Press "Enter" to skip to content

Məktəbdaxili qiymətləndirmənin YENİ QAYDALARI növbəti dərs ilindən tətbiq ediləcək

Onun sözlərinə görə, məktəbdaxili qiymətləndirmə qaydalarında dəyişiklikləri zəruri edən səbəblər var idi:

Məktəbdaxili qiymətləndirmə 2019

Bakı şəhəri

“28” dekabr 2018-ci il

Ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (məktəbdaxili qiymətləndirmənin) aparılması Qaydasının təsdiq edilməsi barədə [1]

“Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 oktyabr tarixli 1633 nömrəli Fərmanının 3-cü hissəsinin icrasının təmin edilməsi məqsədi ilə “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 8.5-ci bəndini və 16-cı hissəsini rəhbər tutaraq Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyası QƏRARA ALIR:

1. “Ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (məktəbdaxili qiymətləndirmənin) aparılması Qaydası” təsdiq edilsin (əlavə olunur).

2. Ümumi və məktəbəqədər təhsil şöbəsi (A.Əhmədov) və Təhsilin inkişafı proqramları şöbəsi (E.Əmrullayev) bu qərardan irəli gələn tədbirlərin həyata keçirilməsini təmin etsinlər.

7. Bu qərarın təhsil müəssisələrinə göndərilməsi, eləcə də “Azərbaycan müəllimi” qəzetində dərc edilməsi və Nazirliyin internet səhifəsində yerləşdirilməsi İnformasiya şöbəsinə (E.Məmmədov) həvalə olunsun.

8. Nazirliyin Hüquq şöbəsinə (A.Cəfərov) tapşırılsın ki, bu qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim olunmasını təmin etsin.

9. Qərarın icrasına nəzarəti öz üzərimə götürürəm.

Kollegiyanın sədri,

Ceyhun Bayramov

Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 28 dekabr 2018-ci il tarixli 8/1 nömrəli Kollegiya Qərarı ilə təsdiq edilmişdir.

Ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (məktəbdaxili qiymətləndirmənin) aparılması Qaydası [2]

1 . ü mumi müddəalar

1.1. Bu Qayda “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 29.0.29-cu maddəsinə və “Ümumi təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 14.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasında ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (məktəbdaxili qiymətləndirmənin) aparılması məsələlərini tənzimləyir. [3]

1.2. Bu Qayda təşkilati-hüquqi formasından asılı olmayaraq, aşağıdakı şəxslərin attestasiyasına şamil edilmir :

1.2.1. ümumi təhsil müəssisələrində tətbiq olunan b eynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları üzrə təhsilalanların;

1.2.2. xüsusi və ümumi təhsil müəssisələrində (xüsusi təhsil və inklüziv təhsil siniflərində) təhsilə cəlb olunmuş sağlamlıq imkanları məhdud şəxslərin.

1.3. Ümumi təhsil pilləsində təhsilalanların attestasiyası (məktəbdaxili qiymətləndirmə) məqsədi ilə diaqnostik, formativ və summativ qiymətləndirmələr keçirilir. [4]

2. Diaqnostik qiymətləndirmə

2.1. Diaqnostik qiymətləndirmə dərs ilinin və ya fənn üzrə tədris resurslarında nəzərdə tutulmuş hər bölmənin əvvəlində aparılmaqla şagirdlərin bilik və bacarıqlarının, o cümlədən maraq və motivasiyasının ilkin qiymətləndirilməsi məqsədi ilə aparılır. [5]

2 .2. Diaqnostik qiymətləndirmədə tapşırıqvermə, müşahidə (müəllim tərəfindən şagirdlərin yeni mövzuya olan maraq səviyyəsinin müəyyən edilməsi) üsullarından istifadə olunur.

2.3. Diaqnostik qiymətləndirmənin nəticəsi ilə bağlı müvafiq yazılı qeydlər (nəticələrin qısa təsviri) təhsilalanın fərdi qovluğunda saxlanılır.

