Məmməd araz
14.X.1933-cü il – Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonu, Nurs kəndində anadan olmuşdur.
Məmməd araz
Məmməd İnfil oğlu İbrahimov (Məmməd Araz) 1933-cu il oktyabr ayının 14-də Naxcıvan Muxtar Rеspublikasının Şahbuz rayonunun Nursu kəndində anadan olmuşdur. Burada orta məktəbi bitirdikdən sonra 1950-1954-cu illərdə Azərbaycan Dovlət Pеdaqoji İnstitutunun coğrafiya fakultəsində təhsilini davam еtdirmişdir. Məmməd Araz ədəbi yaradıcılığa 1952-ci ildə “İnqilab və mədəniyyət” jurnalında dərc olunan “Yanan işıqlarım” adlı şеiri ilə başlamışdır. Əmək fəaliyyətinə isə doğma kəndindəki orta məktəbdə muəllimliklə başlamış, sonra Bakıya kocmuş, burada 1957-1959-cu illərdə Azərbaycan SSR Nazirlər Sovеti yanında Baş Mətbuat İdarəsində muvəkkil vəzifəsinə işə qəbul еdilmişdir. Daha sonra 1959-1961-ci illərdə Moskvada, kеcmiş SSRİ Yazıзılar İttifaqı nəzdindəki Ali ədəbiyyat kursuna daxil olmuşdur. O, 1963-1967-ci illərdə “Maarif” nəşriyyatında Bədii ədəbiyyat rеdaksiyasının mudiri, 1967-1970-ci illərdə “Ulduz” jurnalının məsul katibi, 1970-1972-ci illərdə “Ədəbiyyat və incəsənət” qəzеti rеdaksiyasında baş rеdaktorun muavini, 1972-1974-cu illərdə Azərbaycan Dovlət Nəşriyyatında baş rеdaktorun muavini, 1974-cu ildən “Azərbaycan təbiəti” jurnalının rеdaktoru vəzifəsində işləmişdir. 1971-1981-ci illərdə Azərbaycan Yazıзılar İttifaqında Poеziya bolməsinə rəhbərlik еtmişdir. “Еyfеl qulləsində”, “Araz yadıma duşdu”, “Qoruyun dunyanı”, “Nobеl mukafatı”, “Azərbaycanım mənim” şеirləri həm şairin, həm də Azərbaycan poеziyasının təkamulundən, yеni mənəvi iqlim və tarixi mərhələlərindən xəbər vеrmiş, bir ənənənin yox, minillik əxlaq, fəlsəfə, hunər və poеziya irsinin varisi kimi cıxış еtmişdir. M.Araz oz yaradıcılığında poеma janrına tеz-tеz muraciət еtmiş və ilk poеması 1957-ci ildə yazdığı “Uc oğul anası” olmuşdur. O, uzun illər bədii tərcumə ilə də məşğul olmuşdur. Gəncliyindən bu işə yaradıcı sənətkar kimi yanaşan şair muxtəlif xalqların poеziyasına xususi maraq gostərmişdir. Bunlardan N.Nеkrasov, M.Lеrmontov, H.Hеynе, Şarl Bodlеr, Jan Raynis, Abay, Q.Sеvcеnko, V.Luqovskoy, M.Lukonin, Y.Smеlyakov, M.Kərim, P.Brovka, O.Şеstinski və başqalarını numunə gostərmək olar. M.Araz istеdadlı tərcuməci kimi dunya xalqları ədəbiyyatından 195 şеir və 5 poеma tərcumə еdərək onları “Ocaq başında” adı ilə 1988-ci ildə kitab halında cap еtdirmişdir. 1982-ci ildə Azərbaycan SSR Fəxri fərmanı ilə təltif olunmuş,1984-cu ildə “Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi” fəxri adına layiq gorulmuş, 1988-ci ildə “Azərbaycan” və “Ulduz” jurnallarında cap olunmuş şeirlər silsiləsinə gorə Azərbaycan Respublikasının Dovlət mukafatını almış,
Azərbaycan milli ədəbiyyatının inkişafında boyuk xidmətlərinə gorə 1991-ci ildə “Azərbaycanın Xalq şairi” adına layiq gorulmuş, 1995-ci ildə “İstiqlal” ordeni ilə təltif edilmişdir.Xalq şairi Məmməd Araz 2004-cu il dekabr ayının 1-də 71 yaşında vəfat еtmiş, Fəxri Xiyabanda dəfn edilmişdir.
I Qarabağ müharibəsi şəhidinin materialları Muzeyə verilib
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.
Muzey əməkdaşı Beynəlxalq Təhsil Kompleksi IB-nın şagirdlərinə mühazirə deyib
Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı Qənirə Qafarlı Bakı Beynəlxalq Təhsil Kompleksi IB-nın 4-cü sinif şagirdlərinə mühazirə deyib. Mühazirə Bak.
Muzeyə Qarabağ şəhidinin materialları daxil olub
II Qarabağ müharibəsinin şəhidi Əzizli Tacəddin Şahəddin oğlu 1994-cü il 7 avqust tarixində Salyan rayonunda anadan olub. İsfəndiyar Həsənov adına Sar.
Muzey əməkdaşı beynəlxalq gənclər konfransında iştirak edib
MATM-nin əməkdaşı Şəfa Mövsümov Pakistanın İslamabad Münaqişə Həlli İnstitutunun (İslamabad İnstitute of Conflict Resolution) təşkilatçılığı ilə keç.
Muzeydə Lütfi Zadə irsi təbliğ edilir
Bu gün dünya şöhrətli alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, AMEA-nın fəxri üzvü, professor Lütfi Zadənin 100 illiyi tamam olur. Yanvarın 25-.
Hörmətli izləyicilər!
Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuzun qazandığı şanlı qələbə qəhrəman şəhid.
Fevralın 2-də AMEA Yüksək Texnologiyalar Parkında (YT Park) “İnkubator və Texnologiya Transferi Mərkəzi”nin təqdimatına həsr olunmuş tədbir keçirilib
Tədbirdə AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Emin Dadaşov “Müasir muzeylərdə yüksək texnologiyaların tətbiqi (.
Hörmətli izləyicilər! Sizə Milli Azərbaycan Tarixi Muzeyinin Baş mütəxəssisi Aynur Babayevanın hazırladığı “Qarabağın general qubernatoru – Xosrov bəy Sultanov” adlı məqaləni təqdim edirik.
AXC-nin qurulması Qarabağın tarixində də mühüm hadisə olmuşdur. 1918-ci ilin mayında Şimali Azərbaycan özünün dövlət müstəqilliyini elan etdikdən sonr.
