SON DƏQİQƏ
Burada az olan tarixi abidələr Araz və Arpaçay sahilləri boyunca bürünc dövrünə aid qədim yaşayış məskənləri ilə təmsil olunur. QAZMA mağarasında mustye dövrünə aid daş və obsidian əmək alətləri, ŞAHTAXTI yaşayış məskənində zövqlə işlənmiş bəzəkli saxsı qab nümunələri aşkar edilmişdir. Arbatan, Verməziyar, Qarahəsənli, Babəki, Kosacan kəndləri yaxınlığında aparılmış arxeoloji qazıntılar göstərmişdir ki, burada qədim yaşayış məskənləri yerləşirmiş. Onlar Kölüklər, Köhnə, Arbatan, Köhnəkənd, Kültəpə kimi toponimlərin yaddaşında yaşayır. Burada çoxlu ev əşyaları və bəzəkli saxsı qablar aşkar edilmişdir.
Cəmiyyət
Azərbaycanın cənub-qərbində Naxçıvan Muxtar Respublikası (NMR) yerləşir. Yarandığı ilk vaxtlarda onun ümumi ərazisi 5988 kv.km. idi. Kreml rejimi tərəfindən 1929-1930-cu illərdə muxtar respublikanın bir hissəsi qoparılaraq Ermənistana verildi. Hal-hazırda onun ərazisi 5365 kv.km. qalıb. Bütün tarixi dönəmlərdə Naxçıvanı Azərbaycanla qırılmaz bağlar birləşdirmişdir. Ermənistanın təcavüzü nəticəsində Naxçıvan Azərbaycandan uzaqlaşdırılaraq 90-cı illərdən başlayaraq blokada şəraitinin çətinlikləri ilə üzləşməli oldu. Amma çətin blokada şəraiti naxçıvanlıların əzmini qıra bilmədi. Onların inadlı müqaviməti nəticəsində işğalçı ermənilər öz mənfur niyyətlərinə çata bilmədilər. Müasir Naxçıvan qədim Azərbaycanın və bütün türk dünyasının çiçəklənən bir guşəsidir.
Bura dağlıq məkandır — muxtar respublika ərazisinin 30 faizindən çoxu dəniz səviyyəsindən 600-1000 metr yüksəkdə yerləşir. Bölgənin ən hündür dağları — QAPICIQ (3904 m) və İLANDAĞdır (2385 m).
Muxtar Respublika mərmər, daş duz, əhəng, gips yataqları, SİRAB, BADAMLI, VAYXIR, NƏHƏCİR, QIZILCİR kimi nadir mineral sularla zəngindir. Burada yeraltı sular, ümumiyyətlə, boldur, ona görə də tarixən bölgədə kəhrizlərin — öz icrasına görə nadir yeraltı su tunellərinin tikintisi yüksək səviyyəyə çatmışdır. Yerin üstündən kəhrizə pillələrlə enirlər, elələri də var ki, onunla suyu sadəcə yerin səthinə çıxarırlar (eynilə müasir su kəmərləri tərzində). Kəhriz ustaları (kankanlar) öz peşə məharətlərini zəmanəmizə qədər qoruyub saxlayıblar.
İRAN və TÜRKİYƏ ilə sərhədi boyunca ARAZ çayı axır, bundan başqa diyarda 40-a yaxın kiçik və orta uzunluqda çay axır (ORDUBADÇAY, ƏLİNCƏÇAY, GİLANÇAY, NAXÇIVANÇAY, ARPAÇAY və b.). Burada “üzən adaları” olan dünya gözəli Batabat gölü ilə yanaşı, Babək və Culfa rayonlarının torpaqlarını suvarmaq üçün süni göllər də var — onlar dəniz səviyyəsindən 1500 metr yüksəklikdə QAZANÇI kəndi yaxınlığında yerləşir.
Bütün bölgədə qədim şəhərlərin çoxlu sayda xarabalıqları, bürclər, qalalar, məqbərələr qalmışdır. Bu diyar öz təbii sərvətləri kimi, strateji əhəmiyyətinə görə də işğalçılar üçün həmişə cəlbedici olmuşdur.
Naxçıvan Muxtar Respublikası özünün sağlam iqlimi, müalicəvi mədən suları və zəngin dərman bitkiləri ilə seçilir.
NAXÇIVAN ŞƏHƏRİ — Azərbaycanın Naxçıvan Muxtar Respublikasının inzibati mərkəzidir. NAXÇIVANÇAYın sağ sahilində, dəniz səviyyəsindən 1000 m yüksəklikdə yerləşir. Bakıdan 560 kilometrlik məsafədədir.
Naxçıvan dünyanın azərbaycanlılara məxsus ən qədim şəhəridir. Azərbaycan xalqı bu torpaqlarda qədim və zəngin mədəniyyətini yaratmışdı. Eyni zamanda Naxçıvan dünyanın ən qədim mərkəzlərindən biri hesab edilir. Bu ərazilərdə Azərbaycan xalqının zəngin tarixi, elmi və mədəni irsi təşəkkül tapmışdır.
Naxçıvan sözünün mənşəyini mütəxəssislər bir neçə cür yozmuşlar. Xalq etimalogiyasına görə Naxçıvan “Nəqşi-cahan” — dünyanın bəzəyi deməkdir. Xalq arasında ən çox yayılmış əfsanəyə görə, Naxçıvan Nuh peyğəmbər ilə əlaqəlidir. Xalqını dünya tufanından xilas edən Nuhun gəmisi burada sahilə çıxmış və ona görə bura Nuh çıxan ərazi hesab edilir.
Naxçıvan Azərbaycanın və Şərqin ən qədim və iri şəhərlərindən olmuşdur. Şəhərin tarixi minilliklərə gedib çıxır: arxeoloqlar burada eramızdan öncə II və I minilliklərə aid çoxlu maddi mədəniyyət əşyaları tapmışlar.
Yerli sakinlər Naxçıvanın yerində yaşayış məskəninin yaranmasını Böyük Daşqından sonra xilas olmuş Nuh peyğəmbər haqqında rəvayətlə bağlayırlar. Əfsanəyə görə, Nuhun gəmisi quruya yan almazdan öncə üç dəfə Kiçik Qafqazın dağ zirvələrinə toxunmuş və onlardan biri — Ağrıdağ iki yerə ayrılmışdır: Böyük Ağrıdağ və Kiçik Ağrıdağ.
