Böyük Dayaq (1962) DVDRip
Rüstəm kişi obrazında Ələsgər Ələkbərovun çəkilməsi Həbib İsmayılovun cəhdi nəticəsində baş tutub. Belə ki, Ə.Ələkbərov Həbib İsmayılovun 1958-ci ildə çəkdiyi “Ögey ana” filmində də kolxoz sədri obrazını yaratmışdı. O dövrdə iş prosesində müsahibə verən Ələsgər Ələkbərov kinorejissorun aktyorlarla işləməsindən danışmış, onun apardığı bacarıqlı fərdi işin nəticələrini qiymətləndirmiş və Həbib İsmayılovun öz filmləri üçün maraqlı aktyor ansamblı torlamaq bacarığına malik olduğunu vurğulamağı da unutmamışdır.
Mirzə ibrahimov böyük dayaq
“Milli Kino Tariximizdən” rubrikasının növbəti filmi “Böyük dayaq”dır, çəkilişindən 60 il keçir…
Görkəmli yazıçı Mirzə İbrahimovun eyniadlı romanının motivləri əsasında çəkilən, müasir kənd zəhmətkeşlərinin həyatından bəhs edən “Böyük dayaq” filmi 1962-ci ildə “Azərbaycanfilm” kinostudiyasında istehsal olunub.
“Böyük dayaq” romanı ədəbiyyatımızın dəyərli əsərlərindən biri hesab olunur. Mirzə İbrahimov öz romanı əsasında yeni ssenari yaradarkən əsərinin ən qiymətli cəhətlərini daha da qabarıq ifadə etməyə çalışıb ki, buna da nail olub.
HƏBİB İSMAYILOVUN FİLMLƏRİNDƏ TƏBİİLİK TAMAŞAÇININ DİQQƏT MƏRKƏZİNDƏ DAYANIR
Rejissor Həbib İsmayılovun quruluş verdiyi filmdə Azərbaycan kəndini bütün xarakterik əlamətləri və təzahürləri ilə görürük. Bu, həm ssenaristin və quruluşçu rejissorun, rəssamın və operatorun, eyni zamanda bəstəkarın və bütün aktyor ansamblının xidmətidir.
Ümumiyyətlə götürdükdə isə Həbib İsmayılovun yaratdığı filmlərdə psixoloji dərinlik, həyatilik, təbiilik tamaşaçı diqqətinin mərkəzində dayanır. Rejissorun filmlərində insana, onun yaradıcı əməyinə olan dərin məhəbbət hissini duymamaq mümkün deyil.
Yeri gəlmişkən, Həbib İsmayılov təhsilini aktyorluq və rejissorluq üzrə bitirmiş, 1935-ci ildən kino sahəsində çalışıb. Rejissor kimi bir sıra sənədli və elmi-kütləvi filmlər çəkib, “Ögey ana”, “Böyük dayaq” kimi sənət nümunələrinə quruluş verib.
“Böyük dayaq” filmindəki Rüstəm kişi, Ələsgər Ələkbərovun ifasında xalqın səsinə qulaq asmayıb, onun sözünü eşitməyən, xidmət etdiyi zəhmət adamlarının fikirlər ilə hesablaşmayan, nəticədə faciə ilə üzləşən bir şəxsdir. Rüstəm kişinin daxili aləmində münaqişəli mübahisələri aktyor Ələkbərov çox təsirli və artıq hərəkətə yol vermədən yaratmağa nail olmuşdur. Burada heç şübhəsiz ki, həmin filmin quruluşçu rejissoru Həbib İsmayılovun xidməti böyükdür.
O da təsadüfi deyil ki, H.İsmayılov uzun illər teatrda çalışıb, bəlkə elə ona görədir ki, onun filmdə çəkiləcək aktyorlarla apardığı iş uğurla nəticələnmişdir.
