Press "Enter" to skip to content

Azərbaycan ədəbiyyatı haqqında

O bahar ömrümüzün günləri düşdükcə yada,

 Heydər Əliyevin dövlətçilik təlimində ədəbiyyat siyasəti

Tarix boyu böyük ədəbiyyat həmişə dünyanın qüdrətli dövlət xadimlərinin həyatında və siyasi fəaliyyətində mühüm yer tutmuşdur. Dövlət xadimlərindən bir çoxu dünya ədəbiyyatının ən fəal mütaliəçisi kimi fərqlənmişlər. Belə siyasi rəhbərlər, hətta bədii ədəbiyyata dair bilik və informasiyaları ilə ziyalı mühitini heyrətləndirmişlər. Başqa qrup dövlət başçıları şeir həvəskarları olmuş, rəğbət bəslədikləri şairlərin əsərlərini ən ciddi məclislərdə əzbər söyləmişlər. Hətta tarixdə şeir yazan, dramatik əsərlərini teatrlara təqdim edən rəhbərlər də olmuşdur.
Az da olsa ədəbiyyatdan, yazıçıdan uzaqda dayanan, bu sahəyə rəğbəti olmadığını gizlədə bilməyən ölkə başçıları haqqında da məlumatlar mövcuddur. Bütün bunlarla bərabər, ədəbiyyatı dövlət siyasətinin üzvi tərkib hissəsi səviyyəsində qəbul edən, bu tükənməz xəzinədən milli siyasətin həyata keçirilməsində bacarıqla və yaradıcı şəkildə faydalanan dövlət xadimləri də olmuşdur.

Görkəmli dövlət xadimi Heydər Əliyevin taleyində və siyasi fəaliyyətində ədəbiyyat faktorunun yeri, rolu və imkanları çox geniş anlayış olub, yuxarıda sadalanan prinsiplərin bir çoxunu özündə cəmləşdirir. Hər şeydən əvvəl, onu qeyd etmək lazımdır ki, Heydər Əliyev dünyada geniş və sistemli ədəbiyyat biliyinə malik olan nadir dövlət xadimlərindəndir. Hələ gənclik illərindən etibarən qeyri-adi mütaliə qabiliyyəti ilə fərqlənən, hətta cavan yaşlarında tamaşalarda peşəkar teatr xadimləri ilə yanaşı cəsarətlə səhnəyə çıxan Heydər Əliyevin dünyabaxışının formalaşmasında ədəbiyyat amili xüsusi yer tutmuşdur. Müasirləri onun «Vaqif” pyesində, „Qaralar ölkəsində” adlı dram əsərində əsas rolları ifa etdiyini xatırlayırlar. Hətta Heydər Əliyevin teatr həvəskarı olmasına dair nadir fotoşəkillər də görkəmli dövlət xadiminin Naxçıvan muzeyində qorunub saxlanmaqdadır.
Bütün bunlarla bərabər, bu tarixi şəxsiyyət bədii ədəbiyyatın şəxsi taleyindəki böyük rolunu özü də nəzərə çarpdırmışdır. O, 1997-ci ildə, müstəqillik dövründə keçirilən Azərbaycan yazıçılarının onuncu qurultayındakı nitqində bu gerçəkliyi aşağıdakı kimi etiraf etmişdir: “Şəxsən mən ədəbiyyatı çox sevən adamam və gənc vaxtlarımdan, hətta uşaqlıqdan, məktəbdə ilk ədəbiyyat nümunələrini oxuyandan ədəbiyyatı sevmişəm… Mənim bir insan kimi formalaşmağımda, təhsilimdə, əxlaqımda, mənəviyyatımda ədəbiyyatın, mədəniyyətin çox böyük rolu olmuşdur. Mən orta məktəbdə oxuyarkən Azərbaycan şairlərinin, yazıçılarının bütün əsərlərini sevə-sevə oxumuşdum… O illərdə, o uşaqlıq və gənclik illərində onlar mənə o qədər təsir edib ki, mən onları unutmamışam. Bu, „oxumuşam, unutmamışam” sözləri sadəcə bir fikir deyil. Yəni onlar mənə təsir edib, mən onlardan bəhrələnmişəm, mənəvi qida almışam”.
Heydər Əliyevin geniş həcmə malik olan şeirləri, poemalardan böyük parçaları, dramlarda əsas obrazların sözlərini əzbər bilməsi və bütün bunları uzun illər yaddaşında qoruyub saxlaması onun hərtərəfli inkişaf etmiş şəxsiyyət kimi qeyri-adi üstünlüyünün əsas göstəricilərindən biri idi. Siyasi-tarixi baxımdan möhtəşəm xəzinə kimi qabarıq şəkildə diqqəti cəlb edən Heydər Əliyevin bənzərsiz ədəbiyyat yaddaşına malik olması onun görkəmli dövlət xadimi kimi möhtəşəm obrazını əlavə cizgilərlə tamamlamış və zənginləşdirmişdir. Heydər Əliyev təkcə geniş və mükəmməl ədəbiyyat biliyi ilə deyil, həm də fenomenal ədəbiyyat yaddaşı ilə nəinki diqqəti cəlb etmiş, hətta çox hallarda ətrafındakıları heyrətləndirmiş və təəccübləndirmişdir.
Əlbəttə, görkəmli dövlət xadimi Heydər Əliyevin də xüsusi rəğbət bəslədiyi yazıçı və şairlər, ayrıca fərqləndirdiyi, üstünlük verdiyi bədii əsərlər olmuşdur. Bu məqamda dövlət xadimliyi çərçivəsində onun şəxsi ədəbi zövqü və maraqları da ifadə olunur. Böyük siyasi xadim dram əsərləri içərisində Cəlil Məmmədquluzadənin “Ölülər” tragikomediyasına, şairlərdən xalq şairi Səməd Vurğunun „Azərbaycan”ına, poema baxımından Məhəmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam” poemasına, milli mətbuat sarıdan „Molla Nəsrəddin” jurnalına, opera üzrə Üzeyir Hacıbəyovun “Koroğlu”suna, mənzum faciələrdən Hüseyn Cavidin „İblis” əsərinə… xüsusi önəm verdiyini, və ədəbi nümunələri xüsusilə fərqləndirdiyini nəzərə çarpdırmışdır. Hətta belə məqamlarda da Heydər Əliyevin bədii ədəbiyyata münasibətdə şəxsi maraqları ilə dövlətçilik düşüncəsinin üst-üstə düşdüyü, bir-birini tamamladığı aşkar müşahidə olunur.

Bütövlükdə isə Heydər Əliyev ədəbiyyata xalqın milli-tarixi varlığının, mənəviyyatının üzvi tərkib hissəsi kimi baxmış, mənsub olduğu xalqı ədəbiyyatı ilə bir yerdə bütöv bir tamın ayrılmaz hissəsi kimi dəyərləndirmişdir. Yəni Heydər Əliyevin ədəbiyyat sevgisi Vətən və xalq sevgisinin əsas göstəricilərindən, zəruri amillərindən birini təşkil edir. Görkəmli dövlət xadimi hələ 1972-ci ildə Azərbaycan yazıçılarının beşinci qurultayındakı tarixi nitqində məsələnin bu cəhətini ön mövqeyə çəkərək demişdi: “Azərbaycan ədəbiyyatı həmişə öz xalqının həyatının ön sıralarında irəliləmişdir. Bu ədəbiyyat xalqımızın qəhrəmanlıq tarixini ədəbiləşdirib bizə çatdırmış, bizim qarşımızda bütün əzəməti ilə açmışdır”.

Ədəbiyyata xalqın taleyinin və tarixi yaddaşının əks-sədası kimi baxan Heydər Əliyev bədii düşüncədə tarixilik, millilik və müasirlik prinsiplərinə xüsusi dəyər vermişdir. Millilik, tarixilik və müasirlik Heydər Əliyevin dövlətçilik təlimində ədəbiyyat siyasətinin əsasını təşkil edir. Bu prinsiplər qüdrətli dövlət xadiminin siyasi fəaliyyətinin də təməl şərtlərindəndir. Həmin prinsiplər Heydər Əliyevin dövlətçilik təlimində və ədəbiyyat siyasətində yanaşı duran amillər deyildir. Əksinə, qeyd olunan istiqamətlər Heydər Əliyev təlimində dövlətçilik fəaliyyəti ilə ədəbiyyat işinin vəhdətində, üzvi sintezində tam məna tapa bilir.