3. Formativ qiymətləndirmə

3.1. Formativ qiymətləndirmə təhsilalanın hər bir fənn üzrə təhsil proqramında (kurikulumda) müəyyənləşdirilmiş məzmun standartlarının mənimsənilməsinə yönəlmiş fəaliyyətlərini izləmək, bu prosesdə onun qarşısına çıxan çətinlikləri müəyyən edib onları aradan qaldırmaq məqsədi ilə aparılır. Formativ qiymətləndirmə şagird nailiyyətlərinin monitorinqi vasitəsilə tədrisin düzgün istiqamətləndirilməsinə xidmət edir. Müəllim formativ qiymətləndirmə vasitəsilə tədris prosesini tənzimləyir, şagirdlər tərəfindən məzmunun mənimsənilməsinə kömək edir.

3.2. Formativ qiymətləndirmə zamanı tapşırıqvermə, müşahidə (müəllim tərəfindən şagirdlərin yeni mövzuya olan maraq səviyyəsinin müəyyən edilməsi) üsullarından istifadə olunur.

3.3. Formativ qiymətləndirmənin nəticəsi ilə bağlı “Müəllimin formativ qiymətləndirmə dəftəri”ndə və “Məktəbli kitabçası”nda müvafiq yazılı qeydlər aparılır .

3.4. Müəllim dərs ilinin yarımillərinin sonunda “Müəllimin formativ qiymətləndirmə dəftəri”ndəki qeydlər əsasında təhsilalanın yarımillik fəaliyyətinin qısa təsvirini hazırlayır və həmin təsvir təhsilalanın ümumi təhsil müəssisəsindəki fərdi qovluğunda saxlanılır.

4. Summativ qiymətləndirmə

4.1. Summativ qiymətləndirmə hər bir fənn üzrə təhsil proqramında (kurikulumda) müəyyənləşdirilmiş məzmun standartlarının mənimsənilməsi ilə bağlı təhsilalanların əldə etdiyi nailiyyətlərin müəyyən olunması məqsədilə aparılır.

4.2. Summativ qiymətləndirmə aşağıdakı iki formada aparılır:

4.2.1. hər bir fənn üzrə dərsliklərdə nəzərdə tutulmuş hər bölmənin daxilində və ya bölmənin sonunda keçirilən kiçik summativ qiymətləndirmə;

4.2.2. hər yarımilin sonunda keçirilən böyük summativ qiymətləndirmə.

4.3. Summativ qiymətləndirmədə tapşırıqvermə üsulundan istifadə olunur.

4.4. I sinifdə summativ qiymətləndirmə aparılmır.

4.5. Kiçik summativ qiymətləndirmə II-XI siniflərdə bütün fənlər üzrə hər yarımildə 3 dəfədən az 6 dəfədən çox olmamaqla müəllim tərəfindən aparılır. Hər fənn üzrə kiçik summativ qiymətləndirmələrin aparılacağı tarix haqqında məlum at tədris ilinin birinci həftəsi ərzində fənn müəllimi tərəfindən sinifdə təhsilalanlara elan olunur.

4.6. Hər bir fənn üzrə kiçik summativ qiymətləndirmə həmin fənnin tədris olunduğu 1 (bir) dərs saatı ərzində aparılır.

4.7. Böyük summativ qiymətləndirmə ümumi təhsil müəssisəsinin rəhbərliyi tərəfindən hər yarımilin sonunda aşağıda sadalanan fənlər üzrə aparılır:

4.7.1. ümumi təhsil müəssisələrinin IV, IX və XI siniflərində bütün fənlər üzrə;

4.7.2. ümumi təhsil müəssisələrinin V-VIII siniflərində ümumi orta təhsil səviyyəsi üçün nəzərdə tutulmuş buraxılış imtahanı fənləri üzrə;

