Mühasibat uçotu haqqında
Avtonomluq (muxtariyyət) prinsipi. Bu prinsip istənilən təşkilatda sərbəst hüquqi şəxs kimi mövcuddur. Mühasibat uçotunda yalnız konkret təşkilatın və ya müəssisənin mülkiyyəti hesab olunan mülkiyyət nəzərdə tutulur.
Mühasibat uçotunun əsas prinsipləri hansılardır?
Avtonomluq (muxtariyyət) prinsipi. Bu prinsip istənilən təşkilatda sərbəst hüquqi şəxs kimi mövcuddur. Mühasibat uçotunda yalnız konkret təşkilatın və ya müəssisənin mülkiyyəti hesab olunan mülkiyyət nəzərdə tutulur.
İkili qeydiyyat prinsipi – bütün təsərrüfat əməliyyatları bir hesabın debetində və eyni məbləğdə başqa hesabın kreditində eyni vaxtda əks olunur.
Mövcud təşkilatın prinsipi gələcəkdə iqtisadi bazarda mövqelərini müəyyən şərtlər və müəyyən edilmiş qaydalar əsasında öz tərəfdaşları qarşısında götürdüyü öhdəlik əsasında fəaliyyətini davam etdirməyi planlaşdırır.
Obyektivlik prinsipi. Bu ondan ibarətdir ki, bütün biznes əməliyyatları mühasibatda əks olunmalı, mühasibatın bütün mərhələlərində qeydə alınmalı, mühasibat uçotu aparılmasına əsaslanan sənədləri dəstəkləməlidir.
Ehtiyatkarlıq prinsipi qeyri-müəyyənlik şəraitində hesablamalar üçün zəruri olan qərarların formalaşdırılması prosesində müəyyən dərəcədə diqqətli olmağı nəzərdə tutur ki, bu da aktivlərin və ya gəlirlərin həddindən artıq istifadəsinin və ya öhdəliklər və xərclərin bilərəkdən şişirdilməsinin qarşısını almağa imkan yaradır. Bu prinsipin gözlənilməsi, gizli rezervlərin və həddən artıq ehtiyatların yaranmasının qarşısını alır. Bilərəkdən aktivlər və gəlirlərin, ya da bilərəkdən öhdəliklər və xərclərin şişirdilməsinin qarşısını alır.
- gəlirin (mənfəətin) qeydə alınma prinsipi – gəlir onunla bağlı ödəniş edildiyi vaxtda deyil, əldə olunduğu zaman qeydə alınır;
- uyğunluq prinsipi – hesabat dövrünün gəlirləri xərclər ilə əlaqələndirilməlidir, hansı ki, onların sayəsində bu gəlirlər alınmışdır.
Dövrilik prinsipi – mühasibat balansı və hesabatı bu mərhələr üzrə müntəzəm olaraq tərtib olunmalıdır: il, yarımillik, rüb, ay. Bu prinsip hesabat məlumatlarının müqayisə olunmasını təmin edir. Ьüəyyən bir müddətdən sonra maliyyə nəticələrini hesablamağa imkan verir.
Məxfilik prinsipi – Daxili uçot məlumatlarının məzmunu – təşkilatın kommersiya sirridir. Onun açıqlanması və təşkilatın maraqlarına zərər vurulumasına görə qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət öhdəliyi var.
Pul vəsaitlərinin ölçülməsi prinsipi iqtisadi fəaliyyət göstəricilərinin kəmiyyət pul ölçüsünün vahidi kimi ölkənin valyutası çıxış edir.
Mühasibat uçotu haqqında
Bu Qanun Azərbaycan Respublikasında mühasibat uçotunun dövlət tərəfindən tənzimlənməsi qaydanın, o cümlədən mühasibat uçotunun təşkilinin və aparılmasının ümumi prinsiplərini, bu sahədə müəssisə, idarə, təşkilat və başqa təsərrüfat subyektlərinin hüquqlarını, vəzifələrini və məsuliyyətini, mühasibat (maliyyə) hesabatlarının nəşri qaydasını, mühasibat məlumatlarının düzgünlüyünün təminatını və ölçülərini müəyyən edir.
Maddə 2. Mühasibat uçotu və hesabatı qanunvericiliyi
Mühasibat uçotu və hesabatı ilə bağlı münasibətlər bu Qanunla və Azərbaycan Respublikasının digər qanunvericilik aktları ilə tənzimlənir.
Mühasibat uçotu haqqında Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilmiş qaydalar Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində müəyyən edilmiş qaydalardan fərqli olduqda Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin qaydaları tətbiq edilir.
Maddə 3. Mühasibat uçotunun əsas anlayışları
Mühasibat uçotu müəssisənin, idarənin, təşkilatın və başqa təsərrüfat subyektlərinin əmlakının, öhdəliklərinin, kapitalının, dövriyyə vəsaitlərinin və ümumiyyətlə, bütün maliyyə-təsərrüfat fəaliyyətinin, natural göstəricilər əsasında, pul ifadəsində, fasiləsiz, başdan-başa, sənədləşdirilmiş və mühasibat registrlərində qarşılıqlı əlaqələndirilmiş bütün təsərrüfat əməliyyatlarının mühasibat hesablarında ikili yazılış üsulu ilə yığılması və qaydaya salınması sistemini özündə əks etdirir.
Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakılardan:
təsərrüfat əməliyyatları—müəssisənin, idarənin, təşkilatın və başqa təsərrüfat subyektlərinin əmlakını, kapitalını, öhdəliklərini, onların hərəkətini, maliyyə nəticələrini və. ümumiyyətlə, maliyyə-təsərrüfat fəaliyyətini ayrı-ayrılıqda özündə əks etdirə bilən faktlardır.
ilkin sənədlər—təsərrüfat əməliyyatlarını və onların aparılması üçün rəhbərliyin (sahibkarın) göstərişini təsdiq edən yazılı şəhadətnamədir.
mühasibat uçotu registrləri—təsərrüfat əməliyyatlarının ilkin uçot sənədlərinə əsasən sistemləşdirilməsidir.
inventarizasiya—müəssisənin, idarənin, təşkilatın və başqa təsərrüfat subyektlərinin əmlakının, öhdəliklərinin, hesablaşmalarının, maddi və digər sərvətlərin faktiki vəziyyətinin yoxlanılması, qiymətləndirilməsi və sənədlərlə rəsmiləşdirilməsidir.
mühasibat uçotu hesabı — təsərrüfat əməliyyatları haqqında məlumatların və mühasib uçotunda, digər informasiyanın qruplaşdırılması və saxlanılması üçün əsas vahiddir. Mühasibat uçotunda sintetik hesab əmlakın, kapitalın, maliyyə nəticələrinin və s.
müəyyən edilmiş növü üzrə təyin edilmiş əlamətlərinə görə ümumiləşdirilmiş məlumatların qruplaşdırılmasına xidmət edir. Analitik hesab isə sintetik hesabın daxilindəki şəxsi, material və başqa hesablardakı məlumatları daha təfsilatı ilə qruplaşdırır. Subhesab qruplaşdırılmış analitik uçot məlumatlarının özündə əks etdirməklə sintetik hesabın bir hissəsidir.
mühasibat uçotunun hesablar planı—mühasibat uçotunun müəyyən edilmiş əlamətləri üzrə sintetik və subhesabların məcmusudur.
mühasibat uçotunun standartları—bu Qanunun müddəalarının inkişafı məqsədilə qəbul edilmiş mühasibat uçotunun aparılmasına dair icbari qaydaları və ya göstərişləri müəyyən edən normativ sənəddir.
adi (normal) əməliyyat dövrü—xammal, material, əmtəə və s. sərvətlərin alındığı, pul (kapital) qoyulduğu gündən etibarən onların nəticələrinin yenidən hazır məhsula, iş və xidmətə çevrilərək satıldığı dövrədək olan müddətdir.
dövriyyə vəsaitləri (aktivləri)—bir il ərzində, yaxud adi (normal) əməliyyat dövründə (bu dövr bir ildən çox olmamaqla) istehsalat, tədavül və istehlak sahələrində iştirakı nəzərdə tutulan pul vəsaitləri və digər aktivlərdir. Bunlara kassada və bankda olan pul vəsaitləri, tez satılan qiymətli kağızlar, debitor borcları, mal ehtiyatları, xammal, materiallar, bitməmiş istehsalat, hazır məhsul, gələcək dövrün xərclərinin cari hissəsi aiddir.
dövriyyədənkənar (uzunmüddətli) aktivlər—bir neçə il istifadəsi nəzərdə tutulan faydalı xassələrdir. Bunlara əsas vəsaitlər, kapital, yaxud başqa maliyyə qoyuluşları, qeyri-maddi aktivlər aiddir.
qeyri-maddi aktivlər—fiziki əsası olmayan, lakin sahibkarın imtiyazı və hüququ əsasında dəyər yaradan dövriyyədənkənar aktivlərdir.
müəssisə əmlakı—müəssisənin dövriyyə və dövriyyədənkənar aktivlərinin məcmusudur.
cari öhdəliklər—bir il ərzində, yaxud adi (normal) əməliyyat dövründə (bu dövr bir ildən çox olmamaqla) ödənişi nəzərdə tutulan-alınmış ssudalar, qiymətli kağızlar, verilmiş veksellər və s. öhdəliklərdir.
uzunmüddətli öhdəliklər—ödənişi bir ildən çox müddətə nəzərdə tutulan öhdəliklərdir.
maliyyə qoyuluşları—səhmlərin, istiqrazların və başqa qiymətli kağızların alınması, başqa müəssisələrə nizamnamə kapitalı qoyulması, borc verilməsi və s. ilə əlaqədar müəssisənin, idarənin, təşkilatın və başqa təsərrüfat subyektlərinin investisiya qoyuluşlarıdır.
ilkin dəyər—alınması, quraşdırılması və başqa analoji xərcləri də daxil etməklə əmlakın, obyektin əldə edilməsinə çəkilən faktiki məsrəflərdir.
bərpa dəyəri—mövcud vaxtda istifadəsi zəruri olan dövriyyədənkənar aktivlərin mümkün məsrəflərinin qiymətləndirilməsidir.
maliyyə (mühasibat) hesabatı—müəssisənin, idarənin, təşkilatın və başqa təsərrüfat subyektlərinin əmlakının, maliyyə vəziyyətinin, təsərrüfat fəaliyyətinin nəticələrinin və s. istifadəçilər (səhmdarlar, kreditorlar, sahibkarlar, dövlət orqanları və s.) üçün təyin edilmiş formalarda öz əksini tapa bilən mühasibat uçotunun faktiki və düzgün təsdiq olunmuş göstəricilərinin yekunlarının məcmusudur.
mühasibat balansı—hesabat dövrünün son gününə müəssisənin, idarənin, təşkilatın və digər təsərrüfat subyektlərinin əmlak və maliyyə vəziyyətini əks etdirən maliyyə hesabatı formasıdır.
