Press "Enter" to skip to content

Müasir azərbaycan ədəbiyyatı 2 cild

1833-cü ildə M.F.Axundov Şəkidə ibtidai rus məktəbində oxumuşdur. 1834-cü ildə o, Tiflisdə Rusiyanın Qafqaz baş dəftərxanasında Şərq dilləri üzrə tərcüməçi vəzifəsində xidmət etməyə başlayır. Bu ildən ta ömrünün sonuna qədər Qafqazın baş hakimləri yanında mülki işlər, eyni zamanda müəyyən bir müddətdə diplomatik və hərbi işlər üzrə tərcüməçi vəzifəsində çalışmışdır.

Azərbaycan ədəbiyyatı haqqında

Qədim Azərbaycan ədəbiyyatı
Azərbaycan yazılı ədəbiyyatının ən qədim nümunəsi e.ə. VI əsrdə Midiya dövləti (e.ə. VII-VI əsrlər) zamanında meydana çıxmış və müəllifi Zərdüşt peyğəmbər hesab edilən “Avesta”dır. Burada Azərbaycan xalqının dualist dünyagörüşü, ibtidai insanın xeyirlə şərin mübarizəsi haqqındakı təsəvvürləri öz bədii əksini tapmışdır.
Qədim mifoloji dünyagörüşünə söykənən Dədə Qorqud dastanları b.e. XI əsrdə “Kitabi-Dədəm Qorqud” adı altında yazıya alınmışdır. Elmə məlum olan nüsxələr isə XVI əsrdə üzü köçürülmüş əlyazmalarıdır. Bədii abidəni ilk dəfə tədqiqata cəlb etmiş alman şərqşünası Fridrix fon Ditsin fikrinə görə, buradakı bəzi mifoloji süjetlər Qədim Yunanıstanda yaranmış analoji süjetlərin yaranmasına (Təpəgöz-Siklop) təkan vermişdir.
Azərbaycan ərazisində yaranmış və yazısının tarixi V əsrə gedib çatan alban ədəbiyyatı da klassik yazılı ədəbiyyatımızın qaynaqlarından sayılmalıdır.
VII-VIII əsrlərdə ərəbcə yazmış Azərbaycan əsilli şairlərdən Əbu Məhəmməd ibn Bəşşar, Musa Şəhəvat və İsmayıl ibn Yəsarın şeirləri mübariz tənqidi ruhu, orijinal sənətkarlıq xüsusiyyətləri ilə o dövr ərəb poeziyasından müəyyən dərəcədə seçilir.
Ərəb dilində bədii əsərlər yazmaq ənənəsi Azərbaycan şairləri arasında XI-XII əsrlərə qədər davam etmiş, Xətib Təbrizi, Məsud ibn Namdar kimi sənətkarlar bu dildə Azərbaycan ədəbiyyatını zənginləşdirən bədii örnəklər ərsəyə gətirmişlər.
XI əsrdən Qətran Təbrizinin (1012-1088) yaradıcılığı ilə Azərbaycan poeziya məktəbi fars dilindən (dəri dilindən) istifadə etməklə yeni inkişaf mərhələsinə qədəm qoymuşdur.
1054-cü ildə Azərbaycanın oğuz türklərinin yaratdığı Səlcuqilər dövlətinin tərkibinə daxil olması elmin, incəsənətin və ədəbiyyatın inkişafına təkan verməklə yanaşı, türkdilli Azərbaycan xalqının formalaşmasını da başa çatdırmış oldu. XI əsrin ən böyük Azərbaycan şairlərindən olan Qətran Təbrizinin əsərlərində Azərbaycan-türk ruhu, Azərbaycan dilinə xas olan bir çox söz və cəhətlər öz dərin izlərini qoymuşdur. Şair bəzən ərəb və fars dillərində lazım olan qafiyəni tapmaqda çətinlik çəkərkən öz ana dilinə müraciət edir.
XII əsrdə Azərbaycan ədəbiyyatı bütövlükdə Yaxın və Orta Şərq, eləcə də dünya ədəbiyyatının sonrakı inkişafın mərhələsinə güclü təsir göstərmişdir. Həmçinin, bu dövrdə poeziya məktəbi də öz formalaşmasını başa çatdırmış və onun Xaqani Şirvani, Nizami Gəncəvi kimi dünya şöhrətli korifeyləri meydana gəlmişdir.
XII əsr Azərbaycan dövlətlərindən Şirvanşahlar və Atabəylərin qayğısı ilə Əbül-üla Gəncəvi (1096-1159), Məhsəti Gəncəvi (1089-1183), Fələki Şirvani (1126-1160), Mücirəddin Beyləqani (?-1190) kimi şairlər yetişmişdir.

Orta əsr Azərbaycan ədəbiyyatı
XIII əsrdən etibarən, Azərbaycanda əsasən, ərəb və fars dillərində yazan şairlərlə yanaşı, ana dilində yazan şair və sənətkarların sayı get-gedə artır, anadilli ədəbiyyat inkişaf etməyə başlayır. Bu zamandan Azərbaycan ədəbiyyatının qədim dövrü bitir və orta əsrlər dövrü başlayır.
İzzəddin Həsənoğlu və Şeyx Səfiəddin Ərdəbili kimi lirik şairlər qonşu xalqlarda olduğu kimi, sufi-mistik ideyaları içinə alan lirik və epik parçalardan daha çox, canlı həyatla bağlı olan dünyəvi poeziya nümunələri yaratmağa üstünlük verirlər. Həsənoğlunun türkcə üç, farsca bir qəzəli, Şeyx Səfinin kiçik bir divanı bu dövrün anadilli ədəbiyyatı haqqında dolğun təsəvvür yaradır, gələcək böyük poeziyanın bünövrəsinin möhkəm təməl üzərində qoyulduğundan xəbər verir.
Bütün XIII əsri, XIV əsrin isə ilk onilliklərini yaşayıb uzun bir yaradıcılıq yolu keçmiş Güney Azərbaycan şairi Hümam Təbrizi (1201-1314) də bu dövrün görkəmli ictimai-siyasi xadimi və istedadlı şairlərindən biri olmuşdur.
Azərbaycan ədəbiyyatında daha çox sufizm cərəyanının görkəmli nümayəndəsi kimi tanınmış Şeyx Mahmud Şəbüstərinin (1287-1320) nəsr və nəzmlə yazdığı bir çox əsərləri arasında “Gülşəni-raz” poeması diqqəti daha çox cəlb edir.
XIV yüzildə Suli Fəqih və Mustafa Zərir kimi Azərbaycan şairləri də Quran motivləri əsasında qurulmuş “Yusif və Züleyxa” mövzusunda ana dilində əsərlər yaratmışlar. Elə həmin dövrün sənətkarı Yusif Məddahın “Vərqa və Gülşa” poeması da anadilli epik şeirin gözəl örnəklərindən sayılmışdır.
Fars dilində yazıb-yaratmış görkəmli Azərbaycan şair və mütəfəkkirləri – Nəsirəddin Tusi (1201-1274), Marağalı Əhvədi(1274-1338), Arif Ərdəbili (1311-) daha çox Nizami ənənələrinə söykənmişlər. “Əxlaqi-Nasiri” kimi fundametal əxlaqi-didaktik əsərin müəllifi Nəsirəddin Tusinin elmi-fəlsəfi irsi ilə yanaşı, ədəbi-bədii əsərləri də var idi.
XIV əsrin şair və hökmdarı Qazi Bürhanəddinin yaradıcılığını (1314-1398) ingilis şərqşünası Eduard Braun türk ədəbiyyatlarında dünyəvi poeziyanın ilk örnəyi elan edərək yüksək qiymətləndirmişdir. Qazi Bürhanəddinin “Divan”ında Həsənoğlu və Şeyx Səfi yaradıcılığında formalaşmağa başlayan Azərbaycan bədii dili yüksək səviyyəyə çatmışdır. Qazi Bürhanəddinin yaradıcılığında ilk dəfə sırf türk poetik janrlarından olan tuyuqlardan istifadə olunmuşdur.
Bu dövrdə ədəbiyyatda və ictimai-siyasi fikirdə formalaşmış humanizm prinsipləri xüsusən Seyid İmadəddin Nəsimi (1369-1417) yaradıcılığında öz zirvəsinə çatmışdır.
Azərbaycan ədəbiyyatında XV yüzillik istər xronoloji, istərsə də sənətkarlıq cəhətdən Qazi-Nəsimi zirvələri ilə Xətai-Füzuli zirvələri arasında keçid mərhələsidir. Xəlili, Həmidi, Kişvəri, Həqiqi, Süruri kimi əsasən ana dilində, Şah Qasim Ənvar, Bədr Şirvani kimi daha çox fars dilində yazıb-yaradan sənətkarlar bu yüzilliyin ədəbi mənzərəsini müəyyən edirdilər. Bu şairlər arasında Qaraqoyunlu hökmdarı Cahanşah Həqiqinin (hakimiyyət illəri1436-1467) adını xüsusi qeyd etmək lazımdır. XV yüzillik Azərbaycan ədəbiyyatının ən böyük nümayəndələrindən biri də Nemətullah Kişvəridir. Şeir dili sahəsində, orijinal poetik obrazlar işlətməkdə Kişvəri Azərbaycan ədəbiyyatında unikal mövqe tutur.
Həbibi, Şahi, Süruri kimi bu dövr şairlərinin yaradıcılığı Xətai və Füzuli poeziyasının formalaşmasında münbit zəmin rolunu oynamışdır.
XV əsr Azərbaycan ədəbiyyatında bu zamana qədər başqa türk xalqlarının ədəbi dili ilə bir çox cəhətdən müştərək olan Azərbaycan ədəbi dili öz fərqləndirici xüsusiyyətlərini əldə edir və XVI əsrdən etibarən müstəqil bir ədəbiyyat kimi öz ənənələrini davam etdirməyə başlayır. Xüsusən XVI əsr Bağdad ədəbi mühiti milli poeziyanın inkişafına göstərdiyi böyük təsirlə fərqlənir. XVI əsr təzkirəçisi Əhdi Bağdadinin “Gülşəni-şüəra” (“Şairlər gülşəni”), Şah Abbasın kitabdarı Sadiq bəy Sadiqinin “Məcməül-xəvas” (“Seçilmişlər məclisi”) təzkirələrində o dövrün Bağdad ədəbi mühitində yetişmiş bir sıra şairlərin adları çəkilir ki, bunların da Füzuli dühasının yetişməsində oynadığı böyük rolu inkar etmək olmaz.
XII-XVI əsrlər Azərbaycan ədəbiyyatında Renessans ideyalarının Nizamidən sonrakı zirvəsi – Qərb şərqşünaslığında “qəlb şairi” kimi məşhur olan Məhəmməd Füzulidir. Füzuli təkcə Azərbaycanda deyil, türk dilinin, xüsusən oğuz türkcəsinin anlaşıldığı böyük bir coğrafi-etnik məkanda indiyə qədər də sevilə-sevilə oxunan sənətkarlardan biridir. İraq, Türkiyə, Tatarıstan, Özbəkistan, Türkmənistanda Füzulinin əsərləri indiyə qədər populyar olaraq qalmaqdadır.
Qeyd etmək lazımdır ki, Füzuli sənəti boş yerdə yaranmamış, onun formalaşmasına bütöv bir zaman kəsiyi ərzində görkəmli sənətkarlar yardım etmişlər. Bunların arasında Füzulinin böyük müasiri və müəyyən dərəcədə mesenatı – böyük Azərbaycan dövlət xadimi və şairi Şah İsmayıl Xətainin(1487-1524) xüsusi yeri vardır.
Şah İsmayıl Xətai Azərbaycanın ictimai-siyasi tarixində müstəsna rol oynamış bir sülalənin banisidir. Xətai şair-hökmdar kimi öz sələfləri Qazi Bürhanəddin və Mirzə Cahanşah Həqiqinin poetik ənənələrini davam və inkişaf etdirmiş, cəmi otuz altı illik qısa ömrü ərzində nəinki yeni bir möhtəşəm Azərbaycan dövlətini qurub genişləndirmiş, həm də Azərbaycan ədəbiyyatının ana dilində inkişafında müstəsna rol oynamışdır.
XVI-XVII yüzilliklər Azərbaycan ədəbiyyatında həm də orta əsr məhəbbət və qəhrəmanlıq dastanlarının formalaşması dövrü kimi tanınır. Füzulinin yazılı poeziyada əldə etdiyi uğurları eyni zamanda şifahi xalq ədəbiyyatının nümayəndələri- Qurbani, Aşıq Abbas Tufarqanlı, Xəstə Qasım kimi aşıqların yaradıcılığında da görmək mümkündür. “Aşıq Qərib”, “Abbas və Gülgəz”, “Əsli və Kərəm” kimi mükəmməl məhəbbət dastanları, “Kitabi-Dədəm Qorqud”un layiqli varisi olan “Koroğlu” qəhrəmanlıq eposu bu dövrdə formalaşır və xalq sənətkarlarının repertuarına daxil olur
XVII-XVIII əsrlərdə Azərbaycan ədəbiyyatı şifahi xalq yaradıcılığının, əsasən aşıq nümayəndələrinin əsərlərinin təsiri altında canlı həyata, xalq dilinə daha da yaxınlaşır. Bununla yanaşı, Azərbaycan poeziyasında realizmə keçid dövrünün təməli qoyulur. Bu dövrdə poeziyada Füzuli ənənələri hələ kifayət qədər güclü olsa da, artıq bu cazibədən çıxmaq cəhdləri Saib Təbrizi, Qövsi Təbrizi, kimi sənətkarların yaradıcılığında özünü göstərir. XVIII əsrdə Şirvan ədəbi mühitinin yetirdiyi şairləridən Şakir, Nişat və Məhcurun əsərlərində daha çox dövrün konkret ağrılı problemlərindən bəhs olunduğunu, sadə xalqın ağır güzəranından narahatçılığın bədii ifadəsini görürük.
Molla Vəli Vidadi (1707-1808), xüsusən Molla Pənah Vaqif (1717-1797) kimi sənətkarlar sadə, canlı dildə yazdıqları əsərlərlə poeziyanı xalqa daha da yaxınlaşdırmışlar. Vaqif öz dövrünün görkəmli siyasi xadimi olmuş, Qarabağ xanlığının xarici siyasətini uzun müddət müəyyənləşdirmişdir. XVIII əsr – Azərbaycan ədəbiyyatında orta əsrlərin son, yeni dövrün isə başlanğıc mərhələsi kimi keçid xarakteri daşıyır.

