduraraq alışdırdı. - Bir narahatlığı yoxdur, nə sözünüz var, deyin. - Sözüm odur ki, Rüstəm kişi, yekə kişisən, papağını qoy qabağına, gör nə qayırırsan. Rüstəm kişi zorla nifrətini boğaraq yumşaqlıq göstərdi, Kələntərdən aydın bir söz eşitməyə çalışdı, işlərin qızışmaqda olduğunu, bütün fikrinin və vaxtının yaz əkininə hazırlığa getdiyini söylədi. Kələntər onun sözlərini eşitmirdi, onlara qulaq asmırdı. Buna görə də saata baxdı. Kişinin sözünü yarıda kəsdi: - Müxtəsər elə, ay kişi. İndi Aslan yoldaş gələcək. Kəndə çıxacağıq. Yarım saat kecikmisən, bir saatlıq da nitq deyib vaxtımızı alma, eşidirsən, deyirəm ki, raykom gələcək, qurtar! Raykom katibinin bura gəlməsini də öz üstünlüyü kimi qələmə verən Kələntər Rüstəm kişinin gözündə bir az da balacalandı. İşin mahiyyəti ilə maraqlanmadığını gördükdə sözünü xrıp kəsdi. - Mən qurtardım. Kələntər ağır sözlərə və kobud hərəkətlərə öyrəndiyindən, qarşısında duran şəxsin inciyib-incimədiyinə fikir verməzdi. Buna görə də Rüstəm kişinin birdən-birə susub, pörtərək dayanmasına etina etmədi. Bu isə Rüstəm kişini daha da acıqlandırdı. “Bu ayını kim meşədən gətirib bura oturdub?! – deyə düşündü. – Dəli şeytan deyir, dur, vecinə də alma, çıx get, qalsın yana-yana”. Lakin Rüstəm kişi yerindən tərpənməyə macal tapmamış cırıltı ilə qapı açıldı və Yarməmməd uzun boynunu içəri soxub yalvara-yalvara dedi: - Yoldaş Kələntər lələş, sən allah, məni bağışla, icazə ver bir kağız var, sədrə qol çəkdirim. Kələntər, hardansa lapdan çıxıb qulağının dibində dızıldayan milçəyə baxır kimi, Yarməmmədə dana baxışı bir nəzər saldı, əli ilə gəl işarəsi verdi. Yarməmməd atıla-atıla özünü Rüstəmə çatdırdı, meşini yeyilib sökülmüş portfeli açdı, bir kağız çıxarıb qabağına qoydu: - Bu nədir belə qaça-qaçdır?! – deyə Rüstəm kişi zəhmlə soruşdu. – Beş dəqiqə qapıda gözləsəydin qıçların quruyardı? Yarməmməd qaşaltı bir Rüstəm kişiyə, bir Kələntərə baxıb gözlərini döydü: - Bankın müdirini gücnən tapmışam, yalvarıb yaxarmışam, on dəqiqə gözləməyə söz verib, geciksəm çıxıb gedəcək. Pul ala bilməyəcəyəm, işimiz ləngiyəcək. Yarməmməd sözləri Rüstəm kişiyə deyirdi, ancaq gözü Kələntərdə idi, sanki ondan üzr istəyir, onun qabağında təmizlənməyə çalışırdı. Rüstəm kişi kağızı əlinə alıb diqqətlə baxsa da, Yarməmmədin bu hərəkəti gözündən qaçmır və əsəblərini daha da qıcıqlayırdı: “Yaltaq köpək oğlu, böyüyə quyruq bulamağa öyrənib!” – deyə öz aləmində niftərlə düşündü. Rüstəm kişi acıqlandıqca Kələntər Yarməmmədə xoş nəzər salırdı: - Necəsən, ay Yarməmməd? Yarməmməd iki əlini də qarnının üstündə cütləşdirib baş əydi: - Siz sağ olun, Kələntər lələş, allah bir gün də kölgənizi üstümüzdən götürməsin. Acığından yerində qurcalanan Rüstəm kişi kağızı çevirib yazısız dal tərəfinə baxdı, Kələntər bir şey xatırlamış kimi stolun üstündəki əl zəngini götürüb silkələdi, katibi çağırdı. Gələn olmadı. Yarməmməd: - Bu saat çağırım, - deyin qapıya qaşdı və tez geri döndü, - yoldaş Kələntər, heç kəs yoxdur, katib hara isə gedib, nə əmriniz var, buyurun mən yerinə yetirim. Kələntər əlini şalvar cibinə salıb əzilmiş bir onluq çıxartdı: - Qaç o dükandan bir “Kazbek” al, papirossuz bağrım partlayır, bir dəqiqə dura bilmirəm. Yarməmməd Rüstəm kişinin əlində olan kağızı və bank müdirini yadından çıxarmış kimi: - Məndə pul var, Kələntər lələş, bu saat “Kazbek”i gətirim, - deyib özünü çölə atmaq istədikdə Kələntər nə isə fikrindən dönərək ayağa durdu, pulu ovcunda əzişdirərək: - Sən işində ol, - dedi, - rüstəm kişi kağızın ağını da, qarasını da oxuyub tamam edənə kimi mən görüm bu qapıçı köpək oğlu harda qaldı. Kələntər otaqdan çıxanda Rüstəm kişi Yarməmmədin mənasız və uyuşqan gözlərinə baxıb tüpürdü: - Nə yaltaq şeysən, əə? Az qalır adamın ürəyi bulana. Kələntər lələş, Kələntər lələş! Zəhrimar, dərd! Bir dəfə yadında saxla ki, yaltaqlıq pis şeydir. Adam ispalkom sədrinin özünü də nökərçilik etməz! Al, cəhənnəm ol! Yarməmməd “sədrin kefinin xarab vaxtına düşmüşəm” deyib kağızı aldı, yel kimi qapıya cumanda Kələntəri görüb ayaq saxladı, yana çəkilib yol verdi və “sağ olun, Kələntər lələş” deyib, otaqdan çıxdı. Kələntər Rüstəm kişinin acıqlı gözlərində “daha nə sözün var?” sualını oxuyub yerində oturmadı, otağın küncünə getdi. Seyfi açıb bir qovluq çıxartdı. Gətirib Rüstəm kişinin qabağına qoydu. Sonra da nə isə düşünüb geri aldı və açıb özü oxudu. Hər cümləni oxuduqca da durub Rüstəm kişiyə baxır, onun üz-gözündə nə isə axtarırdı. Qovluqda üç kağız vardı. Üçü də adsız idi. Üçündə də “Yeni həyat”da işlərin düz getmədiyindən, yaza hazırlığın pozulduğundan, “Qızıl” bayraqda”kı mübahisələrə əsaslanaraq sədrin məhsuldarlıq əleyhinə çıxdığından və nəhayət, fermada yeyinti olduğundan yazılmışdı. Kələntər böyük bir zövqlə adsız kağızları oxuyub qurtardıqdan sonra oradakı bütün məsələlərdən ötəri danışıb fermanın üstünə gəldi: - Mənim sözümə qulaq as, dostunu-düşmənini tanı, Rüstəm kişi. Qov getsin o çoban Kərəmi, qoy Hətəm qağanı ora, vəssalam! Əzablı fikir içində adsız kağızları yazanın kim olduğunu axtaran və tapa bilmədikdə daha da əsəbiləşən Rüstəm kişi ürəyində Kələntər lələşə qarşı barışmaz bir hiddət duydu. Axı, Şərəfoğlu da ona adsız kağız göstərmişdi, lakin o, insan kimi danışmış, bu kağızların məzmununu Rüstəm kişinin nəzərinə çatdırmaq fikri ilə göstərmişdi, Kələntər isə adsız kağızları təzyiq vasitəsi kimi, Rüstəm kişini qorxudaraq istədiyinə məcbur etmək məqsədilə ortalığa gətirmişdi. Rüstəm kişi söhbəti tez qurtarmaq, ürəyini darıxdıran bu adamın yanından tez çıxıb getmək istədiyindən, meydan oxuyan bir cavab verdi, hətta camaat tərəfindən sədrin adına qoşulmuş ləqəbi də xüsusi bir istehza ilə deməkdən çəkinmədi: - Bilirsən nə var, Kələntər lələş, istəyir üç yox, üç yüz o cür kağız yazalar, mən Hətəm qağa kimi dələduzu fermaya buraxan deyiləm! Bu açıq hədəyə qarşı Kələntər lələş də soyuqqanlılıq göstərə bilmədi, Aslanı gözlədiyini unudub əlini stola çırpdı: - Rüstəm kişi, danışığının yerini bil, biz adamı əzib suyunu çıxardarıq! Rüstəm kişi ayağa durdu, trubkanı cibinə qoydu və əlini havada ölçdü: - Mən əzilib suyu çıxarılan kişilərdən deyiləm, Kələntər yoldaş. Mənə hədə-qorxu gəlməyin! Rüstəm kişi bu sözləri deyəndə Aslan içəri girib təəccüblə Kələntər lələşi süxdü. Kələntər özünü itirmiş və doxsan dərəcə dəyişmiş halda yerindən durdu. İrəli çıxıb katibi otağın ortasında qarşıladı, əl verdi. Rüstəm kişi də o tərəfə döndü, lakin yerindən qalxmadı. Aslan özü yaxınlaşıb onunla görüşdü. Rüstəm kişi ortaboylu, qara qaş-gözü daima ciddi görünən ağbənizli bu adamı neçə dəfə görsə də yaxınlığı yox idi. Ona görə də rəsmi bir əda ilə əlini sıxıb oturdu. Aslan əynindəki qara mahud paltonu və eyni maldan tikilmiş şapkanı çıxararaq asılqana taxıb, Rüstəm kişi ilə üz-üzə əyləşdi. Nə olub, yoldaş Rüstəmov? – deyə rəsmiyyətlə soruşdu. Rüstəm kişi onun səsindəki yumşaq, mülayim ahəngi hiss etmədi. Fikri uzaqlarda, Kələntərlə yarımçıq kəsilmiş mübahisədə idi. Bir də onu düşünürdü ki, “görəsən katib bu işə necə baxacaq?” Aslan rayon partiya komitəsinin birinci katibliyinə cəmisi üç ay əvvəl seçilmişdi. Bu üç ayda o, Rüstəm kişi ilə ikicə dəfə söhbət etmişdi. Birinci dəfə partiya təşkilatının hesabat-seçki iclasını keçirmək üçün özü kolxoza gələndə, bir dəfə də raykomun geniş büro iclasından sonra. Rüstəm kişi onu yaxşı tanımırdı. Təbii olaraq bu fikirdə idi ki, katib də onu yaxşı tanımır, işdə görüb sınaya bilməmişdir, onun haqqındakı təsəvvürlər şəxsi müşahidələrinə yox, ondan-bundan aldığı məlumatlara əsaslanır. Məlumatların da ki, bir qismi Kələntər lələş kimilərin əlindən gəlib keçir, adsız kağızlardan doğurdu. Rüstəm kişini rahat edən o idi ki, yaxşı tanıyanlar Aslan haqqında müsbət danışırdılar. Deyilənə görə o sakit, düşüncəli və mühakimələrində aydınlığa meyl edən adam idi. Çox danışmağı sevməzdi. Qərar çıxarmaqda tələsməzdi. Bir məsələ haqqında qəti qərara gələnə qədər xeyli düşünərdi. Elə ki, qəti qərara gəldi, fikrindən dönməzdi. Onu da deyirdilər ki, Aslan hər gələnin evində çörək yeməz, hətta kəndə çıxanda evdən özünə yemək götürər, təsadüfən bir dəstə ilə aşxanada oturanda razı olmaz heç kəs onun xərcini çəksin. Bu sözlər Rüstəm kişidə belə təsəvvür yaradırdı ki, katib quru və rəsmiyyətçi bir adamdır. Təcrübədən bilirdi ki, belə adamlar ağır gündə buz kimi soyuq olur. Bu fikirlər, Aslanla üz-üzə oturduğu halda, Rüstəm kişinin üzünü açılmağa qoymurdu. Onun boğulduğunu aydın görən Aslan bir də soruşdu: - Nə olub, Rüstəm kişi, niyə qışqırırdın? Rüstəm kişi Kələntəri göstərib hələ də titrəyən səsini yumşaltmadan cavab verdi: - Ondan soruşun. Rüstəm kişinin məsələni ağartmamağı Kələntər lələşi sevindirdi. İndi o bütün olub-keçəni Aslandan gizlin saxlamaq istəyirdi. Buna görə də heç şey olmamış kimi nəinki Aslanın, hətta Rüstəm kişinin də üzünə gülümsəyib cavab vermək istəyəndə Aslan Rüstəm kişiyə baxdı: - Mən sizdən soruşuram. - Yox, ondan soruşun! – deyib Rüstəm kişi eyni tərsliklə sözü qaytardı. Aslan gülümsədi, Kələntərə baxdı: - Yaxşı, sən de. Kələntərin üzündə daha şit bir təbəssüm oynadı: - Elə bir şey yoxdur, yoldaş Aslan. Boş söhbətdir, - dedi və qapıya yollandı. – Gedək, yoldaş Aslan, gecikirik. Üz vurmaq istəməyərək Aslan da ayağa durmaq istəyəndə Rüstəm kişi dilləndi: - Yox! Boş söhbət deyil, çox ciddi söhbətdir. Bu yoldaş icraiyyə komitəsi sədri istəyir ki, mən fermanı tapşıram Hətəm qağaya. - Kələntər lələş bir an içində qaraldı. Aslan maraqla onların ikisini də süzdü, gözünü Rüstəm kişini üzündə saxladı: - Bəs sən? - Mən deyirəm ki, havaxt öldüm, onda Hətəm kimi natəmiz “Yeni həyat”ın üzünü görər. Kələntər lələş əlini qovluğa atmaq istədi, lakin nə isə düşünüb dayandı, adsız kağızları ortalığa gətirmədi. - Ay kişi, ayıb deyil? Bəs başqa məsələləri niyə demirsən? Bəs məhsuldarlıq məsələsi?! Rüstəm kişi ağzını açıb “Qızıl bayraq”dakı mübahisəyə toxunmaq istəyəndə Aslan onu qabaqlayıb: - Hətəmi fermaya buraxmamağa haqqın var, Rüstəm kişi, - dedi və Kələntərə baxdı. – Məncə ona inanmaq olmaz, kimi dindirirsən əyriliyindən dad çəkir, deyirlər tutmaq olmur, çünki hansı çaya salsan üzüb quru çıxacaq. Aslanın sözünün axırını gözləmədən Kələntər tez-tələsik razılaşdı. - Nə deyirəm ki, layiq deyil, qoymarıq. Hətəm kimdir ki, söz-söhbəti bu qədər ola. - Ferma müdiri Rüstəm kişinin öz işidir, inandığını saxlasın, - deyib Aslan davam etdi və yalnız indi Rüstəm kişi onun səsindəki mülayim, yumşaq, xeyirxah ahəngi duydu, duyduqca da rəngi açılmağa başladı. – Məhsuldarlıq məsələsində isə, Rüstəm kişi, mübahisənin ruhu yaxşı olmayıb. Mən rəqəm üstündə səni danlamaq fikrində deyiləm. İşləri yaxşı qursanız bəlkə sənin etiraz etdiyindən də çox məhsul götürərsiniz. Məni narahat edən sənin vacib əməli, hətta elmi mübahisəni bircə hökm ilə həll etməyə çalışmağındır. Hökm kolxoz sədrinə yaraşmaz, işgüzar adamları ondan uzaqlaşdırar. Tək qalmaq? Xalqdan uzaq düşmək? Nə qəribə sözlərdir! Rüstəm kişi katibə etiraz etmək istədi: “Mən xalq yolunda ayağıma çarıq taxıb dağı-dərəni dolananda, qolçomaqlarla vuruşanda sən bələkdə idin, bala!” demək istədi. Lakin deyə bilmədi, Aslanın üzündəki yumşaq, mehriban ifadə onun acığını yatırtdı. “Payızda görərsən, - deyib düşündü, - nəticə ortalığa gələndə, məhsul paylayanda görərsən, kolxozçunun hər əməkgününə səkiz kilo taxıl, otuz-qırx manat pul verəndə bilərsən xalqa ürək yandıran kimdir!” Rüstəm kişi bu sözlərin mənasını yaxşı anlaya bilməsə də, etiraz da etmədi. Ferma müdiri məsələsində onu böyük bir xətərdən qurtardığı və Kələntər lələşi yumşaltdığı üçün katibə qarşı ürəyində bir istilik, hətta bir yaxınlıq duydu: “Elə bil ki, Şərəfoğlunun başqa şəklidir, - deyib düşündü, - zahirdə quru görünməsi də yəqin ehtiyatlı tərpənməsindən və namuslu adam olmasındandır”. Rüstəm kişi rayondan ruh yüksəkliyi ilə qayıtdı. 3 “Qızıl bayraq”dan qayıdandan üç gün sonra, axşam qaranlığı təzəcə düşəndə Şirzad kolxoz idarəsinə gəldi. Yarməmməd orada idi. Gözünə eynək taxıb stolun dalında oturmuşdu. Qalın kolxoz kitablarını və cürbəcür qarışıq kağızları qabağına tökmüşdü, nə isə yazır və şotka çəkirdi. Şirzad içəri girəndə eynəyin altından bələdçi gözlərlə ona baxdı, tanıyan kimi ayağa durdu, stul çəkdi. - Buyur, əyləş, yoldaş Şirzad, xeyir ola belə! Şirzad oturdu: - Xeyir olmamış nə olacaq. Keç otur. Uçot kitablarını aç. Mənə bəzi məlumat lazımdır. Yarməmməd məhsuldarlıq haqqındakı məlumatın hazır olmadığını söylədi. - Elə bu saat onun üstündə işləyirəm. Get, narahat olma. Hazırlayıb özüm evinizə gətirərəm. - Yox, Yarməmməd, gedən deyiləm. Sən işində ol. Maldarlıq kitabını da mənə ver. Buradaca oturub baxacağam. - Başın üçün, nahaq əziyyət çəkirsən. Nə lazımsa mənə de, hazır eləyim qulluğuna. Məhsuldarlıq haqqında məlumatın gecikməyi də məndən olmadı. Hörmətli sədrimizin xasiyyətini bilirsən. Yaman dotələbdir. Bölgüdə kimə nə düşdüyünü istədi. Başım qarışdı ona. İndi azad olmuşam. Sabah məlumatı cibində hazır bil. Dur get evinə, cavan oğlansan, get dincəl. Lakin Şirzad ondan əl çəkmədi. Çünki Yarməmmədin “sabah” sözünün mənasını yaxşı bilirdi. Bilirdi ki, onun üçün bütün sabahlar birdir, bir-birinə oxşayır. Buna görə də bir sabah beş gün də uzana bilər. Bu sabah olmasın, gələn sabah olsun, fərqi yox idi. - Yox, Yarməmməd, dur dəftərləri bura tök, elə bu axşam məlumatı mənə ver. Yarməmməd istər-istəməz stolun üstündəki kağızları yığışdırıb pəncərəyə qoydu və şkafdan bir neçə dəftər götürdü. İkisini Şirzada verdi. Üçünü də öz qabağına qoydu, eynəyini düzəldib varaqlamağa başladı. Şirzad da o biri dəftərlə məşğul oldu. İki saat çəkən uzun axtarış və yazı-pozudan sonra Yarməmməd pambıq məhsuldarlığının son illər ərzindəki yüksəlişini göstərən məlumatı bir kağıza yazdı və Şirzada verdi. Şirzad yaz əkininə hazırlıq işləri olə də maraqlandı: - Yarməmməd, bu ildən ağlın nə kəsir? Nə barədə? – deyə Yarməmməd birbaşa cavab verməyib, çeşməyinin altından Şirzada baxdı. - O barədə ki, hazırlığımız necədir, planlarımız dolacaqmı? - Niyə dolmur, yoldaş Şirzad? Allaha şükür, sənin kimi igidlər qolunu çırmayıb, girib meydana. - Özünü səri. Yarməmməd narahat oldu: - Sərimək nədir, doğru sözümdür. Sənnən nəcəf yoldaşa mənim etiqadım var. Hörmətli sədrimizi lap örkən altına gətirəcəksiniz. Şirzad hər dəfə Yarməmmədin sədrə aid eyhamlarını etinasız buraxırdı. Həm ona inanmırdı, həm də səhərdən axşama qədər qarşısında yaltaqlıq etdiyi adamın dalınca tənəli sözlər danışmasından iyrənirdi. Yarməmməd onun bu etinasızlığını görmür və hiss etmir kimi davam edirdi: - O gün yaman hünər göstərdiniz ha! Sağ olun, vallah! Sözün düzü, sədrin kobudluğu hamının canını boğazına yığıb, amma bir kişi cəsarət eləyib deyə bilmir ki, ayran turşuyub, təzə qatıq gətir. O sözləri ki, siz ona dediniz, birini bir çullu eşşək götürməzdi. Ürəyimizdən tikan çıxdı. Sağ olun! O gündən sizə eşqim birə min artıb. Mərd adamlara varam. Harda gördüm, istəyirəm əyilim qabağında səcdəyə. Dədələr yaxşı deyib: “Yatma tülkü kölgəsində, qoy yesin aslan səni. Keçmə namərd körpüsündən, qoy aparsın sel səni!” Yarməmməd axırıncı iki bəndi ucadan və ahənglə oxuduqca Şirzadı gülmək tuturdu. “Bu Yarməmməd nə qəribə məxluqdur. Görəsən dediyi sözlərin mənasını başa düşürmü?” Şirzad bu barədə söhbət açmadı. Yarməmməddən kolxoz təsərrüfatına aid yeni məlumatlar istədi. Ayrı-ayrı məlumatları Yarməmməd yaxşı bilirdi, lakin onlara qiymət verməyə, ümumi mənasını açmağa gələndə dili topuq çalırdı, korazehin uşaq kimi keyiyib qalırdı. Şirzad təsərrüfatın ayrı-ayrı sahələrinə aid məlumatları təhlil edib öyrəndikcə, nəzərində kolxozun böyük yüksəliş yolları və imkanları daha da aydınlaşırdı. Bu imkanlardan düzgün istifadə olunsa yaxın dörd-beş kolxoz təsərrüfatı iki dəfə artar, məhsuldarlıq azı 30-35 sentnerə qalxardı. Şirzad maldarlıq, bağ-bağat və taxılçılığın da vəziyyətini göstərən rəqəmlərlə tanış olduqda bu fikri daha da möhkəmləndi. Taxılçılıq və bağ-bağatda da hər şey orta ölçülərə əsasən planlaşdırılmış, kolxozun bütün imkanları nəzərə alınmamışdı. Şirzadın bu tədqiqat işi gecədən xeyli keçənə qədər davam etdi. Yarməmmədi yuxu basıb gözləri qapananda onlar idarədən çıxdılar. Kənd qaranlıq və sakit idi. Göy üzünü buludlar örtmüşdü. Lakin bu buludlar artıq kənd evlərinin üstünə enən ağır və sulu buludlar idi. Hər saat yağış gözləmək olardı. Demək, yaz gəlirdi. Kənd təsərrüfatının qızğın və maraqlı dövrü başlanırdı. İndi hər günün, hər saatın gələcək məhsul üçün böyük əhəmiyyəti vardı. Şirzad bilirdi ki, yazda səmərəsiz keçən hər saat yaxud vaxtında görülməyən ən xırda bir iş tonlarla məhsulun itməsi deməkdir. O, yaz əkinini nümunəvi keçirmək, indidən yaya hazırlaşmaq və payızda bol məhsul götürmək haqqındakı düşüncələrini bölüşmək ehtiyacı duyaraq, Yarməmmədin qolundan tutdu: - Ehh, Yarməmməd, biz istəsək, bu Muğan düzündə cənnət yaradarıq. Torpaq istədiyin qədər, Kürün, Arazın suyu da qurtaran deyil. İlin on ayını günəş Muğanda çıxıb, Muqanda da batır. Taxıl ək, pambıq becər, qarğıdalı basdır, mal saxla, bağ-bağat sal. Bol məhsul götür, tozlu yolları asfaltla, daş yol sal, hər tərəfə işıq çək. Muğan çıraqban olsun, gəl tamaşasına. Elədirmi? Yarməmməd cavab verməmiş ucadan əsnədi. Şirzad onu itələyib əlini qolundan çəkdi: - Səni lap basarat basıb ki. Durduğun yerdə yatırsan. Heç olmasa bir mədəniyyətin olsub, adam yanında gərnəşib əsnəmə. - Bağışla, yoldaş Şirzad. Vallah, dörd gecədir gec yatıb tezdən dururam, yuxusuzluq lap məni əldən salıb. Qaldı Muğanın gələcəyi, o barədə yaxşı sözlər dedin. Amma, doğrusu, bunlar xam xəyala oxşayır, inanmıram ki, Muğana insan qalib gələ bilər. Duzlu torpağı yayda toz olub adamı boğur, qışda yapışqan olub tutur ayağından, yeriməyə qoymur. Çətin məsələdir. - Əlbəttə, çətindir. Amma insanın əlində mümkün işdir. İndiki maşınlar, indiki texnika və elm ilə biz Muğanı həqiqi cənnətə çevirəcəyik. Ancaq hamı yaxşı işləmək şərtilə, hamı öz borcunu başa düşsə, hamı borcunu yerinə yetirsə, xülyalarımız həqiqət olar. - İnşallah, inşallah! – deyib, Yarməmməd əsnəməyini boğduqda, Şirzad susub xəyala daldı və bir daha onunla belə şeylər haqqında danışmamağı qərara aldı. Lakin azca keçməmiş Yarməmməd özü sükutu pozdu: - Yoldaş Şirzad, əlbəttə, mənim qarışmağım nahaqdır, ancaq sizi istədiyimdən bir söz deyəcəyəm. - Nədir, Yarməmməd? - Nahaq özünüzü yorursunuz. - Nə barədə? - Məhsuldarlıq və başqa barələrdə. Rüstəm kişi dediyini yeridəcək. Başağrısı sizə qalacaq. Axırda da bədnam olacaqsınız. - Yaxşı, sən bir de görüm, bizim tələbimiz haqlıdırmı? Axı, sən neçə ildir ki, kolxozda hesabdarsan, hər şeyi bilirsən, kolxoz təsərrüfatının açarı sənin əlindədir. Biz haqlıyıq, ya yox? Yarməmməd cavab vermək əvəzinə dalbadal dörd dəfə asqırdı. Şirzad, onun adətən həmişə çirkli olan dəsmalını çıxarıb gecə qaranlığında ağzına tutduğunu hiss etdi. Yadına düşdü ki, Yarməmməd üçün bu cür qəti suallara cavab verməkdən ağır şey yoxdur. - Arxayın ol, heç kəsə demərəm, öz aramızda qalar, fikrini söylə, çəkinmə. Yarməmməd Şirzadın “öz aramızda qalar” sözündən bir az ürəkləndi. - Siz deyən düz olmağına düzdür, amma başın çox ağrı çəkəcək. – Yarməmməd səsini yavaşıtdı, Şirzada tərəf əyildi: - Sədrimizdə qəribə bir xasiyyət var, öz başından çıxmayan təklif xoşuna gəlmir. Başınız bıla çəkəcək! Bu vaxta qədər Şirzad elə bilirdi ki, Yarməmməd üzüyola bir məzlumdur, hər şeyə inanır, hadisələri üzdən görür və buna görə də acizdir, tabe olandır. İndi isə qabağında başqa Yarməmməd dururdu: məsələlərin içini çozlarından yaxşı görən, lakin susan, susmağı bacaran Yarməmməd! Şirzadın ona acığı tutdu: - Yaxşı, ay Yarməmməd, başım ağrı çəkəcək deyə mən düşünməyim? Faydalı bildiyim işi görməyim? Mən sənə təəccüb edirəm. Nədən qorxursan? Axı, adamın dünyada öz fikri olmalıdır; bir şeyə ki inandı, onu yolunda nə qədər qüvvəsi var mübarizə aparmalıdır. Yaşamağın ləzzəti bundadır! Yarməmməd cavab vermədi və yenə asqırdı. Şirzad ona acıqlandı: - Kəs bu çırt-çırtı! İş çətrinə düşən kimi səbir gətirirsən. De görüm, fikirsiz necə yaşayırsan? Yarməmməd yenə dinmədi. Şirzad hiss etdi ki, o başladığı söhbətdən peşmandır. Elə bu saat ayrılıb qaçmaq istəyir. - Yox, sən bircə şeyi mənə de, həyatda fikirsiz necə yaşayırsan? Deməsən, özün bil, qəzetə yazacağam, ikiüzlülük etdiyini aləmə bildirəcəyəm. Yarməmməd təlaş və həyəcan dolu səslə: Yoldaş Şirzad, - dedi, - allaha and olsun, məsləkim haqqı, bu məsələ mənim özümü böyük dərdlərə salıb. Çox istəmişəm ki, mənim də öz fikrim olsun, düşündüyümü deyim, amma bacarmamışam. Rüstəm kişi bir göz ağardanda bağrım yarılıb, elə bilmişəm ki, indicə məni udacaq. Başqaları da onun kimi. Rəhmətlik oğlu, bir gör mənə nə qədər göz ağardan var: altdan yuxarı baxıram, üstümdə qat-qat naçalnik görürəm, hamısı əmr verməyə hazır, hamısı buyurur, hamısı gözünü ağardır. Öz fikrinlə bu qədər böyüyün qabağında durmaq olar? Yox, olmaz! Buna şir ürəkli qəhrəman lazımdır. Mən bacarmaram. Düşünüb, düşünüb bu qərara gəlmişəm ki, fikir hamı üçün vacib deyil. Fikirsiz də yaşamaq olar, mənim kimilər fikirsiz daha rahat yaşaya bilər. Sözün açığı, yoldaş Şirzad, fikir elə ağır şələdir ki, mənim çiynim davam gətirməz! Şirzadın ürəyində iki duyğu baş qaldırdı: nifrət və mərhəmət. Həyat Yatməmmədi əzib qorxuzmuş, simasızlaşdırmışdı. O hər şeydən qorxurdu, adamlar və hadisələr haqqında bir fikrə gəlməkdən qorxurdu. Fikir özü başına girəndə isə bildirməkdən çəkinirdi, üstündə durmaqdan qorxurdu, Buna görə də düşünməməyi daha əlverişli sayırdı. - Yarməmməd, təbiət insanı yaradırkən onun daxilində bir işıq yandırmışdır, bu işıq olmasaydı insan heyvandan seçilməzdi. Yüz min il əvvəl insanı soyuq və quru mağaralardan çıxaran bu işıq olmuşdur. Elektrik və atom dövrünü açan da bu işıqdır. Bu, sönmək bilməyən günəşə bərabərdir ki, insanın içərisində daim yanıb şölələnir. Bilirsənmi o nədir? O şüurdur, dərrakədir. Kim ki, düşünməkdən qorxur, öz əliylə bu işığı söndürür, deməli, özünü heyvan dərəcəsinə endirir. Bədbəxtdir o torpaq ki, üstündə bu cür vətəndaşlar məskən sala! Sən bunu anlayırsanmı? - Anlayıram, yoldaş Şirzad! Amma başqalarının ayağı altında əzilməyin nə olduğunu ondan da yaxşı anlayıram. Şirzad düşündü ki, Yarməmmədi bu qədər eybəcər edən qorxudur. Qorxu onu həyat qarşısında tamamilə tərksilah etmiş, əliyalın qoymuşdu. Yox, o, əliyalın deyildi. O, başına qalxan keçirmişdi. Simasızlıq onun qalxanı idi. Həm də qəsdən simasızlıq edirdi. Ən aydın həqiqətləri belə gücə qurban verməyə hazır idi. Güclünün qəzəblənərək əl qaldırdığı bir zavallını o didib dağıdırdı ki, güclüyə xoş gəlsin, təbəssümünü və ya təqdirini qazansın. Rüstəm kişi ilə mübahisəyə girən adamlarla rəftarı bunu aydın göstərirdi. Bu cür səhnələri xatırladıqda Şirzada elə gəldi ki, yanında yeriyən canlı adam deyil, qıvrılaraq, iyrənc şəkildə yığılıb açılaraq, hara isə sürünən bir soxulcandır. Yaşıl otları xarablayan, çiçəklərin kötüyünü gəmirən bu qurdu basıb əzmək istədi. Açıq bir qəzəblə soruşdu: - Yaxşı, bəs məni niyə özünə tay bilirsən, fikirsiz yaşamağa çağırırsan? Bu qəzəbli sual Yarməmmədi qorxutdu və qorxu ona öz adi təsirini göstərdi. - Vicdanımız haqqı, məni başa düşməmişsiniz, yoldaş Şirzad. Mən sizin xeyrinizi istəyən adamam. Deyirəm ki, başqalarını incitsəniz də Rüstəm kişi ilə işiniz olmasın. - Niyə?! - Necə olsa kolxoz sədridir, öz aramızda, özü də kinli adamdır. Boynuna düşər, saxlar yadında, dünyadır, bir gün gələr, sən də bir yerdə büdrəyəndə elə vurar ki, qiyamətə qədər ayağa dura bilməzsən. Onu da deyim ki, yoldaş Şirzad, ürəyinə şübhə damıb, belə xəyal edir ki, guya sənin fikrin kolxoz sədri olmaqdır, onun yerini tutmaqdır. Şirzad anladı ki, Yarməmməd mənliyi ilə oynayır. Ruhunun nazik telinə toxunaraq, haldan çıxarıb qızışdırmaq istəyir. “Rüstəm kişini belə oynada bilərsən, məni yox!” deyə düşündü, Yarməmmədin qabağında ayaq saxladı: - Doğrusu, Yarməmməd, bu vaxta qədər mən səni simasız bir yaltaq bilirdim. Həm sənə nifrət edirdim, həm də yazığım gəlirdi. Deyirdim qorxaqsan, bir təhər sürünüb çulunu sudan çıxarmaq istəyirsən. İndi görürəm ki, yox sən təkcə yaltaq deyilsən, həm də iblissən, sənin kimi adamlara bu Muğanın təmiz havasını udmaq da haramdır! Yarməmməd işin-işdən keçdiyini hiss etdikdə çox acıqlandı, özünün də anlamadığı heyrətamiz bir cəsarətlə Şirzadın qabağını kəsdi: - Hara gedirsən? Dayan, sözlərinin cavabını al, sonra get! Adın nədir Rəşid, birin de, birin eşit. Elə bilirsən ki, mən sizə yalvarcağam? Olmayacaq, elə şey olmayacaq! Araz geri axar, mən sənə yalvarmaram. Mən heç şeydən qorxmuram, səndən də qorxmuram. Günü sabah partiyaya şikayət verəcəyəm. Nə haqqınan məni bu itdən alıb o itə verirsən. Bəyəm mən adam deyiləm. Şirzad donmuş kimi yerində durub düşündü, əlini Yarməmmədin sinəsinə vurdu: - Ə-ə! Belə ol ey! Qoy sənin də səsin kişi səsi kimi çıxsın.