Press "Enter" to skip to content

Mühazirə keçmək üçün plan-konspekt mövzu-15. Mülki müdafiə sistemində göstərilən tibbi yardımın növləri

Ürəyin fəaliyyəti dayandıqda və nəfəs kəsildikdə ilk tibbi yardım

Mülki müdafiə mühazirə

İnsanların təhlükəsizliyinin təminatı son illərdə kəskin hal almışdır. Elm və texnikanın sürətlə inkişaf etdiyi son dövrlərdə sənayedə, nəqliyyatda və digər sahələrdə qəzaların, təbii fəlakətlərin sayı xeyli artmışdır.

Böyük maddi itkilər və insan tələfatına səbəb olan fövqəladə hadisələr göstərir ki, indiki mövcud şəraitdə insanları və onların yaşadığı mühiti fövqəladə hallarda mühafizə etmək üçün insanların psixoloji, mənəvi cəhətdən əsaslanmış səmərəli formada hazırlanması məsələlərini tamamilə yenidən qurmaq lazımdır. Bu məsələ indiki iqtisadi münasibətlərin keçid dövründə daha böyük əhəmiyyət kəsb edir.

Bu baxımdan ölkəmizdə mərkəzi, yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatların mülki müdafiəyə hazırlanmasına, fövqəladə hadisələr zamanı xilasetmə və digər təxirəsalınmaz işlərin yerinə yetirilməsinin təşkilinə diqqətin yönəldilməsi vacib məsələlərdəndir.

Mülki müdafiənin təmin edilməsi tədbirlərinin həyata keçirilməsi məsələsi dövlətimizin diqqətindən kənarda qalmamışdır. Bununla bağlı bir sıra normativ hüquqi aktlar qəbul edilmişdir. Həmçinin aidiyyəti qurumlar tərəfindən mülki müdafiə tədbirlərinin təşkilinə dair bir sıra tədbirlər görülməkdədir.

Mülki müdafiə tədbirlərin planlaşdırılması və həyata keçirilməsi, fövqəladə hadisələr zamanı əhalinin mühafizəsi və əhaliyə mülki müdafiə biliklərinin öyrədilməsi sahəsində aparılan işlərin səmərəliliyinin artırılmasında yerli özünüidarəetmə orqanlarının da böyük rolu vardır.

2022-ci il üçün mülki müdafiə tədbirləri planlarının hazırlanması və həyata keçirilməsi, işçilərin mülki müdafiəyə hazırlığının təşkil olunması məqsədilə “2022-ci il tədris ilində mərkəzi, yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının, mülkiyyət-təşkilati hüquqi formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatların mülki müdafiə işinin təşkilinə dair Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən tapşırıqlar hazırlanmışdır. Həmin tapşırıqlarda aşağıdakılar nəzərdə tutulmuşdur:

1. Mərkəzi, yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarında, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq idarə müəssisə və təşkilatlarda mülki müdafiə işi Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 1997-ci il tarixli 420-IQ nömrəli Fərmanı ilə təsdiq olunmuş “Mülki müdafiə haqqında” Azərbaycan Respublikası Qanununun, “Mülki müdafiənin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 sentyabr 1998-ci il tarixli 193 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mülki müdafiə tədbirlərinin təşkili və həyata keçirilməsi Qaydası”nın, “Mülki müdafiə üzrə Azərbaycan Respublikası ərazisinin zonalara, şəhərlərinin qruplara və təsərrüfat obyektlərinin dərəcələrə bölünməsi Qaydaları”nın, “Azərbaycan Respublikasında fövqəladə hadisələrdən müdafiə sahəsində əhalinin hazırlanması Qaydaları”nın, mülki müdafiə sahəsində digər normativ hüquqi sənədlərin və bu tapşırıqların tələblərinə uyğun olaraq təşkil edilməli;

2. Mərkəzi, yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatların mülki müdafiəyə hazırlanmasında əsas diqqət mülki müdafiə tədbirlərinin vaxtında və keyfiyyətli icra olunmasına, mülki müdafiə sahəsində maarifləndirmə işinin gücləndirilməsinə, mülki müdafiə qüvvələrinin hazırlıq səviyyəsinin artırılmasına, əhalinin ehtimal olunan fövqəladə hadisələrin təsirindən qorunmasına və fövqəladə hadisələr zamanı xilasetmə və digər təxirəsalınmaz işlərin yerinə yetirilməsinin təşkilinə yönəldilməli;

3. Mülki müdafiə sahəsində Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə əsasən mülki müdafiə işinin təşkili məqsədilə mərkəzi, yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının mərkəzi aparatında, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatlarda mülki müdafiə qərargah rəisi ştatının açılması və mülki müdafiə qərargahlarının fəaliyyətlərinin gücləndirilməsi ilə bağlı tədbirlər görülməli;

4. Fövqəladə hallar zamanı mülki müdafiə planlarının tələblərinə əsasən qarşıya qoyulmuş tapşırıqların operativ yerinə yetirilməsi, qüvvə və vasitələrin effektli tətbiq edilməsi, idarəetmə, qarşılıqlı fəaliyyət və hərtərəfli təminatın yüksək səviyyədə təşkili məqsədilə zəruri tədbirlər həyata keçirilməli;

5. “Azərbaycan Respublikasının 2022-ci il üçün mülki müdafiə tədbirlər planı” əsasında mərkəzi icra hakimiyyəti orqanlarının 2022-ci il üçün müdafiə tədbirləri planları tərtib edilib Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi ilə, yerli icra hakimiyyəti və yerli özünüidaretmə orqanlarının, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatların 2022-ci il üçün mülki müdafiə tədbirləri planları isə Fövqəladə Hallar Nazirliyinin aidiyyəti regional mərkəzləri ilə razılaşdırılmalı və həyata keçirilməli;

6. Mülki müdafiənin əməli məşğələləri, təlim və məşqləri “Mülki müdafiənin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 sentyabr 1998-ci il tarixli 193 nömrəli Qərarı ilə təsdiq edilmiş “ Azərbaycan Respublikasında fövqəladə hadisələrdən müdafiə sahəsində əhalinin hazırlanması Qaydaları”na uyğun olaraq planlaşdırılmalı və həyata keçirilməli;

7. Mərkəzi, yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq respublikanın ərazisində yerləşən idarə, müəssisə və təşkilatlarda rəhbər və komandir-rəis heyətlərinin, mülki müdafiə qüvvələrinin və mütəxəssislərinin mülki müdafiəyə hazırlanması, ali təhsil, orta ixtisas təhsili, ilk peşə-ixtisas təhsili və ümumi təhsil müəssisələrində təhsil alanlara mülki müdafiə biliklərinin öyrədilməsi “Mülki müdafiənin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 sentyabr 1998-ci il tarixli 193 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında fövqəladə hadisələrdən müdafiə sahəsində əhalinin hazırlanması Qaydaları”nın tələblərinə uyğun həyata keçirilməli;

8. “Azərbaycan Respublikası Fövqəladə hallar Nazirliyinin 2022-ci il üçün mülki müdafiə kurslarının dinləyicilərlə komplektləşdirilməsi Planı”na əsasən yalnız nəzərdə tutulmuş kateqoriyalar üzrə vəzifəli şəxslərin Fövqəladə Hallar Nazirliyinin mülki müdafiə kurslarına göndərilməsi təmin olunmalı;

9. Ümumi təhsil, ilk peşə-ixtisas təhsili, orta ixtisas təhsili və digər təhsil müəssislərində aprel-may aylarında mülki müdafiə günləri keçirilməli;

10.Fövqəladə hadisələr zamanı zərərçəkmişlərə təcili tibbi yardım göstərilməsi məqsədilə ixtisaslaşdırılmış təcili tibbi yardım dəstələrinin daimi hazırlığı təmin edilməli;

11. Mərkəzi, yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarında, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatlarda işçilərin və işləməyən əhalinin fövqəladə hadisələrdən qorunması ilə bağlı mütəmadi maarifləndirmə işlərinin aparılması təşkil edilməli;

