Press "Enter" to skip to content

Nağd pul tədavülünün təşkili

Qeyd etmək istərdik ki, köhnə nəsil əskinaslardan fərqli olaraq yeni əskinaslarda optik dəyişən və s. müasir mühafizə elementləri də istifadə olunub.

Qazaxıstan Milli Bankı Azərbaycanın nağd pul sferasında təcrübəsi ilə tanış olur

Azərbaycan Mərkəzi Bankında (AMB) nağd pul sferasında Azərbaycan təcrübəsi ilə yaxından tanış olmaq məqsədi ilə Qazaxıstan Milli Bankının nümayəndə heyəti üçün 25-29 noyabr tarixlərində təcrübə mübadiləsi keçirilib.

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 29 noyabr /Trend/

Azərbaycan Mərkəzi Bankında (AMB) nağd pul sferasında Azərbaycan təcrübəsi ilə yaxından tanış olmaq məqsədi ilə Qazaxıstan Milli Bankının nümayəndə heyəti üçün 25-29 noyabr tarixlərində təcrübə mübadiləsi keçirilib.

AMB-dən Trend-ə verilən məlumata görə, nümayəndə heyətini Mərkəzi Bankın baş direktoru Aqşin Vəliyev qəbul edərək Mərkəzi Bankda həyata keçirilən “Nağd pul idarəetməsinin ən müasir standartlarının formalaşdırılması” proqramı və bu çərçivədə qəbul olunmuş layihələr, nağd pul sferasında tətbiq olunacaq ən mütərəqqi sistem və texnologiyalar, onların bank sektoruna verəcəyi töhfələr barədə məlumat verib.

Təcrübə mübadiləsi zamanı Azərbaycan Mərkəzi Bankının əməkdaşları tərəfindən nağd pul tədavülünün təşkili və nağd pula tələbin proqnozlaşdırılması sahəsində Nağd Pul Blokunun fəaliyyəti və gələcək hədəfləri barədə ətraflı məlumat verilib.

Nağd pul tədavülünün təşkili

İlk manatın üstündəki nominalın adları niyə fransız dilində yazılmışdı?

Modern.az saytı xəbər verir ki, bu gün Azərbaycanın milli valyutası – manatın dövriyyəyə buraxılmasından 19 il ötür. Hazırda istifadə etdiyimiz müstəqil Azərbaycan Respublikasının manatı 1992-ci ilin avqustun 15-də dövriyyəyə buraxılıb. O zaman 1, 10 və 250 manatlıq əskinaslar dövrüəyyə Azərbaycan Respublikası Prezidentinin 15 iyul 1992-ci il tarixli “Azərbaycan Respublikası milli valyutasının dövriyyəyə buraxılması haqqında” Fərmanına müvafiq olaraq buraxılıb. Bəs Azərbaycanın puemissiyasının tarixi nə vaxtdan başlayır? Axə müstəqillikdən öncə də pullarımız olub.

İlk seriya milli valyutanın tarixi

Modern.az Azərbaycan Mərkəzi Bankına istinadən bildirir ki, müsəlman dünyasında ilk demokratik dövlət olan Azərbaycan Cümhuriyyətinin – Azərbaycan Demokratik Respublikasının ilk müstəqil pul emissiyasının tarixi 1919-cu ilin əvvəlində tədavülə buraxılan 25, 50, 100 və 250 manatlıq əskinaslarla başlayır. Əskinasın üz tərəfində Cümhuriyyət, arxa tərəfində isə rus dilində «Азербайджанская Республика» ifadələri, əskinasın nominal dəyəri və buraxıldığı tarix göstərilib.

1919-1920-ci illərdə buraxılmış pul vahidlərinin adları Azərbaycan dilində manatla, rus dilində isə rubl ilə verilib. Burada əsas məqsəd uzun illər işlədilən və hələ də dövriyyədə qalan Rusiya pul nişanlarına öyrəşən əhalinin tədricən yeni milli pul vahidinə inamının artırılması idi. Eyni zamanda, Azərbaycan Cümhuriyyətinin bu sahədəki iqtisadi siyasəti milli valyuta – manatın beynəlxalq miqyasda tanınması ilə bağlı olub. Məhz buna görə də Fransa hökumətinin dəstəyini hiss edərək (qismən də fransız dilinin beynəlxalq dil olduğunu nəzərə alaraq), Cümhuriyyət 500 manatlıq əskinasların üzərində Respublikanın və nominalın adlarını fransız dilində də verməyi lazım bilmişdi.

Sovet Azərbaycanın pulları

Azərbaycanda ikinci pul emissiyası 1920-ci ildə Azərbaycan Sovet Sosialist Respublikasının (ASSR) adından dövriyyəyə buraxılıb. Bu emissiya çərçivəsində birinci əskinas – 1.000 rubl (böyük formatda), sonra isə 5 (2 variantda), 100 (2 variantda) və 1.000 (kiçik formatda) manatlıq, 1921-ci ildə isə yeni dizaynla dörd yeni nominal – 5.000, 10.000, 25.000 (2 variantda) və 50.000 manatlıq əskinaslar tədavülə buraxılıb.

1921-ci ildən başlayan iqtisadi böhran nəticəsində 1922-ci ildə 3 yeni əskinas – 100.000 (3 variantda), 250.000 (2 variantda) və 1.000.000 (2 variantda) manatlıq əskinaslar, 1923-cü ilin əvvəlində isə 5.000.000 manat nominallı pul nişanı dövriyyəyə buraxılıb.

Azərbaycan Sovet Sosialist Respublikasının 1920-23-cü illərdə həyata keçirdiyi emissiyasının əskinaslarının üzərində onların dəyəri Azərbaycan dilində manatla, rusca isə rublla göstərilmişdi. Bütün əskinaslarda dövlət atributlarının elementləri – “aypara və ulduz”, “oraq və çəkic” təsvir edilmiş, üzərində buraxdığı tarix əks olunmuşdu. Çap prosesində su nişanları yalnız bir neçə nominalda – 25.000, 100.000, 250.000 və 1.000.000 manatlıq əskinaslarda istifadə edilmişdi.

1923-24-cü illər ərzində Azərbaycan ərazisində Zaqafqaziya Sovet Federativ Sosialist Respublikasının (ZSFSR) 4 pul emissiyası olmuşdur ki, 1-ci buraxılışa 5.000, 10.000, 50.000, 100.000, 250.000, 500.000, və 1.000.000 rublluq, 2-ci buraxılışa 500, 10.000, 50.000, 100.000, 250.000, 500.000, 1.000.000, 5.000.000 və 10.000.000 rublluq, 3-cü buraxılışa 10.000, 25.000, 50.000, 100.000, 250.000, 500.000, 1.000.000, 5.000.000 və 10.000.000 rublluq nominallar daxildir.
1922-1923-cü illərdə Cənubi Qafqaz respublikalarında güclənən təsərrüfat böhranı və inflyasiya nəticəsində, 1924-cü ilin əvvəlində ZSFSR hökumətinin qərarı ilə tədavülə 25, 50, 75, 100, 250 milyon və 1 milyard rublluq əskinaslar buraxılıb.

