Press "Enter" to skip to content

Müseyib Müseyibov Haqqinda Melumat – Vikipedia

Güman edilir ki, kürdlərin cənubdan Arrana axını Ərəb xilafəti dövründə başlayıb. X-XII əsrlərdə Azərbaycanı idarə edən 2 kürd əsilli sülalə mövcud idi. Bu dövrdə Azərbaycanın şimalında Kür çayından Araz çayına qədər, Gəncədən və Dvinə qədər geniş ərazidə Şəddadilər dövləti qurulmuşdu (Aşurbəyli, 1983:62). Azərbaycanın cənubunda isə eyni dövrlərdə Rəvvadilər dövləti mövcud idi. Rəvvadilərin qurucuları ərəb olsa da zamanla sülalə kürdləşmiş və tarixi qaynaqlarda kürd əsilli sülalə olaraq qalmışdır (Frye, 1975:236).

Azərbaycan kürdləri

Azərbaycan ərazisində kürdlərin yaşaması barədə məlumatlar antik dövrə qədər uzanır. Kürdlərin həm indiki Azərbaycanda, həm də İranın şimalında Makedoniyalı İsgəndər dövründən bəri yaşadığı güman edilir. Azərbaycanlı tarixçi Qiyasəddin Qeybullayevə görə, Qafqaz Albaniyasında bir neçə kürd tayfası mövcud idi (Qeybullayev, 1991:171). Bu kürdlərin sayının Atropatena ilə müqayisədə çox az olduğu ehtimal edilir. Britaniyalı tarixçi Vladimir Minorskiyə görə, kürdlər Atropatena ərazisində avtoxton xalqlardan biridir. Atropatenada yaşayan kürdlər barədə antik dövr tarixçiləri və coğrafiyaçılarının əsərlərində məlumat verilir. Misal üçün, Strabon Atropatenada yaşayan kürdləri “kirti” adlandırmışdı (Jwaideh, 2006:12).

Kürdlər bu regionda indi də azərbaycanlılardan sonra ən çox sayıda olan xalq kimi mövcudluğunu davam etdirir.

Şəddadilər və Rəvvadilər dövləti

Rəvvadilər, Şəddadilər və Naxçıvan Şahlığı (11-12-ci əsrlər). Wikipedia.

Güman edilir ki, kürdlərin cənubdan Arrana axını Ərəb xilafəti dövründə başlayıb. X-XII əsrlərdə Azərbaycanı idarə edən 2 kürd əsilli sülalə mövcud idi. Bu dövrdə Azərbaycanın şimalında Kür çayından Araz çayına qədər, Gəncədən və Dvinə qədər geniş ərazidə Şəddadilər dövləti qurulmuşdu (Aşurbəyli, 1983:62). Azərbaycanın cənubunda isə eyni dövrlərdə Rəvvadilər dövləti mövcud idi. Rəvvadilərin qurucuları ərəb olsa da zamanla sülalə kürdləşmiş və tarixi qaynaqlarda kürd əsilli sülalə olaraq qalmışdır (Frye, 1975:236).

O dövrdə Şəddadilər dövləti Gəncə, Dvin və Ani əmirliklərinə bölünürdü. Artıq 10-cu əsrdə Şəddadilər dövlətini quran kürdlər Azərbaycanın şimal və Ermənistanın tamamını idarə edirdilər. 1054-cü ildə Azərbaycana girən səlcuq qoşunları Gəncəni ələ keçirərək bu dövləti özlərindən asılı vəziyyətə salırlar. Daha sonra 1066-cı ildə Şirvana yönlənən Səlcuq ordusunun burada köçəri kürd tayfalarını qarət etdikləri tarixi qaynaqlarda qeyd edilib (Aşurbəyli, 1983:94).

Şəddadilər dövləti (Gəncə qolu nəzərdə tutulur) Səlcuq imperiyası tərəfindən isə 1075-ci ildə ləğv edilir (Boyle, 1968:34).

Orta əsrlərdə kürdlər

Şəddadilərin Gəncə qolu süquta uğradılsa da bu şəhərdə əhalinin bir hissəsi kürd olaraq qaldı. Gəncə şəhərində doğulan orta əsrlər dövrünün şərqdəki ən görkəmli şairi Nizami Gəncəvinin anasının kürd olması bu iddianı qüvvətləndirir (Əliyev, 1981:268). Azərbaycanda təkcə Gəncə deyil, eyni zamanda Dağlıq Şirvan və Arran regionunda kürdlərin yaşadığı məntəqələr mövcud idi. Abbasilər dövrünün məşhur coğrafiyaçısı və tarixçisi Yaqut əl-Həməvi öz əsərində Azərbaycanda Balasacan (indiki Beyləqan) kürdlərinin yaşadığından bəhs edir. XII əsrdə Beyləqan şəhərinin xəzinədarı olan Məsud ibn Namdar da Beyləqanda kürdlərin yaşadığını qeyd edir. Müəllif qeyd edir ki, xüsusilə şəhərin yaxınlığında kürdlərin yaşadığı Alian, Asadan adlı kəndlər mövcuddur (Qeybullayev, 1991:89). Britaniyalı tarixçi Vladimir Minorski, Dağlıq Şirvanda “Kürdivan” toponiminin olmasını regionda kürd yaşayış məntəqələrinin mövcudluğu ilə əlaqələndirirdi. Bu iddianı görkəmli azərbaycanlı tarixçi Sara Aşurbəyli də təsdiqləyir. Aşurbəyli, indiki İsmayıllı rayonu ərazisinə daxil olan Kürdüvan və Kürdmaşı kəndlərinin, Kürdəmir şəhərinin, Abşeron rayonunda yerləşən Kürdəxanı kəndinin adının məhz kürdlərin adı ilə bağlı olduğunu hesab edir (Aşurbəyli, 1983:16).

XIII əsrdə bütün bölgəni viran qoyan monqol işğalı sonrası İran ərazisindən gələn kürd tayfaları əhalisi faktiki məhv edilən Qarabağın cənub bölgələrinə köçdülər. Kürdlərin XIV-XV əsrlərdə Azərbaycan tarixində xüsusi rolu olub. Azərbaycan xalqının tamamilə formalaşdıran Səfəvilər sülaləsi də kürd kökənli idi (Jackson, Lockhart, 1986:620). Bu sülalə daha sonra regiona axın edən türkmən tayfaları nəticəsində türkləşdi və XVI əsrin əvvəllərində regionda güclü dövlətə çevrildi. Bu dövlətin qurulmasında türk tayfaları ilə birlikdə irandilli xalqlardan kürdlər və talışlar da iştirak etmişdi. Məsələn, Qızılbaş tayfaları arasında bir kürd tayfası (qeruq) var idi. XIX əsrdə Azərbaycanda bu tayfanın adında Göyçay və Cavad uyezdlərində bir neçə kəndin mövcud olduğu bilinir. XVIII əsrdə Şirvanda xanlıq dövründə əyalətlərdən biri də bu tayfanın adı ilə “Qerus” adlanırdı. 1831-ci ilə aid məlumata görə, Qerus əyaləti özündə hazırda Ağsu rayonunun Nuran və Zarqava, İsmayıllının isə Sulut kəndlərinin ərazisini əhatə edirdi (Qeybullayev, 1986:101).

Kürdlərin Azərbaycana üçüncü axını isə XV-XVI əsrlərdə baş verir. Sovet etnoqrafı Qriqori Çursinin sözlərinə görə, kürdlərin keçmiş Kürdüstan uyezdinə ilk olaraq gəlişi 1589-cu ildə İran-Osmanlı müharibəsindən sonra baş verib (Çursin, 1925:2). Həmin müharibədə Osmanlı Səfəviyə qalib gəlmiş, Osmanlı ordusu ilə gələn kürdlər indiki Kəlbəcər, Laçın, Qubadlı və Zəngilan ərazilərinə yerləşmişdi. XVI əsrin sonlarında Şah Abbas şimaldakı türkmən tayfalarına qarşı dayaq olaraq minlərlə kürdü zorla İranın Osmanlı və Buxara xanlığı ilə sərhədlərinə köçürdü. Bu siyasəti 18-ci əsrdə Əfşarlar sülaləsinin qurucusu Nadir şah da davam etdirdi. Məhz bu sərhəd yaşayış məntəqələrinin qurulması İranın şimal-şərqində (indiki Azərbaycanın Araz çayı ilə sərhəd ərazilərində) və Atrek çayının şimalında, indiki Türkmənistanda kürd əhalisinin çoxalması ilə nəticələnmişdir (McDowall, 1996:491).

Çar Rusiyası dövründə kürdlər

Qafqaz dağlarında kürd süvarilər. 1915-ci il. Wikipedia.

XIX əsrdə kürdlərin Qafqaza köçünün dördüncü mərhələsi baş verdi.

XIX əsrin ikinci yarısında kürdlərin İran ərazisindən Sürməli, Şərur-Dərələyəz, Üçmüədzin, Aleksandropol, İrəvan, Naxçıvan, Yeni Bəyazid uyezdlərinə kütləvi axını başladı. Ayrı-ayrı kürd ailələri və tayfa qrupları 1804-1813 və 1826-1828-ci illərdəki iki Rusiya-İran müharibəsindən sonra Zaqafqaziyaya gəldi (Aristova, 1966:67). Bu kürd tayfa qruplarının əksəriyyəti İran hakimiyyətinin təzyiqi ilə Azərbaycana, qismən Ermənistana qaçan mühacirlərdən və daha yaxşı otlaq axtarışı ilə köç edən kənd sakinlərindən ibarət idi. Türkmənçay müqaviləsinin XIV maddəsinə əsasən İran sakinlərinə (millətindən asılı olmayaraq) ailələri ilə birgə İrandan Rusiyaya yerli hakimiyyət orqanlarının maneəsi olmadan sərbəst hərəkət etmək hüququ verilmişdi. Azərbaycana kürd tayfalarının intensiv köçü bununla əlaqələndirilir (Aristova, 1962:20-21).

