Press "Enter" to skip to content

Müasir tlim metodları

Təcrübə və müşahidələr sübut edir ki, müasir təlim texnologiyaları üçün aşağıdakılar daha səciyyəvidir:

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Azərbaycanda təhsil sisteminin inkişaf etdirilməsi, onun dünya standartlarının tələbləri səviyyəsinə çatdırılması fəaliyyətin daha çox iki istiqamətdə təşkili ilə səciyyələnir. Onlardan birincisi, ölkənin daxilində təhsil sahəsində əldə olunmuş nailiyyətlərin öyrənilib, ümumiləşdirilməsi və təhlil edilməsindən ibarət olub, ilk növbədə təlim-tərbiyə sahəsində irəliləyişlərin mahiyyət və məzmununu öyrənməklə təhsilin mövcud durumunu, cəmiyyətin tələb və ehtiyaclarını müəyyənləşdirmək baxımından əhəmiyyət daşıyır və vətəndaş cəmiyyətinin formalaşdırılması istiqamətində nələrin əldə olunduğunu və gələcək üçün hansı potensial imkanların yarandığını meydana çıxarmağa imkan verir. İlkin araşdırmalar göstərir ki, Respublikada istər müəllimin, istərsə də məktəbin fəaliyyətinin cəmiyyətin tələblərinə uyğun qurulması nəticəsində şəxsiyyətin formalaşdırılması, nailiyyətlərin qiymətləndirilməsi, eləcə də təhsilin idarə olunması sahəsində xeyli qabaqcıl təcrübə toplanmışdır. Ona görə də həmin materialların ümumiləşdirilərək onlardan geniş istifadə olunması təbii ki, Azərbaycan təhsil sisteminin milli zəmində yenidən qurulması baxımından əhəmiyyət daşıyır.

İkincisi, inkişaf etmiş xarici ölkələrin iş təcrübəsindəki mütərəqqi cəhətlərin öyrənilib ümumiləşdirilməsi və milli-mənəvi xüsusiyyətləri nəzərə alaraq tətbiqinin həyata keçirilməsi vacib bir məsələ olub, aktuallığı ilə seçilir. Son illərdə Azərbaycanda bu istiqamətdə xeyli işlər görülmüşdür. Pedaqoji innovasiyalar kimi öyrənilən bu təcrübələrin keyfiyyət göstəricisi həmin ölkənin vətəndaşlarının ümumi inkişaf səviyyəsi ilə müəyyənləşdirilir və gənc nəsildə formalaşan həyati bacarıqlar ümumi səviyyənin zəruri göstəriciləri kimi çıxış edir.

Ənənəvi pedaqoji tədqiqatların bir mühüm cəhəti kimi istənilən yanaşma eksperimental və təcrübi qaydada sınaqdan keçirilməli, bundan sonra hər hansı innovasiyanın tətbiqinə qərar verilməlidir.

XXI əsrin başlanğıcında Azərbaycan təhsil sisteminin yenidən qurulması, modernləşdirilməsi və bu işlərin təşkilində fəal və interaktiv metodlardan istifadə olunmaqla yerinə yetirilməsi prioritet problem hesab edilir. Onların həll olunması üçün yeni pedaqoji araşdırmalara ehtiyac duyulur.

Təhsil sisteminin inkişaf tendensiyası,fəal və interaktiv metodlar sahəsində müəllif məktəblərinin, novator müəllimlərin iş üsullarına dair toplanmış faydalı təcrübələr, pedaqoji-psixoloji tədqiqatların nəticələri daima sistemləşməli, ümumiləşməli və təlim-tərbiyə prosesinin məzmununun yeniləşdirilməsini tələb edir. Bu problemlərin həlli təhsil sferasına,pedaqoji prosesə fəal və interaktiv metodlar anlayışının elmi əsaslarla gətirilməsini vacib bir problem kimi qarşıya qoyur və bütövlükdə təhsildə texnoloji yanaşmaların tətbiqini aktuallaşdırır.

İstər qabaqcıl təcrübənin, istərsə də xarici ölkələrin təhsil sahəsindəki innovasiyalarının öyrənilməsi məqsədilə sistemli və ardıcıl pedaqoji araşdırmaların aparılması vacib hesab edilməlidir. Bu təcrübələrin hər birinin müasirliyini, səmərəliliyini şərtləndirən keyfiyyətin müəyyənləşdirilməsinə, onların yeni şəraitdə forma və məzmun cəhətdən yeniləşdirilərək tətbiq olunmasına üstünlük verilməlidir.

