Quran da cənnətdə vəd olunan həmin qadının cinsiyyət orqanı yoxdur
-Bəzi əsərlərini, məsələn, “Qar”ı oxumuşam.
Mövlud Süleymanlı: “Ən yaxşı əsərim nə “Köç”dür, nə “Dəyirman” – MÜSAHİBƏ
-Dediklərində həqiqət var. Amma tam deyil. Problemlər həmişə olacaq, əlinə-ayağına dolaşacaq. Sadəcə, mən heç vaxt boş olmamışam. Romanlararası fasilələr zamanı ayrıca bir yaradıcılıqla məşğul olmuşam. Adına “qara dəftər” də demək olar. Orda yazılanları heç kim oxumayıb. Arada bir yadıma düşəndə açıb baxıram və məəttəl qalıram. Bilə-bilə ki, bunlar heç vaxt çap olunmayacaq, yenə də qeydlərimdən qalmamışam. Elə qeydlərim var romandan da maraqlıdır.
Bəli, jurnalistlərdən qaçıram, amma səhv etdiyimi də bilirəm. Özümə ziyandır. Bir də baxır jurnalistə. Çox jurnalist görmüşəm, çünki özüm də jurnalist işləmişəm. Bəzən müsahibəyə hazırlıqlı olmurlar, müsahibi dərindən öyrənmirlər. Görürsən Mövlud Süleymanlını axtarır, amma bir əsərini oxumayıb. Bu, hamıya aid deyil, sadəcə, əksər vaxt belələri ilə qarşılaşıram. Başqa səbəbi yoxdur.
-İndi, səhv eləmirəmsə, təqaüddəsiniz.
-Təqaüddəyəm, işləmirəm. Yaxşı pensiya alıram. Bu başqa dövrdür, düşüncəsi, fəlsəfəsi başqadır.
-Gününüz necə keçir?
-Günümü özüm qururam. Yaxşı da qura bilərəm, darıxdırıcı da. Yaxşı bağım var, kənddə ev tikdirmişəm. Mən aza qane olan adamam. Ona görə darıxmıram. Həmişə, hər yerdə yazı yazmaq üçün yerim var. Vaxtilə yazı ilə bərabər lazım olan işlər də görmüşəm, özümə müəyyən şərait yaratmışam.
-Nə yazırsınız?
-Bir romanı bitirmişəm. Daha doğrusu, mənə elə gəlir bitirmişəm. Hələ heç kim oxumayıb.
-Bəlkə, süjeti barədə məlumat verəsiniz?
-Yox, onda korlaya bilərəm. Mən yazdığım kimi danışa bilmirəm.
-Adam var danışdığı kimi yaza bilmir.
-Hə, doğrudur. İstəyirəm bir xeyli vaxt keçsin. Qaldıqca hansı effekt verəcəyini görmək istəyirəm. Yaşımın bu çağında hər yazdığımı üzə çıxarmağa tələsmirəm.
-Deməli, siz də yazını dəmə qoyanlardansınız.
-Mən həmişə yazını bir müddət kənara qoyub, müşahidə edirəm. Amma boş qalmıram. Noutbukda yazıram, o da həmişə əlimdədir.
-Bu gün bir yazıçı kimi sizi ən çox nə narahat edir?
-Narahatlıqlarım çoxdur. Müstəqil dövlət olmağımız mənə güc verir. Dövlətin siyasətindən də razıyam. Məni narahat edən dünyanın özüdür. Dünyada pis səmtə meyil edənlər çoxdur. Bizim Avropanı tanımadan ora meyil etməyimiz də yaxşı deyil. Cavanlarımızda o tələskənliyi hiss edirəm. Hər şeyi üzdən öyrənmək dəb halını alıb. İnternet insanı buna vadar edir. Pafoslu çıxmasın, Qarabağ məsələsinə görə narahatam. Bu, bizim ümumi dərdimizdir.
Təbiətdən uzaq düşməyimiz məni narahat edir. Bir də ədəbiyyatda pisə yaxşı, yaxşıya pis deyilməsi.
-Çağdaş dünya ədəbi prosesini izləyirsinizmi, “Nobel” mükafatının Bob Dilana verilməsinə necə baxırsınız?
-O adamı çox yaxşı və dərindən tanımıram. Hansı münasibətə, nəyə görə ona bu mükafat verilib, deyə bilmərəm. Görünür, hansısa yeniliklər gətirib.
-Orxan Pamuku oxumusunuz?
-Bəzi əsərlərini, məsələn, “Qar”ı oxumuşam.
-Münasibətiniz maraqlıdır.
-O romanda rus prozasının – Dostoyevksinin, Tolstoyun, Turgenevin izlərini, hisslərini, üslubunu gördüm. Məni çox təəccübləndirmədi, amma bütün hallarda maraqlıdır. Görünür, o bəyəndiyi ədəbiyyatçıları həzm edə bilib.
-Təqaüdçü baba Mövlud Süleymanlı kimlərlə görüşür, daha çox haralarda olur?
-Demək olar heç kəslə görüşmürəm. Özüm üçün yaratdığım yerlərə gedirəm. Məsələn, elə bağa. Orda öz əlimlə əkdiyim ağaclarım var, torpağım var. Bu, mənə çox gözəl hisslər yaşadır. Mənə elə gəlir onlar məni gözləyirlər.
-Fürsət düşmüşkən soruşum: ədəbiyyatçılar arasında bir “Köç”çülər, bir də “Dəyirman”çılar. Bir dəstə ən yaxşı əsərinizin “Köç”, bir dəstə isə “Dəyirman” olduğunu deyir. Sizə görə, hansı daha güclüdür?
-Çox bəyəndiyim əsərlərimin içində nə “Köç” var, nə “Dəyirman”. Özüm ən çox “Şeytan” povestimi sevirəm. Bir də “Ceviz qurdu” romanımın adını çəkmək istərdim. Yazı dilini bəyəndiyim “Ot” povestimi də deyə bilərəm. Bütün əsərlərimi bir gözlə görürəm, amma əlbəttə, onların içində özümə yaxın olanlar var. Həmişə istəmişəm yazılarım bir-birindən fərqlənsin. Kökünü dəyişə bilməsəm də.