Kürd əhalisinin əksəriyyəti XIX əsrin əvvəllərindən Sovet hakimiyyətinin qurulmasına qədər Zəngəzurun dağlıq və dağətəyi bölgələrinə köçü davam edir.

Yelizavetpol quberniyasının Zəngəzur uyezdinin şərqində kürdlərin daha sonra əhalinin mütləq əksəriyyətini təşkil etməsi bununla izah edilir. XIX əsrin ikinci yarısı – XX əsrin əvvəllərindən Azərbaycanda kürdlər Kürdüstan mahalında yerləşdi. Rusiya ilə Osmanlı arasındakı müharibələr (1804-1813, 1828-1829, 1853-1856, 1877-1878) və kürd üsyanları bölgədə təhlükəsizlik axtaran yezidi kürd əhalisinin də köçünü tətiklədi. Yezidi kürdlər özlərini xristianların arasında daha təhlükəsiz hiss etdikləri üçün köç dalğası sadəcə Ermənistanla məhdudlaşdı. Hazırda Ermənistanda qalan yeganə etnik azlıq olan yezidi kürdlərin nəsilləri bu köç zamanı bu regiona gəlmiş kürdlərdən törəmişdir (Aristova, 1962:24)

Rusiya vətəndaş müharibəsi dövründə kürdlər

1918-1920-ci illərdə bu regionda baş verən müharibələr Azərbaycandan olan bəzi müsəlman kürd qruplarının Ermənistana (əsasən Basarkeçər və Zəngibasar regionuna) köçməsi ilə nəticələnir. Ermənistanın bu bölgələrində müsəlman kürdlərin üstünlük təşkil etməsi bununla izah olunmaqdadır. Bu müharibələr eyni zamanda Zəngəzurun Ermənistanda olan hissəsindən və Naxçıvandan Azərbaycana köçünü tətikləmişdi.

Bu dövrdə Azərbaycan kürdləri ölkənin siyasi həyatında xeyli fəal iştirak edirdi. ADR dövründə Nazirlər Şurasının sədri Fətəli xan Xoyski, Hərbi nazir olan Xosrov bəy Sultanov, ADR-in 5-ci kabinetində Maarif və dini etiqad naziri olan Nurməmməd bəy Şahsuvarov, bolşeviklər tərəfində mübarizə aparan, Azərbaycan SSR zamanı Hərbi və dəniz işləri üzrə xalq komissarı olmuş Çingiz İldırım, Zəngəzurda daşnaklara qarşı mübarizə aparan “Qırmızı tabor”un komandiri Abbasqulu bəy Şadlınski kürd əsilli idi. Fətəli xan Xoyskinin soyu Xoy xanlığını idarə edən Dümbuli adındakı kürd tayfasına (Petruşevski, 1949:24), Xosrov Sultanov Laçının Kürdhacı kəndini formalaşdıran Qasımuşağı (Hacısamlı) kürd tayfasına, Çingiz İldırım Qubadlının eyni adlı kürd tayfasına, Nurməmməd bəy Şahsuvarov Laçının Minkənd kəndini formalaşdıran kürd tayfalarından biri olan şahsuvarlı tayfasına, Abbasqulu bəy Şadlınski isə Şəddadilər dövlətini formalaşdıran, Azərbaycanda yaşayan ən qədim kürd tayfası olan şadlı tayfasına mənsub idi (Lerx, 1856:87).

Sovet hakimiyyəti zamanı kürdlər

Kürd soyu. tundir.com

Kürdlərin yığcam formada yaşadığı Zəngəzur regionu Azərbaycan və Ermənistan arasında mübahisəli region idi. 1921-ci ildə Zaqafqaziya Orqbürosu qərarı ilə Zəngəzur iki hissəyə bölündü və regionun şərq hissəsi (kürdlərin dominant olduğu ərazilər) Azərbaycan SSR-ə verildi.

1918-1920-ci illər arasında Zəngəzur və Qarabağda davam edən müharibə və etnik təmizlik regionda yaşayan azərbaycanlılarla birlikdə kürdlərə də ciddi mənfi təsirini göstərmişdi.

Bunun davamı olaraq 1922 və 1923-cü illərdə baş verən ardıcıl quraqlıq və dolu regionda iqtisadi fəlakət yaratdı. Bu dövrdə keçmiş Kürdüstan uyezdində əhalisinin 50% -dən çoxu aclıq çəkirdi (Aristova, 1990:77).

14 Noyabr 1921-ci ildə “Bakinskiy Raboçiy” qəzetinin verdiyi məlumata görə bu ərazidə 10 gündə 20 uşaq aclıqdan həyatını itirmişdi. Azərbaycan SSR hökuməti bu ərazinin iqtisadi və inzibati problemləri aradan qaldırması üçün ilk öncə regionda Kəlbəcər, Laçın, Qubadlı, Qaraqışlaq, Qoturlu və Muradxanlı rayonlarını birləşdirən Kürdistan bölgəsini formalaşdırdı. Nəriman Nərimanov bölgədəki aclıqla bağlı təcili Leninə teleqram vurdu və yardım istədi. Volqada təxminən 5 milyona yaxın insanın aclıqdan əziyyət çəkməsinə baxmayaraq Lenin Nərimanovun istəyinə müsbət cavab verdi. Lenin 1921-ci il noyabrın 17-21 aralığında Nərimanova göndərdiyi teleqramda bunu qeyd edirdi: “Aclıqdan əziyyət çəkən Kürdüstana və Volqaya 40 milyon rubl yardım Qırmızı İnternasional bayrağı altında irəliləməyin ən yaxşı göstəricisidir.” (Akopov, 1975:22). Bu iqtisadi yardım regiondakı aclığı aradan qaldırdı.

16 iyul 1923-cü ildə Semyon Kirovun təklifi ilə Azərbaycan Kommunist Partiyası (Bolşeviklər) Mərkəzi Komitəsinin Rəyasət Heyəti kürdlərin kompakt yaşadıqları ərazilərdə Kürdüstan muxtariyyətinin yaradıldığını elan etdi. Bu muxtariyyət tarixi kitablarda “Qırmızı Kürdistan” olaraq qeyd edilir.

Kürdistan uyezdinin ümumi ərazisi 3312 kvadrat kilometrə çatırdı, əhalisi isə 44 min nəfərdən ibarət idi. Bu əhalinin 80,7 %-ini kürdlər, 19,3 %-ini isə Azərbaycan türkləri təşkil edirdi (Çursin, 1925:2). Sovet Kürdüstanı hökumətinin ilk sədri Hüsü Hacıyev seçildi. Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin katibi işləyən görkəmli yazıçı Tağı Şahbazi yeni regionun paytaxtı kimi Abdallar kəndini seçir. Ancaq mərkəz üçün yeni yer seçilərkən Tağı Şahbazi Abdallar adını bəyənmir və Laçın qayasının adını mərkəz kimi yeni yaranacaq şəhərə verir. Abdallar kəndi ilə Laçın qayasının altındakı düzənlik ərazidə yeni şəhərin əsası qoyulur. İlk küçə Laçın dağının ətəyində, Abdallar poçtunun yaxınlığındakı düzəngahda salınır. Beləliklə, 1924-cü ildə Kürdüstan muxtariyyətinin paytaxtı kimi hazırki Laçın şəhərinin bünövrəsi qoyulur (Əliyarlı, 2013:306).

1926-cı ildə Azərbaycanda keçirilən ilk rəsmi siyahıyaalınmaya görə, Kürdistan uyezdində 51,2 min insan yaşayırdı, bunların 73%-i kürdlər, 26%-i isə azərbaycanlılar idi. Kürdüstan uyezdinin yaradılması bəzi azərbaycanlıların (keçmiş kürdlərin) öz millətini yaşadıqları ərazinin adı ilə kürd adlandırmasına səbəb oldu. 1926-cı il siyahıyaalmasına görə Kürdüstan uyezdində 37,2 min kürd var idi, halbuki onlardan cəmi 3,1 min nəfər kürd dilini ana dili hesab edirdi (Qardanov, 1969:58).

Bu cür faktlar etnik assimilyasiya prosesində müəyyən rol oynayırdı. 1930-cu ildə aparılan bir araşdırma göstərdi ki, Laçın və Kəlbəcər rayonlarındakı bir sıra etnik kürd kəndlərin sakinlərinin ana dilləri artıq Azərbaycan dilidir. Halbuki bu kəndlərdə 40 yaşdan yuxarı kürdlər kürd dilində danışa bilirdilər. Azərbaycanda kürdlərin daha yığcam məskunlaşdığı yerlərdə tamamilə kürd dili qorunsa da burada da kürd dilinə Azərbaycan dilinin təsiri hiss olunurdu. Azərbaycanın digər etnik azlıq olan regionları ilə müqayisədə bu regionda Azərbaycan dilini bilməyən kürd kəndi yox idi. Kürdlərin assimilyasiyasını tətikləyən bir digər amil də kürdlər ilə azərbaycanlılar arasında tez-tez qarışıq nikahların baş verməsi idi. Bu və ya digər təbii amillər kürd dilinin regionda xeyli zəifləməsinə gətirib çıxardı.

