Press "Enter" to skip to content

MƏYİN MÜHAFİZƏSİ

Maddə 33. Əməyin mühafizəsi tələblərinə uyğun gəlməyən istehsalat təyinatlı məhsulun

Əməyin mühafizəsi

Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı (Dərc olunma tarixi: 30-11-1992, Nəşr nömrəsi: 22, Maddə nömrəsi: 945)

QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX

Əməyin mühafizəsi haqqında [1]

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Bu Qanun işləyənlərin əməyinin mühafizəsi hüququnun həyata keçirilməsini təmin etməyə yönəldilmişdir, respublikada əməyin mühafizəsi işinin təşkilinin vahid qaydasını müəyyən edir və tabeliyindən, mülkiyyət formasından və təsərrüfat fəaliyyətindən asılı olmayaraq bütün nazirliklərə, baş idarələrə, korporasiyalara, konsernlərə, assosiasiyalara, birliklərə, müəssisələrə, idarələrə, təşkilatlara, kooperativlərə, kolxozlara, sovxozlara, fermer təsərrüfatlarına və başqa təsərrüfat idarəetmə orqanlarına * şamil edilir.

ÜMUMİ MÜDDƏALAR

Maddə 1. Əməyin mühafizəsi anlayışı

Əməyin mühafizəsi müvafiq qanunvericilik aktları və digər normativ aktlar əsasında fəaliyyət göstərən sosial-iqtisadi, təşkilati, texniki, sanitariya-gigiyena və müalicə-profilaktik tədbirlərin və vasitələrin elə bir sistemidir ki, əmək fəaliyyəti prosesində insanın təhlükəsizliyini, sağlamlığının və iş qabiliyyətinin qorunmasını təmin edir.

Maddə 2. Əməyin mühafizəsi hüququ

Azərbaycan Respublikasının vətəndaşları və xarici vətəndaşlar respublikanın bütün ərazisində əmək fəaliyyəti prosesində əməyin mühafizəsi, həyatın və sağlamlığın qorunması hüququna malikdirlər.

Maddə 3. Əməyin mühafizəsi haqqında qanunvericilik

Əməyin mühafizəsi haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Naxçıvan Muxtar Respublikasının Konstitusiyasından, bu Qanundan, Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının digər qanunvericilik aktlarınn və bunlara müvafiq surətdə qəbul edilən normativ aktlardan, Azərbaycan Respublikasının təsdiqlədiyi beynəlxalq normativ-hüquq aktlarından və dövlətlərarası müqavilələrdən ibarətdir.

Bundan sonra “müəssisələr və təşkilatlar adlandırılacaq.

İşçilərin əməyinin mühafizəsi hüququ üçün başqa qanunvericilik aktlarında müəyyən edilmiş təminatlar bu Qanunda nəzərdə tutulmuş müvafiq təminatlardan aşağı olmamalıdır. Bu Qanuna zidd olan aktlar etibarsız sayılır.

Əməyin mühafizəsi üzrə qanunlar, standartlar, normalar, qaydalar, təlimatlar bütün müəssisələr və təşkilatlar, onların vəzifəli şəxsləri, işverənlər və işçilər üçün məcburidir.

Maddə 4. Əməyin mühafizəsi haqqında qanunvericiliyin qüvvəsi

Əməyin mühafizəsi haqqında qanunvericiliyin qüvvəsi müxtəlif mülkiyyət və təsərrüfatçılıq formalarına məxsus müəssisələr, idarələr və təşkilatlar ilə, o cümlədən ayrı-ayrı işçitutanlarla əmək münasibətlərində olan bütün işçilərə; kooperativlərin üzvlərinə, istehsalat təcrübəsi keçən ali, orta ixtisas, texniki peşə və ümumtəhsil məktəblərinin tələbə və şagirdlərinə, müəssisələrdə işə cəlb edilən hərbi qulluqçulara, məhkəmənin hökmü ilə cəza çəkən şəxslərə— onlar islah-əmək müəssisələrində və ya hökmlərin icrasını həyata keçirən orqanların müəyyənləşdirdiyi müəssisələrdə işlədikləri dövrdə, həmçinin cəmiyyətin və dövlətin mənafeyi naminə təşkil olunan əmək fəaliyyətinin digər növlərinin iştirakçılarına şamil edilir.

Maddə 5. Əməyin mühafizəsi sahəsində dövlət siyasətinin əsas prinsipdən

Öz hakimiyyət və idarəetmə orqanlarının simasında Azərbaycan Respublikası həmkarlar ittifaqlarının və zəhmətkeşlərin, sahibkarların digər nümayəndəli təşkilatlarının iştirakı ilə əməyin mühafizəsi sahəsində dövlət siyasətini hazırlayır, həyata keçirir, vaxtaşırı dəyişdirir və bu zaman aşağıdakı prinsiplərə əsaslanır:

bütün qanunvericilik, icra hakimiyyəti orqanlarının, nəzarətçi idarəetmə orqanlarının, nazirliklərin, baş idarələrin, xidmətlərin, yerli özünüidarə orqanlarının, müəssisələrin və təşkilatların əmək şəraitinin və əməyin mühafizəsinin yaxşılaşdırılmasına, istehsalat zədələrinin və peşə xəstəliklərinin qarşısının alınmasına yönəldilmiş fəaliyyət birliyi;

işçinin həyat və sağlamlığının müəssisənin istehsal fəaliyyətinin nəticələrindən üstün tutulması;

əməyin mühafizəsi sahəsində fəaliyyətin iqtisadi və sosial siyasətin digər istiqamətləri ilə, ətraf mühitin mühafizəsi sahəsində fəaliyyətlə əlaqələndirilməsi;

mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq bütün müəssisələr və təşkilatlar üçün əməyin mühafizəsi sahəsində vahid tələblərin müəyyən edilməsi;

əməyin mühafizəsi tələblərinin bütün müəssisələrdə və təşkilatlarda yerinə yetirilməsinə müstəqil və səmərəli nəzarətin həyata keçirilməsi;

əməyin mühafizəsi sahəsində elm və texnika nailiyyətlərindən, qabaqcıl təcrübədən, o cümlədən xarici ölkələrin nailiyyətlərindən və təcrübəsindən geniş istifadə edilməsi, təhlükəsiz texnikanın və texnologiyanın, işləyənləri mühafizə vasitələrinin hazırlanmasının və tətbiqinin həvəsləndirilməsi;

müəssisələrdə və təşkilatlarda sağlam və təhlükəsiz əmək şəraiti yaradılmasına kömək göstərən vergi siyasətinin yeridilməsi;

əməyin mühafizəsinin maliyyələşdirilməsində dövlətin iştirakı;

işçilərin xüsusi geyim və ayaqqabı, digər fərdi mühafizə vasitələri ilə, müalicə-profilaktik yeməklə pulsuz təmin edilməsi;

ali və orta ixtisas məktəblərində əməyin mühafizəsi üzrə mütəxəssislərin hazırlanması;

istehsalatda baş vermiş hər bir bədbəxt hadisənin, peşə xəstəliyinin hökmən təhqiq edilməsi, uçota alınması və təhlil edilməsi və bunun əsasında istehsalatda zədələnmələrin və peşə xəstəliklərinin səviyyələri barədə əhaliyə məlumat verilməsi;

istehsalatda bədbəxt hadisələrdən zərər çəkmiş və ya peşə xəstəliklərinə tutulmuş işçilərin mənafelərinin sosial müdafiəsi;

həmkarlar ittifaqlarının, digər ictimai təşkilatların, müəssisələrin və ayrı-ayrı şəxslərin əməyin mühafizəsini təmin etməyə yönəldilmiş fəaliyyətinə hərtərəfli yardım olunması;

əməyin mühafizəsi məsələlərinin həllində beynəlxalq əməkdaşlıq.

