Məmməd ismayıl
– Dən gəzirsən saçlarımın dənində,
Atamoğlu, az qapını döy görüm!-
(M.İ.)
Category : Məmməd İsmayıl
Azerbaijani poet
- VDNKh gold medal
- Golden Pen Prize
There are no pages or files in this category.
This list may not reflect recent changes (learn more).
- 1939 births
- VDNKh gold medal winners
- Uses of Wikidata Infobox
- Uses of Wikidata Infobox with no image
- Uses of Wikidata Infobox with no family name
- Uses of Wikidata Infobox with no given name
- Men of Azerbaijan by name
- Men of the Soviet Union by name
- Men by name
- People by name
- Living people
Navigation menu
- This page was last edited on 4 May 2020, at 19:40.
- Files are available under licenses specified on their description page. All structured data from the file namespace is available under the Creative Commons CC0 License; all unstructured text is available under the Creative Commons Attribution-ShareAlike License; additional terms may apply. By using this site, you agree to the Terms of Use and the Privacy Policy.
- Privacy policy
- About Wikimedia Commons
- Disclaimers
- Mobile view
- Developers
- Statistics
- Cookie statement
Məmməd ismayıl
Kiminsə yadında qalan bənddəyəm,
Hələ söz Vətəndə, mən qürbətdəyəm!
Məmməd İsmayıl
Hardan başlanır Vətən?!
Vətən bir körpənin beşiyi (“Ömrün uşaqlığı Vətəndi bəlkə, sonra əlimizdən çıxan Vətəndi!” M.İ), bir ananın laylası, bir oğulun səngəri, bir gəlinin ismətindən, “Durna dimdiyinin ucundakı bir dən”dən (M.İ) başlayır bəlkə. Lakin harda bütövləşir, harda ucalır, harda qocalır – soruşsaq, bunun da yozumu elə bir bulaqdan başlayıb da qovuşa-qovuşa, yovuşa-yovuşa dənizlərə üz tutan su inadı ilə yol getməkdir.
. Məmməd İsmayıl adı çəkiləndə mən həmişə ilk olaraq Vətənimi – qürbətdəki Vətənimi xatırlamışam. O xatırlama gözlərimin önündə sovetlər dönəmində Vətən yanğısıyla inləyən M.Ə.Rəsulzadəni, Hüseyn Cavidi, Dr-A.Baycanı. canlandırsa da, təssüf ki, bu günün gerçkliyi qürbətdəki vətənlərimizin olmasından acı-acı xəbər verir – Müstəqil və Demokratik Azərbaycanın bu gününün. bir gerçəkliyi də budur!
Məmməd İsmayıl da – qürbətdə Vətən olan, Vətənindən gen olan vətənlərdəndir!
Ədəbiyyatda ədəbi nəsil deyilən bir məfhum var: altmışıncılar, yetmişincilər, səksənincilər. Məncə bu nəsillər arasında ən çox uğur qazananlar elə altmışıncılardır. Məmməd İsmayıl da altmışıncı illərdə ədəbiyyata gəlsə də (“Sən yaş olaraq altmışıncı illərdə ədəbiyyata gələnsən. Ancaq sən onların içində təksən! Çünki ədəbiyyata axınla, tənqidçi, ata-ana, əmi-dayı dəstəyiylə kitabdan gəlməmisən. Koroğlu kimi köksündə saz, yalınqılınc ilham atında gəlmisən!” Akif Səməd) onun yaradıcılıq məhsulları bu gün də gündəmdədir. “Bir adam yol gedir bizdən qabaqda”, “Hələ yaşamağa dəyər”, “Mən şair deyiləm”, “Şeytan”, “Bir də keçməyəcək ələ bu anlar”, “Ağacdələn, döy qapımı”, “Kimi aldadırsan, ay zalım oğlu”, “Qoymayın dünyanı adiləşməyə”, kitabları o illərdən üzü bu yana elə mətin addımlarla irəlilədi ki, bu gün “Yoxun varlığı” şeirlər toplusunda zirvəni fəth elədi!