Təbii amillərlə yanaşı kürd dili dövlət tərəfindən də sıxışdırılmağa başlandı. Leninin ölümündən sonra SSRİ Kommunist partiyası Baş katibi seçilən Stalinin zamanında inzibati anlamda hər respublikada etnik azlıqlara qarşı dövlət assimilyasiyası siyasətinə başlandı. 1929-cu ildə yeni regionlaşma ilə əlaqədar olaraq kürd və qismən azərbaycanlı əhalisi olan Kürdüstan uyezdində üç müstəqil rayon yaradıldı: Laçın, Kəlbəcər və Qubadlı (Bukshpan, 1932:10). Azərbaycan kürdləri üçün Azərbaycan dilli məktəblərin yaradılması onların kürddən azərbaycan dilinə keçməsində böyük rol oynadı.

30-cu illərdən başlayaraq, bir çox Qafqaz millətləri kimi kürdlər də Stalin tərəfindən həyata keçirilən bir sıra repressiya tədbirləri ilə üzləşməyə başladılar. 1937-ci ildə minlərlə kürd zorla Azərbaycandan Qazaxıstana, digər Orta Asiya respublikalarına və Sibirə deportasiya edildi. 1937-ci il deportasiyasında uşaq olan Nadir Nadirov bunu belə xatırlayır: “Bütün yetkin kişilər bir yerə toplanaraq qatarla aparıldı, onlardan heç biri ilə bağlı sonra məlumat əldə edə bilmədik. Kişilərin ardınca qadınlar və uşaqlar evlərini və mal-qaralarını tərk etməyə məcbur edildi. Bizi heyvanlar üçün istifadə edilən qatar vaqonunda naməlum istiqamətə aparırdılar. Heç kim niyə və hara aparıldığını bilmirdi. Sağ qalanların yaxınlarının yerini tapması bir neçə il çəkdi. Bir çox məskunlaşma yerlərində komendant saatında yaşayırdıq, şəhər və ya kəndləri icazəsiz tərk etmək 25 il həbs cəzası ilə nəticələnə bilərdi” (McDowall, 1996:492).

Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin o vaxtkı 1-ci katibi olan Mircəfər Bağırov regionda yaşayan digər kürdləri qorxutmağa yönəlik belə bir açıqlama ilə yadda qalır: “Əgər Ermənistandakı və Naxçıvan Muxtar Sovet Sosialist Respublikasındakı soydaşlarımız kimi repressiya olunmaq istəmirsinizsə, “kürd” sözünü daimi unutmalısınız.” (Aliyeva, 1993:97) Kürd əhalisi ilə aparılan bütün maarifləndirmə işləri azalmağa başladı, məktəblər bağlandı, qəzetlərin yayımı dayandırıldı. “Kürd” sözünün işlədilməsi dövri mətbuatda qeyri-rəsmi senzuraya salınmışdı.

Şimali İranda bir kürd qadını. Foto Anton Sevryugin.

1933-cü ildə direktoru Müseyib Axundov olan Kürd Pedaqoji Texnikumu Laçında açılsa da tezliklə bu texnikum ləğv dildi (Aristova, 1966:205-206). 1937-ci ildə əksər kürd kommunistlər, sovet və partiya işçiləri, ziyalıları həbs olundu. 1937-38-ci illərdə Azərbaycan və Ermənistandan olan kürdlər Orta Asiya respublikalarında və Qazaxıstanda məskunlaşmağa başladılar. Əgər Kürdüstan muxtariyyətinin quruluş illərində burada 48 min kürd yaşayırdısa, 1979-cu il siyahıyaalınmasına əsasən Azərbaycanda bir nəfər də kürd yox idi. Millət və millətçilik məsələri üzrə rusiyalı ekspert Valeri Tişkov bunu belə şərh edirdi: “İttifaq respublikaları azlıqlara qarşı Moskvadan daha sərt davranırdı. Sovet İttifaqının parçalandığı ərəfədə bu kimi milli məsələlərlə bağlı bütün diqqətlər Moskvaya yönəldi, ancaq Gürcüstan, Azərbaycan və Özbəkistan ən böyük assimilyasiya edən dövlətlər sırasında idi.” (De Waal, 2003 :133).

Laçın və Kəlbəcər kürdləri

Kürdistan uyezdində ən çox kürd yaşayan iki region Laçın və Kəlbəcər idi. 19-cu əsrin ortalarında Kürdhacı və ya Qasımuşağı adlandırılan tayfa Laçında Ərikli, Qasımuşağı (indiki adı Kürdhacı), Ələkçi, Bozdağan, Piçənis, Nağdalı, Çorman (eyni adlı kənd Kəlbəcərdə də mövcuddur), Hacısamlı və Şamkənd kəndlərini yaratdılar (Qeybullayev, 1986:102). Laçın rayonunun Karakeşiş kəndi isə İrəvan quberniyasının Şərur-Dərələyəz uyezdindən olan mühacirlər tərəfindən qurulmuşdu.

XIX əsrin ikinci yarısında Azərbaycana köç edən kürd tayfasından biri də Şahsuvarlılar idi. Onlar da keçmiş Kürdüstan uyezdi ərazisinə Şərur-Dərələyəz uyezdindən köçmüşdü. Bu tayfa Laçın rayonunun Minkənd kəndində yerləşdi. Şahsuvarovlardan bir qədər sonra Minkəndə daha bir neçə kürd ailəsi gəldi. Statistikaya görə, 1888-ci ildə kənddə 23 kürd və 47 erməni ailəsinə məxsus təsərrüfat mövcud idi. Laçın rayonunun digər kəndləri Bozlu, Ağcakənd, Mirik, Kamallının 19-cu əsrin sonlarında əhalisi tamamı kürdlərdən ibarət idi. 1960-larda artıq bu kəndlər azərbaycanlılarla kürdlərin ortaq kəndləri kimi xarakterizə edilirdi.

Azərbaycanın digər böyük kürd kəndlərindən biri də Kəlbəcər rayonunun Zəylik kəndidir. Bu kənddə yaşayan kürdlərin əcdadları 1826-1828-ci illərdəki ikinci Rusiya-İran müharibəsi zamanı Qacar hakimiyyətinin təzyiqi ilə Azərbaycana gəlmişdi (Aristova, 1962:23). Belə ki, XIX əsrin sonlarında Yelizavetpol quberniyasının Zəngəzur uyezdinin Şahsuvarlı kənd qrupu 7 kürd kəndindən ibarət idi: Şahsuvarlı, Minkənd, Bozlu Kamallı, Ağkərli (Boznalı), Alpaut, Varazgun, Minkənd-Həsənli. Fərəhqanlı kənd ərazi qrupuna isə 2 kürd kəndi daxil idi: Fərəhqanlı və Həsənli (Aristova, 1962:28).

Eyni zamanda qeyd etmək lazımdır ki, Kəlbəcərdəki kəndlərin bir hissəsi Laçından köçən kürdlərin hesabın yaranıb. Məsələn, Kəlbəcər rayonunun Oruclu və Ağcakənd kəndlərinin əsası Laçın rayonunun Ağcakənd və Minkənd kəndlərindən gələn kürdlər tərəfindən qoyulub (Aristova, 1966:40). Yerli əhalinin danışdığına görə, Oruclu kəndi bu əraziyə girən ilk şəxsin adını, Ağcakənd isə kürd qızı Ağcanın adını daşıyır. Kəlbəcər rayonundakı Oruclu və Ağcakənd kəndlərinin qurucuları kürd olmasına baxmayaraq onların adları Azərbaycan (türk) mənşəlidir. Bunun əsas səbəbi Azərbaycan kürdlərinin yerli türklərlə sıx qaynayıb qarışması, hətta öz aralarında belə bu dildə danışmasıdır.

Azərbaycan kürdləri qonşu Ermənistan kürdlərindən fərqli olaraq öz uşaqlarına da türk mənşəli adlar verirdilər.

Qubadlı və Zəngilan kürdləri

Azərbaycanda oykonim kimi rayon adlarından sadəcə Qubadlı və Zəngilan kürd mənşəlidir. Zəngilan Azərbaycanda kürdlərin yaşadığı ən qədim ərazilərdən hesab edilir. 13-cü əsrə aid mənbələrdə qeyd edilən Zəngilan oykonimi Azərbaycanda qədim kürd yaşayış məskənlərinin mövcudluğunu göstərir. İranın cənub-qərbindəki Bəxtiyari tayfalarından biri “Zəngi” adlanır. Zəngilər isə kürdlərlə qohum olan lor (Bəxtiyari) tayfalarından biridir. Zəngilan rayonunun adı isə həmin kürd-bəxtiyari tayfasının adından qalıb (Əliyarlı, 2013:247). Bəxtiyari adı hazırda da regionun kəndlərində mövcuddur. Zəngilanla qonşu olan Qubadlı rayonunda hələ də Bəxtiyarlı oykonimi mövcuddur və Zəngi etnonimi bu bölgənin kürd kəndlərinin dördüncü adlarında qorunub saxlanılır.

