Press "Enter" to skip to content

Müasir azərbaycan ədəbiyyatı 2

Eyni zamanda, dünyanın ayrı-ayrı ölkələrində mühacirətdə yaşayan azərbaycanlı yazıçı və şairlərlə də bəzi təsadüfləri nəzərə almasaq, demək olar ki, əhəmiyyətli bir əlaqə mövcud olmamışdır. Əksəriyyəti sovet rejiminin siyasi təzyiqləri nəticəsində ölkədən getməyə məcbur olmuş yazıçıların adlarını çəkmək uzun zaman qadağan edilmişdir. Dövri mətbuatda və ya elmi nəşrlərdə mühacirət ədəbiyyatının tanınmış yaradıcılarından yalnız onların adlarının əvvəlinə “mürtəce burjua yazıçısı” sözləri yazılmaqla söz açmaq mümkün idi. XX əsrin səksəninci illərində “Vətən” xaricdə yaşayan həmvətənlərlə əlaqə cəmiyyətinin yaradılmasından sonra mühacirət dünyasına işıq salmaq mümkün olmuşdur. Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun Sovet dövlətinin süqutundan sonra 1996-cı ildə keçirdiyi Azərbaycan mühacirət ədəbiyyatına həsr olunmuş I Beynəlxalq Simpoziumdan sonra ölkəmizdə mühacirət irsinin sistemli öyrənilməsinə və mühacirətdə yaşayan yazıçılarla əlaqələrin bərpa edilməsinə başlanılmışdır.

Sovet döVRÜ azərbaycan əDƏbiyyati (1920-1991-ci illəR)

Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra ölkədə ədəbiyyatın xarakteri dəyişməyə başlamış, bədii düşüncədəki milli və maarifçi idealları, demokratik baxışları tədricən sosialist ideyaları tutmuşdur. Ədəbiyyatda qüvvətlənməkdə olan proletar əhvali-ruhiyyəsi özünün yeni tipli ədəbiyyatını formalaşdırmağa səy göstərmişdir. Ədəbi gedişatda meydana çıxan bolşevik ruhu “ələmdən nəşəyə” motivi kimi yeni quruluşu tərənnüm edən əsərləri ön sıraya çəkmişdir.

Azərbaycanda sovet hakimiyyətinin qurulması ilə dəyişən cəmiyyət ədəbiyyatın da istiqamətinə öz təsirini göstərmişdir. Başlanğıc mərhələdə, yəni 1920-1930-cu illərdə yeni ideologiya ilə klassik realist və romantik ənənə yanaşı fəaliyyət göstərmişdir. Lakin sovet dövlətinin həyata keçirdiyi proletkultçuluq kompaniyası sosializm ruhunda yazan cavan nəslin ön mövqeyə çıxarılmasına yol açmışdır. Xüsusən, Sovetlər İttifaqı miqyasında dövlət səviyyəsində icra olunmuş qanlı 1937-ci il repressiyası hələ də ədəbi mühitdə xüsusi çəkiyə malik olan «klassiklərin» axırına çıxmaq baxımından həlledici aksiya olmuşdur. Bu yolla ədəbiyyatda «ələmdən nəşəyə» prosesinə tam üstünlük qazandırılmışdır. Həmin proses bütün sovet xalqlarının ədəbiyyatında, o cümlədən də Azərbaycan ədəbiyyatında yaşanmışdır. Beləliklə, Azərbaycanda sovet ədəbiyyatı mərhələsi formalaşdırılmışdır. Doğrudur, konkret olaraq sovet ədəbiyyatının əsas yaradıcılıq metodu olan sosialist realizmi anlayışı rəsmi şəkildə 1934-cü ildə meydana çıxmışdır. Sosialist realizmi yaradıcılıq metodu haqqında təşəbbüsü Sovet Yazıçılarının Birinci Qurultayında Maksim Qorki irəli sürmüşdü. Sovet yazıçılarının ağsaqqalı hesab edilən Maksim Qorki sosialist realizmini yeni quruluşun ədəbiyyatının vahid yaradıcılıq metodu, romantikanı isə onun tərkib hissəsi və ləqəbi adlandırmışdır. Bu çağırışdakı «vahid yaradıcılıq metodu» anlayışı təkpartiyalı sistem olan sovet cəmiyyətinin xarakterindən doğub, yazıçıların əsas diqqətini sosializmin inkişafını, “vüsətini”, təntənəsini təsvir və tərənnüm etməyə istiqamətləndirmək məqsədini daşımışdır. Hələ də yaşamaqda olan milli təmayülçülük proletar hegemoniyasının qüvvətləndirilməsi üsulu ilə aradan qaldırılmışdır. Bu dövrdə dövlət səviyyəsində “milli təmayülçülük”, “millətçilik”, “cümhuriyyətçilik” birmənalı şəkildə düşmənçilik donunda qələmə verilir, yeni bir millətlərarası münasibətlər sistemi – beynəlmiləlçilik ortaya atılırdı. 1 Və bu yolla bədii yaradıcılıqda sosializm ideyalarının tərənnümü genişləndirilmiş, ədəbiyyat sovet ideologiyasının əsas təbliğatını həyata keçirməyə istiqamətləndirilmişdir. Böyük istedad sahibləri olan yazıçı və şairlər istər-istəməz sovet rejiminin təbliğatında iştirak etmək funksiyasını həyata keçirmişlər. Bu zaman ədəbiyyatşünaslıqda qeyd olunduğu kimi “yeni həyatın təsvirinə tərəddüdsüz keçənlər, bir qədər ləng gələnlər, fikirləşənlər” 2 olsa da siyasi rejim mümkün olan bütün tədbirləri tətbiq etməklə öz ədəbiyyatını yaratmaq işini həyata keçirmişdir. Kommunist Partiyasının Mərkəzi Komitəsi sovet dövlətinin ədəbiyyat siyasətinin inkişaf etdirilməsi haqqında vaxtaşırı olaraq qəbul etdiyi qərarlarda ədəbiyyat üzərində mövcud rejimin təsirini gücləndirmiş, rolunu möhkəmləndirmişdir. Deməli, sovet ədəbiyyatı sosialist realizmini konkret bir yaradıcılıq metodu kimi meydana gəlməmişdən əvvəl yaranmağa başlamış və Sovetlər İttifaqının rəhbəri İosif Stalinin vəfatına qədər bu ölkədə ədəbiyyatın və incəsənətin əsasən birtipli inkişafını şərtləndirmişdir. Sovet cəmiyyətinin «Xruşov mərhələsi»ndə şəxsiyyətə pərəstişin qalıqlarının aradan qaldırılması, “istiləşmə” dalğasının yaranması ilə əlaqədar olaraq ədəbiyyata müəyyən səviyyədə həyat materialı və təbii insan obrazları daxil ola bilmişdir. Lakin sovet həqiqətlərini bir qədər dərindən və açıq şəkildə təsvir etməyə cəhd göstərən ədəbiyyatdan xaricdə dərhal sosializm əleyhinə mübarizə silahı kimi istifadə edildiyi üçün bu mərhələ də keçici xarakter daşımışdır. Bu qəbildən olan yazıçılar «antisovetçi» kimi Qərbin diqqətini cəlb etmiş, həmin səbəbdən Boris Pasternak və Aleksandr Soljenitsın kimi Nobel mükafatına layiq görülmüş sənət adamları Sovetlər İttifaqını tərk etməli olmuşdular. Beləliklə, 1937-ci ildəki Sibirə sürgünü bu mərhələdə yazıçıların Qərbə mühacirəti əvəz etmişdir.

