Press "Enter" to skip to content

Müasir azərbaycan ədəbi dili

Azərbaycan dilinin fonem tərkibində 15 sait və 25 samit vardır. Bu 40 fonem Azərbaycan əlifbasında 32 hərflə işarə edilir.

Müasir azərbaycan ədəbi dili

Azərbaycan dili Azərbaycan xalqının milli sərvətidir.

Ulu Öndər Heydər Əliyev

Azərbaycan dili İran İslam Respublikasında yaşayan 20 milyonluq azərbaycanlının da ana dilidir. Rusiyada, ABŞ-da, Türkiyədə və Qərbi Avropa ölkələrində bir neçə milyon azərbaycanlı yaşayır. Bir neçə yüzilliklər ərzində müxtəlif ölkələrin sakinləri olmalarına baxmayaraq, bu gün də hansı ölkədə yaşamalarından asılı olmayaraq, azərbaycanlılar bir-birlərini sərbəst anlayırlar. Beləliklə, yer üzündə hazırda Azərbaycan dilində danışan 30 milyondan çox adam yaşayır.
Azərbaycan dili geneoloji təsnifata görə türk dillərindən biri olub, həmin dil ailəsinin oğuz qrupuna daxildir və ən yaxın qohumları olan türk, türkmən və qaqauz dilləri ilə birlikdə ərazi prinsipinə görə türk dilləri arealının cənub-qərb qrupunu təşkil edirlər.
Azərbaycan dili böyük inkişaf yoluna özünün Milli ədəbi dilin təşəkkülü və inkişafı mərhələsində çıxmışdır. Bu dildə şeirlə yanaşı, nəsr və dram əsərləri yazılır, qəzet və jurnallar nəşr edilir, o bəzi rəsmi sənədlərdə, elmi tədqiqatlarda da işlənməyə başlayır. O dövrdə Azərbaycana gələn xaricilər, ruslar və almanlar da ona maraq göstərir, bəziləri bu dili öyrənməyə başlayır. Məsələn, rus şairləri Lermontov, Bestujev-Marlinski, alman şərqşünası Bodonştedt. Sonuncusu XIX əsr Azərbaycan şairi Mirzə Şəfidən Azərbaycan dilini və onun şeirlərini almancaya tərcümə edərək Berlində ayrıca kitab şəklində nəşr etdirmişdir. Orta əsrlərdə əski Azərbaycan dilinə aid tərcümə lüğətləri və qrammatik tədqiqatlar aparılmış olsa da, Azərbaycan dilinə aid elmi əsərlər və dərsliklər XIX əsrdən etibarən yazılmağa başlayır. Mirzə Kazımbəyin rusca yazdığı “Türk-tatar dilinin ümumi qrammatikası” əsəri məşhurdur. M.Vəzirovun, L.Budaqovun, Q.Makarovun, N.Nərimanovun, M.L.Məmmədovun, S.M.Qəniyevin Azərbaycan dilinə aid dərslikləri də rus dilində yazılmışdır. L.Budaqovun ikicildlik lüğəti də (“Сравнительный словарь турецко-татарских языков”) var. M.Əfşarın Azərbaycan dilinə aid “Fənni-sərfi-türki” (“Türk dilinin qrammatikası”) adlı dəyərli əsəri isə azərbaycancadır.
Azərbaycan dilinin inkişafı da, problemləri də daha çox XX əsrlə bağlıdır. Məhz bu dövrdə Azərbaycan ədəbi dili bənzərsiz bir problemlə qarşılaşır. Əsrin əvvəllərindən başlayaraq, ədəbi dildə üç meyil, üç istiqamət özünü göstərir. Təbiidir ki, bu ən çox bədii əsərlərin dilinə və mətbuata aiddir.
1. Birinci meyil, ədəbi dili bacardıqca xalq dili ilə eyniləşdirmək meyli. Bu özünü “Molla Nəsrəddin” jurnalının və bu jurnalın əməkdaşlarının (C.Məmmədquluzadə, Ə.Haqverdiyev və b.) əsərlərində göstərir. Burada ədəbi dil ilə danışıq dili, dialektlər arasındakı fərq götürülür. Xalq bu dili asan başa düşür.
2. Daha çox osmanlı (indiki türk) və əski Azərbaycan dilinin ənənəsinə söykənən ədəbi dil yaratmaq meyli. Bu “Fyüzat” və “Həyat” kimi bir çox jurnal və qəzetlərin və əksərən bu redaksiyada işləyənlərin (Ə.Hüseynzadə, Səbribəyzadə və b.) əsərlərinin dilində özünü göstərir. Xalq bu ədəbi dili çətin anlayır. Bu dil o vaxtkı türk ədəbi dilindən, demək olar ki, seçilmirdi.
3. Hamı tərəfindən anlaşılan, ədəbi dil normalarına əsaslanan ədəbi dil yaratmaq meyli. Bu dil heç bir dialekt təsirini qəbul etməyən bir dil idi. Bu dili A.Şaiq, C.Cabbarlı, S.Hüseyn, A.Səhhət kimi şair və yazıçılar yaradırdılar. Ədəbi dil sahəsindəki bu vəziyyət əsrin əvvəllərindən 1930-cu illərədək davam etdi.
Yeni dövr Azərbaycan ədəbi dilinin üçüncü, yəni müasir mərhələsində dil həyatının mühüm hadisələrindən biri Azərbaycan ədəbi dilinin dövlət dili statusu almasıdır.
Azərbaycan dilinin ölkənin dövlət dili kimi elan edilməsində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin çox böyük xidmətləri olmuşdur. Bəlli olduğu kimi, dövlət dili sahəsindəki fəaliyyətə Heydər Əliyev ölkəyə rəhbərliyə gəldiyi ilin (1969) ilk günlərindən başlamışdır.
Azərbaycan ədəbi və xalq danışıq dilini dərindən bilən, bu dilin zəngin lüğət tərkibinə yaxşı bələd olan və qrammatik imkanlarından fitri istedadı sahəsində səmərəli istifadə etməyi bacaran Heydər Əliyev yüksək səviyyəli yığıncaqlarda, məsələn, BDU-nun 50 illiyinə həsr olunmuş yubiley toplantısında, yenə həmin ali məktəbin partiya konfransında yüksək dövlət səviyyəsində aparılan başqa müşavirələrdə ana dilində parlaq çıxışlar edərək, özünə böyük hörmət və məhəbbət qazandı. O çox yaxşı bilirdi ki, onun qazandığı bu böyük hörmət və məhəbbət eyni zamanda onun istifadə etdiyi, danışdığı dilə – Azərbaycan dövlət dilinə çox böyük hörmət və məhəbbət yaradır. Bütün bunlar təbii olaraq, ölkədə aşağıdan yuxarıya və eyni zamanda yuxarıdan aşağıya güclü bir dövlət dili ab-havası yaratmağa xidmət edirdi.
1977-1978-ci illər respublika rəhbərini çətinliklər qarşısında qoydu. Məlum olduğu kimi, 1977-ci ildə SSRİ-nin yeni Konstitusiyası təsdiq edildi. Həmin konstitusiya bütün respublikalarda hazırlanan yeni konstitusiyalar üçün bir nümunə rolunu oynamalı idi və faktik olaraq oynayırdı. Həmin konstitusiyada isə elə əvvəldən dövlət dili haqqında maddə yox idi. Ayrı-ayrı respublikalarda qəbul edilmiş konstitusiyaların heç birində həmin maddə öz əksini tapmadı.
Azərbaycanda isə vəziyyət başqa cür idi. Heydər Əliyev ana dilinin dövlət dili olması uğrundakı mübarizəsini davam etdirirdi. De-fakto dövlət dili uğrunda ardıcıl mübarizə aparan respublika rəhbəri həmin dilin konstitusiyada qeyd olunmamasına dözə bilməzdi. Respublikanın rəhbəri ziyalıları, bütün xalqı ana dilinin dövlət dili kimi yaşamaq hüququ uğrunda mübarizəyə cəlb edərək bütün qüvvəsi ilə mübarizə apardı və bütün çətinliklərə və maneələrə böyük hünərlə sinə gərdi.
1978-ci il aprel ayının 2-də Doqquzuncu çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının (əsas qanununun) layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş yeddinci sessiyasında məruzə ilə çıxış edən Heydər Əliyevin təklifi ilə 73-cü maddəni aşağıdakı redaksiyada vermək təklif olunur: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir”.
Azərbaycan SSR Dövlət orqanlarında və ictimai orqanlarında və maarif idarələrində və başqa idarələrdə Azərbaycan dilinin işlədilməsini təmin edir və onun hərtərəfli inkişafına dövlət qayğısı göstərir.
1978-ci il Konstitusiyası həqiqətən Heydər Əliyevin öz dövləti, öz xalqı, öz vətəni qarşısında göstərdiyi böyük xidmət idi.
Müstəqil Azərbaycanın 1995-də ümumxalq referendimunda qəbul edilmiş yeni Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi öz layiqli yerini tutur:

Maddə 21. Dövlət dili
1. Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir”.
Ana dilinə həmişə xüsusi diqqətlə yanaşan, dilimizin dərin bilicisi Heydər Əliyev dövlət dilinin yeni inkişaf dönəmində yaranmış vəziyyəti nəzərə alaraq 2001-ci il iyun ayının 18-də “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” fərman imzalamışdır.
Fərmanda dilimizin öz tarixi inkişafı boyu əldə etdiyi uğurlarla yanaşı, yaşadığımız dövrdə dövlət dili sahəsində yaranmış problemlər də geniş təhlil edilmiş və həmin problemlərin həlli yolları göstərilmişdir.
Bu yolların bəziləri artıq uğurla başa çatmaqdadır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2004-cü il yanvarın 12-də imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında”kı sərəncamı, şübhə yoxdur ki, ölkədə əlifba ilə bağlı problemləri həll edəcəkdir.
Azərbaycan dili hazırda Azərbaycan Respublikası ilə yanaşı, İran İslam Respublikasında və İraqda da işlənməkdədir. Folklor əsərləri də aydın göstərir ki, həmin ölkələrdə yaşayan azərbaycanlıların dilləri arasında elə bir fərq yoxdur. Lakin ədəbi dil baxımından çoxlu fərqlər mövcuddur və bu fərqlər özünü çap olunmuş əsərlərin, qəzet və jurnalların, radio və televiziya verilişlərinin dilləri arasında aydın göstərir. Təbii, bunun tarixi, sosial səbəbləri var.
İran və Rusiya arasında gedən müharibələrin nəticəsində bu iki dövlət arasında Gülüstan (1813), Türkmənçay (1828) müqavilələri bağlandı və həmin müqavilələrə əsasən Azərbaycan iki yerə bölündü. Beləliklə, 200 ilə yaxındır ki, eyni bir xalq bir-birindən aralı, tamamilə fərqli bir mühitdə və şəraitdə yaşayır. İstər İran, istərsə də Rusiya iki hissəyə ayrılmış bu xalqın heç bir iqtisadi əlaqəsinə imkan vermədi. Azərbaycan 1991-ci ildən müstəqillik əldə etdikdən sonra müəyyən əlaqələr yaransa da, bu ayrılıq xüsusən dil baxımından davam etməkdədir.
Bu iki yüzillik fərqli mühit bütün sahələrdə olduğu kimi, ədəbi dil sahəsində də davam etməkdədir. Müstəqil Azərbaycanın dilində rus, güney Azərbaycanın dilində isə fars dilinin təsiri özünü hələ də göstərir. Hazırda Şimal və Cənubi Azərbaycan ədəbi dilləri arasında leksik, fonetik və müəyyən qrammatik fərqlər (xüsussən sintaksis sahəsində) qalmaqda davam edir.
Bu fərqlərin ekstralinqvistik səbəbləri var. 1991-ci ilə kimi Rusiyanın tərkibində olmasına baxmayaraq, Azərbaycan dilinin orta məktəblərdə tədrisinin əsryarımlıq, universitet və institutlarda tədrisinin isə 76 illik tarixi var. Azərbaycan dili, onun tarixi, dialektləri geniş surətdə tədqiq edilmiş, bu sahədə Azərbaycan dilində yüzlərlə, bəlkə daha artıq əsərlər çap edilmişdir. Demək olar ki, elə bir xalq qalmamışdır ki, onların ədəbiyyatının görkəmli nümunələri, Qədim Yunan ədəbiyyatı və fəlsəfəsindən tutmuş bu günədək mövcud olan bədii və elmi əsərlər Azərbaycan dilinə tərcümə edilməmiş olsun. Hazırda bütün fənlərə (riyaziyyat, fizika, kimya, təbabət və s.) aid Azərbaycan dilində dərsliklər yazılmış və ya həmin dərsliklər başqa dillərdən Azərbaycan dilinə tərcümə edilmişdir.
Bir-iki qəzet-jurnal nəzərə alınmazsa, İran Azərbaycanında Azərbaycan ədəbi dili faktik olaraq işlənmir.
İraq azərbaycanlılarının Azərbaycdan köçmələrinin 3-4 əsrlik müddəti, ərazi uzaqlığı, əlaqəsizlik onların ədəbi dillərinin başqa istiqamətdə getməsinə səbəb olmuşdur. İraq azərbaycanlıların ədəbi dilinə müasir türk dilinin təsiri güclüdür.
Son illər müxtəlif ölkələrdə yaşayanların ədəbi dillərinin yaranması və inkişafı prosesində Azərbaycan ədəbi dilinə yaxınlaşmaq meyilləri aydın hiss olunur və bu prosesin uğurla nəticələnəcəyinə ümidlə baxmaq olar.
Türk dillərindən biri kimi müasir Azərbaycan dili özümlü xüsusiyyətləri ilə fərqlənən fonetik və qrammatik quruluşu olan bir dildir. Öz fonetik qanunauyğunluqlarına görə, bu dildə əmələgəlmə yerinə görə fərqlənən saitlər,yəni ön sıra (i,ü,e,ə,ö) və arxa sıra (ı,u,a,o) saitlər eyni bir söz və ya sözforma daxilində işlənə bilməz (işıq, ildırım kimi i saiti ilə başlayan bir neçə söz istisnadır): eyni zamanda bu dildə dilortası samitlərin (g, k) arxasıra, dilarxası saitlərin (k,q,ğ,x) ön sıra saitlərlə bir hecada işlənməsi də mümkünsüzdür.
Azərbaycan dilinin fonem tərkibində 15 sait və 25 samit vardır. Bu 40 fonem Azərbaycan əlifbasında 32 hərflə işarə edilir.