-Bəziləri deyir “Köç” romanında Markesin “Yüz ilin tənhalığı”nın təsiri hiss olunur.
-İnan ki, mən “Köç”ü yazanda o əsəri oxumamışdım. Açığı, elə də yaxınlıq hiss etməmişəm. Bu fikri ilk dəfə Rəhim Əliyev yazmışdı. Mən “Yüz ilin tənhalığı” sonra oxudum. Və bu qənaətə gəldim ki, mənsub olduğun xalqı dəqiq-düzgün təqdim etmək istəyirsənsə, onu hardasa təqdim olunmuş bir xalqa bənzədə bilərsən. Çünki bizi isidən günəş birdir.
Markes yapon gəncləri ilə görüşdə Folknerlə bənzərliyinə aydınlıq gətirərkən deyib ki, Kaliforniyaboyu qatarla Şimalı Amerikadan Cənubi Amerikaya doğru gedəndə gördüm dağlarımız bir-birinə oxşayır. O mənada oxşar yazmaq mümkündür.
-Sizcə, Mövlud Süleymanlıdan nə qalacaq?
-Məndən sonra nə qalacağını heç vaxt düşünməmişəm. Mən öz yazımda halal oldum, böyük sözü qorudum, həmişə böyük ədəbi sözə xidmət elədim. Nə bilim, bu suala bir az hazır deyildim, cavab verməkdə çətinlik çəkdim, düzü.
Mövlud Mövlud
Nərmin Muradova
“”Quran”da cənnətdə vəd olunan həmin qadının cinsiyyət orqanı yoxdur”
“Donuz insandan əmələ gəlib, kim donuz əti yeyirsə, deməli, insan əti yeyir”.
Milli.Az modern.az saytının “Siyasətçi və din” rubrikasının növbəti müsahibi Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlunun müsahibəsini təqdim edir.
– Sərdar bəy, stolunuzun üstündə səmavi hesab edilən kitablar və çoxlu sayda başqa dini məzmunlu nəşrlər görürəm. Deyəsən, siyasi fəaliyyətinizdən yavaş-yavaş uzaqlaşıb, araşdırmalarınızı dini motivlər üzərində kökləyəcəksiniz.
– Xeyr. Mən siyasətdən uzaqlaşmamışam. Mən hələ siyasətə gəlməzdən əvvəl də elmlə məşğul olurdum. Orta məktəbdə bütün şagirdlər, müəllimlər mənim qeyri-adi dərəcədə elmə marağımı görürdülər. Bu, universitet həyatımda da belə idi.
Mən siyasətə gələndən sonra elmdən uzaqlaşmamışam. Elmi fəaliyyətim son zamanlar məni yeni bir elm yaratmağa gətirib çıxardı. Bu, kondisologiya elmidir. Bu elm sahəsi mütləq həqiqətin dərk edilməsi üsulları və metodlarından bəhs edir.
– Bu barədə mətbuatda çox danışmısınız. “Mütləq həqiqət” ifadəsi üzərində dayanacağam. Çünki heç şübhəsiz, “mütləq həqiqət” deyərkən səmavi kitablardakı Allah fenomenini nəzərdə tutursunuz. Həmin o “mütləq həqiqət”in tərifini necə verərdiniz?
– “Mütləq həqiqət” əslində ehkam deməkdir. Bizdə isə ehkam başqa mənada işlənir. Ehkam tənqid edilməsi, əvəz edilməsi, dəyişdirilməsi mümkünsüz olan həqiqətdir. Bu həqiqətə o qədər mütləqdir ki, ondan nəsə qoparmaq və ya ona nəsə əlavə etmək qeyri-mümkündür. Bütün mütləq həqiqətlər Allaha aid sifətlərdir. Allahın mütləq əlamətləri müxtəlif şəkillərdə ifadə olunur. Ona görə deyirlər ki, Allahın 99 adı var. Bu adlar Allahın mütləq həqiqət olduğunu təcəssüm etdirən ayrı-ayrı elementlərdir.
– O zaman siz “Quran”ı mütləq elm hesab edirsiniz?
– Bəli, “Qurani-Kərim” yeganə mütləq elmdir.
– Bunu necə sübut edərdiniz?
– Allah “Quran”da buyurur: “Mən hər şeyi dərəcələyənəm”. Yəni Allah-Təala bununla demək istəyir ki, “Quran”ın mənaları müxtəlif dövrlərdə, müxtəlif düzlük dərəcələri ilə dərk olunur.
– Amma islam dinində bu qədər təriqət, məzhəb var. Ortada mütləqlikdən söhbət gedirsə, bütün bu təriqətlərin yaranması nisbilik əlaməti deyilmi?
– İslamda təriqətlərin yaranmasının yeganə səbəbi “Quran”ı düzgün başa düşməməkdir. “Quran”da buyurulur ki, insan bu kitabı oxuduqda, hansısa çətinliyə rast gəlirsə, dayanmalıdır. Amma bəzi alimlər həmin çətin başa düşülən ayələri öz istədikləri kimi yozurlar.
– Sərdar bəy, haqlı deyillərmi? Olmazdımı ki, hər şey açıq-aydın izah olunaydı, ortaya da problemlər çıxmazdı. Yəni sizə elə gəlmirmi, bu çətinliklər özü alimlərin müxtəlif şərhlərinə imkan yaradır?
– Alimlər, özlərindən bir şey fikirləşəndə, ona ad qoyur. Bu da təriqətlərin yaranmasına gətirib çıxarır.
– Sizin tapdığınız kondisologiya elmi də öz düşüncənizin məhsuludur. Belə olan halda digər islam alimlərini niyə ittiham edirsiniz?
