Press "Enter" to skip to content

Muğam haqqında əlyazmalar toplusu”

Yaxın və Orta Şərq xalqlarının əsrlər boyu qohumlaşmış mənəvi və maddi sərvətləri vardır. Şərq xalqlarının musiqi mədəniyyətində ümumi cəhətlər daha bariz şəkildə özünü göstərir. Çünki bu mədəniyyət böyük bir region əhalisinin müxtəlif formalı və çalarlı əlaqə prosesi əsasında təşəkkül tapmışdır. Məhz bu səbəbdən də onlara bir çox mühüm ümumşərq xüsusiyyətləri xasdır.
Zaqafqaziya, o cümlədən Azərbaycan qədim dövrlərdən Yaxın və Orta Şərq ölkələrini birləşdirən regiona daxildir. Söz yox ki, bu region ölkələri arasında daimi əlaqələri məhz onların mədəniyyət və məişətində bir çox müştərək cəhətlər əmələ gətirməsinə baxmayaraq, hər xalqın mədəniyyətində özünəməxsus xüsusiyyətlər qorunub saxlanmışdır. Bu mənada qədim ənələrə malik Azərbaycan xalqının mədəniyyət və incəsənəti olduqca səciyyəvidir.

Muğam haqqında lyazmalar

Muğam – bədii həyəcan və müxtəlif musiqi obrazlarının inkişafını ifadə edən musiqi janrı.

Muğam – Azərbaycan musiqisində şifahi ənənəli professional musiqi sənəti; şifahi ənənəyə malik Azərbaycan klassik musiqi janrlarından biri; iri həcimli vokal – instrumental və ya instrumental əsər.

Muğamın tarixi çox qədimdir. Şərq musiqisinin möhtəşəm sənət abidəsi olan muğamın yaranmasını alimlər hələ keçən minilliyə, İslamaqədərki dövrə aid edirlər. Onun köklərini zərdüştiliklə bağlayırlar. Muğam sözünün mənası da Allah tərəfindən göndərilən musiqi kimi izah olunmuşdur. Muğamın İlahinin qüdrətilə insanların ruhunu təmizləməsi, saflaşdırılması fikri də söylənilir. Təsadüfi deyil ki, qədim dövrün alimləri insanları muğam sədaları ilə müalicə edirdilər. Muğamları planetlərlə əlaqələndirirdilər: “Nəva” muğamı – Ay planetinə, “Busəlik” – Merkuri, “Rast” – Venera, “Əraq” – Günəş, “Üşşaq” – Mars, “Zirəfkənd” – Yupiter, “Rəhavi” – Saturn planetinə uyğundur.

Qədim dövrlərdə peşəkar xalq ifaçılarının yaratdıqları musiqi “nəva”, “rah”, “xosrovani” adlanırdı. Musiqi mədəniyyəti inkişaf etdikcə isə yeni forma və janrlar meydana gəlmişdir. Muğamın bir janr kimi formalaşması XII – XIII əsrlərə “Müsəlman Renessansı” dövrünə aiddir. Bu dövrdə məhz poeziyanın yüksəlişi (Nizami, Xaqani, Nəsimi, Füzuli və başqa şairlər) muğamın da inkişafına təkan verdi.

Azərbaycan xalqının qədim və zəngin tarixinin, mədəni irsinin mühüm bir qolunu da muğam sənəti təşkil edir. Millətin milli özünüdərki, həyat tərzi və soykökünün göstəricisi olan bu zəngin sənət növü xalqımızın dünya mədəni irsinə bəxş etdiyi ən böyük xəzinədir.

Azərbaycan muğamı xalqımızın ruhunu əsrlərboyu yaşatmış, bu gün də yaşatmaqdadır. Muğam sənətimizdə xalqımızın təfəkkürü və düşüncə tərzi öz əksini tapır. Məhəbbət və nifrət, xeyir və şər, hicran və vüsal, mübarizə və döyüş, inam və qələbə üzərində köklənən muğamlar məzmun və fəlsəfi zənginlik yaradaraq hər bir azərbaycanlının mənəviyyatına daxil olmuşdur.

Muğam sənətinin zənginliyi, ucalığı, əbədiyaşarlığı da bu dəyərləri əsrlərdən-əsrlərə daşımasındadır. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev bütün bunları nəzərə alaraq deyirdi: “Bizim xalqımızın böyük musiqi mədəniyyəti tarixi var. Azərbaycan xalqının qədim dövrlərdən indiyə qədər yaşayan xalq musiqisi, xalq mahnıları, Azərbaycan muğamları milli sərvətimizdir”.