Hazırda Azərbaycanda latın qrafikası əsasında yaradılmış Azərbaycan əlifbasından istifadə edilir.
Azərbaycan Respublikasının doqquz milyonluq əhalisinin gündəlik ünsiyyət vasitəsi və rəsmi dövlət dili Azərbaycan dilidir.

Tural Əliyev
Qerbinfo.az

Müasir azərbaycan ədəbi dili

Azərbaycan Respublikasının əhalisinin gündəlik ünsiyyət vasitəsi və rəsmi dövlət dili Azərbaycan dilidir.

Azərbaycan dili İran İslam Respublikasında yaşayan 30 milyondan artıq azərbaycanlının da ana dilidir. Rusiyada, ABŞ-da, Türkiyədə və Qərbi Avropa ölkələrində bir neçə milyon azərbaycanlı yaşayır. Bir neçə yüzilliklər ərzində müxtəlif ölkələrin sakinləri olmalarına baxmayaraq, bu gün də hansı ölkədə yaşamalarından asılı olmayaraq, azərbaycanlılar bir-birilərini sərbəst anlayırlar. Beləliklə, yer üzündə hazırda Azərbaycan dilində danışan 50 milyondan çox adam yaşayır.

Azərbaycan dili geneoloji təsnifata görə türk dillərindən biri olub, həmin dil ailəsinin oğuz qrupuna daxildir və ən yaxın qohumları olan türk, türkmən və qaqauz dilləri ilə birlikdə ərazi prinsipinə görə türk dilləri arealının cənub-qərb qrupunu təşkil edirlər.

Ənənəvi-morfoloji və ya tipoloji təsnifat baxımından Azərbaycan dili iltisaqi (aqlütinativ)* dillər qrupuna daxildir. Bu qrupa daxil olan bütün dillər kimi, Azərbaycan dilində də insirafi (flektiv) dillərdən fərqli olaraq bütün söz kökləri özümlü leksik və qrammatik mənası olan müstəqil sözlərdir; qrammatik mənalar və qrammatik əlaqələr isə həmişə söz kökündən və kökdən sonra gələn təkmənalı (monosemantik) şəkilçilər vasitəsilə ifadə olunur.

Azərbaycan xalqının etnik əsasını təşkil edən türklər indiki Azərbaycan ərazisində eramızdan əvvəl görünməyə başlamış, birinci minilliyin əvvəlindən isə başqa mənşədən olan çoxsaylı tayfalarla birlikdə bu torpağın qədim sakinləri olmuşlar. Türk mənşəli Azərbaycan dilinin və həmin dildə danışan xalqın yaranması, başqa sözlə, bu dilin ümumi ünsiyyət vasitəsinə çevrilməsi uzun sürən, bir neçə əsr davam edən bir proses olmuşdur. Əhalinin etnik tərkibində türk tayfalarının sayı, habelə iqtisadi, siyasi, mədəni təsiri artdıqca dilin fəaliyyət dairəsi də genişlənmiş və beləliklə, bəzi etnik və antropoloji xüsusiyyətlərini bu gün də qoruyub saxlaya bilən çeşidli etnik qruplar ümumi mədəni, mənəvi və dini birliyi olan bir xalq halında birləşmişlər.

Azərbaycan dili böyük inkişaf yolu keçmiş qədim ədəbi dillərdən biridir. “Kitabi-Dədə Qorqud” dastanlarının dili ədəbi dilimizin şifahi növü kimi qəbul edilərsə, hazırda xalqa ünsiyyət vasitəsi kimi xidmət edən dilin yaşı 1300 ildən çox sayıla bilər. Azərbaycan yazılı ədəbi dilinin tarixi isə hələlik əldə olan materiallara görə XIII əsrdən başlayır.