Məmməd İsmayılı şeirlərindən tanısam da ilk görüşümüz şairin filologiya elmləri doktoru Nəsir Əhmədli haqqında “Ziyalı” verilişinə verdiyi müsahibə zamanı baş tutdu. Onun səmimiyyətinə, mədəniyyətinə, yaşından çox gənc görünən qamətinə heyran qalmışdım. Sonra isə Məmməd İsmayılın 70 illik yubiley mərasiminə onu yenidən görmək ümidilə yollandım. Orada Azərbaycan ədəbiyyatının azman yazarları – R.Rövşən, M.Yaqub, S.Rüstəmxanlı. çox təəssüflə “O, bu zəmanədən söz götürmədi, başını götürüb getdi (M.İ)” misraları altında fikirlərini bildirsələr də, mənim içimdən başqa bir pıçıltı yüksəlirdi: “Tutmağa bir yeri yoxdu, ürəyini tutub getdi” (M.İsmayılın Y.Kuznetsovun xatirəsinə yazdığı şeirdən) və gizlincə öz-özümdən: “O yerlər dirimə sahib durmadı, gəlib ölüməmi yiyə duracaq. (M.İ)”. sualının cavabını soruşurdum.
. Kösöv misralarım dilimdə qürbət,
İçərim də qürbət, çölüm də qürbət.
(M.İ.)
. Hər bir yaradıcı insanın yaradıcılığının onurğa sütunu olur. Məmməd İsmayıl yaradıcılığının onurğa sütunu Vətən sevgisindən Vətən həsrətinə qədər uzanır. Amma yaşının irəlilədiyindəndir, ya nədənsə son zamanlar Ölüm gəzişmələri də şeirlərinə yol tapıb. Əslində Ölüm (!) bu ahıllaşan, aqilləşən, uşaqlığı nağıllaşan bir insanın iztirablarından doğulmur, bu, yaşından asılı olmayaraq qürbətdə qərib olanların sinəsindən qopan ahdan rişələnən bir qavramdır. Bu, “Sarı saman çöpü kimi canını dişinə tutub” (M.İ) da yaşayan bir adamın Ölümlə söhbətindən yaranır:
Ürəyin Vətəndə,
Bədənin qürbətdə.
Qürbətin qərib yeri,
Bir edamlıq ip yeri.
Qədərdi bu, qədərdi,
Bir göz yaşı qədərdi
Ölüm!
(M.İ.)
Səni böyüdür, səndə böyüyür,
Ölüm sonuncu duracaqdı.
(M.İ.)
– Və beləcə qibləgahı bildiyi son duracağına – Ölümə tapındığı bir zamanda yenə də unudulduğu (Siz əsla unudulmadınız, Məmməd İsmayıl! İradə A.), ögey övlad olduğu yerdə Vətən çatır harayına-
Sən ey doğma Vətənin ögey övladı, Məmməd.
. Nə yaxşı ki Vətən var yaddan çıxdığın yerdə .
(M.İ.)
– Və “Qara yaylığını borc ver gözümə basım, ay bulud!” – pıçıltısıyla
Qazanlar qaynayır qapağın altda,
İgidlər çürüyür papağın altda,
Hayanda biz səni axtarıb gəzək
Məyər yer qəhətdi Allahın altda?!
Sən indi hardasan, Məmməd İsmayıl! –
(M.İ.)
– deyə haray qoparanlara “Bir ilham misra gəzər qoynunda dincəlməyə. ” söyləyir. Bəli, Məmməd İsmayıl nə qədər uzaqlarda olsa da, biz onu misralarının qoynunda dincələn ilhamında, dünyaya sülh, insanlara birlik, hürlük arzularında tapacağız.
Bağça uşaqlarının birliyi
Yaşıl işıq yandırır,
Maşınları dayandırır.
Bəlkə ordular da dayanar
Bu birliyin önündə.
(M.İ.)
Bir anlıq balaca mələkləri – körpələri müharibələr törədən, qırğınlar edən böyüklərin qabağında gördüm, birlikdə, əl-ələ. İnandım, inandım ki, belə bir birlik qan-qadaya son qoyar, dünyanı xilas edər. Gördüm ki, “Hardasa ümid yeri var” (M.İ.).
. Ana müqəddəsliyi, qız-gəlin ismətinə verilən dəyər Məmməd İsmayıl yaradıcılığında çox yüksək yerdədir. Məmməd İsmayılın atası Böyük Vətən Müharıbəsinə yollananda “Gözəlliyin gəlini”-nin – anası Gülzar xanımın çox gənc çağları olub. O, oğlu Məmmədi qınından sıyırıb (“Analar qınından sıyırıb bizi, qoymuşdu nəfsiylə öz arasında” M.İ.) nəfsiylə öz arasına qoyaraq, “Şenlədə-şenlədə ər ocağını, namus ocağına” (M.İ.) dönmüşdü.