Maddə 4. Mühasibat uçotunun məcburiliyi
Azərbaycan Respublikasının ərazisində mənfəətlə, yaxud mənfəətsiz işləmək məqsədilə sahibkarlıq fəaliyyəti və ya başqa fəaliyyətlə məşğul olan, hüquqi şəxs sayılan, yaxud hüquqi şəxs sayılmayan, tabeçiliyindən və mülkiyyət formasından asılı olmayaraq fəaliyyət göstərən bütün təsərrüfat subyektləri (müəssisələr, idarələr, təşkilatlar və başqaları bu Qanunda bundan sonra müəssisə adlandırılacaqdır) bu Qanuna uyğun mühasibat uçotu aparmağa borcludurlar.
Maddə 5. Mühasibat uçotunun obyektləri
1. Mühasibat uçotunun obyektləri aşağıdakılardır:
pul və natural ifadədə istifadədə olan və olmayan əmlak (icarəyə götürülən, bağışlanılan, əvəzsiz verilən və s. sərvətlər də daxil olmaqla);
istehsalat ehtiyatları və məsrəfləri, hazır məhsullar;
pul vəsaitləri, qiymətli kağızlar, hüquqi və fiziki şəxslərlə hesablaşmalar, investisiya qoyuluşları;
növlər və dövrlər üzrə gəlir və xərclər, mənfəət və zərərlər, mənfəətin istifadəsi (bölgüsü, yığımı), zərərlərin ödənilməsi;
əsas vəsaitlərin, azqiymətli əşyaların, qeyri-maddi aktivlərin köhnəlməsi (amortizasiyası);
kreditlər və digər borclara görə öhdəliklər, maliyyə təxsisatları və onların istifadəsi;
nizamnamə fondu da daxil edilməklə müəssisələrin ehtiyatlarının və digər fondlarının yaradılması, istifadəsi və mühasibat uçotunun hesab planına uyğun digər obyektlər.
2. Mühasibat uçotunun hesab planına uyğun olaraq bu maddənin birinci bəndində nəzərdə tutulan mühasibat uçotunun obyektləri hökmən sintetik, analitik və subhesablarda, mühasibat registrlərində qarşılıqlı əlaqədə ikili yazılış üsulu ilə öz əksini tapmalıdır. Analitik uçotun aparılması qaydası (şəxsi, material və başqa analoji hesabların uçotu da daxil olmaqla) nəzarət və idarəçiliyin tələbindən asılı olaraq müəyyənləşdirilir.
Maddə 6. Mühasibat uçotunun əsas prinsipləri
Mühasibat uçotunun əsas prinsipləri aşağıdakılardır:
mühasibat uçotunun fasiləsizliyi—müəssisə yarandığı gündən ləğv edildiyi günədək bütün fəaliyyəti dövründə mühasibat uçotunun fasiləsiz həyata keçirilməsi, ləğvetmə zamanı Mühasibat uçotunun xüsusi qaydasının tətbiq olunması;
mühasibat uçotu hesablarının tətbiqi—müəssisə əmlakının, öhdəliyinin hərəkəti üzrə bütün təsərrüfat əməliyyatlarını, gəlir və xərc, mənfəət, zərər və bu kimi bütün başqa göstəricilərini yarandığı vaxtda da mühasibat hesablarında ikili yazılış üsulu ilə heç bir istisnaya yol vermədən düzgün əks etdirilməsi;
təsərrüfat əməliyyatlarının iqtisadi məzmununun mənaca onun qalan bütün əlamətlərindən üstünlüyünün təminatı—müəssisənin ilkin uçot sənədlərində məzmunu qeyd olunan təsərrüfat əməliyyatlarını uçot və hesabatda əks etdirən zaman onun iqtisadi məzmununun mənaca qalan bütün əlamətlərindən üstünlüyünün təmin edilməsi və onların uçot siyasətində kommersiya sirri kimi qorunub saxlanması;
təsərrüfat fəaliyyətində ehtiyatlılığın təminatı—müəssisənin maliyyə nəticələrini formalaşdıran zaman potensial zərərin, yaxud öhdəliyin son dərəcə mənfəətə və ya aktivə çevrilərək uçot və hesabatda əksini tapması üçün böyük hazırlıq işinin—ehtiyatlılığın təmin edilməsi;
qiymətləndirmənin təminatın —müəssisənin bütün dövriyyə və dövriyyədənkənar aktivlərinin, öhdəliklərinin və digər sərvətlərinin ilkin və bərpa dəyəri ilə qiymətləndirilərək bazar qiymətlərinə uyğunlaşdırılması.
MÜHASİBAT UÇOTUNUN TƏŞKİLİ
Maddə 7. Mühasibat uçotunun təşkilində müəssisənin vəzifələri
1. Müəssisə əmlakının, öhdəliklərinin və bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotunu bu Qanun əsasında işlənib hazırlanmış mühasibat uçotu standartlarına, mühasibat uçotunun hesab planına və başqa normativ sənədlərə uyğun mühasibat uçotu hesablarında qarşılıqlı əlaqədə ikili yazılış üsulu ilə aparır.
2. Mühasibat uçotunun aparılmasında aşağıdakılar təmin edilməlidir:
hesabat dövrü ərzində ayrı-ayrı təsərrüfat əməliyyatlarını uçotda düzgün əks etdirməli, əmlakın qiymətləndirilməsi zamanı təsərrüfatçılıq şəraitindən asılı olaraq qəbul edilmiş uçot siyasətinə və bu Qanuna uyğun hazırlanmış mühasibat uçotu standartları və uçota dair başqa normativ sənədlərin tələblərinə əməl olunmalı, keçən dövr ilə müqayisədə uçot siyasətindəki dəyişikliklər mühasibat hesabatında izah edilməlidir;
hesabat dövründəki (ay, rüb, il) mövcud əmlakın, öhdəliklərin, kapitalın, hesablaşmaların və digər sərvətlərin inventarizasiyasının nəticələri uçotda tam və düzgün əks etdirilməlidir. Bütün təsərrüfat əməliyyatlarının ardıcıl olaraq uçot registrlərində düzgün, xronoloji qeydiyyatı təmin edilməlidir;
gəlir və xərclər hesabat dövrünə düzgün aid edilməlidir;
qəbul edilmiş uçot siyasətinə hesabat ili ərzində riayət olunmalıdır.