Rüstəm kişi obrazında Ələsgər Ələkbərovun çəkilməsi Həbib İsmayılovun cəhdi nəticəsində baş tutub. Belə ki, Ə.Ələkbərov Həbib İsmayılovun 1958-ci ildə çəkdiyi “Ögey ana” filmində də kolxoz sədri obrazını yaratmışdı. O dövrdə iş prosesində müsahibə verən Ələsgər Ələkbərov kinorejissorun aktyorlarla işləməsindən danışmış, onun apardığı bacarıqlı fərdi işin nəticələrini qiymətləndirmiş və Həbib İsmayılovun öz filmləri üçün maraqlı aktyor ansamblı torlamaq bacarığına malik olduğunu vurğulamağı da unutmamışdır.
Telli arvad obrazını yaradan Nəsibə Zeynalova da, Həbib İsmayılovun “Böyük dayaq” filmindən əvvəl çəkdiyi “Ögey ana”da qarı roluna çəkilmişdi. Filmin bədii rəhbəri məşhur gürcü kinorejissoru Çiaureli film çəkilib qurtarandan sonra, axırıncı baxışların birində söhbət zamanı Nəsibə Zeynalovanın oyununu qiymətləndirərək, onu istedadlı sənətkar adlandırmışdı.
XAN BABAYEV: KOLLEKTİVİN SƏYİ NƏTİCƏSİNDƏ BƏZƏN BİR HƏFTƏNİN İŞİNİ ÜÇ GÜNDƏ GÖRMƏKLƏ İSTƏDİYİMİZƏ NAİL OLDUQ
Filmin çəkiliş zamanı bir sıra çətinliklər ortaya çıxıb. Filmin operatoru Xan Babayevin xatirələrindən: “Film üçün kadr çəkərkən əlverişli obyektlər tapmaq, obrazları tamaşaçıya bütün xüsusiyyətləri ilə çatdırmaq mütləq lazımdır. “Böyük dayaq” filmi çəkilərkən bir çox problemlərlə üzləşdik. Ancaq kollektivin səyi nəticəsində bəzən bir həftənin işini üç gündə görməklə istədiyimizə nail olduq”.
“Böyük dayaq” X.Babayevin çəkdiyi ilk rəngli tammetrajlı bədii film idi. 60-cı illərdə Sovetlər Birliyində istehsal olunan rəngli lentləri öz keyfiyyətinə görə müasir tələblərə tam cavab vermirdi. Bu barədə bir vaxtlar Xan Babayevlə birgə filmlərin çəkilişində onun assistenti kimi iştirak edən operator Şərif Şərifov danışıb: “Rəngli çəkiliş lentləri keyfiyyətinə görə müasir tələblərə cavab vermədiyi üçün bir çox məsələləri lentin yoxlanışı ilə həll etməli olurdu. Bizi daima narahat edən problem lentdə aktyorun üz rənginin düzgün alınması, yaşıl rəngin çoxluğu və kadrın daxilində kölgə-işığın ölçüsünü tapmaq idi. Hər kadrın çəkilişindən qabaq o, məndən tələb edirdi ki, kadrın daxilində yerləşən aktyorları, dekorasiyanın divarını, əşyaların işığını bir daha eksronometrlərin(işığın miqdarını ölçən alət) köməyi ilə ölçüm. Xan Babayev, operatorların dili ilə desək, işığın miqdarını “gözəyarı” çox dəqiq təyin edirdi. Operator assistentləri və işıqçılar buna valeh olurdular”.
Çəkiliş meydançasında aktyorlar da çətinliklərlə üzləşib.
Xatırladaq ki, “Böyük dayaq” filminin çəkilişləri Tovuz rayonunda lentə alınıb. Filmin növbəti çəkilişlərinin birində ortaya problem çıxır. Ələsgər Ələkbərov-Rüstəm kişi at minməli idi. Ancaq o, böyrəkləri xəstə olduğu üçün bunu edə bilmirdi. Xeyli götür-qoydan sonra filmin operatoru buna çıxış yolu tapır. Belə ki, operator çəkiliş meydançasına bir yük maşını gətizdirərək onun kuzovunun bir tərəfinə yəhər bağlayır və çəkilişi aparmağa başlayır. Necə deyərlər, Xan Babayev bir növ quraşdırma səhnə hazırlayır.
