Mədəniyyət və tarixi abidələr
Gülüstan türbəsi
Orta əsrlərə aid Azərbaycan memarlıq abidəsi olan Gülüstan türbəsi Culfa rayonunun Gülüstan kəndi yaxınlığındadır. Möminə Xatun türbəsinin təsiri ilə XIII əsrin əvvəllərində tikilmiş Gülüstan türbəsi Azərbaycanın qülləvarı türbələri qrupuna daxildir. Azərbaycanın digər türbələrindən fərqli olaraq, Gülüstan türbəsinin sərdabəsi yerüstü hissədə yerləşir.
Naxçıvanın təbiət abidələri
Naxçıvan Muxtar Respublikası zəngin turizm potensialı ilə seçilir. Əlverişli coğrafi mövqeyi, müxtəlif iqlim qurşaqları və təbiətinin mövcudluğu, zəngin mədəni-tarixi irsi, özünəməxsus mətbəxi və yüksək qonaqpərvərlik ənənələri hər il bölgəyə çoxsaylı turistlərin gəlməsinə səbəb olur. Naxçıvan diyarı təbiət abidələrinin zənginliyi ilə də diqqəti cəlb edir.
Naxçıvan Turizm İnformasiya Mərkəzinin direktoru Əkbər Rzayev deyir ki, hazırda bütün dünyada təbiət abidələri, landşaft ekzotikliyi ilə seçilən ərazilər turizm məqsədilə geniş şəkildə istifadə olunur. Bu mənada muxtar respublikanın təbiət abidələrinə maraq həmişə böyük olub. Turistlərin ən çox maraq göstərdikləri yer isə Batabat gölündəki “Üzən ada”dır: “Hər il yüzlərlə turist, o cümlədən İran və Türkiyədən insanlar Batabat ərazisində dincəlməyə gəlir. Əcnəbi qonaqlar da Naxçıvanın təbiət abidələrinə, Duzdağa, dini turizm ünvanı kimi tanınan, əslində elə iki möhtəşəm təbiət abidəsi – İlandağ ilə Nəhəcir dağları arasında yerləşən təbii mağaradakı Əshabi-Kəhf ziyarətgahına böyük maraq göstərirlər”.
Ordubadın tacı
Pəzməri şəlaləsi Ordubad rayonunda, Zəngəzur dağ silsiləsinin Ayıçınqılı aşırımından 3707 metr hündürlükdən başlayan eyniadlı çayın üzərində yerləşir. Pəzməri çayının qolu olan Ayıçınqılı çayının Vənəndçaya töküldüyü yerin yaxınlığında, dəniz səviyyəsindən 2161 metr hündürlükdə gur şəlalə yaranır.
Pəzməri kəndindən 4-5 kilometr aralıda yerləşən bu ecazkar təbiət abidəsini görmək üçün Naxçıvanın bütün bölgələrindən buraya çoxlu turist gəlir. Hərçənd şəlalənin yanına enmək heç də asan deyil və hər adama nəsib olmur. Şəlaləyə iki yerdən – həm dağların zirvəsi ilə, həm də dərələrlə yol gedir.
Şahbuzun “üzən ada”sı
Naxçıvanın daha bir möhtəşəm təbiət abidəsi Şahbuz Dövlət Təbiət Qoruğunun ərazisində yerləşir. Qoruğun əsas torpaq sahələri dəniz səviyyəsindən 2200-2400 m hündürlükdəki dağlıq sahələrdə yerləşir. Qoruğun su ehtiyatları əsasən atmosfer çöküntüləri hesabına formalaşan Batabat mineral bulaqlarından ibarətdir. Bu mineral bulaqlar Naxçıvan şəhərindən 65 km məsafədə, dəniz səviyyəsindən 2445 metr yüksəklikdə yerləşir. 2100-2200 metr mütləq yüksəkliyə malik bu sahələrdə torf və torflu torpaqlar yayılmışdır. Elə möhtəşəm təbiət abidəsini də Batabat gölü üzərində əmələ gəlmiş bu torf qatı yaradır. Qalınlığı 2 metrə çatan bu qat geniş sahəni əhatə edir və kiçik ada təsiri bağışlayır. El arasında bu kütləni “Üzən ada” adlandırırlar. Küləyin təsiri ilə “ada” davamlı olaraq gölün üzərində hərəkət edir.