Görkəmli dövlət xadimi dövlətçilik fəaliyyəti prosesində millilik amilini, tarixilik anlayışını və müasirlik prinsipini ardıcıl olaraq həyata keçirmək yollarındakı mübarizəsində ədəbiyyatda dərin iz salmış, köklü ənənələrə malik olan həmin amillərdən yerli-yerində, əsaslı şəkildə faydalanmaqla özünün ali məqsədinə nail olmağa çalışmışdır. Bu yüksək ali qayə isə hələ sovet rejimi çərçivəsində olsa belə, Azərbaycanda möhkəm milli əsaslara malik olan, davamlı tarixi ənənələri qoruyub saxlayan və müasir inkişafın önündə gedən dövlət hakimiyyətini formalaşdırmaqdan ibarət olmuşdur. Müşahidələr və təhlillər göstərir ki, sovet hakimiyyəti illərində Heydər Əliyevin bu istiqamətdə apardığı ardıcıl və düşünülmüş siyasəti özünün ilkin böyük bəhrələrini vermişdir. Belə ki, Azərbaycan yazıçılarının, xüsusən, böyük demokrat Cəlil Məmmədquluzadənin, xalq şairləri Rəsul Rza, Bəxtiyar Vahabzadə, Xəlil Rza, Məmməd Araz, bir qədər sonra Sabir Rüstəmxanlı kimi sənətkarların ana dili uğrunda apardıqları milli mücadiləyə dövlət səviyyəsində müəyyən üsullarla meydan açılmış və bu, nəticə etibarilə xalq arasında və Mərkəzi hökumətdə Azərbaycan dilinin dövlət dili səviyyəsinə qaldırılması üçün ictimai rəyi hazırlamışdır.
Cəmiyyətdə gedən həmin prosesləri zaman-zaman Mərkəzi hökumətin diqqətinə çatdırmaqla və məsələyə Siyasi Büro səviyyəsində aydınlıq gətirməyi bacarmaqla Heydər Əliyev sovet hakimiyyəti illərində, 1978-ci ildə Azərbaycan dilinin dövlət dili kimi ölkənin Konstitusıyasına ayrıca maddə olaraq daxil edilməsinə nail olmuşdu. Bununla yanaşı, milli mücadiləyə könül vermiş, ömür həsr etmiş yazıçılar isə deputat seçilmək, fəxri adlar və dövlət mükafatları almaqla həm rəğbətləndirilmiş, həm də müdafiə olunmuşlar. Əslində, bu yolla Heydər Əliyev həm də onların fəaliyyətinə dəstək verdiyini sezdirmiş, o yazıçıların toxunulmazlığına təminat vermişdir.
Keçən əsrin 70-ci illərində Heydər Əliyevin Azərbaycanın bir qrup tanınmış dilçi alimlərini Muxtar Hüseynzadəni, Əlövsət Abdullayevi, Yusif Seyidovu, Ağaməli Həsənovu çoxcildlik Müasir Azərbaycan dili dərsliyinə görə respublikanın Dövlət mükafatı ilə təltif etməsi də elmi-ictimai və ədəbi-mədəni mühitdə ana dilinin mövqeyinin daha da möhkəmləndirilməsinə xidmət edirdi. Bununla Heydər Əliyev hələ XVI əsrdə Şah İsmayıl Xətai ilə başlanan, zaman-zaman qabarıb-çəkilən ana dili siyasəti məsələsini ilk dəfə tam rəsmi olaraq dövlət siyasəti səviyyəsində həyata keçirməklə tamamlamışdır.
Ölkəmiz müstəqillik qazandıqdan sonra Heydər Əliyevin dilimizin adının müəyyənləşməsi uğrunda apardığı mübarizə dövlətimizin maraqlarına, respublikamızın reallıqlarına tamamilə uyğun idi. Bu sahədə də qəti fikrə, yekun qənaətə gəlmək üçün Heydər Əliyev Azərbaycan ziyalılarının, o cümlədən ədəbiyyat xadimlərinin dəstəyindən istifadə etməyi zəruri saymışdır. Onun 21 sentyabr 1993-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasında ziyalılarla görüşü zamanı irəli sürdüyü Azərbaycan dili anlayışı geniş mənada cəmiyyətin marağına, ölkəmizdə yaşayan bütün xalqların və etnik qrupların maraqlarına uyğundur. Azərbaycan dili ideyası Azərbaycanda yaşayan bütün etnik qrupları öz ətrafında birləşdirən bir faktor kimi Azərbaycan yazıçıları tərəfindən müdafiə olunmuşdur.
Bundan başqa, millətin və ölkənin bütövlüyü düşüncəsinin cəmiyyətdə formalaşdırılmasında da Heydər Əliyev ədəbiyyat faktorundan məqsədyönlü şəkildə faydalanmışdır. XX əsrin yetmiş-səksəninci illərində Cənub mövzusunda yazılmış əsərlərə dövlət səviyyəsində bəslənilən loyal münasibətlərin kökündə Cənubi Azərbaycanla bağlı ictimai fikri formalaşdırmaq tendensiyası dayanırdı. Nəhayət, Azərbaycan dövlətinin rəhbəri Heydər Əliyevin 12 iyun 1981-ci ildə ölkə yazıçılarının VII qurultayındakı nitqində Cənub ədəbiyyatı ilə əlaqədar söylədiyi aşağıdakı fikirlər Cənubi Azərbaycanla ədəbi-mədəni əlaqələrin yaradılmasına, dəmirdən də möhkəm olan prinsiplər əsasında formalaşdırılmış məhdudiyyətlərin aradan qaldırılmasına münasib şərait yaratmışdır: „Respublika Yazıçılar İttifaqının tərkibində Cənubi Azərbaycandan olan ədəbiyyatçılar da məhsuldar işləyirlər. Yaradıcılıq ittifaqının rəhbərliyi onlara daim diqqət yetirməli, onların əsərlərini respublikada və respublikanın hüdudlarından kənarda geniş təbliğ etməlidir. Ümumiyyətlə, Cənubi Azərbaycanla ədəbi əlaqələri möhkəmləndirmək, mədəniyyətin və mənəvi yaradıcılığın bütün sahələrində geniş əlaqələri inkişaf etdirmək, bizdə toplanmış zəngin bədii-estetik təcrübəni qələm yoldaşlarına vermək barədə düşünmək lazımdır”.
O zamana qədər nəinki yazıçılar və alimlər, heç bir siyasətçi keçmiş Sovetlər İttifaqı məkanında Cənubi Azərbaycan, yaxud Cənub ədəbiyyatı haqqında rəsmi yığıncaqlarda bir kəlmə belə danışa bilməmişdi. Bu, təkcə Azərbaycanda yox, geniş mənada sovet dövlətində həmin mövzuda son altmış ildə açıq ifadə edilən ilk mühüm tezislər idi. Bu tezislərin işığında səksəninci illərdən etibarən elmi-ədəbi mühitdə Azərbaycan ədəbiyyatının bütövlüyü və Cənubda yaşayan yazıçılarla əlaqələrin yaradılması istiqamətində ilk addımlar atılmağa başlamışdır. İran İslam Respublikasında yaşayan Məhəmmədhüseyn Şəhriyar kimi qüdrətli sənətkarı Azərbaycanın dövlət səviyyəsində səslənən bu cür bəyanatlarından sonra geniş dairədə tanımağa başladılar.
Xalq şairləri Süleyman Rüstəmin və Məmməd Rahimin Məhəmmədhüseyn Şəhriyarla şeirləşmələri, xalq şairləri Bəxtiyar Vahabzadə və Nəbi Xəzrinin ustad şairlə telefon danışıqları ictimai-ədəbi mühitdə ildırım kimi çaxmışdır. Yaxud əslən cənublu olan, lakin taleyin hökmü ilə Azərbaycanın şimalında yaşayıb-yaradan Balaş Azəroğlu, Mədinə Gülgün, Hökümə Bülluri, Söhrab Tahir, Əli Tudə və başqaları kimi görkəmli söz ustalarının əsərləri ilə Cənubi Azərbaycanda əsaslı tanışlıq keçən əsrin səksəninci illərindən etibarən baş verdi. Eyni zamanda, bu dövrdən başlayaraq Cənub mövzusunda yeni əsərlər yazıldı. Azərbaycan Yazıçılar Birliyində və Nizami adına Ədəbiyyat İnstitutunda Cənubi Azərbaycan ədəbiyyatı şöbələrinin təşkili və çoxcildlik Cənubi Azərbaycan ədəbiyyatı antologiyalarının hazırlanıb nəşr edilməsi, ədəbi ictimaiyyətə çatdırılması görkəmli dövlət xadimi Heydər Əliyevin atdığı qətiyyətli addımların, açdığı yeni üfüqlərin sayəsində mümkün olmuşdu.
Bütün bunlara görə heç tərəddüd etmədən belə demək mümkündür ki, görkəmli dövlət xadimi Heydər Əliyev hələ sovet rejimi dövründə İran İslam Respublikası ilə, Cənubi Azərbaycanla ədəbi-mədəni əlaqələrin yaradılmasının əsasını qoymuş, qarşılıqlı münasibətlərin möhkəm təməlini atmışdır. Azərbaycan müstəqillik qazandıqdan sonra ölkə Prezidenti Heydər Əliyevin yeni tarixi epoxada apardığı məqsədyönlü siyasət nəticəsində bu sağlam əlaqələr daha da genişlənmiş və möhkəmlənmişdir. Bu baxımdan Azərbaycan Respublikası Prezidentinin “Məhəmmədhüseyn Şəhriyarın anadan olmasının 90 illik yubileyinin keçirilməsi haqqında”kı 29 oktyabr 1997-ci il tarixli sərəncamı xüsusi əhəmiyyətə malikdir. Həmin dövlət sərəncamı əsasında qüdrətli sənətkarın yubileyi ilə bağlı Bakıda, Tehranda və Təbrizdə keçirilən genişmiqyaslı tədbirlərlə ölkələrarası ədəbi-mədəni əlaqələr yeni və daha yüksək səviyyəyə qaldırılmışdır.
Heydər Əliyevin ədəbiyyat təlimindəki millilik anlayışı özündə bütün dolğunluğu ilə Azərbaycançılıq məfkurəsini əks etdirir. Və yaxud da Azərbaycançılıq Heydər Əliyevin apardığı milli siyasətin lokomotividir. Ədəbiyyat siyasəti görkəmli dövlət xadiminin bu istiqamətdə apardığı geniş siyasi-ideoloji və təşkilati işin özülünü təşkil edir. Azərbaycan ədəbiyyatı klassiklərindən Nizami Gəncəvinin, Məhəmməd Füzulinin, Cəlil Məmmədquluzadənin, Nəriman Nərimanovun, Hüseyn Cavidin, həmçinin yeni dövr bədii fikrimizin Səməd Vurğun, Rəsul Rza, Mirzə İbrahimov, İlyas Əfəndiyev, Süleyman Rüstəm, Anar, Qabil, Məmməd Araz, Mirvarid Dilbazi və başqaları kimi onlarla nümayəndələrinin dövlət səviyyəsində yubileylərinin keçirilməsi, aparılan tədqiqat-təbliğat işləri həmin sənətkarların xalqa daha yaxından tanıdılması ilə bir sırada, həm də Azərbaycançılıq ideyasının geniş miqyasda yayılmasına və dərindən mənimsədilməsinə uğurla xidmət etmişdir.
Heydər Əliyev keçmiş İttifaq səviyyəsində ən yüksək siyasi dairələrdə böyük cəsarətlə bəyan edirdi ki, „Nizami Gəncəvi elə bir şəxsiyyətdir, tarixdə, dünya mədəniyyətində elə bir iz qoyub getmişdir ki, onun yubileyi hər il keçirilə bilər”. Nizami Gəncəvinin yubileyi bu böyük sənətkarın timsalında Azərbaycanın əvvəlcə keçmiş Sovetlər İttifaqında, daha sonra isə bütün mədəni dünyada tanıma missiyasına xidmət etmişdir. Dahi Məhəmməd Füzulinin anadan olmasının 500 illiyi münasibətilə Heydər Əliyevin yubileyi keçirən Təşkilat Komitəsinin 1 avqust 1994-cü il tarixli yığıncağındakı böyük əks-səda doğurmuş nitqində səslənən aşağıdakı mülahizələr də Azərbaycanın, xalqımızın tanıdılmasının qayğılarını əhatə edir: “Bu yubileyi keçirərkən biz xalqımızın özünü tanımasını təmin edəcəyik və etməliyik.