XIX-XX əsr Azərbaycan ədəbiyyatı
XIX əsrin ilk onilliklərində baş verən ən mühüm hadisə – Azərbaycanın Rusiya imperiyası tərəfindən işğal edilməsi olmuşdur. Bunun da təsiri nəticəsində mədəniyyətdə olduğu kimi, ədəbiyyatda da qərbyönümlü meyllər güclənmişdir. Beləliklə, ədəbiyyatda milli və realist-dünyəvi motivlər aparıcı mövqeyə çıxmışdır. Molla Pənah Vaqif yaradıcılığının bilavasitə təsiri altında Qarabağ ədəbi mühitində tənqidi-realist satiranın Qasım bəy Zakir (1784-1857) kimi nümayəndəsi yetişərək uzun müddət poetik inkişafın istiqamətini müəyyənləşdirir. Lakin həm Q. B. Zakirin yaradıcılığında, həm də onunla çağdaş olan şairlərin əsərlərində Füzuli ənənələri yeni səviyyədə davam etdirilir. Bu prosesin ən böyük nümayəndələri Güneydə Seyid Əbülqasım Nəbati (1812-1873), Heyran xanım (1786-1838), Quzeydə isə Seyid Əzim Şirvani (1835-1888), Xurşudbanu Natəvan (1830-1897) və Fatma xanım Kəminə olurlar (1840-1888).
Bu dövrdə rus və Qərb şərqşünasları və şairləri ilə yaxından tanış olan, onlardan qabaqcıl humanist fikirləri əxz edən sənətkarlar arasında Abbasqulu ağa Bakıxanovu (1794-1847), Mirzə Şəfi Vazehi (1792-1852), İsmayıl bəy Qutqaşınlını (1801-1861) göstərmək olar.
Mirzə Fətəli Axundzadənin (1812-1878) maarifçi-realist görüşləri Azərbaycan ədəbiyyatının sonrakı inkişafında müstəsna rol oynayaraq, Azərbaycan ədəbiyyatında çağdaş Qərb ədəbiyyatı janrlarının -dram, roman, hekayə, novella, povest, poema və s. oturuşmasına güclü təsir göstərmişdir. Mirzə Fətəli Axundzadənin Azərbaycan mədəniyyəti üçün müəyyən etdiyi ədəbi-estetik inkişaf istiqaməti XIX əsrin ikinci yarısında Seyid Əzim Şirvani (1835-1888), Nəcəf bəy Vəzirov(1854-1926), Əbdürrəhim bəy Haqverdiyev (1870-1933) kimi maarifçi-realist sənətkarların formalaşmasına təsir göstərmişdir. Bu da təkcə Azərbaycan üçün deyil, eyni zamanda qonşu xalqların ədəbi-mədəni yüksəlişinin inkişafına səbəb olmuşdur. Xüsusən, Həsən bəy Zərdabi (1837-1907) kimi təbiətşünas-alimin nəşr etdiyi çoxyönlü “Əkinçi” qəzeti (1875-1877) bu dövrdə ədəbi-mədəni həyatın coşğun inkişafına təkan vermişdir.
XIX əsr Azərbaycan ədəbiyyatında maarifçi-realist təmayüllə yanaşı, dini-didaktik poeziya da inkişaf edirdi. Bunun əsas nümayəndələri Güney Azərbaycanda yaşayıb yaradan mərsiyə şairlərindən Raci, Dilsuz, Dəxil, Qumri və b. idi. Lakin Quzeydə gedən qabaqcıl ədəbi prosesin təsiri altında Güney sənətkarları da dünyəvi əsərlər yaratmağa meyl edirdilər
XIX əsrdə ədəbiyyatın daha çox Şərq yaradıcılıq tipinə meyl göstərən bir qolu da ədəbi məclislərdə formalaşırdı. Qubadakı “Gülüstan” ədəbi məclisinə Abbasqulu ağa Bakıxanov Qüdsi, Ordubaddakı “Əncüməni-şüəra”ya (“Şairlər məclisi”) Fəqir Ordubadi, Lənkərandakı “Fövcül-füsəha”ya (“Gözəl danışanlar dəstəsi”) Mirzə İsmayıl Qasir, Şamaxıdakı “Beytüs-Səfa”ya (“Səfanın evi”) Seyid Əzim Şirvani, Bakıdakı “Məcməüş-şüəra”ya (“Şairlər toplusu”) Məhəmməd ağa Cümri, Gəncədəki (sonralar Tiflisdə) “Divani-hikmət”ə Mirzə Şəfi Vazeh, Şuşada fəaliyyət göstərən “Məclisi-üns” poetik məclisinə Xurşudbanu Natəvan, “Məclisi-fəramuşan”a (“Unudulmuşlar məclisi”) isə Mir Möhsün Nəvvab başçılıq edirdi.
Bütövlükdə XIX yüzilliyin ədəbiyyatı, Azərbaycan ədəbiyatının yeni yüksək mərhələsi sayılan XX yüzil ədəbiyyatına keçid üçün möhkəm zəmin hazırlamışdır.
Vaxtilə Rusiya imperiyasının tərkibinə daxil olmuş əksər xalqlar kimi, XX əsrin ilk onillikləri Azərbaycan ədəbi-mədəni həyatında da xüsusi bir mərhələ təşkil etməkdədir. Bu dövrdə Avropa və Rusiya örnəyi əsasında realist və romantik ədəbiyyatın Cəlil Məmmədquluzadə (1866-1932), Mirzə Ələkbər Sabir (1862-1911), Hüseyn Cavid (1884-1944), Məhəmməd Hadi (1880-1920),Abbas Səhhət (1874-1918), Abdulla Şaiq (1881-1959), Nəriman Nərimanov (1870-1925), Əbdürrəhim bəy Haqverdiyev(1870-1933) kimi görkəmli nümayəndələri öz yaradıcılıqları ilə Azərbaycan ədəbiyyatını dünya ədəbi-mədəni fikrinin ən yaxşı nümunələri səviyyəsinə qaldırmışdılar.
Azərbaycan tarixinin XX əsrin əvvəllərində baş vermiş əlamətdar hadisəsi Azərbaycan Demokratik Respublikasının qurulması olmuşdur (1918-1920). ADR cəmi iyirmi üç ay davam edən qısa bir ömür sürsə də həmin dövr özünəməxsus ədəbi məhsulla əlamətdar olmuşdur. Artıq tanınmış qələm sahibləri olan Cəlil Məmmədquluzadə, Abdulla Şaiq, Əbdürrəhim bəy Haqverdiyev, Üzeyir Hacıbəyovla yanaşı bu zaman Cəfər Cabbarlı, Əhməd Cavad, Ümmügülsüm kimi gənc qələm sahiblərinin də maraqlı əsərləri meydana gəlmişdir. Bu əsərlərdə Azərbaycanın dövlət müstəqilliyi, ölkəmizə xilaskarlıq missiyası ilə gəlmiş türk ordusunun zəfərləri, Azərbaycan əsgərlərinin rəşadəti, üçrəngli milli bayraq hərarətlə tərənnüm olunurdu. Bu sahədə xüsusi fəallığı ilə seçilən Əhməd Cavad (1892-1937) Birinci Respublikanın dövlət himninin mətnini yazmışdır. Musiqisi dahi Üzeyir Hacıbəyov tərəfindən bəstələnmiş həmin əsər bu gün də müstəqil Azərbaycan Respublikasının himni kimi ifa olunmaqdadır.

Sovet dövrü Azərbaycan ədəbiyyatı (60-cı illərə qədər)
Sovet dövrü dramaturgiyası Hüseyn Cavid, Süleyman Sani Axundov, Cəfər Cabbarlı, Mirzə İbrahimov, Səməd Vurğun, Sabit Rəhman, Ənvər Məmmədxanlı, İlyas Əfəndiyev, Şıxəli Qurbanov və başqalarının adı ilə sıx bağlıdır.
Əhməd Cavad (1892-1937) və Mikayıl Müşfiq (1908-1938) Səməd Vurğunla yanaşı XX əsr Azərbaycan poeziyasının əsas cığırdaşları hesab olunurlar. Süleyman Rüstəm (1906-1989) və Əlağa Vahid (1895-1965) lirikanın inkişafında mühüm xidmətləri olan şairlərdir.
Sovet dövründə Azərbaycan poetik fikrinin inkişafında Rəsul Rzanın (1910-1981) əsasən sərbəst vəzndə qələmə aldığı şeir və poemaların böyük rolu olmuşdur. Məmmədhüseyn Şəhriyar, Həbib Sahir, Həmid Nitqi, Bulud Qaraçorlu (Səhənd) kimi Cənubi Azərbaycan şairlərinin rolu da danılmazdır.
Azərbaycan nəsrinin zənginləşməsində Məmməd Səid Ordubadi, Yusif Vəzir Çəmənzəminli, Əli Vəliyev, Mir Cəlal, Süleyman Rəhimov, Mehdi Hüseyn, Hüseyn İbrahimov, Hüseyn Abbaszadə, Bayram Bayramov, Cəmil Əlibəyov, Vidadi Babanlı, Manaf Sülemanov, Ələviyyə Babayeva, Süleyman Vəliyev, Əzizə Əhmədova, Əfqan Əsgərov, Gülhüseyn Hüseynoğlu, Əlibala Hacızadə, Salam Qədirzadə, Çingiz Hüseynov, Ənvər Məmmədxanlı və başqalarının da xidmətləri vardır.

Yeni dövr Azərbaycan ədəbiyyatı (60-cı illərdən başlayaraq dövrümüzə qədər)
60-cı illərdən başlayaraq, qlobal ictimai-siyasi atmosferin bir qədər ilıqlaşması, SSRİ-də ideoloji buxovların zəiflədilməsi nəticəsində bədii yaradıcılıq sahəsinə gələn gənc istedadlar mövcud siyasi quruluşun tənqidini verən əsərlər yazmağa başladılar. Bunların arasında İsa Hüseynov, Məmməd Araz, Sabir Əhmədov, Anar, Əkrəm Əylisli, Elçin, Sabir Rüstəmxanlı, Ələkbər Salahzadə, Fərman Kərimzadə, Maqsud İbrahimbəyov, Rüstəm İbrahimbəyov, Mövlud Süleymanlı, Yusif Səmədoğlu, İsi Məlikzadəkimi nasir və şairlər vardır.
Söz və fikir azadlığı, siyasi düşüncə sərbəstliyi, plüralizm, milli istiqlal, ictimai ədalət uğrunda ədəbiyyatda başlamış bu hərəkat – 70-90-cı illərdə davam etdirilərək, ən nəhayət, Azərbaycanın siyasi suverenlik, dövlət müstəqilliyi əldə etməsi ilə öz perspektiv məqsədlərini həyata keçirmiş oldu.
Bəxtiyar Vahabzadə (1925), Nəbi Xəzri (1924), Nəriman Həsənzadə (1931) kimi sənətkarların poeziya və dramaturgiyasında da daha çox xalq tarixinin ibrətamiz səhifələri və lirik-psixoloji yaşantılar üstünlük təşkil edir. Bu şairlərin, eləcə də Qabil, Ənvər Əlibəyli, İslam Səfərli, Adil Babayev, Hüseyn Arif, Qasım Qasımzadə, Əliağa Kürçaylının bir çox əsərləri ədəbiyyatımızın qiymətli nümunələrindəndir. Bu mərhələnin ədəbiyyatında qədim bir ənənənin – başqa dildə milli mədəniyyət yaratmaq ənənəsinin davamını rus dilində yazıb yaradan İmran Qasımov, Maqsud İbrahimbəyov, Rüstəm İbrahimbəyov, Çingiz Abdullayev, Çingiz Hüseynov, Vladimir Qafarov,Vahid Məmmədli, Natiq Rəsulzadə, Alla Axundova və b. yazıçıların fəaliyyətində görürük. Onların Bakıda, Moskvada və Avropa ölkələrində dönə-dönə nəşr edilən əsərləri Azərbaycan milli mədəniyyətini zənginləşdirən, ona olan maraq dairəsini genişləndirən qiymətli nümunələrdir.
Azərbaycan ədəbiyyatının yeni mərhələsi üçün bədii zəmin hazırlayanlar və özləri də bu prosesdə fəal iştirak edənlər arasında Əli Kərim (1931-1969), Xəlil Rza (1932-1994), Cabir Novruz (1933-2002), Fikrət Sadıq (1930), Məmməd Araz (1933-2004), Famil Mehdi (1934-2002), Tofiq Bayram (1934-1991), İlyas Tapdıq (1934), Fikrət Qoca (1935), Musa Yaqub (1937), Məmməd İsmayıl (1939), Vaqif Səmədoğlu (1939), Arif Abdullazadə (1940-2002), Ələkbər Salahzadə (1941), İsa İsmayılzadə (1941), Çingiz Əlioğlu (1944), Nüsrət Kəsəmənli (1946-2001), Ramiz Rövşən (1946), Sabir Rüstəmxanlı (1946), Hamlet İsaxanlı (1948), Vaqif Bayatlı Önər (1949), Zəlimxan Yaqub (1950) və b. şairlər seçilirlər.
Azərbaycan müstəqillik əldə etdikdən sonra müasir ədəbiyyatda işğalda olan torpaqların geri qaytarılması, insanpərvərlik, ictimai ədalət və s. kimi ümumbəşəri ideyaların tərənnümü əsas yer tutur.
Hal-hazırda Azərbaycan ədəbiyyatının başlıca inkişaf meyilləri azərbaycançılıq məfkurəsinin tərənnümünə və təntənəsinə əsaslansa da, modernist və postmodernist meyillər də özünü göstərir. Orxan Fikrətoğlunun (“Ögey”, “Çevrilmə” hekayələri, “Üçüncü günün adamı” povesti), Məqsəd Nurun (“Küləkli şəhər”, “Ero-gigiyenik”, “Katastofiklər”, “Rütubət sevgiləri” hekayələri, “Şəhər meri” romanı), Sadıq Elcanlının ( “Zülmət” romanı), Mübariz Cəfərlinin (“Bərpaçı”, “Şahid qatar”, “Uydurma”, “Bənna” povestləri) əsərləri modernizmin, Kamal Abdullanın (“Yarımçıq əlyazma”, “Sehrbazlar dərəsi” romanları, “Tarixsiz gündəlik” povesti və s.) əsərləri isə postmodernizmin bariz nümunəsi hesab edilə bilər.
Qeyd etmək lazımdır ki, son onillikdə Azərbaycan poeziyasında modernist ruhlu əsərlərin də sayı artmaqdadır.