Zəngilana kürdlərin bir sonrakı köç dalğası 18-ci əsrin sonlarında başlayır. İran Azərbaycanında yerləşən Mincivan bölgəsindən olan kürd ailələri şimala köçərək indiki Zəngilan və Ordubad rayonunda eyni adlı kəndləri qurdular (Qeybullayev, 1986:101). Ordubadda yerləşən Mincivan kəndi bugünümüzə gəlib çatmasa da, Zəngilan rayonundakı Mincivan kəndi böyüyərək işğal ərəfəsində qəsəbə statusunu daşıyırdı. Azərbaycanda Sovet hakimiyyətinin qurulduğu ilk dönəmlərdə Kəlbəcər, Qubadlı, Laçın kürdləri ilə müqayisədə Zəngilanda yaşayan kürdlərin sayı xeyli az idi. Bu səbəblə bu rayon Kürdüstan uyezdinə daxil edilmədi. Burda yaşayan kürdlər, dil statusu olmaması və digər təbii və qeyri-təbii amillər nəticəsində assimilyasiyaya uğrayaraq tamamilə türkləşdilər.

Azərbaycan kürdlərinin yaşadığı bir digər ərazi isə Qubadlı idi. Qubadlı kürdlərinin çoxu bu əraziyə Çar Rusiyası dövründə köçən mühacirlərin nəsillərindən formalaşmışdır. Rayonun adı olan “Qubadlı” oykonimi kürd mənşəlidir. Qubadlı adında kürd tayfası indi də İranda yaşamaqdadır (Qeybullayev, 1986:101). 19-cu əsrin ikinci yarısında İran hakimiyyətinin təqibindən qaçan və burda yaşayan qohumlarına sığınan kürdlərin axını Qubadlıdakı etnik xəritəni xeyli dəyişdirdi.

Qubadlıya ilk kürd tayfalarının axını 19-c əsrin əvvəlində başlayır. XVI-XVII əsrlərdə Türkiyədə, Van gölünün şərqində yaşayan Cibikli və Mahmudlu tayfası sonradan digər tayfalara qarışaraq Azərbaycanda bir sıra kəndlər formalaşdırdı. (Qubadlıdakı Aşağı Cibikli, Yuxarı Cibikli, Mahmudlu kəndləri, Füzulidəki Birinci Mahmudlu, İkinci Mahmudlu, Üçüncü Mahmudlu kəndləri, Cəbrayıldakı Mahmudlu kəndi, Şəmkirdəki Mahmudlu kəndi və İmişli rayonundakı Kürdmahmudlu kəndi).

Kürd xalısı, Qərbi Persia, 19-cu əsr. Encyclopaedia Britannica.

Qubadlıya kürdlərin ən böyük köçü isə 1807-ci ildə baş verir. Bu zaman İrandan Qarabağ xanlığına 600 kürd ailəsi köçür. Bu ailələrin çox hissəsi hazırki Qubadlı rayonun ərazisindəki kəndlərdə məskunlaşır (Bukshpan, 1932:56). 1820-ci ildə İrandan Azərbaycana “Mahrızlı” adında kürd tayfasının köçü başladı. Mahrızlı etnonimi bugün Qubadlı rayonunda və Ağdam rayonundakı Mahrızlı kəndində özünü göstərir. Qubadlıda İrandan gələn kürd tayfaların formalaşdırdığı kəndlərlə yanaşı tarixi qədim dövrlərə gedib çıxan kürd kəndləri də mövcuddur. Bu kəndlər Azərbaycan-İran sərhədi boyunca yerləşirdi və Rusiya-İran müharibələrindən əvvəl İran təbəələri idi. Bu kəndlərdən misal olaraq Qubadlı rayonunun Zilanlı və Şotlanlı (eyni adlı kənd hazırda Ağcabədi və Ağdam rayonunda mövcuddur) kəndini göstərmək olar (Aristova, 1966:39).

Naxçıvan kürdləri

Naxçıvan ərazisində kürdlərin ilk köçü ikinci Rusiya-İran müharibəsindən sonrakı dövrə təsadüf edir. İlk öncə Arazboyu ərazilərə Zilanlı tayfa ittifaqının köçü reallaşdı. Zilanlı tayfa ittifaqı Buriki, Cəlali, Milaya, İradi, Zabuq, Cunuq, Çaxmanlı, Arizanlı və Halisanlı tayfalarından ibarət idi. Bu tayfaların bir qismi Arazboyu ərazilərə, əsas qismi isə İrəvan quberniyasının Naxçıvan uyezdinə köçdülər.

Naxçıvanda yaşayan kürdlər barədə məlumatlar çox ziddiyətlidir. 1833-cü ilin məlumatlarına görə, Naxçıvanda yaşayan kürdlər 9 tayfa icmasından ibarət idi: Hacısamlı, Şadmanlı, Kulukçu, Küləqanlı, Həsənallı, Bozlu, Fərruxxanlı, Püsyan və Milli (Qeybullayev, 1986:101). Naxçıvanda Milli, Hacısamlı, Əliyanlı, Şadmanlı, Püsyan, Küləqanlı, Fərruxanlı, Bozlu və Həsənəlili tayfaları yaşayırdı. Kürd tayfası olan Bayramlı indiki Ermənistanda qalan Əzizpəyəsi, Damlı, Zorkeşiş, İsgəndərxanası, Qovuşuq, Aşağı Uluxan kəndlərini formalaşdırmışdı.

1918-1920-ci illərdə bu regionda daşnaklar tərəfindən etnik təmizliyə məruz qalanlardan biri də kürdlər idi. Bu səbəblə artıq Azərbaycanda Sovet hakimiyyəti qurulanda Naxçıvanda yaşayan kürdlərin sayında xeyli azalma baş vermişdi. 1931-ci ilə qədər Arazdəyən stansiyasının ərazisindəki Sədərək ətrafında yerləşən ərazilərdən və Culfa-Bakı dəmir yolu xəttinin sərhədlərindən Araz çayına qədər olan ərazidə 7 kürd kəndi var idi: Qaraburun, Yanıx, Qorxmaz, Gələvan, Mahmudkənd (indiki Şərur), Vodokaçka və Kirqaç. Bütün bu yaşayış məntəqələri tayfa adını daşıyan kəndlər idi: Qaraburun və Yanıx kəndlərini Şavliki, Qorxmaz kəndini Banuki, Kirqaç kəndini Başki, Gələvan, Mahmudkənd və Vodokaçka kəndini isə Qariki tayfası qurmuşdu (Bukshpan, 1932:37-38). Naxçıvan MR-də yerləşən kürd kəndləri sırasına Dərəkənd də daxil idi. Bundan başqa XX əsrin 80-ci illərinə qədər Ordubadın Kilit kəndi özünəməsus bir dildə danışırdı. Kilit olaraq təsnifləşdirilən bu dili bir çox tədqiqatçılar kürd dilinə yaxın bir dil hesab edilir (Baskakov, 1971:34). Bu dil XX əsrdə Azərbaycanda ərəb dilindən sonra ölmüş ikinci dil kimi qəbul edilir.

1960-cı illərdə Naxçıvan kürdlərinin demək olar ki, hamısı Şərur rayonunda və Arazdəyən stansiyasının ərazisində yaşayırdılar. Hazırda isə rəsmi məlumata görə, Naxçıvanda kürdlər Şərur rayonunun Dərəkənd və Culfanın Teyvaz kəndində yaşayırlar.

Azərbaycanda kürd etnonimləri

Azərbaycanda kürd etnoniminə aid çox sayıda kəndlər mövcuddur. Mərkəzi Aran bölgəsində və Araz düzənliklərində kürd tayfa adlarına bir çox oykonimlər var: Seləli, Zazalı, Zəngənə, Zilanlı, Cibikli və s. Qızılbaş tayfaları arasında kürd və lor (Bəxtiyari) tayfaları olan Bərgüşad, Ardalan, Bəxtiyarlı, Dümbuli, Garus tayfalarının İranda və Azərbaycanda oykonimləri hazırda da mövcuddur. Buna Abşeron rayonunda yerləşən Kürdəxanı kəndini də əlavə etmək olar. Kürd-lor mənşəli də qızılbaş tayafalarından biri də Zəngənə tayfası idi. XIX əsrin ortalarında 24 ailədən ibarət olan bu tayfa Cavad uyezdində yaşayırdı. Sabirabad rayonunda yerləşən Zəngənə adında kənd həmin kürd tayfasından miras qalıb (Qeybullayev, 1986:102).

XIX əsrin ortalarında İvan Şopen qeyd edir ki, Azərbaycanda yaşayan kürdlərdən qaraçorlu, həsənəli, küləqanlı, şadmanlı, şeylanlı, təhməzli, bərgüşad, babalı, kulukçu, kəlovçi, fərruxanlı, sisianlı, tərtərli, hacısamlı, sultanlı, bozlu, quluxanlı, əlikyanlı, kolanı və püsyan tayfaları şiə, cəlalı, biryuki (buruklu), radikyanlı, əzizanlı, şeyxbizanlı, gəlturi, qaraçorlu, dilxeyrimli, banuki, sibiki, cuniki, çaxamanlı, xalisanlı tayfaları isə sünni kürdlərdən ibarətdir. Ancaq Şopenin sadaladığı kürd tayfalarının çox hissəsi Ermənistanda yaşayırdı. XIX əsrin ortalarında Azərbaycanda milli, qaraçorlu, əlixanlı və püsyan kimi kürd tayfalarının yaşadığı qeyd olunur (Qeybullayev, 1986:101-102).

Ölkədə digər geniş yayılan kürd tayfalarından püsyan Türkiyədən, garus tayfası isə İranın Həmədan vilayətinin Garus bölgəsindən Azərbaycana gəlmişdi. Bu tayfaların Azərbaycanda oykonimləri aşağıdakı uyezdlərdəki kəndlərdə mövcud olub.