İnildəyib adamın zəhləsini tökmə. Yadında saxla, nə yaltaqlıqdan, nə də ara qarışdırmaqdan hələ xeyir görən olmayıb, çarx dolanıb, dünya dəyişib, amma xeyir görən olmayıb! Şirzad ayrılıb sola döndü və yavaş-yavaş addımlayaraq yastıyapalaq kənd evlərinin arasında itdi. 4 Ah, Muğanın yazı, Muğanın səhərləri! Sizin gözəlliyinizə dalmaq, ürəkdə oyatdığınız incə duyğularla məst olaraq yaşamaq nə qədər şirindir! Bayıra çıxırsan, bəzən çənə-dumana bürünmüş, bəzən ilıq günəş şüaları altında xumarlanan çöllərin sərin və ətirli nəfəsi səni çalır. Sinən qeyri-adi bir yüngüllüklə qalxıb-enir. Kür və Araz boyu seyrək ağaclar və kolluqlar arasına düşmüş boz kənd evlərinin ocaqları tüstüləyir, saclarda və təndirlərdə bişən çörəyin iyi sərin havaya qarışaraq, sənin ciyərlərinə dolub müqəddəs duyğular oyadır. Bu zaman hər şey sənin üzünə gülür, sanki səni salamlayıb “sabahın xeyir, əziz dost!” deyə yeni açılan səhərini təbrik edir. Yastıyapalaq evlər, odu sönməyən ocaqlar, palçığı yapışqan kimi ayağa suvaşan torpaq sənə yüz qat əziz görünür. “Mənim ana yurdum! Mənim müqəddəs ocağım!” – deyə pıçıldayırsan. Şirzad səhərin ala-qaranlığı çəkiləndə evdən çıxıb Qızyetərgilə yollanırkən sinəsi belə duyğularla dolu idi. Məhsuldarlığı qaldırmaq haqqında düşündükcə başında cürbəcür yeni fikirlər, yeni xəyallar oyanmışdı, indi o doğma kəndlərinin gələcəyini, bütün Muğanın sabahını bu xəyallarda görürüdü: - Bolluq, bolluq! Hər şeyin başı buna bağlıdır. Kolxozumuzun gəliri çox olsa nələr etmərik! Açılan səhərin gözəlliyi xəyallarını oyatdıqca, sabaha çəkib apardıqca Şirzad düşünürdü: “Kəndin küçələrini düzəltmək, palçığı təmizləmək olar. Bir adam yoxdur ki, bu palçıq üst-başına suvaşmasın, bir ev yoxdur ki, astanasını bozardıb ağartmasın. Yaxşı səkilər salmaq olar, tərtəmiz səkilər uzanıb qapılara çatanda bütün evlərin döşəməsi ayna kimi parıldayacaq. Hələ kəndlər! Muğanın sinəsində pəncərəli-eyvanlı evləri adama ləzzət verən kəndlər tikib, hər tərəfdə bağ-bağat salmaq! İndinin özündə belə gözəl binalar var. Planla tikilib qatarlanmış evlər, insanın könlünü açan kəndlər də meydana gəlir. Lakin bunlar hələ çox azdır. Hələ də kəndlərin çoxu plansız, əyri-üyrü küçələrdən, yastıyapalaq boz evlərdən ibarətdir. Hamamı, mədəniyyət evi olmayan, səhranın ortasında keçəl baş kimi bozaran bağsız-bağatsız kəndlər nə qədər cansıxıcıdır!” Bəs nə cür olub ki, babalarımız bu həyata dözmüşlər?! – deyə Şirzad düşünməkdə davam edirdi. – yüz illərlə, min illərlə bu torpağın üstündə yaşamışlar, doğud-törəmiş, ölüb getmişlər, sümükləri çürüyüb torpağa qarışmışdır. Körpələr böyümüş, yeniyetmələr yekəlib, qocaların yerini tutmuşlar, amma həyat elə əvvəlki kimi qalmışdır. Evlər necə vardısa elə, kəndlər necə vardısa elə, səhra necə vardısa elə - bomboz, susuz, ağacsız, hamamsız, toxlu-palçıqlı. Nə qədər gözəl istedadlar bu tozun altında boğulmuşdur, nə qədər qüvvətli fikirlər buxavlanıb qalmış, iri gözlər dünya işığından məhrum olmuşdur. Günah babalarımızın tənbəlliyindəmi? Yox, yox! Gün çıxandan, gün batana qədər, yay-qış əli işdə olanlara, ayaqları qabar bağlayanlara tənbəl demək olarmı? Yox, olmaz! Bu insafsızlıqdır. Bəs səbəb nədir? Niyə yüz il, min il bir nöqtəni döyüb durmuşlar?! Heç olmazsa yayda cəhənnəm kimi insanı yandıran günəşin istisindən qorunmaq üçün bir ağac basdıraydılar, bağ salaydılar”. - Salam, Şirzad əmi! – deyə heybəli-kitablı məktəbə gedən bir dəstə uşaq Şirzadın qabağından keçdi. Şirzad onların salamını alıb gülümsədi və düşündü: “Kəndi belə qoyub getsək, yəqin bunlar da bizim haqqımızda beləcə düşünəcəklər, bizi tənbəl, bacarıqsız adlandıracaqlar!” - Salam, yoldaş Şirzad, sabahınız xeyir! – deyə məlahətli bir səs gəldi. Şirzad Mayanın bu qədər tezdən durub kəndə çıxmasına təəccüb etdi, dayanıb görüşdü: - Nə əcəb belə, sübh açılmamış?! - Suya gedirik, - deyə Maya gülümsədi. Şirzad nə isə soruşmaq istədikdə, sərnici çiynindən aşırmış Pərşan dirsəyi ilə onu dümsüklədi: - Yol ver keçək, gözün görmür?! Adam keyiyib yolun ortasında qalmaz! – dedi və Şirzadın danışmasına macal verməyib davam etdi: - Durub qapı-bacanı süpürdüm. Sərnici götürəndə Maya bacı da arxdan su gətirməyə getdiyimi bilib qoşuldu mənə. Kəndimiz yaman xoşuna gəlib, nə görür, deyir yaxşıdır. Qızyetər və Nəcəfgilin evi su yolunun üstündə olduğundan, Şirzad qızlarla yan-yana addımladı: - Neyləsin, əlacı nədir? Yəqin hiss edib ki, rüstəmovlara nöqsan tutmaq olmaz, nə etdilər, gərək deyəsən yaxşıdır. - Nə olub, yoxsa gözünə təzə şeylər dəyib, köhnələri bəyənmirsən? Rüstəmovlar pis olub? Ya da əvvəlki şirin sözlər yalan idi?! Eyb etməz, nəyik – buyuq, Maya bacının ürəyi təmizdir, ona görə də nəyimiz var, xoşuna gəlir. Maya Pərşanın sözlərində Şirzada qarşı qəribə bir ərk və tənə olduğunu, Şirzadın nə isə Pərşana qulaq asanda qızarıb həyəcanlandığını hiss etmişdi. Ancaq bu barədə danışmamağı daha əlverişli bilib dedi: - Doğrudur, Pərşan, kəndiniz ümumiyyətlə xoşuma gəlir. Ancaq bəyənmədiyim şeylər də var. - Boyy, doğru sözündür?! Bir-bir say görüm xoşuna gəlməyən nədir? Şirzad Mayanı qabaqladı: - Mən deyə bilərəm nələr Maya bacının xoşuna gəlmir. - Səndən soruşan yoxdur, - deyə Pərşan ona qıyqacı bir nəzər saldı, - qoy özü desin görək. Maya, Şirzadın öz doğma kəndində nə kimi qüsurlar gördüyünü bilmək istədi. - Yox, Pərşan, qoy Şirzad danışsın, fikrini bilmək istəyirəm. Şirzad ayağını üst-başlarına sıçrayan, hər tərəfi tutmuş palçığa vurdu: - Birinci bu. Nəyi xoşa gələ bilər? - Bəs ikinci? – deyə Maya maraqlandı. Şirzad bir az əvvəl fikrindən keçən şeyləri qızlara nəql etdi, hətta babalarımıza qarşı narazılığını da bildirdi. Pərşan cürbəcür atmacalarla Şirzadın sözünü kəsib ona sataşsa da danışığı xoşuna gəlirdi. Şirzad çox sadə, lakin nədənsə bu vaxta qədər Pərşanın fikrinə düşməyən məsələlərə toxunur, onları ehtiraslı arzular kimi qızın ürəyinə doldururdu. Ona qulaq asdıqca Mayanın da rəngi açılırdı. Söz babalara gəlib çatanda isə Maya dedi: Babalarımız pis yaşamışlar, bəlkə tənbəllikləri də olub, insan əməyindən düzgün istifadə etməyiblər. Onların zamanında yüz minlərlə əllər, qollar bağlanmışdı, fikirlər paslanıb qalmışdı. Hər il yüzlərlə kəndlər tikib, bağlar sala biləcək insan əməyi pas atmışdı, işə salınmamışdı. Lakin babalarımızı müəyyən qədər doğrultmaq olar: axı, onların şəraiti nə qədər ağır idi. Başlarının üstündə hər dəqiqə zülm qılıncı oynayırdı. Elm və texnikaları çox zəif idi. İndi isə zamana tamamilə dəyişmişdir. Hamamsız və bağsız kənd babalarımızın adına bir töhmətdirsə, bəs bizim üçün necə bir ittiham olmalıdır? Bizim zamana hara, onlarınkı hara? Axı, onların şəraiti ilə bizimki müqayisə olunmazdır, məni təəccübə salan odur ki, orta təhsili olan sizlər, kolxozun qabaqcıl gəncləri buna necə dözürsünüz?! Pərşan sərinci sağ çiynindən sol çiyninə aldı, sinəsini qabağa verib ağrımış qolunu tərpətdi, şirzadı göstərdi. - Bunlarda qeyrət olsaydı, elə birinci bu sərinci bizim çiynimizdən düşürərdilər. Arxın lehməli suyunu daşımaqdan cana gəlmişik. Gündə dörd dəfə get-gəl, guya bunun bir əlacı yoxdur?! Pərşanın bu tələbkarlığını gördükdə ürəyi yeni sevinclərlə dolan və “yaxşı ocaq sahibi olar, anası kimi təmiz, atası kimi mğhkəmdir, Yox yerdən ev-eşik düzəldər” deyib düşünən Şirzad həvəslə cavab verdi: - Niyə əlacı yoxdur. Onun da əlacı var! Hələ altıncı sinifdə oxumuşduq ki, necə su duruldanlar tikmək olar: kəndin ortasında yeddi-səkkiz metr hündürlüyündə daşdan bir sütun hörüb, üstünə çən qoyarsan, yanında sementlənmiş iki-üç yeraltı hovuz tikərsən, arxın ağzını açarsan, bu hovuzları doldurarsan su ilə. Nasosla vurarsan yuxarı – çənə, oradan da borular çəkərsən hər məhəlləyə, hər evə. Bu sənin dumduru suyun, işlət, nə qədər işlədirsən. Pərşan dayanıb Mayanın qolundan yapışdı. Geri çəkdi: - Di gəl, qayıdaq evə, suyumuz hazırdır! – deyib istehza ilə güldü və tənə dolu gözlərlə Şirzada baxdı. – Tikərsən, qoyarsan, duruldarsan, çəkərsən. Ha vaxt inşallah? Pərşanın istehza və tənəsi qarşısında pərt olmuş Şirzad qeyri-ixtiyari olaraq: - Onu dədəndən soruş, - dedi. Bu sözü eşidən kimi Pərşan rəng verib, rəng aldı, onun üstünə açıldı: - Dədəmnən sözün var, get özünə de, mənə niyə deyirsən? Bir də xahiş edirəm, heç kəs zəhmət çəkib, mənim dədəmin adına güldən ağır söz danışmasın! Kim onun dalınca oyan-buyan söz desə, vallah, başının qanını ətəyinə tökərəm! Pərşan Mayanın qolundan dartdı: - Gəl bəri, bəzi adamlar sözünün yerini də bilmir. Şirzad Pərşanın belə incik ayrılıb getməsindən qorxdu. “Doğrudan deyəsən yersiz söz danışdım” deyib düşünsə də, bunu üzə vurmadı, xasiyyətinə yabançı, zarafatyana bir səslə: - Maya bacı, - dedi, - Pərşanı görən heç inanmaz ki, bizim kəndlərdə ata-anasını atıb, oğlana qoşulub qaçan qızlar olur. Bu sözü eşidən Pərşan dönüb çiyninin üstündən dala baxdı: - Hələ bu kənddə qoşulub qaçmalı oğlan mənim gözümə dəymir. Məni istəyənlər oğlan olmayıb lap məlikə olsun, dədəmin bir tükünə dəyişmərəm. Gözüm tutanı da tapılsa, bilin ki, yüz dəfə dədəmin əlini öpməsə, məndən “hə” eşitməyəcək. Pərşan sərnicin qulpunu çəkərək çiynində rahatlayıb yoluna düzələndə Şirzad daldan səsləndi: - Neynək, canın sağ olsun. Sənə qoşulub qaç deyən yoxdur ha, acığın da tutur. Ayaq saxla, bir sözüm var. Axşam kluba yığışırıq. Musiqi dəstədinin axırıncı məşqidir. Pərşan bir söz deməyib yoluna davam etdi. Onun uşaq kimi küsüb inciməsindən, Şirzadın peşmanlıq çəkib həyəcana düşməsindən ləzzət alan Maya “hələlik” deyib addımlarının sürətini artıranda, şirzad ona müraciət etdi: - Vaxt etsəniz, siz də gəlin. İstəyirik yaxşı müsamirə verək. Amma rəqsimiz bir az zəifdir, öyrədənimiz yoxdur. Mayanın başına ani olaraq bir fikir gəldi, Onu sevindirmək, ruhlandırmaq istədi. - Rəqsi mən boynuma çəkirəm. Şirzad açılıb gülümsədi: - Doğrudanmı? Yadınızdan çıxmasın ha, gəlin. Bəlkə Qaraşı da gətirdiniz. Şirzad Qızyetərgilə dönməmiş, durub Pərşangilin dalınca baxdı. Maya Pərşana çatmaq üçün tələsirdi. Pərşan isə suya gedən bir dəstə qıza qoşularaq ucadan deyib-danışır, sanki Şirzada acıq verir kimi qaqqıldayıb gülürdü də. Qızın bu oynaq və şad xasiyyəti Şirzadın sevincini artırdı və birdən-birə fikrində anlaşılmaz bir müqayisənin oyanmasına səbəb oldu. Neçə-neçə belə qızlar tanıyırdı ki, ərə getdikdən sonra suyu qurumuş dəyirman kimi sakitləşmiş, susub qalmışdılar. “Bunların əl-qolunu necə bağlayırlar? – deyib düşündü. – Ər evində qadın daha da qol-qanad açmalıdır. Bunların isə qapıdan girən kimi sanki qanadını qoparıb bir küncə atırlar, sən uçmayacaqsan, mavi üfüqlərə qanad açmayacaqsan, deyirlər. Nə böyük insafsızlıqdır! Bəs özləri, özləri niyə uçmurlar?! Niyə kəsik qanadla yaşamağa razı olurlar, niyə?” 5 Yolun kənarında daşdan tikilmiş ikiotaqlı balaca evin artırmaya olan göy rəngli qapısı açıldı. Qolları dirsəyə qədər çirməkli Qızyetər çıxıb qaynayan samovarın dutkeşini götürdükdə, Şirzadı gördü. - Orda niyə durmusan, ay Şirzad, niyə elə baxırsan?! Gəl içəri, Nəcəf də indicə çöldən qayıdıb. Deyirdi, çay içim, bir gedim Şirzadı görüm. Lap yerində gəlmisən. Şirzad Qızyetərə diqqət etdi: onun səsi də, üz-gözü də ömründə təzyiq və zor görməmiş bir qadının səadət dolu sərbəstliyi ilə dolu idi. “Bu elələrindən deyil, - deyə Şirzad düşündü, - beləsi qanadını qırmağa qoymaz, boyunduruq altına girməz. Kaş hamısı bu cür olaydı!” - Yenə gözlərin yol çəkir, ay yoldaş! – deyib Qızyetər mənalı-mənalı güldü və gözucu arxa gedən qızlara baxdı. – Allah Rüstəm kişinin ürəyini insafa gətirsin, içəri keç, çayımız indicə hazır olacaq. Arvadının səsinə Nəcəf qapıdan boylandı. Şirzadı gördükdə göy qolsuz köynəyinin altından tükləri çıxmış sinəsini irəli verib çölə çıxdı. - Ə-ə, gəl içəri! Səni mən göydə axtarıram, yerdə əlimə düşmüsən. Necəsən götürüm qoyum ayağımın altına – deyib ikiəlli belindən yapışdı. Onlar artırmada bir-birini itələyib zarafatlaşırkən Qızyetər samovarı otağa apardı. Nəcəf Şirzadı içəri itələdi və artırmanın dirəyinə mıxlanmış balaca əlüzyuyana yaxınlaşdı, ətrafa su sıçradaraq dirsəyə qədər qollarını, üzünü, boynunu yudu. Buradaca mıxdan asılmış ağ məhrabanı götürüb qurulandı. İçəri gələndə Qızyetər ortadakı balaca stolun üstünə güllü süfrə salıb pendir, yağ, çörək olan boşqabları düzür, stəkanları silib hazırlayırdı. Şirzad isə qapının açılmayan tayına söykənərək tamaşa edirdi. - Çox kasıbdır, eləmi? – deyə Nəcəf ortadakı stola və dörd ağ kətil ilə, divarlardakı çərçivəyə alınmış bir neçə şəkildən başqa heç şeyi olmayan otağı göstərdi. – Eyb etməz, bu il içini də düzəldərik, çətini tikmək idi, bir də ki, Qəzyetər xanım əlinə düşəni verir o biri otağı bəzəyir. – O yataq otağına işarə edib güldü. Şirzadı məşğul edən Nəcəfin dediyi kasıblıq deyildi. Əslinə baxsan heç belə bir fikir onun başına da gəlməmişdi. O, otağa baxdıqca tikilmə tarixini xatırlayır, bu gənc ər-arvadın necə həvəslə daş daşıdığını, evin binövrəsini tikdiyini, divarrını gördüyünü xatırlayırdı: - Deyirəm, nə olaydı, ay Nəcəf, bütün kolxozçularımız beləcə evlər tikəydi. Bura gələndə mən içərisinin boşluğunu görmürəm. Mənə elə gəlir ki, lap bəy otağı kimi dopdoludur. - Hə, bax, belə, gözün tox olsun, qardaş! Acgözlük adamın bədbəxtliyidir. - Amma elə bilmə ki, evin kəsirsizdir. Böyük bir kəsiri var. - Oho, nədir elə o kəsir? - Kəsir odur ki, belə gözəl evin mətbəxi və hamamı yoxdur. - Deyinən sənin fikrin Bakını bura köçürməkdir ki. Stəkanlara çay süzən Qızyetər Şirzadın fikrini bəyəndi: - Lap düz deyir. Ocaqda su qızdırıb tasda baş yumaq bir iş deyil. Lap düz deyir. Bir az özümüzü düzəldək. bax, bu otağın yanında hamam da, mətbəx də tikəcəyəm. - Bizi işə saldın ki, qardaş. Mən deyirdim ki, daha otaq tərəfdən qulağım dincdir, bundan sonra Qızyetər təzədən yaxamı keçirəcək əlinə. De görək, daha nə kəsir tapmısan, de, danışan dilin var olsun. - Bir də o kəsiri var ki, burada hər şey adamın üzünə gülür. İçəri girəndə elə bilirəm ki, divarlar da dilə gəlib məni danışdırır. Bilirsinizmi, burada sizdən başqa üçüncü bir şəxs də yaşayır. Üst köynəyini boğazına salan Nəcəf əl saxladı: - Ə-ə, dayan görək, ailəmizi dağıdarsan ha, o üçüncü kimdir elə, arvaddır, yoxsa kişi?! - Bu evdə yaşayan üçüncü şəxs xoşbəxtlikdir. Qapını açan kimi məni birinci danışdıran o olur. - Hə, yaxşı tapmısan, ay aşıq! İndi de görüm o xoşbəxtlik hardandır, nədəndir, kimdəndir? Tapa bilmədin ki. İndi mən sənə deyim. Bax, bundadır, - deyib Nəcəf Qızyetərin qolundan tutdu, qucaqlamaq istədi. Qızyetər adəti üzrə şappıltı ilə onun əlinin üstünə vurdu: - Az danış, abrımızı tökmə. Bayaqdan “işim var, işim var, bircə Şirzadı görəydim” deyib qulağımı aparırdın, indi oturun çayınızı için, nə sözün var, de. - Sən də gəl otur, bir yerdə çay içək. Bəzi arvadlar kimi qaçıb qapı dalında gizlənmə. Sonra da geyin gedək, çox sözümü orada deyəcəyəm. Çaydan sonra dostlar kəndə çıxanda günəş ala-tala buludların arasında boylanaraq qalmışdı. Lakin istisi hiss olunmurdu, çünki buludlar getdikcə sıxlaşaraq, gəlin üzünə çəkilən örtük kimi qabağını tuturdu. Hər halda hava xoş idi. Bundan istifadə edərək kənd əhli evlərdən həyətlərə tökülmüşdü, kimi yer belləyir, kimi sahələri quzapayı və alaq otundan təmizləməyə gedir, kimi arabadan peyin daşıyır, kimi çiyid gətirirdi. - Arx altına gedəcəyik, - deyə Nəcəf Şirzada baxdı. - Piyada necəsən? - Evin yıxılsın, burdan ora bir günə gedib qayıtmaq olmaz. Daha başqa işimiz-gücümüz yoxdur? - Dayan görüm, deyəsən Telli arvad arabanı qoşub gübrə aparır,- deyə Qızyetər evlərinin dalından keçən yola çıxdı. Doğrudanda Telli arvad iki at qoşduğu böyük arabaya gübrə dolu kağız kisələr yükləyərək, arx altına tərəf sürürdü. Qızyetəri görən kimi atların cilovunu çəkib yavaşatdı: - Hə, nə var, qızım, bir sözün yoxdur ki? - Sözün odur ki, - deyə Qızyetər kəkələdi, - bəlkə bizi də arx altınaçan götürəsən? Şirzad və Nəcəf yaxınlaşıb salam verdilər. Telli arvad yanında yer elədi: - Biriniz bura oturun, o birilər kisələrin üstünə. Qızyetər, sən bura gəl. - Manqabaşçısı bizdən əziz oldu, hə? – deyə Şirzad Telli arvada sataşdı. - Necə olsa öz köynəyim öz bədənimə yaxındır. Bir də ki, sizin canınız bərkdir, oturun dalda,- deyib Telli arvad Qızyetəri yanına aldı. Şirzad və Nəcəf sıçrayıb kisələrin üstündə özlərinə yer elədilər. Telli arvad atları səslədi. Araba titrəyib tərpəndi, palçığın içində ayaqlarını zorla götürüb-qoyan atlar ağır-ağır nəfəs alaraq irəlilədilər. Arx altına gədər iki yerdə araba sürüşərək az qaldı çevrilsin. Bir yerdə dal təkərlər qaçıb lap böyük çuxurun qırağına çatanda Şirzadla Nəcəf sıçrayıb bir təhər qabağını aldılar. - Hə, indi düşün, - deyib arx altında Telli arvad arabanı saxladı, atların yüyənini çıxarıb saman dolu torbalarını başlarından asdı: - Qoy bir az dincəlsinlər. ` Telli arvad da Nəcəfgilə qoşuldu, arxaltı sahəyə tərəf getdi. Çör-çöpdən təmizlənməmiş, ot və ələf basmış böyük bir sahənin qırağında Nəcəf ayaq saxladı: - Səni nahaq yerə bura gətirməmişəm, yoldaş partiya katibi, - dedi. Bir-iki dəfə son sözü xüsusi ahənglə söylədi. – Bu yerə baxsan bilərsən ki, yaz əkininə hazırlığımız nə haldadır. İşimiz belə getsə nəinki 25, heç 23 sentner də məhsul götürə bilmərik. Əvvəlcə Şirzada elə gəldi ki, Nəcəf məsələni şişirdir, bir sahəyə baxıb bütün kolxoz haqqında nəticə çıxarır. - Yaxşı, əkin yerləri təkcə bu sahədən ibarət deyil ki. Səpinə yaxşı hazırlanmış yerlərimiz də var. Məsələn, biri elə bzim sahələr. - Bilirəm, sizin sahələri də görmüşəm,- deyib Nəcəf onun sözünü kəsdi,- hamısını qarış-qarış gəzmişəm. Əvvəla sənin briqadanda bu xanımlar kimi canını işə yandıranlar var, - Nəcəf bir əliylə Telli arvadın, o biri əliylə Qızyetərin çiynindən tutdu, - ikinci də, əkin yerləri ancaq sənin sahələrinlə qurtarmır. İndi bəri gəl. Nəcəf onları sahə boyu aparıb kolluğun içinə saldı, irəliləyib ayağını nəyə isə vurdu: - Bu nədir? Üçü də əyilib, keçən ildən sahənin qırağına atılıb qalaraq, bir hissəsi torpağa batmış kotana və dəmir malaya baxdı. Şirzad tutulmuş halda: - Biabırçılıqdır! - dedi. – Bura kimin sahəsidir? Telli arvad cavab verdi: - Kimin olacaq, sədrin əzizcigəzinin.– Lal Hüseynin. Yaxşı, balam, siz baxmaqda olun, mən də gübrələri boşaldım gəlim. - Mən də sənə kömək edəcəyəm, qoy bunlar gəzib baxsınlar, - deyə Qızyetər Telli arvadla bir yerdə arabaya oturdu, hətta atların cilovunu da ondan aldı: - Özüm sürəcəyəm, görüm yadırğamamışam ki. Onlar şumaltı gübrəni sahənin kənarında yerbəyer edənə qədər Şirzad və Nəcəf yaxındakı şumlanmaq üçün ayrılmış yerlərə baxdılar. Sonra da arabaya oturub bir qədər uzaqda olan iki böyük sahəyə getdilər. Bu sahələrin bir hissəsi tamamilə alaq içində idi, bir hissəsi alaqdan təmizlənmişdisə də, peyin və gübrələr daşınmamışdı. Bir sözlə, sahələrin heç birisi qayda ilə şuma hazır deyildi. - Bunları sən necə gəzmisən? – deyə Şirzad Nəcəfdən soruşdu. - Gəzməmişəm, bayaqkı sözümə inanma. Bilirəm, çünki traktorçular danışmışlar. Onlar arabada kəndə girəndə günortadan keçmişdi. Rüstəm kişi kolxoz həyətində, köhnə klubun yanında durub Salmana və bir neçə kolxuzçuya nə isə göstərirdi. Şirzadgil kənarda arabadan düşüb ona yaxınlaşdıqda, o heç üzlərinə də baxmadan sözünə davam etdi: - Bax, burada, üç yüz metr uzunu, əlli metr eni. Bir həftəyə binövrəsini qoyun. Gərək elə tikəsiniz, bütün bu mahal tamaşasına gələ. Layihəsini də sabah özüm gedib göstərəcəyəm. Rayonla danışmışam, hazırdır. - Elə Qara Kərəm oğlundan da almaq olar, - deyib Salman ehtiyatsız bir təklif irəli sürdü. – Onların mədəniyyət evi pis deyildir. Rüstəm kişi onun sözünü ağzında kəsdi: - O nədir, quş yuvasına oxşayır. Bizimki ikimərtəbə olacaq, zalı da ondan iki dəfə böyük . Yayda üstdə otur, kinoya, teatra bax, qışda altda. Onlarınkı mal tövləsi kimi uzanıb gedir. Rüstəm kişi inşaat briqadirini yola salıb dönəndə Şirzad qabağını kəsdi: - Bu saat sahələrdən gəlirəm, çoxu şuma hazır deyil. Birinə peyin daşınmayıb, o biri alaqdan təmizlənməyib. Rüstəm kişi çox əsəbi halda onun sözünü kəsdi, danışmağa qoymadı: - Peyin hardan daşınacaq! Hər briqadir bir arabaya oturub dünya səyahətinə çıxanda, peyini kim daşıyacaq? Yaxşısı budur hər kəs öz sahəsini yoxlasın, öz işini görsün! Mən bilirəm kimi yoxlamaq lazımdır, kimə tapşırıq vermək lazımdır. - Yox bilmirsən! - deyə Nəcəf onun qabağını kəsdi, - heyəti çağır, iclas çağır, həm yaz əkininə hazırlığı müzakirə edək, həm də məhsuldarlıq məsələsini. - Mən iclas-zad çağıran deyiləm! İşin bu vaxtında nə iclas, ə-ə? Yoxsa çoxdandır demaqoqluq eləmirsən, dilin geyişib? İclas-miclas qurtardı! Gələn dekabra qədər iclas yoxdur, gedin işləyin! - deyib Rüstəm kişi dalına da baxmadan idarəyə tərəf yollandı. Lakin beşçə addım atmamış Telli arvad qabağına atıldı: - Ə-ə, ey! Rüstəm, bir ayaq saxla, bir bəri bax, sənə sözüm var. - De görək sənin sözün nədir? - Sözüm odur ki, məktəbə müəllim gətirmədin, başın sağ olsun, dedin məndən asılı deyil, biz də inandıq, heç olmasa səndən asılı olanı elə. Nə vaxta qədər mən işıqsız damın altında yatacağam. Yersizlikdən nəvələr də gedib fermada qalır, çölün-düzün ortasında, maşın ver, sabah gedim, daş almışam, stansiyadan gətirim gəlim. - Yoxdur, yoxdur! Maşın gübrə daşıyır, peyin daşıyır, maşın yoxdur! Kəsmə qabağımı, qoy keçim. - Qabağını da kəsəcəyəm, yaxandan da yapışacağam. Niyə mənə gələndə maşın olmur? Öz quyruq-muyruğuna tapılır, hə?! Rüstəm kişi Telli arvadın yaxasında itələyib keçmək istədi. Telli arvad fırlanıb bir də qabağını kəsdi: - Vermirsən ki? Vermə! Bax, bu saat gedirəm şikayətə. Tel vuracağam, ərzə yazacağam. - Get, tel də vur, ərizə də yaz! Mirzələrində yazmağa hazırdır! – deyib Rüstəm kişi Şirzad və Nəcəfə çəpəli bir nəzər fırladaraq yerindən qopdu, qabağa yellədi. 6 Neçə gün sonra, yenə axşam qaranlığı düşəndə Şirzad idarəyə gəldi. Yenə Yarməmməddən bəzi məlumatlar almalı oldu və yenə gecədən xeyli keçmiş onlar bir yerdə idarədən çıxdılar. Bu dəfə də Yarməmməd söhbəti Rüstəm kişinin üstünə gətirdi. Şirzadı ayıq olmağa çağırdı: - Tək adamsan, yoldaş Şirzad, özünü gözlə, arxan yox, basıb əzərlər. Rüstəm kişi kölgəni qılınclayır. Şirzad heç kəsin dalınca danışmağı sevməzdi, birinin dalınca sözə qulaq asanda elə bilərdi ki, cinayət edir, onu da bilirdi ki, birindən sənə xəbər gətirən mütləq səndən də ona xəbər aparacaqdır. Buna görə də Yarməmmədi yenə suya salıb islatdı, abrını verdi: - Ə-ə, ay Yarməmməd, bir utan, kişi də adamın qiybətini qırarmı? Səhər gəlib yaxandan tutub oturdacağam Rüstəm kişi ilə üz-üzə! – dedi və Yarməmməddən ayrıldı. Yarməmməd qaranlığın içində qara daş kimi düşüb qaldı. Nə irəli gedə bilir, nə də geri dönə bilirdi. Sanki donub yerə yapışmışdı. Şirzadın hərəkəti ona anlaşılmaz görünürdü: “Ə-ə, olmuya bu Salman köpəkoğlu atası barədə qulağına pıçıldayıb?! Yox, onda bu cür danışmazdı, dava-dalaş salardı. Bəs niyə acığı tutdu?! Mən ki ona pis söz demədim, yaxşılıq elədim, qandıqlarımı dedim ki, duyuq düşsün, sədrin yanında sözünün təhrini bilsin. Burda kefinə dəyən nə var? Nədən yana özündən çıxır? Sədrdən bir söz Yastı Salmana desəydim yüz dəfə əlini çiynimə döyərdi, deyərdi sağ ol, ay Yarməmməd, canlara dəyən oğlansan! Bu əbləh, sağ ol demədiyi cəhənnəmə, hələ bir özündən də çıxdı. Lap zırrama dəli imiş. Nə xeyrini qanır, nə şərini! Atama lənət əgər bir də saqqal tərpədib sənə söz deyəm”. Bu mülahizələrlə Yarməmməd ürəyini boşaltsa da, içərisinə dolmuş qorxunu məhv edə bilmədi. Onu qorxudan bu idi ki, birdən Şirzad aralarındakı söhbəti açdı, Rüstəm kişiyə dedi. “Onda vay mənim halıma! Rüstəm kişinin qabağında necə dayanacağam? Gərək şələ-küləmi yığışdırıb kəndin daşını atam, yox a, lap bütün rayonu tərk edəm. Elə beləcə hesabdarlıqdan götürüb sıravi kolxozçu etməklə yaxamdan əl çəkən deyil. Nehrəyə salıb qatıq kimi çalxalayacaq, yağımı ayranımdan ayıracaq, ayranımdan da şor qayırıb itlərə yedirəcək. Dilin qurusun, Yarməmməd, gör getdin kimə sirr açdın! Dedin ki, nə var, sədrlə üz-göz olub, iclasda min adamın qabağında ağız-ağıza veriblər, dalınca nə danışsan ürəyinə yatacaq, sədrin adına dişinin dibindən çıxanı deyib, səninlə yaxınlıq edəcək, hə? Fikrin getdi Yastı Salmana. Gündə yüz dəfə sədrin üzünə dişini ağartsın, dostum deyib dursun, üzünü yana çevirən kimi dədəsinə söysün, hə. Bilmirsən ki, bu yetim Şirzad elə əvvəldən başıyellinin biridir, yeriyəndə də gözünü ulduzlardan çəkmir?” Şirzadın başıyelli olduğu yadına düşəndə Yarməmməd bir az rahat oldu: “Söz gəzdirən deyil, dedi-qodu ilə arası yoxdur, - deyib düşündü, - elə dikbaşdır ki, Rüstəm kişinin ayağına getməz, xüsusən onunla çərləşdiyi bir zaman öldür, endirən deyil, danosbazlıq eləməyi də baçarmaz”. Bu fikirlə Yarməmməd yerindən qoparaq evinə tərəf ikicə addım atmamışdı ki, yenə bir şübhəyə düşdü. Ağlına gəldi ki, Şirzada dediyim sözləri Rüstəm kişi başqa ağızlardan da eşidə bilər. Məsələn, Şirzad dostu Nəcəfə, Nəcəf Qızyetərə, qızyetər Pərşana, Pərşan ya atasına, ya da Salmana xəbər verər. Söz də ki, Salmana çatdı, qurtardı. Dilinin üstə qoyub piləyəcək, şişirdəcək, isidib qızdıracaq, aparıb qoyacaq sədrin ovcunun içinə, həm sədrə qulluq göstərəcək, həm də mənim evimi yıxacaq. Uf bu Yastı Salman! Üzə gülə-gülə evlər yıxan köpəkoğlu! Bir daşı üstə qoyanda canı çıxır, qıçları tutulur, beli sınır, amma ev yıxanda gözlərimnə işıq gəlir, dönür canavara. Yorulmaq bilmir, elə bil ki, allah bunu yaradıb güvə kimi gözəl xalçaların naxışını gəmirsin, ipini çeynəyib töksün, siçan kimi taxıl çuvallarını yırtıb dağıtsın, un kisəsini deşsin! Bu fikirlərlə Yarməmməd əvvəlcə sədrin yanına getmək, hər şeyi açıb demək, təqsiri boynuna alaraq, dalınca danışdığını etiraf etmək istədi: “Bağışla məni, möhtərəm sədr, bir qələtdir eləmişəm, keç günahımdan, kim günah eləmir, kim başqasının qiybətini eləmir, kim qızışanda lap yaxın dostunun, lap qohum-ğqrabasının dalınca dişinin dibindən çıxanı demir, mən də qanmayıb ağzımı boşuna qoymuşam, keç günahımdan, kiçikdən xəta, böyükdən əta, bağışla məni!” Fikrən Yarməmməd lap sədrin əlini öpməyə, ayağına yıxılmağa qədər gəlir, dizlərini qucaqlayıb “bağışla, keç günahımdan!” deyə yalvarırdı. Ona elə gəlirdi ki, Rüstəm kişi dalınca yava-yava danışdığını tövbə şəklində öz dilindən eşitsə, özgə ağzından eşitməyindən min pay yaxşıdır. Hər halda ürəyi yumşalar, rəhmi gələrdi. Başqalarından eşitdikdə isə acıqlanacaq, boğazından tutub armud saplağı kimi üzəcəkdi: - Ə-ə, yenə azançılıqdan əl çəkmirsən?! Ə-ə, yenə köhnə zamanları qaytarmaq fikrindəsən, ay dədəsi molla, nənəsi falçı köpəkoğlu! Rüstəm kişinin hakimanə qəzəbli səsi Yarməmmədin qulaqlarını deşir, bağrını yarırdı. Budur, Rüstəm kişi onun işini yoxlatdırır, “filankəsin əməkgününü düz yazmamısan, mal-qaranın hesabını qəsdən dolaşıq salmısan. De görək fikrin nədir, hansı ictimai əmlak oğrusu ilə əl-ələ vermisən?” deyə yaxasından tutub