HƏSƏN MƏMMƏDOV: “BÖYÜK DAYAQ” FİLMİNƏ DƏVƏT ALARKƏN TƏLƏBƏ İDİM
Aktyor seçimində yanlışlığa yol verməyi xoşlamayan Həbib İsmayılov Mirzə İbrahimovun “Böyük dayaq” romanına müraciət edərkən də çox düşünüb-daşındı. Recissoru daha çox narahat edən Qaraş obrazına kimi təsdiq edəcəyi fikri idi. Bu obraz üzərində isə iki nəfər yaradıcılıq mübarizəsi aparırdı. Bəs necə oldu ki, Qaraş rolunu Həsən Məmmədov yaratdı?
O vaxta qədər heç bir filmdə çəkilməyən Həsən Məmmədov deyirdi ki, r, “Böyük dayaq” filminə dəvət alarkən hələ tələbə partası arxasında əyləşirdi: “Əslində bu filmə dəvət alan aktyorların əksəriyyəti-Murad Yegizarov, Böyükağa Bağırov və başqaları hələ təhsillərini bitirməmişdilər. Demək olar ki, ssenaridə olan bütün obrazlara uyğun olan aktyorlar artıq təsdiq olunmuşdular. Yalnız Qaraş rolu rejissoru düşünməyə vadar edirdi. Ancaq sonra eşitdim ki, artıq Qaraş roluna sınaq çəkilişlərində iştirak edən digər birini təsdiq etmək fikrindədirlər. Həmin şəxs Sarı Süleymanın oğlu güləşçi İbrahim idi. Etiraf edim ki, İbrahim enli kürəkli, iri cüssəli, necə deyərlər, yeriyəndə yeri-göyü lərzəyə gətirən biri idi. Və yadınıza onu da salmaq istərdim ki, M.İbrahimov “Böyük dayaq” romanını yazarkən Qaraşı məhz, İbrahim kimi cüssəli təsvir etmişdi. Bütün bunların şahidi olmaq, eyni zamanda isə filmin yaradıcılarının daha çox İbrahimin söhbətini arprması məni bir növ geri çəkilməyə vadar etdi. Həmin vaxtda oxuduğum təhsil ocağında da yay tətili günləri başlamışdı. Bu fürsətdən də istifadə edib doğma rayonuma istirahət etməyə getdim”.
Yay tətilini rayonda keçirməyi qərara alan tələbə Həsən, Qaraş rolundan birdəfəlik gözünü çəkir. Çünki filmin rejissoru artıq öz qərarını vermişdi. Qərar da ondan ibarət idi ki, güləşçi İbrahim Qaraş rolunu uğurlu yarada bilər. Bir müddət sonra filmin yaradıcıları öz fikirlərini dəyişir və H.Məmmədova teleqram göndərərək bildirirlər ki, artıq Qaraş roluna təsdiq olunmusan, yubanmadan Bakıya dön.
Həsən müəllimin dediklərindən: “Mən rayona yola düşdükdən sonra filmin yaradıcıları, eyni zamanda isə Bədii Şura Qaraş roluna kimi təsdiq edəcəkləri ilə bağlı fikir mübadiləsi aparır və nəticədə də məni bu obraza təsdiq etmək haqqında qəti qərar qəbul edirlər. Qaraş roluna təsdiq olunmağımda əsas rolu isə filmin geyim üzrə rəssamı Bədurə Əfqanlı(Rza Əfqanlının həyat yoldaşı) oynayır”.
