Press "Enter" to skip to content

Müəllimin pedaqoji ustalığı

Tələbələr enerji saçan müəllimləri daha çox dinləmək istərlər. Biz rastlaşdığımız neqativ hadisələrin təsirində olmamaqla və sosial-psixoloji problemlərin doğurduğu gərginliyi auditoriyalara daşımalı deyilik. Pessimizm yayan fikirlərimiz tələbələrdə neqativ ovqat yaradır. Auditoriyaya daxil olanda optimist ovqat və enerjili davranış dərsin gedişatını müəyyənləşdirən əsas amilə çevrilməldir.

Müasir müəllim obrazı

Dünyada hər gün müəllimlər gəncləri maarifləndirmək və ruhlandırmaqla bir fərq yaradırlar. Müəllimlər Günü 1994-cü il 5 oktyabr tarixində UNESCO tərəfindən elan olunmuşdur və dünyanın 100-dən çox ölkəsində qeyd olunur.

Müəllimlər Günü – bizim cəmiyyətimizə müəllimlər tərəfindən edilən töhfələrə görə onlara təşəkkür etmək üçün bir fürsətdir.

Hamıya müəllim deyə müraciət edilən cəmiyyətdə yaşayırıq. Biznesmeni, sürücüsü, ağsaqqalı, polisi doğma görsətmək və hörmətə mindirmək üçün müəlllim müraciətindən istifadə edilir. Cəmiyyətdə bilənlə bilməyənin yeri eyni deyil. Onlara nəinki müraciətin, hətta yaxınlaşmanın fərqliliyi olmalıdır.

Əli Həzrət deyirdi ki, cəmiyyət içində hamıya bir salam ver, müəlliminə isə ayrıca salam ver. Başa düşüləndir. Müəllim, xüsusi elə zümrə deyil ki, adına görə, hamı qarşısında baş əysin. Qətiyyən! Əslində, “müəllim” sözü müqəddəs deyil, müqəddəs olan müəllimlikdir. Onu bacaranlara münasibətimiz fərqli olmalıdır.

Müəllim-tələbə münasibətləri və müəllim obrazının cəmiyyətdəki şəkli bizi yenidən düşündürməlidir. Biz necə şəxsiyyət formalaşdırmasına çalışmalıyıq? Biz təkcə bilik ötürməklə, hazır resepti yazıb tələbənin yaddaşında saxlaması ilə kifayətlənməliyik, yoxsa. Fikrimcə, biz düşünməyi öyrənməsi məqsədilə bağlı bilik aşımalıyıq! Elə situasiyalar vardır ki, orada konkret bilik və hazır düstür köməyə çatmayacaq. Bu zaman situasiyanın təsiri altında dünənin öyrəncisi həmin anda ən doğur qərarı vermək bacarığında olsun. Bir neçə il öncə iqtisadiyyat ixtisasına yiyələnmiş tələbələrlə bağlı müşahidələrimə əsaslanan münasibətləri dəqiqləşdirməyə qərar vermişdim. Onları belə qruplaşdırmışdım.

Dərs mövzusu yox, onun çatdırılma üsulu və mühiti önəmlidir. Dərsi maraqlı edən təkcə mövzunun bütün təfsilatı ilə çatdırılması deyil, onun hansı üsul və metodogiya ilə ötürülmə keyfiyyəti mühüm rol oynayır. Dərs tələbələr üçün darıxdırıcı təsirli olmaması üçün hamının müzakirədə özünün payı olduğu ortamın yaradılması çox vacibdir.

Tələbələr bizdən kreativlik və özünəməxsus performanslar tələb edir. Müəllimə təkcə tələbələrə bilgi ötürən şəxs olaraq qəbul etmək diletantlıq olardı. Onun yüksək eridusiyası və yaradıcı keyfiyyətləri olması vacibdir. Bizim təkəbbürümüz yox, təvazökarlıqla tanış edə biləcəyimiz uğur hekayələrimiz bizi onlara sevdirə bilər.

Sevimli müəllimin öz ixtisasını ürəkdən sevməsi və ona daxili tələbatı ilə bağlı olması. İqtisadiyyatın mürəkkəb və kədərli bir elm sahəsi olması haqqında tələbələrin rəyini yalnız həmin peşəyə daxilən bağlı olmaqla və onun dərin fəlsəfəsini sadə dillə açmaq aydınlıq gətirmək vacibdir. Sadə həqiqətləri möcüzə səviyyəsinə qaldırmaq yox, möcüzələri sadə həddə izahatına nail olmaq lazımdır.

