Press "Enter" to skip to content

Müasir ədəbi proses

Ümumiyyətlə , bu kitabda , daha doğrusu , məqalələr toplusunda Rafiq Yusifoğlu təkcə ədəbi prosesin görünən tərəfini yox , həm də köklərini , folklora bağlılığını , ədəbi əlaqələri , inkişafın dinamikasını , tərcümə işini , uşaq ədəbiyyatının ümumi mənzərəsini və sairəni də bir elm adamı kimi , bir ədəbiyyatşünas kimi təhlil etmiş və fikirlərini toplum şəkildə ortaya qoymuşud . Düşünürəm ki , Rafiq Yusifoğlunun bu araşdırmalar toplusu – məsqalələr kitabı müəllifin ədəbiyyatımıza layiqli bir töfhəsidir .

Azərbaycanın Güneyində müasir ədəbi proses – Sayman Aruzun qurultayqabağı məruzəsi

Kimsəyə gizlin deyildir ki, Qarabağda apardığımız haqlı və müzəffər savaşımız tarixi torpaqlarımızın işğaldan azad edilməsi ilə bərabər, dünya azərbaycanlılarının həmrəyliyini də bir daha dünyaya sübut etdi. Dünyada yaşayan 60 milyondan artıq soydaşımızın torpaq, bayraq, müqəddəs vətən və sədd, əlbəttə ki, dünya Azərbaycanlılarının Ali Baş Komandanı İlham Əliyevin ətrafında birləşməsi ədəbiyyat camiəsi üçün də ciddi mesajlar vermiş oldu. Azərbaycan xalqı bütövdürsə, şanlı Azərbaycan dövləti dünyada yaşayan 60 milyondan artıq azərbaycanlının vahid dövlətidirsə o zaman onun ədəbiyyatına olan münasibət də bütöv olmalıdır. Cənubi azərbaycanlıların Azərbaycan dövlətinə olan münasibəti birmənalıdır. Cənublular Azərbaycan dövlətini öz dövlətləri, bayrağını öz bayraqları və Müzəffər Ali Baş Komandanı da öz prezidentləri bilir, fədakar əsgər kimi bu dəyərləri qorumaq üçün hazır olduqlarını hər daim bəyan edirlər. Bu, dəyişməz bir faktdır ki, iki yüz il əvvəl müxtəlif siyasi oyunlarla parçalanan Azərbaycan xalqı bu gün qüdrətli, vahid və həmrəy bir xalqa çevrilmişdir ki, onun ürəyində və dilində səslənən nəğmə yalnız və yalnız bütövlük nəğməsidir. Bu həqiqətləri nəzərə alaraq Müstəqil Azərbaycanın müxtəlif rəsmi və qeyri-rəsmi strukturlarında Güney Azərbaycanlıların rəsmi şəkildə təmsil olunması günün zərurətinə çevrilmişdir. Doğrudur, Azərbaycan Yazıçılar Birliyində fəaliyyət göstərən Cənubi Azərbaycan Ədəbiyyatı Komissiyası illərdir ki, öz töhfəsini verməkdədir. Bununla paralel olaraq AMEA-nın Cənubi Azərbaycan şöbəsi və digər elm sahələrində də müəyyən elmi tədqiqat fəaliyyətlərini müşahidə edirik, amma həqiqət budur ki, görülən işlər Azərbaycanın Güneyində yaranan ədəbiyyat və sürətlə Azərbaycan dövlətinin siyasətinə uyğun olaraq dəyişən və inkişaf edən Cənubi Azərbaycan cəmiyyəti qarşısında qətiyyən kafi deyildir. Müstəqil Azərbaycana meyil edən milyonlarla Azərbaycan sevdalı cənublu ziyalıların səsinə səs vermək və həmrəyliyimizin bir daha təsdiq edilməsi məqsədilə ictimai-siyasi və ədəbi-mədəni mühitimizdə onlara rəsmi status və səlahiyyətlərin verilməsi olduqca vacib və əhəmiyyətlidir. Unutmayaq ki, Azərbaycan xalqı və dövlətinin düşmənləri dayanmadan müxtəlif formalarda öz düşmənliklərinə davam edirlər. Öz tarixi və mədəni kökündən xəbərsiz olan milyonlarla soydaşımıza vaxtında dəstək ola bilməsək gün gələr düşmən ideologiyasının qurbanına çevrilərək özü də bilmədən dövləti Azərbaycanın əleyhinə düşmən aləti kimi istifadə edilə bilər.

1979-cu ilin fevralında İranda baş verən inqilabı, adətən, bənzərsiz keyfiyyətləri ilə xarakterizə etsələr də, Azərbaycan xalqı üçün o qədər də ürəkaçan nəticələri olmadı. Müəyyən dindar kəsim və siyasilərin ədəbiyyatında bir qayda olaraq onun ünvanına antiimperialist, antimonarxiya sifətlərini işlətsələr də, zaman ötdükcə İnqilabın özü xalqları fars basqısı altında birləşdirən və xalqları müxtəlif yollarla assimilyasiyaya məruz qoyan bir cərəyana çevrildi. Bu inqilabda fəhlə də, kəndli də, qadın da, tələbə də, sənətkar da, ruhani də, milli burjuaziya da, hətta sonradan ona arxa çevirən böyük sərmayədarlar, iri topaq sahibləri də iştirak etsələr də, müəyyən bir qrupun əlinə keçən bu inqilab xalqın olmasa da, onun ünvanı tarixə Xalq İnqilabı kimi daxil oldu.

İnqilabın ilk illərində xalqın içərisində keçmiş Şah irtica dövrünün sona çatdığını düşünüb müəyyən azadlıqların olacağı ümidi ilə yeni ədəbi mühitin ana dilli nümunələri, aşağıda adları göstərilən qəzet və jurnalların yaranması oldu: “Ulduz”, “Yoldaş”, “Koroğlu”, “İşıq”, “Çənlibel”, “Qardaşlıq”, “Molla Nəsrəddin”, “Azadlıq”, “Odlar yurdu”, “Varlıq”, “Dədə Qorqud”, “İnqilab yolunda”, “Ülkər”, “Yaşmaq”, “Yapraq”, “Günəş” və sairə.

Diqqət etdikdə bu mətbu orqanların sadəcə adları belə onların hədəf və ideya istiqamətləri barədə yetərincə təsəvvür yaradır.

Doğrudur, bu bahar müjdəçilərinin çoxu elə doğrudan da, bir novruzgülü ömrü qədər yaşadı. Lakin əsas cəhət onları doğuran ictimai-siyasi və ədəbi zəminin mahiyyəti idi.

İnqilabdan sonra ədəbi prosesin qabarıq cizgilərindən biri poeziyanın qabaqcıl mövqedə addımlaması oldu. Təbii ki, bu səbəbsiz deyildi. Burada şeirin çox qədim və zəngin ənənələrə malik olması, dövrün, zamanın, ictimai həyatın sifarişinə əks-səda verməkdə çeviklik qabiliyyəti çox mühüm, bəlkə də həlledici rol oynadı.