12. Mülki müdafiə xidmət və dəstələrinin hazırlığına nəzarət gücləndirilməli və onların mülki müdafiə əmlakı ilə təchiz edilməsinə diqqət artırılmalı;

13. Mülki müdafiənin maddi-texniki bazasının, mühafizə qurğuları fondunun, fərdi mühafizə vasitələri, radiasiya kimyəvi kəşfiyyat və dozimetrik nəzarət cihazları, eləcə də digər mülki müdafiə avadanlıqlarının ehtiyatının yaradılması və hazır vəziyyətdə saxlanılması təmin edilməli, təhlükəli potensiallı obyektlərdə bu tədbirlərin yerinə yetirilməsinə xüsusi diqqət yetirilməli;

14. “Azərbaycan Respublikasında sülh və müharibə dövrlərində fövqəladə hallarda əhalinin mühafizənin əsas prinsipləri haqqında” Azərbaycan Respublikası Nazirlər kabinetinin 28 dekabr 1992-ci il tarixli 700 nömrəli Qərarı ilə təsdiq edilmiş “ Azərbaycan Respublikasında sülh və müharibə dövrlərində fövqəladə hallarda əhalinin mühafizəsinin Əsas Prinsipləri”nin tələblərinin yerinə yetirilməsi məqsədilə kollektiv mühafizə qurğuları tələb olunan texniki istismar vəziyyətinə gətirilməli;

15. Ehtiyat idarəetmə məntəqələrinin hazır vəziyyətdə saxlanılması təmin edilməli;

16. Xəbərdarlıq və rabitə sistemlərinin hazır vəziyyətdə saxlanılması, fövqəladə hadisələr zamanı idarəetmənin operativ təşkili, mərkəzi çağırış dayaqlarının və elektrik sirenalarının işlək vəziyyətdə saxlanılması təmin edilməli;

17. Yerli icra hakimiyyətlərinin tabeliyində olan səfərbərlik ehtiyatı anbarlarında mülki müdafiə əmlakının saxlanma şəraitinə və sənədləşmə işlərinə diqqət artırılmalı;

18. Müşahidə və Laboratoriya Nəzarəti Şəbəkəsinə daxil olan obyekt laboratoriyalarının avadanlıq, kimyəvi kəşfiyyat və dozimetrik nəzarət cihazları ilə təmin olunmasına, şəbəkəyə daxil olan müəssisə laboratoriyalarında mütəxəssislərin hazırlığına diqqət artırılmalı;

19. Mərkəzi, yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının mərkəzi aparatları, fondlar, səhmdar cəmiyyətləri tərəfindən bu tapşırıqlar tabeliklərində olan idarə, müəssisə və təşkilatlara göndərilməli;

20. 2022-ci il üçün mülki müdafiə tədbirləri planlarında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi barədə məlumat və hesabatlar planda göstərilən müvafiq tarixlərdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə və nazirliyin aidiyyəti regional mərkəzlərinə təqdim edilməli;

21. Mülki müdafiə üzrə tədris ili 5 yanvar 2022-ci il tarixində başlanılmalı və həmin ilin 30 noyabr tarixində başa çatdırılmalıdır.

“Mülki müdafiə haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində mülki müdafiə sahəsində Azərbaycan Respublikası vətəndaşlarının vəzifələri də müəyyən edilmişdir. Bu vəzifələrə aşağıdakılar aiddir;

1) mülki müdafiə sahəsində Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə əməl etmək;

2) fərdi və kollektiv müdafiə vasitələrindən istifadə etməyi bacarmaq;

3)fövqəladə hadisələrdən əsas müdafiə üsullarını və vasitələrini öyrənmək və bilmək;

4) fövqəladə hadisələr zamanı müəyyən olunmuş davranış qaydalarına əməl etmək;

5) ilk tibbi yardım göstərilməsi qaydalarını öyrənmək və onu tətbiq etməyi bacarmaq;

6) mülki müdafiə işarələrini bilmək və onlara uyğun hərəkət etmək;

7) baş verə biləcək və ya baş vermiş fövqəladə hadisələr barəsində müvafiq dövlət orqanlarına və qonşulara məlumat vermək;

8) mülki müdafiə sahəsində onlara tapşırılmış vəzifələri vicdanla yerinə yetirmək.

Mülki müdafiə haqqında Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə görə fövqəladə hadisələrin və onların nəticələrinin aradan qaldırılması sahəsində tədbirlər Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının, fövqəladə hadisənin baş verdiyi ərazidə yerləşən hüquqi şəxslərin, dövlət və yerli büdcələrin (xərclərin), sığorta fondlarının vəsaitləri və digər mənbələr hesabına maliyyələşdirilir.

Fövqəladə hadisələrin və onların nəticələrinin aradan qaldırılması üçün nəzərdə tutulan vəsaitlər kifayət etmədikdə, Azərbaycan Respublikasının dövlət büdcəsinin ehtiyat fondundan Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada vəsait ayrılır.

Fövqəladə hadisələrdən müdafiə sahəsində əhalinin hazırlanması qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyən edir. Fövqəladə hadisələr zamanı davranış qaydaları əhaliyə iş və ya yaşayış yeri üzrə, habelə tədris müəssisələrində öyrədilir. Mülki müdafiə sisteminin, həmçinin hüquqi şəxslərin rəhbər və mütəxəssislərinin hazırlanması ali və orta ixtisas tədris müəssisələrində, ixtisas artırma müəssisələrində, xüsusi təlim kurslarında və bilavasitə iş yeri üzrə həyata keçirilir.

Göstərilənləri nəzərə alaraq bələdiyyələrə mülki müdafiə işinin təşkilində, əhalinin fövqəladə hallardan qorunması sahəsində maarifləndirmə işinin gücləndirilməsi, eləcə də fövqəladə hadisələrin qarşısının alınması və nəticələrinin aradan qaldırılmasına yönəldilmiş tədbirlərin həyata keçirilməsində səmərəliliyin artırılması tövsiyə olunur.

Bələdiyyələrlə iş mərkəzi

Mühazirə keçmək üçün plan-konspekt mövzu-15. Mülki müdafiə sistemində göstərilən tibbi yardımın növləri

Tədrisin məqsədi: Tələbələri Mülki müdafiə sistemində göstərilən tibbi yardımın növləri ilə tanış etmək.
Məşğələnin keçirildiyi yer: BDU-nun tədris sinfi.
Vaxt: 2 saat.

Tədris sualları və təxmini vaxt bölgüsü:
Tələbələrin məşğələyə hazırlığının və davamiyyətin yoxlanması – 10 dəq.
1-ci tədris sualı: Mülki müdafiə sistemində göstərilən tibbi yardımın

Məşğələyə yekun – 5 dəq.
Ədəbiyyat: 1) «Mülki Müdafiə haqqında» Azərbaycan Respublikasının qanunu

2) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 sentyabr 1998-ci il tarixli 193 saylı qərarı

Əyani vəsait: Videoproyektor, prezentasiyalar, plakatlar.

Tibbi yardımın növləri
Mülki müdafiənin tibb xidməti tərəfindən yaralılara və xəstələrə göstərilən tibbi yardım aşağıdakı üç növə ayrılır: ilk tibbi yardım; ilk həkim yardımı; ixtisaslaşdırılmış tibbi yardım.

İlk tibbi yardım – yaralanmış və ya xəstələnmiş insanın halını yüngülləşdirə biləcək ən sadə tədbirlərin yerinə yetirilməsindən ibarətdir. İlk tibbi yardım bilavasitə zədələnmə yerində və ya onun yaxınlıgında ən qısa müddətdə göstərilir. Belə yardımı sanitar dəstələri, sanitar postları və Mülki müdafiənin şəxsi heyəti göstərir. Tibbi yardımı əhalinin özü də özünəyardım və qarşılıqlıyardım qaydası ilə göstərməyi bacarmalıdır. Bu məqsədlə ilk tibbi yardım qöstərmək qaydaları bütün əhaliyə xüsusi proqramlar əsasında əmin-amanlıq dövründə əvvəlcədən öyrədilir.