Bu dövrdə ZSFSR-in pul təsərrüfatı dövriyyəyə dünya pul tədavülü tarixində yalnız bir dəfə 10 milyard nominallı əskinas buraxması ilə xarakterikdir.
ZSFSR pul vahidləri Azərbaycan, Gürcüstan və Ermənistanda dövriyyədə olub. Bu üç respublika arasında iqtisadi durum Azərbaycanda yüksək olduğundan Azərbaycan manatı – ZSFSR rublundan dəyərli idi.

Zaqafqaziya Federasiyasının bütün 4 emissiyasının əskinaslarının dizaynı eyni tərzdə yerinə yetirilib. Belə ki, əskinasların üz tərəfində mərkəzdə Tiflisdə yerləşən ZSFSR-in Mərkəzi İcraiyyə Komitəsinin binası, arxa tərəfdə isə ulduz içərisində aypara, oraq və çəkic təsvirləri verilib. Bütün əskinasların üzərində buraxıldığı tarix göstərilib. 1 və 10 milyardlıq əskinasların arxa tərəfində qadın təsviri və onun yanında isə taxıl, meyvə və tərəvəz təsvirləri verilib.

1923-cü ildə SSRİ Dövlət Bankı yaradıldı və onun Bakı filialı açıldı, bununla da Azərbaycanın bank sistemi Moskvadan idarə olunmağa başlandı. 1936-cı ildə SSRİ-nin qəbul edilmiş Konstitusiyasına əsasən Azərbaycan SSRİ-nin tərkibinə daxil oldu. SSRİ Dövlət Bankının Azərbaycan filialı 1991-ci ilədək fəaliyyət göstərdi və SSRİ məkanında vahid valyuta funksiyasını sovet rublu həyata keçirdi. SSRİ dövründə İttifaqa daxil olan digər respublikalar kimi Azərbaycanda da nağd pul dövriyyəsinin təşkili mərkəzləşdirilmiş qaydada həyata keçirilirdi.

1936-cı ildə qəbul edilmiş Konstitusiya aktına görə, Dövlət gerbində 11 respublikanın adının göstərilməsilə əlaqədar olaraq tədavülə buraxılan əskinaslarda dövlətin adı və pulun nominalı 11 dildə göstərilib. Əskinaslar dövriyyədə 1947-ci il pul islahatlarına qədər qalıb.

Sovet dövründə 3 pul islahatı (1947, 1961, 1991) həyata keçirilib. Sonuncu, 1991-ci ildə həyata keçirilən pul islahatı əhalinin yaddaşlarında “Pavlov islahatı” kimi qalıb. O vaxt 50 və 100 rublluq əskinaslar dövriyyədən üç gün müddətində çıxarıldı.

SSRİ dövründə ən üzunmüddətli tədavüldə olan pul nişanları 1961-ci il islahatlarından sonra dövriyyəyə buraxılan 1, 3, 5 rubl dəyərində SSRİ Dövlət Xəzinədarlıq biletləri və 10, 25, 50 və 100 rubl dəyərində SSRİ Dövlət Bankının biletləri olub.

Bununla yanaşı, 1961-ci ildə dövriyyəyə yeni dizaynla 1, 2, 3, 5, 10, 15, 20, 50 qəpik və 1 rubl dəyərində sikkələr buraxılıb.


Müstəqil
Azərbaycanın milli pul nişanları – AZM

Azərbaycanın XX əsrin sonunda müstəqillik əldə etməsi suveren dövlətin mühüm atributlarından biri sayılan milli valyutanın dövriyyəyə buraxılmasını şərtləndirdi. Belə ki, ölkədə pul tədavülünün yaradılmasının və təşkil edilməsinin əsası, Azərbaycan Respublikası Prezidentinin 11 fevral 1992-ci il tarixli “Azərbaycan Respublikası Milli Bankının yaradılması haqqında” Fərmanı ilə Milli Bankın yaradılması və Azərbaycan Respublikası Prezidentinin 15 iyul 1992-ci il tarixli “Azərbaycan Respublikası milli valyutasının dövriyyəyə buraxılması haqqında” Fərmanına müvafiq olaraq milli valyutanın dövriyyəyə buraxılması ilə qoyulub.

Bununla əlaqədar olaraq, 1992-ci ilin avqustunda 1, 10 və 250 manatlıq əskinaslar, noyabrında 5, 10, 20 və 50 qəpiklik sikkələr, dekabrında 5 manatlıq əskinas, 1993-cü ilin martında isə 50, 100, 500 və 1000 manat nominallı kağız əskinaslar dövriyyəyə buraxıldı. Azərbaycan Respublikasının 1-ci pul emissiyası 1992-ci ildə Fransa Mərkəzi Bankı tərəfindən çap edilib. Yeni dizaynla 1 və 10 manatlıq əskinaslar həmin şirkətdə istehsal olunub.

1992-ci ilin avqustundan 1994-cü ilin yanvarınadək manat Azərbaycan ərazisində 1 manat : 10 rubl nisbətində rubllar ilə paralel olaraq dövriyyədə ödəniş vasitəsi kimi istifadə olunurdu. Həmin dövrdə Mərkəzi Bank tərəfindən müstəqil pul siyasətinin yeridilməsinə şərait yaratmaq üçün manatın ölkə ərazisində yeganə ödəniş vasitəsi olmasının təsbit edilməsi zərurətə çevrilmişdi.
Prezidentin 11 dekabr 1993-cü il tarixli “Azərbaycan Respublikası milli valyutasının respublika ərazisində yeganə ödəniş vasitəsi elan olunması haqqında” Fərmanı ilə manatın dövriyyədə yeganə ödəniş vasitəsi olması təsbit edildi və Azərbaycanın rubl zonasından çıxması təmin edildi. Bununla da Mərkəzi Bank müstəqil pul və məzənnə siyasəti həyata keçirmək imkanı əldə etdi ki, bu siyasətin də müsbət nəticələri qısa müddətdə ölkə iqtisadiyyatının inkişafina öz tövhəsini verdi.

Ölkə ərazisində manatın yeganə ödəniş vasitəsi olması 1995-ci ilin noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə keçirilmiş referendumda qəbul olunmuş Konstitusiya aktı ilə bir daha öz təsdiqini tapdı. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 19-cu maddəsinə əsasən, Azərbaycan Respublikasının pul vahidinin manat olduğu müəyyən edilib və Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağan edilib. Bütün bunlar manatın məzənnəsinin sabitləşməsi və möhkəmlənməsi, onun, sözün əsl mənasında, milli valyutaya çevrilməsi üçün münbit şərait yaratdı.