Xalq gərək daim öz kökünü xatırlasın, tarixini öyrənsin, milli mədəniyyətindən, elmindən heç vaxt ayrılmasın. Şübhəsiz ki, bu yubileyin keçirilməsi indiki nəslin… tariximizin nə qədər zəngin olduğunu və Azərbaycan xalqının dünya mədəniyyətinə neçə töhfələr verdiyini dərk etməsinə şərait yaradacaq və hər bir azərbaycanlıda, ilk növbədə, gənc nəsildə milli iftixar, vətənpərvərlik hisslərini daha da yüksəldəcəkdir. Bunun özü müstəqil Azərbaycanda bizim üçün çox gərəkli bir amildir”.
Deməli, ədəbiyyat vasitəsilə milli-mənəvi özünüdərk prinsiplərinin daha da dərinləşdirilməsi, Azərbaycançılıq məfkurəsinin mənimsədilməsi Heydər Əliyevin ədəbiyyat siyasətinin əsas prinsiplərindəndir. Heydər Əliyev bu tarixi vəzifəni həm ölkə daxilində, həm də Azərbaycandan kənarda böyük bacarıqla həyata keçirmişdir. Böyük ədəbiyyat Heydər Əliyevin Azərbaycanı dünyada tanıtdırması baxımından da mühüm vasitələrdən birinə çevrilmişdir. Nizami Gəncəvi, Məhəmməd Füzuli kimi qüdrətli sənətkarların yubileylərinin, „Kitabi-Dədə Qorqud” dastanının yaranmasının 1300 illiyinin beynəlxalq miqyasda keçirilməsi görkəmli dövlət xadiminin Azərbaycan xalqını və ölkəsini dünya səviyyəsində tanıtmasına, dövlətimizə və xalqımıza etibarlı tərəfdaşlar qazandırmasına doğru istiqamətləndirilmiş və müsbət nəticələrin əldə edilməsinə səbəb olmuşdur.
Bundan başqa, müxtəlif bəhanələrlə Azərbaycan xalqına mənsub olmasına şübhə ilə yanaşılan, ətrafında yersiz və haqsız mübahisələr açılan ədəbiyyat xadimlərinin yubileylərinin keçirilməsi həm də həmin şübhəli mülahizələrin, məqamların, iddiaların aradan qaldırılmasına, Azərbaycan gerçəkliyinin daha dərindən əsaslandırılıb təsdiq olunmasına hesablanmışdır. Nizami Gəncəvinin 840 illik, Məhəmməd Füzulinin 500 illik, “Kitabi-Dədə Qorqud” dastanlarının 1300 illik yubileyləri prosesində aparılan məqsədyönlü elmi-ideoloji işin sayəsində ortaq cəhətləri ilə yanaşı bu sənətkarların və abidələrin Azərbaycan xalqına məxsusluğu nəinki möhkəm surətdə əsaslandırılmış, hətta bütün dünyaya bəyan edilmişdir. Bunlar isə Heydər Əliyevin ədəbiyyat siyasətində həm də Azərbaycanın mənafelərinin qorunması, müdafiə edilməsi kimi məsələlərin də əhatə olunduğunu nəzərə çarpdırır.
Ümummilli lider Heydər Əliyevin ədəbiyyat siyasətində tarixilik prinsipinin də özünəməxsus yeri vardır. Əslində, bu amili tarixi dərk prinsipi də adlandırmaq olar. Böyük dövlət xadimi Heydər Əliyev bu fikirdə idi ki, „Azərbaycanın qədim tarixini, əsrlər boyu keçdiyi yolu gərək həm öz vətəndaşlarımıza, həm də… respublikamıza maraq göstərən adamlara tanıtmaq lazımdır”. Heydər Əliyev Azərbaycan xalqına özünün soykökünü, milli-tarixi keçmişini dərindən və əsaslı şəkildə dərk etdirmək, mənimsətmək, xalqımızda milli qürur hisslərini daha da yüksəltmək üçün tarixi mövzularda bədii əsərlərin yazılmasına meydan verilməsini zəruri saymışdır.
Görkəmli Azərbaycan yazıçıları Anarın, Elçinin, İsa Hüseynovun, Əzizə Cəfərzadənin, Hüseyn İbrahimovun, Fərman Kərimzadənin, Əlisa Nicatın və başqalarının tarixi mövzularda yazdıqları bədii əsərlər milli-tarixi özünüdərk proseslərinin dərinləşməsində əhəmiyyətli rol oynamışdır. Tarixi mövzularda yazılmış bədii əsərlərin əsasında filmlərin çəkilməsi, teatr tamaşalarının hazırlanması, bu əsərlərdən bəzilərinin rus dilinə tərcümə olunması Türkiyədə nəşri prosesinin kütləviləşdirilməsinə və miqyasın genişlənməsinə özünün layiqli töhfəsini vermişdir. Azərbaycan təkcə müasir inkişaf səviyyəsi ilə deyil, həm də zəngin tarixi ənənələri ilə dünyada tanıdılmışdır.
Heydər Əliyevə görə, tarixi mövzuda yüksək bədii səviyyədə əsər yazmaq yazıçıların Vətən və xalq qarşısındakı ən məsul vəzifələrindəndir. Belə əsərlərdə tarixiliklə bədiiliyin vəhdət daşımalı olduğunu da görkəmli dövlət xadimi diqqət mərkəzinə çəkmişdir: “Tarixi simaların obrazları yaradılan və tarixımizin çox mühüm dövrləri tərənnüm olunan ədəbi əsərlər ən yüksək səviyyədə yazılmalıdır. Bunlar çox mühüm, açıq deyək ki, mürəkkəb mövzulardır. Belə mövzuların öhdəsindən yalnız yüksək istedadlı, dərin bilikli sənətkarlar gələ bilərlər”.
İstiqaməti ilə yanaşı, elmi cəhətdən də əhəmiyyətli olan yuxarıdakı mülahizələr tarixiliklə bədiiliyin sintezinə dair Heydər Əliyev tezisləri kimi səslənir. Bu cür aydın və konkret tələblər tarixi mövzuların meydanını genişləndirmiş, həmin mövzuda layiqli bədii əsərlərin yazılması ilə nəticələnmişdir. Bu isə öz növbəsində milli-tarixi dərk proseslərinin dərinləşdirilməsinə əhəmiyyətli dərəcədə təsir göstərmişdir.

Əliyevin ədəbiyyat siyasətində müasirlik meyarının özünəməxsus rolu və yeri vardır. Böyük siyasətçinin nəzərində müasirlik geniş miqyaslı bir kateqoriya kimi həm çağdaş həyatın ədəbiyyatda əks etdirilməsi, həm də müasir düşüncənin, yeni təfəkkürün ədəbiyyata gətirilməsi vəzifələrini əhatə edir. Ona görə də Heydər Əliyev həmişə öz dövrünü tam dolğunluğu ilə göstərməyin, ictimai inkişafın dialektikasını bədii formada canlandırmağın, onun ən mühüm meyillərini və qanunauyğunluqlarını açmağın necə məsul vəzifə olduğunu hər bir sənətkarın dərk etməsi çox böyük vəzifədir” qənaətində olmuşdur. Onun fikrincə, müasir həyatdan söz açan əsl sənətkar ötəri, keçəri meyilləri deyil, „ictimai inkişafın müqəddəratını müəyyən edən prosesləri və hadisələri ilk növbədə etməlidir”. Heydər Əliyev hesab edirdi ki, “bizim zəmanəmiz və müasirlərimiz haqqında gözəl əsərlər yaratmaq Azərbaycan yazıçılarının əsas qayğısı olmalıdır”.
Həm keçmiş sovet hakimiyyəti illərində, həm də müstəqillik dövründə görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycan yazıçılarının qurultaylarındakı dərin məzmunlu məruzələri müasir ədəbiyyatın, yaxud da ki, ədəbiyyatda müasirlik məsələsinin bədii əksinin proqramına çevrilmişdir. Onun müasiri olduğu sənətkarların yubiley mərasimlərindəki çıxışları müasir həyat və çağdaş ədəbiyyat münasibətlərinin əsas ana xətləri ilə açılmasına aydınlıq gətirmişdir. Beləliklə, cəmiyyətdə və ədəbiyyatda müasirlik anlayışının Heydər Əliyev konsepsiyası formalaşmışdır. Fikrimizcə, XX əsrin altmışıncı illərindən sonra yaranan müasir Azərbaycan ədəbiyyatı ən yaxşı nailiyyətlərini həmin müdrik konsepsiyanın işığında qazana bilmişdir.
Heydər Əliyevin ədəbiyyat təlimi sözün həqiqi mənasında əsl professonallığa əsaslanır. Görkəmli dövlət xadiminin ayrı-ayrı sənətkarlar, konkret bədii əsərlər, teatr tamaşaları haqqındakı baxışları və mülahizələri ədəbiyyatşünaslıq və sənətşünaslıq elmlərinin ən yüksək tələbləri və prinsiplərindən ucada dayanır. O, yazıçılara və əsərlərə qiymət verərkən ədəbiyyatşünaslığın, yəni elmin tələblərindən deyil, ədəbiyyatdan və həyatdan çıxış etmişdir. Heydər Əlıyevin ədəbiyyat təlimi ədəbiyyatşünaslıq və sənətşünaslıq, tarix və dilşünaslıq elmlərini də zənginləşdirmiş və inkişaf etdirmişdir. Azərbaycanda professional milli dövlətçilik siyasətinin banisi, olan ümummilli liderimiz Heydər Əliyev ədəbiyyat haqqında elmdə də professionallıq siyasətinin böyük müdafiəçisidir. Bədii ədəbiyyatla bir sırada ədəbiyyatşünaslıq, sənətşünaslıq, dilşünaslıq kimi elmlər də Heydər Əliyevin ədəbiyyat siyasətinin zəminində yeni inkişaf səviyyəsinə yüksələ bilmişdir.
Yazıçılar Birliyinin mətbu orqanları olan „Ədəbiyyat qəzeti”nin “Azərbaycan”, „Qobustan” və “Ulduz” jurnallarının nəşrinin dövlət tərəfindən maliyyələşdirilməsi də Heydər Əliyevin çətin keçid dövrü proseslərində milli ədəbiyyatın inkişafına göstərdiyi böyük qayğının əməli təzahürüdür.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin əsaslandığı Azərbaycançılıq siyasətinin ideoloji özülü görkəmli dövlət xadimi Heydər Əliyevin ədəbiyyat və mədəniyyət təlimindən yoğrulmuşdur. Prezident İlham Əliyev bu əbədiyaşar təlimi yeni epoxanın prinsiplərinə uyğun olaraq əlavə müddəalarla daha da zənginləşdirərək, müasir dövrün ədəbiyyat siyasətini müəyyən etmişdir.