Fəal təlim metodlarının mahiyyəti və məzmunu

Təcrübə və müşahidələr sübut edir ki, müasir təlim texnologiyaları üçün aşağıdakılar daha səciyyəvidir:

müəllimin özünün fəallığı ilə şagirdin yaradıcı fəallığa cəlb edilməsi;
şagirdin aktiv fəaliyyəti və bu zaman onlara elementar bacarıqların aşılanması;
müəllimin şagirdlərlə və şagirdlərin bir-biri ilə əməkdaşlığı;

hərəkətli, süjetli, musiqili didaktik rollu oyunlardan istifadə, sosial bərabərliyin və psixoloji şəraitin yaradılması;

müəllimin təqdim etdiyi tematik materialın şagirdin yaradıcı təfəkkürünə və
milli düşüncə tərzinin formalaşmasına təsir etməsi.
Müasir təlim texnologiyaları şagirdlərə aşağıdakı keyfiyyətləri aşılamalıdır:
• müstəqil düşünmək, sərbəst fikir söyləmək;
• öz təcrübəsini və biliyini təhlil etmək qabiliyyəti;
• özünü qiymətləndirmək;

• əməkdaşlıq etməyi (başqaları ilə işləməyi bacarmaq, ümumi məqsədə çatmaq üçün işin bölüşdürülməsi);

• başqalarını dinləməyi, müxtəlif fikirlərə hörmət etməyi və dözümlü olmağı;
• öz fikirlərini arqumentlərlə izah və sübut etmək;
• kreativ təfəkkürün inkişafı;
• birgə həll yollarını müəyyənləşdirməyi və qərar çıxarmağı.

Müasir təlim texnologiyaları dərsə qədər hazırlıq prosesində müəllimin, dərsdə isə şagirdlərin fəallığını tələb edir. Müasir təlim texnologiyalarının köməkliyi ilə təlimin həm təhsilləndirici, həm inkişafetdirici, həm də tərbiyələndirici funksiyaları özünü daha qabarıq şəkildə büruzə verir və təlimin keyfiyyətinin yüksəldilməsinə səbəb olur

Fəal təlim şagirdlərin fəal idrak fəaliyyətinə əsaslanan və təhsil prosesinin digər iştirakçıları ilə əməkdaşlıq şəraitində həyata keçirilən təlimi nəzərdə tutur.

Çox vaxt bu anlayışın sinonimi kimi “interaktiv təlim metodları” anlayışından istifadə olunur. Belə ki, “interaktivlik” termini “dialoqu, qarşılıqlı təsiri” bildirir. Bu təlim metodunu ifadə etmək üçün həmçinin “problem – dialoji”, “problemli”, “evristik təlim” anlayışlarından da istifadə olunur.

Fəal(interaktiv) təlim – tədrisin və idrak fəaliyyətinin təşkili və idarə olunması metodlarının məcmusudur. Bu təlim üçün aşağıdakı cəhətlər səciyyəvidir:

• müəllim tərəfindən şüurlu surətdə (iradi olaraq) idraki problem situasiyasının yaradılması;
• problemin həlli prosesində şagirdlərin fəal tədqiqatçı mövqeyinin stimullaşdırılması;

• şagirdlər üçün yeni və zəruri olan biliklərin müstəqil kəşfi, əldə edilməsi və mənimsənilməsi üçün şəraitin yaradılması.

Yeni yanaşmanın mahiyyəti ondadır ki, təlim şagirdlərin yaddaşının təkcə yeni elmi biliklərlə (informasiya ilə) zənginləşdirilməsinə deyil, həm də təfəkkürün müntəzəm inkişaf etdirilməsi əsasında daha çox biliklərin müstəqil əldə edilməsi və mənimsənilməsi, ən mühüm bacarıq və vərdişlərinin, şəxsi keyfiyyət və qabiliyyətlərin qazanılmasına yönəlib. Bu zaman şagirdlər müəllimin rəhbərliyi altında, xüsusi seçilmiş, asan başa düşülən və yadda qalan, ən vacib təlim materialının öyrənilməsi prosesində fakt və hadisələrin səbəb-nəticə əlaqələrini, qanunauyğunluqlarını aşkar etməyi, nəticə çıxarmağı, mühüm və dərin ümumiləşdirmələr aparmağı öyrənirlər.

Şagirdin mövqeyi – “kəşf edən”, “tədqiqatçı” mövqeyidir; o, gücü çatdığı məsələlər və problemlərlə üzləşərkən bunları müstəqil tədqiqat prosesində həll edir.Şagirdlər təlim prosesinin tamhüquqlu iştirakçısı olaraq, bu prosesdə tədqiqatçı kimi çıxış edirlər və bilikləri fəal axtarış və kəşflər prosesində mənimsəyirlər.

Müəllimin mövqeyi – fasilitator (“bələdçi”, “aparıcı”) mövqeyidir, problemli vəziyyətləri planlı və istiqamətlənmiş surətdə təşkil edir, şagirdlər qarşısında tədqiqat məsələlərinin meydana çıxmasına şərait yaradır və onların həllinə metodiki kömək göstərir.