4.7.3. lisey və gimnaziyaların V-VIII siniflərində ümumi orta təhsil səviyyəsi üçün nəzərdə tutulmuş buraxılış imtahanı fənləri ilə yanaşı, müəssisənin Pedaqoji Şurasının qərarı ilə müəyyənləşdirilmiş maksimum 3 fənn üzrə;

4.7.4. ümumi təhsil müəssisələrinin tam orta təhsil səviyyəsində təmayülləşmə tətbiq olunmayan X sinfində tam orta təhsil səviyyəsi üçün nəzərdə tutulmuş buraxılış imtahanı fənləri üzrə;

4.7.5. ümumi təhsil müəssisələrinin tam orta təhsil səviyyəsində təmayülləşmə tətbiq olunan X sinfində tam orta təhsil səviyyəsi üçün nəzərdə tutulmuş buraxılış imtahanı fənləri ilə yanaşı, müəssisənin pedaqoji şurasının qərarı ilə müəyyənləşdirilmiş maksimum 3 təmayül fənni üzrə;

4.7.6. lisey və gimnaziyaların X sinfində tam orta təhsil səviyyəsi üçün nəzərdə tutulmuş buraxılış imtahanı fənləri ilə yanaşı, müəssisənin Pedaqoji Şurasının qərarı ilə müəyyənləşdirilmiş maksimum 3 fənn üzrə.

4.8. Ümumi təhsil müəssisələrinin V-VIII siniflərində ümumi orta təhsil səviyyəsi üçün və tam orta təhsil səviyyəsində təmayülləşmə tətbiq olunmayan X sinfində həmin təhsil səviyyəsi üçün nəzərdə tutulmuş buraxılış imtahanı fənləri ilə yanaşı, müəssisənin pedaqoji şurasının qərarı ilə müəyyənləşdirilmiş maksimum digər 3 fənn üzrə də böyük summativ qiymətləndirmə keçirilə bilər.

4.9. Pedaqoji şuranın qərarı ilə 4.7.3-cü, 4.7.5-ci, 4.7.6-cı yarımbəndlərdə və 4.8-ci bənddə müəyyənləşdirilməsi nəzərdə tutulmuş fənlərin seçimi tədrisin keyfiyyətinə nəzarət etmək məqsədi daşıyır. Pedaqoji Şuranın müvafiq qərarı dərs ilinin əvvəlində qəbul edilir və təhsilalanlara elan edilir.

4.10. Hər bir fənn üzrə böyük summativ qiymətləndirmə ibtidai təhsil səviyyəsində 45, ümumi orta və tam orta təhsil səviyyəsində 45-90 dəqiqə ərzində aparılır.

4.11. II-III siniflərdə böyük summativ qiymətləndirmə keçirilmir.

4.12. Kiçik və böyük summativ qiymətləndirmələr 100 ballıq şkala ilə ölçülür.

4.13. Summativ qiymətləndirmədə istifadə olunan qiymətləndirmə vasitələri (suallar) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 13 yanvar tarixli 9 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ümumi təhsil sistemində Qiymətləndirmə Konsepsiyası”nın tələbləri nəzərə alınmaqla hazırlanır. Suallar hər bir sinif və fənn üzrə 4 səviyyədə tərtib edilir. 1-ci səviyyə ən aşağı, 4-cü səviyyə isə ən yüksək səviyyəni əks etdirir. Suallar müxtəlif mürəkkəblik səviyyəsində hazırlanır. 1-ci və 2-ci səviyyəyə təhsilalanların əksəriyyətinin cavablandıra biləcəyi suallar aid edilir. 3-cü və 4-cü səviyyəyə daha hazırlıqlı şagirdlərin cavablandıra biləcəyi suallar aid edilir. Səviyyələr üzrə sualların qiymətləndirmə ballarının 100 ballıq şkalada bölgüsü aşağıdakı kimi nəzərdə tutulur:

– 1-ci səviyyə üzrə suallar qiymətləndirmənin 20%-ni (və ya 20 bal) təşkil edir;

– 2-ci səviyyə üzrə suallar qiymətləndirmənin 30%-ni (və ya 30 bal) təşkil edir;

– 3-cü səviyyə üzrə suallar qiymətləndirmənin 30%-ni (və ya 30 bal) təşkil edir;

– 4-cü səviyyə üzrə suallar qiymətləndirmənin 20%-ni (və ya 20 bal) təşkil edir.