Gəminin toxunduğu o biri sualtı dağ zirvələri isə Qapıcıq, İlandağ və Alagöz olub. Yerli sakinlər arasında dolaşan bu əfsanəyə görə, Nuh daşqın çəkildikdən sonra burada xeyli yaşamış və bu torpaqda vəfat etmişdir. Lap bu son zamanlaradək yaşayan uzunömürlü ağsaqqallar iddia edirdilər ki, Nuh peyğəmbərin dəfn olunduğu yeri tanıyırlar. Bu əfsanə xalq arasında o qədər geniş yayılmışdır ki, hətta məşhur rəssam Bəhruz Kəngərli “Nuhun qəbri” adlı rəsm əsəri də yaratmışdır.
Naxçıvanın adının çəkildiyi ən erkən yazılı qaynaq – Ptolomeyin (II yüzil) əsərləridir. O, Naxçıvanın adını “Naxsuana” kimi qeyd edir. Orta yüzillərin ərəb qaynaqlarında şəhərin adı “Nəşava” kimi yazılır, amma Məhəmməd Naxçıvani, Həmdullah Qəzvini, Katib Çələbi və Evliya Çələbi və b. kimi məşhur orta əsr müəlliflərinin əsərlərində şəhərin adı böyük hörmətlə “Nəqşi-Cahan” adlandırılır (“Dünyanın Bəzəyi”). Erkən orta yüzillərdə Naxçıvanın Kiçik Asiya, Yaxın Şərq və Güney Qafqaz ölkələri ilə sıx və intensiv əlaqələri olmuşdur.
Şəhərin gözəlliyi və onun geosiyasi mövqeyi həmsərhəd dövlətlərin tez-tez baş verən basqınlarına səbəb olurdu, nəticədə şəhər bir neçə dəfə dağıdılmışdır. Lakin hər dəfə Naxçıvan inadkarcasına yenidən ayağa qalxır, uçurulanları bərpa edir, əvvəlkindən də gözəl şəklə düşürdü. Məsələn, bizim eranın I yüzilinin ortalarında Bizans imperatoru II İrakli şəhəri soyub-talamış və dağıtmışdı, onu dəfələrlə monqol işğalçıları da dağıtmışlar, bu şəhər eləcə də Bizans və Ərəb Xilafəti arasında “nifaq alması”na çevrilmişdi. Lakin bütün zamanlarda Naxçıvan bu bölgədə yaranmış dövlət qurumlarının — Sacilər, Salarilər, eləcə də Eldənizlər sülaləsinin idarə etdiyi Azərbaycan Atabəylər Dövlətinin baş şəhərlərindən biri sayılmışdır.
XII yüzildə Naxçıvanda 200 min əhali yaşayırdı, ticarət inkişaf etmişdi, şəhər öz ustaları və sənətkarları: dulusçuları, zərgərləri, şüşəçiləri ilə şöhrət qazanmışdı. Lakin şəhər öz inşaatçıları ilə daha çox tanınırdı — məşhur NAXÇIVAN MEMARLIQ MƏKTƏBİ burada meydana çıxmışdır, inşaat işləri isə geniş miqyas almışdı. Şəhərin gözəlliyindən vəcdə gəlmiş səyyahların şahidliyinə görə, orta yüzillərdə burada Eldənizlərin məşhur saray kompleksi, cümə məscidi, müsəlman maarifinin mərkəzinə çevrilmiş mədrəsə, dövlət binaları, əsilzadələrin sarayları ucaldılmışdı. Yazılı qaynaqlar o zaman şəhərdə “20 min ev, 70 dini bina, 20 karvansara, 7 hamam, bir neçə bazar” olduğundan xəbər verir.
Fransız səyyahları Pyer Şarden və Dübua de Monper, ingilis səyyahı Porter qeyd edirlər ki, bura qədim memarlıq abidələrinin saxlanmış olduğu gözəl bir şəhərdir. Osmanlı səyyahı Evliya Çələbi hovuzuna hər gün bir səbət qızılgül ləçəyi atılan yerli hamamların ətirli suyundan söz açır.
Bu qədim şəhərə özünəməxsus mədəniyyət xasdır və onun ayrılmaz hissəsi bütün ölkədə məşhur olan yerli mətbəxdir. Misal üçün, xüsusi şəkildə qurudulan şaftalının içinə üyüdülmüş qoz-fındıq və şəkər tozu doldurmaqla hazırlanan “alana”; qayğanağa bal əlavə etməklə xüsusi “balqayqanaq” yalnız bu yerin mətbəxinə aiddir.
Naxçıvan torpağı — XII yüzilin böyük memarı ƏCƏMİ İBN ƏBUBƏKR NAXÇIVANİnin vətəndir. Onun əsərlərindən YUSİF İBN KUSEYİR (Atababa künbəzi), MÖMİNƏ-XATUN türbəsi, minarəli CÜMƏ MƏSCİDİnin portalı zəmanəmizə qədər salamat qalmışdır. Hesab edilir ki, Möminə-xatun məqbərəsini yaratmaqla Əcəmi dövrün obrazını yaratmışdır. O, əbəs yerə məqbərəyə bu yazılarla naxış vurmamışdı: “Biz gedirik dünya qalır, biz ölürük — xatirəmiz qalır”. Məqbərəni bəzəyən həndəsi və epiqrafik naxışlar zərgər dəqiqliyi ilə icra olunmuşdur: o, Şərqin sevimli qiymətli daşı – bərq vuran firuzəyə bənzəyir.
Məşhur alim, dövlət xadimi, yazıçı, filoloq, farsca-türkcə ilk lüğətin müəllifi HİNDUŞAH BİN SƏNCƏR BİN ABDULLA NAXÇIVANİ (XIII-XIV yüzillər) burada doğulmuşdur. Onun oğlu, vergilərin qoyuluşu haqqında kitab yazmış MƏHƏMMƏD NAXÇIVANİ maliyyə sahəsində zəmanəsinin tanınmış dövlət xadimi idi (XIII-XIV yüzillər). Naxçıvan eləcə də KƏLBƏLİ XAN NAXÇIVANSKİ, onun oğlu, general HÜSEYN XAN NAXÇIVANSKİ, hərb xadimi CƏMŞİD NAXÇIVANSKİ, klassik yazıçı CƏLİL MƏMMƏDQULUZADƏ, romantik şair və dramaturq, Stalin repressiyalarının qurbanı olmuş HÜSEYN CAVİD, rəssam BƏHRUZ KƏNGƏRLİ kimi tanınmış simaların da vətənidir.