– “Quranda” kondisologiya sözü yoxdur. Mən “Qurani-Kərim”dən kondisologiya sözünü tapıb çıxarmışamsa, demək ki, “Quran”ın bütün ayələrini yanlış yozacam. Amma mən “Quran”dan tapdığım elmi araşdırmışam. Onun əsasında elm yaradıb adını kondisologiya qoymuşam. “Quran”da elə ayələr var ki, bununla bağlı axundlara, mollalara sual verəndə deyirlər: “Bu, şəri məsələdir”. Yəni cavab verə bilmirlər.
– Məsələn?
– “Quran”da möminlərə cənnətdə nar döşlü qadınlar vəd olunur. Nar şəklindəki döş ilk baxışda kişilərdə şəhvət yaradır. Onda istər-istəməz sual olunur ki, bunun mənası nədir? “Qurani-Kərimdə”ki bu ifadə ilə bizim başa düşdüyümüz məna eyni deyil.
– Bəs nədir?
– Nar döşlü ifadəsi “Quran”da ayrılmayan addır. Ayrılan adlar onlardır ki, bu adlar müstəqil şəkildə mövcud olur və nəyəsə işarə edir. Məsələn, nar ağacda bitən bir meyvədir. Qadının da döşü nara bənzəyir. Bu kontekstdən yanaşanda həmin ayə səhv anlaşılacaq, düz başa düşülməyəcək. Əslində, bu, bizim anladığımız nar və qadın döşü deyil. Bu, narla döşün fərqli əlamələri bir-birindən kənarlaşdırıldıqdan sonra hər ikisi üçün eyni olan əlamətlərin Allahın bir adına olan işarəsidir.
– Sözünüzü kəsməli olacağam, çünki izah etdiyiniz mexanizmdən bir şey anlamadım.
– (Gülür). Qoymadınız axı fikrimi tamamlayım. Bu dediyim əlamət Alahın yaradan sifətinin mənasından ibarətdir. Biz “Quran”da döşlə bağlı başqa bir ayəyə baxsaq, görərik ki, süd, qan və həzm olunmuş qidanın birləşməsindən əmələ gəlir. Burdan belə bir sual doğulur: qanın əlaməti xalis şəkildə nədə görünür? Narın suyunda. Narın suyu ilə qanı xarici görünüşü eyni cürdür. Amma qanda olan üzvi maddələrin heç biri narda yoxdur. Deməli, Allah bu ayədə qanın və südün necə əmələ gəlməsini izah edir.
İnsan döşün içini görə bilmir. Amma narın timsalında südün necə əmələ gəlməsini izah etmək olar. Narı açıb giləsini götürsək, görərik ki, həmin gilənin içərisində bərk bir maddə var. Onun qırağında isə su, suyun arxasında isə görünməyən pərdə var. Bu pərdəni deşən kimi oradan su axmağa başlayır. O nar dənəsindən tərləyən su necə şirə kimi axırsa, döşün içərisindəki bərk adacıqlar da elə tərləyir və pərdəni deşib süd çıxır. Beləliklə, Allah başa salır ki, narla döşün bir-birindən fərqli əlamətlərini atdıqdan sonra hər ikisi üçün eyni əlamətlərə malik bir varlıq yaradacaq. Amma bu, qadın olmayacaq.
– “Quran”da siz dediyiniz varlıq, qadın obrazında insanın beynində canlanır. Amma siz deyirsiniz ki, həmin varlıq qadın olmayacaq. Heç şübhəsiz ki, kişi də olmayacaq. Bəs o nə olacaq?
– Buyurulur ki, bu, əbədi bakirə olacaq. Yəni əbədi bakirənin bir orqan kimi qızlığı yoxdur. “Quran”da cənnətdə vəd olunan həmin qadının cinsiyyət orqanı yoxdur. Allah buyurur ki, cənnətdəki həmin varlıq adi həyatda bir qadının kişiyə verdiyi zövqdən də yüksək bir həzz yaşadacaq. Bu, bizim dünyamızda ülvi məhəbbətin kişilərdə yaratdığı zövqdən milyard dəfə böyük olacaq. Özü də şəhvət olmadan.
– Sizin fikirlərinizi tam şəkildə qəbul etdiyimi deyə bilmərəm, amma hansısa din xadiminin sizin kimi bir şərh vermədiyini nəzərə alsam, deyə bilərəm ki, maraqlı danışdınız. Bəs din xadimləri niyə bu cür fəlsəfi mühakimə ortaya qoya bilmirlər?
– Bəli, islam alimləri, axundlar, mollalar bunu başa düşmürlər. Ona görə də başlayırlar axirəti bu dünya kimi təsəvvür etməyə. Deyirlər ki, o dünyada, cənnətdə qadınlar olacaq, kef olacaq. Allah bu dünyada kişi üçün arvad yaradıbsa, o biri dünyada qadına nə ehtiyac var?! Və ya hər iki dünyanın yaranmasının nə mənası var?!
– Mənə elə gəlir ki, söhbətimizdəki dərin fəlsəfi fikirlərə bir yüngüllük gətirmək üçün başqa bir suala keçməyin zamanıdır.
Maraqlıdır, Sərdar Cəlaloğlu uşaqlığından dinə meylli olub, yoxsa siyasətə gələndən sonra?
– Mən uşaqlıqdan Allaha, dinə inanmışam. Amma dindar olmamışam. Mənim anam seyid qadın olub, namaz qılıb, oruc tutub. Atam da həddən artıq təmiz bir müəllim, insan olub. Atam bir dəfə də olsun haram tikəyə əl uzatmayıb. Atam bir müddət namaz qıldı, lakin sonra müəllim olduğuna görə sovet hökuməti ona namaz qılmağı qadağan etdi. Biz həddən artıq kasıb yaşamışıq, ancaq qohuma, qonşuya əlimizdən gələn köməkliklər etmişik. Mənim atam öz pulu ilə imkansız şagirdlərə dəftər, qələm alırdı. Bunun üstündə evimizdə həmişə mübahisə düşürdü. Anam atama deyirdi ki, özümüz çox çətin dolanırıq, amma sən bütün imkansız şagirdlərə pul köməkliyi edirsən. Lakin atam da cavab verirdi ki, bütün uşaqlar oxumalıdır. Mən belə bir ailədə böyümüşəm.