Bir də əlbəttə, Güneyin Ustad Şəhriyar, Səhənd, Həbib Sahir, Məmmədəli Məhzun, Haşım Tərlan, Müzəffər Derəfşi kimi təcrübəli sənətkarları yaratdıqları əsərləri ilə döyüşkən və inqilabi ruhlu ədəbiyyatın bünövrə daşını qoymuş Əlirza Nabdil (Oxtay), Mərziyə Uskui, Səməd Behrəngi, Səhənd kimi sələflərinin yaradıcılıq yolunu davam etdirdilər. Heydər Xətibi, Ələkbər Həddad, Həmid Nitqi, Həsən İldırım, Əziz Möhsünü, Abbas Bariz, Həsən Savalan, Sönməz kimi sənət yolçuları inqilab dövrünün mübariz və döyüşkən poeziyasının çağırışına gur səslə cavab verdilər. Lakin ölkədə qalib gələn xalq inqilabı bir sıra daxili və xarici səbəblər üzündən xalqın, xüsusilə zəhmətkeş təbəqələrin ümidlərini, arzularını axıradək doğrultmadı. Buna isə ədəbi proses laqeyd qala bilməzdi. Bu həqiqət həmin dövrdə Haşım Tərlan, Süleyman Salis, Həbib Sahir, Urmulu, Çayoğlu, Həsən Şəqaqi, Firidun Həsari, Behrəngdust, Məmmədəli Məhzun kimi sənətkarların qələm məhsullarında dolğunluğu ilə özünün bədii əksini tapdı.

Çağdaş ədəbi prosesə xas olan ümdə cəhətlərdən biri də poeziyada satirik meylin qüvvətlənməsi idi. Məncə, bunu başlıca olaraq iki amil ilə izah etmək olar.

Əvvələn, həyatın özündə satira üçün bol qida mənbələrinin mövcudluğu, digər tərəfdən isə klassik irsə sədaqət çox mühüm amil hesab edilməlidir. Yaşı min illərlə hesablanan söz xəzinəsində Sabir və Möcüz kimi korifeylər olan sənət dünyası öz xələflərinin yaradıcılıqlarına təsirsiz qala bilməzdi. Bircə nümunə olaraq:

Haşım Tərlan deyir:

Qaçaqaçdır yenə də, oğru əyanlar qaçır a.

Milləti sağmal inək, pəxmə sayanlar qaçır a.

Maraqlıdır ki, satirik yaradıcılıqda karikaturalara geniş meydan vermək meyli xüsusilə güclü olmuşdur. Gülüş hədəfinə çevrilən mövzuların əhatə dairəsi isə çox rəngarəngdir: imperialist soyğunçular, nəhəng dövlət başçıları, ağır məişət şəraitinin diktə etdiyi həqiqətlər, pul kisəsindən asılı olan buqələmunlar, qınından çıxıb qınını bəyənməyənlər, xalqının milli ənənələrinə biganələr, fars şovinistlərinin çaldıqları havaya oynayanlar və başqaları bu meydanın rəqqasları idi.

Müasir Güney poeziyasında oxucunu açıq gözlə baxmağa dəvət olduqca güclüdür.

Məncə, zəmanəmizdə bəşəri əhatə edən aləm başdan-başa səfalı mənzərələrdən, naz-neməti aşıb-daşan bir diyardan ibarət deyildir. Hələ bu gün də planetimizin müxtəlif guşələrində qəfil atılan güllələrin sinələrdə açdıqları yaraların sızıltısı qulaqlarda həyəcan zəngi kimi səslənir.

Bəli, Cənubi Azərbaycan ədəbi prosesinin davamçıları əllərində kəskin silah olan söz sənətinin ən müqəddəs qayəsi bəşərin arzularını həqiqətə çevirməkdə yaxından iştirak etməkdədir. Bu məqsədlə Güney poeziyasında çox qədim ənənəyə malik olan qəzəl janrına biganə qalan qələm sahibi tapmaq çətindir. Lakin bir həqiqətə də göz yummaq doğru olmazdı. Qəzəlin misralarına həyati nəfəs bəxş edən mühit olmadan onun nikbin nəğmələr ötəcəyi təmənnasında olmaq arzu çərçivəsini aşa bilməzdi. Məhz buna görə də güneyli şairlər xalqın xoşbəxt həyatının şahidi olmaq istəyi ilə yaşamağa ciddi maraq göstərirlər:

Behruz İmani deyir:

Gül-çiçəksiz coşa bilməz qəzəlin çeşmələri,

Buna xatir dolanıb güllü bahar axtarıram.

Qəzəlin keçirdiyi istihalədə bir meyil də çox qüvvətlidir. Zahirən onun ifadə vasitələrində keçilmiş bir yolun nəfəsi duyulsa da onlar tam yeni məna daşıyıcılarıdırlar:

Haşım Tərlan deyir:

Bülbül gülə, pərvanə şama, mən yara bəndəm,

Cənnət pərisi zahidə, ruhaniyə qalsın.

Səccadəyə üz qoysam əgər öz sənəmim var,

Ruhsuz sənəmin sevməyi bütxanəyə qalsın.

Məncə, şair istifadə etdiyi epitetlərin dili ilə istəyinə çox uğurla nail olmuşdur.

Orasını da qeyd edim ki, Ülyai, Saplaq, Musa Herisi, Müzəffər Derəfşi, Yusif Memari, Qaimi və digər şairlərin də qəzəllərində bu meyil çox güclüdür.

İnqilabdan sonra poema janrına münasibət və maraq öz təzəliyi ilə nəzəri cəlb edir. Məncə, bu meylin güclənməsinin köklərini hər şeydən əvvəl bədii təfəkkürün xalq həyatını əks etdirmək səylərində axtarmaq həqiqətə uyğun olardı. Yaranan poemalar bu mülahizəni təsdiqləməkdən ötrü bol material verir. Bunun üçün Həsən Savalanın “Xan çoban və Sara”, Heydər Xətibinin “Püstə nənə”, Sönməzin “İsanın son şamı”, “Babam özü gələcək”, “İtin vəfası”, İmran Səlahinin “Ağbuğ qəhrəman”, Səhəndin daha dəqiq desək epos adlandırılacaq “Sazımın sözü” kimi poemalarını qeyd etmək olar.

Təbii ki, poemalar üzərində geniş dayanmaq niyyətimiz yoxdur. Bu, müstəqil bir yazının mövzusu ola bilər. Fəqət, bu yerdə Sönməzin “Babam özü gələcək” poemasından üç misranı yada salmaq istərdim:

Səttarxanın özü bir gün

Xatırladım ki, bu misralarda söhbət Təbrizin məşhur Gülüstan bağında Sərdari Millinin şərəfinə ucaldılmış heykəlin şovinist şah dargözləri tərəfindən uçurulmasından gedir.

Təhlilimizin bu yerində inqilabdan sonra əzəmətli bir abidə kimi oxucularının görüşünə gələn “Dədəmin kitabı” epopeyasının qüdrətli xaliqi adlandırıla biləcək Səhənd haqqında bəzi mülahizələrimi açıqlamağı yerində hesab edərdim.