Tələbələr enerji saçan müəllimləri daha çox dinləmək istərlər. Biz rastlaşdığımız neqativ hadisələrin təsirində olmamaqla və sosial-psixoloji problemlərin doğurduğu gərginliyi auditoriyalara daşımalı deyilik. Pessimizm yayan fikirlərimiz tələbələrdə neqativ ovqat yaradır. Auditoriyaya daxil olanda optimist ovqat və enerjili davranış dərsin gedişatını müəyyənləşdirən əsas amilə çevrilməldir.

Tələbələrə statistika kimi yox, canlı varlıq və şəxsiyyət kimi yanaşmaq. Müəllimin pedaqoji ustalığı imkan verməlidir ki, qrupdakı hər bir tələbə özünü onun qarşısında şəxsiyyət kimi hiss etsin. Məhz bərabərhüquqlu və fərqli imkanlara məxsus şəxsiyyət kimi. Onun şəxsiyyətinə önəm verdikcə, o, daha çox ona bəslənən etimadı doğrultmağa çalışacaq. Bu motivasiyanı onlardan əskik etmək olmaz. Bu dərsin antibiotikidir.

Tələbələr müəllimdə daşlaşmış streotipləri deyil, ondakı dinamik təfəkkürü qiymətləndirir. Tələbə iqtisadi proseslərlə yaxından tanış olmasını və operativ reaksiyasının ilk mesajını özünün müəllimindən almaq istəyir. Tələbələrin bu ehtiyaclarını doğru anlamaq və sürətlə dəyişən tələblərə elastik adaptasiya müasir dövrün əsas tələbi kimi qarşımıza çıxır.

Tələbələr tərəfindən sevilmək üçün ilk öncə onları sevmək və xoş rəftarın olması vacibdir. Onlara öz övladımız, doğmalarımız kimi yanaşmamız lazımdır. Bəzən onların xoşagəlməz davranışlardan çəkindirmək üçün ötkəm müəllim sözünə ehtiyac var. Tələbəyə doğması kimi baxan müəllimin o zaman “tikanı” da ona “çiçək” kimi görünəcək.

Tələbə müəllimin doqmalarını yox, onlarla birgə müzakirə olunaraq qəbul etdiklərini sevər. Bizim tələbəyə çatdırmaq istədiklərimiz daşlaşmış həqiqət olsa belə o bizim məhsulumuzdur. Onu tələbənin “məhsulu” etməmiz üçün həmin elmi paradiqmaları birgə müzakirə edərək onun özününküləşdirməsinə nail olmalıyıq. O zaman tələbə bizim “sürətçıxaranımız” yox, özünün orijenalı olacaq.Tələbələrdə özünəməxsusluğu aşılamaqla gedilməyən çığırların açılmasına həvəsləndirməliyik.

Bir müəllim olaraq yalnız əvvəlcədən yazdığım mühazirə mətnləri əsasında dərs keçməyi özüm üçün meyar hesab etməməliyik. Hər gün dərsdən bir neçə saat öncə artıq ölkədə və dünyada baş verən iqtisadi proseslərlə bağlı yeni informasiyalarla tanış olmağımız uzun illərin vərdişinə çevirməliyik. Çünki, tələbələrimin əldə etmək istədiyi informasiyada ilk mənbə olmalıyıq.

Müəllimlik bir peşə olaraq sabit nöqtədə durmanı və keçmişin yükü ilə yaşamağı inkar edir. Daimi çalışqanlıq, ambisioz hədəflər və davamlı dinamizm bu peşədə təkmilləşməni şərtləndirən əsas amillər sayıla bilər. Həzrət Əlinin fikri ilə ifadə etsək; “İki günü eyni cür keçən insan artıq bir gün zərərdədir.” Deməli davamlı çalışqanlıq və hər bir günün diktə etdiyi təkamül proseslərinə sürətlə adaptasiya olunmaq və həmin “bir günlük” itkini inkişafla əvəz edən amilə çevirməyi tələb edir.

Obrazlı desək, əslində biz tələbələri özümüzün sevdiyi rənglə boyamalı deyilik. Onların hər birinin ayrı-ayrılıqda rəngi var. Heç bir rəngin digərinin tam rəngində olması da mümkün deyil. Ağ və qara rənglərin sintezindən milyonlarla rənglər yaranır ki, bunların biri digərinə azca oxşaya bilir. Amma heç zaman digəri ilə həmrəng olmur. Onların rəng dərəcəsi biri-birindən ayıran əsas əlamətlərdir. Xalid Hüseyninin “Çərpələng uçuran”əsərində bəyəndiyim bir fikir var: “Uşaqlar rəngləmə albomları deyil. Sən onları sevimli rənglərinlə rəngləyə bilməzsən.” Biz onlara “rəngarənglilikdə vəhdətik” prinsipini aşımalıyıq.