Sovet ədəbiyyatı anlayışı nə vaxtdan etibarən yaranmışdır? Mövcud ədəbiyyatlarda bunu XIX əsrin sonlarında Avropada marksizm təliminin yaranması, yaxud XX əsrin əvvəllərində Azərbaycanda bolşevizmin meydan açıxması ilə əlaqələdirən məqamlar mövcuddur. Konkret olaraq sovet dövründə yazılmış ədəbiyyat tarixlərində sovet ədəbiyyatı mərhələsi Rusiyada çar Rusiyasının devrildiyi 1917-ci ildən hesab olunmuşdur. Bəzi mənbələrdə isə sovet ədəbiyyatı Azərbaycanda sosialist həyat tərzinin başlandığı 1920-ci ildən sonrakı dövrə aid edilir. Sovet ədəbiyyatı anlayışının 1925-ci ildə Proletar Yazıçılarının Birinci Ümumittifaq Konfransının çağırılması və Rusiya Proletar Yazıçıları Assosiasiyasının yaradılması ilə meydana atıldığı da nəzərə çarpdırılır. Əlbəttə, bu mülahizələrin hər birində müəyyən həqiqət vardır. Lakin sosialist məfkurəli ədəbiyyatla sovet ədəbiyyatını eyniləşdirmək olmaz. Dünyanın müxtəlif ölkələrində indi də sosialist görüşlü yazıçılar yaşayıb-yaradırlar. Fikrimizcə, sovet ədəbiyyatının tarixini Sovetlər İttifaqının yaradılmasından əvvəlki illərə çəkmək doğru deyildir. Ədəbiyyat tarixçiliyi baxımından sovet ədəbiyyatını ölkədə sovet quruluşunun yaranmasından sonrakı illərə aid etmək məqbul yoldur. Doğrudur, sovet hakimiyyəti elan olunan kimi dərhal onun ədəbiyyatı da yaranmışdır. Sovet rejimi öz ədəbiyyat siyasətini formalaşdırmaq üçün tədbirlər həyata keçirmişdir. Bir müddət, xüsusən qanlı 1937-ci ilədək ədəbiyyatda “bəlkə də qaytardılar” – deyə gözləmə mövqeyi də olmuşdur. Sovet hakimiyyətindən əvvəl yaradıcılığa başlamış sənətkarların əksəriyyəti yeni rejimi təbliğ edən əsərlər yazmaqdan uzaqda dayanmışlar. Əslində sovet ədəbiyyatı 1934-cü ildə Sovet Yazıçılarının Birinci Qurultayı ilə oturuşmuş bir sistem qazanmışdır.

Bütün bunlara baxmayaraq, qəbul etmək lazımdır ki, ölkədə yeni sistemin yaranması ən azı onu təbliğ və müdafiə edən ədəbiyyatı da doğurmuşdur. Ciddi ədəbiyyat mənasında olmasa da, sovet ədəbiyyatının ilk nümunələri artıq onun doğuluşu ilə yaranmağa başlamışdır. Ədəbiyyat təfəkküründə dəyişiklik prosesi getmiş, yaradıcılıq istiqamətinin qütbü yeni səmtə doğru dönmüşdür. Ona görə də ədəbiyyat taixçiliyi baxımından Azərbaycan sovet ədəbiyyatını 1920-ci ildən başlamaq məqsədəuyğun sayılmalıdır.

Sovet ədəbiyyatı nə vaxta qədər davam etmişdir sualı da eyni dərəcədə maraq doğurur. Əslində bir az əvvəldə qeyd etdiyimiz kimi, “altmışıncılar”ın ədəbiyyat meydanına gəlişindən sonra ölkədə sovet ədəbiyyatının mövqeyində eniş dövrü başlanmışdır. Ədəbiyyta gələn yeni qüvvələrin təsiri ilə yaradıcılıq ab-havası dəyişmişdir. Nəinki yeni nəsil yazıçılar, hətta klassik nəsli təmsil edən sənətkarların da yaradıcılığında xalq həyatına, milli-mənəvi dəyərlərə, insan mənəviyyatının təqdiminə doğru ciddi dönüş baş vermişdir. XX əsrin 70-80-ci illərində Azərbaycanda gedən milliləşmə prosesləri də yeni ədəbiyyat təfəkkürünün formalaşmasına ciddi təsir göstərmişdir. Bunula belə, 1991-ci ildə Azərbaycanda müstəqil dövlətçilik tam bərpa olunana qədər sovet ədəbiyyatı dövrü davam etmişdir. Ədəbiyyatda baş verən milliləşmə Azərbaycan sovet ədəbiyyatı daxilində gedən proses idi. Dinc yanaşı olsa da, bir müddət ədəbiyyatda sosialist təfəkkürü ilə milli düşüncə əsasında yaranan ədəbiyyat yanaşı addımlamışdır. Hətta bu proses Azərbaycanda müstəqil dövlət quruluşundan sonra da müəyyən dövr ərzində davam etmişdir. Sosialist realizmi yaradıcılıq metodu kimi aradan qalxsa da, həmin metodun formalaşdırdığı məlum sxemlərdən istifadə meyllərinə bəzi hallarda indi də rast gəlmək olar. Bunu zaman özü həll edəcəkdir. Bütün bunlarla bərabər, Azərbaycanda dövlət müstəqilliyinin bərqərar olması ilə ölkədə sovet ədəbiyyatı dövrü də bitmişdir.