Naxçıvan — Azərbaycanın ümummilli lider Heydər Əliyevin də vətənidir.
Müasir Naxçıvanda elm və maarifə böyük diqqət yetirilir. Burada universitet, Azərbaycan Milli Elmlər Akademiyasının filialı fəaliyyət göstərir, akadem-şəhərcik tikilmişdir. Məktəblərə xüsusi diqqət yetirilir – köhnələri təmir olunur, yeniləri tikilir, məsələn, H.Əliyev adına çox böyük, gözəl təchiz edilmiş məktəb istifadəyə verilmişdir. Burada Mədəniyyət Sarayı, Dram Teatrı, Kukla Teatrı fəaliyyət göstərir. Əla təchiz olunmuş idman Olimpiya kompleksi istifadəyə verilmişdir.
Şəhərdə Xalça Muzeyi, Ədəbiyyat Muzeyi, Tarix Muzeyi var. Burada eləcə də yazıçı-dramaturq Hüseyn Cavidin ev-muzeyi və məqbərəsi yerləşir. Şəhərdə xeyli tarixi abidələr — memarlıq kompleksi İMAMZADƏ, CÜMƏ MƏSCİDİ, ZAVİYƏ MƏSCİDİ, “PİRGƏMİŞ”, “XAN EVİ”, İSMAYIL XAN hamamı, YUSİF İBN KÜSEYİR məqbərəsi, MÖMİNƏ-XATIN məqbərəsi və s. mühafizə olunur.
Naxçıvanda bir neçə oteldə yerləşmək olar. Onların arasında “Qrand Naxçıvan”, “Təbriz”, “Toğrul”, “Azəri”, “Gənclik” ticarət mərkəzinin oteli və s. göstərmək olar. “Təbriz” otelinin qarşısında, Dədə Qorqud meydanında XVIII əsrin tarixi-memarlıq abidəsi – İsmail xan hamamı və Dədə Qorqudun abidəsi vardır.
Naxçıvanın təbii-müalicəvi obyektləri
Zəngin təbii ehtiyatlara malik Naxçıvan Muxtar Respublikası özünün təbii-müalicəvi obyektləri ilə məşhurdur. Minlərlə insan burada şəfa tapır.
Darıdağ Balneoloji xəstəxanası.
Culfa şəhərindən şimal-şərq istiqamətində 15 km məsafədə olan Darıdağ arsenli termal su bir çox dəri xəstəliklərinin müalicəsində mühüm rol oynayır. Onların arasında qaşınma, piyadermiyan və digər xəstəliklərin müalicəsi üçün Darıdağ suyu vannaları qəbul etmək lazımdır. Suyun tərkibində həm də yod, bor, brom, stronsium, litium vardır. Mədə-bağırsaq sisteminin və oynaq xəstəlikləri olanlara bu suyu içmək tövsiyə olunur. Bu vannaların sinir siteminin müalicəsində də əvəzolunmaz faydası var. Arsenli sular arasında ən yaxşısı qələvi-duz tərkibli olanlar sayılır, bu da Darıdağ suyunu nəinki Qafqazda, hətta bütün dünyada arsenlı sular arasında, məsələn, bütün dünyada tanınmış İtaliyadakı Rençenko və Leviko, Fransadakı Lya-Bur-Bulvo olan analojı sular arasında birinci yerlərə çıxardır. Rençenko suyunda arsenin miqdarı Darıdağ suyundan çoxdur, lakin onun tərkibində orqanizma xoş təsir edən qələvlər yoxdur. Burada tam tibbi şəraiti olan 2 korpuslu müalicəxana tikilib.
Badamlı fizioterapiya xəstəxanası 1980-ci ildə Şahbuz rayonunun Badamlı qəsəbəsində yaradılıb. Burada “Badamlı” mineral suyu ilə mədə-bağırsaq sisteminin xəstəlikləri müalicə olunur: xroniki qastrit, xroniki qepato-xolecistit, öd-daş xəstəlikləri, xroniki entoroklit, xroniki mədə xorası, xroniki pankreatit.
Duzdağ fizioterapiya mərkəzi. Məşhur “Duzdağ” sanatoriyası SSSR-inin ən unikal yerlərindən biri sayılırdı. Bu fizioterapiya mərkəzi atılmış duz mədənində, Naxçıvan şəhərindən 14 km məsafədə yaradılmışdır. Bu gün isə “Duzdağ” tək astmanın yox, həm də allergik xəstəliklərin ən yaxşı müalicə mərkəzi sayılır. “Duzdağ” dünyada bronxial astmanın müalicəsində ən yüksək effektivlik göstərmişdi. Sanatoriya uzun illər duz hasilatı məkanı olan Duzlu dağın dərinliyində yerləşir. Sanatoriyanın yaxınlığında 5-ulduzlu otel tikilib. Burada xəstələrin və onları müşayiət edənlərin bütün tələb və istəkləri nəzəra alınıb. Sanatoriya və otel – vahid müalicəvi-sağlamlıq mərkəzidir, həm sanatoriyada, həm oteldə pasiyentlərə fizioterapiyanın bütün növləri təqdim edilir, bu isə aparılan müalicənin effektivliyini dəfələrlə artırır. Sanatoriyanın yanında müasir otelin inşası tibb ilə turizm əməkdaşlığının parlaq nümunəsidir. Bu gün “Duzdağ” müalicə sahəsində çoxillik statistikaya malik və qarantiya olunmuş yüksək səviyyədə tibbi xidmət göstərən turistik obyektdir.
«Nahacir» — Nahacir Naxçıvanın şimal-şərgində yerləşən müalicəvi-kurort zonasıdır. Bu yer Nahacir dağının yamaclarında yerləşir. Kurortun əsas rezervi tərkibində karbonat (1,3 q/l sərbəst kabonat) və dəmir-qidrokarbonat-natrium, minerallığı-6 q/l olan su mənbəyi var. Qan azlığı və həzmetmə problemlərinin müalicəsində yaxşı nəticələr əldə etmək olur.