4.14. Üzrlü (xəstəlik (tibbi arayış təqdim edildikdə), bədbəxt və fövqəladə hadisə) səbəbdən kiçik summativ qiymətləndirmənin hər hansı birində iştirak etməyən təhsilalanın kiçik summativ qiymətləndirmədə iştirak etməməsi yarımillik balların hesablanmasında nəzərə alınmır. Təhsilalanın iştirak etmədiyi kiçik summativ qiymətləndirmə növbəti kiçik summativ qiymətləndirməyədək təşkil edilir.

4.15. Üzrsüz səbəbdən kiçik summativ qiymətləndirmədə iştirak etməyən təhsilalanların həmin qiymətləndirmə üzrə balı “ 0” qəbul edilir və yarımillik balların hesablanmasında nəzərə alınır.

4.16. Üzrsüz səbəbdən I və II yarımillər üzrə keçirilən böyük summativ qiymətləndirmələrdə iştirak etməyən təhsilalan həmin qiymətləndirmələr üzrə balı “ 0” qəbul olunur.

4.17. Təhsilalan I və II yarımillər üzrə keçirilən böyük summativ qiymətləndirmələrdə üzrlü səbəbdən (xəstəlik (tibbi arayış təqdim edildikdə), bədbəxt və fövqəladə hadisə) iştirak edə bilmədikdə, müvafiq summativ qiymətləndirmə günündən sonra növbəti 2 (iki) həftə müddətində onun üçün böyük summativ qiymətləndirmə təşkil edilir. Qeyd olunan müddətdə təhsilalan böyük summativ qiymətləndirmədə hər hansı səbəbdən iştirak etmədikdə böyük summativ qiymətləndirmə üzrə balı “ 0” qəbul olunur.

4.18. Summativ qiymətləndirmədə iştirak etməyən təhsilalanlar üçün sinifdə istifadə olunan eyni səviyyəli yeni qiymətləndirmə vasitələri (test, imla, inşa, ifadə, çalışma) hazırlanır.

4.19. Təhsilalanın summativ qiymətləndirmədə bu Qaydanın 4.13-cü bədi nəzərə alınmaqla topladığı balların 2, 3, 4, 5 qiymətlərinə uyğunluğu aşağıdakı qaydada müəyyənləşdirilir:

4.19.1. 30-dək (daxil olmaqla) olan ballar “ 2” qiyməti ilə;

4.19.2. 30-dan 60-dək (daxil olmaqla) olan ballar “ 3” qiyməti ilə;

4.19.3. 60-dan 80-dək (daxil olmaqla) olan ballar “ 4” qiyməti ilə;

4.19.4. 80-dən 100-dək (daxil olmaqla) olan ballar “ 5” qiyməti ilə.

4.20. Təhsilalanın summativ qiymətləndirmədə topladığı ballar və onların uyğunlaşdırıldığı qiymət summativ qiymətləndirmənin aparıldığı tarixdə sinif jurnalında və “Məktəbli kitabçası”nda yazılır.

4.21. Summativ qiymətləndirmələrin nəticələri ilə razılaşmayan təhsilalanların valideynlərinin və ya digər qanuni nümayəndələrinin müraciətlərinə təhsil müəssisəsinin tabeliyindən asılı olaraq Azərbaycan Respublikasının Təhsil Nazirliyi və ya yerli təhsili idarəetmə orqanları tərəfindən baxılır. Yerli təhsili idarəetmə orqanlarının qərarları ilə razılaşmayan təhsilalanların valideynlərinin və ya digər qanuni nümayəndələrinin müraciətlərinə Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən baxılır. [6]

5. Yarımillik və illik qiymətlərin hesablanması

5.1. Təhsilalanların kiçik və böyük summativ qiymətləndirmələrdə topladığı ballar əsasında yarımillik ballar hesablanır. Yarımillik balının 2, 3, 4 və ya 5 qiymətlərinə uyğunluğu bu Qaydanın 4.19-cu bəndinə müvafiq olaraq müəyyənləşdirilir. Yarımillik balların miqdarı və onların uyğunlaşdırıldığı qiymət sinif jurnalı və “Məktəbli kitabçası”nda yazılır.