Səhəndin yaradıcılığının ilk dövrünə aid tədqiqatlar göstərir ki, onun 1941-ci ildən sonra yeni vüsət kəsb edən milli qurtuluş hərəkatında fəal iştirakı tərənnümə cəlb etdiyi həyati gerçəkliklərin hüdudlarını xeyli genişləndirmişdir. Bu illərdə o, həm fədakar azadlıq yolu fədaisi, həm də odlu-alovlu şair kimi xalqın şahlıq əsarətindən qurtuluşu uğrunda ayağa qalxan vətənpərvərlərin sevimli şair oğluna çevrilmişdir. Zamanın milli-demokratik ədəbiyyatın qarşısında qoyduğu vəzifələr barədə Səhəndin aydın cizgilərə malik olan və mütərəqqi qüvvələr tərəfindən alqışlanan qələm məhsulları ədəbi-estetik və siyasi baxımdan aşağıdakı misralarda çox uğurlu şəkildə özünün poetik ifadəsini tapmışdır:

Mən əzilmiş, həqqi itmiş,

Varı-yoxu əldən getmiş,

Məruz qalmış, əsir düşmüş,

Lakin Səhəndin həyatının gənclik illəri elə bir diyarda keçirdi ki, orada sinə dolu nəfəs almaq da, insana layiq tərzdə yaşamaq istəyi də şahlıq rejiminin hədələrindən kənarda qalmırdı. Dərbarın çıxardığı hökmün məntiqi isə belə səslənirdi: “Sazında ya mən istədiyim havaları çalmalısan, ya da susmalısan”. Amma onun nə sazı susdu, nə də nəğmələri lal oldu:

Dilimi kəsənlər qaldı avara,

Hər barmağıma bir qıfıl vurdular.

Bağlı əllərimlə, kəsik dilimlə

Mahnı da oxudum, qopuz da çaldım.

Azərbaycanda tarixən ciddi sınaqlardan çıxan aşıq ədəbiyyatı səltənət rejiminin süqutu ilə yeni mərhələyə qədəm qoydu. Bu onun təbiəti ilə sıx bağlı olan bir hal idi. Xalq yazıçısı, akademik Mirzə İbrahimovun qənaəti belə olmuşdur:

“Qanlı müstəbid Rza şah və onun oğlu Məhəmmədrza şahın hakimiyyəti illərində Cənubi Azərbaycan dilini, Azərbaycan bədii ədəbiyyatını sönməyə, zəifləməyə qoymayan ən qüdrətli mənbələrdən biri xalq yaradıcılığı, aşıq ədəbiyyatı, canlı və müdrik aşıqlar olmuşlar”.

Bu dövrün aşıq şeiri nümunələrini yaradanlar sırasında Aşıq Əlinin, Aşıq Əşrəfin, Aşıq Həsənin, Aşıq Qəşəmin, Aşıq Qələmrzanın, Aşıq Abbas Rəncbərin, Aşıq Rəsul Qurbaninin sözləri və sazlarının xüsusi çəkisi diqqəti cəlb edəcək qədər önəmlidir.

İnqilabdan sonra yaranan nəsr əsərləri üçün uğurlu hal mövzuların müasir həyatdan alınmasını, cəmiyyəti düşündürən problemlərin həll olunmasına həsr edilməsini hesab etmək heç də mübahisəli səslənməzdi. Bu baxımdan qüdrətli nasir və təcrübəli ədəbiyyatşünas Gəncəli Səbahinin qələm məhsulları zəngin həyati materiallara malikdir. Onun “Xain”, “Ovçu”, “Şərəfli ölüm”, “Gül dəstəsi”, “Qartal” adlı hekayələri Güney nəsrinin ən yaxşı nümunələrindəndir.

Şahlıq rejiminin miras qoyub getdiyi əzilənlər və əzənlər dünyasının eybəcərliklərini gün işığına çıxaran nasirlərdən biri də qüdrətli qələm ustası Nurlandır. Onun “Səlmə xala” adlı hekayəsi şahlıq rejimi dövründə zəhmət adamının yaşadığı ömrü çox real yaradan mükəmməl qələm məhsuludur.

Həmin dövrün uğurlu nəsr əsərləri sırasında J.Əlinin “Tamah dişi”, Cücə Bağırın “Qonaq qabağına qoymalı”, Nurlanın “Çəyirtkə” adlı hekayələrini qeyd etmək yanlış olmazdı.

Sonrakı illərdə yaranan nəsr əsərləri vaxt keçdikcə yazarların bu janrın təbiətinə, onun incəliklərinə daha yaxından tanış olmalarından, ustalıqlarını hiss ediləcək dərəcədə artırmalarından xəbər verir. Bu iddianı təsdiq etmək üçün M.Ocaqverdinin “Əshabi-Kəhf yuxusu”, Ə.Ağçaylının “Aydının ölümü”, Həbib Sahirin “Vaqonda”, J.Əlinin “Öldü var, döndü yoxdur” adlı hekayələrində tutduqları yazıçı mövqeyini fəal və uğurlu hesab etmək üçün etibarlı ədəbi-bədii əsasların mövcudluğunu iddia etmək heç də əsassız səslənməzdi.

Mən təhlilimin bu məqamında məzmun və janr baxımından nəsrin müasir tələblərinə yetərincə cavab verən hekayələrdən İsmayıl Hadinin “Əli və Mərcan” adlı hekayəsinin adını qeyd etməsəm olmaz.

Nəsrin atdığı möhtəşəm addımlar Rəhim Dəqiqin “Həcər”, İsmayıl Hadinin “Laçın”, Nasir Mənzurinin “Qara çuxa” romanlarının simasında daha aydın görünür.

Yeri gəlmişkən, bir məsələyə toxunmaq istərdim. Bir zaman Xalq şairi Söhrab Tahir Güney nəsrinin tədqiqi və təhlili ilə məşğul olarkən belə bir nikbin, eyni zamanda real mülahizə irəli sürmüşdür: “Hansı nasir məşhur 1946-cı il hadisələrindən sonra öz elindən-obasından, isti ana qucağından, Vətən dedikləri müqəddəs diyardan perik salınmış insanların sürgün və fəraq dolu həyatlarını nəsrə gətirə bilsə, o, uğur qazanacağından arxayın ola bilər”.

Bu baxımdan yazıçı Rəhim Dəqiqin qələminin məhsulu olan “Həcər” romanının adını belə bəxtəvər nəsr nümunələrinin sərlövhəsində yazmaq heç də havadan asılı qalan bir müddəa olmazdı. Müəllif 1946-cı ildə “21 Azər” hərəkatının və onun yetirməsi olan Azərbaycan Milli Hökumətinin məğlubiyyətindən sonra sürgünə göndərilən Həcərin keçdiyi məhrumiyyət və əzablarla, bununla yanaşı, mübarizələrlə dolu həyat yolunun timsalında bir xalqın taleyinin çox tutarlı səhnələrini yaratmışdır. Məncə, həmin mövzu bu gün də çağdaş Güney ədəbi prosesinin yaradıcılıq emalatxanalarında özünə yetərincə yer tutmağa tam layiqdir.