Milli Bank tərəfindən ölkədə nağd pul dövriyyəsinin nizamlanması, nağd pula olan tələbatın optimallaşdırılması məqsədilə 1994-cü ildə 10.000 manatlıq, 1996-cı ildə isə 50.000 manatlıq əskinaslar çap etdirilərək dövriyyəyə buraxıldı.

1994-cü ildə Almaniyada “Giesecke & Devrient” şirkəti tərəfindən istehsal edilən 10.000 manatlıq əskinasın üzərində “Şirvanşahlar” kompleksinin ümumi görünüşü, arxa tərəfində isə ənənəvi olaraq milli ornamentlə haşiyələnmiş çərçivədə həm rəqəmlə, həm də söz ilə nominal verilib.

İngiltərənin “De La Rue” şirkəti tərəfindən çap edilən 50.000 manat dəyərində əskinaslar 1996-cı ildən dövriyyəyə buraxılıb və bu pul vahidinin üzərində orjinal üslubda Naxçıvanda olan memarlıq abidəsi – “Mömünə Xatun türbəsi”, arxa hissəsində isə ənənəvi olaraq milli ornamentlə haşiyələnmiş çərçivədə nominalın dəyəri həm rəqəmlə, həm də sözlə verilib.

İngiltərədə 2001-ci ildə “De La Rue” şirkəti tərəfindən yeni dizaynla 1000 manat dəyərində əskinas buraxılıb. Bu əskinas Azərbaycanda neftin çıxarılması və istehsal edilməsinə həsr edilib. Əskinasın dizaynında ənənəvi çərçivələr və ornamentlər istifadə edilib.

Ümumikdə, Azərbaycan Respublikasının Milli Bankı tərəfindən ölkə iqtisadiyyatının nağd pula olan tələbatının ödənilməsi məqsədilə 1992-2005-ci illər ərzində 5 trilyon 238 milyard manat həcmində 692,5 milyon ədəd əskinas istehsal olunaraq dövriyyəyə buraxılıb. Köhnə nominallı pul nişanları 2006-cı ilin sonuna qədər tədavüldə olub və denominasiya çərçivəsində dövriyyədən geri yığılıb.

Ən yeni milli pul AZN

Azərbaycan Respublikası Prezidenti tərəfindən 7 fevral 2005-ci il tarixdə “Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında” Fərman imzalanıb.

Fərmana uyğun olaraq, 2006-cı il yanvarın 1-dən etibarən yeni manata keçidlə əlaqədar 1 yeni manat AZN 5000 köhnə AZM-ə bərabər tutuldu. AZM və AZN-in birgə 1 il ərzində – 2006-cı ildə dövriyyədə oldu və yalnız 2007-ci il yanvarın 1-dən isə yeni manata tam keçid təmin edildi. Lakin AZM-lərin AZN-lərə dəyişdirilməsi prosesinə heç bir məhdudiyyət qoyulmadı və hazırda da bu proses xırda həcmdə olsa da davam etməkdədir.

Dövriyyəyə buraxılan yeni manat 1, 5, 10, 20, 50, 100 ekvivalentində olan əskinaslar və 1, 3, 5, 10, 20, 50 metal pul nişanlarından ibarət oldu.

Denominasiya prosesində tədavülə yeni nəsil pul nişanlarının buraxılmasının əsas məqsədi manatın nominal məzənnəsinin dünyanın aparıcı valyutaların məzənnələrinə uyğun formalaşdırmaq, milli pul nuşanları dizaynını, mühafizəsini, nominal strukturunu beynəlxalq standartlara uyğunlaşdırmaq, məzənnə və qiymətlər miqyasını optimallaşdırmaq, uçot və hesablaşma sistemini sadələşdirməkdən ibarət idi. Bununla yanaşı, yeni nəsil pul nişanlarına keçid pul nişanlarında milli və tarixçilik ənənələrini daha qabarıq ifadə edilməsini, ölkədə pul dövriyyəsini yaxşılaşdırılmasını, o cümlədən nağd pulun istehsalı, daşınması, saxlanması və emalı ilə bağlı dövlət xərclərinə qənaət edilməsini təmin etdi.

Azərbaycanın yeni nəsil əskinas və sikkələrin dizaynları vahid konsepsiya əsasında hazırlandı. Yeni pulların dizayn mövzusu “Müstəqil Azərbaycan” müəyyən edildi.

Mərkəzi Bankın məlumatına görə, milli pulun yeni dizaynı dünyada ən yeni cərəyanları və “vahid ailə” prinsipi nəzərə alınmaqla hazırlanıb.

Müsabiqədə iştirak edən şirkətlərdən Avstriyanın “OeBS” şirkətinin dizayneri, Avro əskinaslarının dizayn müsabiqəsinin qalibi və Avronun müəllifi cənab Robert Kalinanın hazırladığı eskizlər tələb və gözləntilərə cavab verdiyindən qalib seçilib.

Dizaynların hazırlanmasında və ideyaların ifadə olunmasında modern qrafik üsulu əsas götürülüb, Azərbaycanın bütün sahələrdə müstəqilliyi, inkişafı və Avropa ailəsinə inteqrasiyası təzahür edib.

Yeni nəsil pul nişanlarının texniki parametrləri isə İsveçrə Milli Bankının texniki dəstəyi ilə hazırlanıb. Pul nişanlarının keyfiyyəti ən yüksək beynəlxalq standartlara müvafiq və aparıcı ölkələrin pul vahidləri ilə müqayisə olunan səviyyədə müəyyən edilib. Belə ki, pul nişanlarının istehsalı İSO tələblərinə uyğun olaraq həyata keçirilib, həm istehsal, həm də istehsaldan sonra əskinasların keyfiyyəti xüsusi avtomatik avadanlıqlarla tək-tək yoxlanılıb.

Müasir dövrdə kompyuter və sürətçıxarma texnologiyalarının intensiv inkişaf etməsi, eyni zamanda əskinasların mühafizəsi üçün istifadə olunan texnologiyalar və mühafizə elementlərinin müxtəlif sahələrdə istifadə olunması saxtakarlıq ehtimallarını yüksəldir. Məhz bu səbəblərdən əskinaslarda yeni və müasir mühafizə elementlərinin və xüsusi mühafizə sistemlərinin tətbiqinin aktuallığı getdikcə artırdı. Saxtakarların uğurlu olmalarının əsas amili əhalinin pul nişanlarının mühafizə elementlərini tam müəyyən edə bilməməsi ilə səciyələnir. Belə olan halda Mərkəzi Bankın əsas vəzifəsi yeni və ənənəvi texnologiyaların kombinasiyası olan mühafizə sistemini yaratmaqdan və ictimaiyyəti bunlarla yaxından tanış etməkdən ibarət olub.