Maddə 6. Əməyin mühafizəsi problemlərinə dair qərarların hazırlanmasında və qəbul

edilməsində ictimai təşkilatların iştirakı

Müəssisələr, mütəxəssislər, vətəndaşlar əməyin mühafizəsi problemlərini həll etmək üçün birləşərək Azərbaycan Respublikasının ictimai təşkilatlar haqqında qanunvericiliyinə müvafiq surətdə fəaliyyət göstərən ictimai təşkilatlar yarada bilərlər.

Dövlət və təsərrüfat idarəetmə orqanlarını, nəzarət orqanları, habelə müəssisələr bu təşkilatlara hərtərəfli kömək göstərir və əmək mühafizəsinin təmin edilməsi məsələlərinə dair qərarları işləyərkən və qəbul edərkən onların təkliflərini və tövsiyələrini nəzərə alır.

Maddə 7. Beynəlxalq müqavilələr və sazişlər yerinə yetirilərkən əməyin mühafizəsi

Azərbaycan Respublikasının müəssisələri və vətəndaşları beynəlxalq müqavilələr və sazişlər əsasında xaricdə işləyərkən əməyin mühafizəsi üzrə tələblər müəyyən edilməyibsə, bu müqavilələrdə və sazişlərdə nəzərdə tutulmuş tələblər tətbiq edilir.

Azərbaycan Respublikasının müəssisələrində işləyən xarici vətəndaşların əməyinin mühafizəsi sahəsində münasibətlərin tənzimlənməsi xüsusiyyətləri əlaqədar tərəflərin razılığına əsasən müəyyən edilir.

ƏMƏYİN MÜHAFİZƏSİNİN TƏŞKİLATİ-TEXNİKİ VƏ MALİYYƏ TƏMİNATI

Maddə 8. Əməyin mühafizəsini dövlət idarəetməsi

Respublikada əməyin mühafizəsini dövlət idarəetməsini Azərbaycan Respublikasının Nazirlər Kabineti, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti, yerli hakimiyyət orqanları, habelə xüsusi səlahiyyət verilmiş dövlət orqanları Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq sürətdə həyata keçirirlər.

Azərbaycan Respublikasının hökuməti:

əməyin mühafizəsi sahəsində vahid dövlət siyasətini hazırlayır və həyata keçirir, əmək şəraitini yaxşılaşdırmaq və əməyin mühafizəsini təmin etmək sahəsində nazirliklərin, baş idarələrin, konsernlərin, assosiasiyaların, birliklərin, müəssisələrin, təşkilatların, kooperativlərin, yerli özünüidarə orqanlarının və digər orqanların vəzifələrini müəyyənləşdirir, sağlam və təhlükəsiz əmək şəraitini təmin etmək sahəsində onların fəaliyyətini əlaqələndirir və ona nəzarət edir;

həmkarlar ittifaqlarının və zəhmətkeşlərin, sahibkarların digər nümayəndəli təşkilatlarının iştirakı ilə əmək şəraitinin və əməyin mühafizəsinin yaxşılaşdırılmasına dair proqramlar işləyib hazırlayır və onların yerinə yetirilməsini təşkil edir;

əməyin mühafizəsi və təhlükəsizlik texnikası haqqında qanunvericiliyə əməl edilməsinə nəzarət edən xüsusi dövlət orqanlarının və müfəttişliklərinin əsasnamələrini təsdiq edir;

əməyin mühafizəsi vasitələrinin istehsalı barəsində müəssisələrə dövlət sifarişini müəyyən edir, bu vasitələrin hazırlanması və yaradılması üzrə müəssisələr, o cümlədən birgə müəssisələr, konsernlər, elmi-texniki komplekslər, firmalar və sairə yaradılmasına dair qərarlar qəbul edir;

əməyin mühafizəsi sahəsində elmi tədqiqat işini təşkil edir və əlaqələndirir, milli proqram hazırlayıb həyata keçirir, bu işlərin maliyyələşdirilməsi qaydasını və şərtlərini müəyyən edir;

əməyin mühafizəsi üzrə mütəxəssislərin hazırlanmasını təşkil edir;

əməyin mühafizəsi məsələləri üzrə bütün müəssisələr üçün vahid dövlət statistika hesabatını müəyyən edir;

xüsusi səlahiyyət verilmiş orqanların vasitəsilə Azərbaycan Respublikasının xalq təsərrüfatı sahələrində potensial təhlükəli istehsalatlar üçün avadanlığın hazırlanmasına, istehsalına, quraşdırılmasına və istismarına, partlayış işlərinə lisenziya (icazə) verir.

Maddə 9. Azərbaycan Respublikası nazirliklərinin, baş idarələrinin, dövlət

konsernlərinin, assosiasiyalarının və birliklərinin səlahiyyəti

Nazirliklər, baş idarələr, dövlət konsernləri, assosiasiyaları və birlikləri:

sahə həmkarlar ittifaqlarının və zəhmətkeşlərin, sahibkarların digər nümayəndəli təşkilatlarının iştirakı ilə əməyin mühafizəsi sahəsində dövlət siyasətinin sahə səviyyəsində yeridilməsi üzrə fəaliyyətin əsas istiqamətlərini müəyyən edir və nəzərdə tutulan tədbirləri həyata keçirirlər;

əməyin mühafizəsi üzrə sahə standartlarını, normalarını; qaydalarını, təlimatlarını və başqa normativ aktları hazırlayır, istehsalat təyinatlı obyektlərin tikintisi və yenidən qurulması layihələrinin, yeni texnoloji proseslərin və avadanlığın təhlükəsizlik standartlarına, əməyin mühafizəsi və gigiyenası qaydalarına və normalarına uyğun olub-olmadığını müəyyənləşdirmək üçün onları ekspertizadan keçirirlər;

müəyyənləşdirilmiş qaydada müəssisələrin rəhbər işçilərinin, mütəxəssislərinin əməyin mühafizəsi normaları və qaydaları ilə bağlı təlimini və biliklərinin yoxlanılmasını təşkil edirlər;

əməyin mühafizəsi vəziyyətinə idarə daxili nəzarəti həyata keçirirlər;

lazım gəldikdə tabeliklərində olan müəssisələrdə əməyin təhlükəsizliyini təmin edən cihazların, qoruyucu vasitələrin və qurğuların istehsalını təşkil edirlər.

Maddə 10. İcra hakimiyyəti orqanlarının səlahiyyəti

Yerli icra hakimiyyəti orqanları:

əməyin mühafizəsi sahəsində dövlət siyasətinin tabeliklərində olan ərazidə həyata keçirilməsini təmin edirlər;

əməyin mühafizəsi haqqında qanunvericiliyə müəssisələrin müdiriyyəti, vəzifəli şəxslər tərəfindən əməl olunmasına nəzarət edir, qanunvericilik ilə müəyyənləşdirilmiş qaydada onların barəsində zəruri tədbirlər görürlər;

lazım gəldikdə regional problemlərin həlli və əməyin mühafizəsinin təmin edilməsində müəssisələrə yardım göstərilməsi üçün müəssisələrin pay iştirakı və digər vəsait hesabına əməyin mühafizəsi məqsədli fondunu yaradırlar.