. Və. şair anasını çiyinlərində məzara aparanda
Ana, ağır olan cənazən deyil,
Analıq haqqındır çiyinlərimdə.
Nə deyim həyatın qanunlarına,
Gör niyə fəryadlar qoparıram mən.
Sən məni dünyaya gətirdin, ana,
Sənisə dünyadan aparıram mən. –
(M.İ.)
– harayı çəkdi. Bu misralar fikir yükü və haqdangəlmişliyi sonralar bir çox şairi, həm də M.İsmayıldan daha yaşlılları da təkrara zorladı…
. Məmməd İsmayılın söz çələngini toplasaq o çələngdə (al rəngi ilə seçilən qızılgüllər kimi) hikmət çiçəklərinin – aforizmlərin necə məntiqi düzüldüyünü görəcək, o məntiqə heyret edəcəyik: “Millət fərdlərinin sayı ilə deyil, mərdlərinin sayı ilə millət olur”, “Var olmaqla deyil, gərək varis də olsun”,”Hələ yaşamağa dəyər”,”Özü öz suyundan içirmi bulaq, barından nə qalır bar ağacına”,“Bu cığırın bir ucu uzanıb ya ölümə, ya da Allaha çıxar”, İtən gəncliyimdir ağrıyan dişim, diş düşər, yerindən qocalıq çıxar”, “Dünyanın əvvəli söz, sonu da söz olacaq”, “Şairləri susmayan bir Vətən basılmayıb!”, “Biz qürbətə düşəli Tanrı da qürbətdədir”, “Sevmək yenidən doğulmaqdı”, “Ölüm bir addım öndədir, insanlar arxada gedir”, “Hər insan öz taleyinə kölədi. ”, “Bir zaman canını verdiyi torpaq gör necə çürüdür o yarpaqları”, “Sən mənim yadımda qalan deyildin, saralan yarpaqlar budaqda qalmaz”,“Yağışın yağacağına inanan torpaq kimi arxayın(san)”, “Ölüb məzarımı üstümə çəkim, qürbətin qapısı açıq qalmasın!”, “Halal yaşamaq üçün təkcə yuxusuna haram qatardı”, “Şeirin yaşı yox, yaşın şeiri var” və s.
Bu aforizmlər sadəcə Məmməd İsmayılın kitab səhifələrinə səpilib qalmamış, axtarsanız internet saytlarında (xüsusilə Türkiyə internet saytlarında) bu aforizmləri Məhəmməd peyğəmbərin, Həzrət Əlinin və digər hikmət sahiblərinin fikirləri ilə eyni sırada oxuya bilərsiniz. Və Məmməd İsmayılı bu aforizmlər bütün türk ellərinə biletsiz gəmidə aparır:
İçində biletsiz sərnişin təki,
Mənim düşüncəmi daşıyır gəmi.
(M.İ.)
. Məmməd İsmayılın sevgi şeirləri də özü kimi qəriblik libası geyinib. Amma bu qəriblik qürbət qəribliyi deyil, məhz sevginin qəribliyindəndir. Sevgi nə zaman qərib olur; qarşılıqsız olanda, arada Çin səddi kimi yaş həddi, ayrılıq çəpəri və.s olanda.
Yerini dəyişir çox şey dünyada,
Vaxt qəmin başını qatanda gəlim.
Ya sənin yaşına qayıdım, ya da
Sən mənim yaşıma çatanda gəlim.
(M.İ.)
Vədə ver yenidən gəlim görüşək,
Otuz il əvvələ qayıt, nə olur.
Qərib yuxulara dalıb bu ürək,
Qəfil gəlişinlə ayılt, nə olur.
Sonrakı bənddə isə:
Sən məndən betərsən, mən səndən betər,
Gəl daha bu başı batmışını sev.
İyirmi yaşımı sevmədin yetər,
Gəlim, üzə duran altmışımı sev –
(M.İ.)
– söyləyir şair. Burada “Otuz il əvvələ qayıt, nə olur” iniltisiylə “İyirmi yaşımı sevmədin yetər, gəlim, üzə duran altmışımı sev” – deyir. Düşündürücüdür: altmışda şair otuz il əvvəli istəyirsə deməli, otuz yaşa qayıtmaq istəyir, amma “İyirmi yaşımı sevmədin” də var. Bir az dolaşıq fikir olsa da, yozumu budur: şairin otuz yaşı iyirmi-qırx vusalındadır.