Bunları nəzərə alaraq yeni Azərbaycan manatının mühafizə sistemi xüsusi “mühafizə fəlsəfəsinə” uyğun İsveçrə Milli Bankı ilə əməkdaşlıq nəticəsində hazırlanıb. Belə ki, yeni nəsl əskinaslar 4 pilləli mühafizə sisteminə malikdir. 1-dərəcəli xüsusi avadanlıq tələb olunmadan əhali tərəfindən, 2-ci dərəcəli ticarət müəssisələri tərəfindən sadə cihazlarla, 3-cü dərəcəli banklar tərəfindən xüsusi avadanlıqlarla və 4-cü dərəcəli yalnız bank-emitent (Mərkəzi Bank) tərəfindən müəyyən edilir. Burada əsas məqsəd əhali tərəfindən yeni əskinasların həqiqiliyini xüsusi bilik və səriştə olmadan müəyyən edilməsini mümkün etməkdir.

Qeyd etmək istərdik ki, köhnə nəsil əskinaslardan fərqli olaraq yeni əskinaslarda optik dəyişən və s. müasir mühafizə elementləri də istifadə olunub.


Adəm Qorxmaz

Azərbaycan pul sisteminin inkişaf tarixi

6. Azərbaycan pul sisteminin inkişaf tarixi.
Azərbaycanın pul dövriyyəsi onun dövlətçilik tarixi ilə bağlıdır. Ölkəmizin ərazisində tapılan gümüş dirhəmlər Azərbaycanda daxili bazarın mövcudluğunu sübut edən əsas faktlardandır. Hələ eramızdan əvvəl III əsrdə Albanlar və Atropatenalılar Makedoniyalı İskəndərin sikkəsinə bənzər pullar kəsməyə başlamışlar. “Dədə-Qorqud” dastanının məlumatları təsdiq edir ki, Azərbaycan oğuzlarının həyatında natural mübadilə ilə bərabər pul artıq müəyyən rol oynayır. XVIII əsrdə Səfəvilər dövləti zəiflədi ki, bunun da nəticəsində Azərbaycan ayrı-ayrı xanlıqlara parçalanmağa məruz qaldı. Pul sistemi baxımından bu xanlıqların hər biri özünün pulunu kəsirdi. Bu dövrlərdə Şuşada, Qubada, Dərbənddə, Naxçıvanda və Təbrizdə gümüş abbası və yarım abbası, mis fulus və s. Şəkidə mis fulus və gümüş, yarım abbası kəsilirdi. Bir sözlə Azərbaycanın vahid pul sistemi yox idi və bu pulların sabit qiyməti də yox idi, hər xanlığın pulu öz ərazisində əsas pul kimi işlədilirdi, başqa ərazidə o öz dəyərini xeyli itirirdi. Aydın məsələdir ki, bu vəziyyətdə ölkənin ticarət əlaqələri, ümumi vəziyyəti və nüfuzu zəifləyir. Ölkənin zəifləməsindən məharətlə istifadə edən İran və Rusiya 1828-ci ildə öz aralarında Türkmənçay müqaviləsi bağlayaraq Azərbaycanı Şimali və Cənubi Azərbaycana ayırmaqla öz müstəmləkələri elan etdilər. Artıq 1860-cı ildə Rusiya imperiyası özünün Dövlət Bankını açdı. Hər bir dövlətin mərkəzi bankının əsas xüsusiyyətləri bu banka da aid edilirdi. Azərbaycanın müstəqillik əldə etməsi ilə əlaqədar (1991-ci il 18 oktyabr) olaraq 1992-ci il 11 fevral tarixli Azərbaycan Respublikası Milli Bankının yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Dövlət Bankının, SSRİ Sənaye-Tikinti Bankının, SSRİ Aqrar-Sənaye Bankının Azərbaycan Respublikası bankları bazarında Azərbaycan Respublikasının Milli Bankı yaradılmışdır. Milli Bankın 1992-ci ildə yaradılmasına baxmayaraq artıq 1991-ci il 25 may Azərbaycan Respublikası iqtisadi müstəqilliyinin əsasları haqqında Konstitusiya Qanununun 14-cü maddəsi Azərbaycanda müstəqil bank sisteminin yaradılmasını onun statusunu və səlahiyyətlərini müəyyən etmiş və milli pul vahidinin tədavülünün hüquqi əsaslarını təsbit etmişdir.

Mövzu 11. Pul tədavülü. İnflyasiya.
P l a n
1. Pul tədavülü, onun təşkili və quruluşu.

2. Pul tədavülü qanunu.

3. Bank multiplikatorunun mahiyyəti.

4. Pul aqreqatları.

5. İnflyasiyanın mahiyyəti, onun forma və növləri.

6. Pul islahatları.

1. Pul tədavülü, onun təşkili və quruluşu.
Pullar daim dövlətlə, təsərrüfat subyektləri və fiziki şəxslər arasında hərəkətdədirlər. Pulların nağd və nağdsız şəkildə hərəkət edərək öz funksiyalarını yerinə yetirməsi pul tədavülü adlanır. Pul tədavülü iki yerə: nağd və nağdsız pul tədavülünə ayrılır. Nağdsız pul tədavülü – dəyərin elə hərəkətidir ki, bu zaman nağd pullardan deyil, çeklər, veksellər, kredit kartları və başqa kredit sənədlərindən istifadə edilir. Nağd pul tədavülü – pulların tədavül və tədiyyə funksiyasını yerinə yetirdiyi zaman nağd formada hərəkətidir. Hər iki dövriyyə arasında qarşılıqlı əlaqə mövcuddur. Belə ki, pullar daim tədavülün bir sferasından digərinə keçməklə hərəkətdə olurlar. Yəni, nağd pullar kredit təşkilatlarında hesaba keçirilməklə nağdsız pullara, əksinə nağdsız pullar bankın kassalarından müştəriyə nağd şəkildə verilməklə nağd pullara çevrilirlər.

Pul dövranı anlayışı altında isə müəyyən vaxt ərzində nağd və nağdsız formada bütün ödəmələrin məcmusu başa düşülür. Pul dövranı ümumi daxili məhsulun (ÜDM) və Milli gəlirin yaranması, bölgü və yenidən bölgüsü proseslərini özündə cəmləşdirir. Rasional təşkil olunmuş pul dövranı bu göstəricilərin artım tempinə uyğun gəlir. Əgər pul dövranının artım tempi ÜDM və Milli gəlirin artım tempini üstələyirsə, demək ölkədə inflyasiya prosesi baş verir.