5.2. Böyük summativ qiymətləndirmə aparılmayan fənlər üzrə yarımillik bal kiçik summativ qiymətləndirmələrdə toplanmış ballar əsasında aşağıdakı kimi hesablanır:

Y- təhsilalanın yarımillik üzrə balını;

ksq1, ksq2. ksqn – hər kiçik summativ qiymətləndirmədə toplanmış balların miqdarı;

n – kiçik summativ qiymətləndirmələrin sayını bildirir.

5.3. Böyük summativ qiymətləndirmə aparılan fənlər üzrə yarımillik bal kiçik və böyük summativ qiymətləndirmələrdə toplanılan ballar əsasında aşağıdakı kimi hesablanır:

Məktəbdaxili qiymətləndirmənin YENİ QAYDALARI növbəti dərs ilindən tətbiq ediləcək

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu təhsil naziri Ceyhun Bayramov Təhsil Nazirliyinin 2017-ci il üzrə hesabat tədbirində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, məktəbdaxili qiymətləndirmə ilə bağlı təhlillər aparılıb: “Yaxın aylarda bununla bağlı qərar veriləcək. Məktəbdaxili qiymətləndirmədə, xüsusilə ibtidai təhsil pilləsində yüngülləşmə olacaq”.

Təhsilin inkişafının ölkəmizin tərəqqisi baxımdan vacib amil olduğunu vurğulayan nazir bildirib ki, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” sənədinin qəbulundan ötən müddət ərzində təhsil sahəsində müsbət dinamika müşahidə olunub, 5 il bundan əvvəllə müqayisədə bir sıra sahələrdə əsaslı nailiyyətlər əldə edilib. Bu nailiyyətlərin həm əhatəliliyinin artması, həm də keyfiyyətin və ya bərabər imkanların yaxşılaşması ilə nəticələndiyini vurğulayan nazir təhsilimizin daha əlçatan, keyfiyyətli olmasının gələcəkdə iqtisadiyyatımızın güclü və vətəndaşlarımızın rifah səviyyəsinin yüksək olmasına zəmin yaratdığını vurğulayıb.

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Məktəblərdə qiymətləndirmə ilə bağlı – YENİLİK

Yeni qaydalarda əsas məqsəd qiymətləndirmə zamanı yaranan anlaşılmazlığı aradan qaldırmaqdır.

Oxu.Az-ın məlumatına görə, bunu Təhsil Nazirliyində “Ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (yekun qiymətləndirmə (attestasiya) istisna olmaqla) aparılması Qaydası”nın qəbulu ilə bağlı keçirilən mətbuat konfransında nazirliyinin şöbə müdiri Emin Əmrullayev bildirib.

Onun sözlərinə görə, məktəbdaxili qiymətləndirmə qaydalarında dəyişiklikləri zəruri edən səbəblər var idi:

“Yeni qaydalarda nəzərdə tutulan əsas dəyişikliklərdən biri summativ qiymətləndirmə ilə bağlıdır. Şagirdlərin imtahan yükünü azaltmaq və yeni qaydalarda əsas məqsəd qiymətləndirmə zamanı yaranan anlaşılmazlığı aradan qaldırmaq əsas məqsəddir. Qaydalara əsasən, summativ qiymətləndirmələrin sayı azaldılıb.