«Batabat» — Batabat Naxçıvan şəhərindən şimal-şərq istiqamətində 62 km məsafədə, Kiçik Qafqaz dağlarının yamacında, dəniz səviyyəsindən 1700 m hündürlükdə yerləşən müalicəvi iqlimə malik kurort zonasıdır. İqlimlə yanaşı burada karbonat, hidrokarbonat, kalsium, natrium, maqneziya tərkibli sular var, hansı ki, aerogelioterapiyanın müalicəsində istifadə olunur. Suyun minerallığı 0,5 q/l dir. Bu suyu mədə-bağırsaq yolunun müalicəsində istifadə edirlər. Mülayim iqlim, göllər, alp çəmənliklərinə məxsus zəngin bitki aləmi, gözəl mənzərələr insanın orqanizminə yaxşı təsir göstərir.
ORDUBAD
ORDUBAD RAYONU şimalda və şərqdə Ermənistanla, cənubda İran İslam Respublikası ilə həmsərhəddir. NMR-in şərq hissəsində yerləşir.
İqlimi təzadlıdır — soyuq qış, qızmar yay. Burada zəngin fauna və flora, heyrətamiz dərəcədə təmiz hava, çoxlu dərman bitkiləri və meyvələr yetişir. Bürünc dövrünün çoxlu tarixi abidələri: daş qoç heykəlləri, SABİR kəndində eramızdan öncə II-I minilliklərin yaşayış məskəninin qalıqları, AZA kəndi yaxınlığında qədim GİLAN şəhərinin xarabalıqları, KİLİT, VELAVER, ƏYLİS, AZA, KOTAM, BİLƏV, VƏNƏND kəndlərində orta əsr tikililəri, qədim ANABAD şəhərinin xarabalıqları, ANDEMİC kəndi yaxınlığında ŞAHTAXTI bürcü, XIX əsr məscidi, DƏR kəndi yaxınlığında XIV əsr məqbərəsi, AZA kəndi yaxınlığında 1826-cı ildə tikilmiş körpü, DƏR kəndi yaxınlığında XIV əsr hamamının xarabalıqları və bir çox tarixi abidələr qalır.
Ordubaddan 60 km cənubda GƏMİQAYAda eramızdan öncə III-II minilliklərə aid nadir petroqliflər qorunub-saxlanmışdır. Burada adamları, məişət, ov səhnələrini, real və fantastik heyvanları təsvir edən minlərcə şəkil var.
ORDUBAD ŞƏHƏRİ Ordubad rayonunun inzibati mərkəzidir. Bu, Naxçıvan Muxtar Respublikasının böyüklüyünə görə ikinci şəhəridir. Şəhər XII yüzildən məlumdur, dəniz səviyyəsindən 850 metr yüksəklikdə yerləşir. Onun qədimliyi, çox sayda tarixi abidələrin mövcudluğu, yeni tikililərin onun xarici simasını demək olar dəyişdirmədiyi, sakinlərin qoruyub-saxlanmış həyat tərzinə görə, Ordubad şəhəri dövlət tarix memarlıq qoruğu elan edilmişdir.
Tarixi abidələri: nadir arkalı ön görünüşü olan CÜMƏ MƏSCİDİ, DİLYAR MƏSCİDİ, ƏFQAN BÜRCÜ və XVIII əsr eyvanı, çoxlu sayda qədim sərçeşmələr, dairəvi qübbəli örtülü QEYSƏRİYYƏ ticarət kompleksi (XIX-XX yüzillər) XVIII yüzil buzxanası və məscidi ikimərtəbəli mədrəsə və bir çox digərləri.
Bu kiçik şəhərin nə kimi gözəlliyə malik olduğunu, qədim çağların təbii ətrini necə qoruyub-saxladığını başa düşməkdən ötrü Ordubadı görmək lazımdır. Ağlasığmaz dərəcədə nəhəng, gövdəsinin dairəsi 8 metr olan qocaman çinarların əmələ gətirdiyi kölgəliklərdə adamlar əyləşib tələsmədən söhbət edirlər, nadir məscidlər, ovdanlar, kəhrizlər — bütün bunların hamısının öz nadir özəllikləri var. Bu, qədim milli həyat tərzinin gözəlliyini qoruyub-saxlayan müasir insanların yaşadığı bir şəhərdir.
Burada zəngin ekspozisiyası olan tarix-diyarşünaslıq muzeyi, teatr, Azərbaycan ədəbiyyatında tarixi-romantik janrın əsasına qoyan yazıçı Məmməd Səid Ordubadinin ev-muzeyi fəaliyyət göstərir.
ORDUBADDA yerli sakinlərin evlərində qalmaq olar.
CULFA
CULFA RAYONU Naxçıvan şəhərindən şərqdə yerləşir. Yayda burada quru və isti, qışda çox soyuq olur. İldə 220-600 mm-ə yaxın yağıntı düşür. Burada ƏLİNCƏ, QARDƏRYA, eləcə də ARAZ (İranla sərhəd boyunca) çayları axır. Culfa yolu boyunca dağlar olduqca gözəl və özünəməxsusdur — geoloji faktor (süxurların tərkibi, onların yaşı və s.) xarici görünüşə təsirini göstərib — zahirən dağlar nəhəng, qübbəvari, fantastik tikililəri xatırladır.
CULFA dağlarında meşə massivlərinə rast gəlinir, meşələrdə fıstıq, vələs, palıd bitir; faunanı canavarlar, tülkülər və dovşanlar təmsil edirlər.
Araz çayının sahilində qədim tikililərin xarabalıqları qalmışdır. Onlara aiddir: Azərbaycan ərazisində ən qədimi sayılan XIII yüzil karvansarası, Naxçıvan xanı, hakim Ziyaəddinin əmri ilə XIV yüzilin əvvəlində salınmış körpünün qalıqları, CUQA kəndi yaxınlığında kiçik GÜLÜSTAN məqbərəsi (XIII yüzil), DƏR kəndi yaxınlığında daha üç qədim məqbərə — onlardan bürclü məqbərə daha yaxşı vəziyyətdədir (XV yüzil). O cümlədən, ƏLİNCƏ qalası (XII-XIII yüzillər) və bir çox digər abidələr və qədim tikililərin qalıqları göstərilə bilər.