Uçotda cari xərclərin istehsala (tədavül xərclərinə) və kapital qoyuluşlarına ayrılması dürüst müəyyənləşdirilməlidir. Hər ayın biri tarixinə analitik uçot hesablarının məlumatları dövriyyə və qalıqlar üzrə sintetik uçot hesablarının məlumatları ilə üzləşdirilərək, onların bərabərliyi və düzgünlüyü müəyyənləşdirilməlidir.
Maddə 8. Mühasibat uçotunun məqsədi
Mühasibat uçotunun əsas məqsədi (vəzifəsi) aşağıdakılardır:
maliyyə, bank, vergi orqanları, investorlar, mal satanlar, mal alanlar, kreditorlar, dövlət orqanları və digər marağı olan təşkilatlar və şəxslər tərəfindən operativ rəhbərlik və idarəetməni həyata keçirmək, təqdim ediləcək maliyyə (mühasibat) hesabatlarının tərtibi üçün, həmçinin müəssisənin təsərrüfat prosesləri və maliyyə-təsərrüfat fəaliyyəti haqqında zəruri olan məlumatları tam və düzgün formalaşdırmaq;
əmək, material və maliyyə ehtiyatlarının təsdiq edilmiş normalara, normativlərə və smetalara Müvafiq olaraq istifadəsi, əmlakın mövcudluğu və hərəkəti, mülkiyyət hüququ və öhdəlikləri üzərində nəzarəti təmin etmək;
maliyyə-təsərrüfat fəaliyyətindəki mənfi halların qarşısını vaxtında almaq, təsərrüfatdaxili ehtiyatları aşkara çıxarmaq və onları səfərbər etmək.
Maddə 9. Mühasibat uçotunun təşkili
1. Müəssisədə mühasibat uçotunun təşkilinə müəssisə rəhbəri cavabdehdir.
2. Müəssisənin rəhbəri mühasibat uçotunun düzgün aparılması üçün lazımi şərait yaradır, uçotla əlaqəsi olan bütün bölmələrin, xidmətlərin işçiləri tərəfindən hazırlanan uçot sənədlərinin və məlumatlarının vaxtında və düzgün tərtib və təqdim edilməsi işində tələblərin yerinə yetirilməsini təmin edir və uçot üzrə normativ sənədlərin tələblərinə riayət edir.
3. Mühasibat uçotunun təşkili, aparılması, uçot siyasətinin formalaşması, daxili mühasibat hesabatı, inventarizasiya qaydası, əmlak və öhdəliklərin qiymətləndirilməsi üsulları və s. barədə müəssisə rəhbəri daxili əmrlər, qərarlar, qaydalar və s. hazırlayır. Bu zaman o, mühasibat uçotunun təşkilati formasını, sənəd dövriyyəsi qaydasını və uçot məlumatlarının texnologiyasını təyin edir, daxili uçot və hesabat sistemini işləyib hazırlayır, mühasibat uçotunun məqsədini həyata keçirmək üçün vacib olan təsərrüfat əməliyyatları üzərində nəzarət qaydasını, sənədlərə imza etmək hüququ olanları və s. müəyyən edir.
4. Müəssisə özünün filiallarını, şöbələrini, nümayəndəliklərini, istehsalatlarını, təsərrüfatlarını və strukturunda nəzərdə tutulan başqa bölmələrini müstəqil balansa ayıra bilər, lakin bu balansların göstəriciləri müəssisənin öz balansında cəmləşdirilir.
Maddə 10. Mühasibat xidməti
1. Müəssisənin mühasibat xidmətini onun müstəqil struktur bölməsi (idarəsi, şöbəsi) olan və bilavasitə müəssisənin rəhbərinə tabe olan mühasibat, mərkəzləşdirilmiş mühasibat, sərbəst mühasiblər, müqavilələr əsasında cəlb edilmiş mühasiblər həyata keçirir.
2. Mühasibat işlərinə rəhbərlik həmin bölmənin (idarənin, şöbənin) rəhbəri və ya baş mühasib tərəfindən həyata keçirilir. Mühasibat xidməti üzrə müstəqil struktur bölməsi olmayan müəssisələrdə mühasibat xidmətinə aid olan işləri müqavilə əsasında ixtisaslaşdırılmış təşkilat, yaxud müvafiq mütəxəssis həyata keçirə bilər.
3. Mühasibat uçotu üzrə ali ixtisas təhsili olan və ya sərbəst mühasib statusu olan hər bir şəxs baş mühasib işləyə bilər. Zəruri hallarda mühasibat uçotu ixtisası üzrə ali ixtisas təhsili olmayan, lakin mühasibat uçotu işində ən azı beş il iş stajı olan şəxslərə də baş mühasibin işlərini həvalə etmək olar.
4. Baş mühasib və ya mühasibat uçotu xidmətinin rəhbəri bu Qanunu və ona uyğun işlənib hazırlanmış bütün mühasibat uçotu standartlarını və uçota dair digər normativ sənədləri rəhbər tutaraq mühasibat uçotunun ümumi prinsiplərinə riayət edilməsinə nəzarət edir.