Yeni tarixi epoxada ilk növbədə görkəmli dövlət xadimi Heydər Əliyevin ədəbiyyat siyasətində formalaşmış ənənələri davam etdirilmişdir. Ölkəmizdə hazırkı şəraitdə adlı-sanlı sənətkarların dövlət səviyyəsində yubileylərinin keçirilməsi, onların əsərlərinin, sanballı yubiley nəşrlərinin hazırlanaraq geniş oxucu auditoriyasına təqdim edilməsi bədii yaradıcılıq fəaliyyətinin daha da inkişaf etdirilməsinə təkan verir. Həmçinin böyük xidmətləri nəzərə alınmaqla tanınmış yazıçılara fəxri adların, fərdi təqaüdlərin və yaradıcı gəncliyin istedadlı nümayəndələrinə mükafatların verilməsi də ulu öndər tərəfindən ədəbi prosesin stimullaşdırılması siyasətinin konkret davamından ibarətdir. Bundan başqa, uzun illik fasilədən sonra Azərbaycan Respublikası Dövlət Mükafatının yenidən bərpa edilməsi də ədəbiyyat siyasəti sahəsindəki varisliyin əməli ifadəsidir. Bütün bunlarla bərabər, cəmiyyətin inkişaf xüsusiyyətlərinə, ölkəmizin artan iqtisadi imkanlarına uyğun olaraq, ədəbiyyat siyasəti sahəsində bir sıra yeni tədbirlərin həyata keçirilməsi də müşahidə olunmaqdadır. Ədəbiyyat və incəsənət sahəsində Heydər Əliyev mükafatının müəyyən edilməsi və həyata keçirilməsi, hər şeydən əvvəl, Azərbaycan dövlətinin ədəbiyyat siyasətini müəyyən edən görkəmli dövlət xadiminin xatirəsinə böyük ehtiramın ifadəsidir.

Heydər Əliyev mükafatlarının təsis olunması ədəbiyyat və incəsənətin ulu öndərin ümummilli ideallarına layiq şəkildə inkişaf etdirilməsi ənənəsinin yaşadılması deməkdir. Eyni zamanda, son vaxtlarda „Qızıl çinar”, “Buta” kimi yüksək səviyyəli mükafatların meydana çıxması, Heydər Əliyev fondunun mükafatları və təqaüdlərinin yaradılması mövcud siyasətin işığında formalaşan yeni ənənələrdir. Son illərdə ölkədə aparılan böyük quruculuq prosesslərınin tərkib hissəsi kimi Azərbaycan Yazıçılar Birliyinin, Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyinin, Azərbaycan Dövlət Milli Dram Teatrının, Opera Teatrının, Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının, Naxçıvan Yazıçılar Birliyinin və digər teatrların binalarının, görkəmli yazıçıların muzeylərinin əsaslı şəkildə yenidən qurulması, yeni texnologiya və müasir avadanlıqlarla təchiz edilməsi, Muğam Mərkəzinin yaradılması, Naxçıvanda Ədəbiyyat muzeyinin və Kəngərli rayonunda Şahtaxtinskilər muzeyinin tikilib istifadəyə verilməsi bədii ədəbiyyatın, söz sənətinin inkişafında mühüm rol oynayır.
Bütün bunlar ölkəmizin Prezidenti İlham Əliyevin ədəbiyyat və mədəniyyət işini müstəqillik dövrünün yüksək tələblərinə uyğun şəkildə inkişaf etdirilməsi tədbirlərinin yeni səviyyəyə qaldırdığını qabarıq şəkildə nümayiş etdirir. Beləliklə, möhtərəm Prezidentimiz İlham Əliyev yeni tarixi epoxanın ədəbiyyat siyasətini formalaşdırır və ardıcıl olaraq inkişaf etdirir. Müstəqil Azərbaycanda uğurla həyata keçirilən ədəbiyyat siyasəti yeni ədəbiyyat axtarışlarının və çağdaş ədəbi nəslin meydana çıxması, ərsəyə gəlməsi ilə nəticələnir. Müasir dövrün ədəbiyyat siyasəti Azərbaycançılıq məfkurəsinin daha da zənginləşdirilməsinə də xidmət edir.
Göründüyü kimi, yeni dövr Azərbaycan ədəbiyyatının son yarım əsrdəki inkişafında ümummilli lider Heydər Əliyevin ədəbiyyat siyasətinin böyük rolu və təsiri olmuşdur. Əslində, Azərbaycanın son qırx ildəki ədəbiyyatı Heydər Əliyev epoxasının ədəbiyyatıdır. Hesab edirik ki, ən yeni dövr Azərbaycan ədəbiyyatının bir məsul vəzifəsi də yeni tarixi epoxanın fonunda görkəmli dövlət xadimi Heydər Əliyevin mükəmməl, hərtərəfli şəkildə işlənmiş, ciddi ədəbi-tarixi meyarlara cavab verən bədii obrazını yaratmaqdan ibarətdir.

Mənbə: artkaspi.az

  • Teqlər:
  • Heydər Əliyevin dövründə Azərbaycan ədəbiyyatı
  • , Azərbaycan ədəbiyyatı
  • , ədəbiyyat
  • , Heydər Əliyevin ədəbiyyat təlimi

Azərbaycan ədəbiyyatı haqqında

Azərbaycan yazılı ədəbiyyatının ən qədim nümunəsi e.ə. VI əsrdə Midiya dövləti (e.ə. VII-VI əsrlər) zamanında meydana çıxmış və müəllifi Zərdüşt peyğəmbər hesab edilən “Avesta”dır. Burada Azərbaycan xalqının dualist dünyagörüşü, ibtidai insanın xeyirlə şərin mübarizəsi haqqındakı təsəvvürləri öz bədii əksini tapmışdır.
Qədim mifoloji dünyagörüşünə söykənən Dədə Qorqud dastanları b.e. XI əsrdə “Kitabi-Dədəm Qorqud” adı altında yazıya alınmışdır. Elmə məlum olan nüsxələr isə XVI əsrdə üzü köçürülmüş əlyazmalarıdır. Bədii abidəni ilk dəfə tədqiqata cəlb etmiş alman şərqşünası Fridrix fon Ditsin fikrinə görə, buradakı bəzi mifoloji süjetlər Qədim Yunanıstanda yaranmış analoji süjetlərin yaranmasına (Təpəgöz-Siklop) təkan vermişdir.
Azərbaycan ərazisində yaranmış və yazısının tarixi V əsrə gedib çatan alban ədəbiyyatı da klassik yazılı ədəbiyyatımızın qaynaqlarından sayılmalıdır.

VII-VIII əsrlərdə ərəbcə yazmış Azərbaycan əsilli şairlərdən Əbu Məhəmməd ibn Bəşşar, Musa Şəhəvat və İsmayıl ibn Yəsarın şeirləri mübariz tənqidi ruhu, orijinal sənətkarlıq xüsusiyyətləri ilə o dövr ərəb poeziyasından müəyyən dərəcədə seçilir.
Ərəb dilində bədii əsərlər yazmaq ənənəsi Azərbaycan şairləri arasında XI-XII əsrlərə qədər davam etmiş, Xətib Təbrizi, Məsud ibn Namdar kimi sənətkarlar bu dildə Azərbaycan ədəbiyyatını zənginləşdirən bədii örnəklər ərsəyə gətirmişlər.
XI əsrdən Qətran Təbrizinin (1012-1088) yaradıcılığı ilə Azərbaycan poeziya məktəbi fars dilindən (dəri dilindən) istifadə etməklə yeni inkişaf mərhələsinə qədəm qoymuşdur.
1054-cü ildə Azərbaycanın oğuz türklərinin yaratdığı Səlcuqilər dövlətinin tərkibinə daxil olması elmin, incəsənətin və ədəbiyyatın inkişafına təkan verməklə yanaşı, türkdilli Azərbaycan xalqının formalaşmasını da başa çatdırmış oldu. XI əsrin ən böyük Azərbaycan şairlərindən olan Qətran Təbrizinin əsərlərində Azərbaycan-türk ruhu, Azərbaycan dilinə xas olan bir çox söz və cəhətlər öz dərin izlərini qoymuşdur. Şair bəzən ərəb və fars dillərində lazım olan qafiyəni tapmaqda çətinlik çəkərkən öz ana dilinə müraciət edir.
XII əsrdə Azərbaycan ədəbiyyatı bütövlükdə Yaxın və Orta Şərq, eləcə də dünya ədəbiyyatının sonrakı inkişafın mərhələsinə güclü təsir göstərmişdir. Həmçinin, bu dövrdə poeziya məktəbi də öz formalaşmasını başa çatdırmış və onun Xaqani Şirvani, Nizami Gəncəvi kimi dünya şöhrətli korifeyləri meydana gəlmişdir.
XII əsr Azərbaycan dövlətlərindən Şirvanşahlar və Atabəylərin qayğısı ilə Əbül-üla Gəncəvi (1096-1159), Məhsəti Gəncəvi (1089-1183), Fələki Şirvani (1126-1160), Mücirəddin Beyləqani (?-1190) kimi şairlər yetişmişdir.