Məmməd araz
«Arzularının əlləri uzalı qalan,
ürəyini dağlara əmanət edən»
şairin qısa bioqrafiyası.
14.X.1933-cü il – Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonu, Nurs kəndində anadan olmuşdur.
1940-cı il – Şahbuz rayonunun Nurs kəndinin 1-ci sinfində təhsilə başlamışdır.
1945-ci il – Atası İnfil kişi «xalq düşməni» adı ilə Sibirə sürgün olunmuşdur.
1949-cu il – Kəndşahbuzda orta məktəbi bitirmişdir.
1950-ci il – APİ-nin coğrafiya fakültəsinə daxil olmuş və eyni zamanda yaradıcılığını da davam etdirmişdir.
1951-ci il – Yazıçı İ.Şıxlının təşkil etdiyi ədəbi dərnəyin məşğələlərində iştirak edir.
1952-ci il – «İnqilab və mədəniyyət» jurnalının may nömrəsində «Yanın işıqlarım» şeri çap olunur. Mətbuatda çap olunmuş bu şerilə ədəbiyyat aləminə qədəm qoymuşdur.
1954-cü il – APİ-ni bitirmiş, təntənəli buraxılış gecəsində məzunlara həsr olunmuş «Ayrılıq» şerini oxumuşdur.
1955-56-cı illər – Şahbuz rayonunun Nurs kəndində müəllim işləmişdir.
1957-ci il – Azərbaycan Nazirlər Soveti yanındakı Baş Mətbuat İdarəsində müvəkkil vəzifəsinə işə qəbul edilmişdir. Həmin il «Üç oğul anası» poemasını çap etdirmişdir.
1957-ci il – Azərbaycan Yazarlar Birliyinin üzvü olmuşdur.
1958-ci il – 8 noyabrda ailə həyatı qurmuşdur.
1959-cu il – «Sevgi nəğməsi» adlı ilk şerlər kitabı «Azərnəşr»də çap olunmuşdur.
1959-cu il – Moskva SSRİ Yazıçılar İttifaqı nəzdindəki M.Qorki adına ikiillik Ali Ədəbiyyat kursuna daxil olmuşdur.
1961-ci il – Ali Ədəbiyyat kursunu bitirdikdən sonra «Maarif» nəşriyyatında redaktor işləmişdir.
1961-ci il – «Üç oğul anası» şerlər kitabı çapdan çıxmışdır.
1962-ci il – M.Ə.Sabirə həsr olunmuş «Mən də insan oldum» poeması tamamlanıb dövrü mətbuatda dərc olunmuşdur.
1963-cü il – Azərbaycan Dövlət Nəşriyyatında bədii ədəbiyyat redaksiyasının müdiri vəzifəsinə irəli çəkilmişdir.
1963-cü il – «Mən səni taparam» kitabı nəşr edilmişdir.
1964-cü il- «Araz axır» adlı poemalar toplusu çapdan çıxmışdır.
1965-ci il – Dövrü mətbuatda şer və məqalələri ilə çıxış etmişdir.
1966-cı il – «Anamdan yadigar nəğmələr» adlı kitabı nəşr edilmişdir.
1967-ci il – «Ulduz» jurnalına məsul katib təyin edilmişdir.
1967-ci il – «Ömür karvanı» kitabı «Azərnəşr»də çap olunmuşdur.
1968-ci il – Məqalə və şerləri ilə dövrü mətbuatda çıxış etmişdir.
1969-cu il – «Gənclik» nəşriyyatında «İllərdən biri» kitabı çapdan çıxmışdır.
1970-ci il – «Ədəbiyyat və incəsənət» qəzetində baş redaktor müavini vəzifəsində çalışmışdır.
1971-ci il – Azərbaycan Yazıçılar İttifaqının poeziya bölməsinə 1981-ci ilə qədər rəhbərlik etmiş, milli şerin inkişafına, ədəbi gəncliyin formalaşmasına səy göstərmişdir. «Yer üzünün Qarabağ düzü», «Qarabağ simfoniyası» məqalələrini çap etdirmişdir.
1972-ci il – «Ədəbiyyat və incəsənət» qəzetində N.Nərimanovun anadan olmasının 100 illiyi ilə ədaqədar hazırlanmış xüsusi nömrədə verilmiş materiallara görə millətçi kimi baş redaktor müavini vəzifəsindən azad edilmişdir.
1973-cü il – «Qanadlı qayalar» kitabı işıq üzü görmüşdür.
1973-cü il – Azərbaycan Dövlət Nəşriyyatı Baş redaktorunun müavini kimi işləmişdir.
1974-cü il – «Gənclik» nəşriyyatında «Atamın kitabı» kitabı çap olunmuşdur.
1974-cü il – Yeni nəşrə başlayan «Azərbaycan təbiəti» jurnalının baş redaktorluğuna irəli çəkilmiş və ömrünün sonuna qədər orada işləmişdir.
1974-cü il – «Həyatın və sözün rəngləri» adlı publisist kitabı nəşr edilir.
1975-ci il – Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı ilə təltif olunmuşdur.
1978-ci il – «Oxucuya məktub» kitabı «Gənclik» nəşriyyatında çap edilmişdir.
1978-ci il – Əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülmüşdür.
1979-cu il – «Aylarım, illərim» adlı kitabı oxucuların ixtiyarına verilmişdir.
1982-ci il – Azərbaycan SSR Fəxri fərmanı ilə təltif olunmuşdur.
1982-ci il – ««Dünya sənin, dünya mənim» şerlər kitabı Azərbaycan SSR Dövlət mükafatına təqdim olunmuş, lakin məlum səbəblərə görə mükafat verilməmişdir.
1983-cü il – «Dünya sənin, dünya mənim» kitabı «Yazıçı» nəşriyyatında nəşr edilmişdir.
1984-cü il – Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi fəxri adına layiq görülmüşdür.
1986-cı il – «Seçilmiş əsərləri» kitabı «Yazıçı» nəşriyyatında çap olunmuşdur.
1988-ci il – «Azərbaycan» və «Ulduz» jurnallarında çap olunmuş şerlər silsiləsinə görə Azərbaycan Respublikasının Dövlət mükafatını almışdır.
7.XII.91-ci il – Azərbaycan Respublikasının Xalq şairi fəxri adına layiq görülmüşdür.
1991-ci il – Türkiyədə Məhəmməd peyğəmbərin doğum günü münasibətilə keçirilən müsabiqədə «Ya rəbbim, bu dünya sən quran deyil» adlı şerinə görə xüsusi mükafatla təltif olunmuşdur.