silkələyir, sonra da heyətdən keçirib ümumi iclasa qoyur və kolxozdan kənara atır; “Get müzürr element, sənin yerin qəzəmətdir!” Yarməmməd qorxudan titrəyə-titrəyə, ayaqları əsə-əsə, ürəyi döyünə-döyünə Rüstəm kişinin evinə tərəf yollandı. Beş-on addım atmamış dayandı. “Özüm öz ayağımla ölümə gedirəm, birdən kefinin pis vaxtına düşdü, birdən öz dilimdəncə yapışıb akt elədi, vurdu təpiyi başımdan, hayıma kim çatacaq? Dana da bilməyəcəyəm, hamı deyəcək özü boynuna alıb, qaçmağa yol qalmayacaq, başqalarından eşidib qəzəblənsə, görsəm ki, iş xarabdır, heç olmasa boynumdan ataram: mən elə söz deməmişəm, böhtandır. Mənnən ədavət eləyirlər, deyərəm. Beşi inanmazsa, beşi inanar”. Bu fikir də Yarməmmədi tərəddüddən qurtara bilmədi, dərhal başında buna zidd yeni fikirlər doğdu və onu tamamilə çaşdırıb avara saldı. Addımını atmağa belə imkan vermədi. Bu zaman yenə yadına Salman düşdü. Ümid ancaq ona idi. Bəlkə o öz ağlı ilə bir çıxış yolu göstərə idi. Yarməmməd Salmanın bu hadisədən mütləq öz xeyri üçün istifadə edəcəyini bilirdi. Buna şübhə ola bilməzdi. Xeyri olmayan yerdə o nə bir söz danışar, nə də əlini tərpədərdi. Yəni dünyada elə bir iş ola bilməzdi ki, Salman ondan öz xeyrinə istifadə etməsin. Kömək üçün əl uzadan adamı sürüyüb uçurumdan başıaşağı yuvarlatmaq lazım gəlsəydi, o bir an tərəddüd etməzdi. Gülə-gülə, yavaşca-yavaşca, səsini ucaltmadan, hərləyib cəhənnəmin təkinə buraxardı. “Pambıqla baş kəsən adamdır”, deyib Yarməmməd bü düşüncələrinə yekun vursa da, Salmangilə tərəf yollandı. Rüstəm kişinin acıqlı üzünü görüb, öd çatladan qəzəbli səsini eşitməkdənsə, Salmanın ayağına getmək yaxşı idi. Bic adamdır. Bəlkə bir xeyir gördü, qolunu çırmayıb düşdü qabağa. Göydən Yarməmmədin üzünə iki damcı yağış düşdü. Səhranın qoynunda şimşək oynayıb qaranlıq üfüqləri işıqlatdı, şimşək sovuşanda göy üzünə yatmış qara buludların ağırlığı sanki onu basıb əzdi, gecənin vahiməli qaranlığı nəfəsini kəsər kimi oldu. Bir anda dəhşətli qorxu bütün vücudunu titrətdi. Ona elə gəldi ki, sağdan kim isə yaxınlaşmaqdadır, o tərəfə dönüb bərəlmiş gözlərini qaranlığz zillədi, lakin heç şey seçə bilməyib gərginlikdən ağrıyan bəbəklərini ovuşdurdu, indi də kim isə daldan yaxınlaşırdı, Yarməmməd tez çevrildi. - Kimsən? Qaranlığız qoynundan min səs çıxdı: kollar titrədi, daşlar şaqqıltı qopardı, torpaq tərpəndi, nə isə ayağının altından sürünüb keçdi, nə isə qulağının dibindən yel kimi şığıyıb ötdü. İti caynaqlı bir əl boğazından yapışdı, zülmət içində itmiş kəndin hər guşəsində bir yırtıcının gözləri işıldayırdı, havada odlu kösöylər oynayırdı, girdə işıq dairələri yanıb sönürdü. Yarməmməd boğazına ilişmiş iti caynaqları rədd etməmiş ətrafında cinlər, şeytanlar oynamağa başladı, canına lərzə salan bir uğultu ilə adını çağırdılar: - Yarməmməd, Yarməmməd, Yarməmməd! Yarməmməd səs vermək, danışmaq istədi, lakin qüvvəsini toplayıb özünü saxladı. Hələ uşaqlıqda eşitmişdi ki, boş çöllər cinlərlə dolu olur, onlar kolların dibində, xarabaların içində gizlənir. Qaranlıq gecələrdə yollara çıxaraq gəlib-keçənin adını çağırırlar. Səs verənin səsini oğurlayır, özünü aparıb əbədi qul edir, sıldırım qayaların uclarından başıaşağı asırlar, uçurumun dibində isə ac yırtıcılar dolanır və adamı didib parçalamaq üçün sino gedirlər. Yarməmməd səsini çıxarmaqdan qorxaraq qaranlığı dinləyirdi, indi cinlərin səsi bütün başqa səslərdən aydın eşidilirdi: - Yarməmməd, Yarməmməd, Yarməmməd. Daxili gərginliyə, vahiməli fikirlərə və getdikcə bütün bunları artıran qaranlığın ağırlığına davam gətirmədi, tükləri biz-biz oldu, az qaldı yıxılıb özündən getsin. Birdən yadına düşdü ki, “bismillah” sözünü eşidən kimi cinlər qorxub dağılışırlar, nəfəsi təngimiş halda: - Bismillah, bismillah, bismillah! – deyib başına əl qoydu, sanki cinlərin səsi kəsildi. Yarməmməd bir az ürəkləndi və hövlnak yerindən tərpəndi, ayaqlarını zorla sürüyüb Salmangilə tərəf yollandı. İndi də kim isə daldan təqib etməyə başladı. Yarməmməd qaçdı, o qovdu. Yarməmməd bir az da cəld tərpəndi, o daha iti addımladı, az qaldı dabanını döysün, nəhayət, Yarməmməd qorxusundan yel kimi uçdu, o yenə əl çəkmədi. Bir təhər qan-tər içində Yarməmməd özünü Salmanın qaranlıq həyətinə saldı, yaxşıdır ki, Salman it saxlamırdı, xoşlamazdı. Tez ikiəlli alçaq nahamvar qapını döyəclədi. Bir az da geciksə daldan gələn özünü çatdırıb boğazından yapışacaqdı. Ara vermədən əlini qapıya çırpdı. İçəridən səs gəldi: - Yavaş, ay yoldaş, yavaş qapı sındı. Köynəyinin açıq yaxasını düymələyə-düymələyə Salman qapının cəftəsini qaldırdı. Balaca çırağın işığı Yarməmmədin üzünə düşdü: - Yarməmməd, bu nə haldır belə?! Nə olub, ürəyin ağzına gəlir, alnından tər axır, nə var?! Yarməmməd əliylə qaranlığı göstərib, ancaq bircə söz deyə bildi: - Az qalmışdı canımı çıxartsın! Söz ağzından çıxmamış ayaq üstə dura bilməyib, Salmanın çiynindən tutaraq içəri keçdi və taxtın üstündə oturdu. Başını divara söykədi. Salman bir Yarməmmədə, bir də kəndi bürümüş qaranlığa baxaraq məsələnin nə yerdə olduğunu anladı, ucadan güldü: - Yarməmməd, axı bu gecə gözü sənin çöldə nə alıb-verəcəyin! – dedi və dönüb başını ikinci qapıdan o biri otağa saldı: - Naznaz, ay Naznaz, tez bir stəkan su gətir, az qalıb kişinin ürəyi getsin. Ay Yarməmməd, heç canının qədrini bilən adam deyilsən. Ay kişi, bilmirsən ki, sənin min düşmənin var, min gözü götürməyən var, axı, niyə belə ehtiyatsızlıq edirsən? - Nə olub? – deyə balaca və yumşaq əlində bir stəkan su olan Naznaz astanada göründü, Salman gülə-gülə suyu aldı. - Nə olacaq, üzünü gör, halını bil. Naznazın gözü Yarməmmədə sataşan kimi dodaqlarında təbəssüm oynadı, sözləri uzadaraq ahənglə danışdı: - Hə-ə, Yarməmməd. Səni qorxudublar, Qoy suyu mən özüm verim. Naznaz suyu Salmandan alıb yanakı Yarməmmədin yanında oturdu, bir əlini onun çiyninə qoyub, o biri əliylə stəkanı dodağına yaxınlaşdırdı. Naznazın yumşaq ağ əlinin hərarəti və dolğun vücudunun ətri Yarməmmədin canına yayıldı, bir-iki qurtum su içib işıqlanmış gözlərini açdı: - Sağ ol, Naznaz bacı, çox sağ ol. İstehza dolu gözünü Yarməmməddən çəkməyən Salman öz-özünə düşündü: “Dəyyusun bacı deməyinə bax, irişməyinə bax, az qalır gözləri ilə qızı diri-diri udsun, bişmiş yumurta kimi soyub qoysun qabağına. ” Naznaz qoltuğunun altına qədər açıq, ətli qolunu uzadıb suyu stolun üstünə qoydu və Yarməmmədə dönüb əlini alnına yaxınlaşdırdı, gülə-gülə soruşdu: - Istiliyin yoxdur ki? Yoxdur, naznac bacı, yoxdur, - deyə Yarməmməd titrək səslə cavab verdi. Tənzif kimi ağarmış Yarməmmədə baxaraq gülən Salman birdən bığını eşib nə isə düşündü, o biri otağa keçdi: - Naznaz, bir dəqiqə bura gəl, işim var, - deyib bacısını çağırdı. Naznaz gələndə əlini qarnına qoyub udqundu: - Bu saat kef çəkəcəyik, o beşulduzu çıxart bəri. Naznaz duruxsundu: - İçmə, Salman, yatar qarına içmə, sonra ağrısını çəkərsən. - Başın üçün, içməyəcəyəm. Ona verəcəyəm. İkicə fincan içdi, elə bil üzündən pərdə götürülür, dönüb olur başqa adam. Elə şeylər danışacaq ki, gülməkdən qırılıb gedəcəksən. - Nəyə lazımdır, bəlkə içirtməyəsən, - deyə Naznaz tərəddüd etdi, - bəlkə naxoşdur? - Heç qorxma, birinci dəfə içmir ha. Ayda, iki ayda bir bu teatr var. Başqa ləzzət görəcəksən, tez gətir. Naznaz ləmədə, qabların arasında gizlətdiyi beşulduzlu konyakı Salmana verdi. Salman iki fincan götürüb, başını hələ də çiyninə qoymuş Yarməmmədin yanına gəldi: - Ə-ə, tut boğazını yaşla, ürəyin üstünə gəlsin. Salman fincanları doldurdu, birini Yarməmmədə uzatdı: - Sənin sağlığına, - deyib öz fincanını Yarməmmədin fincanına vurdu, - çək başına, ə-ə, birhəfəsə. Yarməmmədin əli titrədi. Salman onun biləyindən tutdu və dodağına yaxınlaşdırıb aşıq ağzına endirdi. Yarməmməd üz-gözünü turşudub içdi. Başını silkələyib, gözlərini qıyaraq dedi: - Az qalmışdı yaxalasın, yapışsın xirtdəyimdən. Ə-ə, birin də, birin də, - deyib Salman yenə fincanları doldurdu. Artıq Yarməmmədin əli əsmirdi. Fincanı möhkəm saxlaya bilirdi, işarə ilə, “yeməyə nəyin var?” deyib soruşduqda Salman qalxıb o biri otağa keçdi, iki lavaşın içinə pendir bürmələyib gətirdi, birini Yarməmmədə verdi, lakin yeməyə qoymadı: - Əvvəl bunu da boşalt, sonra. Yarməmməd ikinci fincanı da içdi. Hər ikisinin yanağı qızarmağa başladı. Yarməmməd silkinib çiyinlərini düzəltdi. Naznazın əlindən tutub yanında oturtdu və danışmağa başladı. Tamarzı gözlərlə Naznazı şişə çəkən, səsindən, nəfəsindən ləzzət alaraq cana gələn Yarməmmədin halına baxdıqca Salman daha ucadan gülürdü: - Ay səni, Yarməmməd, çox qəribə adamsan! – deyir, öz aləmində isə belə düşünürdü. “Bir buna bax! Buna bax! Gör necə dirildi. Gör necə cana gəldi!” - Axı, nə olmuşdu, ay Yarməmməd? – deyə Naznaz iri odlu gözləri ilə gülümsəyərək soruşdu. Artıq tamamilə qızışmış Yarməmməd Naznazın bütün vücudunu seyr etmək üçün ona tərəf çevrildi, gözünü işıldayan corabların altındakı ətli qıçlarından süzdürüb üzünə dikdi və əhvalatı olduğu kimi danışmaq istədi. Lakin bir tərəfdən içkinin təsiri, bir tərəfdən də Naznazın dolğun vücudu, gülən gözləri, şirin baxışları mane oldu. Yarməmmədin ürəyində qıza xoş gəlmək həvəsi yarandı. Qeyri-adi və qəribə bir hərarət canına yayıldı. Ona elə gəldi ki, özündən qoçaq və qəhrəman bir adam yoxdur. - Bir elə şey olmayıb, Naznaz xanım. İdarədən çıxdım, yollandım sizə tərəf. Birdə nə görsəm yaxşıdır? Gördüm qabaqda, məktəb bağının ətəyində, çəpərin dibində bir şey işıldayır. Lap üçtonlu maşının faraları boyda bir şey. Əvvəlcə it bilib çığırdım. “Ay it, cəhənnəm ol!” Gördüm yox, it yerindən tərpənmədi. Amma gözləri sönüb yandı. Yaxınlaşdım, diqqətlə baxdım. Nə ola yaxşıdır?! Yalquzaq! - Aman, aman, qorxudan canım titrəyir! – deyə Naznaz çiyinlərini titrətdi, - sonra, sonra?! Yarməmməd bir az da ürəkləndi: - Fikirləşdim, ə-ə, nə təhər eləyim? Nə yaman yerdə axşamladım. Mən fikirləşib bir yerə çıxarmamış, zalım çəpərdən qopdu, cumdu üstümə. Gördüm ki, qaçsam olmaz, daldan parçalayacaq, bir də ki, kişilikdən deyil. Əlimi atdım yerə, allah işimi avand elədi, yekə bir kösöy keçdi əlimə, qamarlayıb gözlədim, elə üstümə atılanda ikiəlli çarpdım təpəsinə, yıxıldı. - Öldü, hə? - Yox, qalxıb zingilldəyərək getdi. - Pəh, pəh, qoçaqsan, Yarməmməd, - deyə Salman onun qoltuğuna qarpız verdi, - vallah, sən qurd ürəyi yemisən. Bəs səni bu həyətə qədər qovan kim idi? - Kim olacaq? Özgə malına göz dikən azdır? Yalquzaqdan ayrılıb yüz addım bəri gəlməmiş, kolun dibindən qalxdı ki, “dayan! Çıxart pencəyini!” Özü də mən hay eləyincə bıçağı söykədi qabırğama. Bıçaqda deyəndə ki, nə bıçaq- gomüş başı kəsən bir gorda. - Bıy. Bu lap maraqlıdır ki! – deyə Naznaz ətli bədənini bir az da yırğaladı. Yarməmməd daha da həvəsə gəldi: - Hə, gordanı söykədi qabırğama, dedi: - “çıxart pencəyi!” Dedim: Ə-ə, kişisən, bu gecə gözü kimi kişinin qabağını kəsməz. Mal, pul istəyirsən, bax, mən hesabdar Yarməmməd, səhər gəl evimə, evim də bax, kəndin o biri başında, lap xaraba məscidin böyründədir. Gəl, nə deyirsən verim, get, yazıqcan, halal malın kimi hərclə. Yəqin ki, ehtiyacın var. Naznaz dayana bildmədi, maraqla soruşdu: - Hə, bəs o nə dedi? - Dedi, “az danış, çıxart pencəyi, yoxsa tökərəm bağırsaqlarını çölə!” - Vay, vay, vəhşiliyə bir bax, adamın ürəyi bulanır, - deyə Naznaz dodaqlarını büzdü. – Sonra, sonra nə oldu? Bağırsaqlarını yerə tökdümü? - Hara tökür, töksəydi mən burada nə qayırırdım? - Aa, doğrudan a, qarnın yırtılsa axı, yeriyə bilməzsən, - deyə Naznaz səsləndi, - bəs sonra? - Gördüm ki, kişi deyil, namərdin biridir. Axı oğruların içində mərdi olur, deyirsən “mən ölüm, əl çək, sabah gəl borcunu apar”, çıxıb gedir. - Hə, hə, - deyə Naznaz Yarməmmədin haşiyəsinə qulaq asmayıb tələsdirdi: - Sonra, sonra. - Gördüm namərddir, tutdum dilə, söz ona güc gələn yerdə birdən yıxıldım ayağının altına. Yapışdım iki qıçından, şalban kimi kəlləmayallıq aşdı. Tutdum boğazından sıxdım. - Bərk sıx, bərk sıx! – deyə Naznaz balaca zərif əllərini havada sıxdı, - sonra, sonra. - İstəyirdim canını çıxardam, qışqırdı: - “Əli, gəl!” Gördüm ki, kolların arasından iki adam tərpəndi üstümə. Onlar – üç, mən – tək, dayanmaq olarmı? Yadıma Koroğlunun sözü düşdü: igidlik ondur, doqquzu qaçmaq. Tüpürdüm dabanıma, bura qədər mən qaçmışam, onlar qovub. - Qoçaqsan, qoçaqsan, Yarməmməd! – deyə Salman yenə əliylə onun çiyninə vurdu, - yerimi səndən başqa bir adama versəm yediyim çörək mənə haram olsun. Rüstəm kişi quyruğunu yerə də dirəsə başqasına verən deyiləm. Dur stol başına gəl görüm nə var, bu gecə gözü niyə gəlmisən? Naznaz, sən də bizə bir çay hazırla. Naznaz “bu saat” deyib o biri otağa keçəndə Yarməmməd başını divana söykəyib gözlərini yumdu və huşa getdi. Salman onu tərpətmədən kənarda duraraq, baxıb gülürdü. Yarməmməd gözünü bir də çay hazır olanda açıb gərnəşdi: - Çoxmu yatmışam? – deyib Salmana baxdı. - O qədər də yox, indi necəsən? - Lap yaxşı, - deyib Yarməmməd özündən razı halda və doğrudan da qəhrəmanlıq göstərmiş kimi ağayana hərəkətlə qalxıb stolun dalında oturdu. Salman isə onun bərabərində ayaq üstə duraraq, hər iki əlini şalvarının ciblərinə saldığı halda, pəncələri üstə qalxıb düşürdü. Sanki yelləncəkdə yellənirdi. Bu hərəkəti ilə o Yarməmmədə bildirirdi ki, özünü nə qədər öysən də, nə qədər qəhrəmanlıq göstərsən mənim yanımda bir qəpiyə dəyməzsən, qorxağın və vecsizin birisən! Bu fikirlər açıq sözlə deyilməyib hərəkətlə ifadə olunduğu üçün Yarməmməd əhəmiyyət vermirdi, içəridə “ay alçaq Salman, yaman lotu-bambılısan, ədabazsan” deyib yanırdı. Üzdə isə gülümsəyir, sözlərinə şəkər qatırdı, özünü elə göstərirdi ki, güya Salmandan yaxın dostu yoxdur, hətta bir az da uzağa gedirdi, güya Salmandan da onu özünə ən yaxın dost hesab edir, guya Yarməmməd buna inanır, onun zahiri nəzakətsizliyində etinasız və təhqiranə heç bir şey görmür. Salman əllərini cibindən çıxarmayıb pəncələri üstdə qalxıb-enməkdə davam etdiyi halda: - Ay, Yarməmməd, - dedi, - səndən də sözü maqqaşla çıxarmaq olmur, de görək, nə var bu gecə gözü? Artıq huşu başına qayıtmış Yarməmməd nazik boğazını dartaraq özünü düzəltdi, ciddi bir xəbər bildirəcək kimi başını Salmana tərəf əydi: - Nə olacaq, qardaş, itdən soruşdular gündə neçə dəyənək yeyirsən, dedi köpəkoğluna rast gəlməknəndir. İndi mən də durduğum yerdə köpək oğluna rast gəlmişəm, xataya düşmüşəm. Yarməmməd sözünün dalını deməyib Salmana baxdı. Yarməmməd bilirdi ki, adamları fəlakətdə görüb yalandan da olsa əl uzatmaq Salmanın xoşuna gəlir. Doğrudan da Salman bir addım Yarməmmədə tərəf atdı: - Nə xəta, ə-ə? Bir açıq de görüm, kimin xatasına düşmüsən? Yarməmməd elə bu sualı gözləyirmiş kimi tez cavab verdi: - Kimin olacaq, dostun Şirzadın! Belə xatakün hələ dünyəvü-aləmə gəlməyib. Ağzın açır, rəhmətlik dədəsi kimi vətəndən danışır, xalqdan deyir, görən deyər ki, bu gədənin vətəndən başqa dərdi yoxdur. - Ay, Yarməmməd, yenə uzağa getmə görək, dərdi vətəndir, ya nədir özü bilər, sənə nə borc, sənin ki bir yerin ağrımır, de görək nə olub? - Nə olacaq, qardaş, belə bu iki gədə kolxozu vuracaq bir-birinə, Nəcəf komsomol və Şirzadı deyirəm ey. Vallah, iddiaları çox böyükdür. Birinin könlündən sədr olmaq, o birininkindən müavinlik keçir. Yəni fikirləri budur ki, kolxozu alsınlar əllərinə, sonra da dərə xəlvət, tülkü bəy, istədiklərini etsinlər. Öz qohum-əqrabalarını, tanış-tunuşlarını yığsınlar başlarına, ye ki, yeyəsən. Kolxoz da ki, allaha şükür, sağmal inək kimi bir şeydir, nə qədər yesən dalı gəlir, sağ olsun camaatın canı. - De ki, sən bu gün məni çərlətməyə gəlmisən, gah vətən deyirsən, gah camaat, bir de görüm nə olub? - Nə olacaq, qardaş, axşam yaxaladı məni, bəzi cəncəl-cəncəl məlumatlar istədi, sonra da başladı ordan-burdan söz saldı. Mən də, bilirsən, uşaq kimi ürəyi açıq bir adamam, zəvzəklik edib başladım sədrin əleyhinə. Boynuma alıram, zəvzəklik etmişəm. Salmanın gözləri böyüdü: - Ə-ə, Rüstəm kişinin əleyhinə?! - Yaman xataya düşmüşəm, Salman qardaş. - Mən heç səni bu qədər ehtiyatsız güman etməzdim, ə-ə. Sən qurd ürəyi yemisən? Axı, sənin Rüstəm kişi ilə nə işin var? İndi bu Şirzad öz yerini şirin salmaq üçün aparıb qoyacaq Rüstəm kişinin ovcuna. O da ki, dəvə kimi kinli bir şeydir. Yapışacaq sənin boğazından, üzməyincə buraxmayacaq. Açacağ taxçanı, tökəcək boğçanı, başlayacaq keçmişdən. Salman sözarası ona otuz yeddinci ili də xatırlatdı. Bu sözü eşidən kimi Yarməmmədin rəngi saraldı, boğazını uzadıb udqundu və fikrə getdi. Salman da onun gözünün içinə baxaraq dinmirdi. Ağır bir sükut əmələ gəldi. Yarməmməd qorxdu ki, Salman bu barədə Rüstəm kişiyə və Şirzada xəbər verə. Buna görə də keçmişin söhbəti gələndə saralıb durur, danışmırdı, çünki əlacı yox idi. Hər şeyə dözməli, hər acı və ikimənalı sözü udmalı idi. Bu sözdən sonra ürəyində Salmana qarşı elə bir nifrət qaynayırdı ki, şimşək qalxıb onun bütün ev-eşiyini, sığallanmaq üçün yaranmış bu Naznaz bacısını da yandırıb kül etsəydi, uf deməzdi. Hətta Muğan çölünün qurtaracağında oynayan şimşəklərin hamısını Salmanın başına tökməyi allahdan istədi. Üzdə isə dişlərini ağardıb keçmiş məsələnin üstündən addadı. - Bilirsən, Salman qardaş, sənnən mən, bax, bu dırnağınan ət kimiyik, - həmişə yumulu olan əlinin şəhadət barmağını açdı və qabağa verdi, - bax, bu dırnağı ətdən qoparmaq mümkün deyil, Salman, qan aləmi götürər. Sənnən də mən eləyik. Ölümə desən hazıram yolunda, mənə bir tədbir. Naznazın gətirdiyi buğlanan çayı içə-içə Salman ona tədbir tökməyə başladı. 7 Bayquş xaraba, gecəquşu qaranlıq sevən kimi xain adamlar da xəlvəti xoşlarlar. Sözü açıq deməz, camaat arasında bağlı sandıq kimi susub durar, xəlvətə düşən kimi çömçələrini bulayıb suyu bulandırarlar. Rüstəm kişi ilə Şirzad üz-üzə gələndə Salman lal olub sussa da, iki gün sonra təklikdə dil açmışdı: - Böyük sədr, bu Şirzadı mən heç belə bilməzdim. Yaman etibarsız adamdır. Necə ki, atasının bəraət kağızı gəlməmişdi, quzu kimi idi, indi az qalır göz çıxartsın. Deyirlər ki, rəhmətlik atası da elə bir az qabağından yeyən deyilmiş. Şirzad tərəfdən nə qədər acıqlı olsa da, Rüstəm kişi bir zaman çox yaxından tanıdığı Qasım Kəngərli haqqında nalayiq sözə qulaq asa bilmədi: - Boş söhbətdir danışırsan! O kişi çox namuslu, çox gözəl adam idi. Bizim hamımızı bu yola çəkən o oldu. Oğlu nə qədər dikbaş olsa da, mənim dilim dönməz atası barədə pis söz deyəm, onda da nahaqdan dolaşdırıb yıxdılar evini, dünyada paxıllar, ayaq altdan lağım atanlar az deyil ki. Sədr stolun siyirməsini çəkib böyük bir yazılı vərəq çıxartdı, qabağına qoyub baxdı, trubkasını tüstülədi. Öz-özünə danışırmış kimi: - Bilmirəm fikri nədir, daha nə istəyir? Niyə dinc oturmur? – dedi. - Başın üçün, yoldaş sədr, mən özüm də məəttəl qalmışam. Axı, nə istəyirsən, ay əzizim, briqadirsən, hər gün işlədin-işləmədin əməkgünün yazılıb, camaat qabağında sədr hörmətini saxlayır, gətirib oturdub özü ilə yan-yana, eləyib təşkilat katibi. Salman bir anlığa fikrə getdi, sualın cavabını tapmış kimi: - Hə-ə-ə. – deyib mənalı-mənalı sözü uzatdı, - Hə-ə-ə. Elə iş bu katiblikdədir. Başın üçün, katib seçilən saatdan gedənin halı dəyişib, hamı da başa düşür. Salman bir az da uzağa getmək istəyirdi, lakin Rüstəm kişinin qaşlarının çatıldığını, trubkanı dodağından çəkmədən nə isə düşündüyünü gördükdə susdu. “Dəli at kimi bir şeydir, - deyib düşündü, - bir də gördün dönüb nallı ayağını çarpdı sənin təpənə. Bunu çullasan da, gərək pişim-pişimlə çullayasan”. - Rüstəm dayı, ancaq ayağın gəlməsin, bir şeydə o haqlıdır ha. Rüstəm trubkanı ağzından çəkib təəccüblə Salmana baxdı. - Məsələn, nədə?! - Onda ki, yaz əkininə hazırlıq üçün bəzi briqadirləri silkələmək heç də pis olmaz. Bu məsələdə kişinin haqqı var. - Sən də gah nala, gah mıxa döyürsən! – deyə Rüstəm kişi Salmanı qızardıb çuğundura döndərdi. - Belə günahı boynuma götürə bilmərəm. Mən elə əvvəldən mıxa döyürəm, deyirəm ki, işimiz yaxşı olsun, sənin başın ucalsın, vəssalam! - Yox, aşna, sən də dil pəhləvanına oxşayırsan. İşin irəli getməsini istəyən oğul bir dəfə çıxar meydana, işə mane olanlara deyər: çəkil kənara, əl-ayağımıza dolaşma! “Gör bu məni hara sürükləyir, - deyə Salman başı ilə Rüstəm kişinin sözlərini təsdiq etdiyi halda düşünürdü. – Bu istəyir ki, məni toxmaq eləyib, verə qabağa, onun başına çırpa, bunun başına çırpa, yorulanda da dirsəyinin altına qoyub dincələ. Ay xam xəyaldır, ha! Ölmüşdü Salman, sənin kimi qoca tülkünün əlində oyuncaq ola”. - Düz buyurursan, Rüstəm dayı! Düz söz qabağında boynum qıldan nazikdir. Mən özümü gözə soxa bilmirəm. Neyləyim, mümkün olaydı, bircə dəfə ikisiylə necə deyişdiyimi görəydin, onda başqa söz deyərdin. Eybi yoxdur, vaxt gələr inanarsan! Bizə də etibar edərsən! Salmanın məyus olub sızıldaması Rüstəm kişinin ürəyini yumşaltdı: - Sarsaq söz danışma, ə. Mən elə kişiyəm ki, inanmadığım adamla üz-üzə oturub bir stəkan çay da içmərəm. Etibar etməsəydim bu boyda təsərrüfatın haqq-hesabını sənə tapşırmazdım. İldə neçə milyion kağız-kuğuzunu sənə qıymışam, bu etibar deyil, nədir? Salman bir az dirçəlib ürəkləndi, rəngi açıldı: - Elə bilirsən mən başa düşmürəm, Rüstəm dayı?! Lap yaxşı başa düşürəm. Onu da bil ki, mən çörək itirən adam deyiləm. Gecə-gündüz fikrim odur ki, hər qəpiyin öz kağızı olsun, hər qramın sənədi öz yerinəcə tikilsin. Yüz yoxlama gəlsə bu kolxozda bir şey tapa bilməz. Nə qədər mən burdayam, kolxozun təsərrüfat-maliyyə işi bir zərrə də səni narahat eləməsin. Hər şey güzgü kimi olacaq. Rüstəm kişi aram ilə trubkasını tüstülədərək qabağındakı cədvəli gözdən keçirdiyindən, Salman xeyli danışmayıb ona baxdı. Nəhayət, Rüstəm kişi başını qaldırdı, fikri başqa yerdə olduğu halda soruşdu: - Hə, nə deyirdin? “Canına azar deyirdim, sözə də axıra qədər qulaq asa bilmir”, deyib Salman düşündüyü və tələsmədən qoltuğundakı qovluqdan bir kağız çıxarıb Rüstəm kişinin qabağına qoydu: - Qol çək, möhtərəm sədr. Rüstəm kişi gözucu kağıza baxdı: - Bu nədir belə? - Mədəniyyət evinin tikilməsinə başlamaq üçün dövlət bankından beş yüz min manat borc almalıyıq. Bölünməz fondda bir şey qalmayıb. Rüstəm kişi gah Salmanın qoyduğu kağızı, gah da cədvəli süzərək fikirli halda dedi: - Bölünməz fond yaman zəif yerimdir, Salman! Hər il orda dörd-beş milyon pul yığılanda deyəcəyəm ki, hə, indi bizim də kolxoz, kolxoz oldu. - Allah qoysa o günü də görəcəyik, ay Rüstəm dayı! Bu həmin kolxozdur ki, borc içində itib batmışdı. Nə zəhmətnən çəkib qaldırmısan bu dərəcəyə, hamı bilir. Bölünməz fondu da düzəldəcəksən, fikir eləmə. Rüstəm kişi işıldayan gələmi götürüb ağ mərmərdən qayrılmış mürəkkəbqabının sağ gözünə batırdı və qol çəkdi. Kağıza bir də nəzər salıb Salmana tərəf itələdi: - Götür, borc alanda elə bilirəm ki, alnıma damğa basırlar, götür. Rüstəm kişinin ikinci dəfə itələdiyi kağız havada yellənib yerə düşdü. Salman tez əyilib onu götürdü və qovluğa qoydu. - Di get, briqadirlər yığışıbsa, gəlsinlər. Salman çıxanda Rüstəm kişi başını stoldan qaldırmadan “sən də gələrsən” deyib əlavə etdi. Şirzad və Nəcəfin yaz əkininə hazırlığın pis getdiyi haqqında xəbərdarlığı Rüstəm kişini nə qədər hirsləndirib əsəblərinə toxunsa da bir az sonra, yəni acığı soyuyanda düşüncəsinə də təsir etmişdi. Briqadirləri yığıb məlumatlarına qulaq asmağı qərara almışdı. Bu barədə göstəriş verdikdən sonra, eşitmişdi ki, Şirzad kolxoz partiya təşkilatının bürosunu çağırıb həmin məsələni müzakirə etmək istəyirmiş. “Yaxşı ki qabaqladım, indi fikrindən dönər” deyib düşünmüşdü. Şirzad briqadirlərə içəri girərək büro iclası barədə heç bir söz deməyib sədr stolunun qabağında oturduqda, Rüstəm kişi doğru düşünmüş olduğunu kəsdirdi: - Yaz bizi haqlayıb, - deyə oturduğu yerdə sözə başladı. – Deyin görək səpinə hazırlığımız necədir, özümüz də “Qızıl bayraq”la yarışırıq, gərək bu il bütün rayona səs salaq. Hər briqada müxtəsər məlumat versin. Kim başlamaq istəyir? Briqardirlərdən balacaboylu, qarayanız, üzünü tük basmış birisi ayağa durdu. - Otur, oturduğun yerdəcə danış, - deyə Rüstəm kişi ona müraciət etdi, - xahiş edirəm nağıl-hekayət açmayın, işin vəziyyətindən məlumat verin. - Mən çox danışmağı bacarmıram, - deyib briqadir tutula-tutula sözə başladı. Əkin sahəsindən pambıq və taxıl üçün ayrılan sahələrin vəziyyətindən məlumat verdi, işin yaxşı olduğunu söylədi, briqadanın səpini tamam hazırlıqlı qarşılayaçağını vəd etdi. - Mən burda briqam adından söz verirəm ki, planları necə ki lazımdır, yerinə yetirəcəyik. Nə qədər ki canımızda can var, qoymayacayıq ki Rüstəm kişinin başı aşağı olsun. Şirzad balacaboylu briqadirin sözünü kəsib sual vermək, “bir qısa de görək vəziyyət necədir”, demək istədi. Lakin elə əvvəldəncə dava-dalaş düşməsin deyə susdu, başqa briqadirlərin məlumatını gözlədi. Rüstəm kişi bir-bir briqadirləri süzdü: - Hə, sənin işlərin nə haldadır, - deyə başqa birisinə söz verdi. O da eyni qayda ilə ümumi rəqəmləri sadalayıb təntənəli vəd ilə sözünü qurtaranda Salman Rüstəm kişidən icazə istədi: - Dördüncü briqadaya bir sualım var - Soruş. Salman briqadirə sual verdi: - Pambıq yerlərinə neçə araba peyin daşımalısan? - Yetmiş araba. - Neçəsini daşımısan? - Daşımışıq da! - Soruşuram neçə araba? - Sənin nə borcuna, qardaş? Səpin vaxtı sən yeri məndən hazır istəsənə. - Necə yəni səpin vaxtı yeri hazır istəsənə? – deyə Salman ona hücum etdi. – Belə sözləri keçən illərdə də çox eşitmişik. Sabah hava durulub traktor sahəyə çıxanda deyəcəksən vaxtımız çatmadı, peyinsiz də olar, şumla getsin. Doğrudan da plan doldurmaq istəyən zəhmət çəkər, peyini indidən daşıyıb tökər sahənin qırağına. Briqadir nə isə etiraz etmək istəyəndə Rüstəm kişi acıqlandı: - Ay kişi, iş görməmisən, hələ bir dilində var danışmağa?! Budur, cədvəldən də bilinir gördüyün işlər, heç olmasa “baş üstə!” de, kiri, otur yerində. Üç günə peyini daşıyarsan sahələrə! - Baş üstə! – deyib briqadir kiridi. - Ə-ə-ə! Lal Hüseyn, sən niyə dinmirsən? – deyə Rüstəm