Press "Enter" to skip to content

Məmməd aslan haqqında

Məmməd Aslan şairdir. AzTV-də gözəl verilişlərin müəllifi idi. Mənim AzTV-də həmkarım, iş yoldaşım olub. İndi isə 76 yaşında qoca kişidir. Prezident Heydər Əliyev tərəfindən “Şöhrət” ordeniylə təltif olunub. Yaradıcılığına görə yox. Kişi xasiyyətinə görə.

Memmed Aslan – Wikipedia

Aslanov Məmməd Muxtar oğlu ( 24 dekabr 1939 , Laçın , Kəlbəcər rayonu – 23 sentyabr 2015 , Zaqatala ) — Azərbaycan şairi, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1981-ci il), Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət İşçisi.

Mündəricat

  • 1 Həyatı
  • 2 Yaradıcılığı
  • 3 Əsərləri
  • 4 Tərcümələri
  • 5 Məqalələri
  • 6 Filmoqrafiya
  • 7 İstinadlar
  • 8 Xarici keçidlər

Məmməd Aslan 1939-cu il dekabrın 24-də Azərbaycanın Kəlbəcər rayonunun Laçın kəndində ziyalı ailəsində anadan olmuşdur. Klassik ədəbiyyata dərin bələd olan atasının gözəl şeir demək təbi olsa da, onları çap etdirməmişdir. Lakin bunlar kiçik yaşlı oğlunda şeirə-sənətə tükənməz həvəs oyatmışdır. Kəlbəcər qəsəbəsində (indi şəhərdir) orta məktəbi bitirdikdən sonra APİ-nin filologiya fakültəsində təhsil almışdır (1957-1962).

Əmək fəaliyyətinə Kəlbəcər rayonundakı Yanşaq, İstisu kənd məktəblərində Azərbaycan dili və ədəbiyyat müəllim kimi başlamışdır [1] . O, Kəlbəcər qəsəbəsində bir müddət müəllimlik etdikdən sonra rayonda nəşr olunan çoxtirajlı “Yenilik” qəzeti redaksiyasında məsul katib işləmişdir. 1970-ci ilin axırlarında Bakıya köçmüş, burada “Ulduz”, “Azərbaycan təbiəti” jurnallarında, “Azərbaycan gəncləri”, “Ədabiyyat və incəsənət” qəzeti redaksiyalarında çalışmış, “Yazıçı” nəşriyyatında böyük redaktor olmuşdur. Azərbaycan Dövlət Teleşirkətinin, “Ekran-Efir” qəzetinin baş redaktoru olmuşdur.

Yaradıcılığı

Bədii yaradıcılığa 1960-cı ildə “Azərbaycan müəllimi” qəzetində çıxan ilk şeirilə başlamışdır. Dövri mətbuatda müntəzəm çıxış etmişdir. Keçmiş SSRİ xalqları ədəbiyyatından tərcümələrə xüsusi qayğı ilə yanaşır. Zülfiyyənin “Torpağa səcdə”, qazax şairi Qədir Murzalıyevin “Bu bağda bülbüllər ötər” (1980) şeirlər məcmuələrini şərikli tərcümə etmişdir.

Bir sıra beynəlxalq və respublika mükafatları laureatıdır. “Şöhrət” ordeni ilə təltif edilmişdir (2000).

Məmməd Aslan 23 sentyabr 2015-ci ildə [2] Zaqatalada vəfat etmişdir. Masazır qəbiristanlığında dəfn olunmuşdur.