1992-ci il – «Daş harayı» kitabı çap olunmuşdur.
1992-ci il – «Dünya düzəlmir» kitabı oxuculara çatdırılmışdır.
1994-cü il- «Qayalara yazılan səs» kitabı çap edilir.
1995-ci il – Müstəqil Azərbaycanın ən yüksək mükafatı – «İstiqlal» ordeni alan ilk üç şairdən biridir.
1995-ci il – Dövlət tərəfindən Almaniyaya müalicəyə göndərilir.
1997-ci il – «Yol ayrıcında söhbət» kitabı oxuculara təqdim olunur.
2001-ci il – «Sənətdə son mənzil olmur» publisist kitabı nəşr olunur.
2002-ci il – Uşaqlar üçün yazılmış şerləri toplu halında «Şikayət dəftəri» adı ilə «Adiloğlu» nəşriyyatında çap edilir.
2002-ci il – «Qayalara yazılan səs» kitabı Təbrizdə ərəb əlifbası ilə çap olunur.
2002-ci il – «Ağlayan qayalar» adlı suvenir kitabı çap edilir.
2003-cü il – Son illərin şerləri «Vətən deyin» adlı kitabında çap olunmuşdur.
2003-cü il – «Əsgər andı» kitabı çap edilib əsgərlərə paylanır.
2003-cü il – Cildləri – 1-2-3-4 – dörd cilddə toplanıb çap olunmuşdur.
2004-cü il – Dövlətin qərarı ilə 1-2 cildliyi çap edilir.
2004-cü il – «Çaşıoğlu» nəşriyyatında «Seçilmiş əsərləri» kitabı nəşr edilir.
XARİCİ DİLLƏRDƏ ÇAP OLUNMUŞ KİTABLARI
1966-cı il – Mamed İbraqim «Poyu Araks» (Moskva, Sovetskiy pisatelğ, stixi)
1975-ci il – Mamed Araz «Kamennıy orel » ((Moskva, Sovetskiy pisatel)
1981-ci il -Mamed Araz «Krılatıe skalı» ( Baku , «Yazıçı»)
1983-cü il – Mamed Araz «Kniqa otsa moeqo» ((Moskva, Sovetskiy pisatel)
1983-cü il – Mamed Araz «Zaveshanie» (stixi na qruzinskom yazıke, Tbilisi )
1990-cı il – M.Araz «Seçilmiş ?s?rl?ri» (Türkiyə, Kültür Bakanlığı)
2006-cı il – Məmməd Araz «Dünya sənin, dünya mənim» (fransızca, Bakı)
TƏRCÜMƏ ETDİYİ ŞERLƏR
1964-cü il – Sergey Mixalkov «Foma»
1965-ci il R.Taqor «Təbiətin intiqamı»
1966-cı il Qaysın Quliyev (şerlər)
1970-ci il – Abay (şerlər)
1974-cü il – Qevorq Ağacanyan «Narahat ürək»
1975-ci il – Mixail Svetlov (şerlər)
1982-ci il – N.A.Nekrasov «Rus qadınları»
1988-ci il – «Ocaq başında» (müxtəlif tərcümələr kitab şəklində)
M.ARAZ HAQQINDA ÇAP OLUNMUŞ KİTABLAR
1993-cü il – İsa Həbibbəyli «M.Araz-60, Millilik və bəşərilik»
1993-cü il – İsa Həbibbəyli «Məmməd Araz»
1994-cü il – Vaqif Yusifli «Məmməd Araz dünyası»
1998-ci il – Yavuz Axundlu «İstiqlal şairləri»
1999-cu il – Y.Əliyev «Vətən sənə oğul dedi»
1999-cu il – İ.Həbibbəyli «Xalq şairi Məmməd Araz» (albom-monoqrafiya)
2000-ci il – Qardaşxan Əzizxanlı «Seçilmişlər və mən»
2001-ci il – Abdulla Qurbani «M.Araz üç gün cəbhə bölgəsində»
2001-ci il – «Haqqın var yaşamağa, haqqın var, Məmməd Araz» (xatirələr, ithaflar)
2002-ci il – Raqif Nazimoğlu «Məmməd Arazla söhbət»
2002-ci il – Əmirxan Xəlilli «Məmməd Araz dühası»
2003-cü il – Flora Xəlilzadə «Məmməd Araza məktub»
2006-cı il – «Mən özüm bilirəm nəçiyəm, nəyəmg» (Haqqında məqalələr toplusu)
2008-ci il – Gülxanım Fətəli qızı «Məmməd Arazlı günlərim»
2004-cü il – dekabrın 1-də günorta saat 13.40-da vəfat etdi.
O daş altda Məmməd Araz yaşayır.
Görkəmli xalq şairi Məmməd Araz mənalı, keşməkeşli və şərəfli, bütövlükdə Vətənə və sənətə həsr olunmuş əsl şair- vətəndaş ömrü yaşamışdır. Sənətkarın tərcümeyi-halının, taleyinin daha çox onun yaradıcılığında öz əksini tapmasını Məmməd Araz özü də şeirlərində dəfələrlə etiraf etmişdir. Kitablarından birinə yazdığı müqəddimədə deyilir: “Əsl tərcümeyi-hal şairin şeirləridir. Şair çox halda öz yazılarının baş qəhrəmanı ola bilir”.
Məmməd Arazın şeirlərində ifadə olunan həyatı və taleyi rəsmi tərcümeyi-hal sənədlərindən də dəqiq, dərin və mənalıdır:
Məni şeirimdə gəz bir insan kimi,
Qəlbimdə nə varsa, onu demişəm.
Anadan-bacıdan gizlətdiyimi
Kağızdan, qələmdən qizlətməmişəm.
Xalq şairi Məmməd Arazın (1933-2004) uşaqlığı və ilk gənclik illəri qədim Naxçıvan diyarında keçmişdir. Şahbuz dağlarının özünəməxsus ab-havası, səfalı Batabat yaylağının, Çadırdaş ətəyindəki, Salvartı yaxasındakı obaların romantik axar-baxarı Məmməd Arazın ruhuna hopmuşdur. O, “bütün aləmə” – Vətənə və dünyaya “yayda günəşi, qışda qarı bol olan”, “ürəyinin bir parçası” adlandırdığı Naxçıvandan baxmışdır. Naxçıvan Məmməd Arazın təkcə tərcümeyi-halının – həyatının deyil, sənətinin də start nöqtəsi olmuşdur. Məmməd Araz həyatının sonrakı çətin dövrlərini, sənətin eniş-yoxuşlarını daim sinəsində hifz etdiyi həmin “dağ havası” ilə uğurla keçə bilmişdir:
Sinəmdə o yerin dağ havasıdır,
Qaynar bulaqları qaynar qanımda.