Müəllimin pedaqoji ustalığı

Müəllimin pedaqoji ustalığı Müəllim psixoloji-pedaqoji qanunauyğunluqları mükəmməl bilən əməli fəaliyyətini uğurla həyata keçirən, fəal təlim texnologiyalarından düzgün istifadə edən öyrənənləri (şagirdləri) tədqiqata sövq etdirən və bir çox mühüm didaktik tələbləri reallaşdıran şəxsiyyətdir. Yüksək mənəvi keyfiyyətləri özündə cəmləşdirən müəllimin pedaqoji ustalığının əsas göstəricisi onun gündəlik təlim fəaliyyətinin nəticəsidir. Müəllimin pedaqoji ustalığı eyni zamanda onun qazanmış olduğu nüfuzu şərtləndirir. Müəllimin nüfuzu şagirdlərə təsiri ilə seçilən, qərar qəbul etmək, qiymət qoymaq, məsləhət vermək hüququ verən xüsusi peşə mövqeyidir

Müəllim nüfuzunu yüksək şəxsi və mütəxəssis keyfiyyətlərinə görə müəyyənləşdirərkən aşağıdakılar əsas götürülür:

* Tərbiyə etdikləri ilə demokratik əməkdaşlıq tərzi;
* Başqasının dərdinə şərik ola bilmək;
* Açıq ünsiyyət qurmaq bacarığı;
* Müsbət konsepsiyaya malik olmaq, onu daim təkmilləşdirmək;
* Hərtərəfli biliyə sahib olmaq istəyi;
* Səriştəli, ədalətli, mehribanlığı və ümumi mədəniyyətə yiyələnməsi.

Müəllim üçün pedaqoji etikanın predmeti olan düşüncə, davranış, münasibət və fəaliyyətində əxlaqının əks olunmasıdır. Qeyd olunan bütün keyfiyyətlər müəllim şəxsiyyətinin formalaşmasına xidmət edərək onun pedaqoji ustalığının tamlığını təmin edir.

Pedaqoji prosesdə müəllimin ustalığını dəyərləndirmək çox çətindir. Burada təsir imkanlarına malik olan çoxsaylı amillər vardır. Çox vaxt istedadlı müəllim pedaqoji fəaliyyətində ustalıq nümayiş etdirə bilmir. Pedaqoji ustalıq qeyri xətti olub onun əsaslarına yiyələnmək lazımdır. Konkret olaraq pedaqoji ustalığı xarakterizə etmək mümkün deyil. Zəngin bilik, praktik bacarıq bu işdə müəllimin pedaqoji usta olduğunu sübut etməkdə kifayət etmir. Əsas məsələ iki hərtərəfli müəllim (öyrədən) və şagird (öyrənən) arasında qarşılıqlı münasibətin səviyyəsi ilə həll olunur. Pedaqoji prosesdə qarşıya qoyulan təlim məqsədlərinin (tərbiyəedici, təhsilləndirici və inkişafetdirici) reallaşdırılmasında yaranan maraqların (hər iki tərəfin) üst-üstə düşməsi vacib amillərdəndir. Yəni əməkdaşlıq pedaqogikasından bacarıqla istifadə olunmalıdır.

Müəllimin professional bilikləri onun pedaqoji ustalığının əsasıdır. Onun biliklərinin məzmununa tədris etdiyi fənni, metodikanı, psixologiya və pedaqogikanı aid etmək olar.

Pedaqoji ustalığı müəllimin özünəməxsus qabiliyyətləri ilə bağlıdır. Müəllimin ən başlıca qabiliyyəti onun bütün digər qabiliyyətlərini birləşdirən əsas obyektə, formalaşan şəxsiyyətə (şagird) qarşı olan həssaslığıdır. Bizə məlum olan didaktik, akademik, konfruktivlik, qostik-idraki qabiliyyətlərin hər birinin həssaslıqla əlaqəsi vardır.

Təlim fəaliyyətinin quruluşunu ahəngdar edən bütün təsir vasitələrinin kompleksini pedaqoji texnika təşkil edir.

Pedaqoji ustalığı nümayiş etdirən müəllim təlimin səmərəsini artırmaq üçün təsir vasitələrinə daxil olan elementləri bir-biri ilə sıx əlaqələndirməyə nail olur.Pedaqoji ustalığa təsir göstərən, onun keyfiyyətini yüksəldən mühüm amillər kimi müəllimin bu prosesdə başlıca vəzifəsinin yerinə yetirilməsi məharətidir.