Sovet hakimiyyəti illərində yaranan bədii əsərlərdə qələm sahibləri mövcud ideoloji tələblərə uyğun olaraq sinfilik prinsipinə daha çox əməl etməli olmuşdur. Çünki sinfilik prinsipi ədəbiyyatda proseslərin marksist-leninçi ideologiya işığında təqdim olunmasına geniş şərait yaradırdı. Bu yolla tarixi keçmişdən bəhs edən bədii əsərlərdə əksər hallarda bəy-xan nəsillərinin nümayəndələri düşmən obrazı kimi göstərilir, fəhlə-kəndli sinfi ədəbiyyatın əsas qəhrəmanı səviyyəsində təqdim edilirdi. Sinfilik prinsipi ədəbiyyatın mövzu dairəsini daraltmışdı. Fəhlə-kəndli mövzularında yazılmış əsərlərlə xalq həyatını tam əks etdirmək mümkün olmurdu. Sovet ədəbiyyatşünaslığının əsas götürdüyü xəlqilik prinsipi də geniş mənada millilik anlayışını ifadə etmirdi. Xəlqilik dedikdə ədəbiyyatda daha çox zəhmətkeş sinfin həyatı və fəaliyyətinin təsvir edilməsi nəzərdə tutulurdu. Sovet ideologiyasının tələb etdiyi zəhmətkeş xalq isə geniş mənada milləti təmsil edən sadə, adi adam, sıravi ziyalı, yaxud Cəlil Məmmədquluzadənin “Poçt qutusu” hekayəsində təsvir etdiyi Novruzəli kimi «kiçik adam» demək deyildi. Bu, sosialist təsərrüfat sistemində – fabrik və zavodlarda, kolxoz və sovxozlarda çalışıb, sosializm quruluşu yollarında fəaliyyət göstərən və mütləq nikbin ruhda təqdim olunan sovet fəhlə və kəndlisi idi. Sosialist realizmi yaradıcılıq metodunun müəyyən etdiyi tarixi nikbinlik prinsipi ilə xəlqilik anlayışındakı həmin məqamlar bir-birini tamamlayırdı. Hətta klassik ədəbi irsdən bəhs edəndə də bu meyarları nəzərə almaq əsas hesab edilirdi. Buna görə də Nizami Gəncəvinin ölməz «Xəmsə»sinə daxil olan əsərlərdə əməkçi insan obrazları – kərpickəsən kişi, Fərhad, Fitnə, çoban surətləri ideal qəhrəmanlar olaraq diqqət mərkəzinə çəkilirdi. Beləliklə, Nizami Gəncəvinin əsərlərinin əsas mahiyyəti, böyük ideaları, humanizmi, ədalətli hökmdar axtarışları nisbətən arxa plana keçirilirdi. Dahi şairin «İskəndərnamə» poemasında təsvir etdiyi xəyali ideal cəmiyyət elmi-ideoloji fikirdə utopik sosializmin ilk addımları, yaxud da kommunizm quruluşu kimi qabardılaraq xalqa çatdırılırdı. Azərbaycan ədəbiyyatı klassiklərindən bəhs ediləndə bədii əsərlərə sosialist realizmi meyarları ilə yanaşılır, əsasən sinfilik gözü ilə araşdırmalar aparılır, üstəgəl ədəbiyyatda ateizm əlamətləri axtarılıb qabardılırdı. Bu proses bir müddət ümumən keçmiş sovet ədəbiyyatında, o cümlədən Azərbaycan sovet ədəbiyyatında təsərrüfat və istehsalat mövzusunu ədəbi fikrin baş mövzusu səviyyəsinə gətirmişdi. Doğrudur, yazıçı və şairlər istehsalat, yaxud təsərrüfat mövzularında əsərlər yazarkən imkan daxilində qəhrəmanlarının iş şəraiti və zəhməti ilə yanaşı, onların mənəvi-insani münasibətlərinə, məhəbbət və dostluq motivlərinə də müəyyən yer ayırırdılar. Bu isə əksər hallarda ədəbiyyat üzərində partiya nəzarəti missiyasını həyata keçirən ədəbi tənqidin sərt münasibəti ilə qarşılanırdı. XX əsrin əlli-altmışıncı illərindən sonra ədəbi mühitdə yeni nəsil artıq sovet ədəbiyyatında önə çəkilmiş istehsalat mövzusuna ehtiyatla da olsa müəyyən səviyyədə tənqidi yanaşmağa məcbur olurdu. Xalq şairi Məmməd Arazın 1964-cü ildə yazdığı aşağıdakı şeiri bir sənətkarın deyil, bütövülkdə ədəbi mühitin ədəbiyyatla ideologiya arasındakı yaradıcılıq qayğılarını dolğun şəkildə ifadə edirdi:

Qaytardı redaktor lirik şeirimi,

Qaytardı fəhlə yox, zavod yox – deyə.

Oxudum bir axşam qonşum fəhləyə.

Fəhlə də gileyə tutdu ki məni:

– Bəs hanı məhəbbət, lirika hanı?

Gəl indi inandır çap eliyəni,

Gəl indi sevindir sən oxuyanı 1

Göründüyü kimi, sovet dövrünün bütün çətinliklərinə baxmayaraq, Azərbaycan yazıçıları müxtəlif bədii vasitələrlə öz sözlərini deməyə ciddi səy göstərmişlər. Bir çox sənətkarlar ölkəsinin və xalqının azadlığından söz açmaq üçün xarici ölkələrin, daha çox da Afrika xalqlarının həyatından bəhs edən, onların haqlarını müdafiə edən əsərlər yazmaqla dolayısı ilə mənsub olduqları ölkənin gələcəyinə işıq salırdılar.

Sosialist realizmi ədəbiyyatı təbliğat metodu kimi XX əsrin altmışıncı illərinə qədər aparıcı mövqeyə malik olmuşdur. 1920-1950-ci illərə qədərki dövr Azərbaycan sovet ədəbiyyatında sosialist realizminin üstünlük qazandığı mərhələdir. Doğrudur, sovet ədəbiyyatının başlanğıc dövründə də sərt ideoloji tələblərin olmasına baxmayaraq, xalqın milli maraqlarını və real həyatını əks etdirən ədəbiyyat da yaranmışdır. Məsələn, yeni cəmiyyətini irəli sürdüyü sovet vətənpərvərliyi ideyası yazıçı və şairlərə siyasi motivlərə toxunmadan vətən haqqında yüksək bədii söz deməyə imkan yaradırdı. Ən istedadlı sənətkrlar bu imkandan yararlanıb ölkələri haqqında, bu coğrafiyanın təbiət gözəllikləri, bəzən də tarixi ənənələri barədə ciddi əsərlər yaza bilirdilər. Səməd Vurğunun məşhur “Azərbaycan” şeiri 1935-ci ildə yazılmışdır. Yaxud da yazıçılar əsərin görünən tərəfində ideoloji əlamətləri zahirən nəzərə çatdırıb, dərin qatlarda həyatı və insanı realistcəsinə əks etdirirdilər. Məhəbbət mövzusuna geniş yer ayrılması da çıxış yollarından biri idi. Lakin ümumi və aparıcı tendensiya sovet hakimimyyətinin təntənəsini, leninizmi, fəhlə-kəndli sinfinin nailiyyətlərini beynəlmiləlçiliyi ədəbiyyatın aparıcı ideyasına çevirməkdən ibarət idi. XX əsrin altmışıncı illərindən sonra ölkədə siyasi mühit bir qədər dəyişmiş, sosialist realizmi yaradıcılıq metodu «yaşasa» da gerçək ədəbiyyat üstünlük qazana bilmişdir.