Mədəniyyət

XII əsr Azərbaycan ədəbiyyatında yeni bir şeir məktəbinin, şeir sərgisinin təsisçilərindən biri olan Mənisə xatın Məhsəti Gəncəvi ədəbiyyatımızda humanizmin yaranması və inkişafında mühüm rolu olan sənətkarlardandır. Şairənin haqqında çeşidli fikirlər mövcuddur. Şairə həm də dünyada dövr nüsxəsi olan “Əmir Əhməd və Məhsəti” dastanının da qəhramanlarından biridir. Yaşadığı dövrdən Məhsətinin əsərlərinin üzü köçürülmüş, divanı yaradılmışdır. Şairənin divanı XV əsrin əvvəlinə kimi olmuş XV əsrin sonunda, deyilənə görə, Abdulla xan Özbək Herat şəhərini tutan zaman şairənin divanı itib batmışdır. Məhsətinin bir rübaisində dediyinə görə o qələmini təkcə gözəl rübailər yaratmaqla sınamamış, həm də qəzəllər və qitələr də yazmışdır. İndiki dövrdə şairənin divanı itmiş sayıldığından onun əsasən rübailərdən ibarət olan şerləri müxtəlif tarixi-ədəbi mənbələrdən, bir də “Əmir Əhməd və Məhsəti” dastanından toplanmışdır.

Məhsəti dövründən başlayaraq şairə haqqında mənbələrdə məlumatlar verilməsinə baxmayaraq böyük rus alimi Y.E.Bertels şairənin dastan qəhrəmanı olduğunu və belə bir şairənin tarixdə yaşamadığı qənaətinə gəlmişdir. Halbuki, şairənin tarixi şəxsiyyət kimi yaşaması böyük Nizaminin “Xosrov və Şirin”inin müqəddiməsində Səlcuq sultanı II Toğrulun mədhindən, həm də Məhsəti ilə həməsr olan böyük sufi şairi Fəridəddin Əttarın “İlahinamə” əsərində verilmiş bir hekayətdən məlum olur.

İlk dəfə XX əsrin 20-30-cu illərində Məhsətidən danışan Mir Abbas Mirbağırzadə şairənin anadan olma tarixini “Əmir Əhməd və Məhsəti” dastanında verilmiş Məhsətinin 20 yaşı olduqda sultan Mahmud Səlcuqi (1117-1132) sarayına yaxınlaşdığından belə nəticəyə gəlmişdir ki, şairə 491-ci ildə (1097-1098) doğulmuşdur. İran müəllifləri də Məhsətidən danışarkən bu tarixi əsas kimi vermişlər. Azərbaycan tədqiqatçıları 1984-cü ildə alman alimi Frits Meyerin “Gözəl Məhsəti” əsərində əksini tapmış, bir maddeyi tarixi verilmiş rübaini şərh edərək həmin tarixin (491 (1097-1098) düzgünlüyünü təsdiqləmişdilər. “Məhsətinin doğum və ölüm tarixləri” adlı məqalə AMEA-nın “Məruzələri” jurnalında çap edilmişdir. Bu vaxta qədər 200-dən artıq müəllif və tədqiqatçı Məhsətidən danışmışdır.

1) İranda Şəhab Tahiri ilk dəfə ayrı-ayrı mənbələrdə olan rübai, qitə və qəzəlləri toplayıb 1957-ci ildə 200-ə yaxın şeir parçasından şairənin ilk divanını tərtib etmişdir.

2) Alman alimi Frits Meyer 1963-cü ildə Almaniyada 20 illik zəhmətin nəticəsi olan “Gözəl Məhsəti” monoqrafiyasını yaratmış, burada 257 rübai və 30-a qədər şeir parçasını toplamışdır.

3) Azərbaycan alimi professor, filologiya elmlər doktoru Xəlil Yusifov “Məhsəti Gəncəvi” əsərini yaratmış, əsərinin sonunda 190-qədər Məhsəti rübaisini öz vəznində əruzla Azərbaycan dilinə tərcümə etmişdir.

4) Rəfail Hüseynov “Məhsəti necə varsa” elmi-publisistik monoqrafiyasını yazıb nəşr etdirmişdir.

Məhsəti o əsrdə dəbdə olan fars dilində yazmışdır. Bu vaxta kimi Məhsətinin “Əmir Əhməd və Məhsəti” dastanından alınmış rübailəri on bir dəfə heca vəzni ilə Azərbaycan dilinə tərcümə edilmişdir. Bundan başqa Məhsətinin rübailəri rus, ingilis, alman, fransız və italyan dillərinə də tərcümə edilmişdir.

Xaqani Şirvani

(1126-1199)

Şairin adı İbrahim, atasının adı Əlidir. Orta əsr mənbələrində o, belə təqdim edilir: Əbu Bədil Əfzələddin İbrahim ibn Əli Nəccar ibn Osman ibn İbrahim Həqaiqi Həssanul-Əcəm Xaqani Şirvani. Burada Həqaiqi, Həssanul-Əcəm və Xaqani onun təxəllüsü,​ Əfzələddin ləqəbi, Əbu Bədil künyəsi və Şirvani mənsub olduğu yerin adıdır.

Xaqani 1126-cı ildə Şamaxıda anadan olmuşdur. İlk təhsilini əmisindən almış və dövrünün müxtəlif elmlərinə dərin maraq göstərmişdir. Gənc yaşlarından yüksək şairlik istedadını göstərən Xaqani Şirvanşahlar sarayına dəvət edilir və orada böyük şöhrət tapır. Saray çəkişmələri və paxılların münasibəti nəticəsində şair həbs edilir. Daha sonralar Xaqani Yaxın Şərq ölkərərində səfərdə olmuş və təəssüratlarını poetik əsərlərdə vermişdir. Şair ömrünün son illərini Təbrizdə keçirmişdir. Xaqani 1199-cu ildə vəfat etmiş və Təbrizin “Şairlər qəbiristanlığı”nda dəfn edilmişdir.

Xaqaninin zəngin ədəbi irsi 17 min beytlik lirik şerlər divanı, “Töhfətül-İraqeyn” poemasından, bədii nəsrin maraqlı nümunələri olan 60 məktubdan ibarətdir. Divanındakı şeirlər qəsidə, qəzəl, mədhiyyə, mərsiyə, rübai və s. ibarətdir. Onun ictimai-fəlsəfi məzmunlu əsərlərinə “Şiniyyə” və “Mədain xərabələri” qəsidələri, “Həbsiyyə” şeirləri və “Töhfətül-İraqeyn” poeması daxildir.

Xaqani əsərlərini fars və ərəb dillərində yazsa da şerə gətirdiyi bir sıra yeniliklərinə və ədəbi-bədii xüsusiyyətlərinə görə Azərbaycan məktəbini təmsil etmişdir.

Xaqaninin əsərlərinə Şərqin bir çox görkəmli şairləri nəzirələr yazmışlar. Şairin bədii irsinin öyrənilməsi ilə Azərbaycan, İran, Rusiya, Hindistan, Pakistan və Qərbi Avropa tədqiqatçıları məşğul olmuşlar. Azərbaycan alimləri akad. Həmid Araslı, Qafqaz Kəndli-Herisçi və Məmmədağa Sultanov şairin həyatını və yaradıcılığını öyrənməkdə dəyərli işlər görmüşlər.

Xaqaninin poetik əsərlərinin müəyyən hissəsinin Azərbaycan dilinə tərcüməsi M.Rahim, Ə.Vahid, M.Mübariz və başqalarına məxsusdur.

Nizami Gəncəvi
(1140-1209)

İlyas Yusif oğlu Nizami XII əsrdə Azərbaycan intibah mədəniyyətinin yetişdirdiyi dahi söz ustası, mütəfəkkir filosoflardandır. O, Şərq-Qərb mədəniyyətlərinin cərəyan etdiyi məşhur ipək yolu üzərində yerləşən qədim Gəncə şəhərində doğulmuş, təhsil və yaradıcılıq illəri bu şəhərdə keçmişdir. XI əsrdən Arranın mərkəzi şəhəri olmaq üzrə burada şəhər mədəniyyəti inkişaf etmiş, dövlət sarayı, mədrəsə, tibb, elm ocaqları fəaliyyət göstərmiş, ədəbiyyat, tarix, fəlsəfə, hücum, fiqh və dini elmlər tədris edilmişdir.

Nizaminin ədəbi şəxsiyyəti haqqında ilk bioqrafik məlumatlar şairin ölümündən üç yüz il sonra qeydə alındığı üçün onun yaşı, dəqiq ölüm tarixi, səfərləri, valideynləri, qohumları haqqında mötəbər fikir deyilməmişdir. Bu barədə nə deyilmişsə alimlərin təxmin etdiklərindən başqa bir şey deyildir. Nizami özü atası, babası və anasından ad çəkmişdir.

Nizami başqa sələf və çağdaşları kimi bədii yaradıcılığa qəzəl və qəsidə ilə başlamışdır. Ancaq bu yol onu təmin etməmiş, Firdovsidən sonra XI əsrdən intişar tapmağa başlayan epik roman-dastan yaradıcılığı janrına ciddi meyl göstərməyə başlamışdır. Onun bu yöndə ilk sınaq əsəri “40 yaşının intizarında” ikən yazdığı, “Məxzənül-əsrar” XII əsrdə yaradılmış epik məsnəvi janrının orijinal nümunələrindən biridir. Bu əsərdə hekayət və dastan süjetləri yanaşı və bədii formada işlənmişdir. Hekayə və dastanlar əsərdə epikliyin başlıca əlamətlərini — bədii dil, ifadə və məzmun xüsusiyyətlərini özündə əks etdirir. Məsnəvidə 13 dastan və yeddi hekayət verilmişdir. Bir qayda olaraq dastan və hekayətlər məqalətlərdən sonra gəlib onların irfani-fəlsəfi və əxlaqi məna və rəmzlərinin söz açımına və bədii şərhinə xidmət edir.

“Məxzənül-əsrar” (“Sirlər xəzinəsi”) tovhi və minacaq, peyğəmbərin tərifi və meracı müqəddimələrilə başlanır. Burada Allahın zat və sifətləri, birliyi, yaradıcı olması ixtiraçı və başlanğıc olması, onu tanımaq və tanıtdırmaq üçün H.Məhəmmədi (s) peyğəmbər təyin etməsi, onunla müsəlmanlara hikmət kitabı Qurani-Kərimi göndərməsi və s. məsələlər izah olunur. Kitabın bədii hissələrilə bu müqəddimələr arasında məna-məzmunca sıx bağlılıqlar vardır və Quran ayələrinə işarələr edilmişdir. Nəticə etibarilə, “Sirlər xəzinəsi” dünya, kamil insan və kamil cəmiyyət haqqında dolğun islami bədii əsərdir.

Nizaminin ikinci əsəri “Xosrov və Şirin” 1180-ci ildə Azərbaycan hökmdarı Cahan Pəhləvanın adına yazılmışdır. Şair əsərin mövzusunu islamdan qabaqkı İran tarixindən almışsa da, Firdovsidən bir qədər fərqli nəzmə çəkmişdir. “Xəmsə”yə daxil olan başqa əsərlər kimi “Xosrov və Şirin”də minacat, peyğəmbərin tərif və meracı, padşaha xitab bölmələrilə başlayır. Kitabın tərtibi bəhsində əsərin əsasında duran eşqin fəlsəfi mənasını izah edən şair onu kosmik eşq adlandırır və yazır: “Fələyin eşqdən başqa mehrabı yoxdur. dünya (başdan-başa) eşqdir (eşq ilə doludur)”. Onun fikrincə “Əgər eşq daşın ürəyinə düşərsə, sevgidən içindəki cövhərə (cəvahirə) əl atar. Maqnitdə eşq olmasaydı dəmiri özünə necə çəkərdi?” – deyən Nizami bu dünyəvi, həqiqi eşqi Xosrov və Şirin surətində dolayısı ilə Turan və İran arasında görmək istəyirdi. Nizaminin Şirini Əfrasiyab nəslindən olan turanlı şahzadə kimi qələmə verməsi buna bir işarə idi. Şair bu istəyini Atabəylər dövlətinin mərasında aşılamaqla sırf siyasi məqsəd güdür.

Nizami bu əsərində eşq və mənəvi təkamül yolu ilə ictimai-siyasi məsələləri həll etmək istəyirsə, Xosrovun eyş-işrət və şöhrətpərəstliklə keçirməsi bu ideyanın həyata keçməsinə mane olur. “Odun oğlu kül olar” məsəlilə oğlu Şiruyənin xəyanətilə öldürülür. Şair bu hadisədən fəlsəfi nəticə çıxararaq təbiət həyatının dövranlarına işarə edir və deyir ki, “Özünü tanı ki, məna yolu ilə, həqqi tanıyarsan, əgər özünü bilsən, fələyin uzaqlığına baxma, o sənin qarşında bir aynadır. Sən iki aləmin toplususan”. Nizami bildirir ki, insan vücudu dörd ünsürdən kamala çatsa da, dörd ünsürün xasiyyət və ixtilaflarından uzaqlaşmalıdır. Bunun üçün o, təbiət hadisələrindən çoxlu misallar verir. İnsan cismani zövqlərə deyil, mənəvi-əqli təkamülə meyl etməlidir.

Nizami bu əsərində təbiətşünas alim kimi ictimai həyat məsələlərini təbiətin fəlsəfəsilə həll etməyə çalışır.

“Xosrov və Şirin” ədəbi-bədii quruluş, dil-üslub baxımından da orijinal məziyyətlərə malikdir. Əsərdə Xosrovla Şirinin deyişmələrini və onların adından Bərbət və Nəkisanın musiqi ahənglərinin müşayiətilə qəzəllər tərənnüm etmələri həyat fəlsəfəsinin musiqi və poeziyanın vəhdətində təcəssüm edildiyinə bir sübutdur.

1188-ci ildə Şirvanşah Axsitanın sifarişilə yazdığı “Leyli və Məcnun” əsərinin mövzusunu islamaqədərki ərəb folklorundan alan Nizami süjetin mərkəzində Ərəbistan təbiətini və bədəvi həyatını saxlamaqla üzri qəbilə həyatında platonik məhəbbətin islamiyyət dövründə keçirdiyi yeni istihalə prosesini qələmə almaq istəmişdir. VIII əsrdən Bağdad şəhərində təsis edilən tərcümə və tədqiq mərkəzi antik və qədim yunan ədəbi-fəlsəfi əsərlərilə tanış etdiyi çağlarda IX-X əsrlərdə rabilər Məcnun və Leylinin eşq məcaraları ilə maraqlanmış və onların hekayətlərini toplamağa başlamışlar. Rəvayətlərdə gedən islamlaşma prosesi də bu dövrlərdə baş vermişdir.

İslamiyyət dövründə ictimai əxlaq eşqin qəzəllər vasitəsilə xalq arasında faş edilməsini təhqir və yolverilməz saydığı halda, üzrilərin həyatında eşqin üluhiyyəti hər məhdudiyyəti rədd edir. İslamda isə bu hal sərsərilik və “dəlilik” kimi qəbul olunur. Nizami eşqi intibah fəlsəfəsi baxımından təbiətin başlıca qanunu kimi izah edir və deyir ki, bu eşqlə müxalifət mümkünsüzdür. Məcnun Kəbədə də, səhrada da, göylərdə də eşqin cari olduğunu görür, Kəbədən də, ulduzlardan da eşqinə himayəçi olmağa çağırır.