Azərbaycan ədəbi dili öz 800 ilə yaxın inkişafı müddətində iki böyük dövrü əhatə edir. Əski dövr adlandırılan birinci dövr XIII əsrdən XVIII, yeni adlandırıla bilən ikinci dövr isə XVIII əsrdən yaşadığımız günlərə qədər olan bir dövrü əhatə edir.

Birinci dövr Azərbaycan ədəbi dilinin xidmət göstərdiyi areal öz iriliyi ilə fəqlənir. Həmin dövrün Cəlayirlər, Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər kimi Azərbaycan dövlətlərinin saray və ordu dili olan bu dil bütün Ön Asiyada ədəbi dil kimi xidmət etmişdir. Bu dövr Azərbaycan ədəbi dili yeni dövr Azərbaycan dilindən öz dilxarici (ekstralinqvistik) xüsusiyyəti ilə yanaşı dildaxili (linqvistik) özümlükləri ilə də seçilir.

Leksik cəhətdən mövcud olan fərqlərdən birincisi budur ki, birinci dövr Azərbaycan dilində ərəb və fars sözləri çoxdur. O dövrün dil üslubları, xüsusən aparıcı poetik janr və vasitələr ədəbi dilimizə külli miqdarda alınma sözlərin axıb gəlməsinə səbəb olmuşdu. İkinci dövrdə isə realist şeir məktəbinin, realizm ədəbi metodunun bir yaradıcılıq metodu kimi yaranması və aparıcı yaradıcılıq metodu kimi formalaşması dilimizin əsas lüğət fonduna keçə bilməyən alınma sözlərin ədəbi dili tərk etməsinə səbəb olmuşdu.

İkincisi, əski Azərbaycan ədəbi dilinin osmanlı dili ilə müştərək olan bir sıra sözləri (şimdi, şöylə, şu, kəndi və s.) yeni dövrdə artıq işləkliklərini tamamilə itirmişdilər. Bu türk ədəbi dilləri sahəsində ayrılma (differensiyasiya) hadisəsinin tam başa çatmasının nəticəsi idi.

Dövrlər arasındakı fərqlər fonetik səviyyədə də güclüdür. Belə ki, yeni dövr Azərbaycan ədəbi dili, eyni zamanda fonem tərkibinin sabitləşməsi ilə də səciyyələnir. Birinci dövrə xas olan o//a sait, h//q//x samit müvaziliyi artıq birincilərin (o və h) qələbəsi ilə nəticələnir.

Oxşar vəziyyət qrammatika sahəsində də özünü göstərir. İsmin birinci dövrə məxsus təsirlik hal şəkilçilərinin -yi,-yı,-yu,-yü//-ni,-nı,-nu,-nü müvaziliyi ikinci dövrdə artıq aradan çıxır. Felin -isər qəti gələcək zaman şəkilçisi öz vəzifəsini tamamilə -acaq//-əcək şəkilçisinə verir.

Əski Azərbaycan dilində söz birləşmələrinin quruluşu daha çox ərəb və fars dillərinin sintaktik modelində olmuşdur: fəsli-gül (gül fəsli), tərki-təriqi-eşq (eşq təriqinin (yolunun) tərki), daxili-əhli-kamal (kamal əhlinə daxil)… Yəni təyin edən söz təyin olunan sözdən sonra işlənmişdir. İkinci dövr Azərbaycan dilində tamamilə əksinədir: təyin edən söz təyin olunan sözdən mütləq və həmişə əvvəl işlənir.

Digər sintaktik fərq kimi, birinci dövrdə budaq cümlənin baş cümlənin içərisində yerləşdiyi tabeli mürəkkəb cümlələr daha çox işləndiyi halda (kimi kim, bivəfa dünyada gördüm, bivəfa gördüm), yeni dövrdə bu tipdən olanların əvəzinə daha çox feli sifət tərkiblərinin işləndiyini görürük.

Hər iki dövrün ədəbi dili öz növbəsində müxtəlif mərhələləri əhatə edir.

Birinci dövr Azərbaycan dili öz inkişafında iki mərhələdən keçmişdir:

1) Ədəbi dilin təşəkkül mərhələsi (XIII-XIV əsrlər),

2) Klassik şeir dili mərhələsi (XV-XVII əsrlər).

İkinci dövr Azərbaycan dili isə üç mərhələni əhatə edir:

1) Ədəbi dilin xəlqiləşməsi mərhələsi (XVIII əsr),

2) Milli dilin yaranması və inkişafı mərhələsi (XIX-XX əsrin əvvəli),

3) Müasir mərhələ (XX-XXI əsrin əvvəli).

Yeni dövr. Azərbaycan dili böyük inkişaf yoluna özünün ikinci inkişaf mərhələsində (Milli ədəbi dilin təşəkkülü və inkişafı mərhələsində) çıxır. Bu dildə şeirlə yanaşı, nəsr və dram əsərləri yazılır, qəzet və jurnallar nəşr edilir, o bəzi rəsmi sənədlərdə, elmi tədqiqatlarda da işlənməyə başlayır. O dövrdə Azərbaycana gələn xaricilər, ruslar və almanlar da ona maraq göstərir, bəziləri bu dili öyrənməyə başlayır. Məsələn, rus şairləri Lermontov, Bestujev-Marlinski, alman şərqşünası Bodonştedt. Sonuncusu XIX əsr Azərbaycan şairi Mirzə Şəfidən Azərbaycan dilini öyrənir və onun şeirlərini almancaya tərcümə edərək Berlində ayrıca kitab şəklində nəşr etdirmişdir. Orta əsrlərdə əski Azərbaycan dilinə aid tərcümə lüğətləri və qrammatik tədqiqatlar aparılmış olsa da, Azərbaycan dilinə aid elmi əsərlər və dərsliklər XIX əsrdən etibarən yazılmağa başlayır. Mirzə Kazımbəyin rusca yazdığı “Türk-tatar dilinin ümumi qrammatikası” əsəri məşhurdur. M.Vəzirovun, L.Budaqovun, Q.Makarovun, N.Nərimanovun, M.L.Məmmədovun, S.M.Qəniyevin Azərbaycan dilinə aid dərslikləri də rus dilində yazılmışdır. L.Budaqovun ikicildlik lüğəti də (“Сравнительный словарь турецко-татарских языков”) var. M.Əfşarın Azərbaycan dilinə aid “Fənni-sərfi-türki” (“Türk dilinin qrammatikası”) adlı dəyərli əsəri isə azərbaycancadır.