kişi qapqara çopur üzü və həmişə diqqət dolu girdə gözləri ilə hamıdan seçilən Lal Hüseynə baxdı. Şah oturmuş Lal Hüseyn vəziyyətini pozmadan və gözlərini qırpmadan məlumat verdi. O, ucadan lakin ağır-ağır danışırdı. Onun verdiyi məlumat əvvəlkilərdən də qısa oldu. - Bizdən arxayın ol, hər şey yerində olacaq, - deyib sözünü qurtardı. Şirzad artıq davam gətirə bilmədi: - Briqadirlərimizin belə rahat danışmağı məni narahat edir. Görən deyər ki, hər işimiz qaydasındadır. Əslində isə vəziyyət yaxşı deyil. Elə bircə gübrə məsələrsini götürək. Yoxlasaq görərik ki, gübrələrin yarısı belə sahələrə daşınmayıb, boynumuza alaq ki, gübrəyə biz qiymət vermirik. Amma məhsulun birinci şərti gübrədir. Rüstəm kişi onun sözünü kəsdi: - Burda ümumi təbliğat lazım deyil. De görək giymət verməyən kimdir? - Elə birisi bu Lal Hüseyn! Arx altındakı yerlər kimindir? Hə, kimindir? Sənindirmi? Lal Hüseyn kirpik qırpmadan Şirzadın gözünün içinə baxır, nə “hə”, nə “yox” deyirdi. Məlumdur ki, az danışan, sözü içində yeyən olduğu üçün onu Lal Hüseyn adlandırardılar. Briqadirin qulağının da biri ağır eşidirdi. Gözlərində donub qalmış daimi diqqətin də səbəbi bu idi. Şirzad onun cavab vermədiyini görüb davam etdi: - Bir qram gübrə və peyin daşınmayıb. Hətta keçən ildən alətlər də atılıb bir kənarda qalıb, paslanıb xarab olur. Bura qədər Rüstəm kişi Şirzadın danışmağına diqqətlə qulaq asır, hətta ürəyində onun haqlı olduğunu da düşünür, sözünü kəsib Lal Hüseynə təpinmək istəyirdi. Lakin Şirzad durmayıb gedirdi: - Təkcə bu arxaltı olsaydı, dərd yarı idi. Mən açıq demək istəyirəm ki, hazırlıq işlərimiz çox pisdir. Belə getsə səpini poza bilərik. - Səpini pozanın gözünü ovaram. Necə yəni səpini poza bilərik?! – deyib Rüstəm kişi qışqırdı. – Bəlkə bəzilərinin ürəyindən keçir ki, səpin pozulsun, ancaq mən deyirəm, heç kəsə baxan deyiləm, gözünü ovaram. Hamı gərgin diqqətlə susurdu. Salman Şirzadı danışmağa qoymayıb dedi: - Yoldaş Şirzad çox tünd gedir, nöqsanları şişirdir. - Yox, şişirtmirəm, - deyib Şirzad davam etdi, - mən ancaq onu istəyirəm ki, hər şeyə gözübağlı baxanların gözünü açam. Nöqsan vaxtında aradan qaldırılsa yaxşıdır. - Doğrudur, - deyə ümumi hay-küy içində yeddinci briqadanın briqadiri ucadan danışıb hamını susdurdu. – Ay Rüstəm yoldaş, düz söz niyə acı olsun? Kişi düz deyir! Bizdən qabaq danışan üç briqadirin ikisi gözdən pərdə asır, əslinə baxsan günah elə idarənin özündədir. Bu söz Şirzadı daha da ruhlandırdı: - Hədə-qorxu və hay-küylə iş düzəlməyəcək. Yaxşısı budur, düz sözə qulaq asaq. Salman fəaliyyət göstərmək, Rüstəm kişinin etimadını qazanmaq fürsətinin çatdığını hiss etdi: - Doğrudur, hədə-qorxu işə kömək etməz. Amma demaqoqluq salıb adamların ruhunu öldürmək daha zərərlidir. Açıq deyim ki, Şirzad yoldaşın iş-gücü başqalarını tənqid etməkdir. Öz işindən isə burada bir kəlmə də deməyib. Rüstəm kişi təqdiredici gözlərlə Salmana baxıb, onun sözünü kəsmək istəyən Şirzadı intizama dəvət etdi: Özün hamını tənqid edə bilirsən, bir başqalarının da sözünə qulaq as. Nə oldu, qüsursuz elə bir sənsən? Bəsdir, bəsdir! Burda çağ bazarı düzəltməyin. Danışdıq qurtardı, hamının ağlı var, bilir kim nə deyir. Telefon səsləndi. Rüstəm kişi sözünü kəsib dəstəyi götürdü. Danışan rayon partiya komitəsindən idi. Rüstəm kişi yerini düzəldib diqqətlə qulaq asdı: - Ə-ə, ay yoldaş, o Telli arvad bizi cana gətirib ey, yox, deyə bilmərəm ki, tənbəldir, pis işləyir, onu deyə bilmərəm, amma demaqoqdur ey, demaqoq! Bu söz Rüstəmin ağzından çıxmamış qapı taybatay açıldı və Telli arvad qışqırıb içəri girdi. - Demaqoq özünsən, ay Rüstəm! Bəri bax ey, sözünü yerinə yetirmirsən yetirmə, böhtançılıq niyə edirsən? Sənnənəm ey!! Rüstəm kişi əlini dəstəyin üstünə basaraq üzünü divara tutmuşdu ki, Telli arvadın çığırtısı raykomda eşidilməsin. Tələsik və alçaqdan: - Baş üstə, baş üstə! Verərəm, verərəm! – deyib dəstəyi yerinə qoydu və telli arvada döndü: - Arvad, qaraçılıq eləmə, abrımızı apardın. Telli arvad sakit olmadı: - Sən özün öz abrını aparmısan, mən niyə? Bir sədr ki, tüpürdüyünü yalaya, onda abırmı qalar? Söz vermisən üç aydır gözləyirəm, maşın ver stansiyadan daşımı gətirim, otağımı tikim. Salman onu sakit etdi: - Yaxşı, ay Telli xala, gördün ki, dedi “verərəm, verərəm”, get arxayın ol. - Yox, qoy bu briqadirlərin qabağında desin havaxt verir maşını. - Səpindən sonra gələrsən, - deyib özünü düzəltmiş Rüstəm kişi qəzəblə Telli arvada baxdı, - di çıx, baş-qulağımızı aparma. Bir bunda üzə bax. İndicə raykomun səsini eşidəndə necə quzuya dönmüşdü, səsi qulağından çəkilən kimi oldu yenə canavar. Bir də yazacağam! – deyib Telli arvad otaqdan çıxdı. Rüstəm kişi ayaq üstə durduğu halda briqadirlərə son tapşırıq verdi: Mənə quru vədlər yox, iş lazımdır. Kim səpini əla keçirmədi, özündən küssün. 8 Salman Yarməmmədə məsləhət görmüşdü ki, bir də, iki də Şirzadla danışsın. Rüstəm kişi haqqında dediklərini yaxşı-yaxşı yadında saxlasın, tutarlı sözlər qoparmağa çalışsın. Bu sözləri Rüstəm kişiyə çatdırmaq lazımdır. Yarməmmədin qurtuluşu ancaq bundadır. Yarməmməd Salmanın tapşırığına əməl edib, Şirzadın ağır sözlərinə dözmüş və eşitdiklərini Salmana bildirmişdi. İndi Salman onu qabağına qataraq Rüstəm kişinin evinə aparırdı. Artıq onlar kəndin sakit küçələrindən keçərək, ara-sıra hürüşən itlərə fikir vermədən Rüstəm kişinin evinə yaxınlaşmışdılar. Hələ qapıya çatmamış Qurdbasan boğuq-boğuq və aramla hürərək həyətin sükutunu pozdu: - Sədrin iti də adama başqa cür hürür, - deyə Yarməmməd Salmanı dümsüklədi. Salman onun səsindəki istehzanı qulaq ardına salıb ciddi cavab verdi: - Ağayana hürüşü var. Yaxşı məsəldir: mal yiyəsinə çəkməsə haramdır. Eyvana açılan qapıdan gur işıqlar qaranlığı parçalayıb uzaqlara yayıldı. Astanadan boylanan Qaraş soruşdu: - Qapıdakı, kimsən? - Bizik, ay Qaraş, Rüstəm kişi evdədirmi? O biri otaqdan Rüstəm kişi özü eyvana çıxdı. - Ay Salman, xeyir ola? Yuxarı qalx. Salman ehtiramla salam verib “axşamın xeyir” söylədikdən sonra dedi: - Tək deyiləm, Yarməmməd də yanımdadır. Rüstəm kişi istehza ilə güldü: - Ə-ə-ə, nə olar. Yarməmməd bəyəm adam deyil, onu da çıxart yuxarı. Salman cəld pillələri yuxarı çıxdı. Rüstəm kişi və Qaraşla görüşdü. Rüstəmin qolundan tutdu: - Bircə saatlığa, möhtərəm sədr, bəlkə bizə gedək, vacib söhbətimiz var. - Niyə, vacib söhbəti burda eləmək olmaz? Salman ərklə güldü, zarafatyana dedi: - Olar, ancaq bəlkə təzə bəyə mane olduq. Səkinə xala, Pərşan, gəlin xanım bəlkə yatmaq istəyirlər. - Bəlkəni əkiblər heç nə bitməyib. Yatan gedər yatar. A Yarməmməd, qalz yuxarı. Salman Rüstəm kişinin qolundan tutub yana çəkdi: - Axı, iş özgə cürdür. Naznaz da şəhərdən qayıdıb, xudmanı bir şey düzəltmişik, həm söhbət edərik, həm də ki, yavaş-yavaş gecəni salaraq yola. Yox, yoldaş mühasib, qalsın başqa günə. İndi ki gəlmişsiniz qapıma, girin içəri, - deyib Rüstəm kişi zorla onları otağa itələdi. Səkinə, Pərşan və Maya ilə üz-üzə gələcəyini güman edən Salman otaqda heç kəs olmadığını gördükdə təəccüb etdi. “Ə-ə, bu kişi arvad-uşağı harda gizlədib?” deyə düşündüsə də bir söz demədi. Rüstəm kişi onları dördkünclü böyük stolun başında oturdub Qaraşa döndü: - Yeri, bala çay gətir. Qaraş ara qapıdan o yana keçdikdə, Rüstəm kişi Salmana və Yarməmmədə çevrildi: - Xoş xəbər var, yoxsa? Yarməmməd ağzını açıb birbaş dedi-qodudan başlamaq istəyirdi ki, Salman onu qabaqladı: - Xoş olar, xoş olar, fikrimiz budur ki, oturaq sənnən bir işin keçmişindən, gələcəyindən söhbət edək. Yaz qapını alıb, indi əsas nə qədər yaxşı qoyulsa payızdakı nəticə bir o qədər böyük olar. Rüstəm kişi trubkasını doldurub alışdırarkən fikrə gedib qaşlarını azca dartdı. Salman bildi ki, söhbət xoşuna gəlmir, buna baxmayaraq davam etdi. Yarməmməd isə öz aləmində Salmanın ağlına əhsən deyirdi, birbaş Şirzaddan başlamaqdansa işdən başlayıb söhbəti ona gətirmək, əlbəttə, daha yaxşı idi. Salmanın eyni ruhda davam etdiyini görərək səbri tükənən Rüstəm kişi trubkasını sümürüb tüstünü havaya buraxdı: - Ə-ə, bu iclaslarda, bu radioda, bu qəzetlərdə mənə az dərs deyirlər, bu yandan da sən başlamısan? Qulağım döyənək olub, ay rəhmətlik oğlu, bu şəriətə qulaq asmaqdan, de görək, təklifin nədir? Salman ani olaraq susdu. Yarməmməd çaşıb qalmışdı və bu ağır vəziyyətdə Salmana kömək əlini uzatmaq üçün yol axtarırdı, lakin heç bir şey düşünə bilməyib gözlərini döydüyü halda, Salman özü cavab verdi: - Rüsrəm dayı, “Qızıl bayraq”dakı iclasdan sonra kolxozda ayrı bir hava yaranıb. Camaat hamı məhsulu artırmaqdan danışır. Partiyanın axır zamanlar çıxardığı qərarlar da camaatın fikrini canlandırıb, sizə öyrətmək olmasın, bu cür bir zamanda gərək elə edəsiniz hamı təzə tədbirlər öz əlinizdən gəlib keçsin, heç kəs deməsin ki, filan tədbir yaxşı nəticə verdi, özü də mənim təklifim olub, qoy hamı desin ki, məhsulumuz bol oldu, çünki sədrimiz yaxşıdır, hər tədbirin yerini bilir, vaxtını bilir. Rüstəm kişi lap hövsələdən çıxdı, evinin içində onlara ağır söz deməyə rəva bilməyib özünü saxladı, yumşaq səslə dedi: - Ə-ə, sənə demədim mənə şəriət öyrətmə? De görüm belə, nə təklifin var, nə edək ki, gəlirimiz bol olsun. Təsərrüfat artsın, hansı bitkini azaldaq, hansını çoxaldaq, hansı torpağı dincə qoyaq, hansını təzə əkək. Qısa sözün var de, yoxdur, niyə boş yerə çənəni yorursan? Yarməmmədə elə gəldi ki, niyyətləri qəti olaraq puça çıxdı. Salman söz tapıb deyənə qədər Rüstəm kişinin quyruğu əldən çıxacaq. Lakin Salman çaşmadı, iki daşın arasında bir söz tapdı. - Neyləyək, qısa istəyirsən. qısa deyərəm. Bax, bu Yarməmmədlə mənim balaca başımıza belə fikir gəlib: planda nəzərə almışıq ki, kvadrat-yuva üsulu ilə 100 hektar pambıq əkək, bunu iki dəfə artırmaq ola, bu cür tədbirin faydası sənə məlumdur, üstündə durmuram, sonra deyərsən şəriət öyrədirəm. - Yaxşı, damağına dəyməsin, - deyə Rüstəm kişinin rəngi açıldı, - sonra? Sonra nəzər almışıq 30 hektar qarğıdalı əkək. Elədir? Elədir. Bunu da ikicə dəfə artırmaq olar. Silos basdırarıq, mallarımızın əti də, südü də bir yarım artar. Rüstəm kişi trubkasını sümürdü: - Yaxşı, bu da belə. Sonra? - Nəzərdə tutmuşuq 50 ton silos basdıraq, buna görə də silos anbarları tikəcəyik. Gəl işi elə götürək ki, bunu da iki dəfə artıraq. Həm qarğıdalı hesabına, həm də çpllərin otu, ələfi hesabına. Yəni silos damlarını çox tikək. - Sonra? – deyə Rüstəm kişi Qaraşın sarı padnosda gətirdiyi çayları stolun üstünə düzdü. - Sonra da sənin sağlığın. Bu azdırmı? Az deyil. Yerinə yetirməyə gücümüz çatar? Çatar. Daha Şirzad kimilər atılıb-düşməzlər ki, imkanlardan istifadə etmirik. “Atana lənət, ay Salman, bir tülkü sənə tay ola bilməz, gör sözü nə yerinə saldı!” deyib düşünən Yarməmməd çayın birini sədrin, o birini Salmanın qabağına tərəf çəkib iltifat göstərərək gülümsədi, üçüncü stəkanı da özü götürdü. Salman çaya etina etməyib sözünün dalını dedi: - Xoşuna gəlsə, böyük sədr, heyəti çağır, təsdiq elə, biz də işə girişək, demaqoqların ağzı yumulsun. Rüstəm kişi: - Yaxşı təklifdir, ağıllı fikirdir, - deyib onları sevindirdi, - demaqoqlara gələndə, yadınıza bir şey salım: it hürər, karvan keçər. Qoy danışsınlar. İş görmək çətindir, gör demək asan. - Elə bəla da odur ki, əlindən iki şahılıq iş gəlməyənlərin dili uzanır, mal dili boyda. Özləri iş görmür, cəhənnəmə, heç olmasa işləyənlərin yoluna dağ dığırlatmasınlar. Salman bura çatanda Yarməmmədə göz vurdu ki, başla, Qaraş bunu gördü. Salman ilə Yarməmmədin mənalı baxışdıqlarına fikir verdi, ancaq söhbətə qarışmayıb əvvəlki kimi sakit dayandı. Yarməmməd çaydan bir qurtum içib qəndi ağzına dolandıraraq danışdı: - Möhtərəm sədr, bu. Rüstəm kişi onun sözünü kəsdi: - Ə-ə. çayını iç, sonra danış. Bir ağızda iki şeyin hansı fırlansın, o boyda dil, ya o boyda qənd? Salman güldü. Yarməmməd pərt olub tələsik çayını hortullatdı və davam etdi: - Möhtərəm sədr, bu Şirzadnan Nəcəf dinc oturmurlar ki, oturmurlar! Axşamdan yaxaladılar məni ki, aç dəftər-kitabı tök qabağımıza, görək filan şey necədir, filan yer nə verib? - Sən də açdın tökdün, hə? – deyə Rüstəm kişi tənə ilə yenə sözü kəsdi. Yarməmməd qorxusundan tez belə bir cavab yudurdu: - Hara açıram, möhtərəm sədr! Mən nəkarayam sənsiz hər gələnə dəftər-kitab göstərəm. Dedim vaxtım yoxdur, işim var. - Hə, bəs o nə dedi? - Nə deyəcək, daha söz qalmadı danışmasın. Başladı ki, kolxozda demokratiya yoxdur, kollektiv rəhbərlik yoxdur. Rüstəm kişi hakimi-mütləqdir. Hətta dedi ki, cücərməyən 100 hektarın taxılını da yeyiblər gedib. Axırıncı söz güllə kimi Rüstəm kişinin sinəsini dəldi: - İndi bildim ki, rayon təşkilatlarını adsız kağızlarla dolduran kimdir! Kağızda da elə bu sözlər yazılmışdı. - Nə kağız?! – deyə Salman qəribə bir maraqla soruşdu və mənalı-mənalı Yarməmmədə baxdı. - Cücərməyən sahələr haqqında. MTS-ə, raykoma, hər yerə yazıblar. - Vay nanəciblər! – deyib Salman tüpürdü. – Adamlara heç etibar yoxdur. Rüstəm kişi ürəkdən yana-yana: - Sözün var, kişisən, iclasda açıq danış! – dedi, - yazırsan, kişisən öz əlinlə qol çək, adını, dədənin adını yaz, yoxsa siçovul kimi yerin altını eş. Bu cür çörək yeyib yaşamaqdansa, uzanıb ölmək yaxşıdır! Söhbət xeyli uzandı. Qaraş üç dəfə stəkanları doldurub gətirdi, oturub qətiyyətən bir kəlmə də danışmadan qulaq asdı. Neçə dəfə Salman gözünü ona dikib “elədirmi, düz deyirəmmi?” deyə soruşsa da Qaraş nə “hə”, nə “yox” dedi. Gecədən xeyli keçmiş Salman və Yarməmməd çıxıb gedəndə isə Qaraş atasına baxdı: - Ay dədə, bunlardan heç mənim gözüm su içmir. Nə evimizə burax, nə də kolxozda dövrəndə hərlənməyə qoy. Rütəm kişi xəfifcə güldü: - Nə danışırsan, bala?! Onlar mənim dayağımdır. Görmürsən nə qədər ayağımın altını eşən var, bunlar da olmnasa kimə söykənəcəyəm? – dedi və etiraz etmək istəyən Qaraşı danışmağa qoymadı, - işin içindən xəbərin yoxdur, ona görə belə deyirsən. Mən işin içindəyəm, adamları da tanıyıram, bilirəm kim nə yuvanın quşudur. Narahat olma. - Yox, narahat oluram. – deyə Salman və Yarməmməd gedən kimi içəri gəlmiş Səkinə sözə qarışdı, - narahat oluram, lap belə şirin yuxularıma da zəhər qarışır, Rüstəm. - Baho-o, xoş görmüşük, arvad. Sən də burdasan?! Buyur yuxarı başa, qandır bizi görək nədir şirin yuxularını qara-qura ilə dolduran?! Rüstəm kişi Səkinənin belə cəsarətlə sözə qarışmasından acıqlandı, lakin Qaraşın yanında hirsini yeyərək ona ağır söz demək istəməsə də, özünü ələ ala bilmədi. Səkinə isə onun istehzalı sözlərini qulaq ardına vurdu. - Yuxuma qara-qura gətirən sənin bu uçulmuş dayaqlarındır, bu hacıleylək Yarməmməd, bu goreşən, saman altında su yeridən Yastı Salmandır, bu qara əcinnələrdir. - Salavat çevir, arvad, salavat çevir! Əcinnələr dədənin oçağını kor qoyar. - Onu bilmirəm, kor qoyacaq, ya qoymayacaq. Ancaq bilirəm ki, yal aşağı otlayandan bir adam xeyir görməyib. Papağını qoy qabağına, ağlını yığ başına, ay kişi, Yarməmmədə, Salmana söykənən kəlləmayallaq uçar. - Yaxşı, yaxşı, havaxt uçanda ətəyimi burax ki, yarğana yuvarlanmayasan. Son zamanlar ərindən tez-tez istehzalı, tənəli sözlər eşidən, əsəbiləşib özündən çıxdığını görən Səkinə sovuşmaqda olan gəncliyi ilə birlikdə nə isə çox əziz, çox qiymətli bir şeyin də uçub getdiyini hiss edirdi. Rüstəmin indiki açıq istehza və etinasızlıq dolu sözləri Səkinənin bu duyğusunu daha da gücləndirdi. Ona elə gəldi ki, həyatından artıq bir şey məhv olmaqdadır, qeyri-ixtiyarı köyrəldi, gözləri yaşardı. - Nə yarğına get, nə də mən ətəyindən əlimi üzüm. Ona qalsa mən özümü səndən əvvəl ataram uçurumun təkinə, dediyim odur ki, öz əlimizlə öz evimizi yıxmağa nə qərək. Söykənəcək istəyirsən, doğrudan yaxşı söykənəcək tap. Qaya kimi camaatı, xalqı qoyub quru kəsəklərdən yapışma. Dediyim budur. Qalanını özün bilərsən. Səkinənin köyrələrək az qala ağlaması Rütəm kişinin ürəyinə təsir etdi, arvada yazığı gəldi və nahaq yerə onunla ağız-ağıza verdiyi üçün özünü danladı. Hafizəsinin lap dərinliklərində yatmış, uşaqlıqda gördüyü və hamının məzəli adlandırdığı qoca kəndçi gəlib gözünün qabağında durdu, bic-bic gözlərini qıyaraq dedi: “Ömrümdə bir dəfə dil tərpədib arvadnan höcərləşməmişəm, nə deyib, demişəm atan rəhmətlik, arvad, söz sən deyəndir, amma felə gələndə bildiyimi eləmişəm”. Bu xatirə gözlənilməz xoş bir kəşf kimi Rüstəm kişiyə elə bir yüngüllük gətirdi ki, hətta üzü yumşalıb dodaqları da qaçdı: - Atan rəhmətlik, arvad, söz sən deyəndir. Bayaqdan bəri qaşlarını gərgin diqqətlə qulaq asan Qaraş heyrətlə bir atasına, bir də anasına baxdı. Ona elə gəldi ki,, heç vaxt anasını bu qədər tutqun və kədərli görməmişdir. Nə üçün? Çünki Səkinə Rüstəmin düz yolu necə əyri burulduğunu hiss etmişdi. İndi o, düşünürdü ki, ərini nə vasitə ilə düz yola qaytara bilər, bəlkə də uçurumun ağzından döndərə bilər. Buna güvvəsi çatacaqmı? Səkkizinci fəsil 1 Təmiz və pak məhəbbətlə isinən qadın yatağı müqəddəsdir. Düz ilqarlı qadın məhəbbəti kişinin ruhunu oxşayır, fikrini, xəyalını yerindən oynadıb azad quşların şərqi dediyi meşələrə, müxtəlif güllərin ətir saçdığı gülüstanlara, dağlardan sızılıb gələn bulaqlara aparır. Ürəyini şirin və ətirli duyğularla doldurur, ağac əkmək, yıxılana əl uzatmaq, ağlayanı ovutmaq, insanlara səadət gətirmək həvəsi oyadır. Qaraş birdən ayılaraq yanında uzanan, üz-gözünə pozulmaz bir səadət işığı çöküb qalan və aramla nəfəs alan mayaya baxdıqda elə bildi ki, dünyada özündən xoşbəxt adam yoxdur. Elə bildi ki, həyat bir çıraq kimi yanaraq ona yol göstərir, fikrinə, qəlbinə qüvvət verərək “gəl, gəl!” deyə çağırır. O, qızın körpə kimi sakit, rahat yuxusunu pozmamaq üçün tərpənmədi, cınqırını çıxarmadı, gözlərini məhəbbətin şöləsi ilə yanan ağ üzünə, çəhrayı ipək yorğanın altındakı yarı açıq ağ sinəsinə, açıq ağ qollarına dikib xəyala getdi. Axşam söhbətləri uzandığından Maya çox yorulmuşdu. Yatağa girəndən azca sonra balaca yumşaq əliylə Qaraşın iri tüklü əlini sığallayaraq həzin-həzin danışdığı zaman onu huş aparmışdı. Qaraş qıza tamaşa etdikcə keçən günü xatırlayır, keçən axşamın əhvalatları gözündə canlanırdı. Axşam isə çox gözəl keçmişdi: atası da, anası da, Pərşan da bu axşam nə qədər munis, nə qədər mehriban və istiqanlı idilər. Qaraşa və Mayaya necə bir məhəbbət göstərmişdilər! Atası rayon mərkəzindən gün batanda qayıtdı, özü də kefi kök qayıtdı. Rüstəmin işi gətirəndə həmişə köklənmiş tar kimi əl dəyməmiş səslənərdi. İndi də üz-gözü gülür, səsi şaq-şaq şaqqıldayır, ağzından şirin və mehriban sözlər çıxırdı. Xasiyyətinə bələd olan ailə üzvləri bu əlamətlərdən bildilər ki, günü uğurlu gəlib, istədiyinə nail olmuşdur. Vay onda ki, bir məsələdə çətinliyə düşəydi, dediyi keçməyəydi, onda Rüstəm kişi qara yel kimi hər yanı toz-dumanla doldurar, baxışlarından od yağardı. Belə hallarda xörək ona dadsız görünər, çörək xəmirə oxşardı. - Arvad, küftənin iyi adamı bir kilometrdən vurur, - deyib böyük otağa keçəndə, Səkinə uşaqlara göz vurdu: - Damağı çağ gəlib, indi xörəyə bir batman duz da qatıb qabağına qoysan, yeyib deyəcək dadından doymaq olmur. - Ay arvad, gətir görək! Bir xörəyə ki, sənin əlin dəydi, dadından doymaqmı olar? Doğrudan da çox şirin-şirin və həvəslə yeyilən xörəkdən sonra samovarın pıqqıltısı altında çay içərkən başları söhbətə qızışdı, söz-sözü çəkdi, danışıq qurtarmaq bilmədi. Rüstəm kişi bu axşam, seldən sonra yavaşıyıb yatağına qayıtmış çay kimi mülayim və yorğun görünürdü. Lakin içəridən sözlü olduğu hiss edilirdi, çünki hey danışır, danışırdı. Hətta bu gün trubkasını da unutmuş kimi idi, samovarın dibində ilişib qalmışdı, çay dolu balaca armudu stəkanı qabağına qoyub tələsmədən soyumasını gözləyir, gözucu stolun qırağındakı trubkaya və tütün kisəsinə baxsa da, çəkməyib cürbəcür məsələlərdən danışır, ara-sıra da suallar verib o biriləri dindirirdi. Muğanın ortasındakı bu balaca eyvanlı evdə hər şeydən danışır, dünyanın ən böyük siyasət adamlarını ortalığa çəkib tənqid edir, kolxozun işlərindən, beynəlxalq vəziyyətdən, Pərşan və Qaraşın uşaqlığından, gələcəkdən, qonum-qonşudan söz salırdılar. Suqovuşanın üstü ulduzla dolanda Rüstəmin yerindən tərpənmək istəmədiyini görən Səkinənin gənclərə ürəyi yandı. Onlar üçün söhbət əvvəlki şirinliyini itirib, canlarını sıxsa da, Rüstəm kişi ayağa durmayınca dağılışmaq istəmirdilər. Bircə Pərşan bu qaydalara fikir verməyərək tez-tez yerindən durub gah pəncərədən baxır, gah eyvana çıxıb qayıdır, gah da Mayanı dümsükləyərək, qulağına nə isə pıçıldayıb pıqqıldayırdı. Samovarın da soyuduğunu görən Səkinə ayağa durdu: - İxtilatın şirin olsun, ay Rüstəm, yaxşı danışdın. Qalanı da qalsın sabaha. - Sabahın da öz sözü tapılar, gecəniz xeyrə qalsın, - deyib Rüstəm kişinin ayağa durmasıyla söhbət kəsildi, dağılışdılar. Hələ ilk axşamdan təkliyə meyl edən Maya və Qaraş da öz otaqlarına çəkildilər. Qaraş qapını örtüb otuzluq lampanın plitəsini bir az da qaldırdı, otağın işığı xeyli artaraq onların üzündəki xoş təbəssümlə birləşdi. Maya divana oturdu. Əliylə Qaraşı da yanına çağırdı. Yan-yana oturub uzun zaman və həzin-həzin pıçıldaşdılar. Maya kənddən aldığı ilk təəssüratı günlərlə danışsa qurtarmazdı. Sonra da çırağın piltəsini çəkərək, soyunub yerlərinə girdilər: - Uff, nə soyuqdur! – deyə Maya balaca uşaq kimi yumurlanıb yorğana büründü. İndicə qızışacaqsan, yorğan qalındır, - deyib Qaraş da yatağa girdi. Gecədən xeyli keçmiş şirin və titrək pıçıltılar içində Mayanı yuxu apardı. Ona baxa-baxa Qaraş da nə vaxt huşa getdiyini bilmədi. Lakin Qaraşın yuxusu uzun çəkmədi. Üç-dörd saat sonra aşağıda, samanlığın üstündəki xoruz qanadlarını bir-birinə çırpıb banlayanda ayıldı, pəncərəyə tərəf boylandı: hələ hər yan qaranlıq idi. Göy üzündə ulduz ulduzu çağırırdı, həyətlərdə bir-birinə hay verən xoruzlardan başqa heç şey kəndin sükutunu pozmurdu. Xoruzlar da yorulub səsini kəsəndə yenidən hər şeyi dərin bir sükut çulğadı. Qaraş, səhərin açılmasına nə qədər qaldığını bilmək üçün ayaöa durub, əvvəlcə otuzluğu yandırmaq istədi, səs salıb Mayanı oyadacağından ehtiyat edərək, lampaya əl vurmadı, ananın bəzəyib düzəltdiyi güzgünün o tərəf – bu tərəfindəki şamlardan birini alışdırdı, müntəzəm sürətdə çıq-çıq edərək işləyən saata baxdı. Dörddən bir az keçmışdı. Şamı söndürmədən qayıdıb yerində uzandı. Maya hələ də şirin yuxu içində idi. Qaraş ehmalca yana sürüşmüş yorğanın ucunu çəkib onun çiynini örtdü. Qız yuxumu görürdü, yoxsa Qaraşın qayğıkeşliyini hiss edərək, körpə uşaq kimi gülümsədi, dodağı səyridi. Lakin ayılmadı, yuxu nazik tül pərdə kimi ağ üzünə, çəhrayı yanaqlarına qonmuşdu. Qaraşın fikrinə dəhşətli bir şey gəldi: sanki yuxu ölümün kölgəsi idi və Mayanın üstünü almışdı. Yuxu və ölüm! Nə qədər adamlar yatmış və bir daha ayağa durmamışlar. Bu fikirdən sarsılaraq Qaraş tez yorğanın altında axtarıb Mayanın əlini tapdı və ovcunda saxladı. Yox, yatdığı halda belə Mayanın bədəni həyat istiliyi və təravəti ilə otaqdakı soyuq yatağı qızdırır, ətirlə doldururdu. Bu istilik Mayanın yumşaq əlindən Qaraşın bütün vücuduna yayıldı, qanını dolandı. Yavaşca qızın başını qolunun üstünə aldı, körpə kimi sinəsinə sıxdı. Qız yarı yuxulu halda təbii bir həvəslə ona tərəf qısıldı. Mayanın sinəsi aramla qalxıb-enirdi, Bu sinənin altında Qaraşa nəhayətsiz bir səadət vermiş təmiz, ilahi xəyallar və arzularla dolu olan gözəl və gənc bir qadın ürəyi döyünürdü. Onun döyüntüsü Qaraşın qulağında xəyali bir mahnı kimi səslənirdi. Bəs nə üçün bu qədər sakit yatır? Gecənin pozulmaz sükutu içində iki otaq o yanda atasının xorultusu qulağına gəldi, hətta bəzən çox yorulduğu zaman anasının da xoruldadığını xatırladı. Lakin bu ancaq son illər, arvadın yaşı qırxı aşandan sonra başlamışdır. O vaxta qədər anası da beləcə sakit yuxuya gedərdi, mışıltısı da eşidilməzdi. Qaraş gənc və sağlam idi, nə qədər yorulsa belə sakit yatdığını, heç bir zaman xoruldamadığını bilirdi. Çünki hələ heç kəs ona “yaman xoruldayırdın” deməmişdi. Atasını da, anasını da xoruldadan səbəblər Qaraşın heç ağlına da gəlmirdi. Bilmirdi ki, həyat, verdiyi sevinclərə əvəz olaraq yavaş-yavaş insanın gəncliyini əlindən alır, nəinki qollarına, qıçlarına, belinə ağrı salır, hətta fikrini, xəyalını da çətin, müşkül, əzablı suallar və ziddiyyətlərlə yoraraq yuxusunu ağırlaşdırır. Qaraş bunu bilsəydi, indiki səadətinin düşündüyündən çox-çox böyük olduğunu duyar, ilahi bir varlıq kimi Mayanın qarşısında diz çökərdi, onu sevdiyindən yüz qat artıq və ağıllı bir məhəbbətlə sevərdi. Qaraş ancaq onu hiss etdi ki, Maya ilə anası arasında bir oxşayış tapması çox xoşuna gəlir. Axı, sədaqət və gözəllikdə anasının misli yox idi. Mayanın da o cür olduğunu düşünərək yenidən gözlərini üzünə dikdi. Qız bunu hiss etmiş kimi başının üstündən aşırdığı qolunu yuxulu halda ona tərəf uzatdı, barmaqları Qaraşın saçlarının arasında gəzdi. Ah, nə yumşaq əlləri vardı! Qaraş səbirsizliklə bu əli sıxdı. Bütün vücudunun istiliyi və ətri ilə qız ona qısıldı, lakin: dayan, dayan, - deyə onun qüvvətli iri əllərini tutub, öz balaca əlində saxladı, sol qoluna dirsəklənərək başını balışdan qaldırıb dikəldi, xumarlanan gözlərlə Qaraşa baxdı. Xoşbəxtsənmi? – deyə pıçıltı ilə soruşdu. Qaraşın üzü, gözləri xoş bir həyəcanla işıqlanmışdı. Maya təkrar etdi: - Xoşbəxtsənmi? Qaraş cavab olaraq onun əlini daha bərk sıxdı: - Nağıllarda deyərdilər ki, daşlar da dil bilir, amma öz sirrini hər kəsə açmır. Mən indi onların dilini bilirəm; divarlar da, daşlar da mənimlə söhbət edir. Sanki daş dil açıb mənə deyir: gəl, tamaşa elə, gör nə qədər gözələm. - Heç soruşmursan ki, mən necə, mən də xoşbəxtəmmi? Yoxsa özünə çox arxayınsan? Qızın səsi anlaşılmaz bir qorxu ilə titrədi. Qaraşın gözlərinin altına bir qaraltı çökdü, bu qaraltı, gün evin dalına dönəndə düşən kölgəyə bənzəyirdi. Evlənməmiş bir-birini sevən, bir-birinin qulluğunda duran, evlənəndən azca sonra isə həyatı zəhərə çevirən və hətta abırsızlıqla ayrılan ailələr yadına düşdü. Eşitdikləri xəyalından