Bir anlıq xatirələrə üz tutaq. Qaraş rolu üzərində gedən söz-söhbətdən filmin bütün yaradıcı heyəti xəbərdar idi. Belə bir məqamda filmin geyim üzrə rəssamı Bədurə Əfqanlı Bədii Şuraya müraciət edir. Həmin müraciətdə deyilir: “”Böyük dayaq” romanında Qaraş obrazı iri cüssəli, enlikürəkli təsvir olunub. Heç kim romanda yazılanların əleyhinə deyil. Ancaq gəlin bu obraz üçün yanlış nəticə çıxarmayaq. Gəncləri bu rola çəkək. Qoy görünüşcə gənc, kənd uşağı obrazını yaratmağı bacaran bir aktyoru bu rola dəvət edək”.
Bədii Şura Bədurə Əfqanlının kimi təklif etdiyini soruşanda isə o, məhz, Həsən Məmmədovu Qaraş roluna çəkməyi məsləhət görür. Bədii Şura, filmin yaradıcı heyəti bu təklifi qəbul edir və tələbə Həsəni Qaraş roluna təsdiq edir.
Həsən Məmmədov deyirdi ki, o vaxta qədər heç bir filmə çəkilmədiyim üçün onun məsuliyyətini də tam dərk etmirdim: “Filmə çəkilmək tələbə üçün maraqdan başqa bir şey olmazdı. Ancaq nəzərinizə onu da çatdırmaq istərdim ki, ilk dəfə filmə çəkilməyin sevinci öz yerində, elə bir aktyor ansamblı ilə, xüsusilə Ələsgər Ələkbərov kimi sənət korifeyi ilə tərəfmüqabili olmaq, onun oğlu rolunu ifa etmək, mən deyərdim ki, böyük sənət məktəbi qurtarmaq kimi bir şey idi. Bu cür aktyor ansamblı ilə çalışmaq mənim məsuliyyətimi daha da artırdı. Əvvəlcə maraqla yanaşdığım Qaraş obrazını, sonralar tam olaraq dərk etdim və obrazın daxili aləmini açaraq onu mənimsədim”.
ƏLƏSGƏR ƏLƏKBƏROVUN SİLLƏSİ HƏSƏN MƏMMƏDOV ÜÇÜN XƏBƏRDARLIQ OLDU
Həsən Məmmədov etiraf edir ki, Tovuz camaatı çəkiliş zamanı yaradıcı heyətə lazım olan bütün şəraiti yaradıblar. Filmdə Rüstəm kişinin evi heç də quraşdırılmış səhnə olmayıb. Tovuz rayonunun həkimlərindən biri könüllü olaraq öz evini çəkiliş qrurunun ixtiyarına verib. Həmin evdə çəkilən və böyük həyəcanla, maraqla izlədiyimiz səhnələrdən biri də Qaraşın atası Rüstəm kişi tərəfindən ağır sillə zərbəsi almasıdır. Bu epizod haqqında bir çox dedi-qodular çıxmışdı ki, guya kinoda heç bir təcrübəsi olmayan tələbə Həsən Ələsgər Ələkbərovdan bu zərbəni gözləmirmiş. Yəni məşq prosesindən fərqli olaraq çəkiliş vaxtı rejissor Ələsgər Ələkbərova tapşırır ki, təbii alınmaq üçün Həsəni həqiqi sillə ilə vurmalısan. Həsən Məmmədov buna belə münasibət bildirmişdi: “Sillə söhbəti ssenaridə də yazılmışdı, məşq prosesində də sınaqdan çıxarılmışdı. Bir sözlə, mən gözləyirdim ki, Ələsgər Ələkbərov məni, necə deyərlər, əsl sillə ilə vuracaq. O, əvvəlcədən də mənə xəbərdarlıq edərək əlini göstərmiş və soruşmuşdu ki, “Əlimə bax, bunun zərbəsinə dözə biləcəksənmi, yıxılıb biabır olmaqdan qorxmursan ki?” Doğrudan da Ələsgər Ələkbərov iri cüssəli, iri pəncəli insan olduğu üçün ilk baxışdan onun görünüşü adamı vahimələndirə bilərdi. Ancaq mən ona ürəklə cavab verərək bildirdim ki, narahat olmayın. Bunun da mənası belə idi ki, yəni ürəyiniz necə zərbə istəyir onu da vurun. Çəkiliş vaxtı sözün həqiqi mənasında da çalışdım ki, aktyorun zərbəsindən yıxılmayım. Həmin səhnə çox canlı alındı. Onu da nəzərinizə çatdırmaq istərdim ki, Qaraş rolu mənim üçün çox yaxın bir obrazdır. Təsəvvür edin ki, mən öz həyatımı ekranda canlandırmışam”.