Azərbaycan dilinin inkişafı da, problemləri də daha çox XX əsrlə bağlıdır. Məhz bu dövrdə Azərbaycan ədəbi dili bənzərsiz bir problemlə qarşılaşır. Əsrin əvvəllərindən başlayaraq, ədəbi dildə üç meyil, üç istiqamət özünü göstərir. Təbiidir ki, bu ən çox bədii əsərlərin dilinə və mətbuata aiddir.

1. Birinci meyil, ədəbi dili bacardıqca xalq dili ilə eyniləşdirmək meyli. Bu özünü “Molla Nəsrəddin” jurnalının və bu jurnalın əməkdaşlarının (C.Məmmədquluzadə, Ə.Haqverdiyev və b.) əsərlərində göstərir. Burada ədəbi dil ilə danışıq dili, dialektlər arasındakı fərq götürülür. Xalq bu dili asan başa düşür.

2. Daha çox osmanlı (indiki türk) və əski Azərbaycan dilinin ənənəsinə söykənən ədəbi dil yaratmaq meyli. Bu “Füyuzat” və “Həyat” kimi bir çox jurnalların, qəzetlərin və əksərən bu redaksiyada işləyənlərin (Ə.Hüseynzadə, Səbribəyzadə və b.) əsərlərinin dilində özünü göstərir. Xalq bu ədəbi dili çətin anlayır. Bu dil o vaxtkı türk ədəbi dilindən, demək olar ki, seçilmirdi.

3. Hamı tərəfindən anlaşılan, ədəbi dil normalarına əsaslanan ədəbi dil yaratmaq meyli. Bu dil heç bir dialekt təsirini qəbul etməyən bir dil idi. Bu dili A.Şaiq, C.Cabbarlı, S.Hüseyn, A.Səhhət kimi şair və yazıçılar yaradırdılar. Ədəbi dil sahəsindəki bu vəziyyət əsrin əvvəllərindən 1930-cu illərədək davam etdi.

Yeni dövr Azərbaycan ədəbi dilinin üçüncü, yəni müasir mərhələsində dil həyatının mühüm hadisələrindən biri Azərbaycan ədəbi dilinin dövlət dili statusu almasıdır.

Azərbaycan dilinin ölkənin dövlət dili kimi elan edilməsində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin çox böyük xidmətləri olmuşdur. Bəlli olduğu kimi, dövlət dili sahəsindəki fəaliyyətə Heydər Əliyev ölkəyə rəhbərliyə gəldiyi ilin (1969) ilk günlərindən başlamışdır.

Azərbaycan ədəbi və xalq danışıq dilini dərindən bilən, bu dilin zəngin lüğət tərkibinə yaxşı bələd olan və qrammatik imkanlarından səmərəli istifadə etməyi bacaran Heydər Əliyev yüksək səviyyəli yığıncaqlarda, məsələn BDU-nun 50 illiyinə həsr olunmuş yubiley toplantısında, yenə həmin ali məktəbin partiya konfransında yüksək dövlət səviyyəsində aparılan başqa müşavirələrdə ana dilində parlaq çıxışlar edərək, özünə böyük hörmət və məhəbbət qazandı. O çox yaxşı bilirdi ki, onun qazandığı bu böyük hörmət və məhəbbət eyni zamanda onun istifadə etdiyi, danışdığı dilə — Azərbaycan dövlət dilinə çox böyük hörmət və məhəbbət yaradır. Bütün bunlar təbii olaraq, ölkədə aşağıdan yuxarıya və eyni zamanda yuxarıdan aşağıya güclü bir dövlət dili ab-havası yaratmağa xidmət edirdi.

1977-1978-ci illər respublika rəhbərini çətinliklər qarşısında qoydu. Məlum olduğu kimi, 1977-ci ildə SSRİ-nin yeni Konstitusiyası təsdiq edildi. Həmin konstitusiya bütün respublikalarda hazırlanan yeni konstitusiyalar üçün bir nümunə rolunu oynamalı idi və faktik olaraq oynayırdı. Həmin konstitusiyada isə elə əvvəldən dövlət dili haqqında maddə yox idi. Ayrı-ayrı respublikalarda qəbul edilmiş konstitusiyaların heç birində həmin maddə öz əksini tapmadı.

Azərbaycanda isə vəziyyət başqa cür idi. Heydər Əliyev ana dilinin dövlət dili olması uğrundakı mübarizəsini davam etdirirdi. De-fakto dövlət dili uğrunda ardıcıl mübarizə aparan respublika rəhbəri həmin dilin konstitusiyada qeyd olunmamasına dözə bilməzdi. Respublikanın rəhbəri ziyalıları, bütün xalqı ana dilinin dövlət dili kimi yaşamaq hüququ uğrunda mübarizəyə cəlb edərək bütün qüvvəsi ilə mübarizə apardı və bütün çətinliklərə və maneələrə böyük hünərlə sinə gərdi.

1978-ci il aprel ayının 21-də Doqquzuncu çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının (əsas qanununun) layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş yeddinci sessiyasında məruzə ilə çıxış edən Heydər Əliyevin təklifi ilə 73-cü maddəni aşağıdakı redaksiyada vermək təklif olunur: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir”.

Azərbaycan SSR Dövlət orqanlarında və ictimai orqanlarında və maarif idarələrində və başqa idarələrdə Azərbaycan dilinin işlədilməsini təmin edir və onun hərtərəfli inkişafına dövlət qayğısı göstərir.

1978-ci il Konstitusiyası, həqiqətən, Heydər Əliyevin öz dövləti, öz xalqı, öz vətəni qarşısında göstərdiyi böyük xidmət idi.

Müstəqil Azərbaycanın 1995-ci ildə ümumxalq referendumunda qəbul edilmiş yeni Konstitusiyada Azərbaycan dili dövlət dili kimi öz layiqli yerini tutur. Konstitusiyanın 21-ci maddəsinə əsasən Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir.