Beləliklə, Sovet dövrü Azərbaycan ədəbiyyatını iki istiqamətə ayırmaq olar:

  1. Azərbaycan sovet ədəbiyyatı, yəni sovet ideologiyası əsasında yaranmış Azərbaycan ədəbiyyatı
  2. Sovet dövrü Azərbaycan ədəbiyyatı, yəni sovet dövründə yaranan, lakin Azərbaycan gerçəkliyini əks etdirməyə üstünlük verən Azərbaycan ədəbiyyatı

Süleyman Rəhimovun, Əli Vəliyevin, Əbülhəsənin, Süleyman Rüstəmin, Məmməd Rahimin və başqalarının əsəsrlərində sovet həyat tərzi, sosializm uğrunda mübarizə əsas məsələ idi. Lakin böyük istedad sahibi olan bu yazıçı və şairlər sosializm ideyalarının fonunda həyatın dərin qatlarına enə bilirdilər. Xalq yazıçısı Süleyman Rəhimovun «Saçlı» romanı, «Mehman» povesti, Əli Vəliyevin «Budağın xatirələri» romanı, Əbülhəsənin “Yoxuşlar” romanı, hətta Mehdi Hüseynin “Abşeron” romanı sosializm quruluşunun ayrı-ayrı mərhələlərinin hadisələrinə və proseslərinə həsr edilsə də həmin dövrün ruhunu, koloritini, dramatizmini, realizmini və maraqlı insan talelərini dərindən təsvir edən əsərlər idi. Xalq şairi Səməd Vurğunun, Rəsul Rzanın və Mikayıl Müşfiqin yaradıcılığındakı bədiiliyin vüsəti və onların yaradıcılığındakı millilik amili bu şairlərin ədəbiyyatda ideologiyanın baryerini ötüb keçə bilmələrinə imkan yaratmışdır. Süleyman Rüstəmin məhəbbət lirikası və Cənub şeirləri böyük sənət nümunələridir. Mirzə İbrahimov, Mir Cəlal, Əliağa Vahid, Ənvər Məmmədxanlı, İlyas Əfəndiyev, İsa Hyseynov, Hüseyn İbrahimov, Manaf Süleymanov və başqalarının yaradıcılığında isə həyat həqiqəti ideologiyanı üstələmişdir.

Qeyd olunduğu kimi, Sovet cəmiyyətində Stalinizmin iflasından və “Xruşov istiləşməsi mərhələsi”ndən etibarən ədəbiyyatda reallıqların təsviri və tərənnümünə münasibət dəyişmişdir. Azərbaycan ədəbiyyatında bu proses keçən yüzilliyin əllinci illərindən başlamış, Bəxtiyar Vahabzadə, İsmayıl Şıxlı, Xəlil Rza Ulutürk, Məmməd Araz, İsa Hüseynov, Nəbi Xəzri, Hüseyn Arif, Tofiq Bayram, Cabir Novruz, Salam Qədirzadə və başqaları kimi istedadlı ədəbi qüvvələri meydana çıxarmışdır. Xüsusən, Azərbaycan ədəbiyyatında «altmışıncılar» adlanan yeni ədəbi nəsil XX əsrin əvvəlləri ədəbiyyatının «kiçik insan» konsepsiyasını yeni tarixi şəraitə uyğun şəkildə, müasirlik işığında yenidən dirçəltməklə ədəbi fikrə təzə nəfəs gətirmişlər. Məhz «altmışıncılar» ədəbi nəsli Azərbaycan ədəbiyyatında açıq şəkildə mövcud ideologiyaya qarşı çıxmadan ədəbiyyatda insanı onun mənəviyyatı, düşüncəsi, qayğıları, ağrıları və sevgisi ilə birlikdə əks etdirməklə tədricən mövcud ab-havanı dəyişdirə bilmişlər. Sözün həqiqi mənasında “altmışıncılar” sosrealizmin əsas prinsiplərindən biri, hətta birincisi olan “formaca milli, məzmunca sosialist” anlayışını söz ilə yox, əsərləri ilə rədd etdi və “formaca da milli, məzmunca da milli” ədəbiyyat yaratdı. . Bu bədii-estetik (həm də dövrün kontekstində ictimai-siyasi) hadisə. Yəni altmışıncıların ədəbiyyata gəlməsi Azərbaycan ədəbiyyatında bir küll halında keyfiyyət dəyişikliyinə səbəb oldu”. 3 Azərbaycan «altmışıncıları»: Anar, Elçin, Fikrət Qoca. Əli Kərim, Sabir Əhmədli, Mövlud Süleymanlı, İsi Məlikzadə, Fikrət Sadıq və onların ardınca yetmişincilər Kamal Abdulla, Sabir Rüstəmxanlı, Çingiz Əlioğlu, Hidayət, Nüsrət Kəsəmənli, Seyran Səxavət və başqaları mövcud maneələrə sinə qələrək ədəbiyyatı xalqın gerçək həyatına və ideallarına doğru inkişaf etdirmək istiqamətində ciddi addımlara çevrilən qiymətli əsərlər yazıb nəşr etdirdilər. Beləliklə, Azərbaycan ədəbiyyatında XX əsrin altmışıncı illərindən etibarən gerçəkliyin yeri və payı mövcud ideologiyanı üstələyə bilmişdir. Müəyyən çətinliklər qalsa da, müxtəlif ədəbi nəsilləri təmsil edən yazıçı və şairlər ədəbiyyatda insanı və dövranı əsas reallıqları ilə birlikdə əks etdirməyi bacarmışlar. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi illərdə (1969-1982) ölkədə yaradılmış azərbaycaçı ictimai-mədəni mühit əsl böyük ədəbiyyatın yaradılmasına geniş imkan yaratmışdır. Bu dövrdə ədəbiyyatda nəinki azərbaycançılıq, hətta milli istiqlal ideyaları geniş yer tutmuşdur. Azərbaycan tarixi mövzulara və milli-mənəvi dəyərlərin üzə çıxarılmasına həsr olunmuş bədii əsərlərin yaranmasına geniş meydan açılmış və dövlət səviyyəsində dəstək verilmişdir. Ədəbiyyatda və incəsənətdə gedən milliləşmə prosesləri xalqın özünüdərkinə, soykökə qayıdışa və böyük gələcəyin təsəvvür edilməsinə xidmət etmişdir. Beləliklə, X əsrin 70-80-ci illəri Azərbaycan ədəbiyyatında xüsusi mərhələyə çevrilmişdir. Həmin tarixi mərhələnin ədəbiyyatı Azərbaycan xalqını milli istiqlala, dövlət müstəqilliyinə doğru aparmaqda böyük iş görmüşdür.