Məcnunun təbii eşqi qəbilə adət-ənənələrinin maneəsindən keçə bilmədiyi üçün nakamlığa uğrayır. Əsərdə yeniliklə, yeni intibah həyatı və təfəkkürü ilə köhnəliyin, cahiliyyətin arasındakı kəskin ziddiyyətlərə ciddi diqqət yetirilir və bu hal intibahın ilk dövrləri üçün çox səciyyəvidir.

Nizami bu poemasının müqəddimə hissələrində Axsitanın poemanı ərəb-farsın söz incilərilə əsəri zinətləndirmək, türksayağı deyim və xasiyyətləri kənara qoymaq haqqındakı fikirlərinə ciddi etiraz edir və Leyli ilə Məcnunu ərəblər içərisində yaşayan türk deyimli türklər adlandırır. Bu fikirlər şübhəsiz XII əsrdə Azərbaycan intibahının səciyyəvi xüsusiyyəti idi.

“Leyli və Məcnun” kimi Nizaminin Marağa hakimi Ağsunqur Körpə Arslanın adına 1197-ci ildə yazdığı “Həft peykər” (“Yeddi gözəl”) poeması süjeti Sasani hökmdarlar sülaləsi tarixindən alınmış intibah əsəridir. Əsərin məzmunu VIII-X əsrlərdə islam intibahı dövründə antik Midiya-Yunan bədii-fəlsəfi mədəniyyətlərinin sintezləşdiyi eşq, sosial həyat və dövlətçilik məsələləri üzərində qurulmuşdur. Burada da eşq “Xosrov və Şirin”də, “Leyli və Məcnun”dakı kimi irəli sürülən kosmik-dünyəvi eşqdir. Bu eşq hər yerdə öz təbiətinə görə ziddiyyətləri aradan götürüb tərəflər arasında sülh və bərabərlik yaradır.

Poemada kosmik aləm yeddi gümbəz modelində yerdə bərqərar olunur. Yeddi planeti təmsil edən bu gümbəzlərin hər biri öz rənginə və xasiyyətinə görə insanın daxili və xarici bədən üzvlərinin hər birinin xasiyyəti və əməlinə uyğunlaşdırılır. Bununla da insanın əxlaqi gözəllik və qüsurları üzə çıxarılır. Bu konsepsiyaya görə insan mənşəyinə görə hissi (maddi) və əqli (mənəvi-ruhi və ya əqli-nəfsi) aləmlərin vəhdəti kimi götürülür.

“Yeddi gözəl ” də Farabinin “Fəzilətli adamların şəhəri” adlı əsərinin güclü təsiri olmuşdur. Orada da bədən şəhərə, ölkəyə oxşadılmışdır. Bu əsərdə antik zərdüşti və yunan naturfəlsəfi fikrinin konsepsiyası öz bədii ifadəsini tapmışdır.

1200-1203-cü illərdə yazıldığı təxmin edilən “İsgəndərnamə” şairin arzusu ilə çox sevdiyi Nüsrətəddin Əbubəkrə ithaf edilmişdir. Bu əsərin də mövzusu İran-Yunan müharibələri tarixçəsindən alınmışdır. Bu da şərq intibahının başlıca xüsusiyyətidir.

Bu əsərdə Nizaminin məqsədi müharibələrin təfsilatı deyil, bəlkə yunanların şərq mədəniyyətlərilə tanışlığı və bu yol ilə iki mədəniyyətin sintezləşməsidir. İsgəndər İran təşkədərlərini yandırarkən yanındakı filosofların təkidləri ilə dəri üzərində yazılmış “Avesta” mətnlərini Yunanıstana göndərib tərcümə edilib öyrənilməsini tövsiyə edir. Antik yunan alimlərinin muğların naturfəlsəfi nəzəriyyələrinin öyrəndiklərini və onları iqtibal etdiklərini yunan alimləri özləri təsdiq etməkdədir. İsgəndər Nizaminin yazdığına görə öz Vətənində görmədiyi bir çox mədəniyyət və cəmiyyətlərilə bağlı real hadisələrə həyatın möcüzələri kimi baxır. O, yol boyu müxtəlif ölkə, xalq və mədəniyyətlərlə üzləşir, hind çarbaklarının təlimlərilə tanış olur, şimala doğru qayıdarkən almaz çölünə gəlib çıxır, əsgərlər almaz parçalarını yığıb torba-torba özlərilə daşıyırlar. Əsərdə ən əhəmiyyətli mədəni hadisə İsgəndərin “başçısızlar” ölkəsinə gəlib çıxmasıdır. O, buradakı adamların həyatı, düşüncəsi, bərabərliyə dayanan ictimai idarə üsulunu görüncə heyrət edir. Nəhayət İsgəndərin şimal zülmətində dirilik suyunun olması xəbərini eşitməsi və oraya yol tapmaq istəməsidir. Ədəbi dirilik vasitələrinin axtarışı ən qədim mədəniyyətlərə, bu sırada şumer dastanlarında mövcud olmuşdur. Şumer dastanında da ölümsüzlük çarəsi şərqdə, ehtimal ki, Xəzər, ya Urmu gölündəki adamların birində aranır. Onun çarəsini bu adada sakin olan Uminanitdin bilir. Zərdüşti ənənəyə görə ölümsüzlüyün dərmanı “Hoym” bitkisidir.

İsgəndər Xızır peyğəmbərlə zülmətə gedərkən yolu azır, Xızır isə əbədiyyət suyunu tapıb içir və bu haqda İsgəndərə xəbər verir.

Beləliklə, İsgəndər Yunanıstanda deyil, şərqə səyahətləri dövründə görüb öyrəndiyi şərq mədəniyyətləri, şərq elmi-fəlsəfi dünyagörüşü nəticəsində əqli təkamülün zirvəsi olan peyğəmbərlik məqamına yüksəlir. Bu cəhətdən “İsgəndərnamə” Nizaminin bədii-fəlsəfi yaradıcılığında son kamil intibah əsəridir.

Mirzə Şəfi Vazeh
(1794-1852)

Mirzə Şəfi Vazeh XIX əsrin birinci yarısı Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biridir.

Şəfi 1794-cü ildə Gəncə şəhərində kiçik sənətkar — bənna ailəsində anadan olmuşdur. O, burada mədrəsədə dini təhsil almış, ərəb və fars dillərini kamil öyrənmiş və klassik Şərq ədəbiyyatının məşhur şairlərinin əsərlərinə bələd olmuşdur. 30-cu illərin əvvəllərində Mirzə Şəfi Gəncə mədrəsəsində müəllimlik etmiş, əsasən uşaqlara nəstəliq dərsi öyrətmişdir. Gözəl bədii istedadı olan və klassik Şərq şairlərinin irsinin ideya-bədii məziyyətlərinə dərindən bələd olan Mİrzə Şəfi gənc yaşlarından bədii fəaliyyətə başlamış və Vazeh təxəllüsü ilə şerlər yazmışdır.

1840-cı ildə Mirzə Şəfi Tiflis şəhərinə gəlmiş və burada quberniya ibtidai məktəbində Azərbaycan dili üzrə müəllimlik vəzifəsində çalışmışdır. 1846-cı ildə o, Gəncəyə qayıtmış bu şəhərdə yeni açılmış məktəbdə müəllimlik etmişdir. Dörd ildən sonra Vazeh yenidən Tiflisə qayıtmış və Tiflis zadəgan gimnaziyasında Azərbaycan və fars dilləri üzrə müəllimlik vəzifəsini icra etmişdir.

Mirzə Şəfi 1852-ci ildə vəfat etmiş və Tiflisdə müsəlman qəbiristanlığında dəfn olunmuşdur.

Vazeh 1844-cü ildə Tiflisdə “Divani-hikmət” adlı ədəbi məclis təşkil etmişdi. Məclisdə bu illərdə Tiflisdə yaşayan və xidmət edən görkəmli Azərbaycan şairləri Abbasqulu ağa Bakıxanov, Mirzə Fətəli Axundov və başqa şairlər iştirak etmişdilər. Bu zaman Tiflis zadəgan gimnaziyasında müəllimlik edən alman şairi və tərcüməçisi Fridrix Bodenşted Mirzə Şəfi ilə yaxından tanış olmuş, ondan fars dilini öyrənmiş və məclisin fəal üzvlərindən bir olmuşdur. 1846-cı ildə Bodenşted Almaniyaya qayıdarkən Mirzə Şəfi Vazehin əlyazma şeirləri divanını da özü ilə aparmış və onun şeirlərini alman dilinə tərcümə edərək onların bir qismini 1848-ci ildə nəşr etdirdiyi “Min bir gecə” kitabında, 1851-ci ildə isə tam şəkildə “Mirzə Şəfinin şərqiləri” adı altında çap etdirmişdir. Tezliklə Vazehin şerləri Almaniyada geniş yayılmış və onlar alman oxucularını heyran etmişdir. Mirzə Şəfinin tezliklə fransız, ingilis, rus və başqa xarici dillərə tərcümə edilib, nəşr olunmuş və o, qüdrətli bir şair kimi dünya şöhrəti qazanmışdır.

Gənclik illərində ömrünün sonuna qədər ardıcıl bədii fəaliyyətlə məşğul olan Mirzə Şəfi Vazeh klassik şərq poeziyasının görkəmli nümayəndələrinin, xüsusən, Hafiz, Sədi, Rumi və Füzulinin təsiri altında qəzəl, müxəmməs, rübai, qitə, həcv janrlarında yüksək ideya-bədii məziyyətləri ilə seçilən şeirlər yazmış, qiymətli bir irs yaratmışdır. Lakin onun şeirlərinin az bir qismi bizə çatmışdır. Onların əksər hissəsini alman dilində tərcümələri təşkil edir.

Mirzə Şəfi Vazeh şeirləri mövzu və ideya məzmununa görə müxtəlif səciyyə daşıyır. Onların mühüm bir hissəsi məhəbbət mövzusuna həsr olunub. Onlardan zəngin mənəvi aləmlə seçilən aşiqin öz məhəbbəti ilə əlaqədar keçirdiyi hiss və həyəcanları, sevinc və iztirabları təsvir və tərənnüm olunmuşdur. Bu lirik şeirlərdə dünyəvilik, həyata optimist münasibət özünü bariz göstərir. Vazehin lirik şeirlərinin bir qismində isə ilahi məhəbbət, dini-mistik ideyalar, şərq pantizmi motivləri əks olunmuşdur.

Vazehin tənqid-satirik ruhda qələmə alınmış şeirləri vardır. Bu şeirlərində şair feodal cəmiyyətinin ictimai nöqsanları, ifrat dini fanatizm, dindən öz əksi mənafeyi üçün istifadə edən riyakar, nadan ruhanilər tənqid olunub.

Mirzə Fətəli Axundov
(1812-1878)

Mirzə Fətəli Axundov yeni dövr Azərbaycan ədəbiyyatı və ictimai, siyasi və fəlsəfi fikrinin inkişafında mühüm rol oynayan görkəmli yazıçı, mütəfəkkir və ictimai xadimdir.

Fətəli 1812-ci ildə Nuxa (indiki Şəki) şəhərində anadan olmuşdur. O, ilk təhsilini mollaxanada almışdır. 1818-ci ildə Fətəli anasının əmisi Axund Ələsgərin himayəsi altına keçibdir. Dövrünün görkəmli ruhanisi olan Axund Ələsgər kiçik Fətəlinin ağıllı, fərasətli bir uşaq olduğunu görüb, onun təhsil və tərbiyəsi ilə şəxsən məşğul olmuş, ona fars və ərəb dillərini, quranı, dini-fəlsəfi elmlərini öyrətmiş, klassik şərq ədəbiyyatının görkəmli nümayəndələrinin irsi ilə tanış etmişdir.

1832-ci ildə Axundov Gəncə şəhərində mədrəsədə dini təhsilini davam etdirmiş və burada müəllimlik edən şair Mirzə Şəfi Vazehlə onun arasında sıx dostluq əlaqəsi yaranmışdır. İstedadlı, azad fikirli şair olan Mirzə Şəfi Vazeh gənc Fətəlinin dünyagörüşünə qüvvətli təsir göstərmişdir. Bu təsirin sayəsində Axundov ruhani olmaq niyyətindən əl çəkmiş və ömrünü dünyəvi işlərə həsr etmək qərarına gəlmişdir.

1833-cü ildə M.F.Axundov Şəkidə ibtidai rus məktəbində oxumuşdur. 1834-cü ildə o, Tiflisdə Rusiyanın Qafqaz baş dəftərxanasında Şərq dilləri üzrə tərcüməçi vəzifəsində xidmət etməyə başlayır. Bu ildən ta ömrünün sonuna qədər Qafqazın baş hakimləri yanında mülki işlər, eyni zamanda müəyyən bir müddətdə diplomatik və hərbi işlər üzrə tərcüməçi vəzifəsində çalışmışdır.

M.F.Axundov Tiflisdə çox mənalı və əlamətdar bir mühitə düşmüşdür. O, burada Şərq ədəbiyyatı, fəlsəfəsi, tarixi sahəsində biliklərini olduqca təkmilləşdirmişdir. O, eyni zamanda yeni dövr Qərbi Avropa və rus ədəbiyyatı, mədəniyyəti, ictimai-siyasi, fəlsəfi fikrinin və dünyəvi elmlərinin nailiyyətlərinə yiyələnmişdir.

M.F.Axundov xidmət illərində bir şair, dramaturq, nasir, ədəbiyyat tənqidçisi, filosof və sosioloq kimi qızğın və səmərəli fəaliyyət göstərmiş, zəngin və rəngarəng bir irs yaratmışdır.

1857-ci ildən ta ömrünün sonuna qədər M.F.Axundov əvvəl islam əlifbasının islahı, 70-ci illərin əvvəllərindən isə onun latın əlifbası ilə əvəz olunması uğrunda fəal və cəsarətlə mübarizə aparmış və ərəb əlifbasının ilk “reformatoru” kimi Yaxın Şərq və Avropa ölkələrində tanınmışdır.

Böyük Azərbaycan yazıçısı mütəfəkkiri və ictimai xadimi M.F.Axundov 1878-ci il fevralın 26-da (yeni təqvimlə martın 10-da) vəfat etmiş və Tiflisdə dəfn olunmuşdur.

M.F.Axundov gənclik illərində şair kimi fəaliyyətə başlamış və ömrünün sonuna qədər vaxtaşırı poetik yaradıcılığını davam etdirərək həm klassik şeir, həm də xalq şeiri üslubunda Azərbaycan və fars dillərində Səbuhi təxəllüsü ilə qoşma, gəraylı, müxəmməs mənzum məktublar, satirik və əxlaqi-didaktik şeirlər, qəsidələr yazmışdır. Onun poetik irsində dahi rus şairi A.S.Puşkinin ölümünə həsr olunmuş “Şərq poeması”, öz yaxın sələfləri M.P.Vaqif və Q.Zakirin təsiri altında yazdığı qoşma və müxəmməsləri İran hökmdarı Nəsrəddin şahın vəzirlərini kəskin tənqid atəşinə tutan “Yeni əlifba haqqında” satirası və didaktik səciyyə daşıyan şeirləri xüsusi əhəmiyyət kəsb edir.