Orta əsr Azərbaycan ədəbiyyatı
XIII əsrdən etibarən, Azərbaycanda əsasən, ərəb və fars dillərində yazan şairlərlə yanaşı, ana dilində yazan şair və sənətkarların sayı get-gedə artır, anadilli ədəbiyyat inkişaf etməyə başlayır. Bu zamandan Azərbaycan ədəbiyyatının qədim dövrü bitir və orta əsrlər dövrü başlayır.
İzzəddin Həsənoğlu və Şeyx Səfiəddin Ərdəbili kimi lirik şairlər qonşu xalqlarda olduğu kimi, sufi-mistik ideyaları içinə alan lirik və epik parçalardan daha çox, canlı həyatla bağlı olan dünyəvi poeziya nümunələri yaratmağa üstünlük verirlər. Həsənoğlunun türkcə üç, farsca bir qəzəli, Şeyx Səfinin kiçik bir divanı bu dövrün anadilli ədəbiyyatı haqqında dolğun təsəvvür yaradır, gələcək böyük poeziyanın bünövrəsinin möhkəm təməl üzərində qoyulduğundan xəbər verir.
Bütün XIII əsri, XIV əsrin isə ilk onilliklərini yaşayıb uzun bir yaradıcılıq yolu keçmiş Güney Azərbaycan şairi Hümam Təbrizi (1201-1314) də bu dövrün görkəmli ictimai-siyasi xadimi və istedadlı şairlərindən biri olmuşdur.
Azərbaycan ədəbiyyatında daha çox sufizm cərəyanının görkəmli nümayəndəsi kimi tanınmış Şeyx Mahmud Şəbüstərinin (1287-1320) nəsr və nəzmlə yazdığı bir çox əsərləri arasında “Gülşəni-raz” poeması diqqəti daha çox cəlb edir.
XIV yüzildə Suli Fəqih və Mustafa Zərir kimi Azərbaycan şairləri də Quran motivləri əsasında qurulmuş “Yusif və Züleyxa” mövzusunda ana dilində əsərlər yaratmışlar. Elə həmin dövrün sənətkarı Yusif Məddahın “Vərqa və Gülşa” poeması da anadilli epik şeirin gözəl örnəklərindən sayılmışdır.
Fars dilində yazıb-yaratmış görkəmli Azərbaycan şair və mütəfəkkirləri – Nəsirəddin Tusi (1201-1274), Marağalı Əhvədi(1274-1338), Arif Ərdəbili (1311-) daha çox Nizami ənənələrinə söykənmişlər. “Əxlaqi-Nasiri” kimi fundametal əxlaqi-didaktik əsərin müəllifi Nəsirəddin Tusinin elmi-fəlsəfi irsi ilə yanaşı, ədəbi-bədii əsərləri də var idi.
XIV əsrin şair və hökmdarı Qazi Bürhanəddinin yaradıcılığını (1314-1398) ingilis şərqşünası Eduard Braun türk ədəbiyyatlarında dünyəvi poeziyanın ilk örnəyi elan edərək yüksək qiymətləndirmişdir. Qazi Bürhanəddinin “Divan”ında Həsənoğlu və Şeyx Səfi yaradıcılığında formalaşmağa başlayan Azərbaycan bədii dili yüksək səviyyəyə çatmışdır. Qazi Bürhanəddinin yaradıcılığında ilk dəfə sırf türk poetik janrlarından olan tuyuqlardan istifadə olunmuşdur.
Bu dövrdə ədəbiyyatda və ictimai-siyasi fikirdə formalaşmış humanizm prinsipləri xüsusən Seyid İmadəddin Nəsimi (1369-1417) yaradıcılığında öz zirvəsinə çatmışdır.
Azərbaycan ədəbiyyatında XV yüzillik istər xronoloji, istərsə də sənətkarlıq cəhətdən Qazi-Nəsimi zirvələri ilə Xətai-Füzuli zirvələri arasında keçid mərhələsidir. Xəlili, Həmidi, Kişvəri, Həqiqi, Süruri kimi əsasən ana dilində, Şah Qasim Ənvar, Bədr Şirvani kimi daha çox fars dilində yazıb-yaradan sənətkarlar bu yüzilliyin ədəbi mənzərəsini müəyyən edirdilər. Bu şairlər arasında Qaraqoyunlu hökmdarı Cahanşah Həqiqinin (hakimiyyət illəri1436-1467) adını xüsusi qeyd etmək lazımdır. XV yüzillik Azərbaycan ədəbiyyatının ən böyük nümayəndələrindən biri də Nemətullah Kişvəridir. Şeir dili sahəsində, orijinal poetik obrazlar işlətməkdə Kişvəri Azərbaycan ədəbiyyatında unikal mövqe tutur.
Həbibi, Şahi, Süruri kimi bu dövr şairlərinin yaradıcılığı Xətai və Füzuli poeziyasının formalaşmasında münbit zəmin rolunu oynamışdır.
XV əsr Azərbaycan ədəbiyyatında bu zamana qədər başqa türk xalqlarının ədəbi dili ilə bir çox cəhətdən müştərək olan Azərbaycan ədəbi dili öz fərqləndirici xüsusiyyətlərini əldə edir və XVI əsrdən etibarən müstəqil bir ədəbiyyat kimi öz ənənələrini davam etdirməyə başlayır. Xüsusən XVI əsr Bağdad ədəbi mühiti milli poeziyanın inkişafına göstərdiyi böyük təsirlə fərqlənir. XVI əsr təzkirəçisi Əhdi Bağdadinin “Gülşəni-şüəra” (“Şairlər gülşəni”), Şah Abbasın kitabdarı Sadiq bəy Sadiqinin “Məcməül-xəvas” (“Seçilmişlər məclisi”) təzkirələrində o dövrün Bağdad ədəbi mühitində yetişmiş bir sıra şairlərin adları çəkilir ki, bunların da Füzuli dühasının yetişməsində oynadığı böyük rolu inkar etmək olmaz.
XII-XVI əsrlər Azərbaycan ədəbiyyatında Renessans ideyalarının Nizamidən sonrakı zirvəsi – Qərb şərqşünaslığında “qəlb şairi” kimi məşhur olan Məhəmməd Füzulidir. Füzuli təkcə Azərbaycanda deyil, türk dilinin, xüsusən oğuz türkcəsinin anlaşıldığı böyük bir coğrafi-etnik məkanda indiyə qədər də sevilə-sevilə oxunan sənətkarlardan biridir. İraq, Türkiyə, Tatarıstan, Özbəkistan, Türkmənistanda Füzulinin əsərləri indiyə qədər populyar olaraq qalmaqdadır.
Qeyd etmək lazımdır ki, Füzuli sənəti boş yerdə yaranmamış, onun formalaşmasına bütöv bir zaman kəsiyi ərzində görkəmli sənətkarlar yardım etmişlər. Bunların arasında Füzulinin böyük müasiri və müəyyən dərəcədə mesenatı – böyük Azərbaycan dövlət xadimi və şairi Şah İsmayıl Xətainin(1487-1524) xüsusi yeri vardır.
Şah İsmayıl Xətai Azərbaycanın ictimai-siyasi tarixində müstəsna rol oynamış bir sülalənin banisidir. Xətai şair-hökmdar kimi öz sələfləri Qazi Bürhanəddin və Mirzə Cahanşah Həqiqinin poetik ənənələrini davam və inkişaf etdirmiş, cəmi otuz altı illik qısa ömrü ərzində nəinki yeni bir möhtəşəm Azərbaycan dövlətini qurub genişləndirmiş, həm də Azərbaycan ədəbiyyatının ana dilində inkişafında müstəsna rol oynamışdır.
XVI-XVII yüzilliklər Azərbaycan ədəbiyyatında həm də orta əsr məhəbbət və qəhrəmanlıq dastanlarının formalaşması dövrü kimi tanınır. Füzulinin yazılı poeziyada əldə etdiyi uğurları eyni zamanda şifahi xalq ədəbiyyatının nümayəndələri- Qurbani, Aşıq Abbas Tufarqanlı, Xəstə Qasım kimi aşıqların yaradıcılığında da görmək mümkündür. “Aşıq Qərib”, “Abbas və Gülgəz”, “Əsli və Kərəm” kimi mükəmməl məhəbbət dastanları, “Kitabi-Dədəm Qorqud”un layiqli varisi olan “Koroğlu” qəhrəmanlıq eposu bu dövrdə formalaşır və xalq sənətkarlarının repertuarına daxil olur
XVII-XVIII əsrlərdə Azərbaycan ədəbiyyatı şifahi xalq yaradıcılığının, əsasən aşıq nümayəndələrinin əsərlərinin təsiri altında canlı həyata, xalq dilinə daha da yaxınlaşır. Bununla yanaşı, Azərbaycan poeziyasında realizmə keçid dövrünün təməli qoyulur. Bu dövrdə poeziyada Füzuli ənənələri hələ kifayət qədər güclü olsa da, artıq bu cazibədən çıxmaq cəhdləri Saib Təbrizi, Qövsi Təbrizi, kimi sənətkarların yaradıcılığında özünü göstərir. XVIII əsrdə Şirvan ədəbi mühitinin yetirdiyi şairləridən Şakir, Nişat və Məhcurun əsərlərində daha çox dövrün konkret ağrılı problemlərindən bəhs olunduğunu, sadə xalqın ağır güzəranından narahatçılığın bədii ifadəsini görürük.
Molla Vəli Vidadi (1707-1808), xüsusən Molla Pənah Vaqif (1717-1797) kimi sənətkarlar sadə, canlı dildə yazdıqları əsərlərlə poeziyanı xalqa daha da yaxınlaşdırmışlar. Vaqif öz dövrünün görkəmli siyasi xadimi olmuş, Qarabağ xanlığının xarici siyasətini uzun müddət müəyyənləşdirmişdir. XVIII əsr – Azərbaycan ədəbiyyatında orta əsrlərin son, yeni dövrün isə başlanğıc mərhələsi kimi keçid xarakteri daşıyır.