  • qanaxmaları müvəqqəti olaraq dayandırmaq;
  • yara və yanıq yerlərinə steril sarğı qoymaq;
  • sınıq, çıxıq və əzilmə zamanı şin qoymaqla və ya əlaltı vasitələr işlətməklə immobilizasiya etmək (bədənin zədələnmiş hissəsini tərpənməz hala salmaq);
  • kimyəvi və radioaktiv maddələrlə zəhərlənmiş sahələrdə fərdi tibbi mühafizə vasitələrindən istifadə etməklə, şüa zədələnməsi və kimyəvi zədələnmələrin qarşısını almaq, bədənin açıq hissələrini təmizləmək, yaralılara əleyhqaz geydirmək və təhlükəli sahələrdən çıxartmaq.

İlk tibbi yardımın bütün üsulları ciddi surətdə və çox ehtiyatla icra edilməlidir. Ehtiyatsız, köbud ilk yardım yaralıya əlavə əziyyət verib onun halını ağırlaşdıra bilər.

İlk tibbi yardım göstərilərkən həm təchizat cədvəlinə əsasən verilən tabel vasitələrdən, sanitar çantasındakı dərman və əşyalardan, həm də əlaltında olan yardımçı vasitələrdən istifadə edilir.
Qanaxmalar zamanı ilk tibbi yardım

Qanaxmanı müvəqqəti dayandırmaq üsülları. Qanaxmanın növündən (arterial, venoz, kapilyar) və ilk tibbi yardım göstərərkən əldə olan vasitələrdən asılı olaraq qanaxmanı müvəqqəti və ya tamamilə dayandırırlar.

Xarici arterial qanaxmanı müvəqqəti dayandırmaq üsulları, zədələnmiş qan damarını sümüyə barmaqla sıxaraq, turna və ya burmac qoymaq, qol və ya qıçı oynaqda sonadək büküb və ya açıb bu vəziyyətdə bərkitməkdən ibarətdir.

Xarici venoz və kapilyar qanaxmalar yaraya sıxıcı steril sarğı qoymaq və bədənin yaralı yerini gövdəyə nisbətən bir qədər hündürdə saxlamaqla müvəqqəti dayandırırlar. Bir sıra hallarda venoz və kapilyar qanaxmaların müvəqqəti dayandırılması bu qanaxmaların tamamilə dayandırılması halına keçə bilər. Arterial qanaxmanın, bir sıra hallarda isə venoz qanaxmanın tamamilə dayandırılması, yarada cərrahiyyə əməliyyatı zamanı yerinə yetirilir.

Damarı barmaqla sıxıb arterial qanaxmanı dayandırdıqdan sonra dərhal turna və ya burmac qoymaq və steril sarğı sarımaq lazımdır.

Turnanın nə vaxt qoyulduğunu tarix, saat və dəqiqə göstərilməklə bir parça kağızda qeyd edib, kağızı nəzərə çarpan yerdə turnanın altına qoyurlar. Turna qoyulmuş ətrafı isti şeylə örtürlər xüsusən qışda. Turna qoyulmuş yaralıya şpris – tübik vasitəsilə ağrıkəsən dərman vururlar. Ətrafların turna qoyulmuş yerdən aşağı sahəsi ölgünləşməsin deyə, 2 saatdan sonra arteriyanı barmaqla sıxaraq, turnanı tədricən 5 – 10 dəqiqə müddətinə boşaltmaq və sonra onu yenidən bir qədər yuxarıya qoymaq lazımdır. Yaralıya cərrahiyyə yardımı qöstərilənədək turnanı hər saatdan bir bu cür müvəqqəti olaraq boşaldır və hər dəfə bunu kağızda qeyd edirlər.

Turna olmadıqda arterial qanaxmanı burmac qoymaqla və ya ətrafları oynaqda sonadək büküb bu vəziyyətdə möhkəm bağlamaqla dayandırmaq mümkündür.

Qanaxmanı burmac vasitəsilə dayandırmaq üçün kəndirdən, burulmuş yaylıqdan və ya parçadan istifadə edirlər. İkiqat ilgək şəklində qatlanıb qola (qıça) keçirilərək burulan bel qayışı da əlaltı turna ola bilər.

Venoz və ya kapilyar qanaxmalar zamanı yaraya sıxıcı sarğı qoyurlar. Qan axan yeri steril salfetlə və ya 3 – 4 qat bintlə örtür, üstdən pambıq qoyurlar. Sarğını bintlə bərk sıxıb sarıyırlar. Qan sarğını islatdıqda üstündən əlavə bint sarıyırlar.

Qapalı zədələnmələr zamanı ilk tibbi yardım

Qapalı zədələnmələr əsasən, dəri səthinin bütövlüyü pozulmadan bədənin dərialtı toxumalarının və daxili orqanlarının əzilməsindən, beyin silkələnməsindən, orqanizmin ümumi kontuziyasından, oynaq bağlarının sərpməsindən, çıxıqlardan və s. ibarətdir.

Əzilmə zamanı bədənin səthindəki toxumalar və daxili orqanlar zədələnə bilər. Bədənin səthində yumşaq toxumalar əzilərkən ağrı, şiş və qançırolma halları baş verir. Bunlar əzilmənin əsas əlamətləridir. Belə hallarda ilk tibbi yardım göstərərkən sıxıcı sarğı qoyur, buzdan istifadə edir, əzilmiş yeri rahat vəziyyətdə saxlayırlar.

Döş qəfəsinin və qarın nahiyəsinin güclü əzilməsi zamanı daxili orqanlar: ağciyərlər, qaraciyərlər, dalaq, böyrəklər zədələnə bilər. Belə orqanlar zədələnərkən, ağrılar və çox vaxt daxili qanaxma baş verir. Əzilən yerə buz qoymaq və belə adamları dərhal tibb müəssisəsinə çatdırmaq lazımdır.

Əzilmə hallarında ilk tibbi yardım

Güçlü qəzalar və zəlzələ zamanı adamlar uçqun altında qala bilərlər. Bədənin müxtəlif hissələrinin yumşaq toxumaları, qollar və qıçlar uzun müddət sıxılmış halda qalarkən əzilmə adlanan çox ağır zədələnmə meydana çıxa bilər. İlk tibbi yardım göstərərkən yaranın üzərinə steril sarğı qoyurlar. Əgər adamın ağır zədələnmiş ətrafları (qol-qıç) soyuyubsa və ya göyəribsə, əzilmiş yerdən yuxarıda turna goyurlar. Bu, əzilmiş yumşaq toxumalarda əmələ qələn zəhərli maddələrin qan dövranına qoşulmasının qarşısını alır. Ətraflar soyumayan və çox ağır zədələnməyən hallarda onlara sıxıcı bint sarğısı qoyurlar. Turna və ya sıxıcı sarğı qoyandan sonra adama şpris – tübik vasitəsiylə ağrıkəsən dərman vururlar. Zədələnmiş ətrafları, sınıq olmayan hallarda belə, şindən və ya əlaltı vasitələrdən istifadə etməklə tərpənməz vəziyyətə salırlar (immobilizasiya edirlər).

İlk tibbi yardım qöstərməyə başlayan andan yaralıya qaynar çay, qəhvə, hər dəfə 2-4 q (sutkada 20-40 q) xörək sodası qatılmış çoxlu su içirtmək lazımdır. Soda sidiyin qələviləşməsinə, zəhərli maddələrin orqanizmdən kənar olunmasına kömək edir.

Əzilmə zədələnməsi olan yaralıları xərəkdə ehtiyatla tibb müəssisəsinə aparırlar.

Sərpmə və çıxıqlar zamanı ilk tibbi yardım

Yıxıldıqda, düzgün tullanmadıqda və ağırlıq qaldırarkən oynaq bağlarında sərpmə baş verə bilər. Bu zaman zədələnmiş oynaqda ağrılar və şiş əmələ qəlir, oynağın hərəkəti məhdudlaşır. Belə hallarda ilk tibbi yardım məqsədilə oynağa sıxıcı bint sarğı və buz qoyur, zədələnmiş oynağın rahatlığını təmin edirlər.