. Tovuzun Əsrik dərəsindən boy verdi Məmməd İsmayıl. “Atalar hər kənddən deyib bir dəli, Əsrikdən əlinə kim keçsə gətir” deyilən dəliqanlı bir yurdun oğludur, əsriklidir Məmməd İsmayıl. O, öylə boy verdi ki, boyu böyük Türkiyədə məskən salaraq ta Türk ellərinə qədər ucaldı. Və –
– Dən gəzirsən saçlarımın dənində,
Atamoğlu, az qapını döy görüm!-
(M.İ.)
– misrasıyla illərdir insan hənirinə həsrət qalmış qapılarını döyəcləyən ağacdələnə üz tutdu, qürbət sokaklarında taxta qapıdan başlayan ovxam vaxtına acıdı (“Yavaş-yavaş çürümədə, taxta bax, o taxtada ovxam olan vaxta bax”), saçlarına dən düşdü, yenə Əsrik dərəsini, doğma kəndini unutmadı, könlünün söz qapısını döyərək, dara çəkildi, dar ağacına döndü:
Bu yerlər göylərin kəsik dilimi,
O yerə, bu göyə maraq acıyam!
Çarmıxa çəkmişəm neçə ilimi,
Mən başdan-ayağa dar ağacıyam!
(M.İ.)
Əsrikli olmaq bir az kövrək, bir az sərt, bir az dəli (Koroğlu dəlisi) olmaqla yanaşı, sözə qiymət vermək, sözü sevmək (“Dünyanın əvvəli söz, sonu da söz olacaq” M.İ.) deməkdir:
Anadolu yolunda
Yorulub yolda qalan Quzum,
Doqquz oğuzum,
Tovuzum—Ana yurdum.
Dunyanın harasında oldumsa
Sәni sordum.
Eşqdә sevgi sәrxoşu,
Mәşqdә dәliqanlıyam,
Hәr işdә boz üzüyәm.
Demә, görmә mәn oyam,
Mәn Әsriyin özüyәm.
Qayası çaxmaq daşı,
İçindә qığılcımı.
Kәmәrdә büloylәdim
Sonra söz qılıncımı.
Havasını, suyunu
Әsirgәmәdi Әsrik,
Gәlib çatdım әrsiyә.
Nәyim var onunkudur
Canım qurban Әsriyә..
Bir oğlun da vardı
Ha saysan, çıxacaq əksik.
(Lənət qafiyəsinə ! )
Qürbətlərdə əsirdi
Xəbərin varmı, Əsrik?!
Açım söyləyim nəyi?
Tək suçu, tək günahı
Səni, yəni vətəni Canı qədər sevməyi…
(M.İ.)
Necə ki, Əsrik dərəsi əsriklilərə sadiqdir, eləcə də əsriklilər Əsriyə layiqdirlər – məhz Məmməd İsmayıl kimi söz adamlarının timsalında. O söz adamları ki, yenidən dünyaya cığır açacaq:
Bir adam yol gedir bizdən qabaqda
Yaxşı ki dünyaya cığır açan var!
(M.İ.)
O söz adamları ki:
Bu xalq yeddi yerdən zavala gəldi,
Bu xalqın danışan dili olmadım.
Bu xalqın başına min bəla gəldi,
ən ki dözüb durdum, dəli olmadım,
Mən şair deyiləm, atam balası!
(M.İ.)
– desələr belə, zavala gələn xalqı yaşadacaqlar, yaşayacaqlar.
Məmməd İsmayıl: “O kənddə məni üç ana böyüdüb” – FOTO
Modern.az saytının “Mənim kəndim” layihəsində əyalətdə doğulub-böyüyən ziyalılar, ictimai və mədəni xadimlər, jurnalistlər kənd təəssüratlarını bölüşürlər.
Bu dəfə hazırda Türkiyədə yaşayan tanınmış şair Məmməd İsmayıl doğulub- böyüdüyü Tovuz rayonunun Əsrik kənd, oradakı uşaqlıq illərindən danışıb. Bu müsahibə deyil, daha çox “ürəkboşaltma” söhbəti olduğu üçün əvvəldən-axıra həmsöhbətə danışmaq imkanı verilir:
Məmməd İsmayıl o yerləri, o illəri belə xatırlayır:
Mənim kəndim.