Fəal (interaktiv) təlim metoduna aşağıdakı spesifik xüsusiyyətlər malikdir:
• Təlimin subyekt- subyekt xarakter daşıması,
• Şagirdlərin fəal öyrənmə mövqeyi, təfəkkürün müstəqilliyi və sərbəstliyi;
• İştirakçıların bütün dərs zamanı fəallığı,

• Dərsin əvvəlində problemli situasiyanın yaradılması və dərs prosesinin problemin həllinə yönəldilməsi,

• Düşündürücü və istiqamətləndirici suallar vasitəsi ilə şagirdlərin yeni biliklərin müstəqil kəşf edilməsinə yönəldilməsi,

• Təlimin tədqiqat üsulu vasitəsi ilə keçirilməsi,
• Dərsin dialoq şəklində aparılması, əks əlaqənin yaradılması,
• Əməkdaşlıq və qrupda qarşılıqlı fəaliyyət;

Dünyada gedən qloballaşma həyatın bir çox sahələrinə öz təsirini göstərir. Təhsildə aparılan islahat məhz həmin zərurətdən yaranmışdır. Təhsilin keyfiyyətini yüksəltmək, yeni pedaqoji texnologiyaları öyrənib onlardan səmərəli istifadə etmək başlıca vəzifə kimi qarşıda durur.

Yeni pedaqoji təfəkkürün başlıca prinsipləri – demokratikləşmə, humanistləşdirmə, fərdiləşdirmə, diferensiallaşdırma, inteqrasiya, şəxsiyyətin formalaşdırılması və inkişaf etdirilməsini həyata keçirir.

Metod olaraq interaktivlik təlim prosesində müəllim və şagird arasında işin gedişindən-mövzudan, şərhdən, dialoqdan, rollu oyundan həmin anda meydana çıxan yanaşma, izah, dialoq və s.-dir. Yəni bu tərz əvvəldən planlaşdırılmır, işin- təlim prosesinin gedişi bu məqamı ortaya çıxarır və daha çox şagirdin müstəqilliyi, müdaxiləsi ilə baş verir. Digər tərəfdən, interaktivlik şagirdlərin özləri arasında da ola bilər. Əsas cəhət odur ki, bu prosesdə əməkdaşlıq edən öyrənənlər və öyrədən eyni hüquqlu mövqedə dayanırlar. Təbii ki, müəllim öyrədən olaraq bələdçi, fasilitator, məsləhətçi funksiyasını yerinə yetirir: şagirdlərin işlərinə müdaxilə etmədən problemləri qoyur, istiqamət verir, nəzarət edir, axtarış istiqamətlərini hazırlamağa kömək edir, amma təlim tapşırıqları üzərində uşaqlar özləri birlikdə – öz aralarında tədqiqat aparır, diskussiya apararaq işləyirlər.

İnteraktiv təlim dərsdə yaranan, meydana çıxan şagirdlərarası öyrənmə ünsiyyəti və əməkdaşlığı, müəllim-şagird birliyini nəzərdə tutur. İnteraktiv metodlar isə təlim prosesində öyrənmə və anlaşmaya, bacarıq və keyfiyyətlərə şagirdlərin yiyələnməsini həyata keçirən üsullar, tərzlər, işlər, yanaşmalar, vasitələrdir.

Əsasında öyrədən (təlimçi) deyil, öyrənən duran Konstruktivizim nəzəriyyəsinə istinadən öyrənən cisim və hadisələrlə bilavasitə əlaqədə olur və bunun nəticəsidə onların əlamətlərini qavrayır, qarşıdakı problemi həll edir. O, fərdi şəkildə işləməyə və təşəbbüs nümayiş etdirməyə həvəsləndirilir, öyrənən əqli təhlilin məhsulu olan öyrənmə prosesində yeni bilikləri ilkin biliklərlə əlaqələndirərək ən yaxşı nəticəyə nail ola bilir. Bu nəzəriyyənin nümayəndələri xüsusən qeyd edirlər ki, öyrənmə prosesinə mühit və öyrənənin fikir və münasibəti təsir edir. Konstruktivist təlim insan beyni üzrə son zamanlar aparılan tədqiqat və öyrənmə prosesinin necə baş verməsi haqqında olan biliklər üzərində qurulmuşdur.

Şagirdlərin təliminin texnologiya ilə əlaqələndirilməsi 1999- cu ildə Şaron Adams və Meri Börns tərəfindən “Texnologiyalar üzrə yardım proqramı ” çərçivəsində “Təhsilin İnkişafı üzrə Sausvest Laboratoriyası “nda texnologiyaların inteqrasiyasına əsaslanan bu nəzəriyyəyə istinad edərək şəxsiyyətyönümlü və konstruktivist siniflərin yaradılması ilə işlənib hazırlanmışdır. 2005- ci ildən etibarən Azərbaycan Respublikası Təhsil Nazirliyi və Mədəd Azərbaycan Humanitar Təşkilatının (RELİEF) birgə layihəsi olan Müəllimlərin Peşəkarlıq Səviyyəsinin Təkmilləşdirilməsi Təlimlərində Respublika müəllimləri mərhələ- mərhələ Konstruktivlik, interaktiv təlimlərlə, müasir pedaqoji texnologiyalarla yaxından tanış edilirlər. Təlimlərin praktik əhəmiyyəti çox böyükdür.