Bu illərin əlamətdar yaradıcılıq hadisələrindən biri də ədəbi tənqidə maraq və rəğbətin artması olmuşdur. Bir sıra məlum səbəblər üzündən təkcə Güneydə deyil, ümumiran miqyasında türkdilli ədəbi tənqidin bəlkə də yox dərəcəsində olması tarixi həqiqətdir. Başqa janrlara nisbətən tənqidin öz simasını bilməsi çox müşkül məsələdir. Təbii ki, bu, xüsusi araşdırma tələb edir. Çağdaş tənqidçilərimizdən Eyvaz Taha, Cəfər Bozorgəmin, Hümmət Şəhbazi, Nadir Əzhərini misal göstərmək olar.

İnqilabdan sonra şahlıq üsul-idarəsinin hökmü ilə yaradılan bədnam yasaqların aradan qalxması tənqidin uğurlu addımlar atması yolu üzərində yaşıl işıq yandırdı. Qələm sahibləri bu janr barədə həm öz mülahizələrini açıqlayır, həm də onun gözə dəyən nümunələrini yaratdılar. Bu baxımdan Əziz Möhsünün “Ədəbi tənqid və tənqidçi haqqında” məqaləsi dövrün ədəbi hərəkatı üçün çox əhəmiyyətli bir hadisə idi. Onun öz tənqidçi karyerasını üç nəhəng simanın – Aristotel, Xətib Təbrizi və Mirzə Fətəli Axundov irsi üzərində formalaşdırması, təbii ki, xüsusi maraq doğururdu.

Bu illərdə “İnqilab yolunda” jurnalının açdığı “Müasir şairlərlə tanış olaq” rubrikası çox çəkili elmi-əməli əhəmiyyətə malik bir forma idi. Məmməd Aslanın “Muradəli Qüreyşi” (Qaflantı) adlı məqaləsi həm müasir tənqidin simasını, həm də rubrikanın məqsəd və qayəsini əks etdirmək baxımından diqqətəlayiqdir.

K.Qəhvəçinin bir növ satirik polemika xarakteri daşıyan “Oruc ağa niyə Amerikanın cinayi polisinin kitablarını çap edir?” yazısı adından da göründüyü kimi, ciddi bir məsələyə həsr edilmişdir.

Tənqid və ədəbiyyatşünaslıqla əlaqədar bir məsələni də xatırlatmaq istəyirəm. Bu da tənqidin müasir tələblərə nə səviyyədə cavab verməsi ilə tanış olmaq üçün nəşr edilən kitablara yazılan müqəddimələrdir. Şair, yazıçı, ədəbiyyatşünas, elmlər doktoru Ələkbər Turabinin görkəmli tədqiqatçı Alavın “Ədəbi-tənqidi araşdırmalar” adlı kitabına yazdığı müqəddimədə oxuyuruq:

“Əgər Nəimilər, Nəsimilər, Füzulilər, Sabirlər, Möcüzlər, Şəhriyarlar yaratdıqları əbədi ömürlü əsərləri ilə ədəbiyyatın mənəvi və mədəni atası olduqlarını göstərdilərsə, son iyirmi ildə yaranan əsərlərin müəllifləri öz sələflərinin ləyaqətli övladları olduqlarını sübut etdilər”.

Alavın özü isə yeni yaranan ədəbi məhsullara tənqidi münasibətindən bəhs edərkən yazır: “Daha şairin “Morği-dil”i, “Zülfü-pərişan” da aşiyan salmır. Bəlkə şairin ürək quşu Vətən bağında gül-çiçəkli, meyvəli, barlı ağaclara qonur və onların budaqlarında yuvalanır. Şair daha “Cahi-zənəxdan” dustağı yox, el qayğısının əsiri olur. Xəyali dilbərin xumar gözləri, nazlı baxışları şairin canını almır və şair əlçatmaz röyalara, xülyalara dalmır”.

Xatırlatmaq olar ki, müəllifin həmin kitabına daxil olan yazılarında – Barış, Eldar Muğanlı, Süleyman Salis, Nigar Xiyavi, Muradəli Qaflantı, Əlirza Miyanalı və başqalarının yaradıcılıqlarına həsr etdiyi məqalələrində tənqidin ədəbi yaradıcılığa yeni münasibətinin nəfəsi aydın duyulmaqdadır.

Bu janrın çətin və əzablı yollarında Əziz Möhsüni, Aslan Ağçaylı, Bəhram, Elçin, Həsən Mirzai, Həmid Telimxanlı, Babək kimi qələm sahiblərinin inamlı addımlamalarını qeyd etmək heç də mübaliğə kimi səslənməzdi.

Ədəbi-tənqidi yazılarda ara-sıra səhnə əsərlərinə, ümumiyyətlə, teatrla bağlı problemlərə də toxunulur. Bu baxımdan artist və rejissor Həsən Mirazi ilə aparılan müsahibədə çox ağrılı məsələlərdən söz açılır. O, haqlı olaraq səhnə əsərlərinin olmamasından, artist və rejissorların qıtlığından, texniki personajların çatışmazlığından narahatlığını bildirir. Azərbaycan Milli Hökuməti dövründə teatr sahəsində qazanılan tarixi nailiyyətlərin şah mütləqiyyəti tərəfindən məhv edilməsindən, artistlərin pərakəndə salınmalarından ürək ağrısı ilə söz açır.

İslam inqilabından sonra ədəbi yaradıcılıq aləminə bir sıra qadın yazarlar gəldilər. Mərhum Rza Qəffari toplayıb nəşr etdirdiyi “Azərbaycanın xanım şairləri” adlı kitabı Güneyli-Quzeyli Azərbaycanın qadın yazarlarını əhatə edir.

Hər şeydən əvvəl tərtibçinin yazdığı müqəddimə özünün mənalı mülahizələri, müəllifin mövzu ilə dərindən tanış olması və başlıcası vətənin qadın qələm sahiblərinə dərin məhəbbəti nəzəri cəlb edir. O yazır:

“Azərbaycanın xanım şairləri” adında hazırlanıb əlinizdə olan bu kitab qadın şairlərimizdən örnək kimi göstərilən və onların əlimizə çatana qədər bir hissəsini tanıtdırmağa çalışmaq üçün kiçik bir addım sayıla bilər. Təəssüf ki, keçmişdə dil və ədəbiyyatımızın kinəli düşmənlərinin təhlükəli faciələr və ağır sıxıntılar yaşaması sonucunda təzkirə yazanlar, ümumiyyətlə, türkcə yazan şairlərin bir çoxu unudulmuşdur. Adları çəkilənlərin də həyat və yaradıcılıqlarına etinasız qalıb, beləliklə, bu dəyərli əsərlərin itib batmasında mənfi təsir buraxıb, onların qorunmamasına və zamanın zavalına gəlməsinə yardım etmişlər. Buna görə də Azərbaycanın xanım şairlərinin yaşayışları və yaradıcılıqları haqqında gərəkli bilgi ilə onları tanıtdıra bilən kamil bir təzkirənin yeri hələ də boş qalmaqdadır”.