– Mənim kəndim dünyanın ən mübarək, seçilmiş yerlərindən biridir. Qızıl Qaya ilə Kəmər qayasının qolları arasında qərar tutub. Dağların qaya ovcunda mürgüləyən, ayaqları yerə pərçimlənmiş bu kəndin arasından çay keçir. Sanki hansısa görünməz bir əl qaya ovuclarını qoşalayıb su içmək istədiyi yerdə donub qalıb və bu kənd yaranıb. Adına Əsrik deyirlər, yəni əsrəmiş, dəliqanlı. Tovuz rayonunda kəndim haqqında bir el misalı da dolaşır: “Atalar hər kənddən deyib bir dəli, Əsrikdən əlinə kim keçsə gətir.” Yəni, bu kənddən olanların hamısı mərd və dəliqanlıdır! Bizim kənddə hələ də dastani sevgi ilə günümüzün tarixsəl gerçəkliyi iç-içədir. Və bizim kənddə aşağı-yuxarı hamı saz çalıb şeir qoşur:
Dağlar arasında bir ulu kənd var,
Uca zirvələri xaldı Tovuzda.
Mənə döşlərindən ilham içirən
Əsriyin suları baldı Tovuzda.
Bir gün təbiətin coşdu kərəmi,
Atdı yer üzünə odlu kürəmi.
Üyüşdü qanımda “Yanıq Kərəmi”
Aşıqlar laylamı çaldı Tovuzda.
O kənddəki uşaqlıq illəri
Buna bir-iki cümləylə cavab vermək insafsızlıq olardı. Uşaqlıq illərimin xatirələrinə bu və ya başqa bir biçimdə “İz” romanımda deyinmişəm. Amma sual verilibsə, cavabı da olmalıdır. Uşaqlıq hardasa, ana vətənimizidir. Sonrakı qısa və ya uzun həyatımızda nə varsa, hardasa uşaqlığımızın övladıdır. Tolstoy deyirdi ki, valideyinlər, uşaqlarınızı 7-10 yaş arası təbiətlə iç-içə böyüdün, insanın ecazkar yaddaşı bu yaşlarda formalaşır. Yaddaş isə bildiyiniz kimi, istedad deməkdir. İki yaş yarımımda atam İkinci Dünya Müharibəsinə gedib və qayıtmayıb. Heç yadigar şəkli də qalmayıb. Yetim qalmışam, dünyanın ən mübarək qadını anam Gülzarın himayəsində böyümüşəm. Yetim böyüməyimə baxmayaraq, uşaqlıq xatirələrim o qədər əsrarəngiz, o qədər canlıdır ki, demək olar onların heç birini bu uzaq ixtiyarlıq yaşımda da unutmamışam. Ağac kökünü necə unuda bilər ki? “Ağacı böyüyüb kökündən qaçar, ha qaçar kökündən ayrıla bilməz!” Əslində məni qürbətlərdə çürüməyə qoymayan o təkrarsız uşaqlıq xatirələrimdir!
Heç zaman unudulmayan xatirələr
Hansı birini deyəyim ki?
Biz dörd nəfər idik,
Təpəl qoyun idi, gəzəl alma idi,
Anamdı, məndim.
Gələcək həyatın xatirəsinə,
Bizi atmışdılar Yer kürəsinə!
Anam gözəlliyin gəlinliyiydi,
Alma meşələrin pöhrəliyiydi,
mən isə bəşərin körpəliyiydim.
Vaxtınız olanda sıxın bir məni,
görün bir nəyəm?
Alma şirəsiyəm, ana çörəyiyəm,
Qoyun südüyəm.
Məni üç ana böyüdüb; anam Gülzar, Gəzəl alma və bir də Təpəl qoyun. O amansız illərdə o üç ana gecə və gündüz çalışıb, didinib gələcək həyatı, yəni məni müharibənin, ehtiyacın əlindən alıb gələcəyin sınağına göndərdilər. Özləri isə bir gün görmədən Haqqın rəhmətinə qovuşdular. Bu, bir fədəkarlıqdır, özünü başqa birinin yaşaması üçün fəda etmək fədəkarlığı.
Və heç unutmaram. bir axşam anam kolxoz işindən gec qayıtmışdı, toran əlləşirdi, qaranlıq düşdüyündən daxmamızda tək qalmaqdan qorxub qaça-qaça anamın gələcəyi səmtə doğru getdim. Ay, Kəmər qayasının arxasında yavaş-yavaş qalxmağında və qayanın başındakı ayağı daşda, başı savaşda olan, çörəyi daşdan çıxan tək dağdağnın arxasından boy göstərir və onu işıqlandırıdı. Bu mənzərə sanki qara-qorxunu da unutdurmuşdu. Yuxarıdan aşağı elə bil qulağıma səslər gəlməyə başladı, bu tək dağdağanın səsi olmalıydı: Sənə nə var, insansan, əlin-ayağın tutan yerə çıxıb gedə bilərsən, mənim kimi bir yerə mıxlanıb başını qışda qar, yayda günəş döymür ki, tənhalıq çətinsə mənə bax, yaşa.