– Uşaqlıqdan dinə inandığınızı deyirsiniz, bəs o vaxt “Quran”ı oxumuşdunuzmu?
– Xeyr, təəssüf ki, oxumamışdım. Bunun bir səbəbi də bu idi ki, o zamanlar “Quran” Azərbaycan dilinə tərcümə olunmamışdı. Ümumiyyətlə, dinə inansam da, mənim “Quran” haqqında təsəvvürlərim yox idi. Mən “Quran”ı ilk dəfə 6 il bundan qabaq Ziya Bünyadovun tərcüməsində Azərbaycan dilində oxumuşam.
– Oxuyanda hansı qənaətə gəlirdiniz? “Quran” səmavidir, yoxsa adi bir kitab?
– Mən bir neçə dəfə “Quran”ı oxudum. Amma onun səmavi kitab olduğunu ağlım qəbul etmirdi. Hissim isə səmavi olduğunu deyirdi. Məndə çoxlu suallar yaranırdı və bu suallar məndə “Quran”ın səmavi, ilahi bir kitab olmaması fikrini formalaşdırırdı.
– Bəs fikirlərinizdə birdən-birə dönüş nöqtəsi yaradan nə oldu?
– İki il bundan əvvəl orucluq ayından bir neçə ay öncə məndə qəribə bir hiss yarandı. Elə bil içimdən bir səs deyirdi ki, mütləq oruc tutmalıyam. Düzdür, mən əvvəllər də oruc tutmuşdum. Amma indi bu istəyimin motivində daha dərin bir düşüncə olduğunu hiss edirdim. Yoldaşıma dedim ki, orucluq nə vaxt başlayır? O da dedi ki, hələ 3 ay var. Amma özüm də hiss etmədən həftədə bir neçə dəfə bu sualı yenidən yoldaşıma vermişəm. O da mənə sual verdi ki, niyə bu qədər orucluqla maraqlanıram. İçimdə dərin bir hiss var idi, o hiss deyirdi ki, orucluq tez gəlsin və mən oruc tutum.
Nəhayət ramazan ayı gəldi və mən oruc tutmağa başladım. Daha sonra orucluğun dərin mahiyyətini araşdırmağa başladım. Bir daha “Quran”ı əlimə alıb orucluqla bağlı ayələri oxumağa başladım. Amma yenə də o ayələri tam başa düşmürdüm. Məcbur olub, “Quran”ı yenidən başdan oxudum. Çünki orucluğun fəlsəfəsini dərk etmək üçün “Quran”ı əvvəldən axıra qədər oxumaq lazımdır. Amma yenə də heç nə başa düşmədim. “Quran”ı bir daha oxudum. Amma bu dəfə fundamental şəkildə. Daha sonra isə təriqət və məzhəbləri araşdırmaq üçün “Quran”ı tamam başqa aspektdən oxumağa başladım. Sonra gördüm ki, “Quran”da məzhəb, təriqət yoxdur. Yəni, məzhəbçilik, təriqətçilik düz yol deyil. Mən bu zaman “Quran”ı dərk etməyə başladım.
– İslamda düz yol nədir?
– Yerinə düşən sualdır. Allahın yolunu başa düşmək lazımdır. Bəs Allahın haqq yolu nədir? Mən “Quran”da yollarla bağlı ayələri dərindən araşdırdım. Bununla da iman gətirməyin metodologiyasını kəşf etdim. Hazırda 10 cilddən ibarət “Qurani-Kərim”ə elmi-fəlsəfi izah yazıram.
– Yəqin ki, bunu təfsir adlandırmayacaqsınız.
– Bu, təfsir deyil.
– Məncə, istənilən izahı təfsir adlandırmaq olar.
– Düz düşünmürsünüz. Bir alimin “Quran”ı təfsir etməsi kafirlikdir.
– Sərdar bəy, təfsir yazan alimlərin çoxu ərəb dilini bilir. Siz də ərəb dilini bilirsiniz?
– Bəs o zaman necə belə əminliklə danışırsınız? Nəzərə alın ki, təfsir yazan din xadimlərinin çoxu ərəb dilini mükəmməl bilir.
– Əvvəla, ərəb dili məsələsini heç kim yaxşı başa düşmür. Allah özü “Quran”da bir neçə yerdə bu kitabın ərəb dilində gəldiyinə işarə edir. Həmin o təfsir yazan alimlər deyir ki, ərəb dili incə bir dil olduğuna görə Allah bu dildə “Quran”ı göndərib. Amma dərk etmirlər ki, “Quran”ın ərəb dilində nazil olması özü Allahın özünün bir əlamətidir.
– Yenə mürəkkəbliyə qaçırsınız. Məncə, sözlərlə manipulyasiya edirsiniz.
– (Gülür) Yox, siz yenə də məni başa düşmürsünüz. Bu dediyim əlamət, yoxdan var olmaqdan ibarətdir. Mən indi izah edəcəyəm və güman edirəm, siz də başa düşəcəksiniz. Flektiv dillər yeganə dillərdir ki, yoxdan var olur.
Məsələn, ərəb dilində elə bir neçə hərfi yan-yana düzsən, alınan söz heç bir məna vermir. Amma hərəkələr qoymaqla həmin sözlər məna kəsb edir. Yəni bir məna verməyən sözlər hərəkələrdən istifadə edilməklə çoxlu sayda məna verən sözlərə çevrilirlər.
Allah da deyir ki, “ol” deməklə bütün kainat var oldu. İndi sual verə bilərsiniz ki, bir “ol” deməklə bütün kainat necə yarandı? Mən də deyərəm ki, bəs heç bir mənası olmayan sözlərə hərəkələr əlavə edəndə yüzlərlə söz necə yaratmaq olur?! Ərəb dilinin flektivliyi Allahın yoxdan kainatı var etməsinə bir dəlildir. Bu dəlillərdən biri də, bu dünyadır.