Müasir dərs dedikdə, öyrətmə prosesində müəllimin göstərdiyi pedaqoji məharət, ustalıq nəzərdə tutulur. Müəllim sinifdə işgüzar şərait yaradıb şagirdlərin müstəqil mühakimələrinə geniş meydan açırsa, hər mövzunun xarakterinə uyğun priyomlardan, çeviklik və interaktivliyin təmin edilməsindən, problemli təlimdən istifadə edirsə, deməli o, dərsi müasir tələblər əsasında qura bilir.

Müasir dərsdə uşaqlarda yaradıcı təxəyyülü inkişaf etdirməyə və idraki müstəqilliyə xidmət göstərən problemli suallara, düşündürücü məsələlərə xüsusi yer verilməlidir. Belə dərs şagirdlərdə müəyyən bacarıq və vərdişləri formalaşdırır. Müasir dərs müəllimin dərsə ciddi hazırlaşmasını tələb edir. Buna görə də müəllim hansı priyomlardan necə və nə zaman istifadə edəcəyini qabaqcadan müəyyənləşdirməli, sinifdə deyəcəyi informasiyanın strukturunu qabaqcadan düşünməli, mövzuya dair yardımçı, fakt və hadisələri əsas məsələnin həllinə yönəltməyi bacarmalı, elmi-texniki yeniliklərdən, dövrün mühüm ictimai-siyasi hadisələrindən baş açmalı, biliyini müntəzəm olaraq artırmalıdır.Müasir dərs uşaqların dünyagörüşünü inkişaf etdirməli, onların əqidəcə mətinləşməsinə şərait yaratmalı, dərsdə əyanilikdən və müxtəlif mənbələrdən alınmış əlavə məlumatlarla onların dərketmə qabiliyyətini artırmalıdır.

Təlimlə tərbiyənin vəhdəti də müasir dərsin qarşısında qoyulmuş mühüm tələbdir. Dərs şagirdlərin mənəvi inkişafına, əxlaqca təkmilləşməsinə, vətənpərvərlik, insanpərvərlik, əməksevərlik ruhunda yetişməsinə xidmət göstərməlidir. Müasir dərs milli təhsilin yaradılmasına yönəlməlidir. Bunun əsasını diferensiallaşdırma, demokratikləşdirmə, humanistləşdirmə, inteqrasiya, fərdiləşdirmə və s. prinsiplər təşkil etməlidir.

Kurikulumun həyata keçirilməsində şagird nailiyyətlərinin obyektiv qiymətləndirilməsi və stimullaşdırılmasının təmin edilməsi üçün milli, ümumbəşəri dəyərin nəzərə alınması, ümumi inkişafı, meyli və maraqları nəzərə almaqla şagirdlərə əlverişli təlim şəraitinin yaradılması zəruridir. Bu zaman şagirdlər aktiv, tədqiqatçı mövqeyi tutur, müəllim tərəfindən şagirdlər üçün yeni biliklərin müstəqil olaraq əldə olunması, mənimsənilməsi şəraiti yaradılır.Bu cür fəal təlimdə şagirdlərdə aktiv, yaradıcı düşünmə qabiliyyəti və yeni biliklərə sərbəst yiyələnmək yolları birləşdirilmiş olur. Belə iş forması şagirdlərə problemin birgə həll edilməsini, bir-birinin fikrinə hörmətlə yanaşmağı, müstəqil öyrənməyi, sərbəst söyləməyi öyrədir.

İnteraktiv termini isə “dialoq, qarşılıqlı fəliyyət göstərmək” kimi izah olunur. İnteraktiv təlim metodları və üsullarının (qruplar, cütlər, rollar, əqli hücum, nəticə və s.) tətbiqi tədris prosesini xeyli intensivləşdirir, onu hər bir şagird üçün əhəmiyyətli və maraqlı edir, dərsdə fəallığın maksimum artmasına zəmin yaradır, bununla da təlimin inkişafetdirici aspektini xeyli dərəcədə gücləndirir.

Təlim- tərbiyə prosesində interaktiv təlim metodlarının tətbiqi sürətlə dəyişən və inkişaf edən müasir dövrdə yaşamaq, fəaliyyət göstərmək, əməkdaşlıq etmək, qərar qəbul etmək kimi bacarıqları əks etdirən kompetensiyaların formalaşması orta təhsilin məqsəd və vəzifələrinə yeni münasibəti əks etdirir. Hazırda həm metodik, həm də elmi-pedaqoji, psixoloji cəhətdən təkmil olan müəllimlərimiz yeniliyin və müasirliyin nədən ibarət olmasını dərk edir, öz dərslərində tətbiq edərək müasir dərs və onun təşkilinə verilən tələblərdən geniş istifadə edirlər.

Belə hesab edirik ki, müəllimlərin bir-birinin dərslərini dinləməsi və nümunəvi, qabaqcıl təcrübəyə malik olan müəllimlərin “açıq dərs”lərinin keçirilməsi dərsin tələblərinin tədrisdə nəzərə almaq baxımından faydalıdır. Çünki müşahidə olunan dərslərin təhlil və müzakirəsi nəticə etibarı ilə tənqidi təfəkkürün süzgəcindən keçib ümumiləşir, bundan isə müəllimlər həm metodik cəhətdən qazanırlar, həm də yeni təlim metodlarını tətbiq etmə imkanlarına yiyələnirlər.