Uzun illər pedaqoji fəaliyyətim və idarəetməyə rəhbərliyimdən keçən müddət ərzində ən çox diqqətimi cəlb edən məsələ məhz vəzifə borcumun həllində qarşıya çıxan problemlərə (situasiyalar) və onların həllinə nail olmaq olmuşdur. Çünki, mövcud pedaqoji situasiyanı yeni mərhələyə keçirib, dəyişdirmək, başqa şəklə salmaq, fəaliyyətin məqsədinə yaxınlaşdırmaq zərurətini qarşıya qoyur.

Hər gün rəhbərlik etdiyim Lənkəran rayonu Ədalət Hüseynov adına Vilvan kənd tam orta məktəbində təhsil alan 530 şagirdin təlim-tərbiyəsi ilə məşğul olan, peşəsini sevən 75 müəllim pedaqoji fəaliyyət zamanı mütləq situasiyalarla üzləşirlər. Məktəb direktoru kimi həmin situasiyaların pedaqoji fəaliyyətin fəlsəfəsindən irəli gəldiyini yaxşı dərk edirəm. Demək dünyanın bütün təhsil müəssisələrində pedaqoji situasiyalar vardır. Bir şagirdin dərsə gecikməsi, digərinin ev tapşırıqlarını etməməsi, dərsə hazırlıqsız gəlməsi və s. bütün bunlar pedaqoji situasiyalardır.

Müəllimin pedaqoji ustalığı situasiyaları aradan qaldırmaq üçün aşağıdakı zəruri addımların atılmasını təmin edir:

* Strateji xarakterli vəzifələr (şagirdlərdə məsuliyyətlilik, təşkilatçılıq hisslərini nə cür formalaşdırmalı);

* Taktiki xarakterli vəzifələr (dərsdə şagirdlərin idraki fəaliyyətinin aktivləşdirilməsi, biliklərin hesaba alınması və nəzarəti üzrə vasitələrin işlənib hazırlanması);

* Situativ xarakterli vəzifələr (dərsə gecikən, dərsini oxumayan, dərsdə kənar işlə məşğul olan şagirdlərə nə cür reaksiya verməli və s.).

Pedaqoji ustalığı formalaşdırmağın əsas yolu müəllimin özünütərbiyəsidir.

Böyük rus yazıçısı L.Tolstoy öz yaddaşını tərbiyə etmək üçün hər gün məşğul olmuşdur. O, günah iş görəndə özünə tənqidi məktub yazardı. Böyük sərkərdə A.Suvorov düzgün iş tutmayanda özünü həbs edirdi.

Müəllim özünütərbiyə ilə ciddi məşğul olmalı, öz geyiminə, hərəkətlərinə, səliqə-səhmanına, danışığına daim fikir verməli, şagirdlərinə yaxşı nümunə göstərməyə çalışmalıdır.

Böyük rus pedaqoqu K.Uşinski müəllimin özünütərbiyəsi üçün qaydaları aşağıdakı kimi müəyyən etmişdir:

* Tam sakitlik;
* Sözündə və hərəkətində səmimilik;
* Düşünülmüş hərəkətlər;
* Qətiyyətlilik;
* Özün haqda vacib olmadıqda danışmamaq;
* Vaxtını mənasız keçirməmək, vacib olanı etmək;
* Yalnız ən vacib və xoş olanı etmək, ehtirasa uymamaq;
* Hər axşam öz hərəkətləri haqqında özünə hesabat vermək;
* Gördüyün, görəcəyin işlər haqqında heç vaxt öyünməmək.

Hər bir müəllim bu qaydaları müasirlik baxımından təhlil etməli və onlara yaradıcı yanaşmaqla əməl etməyə müvəffəq olmalıdır.

Pedaqoji ustalığın mühüm elementlərindən biri də estetik hisslərdir. Məlumdur ki, şəxsiyyətin mənəvi aləmi çoxtərəfli, fasiləsiz həyəcanlardan ibarətdir. Hisslər insanın bütün duyğularını, münasibətlərini əhatə edir. Müdriklərin dediyi kimi, şəxsiyyət tam şəkildə hisslərində təzahür edir.

Müəllimin pedaqoji ustalığı təfəkkürün və hisslərin ahəngdarlığına əsaslanır. Yalnız uşağın daxili aləminə təsirin pedaqoji qanunlarına yiyələnmiş müəllim onun estetik təhsili və tərbiyəsini təmin etmiş olur.

Müəllimin pedaqoji ustalığını şərtləndirən cəhətlərdən biri də fəal təlim texnologiyalarından bacarıqla istifadə etməkdir. Pedaqoji texnika ilə müşahiyyət olunan prosesdə müəllimin təlim, tərbiyə, təhsil və inkişaf problemlərinin həlli səmərəli şəkildə gerçəkləşir.