Rayonun ərazisində çoxlu (40-a yaxın) su qaynaqları və bulaqlar mövcuddur. Onlardan biri, DARIDAĞın ətəklərindəki bulaq gündə 500 min litrə yaxın güclü minerallaşdırılmış su verir.
CULFA ŞƏHƏRİ Araz çayının sahilində, İranla sərhəddə yerləşir. Azərbaycan CULFAsına demək olar simmetrik şəkildə Arazın o biri sahilində, eyni ilə CULFA adlanın İran şəhəri yerləşir. Keçmişdə İrandan Şirvana, Gürcüstana, Dağıstana gedən qədim karvan yolu buradan keçirdi. İndi burada sərhəd nəzarət buraxılış məntəqəsi yerləşir. Burada dəmiryol vağzalı yaxınlığındakı “Araz” mehmanxanasında qalmaq olar. Elə orada restoran da var. “Gülüstan” restoranında və “Eldar” kafesində də nahar edə bilərsiniz.
BABƏK
BABƏK RAYONU Muxtar Respublikanın şimalında Ermənistanla, cənubda İranla həmsərhəddir. Bu ərazinin şimalı və cənub-şərqi dağ relyefinə malikdir, cənub-qərbi isə düzənlikdir. Ən yüksək dağ zirvələri — KEÇƏLTƏPƏ (2740 metr), QARAQUŞ (2617 metr), BUZQOV (2470 metr).
Rayonun ərazisində SİRAB, QAHAB, VAYXIR mineral su qaynaqları, daş duz yataqları mövcuddur. Buradan NAXÇIVANÇAY və onun qolu CƏHRİÇAY axır, ARAZ, NEHRƏM, UZUNOBA, SİRAB su anbarları yerləşir.
Rayon ərazisində meşəyə rast gəlinmir, üzümçülük, taxılçılıq, bostançılıq və heyvandarlıq inkişaf etmişdir. Burada məlum arxeoloji abidələr: GÜLTƏPƏ və GÜLTƏPƏ-2, ABBASABAD, VAYXIR, AZNABYURDun qədim xarabalıqları yerləşir.
BABƏK ŞƏHƏRİ rayonun inzibati mərkəzidir. 1978-ci ilə qədər TƏZƏKƏND adlanıb.
ŞAHBUZ
ŞAHBUZ RAYONU Naxçıvan Muxtar Respublikasının şimalında yerləşir. Bura dağlıq ərazidir. Ən yüksək nöqtəsi SALVARTI (3160 metr), KEÇƏLDAĞdır (3115 metr), BİÇƏNƏK dağ aşırımı da buradan keçir.
Muxtar Respublikanın bütün ərazisində olduğu kimi, burada da çoxlu yeraltı sular, o cümlədən BADAMLI, BATABAT, KARVANSARA, BİÇƏNƏK mineral sular axır. Burada kükürd, tikinti materialları, torf yataqları var. NAXÇIVANÇAY və onun qolları: KÜKÜ, ŞAHBUZ, SALVARTI axır. Göllərdən isə QANLIGÖL, BATABAT bu ərazidə yerləşir. Dağlarda meşə massivləri var.
ŞAHBUZ ŞƏHƏRİ rayonun inzibati mərkəzidir. Şəhərin həndəvərində qədim maraqlı bir abidə aşkar edilib. Xalq arasında bura Nizaminin “Fərhad və Şirin” poemasının qəhrəmanının adı ilə “Fərhadın evi” adlandırılır. Əslində bu qədim insanın yurd yeridir və o qədər də adi görünüşə malik deyil: dağın daş-divarında “verandası” olan 4 otaq yonulmuşdur. Arxeoloqlar tərəfindən qədim hakimin adını daşıyan “Şahpur” qalasının da xarabalıqları tapılmışdır. Hesab edilir ki, bu ad zaman keçdikcə “Şahbuz” şəklini almışdır.
QARABAĞLAR kəndində məşhur QARABAĞLAR məqbərəsi yerləşir. Bağlarla, qədim, lakin bu gün də işləyən kəhrizlərlə əhatəyə alınmış bu kənd ZƏNGƏZUR sıra dağlarının ətəyində yerləşir. Burada bürcləri olan istehkamların və su təchizatı sisteminin olması bu yaşayış məntəqəsinin qədim mənşəyindən xəbər verir. Belə bir ehtimal var ki, XVII yüzil əlyazmasında adı xatırlanan “10 min evi, 70 məscidi, onlardan 40-ı minarəli, QARABAĞLAR ŞƏHƏRİ” haqqında qeyd bu kəndə aiddir.
ŞƏRUR
ŞƏRUR RAYONU Muxtar Respublikanın qərbində yerləşir, cənubda İranla həmsərhəddir. Ərazisinin şimalı və şərqi dağ relyefinə malikdir. DƏRƏLƏYƏZ dağ sistemi buradan keçir. Ən yüksək dağı QALINQAYAdır (2775 metr). İqlimi yarımsəhra, quraqdır. Lakin kifayət qədər yumşaqdır — qışda temperatur nadir hallarda +3 dərəcədən aşağı düşür, yayda +26 dərəcədən yuxarı qalxmır.
Buradan ARAZ çayının qolu ARPAÇAY və digərləri axır. Arpaçay suyundan suvarmada istifadə edilir. Onun üstündə Arpaçay su anbarı tikilmişdir. Yerli faunası — muflonlar (dağ qoyunu), canavarlar, dağ keçiləri, tülkülər, qabanlar, dovşanlardır.
Burada az olan tarixi abidələr Araz və Arpaçay sahilləri boyunca bürünc dövrünə aid qədim yaşayış məskənləri ilə təmsil olunur. QAZMA mağarasında mustye dövrünə aid daş və obsidian əmək alətləri, ŞAHTAXTI yaşayış məskənində zövqlə işlənmiş bəzəkli saxsı qab nümunələri aşkar edilmişdir. Arbatan, Verməziyar, Qarahəsənli, Babəki, Kosacan kəndləri yaxınlığında aparılmış arxeoloji qazıntılar göstərmişdir ki, burada qədim yaşayış məskənləri yerləşirmiş. Onlar Kölüklər, Köhnə, Arbatan, Köhnəkənd, Kültəpə kimi toponimlərin yaddaşında yaşayır. Burada çoxlu ev əşyaları və bəzəkli saxsı qablar aşkar edilmişdir.