Quba uyezdi – Qaracəlli və Qaraqurdlu ( Hər ikisi indiki Xaçmaz rayonundadır)

Cavad uyezdi – Qaralar (4 ədəd kənd), Qaracalar, Böyük Garus, Cır Garus.

Şamaxı uyezdi – Kürt, Qaralı, Gorus-Çaparlı.

Göyçay uyezdi – Cir-Kürt (indiki Cırqurd kəndi), Kürdşaban, Kürd-Qarabağlar (indiki Qarabağlar kəndi), Kürdmaşı (İsmayıllı), Kürd, Qaracallı, Qaraca, Gorus-Ağa-Arx (Ağsu), Garus-Arat-Kənd (Ağsu).

Lənkəran uyezdi – Bərgüşad, Kürd Abazlı, Kürdlər (Cəlilabad), Qaralı-Böyük, Qaralı-Kiçik.

Ağdaş uyezdi – Kürd (Qəbələ).

Zəngəzur uyezdi – Qaralar (Qubadlı), Qaracalı (indiki Qaraçanlı, Laçın), Sisian, Kürdhacı (Laçın), Kürd-Əli (İndiki Ermənistan), Kürdqala.

Qazax uyezdi – Qaralar (indiki Tovuz).

Cəbrayıl uyezdi – Qaracalar (indiki Qaracallı, Qubadlı), Kürd Mahrızlı (Qubadlı), Kürd Əfəndilər (indiki Əfəndilər kəndi, Qubadlı), Kürd Çapık.

Cavanşir uyezdi – Qarquşed, Kürdborakı (indiki Bərdə), Qazi Kürd Əli (İndiki Qazıqurdalı kəndi, Bərdə), Kürdlər (indiki Qurdlar kəndi, Bərdə), Kürd-Amaniyan.

Gəncə uyezdi – Səfikürd ( indiki Goranboy).

Şuşa uyezdi – Kürd-Qaradağlı, Kürtlər ( Kürdlər kəndi, indiki Ağcabədi).

Şərur-Dərələyəz uyezdi – Püsyan (indiki Şərur rayonu). (Vəliyev, 1921:48-49).

1957-ci ildə regionda ümumi etnik vəziyyət

SSRİ qurulduqdan sonra Zəngəzurda aparılan ekspedisiya işləri zamanı məlum olur ki, region kürdlərinin demək olar ki, hamısı kəndlərinin yaranma tarixini bilirlər. Bu nüans bir qayda olaraq kürdlərdə kəndin qurulması ilə bağlı nəsildən nəsilə ötürülən xalq adət ənənələrinin güclü olduğunu göstərir. Bu ərazilərdə 1957-ci ildə aparılan ekspedisiyanın nəticəsinə görə, Laçın rayonunda həm kürd, həm də qarışıq azərbaycanlı-kürd dilində danışan 12 kənd, Kəlbəcərdə 8 kürd kəndi, Qubadlıda həm kürd, həm də qarışıq azərbaycanlı-kürd dilində danışan 18 kənd, Zəngilan rayonunda isə 6 ədəd azərbaycanlı-kürd dilində danışan kənd aşkar edilmişdi (Quriyev, 1980:93). Bölgədə aparılan tədqiqat zamanı Laçın rayonunda Minkənd, Aşağı Zerti, Yuxarı Zerti, Qalaç, Bozlu, Kamallı və Qarakeşiş, Kəlbəcər rayonunda Zəylik, Aşağı Şurtan, Ağcakənd, Oruclu, Qubadlı rayonunda isə Yuxarı Mollu və Zilanlı kəndləri kürd kimi identifikasiya olunan kəndlər olduğu qeyd edilmişdir (Aristova, 1962:22).

Yuxarıda qeyd edildiyi kimi, daha yaxşı otlaq və torpaq axtarışında sürüləri olan kürdlər əkin sahələrini Azərbaycanın bir bölgəsindən digərinə, əsasən dağlıq ərazilərə köçürdürdülər. Bu həyat tərzi Sovet dövründə də davam etmişdir. Azərbaycan kürdlərinin digər kürdlərdən fərqi isə hansı tayfaya aid olduqlarını tam olaraq bilməmələridir. 50-ci illərdə aparılan ekspedisiyada yaşlı kürdlərin əksəriyyəti bu suala Əcəm (bu ifadəni orta əsrlərdə İran arealında yaşayan vətəndaşlar istifadə edirdi) olaraq cavab verib. İki kənddə yaşayan kürdlər Əcəm ilə yanaşı babayalı, fərəhqanlı və şahsuvarlı soyundan olduqlarını bildirib. Maraqlısı odur ki, bu ifadələr də tayfa adlarını deyil, ərazi mənsubiyyətini əks etdirirdi. Məsələn, fərəhqanlı, şahsuvarlı terminləri kürd kəndlərinin daxil olduğu kənd cəmiyyətlərinin adlarıdır. Beləliklə, qeyd edə bilərik ki, Azərbaycanda kürd oykonimləri əsasən kürd tayfa birləşmələrinin adlarını əks etdirir.

Kürd xalqına xas olan xüsusiyyətlərdən biri hələ də qorunub saxlanılan tayfa bölgüsünün mövcudluğudur. Bu xüsusiyyət Azərbaycanın toponimiyasında da özünü göstərir. Bir çox kürd etnonimlərində sonluq Azərbaycan dilinə xas şəkilçilərdən (-par, -lı) əmələ gəlməsi, bir sıra kürd tayfalarının etnonimlərinin türk dilində olması Azərbaycan kürdlərinin kompakt formadan daha çox azərbaycanlılarla qarışıq yaşamaları ilə əsaslandırılır. Kürdlərin bu dərəcədə sürətlə assimilyasiyaya uğrayaraq azərbaycanlılara qarışması, bu mədəni yaxınlıq ilə izah edilməlidir (Qeybullayev, 1986:102).

Qarabağ müharibəsi

Sovet İttifaqının 1991-ci ildə dağılması Qafqazda millətçi hərakatlatla müşayiət olundu. Bu zaman Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsi müsəlman kürdlərin Ermənistandan deportasiya edilməsi, keçmiş Kürdistan ərazilərinin tamamilə məhv edilməsi və 150.000 kürdün öz torpaqlarından didərgin salınması ilə nəticələndi (Lockman, 1997:17).

İlk olaraq 1992-ci ildə Laçın ərazisi erməni qüvvələri tərəfindən işğal edildi. Ermənilər Laçının işğalını hüquqi formaya salmaq üçün burada qalan çox az sayıda (təxminən 60 nəfər) kürdlərlə birlikdə regionda “Laçın kürd respublikası”nın qurulduğunu elan etdilər. Bu respublika 1 həftə belə yaşamadı. Bunun əsas səbəbi regionda respublika üçün heç bir etnik dayağın olmaması idi. Kürdlər də, azərbaycanlılar kimi Laçının işğalı zamanı regiondan qovulmuşdular (Kemper, Conermann, 2011:92). Bu amil təkcə Azərbaycan yox, eyni zamanda ölkə xaricində yaşayan kürd diasporalarının etirazında göstərdi. 1993-cü ilin aprelində Kəlbəcərin mühasirəyə alınması sonrası Azərbaycan kürdlərinin “Ronahi” kürd Mədəniyyət Mərkəzi dünya kürdlərinə belə bir müraciət ünvanladı:

Biz, minlərlə Azərbaycan kürdləri, əsrlər boyu azərbaycanlılarla sülh və dostluq içində yaşayırıq. Azərbaycanda demokratiyanın inkişafına gəldikdə, dilimizə, adətlərimizə və əməllərimizə hörmət olunur. Bizim Azərbaycanda dilimizdə çap olunan kitablar, qəzetlərimiz var. Bundan başqa öz dilimizdə radio verilişlərimiz mövcuddur. Lakin son 5 ildə kürd xalqı, digər Azərbaycan xalqları kimi erməni təcavüzü nəticəsində çox əziyyət çəkir. Laçın kürdləri soyqırım siyasətinə məruz qaldılar. Orada yüzlərlə qoca, qadın və uşaq öldürüldü və ya əsir götürüldü. Laçında mövcud olan 12 kürd kəndi yer üzündən silindi. Kürdlərin ermənilərin təcavüzü ilə torpaqlarından qovulmasına səbəb olan hərbi aqressiya bu gün də davam edir. Kəlbəcərdə 60.000 mülki əhali mühasirəyə alınıb və orda Xocalı qırğınından daha böyük bir fəlakət baş verir. Artıq bölgənin kürdləri orada yaşayan azərbaycanlılarla birlikdə qırılır, evləri talan edilir, insanları öldürülür. Bu, ermənilərin kürdlərə qarşı ilk belə təcavüzü deyil. Ermənistandan 1905, 1908, 1937, 1947-1948-ci illərdə minlərlə kürd Ermənistandan didərgin salınmışdı. ​​1988-1989-cu illərdə Ermənistandakı 20 mindən çox müsəlman kürd ata-baba yurdlarından qovuldu, hazırda onlardan 12.000-i Azərbaycanda məskunlaşıb. İndi bir daha, Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiaları səbəbindən, Azərbaycanda yaşayan bütün xalqların öz evlərindən qovulması nəticəsində qanlar axır.