Ana dilinə həmişə xüsusi diqqətlə yanaşan, dilimizin dərin bilicisi Heydər Əliyev dövlət dilinin yeni inkişaf dönəmində yaranmış vəziyyəti nəzərə alaraq 2001-ci il iyun ayının 18-də “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” fərman imzalamışdır.

Fərmanda dilimizin öz tarixi inkişafı boyu əldə etdiyi uğurlarla yanaşı, yaşadığımız dövrdə dövlət dili sahəsində yaranmış problemlər də geniş təhlil edilmiş və həmin problemlərin həlli yolları göstərilmişdir.

Bu yolların bəziləri artıq uğurla başa çatmaqdadır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2004-cü il yanvarın 12-də imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında”kı sərəncamı, şübhə yoxdur ki, ölkədə əlifba ilə bağlı problemləri həll etdi.

İkinci dövr ədəbi dilimizin bütün üç inkişaf mərhələsi üzrə bəzi özümlüklər var. Əvvəldə göstərildiyi kimi, Azərbaycan dili hazırda Azərbaycan Respublikası ilə yanaşı, İran İslam Respublikasında və İraqda da işlənməkdədir. Folklor əsərləri də aydın göstərir ki, həmin ölkələrdə yaşayan azərbaycanlıların dilləri arasında elə bir fərq yoxdur. Lakin ədəbi dil baxımından çoxlu fərqlər mövcuddur və bu fərqlər özünü çap olunmuş əsərlərin, qəzet və jurnalların, radio və televiziya verilişlərinin dilləri arasında aydın göstərir. Təbii ki, bunun tarixi, sosial səbəbləri var.

İran və Rusiya arasında gedən müharibələrin nəticəsində bu iki dövlət arasında Gülüstan (1813), Türkmənçay (1828) müqavilələri bağlandı və həmin müqavilələrə əsasən Azərbaycan iki yerə bölündü. Beləliklə, 200 ilə yaxındır ki, eyni bir xalq bir-birindən aralı, tamamilə fərqli bir mühitdə və şəraitdə yaşayır. İstər İran, istərsə də Rusiya iki hissəyə ayrılmış bu xalqın heç bir iqtisadi əlaqəsinə imkan vermədi. Azərbaycan 1991-ci ildən müstəqillik əldə etdikdən sonra bu sahədə müəyyən əlaqələr qurulmağa başlanılmışdır.

İraq azərbaycanlılarının Azərbaycandan köçmələrinin 3-4 əsrlik müddəti, ərazi uzaqlığı, əlaqəsizlik onların ədəbi dillərinin başqa istiqamətdə getməsinə səbəb olmuşdur. İraq azərbaycanlılarının ədəbi dilinə müasir türk dilinin təsiri güclüdür.

Türk dillərindən biri kimi müasir Azərbaycan dili özünəməxsus xüsusiyyətləri ilə fərqlənən, fonetik və qrammatik quruluşu olan bir dildir. Öz fonetik qanunauyğunluqlarına görə, bu dildə əmələgəlmə yerinə görə fərqlənən saitlər, yəni ön sıra (i,ü,e,ə,ö) və arxa sıra (ı,u,a,o) saitlər eyni bir söz və ya sözforma daxilində işlənə bilməz (işıq, ildırım kimi i saiti ilə başlayan bir neçə söz istisnadır): eyni zamanda bu dildə dilortası samitlərin (g, k) arxa sıra, dilarxası saitlərin (k,q,ğ,x) ön sıra saitlərlə bir hecada işlənməsi də mümkünsüzdür.

Azərbaycan dilinin fonem tərkibində 15 sait və 25 samit vardır. Bu 40 fonem Azərbaycan əlifbasında 32 hərflə işarə edilir.

Azərbaycan dilində 9 qısa (i,ü,e,ö,ə,a,o,u,ı), 6 uzun (i:, e:, ö:, ə:, a:, u:) saitlər vardır. Uzun saitlər bu dil üçün səciyyəvi deyil, onlar demək olar ki, yalnız alınma sözlərdə çox az hallarda işlənir. Fonetik vurğu, bir qayda olaraq, sonuncu hecaya düşür. Fonematik vurğunun yeri sözün mənasından asılı olaraq dəyişmir: alma’ – ‘alma.

Azərbaycan dilində söz əvvəlində işlənməyən 2 fonem var: ı saiti və ğ samiti.

Azərbaycan dilinin morfoloji quruluşuna əsas (isim, sifət, say, əvəzlik, zərf, feil) və köməkçi (qoşma, bağlayıcı, ədat, modal sözlər, nida) nitq hissələri daxildir.

İsimlərin kəmiyyət, mənsubiyyət, hal, xəbərlik kateqoriyaları var. Bu kateqoriyalar isimləşən (substantivləşən) digər nitq hissələrinə də aiddir. Azərbaycan dilində ismin 6 halı (adlıq, yiyəlik, yönlük, təsirlik, yerlik, çıxışlıq), feilin 5 (şühudi keçmiş, nəqli keçmiş, indiki, qəti gələcək, qeyri-qəti gələcək) zamanı var.

Feilin şəkil kateqoriyası 6 formanı (əmr, arzu, şərt, vacib, lazım, xəbər) əhatə edir. Feillər subyekt, obyekt, hərəkətin münasibətinə görə müxtəlif 5 qrammatik növdə (məlum, məchul, qayıdış, qarşılıqlı-müştərək, icbar) işlənə bilir.

Azərbaycan dilinin sintaktik qanununa görə, bir qayda olaraq, mübtəda cümlənin əvvəlində, xəbər sonda, təyin təyin etdiyi sözdən əvvəl gəlir. Azərbaycan dilində söz yaradıcılığında əsasən morfoloji (dəmirçi, üzümçü, təbliğatçı; dəmirçilik, üzümçülük, təbliğatçılıq; dolça, qazança, otluq, meşəlik; qaldırıcı, endirici; sevinc, gülünc; yavaşca, indicə və s.) və sintaktik (otbiçən, vaxtamuzd, boyunbağı, gündoğan, sarıköynək, əlidolu, adlı-sanlı, qırxayaq, beşaçılan və s.) üsullardan istifadə edilir.