İnteraktiv təlim prosesi elə təşkil olunmalıdır ki, şagirdlər biliyi tədqiqat yolu ilə əldə etsin. Bu təlim prosesində sinif (auditoriya) qrup və cütlər formasında problemin həlli yollarına dair axtarışa çıxarılır, qruplar əldə olunmuş nəticələri işçi vərəqlərində qeyd edir, sonra onun təqdimatını həyata keçirirlər. Təqdimatlar bitdikdən sonra bu tədqiqat nəticələri arasında rabitə yaradılır, məlumatlar sistemləşdirilir və ümumi bir şəkildə təsinif olunur. Bundan sonra həmin yekunlarla tədqitatın başlanğıcında şagirdlərin (auditoriyanın) irəli sürdüyü ilikin fəpziyyələrlə müqayisələr aparılır. Şagirdlər (öyrənənlər) hansıların üst-üstə düşdüyünü, nələrin isə yeni olduğunu müşahidə edir və ümumi nəticəyə gəlirlər, öyrəniləcək mövzuya çıxaracaq problem qoyularaq motivasiya yaradlılır.

Motivasiya təhrik etmə deməkdir. Yəni şagirdlərin (auditoriyanın) təlim-dərketmə marağını problemin həllinə doğru fəal, canlı şəkildə istiqamətləndirir. Onun digər vəzifəsi isə tədqiqat sualını oraya qoymağa şərait yaratmaqdır. Məhz həmin tədqiqat sualı ilkin fərziyyələr irəli sürməyə və tədqiqat işlərini təşkil etməyə imkan yaratmış olur. Tədqqiqat sualı tədqiqat işinin həyata keçirilməsini tələb edir. Tədqiqat işlərinin nəticələri işçi vərəqlərində qeyd olunur və təqdimatlar həyata keçirilir. Sonra təqdim olunan məlumatlar təşkil və təsnif olunur.Alınan qənaətlər ilkin fərziyyələrlə müqayisə olunaraq nəticələr çıxarılır. Sonra isə alınmış nəticələrin tətbiqi barədə işlər yerinə yetirilir.

Ənənəvi təlim sisteminin ən mürəkkəb problemlərindən biri istifadə olunan pedaqoji texnologiyaların konservatizmi, qeyri-çevik olmasıdır. Müasir informasiya– kommunikasiya dövründə elmin müxtəlif sahələrində toplanmış bilik kütləsi elə sürətlə artır ki, təlimin ənənəvi sxem və prinsiplərinə əsaslanaraq onları həm öyrənənə çatdırmaq, həm də mənimsətmək, əslində qeyri-mümkün işə çevrilir.

Əgər əvvəllər bilikləri əldə etmək üçün şagirdi iki əsas bilik mənbəyi (müəllim və dərslik) qane edirdisə, bu gün həmin mənbələr çoxsaylı məlumat mənbələri ilə müqayisədə uduzur. Bu səbəbdən müasir təlimin başlıca vəzifələrindən biri öyrənməyi oyrətməkdir, yəni şagirdləri bilikləri müstəqil əldə etməyə yiyələndirməkdir. Yalnız təlim metodlarının keyfiyyətcə dəyişdirilməsi, onların şəxsiyyətə, onun tələbatlarına yönəldilməsi, bilikləri mənimsəmə zamanı yaradıcı təfəkkürdən fəal istifadə edilməsi şəraitində təlim böyük səmərə verə bilər. Eyni zamanda, şəxsiyyətyönümlü belə tədris prosesi inkişaf proseslərinin keyfiyyətinə də təsir edəcək: idraki və sosial fəallığı artırmaqla , şəxsiyyətin dəyərlərini və vərdişlərini formalaşdıracaq. Bu tələblərin nəzərə alınması məhz məhsuldar, yaradıcı təfəkkürü və yeni biliklərə müstəqil yiyələnmə üsullarını özündə birləşdirən fəal(interaktiv) təlim texnologiyalarına üstünlük verməyi tamamilə zəruri edir.

Dünya təcrübəsi göstərir ki, fəal (interaktiv) təlim metodu dərsin keyfiyyətini artırmaq məqsədi ilə güclü vasitə ola bilər. Bu metod şagirdlər üçün dərsi çox maraqlı və cəlbedici edir. Fəal(interaktiv) təlim həm məzmunun öyrənilməsinin, həm də tətbiqinin səmərəliliyini artırır və şagirdlərin dərketmə fəaliyyətini daha da fəallaşdırır. Azərbaycanda müasir təlim metodlarının tətbiqi layihəsi artıq həyata keçirilir. Son illərdə respublikamızda fəal dərslərin hazırlanması, planlaşdırılması və onların həyata keçirilməsi üçün vacib olan ilkin təcrübə toplanmış, müəllimlərdə əsas bilik, bacarıq və vərdişlər formalaşmışdır. Keçirilən monitorinqlər göstərdi ki, fəal (interaktiv) təlim metodlarını həyata keçirərkən müəllimlər bir çox problemlərlə rastlaşırlar.