Oynaq sümüklərinin oynaq boşluğunda yerdəyişməsi (aralanması) zamanı çıxıq baş verir. Belə halda oynaq yerinin bütövlüyü pozulur, bəzən isə oynaq bağları qırılır. Ətraf oynaqlarında çıxıqların əlamətləri – oynaqların ağrısından, hərəkətin çətinləşməsindən, oynağın formasının dəyişməsindən, ətrafın (qolun, qıçın) qısalmasından və qeyri – adi vəziyyətdə dayanmasından ibarətdir.

Oynaqlarda çıxıq olarkən ətrafları immobilizasiya etməklə (tərpənməz hala salmaqla) oynağı rahat vəziyyətdə qoyub sarıyırlar. İri oynaqlarda – çanaq, bud, diz, bazu oynaqları, habelə onurğaarası oynaqda çıxıq baş verdikdə isə zədələnmiş adama ağrıkəsən dərman vurmaq məsləhət görülür.

Onurğaarası oynaqlarda çıxıq baş vermiş adamı ancaq bərk lövhədə arxası üstdə uzadılmış vəziyyətdə aparmaq olar. Çənəaltı oynaq çıxdıqda alt çənəni bərk saxlayan sarğı qoyurlar.
Sınıqlar zamanı ilk tibbi yardım

Kəskin hərəkət edərkən, zərbə nəticəsində, hündür yerdən yıxılarkən, avtomobil qəzası və digər qəzalar nəticəsində və ya zəlzələ zamanı bədənin sümükləri sına bilər. Sınıqlar qapalı və ya açıq olur. Qapalı sınıq halında dəri örtüyünün bütövlüyü pozulmur, açıq sınıq zamanı isə sınıq yerində dəri zədələnir. Açıq sınıqlar daha qorxuludur.

Sınıqları hər vaxt tez müəyyən etmək olmur, buna qörə də şübhəli hallarda ilk tibbi yardımı sınıq halında oldugu kimi göstərirlər.

Sınıqlar zamanı ilk tibbi yardım göstərməyin əsas qaydaları – birinci növbədə, yaralının həyatını xilas edən ilk tibbi yardım tədbirlərini yerinə yetirməkdən, qapalı sınığın açıq sınığa çevrilməsinin qarşısını almaqdan, ətrafları və ya bədənin digər hissələrini immobilizasiya etməklə sınıq yerində sümükləri tərpənməz hala salmaqdan ibarətdir.

Qanaxma olan açıq sınıqlar zamanı əvvəlcə qanaxmanı dayandırır, sonra yaranı steril sarğı ilə örtür, yaralıya ağrıkəsən dərman vurur və yalnız bundan sonra tabel vasitələrindən və ya əlaltı vasitələrdən istifadə etməklə sümükləri tərpənməz hala salırlar. Sınıq yerinin tərpənməzliyini təmin edərkən xüsusi şin və ya əlaltı vasitələr elə qoyulmalıdır ki, bunlar sınıq yerinin yaxınlığındakı (sınıq yerindən yuxarıda və aşağıda) iki oynağı əhatə etsin. Belə immobilizasiya – nəqliyyat immobilizasiyası adlanır.

Zədə (travma) şoku ağır zədələnmələrin, o cümlədən də müxtəlif sınıqların həyat üçün təhlükəli olan ağırlaşmasıdır. Bu hal, mərkəzi sinir sistemi fəaliyyətinin, qan dövranının, maddələr mübadiləsinin və orqanizmin həyat üçün vacib olan digər fəaliyyət növlərinin pozulması ilə xarakterizə olunur.

Şokun səbəbi – orqanizmin bir dəfə və ya təkrarən ağır zədələnməsi ola bilər. Çox qan itirildikdə, qış vaxtı isə yaralanmadan sonra soyuqdəymə hallarında şok xüsusən tez baş verir.

Şokun qarşısını almaq üçün görülən əsas tədbirlər – zədələnmə nəticəsində törəyən ağrıları kəsmək və ya azaltmaq, qanaxmanı dayandırmaq, yaralının soyuqlamasına yol verməmək, ilk tibbi yardım tədbirini çox ehtiyatla icra etmək və yaralını apararkən ehtiyatlı olmaqdan ibarətdir.

Ağrıkəsən dərmanlı şpris – tübik olmadıqda şok halındakı yaralıya, əgər onun qarnını dəlib keçən yara yoxdursa, bir qədər araq, isti çay, qəhvə içirtmək olar. Sonra belə yaralının üstünü ədyalla örtür və ehtiyatla xərəkdə tibb müəssisəsinə aparırlar.

Yanıqlar zamanı ilk tibbi yardım

Yanıqların baş verməsi səbəbləri. Yanıqlar yüksək temperaturun, habelə müxtəlif kimyəvi maddlərin bədənə təsiri nəticəsində baş verir. Xüsusən nüvə zədələnməsi ocaqlarında yanığa məruz qalmış yaralıların sayı daha çox ola bilər. Burada şox vaxt yanıqlar travmalarla və radiasiya zədələnmələri ilə birlikdə baş verir.

İşıq şüalanmasının, alovun, qaynar suyun və buxarın təsirindən baş verən yanıqlar termik yanıq adlanır. Dərinin səthinə və selikli qişalara qatı turşuların və qələvi maddələrin təsiri nəticəsində kimyəvi yanıqlar baş verir. Turşular və qələvi maddələr nəinki düşdüyü yeri zadələyir, həm də orqanizmin ümumi zədələnməsinə səbəb olur. Napalm və digər yandırıcı maddələrin törətdiyi yanıqlar daha təhlükəlidir. Napalm bədənin dəri səthinə və paltara yapışaraq yanmaqda davam edir, nəticədə həm dərinin səthi, həm də dərialtı birləşdirici toxumalar və əzələlər yanıb dərin yanıqlar törəyir.

Dərinin səthinə və selekli qişalara radioaktiv maddələr düşüb orada uzun müddət qaldıqda radiasiya yanıqları meydana çıxır. Termik, kimyəvi və radiasiya yanıqlarının ağırlıq dərəcəsi nəinki toxumaların zədələnmə dərinliyindən, həm də yanıq baş vermiş səthin sahəsindən asılı olur.

İlk tibbi yardım qaydaları. Yardın göstərərkən ilk növbədə alışmış paltarları söndörmək, bu məqsədlə adamın üstünə palto, ədyal salmaqla alovu səngitmək lazımdır. Sonra bədənin yanıq yerini paltardan azad edirlər: bunun üçün yanıq yerinə toxunmadan onun ətrafından paltarı kəsib çıxarırlar. Yanıq yerindən suluğu qoparmaq, yanıq səthə əl ilə toxunmaq, yanığa yağ, məlhəm və başqa maddə sürtmək olmaz. Yanıq yerinə steril sarğı qoyurlar. Yanıq əleyhinə konturlu sarğılardan istifadə etmək olar. Üzə, döşə, arxaya, qarına, buda qoyulmaq üçün belə sarğılar bədənin həmin hissələrinin formalarına uyğun olaraq əvvəlcədən hazırlanır, sterilləşdirilir və xüsusi məhlulla hopdurulur. Bu sarğıları yanıq yerinə qaytanla bağlayırlar.

Gözlərdə yanıq baş verərkən göstərilən ilk tibbi yardım gözə steril sarğı qoymaqdan və belə zədələnməsi olan adamın rahatlığını təmin etməkdən ibarətdir.

Turşular və qələvilərdən baş verən kimyəvi yanıqlar çox vaxt dərin olur. Toxumaların ölməsi (nekrozu) yalnız dərini deyil, onun altında yerləşən toxumaları da əhatə adir. Kimyəvi yanıqlarda göstərilən ilk tibbi yardım bir sıra xüsusiyyətlərə malikdir: yanıq yerini dərhal 15 – 20 dəqiqə ərzində axar soyuq su altında yumaq lazımdır. Bundan sonra yanıq turşulardan baş veribsə yanıq yerinə çay sodası səpir, yanıq qələvilərdən baş veribsə sirkənin zəif məhlulunu tökür və steril bintlə örtürlər.