XIX-XX əsr Azərbaycan ədəbiyyatı
XIX əsrin ilk onilliklərində baş verən ən mühüm hadisə – Azərbaycanın Rusiya imperiyası tərəfindən işğal edilməsi olmuşdur. Bunun da təsiri nəticəsində mədəniyyətdə olduğu kimi, ədəbiyyatda da qərbyönümlü meyllər güclənmişdir. Beləliklə, ədəbiyyatda milli və realist-dünyəvi motivlər aparıcı mövqeyə çıxmışdır. Molla Pənah Vaqif yaradıcılığının bilavasitə təsiri altında Qarabağ ədəbi mühitində tənqidi-realist satiranın Qasım bəy Zakir (1784-1857) kimi nümayəndəsi yetişərək uzun müddət poetik inkişafın istiqamətini müəyyənləşdirir. Lakin həm Q. B. Zakirin yaradıcılığında, həm də onunla çağdaş olan şairlərin əsərlərində Füzuli ənənələri yeni səviyyədə davam etdirilir. Bu prosesin ən böyük nümayəndələri Güneydə Seyid Əbülqasım Nəbati (1812-1873), Heyran xanım (1786-1838), Quzeydə isə Seyid Əzim Şirvani (1835-1888), Xurşudbanu Natəvan (1830-1897) və Fatma xanım Kəminə olurlar (1840-1888).
Bu dövrdə rus və Qərb şərqşünasları və şairləri ilə yaxından tanış olan, onlardan qabaqcıl humanist fikirləri əxz edən sənətkarlar arasında Abbasqulu ağa Bakıxanovu (1794-1847), Mirzə Şəfi Vazehi (1792-1852), İsmayıl bəy Qutqaşınlını (1801-1861) göstərmək olar.
Mirzə Fətəli Axundzadənin (1812-1878) maarifçi-realist görüşləri Azərbaycan ədəbiyyatının sonrakı inkişafında müstəsna rol oynayaraq, Azərbaycan ədəbiyyatında çağdaş Qərb ədəbiyyatı janrlarının -dram, roman, hekayə, novella, povest, poema və s. oturuşmasına güclü təsir göstərmişdir. Mirzə Fətəli Axundzadənin Azərbaycan mədəniyyəti üçün müəyyən etdiyi ədəbi-estetik inkişaf istiqaməti XIX əsrin ikinci yarısında Seyid Əzim Şirvani (1835-1888), Nəcəf bəy Vəzirov(1854-1926), Əbdürrəhim bəy Haqverdiyev (1870-1933) kimi maarifçi-realist sənətkarların formalaşmasına təsir göstərmişdir. Bu da təkcə Azərbaycan üçün deyil, eyni zamanda qonşu xalqların ədəbi-mədəni yüksəlişinin inkişafına səbəb olmuşdur. Xüsusən, Həsən bəy Zərdabi (1837-1907) kimi təbiətşünas-alimin nəşr etdiyi çoxyönlü “Əkinçi” qəzeti (1875-1877) bu dövrdə ədəbi-mədəni həyatın coşğun inkişafına təkan vermişdir.
XIX əsr Azərbaycan ədəbiyyatında maarifçi-realist təmayüllə yanaşı, dini-didaktik poeziya da inkişaf edirdi. Bunun əsas nümayəndələri Güney Azərbaycanda yaşayıb yaradan mərsiyə şairlərindən Raci, Dilsuz, Dəxil, Qumri və b. idi. Lakin Quzeydə gedən qabaqcıl ədəbi prosesin təsiri altında Güney sənətkarları da dünyəvi əsərlər yaratmağa meyl edirdilər
XIX əsrdə ədəbiyyatın daha çox Şərq yaradıcılıq tipinə meyl göstərən bir qolu da ədəbi məclislərdə formalaşırdı. Qubadakı “Gülüstan” ədəbi məclisinə Abbasqulu ağa Bakıxanov Qüdsi, Ordubaddakı “Əncüməni-şüəra”ya (“Şairlər məclisi”) Fəqir Ordubadi, Lənkərandakı “Fövcül-füsəha”ya (“Gözəl danışanlar dəstəsi”) Mirzə İsmayıl Qasir, Şamaxıdakı “Beytüs-Səfa”ya (“Səfanın evi”) Seyid Əzim Şirvani, Bakıdakı “Məcməüş-şüəra”ya (“Şairlər toplusu”) Məhəmməd ağa Cümri, Gəncədəki (sonralar Tiflisdə) “Divani-hikmət”ə Mirzə Şəfi Vazeh, Şuşada fəaliyyət göstərən “Məclisi-üns” poetik məclisinə Xurşudbanu Natəvan, “Məclisi-fəramuşan”a (“Unudulmuşlar məclisi”) isə Mir Möhsün Nəvvab başçılıq edirdi.
Bütövlükdə XIX yüzilliyin ədəbiyyatı, Azərbaycan ədəbiyatının yeni yüksək mərhələsi sayılan XX yüzil ədəbiyyatına keçid üçün möhkəm zəmin hazırlamışdır.
Vaxtilə Rusiya imperiyasının tərkibinə daxil olmuş əksər xalqlar kimi, XX əsrin ilk onillikləri Azərbaycan ədəbi-mədəni həyatında da xüsusi bir mərhələ təşkil etməkdədir. Bu dövrdə Avropa və Rusiya örnəyi əsasında realist və romantik ədəbiyyatın Cəlil Məmmədquluzadə (1866-1932), Mirzə Ələkbər Sabir (1862-1911), Hüseyn Cavid (1884-1944), Məhəmməd Hadi (1880-1920),Abbas Səhhət (1874-1918), Abdulla Şaiq (1881-1959), Nəriman Nərimanov (1870-1925), Əbdürrəhim bəy Haqverdiyev(1870-1933) kimi görkəmli nümayəndələri öz yaradıcılıqları ilə Azərbaycan ədəbiyyatını dünya ədəbi-mədəni fikrinin ən yaxşı nümunələri səviyyəsinə qaldırmışdılar.
Azərbaycan tarixinin XX əsrin əvvəllərində baş vermiş əlamətdar hadisəsi Azərbaycan Demokratik Respublikasının qurulması olmuşdur (1918-1920). ADR cəmi iyirmi üç ay davam edən qısa bir ömür sürsə də həmin dövr özünəməxsus ədəbi məhsulla əlamətdar olmuşdur. Artıq tanınmış qələm sahibləri olan Cəlil Məmmədquluzadə, Abdulla Şaiq, Əbdürrəhim bəy Haqverdiyev, Üzeyir Hacıbəyovla yanaşı bu zaman Cəfər Cabbarlı, Əhməd Cavad, Ümmügülsüm kimi gənc qələm sahiblərinin də maraqlı əsərləri meydana gəlmişdir. Bu əsərlərdə Azərbaycanın dövlət müstəqilliyi, ölkəmizə xilaskarlıq missiyası ilə gəlmiş türk ordusunun zəfərləri, Azərbaycan əsgərlərinin rəşadəti, üçrəngli milli bayraq hərarətlə tərənnüm olunurdu. Bu sahədə xüsusi fəallığı ilə seçilən Əhməd Cavad (1892-1937) Birinci Respublikanın dövlət himninin mətnini yazmışdır. Musiqisi dahi Üzeyir Hacıbəyov tərəfindən bəstələnmiş həmin əsər bu gün də müstəqil Azərbaycan Respublikasının himni kimi ifa olunmaqdadır.

Sovet dövrü Azərbaycan ədəbiyyatı (60-cı illərə qədər)
Sovet dövrü dramaturgiyası Hüseyn Cavid, Süleyman Sani Axundov, Cəfər Cabbarlı, Mirzə İbrahimov, Səməd Vurğun, Sabit Rəhman, Ənvər Məmmədxanlı, İlyas Əfəndiyev, Şıxəli Qurbanov və başqalarının adı ilə sıx bağlıdır.
Əhməd Cavad (1892-1937) və Mikayıl Müşfiq (1908-1938) Səməd Vurğunla yanaşı XX əsr Azərbaycan poeziyasının əsas cığırdaşları hesab olunurlar. Süleyman Rüstəm (1906-1989) və Əlağa Vahid (1895-1965) lirikanın inkişafında mühüm xidmətləri olan şairlərdir.
Sovet dövründə Azərbaycan poetik fikrinin inkişafında Rəsul Rzanın (1910-1981) əsasən sərbəst vəzndə qələmə aldığı şeir və poemaların böyük rolu olmuşdur. Məmmədhüseyn Şəhriyar, Həbib Sahir, Həmid Nitqi, Bulud Qaraçorlu (Səhənd) kimi Cənubi Azərbaycan şairlərinin rolu da danılmazdır.
Azərbaycan nəsrinin zənginləşməsində Məmməd Səid Ordubadi, Yusif Vəzir Çəmənzəminli, Əli Vəliyev, Mir Cəlal, Süleyman Rəhimov, Mehdi Hüseyn, Hüseyn İbrahimov, Hüseyn Abbaszadə, Bayram Bayramov, Cəmil Əlibəyov, Vidadi Babanlı, Manaf Sülemanov, Ələviyyə Babayeva, Süleyman Vəliyev, Əzizə Əhmədova, Əfqan Əsgərov, Gülhüseyn Hüseynoğlu, Əlibala Hacızadə, Salam Qədirzadə, Çingiz Hüseynov, Ənvər Məmmədxanlı və başqalarının da xidmətləri vardır.