Biz, kürd icması adından bir daha Azərbaycanın ölkəmiz olduğunu və azərbaycanlıların ən yaxın dostlarımız olduğunu bir daha bildirmək istəyirik. Əziz qardaşlar! Xahiş edirəm ermənilərin başımıza gətirdiyi fəlakət barədə bütün yoldaşlara məlumat verin! Azərbaycanın kürd kişilərinə və qadınlarına baş verən fəlakətləri öz dərdiniz kimi qəbul edin! Onlara bildirin ki, Laçın və Kəlbəcər fəlakətləri Xocalı qətliamının davamıdır! Dünya kürd cəmiyyətini bizə qoşulmağa, ölkəmizi təcavüz və işğaldan azad etmək üçün kütləvi, beynəlxalq həmrəylik kampaniyasına başlamağa çağırırıq! Qədim vətənimiz Azərbaycanda ədalət və sülh naminə xilas edilməyimizə kömək etməyinizi xahiş edirik!”.

Bununla belə bu müraciət xaricdəki kürd diasporalarının ermənilərlə dostluq münasibətində olması səbəbi ilə ciddi formada dəstəklənmədi. İstisna kimi İran kürdlərini göstərmək olar. Kürd əsilli İran alimi Mehrdad İzadi Laçın və Kəlbəcər işğalında kürdlərin qovulmasına ermənilərin gətirdiyi arqumentləri rədd edərək belə bir ritorik sual verir: “Sən də, Ermənistan”? (Goltz, 1998:346).

1993-cü ilin yay hücumlarında kürdlərin yaşadığı bir digər rayon Qubadlı işğal edilir. Ərazilərin işğal edilməsi sonrası kürdlər Azərbaycanın bir sıra regionlarına köçməyə məcbur edilir. Qubadlı rayonunun çox hissəsi hazırda Sumqayıt şəhərində məskunlaşıb. Kəlbəcər və Laçın kürdlərinin əksəriyyəti isə hazırda Ağcabədi rayonunda yaşamaqdadır. Rusiyalı tarixçi Zayonçkovskayanın fikrincə, Azərbaycanda yaşayan kürdlərin 80 faizi bu rayonda məskunlaşıb (Zayonçkovskaya, 1999: 82).

Müasir dövrdə kürdlər

Azərbaycan kürdlərinin müasir dövrdə sayı ilə bağlı müxtəlif məlumatlar mövcuddur. Azərbaycan respublikasının 2009-cu il rəsmi siyahıyaalmasına əsasən ölkədə 6100 kürd yaşayır. Qərb ekspertlərinin fikrincə, Azərbaycan əhalisinin təxminən 2,8 faizini kürdlər təşkil edir. Hazırda Azərbaycanda 200 mindən çox kürdün yaşadığı güman edilməkdədir (McDowall, 1996:490). Bu kürdlərin demək olar ki, hamısı Azərbaycan türkləri kimi islamın şiə təriqətinə mənsubdurlar. Onlar kürd dilinin kurmanci ləhcəsində danışırlar (Aristova, 1966:21). Hazırda Azərbaycanda yaşayan kürdlərin öz dillərində təhsil almaq imkanı var. Bundan başqa ölkədə “Ronahi” Kürd Mədəniyyət Mərkəzi fəaliyyət göstərir. Son dövrlərə qədər Azərbaycanda kürd dilində “Diplomat” qəzeti çap edilirdi. Lakin bu qəzet kürdlərin Türkiyədəki milli mübarizəsinə dəstək verdiyi üçün Türkiyə hökumətinin təzyiqi ilə bağlandı.

İstifadə edilən ədəbiyyat

Rus dilində qaynaqlar

Гиясаддин Гейбуллаев, (1991), К этногенезу азербайджанцев, Том 1.

Гиясаддин Гейбуллаев, (1986), Топонимия Азербайджана.

Татьяна Аристова, (1962) Из истории возникновения современных курдских селений в Закавказье // Советская этнография.

Татьяна Аристова, (1966), Курды Закавказья: историко-этнографический очерк

Татьяна Аристова, (1990) Материальная культура курдов XIX – первой половины XX в. Проблема традиционно-культурной общности

Рустам М. Алиев, (1981), Выдающиеся русские ученые и писатели о Низами Гянджеви.

Сара Ашурбейли, (1983), Государство Ширваншахов (VI-XVI вв.)

Григорий Чурсин, (1925), Азербайджанские курды (Этнографические заметки), Известия Кавказского и историко-археологического института. Т.З.

Илья Петрушевский, (1949), Очерки по истории феодальных отношений в Азербайджане и Армении в XVI — начале XIX вв.

Пётр Лерх, (1856), Изслѣдованія об иранских курдах и их предках, сѣверных халдеях. Том 1.

Гурген Акопов, (1975), Страны и народы Ближнего и Среднего Востока. Том VII. Курдоведение

Валентин Гарданов, (1969), Кавказский этнографический сборник, Том 4.

Александр Букшпан, (1932) Азербайджанские курды: Лачин, Кельбаджары, Нахкрай: Заметки.

Светлана Алиева, (1993), Так это было: национальные репрессии в СССР 1919-1952 годы, Том 1.

Николай Баскаков, (1971), Тюркская лексикология и лексикография: Сборник статей.

Мухаммедгасан Бахарлы, (1921), Азербайджан:физико-географический, этнографический и экономический очерк.

Тамерлан Гуриев, (1980), Ономастика Кавказа: межвузовский сборник статей.

Жанна Зайончковская, (1999), Миграционная ситуация в странах СНГ

Azərbaycan və ingilis dilində qaynaqlar

Wadie Jwaideh, (2006), The Kurdish National Movement: Its Origins and Development

Richard N. Frye, (1975), The Cambridge History of Iran, Volume 4: The Period from the Arab Invasion to the Saljuqs

John A. Boyle, (1968), The Cambridge History of Iran, Volume 5: The Saljuq and Mongol Periods

Peter Jackson, Lawrence Lockhart, (1986), The Cambridge History of Iran, Volume 6: The Timurid and Safavid Periods.

David McDowall, (1996), A Modern History of the Kurds.

Lokman I. Meho, (1997), The Kurds and Kurdistan: A Selective and Annotated Bibliography

Michael Kemper, Stephan Conermann, (2011), The Heritage of Soviet Oriental Studies.

Thomas Goltz, (1998), Azerbaijan Diary: A Rogue Reporter’s Adventures in an Oil-rich, War-torn, Post-Soviet Republic: A Rogue Reporter’s Adventures in an Oil-rich, War-torn, Post-Soviet Republic.

Thomas de Waal, (2003), Black Garden: Armenia and Azerbaijan through Peace and War

Əliyarlı İltifat, (2013), İstiqlal fədailəri-Azərbaycan Xalq Cümhuriyyətinin Daxili İşlər Nazirləri və silahdaşları: 1918-1920.

Müseyib Müseyibov

Müseyib Müseyibov 1927-ci il may ayının 5-də Tovuz rayonunun Qaraxanlı kəndində anadan olmuşdur. Orta və ali məktəbi İkinci dünya müharibəsi illərində bitirmişdir. 1949-cu ildə Azərbaycan Dövlət Universitetində (indiki BDU) aspiranturaya daxil olmuş, 1954-cü ildə “Ceyrançölün geomorfologiyası” mövzusunda namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə edib, 27 yaşında coğrafiya elmləri namizədi elmi dərəcəsi almışdır.

Fəaliyyəti Redaktə

1954-cü ildən ADU-nun Fiziki coğrafiya kafedrasında çalışmış, 1955-ci ildə dosent vəzifəsinə seçilmiş və 1960-cı ildən həmin kafedraya rəhbərlik etməyə başlamışdır. Müəllimləri Heydər Əfəndiyev, Məmmədəmin Salayev, Hadı Əliyev, Abdulla Şahbazov və başqalarının əhatəsində elmi fəaliyyətini davam etdirərək, 1963-cü ildə “Orta Kür əyilməsinin geomorfologiyası” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmiş, 1964-cü ildə professor elmi adı almışdır. Ötən əsrin 70-ci illərindən keçmiş SSRİ Ali Təhsil Nazirliyinin Ali Coğrafiya Təhsili elmi-metodik şurasının (hazırda Rusiya Federasiyasında) üzvü, Azərbaycan SSR Ali Təhsil, sonralar Təhsil Nazirliyi elmi-metodik şurasının sədri kimi fəaliyyət göstərmişdir. 1990-cı ildən BDU-nun Coğrafiya fakültəsinin dekanıdır. Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Yer elmləri üzrə ekspert şurasının üzvüdür. Onun rəhbərliyi ilə 20-dən artıq elmlər doktoru və elmlər namizədi yetişmişdir.

Coğrafiya elmi və onun aparıcı sahələrindən olan landşaftşünaslıq, geomorfologiya və neotektonik hərəkətlərin tədqiqi sahəsində apardığı araşdırmalar təkcə Azərbaycanda deyil, keçmiş SSRİ-nin bir çox respublikalarında, həmçinin Almaniya, Fransa və s. ölkələrdə öyrənilmişdir. 400-dən artıq məqalənin, 9 monoqrafiyanın, 25 kitabın müəllifidir. [1]

Beynəlxalq konfranslarda iştirakı Redaktə

Dəfələrlə beynəlxalq simpozium, konqres və konfranslarda iştirak etmişdir. 1972-ci ildə Kanadada, 1976-cı ildə isə Moskvada keçirilən Beynəlxalq Coğrafiya Konqresinin, 1980-ci ildə “Palecoğrafiyaya aid sovet” Amerika simpoziumunun, SSRİ Coğrafiya Cəmiyyətinin Qurultaylarının (Lvov, Tbilisi, Bişkek, Leninqrad, Moskva və s.) iştirakçısı olmuşdur. Beynəlxalq məzmunlu elmi-tədqiqatlarını davam etdirmiş, Almaniya, Fransa, Rusiya, Gürcüstan alimlər ilə birgə “Qafqazın geosiyasi xəritəsi” üzərində işləmişdir.