Ona görə də Azərbaycan sovet ədəbiyyatını yalnız ideoloji mahiyyət daşıyan ədəbiyyat kimi təsəvvür etmək birtərəfli olardı. Məlum olduğu kimi, bütün maneələrə və çətinliklərə baxmayaraq, sovet dövründə əsl ədəbiyyat nümunələri də yaradılmışdır. Bu dövrdə Zamanı dərindən qavrayan ədəbiyyat sinfi mübarizələrin, beynəlmiləlçi mühitin fonunda mövcud ideologiyaya münasibətdə qarşıdurma nümayiş etdirmədən həyati prosesləri, sadə adamların mənəvi aləmini, gələcəyə olan ümidləri də təsvir etməyi bacarmışdır. Böyük ədəbiyyat nümunələri olan bir çox məhəbbət şeirləri, cənub mövzusuna həsr edilmiş əsl lirika nümunələri bu dövrdə yaradılmışdır. Hətta sovet dövrü ədəbiyyatında müxtəlif bədii vasitələrlə mövcud ideologiyaya qarşı müqavimət notları ifadə edən ədəbiyyat da yaradılmışdır. Səməd Vurğunun “Komsomol poeması”nda, Mirzə İbrahimovun “Gələcək gün”, Mehdi Hüseynin “Yeraltı çaylar dənizə axır” romanlarında, İlyas Əfəndiyevin “Sən həmişə mənimləsən” dramında, İsmayıl Şıxlının “Dəli Kür”ündəki milli xarakteri ifadə edən obrazlarda və ya təlqin edilən ideyalarda sosializm cizgiləri tapmaq mümkün deyildir. Azərbaycan altmışıncıları da düşünülmüş müəyyən bədii vasitələrlə mövcud cəmiyyətin qadağalarından qabağa gedərək həyati prosesin ziddiyyətlərini də açıb göstərməyə nail olmuşdular. Bundan başqa, müasir meyarlar mövqeyindən yanaşdıqda XX əsrin 30-50-ci illərinin sinfi mübarizə dövrü ədəbiyyatı bu gün həmin tarixi mərhələdə sosializm quruluşunun mahiyyətini ifadə edən ədəbiyyat kimi maraq doğurur. Xüsusən, dövrün ədəbiyyatında ictimai-siyasi proseslərin təqdimi zamanı müşahidə olunan həyatilik meylləri həm də o mərhələnin gerçək simasının bütün yönləri ilə əks etdirilməsinə şərait yaradır. Ona görə də Azərbaycan sovet ədəbiyyatının bir çox nümunələrində həyati proseslərin real axarını da görmək mümkündür.

Xalq yazıçısı Elçinin sovet dövrü ədəbiyyatına dair aşağıdakı fikirləri məsələyə aydın baxışları və kompleks münasibəti ifadə etmək baxımından obyektiv, düşündürücü və əhəmiyyətilidir: «Beləliklə, biz sosrealizmin XX əsr Azərbaycan ədəbiyyatının inkişafına vurduğu zərərdən qətiyyən sərf-nəzər etməməli, həmin ədəbi zərərin nəticəsində itirdiklərimizi müəyyənləşdirməli və bu boşluqları doldurmağa çalışmalıyıq. Eyni zamanda, sosrealizm dövründə Azərbaycan ədəbiyyatının inkişafı da bu ədəbiyyatın tarixində çox mühüm və prinsipial mərhələ təşkil edir və biz bunu da görməli, tədqiq etməli, elmi-nəzəri təsnifatını verməli, əldə edilmiş bədii-estetik dəyərləri qiymətləndirməyi bacarmalıyıq». 4

XX əsrin sovet dövrü adlanan mərhələsində İranda yaşayıb-yaradan Cənubi Azərbaycan yazıçıları ilə əlaqələrin yaranması Sovetlər İttifaqı ilə qonşu dövlət arasındakı münasibətlərə uyğun olaraq çətinliklərlə üz-üzə gəlmişdir. Keçən əsrin 1920-1940-cı ollərində Cənubi Azərbaycanla ədəbi əlaqələr demək olar ki, mümkün olmamış dır. 1945-1946-cı illərdə Azərbaycan Demokratik Firqəsinin yaranması və fəaliyyəti ilə İrandakı azərbaycanlı yaradıcı qüvvələrlə, ziyalılarla əlaqələr qurulsa da, bu qısa müddətli bir dövrü əhatə etmişdir. Bu zaman ədəbiyyat və incəsənət sahəsində yaranan əlaqələr, birgə mətbu orqanlar, kollektiv ədəbi nəşrlər mövcud hökumətin süqutu ilə işini dayandırmalı olmuşdur. Bundan sonra taleyin hökmü ilə İrandan Azərbaycana gəlib, burada yaşamalı olan qələm sahibləri Şimalda yaradıcılıq fəaliyyətlərini davam etdirmişlər. Beləliklə, Azərbaycan yazıçılarının Cənub qrupu formalaşmışdır. Məhəmməd Biriya, Balaş Azəroğlu, Söhrab Tahir, Əli Tudə, Mədinə Gülgün, Hökumə Billuri və başqaları şimallı həmkarları ilə birlikdə yazıb-yaratmış, qiymətli əsərlər meydana qoymuşlar. Keçən əsrin yetmişinci illərində yaradılan Azərbaycan Yazıçılar İttifaqında Cənubi Azərbaycan ədəbiyyatı şöbəsi Sovet Azərbaycanında yazıb-yaradan cənublu yazıçı və şairlərin əsərlərinin nəşri, yubileylərinin keçirilməsi və digər yaradıcılıq qayğıları ilə məşğul olmuşdur.

İranda yaşayıb-yaradan görkəmli Azərbaycan şairi Məhəmmədhüseyn Şəhriyarla Süleyman Rüstəm və Məmməd Rahimin məktublaşması, Nəbi Xəzri və Bəxtiyar Vahabzadənin telefon danışıqları dövrün qeyri-adi ədəbi hadisəsi kimi böyük əks-səda doğurmuşdur.

XX əsrin səksəninci illərindən etibarən İranda yaşayıb-yaradan Azərbaycan yazıçı və şairləri ilə əlaqələrin qurulmasında və inkişafında dünya şöhrətli cərrah və tanınmış ədəbiyyatçı Cavad Heyətin və onun nəşr etdiyi “Varlıq” jurnalının xüsusi rolu və xidmətləri ayrıca qeyd edilməlidir. “Varlıq” jurnalında çap olunan məqalələr və jurnalın hər iki tərəfdə geniş yayılması qarşılıqlı ədəbi-elmi əlaqələrin inkişafında mühüm rol oynamışdır. Lakin Sovet dövləti İranla Azərbaycan arasında münasibətlərin genişlənməsində maraqlı olmadığı üçün yaradıcılıq əlaqələri normal inkişaf edə bilməmişdir.