– Bayaq dediniz ki, ananız seyid olub. Bəs onun ocağına düşən olurdumu, ya da ona nəzir verən?
– Mənim anam həmişə çadra örtərdi. 60-cı illərdə atam müəllim olduğu üçün onu məcbur edirdilər ki, anam çadranı atsın. Çünki sovet hökumətinin zamanında çadra gerilik əlaməti hesab olunurdu. Atam gəlib anama bu barədə bildirdi, anam dedi ki, istəyirsən, məni boşa, ancaq mən çadranı atmayacağam. Belə də oldu. Mən görürdüm ki, anama nəzir gətirirlər. Ancaq o, nəzirləri qəbul etmirdi. Bunun səbəbi o idi ki, biz nəzir verənlərdən yaxşı yaşayırdıq. O deyirdi ki, acından ölən birinin pulunu almaq düz deyil. Həmişə anam nəzir gətirənlərə deyirdi: “Elə təsəvvür elə ki, vermisən”.
Mənim anam bir məclisə gedəndə hamı ayağa qalxardı. Kim anamla görüşürdüsə, seyid qızı olduğuna görə onun əlini öpürdü. Bizdə ümumiyyətlə, yaşlı seyidlərin əlini öpərdilər. Anama həmişə Gülsüm xanım deyirdilər. Çünki seyid qadınlara xanım, kişilərinə isə ağa deyərlər. Anam da, atam da Allahın rəhmətinə qovuşub.
– Ana tərəfiniz seyid olub. Bəs xalalarınızda, dayılarınızdan necə, nəzir alan olubmu?
– Mənim xalama indinin özündə də çox şey gətirirlər. Lakin o gətirilən şeylərin hamısını kasıblara, kimsəsizlərə paylayır. Seyidlikdən kim istifadə edib, var-dövlət yığırsa, deməli, o, əsl seyid deyil. Mənim xalam isə bütün ona gətirilənləri paylayır, ondan özünə heç bir şey götürmür.
Hansı seyid sərvət toplayırsa, deməli, o “moşennik”dir.
– Atanız dindar olmayıb. Evdə spirtli içki içilirdimi?
– Yox, heç vaxt mən onun nə siqaret çəkdiyini, nə də içki içdiyini, görmüşəm.
– Bəs siz özünüz spirtli içki içmisiniz?
– Açıq danışacam. Hə, içmişəm. Amma içkiyə meylim yoxdur. Bəzi məclislərdə içirdim. Bunlar cəmi 3, ya da 4 dəfə olub. İçkiyə təbii meylim olmayıb.
– Naxçıvanda Aşura günü qeyd olunanda siz də dini mərasimlərə qatılıb sinə döyərdinizmi?
– Mən uşaq olanda yadıma gələrdi ki, şəbehlər oynanardı. Yəni, Kərbəla faciəsini teatr şəklində göstərirdilər. Amma mən heç zaman məhərrəmliklərdə gedib şəbehlərə tamaşa etməmişəm.
– Ümumiyyətlə, məhərrəmlik islam dininə məxsus bir aydırmı?
– Xeyr. Məhərrəmlik xristianlıqdan götürülmüş bir adətdir.
– Bu iddianızı necə əsaslandırardınız?
– Xristianlar İncili təhrif ediblər. Bəzi xristianlar İsa peyğəmbərin çarmıxa çəkilməsini dəhşətli ağlaşma və özlərinə əzab verməklə qeyd edirlər. Hətta bəziləri özlərini İsa peyğəmbər kimi çarmıxa çəkirlər.
Bizdə də şiələr başlarını yararaq qan çıxarırlar. Halbuki, imam Hüseynin başını kəsiblər. Onda kim ki özünü ona oxşatmaq istəyir, başını kəsməlidir. Xristianlıq islamdan əvvəl olduğuna görə biz deyə bilmərik ki, onlar öz adətlərini məhərrəmlikdən götürüblər. Deməli, məhərrəmlik xristianlığın bəzi qollarından götürülüb. Ümumiyyətlə, şiəlik, xristianlığın, sünnilik isə yəhudiliyin islam dininə tətbiqidir.
– Yəqin ki, həcc ziyarətinə getməmisiniz.
– Yox. Bizim ailədən artıq 3 nəfər həccə gedib gəlib. Onlar böyük bacım, qardaşım Qurban Məmmədov və məndən kiçik bacımdır. Həccə getmək turist səfəri deyil ki.
– Turist səfəri demişkən, belə bir sual verim: bir dəfə həccə getmək kifayətdirmi?
– “Quran”da aşağı hədd bir dəfədir. Amma yuxarı həddlə bağlı məhdudiyyət yoxdur. Ancaq Allah başqa bir ayədə buyurur ki, israf etmək günahdır. Bir dəfə gedib Kəbəni gördün gəldin, adama deyərlər ki, ikinci dəfə niyə gedirsən? Məqsəd Kəbəni görməkdirsə, bir dəfə görmüsən də. Kəbə dəyişmir ki? Həccə hər dəfə gedəndə aşağısı 5 min dollar pul xərclənir. Amma bu pul Allahın əmr etdiyi savab işlərə xərclənsə, daha yaxşı olar. Yəni, qısası, bir neçə dəfə həccə getmək izafdan başqa bir şey deyil. Bu qədər yetimlər, yolsuz kəndlər, kasıblar var. Bunların hamısına kömək etmək ikinci dəfə həccə getməkdən çox-çox vacibdir.
– Bəziləri də həccə gedib-gələndən sonra məişət dili ilə desək, min oyundan çıxırlar. Dələduzluq, başqasının haqqını yemə, içki içmək və s. kimi əməllər.
– Allah deyir ki, mən “Quran”ı kafirlərin qəlbinə zorla yeridirəm. Bu, o deməkdir ki, ürəyində “Quran”la bağlı məlumatları olan kifayət qədər kafirlər var. Siz dediyiniz adamlar kafirlərin ən pisidir. Həccə gedən bir adamın günah etməsi bir peyğəmbərin günah etməsi kimidir. Onun cəzası ikiqat artıqdır.