Azərbaycanda muğamı adətən, muğam üçlüyün müşayiəti ilə xanəndə ifa edir. Belə ansamblın ifa etdiyi vokal instrumental bütöv muğam dəsgahı adlanır.

Muğamda dəqiq ritmə malik mahnı və rəqs epizodları ilə əvəzlənir. Mahnı epizodları təsnif, rəqsinki isə rəng adlanır.

Muğamın ifası alətdə mükəmməl çalmağı bacarmaqla yanaşı, həm bütün kompozisiyanın quruluşunun qanunauyğunluqlaqrına, həm də şöbədən-şöbəyə keçidin məntiqinə bələd olmağı tələb edir.

Əsrlərboyu ustad xanəndələr söz üzərində sərraf kimi düşünərək onun məna gözəlliyinə və axıcılığına xüsusi diqqət yetirmişlər. Nizami Gəncəvi, Məhəmməd Füzuli, İmadəddin Nəsimi, Molla Pənah Vaqif, Seyid Əzim Şirvani, Xurşidbanu Natəvan, Əlağa Vahid və başqa şairlərimizin qəzəlləri üstündə oxunan “Rast”, “Şur”, “Segah”, “Çahargah”, “Bayatı-şiraz”, “Şüştər”, “Humayun”, eləcə də “Şahnaz”, “Mahur-hindi”, “Rahab”, “Heyratı”, “Arazbarı”, “Simayi-şəms”, “Mənsuriyyə”, “Qarabağ şikəstəsi”, “Kəsmə şikəstə” və başqa muğamlar tükənməz söz-sənət çeşnəsi kimi milli musiqi mədəniyyətimizi zənginləşdirmişdir.

Azərbaycan muğamının ən mükəmməl elmi əsasını XX əsrdə dahi bəstəkar Üzeyir Hacıbəyov qoymuşdur. Bu dövrdə muğam Azərbaycan bəstəkarlarının, şairlərinin ilham mənbəyi olmaqla qiymətli sənət əsərlərinin meydana gəlməsinə öz təsirini göstərmişdir. Üzeyir Hacıbəyov, Müslüm Maqomayev, Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Soltan Hacıbəyov, Cahangir Cahangirov, Süleyman Ələsgərov, Vasif Adıgözəlov və başqaları muğam sənətinə əsaslanaraq qiymətli sənət nümunələri yaratmışlar. Azərbaycan musiqisində simfonik muğamların yaranması muğam sənətinin rəngarəngliyini, onun sərhədsiz imkanlarının geniş olduğunu göstərməkdədir. Fikrət Əmir¬ovun “Şur”, “Gülüstani-bayatı-şiraz”, Niyazinin “Rast”, Süleyman Ələsgərovun “Bayatı-şiraz” simfonik muğamları, Vasif Adıgözəlovun “Qarabağ şikəstəsi” oratoriyası, Vaqif Mustafazadənin muğam əsasında ifa etdiyi əsərlər, bəstələdiyi musiqilər dünyanın müxtəlif ölkələrində dinləyiciləri valeh etmişdir.

Ötən əsrin 70-ci illərində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə milli dəyərlərimizin yaşadılması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində muğam sənətimiz də yeni inkişaf mərhələsinə qədəm qoymuş, muğam ifaçıları və bu sənəti yaşadanlar qayğı ilə əhatə olunmuşlar. 1971-ci ildə YUNESKO-nun 50 albomdan ibarət olan “Dünya ənənəvi musiqisinin antologiyası” seriyasına “Azərbaycan musiqisi plastinkası” da daxil edilmiş, 1975-ci ildə Azərbaycan muğamları “Musiqi mənbələri” seriyasında buraxılmışdır.

Müstəqillik illərində də Azərbaycan musiqisinin və muğamının inkişafında ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri olmuşdur.

2002-ci ilin noyabr ayında YUNESKO tərəfindən muğam sənəti “Bəşəriyyətin qeyri-maddi mədəni irsi reprezentativ siyahısı”na daxil edilmişdir. Ulu öndərin 2003-cü il 16 may tarixdə imzaladığı “Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, muğam-dəsgahlar, zərb muğamlar, təsnif və rənglər də qorunan folklor nümunələri siyahısına salınmışdır. Həmçinin müxtəlif festivallarda, beynəlxalq müsabiqələrdə, dünyanın mötəbər mədəniyyət və musiqi tədbirlərində Azərbaycan muğamı əzəmətlə səslənmişdir. Bütün bunlar sonrakı illərdə zəngin muğam sənətimizin inkişafı və tanıdılması baxımından dəyərli ənənənin əsasını qoymuşdur.