Təbiət abidələrinin öyrənilməsinə ehtiyac var
Rəsmi mənbələrdə Naxçıvanda 7 təbiət abidəsinin olduğu göstərilir. Əslində isə onların sayı daha çoxdur. Nadir bitkilərdən hesab olunan Narbənd özü maraqlı təbiət hadisəsidir. Regionun ən hündür zirvəli dağı sayılan İlandağ (2412 metr) da təbiət abidəsi hesab olunur. Nəhəcir və Əlincə qalaları da təbiət abidəsi kimi özünəməxsus gözəlliyi və əzəməti ilə diqqəti cəlb edir.
AMEA-nın Naxçıvan bölməsinin şöbə müdiri Nizami Alıyev deyir ki, bölgənin elə təbiət abidələri var ki, yerli əhalinin bir çoxu onlardan xəbərsizdir. Onun sözlərinə görə, təbiət abidələrinin sistemli tədqiqinə, onların turizm marşrutlarına salınmasına ehtiyac var: “Məsələn, Ordubadda Göygöl deyilən ərazidə nadir təbiət hadisəsini müşahidə etmək mümkündür. Eyni zamanda müşahidə edilən dörd fəsil insanda fərqli duyğular yaradır. Naxçıvan elə bir bölgədir ki, təbiət abidələrinin olduğu yerlərin əksəriyyətində eyni zamanda tarixi abidələrə də rast gəlmək olur. Təbiət abidələrindən idman, speloturizm, dağ turizmi növlərinin inkişafı üçün geniş istifadə etmək olar”.
Mədəniyyət və tarixi abidələr
Naxçıvanın tarixi abidələri
Naxçıvan zəngin tarixi abidələri ilə (Gəmiqaya, Fərhad evi, Əchabi-Kəhf, Yusif ibn Küseyr türbəsi, Möminə xatun türbəsi, Gülüstan türbəsi, Xanəgah türbəsi, Qazançi körpüsü, Naxçivan cümə məscidi, Qeysəriyyə, Şərq hamamı, Naxçivan buzxanası və s.) ən qədim türk yurdlarından biridir.
Gəmiqaya
Ordubad rayonu ərazisində, Tivi və Nəsirvaz kəndlərindən şimal-şərqdə dağ, Zəngəzur silsiləsinin suayırıcında zirvə olan Gəmiqayanın hündürlüyü 3725 metrdir. Sıldırım yamaclı, konusvarı formaya malik olan dağ qədim vulkanik süxurlardan təşkil olunmuşdur. Qədim dünyanın müqəddəs panteonlarından sayılan Gəmiqaya özünün əzəmətli, fantastik görünüşü ilə insanı heyrətə gətirir. Burada e. ə. 3-1-ci minilliklərə aid minə yaxın qayaüstü rəsm – piktoqramlar (qədim yazılar) var.
Fərhad evi
Şahbuz rayonunun Biçənək kəndindən şərqdə, Batabat yaylağında arxeoloji abidədir. Fərhad evinin olduğu qayanın girişinin sağında qaya üzərində uzun saçlı kişi başı, solunda qadın rəsmi həkk olunmuşdur. Naxçıvan şəhərindən Fərhad evinə bir mənzil karvan yolu var. Batabat yaylağında Fərhad evi adı ilə tanınan dayanacaq məntəqəsi yaradılmışdı. Orta əsrlərdə Naxçıvan-Batabat yolunda gediş-gəliş artdığından Fərhad evindən bir qədər şimalda iri karvansara tikilmişdi. Yerli əhali bunu Şah Abbas karvansarası adlandırır. Tədqiqatlar Fərhad evi abidələrinin e. ə. I minilliyin sonlarına və eramızın əvəllərinə aid olduğunu söyləməyə imkan verir. Fərhad evi ilə bağlı xalq arasında müxtəlif rəvayətlər yayılmışdır
Əshabi-kəhf
Naxçıvan şəhərindən təqribən 12 km aralı, İlandağ ilə Nəhəcir dağı arasındakı təbii mağarada ziyarətgah olan Əshabi-kəhf ərəb dilində “mağara adamları” deməkdir. Eyniadlı yerin Kiçik Asiya və ya Fələstin ərazisində olması haqqında qədim dini ədəbiyyatlarda, o cümlədən Quranda məlumat var. Quranın “Kəhf’ (“Mağara”) surəsində əksini tapmış əfsanəyə görə isə, Allaha inanan gənclər təqiblərdən yaxa qurtarmaq üçün bir itlə birlikdə mağarada gizlənmişdilər. Allah onları yatırtmış, bir neçə yüz ildən sonra oyatmış, lakin gənclər özlərinə yad dünyanı görüb, yenidən əbədi yuxuya getmişlər. Naxçıvan ərazisində yayılmış əfsanə də təqribən eyni məzmunludur.