Bu sözləri tək dağdağanmı söyləmişdi, Allahmı, yoxsa öz içimin səsi idi bilmirəm, ondan sonra yetmilik və tənhalıq əsla məni qorxutmadı.
O kənddəki evimiz
Atam müharibəyə gedəndən sonra da biz ata-baba evimizdə, əmim Şəmşəd kişinin ailəsi ilə birlikdə yaşayırdıq. Mənə şairlik əmimdən keçib. Əmim çox gözəl saz çalır, şeir yazırdı. O zamanlar çox uşaqdım, ona görə onun şeirlərini yazıya köçürə bilmədim. Məndən böyüklər də bunu etməmişdilər. Yaddaşlarda indi beş-altı bəndi qalır. O zaman ailələrə böyük vergilər qoyulurdu. Anamla mən əsgər ailəsi olduğumuzdan vergidən azaddıq. Onunla bir yerdə yaşadığımızdan ailənin sayına görə vergi alındığından əmim qonşudakı mal damının üzərindən bir baca, önündən də bir qapı açıb bizi o dama köçürdü. Bir yerdə olanda əsla sazını çalmazdı. Biz qonşu dama köçdükdən sonra, gecə səhərə kimi divarın o tərəfindən qaya dibindəki tənha bulaq tək əmimin qəmli saz səsi gələrdi. Və mən qulağımda o qəmli saz səsləri gözlərimin önündə bacadan çəpəki düşən ay işığında şirin xəyallara dalardım. Hətta o işiğı tutub aya, ulduzlara xəyalın belə ulaşa bilməyəcəyi dünyalara qanadlanmaq istərdim. Bəlkə sonrakı az-çox uğurlarım o xəyali umudlardan mayalanırmış, kim bilir. Daha sonralar əmim dünyasını dəyişəcək və günlərin bir günü əmimoğlu da öz evlərini sökdürüb daha yeni bir ev tikdirəcəkdi. Bu səbəblə də bizim daxmamız da yaşanmaz hala düşəcəkdi. Biz də analı-balalı bir cüt göyərçin kimi özümüzə bir otaqlı ev tikdirməyə çalışacaqdıq. Anam sarı torpaqdan hörük palçığı düzəldəcək, mən arxa yamacdakı daşlardan daşıyacaq, bənna isə divar hörəcəkdi. Beləcə, sonralar tənha qalıb çürüməkdə olan qapısını ağacdələnlər döyən də o ev olacaqdı. Sonra əlim uzandıqca, o tək otaqlı evin arxasında daha iri bir ev tikdirməyə başlayacaqdım. Qonağım olan moskvalı şair Leonid Latınin deyəcəkdi: “O tək otaqlı ana yadigarı köhnə evi sökdürmə, sökdürsən, daha şeir yaza bilməyəcəksən”. Amma mən onun sözünə baxmayacaq, ana yadigarı evi sökdürəcəkdim, nə yazıq ki, dostumun sözü düz çıxacaq, tam on il ciddi bir şey yaza bilməyəcəkdim. İndi son tikdirdiyim ev də ana yadigarı evin qarğışından yetim gündədir:
Mən kiməm, mən nəyəm, qərib düşüncə
Kimsəyə gərəksiz tənha bir ürək.
Burdan oğul olub uzaq düşüncə,
Burda çinar olub bitəydim gərək!
Və məktəbimiz.
Birinci sinifə gedəndə məktəbimiz yeddi illik idi, bizim sinifin şansından yeddi illiyi bitirəndə kəndimizdə orta məktəb açıldı, hətta qonşu kəndin uşaqları da bizim məktəbə oxumağa gəldilər. Bu isə məktəbdə bir canlanmaya səbəb oldu.
Borclu olduğum müəllimlər.