Pul dövranı strukturunda nağdsız, ödəmə və nağd pul dövranı bir-birindən fərqlənir. Ödəmə dövranına – nağdsız ödəmələr və əmək haqlarının verilməsi ilə bağlı müəyyən qədər nağd pul ödəmələri də aiddir. Nağdsız dövrana – təsərrüfat subyektlərinin qarşılıqlı ödəmələri və s. yolla aparılan nağdsız hesablaşmalardan istifadə etməklə məcmu pul dövranının bir hissəsini təşkil edir. İqtisadi cəhətdən inkişaf etmiş və normal fəaliyyət göstərən bank sisteminin təşkil olunduğu dövlətlərdə nağdsız dövran məcmu pul dövranının 90%-nə qədərini təşkil edir. Nağd pul dövranına isə məcmu pul dövranının bir hissəsini təşkil edən ödəmə və tədavül vasitəsi kimi istifadə olunan pullar aiddir. Nağd pul dövranı özündə müəyyən vaxt ərzində (ay, rüb, il) həyata keçirilən nağd pullarla baş verən bütün əməliyyatları əhatə edir. Pulların bir tədavül sferasından digər tədavül sferasına keçmə mexanizmi pul dövranının elastikliyinin təmin olunmasında, onun tənzimlənməsində və pulların rasional xərclənməsinə nəzarətin həyata keçirilməsində çox böyük rol oynayır. Nağd pul ödəmələrindən istifadə sahəsi əsasən əhalinin gəlirləri ilə müəyyənləşir. Pul tədavülü aşağıdakılar arasında pul hərəkətinin ayrı-ayrı kanallarından formalaşır. – Mərkəzi və kommersiya bankları arasında; – Kommersiya bankları arasında; – Müəssisə və təşkilatlar arasında; – Banklar, müəssisə və təşkilatlar arasında; – Müəssisə, təşkilat və əhali arasında; – Fiziki şəxslər arasında; – Müxtəlif təyinatlı maliyyə institutları və əhali arasında. Bu kanalların hər birində pullar qarşılıqlı hərəkətə malikdirlər. Pul tədavülü əmtəə satışı və qeyri-əmtəə xarakterli ödəniş və hesablaşmalarla əlaqədar pulun nağd və nağdsız hərəkətidir. Pul tədavülü kapitalın dövranına və dövriyyəsinə xidmət edir, məcmu ictimai məhsulun tədavülü və mübadiləsini özündə cəmləşdirir. Azərbaycan Respublikasında nağd pul tədavülünün təşkili Milli Bankın üzərinə düşür. Belə ki, sxemdən göründüyü kimi Milli Bank nağd pul tədavülünün təşkili üçün aşağıdakı əməliyyatları yerinə yetirir:

Milli Bankın nağd pul tədavülünün təşkili sistemi

Kağız və metal pul istehsalını təşkil edir

Ölkənin pulla təchiz olunmasını öz üzərinə götürür

Bu pulların daşınmasını və saxlanmasını təmin edir

Emissiya planlarının tərtib edir

Ehtiyyatlar barədə sərəncamlar verir

Onların ehtiyyat fondlarının yaradılmasını təşkil edir

Bundan başqa kredit təşkilatları üçün: – Nağd pulun saxlanması; – Daşınması və inkassasiya qaydası; – Pul nişanlarının ödəmə qabiliyyətsizliyini; – Zədələnmiş kağız pulların dəyişdirilməsini; – Zədəli pulların məhv edilməsini təmin edir. Nağd pul tədavülü aşağıdakı prinsiplər əsasında aparılır: 1. bütün müəssisə və təşkilatlar müəyyən olunmuş limit həddindən artıq nağd pullarını kommersiya banklarında saxlamalıdırlar. 2. istənilən növ müəssisə və təşkilatlar üçün nağd pul qalıqları üçün banklar limit həddi müəyyən edir. 3. nağd pul dövriyyəsi proqnoz planlaşdırmanın obyekti kimi çıxış edir. 4. pul tədavülünün idarə olunması mərkəzləşdirilmiş qaydada həyata keçirilir. 5. nağd pul tədavülünün təşkili pul dövriyyəsinin sabitliyini təmin etmək məqsədi güdür. 6. müəssisələr nağd pulları ancaq onlara xidmət edən banklardan ala bilərlər. Nağd pul emissiyası pulların tədavülə pul kütləsinin artması ilə baş verən buraxılışıdır. Nağd pulların inhisarçı emissiya hüququ hər bir dövlətin mərkəzi bankına verilir ki, bu da bu bankı digər kommersiya banklarından fərqləndirən əsas cəhətlərdəndir. Mərkəzi bank özünün analoji fəaliyyəti çərçivəsində kommersiya banklarının kassa dövriyyələrinin proqnozlarından istifadə etməklə pul emissiyasının ölçüsünü müəyyən etmiş olur. Həmçinin onu da qeyd etmək lazımdır ki, bu zaman emissiyanın optimal həcmi ilə yanaşı, onun regionlar arasında düzgün paylaşdırılması da vacib şərtlərdəndir. Nağd pul emissiyası üçün ərazilər üzrə mərkəzi bankın baş idarələrinin hesablaşma-kassa mərkəzlərində (HKM) ehtiyat fondlarıdövriyyə kassaları yaradılır. Ehtiyat fondlarında tədavülə buraxılmaq üçün nəzərdə tutulan, lakin hələ mahiyyət etibarilə pul hesab edilməyən (pul tədavülü prosesində iştirak etmədiyi üçün) pul nişanları saxlanılır. Hesablaşma kassa mərkəzinin dövriyyə kassalarında pullar daim hərəkətdə olurlar. Belə ki, kommersiya bankları nağd pul qalıqlarını bura təhvil verir və yaxud da lazım olduqda oradan nağd pullar alırlar. Beləliklə, hesablaşma-kassa mərkəzlərinin dövriyyə kassalarındakı pullar daim hərəkətdə olur və tədavüldə olan pullar hesab olunur. Əgər HKM dövriyyə kassalarına nağd pul qəbulu ondan çıxan pullardan çox olarsa, bu zaman əmələ gələn fərq tədavüldən çıxarılır və ehtiyat fonduna keçir. Burada bu pullar müvəqqəti olaraq pul olma xassəsini itirirlər. Əksinə əgər, HKM-in dövriyyə kassalarından çıxan pullar kassaya daxil olan puldan çox olarsa, ehtiyat fondundan dövriyyə kassalarına əlavə pul keçir ki, bununla da bir növ pul emissiyası baş vermiş olur. Lakin onu da nəzərə almaq lazımdır ki, bir HKM-in digər HKM ilə emissiya yerinə yetirməsi zamanı bir kassaya əlavə daxilolmalar, digər kassadan çıxan artıq pullarla ört-bastır oluna bilər. Buna görə də tədavüldə nağd pulların ümumi həcmi dəyişməyə də bilər, bununla da emissiya baş verməyə də bilər. Müəyyən bir gündə pul emissiyasının baş verib-verməməsi haqda məlumat yalnız hər bir ölkənin mərkəzi bankının direktorlar şurası tərəfindən müəyyən edilir. Belə ki, məhz bu şura gündəlik emissiya balansı tərtib edir. Nağdsız pul tədavülü puldan istifadə etmədən kredit təşkilatlarında açılmış hesablar üzrə pul vəsaitlərinin köçürülməsi ilə əlaqədar və qarşılıqlı ödənişlər vasitəsilə həyata keçirilən hesablaşmalardan ibarətdir. Nağdsız pul dövriyyəsinin həcmi ölkədə mal kütləsindən, qiymət səviyyəsindən, hesablaşmaların həlqəsindən, bölgü və yenidən bölgüdən və onun həcmindən asılıdır. İqtisadi məzmununa görə nağdsız pul tədavülü iki yerə bölünür: – büdcəyə daxil olan tədiyyələr – (mənfəətdən gəlir, əlavə dəyər vergisi, digər məcburi tədiyyələr) – büdcədənkənar tədiyyələr – ssuda faizləri, sığorta kampaniyaları ilə əlaqədar hesablaşmalar.