Tərtibatçı və müqəddimənin müəllifi haqlı olaraq heç bir ayrı-seçkilik və məhdudiyyət qoymadan topladığı şeirlərin müəlliflərinin Güneyə ya Quzeyə mənsub olmalarını nəzərə almadan məqsədəuyğun hesab etdiyi əsərlərə və müəlliflərə yer vermək yolunu seçmişdir. Məncə, bu, zamanın, xalqın taleyinin hökmüdür. Bir səmanın havasını udan, bir Vətən ananın südünü əmən, bir Vətənin çörəyini yeyən övladlar arasında ayrı-seçkilik sərhədi yaratmaq artıq tarixin oxuyub rədd etdiyi səhifələrinə çevrilmişdir.

Son illərin çağdaş ədəbiyyatı etiraz və üsyan ruhuna söykənərək, çox ciddi və maraqlı şair və yazarlar ortaya çıxartdı. Güneydə gedən milli hərəkat onların yazılarında tam hiss olunur. Eyni zamanda milli hərəkatla birgə, ədəbiyyatımız da günü-gündən irəliləyir və milli-mənəvi dəyərlərimizə söykənərək böyük bir milli dalğa yaradır. Bu dalğanın nəticəsi də bütöv Azərbaycan ədəbiyyatının yaranması və sonda da bütöv Azərbaycanın yaranmasına səbəb olacaqdır. Son on ildə milli kimliyə, tarixinə, ədəbiyyatına qayıdış hərəkatının güclənməsi ilə yanaşı, oyanan gənc şair və yazarlarımız onillərlə görülməyən və müharibələrlə cəmiyyətin sükut dövrünü demək olar ki, aradan qaldırdılar. Güney Azərbaycan ədəbiyyatı, şeir, nəsr, tənqid və tədqiq sahəsində böyük nailiyyətlər əldə etdi və edir. Onlardan bəzilərinin adlarını çəkib, nümunələr gətirməyə çalışacam.

İsmayıl Ülkər deyir:

Torpağıma göz dikənlərə

Üstündə də olmasa

Altında yer verərik.

Biz qonaq sevərik!

Bu milli ruhu daşıyan sözlər qədim bir kök və mədəniyyəti daşıyan millətin nümayəndəsinə məxsusdur. Torpaq uğrunda döyüşmək və eyni zamanda milli adət-ənənəni etiraz ruhuna qatmaq, yalnız Güney Azərbaycanda yaşayan və əsrlər boyu müharibə və müqavimət şəraitində olan insanın dilinə gələ bilər.

Məhəmməd Nəvin (Baraz) deyir ki:

Qabar-qabar ayağımda gülüm, tikan dadı var

Və başmağım dolusu, laxta-laxta qan dadı var.

Məgər alaxlamamışdıq bu hərzə otları biz,

Nə oldu, tarlamızın buğdasında xan dadı var?

Göründüyü kimi, xalq inqilabı deyilən İran inqilabı millətin həqiqi və milli tələbatını gerçəkləşdirə bilməmişdi. Elə ona görə də şair uzun bir tarixi yola işarə edərək başmağı qana dolur və həyat buğdasından getməyən diktaturanın dadından şikayət edir.

Aydın Araz deyir:

Mənə sevirəm dediyini dana bilməzsən,

Telefonlarımızı izləyən kişi

Şair sıxıntı və onun yaratdığı məhdud sevişmələri bu şəkildə göstərməyə çalışır. Güneyin çağdaş ədəbiyyatında bu cür ifadələrə çox rast gəlmək olar. Sıxıntılı və paradoks dolu həyatın səmərəsi elə bu acı və eyni zamanda yeni düşüncəli şeirlərin yaranmasıdır.

Səid Muğanlı deyir:

Yəni Güney ədəbiyyatında sevginin dadı Quzeydən fərqli olaraq acıdır. Şair sevgilinin qucağında olarkən terror və təhlükəni düşünür. Sevgilinin gözləri ictimaiyyətin acı həqiqətlərinin güzgüsünə çevrilərək şairə qorxu və təhlükə mesajı göndərir.

Duman Ərdəm deyir:

Gözəl-gözəl qızcığazları sevməyə nə var?

Bulvardakı fahişəyə vurul!

Göründüyü kimi, hətta sevginin növünə də etiraz var. Şair asan sevgini istəmir. Çətin yaşayıb deyə, sevginin də çətin olmasını tələb edir. Əslində, Güney Azərbaycan hal-hazırda bizim gənclərimizin döyüş meydanına çevrilib. Məncə, elə güclü ədəbi proseslər belə çətin mühitdə formalaşıb, yaranıb, ortaya çıxır.

Nigar Xiyavi deyir:

Yerin yaman boşdur,

boşanmışam öz səbtimin əlilə

və yaxınlaşmışam sətirlərin başına.

İndi başara bilirsən, buyur, başla məni,

başla qazanmağa məni, sevgi boş söz deyil.

Güney Azərbaycanda müasir qadın şeirinin öndə gedənlərindən biri də, şübhəsiz ki, Nigar Xiyavidir. Nigarın şeirlərinin ən müsbət cəhəti də onun şablon və adi həyata, siyasi sıxıntılara, vətənə və vətənsizliyə olan etiraz dolu mövqeyidir. Güney Azərbaycanın müasir qadın şeirinə baxdıqda, onların orada gedən milli azadlıq hərəkatına verdiyi fikir dəstəyi aydın görünür. Ancaq bu dəstək yalnız Vətəni tərifləmək və onun başına dolanmaq deyil, bəlkə tənqid və təhlil baxımından inkişaf etməkdədir. Bu etiraz ev mühitində olan ailə sıxıntılarından başlayır və rasizmin başımıza gətirdiyi faciəyə etirazla da davam edir.

Məlihə Əzizpur deyir:

Bütün kəpənəkləri pay verirsən mənə

Bu günəş Güneyin azadlığı, kəpənəklər ümid mənbəyi və uçuşlar da indiki milli hərəkatın bağımsızlığa doğru etdiyi fəaliyyət kimi təhlil olunur. Əslində, Güney ədəbiyyatının özəlliklərindən biri də onun dərin və fəlsəfi olmasıdır. Şair azadlığı şablon və çeynənmiş formada yox, bəlkə günəşə doğru hərəkət etməsi ilə göstərməyə cəhd edir və bu cəhd də uğurlu alınır.

Ziba Kərbasi deyir:

Ceyran, naqqışlı gedən yollar

Cızıx-cızıxdır o taydan bu taya.

Ayağımın izini tutub gəlsəydin,

Tox zəmanənin qoynunda qucaqlaşardıq.

Güneyli yazarların ayaq izləri onları Vətənin quzeyinə və parçalanmış Vətənimizin hər bir guşəsinə aparıb çıxarır. Ziba Kərbasi deyir ki, əgər mənimlə, yəni Güneylə bir yolda olsanız və ayaqlarının izi ilə yerisəniz, bütün fərqlərə baxmayaraq tutuşarıq. Bizim milli varlıqlarımızla toxlanan imperiyalara baxmayaraq, qovuşub-qucaqlaşıb birləşərik. Belə incə və siyasi məqamlara Güney ədəbiyyatında çox rast gəlmək olar.