Burada iki müəllimi hörmət və sayqıyla xatırlamalıyam. Onlardan birincisi vaxtıylə mollalıq etmiş, sonra müəllimliyə başlamış Cavad müəllimdir. Məktəbə ilk başlayanda solaxaydım. Xasiyyətimdə qalsa da, yazı-pozuda solaxay olmamamın tək səbəbkarı Cavad müəllimin əlindəki zoğal çubuğudur. Barmaqlarımın ucunda mən hələ də o çubuq zərbəsinin sızıltısını hiss edirəm, amma bəhrəsi solaxaylıqdan sağaxaylığa keçməyim olacaqdı. Birinci sinfi bitirəndə anam Cavad müəllimin yanına gedib, “a bavası, Məmmədin boyu balacadır, həm də solaxaylığından yazını da yaxşı yaza bilmir, bəlkə onu birinci sinifdə saxlayasan”, -deyəndə rəhmətlik, “uşağın yanında belə şeylər söyləmə, sinifdə qalsa pisikəcək, ömrü boyu onun acısını çəkəcək”, – deyəcək və məni ikinci sinifə keçirəcəkdi. Bəlkə o il sinifdə qalsaydım, pisikib özümə gəlməyəcəkdim. İkinci müəllimim isə ədəbiyyat dərsimizə girən İmamverdidir. Əgər əl yazılarım gerçəkdən də xoşa gəlirsə, bu, birbaşa o kişinin xidmətidir. Elə muncuq kimi gözəl xətti vardı ki!? Hey özümü ona oxşatmağa çalışır, onun kimi gözəl yazmağa həvəslənrdim. Bu da sonralar öz bəhrəsini verəcəkdi. Günlərin bir günü mənə sinif divar qəzetini hazırlamağı tapşıracaqdı. İkidən-birdən divar qəzeti çıxarmamışdım, kömək edəcək bir adam da yox idi. Amma çalışıb tapşırığı yerinə yetirəcəkdim və müəllimimin elə xoşuna gedəcəkdi ki, sonra məktəb divar qəzetinin də redaktoru mən olacaqdım. Bilirsinizmi, bu nəyin hazırlığıymış? Aradan 30 il keçdikdən sonra jurnallar arasında Azərbaycan mətbuatı tarixində tirajına tiraj çatmayacaq “Gənclik” və “Molodost” jurnallarının baş redaktoru olmağımın!
Kəndimizin özəlliyi və gözəlliyi
Dünyanın 50 dən çox ölkəsində oldum. Mübaliğəsiz deyə bilərəm ki, aranla dağın qolboyun olduğu mənim kəndimin təbiəti qədər gözəl ikinci bir yer tapmaq mümkün deyil. Hər kəsin qarğası özünə qırğı kimi gələr. Sevgim bəlkə buradan qaynaqlanır, bilmirəm. Təkcə onu deyə bilərəm ki, bu kəndin iki çıxış yolu var, bir dağ çayı, o biri dağ yolu. O dəli dağ çayının da adı Əsrikdir. Və bu çay neçə-neçə dağ kəndinin və aran kəndinin içindən keçib Kürə qovuşmağa tələsir, amma Əsrik adını keçdiyi neçə-neçə dağ, ya aran kəndindən yox, bizim kəndimizin adından alır. Bunun özü nəsə deyir axı?!
Kəndimiz: əvvəllər və indi.
On doqquzuncu yüz ilin kəndi iyriminci əsrin əllinci, altmışıncı illərində mənim gözümün qabağındaca dəyişdi. Bir çox adətlər, özəlliklə köç adətləri yavaş-yavaş tarixə qarışdı. Kəndimizin qoyun və mal-qara sürüləri yayda yaylamağa Göycə gölü sahilindəki Qaranlıq dərəyə gedərdi. Dəfələrlə üç ay yayı mən o yerlərdə keçirmişəm, uşaqlığımın bir çox acılı-şirinli xatirələri bu köç səfərləri – yaylaqlarla bağlıdır. O yerlərin hamısı bizim torpaqlardı. Sonralar rusların dəstəyiylə ermənilər bizi öz doğmaca torpaqlarımızdan zorla çıxardılar. İndi Dağlıq Qarabağda da eyni oyunlar oynanılır. Bir dəfə Göyçədə Ağkilsə kəndində Aşıq Ələsgərin oğlu Talıb kişi mənə dədələrinin Tovuz-Qazax bögəsindən yayda yaylaq yeri kimi Göyçəyə gəldiklərini və sonralar burada daimi yurd saldıqlarını söyləmişdi. Yəni, mənim gözümün qabağında kəndimizdə çox şey dəyişdi. İlk mazutlu telefon dirəklərinin toprağa basdırıldığını mədəniyyətin kəndimizə ilk atdığı addım kimi qəbul etmək lazımdır. Sonra elektrik dirəkləri, sonra yol çəkən traktor və buldozerlərin nəriltisi yeni və başqa dünyanın xəbərçiləri idi. Beləcə, örf və adətləri ilə keçmiş tarixə qovuşur, yenilik isə dirək adımlarıyla irəlilləyirdi. Amma bu basdırılan dirəklər, çəkilən yollar özləriylə birlikdə halalına haram qatmayan kəndimizə haramı da gətirəcəkdi.