Mənim ürəyimin bir parçasıdır
Doğma Şahbuzum da, Naxçıvanım da.
Mən burdan baxıram bütün aləmə,
Bu yerin qışı da yazımdır mənim.
Axar çaylarına lal sudur demə,
Onlar min nəğməli sazımdır mənim.
Böyük rus yazıçısı Mixail Şoloxov üçün Sakit Don, xalq şairi Səməd Vurğun yaradıcılığında Kür qırağı, Qarayazı, Şərqi Avropa yazıçılarına görə mavi Dunay, rus ədəbiyyatının böyük bir nəslinin təsəvvüründə Volqa çayı hansı əhəmiyyətə malikdirsə, Məmməd Arazdan ötrü də Naxçıvan – xan Araz həmin mənaları daşıyır. Məmməd Arazın yaradıcılığında Çadırdaş ətəyindən, Nursu bulağından başlanan poetik təəssüratlar, kövrək notlar xan Arazın tərənnümünün timsalında yüksək vətəndaşlıq mahiyyəti ilə zənginləşərək tamamlanır.
Məmməd Arazı əhatə edən ana təbiətin saflığı ilə ata ocağı mühitindəki halallıq, təmizlik və zəhmətkeşlik həmişə vəhdət təşkil etmişdir. Atası İnfil kişinin halallığı, şəxsiyyət kimi bütövlüyü, ömrü boyu yalnız alın təri ilə yaşamağın qovğalarına qatlaşması Məmməd Arazın dünyagörüşünün, gələcək mərdanə poeziyasının formalaşmasında mühüm rol oynamışdır. Ailə mühitindəki atanın sərtliyini və halallığını nənəsi Zöhrə xanımın və anası Cahan arvadın kövrəklik və səmimiyyəti tamamlamışdır. Zöhrə nənə milli folklor nümunələrini hafizəsində saxlayıb həvəslə nəvələrinə, o cümlədən Məmmədə çatdırmışdır. Cahan ana isə nəğməkar olması, sözlü-söhbətli dünyası ilə oğlunu gələcək ədəbi həyata hazırlamışdır. Ulu babalardan qoruna-qoruna gəlmiş, həmişə “çırpısı tətikdə, odunu dəmdə” olan ata ocağı sözün həqiqi mənasında, bütöv bir xalqı və böyük bir Vətəni təmsil edən ümumiləşmiş Azərbaycan ocağıdır. Şair nəsillərdən-nəsillərə keçib gəlmiş bu tarixi ocağın layiqli varisi, etibarlı odqoruyanıdır:
Çırpısı tətikdə, odunu dəmdə,
Şəhərin gözündən od alıb ocaq.
Yanır aram-aram, odu sinəmdə,
Sonra kim söndürüb, kim yandıracaq?
Babamdan qalıbdır bu ocaq bizə,
Bir ocaq sönəndə bir tifaq itir.
Bir ocaq söngüsü qeyrətimizə
Bir düşmən nəslinin qəhqəhəsidir.
İkinci cahan müharibəsi illərində Nursu kəndinin balaca sakini, “axşam məktəbli, gündüz çoban”ı olan Məmməd İbrahimov ilk qələm təcrübələrini obrazlı şəkildə “tapşırıq dəftəri” adlandırdığı “sal daşlar üstündə” yazmalı olmuşdur. Müharibə aparan ölkədə hər məktəbdə bir kitabın, hər sinifdə bir dəftərin olması ancaq mümkün idi. Bu mənada Çadırdaş ətəyində, Şahbulaq yaylağı ətrafındakı yazı masasına bənzəyən sal daşlar Məmməd Arazın ilk şeir dəftərinin daşlaşmış səhifələridir. Bəlkə də ilkin başlanğıcı daşla bağlı olan bu poeziyada daş motivinin sonralar əsas aparıcı mövzulardan birinə çevrilməsinin mühüm səbəblərindən biri də budur. Fikrimizcə, ədəbiyyatşünaslıq baxımından Məmməd Araz poeziyasında daş motivi bütövlük, Vətənə, torpağa bağlılıq, gərəkli olmaq, əsl vətəndaşlıq mənalarını ifadə edir. Şair hətta özünü də şeirlərindən birində milli şeirimizin “daş əsgəri” adlandırır. Xalq şairi Məmməd Arazın qələmindən çıxmış və məşhur zərb-məsələ çevrilmiş “vətən daşı olmayandan olmaz ölkə vətəndaşı” misrası daşla Vətən və vətəndaşlıq arasında bərabərlik işarəsi qoymağa gətirib çıxarmışdır. Sözün geniş mənasında Məmməd Araz özü də sənətinin milli-mənəvi dərinliyinə və əhəmiyyətinə görə əbədiyyət qazanmaq mənasında “daş ayaqlı-daş əlli” bir insan-qaya obrazı səviyyəsinə yüksəlmişdir. İlk şeir dəftəri sal daşlar olan Məmməd Araz Azərbaycan şeirinin möhtəşəm, uca və məğrur “Vətən daşıdır”.
Burası da maraqlıdır ki, Məmməd Arazın yaradıcılığında daş obrazı və ya mövzusu digər şairlərlə müqayisədə daha çox rəngarəng mənalar daşıyır, çeşidli mətləbləri ifadə etməyə xidmət göstərir. Məmməd Arazın şeir dünyası sanki poeziyamızın “daş zəmisidir”. Təsadüfi deyildir ki, şairin kitablarından biri də “Daş harayı” (1992) adlanır. Ədəbiyyatımızda “Vətən qayaları, Vətən daşları” şeirlər silsiləsini də Məmməd Araz yaratmışdır. Misralara nəzər salaq:
Tarix əlifbası daşdan başlanır,
Əl dəydi yumşalır, göyərir indi.
Başdı – daş olubdu, daşdı – baş olub –
Bunları seçmək də hünərdi indi.
Gülüm, bir də görüşünə yubansam,
Adımı tut, harda dağlar dumansa.
Gözünü sıx, hansı daşda su yansa,
O daş altda Məmməd Araz yaşayır.