keçdi, bu xatirə dadlı xörəyin içinə atılan artıq duz kimi ağzını acıladı: - Soruşmağa qorxuram, yəni indi yox, elə əvvəldən qorxuram. Qız sağ əliylə onun başını sığalladı: - Onda ikimizin də dərdi birdir, mən də qorxurdum, elə qorxurdum. “Aha, o da qorxurmuş”, deyə düşünən Qaraş azca yüngülləşdi və: - Sən nədən? – deyə təəccüblə soruşdu, qızın əlini başından çəkib cavab gözlədi. Nədən qorxurdum, hə? Çox şeydən. Birinci ondan qorxurdum ki, mən sənə tay olmayam. Sən möhkəmsən, güclüsən, qüvvətli adamsan. Mən isə bir az başqa cürəm. Zəifəm. Birinci dəfə Xəzərin sahilinə çıxmağımız yadındadırmı? Onda mənim əlimdə ağ və çox ətirli bir zanbaq gülü vardı. O gülü sən mənə vermişdin, mən isə o gülü, zanbaq gülünü çoc sevirəm. Deyərsən niyə? Güllərin tacı qızıl gül var, elədir. Qızıl gül gözəldir. Ancaq zanbaq mənə daha xoş gəlir. Bilmirəm fikir vermisənmi, qızıl gül dərildikdən sonra getdikcə ətri azalır, amma zanbaq əksinədir. Onu evdə, güldana qoysan getdikcə ətri artacaq. Bu gülə mən adi həyatda nədənsə həmişə bir rəmz kimi baxmışam, həmişə istəmişəm qismətim elə şeylər olsun ki, getdikcə onların ətri azalmasın, artsın. Onlar qaralmayıb daha da işıqlansınlar. İnsanın həyatı da beləcə olmalıdır: getdikcə şirin və ətirli, gözəl və mənalı. Nə isə mən bu gülü daha çox sevirəm. Mən o zaman, səninlə ilk tanış olub gəzdiyimiz anlar həsrətlə gözləyirdim ki, bir dəfə mənə zanbaq gülü alasan. Sən isə mənə heç bir gül gətirmirdin. Bu mənim qorxumu artırırdı, hər görüşə gələndə düşünürdüm ki, gedib vidalaşacağam, deyəcəyəm ki, Qaraş sənə başqa cür yoldaş lazımdır, qüvvətli, canlı, günəşin altında yanmış, hər işi bacaran, dili dəmir kəsən bir arvad. Mən isə başqa cürəm. Bəlkə mənim zahirim, paltarım, geyimim, səsimdəki başqa bir əlamət səni aldadır, çünki bütün bunlar sənin üçün yenidir, bir qədər yad və yabançıdır, ona görə də səni cəzb edir, ancaq bütün bunlar sənin olanda, qorxuram çox tez yorulasan, mən sənin həyatının gündəlik ehtiyaclarını təmin edə bilməyim, sən darıxasan, indi səni bu qədər cəzb edən şeylər onda sənə mənasız görünə. Onda səbrin tükənəcək, mənimlə davranışda fikrin və iradən indiki ayaqlığını, həssəslığını itirəcək, mənə qarşı soyuqluq göstərməyə, deyinməyə və nəhayət, bəlkə də üstümə qışqırmağa başlayacaqsan. Qaraş yatsa yuxusuna, düşüncə xəyalına gəlməz bu sözlərdən bir az heyrət etmiş, bir az da qorxmuş kimi onun sözünü kəsdi: - Nə danışırsan, dünyasında elə şey olmaz. Qız onun səsindəki təəccüb və vahimə eşitmirmiş kimi davam etdi: - Lakin elə ki, gəlib səninlə görüşürdüm, zambaq gülü də, bütün düşündüklərim də yadımdan çıxırdı. Daha doğrusu, yadıma düşürdü, ancaq mənə mənasız görünürdü, özümü danlayırdım ki, “gör nə boş şeylər düşünürəm, güldür, ağlına gəlməyib, gətirməyib,əlbət bunlarda adət deyil, bir də ki, gül gətirib məni aldatsalar yaxşıdır, yoxsa gülsüz məni doğrudan da sevsələr!” - Elə bil ki, mənim ürəyimdə yazılanları oxuyursan, - deyə bu dəfə Qaraş yüngüllük hiss etdi. - Nə qədər ki, səninlə bir yerdə olurdum, belə düşünürdüm, nəhayətsiz bir sevinc duyurdum. Amma elə ki, ayrılıb gedirdim, yenə içərimdə, ürəyimin lap dərinliklərində gizlənmiş qorxu başını qaldırıb soruşurdu: səhv etmirsən ki? Axı, çox da o səni bu qədər sevir, onu bil ki, bu sevginin səbəbi yalnız ehtiraslardır, qanın coşqunluğudur, soyuyan kimi, hərarəti yatan kimi eşqi də sönəcəkdir. - Bəs nə üçün belə düşünürdün? – deyə Qaraş, gözünün altındakı qaranlıq yenidən qatılaşdığı halda soruşdu. - Çünki biz bərabər deyildik, Qaraş. Mən ali təhsili qurtarırdım, sənin isə heç bir təhsilin yox idi. Sən onilliyi bitirdikdən sonra bir neçə aylıq kurslarda, mexanizator məktəblərində oxumuş və həyatını zəhmətdə keçirmisən. Qaraş nə isə demək istədi. Maya yumşaq, zərif əlini onun dodaqlarına qoydu. Qaraş bu təmiz və gözəl əli öpərək susduğu halda qız davam etdi: - Bilirəm, deyəcəksən ki, məhəbbət təhsillə ölçülmür, çox oxumaqla sevgi daha saf və dərin olsaydı, məhz oxumuşlar arasında bu qədər ailə faciələri baş verməzdi. Bu doğrudur, ancaq, orası da var ki, Qaraş, elm insanım yalnız fikrini deyil, hisslərini də rəndələyir, əslində təmiz və həssas ürəyi olan bir adam elm oxuduqca nə qədər nəcib, nə qədər alicənab olur, zambaq gülü kimi getdikcə ətri artır. Onun məhəbbəti yalnız qanın coşqunluğunda doğmur, bütün ürəyi, bütün düşüncəsi ilə səni sevir. O cür sevginin ətri getdikcə artar, getdikcə şirin olar. -Sən isə qorxurdun ki. – deyə Qaraş sualının dalını gətirmədi. - Hə, qorxurdum, qorxurdum məni duymayasan, eşqimi, məhəbbətimi anlamayasan, bir çox kişilər kimi ehtiram və məhəbbətin ancaq mənə sahib olana qədər davam edə. - İndi qorxmursan ki? – deyə Qaraş onun yenidən açılıb üşüyən çiynini örtdü. - Yox, bu saat qorxmuram, elə bilirəm ki, heç kəs mənim eşqimi, mənim ürəyimi sənin qədər duya bilməz, məni sənin kimi oxşaya bilməz. Qız ani olaraq susdu, gözləri yol çəkirmiş kimi xəyala getdi, əliylə Qaraşın üzünü sığalladı: - Bax, həmişə belə olasan, ha. Həmişə məni beləcə sevəsən, əzizləyəsən. Hələ onu demirəm ki, bir kobud sözünə, kobud rəftarına, soyuq və tənəli baxışlarına dözə bilmərəm. Qızın səsi titrədi, sevinclə gülən gözləri yaşardı. Sanki səhər-səhər, yazın açıq mavi gözlərindən güllərin üstünə şeh düşdü. Qaraş ona çox sözlər demək istəsə də danışa bilmədi. Qız onun həyəcanlı nəfəsini duyduqca gözlərini yumub başını çiyninə qoydu, nəfəsi ətir saçmağa başladı. Qaraşa elə gəldi ki, heç bir gül, heç bir bahar bu cür xoş ətir verə bilməz, sanki bütün dünyanın gülləri öz ətrini bu otağa gətirmişdi, ay və ulduzlar öz nurunu bura səpələmişdi. Belə gözəl, belə təmiz və nəcib bir qızın şübhələri və qorxusu nə qədər anlaşılmaz idi! . Yanıb qurtarmış şam söndü. Xoruz yenə qanadlarını bir-birinə çırpıb banladı. Qaraş yenidən Mayanın başını güvvətlə sağ qolunun üstünə alanda dan yerinin ilk işıqları pəncərədə əks etdi: - Dur, indi evdəkilər oyanarlar, - deyə Maya qalxmaq istədi. Qaraş onu saxladı: - Hələ tezdir, bir az da uzan, - dedi, - bəs heç soruşmursan ki, mən nədən qorxurdum? - Çünki mən xəyalıma da gətirə bilmirəm ki, sən bir şeydən qorxarsan. - Onda zəifliyimi göstərməmək üçün deməyəcəyəm. - Bir şeyə şübhə eləməmək zəiflik deyil ha. Ancaq heç şey bilməyən adam heç şeyə də şübhə eləməz, yəni cahil adam. Cahilin əlinə ixtiyar keçsə bir evi, bir şəhəri, hətta bir məmmləkəti xaraba qoyar. Çünki özündən başqa heç kəsə qulaq asmaz. Ağaməhəmməd şah İranın başına nələr gətirmədi. Maya uzaqlara getdiyini duyaraq, tez əlavə etdi: - Bunu elə-belə, yadıma düşdü dedim. İndi sən de görüm nədən qorxurdun? Qaraş səmimi bir maraqla: - İxtilatın nağıldan şirindir, - dedi, hətta, Ağaməhəmməd şahın nə vaxt yaşadığı, İranın başına nələr gətirdiyi haqqında da soruşmaq istədi. Lakin qüruruna sıxışdırmayıb susdu. O, şahların zülmkarlığını və lənətə layiq olduqlarını eşitmişdi. Ancaq Qacar barədə bir şey xatırlamırdı, soruşmağa da dili gəlmirdi. Çünki orta məktəbdə oxuyanda “mən maşın sürən və ya da mühəndis olacağam, tarix, ədəbiyyat nəyimə gərəkdir. Ondansa fikrimi verərəm fizikaya, riyaziyyata”, deyib içtimai elmləri tam ciddiyətlə hazırlamadığını, bir təhər imtahan verən kimi kitabları bir kənara atdığını xatırladı. Ürəyində özünü danlasa da bu barədə Mayaya söz deməyib susdu. Maya ayağa durdu, əzilib büzülmüş balışı çırpdı, yorğanını düzəltdi, Qaraşın kürəyini bərk-bərk örtərək otağın soyuq olduğunu, qızdırılmadığını daha kəskin hiss edirmiş kimi, “uff, nə soyuqdur!” dedi və tez yerinə girdi. Yataq ona daha ləzzətli göründü. - Uf, yerimiz nə istidir? - Canına sinir? – deyə Qaraş soruşdu. - Yaman. - Neçə ildir hələ bu yataqda canımın qızdığı yadıma gəlmir. “Ana, bir yorğan da ver üstümə çəkim, üşüyürəm”, deyəndə anam gülərdi: “Bala, sənin yatağını yorğan qızdırmaz. Nəfəs gərəkdir. ” - Sənin anan çox gözəl insandır! Mənə elə gəlir ki, yenidən öz anamı tapçışam. Qaraş böyük bir minnərdarlıqla: - Maya. – dedi, - nə yaxşı anam xoşuna gəldi. Sağ ol ki, görən kimi ulduzun barışdı, axı, gəlin-qaynana işi uzun işdir, çox zaman dava-dalaş xirtdəyə çıxır, elə məni qorxudan məsələlərdən biri də bu idi. Həmişə deyirdim ki, görəsən Maya anama necə baxacaq? - Hələ şübhə də edirdin? Məni bu qədər bədxasiyyət bilirdin? - Yox, məsələ bədxasiyyətlikdə deyil. Mənə elə gəlin və qayınana tanıyıramki, bir-birlərinin kölgəsini qılınclayırlar. Amma ikisi də yaxşı adamdır. Axı, çox vaxt yaxşı adamlar da dalaşırlar. Görürsən ki, heç nə üstdə araları dəydi. - Doğru deyirsən, həyatda elə şeylər də olur, onu görəndə mən darıxıram, yaxşı adamlar bir-birini incidəndə elə qüssələnirəm ki, ürəyim sıxılır. Elə bilirəm ki, pislərin dəyirmanına su tökdülər. Axı, hər yerdə yaxşılar əl-ələ verməlidir, həyatı daha da gözəlləşdirmək üçün çalışmalıdır, onda pislər təklənərlər, ev onları sıxar, küçə darlıq edər, idarə nəfəslərini kəsər, axırda ya yaxşılaşarlar, ya da bir küncə qısılıb qalarlar. Zərər verə bilməzlər. Hə, bir de nə idi səni qorxudan? - Nə idi soruşma, soruş ki, nədir? - Baho. Deməli sənin qorxun keçməyib, hə? - Keçməyib, ancaq bir az azalıb. - Azalmağı yaxşıdır. Deməli mənə yaxınlaşdıqca ürəyin işıqlanır, belə getsə bir müddət sonra qorxun qalmaz. Bəs nədir səni qorxudan? - Onu sən dedin: bizim bərabər olmamağımız! Mənə həmişə elə gəlirdi ki, sənin tayın deyiləm, müşkül bir fikrə düşmüşəm. - Niyə elə düşünürdün? - Ona da sən özün cavab verdin. Mənim sənə görə təhsilim azdır. Onillik, vəssalam. İndi kəndimizdə aözından süd iyi gələn uşaqlar da onilliyi qurtarmışlar. Deyirdim ki, bir həkim, bir müəllim sənə rast gələr, qoşulub gedərsən. Maya onun doğrudan da kədərləndiyini görüb təhsil məsələsindən söz salmaqla ağrıyan yerinə toxunmuş olduğunu anladı. - Eh, Qaraş, əslinə baxsan bizim zamanda bu qeyri-adi bir şey deyil. Bakıda mənim yaxşı bir yoldaşım var, çox gözəl qızdır. Xarici dillər institutunu qurtarmışdır, ingilis dilini beş barçağı kimi bilir, onu istəyənlərin içində mühəndis də, həkim də, hətta yazıçı da vardı. Bilirsənmi o kimə getdi, şoferə! Pis də yaşamırlar, indi bir qızları da var. Yoldaşı dahəm işləyir, həm də darülfünun qiyabi şöbəsində oxuyur. - Yəqin o şofer bacarıqlı adamdır. Gözüaçıqdır. Belə adamların şoferliyi çox sürmür, tezliklə qanadlanırlar. - Mən o oğlanı da tanıyıram. Deyə bilərəm ki, qabiliyyətdə, qanacaqda sənin əlinə su tökməyə də yaramaz. Sən qanadlarını ondan yaxşı düzəldərsən. İstəsən ali təhsil də qurtararsan. Bu ki, müşkül şey deyil. - Müşkül deyil, ancaq dörd-beş il vaxt lazımdır. - Nə olar ki, lap on il olsun, hara tələsirik. Bir də ki, sən elə indiliyində ali təhsillidən az bilmirsən. Sən xalqa bir mühəndisdən, bir həkimdən çox lazımsan. İnsanın da qiyməti xalqa nə qədər lazım olmasındadır. Məgər sən bütün rayonda ən yaxşı mexanizatorlardan biri deyilsən? Özün mənə deməmisən, amma nazirliyin işçilərindən, burada Şərəfoğlundan eşitmişəm ki, sənin kimi maşından başı çıxan az-az tapılar. Bilirsənmi kolxozçular səni maşın həkimi adlandırırlar? Sevgilisinin belə yüksək qiymət verməsindən ruhlanmış Qaraş bir az yumşaq şəkildə davam etdi: - Amma, mən yaman qorxurdum, deyirdim ki, canım, gör hara əl atırsan, sən hara, o hara. Tərpənəcəksən – səhv, ağzını açıb danışacaqsan – qələt. Yadındadırmı, bir dəfə mən yeni MTS tikilməsindən danışırdım? Onda lahiyə dedim. Sən, yavaşca, sözarası bunu düzəltdin – yaxşı layihə böyük məsələdir, - dedin. Mən səhv etdiyimi başa düşüb tər tökdüm, ondan sonra danışanda cəsarətim çatmırdı, deyirdim indicə sözləri baş-ayaq eləcəyəm. Maya özünü saxlaya bilməyib güldü: - Ay Qaraş, vallah, mən səni daha artıq süvməyə başlayıram. Nə təmiz ürəyin var! Lap uşaq ürəyi kimi! Elə dil pəhləvanları var ki, Qaraş, adamı söz altında boğurlar. Sözlər də aöızlarından elə çıxır, elə bil Pəri xala muncuğu ipək sapa düzür. Amma alıb baxsan, muncuqlar da, sap da bir şeyə dəyməz. Qoy ürək dolu və təmiz olsun, Qaraş, dili düzəltmək asandır, qoy gözün dünyanı düz görsün, söz tapılar. Deməliyəm ki, qaraş, mənim birinci ürəyimə yatan sənin az danışmağın olub, məni dilə basmamağın olub. Görürsən ki, nöqsan saydığın şey sənə xeyir verib. İndi daha bir qorxun yoxdur ki? - Var, - deyə Qaraş özü də öz cavabında güldü. – Var, Maya! İndi ki söz açılıb, qoy hamısını deyim: dədəm deyər ki, paltarı tər çürüdər, ürəyi söz. Qoy ürəyimdə qalmasın. Yaxşı, de görüm, daha nədən qorxurdun? – deyə maya qəsdən felin keçmiş şəklini işlətdi, Qaraş isə yenə bu günə qaytardı: - Ondan qorxuram ki, Maya sən. Söz lap dilinin ucuna gələndə Qaraş fikrini dəyişdi. Birdən-birə demək istədikləri ona dumanlı və hətta lazımsız göründü. Heç arvadla da belə sözlər danışarlarmı? Ona deyərlərmi ki, mənə sadiq ol, eşqimizə xəyanət etmə? Axı, qadının gözü başqa birisinə düşəndə içilmiş andlar, verilmiş vədlər mənasız bir şeyə çevrilmirmi? Sevgisiz sədaqət yoxdur. Məhəbbət ölüdür, sədaqət quru sözdür. Demək, elə yaşamaq lazımdır ki, qadın səni həmişəlik sevsin! Maya demişkən, məhəbbət getdikcə ətri artan çiçək kimi olsun, arvadın həyatını ətirlə doldursun. - Daha doğrusu, heç nədən qorxmuram, Maya. Sənə inanıram, vəssalam! – deyib Qaraş ziddiyyətli fikirlərinə yekun vurdu. Onun şübhə və tərəddüd içində tutulub düşündüyünə, sonra da “sənə inanıram, vəssalam!” deməsinə diqqət etmiş Maya fikrindən nələr keçdiyini anladı, qalxıb onun boynunu qucaqladı və başını geniş sinəsinə söykədi, gülümsər gözlərini üzünə dikdi: - Ah, Otello, Otello! – deyib güldü. - O nədir elə, - deyə Qaraş soruşdu. Maya anladı ki, maşınlardan yaxşı baş açan əri bir çox şeylərdən xəbərsizdir və bu da özünü çox tez-tez göstərəcəkdir. Buna dözmək, səbirli olmaq, ona bildirmədən, mənliyinə toxunmadan bu boşluğu doldurmağa çalışmaq lazımdır. - Otello çox maraqlı bir əsərin qəhrəmanıdır, mənim kitablarımın arasında gərək olsun. Taparam, bir yerdə oxuyarıq. Azərbaycan dilinə Cəfər Cabbarlı tərcümə etmişdir. Yenə azca pərt olmuş və pərtliyini gizlətməyə çalışan Qaraş tez dedi: - Cəfər Cabbarlı ki tərcümə edib, yaxşı olar. “Sevil”ə və “Almaz”a azı on dəfə baxmışam. - Mənim də sevdiyim əsərlərdir. – Maya yerində oturdu. – İndi icazə verirsənmi duraq? – dedi və pəncərə qabağına getdi. Sevgilisinin ağuşundan çıxmış bir gəlin kimi üfüqdən boylanan səhər günəşinin işıqları sakit və geniş Muğan düzünə yayılır, suqovuşandan axaraq kəndə dolub, adamları işə çağırırdı. 2 Maya, “Yeni həyat” da daxil olmaqla, üç kolxozun su işlərinə baxırdı. Rayona gəldiyinin beşinci günü o, çöllərin ortasında planla cərgələnib tikilmiş balaca bir kənddə yerləşərək, bir neçə məntəqəni birləşdirən su idarəsinə getdi. Onu adətən gözəl, təzə gəlinlərə dikilən maraqlı, çəpəki və mehriban baxışlarla qarşıladılar. Yarı zarafatla “Ailə pozğunluğu sala bilmərik, yuvasına yaxın olsa yaxşıdır”, deyib işə təyin etdilər. İdarədə sahələrdən gəlmiş çoxlu su mühəndisləri gördü. Onların üzlərini tük basmışdı, şalvarlarına palçıq sıçramışdı, əyinlərindəki sırıqlıların yaxası və ətəkləri yağlı idi. Bütün bunlar Mayaya bir qədər zavallı görünsə də, çöllərə məxsus sadə və isnişkən xasiyyətləri xoşuna gəldi. Yazın yaxınlaşması münasibətilə arxları və kanalları təmizləmək, təmir etmək və yazı hazırlıqlı qarşılamaq haqqında müxtəsər məlumat alaraq dağılışdıqda, üz-gözündən xeyirxah adama oxşayan orta yaşlı bir mühəndis ona yaxınlaşdı, köhnə tanış kimi qolundan tutdu: - Hə, buyurun gedək. Qadın hissiyyatı Mayaya, bu adamın saf yoldaşlıq duyğusu ilə tərpəndiyini deyirdi. Məmnuniyyətlə qolunu ona verdi və Muğan torpağında belə yaxşı adamlarla qarşılandığı üçün sevindi. Böyük yola çıxıb ayrılana qədər mühəndis ona Muğanda suvarmanın xüsusiyyətlərindən, kolxozlardakı vəziyyətdən, rast gəldiyi çətinliklərdən danışdı: Əsas bəla odur ki, çoxları “su, su” deyib qışqırır və Kərbala müsibəti salır, amma sudan istifadə qaydalarını öyrənmir, “su ver, su ver” deyənlər varsa, su verəndə istifadə etməyi bacarmayanlar daha çoxdur. Nə deyim, sağlıq olsa özün görəcəksən. Maya ona diqqətlə qulaq asaraq ala-tala boz buludlar altında uyuyub yatan Muğan düzünə tamaşa edir, orada-burada görünən balaca kəndlərə, hər tərəfi basmış sirkan kollarına, şumlanan əkin sahələrinə, çöl boyu uzanıb gedən enli kanallara, qış yuxusuna dalmış çılpaq ağaclara baxmaqdan doymurdu. Bütün bunlar ürəyində qəribə xoş duyğular və hüdud bilməyən azad həvəslər oyadır, ömrün gələcək günlərini məna və maraqla doldururdu. Söhbətcil mühəndis Mayanı hündür sirkan kollarının arasından keçən araba yoluna çıxaranda Maya ayaq saxladı, çünki mühəndis, sağa dönən balaca, palçıqlı cığırla təpələrin dalındakı kəndə getməli idi: - Sağ olun, - deyə Maya əlini uzatdı. Mühəndis isə yenə onun qolundan tutub irəli yeridi: - Yox, bu palçıqlı çöllərdə sizi tək buraxa bilmərəm, - deyə etiraz etdi. – Bir baxın, hər tərəf boş çöllər, arxlar, sirkanlıqlardır, qabağınıza tülküdən, çaqqaldan çıxar, qorxarsınız. Maya ucadan güldü: - Tülkü, çaqqal mənə nə edəcək? Nə çox kəsək-küsək, götürüb çırparam təpəsinə. - Mən ikiayaqlı tülkü-çaqqalı deyirəm. Dördayaqlısı ilə bacarmaq olar, vay ikiayaqlısının əlindən! - İkiayaqlısı çoxdurmu? – deyə Maya mənalı soruşdu. Mühəndis, xoş xasiyyətli gəlində muğanlılar haqqında pis fikir yaratmaqdan qorxaraq tez sözü dəyişdi: - Harada yoxdur ki? Elələri burada da var, orada da var, hər yerdə tapılar, - mühəndis əliylə dörd tərəfi hovladı, - hər yerdə, özləri də ən çox dərədə yaşayırlar, düzün düz yürinə çıxmazlar, ona görə də sizi ötürmək istəyirəm. Maya bu dəfə qəti ayaq saxladı: - Yox, qoymayacağam ötürəsiniz. Dönün öz cığırınıza. Bu qədər yolu gedib qayıtmaq sizə ağır olar. Mühəndis etiraz etməyə söz tapmayıb tərəddüdlə dayandı. Artıq təkid etməklə Mayanı “bu nə qırsaqqız olub, yaxama yapışdı” fikrinə salmaqdan qorxurdusa, belə cavan, təcrübəsiz və gözəl gəlini tək də buraxa bilmirdi.Yol uzaq, çöllər bomboş idi. Səhər açılanda tutqun olan hava indi bir az da boğularaq dərə-təpənin və bomboş düzənliyin sükutunu artırırdı. Bu yerlərə nabələd olan Mayanı təkbaşına kəndə yola salmağı mühəndis ağlına sığışdıra bilmirdi. Onu razı salmaq üçün söz axtarırdı ki, qabaqdan, araba yolunun burulub itdiyi sirkanların arasından bir atlı çıxdı. Sarıdöş, alnının ortasında boz zolaq olan qaşqa kəhər burnundan buxar çıxa-çıxa onlara yaxınlaşanda, Maya yəhərin üstündə şax oturmuş Salmanı tanıdı. Salman uzaqdan iri gözlərini bir az da açaraq qaraltıya baxdı, atın yüyənini çəkib yavaşıtdı, Mayanı tanıyan kimi gözlərində bir işıq parıldadı. On-on beş addımlıqda atı saxlayıb salam verdi və cəld yerə sıçradı. Bu gün onun paltarı bədəninin yastı-yapalıqlığını bir qədər itirirdi. Uzunboğaz çəkmə, göy şevyot qalife şalvar, döşündə qoşa cibi olan köynək geymişdi. Boz şinelinin qabağı açıq idi, ov tüfəngini çiynindən aşırmışdı. Atın cilovu əlində, yaxınlaşıb çox mehriban və təbəssümlə Mayanın əlini sıxdı: - Gəlin xanım, Muğan çöllərinə girmək asan, çıxmaq çətindir ha, - deyə güldü, cavab gözləmədən başı ilə mühəndisi göstərib davam etdi. – Deyəsən, yavaş-yavaş Muğanın adamları ilə tanış olursan? Deyir ki, su qayanı asta-asta deşər, papağımızı hərləyəcəyik, görəcəyik aylar gəlib keçib, sən də Muğanı büküb-büküb yığmısan ovcunun içinə. Su axandan su durana hər guşəsinə bələdsən. Gülərüzlü mühəndis Salmanın “Yeni həyat”dan olduğunu və kolxoza getdiyini bildikdə arxayınlaşıb Mayanı ona tapşırdı: - Atın tərkinə al, Maya yoldaşı da apar. Maya uşaqlıqdan atı sevərdi, lakin yük daşıyan qoşqu atlarını yox, yallı-yəhərli minik atlarını! Şəhərdə bayram nümayişlərinə çıxanda ən çox ləzzət alıb tamaşısına daldığı hərbilərin və milis nəfərlərinin altında cilov gəmirən atlar olardı. Ata minmək, atın üstündə yol getmək isə şirin xəyalı idi. Buna görə də mühəndisin təklifini açıq sevinclə qarşıladı. Bu gün paltarı da ata minmək üçün çox əlverişli idi: yundan xizək kostyumu və nazik palto geymişdi. Uzunboğaz boti ayağında işıldayırdı. Piyada yeriyərək qızışdığından, onun da paltosunun qabağı açıq idi. Başında paltosunun rənginə düşən ipək yaylıq vardı. T.miz hava, yeni duyğular rəngini qızartmışdı. Səliqəli paltar gözəlliyini daha da artırırdı. Salman göz dolusu ona baxdı. Odlu bir həvəslə yanan baxışlarını qızın xəfifcə qabarmış sinəsindən süzdürərək lalə kimi qızarmış üzündə saxladı: - Gəlin xanım, yaylığını bərk bağla, atın üstündə görəcəksən meh vurub saldı, - deyə bir əliylə atın cilovunu tutdu, o biri əliylə Mayanın qolundan yapışıb qalxmasına kömək etdi. Mühəndis isə yəhər əyilməsin deyə üzəngidən yapışmışdı. Salman yastı boy-buxununa yaraşmayan quş cəldliyi ilə yəhərə sıçradı. Maya isə ilk dəfə ata minənlər kimi çaşqınlıq göstərmədi, asanlıqla qalxıb atın belində yerini bərkitdi. Kəhər fınxıraraq irəli cumdu, ağzını palçıqlı çığırdan kol-kosa saldı. Salman onun cilovunu çəkib yola qaytardı, palçığı nisbətən az olan yolun qırağı ilə sürdü. Yanaqları daha da qızarıb gözləri ulduz kumu yanan Maya çevrilib mühəndisə əl etdikdə az qaldı aşıb yerə düşsün, lakin Salman tez çevrildi, sağ əliylə onun belindən tutub yıxılmağa qoymadı: - Gözlə ha, atdan yıxılmaq çox pisdir. At xoşuna gəlirmi? - Uşaqlıqdan belə bir günün həsrətindəydim. - Xoşbəxtəm ki, mənim köməyimlə arzuna çatdın. Salman daha nə isə dedi. Lakin Maya fikrə getdiyindən eşitmədi. Onun bütün fikri yorğalayan kəhərdə, gözəlliyindən doymadığı çöllərdə idi. Hər şey onu oxşayırdı. Hətta yaylığını isladan şehə oxşar sısqa yağış da ona ləzzət verirdi. Az keçməmiş quru otların və çılpaq ağacların üstünə sanki işıldayan narın muncuqlar düzdülər. Salman çiyninin üstdən mayaya baxdı, bu muncuqlar Mayanın da qıvrım saçlarının ucuna, kirpiklərinə, alışıb yanan üzünə düzülmüşdü. - Üşümürsən ki? Soyuqsa paltomu verim? - Yox, üşümürəm. Salman ağaclarda işıldayan narın damcıları göstərdi: - Baxın, nə gözəldir! Nə yağış demək olar, nə şeh! - Mən heç belə şey görməmişəm, olduqca gözəldir! – deyə Maya ahəngdar səslə danışdı, - nə yaxşı sizə rast gəldim. - Mən səndən artıq sevinirəm. Uzaqdan görən kimitanıdım, dedim, bu gün bəxt üzümə gülüb, yoluma gəlin xanım çıxdı. Rəhmətlik nənəm deyərdi ki, oğul, adamın bəxti yol üstündə olar. Yoluna ağbəniz, şümşadboy gəlin çıxsa, qorxma, get, işin aband olar, qarayanız, arıqələngə qarı çıxsa, vay halına, getmə, qayıt geri. Məni qınamayın, qədimdən qalma dədə-baba sözlərə mən bir az aşıqəm, uşaqlıqdan ki, girib beynimə, inanmışam, qurtarıb gedib. Deyəsən sən də el sözünə vurğunsan? - Haradan bildiniz? - Eh, yoldaş Maya, niyə bilmirik. Siz şəhərdəkilərin gümanı belədir ki, kənd yerində avamlar yaşayır. Daha demirsiniz ki, papaq altında igidlər yatır ki, biri bir aslana tay. Biz də hər ulduzun yerini bilirik. Hər quşun yuvasını tanıyırıq. Yalnız kolun altında qırqovulu görmürük, üstündəki gülə, çiçəyə də baxırıq. Bizim də bu yanmış, qaralmış dərimizin altında ürək var, axı. Maya Salmanın sözlərində başqa bir məna axtarmadığından onları sadə ürəkli bir gəncin sadalaması kimi qəbul edirdi. “İndi ki xoşuna gəlir, qoy sadalasın. Görünür bir az çoxdanışandır. Ancaq üzügülərdir”, deyib düşünürdü. Kəhərin yorğalayıb ötdüyü cığır balaca bir təpəliyə çıxdı, sonra da qalın bir kolluğun içində itdi. Burada at nə isə ürküb qulaqlarını şəklədi, ağzını kənara, sürüşkən dikə tutdu, əlləri sürüşüb qaçdı, az qaldı dizi üstə yerə gəlsin. Salman vaxtında cilovu çəkib ona toxtaq verdi. Atın ayağı sürüşəndə silkələnib qeyri-ixtiyari salmana yapışmış Maya, onun kürəyinə dirsəklənib, zorla özünü düzəltdi: - Nə oldu belə? Salman buralarda hər şeyə bələd olduğunu bildirən bir aexayınçılıqla dedi: Həndəvərdə heyvandan-zaddan var, ya çoban itidir, ya da çaqqaldan, tülküdən, - atın tərləmiş yalını oxşadı, - gözünü yeyim, ay kəhər! Qazdan ayıqsan, səni dünyaya dəyişmərəm. At qalın bir qamışlığın yanından keçib Muğan düzündəki kanallardan birinin üstündən adladıqda, doğrudan da çölə yayılıb otlayan çoxlu quzu göründü. Burada sarı və boz kərə, qumral, əbrəş, qaşqa quzular və ağlı-qaralı çəpişlər bir-birinə qarışmışdı. Dodaqaltı zümzümə edərək çomağını çiyninə atmış gənc çoban quzuların arasınsa durmuşdu. Başında ağ qoyun dərisindən papaq və əynində eyni rəngdə kürk vardı. Maya maraqla quzulara və gənc çobana tamaşa etdi. Salman qeyri-adi bir ehtirasla: - Ay kafir, gör nə güdür! – deyə səsləndi və cəld atın cilovunu çəkib belindəki kəmərə ilişdirdi, çiynindən aşırdığı qoşalüləni çıxartdı, məndən bərk yapış gəlin xanım, - deməsi ilə nişan alıb atması bir oldu. Gurultu səhranı titrətdi, ürkmüş quzular qaçışıb çobanın ətrafında sıxlaşdılar. Kəhər yerindən dördnala sıçrayıb dırnağının altından palçıq lopaları səpələyə-səpələyə irəli cumdu. Maya bərk-bərk Salmanı qucaqladı, çünki başqa əlacı yox idi, bir anda yəhərdən qopub düşə bilərdi. Həm maraq və həyəcan dolu, həm də zəifcə titrəyən bir səslə: - Nə oldu belə?! – deyə soruşdu. İkinci dəfə təkrar olunan bu sual Salmanın qulağına daha ahəngdar, daha zərif və xoş gəldi. Sanki bu səsdə bir ürəyin şirin, dadlı, məzəli duyğuları, o birinin qoçaqlığı, cəldliyi, cəsarəti əks edirdi. O, coşqun bir həvəslə qızışıb özündən çıxmışdı. - Məndən bərk yapışın, gəlin xanım! – deyib atın cilovunu çəkdi və kolluğa salıb güllənin tüstüləndiyi tərəfə sürdü. At büdrəyərək, əyilib dikələrək, yorğalayır, Mayanı atıb-tuturdu. Maya nə hadisə baş verdiyini bilmək həvəsi ilə Salmandan bərk-bərk yapışaraq irəli baxırdı. Kolların qalınlaşdığı yerdə Salman kəhəri toxdadıb saxladı, ehtiraslı bir səslə: Baxın, baxın! – deyə az qala qışqırdı. Maya diqqətlə sirkan kollarının arasına baxdıqda ani heyrətdən gözləri açıla qaldı: sarı tüklü böyük bir tülkü qanına bulaşmış halda dəhşətli bir əzab içərisində ölümlə çarpışırdı. Şələ quyruğunu oyan-buyana sürüyür, ot-ələfin üstündə çapalayaraq yeri cırmaqlayırdı. Hələ də həyəcanı soyumamış Salman izah etdi: - Görürsənmi, quzunun dalınca düşüb pusurdu. Fürsət eləyən kimi girinə keçəni qamarlayıb parçalayacaqdı, yaman hiyləgər şeydir. Mayanın ağır bir duyğu və maraqla açılmış gözü tülküdə idi. Güllə bu balaca vəhşininbağırsaqlarını çölə tökmüşdü. Görünür ürəyinə və ciyərinə toxunmamışdı. Buna görə də quzuların dalınca pusmaq peşəsindən birdən-birə yox, yavaş-yavaş və əzablı bir ölümlə ayrılırdı. Ağrı şiddət etdikcə tülkü dörnaqları ilə torpağı eşib sürünür, Mayagilə baxaraq dişlərini qıcıyıb mırıldayır, ayağını ağzına salıb çeynəyirdi. Maya: - Ay aman, nə pis ölüm oldu! – deyə başını yana çevirdi. Salman isə ucadan, lakin boğuq bir gülüşlə: - Bu saat işini yüngülləşdirim, - deyə atı mahmızlayıb can verən tülkünün üstünə səyirtdi. Tülkü baxıb dişlərini qıcıyaraq bu tərəfə dikəlməyə səy etdi. Lakin kəhər irəli cumub sağ əli və sol ayağının təpikləri altında onu əzərək, quyruğunu dik tutub cığıra çıxdı: - Ah, nə etdiniz, bu nə amansızlıqdır?! – deyə Maya heyrətlə səsləndi. Salman bu sualı eşitmirmiş kimi gülə-gülə, lakin həyəcanlı səslə: - Hələ bir gülləm boşa çıxmayıb, - dedi, - başından nişan almışdım, kəhər büdrədi, qarnına dəydi. Quzular yenə çölə dağılışaraqotlayırdı. Gənc quzuçu daha ayıq gözlə indi onların dövrəsində gəzir və Mayagilə tərəf baxırdı. Onun baxışlarında həm şirin bir həsrət və maraq, həm də minnətdarlığı andıran bir ifadə vardı. Salman kəhərin cilovunu yığdığı halda yavaş-yavaş sürərək, ovçuluqdan danışırdı. Maya isə onun səsini eşitsə də sözlərinin mənasını anlamayıb, xəfif bir kədər qarışmış xoş xəyallara dalmışdı. 