Seçilmiş əsərləri Redaktə

  • Altıağac Təcrübə Bazasında tələbələrin çöl tədris təcrübəsinin təşkili.

Kitabları Redaktə

  • География (учебное пособие для фбитуриентов, учашихя старших классов и предподавателей) Аbiturient, Dtqk, 2008
  • Антропогенное трансформация природной среды Южного Кавказа (Tbilisi, Sovstor),
  • Türk dünyasının coğrafiyası. XI sinif. Bakı: Təhsil, 2008
  • Coğrafiya (abiturientlər üçün proqram toplusu)

Professor 2011-ci il 4 sentyabr tarixində vəfat etmişdir.

Azərbaycanın çayları,gölləri və suları

Hidroqrafik cəhətdən Azərbaycan Respublikası Xəzər dənizi hövzəsinə aiddir. Respublikanın hidroqrafik şəbəkəsi (çayları, gölləri) uzun geoloji dövrdə yaranmış və bu müddətdə xeyli dəyişikliklərə uğramışdır. Hazırda rast gələn bir sıra qədim çay dərələrinin qalıqları buna misaldır. İndi də hidroqrafik şəbəkə təbii amillər və insanların təsərrüfat fəaliyyəti nəticəsində dəyişməkdədir. Süni su axarları (kanallar) və su anbarları da hidroqrafik şəbəkəyə aid edilir.

Azərbaycan Respublikasının hidroqrafik şəbəkəsinin əsasını çaylar təşkil edir. Respublikanın ərazisindən müxtəlif uzunluqda 8359 çay axır. Bunlardan 8188 çayın hər birinin uzunluğu 25 km-dən azdır. Uzunluqları 100 km-dən çox olan 24 çay vardır. Respublikanın ərazisindən axan ən böyük çaylar: Kür, Araz, Qanıx (Alazan),Qabırrı (İori), Samur, Tərtər, Türyan, Ağstafa, Həkəri, Viləş və s.

Respublikanın çayları 3 qrupa bölünür:

1) Kür hövzəsinin çayları, (Qanıx, Qabırrı, Türyan, Ağstafa, Şəmkir, Tərtər, Xaçın və s.);

2) Araz hövzəsinin çayları (Arpaçay, Naxçıvan, Oxçu, Həkəri, Köndələnçay və s.);

3) Bilavasitə Xəzərə tökülən çaylar (Samur, Qudyal, Vəlvələ, Viləş, Lənkəran və s.).

Kür-Araz ovalığından Kür və Araz çayları axır. Bilavasitə Xəzərə tökülən çaylar Böyük Qafqazın, əsasən, şimal-şərq yamacından və Talış dağlarından başlayıb, Samur-Dəvəçi və Lənkəran ovalıqları ilə axır.

Çay şəbəkəsinin inkişafına və dəyişməsinə müxtəlif fiziki-coğrafi amillər-iqlim, relyef, geoloji quruluş, torpaq və bitki örtüyü təsir edir.

Yüksəkliyin artması ilə çay şəbəkəsinin sıxlığı əvvəlcə artır və müəyyən hündürlüyə çatandan sonra tədricən azalır. Ən sıx çay şəbəkəsi (1-2 km/km2), Talış zonası istisna olmaqla, orta dağlıq zonada 1000-2500 m hündürlükdədir.

Talış zonasında isə (1,6-2,2 km/km2) 500-1000 m yüksəklikdədir. Ümumiyyətlə, Azərbaycan Respublikasının əzarisində çay şəbəkəsinin orta sıxlığı 0,39 km/km2-dir. Ovalıqlarda isə həmin kəmiyyət 0,05 km/km2-dən azdır.

Kür çayı hövzəsinin sahəsi (86 000 km2) Arazla qovuşana qədər Arazın hövzəsinin sahəsindən (101 937 km2) azdır. Lakin Kürün sululuğu Araz çayından iki dəfə çox olduğundan, onlar qovuşduqdan sonra da çay Kür adlanır.

Azərbaycanın çayları

Axım xüsusiyyətlərinə görə Azərbaycan Respublikasında çaylar üç qrupa bölünür:

1) daimi axan çaylar;

2) quruyan çaylar – axımı yazda qarlar əriyəndə və yağış yağdıqda yaranır;

3) müvəqqəti axan çaylar – axımı yalnız şiddətli yağıntılar zamanı olur.

Bu qruplar arasında fərq yaradan əsas amillərdən biri axına qarışan yeraltı suların miqdarıdır. Birinci qrup çaylara yeraltı sular daim axıb gəldiyi halda, ikincidə bu proses cəmi bir neçə ay davam edir. Üçüncü qrupda yeraltı suların rolu yoxdur.

Azərbaycan Respublikasının çaylarının qida mənbələri də müxtəlifdir. Çaylar əsasən qar, yağış və yeraltı sularla qidalanır. Böyük Qafqaz çaylarında qar, Kiçik Qafqazda yeraltı sularla qidalanma üstünlük təşkil edir.

Azərbaycan Respublikası Kür və Araz çaylarının aşağı və qismən orta axınında yerləşir.

Kür çayı Qafqazın ən böyük çayıdır. Onun uzunluğu 1515 km, sahəsi isə 188 min kvadrat kilometrdir. Kür çayı Türkiyə ərazisindəki Qızılgədik dağının şimal-şərq yamacından, 2740 m mütləq yüksəkliyə malik sahədən başlayır. O, Gürcüstan ərazisindən keçərək, Azərbaycan ərazisinə daxil olur. Kür-Araz ovalığı ilə axaraq Xəzər dənizinə qovuşur.

Araz çayı ilə birləşənə qədər Kürün öz sahəsi 86 min kvadrat kilometr təşkil edir. Araz çayı Kürün ən böyük sağ qoludur. O, öz başlanğıcını Türkiyədə yerləşən Bingöl dağından 3300 m yüksəklikdən götürür. Ümumi uzunluğunun (1072 km) 364 km-i Türkiyənin ərazisinə mənsubdur. Ümumiyyətlə Araz çayı Azərbaycanla Türkiyə və İran arasında sərhəd təşkil edir. Çayın axırıncı 80 km-i Azərbaycanın ərazisindən axır və Sabirabad şəhərin ərazisində Kür çayına tökülür.

Bu çaylar iqliminə görə yazda qar və yağış suları ilə, payızda isə yağış suları ilə gursululuq əmələ gətirən çaylar qrupuna daxildir.

Respublika çaylarının illik axımına atmosfer prosesləri böyük təsir edir. Fevraldan marta doğru hava temperaturunun intensiv artması 1500 m-dən artıq hündürlüklərdə qarın əriməsinə səbəb olur. Aprel və may aylarında yağışlar nəticəsidnə qarın əriməsi daha da sürətlənir. Çox yüksəkdə (2500-300 m-dən antıq) qarın intensiv əriməsi aprel-mayın əvvəllərində başlayır və iyunun axırlarında qurtarır. Qar örtüyü çayların su rejiminə yay aylarında da təsir edir. Belə ki, torpaq-qrunta hopub süzülən (infiltrasiya olan) qar suları yenidən səthə çıxaraq azsulu dövrdə çayların suyunu artırır.

Alçaq çay hövzələrində (Talış sahəsi müstəsna olmaqla) yağıntının çox hissəsi yaz və yayın paylanmasına az təsir göstərir. Talış sahəsində əsas rütubət ehtiyatının çoxu ilin soyuq yarısında düşən yağışlardır. Respublika çayları yay aylarında azsulu olur. Bəzən iyul və avqust aylarında yağan leysan yağışları çaylarda güclü daşqın və sellər yaradaraq təsərrüfata böyük ziyan vurur. Güclü sellər Böyük Qafqazın Zəngəzur silsiləsinin cənub-qərb yamaclarındakı çaylarda müşahidə olunur.

Böyük və Kiçik Qafqaz çaylarında axımın çox hissəsi ilin isti yarısında, Talış çaylarında isə ilin soyuq yarısında keçir. Əsas axımı (60-80%) ilin isti yarısında keçən çaylar üstünlük təşkil edir. Axımın il ərzində bu cür qeyri-bərabər paylanması onun təsərrüfat baxımından istifadə edilməsini çətinləşdirir.

Ümumiyytələ, su rejimi xüsusiyyətlərinə görə Azərbaycan Respublikasının çayları 2 qrupa bölünür:

1) gursulu və daşqın rejimli; 2) daşqın rejimli.

Daşqın rejimli çaylara Lənkəran təbii zonası çayları, Qobustan və müvəqqəti axan çaylar aiddir. Qalan çaylarda su rejimi fazası gursululuqdur.

Relyefin mürəkkəbliyi və başqa təbii amillərin təsiri ilə axım ərazi üzrə bərabər paylanmamışdır. Ərazidə axım modulu, ümumiyyətlə, hündürlüyə görə artır. Lakin bu artım müəyyən hündürlüyə qədərdir (Böyük Qafqazın şimal-şərq yamacıda 2800 m, cənub yamacında 2000-2200 m, Kiçik Qafqazda 2200-2400 m). Göstərilən hündürlükdən yuxarıda axım modulu azalır. Oroqrafik xüsusiyyətinə görə Talış sahəsində axım ilə orta yüksəklik arasında bir-birinə zidd iki qanunsuzluq var. Talış silsiləsində axım modulu hündürlüyə görə azalır. Peştəsər və Burovar silsilələrində isə artır.