Qeyd etmək lazımdır ki, XX əsrin altmışıncı illərindən etibarən Məmməd Araz poeziyamızın xəritəsinin təzələşməsindən, “şeirimizə təzə-təzə yollar” gəlməsindən geniş söz açmışdır. Yəni, keçən əsrin 30-50-ci illərinin poeziyasındakı zamanın tələblərindən doğan poetik dəbdəbə, ritorika, zahiri təntənə, parıltı, tərənnüm, ideoloji xəttə meyil kimi qəlibləşmiş ənənələrin buzu Məmməd Araz və onun mənsub olduğu ədəbi nəslin istedadlı nümayəndələrinin səyi, cəsarəti ilə sındırılmışdır. Əgər xalq şairləri Səməd Vurğun, Süleyman Rüstəm, Məmməd Rahim yaşadığı dövrün sərt qanunları çərçivəsində daha çox zəfər yürüşlərindən, ümumi quruculuq rəşadətlərindən yazmağa məcbur idilərsə, Məmməd Araz və onun təmsil etdiyi ədəbi nəsil yeni şəraitdə insan mənəviyyatının dərinliklərini, ana Vətənin dərd-sərini, məhəbbəti və kədəri qələmə almağa imkan tapmışdır. Bu mənada şairin “Urəyimsiz kəlmə kəsən deyiləm” misrası tərənnüm poeziyasından düşüncə lirikasına qəti keçidi dolğun ifadə edir. Bununla belə, müşahidələr göstərir ki, sərt zamanın diktə etdiyi ümumi təsvirlərdən və ideoloji yönlü tərənnümdən insan mənəviyyatının kəşfinə keçid senzor-naşir, müəllif-redaktor, oxucu-yazıçı münasibətlərini əhatə edən çətin mübarizələrdən sonra baş tutmuşdur:
Qaytardı redaktor lirik şeirimi,
Qaytardı: – Zavod yox, fəhlə yox,- deyə.
Zavoddan yazdığım kiçik şeirimi,
Oxudum bu axşam qonşum fəhləyə.
Fəhlə də qınağa tutdu ki məni,
Bəs hanı lirika, məhəbbət hanı?
Gəl indi inandır çap eləyəni,
Gəl indi sevindir sən oxuyanı.
Düşüncə lirikası, mənəviyyat ədəbiyyatı, lirik-psixoloji şeir və nəsr, o cümlədən xalq şairi Məmməd Arazın yaradıcılığı belə çətin labirintlərdən keçib gəlmiş, nəhayət, ədəbi mühitdə özünü təsdiq etmişdir. Bunun nəticəsində XX əsrin 60-90-cı illərində Azərbaycan şeirində düşüncə lirikasının, lirik-psixoloji və romantik şeirin bir sıra tanınmış nümayəndələri yetişib formalaşmışdır. Əli Kərim, Fikrət Qoca, Nəriman Həsənzadə, Cabir Novruz, Hüseyn Razi, Sabir Rüstəmxanlı, İsa İsmayılzadə, Ələkbər Salahzadə, Zəlimxan Yaqub, Məmməd İsmayıl, Çingiz Əlioğlu, Ramiz Rövşən, Elman Həbib, Nüsrət Kəsəmənli, Vaqif Bəhmənli, Rüstəm Behrudi, Vaqif Məmmədov, Vaqif Bayatlı, Xanəli Kərimli mövzu və mətləbi ümumi tərənnüm yolu ilə deyil, orijinal poetik düşüncələrlə mənalandırmaq sahəsində maraqlı üsullar, düşünülmüş bədii vasitələr tapmışlar. Bununla belə, keçən yüzilliyin 70-80-ci illərində milli şeirdə düşüncə lirikası komandasının baş kapitanı Məmməd Araz olmuşdur. Şair insan mənəviyyatını kəşf etməyi böyük sənətin əsas qayəsi hesab etmişdir.
Poetik ənənə, yaradıcı şəkildə faydalanma baxımından xalq şairi Məmməd Arazın istinad etdiyi, öyrəndiyi daha iki böyük məktəb vardır: Məhəmməd Füzuli və Mirzə Ələkbər Sabir. Məmməd Araz böyük Füzulidən sözün məsuliyyətini dərindən dərk etməyi, bədii sənətin qüdrətini yaşatmağı bacarmağı bir estafet kimi qəbul etmişdir. Onun dahi Füzulinin “Nə yanar kimsə mənə atəşi-dildən özgə, Nə açar kimsə qapım badi-səbadan qeyri” beytinə yazdığı “Səba yeli” şeirindəki aşağıdakı səmimi etiraf söz mülkünün sultanına böyük ehtiramı və əbədiyyət qazanmağı ondan öyrənməyin zərurətini qabarıq şəkildə dilə gətirir:
Sözün sehrinə bax, qüdrətinə bax!
Bir heykələ döndüm öz yerimdə mən;
Beləcə bir misra yazaydım ancaq,
Yüz il yazacağım əsərimdə mən.
. Qəlbimdə bir nəğmə dil açdı yenə,
Ay ellər, bir sevda nəğməsidir o.
Açın qapıları səba yelinə,
Açın, Füzulinin nəfəsidir o.
Azərbaycan şeirinin Magellanı adlandırdığı Mirzə Ələkbər Sabirin zəngin və ötkəm şeirləri, ən böyük insan haqları şeirnaməsi olan həmişəyaşar satirası Məmməd Araz üçün sözün geniş mənasında əvəzsiz vətəndaşlıq məktəbidir. Beləliklə, ustad Məhəmməd Füzulinin müdriklik və məsuliyyəti, Sabir sənətinin vətəndaşlıq cəsarəti, Səməd Vurğun şeirinin yüksək ilhamı özünəməxsus şəkildə Məmməd Araz poeziyasında cəmləşmiş, yaradıcı yanaşmaların sayəsində yeni keyfiyyətlərlə zənginləşmişdir. Məmməd Araz adları çəkilən ustad sənətkarlardan yaradıcılıqla öyrənmiş, lakin onların heç birini təkrar etməmişdir. Nəticə etibarilə millilik və müasirlik, dərin lirizm, fəal vətəndaşlıq mövqeyi və bəşərilik Məmməd Araz şeirinin özünəməxsusluğunu müəyyən edir. Buna görə də Məmməd Araz sənəti XX əsrin birinci yarısındakı Səməd Vurğun məktəbi ilə sonrakı dövrün şeir üslubu və ənənələri arasında çox etibarlı və möhkəm varislik körpüsüdür. Poeziyamızın artıq bir neçə nəsli böyük sənət meydanına həmin poetik körpüdən keçərək gəlmişdir.