Hazırda Azərbaycanda latın qrafikası əsasında yaradılmış Azərbaycan əlifbasından istifadə edilir.

İşləndiyi sahələrlə bağlı olaraq, Azərbaycan ədəbi dili dörd əsas üslubu özündə birləşdirir: işgüzar, mətbuat, bədii, elmi üslublar. Azərbaycan ədəbi dilinin müasir mərhələsində bu üslubların hamısı yüksək dərəcədə inkişaf etmişdir.

Ölkənin siyasi, iqtisadi, elmi, mədəni həyatında baş verən böyük dəyişikliklər müasir Azərbaycan dilinin lüğət tərkibində terminlərin sürətlə artmasına səbəb olmuşdur. Bu proses ədəbi dilin bütün üslublarında, özəlliklə, işgüzar və elmi üslublarda, müəyyən dərəcədə mətbuat üslubunda aydın müşahidə olunur.

Azərbaycan dilinin dialekt və şivələri dörd qrupdan ibarətdir: 1) şərq qrupu (Bakı, Quba, Şamaxı dialektləri və Lənkəran, Muğan şivələri); 2) qərb qrupu (Gəncə, Qazax, Qarabağ dialektləri və Ayrım şivəsi); 3) şimal qrupu (Şəki dialekti, Zaqatala-Qax şivəsi); 4) cənub qrupu (Naxçıvan, Ordubad dialektləri).

Azərbaycan dili və ədəbiyyat dərslərində müasir təlim texnologiyalarından istifadə

Təcrübə göstərir ki, eyni metodlardan istifadə dərsi cansıxıcı edir, şagirdin fənnə marağını azaldır. Bu baxımdan mən Azərbaycan dili və ədəbiyyat dərslərində interaktiv təlim metodlarından geniş istifadə edirəm. Yeni təlim metodlarından istifadə ilə əlaqədar “Fəal və interaktiv təlim/tədris metodları” mövzusuna həsr olunmuş üç mərhələdə “Öyrədənlərin öyrədəni” kursunu keçmişəm. Dərslərimin rəngarəng, maraqlı, düşündürücü olmasında bu treninqlərin böyük əhəmiyyəti vardır.

Yeni təlim texnologiyalarının üstün cəhətlərini professor Ə.Ağayev belə göstərir: “…dərs tam fəallıq şəraitində keçir, təkcə müəlllim deyil, şagirdlər də yaradıcılıq axtarışında olurlar, müstəqil düşüncə tərzi formalaşır, təşəbbüskarlıq, yeniliyə meyillilik güclənir”.

Yeni təlim texnologiyaları bir sıra xüsusiyyətləri ilə ənənəvi təlim metodlarından fərqlənir: şagirdlərin tədqiqat fəaliyyətinə cəlb edilmələri, müəllim tərəfindən problemli şəraitin yaradılması, biliklərin şagirdlər tərəfindən müstəqil əldə edilməsi və s.

Müasir təlim metodları ilə işləmək üçün aşağıdakıların nəzərə alınmasının böyük əhəmiyyəti vardır:

1.Fəal təlim üçün iş formalarının müəyyənləşdirilməsi.

2.Fəal dərsin mərhələləri.

3.Fəal dərsin strukturu.

Dərslərimdə fəal təlimin fərdi iş, cütlərlə iş, böyük və kiçik qruplarla iş formalarından istifadə edirəm. Hər bir formada fəal dərsin aşağıdakı mərhələlərinə əməl etməyə çalışıram:

1.Düşünməyə yönəlmə – şagird mövzu ilə əlaqədar biliklərini xatırlayır, fəallaşır. Onlarda mövzuya maraq yaradıram.

2.Dərketmə – yeni biliklərin öyrənilməsi.

3.Düşünmə – yeni biliyi möhkəmləndirmək üçün testlər, tapşırıqlar, əvvəlcədən hazırlanmış kartoçkalar üzərində iş.

Dərsə başlayarkən motivasiyadan istifadə edirəm. Motivasiyada problem yaradıram, problemlə bağlı şagirdlər öz fikir və fərziyyələrini irəli sürürlər.

Tədqiqatın təşkilində problemin həlli istiqamətində sinfə iş tapşırıram, əvvəlcədən hər bir qrup üçün işçi vərəqələri hazırlayıram. İş formasını özüm seçirəm.

Məlumatın mübadiləsində verilən tapşırıqla əlaqədar şagirdlər öz aralarında fikir mübadiləsi aparır, müstəqil fikirlər irəli sürürlər. Təbii ki, hər qrupun cavabı eyni olmur. Hansı qrupun cavabının daha dolğun, daha dəqiq olduğunu qeyd edirəm.

Məlumatın müzakirəsi və təhlilində qruplar işçi vərəqini lövhəyə yapışdırır, ümumi fikri müəllim və şagirdlərə çatdırırlar.

Nəticənin çıxarılması mərhələsində dinlədiyim fikirlərə, nəticələrə münasibətimi bildirirəm, əgər yanlış fikir varsa düzəliş edir, istiqamət verirəm, sonra ümumi nəticə çıxarırıq.

Tətbiqetmə mərhələsində əldə olunan biliklərə əsaslanaraq sinifdə və ya evdə verdiyim tapşırıqlar yerinə yetirilir. Bu mərhələdə kartoçka və testlərdən, BİBÖ metodundan istifadə edirəm.

Qruplarda iş aparan zaman müqayisə metoduna üstünlük verirəm. Bu metod oxşar anlayışların, fikirlərin, obrazların və s. fərqləndirilməsi üçün daha əlverişlidir. Müqayisə zamanı əvvəlki bilik yada salınır, mövzu daha da möhkəmlənir, şagirdlər daha çox məlumatlar əldə edirlər.

Mən dil dərslərində ən çox çoxmənalı sözlər və omonimləri, dörd cür yazılan -i və -ın şəkilçilərinin omonimliyini, fellərdə omonim şəkilçilər, tabesiz mürəkkəb cümlələrin məna əlaqələri, tabesiz mürəkkəb cümlələrlə həmcins xəbərli sadə cümlələrin bəzi oxşar və fərqli cəhətini aydınlaşdırmaq üçün müqayisə metodundan istifadə edirəm.