Rəsul Yunan deyir:

Hamısı bir yana

Onlar məni yalnız şeirə yetirirlər,

Ancaq sən məni evimə qaytarırsan!

Yağış Türk dilində yağır!

Mövlana demişkən, hər şey öz kökünə qayıdır. Sevindirici haldır ki, Güney Azərbaycanda, hətta, sevgi də insanı öz kökünə qaytarmaq üçün bir bəhanəyə çevrilir. Şairi evinə, yəni öz milli kimlik və milli dəyərlərinə tərəf yönəldir. Şair yalnız şeir və musiqini düşünmür, bəlkə onları özünü tanımaq və milli oyanış hərəkatının yolunda bir bəhanə bilir. Başqa sözlə desək, hər şey yarı yox, Vətəni xatırladır. Şair Sönməzin şeirinin bir hissəsi burada lap yerinə düşərdi:

Bir göyərçin kimi dənsizləmişəm,

Öz diyarımda vətənsizləmişəm.

Əlbəttə ki, Vətənin varlığı yalnız daşda və torpaqda deyil, bəlkə bir millətin özünü tanımasında məna olunur. Ancaq hal-hazırda Güney Azərbaycanımızda fars rasizminin siyasəti nəticəsində soydaşlarımızın öz dilində yazıb-oxumasına və öz milli kimliklərini tanımasına qadağa qoyulub. Belə olan təqdirdə, təbiidir ki, həmin millət öz diyarında vətənsizləşir və hər şeydə Vətən iyini axtarır.

Elə ona görə də bir çox fars dilində yazan soydaşımız öz kökünə qayıdıb və Türkün şirin və fəlsəfi dilində yazmağa başlayıb, bir çox dəyərli əsərlər ortaya qoyublar. Onlardan Rəsul Yunan, Ziba Kərbasi, Rza Bərahani, Saleh Səccadi və bir çox yazarları misal göstərmək olar.

Onu da qeyd edim ki, mühacirət və sürgündə yaşayan güneyli yazarlarımız da Güney ədəbiyyatının inkişafında önəmli rol oynamışdılar. Mühacirətin yaratdığı özünəməxsus duyğular özünəməxsus da şair və yazarlar ortaya çıxartdı. Qürbət hissi duyan hər bir güneyli onu keçmişində yaşadığı sıxıntılarla bir yerə qoyanda acı və eyni halda mənalı bir məcun ortaya çıxarırdı. Sanki problemlərə uzaqdan baxdıqda onları daha aydın görüb, həllini də asan görmək olur. Şair artıq vətənində yaşadığı sıxıntıları, qürbətin zahiri azadlığı və eyni zamanda yaratdığı tənhalığı ilə dəyişib. Onun yazdıqlarında Vətənində olan dustaq qorxusu və sıxıntısı boşluqların yaratdığı sıxıntı ilə yerini dəyişir. Ancaq bunu da qeyd edim ki, mühacirətdə yaşayan yazarlarımızın yazılarında fikir aydınlığı və fikir rahatlığı daha çox gözə dəyir. Yəni öz fikirlərini ifadə etməkdə çətinlik çəkmir. Bəlkə bu da onların yaşadığı mühitlərin onlara bəxş etdiyi nisbi azadlıqdan irəli gəlir.

Balaş Azəroğlu deyir:

Yer günəşin başına dolanan kimi

Vəhdət nöqtəsini aradıq, gəzdik.

Uşaq atasına inanan kimi

İnanıb ayrılıq dərdinə dözdük.

Mən də Balaş Azəroğluya qatılıb deyirəm ki, ayrılıq dərdinə inanıb dözmüşük. Bütün qaranlıqların sonu işıqlıqdır. İnanıram ki, bir gün bu ayrılığı Güneyimizin azadlığı ilə dəyişəcəyik və bu ayrılıq parçalanmış millətimizin yaddaşında yalnız bir xatirə olaraq qalacaq.

Prof. Səbri-Təbrizi deyir:

Millətimi sevirəmsə, varam!

Doğrudur, əgər azadlıq vardırsa, deməli, varlıq da var! Ancaq bu azadlıq hal-hazırda Güney Azərbaycanımızda yoxdur. Ona görə də qırx milyona yaxın soydaşımız demək olar ki, yoxdular. Varlıqları milli azadlıqlarından, özləri isə fars faşizminin dar ağaclarından asılıdır. Millət öz milli kimliyini, milli simvollarını, milli adət-ənənəsini, həqiqi yazılmış tarixini bilmirsə və yalnız dini dəyərlər əsasında idarə olunursa, deməli, o millət yoxdur.

Söhrab Tahir deyir:

Mənim qollarımı iynə-sap edin,

Tikin Astaranı biri-birinə!

Bu növ təfəkkür yalnız Güneydə olmayan bir şairin dilinə gələ bilər. Yəni həsrətin və qüssənin nə qədər rəngi azdırsa, o qədər də fikirlərin rahat və depressiyadan uzaq söylənməsi güclüdür. Vətəndə yazılan şeirlərdə əgər etiraz vardırsa, qürbətdə yazılan şeirlərdə bir o qədər də püxtəlik var.

Məruzəmin bu hissəsində Güney Azərbaycanın çağdaş şairlərindən misal gətirmək istəyirəm: Rəsul Yunan, İsmayıl Ülkər, Nigar Xiyavi, Kiyan Xiyav, Nadir İlahi, Barışmaz, Sönməz, Huşəng Cəfəri, Hadi Qaraçay, Heydər Bəyat, Nadir Əzhəri, Vali Gözətən, Bəhruz Sədiq, Süleymanoğlu, Nasir Mirqati, Məsud İslami, Səid Muğanlı, qəzəl şairi Baraz, Vədud Dusti, Duman Ərdəm, Aydın Araz, Məlihə Əzizpur, Səkinə Purhəsən, Ramin Cəhangirzadə, Fərzad Leysi, Rza Ehsani, Elşən Böyükvənd, İsa Zeyni, Rüqəyyə Səfəri, İlqar Müəzzinzadə, Zaman Paşazadə, Həsən Səfəri, Elvar Qulivənd, Rüqəyyə Kəbiri, Ülkər Ucqar, Türkan Urmulu, Xosrov Barışan, Murtuza Səlmani, Bəhmən Ərk, Saleh Səccadi, Muğanoğlu, Məhəmməd Azərşin, Lalə Cəvanşir, Ziba Kərbasi, Vəhid Tələt, Solmaz Məhəmməd Rzai, Qadir Cəfəri, Ayman Quluzadə, Bəxtiyar Muğanoğlu və b.

Nəsr sahəsində isə Nasir Mənzuri, Nasir Merqati, Rəsul Yunan, Əli Əbbasi, Həmid Arğış, Məhəmməd Sübhdel, Rza Kazimi, Atilla İskəndani, Hamid Əhmədi, Güntay Gənçalp, Mahmud Məhdəvi, Valeh Şiri, Rüqəyyə Kəbiri, Həsən Səfəri və bir çox gənc yazarımız da bu siyahıya daxildir.