Azərbaycan Respublikasının çoxsulu çayları Böyük Qafqazın cənub yamacındadır. Burada orta illik axım modulu 45 l/san. km2-dən artıqdır. Alazan-Əyriçay çökəkliyinə (Alazan-Həftəran vadisinə) doğru axım modulu 5 l/san; km2-ə qədər azalır. Böyük Qafqazın şimal-şərq yamacında orta illik axım modulu 18-20 l/san. km2-dən artıqdır. Axım modulunun hündürlüyə görə artması burada nisbətən bərabərdir. Axım modulunun intensiv artımı Yan silsilə ilə Baş Qafqaz silsiləsi arasındakı sahədə müşahidə edilir (Qusar, Qudyal, Vəlvələ və s. çayların yuxarı axınları). Orta illik axım modulu həmin sahədə 10-20 l/san. km2 arasında dəyişir.

Mənbəyini yan silsilənin yamacından götürən çayların axımı Baş Qafqaz silsiləsindən başlanan çaylarınkından xeyli fərqlənir. Axımın artması burada daha şiddətli gedir və onun orta illik modulu 1000-2000 m yüksəkdə yerləşən sahədə 6-18 l/san. km2 arasında dəyişir. Bu atmosfer yağıntılarının çox düşməsi ilə əlaqədardır. Baş Qafqaz silsiləsindən Xəzər dənizi sahilinə doğru axım tədricən azalır (0,5 l/san. km2-ə qədər). Dənizkənarı ovalıqda şimal-qərbdən cənub-şərgə doğru axım tədrijən azalaraq Abşeron yarımadasında 0-a çatır.

Kiçik Qafqazda axımın paylanması Böyük Qafqaza nisbətən olduqca mürəkkəb xarakter daşıyır. Bu, ərazinin oroqrafiyasının mürəkkbəliyi və dağ silsilələrinin müxtəlif istiqamətdə olmaları ilə izah edilir. Axımın ən yüksək kəmiyyəti Gamış və Qapıcıq dağlarının yamaclarından axan çaylarda müşahidə olunur. Burada axım modulu 28 l/san, km2-dən artıqdır. Atmosfer yağıntıları bəzi yerlərdə Qarabağ yaylasının məsaməli süxurları arasında itərək rayonu susuz sahəyə çevirir, bəzi yerlərdə isə bulaq şəklində səthə çıxaraq çayların sululuğunu artırır.

Bu cəhətdən Tərtər, Həkəri və başqa çayların yuxarı axınları daha səciyyəvidir və onların yeraltı sular hesabına qidalanması illik axım həcminin 70-80%-ə qədərini təşkil edir. Kiçik Qafqazın cənub-şərqində (Qarabağ silsiləsindən başlayan çay hövzələrində) axım modulu 0,8-dən 22 l/san. km2-ə qədər, Naxçıvan MR-da isə 0,5-dən 10 l/san. km2-ə qədər dəyişir. Arazboyu düzənliklərə doğru axım modulu 0,5 l/san. km2-dən aşağı düşür.

Talış sahəsində axım modulu şimaldan cənuba və qərbdən şərqə doğru artır. Axımın maksimum kəmiyyəti (25 l/san, km2-dən çox) ərazinin mərkəzi hissəsində Təngərud və Astara çayları hövzələrində minimal kəmiyyəti isə (0,5-0,8 l/san. km2) ərazinin Viləş çayından şimaldakı hissəsində, həmçinin Lənkəran və Viləş çaylarının mənbələrində muşahidə olunur. Azərbaycan Respublikasının azsulu sahələri Qobustan, Naxçıvan MR və Kür-Araz ovalığıdır.

Azərbaycan Respublikasının çayları çoxlu xırda səpinti və müxtəlif qırıntı materialları axıdır. Həmin materiallar çay hövzələrində gedən yuyulma porsesinin nəticəsidir. Azərbaycan Respublikasının çayları bulanıqlıq dərəcəsi ən böyük olan çaylardandır. Bulanıqlıq dərəcəsinin orta illik miqdarı ərazi üzrə 0,07 ilə 9,8 kq/m3 arasında dəyişir. Onun minimumu Qarabağ yaylasında, maksimumu isə Böyük Qafqazın cənub yamacında müşahidə edilir.

Ən intensiv səthi yuyulma Böyük Qafqazın cənub yamacında (1000-6800 t/km2), ən zəifi isə Qarabağ yaylasında (5-10 t/km2_) müşahidə edilir. Böyük Qafqaz çaylarının sutoplayıcı sahələrində səthi yuyulmanın intensivliyi (0,53 mm/il) Kiçik Qafqaz (0,03 mm/il) və Talış (0,04 mm/il) çaylarının sutoplayıcısında odluğudan təqribən 13 dəfə çoxdur.

Çayların su ehtiyatı və istifadəsi

Azərbaycan Respublikasının çaylarının çoxillik orta su ehtiyatı 10,3 mlrd. m 3 -dir. Bu, respublika ərazisinə qonşu dövlətlərdən daxil olan su ehtiyatı (20,6 mlrd. m3) ilə birlikdə 30,9 mlrd. m3 təşikl edir. Respublikanın hər kvadrat km ərazisinə 90 min m 3 ehtiyatı düşür. Adambaşına düşən suyun miqdarı ildə 1270 m 3 təşkil edir. Su ehtiyatının böyük hissəsi Kür çayı hövzəsinin payına düşür. Çayların su ehtiyatının il ərzində və ərazi üzrə qeyri-bərabər paylanması ondan istifadəni xeyli çətinləşdirir və ilbəil artmaqda olan su tələbatını ödəyə bilmir. Bu vəziyyət çayların axımını tənzimləməyi tələb edir.

Hazırda respublikada hər birinin həcmi 1 mln. m3-dən artıq olan 60-dan çox su anbarlarında 21 mlrd. m3-ə qədər su toplanmışdır. Bu sulardan x.t.-nın müxtəlif sahələrində (suvarma, su təchizatı, sənaye, balıqçılıq və s.) istifadə edilir. Suya tələbatın ödənilməsində Orta Kür su anbarları kaskadının yaradılması diqqəti cəlb edir. Müasir dövrdə məhdud olan su ehtiyatlarının təmizliyini qorumaq və onların sənaye və kommunal məişət tullantıları ilə çirkləndirilməsinə qarşı mübarizə məqsədi ilə ciddi tədbirlər görülür.

Kanallar

Azərbaycan Respublikasındakı kanallardan, əsasən, suvarma məqsədi üçün istifadə edilir. Suvarma kanallarının ümumi uzunluğu 47058,8 km-dir. Bunun 8580,3 km-i təsərrüfatlararası, 38478,5 km-i təsərrüfatlardaxili kanallardır. İl ərzində suvarma mənbələrindən kanallar vasitəsilə suvarma məqsədi üçün 11 mlrd. m3-ə qədər su götürülür. Respublikada suvarılan torpaqların ümumi sahəsi 1,4 mln. ha-dır (1988).

Göllər

Azərbaycan Respublikasında 250-yə yaxın göl var. Bunların əksəriyyəti kiçikdir. Hacıqabul, Sarısu, Masazır, Candargöl və s. nisbətən böyük göllərdir.

Orta və yüksək dağlıq ərazilərdə göllərin (Kürəkçay hövəsindəki Göygöl və Maralgöl, Şəmkir çayı hövzəsindəki Göygöl, Böyük və Kiçik Alagöllər) gözəl mənzərəsi var. Respublikanın gölləri erozion-buzlaq, erozion-çay, tektonik və abrazion mənşəlidir.

Abşeronda bir sıra axarsız və şor relikt göllər var. Yayda bunların xeyli hissəsi quruyur və şoranlığa çevrilir. Dağ göllərindən mal-qaranın suvarılmasında, Hacıqabul, Sarısu, Ağgöl və s.-dən balıqçılıqda və qismən suvarmada, Abşeronun şor göllərindən kimyəvi maddələrin alınmasında, həmçinin müalicə palçığından istifadə edilir.

Çayların yuxarı axınındakı göllər Batabat qrupu, Qanlıgöl (Naxçıvan çayı hövzəsi), Göygöl (Şəmkir çay hövzəsi) və s. süni su anbarlarına çevrilmişdir. Onlar yayda çayları əlavə su ilə təchiz edir.

Su anbarları

Çayların axımını tənzimləmək məqsədi ilə 60-dan artıq su anbarı tikilmişdir. Su anbarlarının yaradılması su ehtiyatı və enerjisindən səmərəli istifadə üçün görülən əsas tədbirlərdəndir.

Böyük su anbarları (“Mingəçevir”, “Şəmkir”, “Araz su qovşağı”, “Sərsəng”) kompleks əhəmiyyətə malik olduğu halda, digər su anbarlarının əksəriyyəti irriqasiya məqsədi ilə tikilmişdir.

Buzlaqlar

Azərbaycan Respublikası ərazisində buzlaqlar çox azdır. Baş Qafqaz silsiləsinin Bazardüzü (sah. 3,62 km2), Bazaryurd (1 km2), Tufan (0,51 km2) və Şahdağ (1,08 km2) zirvələrində buzlaqlar var.

Buzlaqlardan başqa, nisbətən geniş yer tutan və yayda əriməyən qar qalıqlarına rast gəlinir. Bunlar okean səviyyəsindən 4000 m-dən çox hündürlükdə yerləşir.

Azərbaycanın böyük çaylarının əsas morfometrik göstəriciləri

Hara tökülür (hansı sahildən)

Comments are closed, but trackbacks and pingbacks are open.