– Qardaşınız Qurban Məmmədov da həccə gedib. O da dindardır, siz də. Amma ikiniz arasındakı münasibətlər çox soyuqdur, hələ də aranızdakı “buzlar” əriməyib. Hər hansı dini bir bayramda, məsələn, Ramazanda barışa bilərdisinizmi?
– Allah “Quran”da deyir ki, haqqın üzə çıxması üçün atanızın da əleyhinə olsa, şahidlik edin. Deyir ki, ata-ananıza itaət edin, amma onlardan hansısa, ya da hər ikisi Allaha şərik qoşsa, onlara itaətdən əl çəkin. Bu o deməkdir ki, bir adam qohumdursa, o adamın mənfi keyfiyyətlərinə göz yumub, onunla qohumluğu davam etdirməlisən. Kiminsə mənim qardaşım olmağı, məsələni həll etmir. Əsas nöqtə bizim düz, ədalətli hesab etdiyimiz məsələlər ətrafında yaranan fikir ayrılığıdır.
Mənimlə Qurban Məmmədovun fikirləri üst-üstə düşmür. Məsələn, bu adam Əli Kərimlini müxalifətçi, siyasətçi hesab edir. Mən isə Əli Kərimlini müxalifətdə olan, çox yarıtmaz biri hesab edirəm.
– Bu fikir ayrılığına görə qardaşların küsməsinə dəyərmi?
– Mən küsməmişəm. Amma məsafə saxlayıram. Mən Qurban Məmmədovun pis hərəkətlərinə yoluxmamaq üçün onunla məsafə saxlayıram. Bunun nəyi pisdir ki?!
– Təriqətlərə inanmadığınızı deyirsiniz. Amma namaz qılanların çoxu təriqətlərin izah etdiyi metodologiya əsasında ibadət edirlər. Siz hansına yaxınsınız?
– Şiələr əsr namazı ilə zöhr namazını birləşdirirlər. Hələ müsəlmanlar namazın mənasının nə olduğunu dərk etmir. Ayətullahlar namazın mənasını “Fatihə” surəsi ilə eyniləşdirir. Halbuki, “Fatihə” surəsinin mahiyyəti namazın mənası deyil. Şiələr namazın mənasını nə olduğunu bilmədiyinə görə iki namazı birləşdirirlər. Bəzi şiə alimləri isə oyun oynayır, əlavə sözlər gətirirlər. Həzrəti Əli ilə bağlı namaza gətirilən məsələ yanlışdır. Möhürlə namaz qılmaq “Quran”a ziddir. İstənilən ayətullalarla mən debata hazıram. Hamısı ilə televiziyada mübahisəyə edərəm və onlara sübut edərəm ki, namazla bağlı dedikləri yanlışdır. Allah deyir ki, düz yol onun əmrlərinin düzgün icrasıdır. Şiələr deyir ki, zöhr namazından bir qədər sonra əsr namazı başlayır.
Əsr vaxtı kiminsə şəxsi istəyi ilə təyin olunan bir məsələ deyil. Bu, kainatın idarə olunması ilə müəyyən edilən bir vaxtdır ki, buna da əsr deyərlər.
“Quran”da Allah özü əsrə and içir. Bu o deməkdir ki, bunda Allahın elə bir sifəti var ki, burada mütləq əhəmiyyətlilik var. “Quran”da deyilir: “And olsun əsr vaxtına”. Şiələr isə əsr vaxtını gətirib zöhr vaxtı ilə birləşdirirlər. Bu nə deməkdir axı?!
– Ətraflı izah idi. Amma mən sualıma cavab tapa bilmədim. Bir daha sual edirəm: Siz özünüz necə namaz qılırsınız?
– Möhürlə namaz qılmıram. İqamədə və azanda imam Əlinin adını çəkmirəm. Çünki bu, “Quran”da buyurulmayıb. Mən 5 dəfə namaz qılıram.
– Yəni, Azərbaycanda və islam dünyasında namazı düzgün izah edən bir alim olmadığı qənaətindəsiniz?
– Bəli. Azərbaycanda elə bir alim yoxdur. Baxın, şiələrin müəllimi imam Cəfərdir. Sünnilərin isə əsas alimi imam Qəzzali ilə imam Rəbbanidir. Bu alimlər orta əsr alimləridir. Allah buyurub ki, hər şeyi dərəcələyəndir. Yəni, hər dövrün bir insanı var. İndi bunlara sual vermək lazımdır: Siz bu camaatı orta əsr aliminin sözləri ilə niyə aldadırsınız?
– Keçək övladlarınıza. Onlar da ibadət edirmi?
– Xaricdə yaşayan böyük oğlum namaz qılır. Kiçik oğlum da dindardır. Lakin ortancıl oğlumla qızım namaz qılmır.
– Onlar şiə-sünni namazına fərq qoyurlarmı, yoxsa, sizin kimi heç bir təriqəti sevmirlər?
– Vallah, onu deyə bilmərəm. Mən bu məsələdə heç onların işinə qarışmıram.
– Azərbaycandan bəzi vətəndaşlar İŞİD və digər ekstremist təşkilatların tərkibində döyüşür. Onları buna nə vadar edir?
– Zorakılıqla insanı Allaha inandırmaq istəyənlər, əslində şeytana xidmət edənlərdir. İŞİD-in hərəkətləri İslama qarşı bir aqressiya formalaşdırır. O ki, qaldı, Azərbaycandan İŞİD-ə qoşulanlara, bunun əslində dərin tarixi kökləri var. Əvvəla, deyim ki, İŞİD ideologiyasının vətəni elə Azərbaycan özü olub. İlk dəfə İŞİD ideologiyası 9 əsr bundan qabaq Azərbaycan ərazisində yaranıb. Yəni, İslamın zorakılıqla birləşdirilməsi ideyasının əsası Azərbaycanda qoyulub.