Sulfat turşusundan baş vermiş yanıq yerini su ilə yumaq olmaz, çünki sulfat turşusu su ilə birləşdikdə güclü istilik törədir. Belə hallarda infeksiyadan təmizləmək məqsədilə yanıq yerinə qaynadılmış (sterilizə edilmiş və soyudulmuş)bitki yagı sürtürlər.

Ürəyin fəaliyyəti dayandıqda və nəfəs kəsildikdə ilk tibbi yardım

Elektrik cərəyanı vurarkən, suda boğularkən, tənəffüs yolları sıxılarkən, habelə bir sıra digər zədələnmələr nəticəsində tənəffüs və ürəyin fəaliyyəti qəflətən dayanar və klinik ölüm halı baş verə bilər.

Ürək fəaliyyətinin dayanmasını nəfəsin kəsilməsinə, nəbzin, ürək döyüntüsünün, reflekslərin olmamasına və göz bəbəklərinin genişlənməsinə görə aşkar edirlər.

Belə adamlara dərhal süni tənəffüs verilsə və ürək xaricdən masaj edilsə bir cox hallarda onların həyatını xilas etmək olar.

Yaralının çənələri sıxılmış halda olduqda alt çənəni bir qədər irəli çəkib çənəaltını basaraq yaralının ağzını açmaq, sonra ağız boşluğunu tüpürcəkdən və ya selikdən salfetlə təmizləmək və süni tənəffüs verməyə başlamaq lazımdır; bu məqsədlə yaralının açılmış ağzına bir qat salfet (cib yaylıgı) sərir, burnunu sıxır. Dərindən nəfəs alıb, dodaqlarını yaralının dodaqlarına kip sıxır və havanı bərkdən onun ağzına üfürürlər. Havanı yaralının ağzına o qədər üfürmək lazımdır ki, onun ağciyərləri hər dəfə mümkün qədər çox açılsın (bu, döş qəfəsinin hərəkətindən məlum olacaq). Hava az paylarla üfürüldükdə süni tənəffüs səmərəli olmur. Havanı ritmik surətdə hər dəqiqədə 16-18 dəfə, təbii tənəffüs bərpa olunanadək və ya ölüm əlamətləri aydın aşkara çıxana qədər üfürmək lazımdır.

Ürəyin masaj edilməsi. Ürəyin fəaliyyəti qəflətən dayandıqda dərhal ürəyi masaj etməyə başlayırlar. Bu məqsədlə yaralını arxası üstə uzadır, onun sol tərəfində dayanıb, əllərin ovucları bir-birinin üstündə olmaqla onları yaralının döş qəfəsinin aşağı üçdə bir nahiyəsinə qoyurlar. Sonra dəqiqədə 50-60 cəld ritmik təkanla sinəni aşağı basır və hər təkandan sonra əlləri yuxarı qaldırırlar ki, döş qəfəsi qalxıb düzələ bilsin. Təkan zamanı döş qəfəsi ən azı 3-4 sm aşağı basılmalıdır.

Tənəffüsün kəsilməsi ilə bir vaxtda ürəyin fəaliyyəti dayanarsa, eyni zamanda süni tənəffes verir və ürəyi masaj edirlər.

Donvurma, elektrik zədələnmələri, suda boğulma, günvurma zamanı, zəhərli həşərat dişləyərkən ilk tibbi yardım

Donvurma. Donvurma – güclü soyuqdan orqanizm toxumalarının zədələnməsinə deyilir.

Ayaqlar və əllər donvurmaya daha tez məruz qalır. Hətta 0°C-dən yuxarı olan temperaturda, tez – tez dəyişən mülayim havada donvurma baş verə bilər. Soyuq havada, qarda, yağışda, dar ayaqqabıda uzun müddət hərəkətsiz qalmaq, habelə fiziki və psixoloji yorğunluq, orqanizmin zəifləməsi, qan itirmə və əvvəllər baş vermiş donma halları da tez donvurmaya səbəb olur. Donvurma zamanı toxumalar dərhal zədələnmir. Əvvəlcə soyuğun təsirindən dəri avazıyır və həssaslığını itirir. Zədələnmənin həqiqi dərinliyini və sahəsini ancaq soyuğun təsiri kəsiləndən sonra, bəzən isə bir neçə gündən sora təyin etmək mümkün olur.

İlk tibbi yardım göstərərkən zədələnmiş şəxsi isti otaqda yerləşdirir, əgər buna imkan yoxdursa, onu çöldə soyuqdan mühafizə edirlər. Əgər hələ toxumalarda dəyişiklik baş verməyibsə, donvurmuş sahələrə spirt və ya ətir çəkir, sonra təmiz quru əllə donmuş yeri dəri qızaranadək ehtiyatla sürtürlər. Zərər çəkmiş adamı isindirmək üçün ona isti çay və ya qəhvə içirdirlər. Əgər imkan varsa, güclü soyuq vurmuş adamı isti su vannasına salırlar.

Zərər çəkmiş adamın toxumalarında dəyişmələr baş verən hallarda (bu, 2, 3, 4-cü dərəcəli donvurma zamanı olur) dərinin zədələnmiş səthinə spirt sürtür və steril sarğı qoyurlar. Donvurma halında dərinin zədələnmiş səthini qarla sürtmək məsləhət görülmür.

Elektrik zədələnmələri. Bu cür zədələnmələr mərkəzi sinir sisteminə elektrik cərrəyanı təsir edərkən baş verir. Yüngül zədələnmə qısa müddət özündəngetmə halı ilə xarakterizə olunur. Ağır zədələnmə zamanı adam huşunu itirir, onun nəfəsi və ürək fəaliyyəti zəifləyir. Belə vəziyyətə düşmüş adam bəzən meyidə oxşayır. Bədənin elektrik məftilinə toxunan səthində ortası bir qədər əzilmiş sarımtıl ləkə müşahidə edilməsi mümkündür. Qısa qapanma zamanı adam termik yanıqlara da məruz qala bilər.

Tibbi yardım göstərərkən ilk tədbir – adama elektrik cərəyanının təsirini kəsməkdir. Yardım göstərən şəxs elektrik cərəyanı mənbəyini şəbəkədən açmalıdır. Əgər bu mümkün olmursa, onda cərəyan altında olan məftili zədələnən adamdan kənar etməlidir. Bu zaman yadda saxlamaq lazımdır ki, elektrik cərəyanı altında olan adamın özü də cərəyan keçiricisinə çevrildiyinə görə, ona çılpaq əllə toxunmaq olmaz. Cərəyanın təsirindən xilas edilməmiş adamı ancaq rezin əlcəklərlə və ya ələ quru əsgi sarıyıb, onun paltarının quru hissəsindən yapışıb, yaxud quru taxta parçası üzərində dayanaraq və belə taxtanı zədələnmiş adamın altına itələməklə cərəyanı məftildən ayırmaq lazımdır. Metal əşyalardan istifadə etmək olmaz. Bundan sonra, huşsuz halda olan adamı arxası üstə uzadır, köynəyinin yaxasını və bel kəmərini açır, ona naşatır spirti iylədirlər. Nəfəsi və ürək fəaliyyəti dayandıqda süni tənəffüs verir və ürəyi xaricdən masaj edirlər. Bədənin elektrik cərəyanından zədələnmiş sahəsinə steril sarğı qoyurlar.

Suda boğulma – tənəffüs yolları maye ilə, adətən, su ilə tutularkən baş verir.

Adam suda boğularkən onun ağciyərlərinə su dolur, nəfəsi kəsilir, kəskin oksigen çatışmazlığı baş verir və ürəyin fəaliyyəti dayanır. Boğulan adamı sudan mümkün qədər tez çıxarmaq lazımdır.