3 Salman atın tərkində Mayanın nəinki susduğunu görür, hətta azca soyuyub məyus olaraq mümkün qədər aralı oturmağa çalışdığını da hiss edirdi. Hiss etdikcə də içərisindəki ehtiras dalğası yatırdı, öz adı, zahirən mülayim vəziyyətinə qayıdaraq Mayanı əyləndirməyə cəhd edirdi. - Bilirsənmi, gəlin xanım, bu qoyun cinsi ki var, yazıq və bədbəxt heyvandır, çox aciz-avara şeydir. Quzusu da mələyəndə lap nənəsiz körpə uşaq kimi adamın ciyərinin ortasına od salır, tülkü də gözünü dikib ona, fürsət düşən kimi parçalayacaq. Bircə dəfə namərdliyini görsən, dərisini boğazından çıxartsalar, uf deməzsən. Keçən il, szö vaxtına çəkər, elə bu zamanlar idi, Salyandan qayıdırdım, gördüm tülkü sürüdən qaçırtdığı bir alabəzək quzunun dərədəcə qarnını sökdü. Belə kafirin qanını içsən yenə azdır. Tülküyə amansızam, münki quzuya yazığım gəlir. Bu söz salmanın özünə xoş gəldi: “Başım işləyəndə yaman ağıllı şeylər tapıram, - deyib düşündü, - ağzımdan söz yerinə dürr tökülür, lap kitablara yazılmalı sözdür”. Bu fikirdən ruhlanaraq təkrar etdi: - Tülküyə amansızam, çünki quzuya yazığım gəlir. Maya yenə adi, ahəngdar və məlahətli səslə: - Nə əcəb quzuçuların iti yoxdur? – deyə soruşdu. - Bəzilərində olur, bəzilərində yox. Yaxşı itləri sürülərə qoşurlar. Çünki sürü uzaqlara gedir, canavara rast gələ bilər. Salman canavarların qoyun sürüləri üçün böyük təhlükə olduğundan daha həvəslə danışmağa başladı: - Xüsusən dağ yerində üzünü görmə. - Kolxozunuzun qoyun-quzusu çoxdurmu? - Dövlətindən az deyil. Ancaq daha da artıracağıq. Rüstəm dayının bir dərdi də elə bu qoyun-quzu dardidir. Bu çaqqal, tülkü azar verməsə tez artar. Salman yenə tülkü və çaqqalların körpə quzulara, toyuq-cücəyə toy tutduğundan cürbəcür nağıllar və gülməli əhvalatlar nəql etdi. Mayanın fikrini tamamilə açıb Muğanda ovçuluqdan, çöllü həyatının qəribə və romantik macəralarından şirin-şirin danışdı. Maya, qarşısında yenə əvvəlki xoş təsir bağışlayan üzügülər Salmanı görür, maraqla onu dinləyirdi. Əyri-üyrü cığır hündür bir qamışlığa çıxıb yana buruldu. Qamışlığın ortasında balaca bir göl işım-işım işıldayırdı. Bura nağıllarda deyilən sehirli sular kimi səssiz idi. Qəribə və anlaşılmaz bir vahimədən Mayanın ürəyi əsdi. İndi Salman da susaraq ətrafa baxdı, bura balaca bir ov yeri idi, hərdən ördək, qaz və başqa quşlara rast gəlmək olurdu. Lakin qamışlığın axırına qədər heç bir şey görünmədikdə, o, əlini tüfəngin qundağından çəkdi və qabağa baxdı. Kəhər birdən kişnəyərək qulaqlarını şəklədi, ayaqlarının sürətini artırdı. - Qənşərdə at var, - deyə Salman danışdı, - kolxozumuzun qoyun yatağına çatırıq. Qoyunlarımızın çoxu burada qışlayır. Salmanın verdiyi məlumatlardan Maya onun gözəl hafizəli və ayıq fikirli adam olduğunu gördü. Bu da ona qarşı hörmətini artırırdı. Qoyun yatağı qamışlığın dalında, çölün ortasında, açıq havada salınmışdı. Yataq qamışdan qikilərək, yan-yana düzülmüş, üstü suvaqlı bir neçə uzunsov ağıldan və keçə alaçıqdan ibarət idi. Ağıllar boş olduğundan qapıları açıq idi. Sürülər çöldə otlayırdı. Yalnız bir ağılın qabağında, dövrəsi qamışdan çəpərlənmiş meydançada bir neçə körpə quzu mələşirdi. Bu mənzərə Mayanın azca əvvəlki vahiməni dağıdaraq ürəyində indiyə qədər duymadığı yeni sevinclər oyatdı.Alaçıqların yanında dizlik geymiş, belinə şal bağlamış iki-üç qadın tərpənirdi. Ən iri alaçığın dalında bir dəstə uşaq oynayırdı. Təqribən on- on beş yaşlı bəstəboy, badamı qaragöz bir qız Mayanın diqqətini cəlb etdi. Bu qız çəmənlikdə açılan tək lalə kimi uşaqların hamısından seçilirdi. Yumru, gözəl üzü və yanaqları açıq sərin havada qızarmışdı, qara qıvrım telləri üzünə və açıq boynuna səpələnmişdi. İki-üç yaşlı, tumançaq bir oğlan uşağının əlindən tutaraq alaçığın lap böyründə durmuşdu. Uşaqların hamısının gözü Mayagilə tərəf zilləndi. Marıt-marıt baxaraq sussalar da bir-birlərini dümsükləməklə maraq göstərdiklərini bildirirdilər. Xüsusilə qaragözlü qız həm maraq dolu, həm də ürkək nəzərlərini Mayaya dikmişdi. - Saxlayın, düşək bunlarla söhbət edək, - deyə Maya xahiş etdi. Salman məmnuniyyətlə atın cilovnu çəkib yerə sıçradı və tez Mayanın qolundan tutub düşürdü. Maya birbaş qaragözlü qızı tuşlayıb getdi, qız durduğu yerdən bir addım geri çəkilsə də gözünü Mayadan ayırmadı. Uşaqlar bir az da kutlaşıb nə olacağını gözlədilər. Maya onlara yaxınlaşdı və gülümsənərək uca səslə? - Salam, uşaqlar! – dedi. Uşaqlar pıqqıldaşdılar, daha artıq bir diqqət və ehtiyatla Mayaya baxdılar, aralarından tək-tük səs çıxdı. - Adın nədir, ay qaragöz qız? – deyə Maya qızın başını sığalladı. Uşaqlar “hi,hi,hi,hi” açılışmağa başladılar. - Hi, hi, hi! Qaragöz qız. Qaragöz pərt olub tutuldu, gözünü Mayadan çəkmədən: - Kimin, mənim? – deyə soruşdu. - Hə, sənin, - deyə Maya ona ürək verdi, qız kirpik qırpmadan dedi: - Adım, Qaragözdür. Uşaqlar yenə pıqqıldaşıb gülüşdülər. Maya da özünü ələ ala bilməyib güldü və Salmana baxdı: - Özünə layiq adı var. Göyçək qız, bu oğlan sənin nəyindir? Qaragöz yenə soruşdu: - Kimin, mənim? - Hə, sənin. Qaragöz cavab verənə qədər uşaqların arasından cırtdana oxşar balaboy, girdəgöz, dörd-beş yaşlı oğlan boğazını uzadıb kəkələdi: - Qağasıdır. Maya, ayağından çarıq və dolaq, əynində boz köynək, başında qoyun dərisindən tikilmiş yekə papaq olan bu dilavər oğlana mehriban, təqdiredici bir nəzər salıb dəsmalını çıxartdı və Qaragözün qardaşına yaxınlaşdı. Burnunu silmək istədi, bayaqdan bəri Qaragözə daha artıq qısılıb altdan-altdan şübhəli nəzərlərlə Mayaya baxan uşaq birdən qışqırıb ağladı.Uşaqlar gülüşdülər.Maya da ucadan gülərək onu ovutmaq istəyirdi ki, alaçığın içindən zəif bir qadın səsi gəldi: - Qaragöz! Uşağı bura gətir, ağlatma. Uşaq əlini Qaragözün əlindən çəkib daha ucadan hönkürtü qopararaq, ayaqları dolaşa-dolaşa alaçığa getdi. Maya, Qaragözün başını sığalladı, alaçığı göstərdi: - O, sənin nəyindi? - Kimin, mənim? – deyə Qaragöz adəti üzrə soruşdu. Maya onun üzündən öpdü: - Adam sualı təkrar etməz. - Nənəmdir, kefi yoxdur, nasazlayıb, - deyərək qardaşının dalınca yollandı. Maya Qaragözün ardınca alaçıqların qabaq tərəfinə keçdi. Atı yedəyində çəkən Salman da onu təqib etdi. Onlar alaçıqların güneyinə çıxan kimi ağılların yanından iki iri köpək hay basıb bu tərəfə cumdu. Maya qorxub geri çəkilmək istəyəndə itlərin səsinə ağılın dalından tələsmədən iki adam qalxdı. Birinin bütün üzünü gecə kimi qara saqqal basmışdı, yalnız gözləri işıldayırdı. O biri xəd yeri təzəcə tərləyən gənc idi. Onlar Mayagili görən kimi cəld tərpənərək itləri hayladılar: - Ay it, ay it! Səs eşidən kimi itlər yavaşıdılar. Lakin ağızlarını göyə açaraq boğuq-boğuq hürməkdə davam etdilər. Gənc qaçıb onları geri döndərdi: - Alabaş, çəkil, çəkil deyirəm. Sifət və görkəmindən ferma işçisinə oxaşayan adamlar yaxınlaşıb salam verərək Salmanla görüşdülər. Tərəddüdlə Mayaya da əl uzatdılar. Maya onların soyuq və dərisi bərkimiş əllərini sıxdı. Qaragözün girdiyi alaçığın qapısını göstərərək , üz-gözünü tük basmış kişidən soruşdu: - Bu alaçıq kimindir? Çox tutqun və fikirli görünən kişi bir az da tutulub: - Bizimkidir, necə bəyəm? – dedi və öz sualından utanmış kimi əlavə etdi: - Buyurun içəri! Mayanın gözlədiyi də bu idi, nə isə qəribə bir həvəs onu içəri çəkirdi. Hələ ömründə çobanların yaşadığı alaçıqda olmamışdı, lakin birdən-birə içəri girmədi. Alaçıq sahibinin kim olduğunu bilmək istədi. - Adınız nədir? - Adımız Kərəmdir. Özü haqqında daim cəm halında danışan Kərəm olduqca sadə və təmiz bir adam təsiri bağışlayırdı. O, Mayanı bir də alaçığa dəvət etdi. Maya içəri girmək istəyəndə ayaq saxlayıb dayandı. Xeyli palçıq yığmış botisinə baxdı, silmək üçün göz gəzdirib bir şey axtardı. Onun fikrini başa düşən Salman tez uşaqlardan birinə üz tutdu: - A bala, o kötüyü bəri çək. Üç oğlan uşağı birdən balaca kötüyü qucaqlayıb alaçığın qapısına gətirdi. Maya ayaqlarının palçığını kötüyün qanlarına silənə qədər Salman kəhərin yüyənini boşaldıb, yanında ot və saman qalağı olan böyük bir daşa bağladı. Maya qabaqda olmaq üzrə hamısı alaçığa girdi. İçəri göz gəzdirən kimi Mayanın sevinci dağıldı. Sanki soyuq bir kədər ürəyinə dolaraq canını gizildətdi; alaçığın küncündə, kim bilir hansı zamanın yadigarı olan köhnə taxtın üstündə, nimdaş bir yataqda xəstə qadın uzanmışdı. Qadının ağarmağa başlayan saçları boynuna, açıq çiyinlərinə səpələnmişdi. Solğun üzü köpmüş və göy ləkələrlə örtülmüşdü, Yalnız çuxura düşmüş gözlərinin dərinliyində nə isə Qaragözün məlahətini andıran bir cazibə qalmışdı. Bayaq çöldə ağlayıb qaçan uşaq onun sinəsinə sığınaraq hıçqırırdı. Arvad zəif, titrək əliylə uşağın başını oxşayıb ovutmağa çalışırdı. Alaçığa daxil olanları gördükdə o, uşağı buraxıb yorğanın ucu ilə çiynini örtdü, qara, çit yaylığı ilə başını bağladı. Kənarda durub baxan Qaragöz tez qardaşını qucaqlayıb anasından ayırdı. Yenidən ağlamaq istəyən uşaq atasını görən kimi ürəkləndi və dartınıb Qaragözün qucağından düşərək onun yanına getdi, qıçından tutdu. Kərəm yavaşca əyilib oğlunu qucağına aldı, şəhadət barmağı ilə yanağındakı yaşı sildi və üzündən öpdü. Uşaq başını atasının çiyninə qoyaraq rahat olduqda Maya xəstəyə yaxınlaşmaq istədi. Bu zaman alaçığın qaranlıq küncündə qığıltı eşidib döndü və duruxmuş halda ətrafa göz gəzdirdi. Qığıltı kəsildi, harada isə körpə uşaq bağırıb ağladı. Qaragöz tez küncə qaçıb, ucları alaçığın iki tərəfində bərkidib asılmış balaca nənnini yellətdi. Lakin körpə sakit olmayıb bir az da bərkdən və aramsız ağladıqda, Maya o tərəfə gedib nənnini saxladı və gözlənilməz bir sevincdən özünü ələ ala bilməyib güldü: bələkli iki körpə baş-ayaq nənnidə yatırdı. Biri ağız-dodağını büzərək, nəfəsi gəlddikcə qışqırır, o birisi qığıldayırdı. Maya çığıran körpəni qucağına aldı, körpə səsini kəsib ağzı ilə Mayanın sinəsində nə isə axtaranda Qaragöz tez əmzik gətirdi və körpənin ağzına saldı. Uşaq gözlərini yumub iştaha ilə sordu. Maya Qaragözdən soruşdu: “Əkizdir?” Qız başıyla təsdiq etdikdə, Maya Kərəmə döndü: - Neçə aylıqdırlar? - Beş aylıq. - Adları nədir? Kərəm, əmzik soranın adının Hürü, nənnidəkinin isə Pəri olduğunu bildirdi. Qaragöz Kərəmin işarəsi ilə Hürünü Mayadan alıb nənniyə uzadaraq əmzik verəndə, Kərəm ona yaxınlaşdı, əmziyi aldı: “Yeri, çay qoy!” Qaragöz əmziyi verib alaçıqdan çıxdı. Kərəm körpələrlə məşğul oldu. Mayanın ürəyində üz-gözünü tük basmış, şalvarı və köynəyi yağlanaraq, qoyun iyi verən Kərəmə və onun bu soyuq alaçığa qısılmış xəstə qadınına, tumançaq oğluna, badamı qara gözləri bir dünyaya bərabər olan qızı Qaragözə, balaca Pərisi və Hürücünə nəhayətsiz bir məhəbbət oyandı. Alaçığın altında heç şey olmasa da, insanın ürəyini titrədən bir təmizlik və sədaqət vardı. Mayaya elə gəldi ki, əldən düşmüş, taxtın üstündə nimdaş və yamaqlı yorğan-döşəkdə uzanan bu xəstə öz doğma bacısı, öz doğma anasıdır. Yanında durub balaca oğlunu sinəsinə basmış Kərəm doğma atası, doğma qardaşıdır. Çay qoyub içəri qayıdaraq məsum-məsum üzünə baxan Qaragöz öz balasıdır. Yalnız bircə fərq var ki, onların yanında Maya çox sığallanmış, çox əzizlənmiş görünürdü, geyimi, görkəmi onların üst-başı ilə heç bir müqayisəyə gəlmirdi. Bu fərqi duyanda Maya özü özündən utanıb qızardı, həcalət çəkib müqəssir kimi başını aşağı saldı, sanki alaşığın hər küncündə ona ittihat oxuyub deyirdilər: “Niyə sən elə, biz belə?!” Mayanın bu halını Salmandan başqa heç kəs hiss etmədi. Yalnız Salman onun üzünün, gözlərin dəyişdiyini, xəfif bir kölgə ilə örtüldüyünü duyub belə güman etdi ki, alaçığa daxil olduğuna peşmandır, gördüyü mənzərə ürəyini bulandırır, tez çıxıb getmək üçün fürsət axtarır. Salman ona kömək etmək məqsədilə gülümsəyib yaxınlaşdı, ehmalca qoluna toxundu: - Günün batabat zamanıdır, tərpənsək pis olmaz, xanım qız. Maya qolunu çəkib təəccüblə üzünə baxdı: - Tələsəcək yerimiz yoxdur, - dedi və xəstəyə yaxınlaşdı, döşəyin ucunu qaldırıb balışının yanında oturdu və ona tərəf əyildi: - Haran ağrıyır, bacı? Görünür xəstə Mayanı həkim zənn etdi. Ümüd dolu gözlərlə üzünə baxdı. Güclə nəfəs ala-ala, zarıldayaraq dedi: - Gəldiyin yollara qurban olum, ay doktor. Mənə bir əlac elə! Əlim, ayağım od tutub yanır, elə bil ki, qızmar təndirin içindəyəm, alışıb yanıram. Atəşdən dilim-dodağım quruyub, dərdimə bir əlac tap, allah səni nəalac qoymasın. Maya özünü itirmiş halda, sualedici nəzərlərlə Kərəmə və Salmana baxdı. Kərəmdə Mayanı birinci dəfə görürdü. Onun su mühəndisi olduğu heç ağlına da gəlmirdi. Belə güman edirdi ki, rayondan göndərilmiş həkimdir, çünki üç gün əvvəl ferma müdiri xəstə haqqında kolxoz sədrinə məlumat vermiş, tez bir həkim göndərilməsini xahiş etmişdi. Maya Kərəmin də gözlərində: “əlac elə, ay doktor, sənin dərdin canıma, balalarımı anasız qoyma” sözlərini oxudu. Salmanın da çaşqınlığını görüb fikrən bu qərara gəldi ki, nə xəstəni, nə də çoban Kərəmi naümüd etməsin. Əlini xəstənin başına qoydu, doğrudan da arvad od içində yanırdı. Sonra nəbzini tutdu, ürəyi tez-tez döyünürdü. - Termometr varmı? – deyə Kərəmə döndü və cavab gözləmədən əlavə etdi: - Apteçkanı bura gətirin, qızdırma dərmanı vermək lazımdır. - Yoxumuzdur, - deyə Kərəm günahkar və ümidsüz bir səslə cavab verdi. - Necə yəni yoxumuzdur? Gecə-gündüz çöllərdə, yağışın, küləyin altında, palçığın içində, soyuq alaçıqlardasınız, apteçkanız da yoxdur? Bu zaman Qaragöz balacaboy bir adamı alaçığa gətirdi. Onun dalınca yenə iki nəfər içəri girdi. Onları görən çoban Kərəm azca özünü yığışdırıb yana çəkildi, yer verdi, Maya gözucu gələnləri süzüb daha ucadan: - Axı, belə biabırçılıq olarmı? Fermada nə termometr, nə dərman, nə dava tapılır. Bu necə fermadır? Çoban Kərəm canı boğazına yığılmış və təngə gəlmiş kimi gah Mayaya, gah Salmana, gah da yeni gələnlərə baxıb mənalı-mənalı dedi: - Nə bilim, ay bacı, mənim əlimdən nə gələr? Onun səsindəki acizlik Mayaya xoş gəlmədi: - Necə yəni nə gələr? Hər şey gələr! Öz haqqını, öz ixtiyarınıdamı istəyə bilmirsən? Hökümət, partiya fermalarda mədəni şərait yaratmaq haqqında dönə-dönə qərar çıxarıb, o qərarlar hər şeydən əvvəl sənə, sənin bu uşaqlarına aiddir. Onların yerinə yetirilməsini də tələb edə bilmirsən? Bu nə acizlikdir? Maya danışdıqca çoban Kərəm susaraq düz onun üzünə baxırdı. Balacaboy adam Salmana yaxınlaşıb pıçıltı ilə nə isə soruşdu və gözucu Mayanı göstərdi. Salman da pıçıltı ilə onun qulağına nə isə dedikdə balaboy adamın gözləri tutqunlaşdı. Qaragöz, qalın balaca stəkanlarda çay gətirəndə çoban Kərəm yapıncını yerə sərib adamları oturmağa dəvət etdi. Alaçıq boyu dövrələmə oturub Qaragözün verdiyi buğlanan çayı içməyə başladılar. Çoban Kərəm Mayanın qabağında özünü doğrultmağa çalışdı: - Aciz deyiləm, ay bacı! Əlimdən nə qələr deyəndə qəsdim başqadır. Gün doğandan gün batana, yay-qış dağda, çöldə, qoyun dalındayam, Macal eləyib göz aça bilmirəm ki, başqa işə də əl qatım. Dava-dərman gətirməyə də idarə var, sədr var. “Sədr” sözünü eşidən kimi Salmanı fikir apardı, gəlinin yanında Rüstəm kişini müdafiə etməyi özünə borc bildi. Axı, necə olsa gəlindir, görüb-eşitdiklərini gedib danışacaq. Rüstəm kişinin qulağına yaxşı bir söz çatsa kifayətdir, bu fikirlə Salman nəsihatəmiz bir əda ilə Kərəmə dedi: - Ay Kərəm yoldaş, axı, insaf da dinin yarısıdır, niyə hamısını idarənin üstünə atmaq. Deyir ki, səndən hərəkət, məndən bərəkət. Sən tərpənməyib acizlik göstərəndə idarə neyləsin, sədrin günahı nədir? Sədr də sənin kimi bir adamdır. İki gözü var, iki əli, iki də ayağı. Pambığa baxsın, taxılın dərdini çəksin, fermanı gözləsin? Gərək hər sahənin öz adamı hərəkətə gələ. Ferma müdiri müqəssirliyi heç cür üzərinə götürmək istəmirdi: - Salman yoldaş, məsəl var ki, avazın yaxşı gəlir, oxuduğun quran olsa. Sən də yaxşı deyirsən,tanımayan elə bilər ki, peyğəmbərsən. Neçə dəfə sənin gözünün qabağında idarəyə gəlib-getmişəm, hə, neçə dəfə? Günahın elə bir ucu da səndədir! Salman Kərəmlə bərkişməyən zərərli olduğunu hiss etdi, ayağını yavaşca dala atdı: - Mən demirəm ki, günahlar hamısı səndədir. Onu deyirəm ki, elə hamımızda təqsir var. Əslində baxsan, sən də desən haqqın var, lap söysən də haqqlısan, günah bizdə, idarə adamlarındadır. Biz də rayon qabağında məsələni bərk qoymamışıq. Demişik, deyiblər göndərəcəyik. Salıblar bu gün-sabaha, arxayınlaşıb oturmuşuq. Yoldaş Qoşatxandan xahiş edərik, rayona qayıdanda yadlarına salsın. Salman “yoldaş Qoşatxan” deyərək başını balacaboy adama döndərəndə Maya dərhal onun maarif müdiri olduğunu bildi. Rüstəm kişi neçə dəfə evdə oradan-buradan danışarkən bu adamı xatırlamış və hər dəfə “Tərsin biridir, dədəsinə güzəştə getməz” demişdi. Rüstəm kişinin sözləri qiyabi olaraq Mayanın ürəyində Qoşatxana qarşı namehriban bir duyğu oyatmışdı. Lakin bu soyuq alaçıqda ilk görüşdə, Qoşatxana birinci dəfə qulaq asandaca bu duyğular dağılıb getdi. Yerini mehriban hisslərə verdi. Salman Qoşatxanı özünə havadar etmək məqsədilə tez-tez ona baxır, hər sözünə onu şahid çəkirdi. Lakin sözünü qurtarmamış Qoşatxan onu məyus etdi: - Ermənilərdə yaxşı bir məsəl var, deyir ki, koxanın şahidi gizir olar. Ay yoldaş mühasib, mən gizir deyiləm, məni özünə şahid çəkmə. Get şahidliyə başqasını tap. Məni şahid çəksən deyərəm ki, hamı təqsir sizdədir. Tələb etmirsiniz, işin dalına möhkəm düşmürsünüz, axırı da belə olur. Elə güman edirsiniz ki, ferma işçisinin, çobanın, naxırçının canı yoxdur, ürəyi yoxdur. Soyuqda o, quru yerdə də yatar, soyuqdəyməyə də dözər, kinosuz, tamaşasız da keçinər, məktəb-kitab da lazım deyil. Salman səsini ucaltmadan, guya doğrudan da canıyanar səslə dedi: - Elə mən də onu deyirəm, yoldaş Qoşatxan. Mənim dediyim odur ki, ferma müdiri də gərək idarənin yaxasını tutanda, istədiyini almayınca əl çəkməsin. - A kişi, and olsun inandığımıza, neçə dəfə gedib gəlmişəm. Bax, bu mühasibin, o kolxoz sədri Rüstəm kişinin yaxasından yapışmışam, bir şey çıxmayıb. Rüstəm kişi. Bayırda kəhər kişnəyib ayağını yerə döydü. Salman Kərəmin cavabına qulaq asmayıb ayağa durdu, çölə çıxdı. Alaçığa ani bir sükut çökdü. Maya Kərəmin yapıncısını huşa gedən xəstənin üstünə atdı. Qoşatxan bir inildəyən xəstəyə, bir də Kərəmə baxıb tənə ilə başını buladı. Kərəm özünü doğrultmağa çalışdı. - Nə deyirik, hamısı qalır havada. Bilirəm, uşaqların dərsi cəhətdən də bizi danlayacaqsan. İnanın ki, məktəb söhbətini də etmişəm, demişəm ki, ay kişi, əlifbey oxumalı on beş uşağımız var, bir-iki araba ver, kömək elə qamışdan-zaddan daşıyım, bir dam qayırım, üstünü örtüm, uşaqlar oturub əlifbey vursun. Deyib get, göndərərəm, ha gözləyirəm, göndərəcək. Dəvədən böyük fil var, rüstəm kişidən böyük raykom var, xəbər versəydin Rüstəm kişini məcbur edərdilər. Axırıncı söz Qoşatxanın ağzından çıxmamış Rüstəm kişi və dalınca Salman alaçığa girdi. Rüstəm kişi nə üçün adının çəkildiyini soruşan, meydan oxuyucu bir nəzərlə Qoşatxana baxdı. Qoşatxan onun sual və təhdid dolu baxışlarını görmür kimi etinasızlıqla çayını içməyə başladı. Salman, kəhərin kişnəyib ayaqlarını yerə döyməsindən bilmişdi ki, Rüstəm kişinin boz atı fermaya yaxınlaşmaqdadır. Kəhər ancaq boz atın iyini duyanda belə kişnər və əlləri ilə yeri eşərdi. Rüstəm kişinin fermaya gəlməsi Salman üçün gözlənilməz idi. Onu cürbəcür fikirlərə saldı. Gecə Rüstəm kişi Salmangildə oturaraq, sığallanıb ətirlənmiş Naznazın açdığı təmiz səliqəli süfrə başında turşulu kələmdolamasını yeyib, məxməri çay içərkən Salmana tapşırmışdı ki, “sabah fermaya get, oradan qulağıma yaxşı xəbərlər gəlmir, deyirlər ki, ferma müdiri altdan-altdan həftədə beş-on qoyun akt eləyib ötürür içəri. Bir dəftər-kitablarına göz yetir, çobanlarla söhbət elə, təkbətəklikdə danış, gör nə deyirlər. Axı, od olmayan yerdən tüstü çıxmaz”. Rüstəm kişi onu da bildirmişdi ki, özü rayona gedəcək, həm təsərrüfat planlarında qərarlaşdırdıqları dəyişiklikləri razılaşdıracaq, həm də nə cür olsa Salmanı sədr müavini etmək haqqında raykomun razılığını alıb qayıdacaqdır. - Mühasibliyindən bir xeyir görmədik, görək müavinliyin necə olacaq, - deyə qarşıda oturub qulluq edən Naznaza göz vurub zarafatla sözünü bitirdi. Rüstəm kişi bu sözü məhz zarafat xatirinə, Salmanı özünə yaxın və inanılmış adam bilərək heç bir məqsəd güdmədən dedi. Salman isə bu sözdə başqa məna, gizli məqsəd olduğunu düşünüb barmağını dişlədi. “Ay dadbidad, gör sədrin könlündən nələr keçir, mən axmaq da gözümü döyüb durmuşam” deyib düşündü. - Nə qulluğun olsa hazıram, yoldaş sədr, başımı da istəsən qurbandı sənə, səndən suvay bizim kimimiz var. Naznaz zoğal mürəbbəsini balaca güllü nəlbəkiyə tökərək Rüstəm kişinin qabağına qoyarkən ətli-canlı bədənini titrədib təsdiq etdi: - Ay Rüstəm, qağamın dilinin-ağzının əzbəri sənsən. Oturur – səndən danışır, durur - səndən danışır, Rüstəm əmisiz bir günüm olmasın deyir. Atamızdır, hamımızın böyüyümüzdür. Amma mən bir şeylə razı ola bilmirəm. Mürəbbədən bir qaşıq ağzına qoyaraq, Rüstəm kişi maraqla soruşdu: - Nədən razı deyilsən, ay Naznaz xanım? - Ondan razı deyiləm ki, səni qoca yerinə qoyurlar, bunların adı cavandır, amma özləri kif iyi verirlər. Sənə əmimiz, atamız deməkləri gülməlidir, vallah, sən onlardan cavan görünürsən. Boyun maşallah çinar kimi, qolların pəhləvan qolu, döşünü versən qabağa dağ uçar. Sənin nəyin oldu əmi, ya ata. Rüstəm kişi hiss etmədən, Naznazın tərifi canına yayıldıqca doğrudan da özünü bir gənc qədər güclü, qüvvətli və yenilməz sayırdı: - Yox, ay Naznaz, necə olsa saçlarım çallayıb, qocalmışam, dövran bunlarındır. - Mən ki, səni yüz belə cavanlara dəyişmərəm, nər kimi durub-oturuşun var, adamın ürəyi titrəyir, sən qapıdan girəndə baxıram, elə bilirəm ki, tağın altında təzə xiyar görürəm. “Xiyar” sözü Rüstəm kişiyə xoş gəlmədi. Qaşqabağını turşudub düşündü: “Dədələr yaxşı deyib ki, özünü cavan yerinə qoyan qocada abır qalmaz. Deyəsən bu sığallanmış xanıma baxıb ağzımın suyunu axıtmağa başlamışam, axı. Yerə girsən, ay Rüstən, səkinə kimi arvad evdə oturub, sənin də gözün ona-buna baxır”. Rüstəm kişinin ciddiləşdiyini görən salman Naznaza göz vurdu, qız özünü yığışdırdı. Bundan sonra ancaq iş ətrafında danışdılar. Gecədən xeyli keçmiş, Rüstəm kişi durub gedəndə qaranlıq həyətdə Naznaz və Salman onu ötürdü. Hər ikisi ona hörmət göstərir, hətta naznaz özünü çox sadə, təmiz və həyalı bir qız kimi apararaq Rüstəmə əvvəlki kimi xoş təsir bağışlayırdı. - Səhər tezdən fermaya getmək yadından çıxmasın, axşam qayıdarsan, mən də rayondan dönərəm, görüşərik, - deyə rüstəm kişi Salmana tapşırdı. Salman: Baş üstə! – deyib onu həyətlərinə qədər ötürdü, geri qayıtdı, sevincdən gecəyarısına kimi yata bilməyib qarşısında açılan uolu necə keçmək haqqında planlar cızdı. Yalnız səhərə yaxın yuxuya getdiyindən tezdən ayıla bilmədi. Sonra da Mayaya başı qarışdığı üçün ferma müdiri haqqında hələ ki, heç bir məlumat toplamamışdı. Rüstəm kişinin gözlənilmədən fermaya gəlməsi ilə Salmanı təlaşa salan birinci səbəb bu idi. İkinci səbəb də Maya idi. Salman, Mayanı atın tərkinə alıb çölün düzündə o tərəf-bu tərəfə səyirtməklə necə ehtiyatsızlıq göstərdiyini yalnız indi, Rüstəm kişi ilə üz-üzə gələndə hiss edib duymuşdu. Rüstəm kişi cavan, gözəl gəlininin lap qardaşı oğlu ilə də ata minib dərə-təpəyə düşməsinə yol verməzdi. Bunu eşitsə yaxasından tutub: “ay binamus, adam da pirinə şıllaq atar, mənim gəlinimə kəc baxırsan? Dolaşmağa adam tapmadın!” deyə silkələyəcək, lap yaxşı ayaqda gözünün içinə tüpürüb buraxacaqdı. Pis ayaqda isə təpiyinin altına salıb kürd sümük oğurlamış köpəyi əzişdirən kimi əzişdirəcəkdi. Hər iki halda Salmanın şöhrət və mənsəb yolu birdəfəlik bağlanmış olacaqdı. Rüstəm kişi onu nəinki müavinlikdə, heç mühasiblikdə də saxlamayacaqdı. Bu qorxulu fikirlər ildırım sürətilə başına dolanda Salmanın beyni eyni sürətlə də çıxış yolu axtardı. Axtardı və tapdı. Tapan kimi də alaçıqdan çölə çıxdı və ağıllara yaxınlaşan Rüstəm kişinin qabağına getdi. Rüstəm kişi atın üstündə çox şax oturmuşdu və olduqca cüssəli görünürdü. Boz at nə qədər dəli olsa da, Rüstəm kişinin altında beşcə dəqiqə sonra yumşalıb muma dönərək ram olur, cilovu çəkilən səmtə gedirdi. Bu dəfə, görünür, Rüstəm kişi çox sürətlə gəlmişdi. Çünki atın dpşündən bığ çıxırdı. Rüstəm kişi ağılın qabağına çıxan kimi Salman cumub atın başını tutdu, Rüstəm kişi yerə sıçrayıb cilovu ona verdi, nə isə soruşmaq istədikdə salman ou qabaqladı: - Yoldaş sədr, nə əcəb maşınla gəlməmisən? Rüstəm kişinin kefi saz idi, görünür, rayonda işi düz gətirmişdi. - Ə-ə! Nə yöndəmsiz söz soruşursan: bu palçığa maşın salmaq olar? Müavinliyə belə başlasan, vay halımıza. Təbrik edirəm! Salmanın gözü işıqlandı, az qaldı Rüstəm kişinin əlindən öpsün: - Unutmaram bu yaxşılığı olən günəcən. - Amma zorla raykomu razə saldıq. İspolkom gəlib çıxmasaydı, baş tutan deyildi. Sanki Salmanın dilinin üstünə qənd qoydular, ağzı sulandı: - Kələntər lələş. Hallı oğlandır. - Hə, katibə dedi ki, Şirzad məsələsində mən güzəştə getdim, burada da sən gedəcəksən, vəssalam. Rüstəm kişi nə isə xatırlamış kimi düşündü, qaşlarını çatıb əlavə etdi: - Bura bax, bu başdan xəbərdar edirəm ha, sənin o Kələntər lələşindən çox da xoşum gəlmir. Özünü güdən adama oxşayır. Qabağında yağ kimi əriyib əlaltından yedirtmiş olsan, ölümünü gətir gözünə. Öz əlimlə boğazını armud saplağı kimi üzərəm. Bu xəbərdarlıq Salmanın ürəyinə qorxu saldı. Rüstəm kişini bütün şübhələrdən qurtarmaq üçün tez-tələsik dedi: - Məndən arxayın ol, Rüstəm dayı, Kələntər olmasın, lap dədədi olsun, sən duran yerdə məndən bir yumurta da qoparda bilməz. - Yaxşı yadında saxla, bir sözdür deyirəm, səni adam bilib etibar eləmişəm. Özümə yaxın saymışam. Qaraş necə, sən də elə. Başa düşdün nə dedim? - Sağ olun, allah həmişə sizin kimi dostların canını sağ eləsin ki, biz də sayənizdə bir tikə çörək yeyək. Rüstəm kişi elə indidən müavini itaətdə saxlamağı qərara aldı. “İnsana etibar yoxdur! – deyib düşündü. – Görürsən əli aşağı olanda quzu kimidir. Bir balaca ki, ayağı yer tutdu, könlündən ağalıq keçir. Elə ki, stolun dalında yerini möhkəmlətdi, başına beş-altı adam yığdı, yuxarıda Kələntər lələş kimi bir papaq eləyən gördü, birinci elə öz müavinim, bu Yastı Salman, məni burunlayacaq, çalışacaq itələyib salsın aşağı, dırmaşsın yerimə”. Bu fikirlə Rüstəm kişi Salmanın hər bir səhvini düzəltməyə ixtiyarı olduğunu və bu ixtiyarı əldən verməyəcəyini elə bu başdan ona hiss etdirmək istədi: - Ə-ə, ay müavin, allah nədir? Allaha da inanırsan? Salman çaşıb qaldı, bilmədi necə cavab versə sədrin xoşuna gələcək; dili dolaşa-dolaşa kəkələdi: - Evdə inanıram, idarədə yox, yoldaş sədr. Rüstəm kişi güldü: - Ə-ə, olmaz, ə-ə-ə. Sənə nə evdə inanmaq olar, nə də idarədə. Bu gündən sən vəzifə sahibisən, stol dalına keçirsən. Sovet stolu ilə o dədə-babadan qalma allahınkı tutmaz. - Baş üstə, yoldaş sədr, bundan belə, evdə də inanmaram. - Atı orada bir yerə bağla, bəri gəl görüm, bu qırılmışlar hardadır, niyə qabağa çıxan yoxdur? Salman tez atı ağılın yanında bağladı, qabağına ot töküb döndü: - Evdədirlər, yaman tünlükdür. Rayondan da gələn var. Bu sözü eşidən kimi Rüstəm kişi yerində dayandı. Olmuya fermanın söhbəti rayona da gedib çıxıb, yoxlama gəlib? - Gələn kimdir, ə-ə? - O maarif müdiridir, o iddiası yerə-göyə sığmayan Qoşatxan. Qoşatxan adı qulağına dəyəndə Rüstəm kişinin qanı qaraldı: - Daha göndərməyə adam tapmadılar. Bu demaqoqu yolladılar üstümüzə. Salman rüstəmin fikrini daraldan məsələni anlayıb onu təskin etməyə çalışdı: - Yox, deyəsən elə iş deyil. İstəyir, ferma uşaqlarını oxutsun. Maya bacı da onunla gəlib. Birdən fikrinə düşmüş bu söz Salmanda böyük bir yüngüllük yaratdı, lakin Rüstəmi fikrə saldı: - Ə-ə, nə Maya bacı, ə-ə? Yenə nə zəvzək-zəvzək danışırsan? Salman, Rütəm kişinin şübhəyə salıb işi dərinlətməyin özünə zərər verəcəyini düşünüb dedi: - Bir elə şey deyil, su idarəsindən çıxanda rast gəliblər, Maya bacı da arxlarla tanış olurdu. Çoban Kərəmin də arvadı lap ölüm yatağındadır. Ferma müdiri də içəridədir. - Bir şey öyrənə bilmisənmi? Salman “yox” deməkdən qorxdu: - Söz elə siz deyəndir, od olmayan yerdən tüstü çıxmaz. İşçilər arasında yaman pıç-pıç var. Deyəsən ferma müdiri əliəyridir. Rüstəm kişinin nəyi olsa əyriliyi yox idi. Çörəyini düz yeyən adam idi. Başqasının malına və xalq əmlakına əyri baxan adamları didib parçalamağa hazır idi. Buna görə də qızğın bir qəzəblə: - Mən onun əlini elə kəsim ki, qiyamətə kimi ufultusu canından çıxmasın, - deyib şikar üstünə cuman qırğı kimi alacığa yollandı. Lakin içəri girəndə Qoşatxanın ağzında öz adını eşidib durdu, bunu bədxahlıq bilərək bir anlığa ferma müdirini yanından çıxartdı və acıqlı gözlərini Qoşatxana dikdi. Onun saymazyana çay içdiyini gördükdə trubkasını çıxardıb tütünlə dolduraraq, ümumun gərgin diqqəti və sakitlik içində kibrit çəkib yandırdı, maarif müdiri ilə üz-üzə oturub tüstülədi. Nə isə demək istəyəndə xəstə zarıdı, nənnidə bu dəfə Pəri ağlamağa başladı. Qaragöz Rüstəmə çay gətirib, əmziyi götürərək qaçıb körpənin ağzına saldı, lakin körpə ovunmaq istəməyərək getdikcə ucadan ağlayanda Rüstəm kişi ayağa durdu: - Oturmağa yer tapmadınız, durun, çölə, sözüm var, - deyib cəld qalxaraq alaçıqdan çıxdı. Mayadan başqa hamısı onun dalınca alaçığı tərk etdi. Maya ayaq saxlayıb ayılmış xəstəyə təsəlli verdi: - Qorxma, bacı, bu gün sənə dava-dərman göndərərik. Səni sağaldarıq, - dedi və üstünü basdırıb ondan ayrıldı, birbaş Rüstəm kişinin yanına gəldi. Rüstəm kişi hələ qəzəbini boğub sözü haradan başlayacağını bilmədiyindən, trubkasını sümürüb ağıla tərəf yeriyirdi. Maya ona yaxınlaşıb qədəm-qədəmə yeridi: - Rüstəm əmi, - dedi, - arvad bərk xəstədir, həkim gətirmək lazımdır. - Axşam kənddən zəng edərəm, sabah rayondan həkim gələr, - deyə Rüstəm kişi dağınıq fikirlə cavab verdi. - Yox, sabah nədir? Heç bir saat da gecikdirmək olmaz, təcili yardım lazımdır, bəlkə də sətəlcəmdir. - Yaxşı, indi mən bu çölün düzündə həkim haradan tapım, yerdən çıxara bilmərəm ki? Kəndə qayıdanda zəng edərəm, - Mayanın kifayətlənməyib nəsə demək istədiyini gördükdə əlavə etdi, - qorxma, heç şey olmaz, fikrin şəhərlilərə getməsin, bunların canı bərkdir. Əlacı kəsilmiş Maya dolmuş halda: - At verin, özüm həkim dalınca gedəcəyəm! – dedikdə arxadan Qoşatxanın səsini eşitdi: - Narahat olmayın, yoldaş mühəndis. Uzaq başı bir saat sonra həkim də, dava-dərman da burada olar. Qoşatxan bu sözü deyib dala döndü və üstü brezentli “Qaz-69” maşınına yaxınlaşdı, şoferə müraciət etdi: - Bu saat, rayona sür, evə get! Mələkə de ki, durmayıb gəlsin, ağır xəstə var. Özü ilə nə lazımsa götürsün. Burada heç şey yoxdur. Başa düşdünmü? Deyərsən ki, xəstənin halı ağırdır, burada da heç şey yoxdur. Şofer “baş üstə” deyib maşınını işə salanda Qoşatxan bir də ona tərəf əyildi. - Deginən, burada onu gözləyirəm. Uşaqları qonşuya tapşırsın. Bəlkə gecəni qayıda bilmədik. Tez get, özün də ehtiyatla sür, gözlə palçığa batıb yolda qalmayasan. Şofer maşını işə salanda motorun qurultusu top gülləsi kimi Rüstəmin başında partladı. Maşın yataqdan uzaqlaşdı. Maarif müdiri bu tərəfə dönəndə Rüstəm kişi onun üzünü görməmək üçün cəld çevrilib quzular mələşən ağıla sarı hərəkət etdi. Çoban Kərəm, Salman və başqaları da o tərəfə yeridilər. Rüstəm kişi ağılın yanında durub diqqətlə hər tərəfə göz yetirdi, quzuların yeri bir az palçıq idi, xoşuna gəlməsə də, bir söz demədi. Ayağını qaldırıb qamış çəpəri adlayaraq, quzuların yanına keçdi, əyilib balaca, qıvrımtük, sarı quzunu qucağına aldı, tükünü tumarladı, başını sığalladı, yavaşca yerə qoydu. Görünürdü ki, fağırgözlü və daima mələşən bu heyvanlardan ləzzət alır. Ağılın ağzında yatan üç körpə quzuya yaxınlaşdı. Onlardan ikisi durub qaçdı. Üçüncüsü nə qədər çalışdısa, ayağa qalxa bilmədi. Rüstəm kişi onu götürüb boğazına, qartmaq bağlamış qıçlarına və qarnının altına baxdı, çənəsindən tutub axan gözlərinə nəzər saldı: - Naxoşdur! Zootexnik nə deyir? - Bir azarı-bezarı yoxdur, bir az zəif düşüb. Anası təpikləyir, süd vermir, - deyə çoban Kərəm izah etdi. - Təpikləyir, başını-kıçını tutun, öyrənənə qədər məcbur edin. Bəlkə getsə südəcər olar, yanıb qaralar, - deyə Rüstəm kişi yenə quzunun oyan-buyanını yoxladı. - Mən bilən azarı var. Bir də yaxşı-yaxşı baxın. Maya heyrət içində idi. Bir az əvvəl alaçıqda ölüm yatağında zarıyan dərd uşağın anasına qarşı kobud bir etinasızlıq görstərən Rüstəm kişi indi bir quzu üçün bu qədər yanırdı. Bunu nə ilə izah etməli, bu adamı necə başa düşməli? Maya ağır bir iztirabla bu suala cavab axtarırkən Rüstəm kişi Kərəmi sıxıb boğurdu: - Bəs bu palçıq nədir? Min dəfə deməmişik, bu quzuların yerini quru saxlayın? Yoxsa, sizə söz kar eləmir? Çoban Kərəm əlini qaldırıb nişan verdi: - Sabah quzuları təzə ağıla köçürəcəyəm. Bura xarabdır. - Sabah köçürəcəksən. Deməli, bu gün gərək su içində yatırdasan? Belə getsə yüz qoyundan yüz otuz yox, heç xəştad quzu da başa gəlməz. Nə vaxt insafnan işləyəcəksiniz? Qarnınızı, bir də boğazınızı güdməkdən, onun-bunun qiybətini etməkdən başqa peşəniz yoxdur. Çoban Kərəm Rüstəm kişinin nəyə işarə etdiyini başa düşsə də məsələni ağartmaq istəmir, səbr edirdi. Lakin Rüstəm sakit olmadı, zəif quzunu yerə qoyub çəpəni bu taya adladı, gözünü çoban Kərəmdən Qoşatxanın üstünə axıdıb dedi: - Kişinin sözü olanda adamın üzünə deyər, arvad kimi dalda qiybət qırmaz. Ferma müdiri bir az əvvəl alaçıqda Rüstəm kişinin adını çəkdiyi üçün onun tənəli sözünü öz üstünə götürdü, cavab verməkdə Qoşatxanı qabaqladı: - A Rüstəm, niyə kələ kötür söz deyirsən, dalınca danışanda səndən qorxub eləyən yoxdur ha, od olub bizi yandırmayacaqsan ki. Sən yum! – deyə Rüstəm kişi kobud tərzdə onun sözünü yarımçıq qoydu. – Sən yum! Sənnən ayrıca kəlam kəsəcəyəm. - Kəsərsən də sağ ol, kəsməzsən də. Hədə-qorxu niyə gərək? Hədə-qorxudan keçib. İslanmışın yağışdan nə qorxusu! - Nənən Telli kimi arı yeyib namusu atmısan dalına. Elə bilirsən ki, kolxoz qoyundur, sahibi yox, gündə bir akt eliyib yeyəcəksən, bəsdir deyən də olmayacaq, hə? Ferma müdiri arı sancmış kimi yerində dayana bilməyib irəli cumdu. Mayaya elə gəldi ki, o indicə Rüstəm kişinin üstünə atılacaq. Lakin müdir Rüstəm kişinin qabağında çiyinlərini çəkib silkinərək sanki hirsi üstündən atıb soyudu və təmkinlə cavab qaytardı: - Ay Rüstəm, sən kolxoz sədrisən, hər ixtiyar sənin əlindədir. Sözü niyə havaya sovurursan? Yalandan akt eləmişəm, əlində material var, şübhəyə düşmüsən, qəmisiyə göndər, nə cəzam var ver, yalan çıxar, başın sağ olsun. Acıqlanmaq, alt-üst danışmaq sənə yaraşmaz. - Yoxlayacağam, onu da eləyəcəyəm, arxayın ol! İndi mətləbim başqadır, deyirəm ki, kişi olan sözü adam üzünə deyər, arvad kimi dalda qiybət qırmaz. Bu cür həlləm-qəlləm yollarla camaat içində mənim nüfuzumu öldürə bilməzsiniz. Başa düşün, yoldaş maarif müdiri! – deyə Rüstəm kişi açıq hədə ilə birdən Qoşatxana döndü. Rüstəm kişinin yaşına layiq olmayan şəkildə xoruzlanıb kəkələnməsi Qoşatxana əvvəlcə pis təsir etsə də, getdikcə mənasız və gülünc görünməyə başlayırdı, hətta gülməyi də tuturdu: - Elə bil ki, sözü dedik lap bu gözünün içinə, nə faydası olacaq? Düz sözü eşitməyə qulaq gərək, yaxşını pisdən seçməyə göz gərək. İkisi də bağlı olandan sonra söz nə təsir edəcək? - Deməli, mən karam, koram? Bu qulaqlarım bağlıdır, bu gözlərim kordur, hə? - Bəli, ikisi də bağlıdır! İkisinə də pərdə çəkilib. Amma heç kəs çəkməyib, özün öz əlinlə çəkmisən, bağlamısan ikisini də! O pərdə yırtılmasa, sən çətin söz eşidəsən. Rüstəm kişi qollarını havada oynatdı: - Pah, pah, pah, bir az da dərindən get, ay maarif! Mənim gözüm çox gözlərdən yaxşı görür, qulağım hər şeyi eşidir. Bilirəm kimin avazı hardan gəlir. - Yox, bilmirsən, camaata bir az qulaq assan görərsən ki, hamı deyir: bəsdir, a kişi, özündən başqa da bu kənddə bir adam tanı! Bəsdir, hara baxdın, özünü gördün, hara döndün, öz səsin qulağına gəldi. Qurtar bu azardan özünü. Öldür səni içəridən qəmirən qurdu, bu mənəm-mənəmlik qurdunu. Rüstəm kişi qızarmış halda üzünü o birilərə tutdu: - Evin yıxılsın, bəzi adamları doğan ana. Dil deyil, tülkü quyruğundan uzundur! - Səriştəni yaman itirmisən, Rüstəm kişi, mən özümə borc bilirəm sənin yadına salam ki, çox tünd getmək yaxşı deyil. Sirkə nə qədər tünd olsa, öz qabını çatladar. - O məsəl sənin kimi dilotu yemişlərə aiddir, bala, mənə yox. Gəlmisən fermaya, iş gör. Gəzet oxu, kitab oxu, çoban-çoluq da bir fayda görsün, durub qiybət qırma! – Rüstəm kişi birdən sözünü kəsib durdu və üzünü kənara tutdu: - Mən də gör kimə nə deyirəm. Qozbeli qəbir düzəldər, - dedi və çarx kimi hərlənib qəribə bir maraqla qulaq asan Salmana döndü: - Atı ver gəlinə, özün bir şey tapıb gələrsən. Elə bu gün qayıt kolxoza, sabah fermaya komissiya göndərəcəyəm. Rüstəm kişi boz atın üzəngisinə ayaq qoyanda Maya dönüb ferma işçiləri ilə görüşdü, Qaragözün əlini sıxdı, sonra qucaqlayıb öpdü və birdən nə isə düşünərək boynundakı ipək yaylığı açıb onun başına bağladı. Ciddi və bir az tutqun nəzərlərlə bu mənzərəni seyr edən Qoşatxanın əlini sıxdı, yavaşca pıçıldadı: - Sağ olun, çox sağ olun! Çoban Kərəm və Salman ata minməkdə Mayaya kömək etdilər. Maya yəhərə oturub cilovu çəkməmiş, kəhər yerindən sıçradı, özünü palçığın içinə atdı, başını silkələyib dal ayaqlarını qaldırdı. At, naşı minicini üstündə saxlamaq istəmirdi. Mayanın kağız kimi ağardığını görən çoban Kərəm və Salman tez qabağa qaçıb atın başını tuta bildilər. Salman sualedici nəzərlərlə Rüstəm kişiyə baxdı. Rüstəm kişi ona acıqlandı: - Nə mal kimi gözünü döyürsən? Gəlini al tərkinə, sür gəl! Salman elə bunu gözləyirmiş kimi tələsik yəhərin belinə qalxdı. Atlar qoyun qışlağından uzaqlaşanda qaş qaralmağa başlayır, sürülər çöllərdən yanıqlı-yanıqlı mələşən quzuların səsinə ağıllara tərəf yığışırdı. 4 Mayanın gəlməsi ilə Rüstəm kişi ailədə yeni vəziyyət yarandığını, daha doğrusu, qayğı və dərdlərinin artdığını duymaqda idi. Bu hal ona qətiyyən xoş gəlmir və içərisində bir narazılıq oyadırdı. Qaraşla Pərşan körpə olanda Rüstəm kişi və Səkinə vaxtın tez gəlib keçməsini, onların tez böyüməsini arzu edərdilər. Ata və anaya elə gələrdi ki, yaşa dolduqca uşaqların ailəyə gətirdiyi sevinc artacaq, dərd və qayğı azalacaqdır. Doğrudan da yaşlandıqca Qaraş və Pərşan Rüstəmin ocağına unudulmaz bir sevinc, xoş bir şadlıq gətirmişdi, lakin dərd və qayğı da azalmamışdı: demə uşaq böyüdükcə dərdi-səri də böyüyərmiş! Körpə yaşlarında uşaqlardan birinə soyuq dəyəndə və ya hansı səbəbdənsə bir yeri ağrıyanda ata və ana bərk həyəcana düşər, “çətini ayağı yer tutana qədərdir, ayağı ki, yer tutdu, fikir yoxdur”, deyə bir-birinə təsəlli verərdilər. lakin ayağı yer tutanda, böyüyüb məktəbə gedəndə, hətta məktəbi qurtaranda belə əvvəlki qayğılar sovuşub getmişdisə də, yeniləri meydana çıxmışdı. Onda ata-ana belə kəsdirmişdi ki, övlad böyüyüb ev-eşik sahibi olanda daha heç bir qayğıları qalmayacaqdır. İndi Rüstəm bu ümidin əbəs olduğunu görür və narazı halda fikrə gedirdi. Əlbəttə, Rüstəm kişi bunun səbəbini anlayacaq halda deyildi. Ona elə gəlirdi ki, hər şey təsadüfən, övladın və gəlinin yaxşı, pis, üzüyola və ya dikbaş çıxmasından asılıdır. Qaraş üzüyola, başıaşağı, söz qaytarmayan, həlim xasiyyətli idi. Belə adama gərək özü kimi yumşaq və iddiasız arvad tapasan. Dilli-başlı, zirək və qabağından yeməyən arvad beləsinin boynuna minib hara istəsə sürəcək. Rüstəm kişi bu fikirlərlə Mayaya göz yetirəndə təşvişə düşməyə başlayırdı. Qorxunu törədən səbəb o idi ki, Maya çox gözəl idi, nəinki kənddə, heç bütün Muğanda bu gözəllikdə qız görünmürdü. Gündən-günə də parlayıb açılırdı, gəlinlik ona yaman düşmüşdü: hər gün yatağından gözəlliyinə bir fəsil də artırıb qalxırdı. Rüstəm kişini qorxudan əsas səbəb bu deyildi, bununla bağlı olan başqa şeydi: belə gözəl gəlin sadəcə ev arvadı olub qalsaydı, göydəndüşmə olardı. Bəla orasında idi ki, Maya heç qaxılıb evdə oturana oxşamırdı. Üz-gözündən başqa həvəs yağırdı, hər şeylə maraqlanır, hər şeyi tez qavrayır, düşünüb fikir verir, canlılıq göstərirdi. Sənəti də elə sənət idi ki, onu daima camaat içinə çəkəcək, müxtəlif adamlarla üz-üzə gətirəcək, müxtəlif işlərlə qarşılaşdıracaqdı. Bir də gördün ki, səsi iclaslardan, plenumlardan gəlir. Çəkiblər cürbəcür işlərə, “aktiv” eləyib salıblar ortalığa. Oradan bir acgöz, buradan bir acgöz dikilib üzünə, birinə baxmadı, ikisinə baxmadı, axır necə olsa arvaddır, görəcəksən bir yerdə gözü axıb xumarlandı, namus əldən getdi. Belə düşünəndə Rüstəm kişi tanıdığı fəal qadınları nəzərinə gətirirdi. Onların içində Maya kimi təcrübəsiz və kənd şəraitinə nabələd bir nəfər də yox idi. Onun Qoşatxanla birlikdə fermaya gəldiyini Salmandan eşidəndə Rüstəm kişinin bu şübhələri artdı. Deməli, hələ işə başlamamış başının üstünü alıblar. Rüstəm kişi gəlinin Qoşatxanla xüsusi hərarətlə əl verib ayrılmasına da gözucu nəzər saldı. Doğrudur, o zaman bir söz demədi, belə yüngüllüyü özünə ar bildi. Lakin bu hadisə də təlaşlı duyğularını gücləndirdi: “Axı, fermada nə ölümün var? – deyib düşündü. – Su mühəndisisən, get arxa bax, kanala bax, səni maarif müdiri ilə çöldə, dərədə nə azar vurub? Yox, vaxt ikən cilovu çəkilməlidir. Yoxsa baş alıb gedər, qabağını kəsmək olmaz. Qaraş da mal kimi bir şeydir, hay eləyib başa düşənə qədər görəcək ki, iş-işdən keçib. Necə olsa camaat içində mənim abrım gedəcək, deyəcəklər Rüstəm kişinin gəlini gönü verib suya”. Bu fikirlərlə o, boz atı mahmızlayıb qabaqda səyirdir, ara-sıra dönüb dala baxaraq, kəhərin gəldiyini görüb arxayınlaşırdı. Bu arxayınçılığa səbəb o idi ki, bir dəfə də Salmanı Maya ilə danışan görmürdü. Sanki salman daş heykələ çevrilib atın yalına yatmışdı. Maya düz oturmuş, sağ əliylə yəhərdən yapışmışdı. Rüstəm kişiyə elə gəlirdi ki, Salman Mayaya heç vaxt əyri baxa bilməz. Əvvəla ona görə ki, cəsarət etməz, haqq-salamı və yaxşılığı itirməz, ikinci də ona görə ki, Pərşanda gözü var, bizimlə qohum olmaq istəyir. Mayanı pis və azdırıcı gözlərdən qorumaq üçün Salman kimi adamlardan dövrəsində hasar yaratmaq ona çox ağıllı göründü. “İki-üç il saxlaya bilsək, havası yatacaq, ev-uşaq sahibi olacaq, ocağa bağlanacaq, adamları tanıyıb ehtiyatlı tərpənəcək, onda bəlkə elə özü çöllərdə ayaq döyməkdən əl çəkdi, işləsə də idarədə, stol dalında bir iş taparıq”. Bu saat fikrindən keçsə də Rüstəm kişi gəlinə “işləmə deməkdən” çəkinirdi, hiss edirdi ki, evdə tufan qoparmaq üçün bircə bu kəlmə bəsdir. Səkinə də, Pərşan da, Maya və Qaraş da haray qaldırıb ona gülərdilər. İndi əlac ancaq buna qalırdı ki, göz-qulaq olmaq, gəlinə və Qaraşa birgə yaşamağın, namuslu ailə yaratmağın təhrini öyrətmək. Bütün bu mülahizələrində naqis bir cəhət olduğu və buna görə də öz yükünü çox ağırlaşdırdığı Rüstəm kişinin heç ağlına da gəlmirdi. O, Maya və Qaraşa körpələr kimi hamilik etdiyini duymurdu. Duymurdu ki, onların öz həyatı var, məhəbbət və sədaqət haqqında öz düşüncələri, öz təsəvvürləri var. Ancaq şəxsi təcrübə və hissiyyatları gələcək səadətlərinə əsas ola bilər. Bunları duymadığı üçün Rüstəm kişi onların həyatının hər nöqtəsini müəyyən etməyi özünə borc bilirdi. Qaraşı çox fağır, çox üzüyola sayması isə Rüstəm kişinin bu fikirlərini daha da dərinləşdirirdi. Oğlunun səadətini qorumaq üçün Salman kimi adamları işə qoşmaq fikrinə gətirib çıxarırdı. Rüstəm kişi Salmanı cavan da olsa, gözüaçıq, iş bacaran, yaxşını pisdən ayırd edən bir adam sayırdı. Onu özünə müavin etməklə yanılmadığını düşünür, evinə, ailəsinə daha da yaxınlaşdırmaq qərarına gəlirdi. Bu zaman Salman da Rüstəm kişi və Maya haqqında düşünürdü. O, fikrən Kələntər lələşə və Rüstəm kişiyə borclu olduğunu səmimi surətdə etiraf edir, ömrü boyu beləcə - hara çəksə dalınca gedəcəyinə and içirdi. Rüstəm kişinin rayona qədər gedib onu özünə müavin təyin etdirməsi ürəyini yaman naziltmişdi: “Ölən günə kimi ata deyib, ətəyindən tutacağam. Rüstəm dayı, sən ki məni belə ucaltdın, sağ ol, öl desən öləcəyəm, qal desən qalacağam”. Bu saat Salmanın üzdəki düşüncələri belə idi. Lakin dərinlərdə onun özündən də gizlənmiş fikirlər, hisslər yatırdı. Onlar qeyri-iradi olaraq Salmanı ayıq tərpənməyə məcbur edirdi: hər şeydə Rüstəm kişiyə xoş gəlməyə çalışır, qulağını oxşayan sözlər danışmağa cəhd edirdi. Bu fikirlər torpağın altında qaynayan bulanlıq, odlu-qazlı lehmə kimi çox yavaş-yavaş, lakin əsaslı surətdə yuxarı qalxmaqda idiş Salmanın əsil varlığı ancaq bu cür fikirlərdən və hisslərdən ibarət idi. Ona “Rüstəmin ətəyindən bərk tut” deyən də bu fikirlər idi. “Pərşanı al” deyib pıçıldayan da onlar idi. Salman Pərşanı sevirdimi? Özü də bilmirdi. Elə buna görə də zarafatyana tez-tez deyərdi: - Evlənmək bir şey deyil, ancaq nə etməli, dəb düşüb, gərək bir arvad alasan. Salman sevgi nə olduğunu bilmirdi. Hələ Pərşanı görəndə bir dəfə də ürəyi titrəməmişdi. Pərşansız keçirdiyi dəqiqələr onu boğmamışdı. Pərşan haqqında şirin və iztirablı xəyallara dalaraq tək-tənha gəzməmiş, saatlarla büllur göylərə baxıb, hər ulduzda Pərşanın oynaq gözünü, təzə çıxan ayda onun surətini görməmişdi. Çöllərin sərin havasında onun nəfəsini duymamış, yazda təzəcə çiçəklənən ağacların budaqlarından onun saçlarının ətrini bihuş olmamışdı. Pərşanı itirmək qorxusu ilə bir dəfə də gözləri yaşarmamışdı. Pərşanla evlənmək fikrinə düşmüşdü, çünki kolxoz sədrinin qızı idi. Yaxşı adları-sanları vardı, onun kölgəsində rahat yaşamaq, ucalmaq olardı. Salman Maya haqqında da düşünürdü. Bu düşüncələr onu nədənsə narahat edir, qorxuzurdu. Qəribədir, nə qədər zarafat eləməyə çalışsa da, adi məzhəkəçi kimi tərpənməyə cəhd etsə də, Mayanın yanında elə bil ki, əli qızmar dəmirə toxunurdu. Elə bil ki, dilinin üstünə odlu noxud atırdılar. Bu hissin qorxulu olduğunu biləndə Mayanı düşünməməyi, ondan qaçmağı qərara aldı. Həm də bu saat, Rüstəm kişinin heybətli, əzəmətli vücudu gözünün qabağında durduğu və Maya tərkində olduğu zaman belə qərar verdi. Mayanın nəfəsi kürəyini yandırıb içərsisnə dolaraq huşunu başından çıxardıqca, ona rast gəldiyi dəqiqəyə lənət deyir, səhər atın tərkinə alıb fermaya gətirdiyi, yolda şücaətini ona göstərərək tülkünü məhv etdiyini üçün özünü söyürdü. Xüsusən fermadan ayrıldıqları ilk dəqiqələrdə, Rüstəm kişinin tez-tez dönüb dala baxdığı dəqiqələrdə belə Salman qızdırma içində idi. Rüstəm kişini şübhəyə salmaq, acıqlandırmaq fikri onu didib-dağıdırdı. Lakin sədrin baxışlarında heç bir narazılıq görmədikdə bir az rahat oldu. Xeyli sonra, Rüstəm kişi qətiyyən dala çevrilmədən getdikcə, Salmanın fikirləri də dəyişdi. Dərinlərdə qaynayan lehmə üzə çıxdı: “Ay axmaq, nədən qorxursan, Rüstəm kişi ağlı gözündə olan bir adamdır. Gözünü qamaşdır, işini gör, qızını al, gəlininə əl at, malına sahib ol. İnsafdır ki, Maya kimi dadlı, lətif bir meyvə Qaraş kimi maymağa qismət olsun, sən də ağzının suyu axa-axa durub baxasan! Gəlin də suyu şirin şeyə oxşayır. Şəhərdə böyüyüb, bizimkilər kimi bərk olmaz. Bir az sonra Qaraşdan doyanda, onun içiboş bir surət olduğunu görəndə gözü o tərəf-bu tərəfə baxacaq. Onda mənim meydanım açılar. ” Çöllərin zəyalı oynadan sərin havasını udaraq, Maya da düşünürdü. O da Rüstəm kişi və Salman haqqında düşünürdü. Rüstəm kişi böyük bir dağdan qopub yol ağzına düşmüş, ucu sivrim-sivrim, əyri-üyrü ağır qaya parçasına oxşayırdı. Onun bütüb varlığı üzündə və hərəkətlərində əks etmişdi, içəridə gizlin heç bir şey yox idi. Bəs, nə üçün adamda bir vahimə oyadır, çox zəhmlidir? Məclisində oturanda adamın ürəyi darıxır, elə bil ki, nəfəs almağa hava çatmır. Səkinə yazıq bununla necə ömr edib? Yaman da məğrurdur, deyəsən maarif müdiri bunu yaxşı tanıyıb: hara baxır, özünü görür, hara dönür öz səsini eşidir. Doğrudan da qəribədir, insan nə qədər özünə vurula bilərmiş, yerişi də, oturuşu-duruşu da deyir ki, “çəkilin, gələn mənəm!” Ferma müdirinə necə qışqırdı: “Sən yum!” Aman allah, bir sözə bax, bir rəftara bax: “sən yum!” Söz ağzından çıxanda elə bil vulkan püskürdü, elə bil qabağında duran adam deyil, bir daş parçası, bir yük heyvanı idi. Hələ çoban Kərəmin arvadı haqqında nə dedi: “Qorxma, heç şey olmaz, bizimkilərin canı bərkdir!” Halbuki ölüm arvadın üstünü almışdır, ən təcili yardım lazımdır ki, onu xilas edəsən, bu isə etinasızcasına deyir: “Qorxma, heç şey olmaz”. Əslində isə deyir ki, ölsə də ölsün, nə olacaq, dünya dağılmayacaq ki. Yox, çox ağır adamdır. Maya institutun bağında gördüyü yüzillik ağacı xatırladı. Rüstəm də budaqları qırılmış, yarpaqları tökülüb keçəlləşmiş, yalnız yekəpər canlı gövdəsi qalmış bu ağaca oxşayır, hər tərəfini lay-lay, çatlaq-çatlaq qalın qabıq basmışdır. Qoca bağban payızda dəhrə götürüb bu qabığı qaşıdı, altında yuva salmış qurd-quşdan təmizlədi. Canlı, təmiz gövdənin üstünü açdı ki, ona hava dəysin, günün işıqları içəri işləsin. Nəticədə möcüzə baş verdi. Yaz olanda ağac cavanlaşdı, təzə budaq verdi, təzə yarpaq aşdı. Ancaq bunu kim edəcək, kim bacaracaqdı? Bəlkə Salman bacara? Burada Mayanın fikri ümumiyyətlə Salmanın üstünə gəlirdi. Bu adam tamamilə Rüstəm kişinin tərsinə idi – gənc, üzügülər, hamıya qulluq etmək istəyən, xoşxasiyyət! Bir neçə belələri ilə dost olub birləşsək, kənddə çox iş görmək olar – işıq gətirmək, suduruldan tikmək, evlərin qabağına səki çəkmək, yaxşı klub tikib gecələri orada maraqlı əyləncələr düzəltmək. - Salman yoldaş, nə üçün kəndimizdə işıq yoxdur? Lampa işığına oturanda lap qədim zamanlar yadıma düşür. Özü də yüksək gərginlik xətti Mingəçevirdən uzanaraq kəndin böyründən keçib gedir. - Gəlin xanım, kəndimizdə çox şey yoxdur, hamısına da günahkar özümüzük. Birinci lazım olan da işıqdır. Elektriksiz indi yaşayış, yaşayış deyil. Sizə söz verirəm ki, uzaq başı iki-üç aya kəndə işıq çəkdirəcəyəm. - Niyə bəs bu vaxta qədər çəkilməyib? - Bilirsinizmi, gəlin xanım, dalına düşsən hər şey düzələr. Başına buraxdın, bir ağac da bitməz. Kəndə işıq çəkmək üçün bir az zəhmət, bir az da təşəbbüs lazımdır. Rüstəm dayının başı qarışıb təsərrüfat işlərinə, böyük kolxozdur, ora qaçır, bura qaçır. Neyləsin, o yazığın da bir canı var. Təsərrüfatdan tutur, başqa bir cəhət axsayır, indiyə qədər köməkçisi olmayıb, bundan sonra düzəldərik. Fəaliyyətimi elektrik işığından başlayacağam. Təşəbbüs səndən, gəlin xanım, zəhmət məndən, qoy kəndimiz işıqlansın! - Mən özüm də zəhmətə hazıram. Bir şey