Nağdsız pul tədavülü bank hesablarında olan pul qalıqlarının dəyişməsi deməkdir. Bu isə hesab sahibinin çeki, plastik kart, elektron hesablama vasitələri və başqa hesablama sənədləri üzrə verdiyi əmrlərin bank tərəfindən yerinə yetirilməsi zamanı həyata keçir. Nağdsız pul tədavülünün 2 qrupu mövcuddur: – əmtəə əməliyyatları üzrə; – maliyyə öhdəlikləri. I qrupa – əmtəə və xidmətlər üzrə nağdsız hesablaşmalar aiddir. II qrupa – büdcə ödəmələri (gəlirdən vergi, əlavə dəyər vergisi, fiziki şəxslərdən gəlir vergisi, digər məcburi ödəmələr) və büdcədənkənar fond, bank ssuda faizləri, kredit üzrə faiz ödəmələri, sığorta kompaniyaları üzrə hesablaşmalar aiddir.

2. Pul tədavülü qanunu.
Pul tədavülü qanunu K.Marks tərəfindən formalaşdırılmışdır. Özünün “Kapital” əsərində K.Marks iqtisadi göstəricilər olan pul kütləsi, mal və xidmətlərin, kreditin, qarşılıqlı və nağdsız ödəmələrin qiymət məbləği və pulun dövretmə sürətinin qarşılıqlı iqtisadi asılılığının elmi açıqlamasını vermişdir. Bu qarşılıqlı əlaqə iki növ asılılığın məcmusu kimi başa düşülür: – tədavül vasitəsi kimi lazım olan pulun miqdarı ilə realizə olunan mal və xidmətlərin qiymət məbləği arasındakı birbaşa asılılıq; – tədavül vasitəsi kimi lazım olan pulun miqdarı ilə pulun dövretmə sürəti arasındakı tərsinə asılılıq. Bütün bunları aşağıdakı formulada göstərmək olar:

Burada: K – tədavül vasitəsi kimi lazım olan pulun miqdarı; S – realizə olunan mal və xidmətlərin qiymət məbləği; C – tədavül vasitəsi kimi pulun dövrlərinin orta sayı. (pulun dövretmə sürəti) Pulun tədiyyə funksiyasının ortaya çıxması ilə əlaqədar olaraq bu düstur bir qədər qəlizləşdi və pulun tədavüldəki miqdarını müəyyən edən qanun aşağıdakı kimi formalaşmış oldu:

K= (S1-S2+S3-P) / C (2)

Burada: S1 – mal və xidmətlərin qiymət məbləği; S2 – kreditə satılmış malların qiymət məbləği; S3 – öhdəliklər üzrə ödəmələrin məbləği; P – qarşılıqlı ödəmələr.

Pulun dövretmə sürəti (pulun tədavül sürəti) – pulun tədavül və tədiyyə funksiyasını yerinə yetirdiyi zaman pul hərəkətinin intensivliyinin göstəricisi olub, il ərzində hər bir dövri gəlirlərin xərclərinə xidmət edən pul kütləsinin dövrlərinin sayını göstərir. Aydındır ki, metal pul tədavülü dövründə pulun dəfinə funksiyası vasitəsilə tədavüldə pulun miqdarı avtomatik olaraq tənzimlənirdi. Yəni, əgər pula tələbat azalırdısa, artıq pullar dəfinəyə yığılırdı. Əksinə, əgər pula tələbat artırdısa, o zaman dəfinədən tədavülə əlavə pul buraxılırdı. Elə buna görə də tədavüldə pulun miqdarı həmişə lazımi səviyyəsini saxlaya bilirdi. Həmçinin onu da qeyd etmək lazımdır ki, əgər, tədavüldə qızıla xırdalanmaya banknotlar və ya kağız pullar dövr edərsə və buraxılan bu pulların miqdarı tədavül üçün lazım olan qızıl pulların miqdarına bərabər olarsa, bu zaman da heç bir problem ortaya çıxmaz. Belə ki, kağız pullar bu zaman ideal şəkildə qızıl pulları əvəz etmiş olar. Lakin problem o zaman qalxır ki, heç bir şeylə məhdudlanmayan kağız pul emissiyası pul tədavülü qanununu pozmuş olur, tədavül kanalları artıq pullarla dolur ki, bu da son nəticədə ölkədə inflyasiyanın yaranmasına səbəb olur. Əlbəttə ki, pulun dövretmə sürətinin dəyişməsi həm ümumi iqtisadi amillərdən, həm də monetar amillərdən asılıdır. Pulun dövretmə sürətinin aşağı salınması prosesi ölkənin pul-kredit siyasəti baxımından əldə etdiyi nailiyyətlərdən hesab olunur. Bu prosesə bank sektorunun vəziyyətinin yaxşılaşdırılması, müəssisə və əhalinin gəlir səviyyəsi və s. təkan verə bilər.