Sevindirici hal ondan ibarətdir ki, rəhbərlik etdiyim məktəbdə çalışan müəllimlərin hər biri özünəməxsus pedaqoji ustalığı ilə şagirdlərin zəruri bilik və bacarıqlar qazanmasına yönəlmişdir. Uzun illər yararsız, yardımçı tədris binalarında pedaqoji prosesi həyata keçirən kollektiv 2013-2014-cü dərs ilindən etibarən dünya standartlarına uyğun üç mərtəbəli yeni məktəbdə böyük ruh yüksəkliyi ilə peşəkarlıq nümayiş etdirərək göstərilən diqqət və qayğıya görə ölkə başçısına miqnnətdarlıqlarını bildirirlər. Hər il məktəbi bitirən şagirdlərimizin respublikanın nüfuzlu ali məktəblərə yüksək balla daxil olmaları müəllimlərimizin təlim əməyinin nəticəsi kimi dəyərləndirilməlidir. Təhsil islahatında kurikulumun tətbiqi müəllimin pedaqoji ustalığının artırılmasını reallaşdırmışdır. Məktəbdə I-VI siniflər üzrə tədris aparan müəllimlərin, xüsusi təlim kurslarından keçmələri – onların fəal təlim texnologiyalarından bacarıqla istifadə etmək imkanlarını artırmışdır. İndi müəllimlərin peşəkarlıq imkanlarının artırılması üçün geniş imkanlar vardır. Məktəbimizin təcrübəli dil-ədəbiyyat müəllimi İlahə Rəhimovanın bu sahədə xüsusi bacarıq və istedad nümayiş etdirməsi təqdirə layiqdir. Ötən dərs ilində İlahə müəllimin “İlin müəllimi” müsabiqəsinin bütün mərhələlərində müvəffəqiyyətlə iştirak edərək pedaqoji ustalıq göstərməsi fikrimizi təsdiqləyir.

Azərbaycanın dövlət müstəqilliyi getdikcə möhkəmlənir və sürətlə inkişaf edir.

Ulu öndər Heydər Əliyev demişdir: “Biz öz milli-mənəvi dəyərlərimizlə öz dini dəyərlərimizlə, adət-ənənələrimizlə fəxr edirik. Bizim xalqımız yüz illərlə, min illərlə adət-ənənələrimizi, milli-mənəvi dəyərlərimizi yaradıbdır və bunlar indi bizim xalqımızın mənəviyyatını təşkil edən amillərdir”. Müasir məktəbin qarşısında duran başlıca vəzifə pedaqoji ustalığa yiyələnən hər bir müəllimin, şagirdlərin milli-mənəvi dəyərlərin dərindən öyrənilməsinə və Azərbaycana böyük məhəbbət ruhunda tərbiyəsinə nail olmaqdır.

Müəllim ustalığı

Əntiqə Qasımova

Ə.Əliyev adına 204 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini, ali kateqoriyalı baş müəllim

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasında qabaqcıl texnologiyalara əsaslanan təhsil sisteminin yaradılması üçün beş istiqamət üzrə genişmiqyaslı tədbirlərin həyata keçirilməsi planlaşdırılıb. Bu istiqamətlər – səriştəyə əsaslanan şəxsiyyətyönümlü təhsil məzmununun yaradılması, təhsil sahəsində insan resurslarının müasirləşdirilməsi, təhsildə nəticələrə görə cavabdehlik, şəffaf və səmərəli idarəetmə mexanizmlərinin yaradılması, müasir tələblərə uyğun və ömür boyu təhsili təmin edən təhsil infrasturukturunun yaradılması və ölkədə iqtisadi cəhətdən dayanıqlı və dünyanın apancı təhsil sistemlərinin standartları ilə eyni səviyyəyə uyğun təhsil sisteminin maliyyələşdirilməsi modelinin qurulmasıdır.

XXI əsrdə öz müstəqilliyinin yeni mərhələsinə qədəm qoyan Azərbaycan Təhsil sisteminin beynəlxalq aləmə inteqrasiyası üçün bu sahədə köklü dəyişikliklər, islahatların aparılması uğurla davam edir.

Təhsil bəşəriyyətin tarixi inkişaf yolunda ən unikal bir mexanizm kimi meydana çıxmış, insanların əxlaqi və mənəvi cəhətdən inkişafını təmin edən bir sistem kimi istifadə olunmuşdur. Bu gün təhsil fenomeni cəmiyyətin inkişaf dinamikasını tənzimləyən, onu qloballaşan dünyanın sürətli tərəqqisini şərtləndirən əsas amillərdən biridir. Bu gün ölkəmizdə təhsil zəruri amil kimi elm və istehsalat arasında əlaqə yaradan element kimi çıxış edir.