ŞƏRUR ŞƏHƏRİ Şərur rayonunun inzibati mərkəzidir. Yeni şəhərdir, dəmiryolun çəkilişi zamanı yaranmışdır. Burada iki park, muzey, stadion, məscid, şəhidlərin xatirə abidəsi, kinoteatr var. Burada — dəmir yolunun o biri tərəfində hamamları, bazarı, məscidləri ilə köhnə şəhər də qorunub saxlanmışdır.
Burada yerli sakinlərin evlərində qonaq qalmaq olar.
KƏNGƏRLİ
KƏNGƏRLİ RAYONU Babək və Şərur rayonlarının arasında yerləşir. Rayonun cənub hissəsi İranla, şimalı Ermənistanla həmsərhəddir. Rayon dağlıq relyefə malik olmaqla, DƏRƏLƏYƏZ dağlarında yerləşir.
Muxtar Respublikanın hər yerində olduğu kimi, iqlimi kəskin kontinentaldır — yayda çox isti, qışda soyuq olur. Rayonun ərazisindən, Azərbaycanla İranın dövlət sərhədi boyunca Araz çayı axır.
Dağlıq relyef, iqlimin xüsusiyyətləri və kiçik çayların olmaması yerli bitki örtüyünü şərtləndirir. Onlar, əsasən, yarımsəhra və dağ növləri ilə (kolluqlar, otlar, nadir ağaclar) təmsil olunur.
Bu kənd təsərrüfatı rayonunda tütün, üzüm, dənli bitkilər, tərəvəz və bostan məhsulları yetişdirilir.
Naxçıvan Muxtar Respublikasının hər yerində olduğu kimi burada da böyük sayda qədim abidələr qalır ki, bu da diyarın arxaik zamanlardan əhalinin məskunlaşmasından xəbər verir: ÇALXAN QALA kurqanları, QAZMA mağarası, eləcə də QALACIQ, GOVURQALA, DAMLAMA, QULAMLITƏPƏ, BALATƏPƏ yaşayış məskənləri.
Sonrakı dövrlərin salamat qalmış abidələri: XOK kəndində CAME MƏSCİDİ (XVIII əsr) və ŞAHTAXTI kəndində hamam (XIX əsr).
QIVRAQ qəsəbəsi 2004-cü ildə yaradılmış bu yeni rayonun inzibati mərkəzidir. Qıvraq Naxçıvan-Şərur şossesi üzərində, diyarın paytaxtı Naxçıvan şəhərindən 30 km aralıda yerləşir. Qəsəbədən Araz çayınadək 6 km-dir.
Rayonun inzibati mərkəzi statusunu təzəlikcə alması ilə bağlı olaraq Qıvraq qəsəbəsində hələlik turistlərin qəbulu üçün infrastruktur yoxdur. Lakin burada yerli sakinlərin evlərində qonaq qalmaq olar.
SƏDƏRƏK
Sədərək rayonu 28 avqust 1990-cı ildə formalaşıb. Cənub-qərbdə Türkiyə ilə, şimal-qərbdə Ermənistanla sərhəddə yerləşir. Mərkəzi Heydərabaddır, 3 kəndin ərazisində yerləşir. Rayonun ərazisi dağlardan və ovalardan ibarətdir. Dəhnə və Velinq dağ hündürlüyü mövcuddur. Araz, Qaraçay və Çapan çayları ərazidən axır. Sədərək qəsəbəsinin şimalında Ağoğlan türbəsi yerləşir. Bundan əlavə, rayon ərazisində orta əsrlərə məxsus tarixi memarlıq abidələri də mövcuddur. Sədərək qalası tunc dövrünün sonuna və dəmir dövrünün əvvəllərinə aiddir.
VI-VII əsrlərə məxsus çapacaq aşkar edilib. Eneolit dövrünə məxsus insan mərkəzləri isə Sədərəyin şərqində yerləşir.
SON DƏQİQƏ
Naxçıvan. Ulu və müqəddəs, bəşər mədəniyyətinin yaşıdı olan bu torpağın zəngin keçmişi ilə yanaşı, bugünkü tərəqqisi, əldə etdiyi sabitliyi, intibah yolu ilə də öyünməyə mənəvi haqqı var. Tarixçilər, salnaməçilər bir faktın üzərində məxsusi dayanırlar ki, muxtariyyətinin 95 yaşını qeyd edən Naxçıvan öz şanlı tarixinin heç bir dövründə bugünkü kimi inkişaf etməmişdi. Ölkə başçısının Naxçıvana olan davamlı diqqət və qayğısı, muxtar respublika rəhbərinin müstəsna əməyi, naxçıvanlıların yurd, Vətən sevgisinin bəhrəsindən yaranan qədim diyarın müasir siması Nuh yurduna gələn siyasətçilərin, elm adamlarının, turistlərin, idmançıların təəssüratlarını bəzəyir. Muxtar respublikanın ərazisinə və əhalisinə görə ən böyük yaşayış məntəqələrindən olan Babək rayonunda əldə olunan nailiyyətlər də sistemli və düzgün müəyyənləşdirilmiş fəaliyyətin məntiqi nəticəsidir.