5. Baş mühasib və ya mühasibat xidmətinin rəhbəri müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesablarında (həmçinin mühasibat uçotu registrlərində) düzgün əks etdirilməsini, ona nəzarəti, operativ məlumatların təqdim edilməsini, mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsini, digər bölmə və xidmət sahələri ilə birlikdə təsərrüfatdaxili ehtiyatların aşkara çıxarılması və səfərbər edilməsi məqsədilə mühasibat uçotu və hesabatının məlumatları üzrə müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin iqtisadi təhlilinin həyata keçirilməsini təmin edir.
6. Baş mühasib və ya mühasibat xidmətinin rəhbəri müəssisənin rəhbəri ilə birlikdə əmtəələrin, materialların və başqa sərvətlərin, pul vəsaitlərinin qəbulu və verilməsi üçün əsas olan sənədlərə, habelə hesablaşma, kredit və maliyyə öhdəliklərinə imza edir. Göstərilən sənədlər baş mühasibin imzası olmadıqda etibarsız sayılır və icra üçün qəbul edilmir.
7. Müəssisənin rəhbəri verilən sərvətlərin saxlanması, emalı, satışı (buraxılışı), daşınması və ya istehsal prosesində tətbiqi ilə bilavasitə əlaqədar vəzifələr tutan və ya bu cür işləri yerinə yetirən, 18 yaşına çatmış işçilər ilə tam maddi məsuliyyət haqqında yazılı müqavilə bağlayır. Belə vəzifələrin və işlərin siyahısı, habelə tam maddi məsuliyyət haqqında birtipli müqavilə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir.
8. Kassir ştatı olmayan kiçik müəssisələrdə həmin vəzifəni müəssisənin rəhbərinin yazılı sərəncamı ilə digər işçi yerinə yetirə bilər.
9. Baş mühasib işdən azad edilərkən mühasibat uçotunun vəziyyəti və hesabat məlumatlarının doğruluğu müəssisə rəhbərinin əmri ilə təyin edilmiş komissiya tərəfindən yoxlanılıb dürüstləşdirildikdən və aktla rəsmiləşdirildikdən sonra yeni təyin edilmiş baş mühasibə (o olmadıqda isə müəssisə rəhbərinin əmri ilə baş mühasibin işləri həvalə edilmiş işçiyə) təhvil verilir. Akt azı üç nüsxədən ibarət tərtib edilərək müəssisə rəhbəri tərəfindən təsdiq edilir və birinci nüsxəsi mühasibatda saxlanılır.
Maddə 11. Sərbəst mühasib
1. Sərbəst mühasib Azərbaycan Respublikası Mühasiblər Palatasının verdiyi lisenziyaya əsasən respublika ərazisində mühasibat uçotu əməliyyatları aparmaq hüququ əldə etmiş fiziki şəxsdir.
2. Sərbəst mühasibin statusu, hüquq və vəzifələri Azərbaycan Respublikasının qanunu ilə müəyyən edilir.
MÜHASİBAT UÇOTUNUN SƏNƏDLƏŞDİRİLMƏSİ VƏ REGİSTRLƏRİ
Maddə 12. İlkin uçot sənədləri
1. Təsərrüfat əməliyyatlarının baş verməsi faktını əks etdirən ilkin uçot sənədləri mühasibat uçotu registrlərində yazılışlar üçün əsas hesab olunur.
İlkin sənədlər (o cümlədən kağız və maşınla oxunan məlumat daşıyıcıları) özündə aşağıdakı zəruri rekvizitləri əks etdirməlidir:
sənədin (formanın) adı, nömrəsi, kodu, tərtib edilmə yeri və tarixi, sənəd tərtib edilən müəssisənin adı, təsərrüfat əməliyyatlarının məzmunu və ölçüləri (natural və pul ifadəsində), təsərrüfat əməliyyatlarının baş verməsi, tamamlanması və onun rəsmiləşdirilməsinin düzgünlüyü üçün məsul şəxslərin vəzifələri, soyadı, adı, atasının adı, şəxsi imzaları və başqa əlamətləri.
Əməliyyatların xarakterindən və uçot məlumatlarının işlənməsi texnologiyasından asılı olaraq ilkin sənədlərə əlavə rekvizitlər daxil edilə bilər.
İlkin sənədlər əməliyyatların baş verdiyi anda, bu mümkün olmadıqda isə əməliyyatlar bilavasitə qurtardıqdan sonra tərtib edilməlidir.
Sənədlərin keyfiyyətli tərtibatına, onların vaxtında mühasibat uçotunda əks etdirilməsi üçün müəyyən edilmiş müddətlərdə təqdim edilməsinə, sənədlərdəki məlumatların doğruluğuna məsuliyyəti həmin sənədləri hazırlamış və imza etmiş şəxslər daşıyırlar.
İlkin sənədlərə əsasən məlumatları işləyib qaydaya salmaq və onlara nəzarət etmək üçün icmal uçot sənədləri hazırlanmalıdır. Bu sənədlər kağızda və maşına məlumat daşıyıcılarında tərtib edilə bilər.
Pul və hesablaşma sənədlərini, maliyyə və kredit öhdəliklərini müəssisənin rəhbərinin təsdiq etdiyi siyahıya əsasən imza etmək hüququ olan ən azı iki şəxs imzalamalıdır. Birinci imza müəssisədə ümumi rəhbərlik funksiyasını icra edən şəxsə, ikinci imza isə mühasibata rəhbərlik funksiyasını icra edən şəxsə mənsub olur.