İkinci cahan müharibəsindən sonrakı Azərbaycan kəndi, davadan qayıtmış kəndli kişilər, onların əsgərdən də sədaqətli olan ömür-gün yoldaşları, ana torpaq kimi halal, bulaq suyu qədər saf olan kənd uşaqları, uzaq dağların arxasından geniş üfüqlərə, daha işıqlı sabahlara dikilən böyük ümidlər Məmməd Araz poeziyasının poetik yükündə üstünlük təşkil edir. Yetmişinci illərdə ölkəmizdə təzədən canlanan şəhər də, kənd də, Azərbaycanın əkinçisi də, neftçisi də, xalq şairinin əsərlərində özünəmünasib şəkildə poetik baxımdan obrazlı şəkildə mənalandırılmışdır. Tərəddüd etmədən demək olar ki, ötən əsrin səksəninci illərinin sonlarından başlanan milli azadlıq hərəkatını illərdən bəri hazırlayan, formalaşdıran şairlərin cərgəsində Məmməd Araz da ön sıralarda durur.
Millilik və müstəqillik, azadlıq düşüncəsinin, ayıq, fəal vətəndaşlıq mövqeyinin şeirdə bənzərsiz ifadəsi Məmməd Araz sənətinin mayasını, cövhərini təşkil edir. O, sözün həqiqi mənasında böyük İstiqlal şairidir. Yaxın və uzaq tariximizlə yanaşı, bu günümüzün və hətta sabahımızın da böyük, mühüm, ciddi həqiqətləri “Məmməd Araz karandaşından” göyərir:
Son atəş də, son zərbə də səninkidir,
Oğul əsgər, əsgər oğul – mərd igiddir.
Mərd ölsə də mərdlik ölmür, hünər ölmür;
Hünər ölmür, mərdlik ölmür, əsgər ölmür.
Geri dönmə sən qələbə xəttindəsən,
Son qələbə həddindəsən, səddindəsən!
Xalq şairi Məmməd Araz poeziyasında Vətən – ata ocağı, doğma yurd, el-oba, Kür-Araz deməkdir. İxtisasca coğrafiya müəllimi olan Məmməd Araz ədəbiyyatda bütöv Azərbaycanın ən kamil, bitkin, dolğun poetik coğrafiyasını yaratmağa nail olmuşdur. Ədəbiyyatımızda Əhməd Cavaddan və Səməd Vurğundan sonra müqəddəs Azərbaycan Vətənimiz haqqında ən sanballı, yadda qalan, ilhamlı və təsirli şeirləri Məmməd Araz yaratmışdır. Ölkəmizdə Azərbaycan haqqında ən çox və geniş yayılmış şeirlərdən biri – “Azərbaycan – dünyam mənim” şeiri Məmməd Araza məxsusdur:
Azərbaycan – mayası nur, qayəsi nur ki.
Hər daşından alov dilli ox ola bilər.
“Azərbaycan” deyiləndə ayağa dur ki,
Ana yurdun ürəyinə toxuna bilər.
XX əsrin doxsanıncı illərində yenicə dövlət müstəqilliyini bərpa etmiş Azərbaycan da sanki körpə uşaq kimi Məmməd Arazın şeirlərində boy atmışdır. Xalq şairi Azərbaycanı düçar edildiyi bəlalardan qorumaq, xilas etmək və yaşatmaq üçün hamıdan qabaq Azərbaycanın özünü var gücü ilə haraya və köməyə çağırmışdır. Xalq şairi Məmməd Arazın “Ayağa dur, Azərbaycan” şeiri ölkəmizin müstəqillik uğrunda mübarizə marşı kimi səslənir:
Nə yatmısan, qoca vulkan, səninləyəm!
Ayağa dur, Azərbaycan, səninləyəm!
Səndən qeyri biz hər şeyi bölə billik!
Səndən qeyri biz hamımız ölə billik!
. Hanı sənin tufan yıxan, gürşad boğan
Yurda oğul oğulların?!
Qara Çoban, Dəli Domrul oğulların!
Çək sinənə – qayaları yamaq elə,
Haqq yolunu ayağına dolaq elə,
Bayrağını Xəzər boyda bayraq elə,
Ayağa dur, Azərbaycan!
Milli birlik, mənəvi bütövlük və azadlıq Məmməd Araz şeirinin əsas ilham qaynağıdır. Şair hələ 1956-cı ildə yazdığı “Bizim gənclik” şeirində özünü və sənətini “xalqımızın müqəddəs, mübariz çağırışına” həsr edəcəyini bəyan etmişdir. Məmməd Araz sərt ideoloji çərçivələr dövründə Azərbaycan ədəbiyyatında hamıdan əvvəl “Məndən, səndən ötən zərbə, Vətən, Vətən – sənə dəydi” nidasını milli şeirin böyük enerjisi ilə, var gücü ilə səsləndirə bilmişdir. Vaxtilə Xəzərin ekologiyası barədə ən kəskin poetik həyəcan təbilini də Məmməd Araz səsləndirmişdir. Keçən əsrin əvvəllərində böyük Hop-hopun bağrından qopmuş “nişançı özümüz, hədəf özümüz” kəlamını ötən yüzilliyin sonunda bədii sənətin uzaqvuran top lüləsinə qoyub yeni hədəflərə məharətlə, sərrast atmağı bacaran da Məmməd Araz idi.
Müxtəlif dövrlərin Azərbaycan gerçəkliyini mənalı və münasib şəkildə əks etdirən “Vətən mənə oğul desə”, “Yenə Arazı gördüm”, “Dağlara çağırış”, “Dünya düzəlmir”, “Bu millətə nə verdik ki”, “Əsgər oğul”, “Ağlama”, “Kəlbəcər qaçqınlarına”, “Qalx ayağa, Azərbaycan” kimi ittiham və səfərbərlik ruhlu şeirlər Məmməd Arazın böyük ilhamından və istedadından doğulmuşdur. Məhz Məmməd Araz hələ XX əsrin yetmişinci illərində əsarətə və müstəmləkəçiliyə etiraz səsini ucaldaraq yaza bilmişdi ki:
Bir ölkənin caynağından ölkə saldırıb,
Neçə-neçə bölünənlə bölünməliyəm.
Bir ölkənin sağlığına badə qaldırıb,
Bir ölkənin göz yaşına bələnməliyəm.