Bu filmdən sonra Həsən Məmmədov bir-birinin ardınca müxtəlif səpgili rollara dəvət alır. Azərbaycan kino sənətində yaddaqalan obrazlar yaradan Həsən Məmmədovun adı, sənət fəaliyyəti kino tarixinin salnaməsinə əbədi olaraq həkk olunur.
FİLM HAQQINDA MÜSBƏT FİKİRLƏR
- Mirzə İbrahimovun ssenarisi əsasında rejissor Həbib İsmayılovun yaratdığı bu filmin doğurduğu maraq səbəbsiz deyildi. Axı, “Böyük dayaq” romanı oxucuların xoşuna gəlmişdi. İndi isə onlar əsərin qəhrəmanları ilə ekranda görüşəcəkdilər. Odur ki, zalda hamı səsini çıxarmadan həyəcanla ekrana baxırdı.
- Filmdə təbiət mənzərələrini əks etdirən kadrların müvəffəqiyyətli çıxmasında operator Xan Babayevin böyük əməyi olmuşdur.
- Filmin musiqisi hələ ilk kadrlardan bizə xoş təsir bağışlayır. Bəstəkar Fikrət Əmirov qəhrəmanların daxili həyəcanlarını ifadə etmək üçün yığcam və melodik musiqi yaratmışdır. Tar ilə pianonun qoşa səslənməsi ilə başlayan, gənclərin sevgi intizarını tərənnüm edən lirik mahnı çox gözəldir. Rejissor və bəstəkar bəzi filmlərdə müşahidə etdiyimiz ifrat musiqi tərtibatından uzaq qaçmışlar.
- Romanın baş qəhrəmanı Rüstəm kişinin obrazı bütün gözəlliyi və daxili ziddiyyətləri ilə filmin mərkəzində durur. Böyük aktyor kolxoz sədri Rüstəm kişinin şüurunda, qəlbində gedən daxili çarpışmanı çox böyük məharətlə əks etdirə bilir.
- Rayon partiya komitəsinin katibi Şərəfoğlu rolunda respublikamızın əməkdar artisti Məmmədrza Şeyxzamanov olduqca mənalı və qüvvətli təsir bağışlayır. Filmdəki Qaraş, Maya, Kərəm, Şirzad kimi işgüzar gənclərin, manqa başçısı Telli arvad kimi zəhmət adamlarının fəaliyyəti tamaşaçıda gözəl hisslər tərbiyə edir. Onlar yeni həyat uğrunda, kolxoz kəndinin daha da gözəlləşməsi uğrunda var qüvvə ilə mübarizə aparırlar. Rəssam M.Hüseynovun operator Xan Babayevlə birgə yaratdığı gözəl səhnələr, təbii mənzərələr tamaşaçıya xoş təsir bağışlayır. Buradakı dekorlar, paltarlar, qrim, ən xırda detallar da quruluşun üslubuna, filmin əsas ideyasına və obrazların xarakterinə uyğundur.
QƏZETLƏR İSƏ BELƏ YAZIRDI…
- Filmdə mənfi obrazları yaratmış Firudin Mehdiyev və İ.İsfahanlı və Q.Əzimov satirik ifşa vasitələrindən yaxşı istifadə etsələr də, arabir karikaturaçılığa yol veriblər.