2. Pul vəsaitlərinin, maddi sərvətlərin və başqa əmlakların qəbul-təhvili ilə əlaqədar əməliyyatlar ilkin sənədlər əsasında həyata keçirilən zaman iştirak edən hüquqi şəxsin nümayəndələrinə və ya fiziki şəxslərə sənədləşmənin bir nüsxəsi verilir. Əməliyyatda iştirak edənləri sənədlərin surəti ilə təmin etmək müəssisədə bu əməliyyatı rəsmiləşdirənin öhdəsinə düşür.
3. Mühasibat uçotunda əks etdirilməsi zəruri olan uçota qəbul edilmiş ilkin sənədlərdəki məlumatlar Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən təklif edilmiş, yaxud nazirlik və baş idarələr tərəfindən ümumi prinsiplərə riayət edilməklə işlənib hazırlanmış uçot registrlərində yığılır və sistemləşdirilir.
Müəssisə tərəfindən müəyyən dövr ərzində aparılmış təsərrüfat əməliyyatları haqqında məlumatlar uçot registrlərindən qruplaşdırılmış şəkildə mühasibat uçotu hesablarına köçürülür.
4. İlkin sənədlərdə və uçot registrlərində qeydsiz düzəlişlərə yol verilmir. Səhvlərin düzəlişi həmin sənədi imza etmiş şəxslərin imzası ilə düzəlişin tarixi göstərilməklə təsdiq edilməlidir. Kassa və bank sənədlərində heç bir, düzəlişə yol verilmir.
5. İlkin sənədlər, uçot registrləri, mühasibat hesabatları mütləq müəyyən edilmiş qaydaya və müddətə müvafiq olaraq saxlanılmalıdır.
Sənədlərlə işləyən dövrdə onların qorunub saxlanılmasının təmin edilməsinə və vaxtında arxivə verilməsinə məsuliyyəti baş mühasib daşıyır.
6. İlkin uçot sənədlərinə nəzarət Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən həyata keçirilir.
Maddə 13. Mühasibat uçotu registrləri
1. Məzmunu ilkin uçot sənədlərində qəbul edilmiş informasiyaların mühasibat hesabatlarında əks etdirilməsi üçün onların hökmən mühasibat registrlərində cəmləşdirilməsi və sistemləşdirilməsi zəruridir.
Registrlər xüsusi qrafalara bölünmüş kitablarda (jurnallarda), ayrı-ayrı vərəqələrdə, kartlarda, hesablama texnikasından istifadə edilən zaman maşinoqramlarda, disketlərdə, maqnit lentlərində və bu kimi başqa maşına məlumat daşıyıcılarında başdan-başa, fasiləsiz, xronoloji, sistemli və digər qaydalarda qeydiyyatdan keçirmə yolu ilə yerinə yetirilir.
Registrlərin formalaşdırılması qaydası mühasibat uçotunun standartları ilə nizamlaşdırılır.
Maşına məlumat daşıyıcıları ilə mühasibat uçotu registrlərini yerinə yetirən müəssisələr onların lazımi qaydada istifadəsi üçün mühasibatı müasir uçot texnikası və texniki vasitələrlə təmin etməlidir.
2. Azərbaycan Respublikası ərazisində olan bütün təsərrüfat subyektləri mühasibat uçotu registrlərini Azərbaycan dilində apar adalıdır.
Xarici mühasibat standartları ilə nizamlaşdırılan xarici mühasibat uçotu registrləri Azərbaycana gətirilən zaman Azərbaycan dilinə tərcümə edilməlidir. Azərbaycan dilindəki mühasibat uçotu registrləri də tədqiqat və başqa lazımi tələblər zamanı tələb olunan başqa dillərə də tərcümə edilə bilər.
3. Baş kitabın, sintetik hesablar üzrə dövriyyə cədvəlinin düzgün tərtibatına, habelə mühasibat registrlərinin və onlarda əks etdirilmiş məlumatların qorunub saxlanmasına baş (sərbəst) mühasib, yaxud xüsusən bu işlər üçün müəssisə rəhbəri tərəfindən rəsmi təyin edilmiş, şəxs cavabdehdir.
Maddə 14. Əmlakın və öhdəliklərin inventarizasiyası
1. Müəssisə mühasibat uçotu və hesabatının doğru və düzgünlüyünü təsdiq etmək üçün dövri olaraq öz əmlakının, öhdəliyinin, hesablaşmalarının, kapitalının və s. maddi sərvətlərinin və ümumiyyətlə, balansın bütün aktiv və passiv maddələrinin inventarizasiyasını aparmalıdır.
2. İnventarizasiyanın aparılması məcburi olan hallardan başqa hesabat ilində inventarizasiyaların sayı, onların aparılma tarixləri, həmin inventarizasiyaların hər birində yoxlanılacaq əmlakın və öhdəliklərin siyahısı müəssisə tərəfindən müəyyən edilir.