Yusif ibn Küseyir türbəsi
Naxçıvan şəhərində ən qədim memarlıq abidələrindən biridir. Xalq arasında Atababa türbəsi də adlanır. Türbənin üzərindəki kitabədə onun 1162-ci ildə memar Əcəmi Əbubəkr oğlu Naxçıvani tərəfindən tikildiyi və orada dəfn olunmuş şəxsin adı (Yusif ibn Küseyir) göstərilmişdir. Abidənin gövdəsindəki frizdə (haşiyə) kufi xətlə Qurandan ayələr yazılmışdır. Kompozisiyasına, tektonik aydınlığına, hissələrinin mütənasibliyinə, mühəndis quruluşunun səviyyəsinə görə türbə yüksək bədii memarlıq nümunəsidir.
Möminə xatun türbəsi
Azərbaycan milli memarlığının möhtəşəm abidəsi, Şərq memarlığı incilərindən biri olan Möminə Xatun türbəsi 1186-cı ildə Naxçıvan şəhərinin qərb hissəsində tikilmişdir (memarı Əcəmi Əbubəkr oğlu Naxçıvani). Azərbaycan Atabəylər dövlətinin banisi Şəmsəddin Eldəniz arvadı Möminə Xatunun qəbri üzərində məqbərə yaradılmasına qərar vermiş, onun tikintisini oğlu Məhəmməd Cahan Pəhləvan hicri 582-ci ilin məhərrəm ayında (aprel, 1186) başa çatdırmışdır. Elin yaddaşında “Atabəy günbəzi” adı ilə qalmışdır. Abidənin baştağında kufi xətti ilə bu sözlər həkk olunmuşdur. “Biz gedirik, ancaq qalır ruzigar. Biz ölürük, əsər qalır yadigar”. Abidə əzəmətli memarlıq zənginliyi ilə yanaşı, Azərbaycanın qədim tarixini, möhtəşəm dövlətçiliyini, yüksək səviyyəli mədəniyyətini, böyük memarlıq məktəbinə malik olduğunu göstərir.
Gülüstan türbəsi
Orta əsrlərə aid Azərbaycan memarlıq abidəsi olan Gülüstan türbəsi Culfa rayonunun Gülüstan kəndi yaxınlığındadır. Möminə Xatun türbəsinin təsiri ilə XIII əsrin əvvəllərində tikilmiş Gülüstan türbəsi Azərbaycanın qülləvarı türbələri qrupuna daxildir. Azərbaycanın digər türbələrindən fərqli olaraq, Gülüstan türbəsinin sərdabəsi yerüstü hissədə yerləşir.
Xanəgah türbəsi
Culfa rayonunun Xanəgah kəndində, Əlincəçayın sahilində orta əsrlərə aid edilən Xanəgah türbəsi orta əsr Xanəgah yaşayış yerinin mərkəzindədir. Əlincəçay xanəgahı memarlıq kompleksinin tərkibinə daxildir. Türbə binasında qapı yerinin üstündən düşmüş kitabəli daş lövhə Xanəgah məscidində saxlanılır. Məşhur mütəfəkkir və şair Fəzlullah Nəiminin məzarı buradadır.
Qazançı körpüsü
Culfa rayonunun Qazançı kəndində tarixi memarlıq abidəsidir. Tikinti texnikasına görə XV-XVI əsrlərə aid edilir. Biraşırımlı, xalq arasında “Qozbel körpü” adlanan bu abidə nisbətən yaxşı qalsa da, nəqliyyat üçün yararsızdır.
Naxçivan cümə məscidi
Orta əsrlərə aid olan bu memarlıq abidəsi Əcəmi Əbubəkr oğlu Naxçıvani tərəfindən yaradılmış Atabəylər memarlıq kompleksinin monumental tikililərindən idi. XIX əsrə kimi uçulmuş halda mühafizə olunmuşdu. XIII əsrin 20-ci illərində anonim müəllif tərəfindən yazılmış “Əcaib əd-dünya” əsərində adı çəkilir.
Qeysəriyyə
XVII əsr Azərbaycan memarlıq abidəsi olan Qeysəriyyə Ordubad şəhərindədir. Böyük günbəzdən və ona bitişik səkkiz kiçik günbəzdən ibarətdir. Gözəl memarlıq üslubunda inşa edilmişdir. İlk vaxtlar örtülü ticarət mərkəzi kimi nəzərdə tutulmuşdu. Sonralar pəhləvanların güləşdiyi yer kimi xalq arasında Zorxana adı ilə tanınmışdır.