Tənqid sahəsində Eyvaz Taha (“Dil varlığın evidir”), Cəfər Bozorgəmin (“Çağdaş ədəbiyyatın tənqidi”), Nadir Əzhəri (Məqalələr), Hümmət Şəhbazi (“Müasir ədəbiyyat tənqidi”) kitablarında müasir ədəbiyyatımızın durumunu təhlil edərək, onun güclü və ya zəif tərəflərini göstərməyə çalışmışdılar.

Eyni zamanda qeyd etməliyəm ki, bütün dövrlərdə olduğu kimi Güney ədəbi prosesinin inkişafında, yayılmasında Quzey Azərbaycan yazarlarının da böyük xidmətləri olmuşdur. Belə ki, son dövrlərdə Güney ədəbi prosesinin izlərini adlarını çəkdiyimiz əsərlərdə də görürük. Onlardan Teymur Əhmədov, Sabir Nəbioğlu, Əkrəm Rəhimli, Elman Quliyev, Pərvanə Məmmədli, Esmira Fuad, İslam Qəribli, Almaz Əliqızı və digər görkəmli ədəbiyyatşünaslıq mütəxəssislərinin əsərləri təqdirəlayiqdir. Onu da qeyd etməliyəm ki, ayrı-ayrı yazarların kitab şəklində nəşrləri ilə yanaşı, çağdaş şair və yazarların əsərlərindən nümunələr burada “Azərbaycan”, “Ulduz”, “Güneyin Səsi” və “Bakı-Təbriz” dərgilərində çap olunmuşdur. Əslində mən ədəbi və mədəni sahədə yaradıcı insanları Azərbaycanın Güney və Quzeyinə bölmək də istəmirəm. Çünki xalqın ruhunu, adət-ənənəsini heç bir sərhədlə ayırmaq olmur. Ona görə də Azərbaycan Yazıçılar Birliyini Cənubi Azərbaycan Komissiyasının birbaşa iştirakı və təşəbbüsü ilə bu tayda yaşayıb-yaradan yazarlarımızın əsərləri o tayda da dərc və nəşr olunmuşdur. Buna misal olaraq böyük Xalq şairi Bəxtiyar Vahabzadə, Anar, Fikrət Qoca, Söhrab Tahir, Balaş Azəroğlu, Ramiz Rövşən, Nüsrət Kəsəmənli, Şahmar Əkbərzadə, Səlim Babullaoğlu, Elçin Hüseynbəyli, Bəhmən Vətənoğlu, Zəlimxan Yaqub, Musa Yaqub, Kamal Abdulla, Əjdər Ol, Səyyad Aran, Afaq Məsud, Əli Kərim, Əlisəmid Kür və bir çox gənc şair və yazarların əsərləri həm fars, həm də Azərbaycan türkcəsində o taylı oxucularımıza təqdim olunmuşdur.

Göründüyü kimi, mən bu təqdimimdə inqilabdan sonra ədəbi prosesin yalnız bəzi elmi-ədəbi əsərləri barədə söz açdım. Şübhəsiz, bu deyilənlər dövrün ədəbi hərəkatı barədə müəyyən təsəvvür yaradır. Bu okean haqqında tələb olunan səviyyədə bəhs etmək üçün isə dövrün ədəbi prosesi ilə əlaqədar axtarış və tədqiqatlar ardıcıl şəkildə davam etdirilməlidir.

Sonda, Azərbaycan Yazıçılar Birliyinə Güney Azərbaycan üçün bu imkanı yaratdığına görə təşəkkür və minnətdarlığımı bildirir, ümid edirəm ki, Azərbaycanın Güneyi uğrunda görülən ədəbi işlərimiz günü-gündən çox və səmərəli olacaqdır.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

Müasir ədəbi proses

HƏR SÖZ BİR DÜNYADI

YENİ NƏŞRLƏR

” Müasir ədəbi proses və ədəbi tənqid “

Bugünlərdə şair-publisist , professor Rafiq Yusifoğlu ” Müasir ədəbi proses və ədəbi tənqid ” adlı kitabı işıq üzü görüb . Kitabın elmi redaktoru , filologiya elmləri doktoru , professor Şamil Salmanov , rəyçiləri filologiya elmləri doktorları professorlar Akif Hüseynov və Məhərrəm Qasımlıdır . ADPU-nun nəşriyyatında işıq üzü görmüş 344 səhifəlik bu kitab əslində dövrümüzün ədəbi proseslərinə Rafiq Yusifoğlunun özünəməxsus baxışıdı .

Ayrı-ayrı araşdırma məqalələrdən ibarət olan bu kitabın demək olar ki , hər bir mövzusu bugünümüzlə , zamanımızla səsləşir . İstər dünya ədəbiyyatının , istər klassik və sovet , həmçinin müstəqil Azərbaycan məmləkətinin bu gün yaranan ədəbi nümunələri araşdırmaçı alimin diqqətindən yayınmayıb . O, apardığı paralellər və təhlillər nəticəsində hər bir dövrün xüsusiyyətlərini , tərəflərini və dövrə uyğun da ədəbi mühiti diqqətə çatdırmağa çalışıb . Özü də bu işi təkcə təxəyyülün , məntiqin bəhrəsi kimi deyil , həm də istifadə etdiyi çoxsaylı mənbələrin , ədəbiyyatların hesabına ortaya qoyubdu .

Rafiq Yusifoğlunun adı çəkilən kitabında Xəqanidən , Füzulidən , Səməd Vurğundan , Rəsul Rzadan , Xəlil Rzadan , Məmməd Arazdan , Nəbi Xəzridən , Süleyman Rüstəmdən tutmuş yazıçılarımızdan İlyas Əfəndiyev , Süleyman Rəhimov və digərlərinin əsələrinə istinadən öz fikrlərini şərh edərkən o, dünyanın eləcə də yaxın qonşumuz olan Rusiyanın ədəbi camifəsini də diqqətdən kənarda saxlamamışdı . Yəni şair , ədəbiyyatşünas alim bütün mənzərələri bir məxrəcə gətirərək ədəbi prosesə bir tənqidçi yanaşmasını sərgiləmişdi . Onun ədəbi tənqid barəsindəki fikirləri də elə bu şərhlərin özündə kifayət qədər diqqətçəkən , həm də düşündürən bir məqamın yaranmasına səbəb olmuşdu . Konkret ifadə etsəm , müəllifin təqdim etdiyi nümunələr özü-özlüyündə onun fikirlərinin bir növü açarlarına çevrilmiş , qapıları oxucu üzünə açmışdı .

Ümumiyyətlə , bu kitabda , daha doğrusu , məqalələr toplusunda Rafiq Yusifoğlu təkcə ədəbi prosesin görünən tərəfini yox , həm də köklərini , folklora bağlılığını , ədəbi əlaqələri , inkişafın dinamikasını , tərcümə işini , uşaq ədəbiyyatının ümumi mənzərəsini və sairəni də bir elm adamı kimi , bir ədəbiyyatşünas kimi təhlil etmiş və fikirlərini toplum şəkildə ortaya qoymuşud . Düşünürəm ki , Rafiq Yusifoğlunun bu araşdırmalar toplusu – məsqalələr kitabı müəllifin ədəbiyyatımıza layiqli bir töfhəsidir .