M.F.Axundov Azərbaycan ədəbiyyatında bir dramaturq kimi böyük, misilsiz xidmət göstərmiş, geniş şöhrət qazanmışdır. Yüksək komik istedada malik olan Mirzə Fətəli XIX əsrin 50-ci illərin əvvəllərində “Hekayəti-Molla İbrahimxəlil kimyagər” (1850), “Hekayəti müsyö Jordan və dərviş Məstəli şah”, “Cadügini-Məşhur” (1850), “Hekayəti-Xırs quldurbasan” (1851), “Sərgüşəti-vəziri-xani Lənkəran” (1852), “Hekayəti-mərdi xəsis” (1852), və “Mürafiə vəkilləri” adlı komediyalar yazmış, Azərbaycan ədəbiyyatında milli dramaturgiyanın mükəmməl əsaslarını qoymuşdur. Öz altı komediyası ilə o, Azərbaycan ədəbiyyatının real həyatla əlaqəsini olduqca qüvvətləndirmiş, onu öz dövrünün mühüm aktual ictimai, sosial və mənəvi məsələləri ilə əlaqəsini, xalqın zəruri tələb və ehtiyacları ilə bağlı olan yeni məzmun, yeni ideyalar gətirmiş və milli ədəbiyyatımızda yeni, realist ədəbiyyatın əsaslarını qoymuşdur. O, komediyalarında Azərbaycan xalqının 30-50-ci illər dövrü həyatı, ailə-məişət xüsusiyyətləri, sosial və mənəvi vəziyyəti təsvir etmiş, müxtəlif ictimai təbəqə və zümrələrin dolğun, parlaq, rəngarəng surət və tiplərini yaratmışdır.

M.F.Axundov bir komedioqraf kimi öz Vətəni və Yaxın Şərq müsəlman ölkələrində, eləcə də Rusiya və Qərbi Avropa ölkələrində tanınmış, şöhrət tapmışdır.

M.F.Axundov 1857-ci ildə “Aldanmış kəvakib” povestini yazmış və Azərbaycan ədəbiyyatında yeni tipli bədii nəsrin ilk əsaslarını qoymuşdur. Povestdə o, Avropa maarifçilərinin “dünyanı sağlam aqil idarə edir” konsepsiyasından çıxış edərək müasir olduğu İran feodal-despomik üsul-idarəsinin ictimai nöqsanlarının, ölkənin ali feodal dövlət başçılarını kəskin satira atəşinə tutmuş və maarifçi, humanist hakim ideyasını qızğın təbliğ etmişdir. Axundovun “Aldanmış kəvakib” povesti dünya maarifçi nəsrinin orijinal və parlaq nümunələrindən birini təşkil edir.

Keçən əsrin 50-70-ci illərində Azərbaycan və fars dillərində bir silsilə olduqca uğurlu ədəbi-tənqidi məqalələr yazmış və Azərbaycan ədəbiyyatında ədəbi-tənqidi təşəkkül sahəsində də misilsiz xidmət göstərmişdir.

Tənqidçi-formalist və dini-mistik ədəbiyyatının kəskin tənqidi və yeni, realist ədəbi prinsiplərin təbliği onun ədəbi-tənqidinin və estetik görüşlərinin əsas məzmun və problemlərini təkşil edir.

M.F.Axundov XIX əsrin 60-70-ci illərində filosof və sosioloq kimi də fəal, məhsuldar fəaliyyət göstərmiş, “Kəmalüddövə məktubları” fəlsəfi traktantını “Həkim ingilis Yuma cavab”, “Con Stuart milli azadlıq haqqında”, “Mollayi-Rumi və onun təskifi” və başqa fəlsəfi-sosioloji əsərlərini yazmışdır. O, bu əsərlər ilə Azərbaycan və Yaxın Şərq müsəlman ölkələrinin fəlsəfi, siyasi, ictimai və sosial fikrində də əsaslı bir dönüş yaratmış, maarifçilik ideologiyasının ilk mükəmməl əsaslarını qoymuşdur.

M.F.Axundovun fəlsəfi traktatında və başqa fəlsəfi əsərlərində dünya maarifçilik ideologiyasının əsas tipik xüsusiyyətləri geniş, dərin, parlaq əksini tapmışdır. XVIII əsrin Qərbi Avropa ölkələri maarifçiliyinin və XIX əsrin 40-60-cı illər rus maarifçiliyinin görkəmli nümayəndələri kimi Axundov da fəlsəfi-sosioloji əsərlərində feodal despotik üsulidarəsinə, feodal dövlət və idarə sisteminə, feodal ictimai, sosial münasibətləri və hüquqi təsisatlarına, feodalizm ideoloji və mənvi dayağı olan dinə və orta əsrlər dini-ideologi baxımlara, sosioloji təhsilə və təlim-tərbiyə üsullarına qarşı çıxmış və yeni dövlət qurumunun-parlament üsul-idarəsini, yeni iqtisadi, ictimai, sosial, münasibətləri və qayda-qanunlarını, yeni liberal-demokratik görüşləri, yeni mənəvi-əxlaqi görüşləri, Avropa ölkələrinin yeni dövr elmi-mədəni nailiyyətlərini qızğın təbliğ etmişdir.

M.F.Axundov Azərbaycan və Yaxın Şərq müsəlman xalqlarının yeni dövr ədəbi-fəlsəfi fikrinin inkişafı tarixində müstəsna yer tutan bir yazıçı və filosof kimi tanınmış və şöhrət qazanmışdır. O, eyni zamanda ümumən dünya maarifçilik ideoloji cərəyanı parlaq nümayəndələrindən biri hesab olunur.

Seyid Əzim Şirvani
(1835-1888)

XIX əsr Azərbaycan ədəbiyyatında istedadlı lirik və satirik şair kimi tanınır. O, həm də maarifçi şeirləri və mənzum hekayələri, təmsilləri ilə məşhurdur. Seyid Əzim 1835-ci il iyulun 10-da Şamaxıda doğulmuş, lakin 7-8 yaşında ikən atası Seyid Məhəmməd vəfat etdiyi üçün anası ilə birlikdə Dağıstanda yaşayan babası Molla Hüseynin yanına köçərək 10 il orada yaşamış, ilk təhsilini də Dağıstanda almışdır. 1835-ci ildə 18 yaşında ikən Şamaxıya qayıtmış və ömrünün sonunadək burada yaşayıb ədəbi və elmi-pedoqoji fəaliyyət göstərmişdir. Yəni həm özü məktəb açaraq dərs demiş, həm Şamaxı Ruhani məclisinin nəzdində Səid Əfəndi Ünsizadənin açdığı “Məclis” məktəbində əvvəl müəllim, S.Ünsizadə Tiflisə köçdükdən sonra ona rəhbərlik etmişdir. 1877-ci ildən isə eyni zamanda Şamaxı şəhər məktəbinə şəriət və ana dili müəllimi təyin olunmuşdur. Pedoqoji fəaliyyəti zamanı əldə etdiyi təcrübəyə əsasən iltisav məktəb şagirdləri üçün dərslik yazmış, lakin onun nəşri üçün göstərdiyi bütün cəhdlər puça çıxmışdır. Seyid Əzimin bu dərsliyinin nəşr edilməsinə o zamankı Çar hökuməti idarələri icazə verməmişlər.

S.Ə.Şirvani XIX əsrdə nəşr olunan milli mətbuat orqanlarının hamısında — “Əkinçi” (1875-1877), “Ziya (Ziyayi-Qafqasiyyə)” (1879-1884) və “Kəşkül” (188 -1891) maarifə çağırış, əxlaqi, didaktik ruhlu şeirləri və məqalələri ilə əməkdaşlıq etmişdir. Lakin şair “Əkinçi” qəzetinin nəşrini Azərbaycan ictimai-mədəni mühitində parlaq bir hadisə hesab edib şeirlə təbrik məktubu göndərsə də, qəzetin təbliğ etdiyi ictimai ədəbi və mədəni ideyaların mahiyyətini dərk edib mənimsəmək üçün ona təxminən bir il vaxt lazım olmuşdur; 1876-cı ilin ortalarından Seyid Əzimin dövrünə görə qabaqcıl, maarifçi ruhlu şeirləri “Əkinçi” qəzetində, sonra isə “Ziya (Ziyayi-Qafqasiyyə)” və “Kəşkül”də tez-tez çap edilmişdir. Beləliklə, o, ədəbiyyat tarixində həm də maarifçi şeirlər müəllifi kimi tanınmışdır.

Seyid Əzim Şamaxıda fəaliyyət göstərən “Beytüs-Şəfa” adlı ədəbi məktəbə rəhbərlik etmiş, eyni zamanda Bakı, Qarabağ, Lənkəran və digər mədəni mərkəzlərdəki ədəbi məclislərin üzvləri ilə yaradıcılıq əməkdaşlığı etmiş, onlarla şeirləşmişdir. S.Ə.Şirvani dərin məzmunlu, yüksək ideya-estetik keyfiyyətə, incə lirizmə malik qəzəlləri, habelə realist ruhlu əsərləri ilə müasirlərindən seçilir. Onun satirik şeirləri özünün ideya-bədii keyfiyyəti ilə Azərbaycan ədəbiyyatında satiranın formalaşaraq ictimai məzmun qazanmasına səbəb olmuşdur. Şirvani təzə bəyləri, “Qazı saqqalını yandırır”, “Müstəhidin təhsildən qayıtması” və s. satiraları yüksək qiymətləndirilir… Şairin “Şirvan xanlığının tarixi” adlı bir elmi əsəri də var.

S.Ə.Şirvani 1888-ci ildə Şamaxıda vəfat etmişdir. Onun əsərləri kitab halında dəfələrlə çap olunmuş, haqqında çoxlu məqalə, dissertasiya və monoqrafiyalar yazılmışdır. Şairin həyat və yaradıcılığı orta və ali məktəblərdə də öyrənilir.

Mirzə Ələkbər Sabir
(1862-1911)

Azərbaycan ədəbiyyatı tarixində sözün həqiqi mənasında milli şair kimi şöhrət tapan M.Ə.Sabir 1862-ci il may ayının 30-da Şamaxı şəhərində anadan olmuşdur. İbtidai təhsilini əvvəlcə mollaxanada, sonra S.Ə.Şirvaninin açdığı məktəbdə alan Ələkbər yaradıcılığa erkən yaşlarından başlamışdır. Onun ilk qələm təcrübələrini də elə müəllimi, məşhur şair Seyid Əzim təqdir və redaktə etmiş, ona özünün ustad məsləhətlərini vermişdir. Ələkbər “Sabir” təxəllüsü ilə şeirlər yazmışdır. Ancaq şairin XX əsrin ruhundan və tələbindən doğan çağırış ruhlu ilk mətbu şeirləri 1903-cü ildə “Şərqi-Rus” qəzetində çıxmışdır.

1905 və 1906-cı illərdə “Həyat” qəzetində ictimai məzmunlu və “Bir məclisdə on iki kişinin söhbəti” adlı satirik şeirlərini çap etdirmişdir. Ancaq Sabirin şairlik qüdrəti və şöhrəti “Molla Nəsrəddin” jurnalının səhifələrində kamala çatmışdır. Jurnalda “Millət tarac olur, olsun, nə işim var?!” satirası ilə iştiraka başlayan Sabir öz yaradıcılığı ilə inqilabi satirik ədəbi məktəbinin əsasını qoymuş, bu məktəbə başçılıq etmişdir. “Molla Nəsrəddin” jurnalının geniş şöhrət tapmasında da Sabir poeziyasının xüsusi rolu olmuşdur. O, həm “Molla Nəsrəddin” jurnalında, həm də “Bəhlul”, “Zənbur”, “Həyat”, “İrşad”, “Təzə həyat”, “Səda”, Həqiqət”, “Günəş”, “Yeni həqiqət” kimi mətbuat orqanlarında “Hop-hop”, “Güləyən”, “Ağlar güləyən”, “Çayda çapan”, “Qabaqda gedən zəncirli”, “Məczub”, “Nizədar”, “Yetim qızcıq” “Qoca iranlı” və s. satirik gizli şeirlər çap etdirmişdir.

Sabirin əsərləri (uşaq şeirləri) “Dəbistan”, “Rəhbər” jurnallarında, “Birinci il”, “İkinci il”, “Yeni məktəb” dərsliklərində də dərc edilmişdir. Sabirin “Fəxriyyə”, “Satıram!”, “Bura say. “, “Oxutmuram, əl çəkin. “, “Pula təvəccöh”, “Xəsisin heyfi, varisin keyfi”, “Nəfsin qəzəti, əqlim mərəzi”, “İstiqbalımız lağlağıdır”, “İstiqbal bizimdir”, “Şəkibai”, “Ruhum!” və s. şeirləri də məşhurdur. O, satirik şeirlərlə yanaşı, dövri mətbuat orqanlarında (“Həyat”, “İrşad”, “Təzə həyat” və s. qəzetlərdə) publisistik məqalələr və müxtəlif yazıları ilə də çıxış etmiş, dövrünün mühüm ictimai-milli problemlərini qaldırmışdır. Buraya “Qeyrət”, “İslamiyyətin insaniyyətpərvərliyi”, “Cümə”, “Zaman nə istəyir?! Amma biz…” və s. məqalələr daxildir. Sabir həmçinin yüksək sənətkarlıqla yazılmış felyetonların da müəllifidir.

M.Ə.Sabir bədii yaradıcılıqla yanaşı, 1908-ci ildə imtahan verərək müəllimlik hüququ aldıqdan sonra Şamaxıda “Ümid” adlı məktəb açıb orada, sonra isə Bakının Balaxanı kəndindəki camaat məktəbində müəllim işləmişdir. O, Şamaxıda kitabxana-qiraətxana təşkilində, teatr tamaşalarının hazırlanması və s. mədəni-kütləvi tədbirlərdə də fəal iştirak etmiş, ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımın vurduğu yaraların aradan qaldırılması üçün həm bədii yaradıcılığı, həm də əməli fəaliyyəti ilə əsl vətəndaş kimi çalışmışdır.

M.Ə.Sabir 1911-ci il iyun ayının 12-də qaraciyər xəstəliyindən vəfat etmişdir. Onun əsərləri “Hophopnamə” adı ilə kitab halında dəfələrlə nəşr olunmuş, haqqında çoxlu elmi məqalə, monoqrafiya və dissertasiya yazılmışdır.