35 kənd və 1 qəsəbədən ibarət olan Babək rayonu Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin himayə və qayğısısayəsində, demək olar ki, yenidən qurulub. Rayonun bütün yaşayış məntəqələrini əhatə edən kompleks quruculuq tədbirləri nəticəsində bu gün ən ucqar dağ və sərhəd kəndləri belə, abadlaşdırılıb. Aran kəndləri hesab olunan Nehrəmdə, Qahabda, Güznütdə, Sirabda, Zeynəddində yaradılan müasirşərait bu gün dağ və sərhəd kəndləri Gərməçataqda, Yuxarı və Aşağı Buzqovda, Nəhəcirdə, Payızda da mövcuddur. Ümumiyyətlə, hər il rayonun hansısa yaşayış məntəqəsini, emal və sənaye sahəsini əhatə edən quruculuq işləri aparılır. Cari ilin ilk rübündə isə rayonda tikintiquraşdırma işlərinə 34 milyon 22 min 900 manat həcmində investisiya yönəldilib. Bu dövrdə Kültəpə və Gülşənabad kəndlərində yeni məktəb binalarının, kənd və xidmət mərkəzlərinin tikintisi aparılıb, hər iki yaşayış məntəqəsinin daxili yolları abadlaşdırılıb, məhəllələrə içməli su xətti çəkilib. Bundan başqa, rayon Baytarlıq İdarəsi və Süni Mayalanma Mərkəzinin tikintisi də sürətlə aparılır.
Ötən əsrin 90-cı illərində muxtar respublikanın düşdüyü ağır vəziyyət, yaşadığı böhran, xüsusən özünü enerji təsərrüfatında büruzə verirdi. Qədim diyarda elektrik enerjisinin fasilələrlə verilməsi istehsal sahələrinin də fəaliyyətini iflic vəziyyətə salmışdı. Naxçıvan şəhərində və ətraf kəndlərdə fasilələrlə olsa belə, verilən elektrik enerjisinə ucqar dağ kəndlərinin əhalisi günlərlə həsrət qalırdı. Yalnız ulu öndər Heydər Əliyev siyasi fəaliyyətinin Naxçıvan dövründə İran və Türkiyə ilə apardığı diplomatik danışıqlar sayəsində enerji nəqlinə nail ola bildi. Sonrakı illərdə dahi şəxsiyyətin bu sahədə müəyyənləşdirdiyi yol Naxçıvanın gecələrini də gündüzləri kimi işığa qərq etdi. Bu gün muxtar respublika ərazisindəki mövcud elektrik stansiyalarından dördü Babək rayonunda yerləşir.
İyunun 7-də Ali Məclis Sədrinin iştirakı ilə rayon Elektrik Şəbəkəsi üçün yeni inzibati binanın və yarımstansiyanın istifadəyə verilməsi bu sahədəki işlərin daha da təkmilləşdirilməsinə stimul olub. Həmin gün Naxçıvan Yaşıllaşdırma Xidmətinin tingçilik sahəsi üçün yeni kompleks və müasir ağacyetişdirmə sahəsi – “İqlim otağı” da istifadəyə verilib. Ali Məclisin Sədri açılış mərasimində deyib: “Ötən əsrin 90-cı illərinin acı nəticələri muxtar respublika təbiətinə də təsir etmiş, ağaclar kütləvi qırılmış, yaşıllıqlar məhv edilmişdi. 1995-ci ilin statistikasına əsasən həmin dövrdə muxtarrespublikada yaşıllıqlar ümumi ərazinin 0,6 faizini təşkil edirdi. Lakin ötən dövrdə həyata keçirilən yaşıllaşdırma tədbirlərinin nəticəsidir ki, bu gün muxtar respublikada ümumi ərazinin 20 faizə yaxını yaşıllıqlardır. Həmçinin muxtar respublika ərazisinin 27 faizi xüsusi mühafizə olunur, nadir ağac və bitki növləri qorunur, eyni zamanda mütəmadi yaşıllaşdırma tədbirləri həyata keçirilir”.
Qeyd edək ki, bu günə kimi muxtar respublikada müxtəlif tinglər və gül kollarına olan tələbatın bir qismi idxal hesabına ödənilirdi. Bu isə vəsaitin ölkə xaricinə çıxması demək idi. Müasir avadanlıqlarla təchiz olunan “İqlim otağı”nda yaradılan şərait imkan verib ki, bəzək kolları, həmişəyaşıl tinglər, müxtəlif güllər daha tez yetişsin və ərsəyə gəlsin.
Məhsul – 2019
Babək rayonu aqrar sahənin dinamik inkişaf etdiyi bölgələrdən biri kimi tanınır. Muxtar respublika əhalisinin ərzaq məhsullarına olan tələbatının ödənilməsində məxsusi rolu olan babəklilər hər il rayonda yeni meyvə bağları salır, istehsal sahələri, heyvandarlıq təsərrüfatları yaradırlar. Bu il Naxçıvan Muxtar Respublikası üzrə ən çox taxıl əkini Babək rayonunda aparılıb və bu məntiqə uyğun olaraq ən çox məhsul tədarük edilən bölgələrdən biri olub. 2019-cu ilin məhsulu üçün 16min 172 hektarsahədə əkin aparılıb və taxılçılıq mühüm istiqamət kimi diqqətdə saxlanıldığı üçün əkinlərin 10 min 610 hektarını taxıl təşkil edib. Ötən il ilə müqayisədə taxıl əkinisahəsi 84 hektar artıb. Tədarük olunan məhsula gəldikdə isə biçin kampaniyası itkisiz və mütəşəkkil qaydada aparılıb,sahələrdən 33 min 707 ton taxıl yığılıb. Müvafiq dövlət proqramlarına uyğun olaraq Babək rayonunda tütünçülüyün və üzümçülüyün inkişafı da diqqət mərkəzində saxlanılıb. Hesabat dövrü ərzində Cəhri kəndində “Cahan Tabak” Beynəlxalq Məhdud Məsuliyyətli Cəmiyyətinin Tütün Yetişdirmə Mərkəzi tərəfindən Tütün Yetişdirmə Təsərrüfatı yaradılıb. Ümumiyyətlə, bu dövrdə rayonda 18 hektar sahədə tütün əkilib və hazırda yığım davam etdirilir. Tütün istehsalı ilə məşğul olan yeni təsərrüfatların yaradılması həm də yeni iş yerləri deməkdir. Rayonda üzümçülüyün inkişafı istiqamətində görülən işlər yeni bağların salınmasına, mövcud təsərrüfatların daha da genişləndirilməsinə imkan verib. Belə ki, rayonun Nehrəm kəndindəki “Sumqala” üzümçülük təsərrüfatında istehsal olunan məhsullar bu ildən daxili tələbatı ödəməklə yanaşı, paytaxt Bakı və Rusiya bazarlarına da ixrac olunur. 180 hektar ərazini əhatə edən təsərrüfatda üzümdən hazırlanan məhsulların uzun müddət saxlanılmasına imkan verən və tutumu 2500 ton olan soyuducu anbarın da tikintisi davam etdirilir.