Maddə 11. Müəssisə müdiriyyətinin vəzifələri

Müəssisənin müdiriyyəti, mülkiyyətçi, yaxud onun səlahiyyət verdiyi idarəetmə orqanı müəssisədə aşağıdakıları təmin edirlər:

əməyin mühafizəsi üzrə standartların, normaların və qaydaların bütün tələblərinə əməl edilməsi;

binaların, qurğuların, texnoloji proseslərin və avadanlığın təhlükəsizliyi;

rəhbər işçilərin və vəzifəli şəxslərin əməyin mühafizəsi məsələlərində vəzifə və məsuliyyətinin müəyyən edilməsi;

hər bir iş yerində sanitariya-gigiyena şəraitinin və əməyin mühafizəsinin qüvvədə olan normativlərə uyğunlaşdırılması;

işləyənlərə lazımi sanitariya-məişət və müalicə-profilaktik xidmətinin təşkili;

əmək şəraiti xüsusilə zərərli olan istehsalatlarda işçilərə təsdiq edilmiş siyahıya müvafiq surətdə pulsuz müalicə-profilaktik yemək verilməsi;

optimal əmək və istirahət rejiminə riayət edilməsi;

işçilərə müəyyən edilmiş müddətlərdə və tələb olunan çeşidlərdə pulsuz xüsusi geyim, xüsusi ayaqqabı və digər fərdi mühafizə vasitələrinin verilməsi;

işçilərin əməyin mühafizəsi normaları və qaydaları ilə bağlı təhsili, təlimatlandırılması, biliklərinin yoxlanılması, əməyin mühafizəsinin təbliği;

kollektiv müqavilədə (sazişdə) nəzərdə tutulmuş öhdəliklərin yerinə yetirilməsi;

Statistika, orqanlarının həmkarlar ittifaqları ilə birlikdə müəyyən etdikləri müddətdə və şəkildə əməyin mühafizəsi şəraiti və onun qüvvədə olan normalara uyğunlaşdırılması üçün görülən işin nəticələri haqqında statistika hesabatının təqdim edilməsi.

Maddə 12. İşçilərin vəzifələri

Müəssisələrin və təşkilatların işçilərinin vəzifələrinə aşağıdakılar daxildir:

əməyin mühafizəsi üzrə müvafiq normativ aktlarda nəzərdə tutulmuş əməyin təhlükəsizliyi, əməyin gigiyenası və yanğına qarşı mühafizə tələblərini öyrənmək, mənimsəmək və onlara əməl etmək;

əmək qabiliyyəti özünü və başqa işçiləri təhlükəyə məruz qoymayacağı vəziyyətdə işə başlamaq;

verilmiş xüsusi geyimdə və ayaqqabıda işləmək, texnoloji prosesdə, əməyin mühafizəsi üzrə normalarda, qaydalarda və təlimatlarda nəzərdə tutulmuş fərdi və kollektiv mühafizə vasitələrindən istifadə etmək;

əməyin mühafizəsi qaydalarının bütün pozuntuları haqqında, həmçinin baş vermiş qəzalar və bədbəxt hadisələr haqqında müdiriyyətin nümayəndələrinə vaxtında məlumat vermək.

Maddə 13. Müəssisələrin və obyektlərin layihələşdirilməsi, tikintisi və istismarı zamanı

əməyin mühafizəsi tələblərinin təmin edilməsi

Azərbaycan Respublikasında qüvvədə olan əməyin mühafizəsi standartlarının, qaydalarının və normalarının, təhlükəsizlik texnikasının tələblərinə uyğun gəlməyən istehsalat binalarının və qurğularının layihələşdirilməsinə, tikintisinə və yenidən qurulmasına, istehsal vasitələrinin hazırlanmasına və buraxılmasına,

texnologiyaların, o cümlədən xaricdən alınmış texnologiyaların tətbiqinə yol verilmir. Müəssisələrin və istehsal vasitələrinin layihələri dövlət ekspertizasından keçirilməli, istehsal vasitələrinin sınaq nümunələri isə əməyin mühafizəsi və təhlükəsizlik texnikası normalarının tələblərinə uyğunluğunun yoxlanması üçün dövlət sınaqlarından çıxarılmalıdır.

Yerli hakimiyyət orqanlarının, dövlət nəzarəti orqanlarının, həmkarlar ittifaqlarının tələbləri ilə sifarişçi və ya icraçı layihənin (nümunənin) əməyin mühafizəsi və təhlükəsizlik texnikası normalarının tələblərinə uyğunluğunu müəyyən etmək məqsədilə müvafiq təşkilatları və mütəxəssisləri cəlb etməklə öz hesabına müstəqil ekspertiza keçirilməsini təşkil etməlidirlər.

İnsanın sağlamlığına təsirini müəyyənləşdirmək məqsədilə texnoloji, yanğın-texniki, sanitariya-gigiyena, tibbi-bioloji ekspertizadan və qiymətləndirmənin digər növlərindən keçirilməmiş zərərli maddələrin, xammalın, materialların tətbiqini nəzərdə tutmaq qadağandır.

heç bir yeni və ya yenidən qurulmuş müəssisə, obyekt, istehsal vasitəsi müəyyən edilmiş qaydada verilən sertifikat-pasportu olmadan qəbul edilə və istismara buraxıla bilməz.

Yeni və yenidən qurulmuş istehsalat təyinatlı obyektləri dövlət nəzarəti orqanının, həmkarlar ittifaqları yanında texniki əmək müfəttişliyinin və müəssisənin həmkarlar ittifaqı komitəsinin icazəsi olmadan istismara buraxmağa yol verilmir.

Əməyin təhlükəsizliyi tələblərinə uyğun gəlməyən və işçilərin sağlamlığı, yaxud həyatı üçün təhlükə törədən müəssisələrin işi və ya istehsal vasitələrinin istismarı, onlar əməyin təhlükəsizliyi tələblərinə uyğunlaşdırılanadək respublika qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada səlahiyyətli orqanlar tərəfindən dayandırılmalıdır.

Maddə 14. Əməyin mühafizəsi üzrə mütəxəssislərin hazırlanması və işçilərin təlimi

Dövlət ali və orta ixtisas məktəblərində əməyin mühafizəsi üzrə mütəxəssislərin hazırlanmasını təmin edir. Ali və orta ixtisas məktəbləri müvafiq istehsalatın xüsusiyyətlərini nəzərə almaqla “Əməyin mühafizəsi” kursunu tələbələrin və şagirdlərin mütləq öyrənməsini təşkil etməlidirlər.

Müəssisələr və təşkilatlar bütün işləyənlərin əməyin mühafizəsi üzrə təlimi və ixtisasartırma sistemini təşkil etməlidirlər. Təlimin keçirilməsi qaydasını, müddətlərini və davamiyyətini müdiriyyət həmkarlar ittifaqı komitəsi ilə razılaşdırmaqla əməyin mühafizəsi üzrə qüvvədə olan qanunvericiliyə müvafiq surətdə müəyyən edir.