İlk yardım göstərərkən belə adamı belinə qədər soyundurur, ağız və burnunu lildən, selikdən təmizləyir, hündür mütəkkənin və ya dizin üstünə qarnı üstə uzadır, sonra sinəsindən basmaqla ağciyərlərdən və mədədən suyu kənar edirlər. Bundan sonra süni tənəffüs verməyə və ürəyini masaj etməyə başlayırlar. Bu zaman ən səmərəli üsul “ağızdan – ağıza” süni tənəffüs verməkdir ki, belə süni tənəffüs zədəli şəxsin nəfəsi bərpa olunanadək davam etdirilir. Əgər nəfəs bərpa olunmursa və zədələnmiş şəxs özünə gəlmirsə, süni tənəffüs və ürəyin masaj edilməsi ancaq ölümün obyektiv əlamətləri meydana çıxarkən dayandırılır. Belə əlamətlər gözlərin bərəlməsi, işığa qarşı heç bir reaksiyanın olmaması, uzun müddət ürək döyüntüsünün olmaması, meyit ləkələrinin aşkara çıxmasıdır.

Nəfəs və ürəyin fəaliyyəti bərpa olunduqda isə zədə alan adama isti çay içdirtmək və onu tibb məntəqəsinə aparmaq lazımdır.

Günvurma. Orqanizmin həddən artıq qızması zamanı adamlarda günvurma və ya istilikvurma baş verə bilər. Bu xəstəliklərin əsas əlamətləri bədənin hərarətinin 40 – 41˚C- yə yüksəlməsi, nəbzin dəqiqədə 150 – 170 və tənəffüsün dəqiqədə 30 dəfəyədək tezləşməsi, sifətin kəskin surətlə qızarması, bəzən isə avazıması, çox güclü tərləmə, başın gicəllənməsi, və baş ağrılarıdır.

İlk tibbi yardım göstərərkən zərərçəkəni kölgəli yerdə uzadır, paltarın yaxasını və bədəni sıxan digər yerlərini açıb boşaldır, başa və sinəyə yaş dəsmal qoyur, su içirdirlər. Adam huşunu itirdikdə gicgahlarına naşatır spirti sürtür, nəfəsi kəsildikdə süni tənəffüs verir, ürəyin fəaliyyəti dayandıqda ürəyi masaj edirlər.

İlan və zəhərli həşərat dişləyərkən ilk yardım

Zəhərli ilan adamı vurduqda onun zəhəri yara yerindən orqanizmə keçir. Bir sıra zəhərli ilanların zəhəri insan həyatı üçün olduqca təhlükəlidir və vaxtında yardım göstərilməsə ölümə səbəb ola bilər.

İlan vuran zaman ilk tibbi yardım göstərərkən dərhal ilanın dişlədiyi yerdən yuxarıda turna qoyurlar. Sonra yara yerinə banka qoymaqla və ya yardım göstərən adamın ağız boşluğu sağlamdırsa, zəhəri sormaqla kənar edirlər. İlan vurmuş yeri 1 %-lı kalium – permanqanat məhlulu ilə yuyur, həmin yerə buz qoyurlar. Zədələnmiş şəxsi dərhal ən yaxındakı tibb müəssisəsinə aparırlar. Ən təsirli profilaktika və müalicə vasitəsi – ilan zəhəri əleyhinə serum vurmaqdır.

Zəhərli hörümçəklər – əqrəb və ya qara qurd dişləyərkən onlar neyrotoksik (sinir sistemini zəhərləyən) təsirli zəhər buraxır ki, belə zəhər tənəffüs mərkəzini iflic edir və qıc olmaya səbəb olur. Bu zaman adama vaxtında yardım göstərilməsə, o ölə bilər. Böyənin sancması nisbətən az təhlükəlidir, bu şox ağrı törətsə də, ölümə səbəb olmur. İlk yardım göstərərkən bədəndən həşəratın neştərini çıxarmaq və oraya buz qoymaq lazımdır.

Mühazirə keçmək üçün plan-konspekt mövzu Mülki müdafiə anlayışı, yaranma tarixi, rolu və vəzifələri

Mövzu-1. Mülki müdafiə anlayışı, yaranma tarixi, rolu və vəzifələri.
Tədrisin məqsədi: Mülki Müdafiə sistemi, onun məqsədi və təşkil edilmə prinsipləri haqqında tələbələrə məlumat vermək.
Məşğələnin keçirildiyi yer: BDU-nun tədris sinfi
Vaxt: 2 saat.

  • Tələbələrin davamiyyətinin və mühazirəyə hazırlığının yoxlanılması-10 dəq.
  • 1-ci tədris sualı: Mülki Müdafiə haqqında anlayış-45 dəq.
  • 2-ci tədris sualı: Mülki Müdafiənin təşkiledilmə prinsipləri və məqsədi -30 dəq.
  • Mühazirə mövzusuna yekun vurulması -5 dəq.

Ədəbiyyat: 1) Azərbaycan Respublikasının «Mülki Müdafiə haqqında» 30 dekabr 1997-ci il tarixli 420-10 saylı qanunu.

2) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 sentyabr 1998-ci il tarixli 193 saylı qərarı

Əyani vəsait: Videoproyektor, prezentasiyalar, stendlər.

1-ci tədris sualı: Mülki Müdafiə haqqında anlayış

1931-ci ilin mayında Fransanın paytaxtı Parisdə tibb xidməti generalı Corc Sant-Pol “Cenevrə regionu Assosiasiyası” təşkilatını yaratmışdır.

Bu təşkilatın əsasını qoyanların məqsədi bu idi ki, bütün ölkələrdə hələ sülh dövründə ikitərəfli və çoxtərəfli müqavilə əsasında əhalinin bəzi kateqoriyaları (qadınlar, uşaqlar, xəstələr və qocalar) üçün təhlükəsizlik zonaları yaradılsın.

1937-ci ildə vəfat edən general Sant-Polun vəsiyyəti ilə Assosiasiya Parisdən Cenevreyə köçürülmüşdür. Generalın məsləkdaşı Henri Corc Assosiasiyaya başçılıq etmiş və onun təşəbbüsü ilə Assosiasiya tərəfindən İspaniyada 1936-cı ildə baş verən vətəndaş müharibəsi zamanı əhalinin bəzi qrupları üçün Madriddə və Bilbaoda, 1937-ci ildə isə Yaponiya və Çin münaqişəsində Şanxayda bitərəf zona yaradılmış, dinc əhalini qorumağın mümkünlüyü nümayiş etdirilmişdir.

Henri Corc 1947-ci ildə “Müasir müharibədə mülki əhalinin mühafizəsi” adlı kitabını dərc etdirir. Bu kitab Assosiasiyanın manifesti idi. Burada “Cenevrə regionu” adı altında təhlükəsiz zona yaratmaq üzrə Beynəlxalq Konvensiyanın layihəsi öz əksini tapmışdır. Həmin manifestin ideyası və prinsipləri 1949-cu ilin avqustunda çağırılan Cenevrə diplomatik Konfransında qəbul edilən sənədlərin əsasını təşkil etdi. Konfransda ilk 3 Cenevrə Konvensiyasına baxıldı və müharibə dövründə mülki əhalinin qorunması ilə əlaqədar dördüncü Konvensiya qəbul olundu. Əgər “Cenevrə regionu” üzrə Konvensiyada yaralıların, xəstələrin, qadınların, uşaqların və qocaların mühafizəsi üçün böyük zonalar yaratmaq nəzərdə tutulurdusa, indi diplomatik konfrans bu layihəni iki hissəyə böldü. Konfransda yaralı və xəstə əsgərlər üçün “Qırmızı Xaç” emblemi ilə mühafizə olunan hospital yaradılması təsdiq edildi və əlavə olundu ki, xəstələr, qocalar, əlillər, 15 yaşınadək uşağı olan qadınlar üçün təhlükəsiz zonalar yaradılmalıdır.

1951-ci ildə doktor Milan Bondi Baş Katib vəzifəsində Henri Corcu əvəzlədi. Bu elə bir dövr idi ki, Koreya müharibəsinin Dünya müharibəsinə çevrilməsi təhlükəsi reallaşırdı. Cenevrə Konvensiyası ilə verilən səlahiyyətlərdən istifadə edərək “Cenevrə regionu” Katibliyi potensial təhlükəsiz zona axtarmaq və hazırlamaq üçün əməli fəaliyyətə başladı. Müxtəlif Avropa dövlətlərinin hökumətləri ilə birlikdə əhalinin təhlükəsiz rayonlara köçürülməsi üçün planlar tərtib olunurdu. Planlaşdırma sahəsində fikir və təcrübə mübadiləsi son dərəcə faydalı oldu. Müharibə zamanı əhalinin mühafizəsi üçün neytral zonaların yaradılması məsələsi ilə əlaqədar 1954-cü ildə Berlində Mülki Müdafiə üzrə ilk Beynəlxalq Konfrans keçirildi.