Ədəbiyyat dərslərində də bu metodun böyük əhəmiyyəti vardır. Bəzi obrazların mənimsədilməsində, məsələn, “Xeyir və Şər” mənzum hekayəsində Xeyir və Şərin, “Dədə Qorqud” və “Koroğlu” dastanlarının və s. əsərlərin müqayisəsi şagirdlərin mövzunu daha yaxşı mənimsəməsinə şərait yaradır.

Dərslərimdə fənlərarası inteqrasiyadan, rollu oyunlardan, klaster, karusel, Venn diaqramı, BİBÖ, beyin həmləsi və s. kimi interaktiv təlim metodlarından da geniş istifadə edirəm. Bəzi hallarda şagirdləri axtarmağa, düşünməyə, mühakimə yürütməyə öyrətmək məqsədilə hər qrupun özünə test tərtib etdirirəm. Bəzən mövzuya aid (məsələn, tabesiz mürəkkəb cümlə) şagirdlərə mətnlər tərtib etdirirəm, sonra mətnə ad vermələrini tapşırıram.

Qloballaşan, daim irəliyə – yeniliyə doğru can atan dünyamızı bu gün ən müasir informasiya və kommunikasiya texnologiyaları – İnternet, elektron poçt və qlobal rabitə imkanları olmadan təsəvvür belə etmək mümkün deyil.

İKT artıq təhsil sistemində də özünün geniş tətbiqini tapmaqdadır. Yeni texnologiyanın bilavasitə təlimə, öyrətmə və öyrənmə prosesinə gətirilməsi isə fəal dərsin imkanlarını xeyli genişləndirib. Hazırda elə müəllim təsəvvür etmək çətindir ki, dərslərində İKT-dən istifadə etməsin.

İKT-nin köməyi ilə bir dərs prosesində müxtəlif hazırlıqlı şagirdlərə fərqli yanaşma və adaptasiyalı öyrətmə sistemini tətbiq etməklə qavrama qabiliyyətlərinə uyğun tapşırıqlar vermək mümkündür. Müəyyən fənlər üzrə məsələlərin, tədqiqat xarakterli çalışmaların həllində belə qruplaşdırma xüsusi effekt verir. Kompüter qarşısında duran şagird materialın verilmə və mənimsənmə sürətini rahat şəkildə tənzimliyə bilir, onun özünə inamı artır, bu isə təlimə əlverişli psixoloji atmosfer verir. Müəllimin verdiyi suala sinifdəki şagirdlərin hamısı kompüter vasitəsilə eyni zamanda cavab verməklə dərs prosesində aktiv iştirak edir, müəllimlər isə dərs boyu uşaqların aktivliyini istədikləri kimi qoruyub saxlaya bilirlər.

Müasir təlim metodlarından və İKT-dən istifadə sinif mühitində dəyişiklik etməyə və müəllimlə şagird arasında, şagirdlərin öz aralarında və məktəblə ailə arasında qarşılıqlı əlaqələr qurmağa imkan yaradır.

Hər bir müəllim müasir təlim üsullarından istifadə edərək səmərəli öyrənmə və şagirdlərin təhsildə təşəbbüskarlıq göstərməsi üçün təlimat proqramı hazırlaya və tətbiq edə bilər. Müasir təlim metodlarından və İKT-dən istifadə cəmiyyətin dəyərli vətəndaşları olmağa hazırlaşan, fəal və hər şeylə maraqlanan şagirdlərin təhsil aldığı siniflərin yaradılmasında müəllimlərə yol göstərəcəkdir. Bu isə dünyanın hər yerində təfəkkürə üstünlük verən müəllimlərin heç vaxt bitib-tükənməyən axtarışları deməkdir.

Təlim metodları içərisində interaktiv metodlar xüsusilə səmərəlidir. İnteraktiv təlim metodları – müəllimin iştirakı ilə şagirdlərin müxtəlif informasiya mənbələri və ya bir-biri ilə qarşılıqlı fəaliyyət prosesində yeni biliklər əldə etməyə imkan verən təlim üsullarının və dərs formalarının məcmusudur. Bu qayda ilə qazanılan biliklər şagirdlərin yaddaşında uzun müddət qalır və onlar tərəfindən hər hansı bir təcrübə kimi istifadə olunur.

İnteraktiv metodlara ədəbiyyatın tədrisinin elə metodları aid edilir ki, onlar şagirdlərin dərslik materialı (mənbələr, sənədlər, xəritələr, illüstrasiyalar, tədqiqatçıların ziddiyyətli fikirləri, səs yazıları, video materialları) ilə, eləcə də ətraf aləmin reallıqları və təzahürləri ilə (rollu oyunların, müxtəlif hüquqi və münaqişəli vəziyyətlərin müzakirəsinin, layihələrin tərtibinin, müsahibələr aparılmasının və s. köməyi ilə) sərbəst iş prosesini təmsil edir, nəticədə onlarda əsasən şagirdlərdə yeni biliklər yaranır.

Müəllimlər dərs formasını seçərkən şagirdlərin marağını nəzərə almalı, İKT-dən istifadə etmək bacarıqlarının yüksək səviyyədə olması üçün texniki təminatı lazımi materiallarla zənginləşdirməli, dərsə yaradıcı yanaşmalı, məzmun standartlarına əsasən dərsin məqsədini müəyyənləşdirməli, şagirdlərin biliyi tədqiqat yolu ilə əldə etmələri üçün interaktiv təlim prosesi qurmalıdırlar. Müəllim məktəblinin daxili aləmini görməyi, şagirdlərinin qarşılaşdığı vəziyyətin problemliyini dərindən hiss etməyi, təlim prosesində təşkilatçı, əlaqələndirici və tərəfdaş funksiyalarını yerinə yetirməyi, həll yollarını axtararkən uşaqların buraxdıqları səhvlərə qarşı dözümlü olmağı bacarmalıdır. (Azərbaycan müəllimi qəzeti)

Validə MƏMMƏDOVA,

Beyləqan şəhər Təbiət və humanitar fənlər təmayüllü liseyin Azərbaycan dili və ədəbiyyat müəllimi, “Tərəqqi” medallı müəllim

Comments are closed, but trackbacks and pingbacks are open.