Müəssisələrin rəhbər işçiləri və mütəxəssisləri vəzifəyə təyin ediləndən sonra 3 ildə bir dəfədən az olmayaraq vaxtaşırı müvafiq institutlardakı ixtisasartırma kurslarında əməyin mühafizəsi üzrə lazımi həcmdə təlim keçməli, əməyin mühafizəsi normaları və qaydaları sahəsində biliklərini yoxlatmalıdırlar.

Müəssisələrin işçilərinin təliminin və ixtisasartırmasının bütün formalarında əməyin mühafizəsi üzrə təlim nəzərdə tutulmalıdır.

Maddə 15. Əməyin mühafizəsi tədbirlərinin maliyyələşdirilməsi

Əməyin mühafizəsi istər dövlət tərəfindən, istərsə də müəssisələrin və təşkilatların hesabına maliyyələşdirilir.

Müvafiq (respublika və yerli) büdcələrdə əməyin mühafizəsi üçün ayrıca sətirlə ayrılmış büdcə təxsisatından əməyin mühafizəsi üzrə elmi tədqiqat işlərinin maliyyələşdirilməsi, məqsədli dövlət və regional proqramlarının yerinə yetirilməsi, əməyin mühafizəsini idarəetmə orqanlarının saxlanması üçün istifadə olunur.

Müəssisənin müdiriyyəti hər il əmək şəraitindən və əməyin təhlükəsizliyi vəziyyətindən, zədələnmələrin və xəstələnmələrin səviyyəsindən asılı olaraq əməyin mühafizəsi üzrə tədbirlərin keçirilməsi üçün lazımi maliyyə vəsaiti və material ayırır. Bu vəsaitlərin başqa məqsədlərə sərf edilməsi qadağandır.

Əməyin mühafizəsi tədbirlərinin maliyyələşdirilməsi həcmi kollektiv müqavilədə (sazişdə) müəyyən edilir, həm də illik xərclərin miqdarı müəssisə işçilərinin əməyinin ödənilməsinə xərclənən vəsaitin məbləğinin iki faizindən az olmamalıdır.

Müəssisənin əldə etdiyi gəlir (mənfəət), həmçinin başqa mənbələr hesabına əməyin mühafizəsi fondu yaratmaq hüququ vardır.

Əməyin mühafizəsi fondları respublika səviyyəsində və yerli səviyyələrdə yaradıla bilər. Bu fondların yaradılması və xərclənməsi qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti respublika həmkarlar ittifaqları mərkəzinin və sahə həmkarlar ittifaqlarının iştirakı ilə müəyyən edir.

İşçilər əməyin mühafizəsi tədbirlərinin maliyyələşdirilməsi ilə bağlı heç bir xərc çəkmirlər.

Müəssisənin sağlam və təhlükəsiz əmək şəraiti yaratmağa yönəldilən vəsaitinə vergi qoyulmur.

Maddə 16. Müəssisələrdə, təşkilatlarda sağlam və təhlükəsiz əmək şəraitinin təmin

Müəssisələrdə, təşkilatlarda sağlam və təhlükəsiz əmək şəraitinin təmin olunması, təhlükəli və zərərli istehsalat amillərinə nəzarətin təşkil edilməsi və nəzarətin nəticələri haqqında əmək kollektivlərinə vaxtında məlumat verilməsi müdiriyyətə tapşırılır.

Müdiriyyət əmək şəraitinin yaxşılaşdırılmasına, əməyin mühafizəsinin təmin edilməsinə və işçilərin sağlamlığının qorunmasına yönəldilmiş perspektiv və illik tədbirlər planları hazırlayır və həyata keçirir.

Müdiriyyətin və işçilərin müəssisədə sağlam və təhlükəsiz əmək şəraitinin təmin edilməsi üzrə qarşılıqlı öhdəlikləri kollektiv müqavilədə (sazişdə) nəzərdə tutulur.

Əmək şəraiti zərərli və təhlükəli olan istehsalatlarda, həmçinin xüsusi temperatur şəraitində aparılan və ya çirklənmə ilə bağlı işlərdə çalışan işçilərə müəyyən edilmiş normalara müvafiq surətdə pulsuz xüsusi geyim, xüsusi ayaqqabı və digər fərdi mühafizə vasitələri, yuyucu və dezinfeksiyaedici materiallar verilir.

Müəssisə və təşkilatlar həmkarlar komitəsi ilə razılaşdırılmış müddətlərdə vaxtaşırı iş yerlərinin əməyin mühafizəsi normalarına və qaydalarına uyğunluğu üzrə attestasiyanı aparmalıdır. Attestasiyanın nəticələri barədə əmək kollektivinə məlumat verilir. Müdiriyyət iş yerləri attestasiyasının nəticələrinə əsasən onları əməyin mühafizəsi üzrə qüvvədə olan normativ aktlara uyğunlaşdırmaq üçün lazımi tədbirlər görməlidir.

Müdiriyyət işçilərə verilmiş xüsusi geyimin və ayaqqabının, digər fərdi mühafizə vasitələrinin saxlanılmasını, yuyulmasını, qurudulmasını, dezinfeksiyasını, deqazasiyasını, dezaktivizasiyasını və təmirini təmin etməlidir.

Müəssisənin müdiriyyəti qaynar sexlərin və sahələrin işçilərini qazlaşdırılmış duzlu su ilə təchiz etməlidir. Qazlaşdırılmış duzlu su ilə təchiz olunmalı sexləri və istehsal sahələrini sanitariya nəzarəti orqanları müəyyən edirlər.

Müəssisələrin, təşkilatların müdiriyyəti ilin soyuq və isti vaxtlarında açıq havada, yaxud qızdırılmayan qapalı binalarda və qaynar sexlərdə çalışan işçilərin isinməsi və istirahəti üçün otaqlar hazırlamalıdır. Qanunvericiliyə uyğun olaraq işçilərə isinmək və istirahət etmək üçün xüsusi fasilələr verilir və bu fasilələr iş vaxtına daxil edilir.

Maddə 17. Əməyin mühafizəsi xidmətləri

Əməyin mühafizəsi işinin təşkili və əməyin mühafizəsi üzrə qanunvericiliyə, normalara və qaydalara işçilər tərəfindən əməl edilməsinə nəzarətin həyata keçirilməsi üçün nazirliklərdə, baş idarələrdə, assosiasiyalarda, müəssisələrdə və təşkilatlarda əməyin mühafizəsi xidmətləri yaradılır.

İşçilərin sayı 50 nəfər və daha çox olan müəssisələrdə əməyin mühafizəsi üzrə xidmətlər yaradılır (mühəndis vəzifələri tətbiq edilir). İşçilərin sayı bundan az olan və əməyin mühafizəsi xidmətləri yaradılmayan müəssisələrdə bu vəzifələri həmin müəssisələrin rəhbərləri yerinə yetirirlər.

İşçilərin sayı 500 nəfərdən artıq olduqda müəssisənin rəhbərlərinin (baş mühəndisinin) başqa vəzifələrdən azad edilmiş əlavə müavini—əməyin mühafizəsi üzrə müavini vəzifəsi tətbiq edilir.

İşçilərin sayı 1000 nəfərdən artıq olan müəssisələrdə əməyin mühafizəsi xidmətinin tərkibində əməyin gigiyenası üzrə həkim vəzifəsi tətbiq edilir və sənaye-sanitariya laboratoriyası təşkil olunur.