3. İnventarizasiyanın aparılması aşağıdakı hallarda məcburidir:
müəssisə əmlakını icarəyə verdikdə, satın aldıqda, satdıqda habelə dövlət və ya bələdiyyə müəssisəsi, səhmdar cəmiyyəti, yaxud başqa müəssisə kimi yenidən təşkil edildikdə;
illik mühasibat hesabatının tərtibindən əvvəl 1 oktyabrdan tez olmayaraq əmlakın və öhdəliklərin mövcud vəziyyətinin təmamilə başdan-başa yoxlanması məqsədilə inventarizasiya keçirildikdə;
müəssisə ləğv edilərkən, ləğv balansı tərtib edilməmişdən əvvəl və Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulan digər hallarda;
maddi məsul şəxslər, dəyişildikdə və yaxud məzuniyyətə getdikdə (işlərin qəbulu və təhvili günü);
oğurluq və ya sui-istifadə, habelə sərvətlərin xarab olması faktları müəyyən edildikdə;
yanğın, yaxud təbii fəlakət halları baş verdikdə;
sərvətlər yenidən qiymətləndirildikdə;
məhkəmənin müvafiq qərarı, müstəntiqin qərarı və ya prokurorluğun yazılı göstərişi olduqda;
özəlləşdirmə zamanı, sahibkar və hüquqi şəxs statusu dəyişildikdə inventarizasiya tərəflərin razılığı ilə, yaxud dövlət əmlakını idarəetmə orqanlarının tələbi ilə həyata keçirilir.
4. Əsas vəsaitlər üç ildən bir, kitabxana fondu isə beş ildən bir inventarizasiya edilə bilər.
5. Müəssisə inventarizasiyanın başlandığı və qurtardığı müddət ərzində yeni yaranan maddi sərvətlərin hərəkəti üzərində nəzarəti təmin edir.
6. İnventarizasiya və digər yoxlamalar zamanı faktiki əmlakın mühasibat uçotu məlumatlarından kənarlaşan məbləğləri aşağıdakı qaydada tənzimlənir:
əsas vəsaitlərdən, maddi sərvətlərdən, pul vəsaitlərindən və digər əmlaklardan artıq gəlmələr, onların səbəbləri və təqsirkar şəxslər müəyyənləşdirilməklə onlar istismarda olduğu yerdə maddi məsul şəxsin hesabına mədaxil edilir və onların məbləğləri müvafiq olaraq müəssisələrdə təsərrüfat fəaliyyətinin nəticələrinə (mənfəətə), idarələrdə isə maliyyələşmənin (fondların) artırılmasına yönəldilir;
müvafiq normativ sənədlərdə nəzərdə tutulmuş təbii itki normaları daxilində xarab olmalar və bu kimi əskikgəlmələr və itkilər rəhbərin sərəncamına müvafiq olaraq müəssisələrdə istehsalat və ya tədavül xərclərinə, idarələrdə isə maliyyələşmənin (fondların) azaldılması hesabına silinir;
təyin edilməsi mümkün olan, lakin müvafiq normativ sənədlərdə nəzərdə tutulmayan təbii itki normaları mülkiyyətçi tərəfindən təyin edilə bilər;
əsas vəsaitlərdən, maddi sərvətlərdən, pul vəsaitlərindən və digər əmlaklardan əskikgəlmələr və itkilərin (habelə təbii itki normalarından artıq xarabolmalar, əskikgəlmələr və itkilər də daxil olmaqla) səbəbləri və təqsirkar şəxslər müəyyənləşdirilməklə onların məbləğləri (əskikgəlmələr və itkilər müəyyən edildiyi vaxtın bazar qiymətləri ilə) təqsirkar şəxslərin hesabına yazılır. Təqsirkar şəxsləri müəyyən etmək mümkün olmadıqda, əskikgəlmələrin və itkilərin məbləğlərinin müəssisə tərəfindən təqsirkar sayılan şəxsdən tutulması məhkəmə tərəfindən rədd edildikdə və ödənilməsi mümkün olmayan (ümidsiz) əskikgəlmələr və itkilər müəyyənləşdirildikdə həmin məbləğlər müəssisə rəhbərinin yazılı sərəncamına müvafiq olaraq müəssisələrdə təsərrüfat fəaliyyətinin nəticələrinə (zərərə), idarələrdə isə maliyyələşmənin (fondların) azalmasına silinir;
maliyyə öhdəlikləri və hesablaşmalar üzrə məbləğlər dəqiqləşdirildikcə kənarlaşmalar hesabat ilində mənfəətin (zərərin) artırılmasına (azaldılmasına), yaxud şübhəli borcların ehtiyatı və bu kimi başqa məqsədli fondlar hesabına nizamlaşdırılır.
Maddə 15. Mühasibat məlumatlarının qorunması
1. Mühasibat uçotu registrlərinin daxili mühasibat hesabatı və bu kimi başqa sənədlərdəki məzmunu kommersiya sirridir. Müəssisə rəhbərinin icazəsi, məhkəmə və prokurorluq orqanlarının qərarı və Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş başqa hallar olmadıqda bu sənədlərlə heç kim tanış ola bilməz.
2. Mühasibata buraxılmış auditorlar və başqa yoxlayıcı şəxslər kommersiya sirrini qorumağa borcludur. Bu şəxslər onlara məlum olan sirrin yayılmasında məsuliyyət daşıyırlar.
Maddə 16. Mühasibat uçotunda qeydiyyatların dürüstlüyü
1. Əməliyyatlarda iştirak edən tərəflər arasında sazişlər olmadıqda və yaxud bu, məhkəmə tərəfindən sübuta yetirilmədikdə, təsərrüfat əməliyyatlarının sənədlərlə əsaslandırılmış və lazımi qaydada mühasibat uçotu registrlərində rəsmiləşdirilmiş qeydiyyatı ilkin dürüstlük kimi qəbul edilir.
2. Mühasibat uçotu hesablarında əks etdirilmiş təsərrüfat əməliyyatları o vaxt düzgün sayılır ki, o bu maddənin birinci bəndinə uyğun gəlsin və müvafiq nəzarətedici orqanların rəyi ilə təsdiq edilsin.