Öncə bu kitabın müəllifi Mübariz Binnətoğlu ilə bağlı bir neçə kəlmə diqqətinizə təqdim edim . Onunla ” Azərbaycan ” nəşriyyatında tanış olmuşam . Necə deyərlər , bizi birləşdirən yurd nisgili , yurd həsrəti , faciələrimizin ağrısı zaman-zaman bu münasibətləri daha da istiləşdirib , daha da doğmalaşdırıb . Özünə , şəxsiyyətinə hörmət edən , necə deyərlər , harda dayanmalı olduğunu yaxşı bilən Mübariz Binnətoğlu öz sözünə , qələminə də diqqətlə yanaşır . Bir jurnalist kimi , bir qələm adamı kimi maraqlı fikirlərə , maraqlı yazılara könül verən Mübariz Binnətoğlu demək olar ki , daha çox doğulduğu torpağa , el- obaya ünvanlanan Laçın həsrətini qaysaq bağlamağa qoymayan materiallarla mənim üçün əziz olubdu , doğma olubdu . Onun həmin o kövrək yazılarında mən həmişə Laçını , laçınlıları görmüşəm .

Bugünlərdə Mübariz Binnətoğlu mənə özünün yeni kitabını təqdim etdi . mənəviyyat zirvəsi adlanan kitabın redaktorları tanınmış jurnalistlər Qəmbər Yusif və Daşdəmir Əjdəroğludu . Öncədən deyim ki , kitab çox nəfis şəkildə tərtib olunub və bu kitab Azərbaycan idmanının ən layiqli təmsilçilərindən , hətta müəllifin yazdığı kimi , Azərbaycan idmanını dünyada tanıtdıran , bu yolda yorulmaq bilməyən İnqilab Əliş oğlu Novruzova həsr olunub .

Müəllif kitabın ilk səhifəsində cəmi 56 il yaşamış, necə deyərlər, bu dünyanın qısa ömründə tanıya bilmiş və bu qısa ömrünün mənalı anlarını tarixləşdirmiş İnqilab Novruzovun portretini oxuculara təqdim edir . Məhz bu təqdimatla açılan kitabda oxucu , yəni şəxsən mən bir anlıq gözlərimi həmin portretdən çəkə bilmirəm. Çünki həyatını, fəaliyyətini Azərbaycan idmanına həsr edən, Laçının və laçınlıların qürur duyduqları İnqilab Novruzovun həyatından b əhs edən bu kitabda çox qəribə məqamlar var . Həmin qəribə məqamlardan birincisi kitabın yazılmasına səbəb olan qələmdi həmin qələmin üzərində ” İnqilab Novruzovdan eloğlusu Məhəmməd Süleymanova hədiyyə, 1972-ci il “.

Müəllifin etiraf etdiyi kimi , həmin o qələm onu yazmağa , İnqilab Novruzovu bugünkü nəslə tanıtmağa səsləyir, həvəsləndirir. Beləliklə də indi gözümüzün önündə olan mənəviyyat zirvəsi kitabı araya-ərsəyə gəlibdi. Kitabda müəllif İnqilab Novruzovun bütün həyatını, fəaliyyətini ayrı-ayrı zamanların çərçivəsində oxucuya şirin bir qələmlə oxutmaq təbii ki , müəllifin uğuru sayılmalıdı.

Mən bu kitabda başqa bir məqamın da şahidi oldum . Bu da Azərbaycanın müxtəlif nəsil və nümyaəndəsi olan söz adamının, əslən Laçından olan dəyərli ziyalıların, eləcə də İnqilab Novruzovun doğmalarının öz imzaları ilə bu kitabda yer alan xatirələri düşüncələridir. Həmçinin kitabdakı müxtəlif zamanları özündə donduran fotolar da oxucu üçün bir sərgi, bir keçmişə səyahət təsiri bağışlayır. Açığını deyim ki , kitabda İnqilab Novruzovun əldə etdiyi uğurları əks etdirən mükafatların fotosürətləri də çox qürurvericidi .

Bəli, xalqa , millətə onun layiqli övladını tanıtmaq, onu yaşatmaq söz adamının, öncə isə həmin ünvan sahibinin aid olduğu bölgənin ziyalısının əsas missiyalarından biridi . Çünki onlar öz həmyerlilərini daha yaxından tanıyır, onun tərcümeyi-halını daha dəqiq bilirl ər. Bax , Mübariz Binnətoğlu da belə bir xeyirxah işin öhdəsindən layiqincə gələ bilmişdi . Mən ona daha böyük uğurlar arzu edirəm.

Əbülfət MƏDƏTOĞLU

Ədalət.-2014.-16 may.-S.6.

Müasir ədəbi proses

Kafedra HSM 020000 – filologiya istiqamətində və HSM 020003– xarici ölkə xalq ədəbiyyatı (rus ədəbiyyatı) ixtisası bakalavr və magistr pilləsi üzrə mütəxəssis hazırlaşdırır

Bakalavr pilləsi üzrə:

  1. Şifahi xalq ədəbiyyatı
  2. Qədim rus ədəbiyyatı
  3. 18 əsr rus ədəbiyyatı
  4. 19 əsr (1-ci yarısı) rus ədəbiyyatı
  5. 19 əsr (2-ci yarısı) rus ədəbiyyatı
  6. Mətnşünaslıq
  7. Ədəbi tənqid
  8. XX əsr rus ədəbiyyatı
  9. Ədəbiyyat nəzəriyyəsi
  10. Ədəbiyyatşunaslığa giriş
  11. Rus ədəbiyyatının tədrisi metodikası
  12. Müasir ədəbi proses
  13. Müasir rus ədəbiyyatın aktual problemləri
  14. Realizm
  15. Rus klassikası və Azərbaycan ədəbiyyatı

Magistr pilləsi üzrə:

  1. Folklor janrları Azərbaycanda.
  2. Ədəbiyyatın yaranma tarixi
  3. Romantizmdən realizmə
  4. Rus ədəbiyyatının interpretasiyası
  5. Rus ədəbiyyatşünaslığın tarixi
  6. Ədəbiyatşünaslığın müasir problemləri
  7. Ədəbiyyatşünaslığın elmi-yaradıcılıq metodları
  8. Ədəbiyyatşünaslığın tarixi və metodologiyası
  9. Şərq antroponimikası rus ədəbiyyatında
  10. Almanax ədəbiyyatında Şərq mövzusu
  11. L.N.Tolstoy nəsrinin öyrənilməsinin elmi problemləri
  12. Ədəbiyyat nəzəriyyəsi estetik problemlərlə əlaqədə
  13. XX əsr rus ədəbiyyatının əsas istiqamətləri, metod və üslub
  14. Rusdilli Azərbaycan ədəbiyyatı
  15. Ədəbi tənqiddə sənətkarlıq

Comments are closed, but trackbacks and pingbacks are open.