Müasir dövrümüz cəmiyyətin inkişafında insan amilinin rolunun artması ilə səciyyələnir. Deməli, gənc nəslin təlim-təbiyəsi ilə məşğul olan biz müəllimlər yeni iqlimin saflaşmasına, gələcəyimiz olan uşaqların yüksək intellektual hazırlığa malik, milli və ümumbəşəri, mənəvi keyfiyyətlərə yiyələnmiş, müstəqil, varlığa şüurlu münasibət bəsləyən yaradıcı şəxsiyyətin yetişməsinə çalışmalıyıq.

İndi heç kimə təəccüblü deyil ki, gənc nəsli əməli fəaliyyətə hazırlamaq, sabahın fəal qurucuları kimi yetişdirmək üçün onlarda insan azadlığı, şəxsiyyət bütövlüyü, şəxsi ləyaqət hissi, əməyin azad formaları, idrak prosesinin mükəmməl təşkili, bir sözlə, inkişafetdirici təlimin ön plana keçirilməsini tələb edir.

Qeyd olunan hər bir dəyər tərbiyə sistemində son dərəcə özünəməxsus funksiya yerinə yetirir. Müstəqil düşünmək, təhlil elmək, yaradıcılığa can almaq faktlarını müstəqil olaraq ağıl süzgəcindən keçirtmək, cəmiyyətdəki yerini dərk etmək, əqli nəticə çıxartmaq, mühakimə yürütmək, idraka əsaslanan ümumiləşdirmə vərdişlərinin formalaşdırılması fəal şəxsiyyəti səciyyələndirən əsas cəhətdir. Bu şəxsiyyət isə özünü ailədə və məktəbdə tapır.

Getdikcə artan informasiya axını fonunda uşaqlara xas idrak fəallığını nəzərə alaraq dərslərimdə təlimin inkişafetdirici metodundan istifadəni önə çəkirəm.

Məsələn, şagird Azərbaycan dilindən mürəkkəb sözlərin yazılış qaydaları barədə informasiyanı çox dəqiq surətdə yada salır, dediklərinə misal gətirərkən «xoşsifət», «günorta», «əlüstü» və s. sözləri ayrı yazır, sanki öz dediklərinin başqa sözlə öyrəndiyi müddəanın mənasına varmadan qazanılmış bilik və bacarıqların lazımi situasiyada işlənməsi üsullarını, sxemləşdirilməsini, modelləşdirilməsini, bir sözlə, praktik əhəmiyyətini, tətbiq yerini əsla başa düşmür. Deməli, fikir durğunluğıı ortaya çıxır. Bəs nə etməli? İlk növbədə təlimin təhsilverici, inkişafetdirici funksiya olmağından istifadə edərək, öyrədilən materialın həcminin çoxluğundan qaçmaq, mənasını, mahiyyətini başa düşmədən əzbərləməyə son qoymaqla idrak fəallığına, təfəkkür müstəqilliyinə, mövcud biliyin modelləşdirilməsinə nail olmaq lazımdır.

Dərslərimdə ən çox diqqəti böyük aktuallıq kəsb edən motivasiyaya, yəni yeni biliklərin axtarılması və kəşfi prosesinə cəlb edirəm.

Motivasiya şagird fəaliyyətinə istiqamət verən ən mühüm amildir. Odur ki, problem xarakterli suallar qoyuram. Nə üçün 1To+2Tm tipli ismi birləşmənin tərəfləri arasına söz daxil ola bilmir? Və ya -ın4, -ma2, -acaq2, -dır4, şəkilçiləri niyə omonim şəkilçilər adlanır? «Gülən qız», «güləyən qız», «qaçan al», «qaçağan at» ifadələrinin oxşar və fərqli cəhətlərini diaqram üzrə ümumiləşdirməyi tapşışıram.

Şagirdlər sual ətrafında düşünür, faktları ölçüb-biçir, nəticə çıxarmağa çalışırlar. Deməli, potensial gerçəkləşməyə, istedad, qabiliyyət aşkarlanmağa, özünütəqdimetmə reallaşmağa başlayır. Hər kəs çalışır ki, fikrinin düzgünlüyünü əsaslandırsın.

Şagirdlərin idrak fəaliyyətinin gücləndiyi, bütün zehni qüvvələrin aktivləşdiyi vəziyyətdə rəylər toqquşur, hər kəs öz fikrini sübut etmək üçün əsasları və dəlillər gətirməyə can atır, özünütəsdiqə çalışır, bu didaktik prinsipdən razı qalır, yəni idrak fəallığı ilə emosional fəallıq üst-üstə düşür.

Məhz təlim prosesində şagirdlərdə təfəkkürün intensiv inkişafı, anlama, tətbiqetmə, təhliletmə, müstəqil əqli nəticə çıxarmaq bacarığına həqiqi zəmin yaranmış olur.