Nizam əl-Mülkün vaxtında Misirdə indiki baş nazir vəzifəsini icra edən Həsən Səbbah ölüm cəzasına məhkum olunur. Lakin sonradan onun ölüm cəzası dəyişdirilib və o sürgün edilib. Həsən Səbbah Təbriz yaxınlığındakı Ələmut qalasında yerləşib. O, özünə tərəfdarlar yığıb. Bu gün İŞİD-in törətdiyi əməllərdən fərqlənməyən hərəkətlərlə yadda qalan “Haşhaşilər” təriqətini yaradıb. “Haşhaşilər”in işləri görkəmli adamları, imperatorları öldürmək, Avropada krallara qarşı terror aktı törətməkdən ibarət olub.
Onlar Nizam-əl-Mülkü də öldürüblər. Onlar elm adamlarını da hədəfə alıblar, bununla da bir xof yaradıblar. Eyni zamanda Həsən Səbbah tabeliyində olanlara “get özünü qaydan at” desəymiş, onlar bunu o saat icra edərdilər. Bu gün İŞİD-in lideri Əl-Bağdadi Həsən Sabbahın ideyasını tam mənimsəmiş bir adamdır.
İŞİD ideyası Azərbaycan tarixində Həsən Sabbahdan sonra iki dəfə də üzə çıxıb. Bunun bir qədər dəyişilmiş forması Babəkin rəhbərlik etdiyi Xürrəmilik hərəkatında öz əksini tapıb. Babəkin hərəkatı İslam dininə qarşı zorakılıqla müşahidə olunub. Bir də camaata qarşı Koroğlu hərəkatı zorakılıqlar edib. Həsən Sabbah, Babək, Koroğlu Azərbaycan ərazilərində olublar və onların ideologiyası bu günkü İŞİD-in ideologiyası ilə eynidir.
İŞİD ideologiyasının dünyaya yayılması Dəccal hərəkatıdır.
– Dini araşdırırsınız. Belə bir sual verim: Dəccal harada peyda olacaq?
– Misir alimləri müəyyənləşdiriblər ki, Dəccal Azərbaycan ərazisində peyda olacaq.
– Sərdar bəy, müdaxilə edəcəyəm. Misir alimlərinin fikirlərini yekun dini rəy hesab etmək nə dərəcədə doğrudur?
– Mən Misir alimlərinin qənaətini ona görə təsdiq edirəm ki, bunun 3 nümunəsi Azərbaycanda olub. Həsən Sabbah niyə məhz Azərbaycana gəlmişdi? Çünki onun ideyasının ayaq tutub yeriməsi, yayılması üçün şərtlər məzh Azərbaycanda idi. Babək İslam tarixində yeganə şəxs olub ki, özü müsəlman ola-olan İslam dininə qarşı mübarizə aparıb.
– Sərdar bəy, içində islam dininin təəssübünü çəkənlər niyə Babəkə qarşı belə aqressiya nümayiş etdirir? Sizin bu fikriniz də aqressiyadan irəli gəlir, yoxsa əlinizdə konkret tarixi faktlar var?
– Bizdə tarix təhrif edilir, Babək qəhrəman kimi təqdim olunur. Xürrəmi hərəkatı Hindistan, Pakistan, Əfqanıstanı əhatə edən bir təriqət olub. Bu təriqətin əsas mahiyyəti atəşpərəstliklə buddizmi İslama tətbiq etmək olub. Xürrəmilər atəşpərəstlikdən kef çəkməyi, buddizmdən isə ruhun keçməsi ilə təlimi əxz ediblər. Babəkin, Azərbaycan xalqına, Azərbaycan tarixinə heç bir aidiyyatı yoxdur.
– Nəticə etibarı ilə, Babək yadelli işğalçılara qarşı mübarizə aparırdı, bunun hansı təlimdən nəyisə əxz etməyə nə aidiyyatı var?
– Babək yadellilərə qarşı mübarizə aparmayıb. Babəkin əsl adı Babok Hasandır. Azərbaycan tarixində Babok adlı bir şəxs olmayıb. Bu gün puştuların içərisində çoxunun ad Babokdur. Babək Pakistan mənşəlidir.
Siz sual verin ki, ərəblər Babəki necə tutdular? Babək Bəzz qalasında qalırdı və ordan çıxmırdı. Babəkin dəstəsi ərəb qoşunlarına gecələr hücumlar təşkil edir, qarətlərə yol verirdilər. Bir dəfə isə gündüz vaxtı ərəb qoşunlar ilə açıq döyüşə girirlər. Bununla da, məğlub olurlar. Babək məğlub olandan sonra axşam qaçıb Bəzz qalasına gəlir. Görür ki, bunu tutacaqlar. Erməni arvadını götürüb qaçır arvadının dayısı olan Səhl Sumbatın olduğu əraziyə. Sumbat eşitmişdi ki, ərəb xəlifəsi Babəkin başına 2 milyon dirhəm pul qoyub. Ona görə də Səhl Sumbat Babəki ərəblərə verir. Babəki aparırlar Samaraya.
Xəlifə deyir ki, Babək çoxlu sayda günahsız müsəlmanın qanına bais olduğuna görə onun qolları kəsilməlidir. Çünki, bu, “Quran”da da belə buyurulur. Cəllad Babəkin kəsilmiş qolunu götürüb onu sifətinə döyəcləyir. Babəkin üzü, üst-başı tamam qana boyanır. Bunu bizim tarixdə necə düzəldiblər?! Babək guya öz qanını üzünü sürtür. Bu qədər tarixi saxtalaşdırmaq olmaz axı?
– İstər “Quran”a istinad edilsin, istərsə də, başqa bir kitaba. Nəticədə o cür öldürmək işgəncədən başqa bir şey deyil. Maraqlıdır, bu işgəncəyə necə haqq qazandırırsınız?
– Allah deyir ki, zülmə məruz qalanların qisas alması ədalətdir. Məsələ, sən məni vurursansa, mən niyə bunu cavabsız qoymalıyam?! Allah deyir ki, kim zülmə dözürsə, onun özü zülmkardır.