Cəlil Məmmədquluzadə
(1866-1932)

Adı dünya ədəbiyyatı klassikləri ilə yanaşı çəkilən Cəlil Məmmədqulu oğlu Məmmədquluzadə XX əsrin əvvəllərində Azərbaycanda tənqidi realizm ədəbi məktəbinin, inqilabi demokratik və satirik istiqamətli “Molla Nəsrəddin” jurnalının yaradıcısı olmuş, milli ədəbiyyatda yeni bir yol açmış, novator yazıçı, dramaturq, jurnalist, ədəbiyyat və mədəniyyət xadimi kimi şöhrətlənmişdir. Humanizm, demokratizm və azadlıq ideyalarının carçısına çevrilmişdir.

C.Məmmədquluzadə Azərbaycanın qədim Naxçıvan şəhərində andan olmuş, oxumuş, ərəb, fars dillərini öyrənmiş, Gürcüstanın Qori şəhərində Müəllimlər Seminariyasının Azərbaycan şöbəsini bitirmişdir (1882-1887). Burada Şərq və Avropa mədəniyyətini, V.Şekspir, M.Volter, V.Hüqo, A.S.Puşkin, L.Tolstoy, N.Qoqol və başqa sənətkarların yaradıcılığını öyrənmiş, özü də görkəmli yazıçı, dramaturq kimi tanınmışdır.

Kiçik hekayəçiliyin böyük ustası, kamil komediyalar müəllifi, görkəmli jurnalist, vətəndaş, ziyalı olan C.Məmmədquluzadə Güney, Quzey Azərbaycanın taleyini düşünür, xalqın azadlıq arzularını, ağır həyat tərzini əks etdirir, onu müstəmləkə halına salan qonşu ölkələri, istismar edən qüvvələri, ictimai geriliyi, ətaləti, fanatizmi tənqid atəşinə tuturdu.

1905-ci ildən Tiflisdə “Şərqi-Rus” qəzetində çalışması, yaratdığı “Qeyrət” mətbəəsində inqilab və azadlıq mövzularında əsərlər, şüarlar buraxması, xalq həyatını, ictimai-siyasi hadisələri dərindən öyrənməsi onu yeni görüşlü sənətkar kimi yetişdirdi. 1905-ci il hadisələrinin təsiri ilə yeni-yeni, çeşidli əsərlər yaratdı. “Poçt qutusu”, “Usta Zeynal”, “İranda hürriyyət”, “Rus qızı”, “Konsulun arvadı”, “Qurbanəlibəy” və onlarca başqa hekayələri Azərbaycan və Yaxın Şərq xalqları ədəbiyyatında yeni bir hadisəyə çevrildi. “Ölülər”, “Anamın kitabı”, “Dəli yığıncağı”, “Kamança” kimi komediyaları ədəbiyyatda yeni bir səhifə açdı, uzun zaman Azərbaycan səhnəsində oynanıldı. “Ölülər” Türkiyə, Rusiya və İranda, Orta Asiya, Volqaboyu, Şimali Qafqaz türk xalqları teatralında da uğur qazandı, yeni ədəbiyyat və sənət adamlarının yetişməsinə kömək etdi.

Azərbaycanın ictimai fikrində, ədəbiyyat və mədəniyyət tarixində C.Məmmədquluzadəyə şöhrət gətirən bir cəhət də onun O.F.Hemanzadə, Ə.Qəmküsar və başqa amal, əməl dostları ilə birlikdə 1906-cı ildən başlayaraq 30 il Tiflis, Təbriz, Bakı kimi böyük şəhərlərdə inqilabi, satirik “Molla Nəsrəddin” jurnalını nəşr etməsidir. Bu jurnal xalqın milli-mənəvi, ədəbi-mədəni inkişafında, intibahında böyük rol oynadı. Yaxın Şərq xalqlarının inkişafına da müsbət təsir göstərdi.

Onun əsərləri yüz min tirajla çap olunub. 1966-cı ildə ədibin doğum gününün 100 illik yubileyi UNESCO-nun qərarı ilə dünya miqyasında keçirildi. C.Məmmədquluzadə bu gün Azərbaycanın müstəqilliyi dövründə də bizimlədir.

Hüseyn Cavid
(1882-1941)

Hüseyn Abdulla oğlu Rasizadə 24 oktyabr 1882-ci ildə Naxçıvan şəhərində anadan olmuş, 5 dekabr 1941-ci ildə İrkutsk vilayətində sürgündə vəfat etmişdir.

Azərbaycanın görkəmli şairi, dramaturqudur. Naxçıvanda ruhani ailəsində doğulmuş, ibtidai təhsilini Naxçıvanda mollaxanada, orta təhsilini görkəmli ziyalı, müəllim M.T.Sidqinin “Məktəbi-tərbiyə” adlı yeni üsullu məktəbində almışdır (1894-98). Klassik üslublu ilk şeirlərini “Gülçin” və “Salik” imzaları ilə burada yazmışdır. 1899-1903-cü illərdə Cənubi Azərbaycanda olmuş, Təbrizin Talibiyyə məktəbində təhsilini davam etdirmişdir. İstanbul universitetinin ədəbiyyat şöbəsini bitirmiş (1909), Naxçıvanda, sonra isə Gəncə və Tiflisdə, 1915-ci ildən isə Bakıda müəllimlik etmişdir.

Şərq mədəniyyəti, Azərbaycan klassik poeziyası, dərin mənəvi-fəlsəfi örnəklər Cavid yaradıcılığını qidalandıran tələblərdir. O, XX əsr Azərbaycan romantizminin banilərindən biridir.

Cavid sənəti bədii növ, janr və forma cəhətdən zəngindir. O, lirik şeirlərin, lirik epik, epik poemaların, Azərbaycan ədəbiyyatında ilk mənzum faciə və dramların müəllifidir. “Keçmiş günlər” adlı ilk şeir kitabı 1913-cü ildə çap olunmuşdur. Yaradıcılığının ilk dövrlərində ictimai-fəlsəfi-əxlaqi mövzulu lirik əsərlər üstünlük təşkil edir. (“Öksüz Ənvər”, “Çoban türküsü”, “Kiçik sərsəri”, “Dün və bu gün”, “Qadın”, “Görmədim”, “Vərəmli qız” və s.) Bu əsərlərdə insanın ailədə, məişətdə yaşadığı müxtəlif çətinliklər, zəmanənin zülm və haqsızlığı, ədalətsiz, zorakı quruluşun əzabları təsvir olunur. “Məzlumlar üçün”, (1914) “Qüruba qarşı”, “Hərb və fəlakət” (1916) “Hərb allahı qarşısında” (1917) əsərlərində bəşəriyyətə fəlakətlər gətirən müharibələrə, imperiya siyasətinə nifrət əks olunur.

Hüseyn daha çox dramaturq kimi tanınmışdır. Onun fəlsəfi və tarixi faciələri, ailə-məişət dramları üslub, yazı manerası, forma yeniliyi baxımından Azərbaycan dramaturgiyasında yeni bir mərhələ yaratmış, milli teatr mədəniyyətini yeni məzmunla zənginləşdirmişdir. Dramaturgiyasında bütün dövrlər üçün keçilməz olan ümumbəşəri, ictimai-siyasi və mədəni problemləri yüksək bədii səviyyədə işıqlandırmışdır. İlk mənzum “Ana” pyesində (1910) nəciblik, sədaqət, mərdlik, “Maral” (1912) faciəsində şəxsiyyət və qadın azadlığı, Azərbaycan ədəbiyyatında ilk mənzum faciə olan “Şeyx Sənan”da (1914) insanları ayıran dini və milli təəssübkeşlik əleyhinə üsyankar etiraz ruhu tərənnüm olunur.

Bu ideyalar “Şeyda” (1917) dramında, “Haqqını sən mübarizə ilə ala bilərsən” (1918) poemalarında da davam etdirilir.

Yaradıcılığında mühüm yer tutan “İblis” (1918) faciəsində dövrün bütün mürtəce-əzici qüvvələri, “iyirminci əsrin mədəni vəhşiləri olan imperialist dairələri İblis obrazında ümumiləşdirilmişdir”.

20-30-cu illərdə yazdığı “Peyğəmbər” (1922), “Topal Teymur” (1925), “Səyavuş” (1933), “Xəyyam” (1935) tarixi dramlarında tarixi şəxsiyyətlərin rolunu, hökmdar və xalq, azad fikir və irtica məsələlərini qoyur və özünəməxsus yüksək poeziya dili ilə əks etdirir.

Cavidin poeziyası yüksək bədii sənətkarlığı, dərin emosionallığı, səmimiliyi ilə seçilir.

Müasir azərbaycan ədəbiyyatı 2 cild

Qurban Bayramov,
ədəbiyyatşünas-tənqidçi

(qısa tanıtım, ədəbi oçerk)

Azərbaycan ədəbiyyatı tarixində xüsusi və mühüm bir mərhələni təşkil edən XX və XXI əsrin milli ədəbi-mədəni mühitində müstəsna yer tutan, ədəbi-bədii prosesin istiqamətlənməsində və inkişafında əlamətdar rolu olan görkəmli ədəbi-tarixi- ictimai şəxsiyyətlərdən biri də şair, dramaturq, nasir, publisist, tərcüməçi kimi çoxcəhətli bir yaradıcılıq yolu keçən, özündən sonra olduqca maraqlı bir ədəbi irs qoyub gedən xalq şairi Nəbi Xəzridir.

Azərbaycan gerçəkliyinin ictimai-siyasi, mənəvi-psixoloji mənzərəsini, tariximizin bir çox olaylarını, insanlığın duyğu və düşüncələrini əks etdirən N. Xəzri ədəbiyyat və mədəniyyət tariximizdə öz işıqlı düşüncə və əməlləri ilə müasirlərinə və özündən sonrakı nəsillərə əhəmiyyətli dərəcədə təsir etmiş görkəmli sənətkardır və şübhəsiz, Nəbi Xəzrinin yaradıcılığı sovet və müstəqillik dövrü Azərbaycan poeziyasının parlaq səhifələrindən birini təşkil edir.

Altmış ildən artıq ədəbiyyata xidmət etmiş şairin əsərləri mövzu dairəsinin genişliyi və rəngarəngliyi ilə səciyyələnir. İnsanın mənəvi aləmini, düşüncə və axtarışlarını yüksək bədiiliklə əks etdirən və bəşəriliklə milliliyi üzvi şəkildə birləşdirən Nəbi Xəzri poeziyası dünya, insan və təbiət haqqında fəlsəfi məzmunu, yüksək humanizmi, böyük vətəndaşlıq qayəsi və milli koloriti sayəsində geniş oxucu kütləsinin rəğbətini qazanmışdır.

Zərif duyğular, incə hisslər, aylı, günəşli, ulduzlu düşüncələr, sevgililəri öz sahilinə səsləyən mavi dəniz, üstündə mavi səma, bir sözlə, nə varsa maviliyə bürünmüş bir poeziya örnəyi. Rəngarəng hisslər, duyğular dünyasında poeziyanın mavi rəngi. Bu, məhəbbətin-işığın-dənizin rəngi idi, ünvanı Nəbi Xəzri şeiriydi. Bu,son illərin, deyərdim ki, bütün zamanların ictimai-siyasi-mənəvi-ruhi burulğanlarından keçəcək mavi tülə bürünmüş Nəbi Xəzri poeziyasının mavi şəfəqləridir…

Şahidi olduq, İctimai-siyasi iqlim dəyişdikcə şairlər də dəyişirdilər. Unuduldu ki, şairliyin ən ali mərtəbəsi zamanın axarınca getmək yox, bəlkə Zamandan ucada durmaqdadır. Nəbi Xəzri şeiri lap əvvəldən zamanın fövqündə dayana bildi:

Şeir mənim üçün bir kainatdır,

Onun ulduzları, günəşləri var.

Şeir mənim üçün sirli həyatdır,

Onun öz sevinci, öz kədəri var.

Hər kəs xoşbəxt olur öz diyarında,

Əzizdir əzəldən öz yerim dedim.

Kaş xalq ürəyinin fəzalarında,

Orbitə çıxaydı bir şeirim dedim.

O məni ucaldıb qanadlarında,
Uçmuşam cahanın göy qatlarında.
Torpaqdan toxumtək şeirim bitsə də,
Qatlaşıb neçə yol cəbrə mənimlə.

Hər yerə mənimlə qoşa getsə də,
Fəqət getməyəcək qəbrə mənimlə.
Qalacaq bir əsrin yaddaşı kimi,
Duracaq mənimçün başdaşı kimi.

“Tənqidimizin vicdanı!” adlandırılan akademik Məmməd Arif vaxtilə “Ucalıq, genişlik..” adlı məqaləsində bu sözləri yazmışdı: “Nəbi Xəzrinin öz poetik aləmi, məcazlar, bənzətmələr, bədii ifadələr aləmi vardır. Bu aləmi o özü yaratmışdır və ona sadiqdir. Bu poetik aləm çox zəngin mənəvi aləmin -ideyalar, fikirlər, hisslər aləminin gözəl bir inikas formasıdır. Şairin mənəvi dünyasını mən dörd kəlmə ilə ifadə edərdim: ucalıq, genişlik, təmizlik, gözəllik. Nəbi şeirimizə dağların vüqarını, zirvələrin ucalığını, dənizlərin genişliyini, baharın, qarın, çiçəklərin təmizliyini, insan qəlbinin, sevgisinin, insana inamın gözəlliyini gətirmişdir”.

Üstündən neçə on illər keçməsinə baxmayaraq, o ucalıq, o genişlik, o təmizlik və o gözəllik Nəbi Xəzri poeziyasını tərk etməmişdir, əksinə zamandan-zamana güclənmişdir…

O, maraqlı, zəngin, milli ziyalıya məxsus bir həyat yolu keçmiş, ləyaqətli ömür sürmüşdür. Həyat və fəaliyəti haqqında qısa məlumat:

“Babayev Nəbi Ələkbər oğlu (Nəbi Xəzri) – şair, nasir, dramaturq, publisist, tərcüməçi, ssenarist, 1945 -ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Ümumittifaq Lenin komsomolu mükafatı laureatı (1968), SSRİ dövlət mükafatı laureatı (1973), Azərbaycan dövlət mükafatı laureatı (1982), Azərbaycan SSR Əməkdar incəsənət xadimi (1979), Azərbaycanın xalq şairi (1984).

Nəbi Xəzri 1924-cü il dekabrın 10-da Bakı şəhəri yaxınlığındakı Xgrdalan kəndində tacir ailəsində anadan olmuşdur. Atası Kərbəlayi Ələkbər Baba oğlu (1873-1933) kəndin tanınmış tacirlərindən olub. Bir ilin içində üç oğlunun vəfatına dözməyib həmin il özü də dünyasını dəyişmişdir. Anası Pərixanım Cəfər qızı (1882-1969) evdar qadın idi. Orta məktəbi bitirib əmək fəaliyyətinə başlayan Nəbi Xəzri 1942- 1943- cü illərdə İkinci dünya müharibəsində arxa cəbhədə iştirak etmiş, ordudan tərxis olunduqdan sonra isə 1943 -1945-ci illərdə “Kommunist” qəzeti redaksiyasında korrektor və Azərbaycan radiosunda diktor vəzifələrində çalışmışdır.