İkinci Beynəlxalq Konfrans 1957-ci ildə Florensiya şəhərində çağırıldı və nəzərə alındı ki, “Cenevrə regionu Assosiasiyası” (qeyri-hökumət təşkilatı) Beynəlxalq Mülki Müdafiə Təşkilatına çevrildi. Yeni statusa əsasən ona hökumətləri, cəmiyyətləri, assosiasiyaları öz üzvlüyünə qəbul etmə səlahiyyətləri verildi.

BMMT-nın yeni statusuna müvafiq olaraq, 1958-ci ildə Cenevrədə Mülki Müdafiə üzrə üçüncü Ümumdünya Konfransı çağırıldı. Konfransda 33 ölkədən 130 nümayəndə iştirak etdi. Konfransın gündəliyinə atmosferin radioaktivliyi, müharibə zamanı əhalinin köçürülməsi və mühafizəsi, Mülki Müdafiə işçilərinin beynəlxalq statusu və mədəni irsin qorunması kimi məsələlər daxil edilmişdir. O dövrün problemlərini nəzərdən keçirərək demək olar ki, 20 ildən sonra atmosferdə nüvə sınaqları qadağan olundu, bir çox ölkələrdə nüvə silahlarından mühafizə üçün sığınacaqların sayı əhəmiyyətli dərəcədə artdı. Mülki Müdafiə işçilərinə Beynəlxalq status verildi.

1966-cı il oktyabrın 17-də Birləşmiş Millətlər Təşkilatının (BMT) katibliyində Beynəlxalq Mülki Müdafiə Təşkilatının (BMMT) nizamnaməsi qeydə alındı. Onun məqsədi –fövqəladə hadisələr baş verərkən vətəndaşların, həmçinin onların əmlakının təhlükəsizliyi və mühafizəsi üzrə tədbirlərin beynəlxalq səviyyədə həyata keçirilməsini təşkil etmək idi. Bu təşkilat ən mürəkkəb fövqəladə hallarda zərərçəkənlərə yardım göstərir, təbii fəlakətlərin, istehsalat qəzalarının və başqa fövqəladə hadisələrin qarşısını almaq üçün Birləşmiş Millətlər Təşkilatı, digər beynəlxalq və regional təşkilatlarla əməkdaşlıq edir, insanların şəxsi rifahı və bütünlükdə cəmiyyətin inkişafı, həmçinin ətraf mühitin təhlükəsizliyi uğrunda mübarizə aparır.

BMMT-nın ali orqanı Baş Məclisdir. Baş məclisə üzvlər iştirakçı ölkələrin nümayəndələrindən seçilir. Məclis 2 ildən bir, təşkilatın icraçı orqanı isə ildə bir dəfədən az olmayaraq toplanır və müvafiq komissiyalar yaradaraq təşkilatın mənafeyinə uyğun məsələlərlə məşğul olur. Təşkilatın gündəlik fəaliyyətinə Daimi Katiblik rəhbərlik edir.

BMMT insanların həyatını və əmlakını mühafizə, yerli və hökümətlərarası səviyyədə planlaşdırma, kadrların hazırlanması, həm təbii mənşəli, həm də insanlar tərəfindən törədilən hər cür bədbəxt halların qarşısının alınması sahəsində geniş fəaliyyət göstərir. Təşkilatın rəsmi dilləri: ingilis, ərəb, fransız və ispan dilləridir.

BMMT Baş Məclisinin qərarı ilə 1972-ci ildən etibarən hər il 1 mart bütün ölkələrdə “Ümumdünya Mülki Müdafiə günü” kimi qeyd olunur.

Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra, 1993-cü ildən bu təşkilatın üzvlüyünə qəbul olunmuş və onun keçirdiyi bütün tədbirlərdə fəal iştirak edir.

Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanmış 1998-ci il 18 aprel tarixli 700 nömrəli fərmanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 sentyabr 1998-ci il tarixli 193 saylı qərarında, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi haqqında 19.04.2006-cı il tarixli 394 saylı Əsasnamədə, Azərbaycan Respublikası FHN-nin Mülki Müdafiə Qoşunları Haqqında 29.12.2006-cı il tarixli 511saylı Əsasnamədə, Mülki Müdafiənin əsas məqsəd və vəzifələri, habelə dövlət hakimiyyəti və idarəetmə orqanlarının, ictimai təşkilatların, məsul şəxslərin və vətəndaşların mülki müdafiə sahəsində vəzifələri müəyyən edilmişdir.

Azərbaycan Respublikasında Mülki Müdafiə işinə ümumi rəhbərliyi Azərbaycan Respublikasının Prezidenti, bilavasitə rəhbərliyi isə Azərbaycan Respublikasının Baş Naziri həyata keçirir. Mülki Müdafiə tədbirlərini planlaşdırmaq və həyata keçirilməsini təşkil etmək, o cümlədən icraya nəzarət məqsədilə Fövqəladə Hallar Nazirliyi gündəlik rəhbərlik edir.

Mülki Müdafiə – sülh və ya müharibə dövründə əhalinin (Azərbaycan Respublikası vətəndaşlarının, Azərbaycan Respublikasının ərazisində olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin) və ərazinin (Azərbaycan Respublikası ərazisinin hüdudları daxilində torpaq, su və hava məkanının, istehsal və sosial təyinatlı obyektlərin, habelə ətraf mühitin) təhlükəsizliyinin təmin edilməsi məqsədilə dövlət hakimiyyəti orqanları, hüquqi və fiziki şəxslər tərəfindən həyata keçirilən tədbirlər sistemidir.

Mülki Müdafiə sistemi – mülki müdafiənin vəzifələrinin yerinə yetirilməsi həvalə edilmiş müvafiq icra hakimiyyəti orqanlarının, qüvvə və vasitələrin, xüsusi fondların, rabitə, xəbərdarlıq və informasiya təminatlı sistemlərinin məcmusudur.

Mülki Müdafiə haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, «Mülki Müdafiə haqqında» qanundan, Azərbaycan Respublikasının digər qanunvericilik aktlarından və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.

Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 18 aprel tarixli 700 nömrəli Fərmanına müvafiq olaraq mülki müdafiə tədbirlərinin planlaşdırılmasının siyasi, iqtisadi, müdafiə əhəmiyyətini və digər amilləri nəzərə alaraq respublikanın ərazisi zonalara, şəhərlər mülki müdafiə üzrə qruplara, təsərrüfat obyektləri isə mülki müdafiə üzrə dərəcələrə bölünür.

İqtisadi İnkişaf Nazirliyi və Fövqəladə Hallar Nazirliyinin təqdimatı əsasında zonalar, şəhərlərin qrupları və obyektlərin dərəcələri Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir.

Azərbaycan Respublikası ərazisinin Mülki Müdafiə üzrə zonalara bölünməsi 1 nömrəli Əlavəyə, Mülki Müdafiə üzrə şəhərlərin qrupları: I qrup, II qrup və III qrup olmaqla 2 nömrəli Əlavəyə uyğun olaraq müəyyən edilmişdir.

Ən mühüm təsərüffat obyektlərinə mülki müdafiə üzrə belə dərəcələr verilir: xüsusi əhəmiyyətli, I dərəcəli və II dərəcəli obyektlər.

Mülki Müdafiə üzrə dərəcələr – fəaliyyətdə olan, inşa edilən, yenidən quraşdırılan və layihələşdirilən vacib sənaye, nəqliyyat, energetika və rabitə müəssisələrinə; xüsusi konstruktor bürolarına; neft-qaz mədənləri idarələrinə; dövlət əhəmiyyətli nadir mədəni sərvətlərə malik olan obyektlərə (arxiv, muzey, kitabxana, şəkil qalereyası); material və ərzaq bazalarına; su kəməri təsərrüfatına və digər dövlət əhəmiyyətli obyektlərə verilə bilər.