Xalq şairi Məmməd Araz milli mücadilə savaşında lazım gələndə böyük cəsarətlə vətəndaş “qələmini – hərbi nazirə”, “yazı masasını – paytaxta”, “kağızını – bayrağa”, sevgisini, nifrətini “ən nizamlı qoşuna” çevirməyi bacarmış qüdrətli sənətkardır. Məmməd Araz şeiri yarım əsrdən çox müqəddəs Vətən səngərində mübariz keşikdə dayanmışdır. Bu şeirin atəş sədaları mənəviyyatımızdan tutmuş, ictimai mühitimizə, hətta sərhəd xətləri və cəbhə bölgələrimizə qədər hər yerdə əks-səda tapmışdır. Bununla belə, Məmməd Arazın yaradıcılığında millilik bəşəriliklə vəhdət təşkil edir. Şairin insan haqqındakı düşüncələrində milli və bəşəri duyğular üz-üzədir. Bundan başqa, onun poetik rübabında dünya məsələlərinə, bəşəriyyəti düşündürən vacib problemlərə dair fikir və qayğılar da sıx-sıx öz əksini tapır. Lakin bütün məqamlarda Məmməd Araz özünün elan etdiyi kimi, “Azərbaycan dünyasından baxır dünyaya”. Şairin sırf, xalis bəşəri-fəlsəfi səpkidə qələmə alıb, yüksək bədii səviyyədə təqdim etdiyi dünya mövzusu isə ilk növbədə Vətən övladlarını “gəlimli-gedimli” dünyanın bənzərsiz “ömür-gün naxışı”nın mahiyyəti ətrafında düşündürməyə yön alır:
Bu get-gəllər bazarına dəvədi dünya,
Bu ömür-gün naxışına həvədi dünya.
Əbədiyə qəh-qəh çəkir əbədi dünya,
Dünya sənin,
Dünya mənim,
Dünya heç kimin.
Məmməd Araz – tale şairidir. Onun yaradıcılığı ilk növbədə özünüifadənin ümumiləşmiş poetik tərcümanıdır. Məmməd Araz ürək şairidir. Ürək – şairin “söz süfrəsi”dir. Onu “ayaqlara palaz kimi” atmaq olmaz. Ürəklə yaşamaq, səmimi, kövrək, həssas və mərd olmaq insan və şair kimi Məmməd Arazın taleyidir. Buna görədir ki, şairin “qəlbinin yükü” bir qatarın yükündən ağırdır. Xalq şairi Məmməd Arazın poeziyası bütövlükdə “ürək imtahanından” keçib uğurla sınaqdan çıxmış, necə deyərlər, yüksək “keyfiyyət nişanı”na layiq görülmüş kamil sənət nümunəsidir.
Şeir yaradıcılığında olduğu kimi, poemaları ilə də Məmməd Araz bənzərsizdir. Azərbaycan ədəbiyyatında poema janrı Məmməd Arazın poemaları ilə yeni mərhələyə çatmışdır. İnsan mənəviyyatının dərin qatlarının poetik kəşfi, fəal vətəndaşlıq mövqeyi və müasirlik, milli taleyimizin əhatəli təqdimi bu poemaların ana xəttini səciyyələndirir.
Məmməd Arazın “Üç oğul anası” (1957) poeması xalq yazıçısı İsa Hüseynovun psixoloji nəsrinin milli poeziyadakı yol yoldaşıdır. Əsərdə İkinci cahan hərbində üç oğlunu itirmiş Azərbaycan qadınının – Ananın mərdanə bədii obrazı uğurla canlandırılmışdır. “Araz axır” (1960) poemasında tarixi və milli taleyimizlə bağlı zamanın sözü Məmməd Arazın təqdimatı əsasında zamanı qabaqlayaraq özünün yüksək bədii-fəlsəfi əksini tapmışdır. “Araz axır” poemasından təxminən əlli ildən çox bundan əvvəl müharibə əleyhinə yazılmış poetik çağırış bu gün də bütün dünya üçün aktual səslənir.
Əridib silahları
Biz marten sobasında,
Körpü yarada bildik
Yerlə Mars arasında, –
Müharibə olmasa!
“Paslı qılınc” (1964) poeması sanki yazıldığı dövrün yeni tipli “Aygün”üdür. Bu əsərlə, poema Azərbaycan ədəbiyyatında bir janr kimi ümumi pafoslu mövzulardan sadə, bir qədər də mürəkkəb həyati mətləblərin ifadəsinə yön almışdır. Məmməd Arazın “Atamın kitabı” poeması isə Azərbaycan ədəbiyyatında böyük Mirzə Cəlil Məmmədquluzadənin “Anamın kitabı” əsərindən sonra milli birlik, Vətən təəssübkeşliyi və mənəvi ucalıq haqqında yazılmış ən kamil poetik dastandır.
Böyük Mirzə Ələkbər Sabirə həsr olunmuş “Mən də insan oldum” (1962) poemasında Məmməd Araz o zamankı sərt rejimə baxmayaraq, örtülü vasitələrlə mənsub olduğu xalqın azadlığı və müstəqilliyi haqqındakı arzularını da ifadə etmişdir. Adından göründüyü kimi, “Əsgər qəbri haqqında ballada” poemasında isə lirik başlanğıc aparıcıdır. Əslində, bu əsər poema-monoloqdur. “Qayalara yazılan səs” isə tam halda lirik-romantik poema formasında düşünülmüşdür. “Qayalara yazılan səs” poemasında orijinal təbiət mənzərələri canlandırılmış, peyzaj lirikasının yaddaşlara həkk olunan mükəmməl nümunələri yaradılmışdır. Belə məqamlarda Məmməd Araz mahir bir şair-rəssam kimi çıxış edir.
Məmməd Arazın çoxcəhətli yaradıcılığında publisistikanın da özünəməxsus yeri var. Məmməd Arazın publisistikası şair qələmindən çıxmış bədii publisistikadır. Şeirin ölçülərinə sığmayan ciddi həyati mətləbləri, aktual məsələləri Məmməd Araz publisistika nümunələrində əks etdirmişdir. Bu publisist yazılarda XX əsrin 60-80-ci illərinin Azərbaycanın əsas qayğıları, inkişafı və problemləri ilə birlikdə öz əksini tapmışdır. Məmməd Araz publisistika janrlarının hüdudları daxilində canlı, dinamik, inkişaf edən həyatın əsas, ana rənglərini, təbii, həyati obrazlarını, xarakterlərini sadəcə qəzet dünyasına deyil, geniş mənada ədəbiyyata gətirmişdir. “Naxçıvan albomu”, “Yer üzünün Qarabağ düzü”, “Kür qovuşur Salyana”, “Torpaqdan göyərən ucalıq”, “Arpaçayın aşıb-daşan nəğməsi”, “İyirmi üç ildən sonra yazılmış cavab” və s. bu kimi publisist yazılar aradan illər keçsə də, əhəmiyyətini və dəyərini itirməyən sənət nümunələridir. Qədim Naxçıvanın nadir təbiət abidəsi Narbənd ağacı haqqındakı təsvirlər ixtisasca coğrafiya müəllimi olan xalq şairi Məmməd Arazın lirik ovqata malik obrazlı baxışlarının publisistikadakı təqdimatıdır: “Narbənd ağacına uzaqdan baxanda hündür, yaşıl göbələyə oxşayır. Onun köksündə bir sürü yata bilər. Sıx yarpaqları arasından günəş şüaları keçə bilmir. Onun altında şıdırğı yağışdan da qorunmaq olur. Ancaq qəribə taleyi var bu ağacın. Yer üzündən nəsli kəsilib. Onu babalarımız Naxçıvanda əkib yaşadıblar. Naxçıvanın isti yayında çox münasib kölgəsi var. Narbənd ağaclarına baxdıqda ağıllı, zəhmətkeş babalar yadıma düşür”.