Belə ki, yenilikləri həyata keçirərkən təcrübənin yayılmasına və mübadiləsinə böyük ehtiyac duyürlar , Müəllimlərin yenilikləri həyata keçirmələrində təcrübələri artdıqca və bu işə daha çox müəllim cəlb olunduğca, yeni metodiki tövsiyyələrə, tədris materiallarına və digər metodiki məlumat mənbələrinə ehtiyacları artır. Fəal (interaktiv) təlim üzrə müəllimlər üçün məlumatın və müasir tədris təcrübənin yayılması tətbiqi problemlərin aradan qaldırılması üçün ən səmərəli və məqsədəuyğun yollarından biridir.

Təqdim olunacaq web-saytın vasitəsilə qısa müddətdə gələcək üçün fəal (interaktiv) təlim üzrə resursların toplanması və təkmilləşdirilməsi mümkün olacaqdır. Biz əminik ki, fəal (interaktiv) təlimin hər bir müəllim tərəfindən istifadəsi uşaqların dərs zamanı idrak fəallığını və əməkdaşlıq həvəsini artıracaq.

Yeni pedaqoji texnologiya fəal təlimə əsaslanır. Fəal təlimin modeli müəyyən olunan komponentlərlə şərtlənir. Bura fəal təlimin məzmunu, metodları, öyrədici mühit, qiymətləndirmə daxildir.

Təlimin məzmunu nəyi öyrətmək, metodları necə öyrətmək, öyrədici mühit hansı şəraitdə öyrətmək, qiymətləndirmə ayrı-ayrı komponentlərin səmərəliliyini müəyyən edən amillərə uyğun olaraq nəticəni aşkarlayır.

Fəal təlim prosesində şagirdlər tamhüquqlu iştirakçı olmaqla, qazanılan bilikləri axtarışlar və kəşflər hesabına mənimsəyirlər.

AZERBAYCAN

Çox vaxtı şikayət edirlər ki, əvvəllər təhsil yüksək səviyyədə idi, müəllim – şagird münasibəti indiki dövrdən qat-qat yaxşı idi, müəllimlərin bilik səviyyəsi çox yüksək idi, cəmiyyətdə onlara münasibət tamam başqa idi, müəllim cəmiyyətdə daim öz nüfuz və statusunu qoruyub saxlamağa çalışırdı. Bəs nə oldu ki, indi vəziyyət dəyişdi. Müəllim tədricən öz nüfuzunu itirməyə başladı. Məktəbdə müəllim – şagird münasibəti dəyişməyə başladı. Cəmiyyət yeni yola, bazar idtisadiyyatına qədəm qoydu. Etiraf edək ki, bazar iqtisadıyyatının fəaliyyəti dövründə aşağı səviyyəli əmək haqqı alan müəllim öz maddi vəziyyətini düzəltmək üçün əyri yola əl atdı. Təhsilin bəlası o vaxtdan başladı. Şagirddən hədiyyə, pay, aylıq və sair , nə adlandırırsan- adlandır, alan müəllim şagirdin gözünə dik baxa bilmir, mənəvi cəhətdən özünü saf hesab etmir. İş o yerə çatdı ki, cəmiyyətdə bu geniş yayılmağa başladı və gündəlik məişət hadisəsinə çevrildi. Hətta , ictimaiyyətdə rəy sorğusu aparılan zamanı korrupsiyanın səviyyəsinə görə müəllim yol polisi işçilərindən sonra ikinci yeri tutdu. Təhsilin aqoniyası burda başladı. Özü də burda fərqləndirmək lazım deyil ki, ay bu orta məktəbdi, bu peşə məktəbi və yaxud da ali məktəb. Gündən – günə bu vəziyyət daha da ağırlaşır. İndi vəziyyət elə hal alıb ki, öz işinə məsulıyyətli münasıbət bəsləyən, şagirdlərlə gözəl münasıbət quran, heç bir rüşvətə yaxın düşməyən müəllimi fanat və ya müasir dövrlə ayaqlaşmayan şəxs adlandırırlar.
Bəs bu vəziyyətin aradan qaldırılma yolları varmı? Yəni müəllimlər bu qədər korlanıblar? Xeyr. Bir çox müəllimlər heç də bu halla razı deyillər. Əslində müəllimlərin əksəriyyəti rüşvətxor deyil, onlar halal zəhmətlə yaşamaq istəyirlər. Bəs onda nə etməli?

Müəllimi dolandıra biləcək, onun minimum tələblərini ödəyə bilən əmək haqqı vermək. Bir dəfə məndən soruşdular: “ Əgər bütün müəllimlərə 500 manat əmək haqqı versək təhsildə bir şey dəyişərmi?” Cavab verdim: “Yox “. Əmək haqqının ödənilməsində bərabərçılik prinsipindən əl çəkmək lazımdır. Onu təhsilə işləyən mexanizmə çevirmək lazımdır. Müəllim hiss etməlidir ki, əgər bir ay işinə səhlənkar münasibət bəsləsə o, əmək haqqında öz əklsini tapacaq. Bu necə edilməlidir? Mən deyə bilmərəm . Yəqin ki , bu iqtisadçıların işidir. Əgər əmək haqqının ödənilməsində bu mexanizm təşkil edilsə, təhsildə rüşvətxorluğun qarşısı qismən alınar.