təşkil etmək, bir yerə getmək lazım gəlsə çəkinməyib deyin, məmnuniyyətlə yerinə yetirərəm. İctimai vəzifə kimi. Görünür onların danışdığını hiss edərək Rüstəm kişi boz atın başını çəkdi, ləngiyib atlar yan-yana düşüncə gözlədi: - Hə, nə danışırsınız? Salman ürəyində dedi: “Kişinin dalda da gözü var, qazdan ayıqdır”. - Rüstəm dayı, gəlin xanım kəndimizin abad olmaqəndan danışır, elektrik işığından yana söz soruşdu. - Olacaq, elektrik işığımız da olacaq. Hər şeyin başı təsərrüfatla bağlıdır, var-gəlir oldu, hər şey olar. Deyir ki, acın duası dərgaha çatmaz. Kolxoz elə şeydir ki, əvvəl gərək təsərrüfatını möhkəmlədəsən. Elə ki, iki-üç milyon bankda pulun oldu, işıq gələcək, yaraşıq da düzələcək. Bu vaxta qədər fikrimi vermişdim təsərrüfata, bundan belə o biri şeylərə də əl qatmaq olar. Özüm də tək idim, deyir ki, allah dağı da tək eləməsin. - Elə Salman yoldaş da onu söyləyirdi, - deyə Maya təsdiq etməklə Salmanı çox sevindirdi. Çünki belə şeylər Rüstəm kişinin ona olan inamını artıracaqdı. - Haqq sözdür, deyirəm. Bütün camaat bilir ki, kolxozumuzu dirildən Rüstəm dayıdır. - Yaxşı, yaxşı! Sən də Yatməmməd kimi ətimizi tökmə görək, - deyə Rüstən kişi Salmanın ağzından vurdu, - bura bax, fermanı yoxlamağı kimə tapşıraq? Bir az dişli-başlı adam olsun, ey! Yoxsa bu çoban Kərəm elə basdırar ki, bir çöp də tapmaq olmaz. - Lal Hüseyndən möhkəm adam görmürəm. Axtaracaq, lap iki il qabaq şişə çəkilən quzunun sümüyünü tapıb çıxaracaq ortalığa. Çoban Kərəm, onun xəstə arvadı və körpə balaları yenidən Mayanın gözündə canlandı, Rüstən kişinin ona olan qəzəbini yumşaltmaq arzusu ilə: - Ferma müdiri əliəyri adama oxşamır, - dedi. Gəlinin işə qarışması Rüstəm kişini acıqlandırdığından, ona etiraz etməyib, qəti səslə dedi: - Kəndə qayıdan kimi Lal Hüseyn, təftiş komisyonu üzvlərindən də ikisini çağır, qoy fermanı yoxlamağa başlasınlar. Adsız kağızı da evdə sənə verərəm, uzatmasınalr, beş-on günə qurtarsınlar! - Baş üstə! Ayrı-ayrı kənd evlərinin pəncərələrində zəif sarı işıqlar görünməyə başlayanda Rüstəm kişi yenə boz atı qabağa sürdü. Onlar kəndə girəndə evlərin qabağında durmuş tək-tək adamlar təəccüblü gözlərlə baxıb pıçıldaşdılar: - Ə-ə, ona bax, adam gözünə inanmır. Salman Rüstəm kişinin gəlinini alıb tərkinə. - Gəlin deyil ha, kasıb evinin dövləti – yaraşığıdır. - Beləsi girən otağa çıraq lazım deyil. Atlar eyvanlı həyətə yaxınlaşmamış it hürdü, qabaqda Rüstəm kişini gördükdə quyruğunu bulayıb yerinə qayıtdı. Səkinə ilə Pərşan eyvanda göründü. Yenə kefi saz olan Pərşan çəpik vuraraq atılıb düşdü: - Vallah, dədəm at üstündə oturanda elə bil Koroğludur, nənəmin ağlı başından çıxır. Səkinə onun qolundan dartdı: - Az danış, ay dilinə yara çıxmış. Pərşan anasını buraxıb, çöldən təzəcə qayıdaraq, hələ yuyunub rahatlanmadan bağçada nə isə əkən Qaraşı aldı: - Ay qağa, gözün aydın. Maya bacım gör nə yaxşı at minir. Lap kəndçi qızından betər. Yedəkçisi də Salmandır. Yastı Salman. “Yastı Salman” sözünü ucadan, qəhqəhə ilə deyib eyvan aşağı həyətə cumdu. Mayanın qolundan tutub atdan düşməsinə kömək etdi, Qaraşa döndü: - Tez gəl, ey, bunlar sənin işindir, tərpən yerindən. Maya atdan düşdü, onu qucaqlayıb öpdü və bağçaya, Qaraşa tərəf getdi. Qolları çirməkli, əynində sırıqlı şalvar və göy üst köynəyi olan sağlam, iri gövdəli Qaraş belləyib düzəltdiyi böyük bir ləkə nə isə basdırırdı. Maya yaxınlaşıb salam verdi: - Soğan əkirsən? Çöməltmə oturmuş Qaraş altdan yuxarı ona: Yox, gül əkirəm, zanbaq gülü, - dedi və qalxıb bu gülün soğanını ona göstərdi. – Qoy öz bağçamızda olsun. Mayaya elə gəldi ki, bir dünyanı ona bağışladılar, gənc ərinin bu diqqət və həssaslığı ürəyinə o qədər təsir edib, xəyalını o qədər oynatdı ki, həyətdə olduqlarını unutdu, özünü saxlaya bilməyib nəhayətsiz dərəcədə mehriban və munis nəzərlərlə üzünə baxan qaraşın boynuna sarıldı, üzündən öpdü və yalnız Qaraş yavaşca onun qolunu boynundan çəkəndə ayıldı, həyətdəki adamları, xüsusən Rüstəm kişinin heybətli vücudunu görüb həya etdi, özünü itirərək pişik kimi pillələri dırmaşıb yuxarı qaçdı. Boz atın cilovunu Salmana verib otağa yollanan Rüstəm kişiyə gəlinin bu hərəkəti xoş gəlmədi, bulud kimi tutulub qaraldı, yerində durub əliylə Qaraşı yanına çağırdı. Pərşan pis bir tənbeh gözləyərək qorxub ahasının qoluna qısıldı, atları yedəkləyib tövləyə çəkən Salman ayaq saxlayıb çəpəki bu tərəfə baxdı. Rüstəm kişi bir anda coşub bütün günü içərisində qaynayan şübhə və dəğdəğəni çölə tökdü: - Bala, sən mənim çörəyimi yemisən, bu ananın südünü əmmisən, bəzi xanımlar kimi çöldə-bayırda sahibsiz böyüməmisən. Nə dədəsi məlumdur, nə nənəsi! Vaxt ikən cilovunu bərk yığışdır, sonra gec olar! – dedi və hamını mat-məttəl qoyub otağa keçdi. 5 Qaraş yerində donub iztirab dolu gözlərlə lal-dinməzcə atasının dalınca halda, bi biri otaqda Mayanın hıçqırıqlarını eşitdi. Yavaş-yavaş, ayağının birini götürüb o birini qoyaraq irəlilədi. Lakin Səkinə və Pərşan yerlərindən sıçrayıb ondan qabaq içəri girərək, mütəkkəli taxta yıxılıb ağlayan mayanı qucaqladılar. Qaraş astanaya çatanda yanında bir hənirti duyub çevrildi, qolundan tutmaq və onunla birlikdə mayanın otağına girmək istəyən Salmanı gördükdə gözləri anlaşılmaz bir qəzəbin alovu ilə yandı. Salmanın yaxasını əlində bürmələyib elə itələdi ki, az qaldı eyvan aşağı yuvarlansın. Salman səndələyərək eyvanın məhəccərinə söykənib bir təhər özünü saxladı. Qaraşa baxmadan yaxasını hamarladı, özünü düzəltdi, gülümsəyərək Rüstəm kişi olan otağa getdi. Qaraş içəri keçdi, günahkar kimi çarpayının dəmirinə söykənib durdu. Maya başını Səkinənin sinəsinə qoyaraq uşaq kimi köyrəlib kəsik-kəsik danışırdı: - Dünyada heç kəs göbələk kimi yerdən çıxmır. Hamının atası var, hamını ana doğub, hamı üçün ata-ana əzizdir, mənim ata-anamın günahı nədir ki, taleləri ağır oldu. Mənim bu günümü görmədilər, gəlin vaxtımda anam üzümə şam tuta bilmədi, atam xeyir-dua verə bilmədi. Məgər bu onların günahıdır? Gözlərinin yaşı girdim-girdim yanağından süzülən Mayanın əllərini Pərşan ovcuna sıxıb oxşayır, Səkinə başını sinəsinə sıxaraq, qəhərlənmiş halda saçlarından, boynundan öpürdü: - Qurban olum sənə, Maya! Bala! Məni götür analığa, məni özünə doğma ana bil, heç elə sözlər danışma. əgər səni bu Pərşandan, bu Qaraşdan az istəyirəmsə, üzüm gülməsin. Sən kişiyə qulaq asma, işi çoxdur, ağır işdir, cavabdehliyi böyükdür. Yorulur, əldən düşür, nə danışdığını bilmir, sonra da özü öz sözünün peşmanlığını çəkəcək. Bir az da qocalıb, kəmhövsələ olub, qulaq asma ona, mənim qızım. Pərşan da o biri tərəfdən deyirdi: - Belə eləsən, bax qağamın ölmüşünə, mən də hay çəkib ağlayacağam, bir də ki, ölən günü kimi evdə oturub qalacağam, günahım töküləcək sənin boynuna. Səkinə qeyri-ixtiyari gülümsəyib onu dümsüklədi: - Az danış, ay qız, səni alan olsa getməzsən. Hansı dəli səni ocağına yaxın qoyacaq. - Cəhənnəmə qoysun, qara gora. Guya ölürdüm ər üçün. Getsəm də tək oğlana gedəcəyəm, nə atası olsun, nə anası, nə bacısı, nə qardaşı, tək-tənha. - Yazığım o qayınanaya gəlir ki, qapısından içəri sənin kimi dəli girəcək. Ağlı olan kişi sənə gözucu da baxmaz. Səkinə və Pərşanın nəvazişləri ilə ağrısını unudaraq, ürəyi yumşalan Maya gülümsəyib Qaraşa baxdı: - Qardaşım olsaydı, birinci mən Pərşanın elçiliyinə gələrdim. - Nə olar, qardaşın olmasın, tanışın, yoldaşın olsun, ona da elçiliyə gələ bilərsən, - deyib Pərşan Mayanın əlini sıxdı. - Bayaqdan ərə getməyən xanım, nə tələsirsən? – deyə yüngülləşmiş Qaraş da sözə qarışdı. - Sən danışma, getsəm də sənin kimi kişiyə getmərəm. Nə orda çarpayının dəmiri kimi yapışıb qalmısan, gəl, bir sən də təsəlli ver, görək əlindən bir şey gəlirmi? Mayanın ovunduğunu görən Səkinə ailənin ümumi görüş yeri olan böyük otağa keçəndə, Rüstəm kişi stolun başında oturub, gözünü naməlum nöqtəyə dikərək trubkasını tüstülədirdi. Salman qapı ağzında, getməyə hazır, ayaq üstə durmuşdu.Səkinə gözucu və narazı baxışlarla onu süzüb bir kənarda durdu. Rüstəm kişi arvadın sözlü olduğunu və Salamanın getməsini gözlədiyini duyub dedi: - Sən də get, bala, hazırlaş briqadirləri yığaq, qoy yaz əkininə hazırlıq haqqında məlumat versinlər. - Baş üstə nə vaxta buyurursunuz? Rüstəm trubkanı tüstülətdi, ani olaraq düşündü: - Onu sabah danışarıq, idarədə. - Baş üstə. Salman getdikdən sonra Rüstəm Səkinəyə baxmadan trubkasını qurdaladı, kulunu boşaltdı. Səkinə ərinin danışmaq istəmədiyini duysa da, onu birdən qaçarladı: - A kişi, o nə sözdür ağzından çıxdı? Adamın da ürəyinə elə yara vurarlarmı? Özüynən sözün var, de, daha ata-anasının ruhunu niyə incidirsən. Rüstəm də eyni sərtliklə cavab verdi: - Arvad, gəlininə de ki,ağır otursun, batman gəlsin. Bizim ədəb-ərkanımız var, əməl eləsə, otursun, adam kimi yaşasın, eləməsə, xoş gəldi, yol açıqdır. - Axı, gəlin neyləyib ki, belə danışırsan, hansı nalayiq işi görüb? Rüstəm heyrətdən açılmış gözlərini Səkinənin üzünə dikdi: - Daha nə edəcəkdi, görmədin eyvandakını? Səkinə istədi otuz il əvvəl bostanda, camaatın gözü qabağında onu qucaqlayıb marçamaçla öpdüyünü Rüstəmin yadına salsın, lakin kişidən ağır söz eşitməkdən ehtiyat etdi: - Cavandırlar, başları-beyinləri qanlıdır, səhvləri də olsa gərək keçəsən. Biz dünyamızı yaşadıb vurmuşuq başa, indi onların vaxtları gəlib çatıb, niyə xırda bir şeydən ötrü ömrlərini zəhərləyəsən. Bizim borcumuz səbrli olmaqdır, ay Rüstəm, hövsələsizlik eləyib hər şeyi üzlərinə vursaq, onlar da darılıb ipi-örkəni qırarlar. - Qırarlar, cəhənnəmə qırsınlar, can onların, cəhənnəm tanrının! At mıxı yerdən çıxarsa, bir yerə vurar, iki özünə. Səkinə nə qədər çalışdısa Rüstəmi yumşalda bilməyib getdikcə daha artıq təlaşa düşən bir ürəklə ondan ayrıldı. Maya ilə Qaraş bütün axşamı ümumi otaqda görünmədiklərindən onların yanına getdi, çaydan-çörəkdən yeyib-yemədikləri ilə maraqlandı, hələ də orada olan Pərşan anasını tutub taxtın üstündə Mayanın sol tərəfində oturtdu. - Ay nənə, sən allah, gəl otur. Maya bacı elə yaxşı danışır ki. Maya sakit və xəyalpərvər gözlərini hara isə uzaqlara dikdiyi halda aramla, lakin sinə dolusu nəfəsalaraq həyatını nəql edirdi. Onun xatirələrində sevinc və kədər, gülüş və göz yaşları bir-birinə qarışmışdı. Taleyin amansız əli gənc ömür kitabının vərəqlərini kələ-kötür və əyri-üyrü yazılarla doldursa da, ora ləkə sala bilməmişdi. . Şimalın qarlı-boranlı qışları, yazda və yayda şaqqıltısı ilə insanı sarsıdan əzəmətli göy gurultuları, günlərlə ara verməyən şıdırğı yağışları, şam və ağcaqayın ağaclı qalın meşələri, yamyaşıl çəmənlikləri Mayanın hafizəsinə lap körpə vaxtlarından – gözünü dünyaya açdığı gündən daxil olmuşdu. O, 1993-cü ildə Moskvanın yaxınlığında meşəliklər içində düşmüş balaca bir hərbi qəsəbədə dünyaya gəlmişdi. Muğan kəndlərindən birində doğulub boy atmış atası Heybətqulu, 1928-ci ildə hərbi qulluğa alınmışdı. Əvvəlcə adi əsgər olan bu gənc iki il sonra hərbi kursa göndərilmiş, davamlı, iradəli və bacarıqlı olduğu üçün yaxşı müvəffəqiyyət əldə edərək zabit rütbəsinə qalxa bilmişdi.Yenə bir müddət orduda çalışaraq ikinci dəfə yüksək tipli hərbi məktəbə qəbul olunmuşdu. Elə bu zaman Moskva Tibb İnstitutunun dördüncü kursunda oxuyan Məlahət xanıma rast gəlmiş, tanış olmuş, onu sevmişdi. Məlahət xanım tibb institutunu qurtaranda Heybətqulu da hərbi məktəbi qurtarmışdı. Evlənmişdilər. Heybətqulunu Moskva hərbi dairəsində saxladıqları üçün Məlahəti də hərbi xəstəxanalarından birinə düzəltmişdilər. Burada Maya anadan olmuşdu. Mayanın ağlı bir şey kəsməyə başladığı gündən hafizəsində qalan ata və anasının nəhayətsiz nəvazişləri və məhəbbəti idi. Bir də anasının axşamlar onu yatağına qoyub qərib və azca kədərli səslə oxuduğu həzin havalar hafizəsində pozulmaz izlər buraxmışdı. Atasından yadında qalan onun hədsiz dərəcədə mərhəmətli olması idi. Anasından icazə ala bilmədiyi hər şey üçün hələ körpə yaşlarından atasının üstünə qaçardı, atası Mayanın sözünü yerə salmaz, anasını da yola gətirərdi. Uşaqlıqdan bir də yadında Leninqrada köçmələri qalmışdı. Onda maya nə qədər sevinmiş, nədənsə çox fikirli olan anasına yığ-yığışda böyük həvəslə kömək etmiş, atasının əlindən tutaraqmaşına oturub vağzala getmişdi, orada qatara minib, gecə yarısı yuxuya gedənə qədər ara vermədən deyib danışmışdı. Leninqradda bir il həyatları yaxşı keçdi. Burada ilk dəfə Maya çanta götürüb məktəbə getdi, anası yenə xəstəxanada, atası hərbi hissədə qulluq edirdi. Lakin bircə il sonra, Maya birinci sinfi qurtaranda anlamadığı bir tufan bütün həyatlarını alt-üst etdi. O dövrdən Mayanın yadında qalan yalnız bircə söz oldu: Müharibə! Müharibə Mayanın hafizəsinə uşaqları atasız-anasız qoyan bir kabus kimi daxil oldu. Heç yadından çıxmaz: onda ata və anası Mayanı yaxşı-yaxşı geyindirib fotoqrafa apardılar. Aralarında oturdub şəklini çəkdirdilər. Atası bu şəkli görmədi, çünki axşam o, mayanı da, anasını da anlaşılmaz bir kədər və ehtirasla bağrına basıb öpdü, dala baxmadan çıxıb getdi. Üçcə ay sonra, Maya ikinci sinfə gedəndə Məlahət nə idə bir kağız aldı, balaca çərçivəyə qoyub divardan asdığı şəklin qabağında duraraq Mayanı qucaqlayıb ağladı: - Atasız sən necə olacaqsan qızım! Onda maya bu sözlərin həqiqi mənasını qanmadı. Anasının boynunu qucaqlayıb ona təsəlli verdi: - Ağlama, ana, atam gələcək, müharibəni öldürüb gələcək. Lakin gün gündən ağır keçdi. Anası günlərlə xəstəxanada qalmalı oldu. Nəhayət, bir gün uşaqları yığıb qatara oturtdular. O zaman fikirli, kədərli və gözü yaşlı analar içərisində Maya öz anasını da görür, nələr baş verdiyini dərk etmirdi. Anası vaqonun içində ona nə isə bağlama verdi, ovcunun içinə bir konfet basdı. Sonra da divardan aldığı şəkli “Ana dili” kitabının içinə qoydu: - Saxla, qızım, atanı, ananı unutma! Ancaq qatar yola düşüb anası platformada əl edərək gözünün yaşını siləndə aləm Mayanın başına hərləndi, dünyada ən əziz, ən qiymətli və heç zaman tapılmayacaq, əvəz olunmayacaq bir şeyi itirdiyini duymuş kimi üzünü pəncərəyə söykəyərək, hönkürüb ağladı: - Ana, ana, gəl! Anası pəncərə boyu, hərəkət edən vaqonla yanaşı yeriyərək tez-tez nə isə deyirdi. Maya onun dodaqlarının titrəyib əsməsindən nə dediyini anladı. Yanaqlarına mütəmadiyən göz yaşı damcılayan ana: - ağlama, qızım, gül qızım, ağlama! – deyirdi. Elə bu halında anası Mayanın hafizəsində həkk olunub qaldı. Sonralar yuxusuna elə bu halda girərdi. Bəs sonra? Sonra da neçə il Maya Qazaxıstanın hansı bir vilayətində isə köçürülmüş uşaqlarla birlikdə oxuyub yaşadı, ağır mühasirə içərisində olan Leninqraddakı anasından heç bir xəbər çıxmadı. Maya altıncı sinfə keçəndə Azərbaycana keçirilməsini xahiş etdi. Bu zaman müharibə qurtarmışdı. Onu Korovabada uşaq evinə göndərdilər. Burada orta məktəbi, Kənd Təsərrüfatı İnstitutunu qurtardı. Daima anasından xəbər gözləyib durdu. İndi də ona elə gəlirdi ki, bir gün anasından xəbər çıxacaqdır. İndi bütün bu ağır həyat yolunu keçib böyüdükdən sonra Maya dönüb dala baxanda bircə şeyi özünə bağışlaya bilmir. Ana və atasından yeganə yadigar olan şəkli harada isə itirmişdi, lap çoxdan itirmişdi. Maya hekayəsini qurtaranda doğrudan da ağlayan Səkinə ilə Pərşan bir daha onu qucaqladılar: - Fikir eləmə, qızım, mən sənin anan! – deyə Səkinə onu sinəsinə sıxdı. - Bu da atan! – deyə Pərşan, ehmalca yun şalı gətirib Mayanın çiyninə salan Qaraşı göstərərək, ucadan güldü və Qaraşa sataşmaqda davam etdi. – Ay dədə, qızına yaxşı bax, ha! Yoxsa yuxuya verib saqqalına ispiçka çəkərəm. Gecə qaranlığında bütün kəndi dərin bir sükut bürüdüyü zaman, Səkinə ilə Pərşan otağı tərk etdi. Maya ərinin üzünə baxıb pıçıldadı: - Axırı necə olacaq, Qaraş? Qaraş cavab verməyib fikrə getdi və yenə atasından ayrılıb özünə dirrik düzəltmək haqqında düşündü. Qaraş yuxudan tez ayıldı. Otağın içi hələ yarıqaranlıq idi. Çən-duman içərisində Muğan təzəcə işıqlanırdı. Qaraş artıq yata bilməyəcəyini hiss etdi. Onu həyətə və işə çəkən fikirlər birdən başında qaynayıb canlandı: bu gün böyük çölə şuma çıxmalı idi. Şərəfoğlu cücərmiş yüz hektar payızlıq yerini də yaz əkini planına salıb şumlanmasını Qaraşgilin briqadasına tapşırmışdı. Yağış yağmırdı, meh tutan bəzi sahələr qurumuşdu, traktor işləyə bilərdi. O, Mayanı şirin səhər yuxusundan ayıltmaq istəməyərək, ehtiyatla geyinib çölə çıxdı. Bir az çörək və yağ-pendir bürmələyib yaylığa bağladı, hələ hamını yatmış güman edərək, pillələri də asta-asta enəndə Rüstəm kişini həyətdə gördü və nədənsə çaşan kimi oldu. Qaraş özünü itirməyib diqqətlə baxsaydı, atasının yuxudan çox yorğun və əzgin qalxdığını görərdi. Rüstəm kişi, demək olar ki, bütün gecəni yatmamışdı. Doğrudur, əvvəlcə özünün hər şeydə haqlı olduğu fikri ilə başını yastığa qoyan kimi yuxuya getdi, lakin gecənin bir aləmində sanki kiminsə gözlənilməz zərbəsindən sarsılıb ayıldı və bir daha yata bilmədi. Yerinə qor dolmuş kimi o tərəf-bu tərəfə çevrildi, gözünü yumdu və elə huşa gedən kimi həmin adam zərbəni sinəsinə vurub: - Nə yatmısan, - dedi, - səndə bir tikə vicdan varsa, gərək gözünə yuxu girməyə! Nəhayət, rüstəm kişi dikəlib döşəyin üstündə bardaş qurdu, içərisində oturub onu dümsükləyən, zərbələr vuran adamla mübahisəyə başladı: - Niyə yatmayım? Mən çox vicdanlı adamam, mən hələ haram tikə yeyib, xain iş görməmişəm, ömrüm-günüm işdə keçib, yatmayım? - Düzdür, - deyə içəridəki daha sərt cavab verdi, - düzdür, sən haram tikə yeməmisən, xain deyilsən. Ancaq insanın insanlığı məgər haram tikə yeməməsindədir? Səndə insanlıq azdır. Sənin sinəndəki ürək bir çiban kimi şişməyə başlayır. Adamlar səni görəndə yan qaçmağa başlayırlar. - Heç kəs məndən yan qaçmır. Qaçır o adamlar ki, bəd niyyətləri var. Məni kal meyvə kimi zorla qoparıb özləri böyümək istəyirlər. - Utan sözlərindən, kişi! Çoban Kərəmmi sənin yerini tutmaq istəyir? - Yox, mən onu demirəm! Ancaq çoban Kərəmin öz günahı var. Yazıblar ki. fermanı yeyib dağıdır. Sədrəm, borcum yoxlatmaqdır. Nə edim, vəzifəm belədir. - Yoxlat, nə olar. İndi ki, belə sözlər gəzir, yoxlayıb gözünə çatmaq sənin işindir. Ancaq həmişə gərək ölüm yatağına düşmüş xəstə arvada sənin rəhmin gələ, Kərəm günahkardır, cəzasını ver, arvad neyləsin, balaca körpələr neyləsin, onların günahı nədir? Sənin öz qızın o hala düşsə necə olardın? Hə, qızarırsan? Qızar, qızar, Rüstəm kişi! Bəlkə sinəndəki çibanlar tez yetişib deşilə. Həm sən xilas olasan, həm başqaları. Dan ağarana qədər Rüstəm kişi beləcə yatağında kiminlə isə danışıb mübahisə etdi. Nəhayət, yata bilməyib yorğanı bir kənara atdı. Geyinib havaya çıxdı. Bir az keçməmiş Qaraşla qarşılaşdı. Ağır sükutdan sıxılan Qaraş axşamkı incikliyini sındırıb adəti üzrə salam verdi: - Dədə, sabahın xeyir! Rüstəm kişi adi təmkin və ağırlığını saxlayaraq onun salamını aldı və ağqanadlı, iriayaqlı beçəni qabağına qatıb həyətin bu başından o başına qovaraq didişdirmək istəyən çil xoruzu göstərdi: - Axşam vaxt eləyəndə tutub kəsərsən, toyuq-cücəyə aman vermir, çox nanəcib şeydir. Qaraş ərik ağacının başına dırmaşmış beçənin qanlı pipiyinə baxıb “baş üstə” dedi. Ağacın dibində qanadlarını açıb meydan sulayan çil-çil xoruzu qovdu: - Kiş-kiş, öləsən səni! Qaraş atasının sözlü olduğunu hiss etsə də adətə əməl edərək bir şey soruşmadı: lazım bilsə özü deyər; doğrudan da, Rüstəm kişi trubkanı alışdırıb bir qullab vuraraq, oğlunun üzünə baxmadan: - Qaraş, - dedi, - elə durub səni gözləyirdim. Maşını götür, tez qışlağa sür, o çoban Kərəmin arvadı qızdırma içində çapalayır, nə həkim var, nə dava-dərman. Qoy maşına, apar birbaş rayona, ver xəstəxanaya, qayıt işinə. Qaraş vəziyyəti atasına anlatmaq istədi, lakin onun cavab gözləmədən həyət qapısına yollandığını görüb, yavaş-yavaş “Pobeda” olan balaca dama tərəf getdi.
Son Yazılar
- Müstəqillik dövrünün ən irimiqyaslı incəsənət layihəsinə böyük maraq var
- Banu MUHARREM.”Türkiyəm O günəş yenə doğacaq!”
- Banu MUHARREM.”Fərqli olanı sevdim hər zaman”
- Xəyalə SEVİL.”Üstümdə”
- Xəyalə SEVİL.”Səhər eyni, axşam eyni”
Arxivlər
Blogroll
Kateqoriyalar
- “Açık Kara” dergisi
- “Alkış” dergisi
- “Ədəbi Körpü” dərgisi
- “Güzlek”
- “Güzlek” dərgisi
- “Hece Taşları” dergisi
- “Kümbet” dergisi
- “Mevsimler” dergisi
- “Türkay” dərgisi
- “Usare” dergisi
- “Yarpuz” dergisi
- “Yeni nəşrlər”
- “Zərif kölgələr”
- “Zərrələr”
- “Kardelen” dergisi
- AJB Sumqayıt şəhər təşkilatı
- Ana səhifə
- Azərbaycan Dövlət Aqrar Universiteti
- Azərbaycan ədəbiyyatı
- Azərbaycan Prezidenti
- Dilçilik İnsitutu
- Ədəbiyyatşünaslıq
- Haqqımızda
- Mədəniyyət
- Müsabiqə
- Müsahibə
- Pakistan ədəbiyaytı
- Prezident Mükafatçıları 2022
- Publisistika
- Ruskaya literatura
- SOCAR «Azərikimya» İB
- Sumqayıt RMTİ
- Türk xalqları ədəbiyyatı
- Türkiyə Cümhuriyyəti
- Türkiyə ədəbiyyatı
Mirzə i brahimov böyük dayaq
Отлично! Героям-погранцам – вечная слава! Автору – благодарность!
Рейтинг: 0 ( 0 за, 0 против).
Умирать-то на войне русские хорошо научились. Вот только жить хорошо никак не научатся. (В. Пикуль. Крейсера) Может поэтому они и тянут всех до кого дотянулись под свой знаменатель, в то время, как нащи оппоненты – под свой числитель.Судьба двух разделенных между государствами народов (немцев и корейуев) тому яркий пример
Рейтинг: -2 ( 0 за, 2 против).
mmishk про Walker:
Поперся мужик на охоту, заблудился и его сожрали. Всё.
Ужас прямо, какой то.
Рейтинг: 0 ( 0 за, 0 против).
Поперся мужик на охоту, заблудился и его сожрали. Всё.
Рейтинг: +1 ( 1 за, 0 против).
Это же насколько книжка людям не зашла, что никто из скачавших не дочитал до конца и не увидел, что книга недописана. Отрывок. По произведению: ггой по тексту болтается как говно в проруби и плавно движется по течению. Корешится с мафией, армией САСШ, неграми-революционерами, китайскими спецслужбами и прочим дерьмом. Рубит бабло, ограбив “черного копателя”, организовав наркотрафик в САСШ через негров и байкеров, “придумав” передачу
“тачку на прокачку” с “здоровенными мускулистыми полуголыми” неграми-автомеханниками. Перманентно страдает от попользовавшихся им и бросивших любовниц.
Резюмируя: как приключенческий детектив книга откровенно неудалась. Как ЛЫР – тоже, ибо много говна. Главгер люто ненавидит всё советское, даже людей.
Рейтинг: 0 ( 1 за, 1 против).
Очень не плохо. Все таки Дроздов это бренд. Респект и уважуха))))
Рейтинг: +1 ( 1 за, 0 против).
После (просто) шикарного цикла «Достойны ли мы отцов и дедов» (неоднократно мной перечитываемого), мой интерес к творчеству данного автора как-то поугас. И вроде есть новые (еще непрочитанные) романы (продолжение «Солдата армагеддона» и пр), но как-то «не тянуло»)) Плюс — были опасения что автор (таки) закончит цикл «Достойны ли мы. » именно с такого «запасного хода» (тема космоса, будущего и пр). Так что я как-то уже и не надеялся
прочесть (субъективно) «достойную концовку»)) И в связи с этим и был «некоторый игнор»))
Но тут, совершенно случайно просматривая раздел издательства «Аст» (на одном, всем известном ресурсе) обнаружил некоторое количество новинок по цене (чуть ниже 100 руб). Вот я и понабрал там сразу 7 разных книг (справедливо рассудив, что если где-то и будет «полная дичь» — денег на это совсем не жалко)). Да и «жаба придушила»)) Так что — вывод был, брать и брать однозначно!))
К моему удивлению (там же, при выборе книг) я обнаружил и этот роман. Ну а поскольку в будущем (опять) собираюсь перечесть «Достойны ли мы..», решил взять «до кучи» и эту вещь. Сразу «по прибытии» кучи новинок — я совершил ошибку, отчего-то сперва взял Поселегинского «Техник-интендант». (комментарии данного чтива я уже выложил отдельно), но просто хочется сказать — какой именно контраст получился (ведь после нее — я взял именно данное творение «Шерлок Холмс. »))
Нда. В общем небо и земля)) Если Поселягинский герой «обложился всякими ништяками» (заимев «волшебную торбу»), то здесь . здесь герою вовсе не требовался «105-й левел уровня бога», что бы решать все проблемы. по мере их поступления))
Начало очень неплохо замотивированно (вовсе не так как у Корчевского, где «. Оппа, вот я поппал» и собственно на этом все)) Далее — постепенный «подвод к иномировым свершениям» и собственно «оппа нового чудного прошлого»))
С одной стороны — все дальнейшее можно просто охарактеризовать просто как «хронодетектив». И вроде, ну сколько уже «понаписано» на эту тему.. В самом деле! Ну сколько раз «этот проклятый царизм» спасали «все кому не лень» (я сейчас навскидку сразу вспомню десяток авторов). Они уж и в царей вселялись и в прочих монарших (и просто знаковых особ), и что только вытворяли)) А тут, что. ну очередной попаданец, который (при этом) отчего то возится «с некими терпилами» из прошлого и строит некий «Головачевский — Стопкрим»))
Но (как всегда, это у автора получается) все происходящее «цепляет с ходу» и результат получается просто «на отлично»). Что бы не распыляться в спойлерах и не излагать происходящее долго и нудно, скажу (персонально) от себя. Вместо того, что бы читать очередную версию о разгроме ВСЕХ ВРАГОВ государства (как это бывает стандартно, уже к концу части первой), я бы с гораздо большим удовольствием прочел еще пять-шесть книг (в прежнем — кажущимся, неторопливом изложении автора)). Так что — если Вы хотите от данного романа, что то иное («чем просто чтение для души» и Вам обязательно нужно что-то в стиле «вихрастых» Вихрей времен), то «здесь Вам не это»))
А мне лично творчество автора всегда напоминает (если воспользоваться некой алкогольной аналогией) хороший марочный (НАСТОЯЩИЙ) коньяк (который хочется выпивать понемногу — малыми стопками от души), в отличие от творчества иных «коллег автора» (тов.Поселягин и пр) где «выпил бормотуху, и вроде ничего . а на утро мозг нихрена не помнит, да еще мутит «с устатку»))
В общем (уже резюмирую почти стандартно): «. отчеНна хочеЦЦа продолжения»))
Рейтинг: 0 ( 0 за, 0 против).
Comments are closed, but trackbacks and pingbacks are open.