Eyni zamanda, dünyanın ayrı-ayrı ölkələrində mühacirətdə yaşayan azərbaycanlı yazıçı və şairlərlə də bəzi təsadüfləri nəzərə almasaq, demək olar ki, əhəmiyyətli bir əlaqə mövcud olmamışdır. Əksəriyyəti sovet rejiminin siyasi təzyiqləri nəticəsində ölkədən getməyə məcbur olmuş yazıçıların adlarını çəkmək uzun zaman qadağan edilmişdir. Dövri mətbuatda və ya elmi nəşrlərdə mühacirət ədəbiyyatının tanınmış yaradıcılarından yalnız onların adlarının əvvəlinə “mürtəce burjua yazıçısı” sözləri yazılmaqla söz açmaq mümkün idi. XX əsrin səksəninci illərində “Vətən” xaricdə yaşayan həmvətənlərlə əlaqə cəmiyyətinin yaradılmasından sonra mühacirət dünyasına işıq salmaq mümkün olmuşdur. Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun Sovet dövlətinin süqutundan sonra 1996-cı ildə keçirdiyi Azərbaycan mühacirət ədəbiyyatına həsr olunmuş I Beynəlxalq Simpoziumdan sonra ölkəmizdə mühacirət irsinin sistemli öyrənilməsinə və mühacirətdə yaşayan yazıçılarla əlaqələrin bərpa edilməsinə başlanılmışdır.

Göründüyü kimi, sovet sistemi dövründə bədii yaradıcılıq işi, ədəbi əlaqələr əsasən hakim ideologiyanın siyasətinə və mənafeyinə tabe etdirilmişdir. Lakin ədəbi proses nə qədər çətin olsa da ideologiyaya xidmət edən ədəbiyyatla yanaşı, əsl bədii yaradıcılıq nümunələri də yaradılmışdır.

Bütün bunlara görə, Azərbaycan Sovet ədəbiyyatı mərhələsinin ədəbiyyatına birmənalı şəkildə yanaşılmamalıdır. Azərbaycan sovet ədəbiyyatı geniş anlayış olub, özündə sosializm ideyasına üstünlük verən ədəbiyyala bərabər, böyük ədəbiyyat nümunələri sayıla biləcək, ədəbiyyatın tarixində daim yaşayacaq qiymətli sənət örnəkləri də meydana çıxarmışdır.

Əslində, çox diqqətlə nəzər salsaq, Azərbaycan ədəbiyyatında bütünlüklə xalis sovet ideologiyasına xidmət etmiş əsərlər çox deyildir. Xüsusən, İosif Stalinin vəfatından sonra siyasi iqlimdə baş vermiş dəyişikliklər ədəbiyyatda ideologiyanın rolunu xeyli dərəcədə sındırmış yazıçı və şairlər ideoloji yönlü bədii nümunələri çox vaxt ciddi bədii əsərlər yazmaq naminə özlərini qorumaq üçün yazmışlar. Ona görə də sovet dövründə yazılan əsərlərdə mövzunun sosializm quruluşu həyatından alınması ilə əsərdə təsvir olunan həyat materialını, fərqli insan talelərinin təsvirini eyniləşdirmək olmaz. Azərbaycan sovet ədəbiyyatı təhlil və tədqiq edilərkən problemə və ədəbi şəxsiyyətlərə tarixi baxımından yanaşılmalı, mövzu və ideya ilə zəngin həyat materialı arasındakı fərq nəzərə alınmalıdır.

Bütün çətinlikləri və mürəkkəbliyi ilə bir yerdə sovet dövrü Azərbaycan ədəbiyyatının ayrıca mərhələsi olmuşdur.

1 Bədirxan Əhmədov. XX əsr Azərbaycan ədəbiyyatı, 3 cilddə, II cild. Bakı, “Apostrof” Çap Evi, 2010, səh.12

Müasir azərbaycan ədəbiyyatı 2

Elmi dərəcəsi və hal-hazırda BDU-da tutduğu vəzifəsi: filologiya elmləri doktoru, Müasir Azərbaycan ədəbiyyatı kafedrasının professoru