– Fikirləriniz təzadlara yol açır. Babək özü də ərəb zülmünə qarşı döyüşmürdümü?
– Babəkin vaxtında Azərbaycan müsəlman idi. Hətta Babək özü müsəlman ola-ola təriqət də yaratmışdı. Babəkin vaxtında ərəblər Azərbaycana gəlməyib. Babək o zaman mübarizə aparmış olar ki, ərəblər ilk dəfə Azərbaycan gəlsin. Müsəlman ola-ola Babək İslamın yayılmasına qarşı niyə mübarizə aparırdı?
– Dinlə elm arasında daim bir mübarizə müşahidə olunur. Amma dinlə elmin bir-birindən ayrı olmadığı qənaətində olanlar da var. Bu iki sahə vəhdətdədirmi?
– İki cür elm var: “Quran”la uzlaşan elmlər və “Quran”la uzlaşmayan elmlər. Uzlaşanlar həqiqi elmlərdir. Uzlaşmayanlar isə yalançı elmdir.
Darvinin təkamül nəzəriyyəsi, Lomonosovun enerjinin saxlanması qanunu, Eynşteynin nisbilik nəzəriyyəsi yalandır. Özü də bunların hamısı fundamental yalanlardır. Darvinin təkamül nəzəriyyəsini axmaqlardan başqa heç kim müdafiə etmir.
– Amma dünyanın aparıcı alimləri Darvinin nəzəriyyəsinə istinad edir.
– Darvinin nəzəriyyəsi xurafatdan başqa bir şey deyil. Bunu elm də, fəlsəfə də sübut edir. Darvin insanın meymun oxşamasını əsas gətirərək iddia edir ki, insanın əcdadı meymun olub. Fəlsəfə deyir ki, oxşarlıq təşkil edən şeylər bir-birinə keçə bilməz. Məsələn, bir var insanın şəkli, bir də var insanın özü. Halbuki, həmin insanın özünü heç cür şəkilə çevirmək olmaz. Oxşarlıq eynilik deyil, oxşarlıq keçid demək deyil.
– Donuz əti niyə “Quran”da haram buyurulur?
– Allah deyir ki, o insanların bəzilərini meymuna və donuza çevirib. Deməli, Allah deyir ki, meymunların bəzi növləri insandan əmələ gəlib. Bu, həm də o deməkdir ki, insan varlığı iki yerə parçalanıb, onun bir formasından meymun, bir formasından isə donuz yaranıb. Yəni, insanın mahiyyəti bu heyvanlara keçib. Donuzun İslamda yeyilməsinin qadağan olunmasının səbəbi də budur. Donuz insandan əmələ gəlib. Kim ki, donuz əti yeyirsə, deməli, o, insan əti yeyir.
– Azərbaycanda bir çox ilahiyyatçıları, məsələn Hacı Şahin Həsənlinin, Hacı Taleh Bağırzadənin, Hacı Qamət Süleymanovun və digərlərinin çoxlu sayda tərəfdarları var. Sizcə onlar İslam dinini düzgün təbliğ edirlərmi?
– Müsəlmanların indi bu günə düşməsinin səbəbi odur ki, İslam dinində alim yoxdur. Hacı Şahin Həsənli, Hacı Taleh Bağırzadə və Hacı Qamət “Quran”ı tam və mükəmməl şəkildə bilmədiyinə görə, o alimlərin hamısı İslamı düz təbliğ etmirlər.
– Ölkədə dini sahələrə səlahiyyət bölgüsünə dair Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə Qafqaz Müsəlmanları İdarəsi arasında gizli rəqabətin olduğu iddia olunur. Sizcə, onların hansı daha geniş səlahiyyətə malik olmalıdır?
– Qafqaz Müsəlmanları İdarəsinin İslam dini ilə yaxından-uzqdan bir əlaqəsi yoxdur. İslam dinində bu cür idarənin olması ilə bağlı heç bir şey yoxdur. Heç Məhəmməd peyğəmbərin hədislərində də belə bir şey buyurulmayıb. Nə də dünyanın hansısa bir müsəlman ölkəsində belə bir qurum var. Dini Komitə isə rəsmi qurumdur. Bu qurum dinlə dövlət arasındakı münasibətləri tənzimləyir, arada olan problemləri yoluna qoyur. Amma Qafqaz Müsəlmanları İdarəsi kimi bir qurumun olması isə İslam dininin şərtlərinə uyğun deyil.
Qafqaz Müsəlmanları İdarəsi dini, xalqı hökumətə xidmət edən bir alətə çevirib. Halbuki, Allah buyurur ki, bu din yalnız ona xidmət edilməsi üçün insanlara göndərilib. Qafqaz Müsəlmanları İdarəsi insanları hökumətə itaətə çağırırsa, bu o deməkdir, ki, həmin idarə “Quran”ın tələblərinə zidd hərəkətlər edir. Allahdan başqa nəyəsə itaət etməyə çağırmaq Allahın əleyhinə olmaqdır.
– Ateistlərə, dinə inanmayanlara münasibətiniz necədir? Onlar rasionaldırmı?
-Sizin vasitənizlə çağırış edirəm: Azərbaycanda istənilən bir ateistlə televiziyada debat keçirək, o mənə ateizmin bir dənə elmi əsasını gətirsin, mən siyasətdən də, elmdən də gedəcəyəm və namazı tərgidəcəyəm. Elmi ateizmin ən görkəmli akademiki ilə də müzakirəyə hazıram.
Ateizm sofistika üzərində qurulan bir düşüncədir. Yəni zahirən ağıllı görünür, lakin mahiyyət etibarı ilə yalandır. Mən ateistlərin bütün arqumentlərinin yalan olduğunu sübut edərəm.
– Ateistlər, dini leksikonla desək, kafirlər o biri dünyada cəhənnəmə düşəcəklərmi?
– Ateistlərin o biri dünyada cəza alacağı şəksiz və şübhəsizdir.
Milli.Az
Comments are closed, but trackbacks and pingbacks are open.