  1. Dağ ürəyi (şeirlər). Bakı: Gənclik, 1969, 34 səh.
  2. Böyürtkən böyrü tikan (uşaqlar üçün). Bakı: Gənclik, 1972, 36 səh.
  3. Səhəri kim açır(uşaqlar üçün şeirlər). Bakı: Gənclik, 1972, 36 səh.
  4. Səsimə səs ver (şeirlər). Bakı: Gənclik, 1978, 136 səh.
  5. Bizdən sonra nə qalır (oçerklər, publisistika). Bakı: Gənclik, 1979, 180 səh.
  6. Ürək möhlət verəydi (şeirlər). Bakı: Yazıçı, 1980, 120 səh.
  7. Durnalar lələk salır (hekayələr). Bakı: Gənclik, 1982, 167 səh.
  8. Dəvə niyə gövşəyir (uşaq şeirləri). Bakı: Gənclik, 1980, 81 səh.
  9. Ərzurumun gədiyinə varanda (xatirələr). Bakı: İşıq, 1985, 250 səh.
  10. Ömrün yarı yaşında. Bakı: Yazıçı, 1986, 275 səh.
  11. Saxla izimi dünya. Bakı: İşıq, 1989, 200 səh.
  12. Nur içində nur (şeirlər). Ankara: 1997, 128 səh.
  13. Allahın rəsulu. Bakı: 2001, 327 səh.
  14. Bir sultan yaşardı Sultantəpədə. İstanbul: 2003, 135 səh.

Tərcümələri

  1. Türk xalqlar şeirlərindən seçmələr. Bakı: Gənclik, 1980, 176 səh.
  2. Yunus İmrə, Aşıq Veysəl, iki zirvə. Bakı: Yazıçı, 1982, 137 səh.

Məqalələri

  • Dəlidağın körpə şairi. “Pioner” jurnalı, №03, 1981-ci il.

Məmməd aslan haqqında

Məmməd Aslan haqqında çox eşitmişdim!

İlk görüşümüz isə, mənim hələ dünyaya, Səriyyə xalanın qəzet-jurnal köşkünün, sanki avropaya açılan pəncərəsindən içəri boylanan vaxtlar oldu. İndi düşünürəm ki, o vaxtlar rəhmətlik, yaşına, müəllimliyinə, şairliyinə ümumiyyətlə ziyalılığına xələl gətirə biləcək və ona yaraşan uzun saçlarını, sovetlər rejimində necə qoruyub saxlıyırdı? Əgər görüşümüz baş tutsaydı, ilk sualım ona bu olacaqdı. Təəssüflər!!
Deyirəm uşaqlıq. Gəldim sevincək evə, dedim ki, muştuluğumu verin Məmməd Aslanı görmüşəm! Dediklərimi lap Nüsrət Kəsəmənli ilə Nəriman Həsənzadənin Parisdə təsadüfən görüşdüklərinə bənzətdim! Mənə hamı təəccüblə baxırdı. Kiçik qardaşım soruşdu ki, əsgərlikdən gəlib?
Dedim ayə səy-səy danışma, Məmməd Aslanı eyy, Məmməd Aslanı görmüşəm! Dedi əsgərlikdən gəlməyibsə nə muştuluq?
Məmməd Aslanı gördüyüm şərəfə, alacağım ənama, xələl gətirə biləcək kiçik qardaşıma dişlərimi elə qıcadım ki, az qaldı süd dişlərim mədəmə tökülsün!
Dişlərimin qıcıltısı, anamın pul kisəsindəki pulların cingiltisindən daha arxayın, təsdiqlənmiş və inandırıcı idi! Nə isə anamdan Məmməd Aslanı görməyim şərəfinə bir manat muştuluq alıb gəldım kitab mağazasına. Hələ deyəsən o vaxtlar rəhmətlik Tapdıq dayı özü işləyirdi.
Məmməd Aslanın səhv eləmirəmsə o vaxt ,,Ömür möhlət verəydi” kitabı çıxmışdı. Adətim üzrə iki kitabın aldım. (Kitablar da girov qaldı vətəndə)
O kitabı, mənim üçün daha da gözəlləşdirən bir şey vardı ki, orada dayım Nağılar Kərəm haqda ,,Nağılar Kərəm” eyni adlı böyük şeir vardı.
Məmməd Aslan poeziyasına sevgim daha da artdı.
Mən hərbi xidmətdə olanda, Məmməd Aslan poeziyasının vurğunu olduğumu bilən gözəl əmioğlum, dostum və iş yoldaşım Mahir Hacıyev mənə yazdığı məktubların birində şairin təzə kitabından iki şeri mənə yollamışdı. İnterneti və FB səhifələrin ha gəzdim o şerləri tapa bilmədim!
Bu şeirlər internetdə və ya videoda yoxdur! Çoxsaylı dostlar və “FB” izləyiciləri bu şeirləri ilk dəfə oxuyacaqlar. Bu gün dahi şairin ad günündə, həmin şeirləri sizlərlə bölüşməyi, özümə borc bildim!
Məmməd Aslanın ruhu şad olsun, Məmməd Aslan sevərlər onun torpağı sanı yaşasınlar!
Bənövşə

Hələ torpaq quluncunu qırmayıb
Nə tez bildin gələn yazdı bənövşə
Yoxsa quşlar bal yuxunu dağıtdı?
Bu nə ündü nə avazdı bənövşə?