Bazar münasibətlərində pullar daima tədavüldə fəaliyyət göstərir. Yeni pullar tədavüldə banklardan daxil olur ki, banklar da bu pulları kredit əməliyyatları vasitəsilə yaradırlar. Məhz bu səbəbdən də pul emissiyasının kredit xarakteri istənilən dövlətin pul sisteminin təşkilinin ən başlıca prinsipi hesab olunur. “Pul emissiyası”“pulun tədavülə buraxılması” anlayışları bir-birindən fərqlidir. Belə ki, pulun tədavülə buraxılması nəticəsində onların dövriyyədəki ümumi miqdarı praktiki olaraq artmır. Bu isə onunla bağlıdır ki, nağdsız pullar tədavülə kommersiya banklarının öz müştərilərinə kredit verdiyi zaman buraxılır. Nağd pullar isə tədavülə kommersiya banklarının kassa əməliyyatları, yəni onların müştərilərinə öz əməliyyat kassalarından nağd pul verdiyi zaman baş verir. Lakin burada həmçinin əksinə proses, nağd pulların bankın kassalarına təhvil verilməsi və əvvəlcə verilmiş borcların nağdsız qaydada ödənilməsi prosesi də baş verir. Bundan başqa nəzərə almaq lazımdır ki, kommersiya bankları “ikinci pullara”, daha dəqiq desək, artıq ölkənin mərkəzi bankı tərəfindən buraxılan pullara istinad edir. Bununla da demək olar ki, tədavüldə pulun miqdarı dəyişmir. Pulun emissiyası dedikdə pulların tədavülə elə buraxılışından söhbət gedir ki, bu zaman pul kütləsi tədavüldə artmış olsun. Həmçinin onu da qeyd etmək lazımdır ki, pul emissiyası hər bir ölkənin mərkəzi bankı tərəfindən həyata keçirilir ki, bununla da tədavülə əlavə “ilkin” pullar buraxılmış olur. Beləliklə də tədavülə pulun buraxılmasını analoji olaraq pulun nağd və nağdsız emissiyasına bölürlər.

3. Bank multiplikatorunun mahiyyəti.
İqtisadiyyatda inzibati amirlik dövründə nağd və nağdsız pul emissiyası anlayışları arasında elə də fərq yox idi. Çünki, hər iki emissiyanı dövlətin mərkəzi bankı SSRİ Dövlət Bankı yerinə yetirirdi. Bazar iqtisadiyyatı şəraitində isə emissiya funksiyası bölünməyə başlayır: – Nağdsız pul emissiyası kommersiya bank sistemi və qeyri-bank təşkilatları vasitəsilə həyata keçirilir. – Nağd pul emissiyasını isə Milli Bank yerinə yetirir. Nağdsız pul emissiyasının başlıca məqsədi hüquqi şəxslərin tədavül vasitələrinə olan əlavə tələblərinin ödənilməsindən ibarətdir. Lakin, kredit təşkilatlarında olan vəsaitlər hesabına hüquqi şəxslərin tədavül vasitələrinə olan əlavə tələbatını deyil, adi tələbatı ödənilir. Aydındır ki, əlavə tələbat əlavə vasitələr hesabına ödənilə bilər. Bunun üçün də bu əlavə vasitələri yarada bilən nağdsız pul emissiya mexanizmi olmalıdır. İkipilləli bank sistemi şəraitində emissiya mexanizmi bank (depozit) multiplikatoru əsasında fəaliyyət göstərir. Multiplikator – (lat. multiplicator – çoxaldan) – iqtisadi göstəricidir. Onun miqdarı o dərəcəni xarakterizə edir ki, o səviyyədə investisiya tələbinin, yaxud investisiyaların özünün artırılması məhsulun buraxılış həcminin və bu məhsula istehlak tələbinin (və bu səbəbdən də gəlirin) dəyişməsini əmələ gətirir. Sayca multiplikator vahiddən çoxdur və bu nisbətə bərabərdir: M=1/İSM. Burada İSM istehlakçının bu məhsulun istehlakına son həddəki meylidir, yaxud taraz YDM–in, investisiyaların həcminin dəyişilməsinin nisbətinə bərabərdir. (“İzahlı iqtisadi terminlər lüğəti” – II cild səh. 106-107) Bank multiplikatoru ölkənin bank sistemi çərçivəsində nağdsız pulların bir bankdan başqa banka hərəkəti prosesində kommersiya banklarının hesablarında onların həcminin artması deməkdir. Onu da qeyd etmək lazımdır ki, bank, kredit və depozit multiplikatoru müxtəlif nöqteyi nəzərdən multiplikasiyanın vahid mexanizmini xarakterizə edir. Bank multiplikatoru multiplikasiya prosesini onun subyektlərinin mövqeyindən tərənnüm edir. Buraya pulu multiplikasiyalaşdıran – kommersiya bankları və qeyri-bank təşkilatları aiddir. Kredit multiplikatoru bu prosesin hərəkətverici qüvvəsini açıqlayır. Yəni multiplikasiyanın yalnız bazar münasibətlərinin kreditləşməsi zamanı baş verə bilməsi faktını açıqlayır. Kredit multiplikatoru dedikdə kommersiya banklarının kreditlərinin mərkəzi bankın kommersiya banklarına verdiyi kreditlərə nisbəti kimi başa düşülür. Depozit multiplikatoru multiplikasiyanın obyektini, daha dəqiq, multiplikasiya prosesində artan kommersiya banklarının depozit hesablarındakı pulları tərənnüm edir. Ümumi şəkildə pul multiplikatorunu pul təklifinin pul bazasına qarşı münasibəti kimi təsəvvür etmək olar. Pul təklifi birbaşa pul bazasının həcmindən və pul multiplikatorundan asılıdır. Pul bazası dedikdə mərkəzi bank tərəfindən buraxılan (Milli Bankın xəzinədarlığında olan nağd pullar nəzərə alınmadan) nağd pullar və kommersiya banklarının məcburi ehtiyatları nəzərdə tutulur. Ölkəmizin timsalında son illər pul bazası sferasında baş verən dəyişiklikləri ümumi şəkildə müsbət qiymətləndirmək olar. Belə ki, statistik məlumatlara əsasən qeyd etmək lazımdır ki, 2007-ci ilin mart ayının sonuna geniş mənada pul bazası (və ya ehtiyat pullar) ilin əvvəlinə nəzərən 246.2 mln. AZN və ya 12% azalaraq 1798.4 mln. AZN təşkil etmişdir. Manatla pul bazası isə ilin əvvəlinə nəzərən 63 mln. AZN və ya 3.9% artaraq 1662.5 mln. AZN təşkil etmişdir. Pul multiplikatoru pul bazasının artması zamanı pul təklifinin necə dəyişməsini göstərir. Depozit əmsalı və ehtiyat normasının artması uyğun olaraq pul multiplikatorunu azaltmış olur.

4. Pul aqreqatları.
Pul aqreqatı pul kütləsinin göstəricisidir.

Pul kütləsi pul bazasının kommersiya bank sistemində genişlənməsi ilə yaranır və tədavüldəki nağd pullardan və müştərilərin hesablarındakı pul qalıqlarından ibarətdir. Statistikada pul aqreqatları müəyyən müddətdə pulun hərəkətindəki dəyişikliklərinin təhlili üçün nəzərdə tutulmuşdur. Pul aqreqatlarının düzülüşünün əsasını maddi sərvətlərin likvidlik səviyyəsi ardıcıllığı təşkil edir. Maddi sərvətlərin likvidliyi dedikdə onların tez bir zamanda böyük itkilər vermədən pula çevrilmə qabiliyyəti durur. Maddi sərvətlərin likvidliyi zamanla ölçülür. Bu sərvətlərin pula çevrilməsi nə qədər az müddətdə baş verərsə, demək onun likvidliyi bir o qədər yüksəkdir. Demək ən yüksək likvidliliyə malik olan nağd pullardır.