Əməyin mühafizəsi xidməti müvafiq hazırlığı olan şəxslərdən təşkil edilir, öz statusuna görə nazirliyin, baş idarənin və digər idarəetmə orqanlarının, müəssisənin, təşkilatın əsas xidmətlərinə bərabər tutulur və onun rəhbərinə tabe olur.

Əməyin mühafizəsi xidmətləri mütəxəssislərinin hüququ var ki, əməyin mühafizəsi qaydalarına və normalarına bütün işçilərin əməl etməsinə nəzarət etsin, aşkara çıxarılmış pozuntuların aradan qaldırılması barədə struktur bölmələrin rəhbərlərinə icrası məcburi olan göstərişlər versin, habelə əməyin mühafizəsi haqqında qanunvericiliyi pozan şəxslərin məsuliyyətə cəlb edilməsi haqqında müəssisə və təşkilat rəhbərlərinə təqdimatlar versinlər.

Əməyin mühafizəsi xidmətlərinin mütəxəssisləri öz vəzifələrinə aid olmayan işlərin yerinə yetirilməsinə cəlb edilə bilməzlər və öz vəzifələrini düzgün və keyfiyyətli yerinə yetirməməyə görə qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

Əməyin mühafizəsi xidmətinin yenidən təşkili ilə bağlı məsələləri müəssisənin rəhbəri yuxarı təsərrüfat orqanı, əməyin mühafizəsi üzrə qanunvericiliyə əməl edilməsinə dövlət nəzarəti orqanları və həmkarlar ittifaqları yanında texniki əmək müfəttişliyi ilə razılaşdırmaqla həll edir.

Əməyin mühafizəsi xidməti yalnız müəssisənin, təşkilatın fəaliyyətinə xitam verildikdə ləğv edilir.

Maddə 18. Əməyin mühafizəsi vasitələrinin buraxılmasına müəssisələrin iqtisadi

marağının təmin edilməsi

İşçilərin kollektiv və fərdi mühafizə vasitələrinin, istehsalat mühitinə nəzarət cihazlarının və dozimetriya vasitələrinin yeni konstruksiyalarının yaradılması, mövcud konstruksiyalarının buraxılması və satılması müəssisələrin, elmi-tədqiqat və layihə-konstruktor təşkilatlarının əldə etdikləri mənfəətdən güzəştli vergi tutulmalıdır.

İŞÇİNİN ƏMƏYİN MÜHAFİZƏSİ HÜQUQUNUN HƏYATA

KEÇİRİLMƏSİ ÜÇÜN TƏMİNATLAR

Maddə 19. İşə qəbul zamanı əməyin mühafizəsi hüququna təminatlar

Əmək müqaviləsinin və bağlaşmasının şərtləri əməyin mühafizəsi üzrə qanunvericilik aktlarının və digər normativ aktların tələblərinə uyğun olmalıdır.

Əmək müqaviləsi və ya bağlaşması imzalanarkən müəssisənin, təşkilatın müdiriyyəti sağlam və təhlükəsiz əmək şəraitinə təminat verməlidir.

Müəssisənin, təşkilatın müdiriyyəti işçini peşə xəstəliyinə tutulmaq üçün yüksək potensial təhlükə törədən işə qəbul edərkən belə xəstəliyə tutulmağın ən çox ehtimal edilən müddəti barədə onu xəbərdar etməli və işçi ilə həmin müddətə qədər qüvvədə olan müqavilə bağlamalı, bundan sonra ona əvvəlki qazancını saxlamaqla başqa iş verməlidir.

Maddə 20. İşçilərin istehsalatda bədbəxt hadisələrdən və peşə xəstəliklərindən sosial

sığortası və şəxsi sığortası

İşverən müəssisələrin və təşkilatların işçilərini qanunvericilikdə müəyyənləşdirilmiş qaydada və şərtlərlə mütləq sosial sığorta etməlidir.

Yüksək təhlükə şəraitində işləyən və işverən tərəfindən istehsalatda bədbəxt hadisələrdən mütləq şəxsi sığorta edilməli olan işçilərin kateqoriyası, sığorta haqqının məbləğləri müəssisənin, təşkilatın müdiriyyəti ilə həmkarlar ittifaqı arasındakı kollektiv müqavilədə və ya sazişdə müəyyən edilir.

Maddə 21. İcbari tibbi müayinələr

Müəssisələr və təşkilatlar səhiyyə orqanlarının müəyyənləşdirdiyi qaydaya uyğun olaraq bir sıra peşələrdə və istehsalatlarda çalışan işçilərin əmək müqaviləsi bağlanarkən ilkin tibbi müayinədən. və müqavilənin qüvvədə olduğu dövrdə vaxtaşırı tibbi müayinələrdən pulsuz keçməsini təşkil etməlidir.

İşçilər müayinələrdən keçməkdən boyun qaçırdıqda və ya keçirilmiş müayinələrin nəticələrinə əsasən həkim komissiyalarının verdikləri tövsiyələri yerinə yetirmədikdə, müdiriyyətin ixtiyarı var ki, həmin işçiləri qüvvədə olan qanunvericiliyə müvafiq surətdə intizam məsuliyyətinə cəlb etsin və ya işə buraxmasın.

İşçinin vaxtaşırı tibbi müayinələrdən keçdiyi dövrdə iş yeri (vəzifəsi) və orta əmək haqqı saxlanılır.

Maddə 22. Əmək fəaliyyəti prosesində əmək mühafizəsi hüququna təminatlar

Müdiriyyət istehsalat zədələnmələrinin və peşə xəstəliklərinin qarşısını alan müasir əmək mühafizəsi vasitələrini tətbiq etməli və sanitariya-gigiyena tələblərinə uyğun gələn əmək şəraitini təmin etməlidir.

Müdiriyyətin əməyin mühafizəsi haqqında qanunvericiliyi pozması nəzarət orqanları tərəfindən təsdiq edildikdə əmək müqaviləsi işçinin ərizəsinə əsasən ləğv edilib ona işdən çıxmaq müavinəti verilə bilər.

İşçilərdə peşə xəstəliyinin əlamətləri aşkar olunduqda, habelə istehsalatda bədbəxt hadisənin əlaqədar əmək qabiliyyətinin itirilməsi müəyyən edildikdə, müdiriyyət onları tibbi rəyə əsasən müəyyən edilmiş qaydada başqa işə keçirməlidir.

Maddə 23. Əməyin mühafizəsi üzrə işçilərin öyrədilməsi və təlimatlandırılması

Müdiriyyət işə yeni qəbul edilən, habelə başqa işə keçirilən işçilərin hamısına əməyin mühafizəsi üzrə təlimat verməli, onlara təhlükəsiz iş üsullarından istifadə etməyin və bədbəxt hadisələrdən zərər çəkənlərə ilk yardım göstərməyin öyrədilməsini təşkil etməlidir.

Yüksək təhlükəli istehsalatlara və ya peşə vərdişləri tələb edən işlərə qəbul edilən işçilər əməyin mühafizəsi üzrə qabaqcadan təlim keçir, imtahan verir və sonralar vaxtaşırı attestasiya olunurlar.