  • 1938-ci il 21 apreldə Qazax rayonunun Bəyazatlı kəndində qullulqçu ailəsində anadan olmuşdur
  • İbtidai və orta təhsilini Ağstafa şəhər dəmir yol, Göyçəli kənd və Həsənsu kənd orta məktəblərində almışdır
  • 1961-ci ildə Baku Dövlət Universitetinin filologiya fakültəsiniinin Azərbaycan dili və ədəbiyyatı şöbəsini (əyani) bitirib
  • Namizədlik dissertasiyasının mövzusu və müdafiə etdiyi ili: “Yusif Vəzir Çəmənzəminli yaradıcılığında tarixilik və “Qan içində” romanı”, 1975-ci ildə müdafiə edib
  • Doktorluq dissertasiyasının mövzusu və müdafiəə etdiyi il : “Yusif Vəzir Çəmənzəminlinin həyatı və yaradıcılığı”, 1990-cı ildə müdafiə edib
  • 1961-1968-ci illərdə İmişli rayonunun Bəcirəvan, Cahar Kənd məktəblərində, Qazax rayonunun Yuxarı Göyçəli məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi
  • 1968-1975-ci illərdə Azərbaycan Ensiklopediyasında redaktor, Bakı Dövlət Universitetində qiyabi təhsil üzrə məsləhət məntəqə müdiri, metodist
  • 1976-cı ildən BDU-da Müasir Azərbaycan ədəbiyyatı kafedrasında çalışır
  • Müasir ədəbi proses (bakalavr pilləsində), Müasir Azərbaycan ədəbiyyatının aktual problemləri (magistr pilləsində), Elmin müasir problemləri (magistr pilləsində) dərsləri aparır
  • 121 məqalənin, 5 monoqrafiyanın, 3 (dərslik, şərikli) kitabın müəllifidir
  • Yetişdirdiyi elmlər namizədlərinin və doktorların sayı: rəhbərliyi ilə 5 elmlər namizədləri yetişib, 5 dissertant və aspirantı var; 4 doktorluq dissertasiyasının elmi məsləhətçisidir
  • Azərbaycan ədəbiyyatşünaslığının aktual problemləri. Ədəbi əlaqələr problemləriı
  • 1993-cü ildə Beynəlxalq Ukraynaşünaslıq konfransında (Kiyev şəhərində)
  • 2004-cü ildə Beynəlxalq Türkoloji simpoziumda (Krımda, Simferopol şəhərində)
  • Qurban Səid… Mübahisələr… Həqiqətlər… Bakı, “Nurlan”, 2004
  • Müasir Azərbaycan ədəbiyyatı. (Ali məktəblər üçün dərslik). 2 cilddə. C.1. Bakı, Bakı Universiteti nəşriyyatı, 2007
  • Müasir Azərbaycan ədəbiyyatı. (Ali məktəblər üçün dərslik). 2 cilddə. C.2. Bakı, Bakı Universiteti nəşriyyatı, 2007
  • Yusif Vəzir Çəmənzəminli “əsərləri”nin Azərbaycan Prezidentinin sərəncamı ilə latın qrafikası ilə çap olunmuş üçcildliyinin tərtibçisi, redaktoru və önsözünün müəllifi. Bakı, Avrasiya Press, 2005
  • Müasir Azərbaycan ədəbiyyatı proqramları (ali təhsilin bakalavr pilləsi üçün). Bakı, Bakı Universiteti nəşriyyatı, 2004. (Şərikli)
  • Müasir Azərbaycan ədəbiyyatı proqramları (Ali təhsilin magistr pilləsi üçün). Bakı, Bakı Universiteti nəşriyyatı, 2004. (Şərikli)
  • T.Q. Şevçenko Azərbaycan ədəbiyyatşünaslığında. Ukrayna Milli Elmlər Akademiyasının Şevçenko adına Ədəbiyyat İnstitutunun hazırladığı “Şevçenkoşünaslıq” Ensiklopediyası üçün yazılmış 18 məqalə çap üçün qəbul edilmişdir. Məqalələrin hamısı Şevçenko adına ədəbiyyat İnstitutunun sifarişi ilə yazılıb göndərilmişdir
  • Tarixi roman ustası. Bakı, yazıçı, 1986
  • Y.V. Çəmənzəminli. Bakı, “Bilik”, 1987
  • “Ədəbiyyatla yaşayıram”. Bakı, Azərnəşr, 1993
  • Söz – tarixin yuvası. Bakı, Azərnəşr, 2000
  • Qurban Səid. Mübahisələr. Həqiqətlər.. Bakı, “Nurlan”, 2004
  • Azərbaycan Sovet ədəbiyyatı. Bakı, Maarif, 1988. (Şərikli)
  • Müasir Azərbaycan ədəbiyyatı, 2 cilddə. C.1. Bakı, Bakı Universiteti nəşriyyatı, 2007. (Şərikli)
  • Müasir Azərbaycan ədəbiyyatı, 2 cilddə. C.2. Bakı, Bakı Universiteti nəşriyyatı, 2007. (Şərikli)

Azərbaycan ədəbiyyatı

Azərbaycan ədəbiyyatının maraqlı nümunələri. Ən maraqlı,ən yaxşı məzmuna malik nəsr əsərləri.

Yaradılıb 21 yanvar 2011 Topik 278 Abunəçi 42 Reytinq 35.68

Moderatorlar (0):
Moderator yoxdur

Mirzə Ələkbər Sabir və uşaq ədəbiyyatı

  • Azərbaycan ədəbiyyatı
  • 23 may 2022, 00:19

Mirzə Ələkbər Sabir yalnız böyük satirik deyildir, həm də uşaq ədəbiyyatının inkişafında xüsusi xidmətləri olan şəxsiyyətlərdən biridir. «Beynəlmiləl» kimi son dərəcə ciddi şeiri yazan qələmdən incə ruhlu uşaq şeirləri də çıxmışdır. O, məktəbdarlıqla yanaşı, «Dəbistan» və «Rəhbər» jurnallarında, «Birinci il», “İkinci il”, «Yeni məktəb» dərsliklərində, həmçinin «Səda», «Həqiqət», «Günəş» və s. qəzetlərdə əsərləri ilə daim iştirak etmiş, «Yaz günləri», «Uşaq və buz», «Qarınca», «Cütçü», «Molla Nəsrəddinin yorğanı», “Əskik alıb, artıq satan tacir”, «Yalançı çoban», «Uşaqlara», «Analar bəzəyi» kimi şeir və mənzum nağılları, həmçinin İ. Krılovdan tərcümə etdiyi «Qarğa və Tülkü» təmsilini qələmə almışdır.

Qafqazın birinci adamı – Yaxud bir ailədə iki Şeyxülislam

  • Azərbaycan ədəbiyyatı
  • 8 may 2022, 12:04

«1875 sənəsi son baharında uzun ağ saqqallı, möhtərəm bir ixtiyar ilə on bir-on iki yaşlarında arıq vücudlu bir çocuq Qafqaz valisi böyük knyaz Mixail Nikolayeviçin möhtəşəm yazı masası önündə bulunuyorlardı. Rus şahzadənin arxasında nəzərinin nüfuz və şiddəti dərhal gözə çarpan çərkəs əlbisəli bir miralay ayaqda duruyordu. Yaşıl sarığı, dəvə tükündən qolsuz əbası ilə ehtiramkar vəziyyətdə olan miralay ixtiyarın ricalarını valiyə eynən tərcümə etmədi: — »Şeyx Əhməd Səlyani, bu yetim çocuğun Tiflis gimnaziya kurslarından birisinə yerləşdirilməsini xahiş edir” dedi. Şeyx Əhməd Salyani, Şərq tərbiyəsinə taban hafidiyçün (nəvəsi üçün) məktəb seçimini də canişin şahzadənin iradəsinə buraxmışdı.

Aminlə başlayan duamın yazısı

  • Azərbaycan ədəbiyyatı
  • 22 fevral 2022, 00:17

Ədəbi mühit də həyatın bir guşəsidir. Dəyişimləri, gəlişi-gedişi var bu aləmin də. Bir az da söz kürsüsüdür ədəbiyyat aləmi. Ürəyində sözü olanlar, Qələmə gücü çatanlar özlərində cəsarət tapıb sözlərini başqalarına da eşitdirmək istərlər. Ya da bu sonrakı mərhələ olur.
Müasir Azərbaycan ədəbiyyatı yenə öz ritmi ilə gələnləri qarşılayır, gedənləri yola salır. Haqqı çatmayanları zamanın ələyindən keçirib unutdurur, haqqı çatanları Haqqa çatandan sonra da fani dünyada belə əbədiyaşar edir əlahəzrət SÖZ. Bu yazımızda ədəbi cameədə maraqlı hekayələri ilə diqqət çəkməyi bacarmış Sumqayıt ünvanlı, Göyçə — Qaraqoyunlu kökənli gənc yazar Amin Namazlının barəsində fikirlərimi bölüşmək istədim.