Unutmaq olmaz ki, bu situasiyada müəllim tələsməməli, «köməkçi» suallardan yan keçməlidir ki, şagirdlər bu sualları özü-özlərinə verə bilsin, öz fikri fəaliyyətlərini tənzimləsinlər. Belə olan təqdirdə, şagird qazanılmış bilik və bacarıqlarını lazımi məqamda işlənməsi, sxemləşdirilməsi üsullarını qavrayır, təfəkkür müstəqilliyi təşəkkül tapır.

Şagirdlərdə müstəqillik, tədqiqatçılıq və idrak vərdişlərinin açarı onların şəxsi təlim əməyinin təşkilindədir. Məhz bu amillər dərs prosesində üzə çıxır, çünki müasir dərsin bütün mərhələlərində buna yetərincə imkan var.

Mən sadalananlara nail olmaq, şagirdin daxili potensialını üzə çıxartmaq üçün ədəbiyyat dərslərində müxtəlif üsullardan istifadə edirəm. Belə ki, «Koroğlu» dastanını tədris edərkən doğma yurd, el-elat, milli adət-ənənələrdən söz açır, deyirəm: “Qılınc və saz, qılınc və qələm! İlk baxışda çox uzaq olan bu anlayışların bir insanın təbiətində birləşməsi qəribə görünə bilər. Tarix göstərir ki, bu türk milləti üçün adi haldır. Gəlin, keçdiyimiz mövzulara nəzər salaq. Siz bu barədə nə deyə bilərsiniz?” – deyə şagirdlərimə müraciət edirəm.

Şagirdlərdən bəziləri daha fəal olub əlavə fakt və misallar gətirirlər

Aygül: – Doğrudan da, qılınc igidlik, əyilməzlik, cəsarət rəmzidir. Qılınc həyat rəmzi də, ölüm rəmzi də ola bilər. Koroğlu yeri gələndə sazla sözü birləşdirib oxuduğu kimi, düşmənə qarşı qılıncdan bir silah kimi istifadə etmiş, xalqın mənafeyini düşünmüşdür.

Emil: – Qazi Burhanəddin döyüşlərdə amansız igid, mərd hökmdar, həm də incə ruhlu tuyuqlar müəllifi kimi tanınır. Vətən sevgisi, yurd təəssübkeşliyi, torpaq yanğısı onları şəxsiyyət səviyyəsinə qaldırmışdır. Elə dərs prosesindəcə öz fikrini açıq söyləyən, daxili potensialını gerçəkləşdirən, əlavə fakt və misallar gətirən şagirdlər rəğbətləndirilir.

Şagirdlər dərs prosesində konkret fakt və nümunələrlə öyrənirlər ki, ana dili hər bir xalqın varlığıdır. Xalqın ruhunu, mənəviyyatının ifadəsini ancaq onun ana dilində vermək olar.

Azərbaycan ədəbiyyatı mövzu rəngarəngliyi, ideya zənginliyi ilə istənilən xalqın ədəbiyyatını kölgədə qoya bilər. Xalqın ideya, fikir və təcrübəsini özündə əks etdirən kamal dünyası, həyat dərsliyi, hikmət xəzinəsi adlandırdığımız folklor nümunələrinə istinadən bir el incisini şagirdlərə təqdim edirəm:

“Mən Vətənin qurbanıyam hər zaman.

Çünki məni yaradanım vətəndir!

Namusum, qüdrətim, şöhrətim, şanım.

İnsafım, vicdanım, qanım Vətəndir”.

Sinifə müraciət edirəm: – Bu bəndin əsas qayəsini kim necə başa düşür?

Hər bir qrupun üzvləri sual ətrafında düşünür, fikirlərini bölüşürlər. «Günəş» qrupundan Aytac deyir ki, xalqı, vətəni sevmək hər birimizin borcudur: “Elə Mübarizi, Təbrizi, Allahverdini, Ələkbəri də ermənilərlə ölüm – dirim mübarizəsinə aparan da yurd, torpaq məhəbbəti olub. Mən də yaşım çatsaydı, Mübariz kimi edərdim”.

«Venera» qrupundan Tural fikrini belə açıqlayır: “İnsan gərək mərd olsun. Qorxmaz insan ailəsinin də valideynlərinin də qədrini yaxşı bilir”.

«Mars» qrupundan olan Kamran məktəbimizin foyesində şəkli asılmış Nadir Mahmudovdan söhbət açaraq deyir ki, o, qonşumuz olub, qonşuların, dostarının onun haqqındakı söhbətlərini eşitmişəm: “Bu məni təsirləndirib. Mən də Nadir kimi mərd, mübariz olacağam. Vətənimin keşiyində möhkəm dayanacağam”.