Təhsilin digər problemlərindən biri müəllimlərin peşə səviyyəsinin aşağı olmasıdır. Əgər burda müəllimlərlə kifayətlənsəydik yenə dərd yarı idi. Təhsilə rəhbərlik edən şəxslərin də bir çoxu bu haldadır. Bəzən yeni metodlarla dərsi tədris etməyimə və dəfələrlə onlara bu barədə xəbərdarlıq etməyimə baxmayaraq, hələ də məktəbdə arzu olunmayan şəxsəm. Müəllimlərin fəal təlim metodları ilə tanış olmasını istəməyimə baxmayaraq, bunu nüfuzumun artırılması qayğısına qalmağım kimi başa düşülür. Eyni zamanda mən başqaları kimi ola bilmirəm, onlar kimi “işgüzar” deyiləm.. Onları təhsil çox az maraqlandırır. Özü də belələrinin sayı gündən – günə artır. Bəs nə etmək lazımdır ki, müəllimin öz işinə münasıbəti dəyişsin. Uzun illərdir ki, müəllimlər arasında attestasiya keçirələcəyi haqqında söhbət gedir. Bir Təhsil Naziri kimi mən Misir müəllimi də başa düşürəm. O, müəllimlərin səviyyəsinə çox gözəl bələddir və atestasiyanın hansı “formada” keçirələcəyini də bilir. Ona görə haqlı olaraq atestasıyanın keçirilməsinin əleyhinədir. Lakin, o, istəsə də, istəməsə də atestasiya hər hansı bir formada olsa da keçirilməlidir. Bu, Peşə təhsili sahəsində daha vacibdir. Qəbul imtahanlarında az bal yığan tələbələr Pedoqoji İnstitutlara daxil olduğu kimi müəllimlərin də ən bacarıqsızları Peşə məktəblərinə axışıb. Məsləhətdir ki, atestasiya təhsilin müxtəlif sahələrində müxtəlif vaxtlarda keçirilsun. Təklif olunur ki, əvvəl bu Texniki Peşə Məktəblərində keçirilsin. Onda TPM-lər bacarıqsız və lazımsız kadrlardan azad ola bilər. Dövlət həm artıq vəsait əldə edə bilər, həm də TPM – lər ixtisaslı kadrlarla təmin oluna bilər. Bu həm siravi müəllimlərə, həm də TPM-lərin rəhbərliyinə aiddir. Digər bir tərəfdən gələcəkdə TPM müəllimləri arasında təlimlər keçiriləndə qoy onlara 3 dərəcəli sertifikat verilsin. Bu təlimlərin fəal keçməsinə imkan verər, yəni təlimlərin aktiv keçməsi mexanizmi rolunu oynayar, həm də ilkin səviyyədə müəllimlər arasında seçim etməyə şərait yaradar.

Təhsil sahəsində digər bir problem müəllimlərin təhsildə yeniliyə , fəal təlim metodlarına münasibətidir. Mənə elə gəlir ki, indi də, gələcəkdə də ən böyük problem bu sahədə olacaq. Bir şeyi də qeyd edim ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının nəşr etdiyi və institutlara qəbul onlar üzrə keçirilən testlər də şagirdləri əzbərçiliyə yönəldir və bu birbaşa Kurrikulum tələblərinin əleyhinədir. Hər halda müasir dövrdə təhsildə bir çox belə əksliklər var və onlar gələcəkdə də olacaq. Müasir dövrün müəllimi yeniliyə meylli deyidir. O, düşüncə tərzini, iş üsulunu dəyişmək fikrində deyildir. Yeni fənn kurikulumları sahəsində onunla bir həftəlik təlim aparırsan, hamısı olmasa da bir hıssəsı ondan nə tələb edildiyini başa düşmür. Onlar şəxsi iş metodlarının tənqidini onların incidilməsi kimi qəbul edir, belə hesab edirlər ki, onların illərlə əldə etdikləri bilik və bacarıq heç kəsə lazım olmayacaq və onların peşə səriştəliliyi sual altında qalacaq. Belə hesab edirlər ki, işə və şagirdə yeni münasibət , intensiv işləmək tələb edən fəal təlim onların iş prosesində yaranmış nüfuzuna böyük zərbədir. Çox qəribədir ki, bütün bunları bilən müəllim yenidən öyrənməyə , oxumağa meylli deyil, ixtisası artırmağa sərf edilən vaxtı itirilmiş vaxt hesab edir. Onu da bilir ki, gələn il ibtidai siniflərdə yeni fənn kurikulumu üzrə təlimləri başa vuran Təhsil Nazirliyi Təhsil sahəsində islahatı davam etdirərək, digər fənn sahələrinə keçəcək. Təhsil sahəsində innovasiyaları qəbul etməyən müəllimi dəyişdirməyin yolları varmı? Təbii ki, bütün vəziyyətlərdən çıxış yolu olduğu kimi bu vəziyyətdən də çıxış yolu vardır.