Müəssisələrin və təşkilatların bütün işçiləri, o cümlədən rəhbərləri onların peşələri və iş növləri üçün dövlət nəzarəti orqanları tərəfindən müəyyən edilmiş qaydada və müddətlərdə təlim keçməli, təlimatlandırılmalı, attestasiya olunmalı, onların bilikləri yoxlanılmalıdır.

Müəyyən edilmiş qaydada, əməyin mühafizəsi. üzrə təlim keçməmiş, təlimatlandırılmamış və bilikləri yoxlanılmamış şəxsləri işə buraxmaq qadağandır.

Dövlət nəzarəti orqanlarının və ya həmkarlar ittifaqları yanında texniki əmək müfəttişliyinin tələbi ilə biliklərin plandankənar yoxlanışları keçirilir. Biliyi təkrar yoxlanılmayan şəxslər vəzifəsindən azad edilirlər.

Maddə 24. Əmək şəraiti və əməyin mühafizəsi vəziyyəti haqqın işçilərin məlumat almaq

Müəssisələrin və təşkilatların işçiləri iş yerlərindəki əmək şəraiti və əməyin mühafizəsi vəziyyəti, bununla əlaqədar verilməli olan fərdi mühafizə vasitələri, güzəştlər və kompensasiyalar haqqında məlumat tələb etmək hüququna malikdirlər.

Maddə 25. İşçilərin bəzi kateqoriyalarının əməyinin mühafizəsi sahəsində

münasibətlərin tənzimlənməsi xüsusiyyətləri

İşçilərin bəzi kateqoriyalarının (qadınların, gənclərin, əmək qabiliyyəti məhdud olan şəxslərin), habelə əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan işçilərin əməyinin mühafizəsi sahəsində münasibətlərin tənzimlənməsi xüsusiyyətləri respublika qanunvericiliyi ilə müəyyən edilir.

Zərərli və ağır əmək şəraiti ilə əlaqədar olaraq güzəştlərə və kompensasiyalara hüququ olan işçilərin kateqoriyaları, belə güzəştlərin və kompensasiyaların xarakteri və miqdarı müvafiq qanunvericilik aktları ilə müəyyən edilir.

Müəssisələrin və təşkilatların ixtiyarı var ki, kollektiv müqavilədə (fərdi əmək sazişində) mənfəət hesabına işçilərə zərərli və ağır əmək şəraiti ilə əlaqədar əlavə güzəştlər və kompensasiyalar müəyyən etsinlər.

Müəssisənin və təşkilatın təqsiri üzündən xəsarət almış, yaxud sağlamlığı başqa şəkildə korlanmış (tam və ya qismən) işçilər, habelə istehsalatda bədbəxt hadisə və ya peşə xəstəliyi nəticəsində ölmüş işçinin ailə üzvləri bu Qanuna və digər normativ aktlara uyğun olaraq dəymiş zərərin əvəzini almaq hüququna malikdirlər.

Maddə 26. Təsərrüfat orqanlarının, müəssisələrin, təşkilat-ların, vəzifəli şəxslərin və

işçilərin əməyin mühafizəsinin tələblərinə uyğun gəlməyən fəaliyyətinin

qadağan edilməsi

Əməyin təhlükəsizliyi tələblərinə uyğun gəlməyən, işçilərin sağlamlığı və ya həyatı üçün təhlükə törədən müəssisələrin, təşkilatların və onların bölmələrinin işi, istehsal vasitələrinin istismarı, təsərrüfat orqanlarının, vəzifəli şəxslərin və işçilərin fəaliyyəti müəyyən edilmiş qaydada səlahiyyətli nəzarət orqanları (vəzifəli şəxslər) tərəfindən pozuntular aradan qaldırılanadək dayandırılmalıdır.

Maddə 27. Təhlükəsiz əmək şəraitinin təmin edilməməsi ilə əlaqədar məcburi

boşdayanmaya, yaxud işdən imtina etməyə görə işçilərə verilən təminatlar

İşçilərin təqsiri olmadan müəssisələrdə, təşkilatlarda və onların bölmələrində, iş yerlərində əməyin mühafizəsi haqqında qanunvericiliyin pozulması nəticəsində işin dayandırıldığı müddətdə onların iş yeri (vəzifəsi) və orta əmək haqqı saxlanılır.

İşçinin təhlükəsiz əmək şəraitinin təmin edilməməsi və bunun sağlamlıq və ya həyat üçün təhlükə törətməsi ilə əlaqədar olaraq işi yerinə yetirməkdən imtina etməsi əsaslı sayılır və onun üçün heç bir məsuliyyətə səbəb olmur.

ƏMƏYİN MÜHAFİZƏSİ HAQQINDA QANUNVERİCİLİYƏ

ƏMƏL EDİLMƏSİNƏ NƏZARƏT

M addə 28. Əməyin mühafizəsi üzrə qanunvericilik aktlarına və digər normativ aktlara

əməl edilməsinə dövlət nəzarəti

Əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə qanunvericilik aktlarına və digər normativ aktlara hər yerdə əməl edilməsinə dövlət nəzarətini xüsusi səlahiyyət verilən, öz fəaliyyətində müəssisələrin və təşkilatların müdiriyyətindən və onların yuxarı orqanlarından asılı olmayan dövlət orqanları həyata keçirirlər.

Dövlət nəzarəti orqanlarının və ya onların səlahiyyətli nümayəndələrinin öz hüquqları daxilində qəbul etdikləri qərarları hökmən icra olunmalıdır və bu qərarlardan qanunla müəyyənləşdirilmiş qaydada şikayət edilə bilər.

Maddə 29. Müəssisələrdə və təşkilatlarda əməyin mühafizəsi üzrə qanunvericilik

aktlarına və digər normativ aktlara əməl edilməsinə ictimai nəzarət

Müəssisələrdə və təşkilatlarda əməyin mühafizəsi üzrə qanunvericilik aktlarına və digər aktlara əməl edilməsinə ictimai nəzarəti əmək kollektivləri və həmkarlar ittifaqı təşkilatları əməyin mühafizəsi üzrə seçdikləri müvəkkillərin şəxsində həyata keçirirlər.

Əməyin mühafizəsi üzrə müvəkkilin hüququ var ki, iş yerlərində əməyin mühafizəsi vəziyyətini maneəsiz yoxlasın, aşkara çıxarılmış pozuntuların aradan qaldırılmasını tələb etsin, habelə lazım gəldikdə təqsirkar şəxslərin məsuliyyətə cəlb edilməsi barədə müdiriyyət qarşısında məsələ qaldırsın.

Əməyin mühafizəsi üzrə müvəkkilin öz vəzifələrini yerinə yetirməsi üçün müdiriyyət ona hər həftə orta əmək haqqını ödəməklə iş vaxtında azı iki saat vaxt ayırır.

Maddə 30. Əməyin mühafizəsi üzrə qanunvericilik aktlarına və digər normativ aktlara

əməl edilməsinə nəzarətin həyata keçirilməsi sahəsində həmkarlar

ittifaqlarının hüquqları

Həmkarlar ittifaqları “Azərbaycan həmkarlar ittifaqlarının hüquqları və fəaliyyətinin təminatları haqqında” Qanunda onlar üçün nəzərdə tutulmuş hüquqları nəzərə almaqla, əməyin mühafizəsi üzrə qanunvericilik aktlarına və digər normativ aktlara müdiriyyət tərəfindən əməl edilməsinə nəzarətin həyata keçirilməsində iştirak edir, bu məqsədlə qanunvericiliyə və respublika Nazirlər Kabineti ilə razılaşdırılaraq respublika həmkarlar ittifaqları mərkəzi tərəfindən təsdiq edilmiş əsasnaməyə müvafiq surətdə fəaliyyət göstərən texniki əmək müfəttişlik yaradırlar.