Yeni dövr Azərbaycan ədəbiyyatı (60-cı illərdən başlayaraq dövrümüzə qədər)
60-cı illərdən başlayaraq, qlobal ictimai-siyasi atmosferin bir qədər ilıqlaşması, SSRİ-də ideoloji buxovların zəiflədilməsi nəticəsində bədii yaradıcılıq sahəsinə gələn gənc istedadlar mövcud siyasi quruluşun tənqidini verən əsərlər yazmağa başladılar. Bunların arasında İsa Hüseynov, Məmməd Araz, Sabir Əhmədov, Anar, Əkrəm Əylisli, Elçin, Sabir Rüstəmxanlı, Ələkbər Salahzadə, Fərman Kərimzadə, Maqsud İbrahimbəyov, Rüstəm İbrahimbəyov, Mövlud Süleymanlı, Yusif Səmədoğlu, İsi Məlikzadəkimi nasir və şairlər vardır.
Söz və fikir azadlığı, siyasi düşüncə sərbəstliyi, plüralizm, milli istiqlal, ictimai ədalət uğrunda ədəbiyyatda başlamış bu hərəkat – 70-90-cı illərdə davam etdirilərək, ən nəhayət, Azərbaycanın siyasi suverenlik, dövlət müstəqilliyi əldə etməsi ilə öz perspektiv məqsədlərini həyata keçirmiş oldu.
Bəxtiyar Vahabzadə (1925), Nəbi Xəzri (1924), Nəriman Həsənzadə (1931) kimi sənətkarların poeziya və dramaturgiyasında da daha çox xalq tarixinin ibrətamiz səhifələri və lirik-psixoloji yaşantılar üstünlük təşkil edir. Bu şairlərin, eləcə də Qabil, Ənvər Əlibəyli, İslam Səfərli, Adil Babayev, Hüseyn Arif, Qasım Qasımzadə, Əliağa Kürçaylının bir çox əsərləri ədəbiyyatımızın qiymətli nümunələrindəndir. Bu mərhələnin ədəbiyyatında qədim bir ənənənin – başqa dildə milli mədəniyyət yaratmaq ənənəsinin davamını rus dilində yazıb yaradan İmran Qasımov, Maqsud İbrahimbəyov, Rüstəm İbrahimbəyov, Çingiz Abdullayev, Çingiz Hüseynov, Vladimir Qafarov,Vahid Məmmədli, Natiq Rəsulzadə, Alla Axundova və b. yazıçıların fəaliyyətində görürük. Onların Bakıda, Moskvada və Avropa ölkələrində dönə-dönə nəşr edilən əsərləri Azərbaycan milli mədəniyyətini zənginləşdirən, ona olan maraq dairəsini genişləndirən qiymətli nümunələrdir.
Azərbaycan ədəbiyyatının yeni mərhələsi üçün bədii zəmin hazırlayanlar və özləri də bu prosesdə fəal iştirak edənlər arasında Əli Kərim (1931-1969), Xəlil Rza (1932-1994), Cabir Novruz (1933-2002), Fikrət Sadıq (1930), Məmməd Araz (1933-2004), Famil Mehdi (1934-2002), Tofiq Bayram (1934-1991), İlyas Tapdıq (1934), Fikrət Qoca (1935), Musa Yaqub (1937), Məmməd İsmayıl (1939), Vaqif Səmədoğlu (1939), Arif Abdullazadə (1940-2002), Ələkbər Salahzadə (1941), İsa İsmayılzadə (1941), Çingiz Əlioğlu (1944), Nüsrət Kəsəmənli (1946-2001), Ramiz Rövşən (1946), Sabir Rüstəmxanlı (1946), Hamlet İsaxanlı (1948), Vaqif Bayatlı Önər (1949), Zəlimxan Yaqub (1950) və b. şairlər seçilirlər.
Azərbaycan müstəqillik əldə etdikdən sonra müasir ədəbiyyatda işğalda olan torpaqların geri qaytarılması, insanpərvərlik, ictimai ədalət və s. kimi ümumbəşəri ideyaların tərənnümü əsas yer tutur.
Hal-hazırda Azərbaycan ədəbiyyatının başlıca inkişaf meyilləri azərbaycançılıq məfkurəsinin tərənnümünə və təntənəsinə əsaslansa da, modernist və postmodernist meyillər də özünü göstərir. Orxan Fikrətoğlunun (“Ögey”, “Çevrilmə” hekayələri, “Üçüncü günün adamı” povesti), Məqsəd Nurun (“Küləkli şəhər”, “Ero-gigiyenik”, “Katastofiklər”, “Rütubət sevgiləri” hekayələri, “Şəhər meri” romanı), Sadıq Elcanlının ( «Zülmət» romanı), Mübariz Cəfərlinin («Bərpaçı», «Şahid qatar», «Uydurma», «Bənna» povestləri) əsərləri modernizmin, Kamal Abdullanın («Yarımçıq əlyazma», «Sehrbazlar dərəsi» romanları, «Tarixsiz gündəlik» povesti və s.) əsərləri isə postmodernizmin bariz nümunəsi hesab edilə bilər.
Qeyd etmək lazımdır ki, son onillikdə Azərbaycan poeziyasında modernist ruhlu əsərlərin də sayı artmaqdadır.

Ən yeni dövr azərbaycan ədəbiyyatı

Yeni dövr Azərbaycan ədəbiyyatı

I mərhələ (XVII-XVIII əsrlər)

Azərbaycanda mürəkkəb, ziddiyyətli hadisələrlə zəngin olan XVII- XVIII əsrlər ədəbiyyat tariximizin yeni dövrünün birinci mərhələsidir. Xalqda milli müstəqillik düşüncəsinin artdığı bu dövr şifahi xalq ədəbiyyatının güclənərək, yazılı ədəbiyyata təsirinin artması, ənənələrin davam etdirilməsi ilə yanaşı, yeni meyillərin yaranması, poeziyanın xəlqiləşməsi ilə səciyyələnir. Aşıqların yaratdığı “Koroğlu”, “Əsli və Kərəm”, “Şah İsmayıl”, “Tahir və Zöhrə”, “Abbas və Gülgəz”, “Aşıq Qərib” və s. qəhrəmanlıq və məhəbbət dastanları bu dövrün dəyərli bədii söz örnəkləridir.

Azərbaycan aşıq ədəbiyyatının yüksəliş dövrünün – XVI – XVII əsrlərin məhsulu olan «Koroğlu» qəhrəmanlıq dastanında xalqımıza xas olan vətənpərvərlik, qəhrəmanlıq, humanizm motivləri ön planda durur. Dastan yarandığı dövrdən bəri müxtəlif xalqlar içərisində yayılmış, müxtəlif variantları yaradılmışdır. Buna baxmayaraq, xalqımızın şifahi ədəbiyyatının bu nadir incisi öz ideya- bədii kamilliyi ilə bütün variantların fövqündə durmuş, onların yaranması üçün qaynaq, zəmin rolu oynamışdır.

Dastanının baş qəhrəmanı xalqın arzu və istəklərinin daşıyıcısı olan Koroğludur. Onun ədalətsiz yerli hakimlərə və xarici işğalçılara qarşı mübarizədə əsas dayağı xalqdır, xalqın içərisindən çıxmış igid oğullardır. Əsərin əvvəlində qisasçı təsiri bağışlayan Koroğlu sonradan xalq qəhrəmanına çevrilir. Xalq Azərbaycanın müstəqilliyi ilə bağlı arzularını Koroğlu obrazında əks etdirmişdir. Bu baxımdan yenilməz fiziki gücə, düşmən bağrını yaran dəli nərəyə malik Koroğlu mükəmməl obrazdır, xalqın qəhrəman idealıdır. Koroğlu namərdliyin, müxənnətliyin düşmənidir.

Dastana daxil edilmiş şeir parçaları, qoşma və gəraylılar aşıq şeirinin kamil nümunələridir. Bu şeirlər öz poetik təravəti, məcazlar sisteminin zənginliui ilə diqqəti cəlb edir. Dastanın nəsr dili də xalq danışıq dilinin bütün zənginliyini, şəhdini-şəkərini əks etdirir, obrazlılığın dəyərli nümunələridir. Dastan aşıq ədəbiyyatının oyanış, intibah dövrünün məhsulu olduğu üçün həmin dövrün zəngin ifadə imkanlarını da özündə əs etdirir.

Nizaminin, Füzulinin epik poeziya ənənələrini davam etdirən Məsihinin “Vərqa və Gülşa” poemasında mülki bərabərsizlik, şər qüvvələr bir-birini böyük məhəbət bəsləyən gənclərin səadəti yolunda sədd çəkir. Lakin Vərqa və Gülşa xoşbəxt olmaq, üarzularına çatmaq üçün qarşılarına çıxan bütün maneələri aşırlar. Sevgilisinə sadiq olan Gülşa, Əmr, Əntər,Pələngər kimi şər qüvvələrlə mübarizədə qalib gələn, “Qovğa günü Rüstəmi-zəmanəm” deyənVərqa əhdə vəfa, iradə, qəhrəmanlıq nümunəsi göstərir. Vərqa ömrünün sonuna qədər sevgilisinə içdiyi anda sadiq qalır.

Əsərdəki Möhsün şah obrazı da alicənablığı, mərdliyi, xeyirxahlığı ilə diqqəti cəlb edir. Vərqa və Gülşanın məhəbbətindən xəbər tutan Möhsün şah Gülşaya olan məhəbbətini bir qardaş sevgisinə çevirir, hər iki gəncin bir-birin qovuşması üçün çalışır.

Klassik ədəbiyyatımızın ənənələrini davam və inkişaf etdirən Saib Təbrizi Şərq ölkələrində mütəfəkkir şair kimi tanınmış, zəngin bir irs qoyub getmişdir. Yeni səpkidə əsərlər yazan Saibin poeziyasında yenilik ruhu güclüdür. Tədqiqatlarda onun 300 min beytə qədər əsəri olması barədə məlumat vardır. Ana dilində yazdığı şeirlər şairin yaradıcılığında mühüm yer tutsa da, bu böyük irsdən bizə 17 şeir gəlib çatmışdır. Lakin həmin əsərlər Saibin sənətkar qüdrəti, ana dilinin zəngin bədii təsvir və ifadə vasitələrindən istifadə məharəti haqqında dolğun təsəvvür yaradır.