Bədii tərcümə sahəsində də Məmməd Araz uğurla fəaliyyət göstərmişdir. Vaxtilə Abbas Abdullanın yazdığı kimi o, “ürəyindən keçənləri başqa millətdən olan sənət dostlarının şeirlərində görəndə sevinən, onları ana dilimizdə oxuculara çatdırmağı özünə borc bilən şairdir”. Buna görədir ki, onun tərcümələrinin böyük əksəriyyəti Məmməd Arazın şair ürəyindən qopan öz şeirləri kimi səmimi və poetikdir. Xüsusən, şairin Mixail Lermontov, Taras Şevçenko, Qaysın Quliyev, Mustay Kərim, Oljas Süleymenov, Mixail Svetlov, Sergey Vasilyev, Oleq Şeştinski və başqalarından etdiyi tərcümələr kamil sənət nümunələridir.
Göründüyü kimi, xalq şairi Məmməd Araz məsuliyyətli ömür yolu ilə, yarım əsrə yaxın davam edən böyük sənəti ilə həmişə Vətən səngərində mübariz keşikdə dayanmışdır. XX əsr boyu fərqli, ideoloji sistemlərdə yaşayıb-yaratmasına baxmayaraq, xalq şairi Məmməd Araz ədəbiyyatda və ictimai həyatda həmişə azərbaycançılıq mövqeyinin böyük müdafiəçisi olmuşdur. Məmməd Arazın vətəndaşlıq poeziyası indiki müstəqillik mərhələsində də millət və milli dövlət yolunda döyüş səngərindədir. Şeirimizin “Daş əsgəri” kimi ədəbiyyata gələn sənətkarın “qaya-sərkərdə” səviyyəsində əbədi yaşamaq səlahiyyəti qazanması ömrün də, sənətin də çoxillik və çətin imtahanlarından alınan yekun qiymətidir. Yarım əsrlik çoxcəhətli və mənalı yaradıcılığı ilə Məmməd Araz bütövlükdə mənsub olduğu xalqın ürəyində, düşüncəsində məskən saldığını, əbədi yaşamaq haqqı qazandığını təsdiq etmişdir:
. Bütün keçilməzliyi, Vətən,
adınla keçdim.
Haqqın var Məmməd Araz,
Haqqın var yaşamağa!
Məmməd Araz rəsmi təltiflərini – xalq şairi fəxri adını, “İstiqlal” ordenini, əməkdar incəsənət xadimliyini, Dövlət mükafatını Vətənə və xalqa məsuliyyətlə xidmət edərək böyük halallıq və qürurla qazanmışdır.
Böyük sənətkar müstəqil dövlətimizin yüksək diqqət və qayğısı ilə də əhatə olunmuşdur. Xalqımızın və ədəbiyyatımızın böyük qayğıkeşi, görkəmli dövlət xadimi Heydər Əliyev xalq şairi Məmməd Arazın sənətinə və şəxsiyyətinə böyük ehtiram bəsləmişdir. Məmməd Arazın anadan olmasının 60 illik yubileyinin ölkəmizdə dövlət səviyyəsində geniş qeyd olunması, şairin yüksək “İstiqlal” ordeni ilə təltif edilməsi, Almaniyaya müalicəyə göndərilməsi tədbirləri Məmməd Arazın bədii yaradıcılığının inkişafına böyük təkan vermişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Məmməd Arazın 80 illik yubileyinin keçirilməsi haqqındakı 27 sentyabr 2013-cü tarixli sərəncamı görkəmli sənətkarın böyük sənətinə dövlət səviyyəsində göstərilən yüksək diqqəti və qayğını dolğun şəkildə ifadə edir. Sərəncamda öz əksini tapmış aşağıdakı fikirlərdə Məmməd Arazın ölməz sənətinin ana xətləri ümumiləşdirilmiş şəkildə diqqət mərkəzinə çəkilmişdir: “Vətənpərvərlik duyğuları ilə zəngin Məmməd Araz yaradıcılığı Azərbaycan poeziyasının parlaq səhifələrindən birini təşkil edir. Şairin yüksək bədii-fəlsəfi ümumiləşdirmələrlə səciyyələnən, lakonik deyim tərzinə malik dərin ictimai məzmunlu lirikası gücünü vətən təbiətinin gözəlliklərindən, böyük tarixi keçmişimizin və milli ədəbi fikrin tükənməz xəzinəsindən almışdır. Ana dilinin bütün incəliklərini özündə toplamış bu poetik irs gəncliyin milli-mənəvi dəyərlərə ehtiram ruhunda formalaşdırılması baxımından müstəsna əhəmiyyətə malikdir”.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun xalq şairi Məmməd Arazın 80 illiyinin qeyd olunması və böyük söz ustadının dünyaya gəldiyi Şahbuz rayonunun Nursu kəndində ev muzeyinin yaradılması haqqındakı sərəncamları, habelə həyata keçirilən əhəmiyyətli yubiley tədbirləri qədim diyarda görkəmli sənətkarın sənətinin ədəbiyaşarlığına verilən qiymətin əməli göstəricisidir.
Xalq şairi Məmməd Arazın kamil, müdrik, mübariz sənəti yaşayır və xalqımızın daha böyük üfüqlərə doğru müasir inkişafına uğurla xidmət edir.
İsa HƏBİBBƏYLİ – AMEA-nın vitse-prezidenti, Milli Məclisin deputatı, akademik
“Azərbaycan”
* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
Comments are closed, but trackbacks and pingbacks are open.