Uşaqlıq, ibtidai məktəb illərindən şair olmaq istəyini bildirmişdi. “Günəş” adlı ilk ciddi şeirini isə 16 yaşında qələmə almışdı. Bu şeir sanki Günəş kimi onun yaradıcılıq yoluna işıq salır. 20 yaşında isə bir müsamirədə gənc şairin oxuduğu şeir böyük ürək sahibi Səməd Vurğunun nəzərindən qaçmır, istedadını kəşf edir və onu təkidlə 1945-ci ildə Yazıçılar İttifaqına üzvlüyə keçirir. “Çiçəklənən arzular” adlı ilk şerlər kitabı 1950-ci ildə çap olunmuşdur. O, 1945-1947-ci illərdə Azərbaycan Düvlət Universitetind , 1947 -1949 -cu illərdə Leninqrad Düvlət Universitetində, 1949 -1952 -ci illərdə Maksim Qorki adına Ədəbiyyat İnstitutunda ali təhsil almış, istedadına görə, o dövrün Moskva və Ümumittifaq ədəbi mühitində hər kəsə müyəssər olmayan bir tanıtım sahibi olmuşdur. Bakı, Abşeron torpağının yetirməsi kimi Dənizi hədsiz sevdiyindən, xəzri küləyinin də insanlara dəniz ətrini bəxş etdiyinə görə 1958-ci ildə “Xəzri” təxəllüsü götürmüşdür. 1952 -ci ildə təhsilini başa vuran Nəbi Xəzri 1957-ci ilədək Azərbaycan Yazıçılar İttifaqında məsləhətçi, 1957 -1958 -ci illərdə “Ədəbiyyat və incəsənət” qəzeti redaksiyasında ədəbi işçi olmuşdur. O, 1958 -1965 -ci illərdə Azərbaycan Yazıçılar İttifaqının katibi, 1965-1971-ci illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsi sədrinin, 1971 -1974-cü illərdə isə Azərbaycan mədəniyyət nazirinin müavini vəzifələrində işləmişdir. 1974 -cü ildən etibarən Azərbaycangn Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətinin Rəyasət heyətinə sədrlik edən Nəbi Xəzri 1992 -ci ildən “Azərbaycan Dünyası” Beynəlxalq Əlaqələr Mərkəzi adı altında fəaliyyət göstərən həmin təşkilatın prezidenti olmuşdur.

Nəbi Xəzri 2007 -ci ilin yanvar ayının 15-də səhər saat 10:45-də kəskin işemik insultdan vəfat etmiş və 16 yanvar tarixində 1-ci Fəxri Xiyabanda dəfn edilmişdir.”

Nəbi Xəzri poeziyasında zamanın dilemması, ziddiyyətləri və harmoniyası kamil şəkildə əksini tapırdı. Dünən və bu gün, tarixilik və müasirlik, ən ağrılı anlarda gələcəyə nikbin bağlılıq, ölümdə belə ölümsüzlük görmək, kövrək, incə notlar, həssaslıq onun poezyasının ruhunu təşkil edir. Başqa sözlə, Nəbi Xəzri Müstəqillik illərinin ağrılı keçid dövründə, ictimai-siyasi kataklizmlərində belə, yolundan sapmadı, susqun olub durmadı, yüksək Vətənpərvərlik və Vətəndaşlıq poeziyasına sadiq qaldı, Səməd Vurğun ədəbi məktəbinin ləyaqətli davamçısı kimi, “Əyilməz vicdanın böyük heykəli!” amalını uca tutdu! Dünya çalxalandı, sistemlər dəyişdi, ədəbi-əzəli meyarlar laxladı, ədəbi mühitdə bir çaxnaşma düşdü, amma Nəbi Xəzri poeziyasındakı Çinar obrazı kimi əzəmətini itirmədi, Meydan hərəkatı, 20 yanvar qırğını, Qarabağ işğalı zamanı qələmi ilə xalqının yanında oldu, haqqa söykəndi, oxucusunu İnsanla Zaman arasındakı əzəli-əbədi harmoniyaya səslədi, disharmoniyaya uymadı və bu gün də, bu poeziya ilə təmasda olanlar bu dinamizmi aydın hiss edirlər…

Məsələn, onun Qarabağ dərdlərinə hələ Sovet dönəmində qələmə aldığı şeirində Nəbi Xəzri sanki, həyacan zəngləri çalırdı:

Kükrəy­ib qə­zəb­dən od tö­kər qı­şım,

Qo­lum­dan bərk tut­sun qar­da­şım gə­rək.

Qa­rış­sa yad elə bircə qa­rı­şım,

Özüm də tor­pağa qa­rı­şım gə­rək,

Çə­kin bu tor­paq­dan qa­ra əl­lə­ri,

Çə­kin Qa­ra­bağ­dan qa­ra əl­lə­ri. –

şe­ri po­etik bir dil ilə o gün də, bu gün də, hər bir azər­bayc­an­lı­nın qəlb üsya­nı­nı ifa­də edir. Bu şeir vax­­ti­lə (So­vet dövründə) çap olu­nan­dan az so­nra əməl­li-baş­­lı qal­mağ­a­la sə­bəb ol­muş, Sov.İKP MK-nın or­qa­nı «Kom­mu­nist» jur­na­lı şe­ri kə­s­kin tən­qid et­mi­ş­dir. Şeir Azər­bayc­a­nın digər par­tiya-mət­bu­at or­qan­la­rın­da da pis­lən­miş­dir. Lakin za­man şa­i­rin haq­lı ol­duğ­u­nu gös­tər­di, hət­ta so­nra­lar şe­rə mu­si­qi də bə­s­tə­lən­di… Şairin “Şuşanın yolları”, “Cadırlar”, “Xocalıda ərik ağacı”, “Şuşa”, “Niyə gecikdiniz, niyə, durnalar?”, “Şuşa gəlir yuxularıma”, “Səni görəcəyəm haçan, Qarabağ?”, “Araz sahilində cavan bir gəlin”, “Kəlbəcər harayı”, “Xeyir və şər”, “Ağdərə”, “Haray” qəbildən onlarla şeirləində işğala və erməni vandalizminə məruz qalmışi Vətən yanğısı, nisgili, Qarabağ sitəmi, amma mübarizəyə, intiqama haray, qələbəyə böyük inam var… Nəbi Xəzri üçün Vətən və Vicdan ölçüləri ekvivalentdir:

Səni görəcəyəm haçan, Qarabağ?

Yurdun həsrətində oğulu, qızı!

Torpağı güzəştə biz razılaşsaq,

Əvvəl güzəşt edək Vicdanımızı!!

Nəbi Xəzrinin yaradıcılığı avtonom ölçülərə, sərhədlərə sığmır, onun mövzularının üfüqləri genişdir. Bəşəriliklə, millilik onun poeziyasının ana xəttindən birini təşkil edir. Nəbi Xəzri dövrünün ən intellektual ziyalısı, qürurlu şair şəxsiyyətinə sahib bir insan idi. “Şəxs və şəxsiyyət” (1999) şeirində yazırdı: “Şəxsiyyət qələmi yazır şeiri də, Şəxsiyyət yoxdursa şeir də yoxdur!” – postulatı onun poetic kredosu idi!

Nə­bi Xəz­ri öz şeir­lə­rin­də yal­nız Azər­bay­ca­nın dey­il, dün­ya xalq­la­rı­nın dərd­lə­ri­ni qə­lə­mə al­mış­dır. Şa­i­rin po­eziya­sı­nın əsa­­sın­da in­san kon­sep­siy­a­sı du­rur. Bu in­san dünya­nın hər bir öl­kə­sin­də in­san­dır. Müa­sir dövr­də Yer kürə­si ey­ni dərd­lər­lə çır­pı­nır. Ona gö­rə də Nə­bi Xəz­ri hər han­sı bir xa­rici dün­ya­nı qə­lə­mə alan­da, hər han­sı bir xa­rici öl­kə­dən ya­zan­da da, ora­da Azər­bayc­a­nı görür, incə və zə­rif li­ri­ka, mə­na­lı tə­bi­ət mən­zə­rə­lə­ri, fəl­sə­fi düşüncə­lər, və­tən­daş­lıq pa­fo­su ilə aşı­lan­mış eti­ra­f­lar bir-bi­ri­nə qo­vu­şur, bir-bi­ri­ni tamam­lay­a­raq zə­ng­in və bütöv po­etik ob­raz, bə­dii pa­no­ram ya­ra­dır. Şa­ir nə­dən ya­zır­sa-yaz­sın, onun şe­ri­nin ru­hu, ca­nı, may­a­sı Azər­bay­can­­dır. Hət­ta uzaq mət­ləb­lə­rə to­xu­nan­da, baş­­qa el­lə­ri tə­s­vir edən­də də mis­ra­la­rın ar­xa­sın­dan ana yurd boy­la­nır, ana tor­pağ­ın nəb­zi, nə­fə­si duyu­lur:

Dünyalar içində bir ayrı dünyam –

Yuxusuz ömrümdə bir sirli röyam –

Sonsuz kainatda təkcəm, yeganəm –

Bir ayrı nağılım, ayrı əfsanəm –

Bir ayrı düşünəm, ayrı xəyalım –

Ayrılıq sonunda şirin vüsalım –

Dillərdə nəğməyə dönən, efirlərdə nəğmə olaraq səslənən bu şeir də onundur:

Əgər ki, yıxılsam, çinar göstərin,
Mən ona söykənib arana baxım.
Gözlərim görməsə, Göy gölü verin,
Mən onun gözüylə cahana baxım.
Hər yerdə, həmişə
Sənsən gümanım.
Canım-gözüm mənim
Azərbaycanım!

Başqa bir məqamı xatırladım… Nəbi Xəzrinin digər bir “Azərbaycan” şeiri var, dünya şöhrətli müğənni-bəstəkar Müslüm Maqamoyevin ifasında səslənən, Müslümün bütün konsertlərinin uvertürası, vizit kartı olan məşhur “Azərbaycan” şeiri… Deyərdim ki, ulu Səməd Vurğunun “Azərbaycan” şeirindən sonar ən populyar, yeni dövrün V Ə T Ə N himni kimi səslənən “Azərbaycan” şeiri:

Vətənimizin ən ağır, ağrilı, keşməkeşli günlərində qələmə aldığı “İstiqlal marşı” şeirində Azərbaycanın xoşbəxt, müstəqil gələcəyinə nikbinlik və inamla dolu bu misraları oxuyuruq:

…Gələcəyə mərd addımla,

Uğurla get, Azərbaycan!

Şəhidlərin al qanından,

Lalə açmış yollar ilə,

Qürurla get, Azərbaycan!

Nəbi Xəzrinin Azərbaycan” nəqaratlı şeirlərini bir yerə yığsaq ulu Səməd Vurğunun “Azərbaycan epopeyası”nın davamı olan yeni bir “Azərbaycan epopeyası” alınar!!

N.Xəzri yaradıcılığında nəzərə çarpan mühüm cəhətlərdən biri də epik-lirik janrda yazılmış ədəbi nümunələrdir. Süjetli lirikanın gözəl nümunələrini yaradan şair, yığcam və mənalı əsərlərində oxucularını düşündürən elə hadisələr seçir ki, biz bunları istedadlı bir şair xəyalının məhsulu kimi qiymətləndiririk. Lakin bu xəyal real və həyatidir. Adi həyat həqiqətləri sənətkar qələmilə yüksək poetik vüsət və məna kəsb edir. Onun poeziyası yüksək lirizmi və dramatik epizmi ilə vəhdətdə olduqca diqqətəlayiq və cazibədardır. Nəbi Xəzri səmimiyyət şairidir, dəniz, səma, torpaq və məhəbbət şairidir.

Poeziyamızın baş mövzularından olan Cənub mövzusunun da, N.Xəzrinin poeziyasında xüsusi yeri var. Poeziyamızda müəyyən ənənələri olan bu mövzuda təkrara yol verməmək, fərdi yaradıcılıq axtarışları daha çox tələb olunur. Cənub həsrəti elə dərddir ki, onun nisgili hər dəfə bizə yeni görünən poetik misraların ruhuna çökür. N.Xəzrinin “Təbriz bayatıları”nın səmimi hissi öz mayasını bu nisgildən götürür:

Qar yağıbdır dizəcən,
Bu düzdən o düzəcən,
Qəlblərdə körpü olum
Uzanım Təbrizəcən.

Cənub mövzusu yarım əsrdən artıq bir müddətdə həm siyasi lirikanın geniş intişar tapmasında, həm milli mücadilənin sönmək bilməyən azadlıq ideyalarının poeziyada inikasında, həm də milli özünüdərkin, bütövlük və birlik duyğusunun təcəssümündə çox böyük rol oynamışdır ki, şübhəsiz, Nəbi Xəzri kimi vətənpərvər, duyğulu, həssas bir şair bu poetik ənənədən təsirlənməyə bilməzdi. Və bu da, təsadüfi deyildir ki, ulu şairimiz Məmmədhüseyn Şəhriyarın üz tutduğu, bəyəndiyi sənətkarlardan biri də Nəbi Xəzri olmuşdur…

Epik vüsət onun yaradıcılığıın şah damarıdır və bu xətt, başlıca olaraq özünü onun poemalarında göstərir. Onun poemaları janrın imkanlarını genişləndirmiş və ədəbiyyatımıza yeni poema strukturu və janrları gətirmişdir. Şairin poema yaradıcılığında poema-müraciət, poema-monoloq, poema-xatirə, tariixi poema, poema-əfsanə, poema-rəvayət, poema-oçerk, nəğmələr poeması, püblisistik poema, lirik-epik poema, epik-lirik poema və s.təkin müxtəlif strukturlu, müxtəlif tipli, müxtəıif formatlı poemalar müşahidə edilir…

N. Xəzrinin öz müasirlərinin, eləcə də tarixi şəxsiyyətlərin həyatından bəhs edən, lirik-epik lövhələrlə zəngin poemaları özünün mövzuları, dərin lirizmi, emosionallığı, orijinal üslubu və obrazlılığı ilə seçilir. “Xatirələr”, “Təmiz ürək”,“Kiçik təpə”, “Sumqayıt səhifələri”, “Günəşin bacısı”, “İki Xəzər”,”Ana”, “Bacı”, “Əfsanəli yuxular”, “Şəhidlər və şahidlər”, “Mənim babam baxan dağlar”, “Peyğəmbər”, “Atillanın atlıları”, “Salatın” və s. ədbi-bədii siqlətcə monumental poemalar müəllifidir. Adlarından da, göründüyü kimi bu poemalarda Azərbaycanın qədim və müasir qəhrəmanlıq səlnaməsi (Burla Xatundan tutmuş, Atilla mərhələsindən, Peyğəmbər dövründən, Qarabağ şəhidi, Milli Qəhrəman, jurnalist Salatına qədər), inam və inancı, mənəviyyatı, milli əxlaqı, başqa sözlə, Azərbaycançılıq dünyagörüşü, zamanın və zamansızlığın əhval-ruhiyyəsi öz parlaq poetik əksini tapıbdır…

Şair dilimizin poetik imkanlarından ustalıqla bəhrələnərək, poeziyanın gözəl nümunələrini yaratmaqla ədəbi dilimizin inkişafına töhfələr vermişdir. Poeziyasının dilinə xas olan şeriyyət, rəvanlıq və axıcılıq, lirizm, bərcəstə ifadələr, orjinal poetik obrazlar, təşbih və istarələr, ahəngdarlıq və harmoniya Nəbi Xəzri şeirlərinə həm oxucu marağına səbəb olmuş, həm də məşhur bəstəkarların diqqətini cəlb etmiş, onun lirikasına müraciət etmələri üçün zəmin yaratmış, “Azərbaycan”, “Dərələr”, “Ağ çiçəyim”, “Səhər-səhər”, “Mavidir”, “Gələrmi, gəlməzmi”, “Pəncərəmə qondu çiçək”, “Sən danışanda”, “Çinar”, “Nar ağacı, nar çiçəyi”, “Gənclik mahnısı” və s. bu qəbildən onlarla məşhur mahnılar, xalqımızın tanınmış sənət ustalarının – Müslüm Maqomayevin, Şövkət Ələkbərovanın, Zeynəb Xanlarovanın, Anatollu Qəniyevin, Məmməd Bağırın, Brilyant Dadşovanın, Yaqut Abdullayevanın və digərlərinin ifalarında səslənmiş, bu gün də, repertuarlarda mühüm yer tutan bu əsərlər Azərbaycan musiqi mədəniyyətinin inciləri sırasına daxil olmuşdur.