Maddə 17. Mühasibat uçotu registrlərinin və sənədlərinin saxlanılması
1. Müəssisə ilkin uçot sənədlərini, mühasibat registrlərini və mühasibat hesabatlarını qoruyub saxlamağa borcludur. Sənədlərin saxlanılması müddəti Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Baş Arxiv İdarəsi tərəfindən müəyyən edilir.
2. Mühasibat uçotunun hesab planı, mühasibat uçotu üzrə təlimatlar, kodlaşdırma üsulu, müasir maşınlar üçün proqram məhsulları və onlardan istifadə qaydaları, əvvəlcə istifadə edilən uçot üsulları və bunlar əsasında tərtib edilən mühasibat hesabatlarının yoxlanılmasını təmin etmək məqsədi ilə beş ildən az olmayaraq mühasibatda saxlanılır.
Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 4 may tarixli 1140-VQD nömrəli Qanununun tətbiqi və “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 192 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 4 may tarixli 1140-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun pozulmasına görə məsuliyyət müəyyən edən qanun layihəsini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.5. həmin Qanunun 4.3.8-ci maddəsinə uyğun olaraq, peşəkar mühasib təşkilatının akkreditasiya olunması qaydasını, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla, üç ay müddətində təsdiq etsin;
1.6. 2018-ci il dekabrın 30-dək:
1.6.1. həmin Qanunun 14.4-1-ci maddəsinə uyğun olaraq, qeyri-hökumət təşkilatları tərəfindən mühasibat uçotunun aparılması üçün uçot qaydalarını təsdiq edib bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.6.2. həmin Qanunun 14-1.2-ci maddəsinə uyğun olaraq, peşəkar mühasib sertifikatının verilməsi prosesinin təşkili, imtahanların keçirilməsi və peşəkar mühasib sertifikatı almış şəxslərin dövlət reyestrinin aparılması qaydalarını, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;
1.7. həmin Qanunun 18.5-ci maddəsində nəzərdə tutulmuş müddətləri və ardıcıllığı üç ay müddətində müəyyən edib bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.8. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi:
2.1. Büdcə Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarından müvafiq sahədə ixtisaslaşmış beynəlxalq təşkilat tərəfindən qəbul edilmiş İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarına keçidin təmin edilməsi məqsədi ilə beynəlxalq standartların Azərbaycan dilində rəsmi mətnlərinin dərc olunmasını 2018-ci il dekabrın 30-dək təmin etsin;
2.2. Kommersiya Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarından müvafiq sahədə ixtisaslaşmış beynəlxalq təşkilat tərəfindən qəbul edilmiş Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına keçidin təmin edilməsi məqsədi ilə həmin standartların Azərbaycan dilində rəsmi mətnlərinin dərc olunmasını 2019-cu il iyunun 30-dək təmin etsin.
2.3. büdcə təşkilatları və bələdiyyə orqanları tərəfindən İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması qaydalarını 2018-ci il dekabrın 30-dək, kiçik və orta sahibkarlıq subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması qaydalarını isə 2019-cu il noyabrın 30-dək təsdiq edib Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.
3. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 192 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 2, maddə 68; 2012, № 6, maddə 541; 2013, № 5, maddə 493; 2015, №7, maddə 824; 2017, № 3, maddə 367) 2-ci hissəsi aşağıdakı redaksiyada verilsin:
“2. Müəyyən edilsin ki:
2.1. həmin Qanunun 2.1.19-cu, 2.1.20-ci, 5.3-cü, 12-1.7-ci maddələrində, 14-1.1-ci (birinci halda) maddəsində və 14-1.3-cü maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
2.2. həmin Qanunun 2.1.9-cu, 2.1.16-cı maddələrində, 12.1-ci maddəsinin ikinci cümləsində, 13.2-ci, 13.3-cü maddələrində, 14.6-cı maddəsinin ikinci cümləsində, 14-1.2-ci maddəsində, 14-1.3-cü maddəsinin birinci cümləsində, 18.4-cü və 18.5-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;
2.3. həmin Qanunun 1.2-ci, 2.1.22-ci maddələrində, 3.2-ci maddəsinin ikinci cümləsində, 4.2-ci, 4.3-cü maddələrində, 4.3-1-ci maddəsinin birinci və ikinci cümlələrində, 4.3-2-ci, 4.4-cü, 5.2-ci (büdcə təşkilatlarına münasibətdə), 8.1-1-ci, 9.1.1-ci maddələrində, 10.1.1-ci maddəsinin ikinci cümləsində, 12.2-ci, 12.6-cı (ikinci halda), 12-1.8-ci, 14.1-ci, 14.1-1-ci, 14.4-1-ci və 14-1.1-ci (ikinci halda) maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Maliyyə Nazirliyi həyata keçirir;
2.4. həmin Qanunun 5.2-ci (“Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun 5.3-cü maddəsində göstərilən təşkilatlar və büdcə təşkilatları istisna olmaqla, digər mühasibat uçotu subyektlərinə münasibətdə) və 12.6-cı (birinci halda) maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Vergilər Nazirliyi həyata keçirir;
2.5. həmin Qanunun 1.2-ci və 4.3.3-cü maddələrində nəzərdə tutulmuş icra hakimiyyəti orqanlarının səlahiyyətlərini mərkəzi icra hakimiyyəti orqanları həyata keçirir;
2.6. həmin Qanunun 2.1.19-cu, 2.1.20-ci, 14-1.1-ci və 14-1.3-cü maddələrində “qurum” dedikdə “Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi nəzərdə tutulur;
2.7. həmin Qanunun 5.3-cü maddəsində “qurum” dedikdə “Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası nəzərdə tutulur.”.
4. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1 iyun 2018-ci il.
Comments are closed, but trackbacks and pingbacks are open.