Bu gün Azərbaycanda muğam sənətinə, musiqimizə dərin məhəbbət və ehtiram var. Onun qorunub saxlanmasına və təbliğinə xüsusi diqqət göstərilir. Ölkəmizdə elə bir musiqi tədbiri yoxdur ki, orada muğam sədası eşidilməsin. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə yaradılan və yüksək səviyyədə inşa olunaraq istifadəyə verilən Beynəlxalq Muğam Mərkəzi qədim sənətə göstərilən diqqət və qayğının daha bir ifadəsidir. Ölkə başçısı demişdir: “Muğam Azərbaycanın milli sərvətidir. Azərbaycan xalqı əsrlərboyu bu gözəl sənəti öz həyatında uca tutmuşdur, öz qəlbində saxlamışdır. Nəsildən-nəslə keçən muğam sənəti bu gün də Azərbaycanda yaşayır, qorunur, inkişaf edir”.

2008-ci ildə Azərbaycan muğamları UNESCO-nun Qeyri-maddi mədəni irsin Reprezentativ Siyahısına daxil edilmişdir.

Bu gün Azərbaycan muğam sənəti tarixinin parlaq dövrünü yaşayır. Çünki müstəqil ölkəmiz öz müqəddəratını həll etmək, milli-mənəvi dəyərlərinə sahib çıxmaq gücündədir. Azərbaycan muğamı da dövlət tərəfindən qorunur, təbliğ və inkişaf etdirilir. Mədəniyyətimizin tanıdılması, milli-mənəvi dəyərlərin qorunması istiqamətində həyata keçirilən layihələr sırasında muğam sənətinə də xüsusi diqqət göstərilir. Ölkəmizin paytaxtında Beynəlxalq Muğam Mərkəzinin yaradılması buna bariz nümunədir. Regionlarda Muğam mərkəzlərinin yaradılmasına dəstək verən Heydər Əliyev Fondunun təşəbbüsü ilə Ağcabədi şəhərində Qarabağ Muğam Mərkəzi inşa edilib. Heydər Əliyev Fondu tərəfindən Azərbaycan muğamının inkişafı və dünyada tanıdılması məqsədilə müxtəlif müsabiqələr, beynəlxalq festivallar keçirilir.

Muğam sənətinin qorunub saxlanılması, zəngin tarixə malik ifaçılıq sənətinin gələcək nəsillərə çatdırılması, yeni ifaçılar nəslinin yetişdirilməsi məqsədilə Heydər Əliyev Fondu “Muğam televiziya müsabiqəsi” keçirir.

2008-ci ildə Heydər Əliyev Fondunun Azərbaycan muğamına həsr edilən daha bir nəşri – “Azərbaycanın muğam ensiklopediyası” (iki cilddə) Azərbaycan, rus və ingilis dillərində işıq üzü gördü.

Fond tərəfindən muğamı qorumaq, inkişaf etdirmək, onun gözəlliyini, dərin fəlsəfəsini gələcək nəsillərə çatdırmaq məqsədilə irimiqyaslı layihələrin həyata keçirilməsi davam etdirilir. “Azərbaycan muğamları” layihəsi çərçivəsində “Qarabağ xanəndələri” musiqi albomu nəfis şəkildə nəşr olunub.

Dünyada ilk dəfə ölkəmizin paytaxtında Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilati dəstəyi ilə “Muğam aləmi” Beynəlxalq Muğam Festivalı keçirildi. Festival çərçivəsində təşkil olunan respublika Muğam Müsabiqəsində, Beynəlxalq Muğam Müsabiqəsində və beynəlxalq elmi simpoziumda muğamsevərlər, elmi tədqiqatçılar, eləcə də dünyanın bir çox ölkələrindən dəvət olunmuş xarici qonaqlar iştirak etdilər.

Muğam müsabiqələri Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilir.