- Operator Xan Babayevlə birgə rəssam M.Hüseynov ekranda Azərbaycan təbiətinin gözəlliyini yüksək sənəitkarlıqla canlandırmışlar. Təəssüf ki, təbiət səhnələrindən fərqli olaraq Rüstəm kişinin mənzilinin təsvirində rəssam ölçü hissini müəyyən dərəcədə itirmiş, həddən artıq bəzək-düzəyə yol vermişdir. Bu səhnələrdə dekorativ tərtibat açıq hiss olunur. Halbuki yaylaq erpzodlarında rəssam, bunun əksinə, naturaya aludə olmuş və müasir yaylağın, fermanın zənginliyini, yeni texniki qüdrətini göstərmək əvəzinə köhnə, rrimitiv nehrələri və yöndəmsiz alaçığı göstərmişdir.
- Rsixoloji dərinliyi ilə fərqlənən film iri planların çoxluğunu tələb edir. Bəzən hiss olunur ki, rejissor və operator iri planlarda nahaq yerə qənaətçilik təfərrüatı ilə xarakterlərin açılmasına, hadisələrin inkişafına xidmət etsə də, bir qədər uzanır və filmin ritminə lənglik gətirir.
- Filmdə operatorun iri planlardan az istifadə etməsi, rəssamın Zeynəb arvadın və Rüstəm kişinin mənzilini təsvir edən səhnələrdə ifratçılığa uyması, rejissorun bir sıra səhnələrdə xarakterlərin psixoloji vəziyyətini aydınlaşdırmaq üçün lazımi ştrixlər tapa bilməməsi haqlı olaraq mübahisəyə səbəb olur. Qaraşla Mayanın yataq otağını təsvir edən açıq səhnə də yaxşı təsir bağışlamır.
- Filmdə diqqətsizlik üzündən bəzi nöqsanlara yol verilmişdir. Məsələn, Rüstəm kişi(Ə.Ələkbərov) tez-tez partiya təşkilat katibi əvəzinə, partiya təşkilatçısı ifadəsini işlədir. Sonra onun Şərəfoğlundan nə vaxtdan raykom katibi olmasını soruşması da düzgün deyildir. Romanda Şərəfoğlu MTS müdirinin müavini, filmdə isə raykom katibi kimi təsvir edilir. Raykom katibi isə adətən konfransda və ya plenumda seçilir. Həmişə iclaslarda yuxarı başda oturmağa adət etmiş Rüstəm kişi isə raykom katibinin dəyişilməsindən şübhəsiz ki, xəbər tutmamış olmazdı. Diqqətsizlik nəticəsində baş vermiş bu səhvi çox asanlıqla aradan qaldırmaq olardı.
FİLMİN YARADICI HEYƏTİ
Ssenari müəllifi Mirzə İbrahimov, rejissor Həbib İsmayılov, operator Xan Babayev, rəssam Məmməd Hüseynov, geyim üzrə rəssam Bədurə Əfqanlı, bəstəkar Fikrət Əmirov, səs rejissoru Əziz Şeyxov.
Rollarda çəkiliblər: Ələsgər Ələkbərov(Rüstəm kişi), Həsən Məmmədov(Qaraş), Tamilla Rüstəmova(Maya), Zenfira Əliyeva(Rərşan), Leyla Rzayeva(Səkinə), Məmmədrza Şeyxzamanov(Şərəfoğlu), Ağa Məmmədov(RİK sədri Kələntər), Firudin Mehdiyev(Salman), İbrahim İsfahanlı(Yarməmməd), Qədirağa Əzimov(lal Hüseyn), Elmira Yedigarova(Naznaz), Nəsibə Zeynalova(Telli arvad).
Böyük Dayaq (1962) DVDRip
Janr: Dram, Komediya.
Ölkə: Azərbaycan.