Darıxmısan gözəllərlə pişvaza
Hələ tezdir, üz bozardır qış yaza
İsin mənim ürəyimdən düş yaza
Dodaq büzmə, hava bozdu, bənövşə!

Ürkək-ürkək boylanırsan xəzəldən
Bu naz-qəmzə əskik olmaz gözəldən
Bükük boynun, bilməcədi əzəldən
Ha yozalar, yenə azdı bənövşə!

Duruşundan qəlbindəki əyandı
Qərib baxma, könlüm sənə həyandı
Səni gördüm minbir duyğum oysndı
Sən olmasan, oyanmazdı bənövşə!

Heç nə demə

Demə, mənə heç nə demə,
Qoy oxuyum baxışını
Tök üstümə leysan-leysan
Baxışların yağışını

Demə, mənə heç nə demə
Qoy məst olum gümanımla.
Hopyb dərya məhəbbətin,
Ürəyimə damla-damla.

Demə, mənə heçnə demə
Sevən ürək danışmaz ki,
Dalğa qucar sahilləri,
Sahil ona yanaşmaz ki!

Məmməd Aslan

İlqar Əliyev,
Sankt-Peterburq şəhəri

Dalidag.az

Məmməd aslan haqqında

Bu yazımı mən 10 fevral 2015-ci ildə yazmışam. Modern.az saytında keçmiş iş yoldaşım, şair, gözəl insan Məmməd Aslanın xəstələnməsi haqqında gedən kiçik xəbərdən sonra. Fikirləşdim ki, nəsə bahalı müalicəyə və ya əməliyyata ehtiyacı ola. Yada salım onun kişi hərəkətini fərman sahiblərinə. Göndərdim saytın poçtuna. Amma beş dəqiqə sonra saytda Məmməd Aslanın ittiham dolu cavab yazısını gördüm. Hətta onun xəstəliyi haqqında bu xəbəri yayan jurnalisti “sağsağan” adlandırmışdı. Həmən baş redaktor Əfqan Qafarlıya zəng etdim ki, nəbadə yazını verəsən. Sizin əməkdaşa “sağsağan” deyibsə, mənim də adımı “bayquş” çağıracaq. Məni Məmməd müəllimin dilinə salmayın. Bilmirəm doğurdan da xəstəydi ya yox? Bəlkə də qüruruna sığışdırmırdı kimdənsə yardım diləməyi. Amma bu gün onun ölüm xəbərini Modern.az saytından oxuyanda 7 ay bundan öncə yazdığım yazı yadıma düşdü. Mən onu ilk dəfə belə tanımışam. Lap nekroloq yazısı yazsaydım da heç bir əlavəm olmayacaqdı. Gec də olsa yayımlayıram. Oxuyun. Yalnız axırıncı abzası nəzərə almayın. Onu “Allah rəhmət eləsin” ifadəsiylə əvəz edin.

MƏMMƏD ASLAN KİMDİR

Məmməd Aslan şairdir. AzTV-də gözəl verilişlərin müəllifi idi. Mənim AzTV-də həmkarım, iş yoldaşım olub. İndi isə 76 yaşında qoca kişidir. Prezident Heydər Əliyev tərəfindən “Şöhrət” ordeniylə təltif olunub. Yaradıcılığına görə yox. Kişi xasiyyətinə görə.