Formativ qiymətləndirmə rəsmi qiymətləndirmə deyil. Summativ qiymətləndirmə isə rəsmi qiymətləndirmədir. Dəyişikliyə əsasən, birinci siniflərdə summativ qiymətləndirmə aparılmayacaq. Sadəcə, formativ qiymətləndirmə aparılacaq.

Oxu: Təhsil Nazirliyindən birinci siniflərlə bağlı – VACİB QƏRAR

Bu qiymətləndirməni müəllim öz istədiyi kimi apara, şagirdi stimullaşdıra bilər. İkinci və üçüncü siniflərdə Böyük Summativ Qiymətləndirmə ləğv ediləcək. Böyük Summativ Qiymətləndirmə (BSQ) təhsil səviyyələrinin sonunda, yəni IV, IX və XI siniflərdə bütün fənlərdən, V, VI, VII, VIII və X siniflərdə isə yalnız buraxılış imtahanları keçiriləcək fənlər üzrə aparılacaq.

Təhsil səviyyələrinin sonlarında BSQ-lərin keçirilməsinin əsas məqsədi bütün fənlərdən təhsilalanların nailiyyətlərinin ölçülməsi, aralıq siniflərdəki BSQ-lərin əsas məqsədi isə buraxılış imtahanlarına mükəmməl hazırlığın təmin edilməsidir”.

Emin Əmrullayev qeyd edib ki, II, III siniflərdə yalnız Kiçik Summativ Qiymətləndirmə (KSQ) olacaq:

“Summativ qiymətləndirmə 100 ballıq şkala ilə aparılacaq, yalnız yekunda 2, 3, 4 və 5 qiymətlərinə çevrilərək sinif jurnallarına, “Məktəbli kitabçası”na yazılacaq. Başqa sözlə, qaydalara əsasən, bütün hesablamalar ballar üzərindən aparılacaq, yalnız son anda həmin balların qiymət qarşılığı da müəyyənləşəcək.

KSQ üçün bir dərs saatı, BSQ üçün isə yaş xüsusiyyəti və fənnin özünəməxsusluğu nəzərə alınaraq, 45-90 dəqiqəyə kimi vaxt nəzərdə tutulur. Yarım il ərzində fənn üzrə 3-6 KSQ keçirilə bilər. Dəyişiklərdən biri də tədris ilində keçiriləcək summativ qiymətləndirmələrin tarixinin şagirdlərə əvvəlcədən elan edilməsidir. Bu, təhsil iştirakçısı kimi şagirdlərə verilən önəmin göstəricisi olmaqla yanaşı, onların fəaliyyətlərinin planlaşdırılması baxımından da faydalıdır”.

Nazirlik rəsmisi qeyd edib ki, digər dəyişiklik isə lisey, gimnaziya və təmayülləşmə tətbiq edilən siniflərdə əlavə fənlər üzrə BSQ-lərin keçirilməsidir:

“Ümumtəhsil məktəblərinin, lisey və gimnaziyaların, təmayül siniflərinin özünəməxsusluğu qaydalarda nəzərə alınıb. Məsələn, beynəlxalq akkreditasiyadan keçmiş proqramların (International Baccalaureate Diploma Programme, A level və s.) tətbiq edildiyi ümumi təhsil müəssisələrində fərdi qiymətləndirmə qaydalarından istifadəyə icazə verilir. Lisey tipli məktəblərdə summativlər üç fəndən ola bilər. Təmayül fənləri üzrə ola bilər”.

Emin Əmrullayev vurğulayıb ki, birinci sinifdə bu dəyişiklikdən sonra 72 dəfə daha az qiymətləndirmə aparılacaq. İbtidai siniflər üzrə qiymətləndirmənin sayı isə 288-dən 180-ə enib:

“Dəyişiklikdən sonra ümumtəhsil səviyyəsində V-IX siniflər üzrə Böyük Summativ Qiymətləndirmədə hər il 25 imtahan azalır, tam orta təhsil səviyyədə isə 27 imtahan azalacaq”.

İlhamə Əbülfət

Comments are closed, but trackbacks and pingbacks are open.