İstehsalçı: “Azərbaycanfilm” Kinostudiyası
Ssenari Müəllifi: Mirzə İbrahimov
Quruluşçu Rejissor: Həbib İsmayılov
Quruluşçu Operator: Xan Babayev
Quruluşçu Rəssam: Məmməd Hüseynov
Bəstəkar: Fikrət Əmirov
Səs Operatoru: Əziz Şeyxov
Geyim Rəssamı: Bədurə Əfqanlı
İkinci Operator: B. Vlasov
Rejissor Assistenti: Əlisəttar Məlikov, A. Vəkilov
Montaj üzrə Assistent: A. Filimonova
Operator Assistenti: Şərif Şərifov, Eldar Abbasbəyli
Dekor Rəssamı: S. Şıxlı
Qrim Rəssamı: V. Antipov
Quraşdırılmış Səhnələrin Operatoru: Mirzə Mustafayev
Quraşdırılmış Səhnələrin Rəssamı: Mirzə Rəfiyev
Çalır: SSRİ Mədəniyyət Nazirliyi Filmlər İstehsalı İdarəsinin Orkestri
Dirijor : A. Roytman
Filmin Direktoru: Daniil Yevdayev
Rollarda: Ələsgər Ələkbərov, Tamilla Rüstəmova, Həsən Məmmədov, Leyla Rzayeva, Zemfira Əliyeva, Nəsibə Zeynalova, Məmmədrza Şeyxzamanov, Hacımurad Yegizarov, Böyükağa Kazımov, Ağa Məmmədov, Firudin Mehdiyev, İbrahim İsfahanlı, Qədirağa Əzimov, Elmira Yadigarova, Rafiq Tağıyev, İsmayıl Dağıstanlı, Əli Qurbanov, Məmmədsadıq Nuriyev, Bahadur Əliyev, Ələkbər Hüseynzadə, Əliheydər Həsənzadə .
Film haqqında: Əsərdə olduğu kimi, kinoromanda da ciddi siyasi, əxlaqi və tərbiyəvi problemlər qaldırılmışdır. Burada kənd təsərrüfatında gedən dəyişikliklərdən, müasir kəndimizin adamlarından, rəhbərlikdə demokratik üsulların bərpası uğrunda aparılan mübarizədən söhbət açılır.
Sosial dramın əsas qayəsi : yalnız xalqa, kollektivə arxalanan rəhbər işçilər qarşılarına qoyduqları məqsədə çata bilərlər.
Film aktrisa Tamilla Rüstəmovanın kinoda ilk işidir.
Film aktyor Həsən Məmmədovun kinoda ilk işidir.
Film Mirzə İbrahimovun eyniadlı romanının motivləri əsasında çəkilmişdir.
Film boyu Ələsgər Ələkbərov (Rüstəm kişi) bir çox kadrlarda at üstündə olur. Lakin ortaya problem çıxır. Ələsgər Ələkbərovun böyrəkləri xəstə olduğu üçün at minə bilmir. Xeyli götür-qoydan sonra filmin operatoru çıxış yolu tapır: Çəkiliş meydançasına gətirilən yük maşınında yəhər quraşdırıb, çəkilişi aparmağa başlayır. Filmə baxanların da heç ağlına gəlmir ki, Rüstəm kişi atsız yəhərin üstündə çapır. Qeyd edək ki, film ekranlara çıxarkən artıq Ələsgər Ələkbərov dünyasını dəyişmişdi. Böyük aktyora özünün ekranda yaratdığı gözəl rollarından birini – Rüstəm kişini görmək qismət olmadı.
“Azərbaycan ədəbiyyatının böyük dayağı: Xalq yazıçısı Mirzə İbrahimov” mövzusunda elmi sessiya keçirilib – FOTOLAR
AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Azərbaycan ədəbiyyatının böyük dayağı: Xalq yazıçısı Mirzə İbrahimov” mövzusunda elmi sessiya keçirilib. Öncə Mirzə İbrahimovun əsərlərindən ibarət sərgiyə baxış olub.