Uzunmüddətli müəllimlik fəaliyyətində gəldiyim qənaət budur: şagirdlərin təlim marağını artırmaq üçün biliklərin inteqrasiyası vacib şərtdir.

Süleyman Rüstəmin «Təbrizim» şeirinin tədris edərkən də belə bir modelə istinad etdim.

Bu Klaster (şaxələndirmə) modelinin mərkəzində əsas mövzu dayanır. Məhz tədqiqat sualı yeni biliklərin kəşfinə aparan bələdçi rolunu oynayaraq fəal dərsdə təfəkkür prosesini işləməyə sövq edir.

Bu prosesin ən mühüm nailiyyətlərindən biri düşünmənin sərbəstliyidir. Şagirdlər verilmiş əsas anlayışa aid bacarıqları qədər söz assosiasiyalarından istifadəyə, anlayışlar, hadisələr tapmağa və ideyalar arasında əlaqələr barədə düşünməyə istiqamətlənirlər. Klaster doldurulur.

Təlim-tərbiyə prosesində müasir şagirdin ən mühüm keyfiyyəti olan özünürcallaşdırma, özünütənqid, təfəkkür müstəqilliyi formalaşır. Çünki idrak hər şeydən əvvəl fəaliyyətdir.

Hələ qədimdən məlumdur ki, insanlar biliyə üç yolla sahib olurlar. Bu yollardan biri mühakimə, təhlil, nəticə çıxarmaqdır. Çünki burada insan idrakının dərin qatları, məhsuldar sahələri hərəkətə gəlir, analitik təfəkkür fəaliyyətə başlayır, idrak özünün yüksək pilləsinə – elmi ümumiləşdirmə və abstraksiya mərhələsinə qalxır.

Qeyd edim ki, mütaliə vərdişlrinin formalaşdırılması , şagirdlərin diqqətini tərbiyənin milli-mənəvi cəhətinə yönəltmək işində tarixi qəhrəmanlıq filimlərimizin, Azərbaycanın təbiətinə dair sənədli filmlərin izlənilməsi , xalq musiqisinin dinlənilməsi bu prosesin təkmilləşdirilməsinə təkan verən amillərdir.

Unutmayaq ki, əsas məqsədimiz gələcək nəsillərimizi ulu əcdadlarımızdan qalan miraslarla tanış etmək, onları dönməzlik , əyilməzlik, mərdlik və qəhrəmanlıq ruhunda tərbiyələndirməkdir.

Lakin bir cəhəti yaddan çıxartmaq olmaz ki, məktəblilərdə müstəqil təhliletmə prosesi olduqca mürəkkəbdir. Müəllim öz işini elə qurmalıdır ki, şagirdin müsbət cəhətlərindən istifadə etsin. Yalnız bu yolla o istədiyinə nail ola bilər. Dərslərimdə mən məhz nikbinlik prinsipinə əsaslanaraq, şagirdlərimin işıqlı cəhətlərini axtarıb tapır, ona istinad edirəm.

Pedaqoji və psixoloji araşdırmalar göstərir ki, müəllim-şagird əməkdaşlığı dərsdə şagirdlərin idrak, əqli nəticə çıxarmaq ahənginə, bu fəaliyyətin nəticələrinə stimullaşdırıcı təsir göstərir.

Deməli, təlim prosesində şagirdlərin təfəkkür fəalyyəti düşünmə, əqli nəticə çıxartma qabiliyyəti elə təşkil edilməlidir ki, təhsil illərində nəinki zəruri informasiyaları mənimsəyə bilsin, həm də onları ümumiləşdirsin, sistemə salsın, hafizəsində möhkəmləndirsin, sonrakı fəaliyyətində onlardan səmərəli və yaradıcı surətdə istifadə edə bilsin. Bu isə informasiyaların məzmunu, xarakteri və problemin qoyuluşundan çox asılıdır.

Müəllim ustalığı və mərifətinin başlıca cəhəti hər bir şagirdi hərtərəfli öyrənib ona düzgün yanaşmaqda ifadə olunur. Çox qiymətli metal olan qızıl heç də böyük küllə halında tapılmır. Onun kiçik zərrələri də qızıldır. Odur ki. müəllim qızılaxtaranlar kimi hərəkət etməlidir. O, səbirlə axtarmalıdır. Bu, tərbiyəvi təsirin hədsiz qüdrətinə inam, təsadüf edilən hər cür çətinliklərə qalib gəlməyin başlıca cəhətidir.

Ana səhifəyə qayıt Baxış: 3 510 Tarix: 18-08-2017, 14:23

Comments are closed, but trackbacks and pingbacks are open.