Nəbi Xəzrinin şeir və poemaları dünya xalqlarının dillərinə tərcümə edilərək nəşr olunmuş, onun bədii tərcümələri sayəsində isə Azərbaycan oxucusu dünya poeziyasının bir sıra nümunələri ilə tanış olmaq imkanı əldə etmişdir.

Nəbi Xəzri qələminin məhsulu olan dram əsərləri Azərbaycan teatrlarında uğurla tamaşaya qoyulmuş, müəllifinə dramaturq kimi də şöhrət qazandırmışdır. Onun “Sən yanmasan”, “Əks-səda”, “Mirzə Şəfi Vazeh”, “Torpağa sancılan qılınc”, “Burla xatun” pyesləri milli dramaturgiyamızı zənginləşdirən mühüm ədəbi-bədii faktlardandır. Bu pyeslər Azərbaycan dramaturgiyasına və səhnəsinə gətirdiyi yeni keyfiyyətləri ilə fərqlənir; burada mövzuların fəlsəfi mahiyyəti açılır, tarixi qəhrəmanların səciyyələri aydınlaşır, tariximizlə üzvi əlaqəsi, xalq həyatı ilə, milli varlığımızla bağlılığı parlaq, dramatic kolliziyalarda göstərilir…

Müasirlik, tarixə günün tələbləri nöqteyi-nəzərindən yanaşmaq və tarixi hadisələri ümumləşdirə bilmək Nəbi Xəzri dramaturgiyasının, həmçinin “Heykəlsiz abidə”, “Miras” povestlərinin səciyyəvi keyfiyyətləri kimi diqqəti cəlb edir. Şair tarixi mövzuda yazdığı əsərlərində asan yolla-tarixi əsərə köçürmək yolu ilə getmir; o, keçmişə, olmuş hadisələrə yaradıcı yanaşır, onları müasir həyatın tələbləri ilə həmahəng verməyə çalışır, əsil sənətə məxsus bir yol ilə – bədii ümumiləşdirmə yolu ilə gedir. Bu əsərlərdə tarixi mövzularda yazılan dramaturgiyaya məxsus konkretlik, dəqiqilik, yığcamlıq, aydınlıq özünü göstərir.

Nəbi Xəzri ictimai xadim kimi də, səmərəli fəaliyyət göstərmiş, tutduğu bütün vəzifələrdə xalqımızın mədəniyyətinin inkişafı, milli sənət nümunələrinin dünyada tanıdılması naminə qüvvə və bacarığını əsirgəməmişdir. O, otuz ildən artıq Azərbaycan ədəbiyyatı və incəsənətinin xarici ölkələrdə təbliği istiqamətində təqdirəlayiq xidmətlər göstərmiş və bu xidmətlər həmişə yüksək dərəcəli orden və medallarla, fəxri adlarla qiymətləndirilmişdir.

Xatırladaq ki, Nəbi Xəzri 60-dan çox kitabın müəllifidir. “Çiçəklənən arzular” (1950) onun ilk kitabıdır. “İllər və sahillər” (1969), “Ulduz karvanı” (1979), “Nəsillər-əsrlər” (1985), “Ağ şimşəklər” (1986), “Torpaq sənə and içirəm” (1989), “Peyğəmbər” (1992), “Ömür çinarından yarpaqlar” (1995), “Əsrin qanlı laləsi” (1996 və s. onun müxtəlif illərdə çap olunmuş kitablarıdır. “Seçilmiş əsərləri”nin 2 cildliyi, 3 cildliyi və 5 cildliyi çap olunmuşdur. Onun müstəqillik illərində çap etdirdiyi «Qəm dəftəri», «Zaman çıxsa məcrasından», «Xəzan yarpaqları» kitabları müdrik şairin müstəqil dövlətimizin taleyi barəsində qayğılı hiss və düşüncələrinin mücəssəməsi idi…

Mə­lum­dur ki, Nə­bi Xəz­ri ge­niş və hər­tə­rə­f­li bir ya­ra­dıc­ı­lıq yo­­lu ke­ç­miş, şa­ir, na­sir, dra­ma­turq, pub­li­sist və tərcümə­çi ki­mi şö­h­­rət qa­zan­mış­dır. Onun zəhgin yaradıcılığı həmişə ədəbi tənqidin və ədəbiyyatşünaslığın diqqətində olmuşdur. Nə­bi Xəz­ri haq­­qın­da ke­ç­­miş SSRİ əra­zi­si­nə da­xil olan re­s­pub­li­ka­lar­da, xa­ric­də və xüsu­si­lə re­s­pub­li­ka­mız­da say­sız-he­sab­sız ədə­bi-tən­qi­di, el­mi-pub­li­si­s­tik əsər­lər, monoqrafiyalar, dissertasiyalar ya­zıl­mış­dır. Onun həyat və yaradıcılığı “Azərbaycan ədəbiyyatı tarixi” kitablarında, ədəbi ensiklopediyalarda oçerklər formatında əksini tapmışdır və bu proses bu gün də davam etməkdədir.

Nəbi Xəzrinin yaradıcılığı öncə milli ədəbi tənqidin diqqətini cəlb etmişdir; 40-cı illərdən başlayaraq onun yaradıcılığı bir neçə nəsil tənqidçilərin maraq dairəsində olmuşdur. Bu müəlliflər sırasında Mehdi Hüseyn, Məmməd Arif, Mirzə İbrahimov, Süleyman Rüstəm, Məmməd Cəfər, Kamal Talıbzadə, Bayram Bayramov, Bəkir Nəbiyev, İsmayıl Şıxlı, Abbas Zamanov, Əhməd Cəmil, Bəxtiyar Vahabzadə, Qasım Qasımzadə, Qulu Xəlilov, Asif Əfəndiyev, Cabir Novruz, Tofiq Hacıyev, Yaşar Qarayev, Xalid Əlimirzəyev, Cəlal Abdullayev, Ağamusa Axundov, Şamil Salmanov, Arif Abdullazadə, Orucəli Həsənov, İmamverdi Əbilov, Tofiq Köçərli, Qəzənfər Kazımov, Səyavuş Sərxanlı, Mürşüd Məmmədli, Qurban Bayramov, Rəhim Əliyev, Şirindil Alışanlı, Vaqif Yusifli, Yasif Nəsrli, Rüstəm Əzizov, Məmməd İsmayıl və s. bu kimi tanınmış yazıçılar, şairlər, görkəmli tənqidçi və ədəbiyyatşünaslar, mötəbər söz sahibləri vardır.

Nəbi Xəzri keçmiş sovet məkanında ən geniş yayılan və oxunan sənətkarlardan biri olmuşdur. Nəbi Xəzrinin haqqında rus və digər respublikaların mətbuat səhifələrində o dövrün ən məşhur ədəbiyyat xadimləri – Yuri İdaşkin, Boris Leonov, Fyodr Svetlov, Adelina Adalis, Sergey Vasilyev, Boris Dubrov, Leonid Dolqopolov, Lev Verin, David Kuqultinov, Rəsul Həmzətov, Mustay Kərim, Alim Keşkov, Rəmz Babacan, İosif Nonoşvili, Yeqor İsayev, Robert Rojdevinski. Anatoli Peredreyev və b. adlarını çəkmək olar. Yeqor İsayev bu barədə yazır: “Nəbi Xəzrinin adı həm Azərbaycanda, həm də digər respublikalarda məşhurdur. Tam cəsarətlə deyə bilərəm ki, Rusiyada da Nəbi Xəzrinin əsərlərini eyni məhəbbətlə, sevə-sevə oxuyurlar. İstedad əgər həqiqi istedaddırsa o, bütün dillərə, bütün xalqlara mənsubdur.”

Nəbi Xəzrinin yaradıcılığı tərcümədə Avropanın və Şərqin bütün dillərində çap edilib, yayılıb və haqqında yazılıbdır – Çexoslovakiya, Bolqarıstan, Polşa, Yuqoslaviya, İsveçirə, Avstriya, İslandiya, Fransa, Norveç, İtaliya, İspaniya, İordaniya, Türkiyə, Hindistan, Koreya, Yaponiya, Amerika, İran, bir sıra Ərəb ölkələri və b. yerlərdə rəsmi səfərlərdə və yaradıcılıq ezamiyyətlərində olmuş, Azərbaycan ədəbiyyatının və mədəniyyətinin təbliğində, tanınmasında, ədəbiyyat və mədəniyyət əlaqələrinin yaranmasında əvəzsiz xidmətlər göstərmişdir.

Xüsusən, müstəqillik illərindən sonra Türkiyə Respublikası və İran İslam Respublikasında Nəbi Xəzrinin yaradıcılığı haqqında kitablar, onun əsərlərindən geniş nümunələr dərc edilib oxuculara çatdırılmışdır. Bunlardan Lətif Bən­­­də­roğ­lu (İraq), Mi­şel Süley­man (Li­van), Mit­hət Dur­muş, Ahmet Kabaklı (Tür­­kiyə) və b. göstərmək olar.

Bir cəhəti xüsusilə qeyd edək ki, onun yaradıcılığı haqqında “Nəbi Xəzrinin poemaları” adlanan ilk monoqrafik tədqiqatı filologiya elmlər namizədi, ədəbiyyatşünas, tele-jurnalist Rüstəm Əzizov aparmış, müdafiə etmiş, monoqrafiyasını kitab şəklində çap etdirmişdi. Mən bu əsərin rəsmi opponenti olmuşam. Yadımdadır ki, Nəbi Xəzri haqqında əsər yazan Moskvalı şair-tədqiqatçı Yeqor İsayev avtoreferatla tanış olmuşdu, elə xoşuna gəlmişdi ki, məktub yazııb xahiş eləmişdi ki, dissertasiyanın rusca variantını Rüstəm Əzizov ona göndərsin.

Bu sıradan, Fəridə Səfiyevanın “Nəbi Xəzrinin sənətkarlığı” adlı monoqrafiyası da, ədibin əhatəli yaradıcılığını yüksək nəzəri bilik, faktoloji arqumentlər və zəngin materiallar əsasında araşdırıldığından təqdirəlayiqdir.

Fi­lo­lo­g­iya elm­lə­ri dok­to­ru, pro­fes­sor Yasif Nəsirli «Əg­ər ki, yı­xıl­sam, çi­nar gö­s­tə­rin» (2002) ad­lı növ­bə­ti mo­no­qra­fiy­a­sı­nı bütövlükdə çox sev­diyi Nə­bi Xəz­ri­nin ya­ra­dıc­ı­lığ­ı­na həsr et­məsi də mühüm faktlardandır. Mo­no­qra­fiya, ba­ş­lıca ola­raq, şa­i­rin li­rik əsər­lə­ri­ni, li­rik-epik po­ema­la­rı­nı təd­qi­qat oby­ek­ti­nə çe­vir­miş­, olduqca maraqlı və dəyərli nəticələr əldə edilmişdir.

Bu əsərlərdə Nə­bi Xəz­ri po­eziy­a­sı­nın mil­li-ədə­bi, el­mi-bə­dii dəy­ə­ri­, zə­ng­in for­ma və məzmun, qu­ru­luş xü­su­siyy­ət­lə­ri­, möv­zu dai­rə­si, şai­rin ic­ti­mai-siy­a­si və fəl­sə­fi fi­kir­lə­ri ba­rə­də ət­ra­f­lı məlu­matlar öz əksini tapmışdır.

Nəbi Xəzrinin yaradıcılığında maraqlı sahələrdən biri də, onun tərcüməçilik fəaliyyətidir. Onun A.S.Puşkindən, M.Y.Lermontovdan, David Quramaşvilidən, Şandor Petefidən, Aleksandr Tvardovskidən, Vladimir Luqavskoydan, Nikolay Tixonovdan, Aleksandr Prokofyevdən, Mişel Süleymandan (Livan), Georgi Caqarovdan (Bolqarstan), Vitezslav Nezvaldan, İvan Skaladan, Miroslav Floriandan (hamısı Çexoslavakiya), Əhməd Nədim Qasimidən, Faiz Əhməd Faizdən, Fərq Büharidən (hamısı Pakistandan) və b. böyük, tanınmış sənətkarlardan tərcümələri Azərbaycan dilindəki ən yaxşı tərcümələr sırasındadır və başqa xalqların ədəbiyyatına, poetik dünyasına açılan bir pəncərədir.

Son olaraq bildirək ki, Nəbi Xəzri elə bir yaradıcılıq yolu keçib və elə bir ədəbi irs qoyub gedibdir ki, o, təkcə Azərbaycan ədəbiyyatının ayrılmaz, qırılmaz bir hissəsi deyil, bütün yaxın və uzaq xalqların ədəbi hadisəsidir, unikal istedada malik, tanınmış şəxsiyyətdir.

Comments are closed, but trackbacks and pingbacks are open.