Yaddan çıxmayan sevgi.
Əgər buna sevgi demək olarsa, sevginin nə olduğunu bilməyə-bilməyə doqquz yaşımda sevdim, həm də az qala özümdən 10-20 yaş böyük bir qadını. Bu sevgi deyildi, əlbəttə. Atamızdan, anamızdan bədənimizdə ilişib qalan sevginin üzə çıxmaq istəyən qalıqları idi bəlkə də. Sonra on doqquz yaşımın dəli sevgisi! O sevginin indi neçə-neçə dillər əzbəri şeirləri mahnıya, nəğməyə dönüb eldən-elə yayılmaqdadır. Bu ərş evinə qədər yaxıb yandıran ilk sevgi idi görünür. Həm də kasıb kəndli oğlunun rayon mərkəzindəki sevgisi! “Onda nakam olan sevgimiz təki kənd ilə şəhərin fərqi çoxuydu. ” O rayonlu qızının bir dəfə dilinin qıfılı açılıb mənimlə kinoya gedəcəyinə söz vermişdi. Rəfiqəsi və kiçik qardaşı da yanında olacaqdı. Amma mən necə kinoya gedəcəkdim ki, cibimdə pul yerinə siçanlar oynaşırdı. Əlac kəndə, anama qalırdı. Pul lazım olduğunu deyəndə anam, sağ, sol qonşulara getsə də əlləri boş dönəcəkdi. Əlac bazara qalırdı. Bazarın yolu isə 16 kilometr idi. Səhəri ayıldığımda anamı evdə, anac toyuğu isə tarda görmədim. Anam əlacı bazarda görmüşdü. Elə bir qar başlamışdı ki, tut ucundan göyə çıx. Gündüz saat 12-ə qədər ümidim vardı, anam toyuğu bir kino puluna sata və kəndə dönə bilsə, bəlkə də mən axşam saat 6 seansına yetişə bilərdim. Amma ümidim üzüləcək və bunların heç biri olmayacaqdı. Axşamın çat ayazında yoldan səs eşidəcəkdim, bu anamın şaxtadan donub buz bağlayan on dörd taxtalı tumanının səsi idi. Qoltuğundakı toyuq da bir kino puluna gedə bilmədiyinə görə başını qanadlarının altına soxmuşdu. Və. görüşünə gedə bilməyəcəyim ilk eşqim daşa dönəcəkdi:
O şirin ağrılar yatır dərində,
Ay ötür, il keçir dilə gəlirəm.
Sən hələ qalmısan görüş yerində,
Mən hələ gəlirəm, hələ gəlirəm.
Bu gün sizi darıxdıran kənd
Bu gün kəndim məni əsla darıxdırmaz. Və qürbətdə olsam da, xəyalən hər zaman o kəndin qucağındayam. Mən bəlkə də yaşıdım sənətkarlar arasında 1-2 istisnalarla hamıdan çox kənddə yaşadım və Bakıya da çox gec gəldim. Bəlkə kəndə sevgimin bir səbəbi də buradan qaynaqlanır. Və ona inanıram ki, kəndim olmasa, yer kürəsi də tamamən mövcud olmaz..
Kəndim ona görə xoşbəxtdir ki, dünyanın sevilən yeridir. Amma gec-gec gedəndə hərdən məni tanımayanda giley-güzar etməyim də var:
Bu mәnәm, a kәndim,
tanımadınmı?!
Bu hәmin Mәmmәddi
bir az sınıxıb, bir az
sıxıb onu şәhәr havası,
Dәrmanı dağların sәhәr havası.
Mәni tanımayır tәzә cavanlar,
Özümmü çıxmışım yaddan, adımmı?!
Sәnin qucağında arzuladığım,
Günlәrdәn qayıdıb gәlmişәm sәnә,
Bu mәnәm, ay kәndim, tanımadınmı?!
Böyütmək üçün şəkillərə kilkləyin.
Comments are closed, but trackbacks and pingbacks are open.