Bu barədə Edebiyyatqazeti.az-a İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Sessiyanı açan AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun baş direktoru akademik İsa Həbibbəyli sənətkarın yaradıcılıq fəaliyyətindən danışıb: “O, sovet rejimi çərçivəsində yaşayıb işləməyi, xalqa yazıçı, ictimai xadim, alim kimi xidmət etməyin yolunu düzgün müəyyən edən şəxsiyyətdir. Mirzə İbrahimov deyəndə, ilk növbədə, yazıçı nəzərdə tutulur. Mirzə İbrahimov sovet dövrü Azərbaycan ədəbiyyatının sütunlarından biri idi. Ulu öndər Heydər Əliyevin epoxasında, Azərbaycana rəhbərlik etdiyi dövrlərdə bəstəkarlarımız, rəssamlarımız Azərbaycan xalqına xidmət edən böyük ədəbiyyat və incəsənət yaratdılar. Təsadüfi deyil ki, bu dövrdə Mirzə İbrahimovun da arzularından biri olan Azərbaycan dili 1978-ci ildə Azərbaycan Sovet Respublikasının Konstitusiyasında dövlət dili statusunda təsbit edilib”.
Akademik bildirib ki, Heydər Əliyev epoxası sovet rejimi çərçivəsində milliləşmə hərəkatının konkret bir mərhələsidir. Missiyanın yerinə yetirilməsində Mirzə İbrahimov öndə gedən sənətkarlardan olub. Onun Cənub mövzusunda yazdığı hekayə və povestləri buna sübutdur. Yazıçının məşhur monumental əsəri olan “Gələcək gün” romanı Mirzə İbrahimovun Azərbaycanda dövlət müstəqilliyinə, milli azadlıq hərəkatına, ümummilli ideallara nə qədər böyük töhfələr verdiyini əsrdən-əsrə yaşadacaqdır. Sovet rejimi çərçivəsində dövlət idarələrində Azərbaycan dilinin işlədilməsi uğrunda apardığı mübarizə, qısa bir dövrdə əldə etdiyi böyük nəticədir. Həm Xalq yazıçısı, akademik, həm də o zaman Ali Sovetin sədri kimi onun xalqına nə dərəcədə bağlı olduğunun, gələcək müstəqilliyini necə aydın gördüyünü, hədəflərini necə düzgün müəyyən etdiyini o zamanın şərtləri daxilində necə müdrik addımlar atdığını isbat edir. Onun bədii yaradıcılığı, “Pərvanə”, “Böyük dayaq”, “Gələcək gün” romanları Azərbaycan ədəbiyyatının əbədiyaşar əsərləridir. Elm adamı olaraq Peterburq məktəbi keçib. Mirzə Cəlil mövzusunda indi də çox gərəkli olmasını nümayiş etdirən namizədlik dissertasiyasını çap etdirdiyi “Böyük demokrat” kitabı qalır. Azərbaycan ədəbiyyatşünaslıq elmi Mirzə İbrahimova borcludur.
Sonra filologiya elmləri doktoru, professor Şirindil Alışanlı “XX əsr ədəbi-ictimai fikrində Mirzə İbrahimov”, filologiya elmləri doktoru Rəhim Əliyev “Yazıçı şəxsiyyəti və zaman”, filologiya üzrə fəlsəfə doktoru, dosent İlham Məmmədli “Mirzə İbrahimovun yaradıcılığında Cənub mövzusu”, filologiya üzrə fəlsəfə doktoru Tahir Məsimov “Mirzə İbrahimovun dramaturgiyası”, filologiya elmləri doktoru, professor Nizami Tağısoy “Ədəbi-mədəni varlığımızın Mirzə İbrahimov zirvəsi” mövzularında məruzə ediblər.
Sonda Mirzə İbrahimovun ailə üzvü Sona İbrahimova çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılara təşəkkürünü çatdırıb.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
Comments are closed, but trackbacks and pingbacks are open.