Artıq işini yeni təlim üsulları üzərində quran , fəal təlimi daimi iş üslubuna çevirən, bu sahədə dərsliklər yazan, metodiki vəsaitlər nəşr edən bir çox müəllim və metodistlər vardır. Onları pedoqoji ictimaiyyət arasında təbliğ etmək, mükafatlandırmaq, onların işini yaymaq lazımdır. Belələrinə daha çox diqqət yetirmək, KİV – də və Televiziya verilişlərində onlara yer ayırmaq lazımdır. Qoy onlar öz işlərini bacardıqca daha çox təbliğ etsinlər. Digər bir yol isə məcburiyyət yoludur. Dövlət tədricən təhsildə islahat keçirir. İbtidai siniflərdə yeni fənn kurikulumları üzrə təlim başa çatmaq üzrədir. Qeyri-rəsmi də olsa dövlət məktəblərin yeni iş üsuluna keçməsini tələb etməli və bu üsula keçmiş məktəblər isə fərqləndirilməlidir.

Orta məktəblərin ən böyük problemlərindən biri də müəllim – şagird münasibəti problemidir. Təhsil müəssisəsində demək olar ki, vaxtın çoxusu bu problemin həllinə sərf olunur. Neçə illik təcrübə bunu göstərir. Uşaq psixologiyasına bələd olmayan, adicə psixoloji temperamentlərdən bixəbər, uşaq pedoqogikasının xüsusiyyətlərini bilməyən müəllim adi bir hərəkət, adi bir söz üstündə elə bir problem yaradır ki, sonra bu problemin həllinə həftələr , aylar sərf olunur. Nəticədə təlim – tərbiyə prosesi pozulur, nə qədər adam bu problemin həllinə cəlb olunur. Müəllim dərk edə bilmir ki, problem uşaqda deyil, onun özündədir. Bəzən yaranmış bu problemin həllinə təhsilə rəhbərlik edən təşkilatlar da cəlb olunur. Bu heç də kiçik problem deyil. Lakin, həlli mümkün olan problemdir. Həm ali məktəblərdə, həm orta məktəb müəllimlərinə pedoqogika və psixologiyadan kurslar təşkil olunmalıdır. Bu kurslardan keçmək onlar üçün məcburi olmalıdır. Qoy onlar məcburi də olsa bu kurslardan keçsinlər, pedoqogika və psixologiyanın ən vacib qaydalarına bələd olsunlar. Düzdür, heç demək olmaz ki, bu kurslardan keçən kimi onların hamısı bu sahədə ustalaşacaqlar. Hər halda müəyyən bir hissəsinin də olsa, bu sahədən xəbəri olacaq.

Bu heç də təhsildə olan problemlərin hamısının təsviri deyildir. Demək olar ki, onun çox cüzi bir hissəsidir. Amma, bu problemlər müasir dövrdə təhsilin mənə elə gəlir ki, ən əsas və kardinal problemləridir. Onların həllindən çox şey asılıdır.

Müasir təlim metodları və yeni pedaqoji texnologiyaları region müəllimlərinə öyrədilir

28 fevral- 1 mart 2015-ci il tarixlərində Azərbaycan Respublikası Təhsil Nazirliyinin maliyyə dəstəyi ilə “Gələcəyin müəllimləri” təşəbbüs qrupu tərəfindən “Zəka” Gənclərin İntellektual İnkişaf və Yaradıcılıq mərkəzində müəllimlər üçün təlimləri keçirildi.

Təlimi Təhsil sahəsi üzrə ekspert, web 2.0-web3.0 alətlər üzrə peşəkar Beynəlxalq ekspert Ramil Süleymanov aparırdı. Təlimə Bloqların yaradılması üzrə peşəkar Təlimçi Poladov Xəyal müəllimdə dəvət olunmuşdu. Təlimlər Azərbaycan Respublikası Təhsil Nazirliyinin “İctimai təşəbbüslərin dəstəklənməsi” layihəsi çərçivəsində keçirildi və ümumilikdə Şəkmir, Gədəbəy, Goranboy rayon, Gəncə şəhəri, və qəsəbə məktəblərindən 40 müəllim təlimlərdə iştirak etdi. Təlim müddətində iştirakçılar müasir təlim metodları və yeni pedaqoji texnologiyaların tədbiqinin, həmçinin İKT-dən və fəal təlimdən vəhdət şəkildə istifadə edərək canlı dərs prossesini qurmağın yolları ilə tanış oldular. Təlim müddətində müəllimlərə maraqlı Web2 – Web3 alətlər, müasir internet resursları və ondan tədris prosesində istifadə, yerli və beynəlxalq müsabiqələrdə iştirak qaydaları və digər mövzularda məlumatlar verildi. Sonda iştirakçılar diplomlarla təltif olundular. Təlim iştirakçılarna Təlim vəsaitləridə təqdim olundu.

Comments are closed, but trackbacks and pingbacks are open.