Mülkiyyət formasından asılı olmayaraq sənaye birliklərinə, şirkətlərə, kombinatlara və digər təsərüfat obyektəlrinə mülki müdafiə üzrə dərəcələr elə hallarda verilə bilər ki, onların müəssisələri, sexləri və idarəetmə orqanları vahid bir istehsalat sahəsində yerləşmiş olsun.

İqtisadi və digər göstəricilərinə görə mülki müdafiə üzrə dərəcələrə aid edilməsi mümkün olmayan bütün digər müəssisələr və idarələr dərəcəsiz obyektlər adlanır.

Tikinti təşkilatlarına, yeraltı mədən tikintilərinə, inzibati idarələrə, ictimai təşkilatlara, sanatoriyalara və istirahət evlərinə, teatr, kinoteatr, sirk, kommunal-məişət xidməti idarələrinə, kənd təsərrüfatı obyektlərinə, qoruqlara və fəlakətli daşqın zonasında yerləşən bütün obyektlərə mülki müdafiə üzrə dərəcələr verilmir.

Nazirliklərin, komitələrin, baş idarələrin rəhbərləri mülki müdafiə üzrə dərəcələrə aid ediləcək təsərrüfat obyektlərinin siyahısını razılaşdırmaq üçün Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinə təqdim edirlər.

İqtisadi İnkişaf Nazirliyi təsərrüfat obyektlərinin razılaşdırılmış ümumi siyahısını təsdiq etmək üçün Nazirlər Kabinetinə göndərir.

Layihələşdirilən obyektlərə mülki müdafiə üzrə dərəcə layihələşdirmə mərhələsində verilir.

Fövqəladə hallar nazirliyinin MM üzrə əsas vəzifələri:

  1. Fövqəladə halların təsirindən, əhalinin və təsərrüfat obyektlərinin mühafizə edilməsi.
  2. Fövqəladə hadisələr zamanı, insanların sağlamlığına təhlükə yaranması barədə və belə şəraitdə davranış qaydaları haqqında əhalinin xəbərdar edilməsi.
  3. Fövqəladə halların nəticələri aradan qaldırılarkən, qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin təşkili və yerinə yetirilməsi.
  4. Rəhbər heyətin, MM-nin idarəetmə orqanları və qüvvələrinin fövqəladə hallarda mühafizəyə və fəaliyyətə hazırlanması, həmçinin müvafiq mühafizə və fəaliyyət üsullarının əhaliyə öyrədilməsinin təşkili.
  5. Fövqəladə hallar zamanı təsərrüfat sahələrinin, müəssisələrin, idarə və təşkilatların sabit fəaliyyətinin təmin olunmasına yönəldilmiş tədbirlərin, xüsusən də mülki müdafiənin mühəndis-texniki tədbirlərinin hazırlanmasında və həyata keçirilməsində iştirak etmək.
  1. Mülki müdafiə sahəsində Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə əməl etmək.
  2. Fərdi və kollektiv mühafizə vasitələrindən istifadə etməyi bacarmaq.
  3. Fövqəladə hadisələrdən əsas müdafiə üsullarını və vasitələrini öyrənmək və bilmək.
  4. Fövqəladə hadisələr zamanı müəyyən olunmuş davranış qaydalarına əməl etmək.
  5. İlk tibbi yardım göstərilməsi qaydalarını öyrənmək və onu tətbiq etməyi bacarmaq.
  6. Mülki müdafiə işarələrini (siqnallarını) bilmək və onlara uyğun hərəkət etmək.
  7. Baş verə biləcək və ya baş vermiş fövqəladə hadisələr barəsində dərhal müvafiq dövlət orqanlarına və qonşulara məlumat vermək.
  8. Mülki müdafiə sahəsində onlara tapşırılmiş vəzifələri vicdanla yerinə yetirmək.
  1. ərazi prinsipi (mülki müdafiə tədbirlərinin Azərbaycan Respublikasının bütün ərazisində təşkil edilməsi);
  2. fərqli və kompleks yanaşma prinsipi (mülki müdafiə tədbirlərinin ayrı-ayrı bölgələrin, şəhərlərin, istehsal və sosial təyinatlı obyektlərin hərbi-strateji, iqtisadi və digər xüsusiyyətləri nəzərə alınmaqla planlaşdırılması və əlaqələndirilmiş şəkildə həyata keçirilməsi);
  3. kütləvilik və məcburilik prinsipi (mülki müdafiə tədbirlərinin bütün əhali təbəqəsini əhatə etməsi və məcburi xarakter daşıması);
  4. daimi hazırlıq prinsipi (mülki müdafiə sisteminin fövqəladə hadisələr zamanı dərhal və səmərəli fəaliyyətə başlamağa hazır vəziyyətdə olması);
  5. dərhal xəbərdarlıq prinsipi (baş verə biləcək və ya baş vermiş fövqəladə hadisələr haqqında əhaliyə dərhal məlumat verilməsi);
  6. qarşılıqlı əlaqə prinsipi (mülki müdafiənin təmin edilməsində iştirak edən dövlət orqanlarının və mülki müdafiə qüvvələrinin sıx və uzlaşdırılmış fəaliyyət göstərməsi).

Mülki Müdafiənin məqsədləri aşağıdakılardır:

  1. fövqəladə halların qarşısının alınması məqsədi ilə profilaktik tədbirlərin həyata keçirilməsi;
  2. fövqəladə hallar zamanı mümkün olan ziyan və itkilərin həcminin maksimum azaldılması;
  3. fövqəladə halların və onların nəticələrinin aradan qaldırılması.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

1998-ci il 25 Sentyabr tarixli193 saylı qərarı ilə

təsdiq edilmiş Qaydalara 1 nömrəli Əlavə

1.Bakı zonası ­­– Baki şəhərinin 11 rayonu ve Abşeron rayonu.

2.Gəncə zonası – Gəncə ve Naftalan şəhərləri, Akstafa, Qazax, Tovuz, Daşkəsən, Gədəbəy, Kəlbəcər, Şəmkir, Göy-göl, Goranboy, Samux rayonları.

3.Sumqayıt zonası – Sumqayıt şəhəri, Şabran, Quba, Qusar, Xaçmaz, Siyəzən, Xızı rayonları.

4.Şamaxı zonası – Şamaxı şəhəri, Ağsu, İsmayıllı, Qəbələ, Göyçay, Kürdəmir rayonları.

5.Mingəçevir zonası – Mingəçevir şəhəri, Ağdaş, Ucar, Yevlax, Oğuz, Şəki, Qax, Zaqatala, Balakən rayonları.

6.Şirvan zonası – Şirvan şəhəri, Hacıqabul, Beyləqan, Imişli, Saatlı, Sabirabad, Salyan, Neftçala rayonları. 7.Ağdam zonası – Xankəndi, Şuşa, Ağdam, Ağcabədi, Bərdə, Tərtər, Zərdab, Xocavənd, Xocalı rayonları.

8.Cəbrayıl zonası – Cəbrayıl, Fizuli, Zəngilan, Qubadlı, Laçın rayonları.

9.Lənkəran zonası – Lənkəran şəhəri, Astara, Lerik, Yardımlı, Biləsuvar, Cəlilabad, Masallı rayonları.

10.Naxçıvan zonası – Şərur, Şahbuz, Babək, Kəngərli, Ordubad, Culfa, Sədərək rayonları.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

1998-ci il 25 Sentyabr tarixli193 saylı qərarı ilə

təsdiq edilmiş Qaydalara 2 nömrəli Əlavə
ŞƏHƏRLƏRİN QRUPLARI
1 qrup ­ Bakı şəhəri

2 qrup  Sumqayıt şəhəri

3 qrup  Gəncə şəhəri

Həyat fəaliyyətinin təhlükəsizliyi kafedrasının müəllimi

Comments are closed, but trackbacks and pingbacks are open.