Azərbaycan bayatılarında ümumi məzmun məsələləri – Nuridə İsmayılova

  • Azərbaycan ədəbiyyatı
  • 21 fevral 2022, 22:55

Azərbaycan xalqının ruhuna uyğun şeir forması dedikdə ağıla gələn iki janrdan biri bayatıdır. Bayatının ümumi məsələləri barədə indiyədək çox yazılıb. Amma əksmənalı bayatılar haqqında bir o qədər məlumat yoxdur. Əksmənalı bayatılar sırf əksmənalı sözlər vasitəsilə yaranmır. Onlarda məna ziddiyyət təşkil edir. Məsələn, yazdığım belə bir bayatıya diqqət yetirək:

Əzizinəm, gecədir.
Nəm gözlərin gecədir.
Qəmlə yoldaş olanın
Bir dostu da gecədir.

İlahi eşqin Zəlimxan Yaqubu

  • Azərbaycan ədəbiyyatı
  • 22 yanvar 2022, 08:48

Orta məktəbi yarılamış vaxtlarım idi. Utanıb üzə çıxarmadığım beş-altı şeirimlə nəfəs alırdım. Hərdən açıb oxuyur, qəribə bir həzz alır, saralmış vərəqləri gizli xəzinə kimi yenidən hansısa kitabın arasına qoyurdum. Bir dəfə televizorumuzda dərinnəfəs, şələbığ bir kişi şeir deyirdi. Atam televizorun səsini artırdı. Anam dördayağın üstündə yaydığı yuxadan əl çəkib oxlovunu astaca dördayağın qırağına döyəclədi ki, sakit olaq. Ailəlikcə hamımız köhnə “əlli iki ekran” televizordakı kişiyə qulaq asırdıq. Kişi gah danışır, gah da şeir söyləyirdi. Bayaqdan fətir gözləyən ailə peçin üstündə yanan yuxadan xəbərsiz ekrandan asılmışdı. Kişi elə danışırdı, elə danışırdı ki, elə bil bu saat ekranı yarıb evimizə girəcəkdi.
Davamı →

Bakını niyə xaraba qoydular

  • Azərbaycan ədəbiyyatı
  • 22 yanvar 2022, 02:32

Həmid Piriyevin hekayələrindəki razyana qoxusu çoxdan məni özünə çəkib, hələ Nərmin Kamal son müsahibəsində onun haqqında danışmamışdan, Seymur Baycan bu yaxında yazı yazmamışdan əvvəl.

Onun hekayələrini birinci dəfə oxuyanda Abşeronun, Bakı bağlarının havasını duymuşdum, qeyri-ixtiyari uşaqlığım yadıma düşmüşdü. Deyəsən, “Şaftalı çiçəkləri fəsli” adlanan həmin hekayəsini oxuyandan sonra Həmiddən müsahibə də götürmüşdüm.

Milli düşüncə tariximizdə Mir Cəlal

  • Azərbaycan ədəbiyyatı
  • 31 okyabr 2021, 17:45

XX əsrin əvvəlləri Azərbaycan tarixinə sovet istilası dövrü kimi daxil olsa da, ədəbiyyat tariximiz üçün bu mərhələ böyük önəm kəsb etmiş, ədəbiyyatşünaslığımızın inkişafı istiqamətində əhəmiyyətli addımlar atılmışdır. Əsrin 20-ci illərindən başlayaraq Azərbaycan ədəbiyyatının klassik irsinin toplanması, tədqiqi, Azərbaycan ədəbiyyatı tarixi və onun dövrləşdirilməsi ilə bağlı konsepsiyaların işlənməsi, müxtəlif nəzəri müddəaların irəli sürülməsi, çoxsaylı ədəbiyyatşünaslıq əsərlərinin ortaya çıxması, həm də bütün bu işlərin Qərb, Avropa, türk və rus ədəbi-nəzəri fikri ilə müqayisədə reallaşması prosesinə start verilmişdi. Əvvəla, bunun üçün münbit zəmin var idi. Çünki sovet quruculuğu marksizm-leninizm ideologiyasına söykənirdi.

Müsəlman Şərqinin Nitşesi

  • Azərbaycan ədəbiyyatı
  • 24 okyabr 2021, 22:38

Bu gün dahi şair Hüseyn Cavidin doğum günüdür. Kulis.az bu münasibətlə sənətşünas alim Aydın Talıbzadənin “Üsyan və cəza: fikir “kəndirbazi”nin aqibəti” yazısını təqdim edir.

Esxatoloji ovqat
“İnsan uçurum üzərindən çəkilmiş burazdır.”

Nizami yaradıcılığında təsəvvüf

  • Azərbaycan ədəbiyyatı
  • 15 okyabr 2021, 00:58

Nizamini təsəvvüf baxımından təhlil etmək üçün ilk növbədə onun əsərlərini orijinaldan oxumaq, təsəvvüfi terminologiyaya, simvol və məcazlara bələd olmaq, digər sufi şairlərin əsərləri ilə tanış olmaq lazımdır.
Fikrimizcə, Nizaminin «Xosrov və Şirin» əsəri ilə ən çox üstə-üstə düşən məqamların müşahidə edildiyi əsər Əttarın «Xosrovnamə» məsnəvisidir. Əttar bu əsərin əvvəlində bir dostunun xahişi ilə özünə xas olan tərzdə, yəni aşiqanə dastan, mənzum roman şəklində əsər yazdığını qeyd edir. Əttarın «Xosrovnamə»sini bəzən, onun təsəvvüfi olmayan yeganə əsəri kimi qiymətləndirsələr də, əslində bu əsər də təsəvvüfi məzmundadır. Lakin bu mənzum eşq dastanında təsəvvüf, Əttarın digər əsərlərində olduğu kimi qabarıq şəkildə görünmür, Nizaminin əsərlərindəki kimi, daha dərin qatlarda, daha gizli və simvolik şəkildə ifadə edilir.

Aybəniz Vəkilova haqqında xatirələr

  • Azərbaycan ədəbiyyatı
  • 7 sentyabr 2021, 01:36

Aslan SALMANSOY
vurğunşünas

Hörmətli, Azər Turan!
Müqəddəs Vurğun ocağına doğma bir ailənin üzvü kimi Siz də yaxşı bilirsiniz ki, Aybəniz xanım fədakar əməyi və atasına olan tükənməz sevgisi ilə öz adını Səməd Vurğunun ev-muzeyini yaradanların və yaşadanların ön sırasına əbədi həkk etmişdir: o, uzun illər muzeyin baş mühafizi vəzifəsində çalışmış və işlədiyi müddətdə (sonralar isə direktor kimi) həm şairlə bağlı əşyaları – eksponatları toplayıb hifz etmiş, sistemləşdirmiş, həm də atasının ruhunun “qaraçuxası” –fədakar keşikçisi, qoruyucusu olmuşdur.

Comments are closed, but trackbacks and pingbacks are open.