Xəstəxanaya düşmək xəbərini alanda pis oldum. Ona görə yox ki, xəstədir və müalicəyə ehtiyacı var. Modern.az-dan oxuduğum bu xəbərlə yadıma düşdüyünə görə. Bəlkə də dövlətimizin diqqət və qayğısına ehtiyacı var. Amma yox. Deyəsən ictimaiyyətə bir daha təqdim olunmasına daha çox ehtiyac duyur. Ona görə də “Məmməd Aslan kimdir” başlıqlı yazı yazmağa qərar verdim.

1990-cı ildə ali məktəbi bitirdikdən sonra Azərbaycan Yazıçılar İttifaqında əmək fəaliyyətinə başladım. “Dədə Qorqud ensiklopediyası”nda elmi redaktor işləyirdim. Bir ildən sonra Azərbaycan yazıçıları öz növbəti qurultayına hazırlaşırdı. Ensiklopediyanın cavan işçilərini də hazırlıq prosesinə kömək üçün cəlb eləmişdilər. Dəvətnamələrin paylanması, Telefon-Sorğu kitabçasının çap edilməsi və digər texniki işlər.

Qurultay Filarmoniyada keçirilirdi. Mən və daha iki nəfər qapıda dayanıb qonaqları qarşılayırdıq. Birdən bizimçün qeyri-adi hadisə baş verdi. O vaxt təqaüddə olan Heydər Əliyevi qarşımızda gördük. Hamımızla mehribanlıqla salamlaşdı. “Necəsiz? Gəlmişəm görüm yazıçılarımız necədir? Nə əsərlər yazırlar?” deyə zarafatyana hal-əhval da tutdu. Tez katiblərdən birinə xəbər verdik. Səhv etmirəmsə, Anar müəllim gəlib onu içəri müşayiət etdi. Qonaqlar və nümayəndələr hamısı gəldikdən sonra isə qurultay başladı. Biz də keçdik içəri.

Mən lap arxada oturdum. Rəyasət heyətində isə katiblik, xalq şairləri və xalq yazıçıları əyləşmişdilər. Qurultay təzə başlamışdı ki, məndən bir sıra qabaqda əyləşmiş bir nəfər ayağa qalxdı və sədarətin sözünü kəsdi. Uca səslə:

-Bugünkü qurultayda yazıçıların dostu, onlara həmişə böyük hörmətlə yanaşan Heydər Əliyev iştirak edir. O zalda yox, rəyasət heyətində əyləşməlidir, – dedi.

Gurultulu alqışlar qopdu. Anar müəllim Heydər Əliyevi rəyasət heyətinə dəvət etdi. Mən Heydər Əliyevin zalda harda oturduğunu bilmirdim. Demə iki sıra qabaqda əyləşibmiş. Ayağa durdu. Əvvəlcə bu təkliflə çıxış edəni süzdü. Sonra isə “çox yuxarıda oturub yazıçılara baxmışam. İndi də aşağıda oturmaq istəyirəm. Rəyasət heyətinə dəvətinizə görə minnətdarlığımı bildirirəm” dedi və hamını əlini yellədərək salamlayıb əyləşdi. Bir tərəfində Xəlil Rza Ulutürk, o biri tərəfində isə Rəfiq Zəka Xəndan oturmuşdu.

Həmin təkliflə çıxış edən, daha doğrusu özündə cürət tapan 51 yaşlı şair Məmməd Aslan idi. Niyə “cürət tapan” dedim? Çünki onda Heydər Əliyevə böyük hücumlar vardı. Onun dostları dövlətin “düşmənləri” hesab olunurdu.

Heydər Əliyev ona xüsusi hörməti olan Məmməd Aslanın bu çıxışını unutmadı. Böyük yaddaşa malik bu insan Məmməd Aslana “Şöhrət ordeni”ni şəxsən təqdim edəndə 9 il qabaq onun dediyi sözləri olduğu kimi, nöqtəbənöqtə təkrar etdi. Əslində bu orden Məmməd Aslanın yaradıcılığına verilmiş qiymət deyildi. Bir vaxt etdiyi kişi hərəkətinə bir cavab idi.

Böyük insan Heydər Əliyev belə şeyləri unutmurdu. Yəqin ki, bu gün müalicəyə ehtiyacı olan Məmməd Aslanı dövlətimiz də unutmayacaq.

Comments are closed, but trackbacks and pingbacks are open.