Şairin poeziyasında vətən mövzusu mühüm yer tutur. “Saib doğdu Təbrizin müqəddəs torpağından” deyən ədib müxtəlif ölkələrdə yaşasa da, doğma şəhərini heç zaman unutmamış, ömrünün ən xoşbəxt günlərini bu cənnət guşədə yaşadığını dönə-dönə iftixarla qeyd etmişdir:

O bahar ömrümüzün günləri düşdükcə yada,

Saibin fikri gəzir Təbrizinin cənnətini.

Saib yaradıcılığı şifahi xalq ədəbiyyatı ilə sıx bağlıdır. Xalq bədii təfəkkürününqaynaqlarından yaradıcılıqla bəhrələnən sənətkar ən dərin fikirləri, mürəkkəb mətləbləri ifadə etmək üçün atalar sözü və məsəllərdən məharətlə istifadə etmişdir, Şairin həyat, insan taleyi, dostluq, insanpərvərlik mövzularında bir çox beytləri aforizm kimi işlənməkdədir:

Küçədə torpaq ilə oynayan o oğlana bax,

Kim ki nadandır bu həyat onu da oynadacaq.

Saibin Azərbaycan və fars dilində əsərlərinin lirik qəhrəmanı məhəbbəti, gözəlliyi, sədaqəti, fədakarlığı, qüruru, daxili aləmin zənginliyi ilə seçilir.

XVII əsrin sonu XVIII əsrin əvvəllərində yaşayıb-yaratmış Qövsi Təbrizinin elm aləminə məlum olan lirik şeirlər “Divan”ının bir nüsxəsi Britaniya muzeyində , digəri Gürcüstan Dövlət Muzeyində saxlanılır. Qövsi Təbriz ədəbi mühitinin təsiri altında böyümüş, klassik ədəbiyyatımızla yanaşı, Şərq ədəbiyyatını mütaliə etmişdir. Sadə həyat tərzi keçirən Qövsü fikrini elmə, biliyə, bədii yaradıcılığa vermiş, dövrünün böyük alim və şairləri ilə dostluq münasibətləri onun dünyagörüşünün formalaşmasında böyük rol oynamışdır.

İnsanpərvərlik, xeyirxahlıq hisləri ilə yaşayan şairin ictimai motivli əsərlərində cəmiyyətin insanı əzən, qula çevirən qanunlarına kəskin etiraz vardır. Cəmiyyətdəki bərabərsizlik, ədalətsizlik daim maddi ehtiyac içində yaşayan insanların həyat tərzi ilə naz-nemət içində yaşayan zənginlərin həyatı arasındakı fərq şairi daim düşündürmüş, narahat etmişdir. Yaşadığı cəmiyyətdə insan azadlığının, ləyaqətinin tapdalanması, ağla qaraya fərq qoyulmaması ilə hər gün qarşılaşması şairin qəlbində kədər, qəzəb, təəssüf hisləri doğurmuşdur. “Zəmanə hər kimi yandırdı, mən kəbab oldum” şair insanı qula çevirən cəmiyyətə qarşı etiraz dolu fəryad səsini ucaltmışdır.

Qövsinin məhəbbət lirikasında da lirik qəhrəmanın məhəbbəti, vüsal həsrəti, ayrılıq əzabları ilə yanaşı, zəmanəsinə münasibəti də öz əksini tapır. O, nakam məhəbbətində yalnız sevdiyi gözəli deyil, fələyii, zəmanəsini də günahlandırır:

Gər nalə çəkməsin dili bimar, neyləsin?

Aşiq gözüm gər ağlamasın zar, neyləsin?

. Qövsi, səninmi halına bir əhli-dil demiş:

Qoymaz məni fələk göz açım, yar neyləsin?

XVII-XVIII əsrlərdə Aşıq Abbas Tufarqanlı, Xəstə Qasım, Sarı Aşıq kimi ustad sənətkarların yaradıcılığı ilə aşıq sənəti çiçəklənməyə başladı. Cənubi Azərbaycanda anadan olmuş Aşıq Abbas Tufarqanlı qoşma, gəraylı, qəzəllərində xalqımızın mənəvi dəyərlərini, arzu və istəklərini, yurdumuzun təbiətinin gözəlliyini, saf məhəbbəti tərənnüm etmiş, həyatda gördüyü haqsızlıqlara qarşı etiraz səsini ucaltmışdır. Baharın gəlişinin doğurduğu nikbin əhval-ruhiyyə, tə­biə­tin ğözəlliyi xalq aşığının qəlbində həyat eşqi, heyranlıq hissi oyadır:

Budur gəldi bahar fəsli,

Dağların lala vaxtıdır.

Açılıbdır qızıl güllər,

Bülbülün bala vaxtıdır.

Cənubi Azərbaycanın Tikmədaş kəndindən olan Xəstə Qasım qoşma, gəraylı, deyişmə və ustadnamələrində xalq mənəviyyatı, xeyirxahlıq, dostluqda sədaqət və s. nəcib keyfiyyətlərdən söz açmışdır:

Xəstə Qasım kimə qılsın dadını,

Canı çıxsın özü çəksin odunu,

Yaxşı igid yaman etməz adını,

Çünki yaman addan ölüm yaxşıdır.

Zəngəzur mahalının Güləburd kəndindən olan Sarı Aşıq dərin mənalı, sevən, ayrılıq həsrəti çəkən qəlbin çırpıntılarını əks etdirən bayatıları ilə məşhurdur. Sarı Aşıq Yaxşı adlı bir qızı sevmişdir. Yaxşının da ona könül verməsinə baxmayaraq, ailələrin razılığı olmadığı üçün o, öz sevgilisinə qovuşa bilməmidir:

Mən Aşıq bu dağınan,

Gül sınmış budağınan.

Sənə Yaşı deməzlər

Mən ölsəm bu dağınan.

XVIII əsrdə yazılı ədəbiyyatımızın inkişafında Molla Pənah Vaqifin və Molla Vəli Vidadinin böyük rolu olmuşdur. Görkəmli şair M.V.Vidadi klassik poeziya və folkor ənənələrindən bəhrələnərək qoşma və gəraylılar, əruz vəznli şeirlər –qəzəllər, müxəmməslər yazmışdır. Vidadinin məhəbbət lirikasında Füzulinin təsiri hiss olunur. Şairin məhəbbəti əlçatmaz, ülvi bir hiss sayan lirik qəhrəmanı sevgi əzablarını, ayrılıq dərdini, vüsal arzusunu təbii bir hal kimi qarşılayır. Dünyəvi eşqi tərənnüm edən şeirlərində həyati lövhələrə yer verməsi isə aşıq poeziyası ilə bağlılıqdan irəli gəlir:

Gecə-gündüz oda düşüb yanaram,

Siyah telli bir sonanın ucundan.

Nə dil deyə bilir, nə qələm yazır

Hər nə ki çəkmişəm onun ucundan.

Lirik qəhrəman aylar, illərlə həsrətini çəkdiyi sevgilisinin vüsalını şükranlıqla qarşılayır, onda həyat eşqi, sevinci, fərəh hisləri oyadır:

Aylar, illər həsrətini çəkərdim,

Şükür yetdim vüsalına , sevdiyim!

Müştaqinəm, çanı qurban eylərəm,

O xəttinə, o xalına, sevdiyim!

Eşqin elə bu könlümə fənd elər,

Danışdıqca göftarını qənd elər,

Zülfün ilə hüsnün birdən bənd elər,

Xəyalımı xəyalına, sevdiyim!

Yaşadığı dövrün keşməkeşli, qanlı-qadalı hadisələri, xalqın düşdüyü çətin durum, cəmiyyətdə sadə indsanların ağır vəziyyəti şairin ictimai motivli şeirlərində öz əksini tapmışdır. Vətənin, xalqın taleyinə həssaslıqla yanaşan şairin əsərlərində qabarıq şəkildə əks olunan dərd ictimai kədərdir. “Durnalar”, “Gördüm”, “Dəli könül, gəl əylənmə qürbətdə” şeirlərində şairin humanist duyğulları, vətən məhəbbəti, yurdundan ayrılmış qəriblərin kövrək duyğuları səmimi bir dillə əks olunub. Vaqiflə deyişməsində Vidadi “Toy-bayramdır bu dünyanın əzabı, Əqli olan ona gətirər tabı” deyən, nikbin ovqatlı yaşayan dostunu naz-nemətə, cah-cəlala uymamağa çağırır, dünyanın faniliyini, ümidi Allaha bağlamağın vacibliyini xatırladır.

“Müsibətnamə” müxəmməsində Şəki xanı Hüseyn xan Müştaqın hakimiyyət uğrunda çəkişmələr nəticəsində öz əmisi Hacı Əbdülqadir tərəfindən öldürülməsinin Vidadidə doğurduğu kədər hisləri öz əksini tapmışdır. Şair Hüseyn xan Müştaqın insani keyfiyyətlərindən, “haqpərəst” , “pak dil”, “əhli-təbəkkül” olmasından söz açır, intiqam hissi, hakimiyyət həvəsi ilə ittifaq bağlamış düşmənləri tərəfindən təkləndiyindən yanıqlı bir dillə, kədərlə söz açır.

Bu dövr ədəbiyyatımızın ən qüdrətli nümayəndəsi olan Vaqif həm görkəmli dövlət xadimi , həm də şair kimi şöhrət tapmışdır. Klassik poeziya ənənələri və şifahi xalq ədəbiyyatı, aşıq şeirinin nailiyyətlərindən yaradıcılıqla bəhrələnməsi, realistik meyillər şairin yaradıcılığının yenilikçi mahiyyət kəsb etməsinə səbəb olmuşdur.

Comments are closed, but trackbacks and pingbacks are open.