Həmkarlar ittifaqları əməyin mühafizəsi üzrə normativ aktların hazırlanmasında və müəyyən edilmiş qaydada razılaşdırılmasında iştirak edirlər, onlarla razılaşdırılmamış aktların qüvvəyə minməsinə qarşı müvafiq dövlət orqanları vasitəsilə etiraz etmək hüququna malikdirlər.

Həmkarlar ittifaqlarının nümayəndələri istehsal obyektlərinin və vasitələrinin sınağı və istismara qəbulu üzrə dövlət komissiyalarının işində, istehsalatda bədbəxt hadisələrin təhqiqində iştirak edir, müəssisələrdə və təşkilatlarda əməyin mühafizəsi vəziyyətini, onun yaxşılaşdırılması üçün kollektiv müqavilələrdə (sazişlərdə) nəzərdə tutulmuş tədbirlərin yerinə yetirilməsini yoxlayır və yoxlamaların nəticələrinə əsasən aşkara çıxarılmış pozuntuların aradan qaldırılması barədə təkliflər verirlər.

Vəzifəli şəxslər əməyin mühafizəsi tələblərini pozduqda, istehsalatda baş vermiş bədbəxt hadisələri gizlətdikdə həmkarlar ittifaqlarının ixtiyarı var ki, müqəssirlərin məsuliyyətə cəlb edilməsini dövlət, təsərrüfat və hüquq mühafizə orqanlarından tələb etsinlər.

İşçilərin sağlamlığı və həyatı üçün bilavasitə təhlükə yarandıqda həmkarlar ittifaqlarının hüququ var ki, əməyin mühafizəsi üzrə konstruksiya çatışmazlıqları olan maşınların, mexanizmlərin və digər məhsul növlərinin istehsalını, insanların sağlamlığına zərərli təsir göstərən materialların, texniki və texnoloji vasitələrin tətbiqini, habelə əməyin mühafizəsi haqqında qanunvericiliyə zidd olan işləri və müdiriyyət tərəfindən qəbul edilmiş qərarların fəaliyyətini dayandırsınlar. Həmkarlar ittifaqlarının belə hərəkətləri ilə əlaqədar müdiriyyətin etirazlarına məhkəmə qaydasında baxılır.

Həmkarlar ittifaqları öz təşəbbüsləri ilə və ya işçilərin ərizələrinə əsasən, onların əmək vəzifələrinin icrası ilə əlaqədar xəsarət alma, yaxud sağlamlığın başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin əvəzini almaq hüquqlarının müdafiəsi üçün və işçilərin əməyinin mühafizəsi hüququnun məhdudlaşdırıldığı başqa hallarda məhkəməyə iddia ərizələri ilə müraciət edə bilərlər.

ƏMƏYİN MÜHAFİZƏSİ HAQQINDA QANUNVERİCİLİK

AKTLARININ VƏ DİKƏR NORMATİV AKTLARIN

POZULMASI ÜÇÜN MƏSULİYYƏT

M addə 31. Sağlam və təhlükəsiz əmək şəraitinin təmin edilməsi üçün müəssisələrin və

təşkilatların maddi məsuliyyəti

Müəssisənin və təşkilatın müdiriyyəti istehsalatda sağlam və təhlükəsiz əmək şəraitini təmin etmək üçün səmərəli tədbirlər görmədikdə, kollektiv müqavilələri, əmək şəraitini və əməyin mühafizəsinin yaxşılaşdırılmasına dair planları və digər tədbirləri yerinə yetirmədikdə Azərbaycan Respublikasının hökuməti əmək şəraitinin ekspertizası rəyinə və ya həmkarlar ittifaqı orqanlarının təqdimatına əsasən, işçilərin sosial sığortası üçün bu müəssisələrin və təşkilatların ayırmalarının yüksək tariflərini müəyyən edir.

İstehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsiri (tam və ya qismən) olan müəssisə və təşkilat qanunla müəyyən edilmiş qaydada işçiyə xəsarət və ya sağlamlığın başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin əvəzini, habelə müalicə-sağlamlaşdırma müəssisələrində müalicəsinin tam dəyərini və sosial sığorta orqanlarına ona pensiya və digər müavinətlər verilməsi ilə əlaqədar xərclərin əvəzini tamamilə ödəyir.

Maddə 32. İstehsalatda bədbəxt hadisə və ya peşə xəstəliyi nəticəsində işçinin əmək

qabiliyyətinin dayanıqlı itirilməsi, yaxud ölümü ilə əlaqədar müəssisələrin və

təşkilatların maddi məsuliyyəti

İstahsalatda bədbəxt hadisə və ya peşə xəstəliyi nəticəsində sağlamlığının korlanması ilə əlaqədar əmək qabiliyyətini itirmiş işçilərə qanunla müəyyən edilmiş qaydada zərərin ödənilməsindən əlavə, təqsirkar müəssisənin və təşkilatın hesabına, peşəkar əmək qabiliyyətinin itirilmiş hər faizinə görə bir aylıq orta əmək haqqı hesabı ilə, lakin zərərçəkənin orta illik qazancından az olmamaqla birdəfəlik müavinət ödənilir.

İstehsalatda bədbəxt hadisə və ya peşə xəstəliyi nəticəsində işçi öldükdə təqsirkar müəssisə və təşkilat qanunvericilikdə müəyyən edilmiş qaydada və miqdarda maddi zərərin əvəzini buna hüququ olan şəxslərə ödəyir, habelə mərhumun orta illik qazancının ölüm anındakı yaşından 60 yaşınadək qalan tam illərin sayına vurulmuş miqdarda, lakin azı on orta illik qazancı məbləğində birdəfəlik müavinət ödəyir.

Əmək qabiliyyətini itirmiş işçilərə və ölən işçilərin ailələrinə birdəfəlik müavinətləri yerli sosial təminat orqanları ödəyir, sonra isə ödənilmiş vəsaiti istehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsiri olan müəssisələrdən və təşkilatlardan tuturlar.

Maddə 33. Əməyin mühafizəsi tələblərinə uyğun gəlməyən istehsalat təyinatlı məhsulun

buraxılışı və satışı üçün müəssisələrin və təşkilatların iqtisadi məsuliyyəti

Əməyin mühafizəsi tələblərinə uyğun gəlməyən istehsalat təyinatlı məhsul buraxan və göndərən müəssisələr və təşkilatlar istehlakçılara dəymiş zərərin əvəzini respublika qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və şərtlərlə ödəyirlər.

Əməyin mühafizəsi üzrə müəyyən edilmiş standartların, qaydaların və normaların tələblərinə uyğun gəlməyən istehsal vasitələrinin, fərdi və kollektiv mühafizə vasitələrinin, o cümlədən xaricdən alınmış vasitələrin satışı və reklamı qanunsuzdur. Müəssisələrin və təşkilatların belə fəaliyyət nəticəsində əldə etdikləri mənfəət onlardan alınaraq respublika büdcəsinə və ya yerlə büdcəyə köçürülməlidir.