2019-cu ilin “Ailə təsərrüfatları ili” elan olunması Babək rayonunda yeni ailə təsərrüfatlarının yaradılmasına, mövcud təsərrüfatlarda isə məhsul istehsalının artmasına təkan verib. Bu ilin ilk rübündə rayonun Zeynəddin, Nehrəm və Qaraqala kəndlərində dövlət maliyyə dəstəyi hesabına yeni heyvandarlıq təsərrüfatları yaradılıb. Nəcəfəli Dizə kəndindən olan fiziki şəxs Vüsar Məmmədov isə yeni istixana təsərrüfatının yaradılmasını başa çatdırıb.
Məşğulluq məsələlərinin həlli diqqət mərkəzindədir
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq olunmuş “2016- 2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun daha da artırılması üzrə Dövlət Proqramı”nın icrası rayonda işaxtaranların sosial müdafiəsinin gücləndirilməsinə şərait yaradıb. Belə ki, cari ilin birinci rübündə rayonda 327 yeni iş yeri yaradılıb. Bunun 324-ü və ya 99 faizi daimi iş yerləridir. Bəhs olunan dövrdə muxtar respublika rəhbərinin tapşırığına əsasən uzun müddət ünvanlı dövlət sosial yardımı alan və fərdi təsərrüfatlarını qurmaq üçün müraciət edən daha 7 aztəminatlı ailə müəyyənləşdirilib və onlardan 6-na yanında balası olan iribuynuzlu mal-qara, birinə isə 10 xırdabuynuzlu heyvan verilib.
Biri var tarixi kitablardan öyrənəsən, biri də var tarix sənin gözlərin qarşısında günbəgün, anbaan yazıla. Bu tarixin bir adı var: Naxçıvanın inkişaf tarixi. Biz bu tarixə toxuna bilirik, onunla böyüyürük, yaşa doluruq. Bir vaxtlar taleyin ümidinə buraxılmış “tənha ada”nı xatırladan Naxçıvan bu gün inkişaf, tərəqqi, yenilik, müasirlik qitəsinə çevrilib. Babək rayonu isə qədim diyarın bir parçası kimi 2019-cu ilin ikinci yarısında əldə edəcəyi nailiyyətlərlə, yeni quruculuq ünvanları ilə, açılan yeni iş yerləri, emal və istehsal sahələri ilə hələ çox zirvələri fəth edəcək.
Muxtar RZAZADƏ
“Şərqin səhəri” qəzetinin redaktoru
Naxçıvan muxtar respublikası babk rayonu
NAXÇIVAN MR DAİMİ NÜMAYƏNDƏLİYİ – 30 İL.
Naxçıvan Muxtar Respublikası
haqqında ümumi məlumat
1920-1923-cü illərdə Naxçıvan Sovet Sosialist Respublikası (NSSR), 1923-1924-cü illərdə Naxçıvan Muxtar Diyarı (NMD), 1924-1990-cı illərdə Naxçıvan Muxtar Sovet Sosialist Respubli-kası (NMSSR), 1990-cı ildən Naxçıvan Muxtar Respublikası (NMR) – Azərbaycan Respublikasının tərkibində muxtar dövlət adlanmışdır.
Şimalda və Şərqdə Ermənistan Respublikası (sərhəd xəttinin uzunluğu 246 km), qərbdə və cənubda Türkiyə (15 km) və İran İslam Respublikası (204 km) ilə həmsərhəddir. Naxçıvan MR-in Ermənistan ilə təbii sərhədini, əsasən, Zəngəzur və Dərələyəz silsilələrinin suayırıcıları, Türkiyə və İranla sərhədini isə Araz çayı təşkil edir.
Muxtar Respublika ərazisinin sahəsi 5,5 min kv.km-dir.
2009-cu ilin məlumatına görə, Naxçıvan Muxtar Respublikası-nın 400 000 əhalisi var. İnzibati bölgü
Hazırda 7 inzibati rayona (Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz, Şərur) bölünmüşdür; 4 şəhəri (Azərbaycan Respublikası tabeliyindəki Naxçıvan şəhəri, Naxçıvan MR tabeliyindəki Ordubad və Culfa şəhərləri, rayon tabeliyindəki Şərur şəhəri), 4 şəhər tipli qəsəbə (Babək, Şahbuz, Parağaçay, Heydərabad), 207 kənd və qəsəbə var Respublika tabeliyində olan şəhərlər: Culfa, Naxçıvan, Ordubad
Naxçıvan Muxtar Respublikası (NMR) Kiçik Qafqazın cənub-qərbində yerləşir. Azərbaycan Respublikası ərazisinin geomor-foloji rayonlaşdırılması bölgüsündə Naxçıvan MR-in ərazisi Kiçik Qafqaz geomorfoloji vilayətinin Arazyanı dağlar və Naxçıvan (Orta Araz) çökəkliyi yarımvilayətlərinə aid edilir. Ərazinin üçdə iki hissəsi hündürlüyü 1000 m-dən yuxarı olan dağlıq sahələrdir. Ərazinin üçdə bir hissəsini isə bir-birindən dağ qolları və tirələrilə ayrılan maili Arazboyu düzənliklər (Sədərək, Şərur, Böyükdüz, Naxçıvan, Culfa, Yaycı, Kəngərli, Dəstə, Ordubad və s.) tutur. Muxtar Respublika (MR) ərazisinin çox hissəsini Kiçik Qafqazın Zəngəzur və Dərələyəz silsilələri və onların Araz çayının dərəsinə doğru uzanan və müasir relyefdə orta və alçaq dağlıq yaradan qolları əhatə edir. Zəngəzur silsiləsi Kiçik Qafqazın ən yüksək silsilələrindəndir; ən hündür zirvəsi Qapıcıq dağı (3906 m), eyni zamanda Kiçik Qafqazın Azərbaycan Respublikası ərazisində ən yüksək zirvəsidir və daimi qar xəttindən 41 m yuxarıda yerləşir.
27 SENTYABR 2021
Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinə orden və medalların təqdimat mərasimi keçirilib.
Comments are closed, but trackbacks and pingbacks are open.