“Muğam haqqında əlyazmalar toplusu”

Heydər Əliyev Fondunun və Heydər Əliyev Mərkəzinin birgə layihəsi çərçivəsində muğamsevərlər üçün “Muğam haqqında əlyazmalar toplusu” nəşr edilib. Topluya AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda saxlanılan musiqiyə dair əlyazmalar daxildir.
Üç kitabdan ibarət topluda yeddi əsər yer alıb. “Behcətür-ruh” adlı birinci kitabda fars dilində yazılmış musiqi elmi haqqında risalə verilib. Əsərin Azərbaycan, İran, İngiltərə, Rusiya və başqa ölkələrin əlyazma xəzinələrində saxlanılan və bir-birindən fərqlənən nüsxələri uzun müddətdir ki, mütəxəssislər və muğamsevər oxucular üçün qiymətli məlumat mənbəyinə çevrilib.
“Musiqi haqqında risalələr” adlı ikinci kitaba 5 risalə daxildir. Onlardan ikisi məşhur Azərbaycan alimi Mir Möhsün Nəvvaba məxsusdur. Əmir xan Kövkəbi Gürci və naməlum müəlliflərin yazdıqları digər risalələrdə muğamın yaranma tarixi, musiqi nəzəriyyəsinə və ifaçılıq sənətinə dair maraqlı məlumatlar verilir. “Muğam üstündə oxunan şeirlər” adlanan üçüncü kitabda Pirinin, Hüdayinin, Yunus Əmrənin, Zakirinin, Dərviş Osmanın, Qasiminin, Əşrəf oğlu Ruminin, Əhmədin və digər məşhur Osmanlı türk şairlərinin şeirləri toplanıb.

Bu kateqoriyaya aid digər yazılar

Muğam nədir?

Muğam — Şərq ölkələrinin klassik xalq yaradıcılığı musiqisinin əsas janrıdır. Muğam sözü iran-ərəb-türk dilində işlənilən «məqam» sözündən yaranmışdır. «Məqam» sözü simli alətlərdəki pərdə mənasına gəlir. Hər muğamın da əsas (mayə) notu alətin bir pərdəsində olduğu üçün bu ad verilmişdir. Təxminən XIV əsrə qədər Yaxın Şərq xalqlarının vahid musiqi janrı olmuş, lakin sonralar baş verən ictimai-siyasi dəyişikliklər səbəbindən bu vahid musiqi janrı xalqlara uyğun parçalanmışdır. Klassik şərq muğamı 12 əsas muğam və 6 avazatdan ibarət olmuşdur. Əsas muğamlar: Üşşaq, Nəva, Busəlik, Rast, Əraq, İsfahan, Zirəfkənd, Büzürk, Zəngülə, Rəhavi, Hüseyni və Hicaz, avazatlar isə Şahnaz, Mayə, Səlmək, Novruz, Kərdaniyə, Güvaştdan ibarət idi.

Azərbaycanda muğam

Yaxın və Orta Şərq xalqlarının əsrlər boyu qohumlaşmış mənəvi və maddi sərvətləri vardır. Şərq xalqlarının musiqi mədəniyyətində ümumi cəhətlər daha bariz şəkildə özünü göstərir. Çünki bu mədəniyyət böyük bir region əhalisinin müxtəlif formalı və çalarlı əlaqə prosesi əsasında təşəkkül tapmışdır. Məhz bu səbəbdən də onlara bir çox mühüm ümumşərq xüsusiyyətləri xasdır.
Zaqafqaziya, o cümlədən Azərbaycan qədim dövrlərdən Yaxın və Orta Şərq ölkələrini birləşdirən regiona daxildir. Söz yox ki, bu region ölkələri arasında daimi əlaqələri məhz onların mədəniyyət və məişətində bir çox müştərək cəhətlər əmələ gətirməsinə baxmayaraq, hər xalqın mədəniyyətində özünəməxsus xüsusiyyətlər qorunub saxlanmışdır. Bu mənada qədim ənələrə malik Azərbaycan xalqının mədəniyyət və incəsənəti olduqca səciyyəvidir.

  • Muğam dəstgahları;
  • Kiçik həcmli muğamlar;
  • Zərbi muğamlar.

Dinlə şövq ilə “Şur”u, “Şahnaz”ı, “Mahur-hindi”ni,
“Heyratı”yla edən könlümü heyran musiqidir.
“Mənsuriyyə” zilində çatsan ahım fələklərə,
“Çahargah” dəstgahı cəm olan dastan musiqidir.

Ağrımaz “Kəsmə şikəstə”ylə kəsilsə əllərim,
məni o dəmdə bihuş edən dərman musiqidir.
Söz sərrafları, qoy inciməsin, söyləsəm, hərgah,
sənətdə bəlkə də ən böyük divan musiqidir.
Fəxrəddin, bəni-adəm yaradan möcüzə çoxdur,
bu sehrlər içində ən sirri pünhan musiqidir.

Müəllif: FƏXRƏDDİN ZİYA (Əliyev Fəxrəddin Mansur oğlu).
Mənbə: Bu da bir istəkdi. kitabı. Nurlar nəşriyyatı,2008

Comments are closed, but trackbacks and pingbacks are open.