Maddə 34. Əməyin mühafizəsi üzrə qanunvericilik aktlarının və digər normativ aktların

pozulması üçün vəzifəli şəxslərin məsuliyyəti

Əməyin mühafizəsi üzrə qanunvericilik aktlarının və digər normativ aktların pozulmasında təqsiri olan, yaxud dövlət və ictimai nəzarət orqanları (o cümlədən həmkarlar ittifaqları yanında texniki əmək müfəttişliyi) nümayəndələrinin fəaliyyətinə mane olan vəzifəli şəxslər respublika qanunvericiliyində müəyyənləşdirilmiş qaydada inzibati, intizam, maddi və ya cinayət məsuliyyətinə cəlb edilirlər.

Maddə 35. Əməyin mühafizəsi üzrə normativ aktların tələblərini pozmağa görə işçilərin

məsuliyyəti

Müəssisələrin və təşkilatların işçiləri əməyin mühafizəsi üzrə qanunvericilik aktlarının və digər normativ aktların tələblərini pozmağa görə qanunvericiliklə müəyyən edilmiş qaydada intizam, maddi və cinayət məsuliyyəti daşıyırlar.

Azərbaycan Respublikasının Prezidenti

Əbülfəz ELÇİBƏY.

Bakı şəhəri, 29 sentyabr 1992-ci il.

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

1. 1 fevral 1999-cu il tarixli 618-IQ nömrəli Azərbaycan Respublikasının Qanunu ( Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 4, maddə 213 )

QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

* Bundan sonra “müəssisələr və təşkilatlar” adlandırılacaq.

[1] 1 fevral 1999-cu il tarixli 618-IQ nömrəli Azərbaycan Respublikasının Qanunu ( Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 4, maddə 213 ) ilə qüvvədən düşmüş hesab edilmişdir.

ƏMƏYİN MÜHAFİZƏSİ

Bu dərs vəsaiti, ümumilikdə, elektriklə əlaqədar təhlükəsizlik texnikasının əsas məsələlərini işıqlandırır. Məlumdur ki, elektrikdən sənayedə, kənd təsərrüfatında, nəqliyyatda və məişətdə geniş istifadə olunur. O cümlədən, texnoloji maşınlara, avadanlıqlara, cihazlara, xətlərlə əlaqədar minlərlə insan məşğul olur. Ona görə də, bu insanların elektrik cərəyanı ilə zədələnməsinin qarşısının alınması ciddi bir problem kimi qarşıda durur.

Qoyulmuş məsələdən qaynaqlanaraq, dərs vəsaitində ilk olaraq elektrik enerjisinin insan orqanizminə təsiri və elektrik cərəyanından mühafizə tədbirləri, daha sonra elektrik avadanlıqlarının istismarının təhlükəsizliyinin təşkili məsələləri, zədələnmiş adama ilk tibbi yardım göstərilməsi məsələləri aydın və sadə şəkildə izah olunur.

Dərs vəsaitinin əsas məqsədi tələbələrə elektrik təhlükəsizliyinin mürəkkəb məsələlərini daha yaxşı başa düşməyə kömək göstərmək, elektrik cərəyanından mühafizə vasitələrinin quruluşu və iş prinsipi ilə onları yaxından tanış etməkdən ibarətdir. Bundan başqa, dərs vəsaitində insanların elektrik cərəyanı ilə zədələnmələrinin qarşısının alınması yollan və mühafizə üsulları ətraflı şəkildə izah edilmişdir.

Beləliklə, dərs vəsaiti əmək fəaliyyətinin təhlükəsizliyi baxımından elektrik zədələrinin azalması istiqamətində yardımçı ola bilər.

Aşağıdakı düyməyə vuraraq resursu yükləyə bilərsiniz.

Əməyin mühafizəsi

Əməyin mühafizəsi işçinin həyatının və sağlamlığının müəssisənin istehsal fəaliyyətinin nəticələrindən üstün tutulması, onların iqtisadi və sosial, texniki-təşkilati, sanitar-gigiyenik, müalicə-profilaktik və digər tədbirləri özündə əks etdirən sistemidir.
Bütün müəssisələrdə sağlamlığın mühafizəsi və əmək şəraitinin təhlükəsizliyinin təmin olunması müdiriyyətin üzərinə qoyulur. İşəgötürən tərəfindən sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması öhdəlikləri müəssisələr haqqında (nizamnamə) əsasnamələrdə, kollektiv müqavilələrdə, daxili əmək qaydalarında təsbit olunur.
Əməyin mühafizəsinin normativ-hüquqi tənzimlənməsi:

  1. ağır əmək şəraitli, insan orqanizmi üçün təhlükəli və zərərli olan iş yerlərinin;
  2. işləri yerin altında görülən yeraltı istehsalatların, şaxtaların, tunellərin, qurğuların və digər iş yerlərinin;
  3. işçinin yüksək həssaslığı, zehni və fiziki gərginliyi tələb olunan avadanlıqların, qurğuların və iş yerlərinin;
  4. qadınların, yaşı 18-dən az olan işçilərin əməyindən istifadə olunması qadağan edilən iş yerlərinin;
  5. əmtəələrin istehsalı, işlərin görülməsi zamanı istifadəsi qadağan olunan kimyəvi, radioaktiv və digər yüksək təhlükə mənbəli maddələrin;
  6. işçinin peşə xəstəliyinə tutulmağı ehtimalı yüksək olan iş yerlərinin;
  7. işçilərin istehsalatda bədbəxt hadisələrdən icbari şəxsi sığorta edilməli olan həyat üçün yüksək təhlükə mənbəli istehsal və qeyri-istehsal sahələrinin respublika üzrə vahid, əhatəli siyahılarını və onların tətbiqi qaydalarını təsdiq edir.

Azərbaycan Respublikasının Əmək Məcəlləsi əməyin mühafizəsinin dövlət tərəfindən, icra hakimiyyətləri, bələdiyyələr, mülkiyyətçinin və işəgötürənlərin tənzimlənməsini və bu yöndə onların səlahiyyət və vəzifələrini müəyyən edir.
Bununla yanaşı qanunvericilik müəssisədə əməyin mühafizəsinin təmin olunması ilə bağlı işçinin də üzərinə öhdəliklər qoyur. Belə ki, işçi:

  1. əməyin mühafizəsi üzrə norma və təminat qaydalarına əməl etməli;
  2. əmək funksiyasını özünü və başqa işçiləri təhlükəyə məruz qoymayacağı təqdirdə icra etməli;
  3. müntəzəm olaraq əməyin mühafizəsi normaları və qaydaları barədə biliklərini artırmalı;
  4. verilmiş xüsusi geyimdə və ayaqqabıda işə gəlməli;
  5. əməyin mühafizəsi sahəsində rəhbərliyin tapşırıqlarına və tövsiyələrinə əməl etməlidir.

Qanunvericilik əməyin mühafizəsi sahəsində ayrı-ayrı kateqoriyalı işçilərə yüksək təminatlar verilməsini nəzərdə tutur. Həddi-büluğa çatmamış qadınların və ümumiyyətlə, 21 yaşa qədər şəxslərin, həmçinin, sağlamlığı ilə bağlı qadağan olunanların ağır işlərə, zərərli və təhlükəli işlərə cəlb olunması qadağandır.

Comments are closed, but trackbacks and pingbacks are open.