Tədavüldə nağd pullar M0 aqreqatı ilə müəyyənləşir. Bu aqreqat özündə banknotları, xəzinə biletlərini və metal pulları cəmləşdirir.

M0 aqreqatını pul bazasından fərqləndirmək vacibdir. Belə ki, yuxarıda qeyd etdiyimiz kimi pul bazasının tərkibinə kommersiya banklarının mərkəzi banklarda olan məcburi ehtiyatları aiddir. Lakin M0 aqreqatına isə formal olaraq bu ehtiyatlar daxil deyil.

Ardıcıl olaraq M0 aqreqatına azdan başlayaraq likvidli vəsaitləri birləşdirərək ondan sonrakı aqreqatları almaq olur.

Aqreqatların sayı və tərkibi ölkənin kredit sisteminin struktur xüsusiyyətlərindən və onun maliyyə bazarlarının inkişaf səviyyəsindən asılıdır.

İqtisadi cəhətdən inkişaf etmiş dövlətlərin pul aqreqatları:

M0 – tədavüldəki nağd pullar;

M1 = M0+ bankın cari hesablarındakı vəsaitlər;

M2 = M1+ kommersiya banklarında müddətli və əmanət qoyuluşları;

M3 = M2+ qeyri-bank təşkilatlarındakı əmanətlər;

M4 = M3+ depozit sertifikatları, səhmlər və müxtəlif kredit öhdəlikləri.

Milli Bank pul kütləsi kimi M2 aqreqatını qəbul etmişdir ki, bu da nağd pullardan, hesablarda və müddətli depozitlərdə olan qalıqlardan ibarətdir.

Əvvəllər pul aqreqatlarından istifadə xarici ölkələrlə müqayisədə Azərbaycanda bir o qədər də yüksək səviyyədə olmasa da son illərdə Milli Bankın bu istiqamətdə apardığı işləri qənaətbəxş hesab etmək olar. Azərbaycan Respublikasında məcmu pul kütləsini hesablamaq üçün (pul bazası) M0 (dövriyyədə pul), M1 (M0 və tələbolunanadək əmanətlər və depozitlər), M2 (M1 və müddətli əmanətlər), M3 (M2 və istiqraz və əmanət sertifikatları, xarici valyuta ilə depozitlər) pul aqreqatlarından istifadə edilir.

5. İnflyasiyanın mahiyyəti, onun forma və növləri.
İnflyasiya anlayışı pul tədavülü qanununun pozulması yolu ilə dövriyyə kanallarının dolması kimi başa düşülür.

“İnflyasiya” termini kütləvi şəkildə kağız pullara keçidlə əlaqədardır və kağız pulların çoxluğu onların ucuzlaşmasına və bunun ardınca isə qiymətlərin qalxmasına səbəb oldu.

İnflyasiya – yalnız kağız-kredit tədavülünə məxsus olan, mal dövriyyəsi təklifi ilə müqayisədə artıq kağız pulların dövriyyə etməsi, qiymətlərin qalxması və bununla da pulların dəyərsizləşməsi və alıcılıq qabiliyyətinin aşağı düşməsi ilə müşayət olunan pulun tədavül qanununun pozulmasıdır.

Başqa sözlə desək, inflyasiya hər şeydən əvvəl pul tədavülü kanallarının artıq pul kütləsi ilə dolması, lakin bunun qarşısında əmtəə kütləsinin artmamasının nəticəsində yaranır. İqtisadiyyatda qiymətlərin səviyyəsi dövriyyədə tədavül edən pulların həcmindən asılıdır. Klassik mübadilə qaydasına görə bu aşağıdakı kimi göstərilir:

Burada; P – mal və xidmətlərin qiymət səviyyəsi;

Q – real mal və xidmətlərin həcmi;

M – dövriyyədə olan pul kütləsi;

V – pulun dövretmə sürəti.

Buna uyğun olaraq inflyasiya proseslərinin artmasının vacib səbəblərindən biri nominal pul kütləsinin Milli məhsulun artmasından daha tez çoxalmasıdır.

İnflyasiyanın sürəti pul kütləsinin artım sürəti və pulun dövretmə sürətinin artması ilə düz mütənasib, real məhsulun artım sürəti ilə isə tərs mütənasibdir. Pul kütləsinin sabitliyi şəraitində real məhsulun aşağı düşməsi inflyasiyanın sürətinin artmasına səbəb olur. Çünki, az həcmdə məhsulun qarşısında pulların əvvəlki həcmi durmuş olur. Əksinə, əvvəlki həcmdə pul kütləsinin qarşısında real məhsul həcminin artması isə deflyasiyaya, başqa sözlə qiymətlərin aşağı düşməsinə səbəb olur. Qeyd etmək lazımdır ki, təcrübədə deflyasiyaya çox nadir hallarda rast gəlmək olur. Müasir iqtisadi şəraitdə inflyasiya prosesi çox zaman real məhsulun artıb azalmasından asılı olmayaraq inkişaf edir.

Pulun dövretmə sürəti və məhsulun real artımının sabitliyi şəraitində inflyasiya pul kütləsinin artım sürəti ilə müəyyənləşir.

Tədavüldə pul kütləsinin artması bütövlükdə mərkəzi bankların kredit emissiyası ilə müəyyənləşir. İstənilən istiqamətdə mərkəzi bankların aktivlərinin artması, yəni hakimiyyətə, kommersiya banklarına, əhaliyə, xarici dövlətlərə verilən kreditlər, həmçinin xalis beynəlxalq ehtiyatların artımı pul bazasının artmasına səbəb olur. Multiplikativ effektlə pul bazasının artması pul kütləsinin genişlənməsinə səbəb olur. Pul kütləsi isə öz növbəsində inflyasiyanın sürətlənməsinə gətirib çıxarır. Beləliklə, demək olar ki, mərkəzi bankların aktivlərinin istənilən genişlənməsi inflyasiya xarakteri daşıyır və bu aktivlərin strukturuna və artmasına görə inflyasiya mənbələri haqda mühakimə yürütmək olar. Kredit emissiyası nəticəsində yaranan pul kütləsi inflyasiya tempinə dərhal deyil, hissə-hissə təsir göstərir. Qeyd etmək lazımdır ki, pul kütləsinin artması inflyasiya tempinin artmasına təsir göstərdiyi kimi, onun azalması da inflyasiyanın azalmasına səbəb olur.

İnflyasiyanın yaranmasının aşağıdakı forma və növləri vardır:

Comments are closed, but trackbacks and pingbacks are open.