Şərq hamamı
XVII əsrə aid Azərbaycan memarlıq abidəsi Naxçıvan şəhərində, Azadlıq prospektində, “Təbriz” mehmanxanasının qarşısındadır. Vaxtilə Naxçıvan şəhərinin içərisindən axan Bazar çayının yaxınlığında inşa edilmişdir. Şərq hamamları üslubunda tikilən bina giriş, xidmət zalı, çarhovuzlu çimərlik, xəzinə (su çəni) və ocaqxanadan ibarətdir.
Naxçıvan buzxanası
Azərbaycan Respublikasında ən böyük buzxanalardan biridir. Naxçıvan şəhərində, İmamzadə kompleksinin yaxınlığında yerləşir. Naxçıvan buzxanasının yüksək memarlıq həlli bu abidənin Naxçıvan memarlıq məktəbinin inkişafı dövründə (12-14-cü əsrlər) tikildiyini göstərir.
Naxçıvanın Boyalı qablar mədəniyyəti abidələri
Zaman-zaman qiymətli tarixi abidələrimizi yetərincə təbliğ edə bilmədiyimizdən, qarşımıza hər yerdə onların saxtakar sahibləri çıxıb. Bu haqda çoxlu faktlar göstərmək olar. Amma bütün bu oğurluqların qarşısını almaq və qədim tariximizin möhürünü başqalarının əlinə verməməyin ən yaxşı yolu onların əsaslı şəkildə araşdırılması və təbliğ olunmasıdır. Bu mövzuda daha bir dəyərli abidələr kompleksi haqqında söhbət açacağıq. Bəhs edəcəyimiz abidə Naxçıvan ərazisində, Təzəkənd yaxınlığında yerləşən e.ə. II-I minilliklərə aid Qızılburun yaşayış yeridir.
Araz çayının sol sahilində, Zəngəzur silsiləsinin Araz vadisinə enən istiqamətində salınmış abidə 1926-cı ildə qeydə alınmışdır. Burada arxeoloji tədqiqatlar uzun illər sonra, 1969-cu ildə aparılmışdır. 100 kv.m sahədə aparılan tədqiqatlar nəticəsində 2 kv.m mədəni təbəqə qeydə alınmışdır. Bu təbəqə kül qarışıq torpaq laylarından ibarətdir. Sahədən əldə olunmuş çəhrayı boz və qara rəngli keramika məmulatları öz bədii tərtibatına görə nəinki Azərbaycanın, eləcə də qədim dünyanın ən nadir incəsənət nümunələrindən sayılır. Burada əldə edilmiş maraqlı tapıntılardan biri də gildən hazırlanmış kişi fiqurudur. Fiqurun başında şiş papaq, əynində arxalıq var. Üzəri qırmızı və qara rənglərlə naxışlanmışdır.
Qədim yaşayış yerinin yaxınlığında yerləşən başqa unikal bir abidə də Qızılburun nekropoludur. Bu, Tunc və İlk Dəmir dövrlərinə aid arxeoloji abidə hesab olunur. Təəssüf ki, abidənin bir hissəsi Naxçıvan-Culfa dəmir yolu xəttinin çəkilişi zamanı dağıdılmışdır. 1895-ci ildə aşkara çıxarılan nekropol şərqdə dağ silsiləsi, şimalda dərin xəndək, qərbdə yaşayış məskəni və Araz çayı ilə dövrələnir. Ərazidəki açılmış qəbirlərdə qızıl əşyaların olduğunu görən Güney Azərbaycandan gəlmiş erməni keşişləri məzarlıqdakı bütün qəbirləri qarət etmişlər. Sonra məsələdən xəbər tutan sərhəd gözətçi məntəqəsinin əməkdaşları qarətin qarşısını almış və əldə olunmuş materialların bir hissəsi toplanaraq Moskvaya, İmperator Arxeoloji Komissiyasına göndərilmişdir.
Arxeoloji komissiyanın göstərişi ilə 1896-cı ildə qəbiristanlıqda qazıntı işləri aparılmış, tapıntılar isə Moskva Dövlət Tarix Muzeyinə göndərilmişdir. Muzeyə göndərilmiş maddi mədəniyyət nümunələri 1909-cu ildə tədqiq edilərək nəşr olunmuşdur.
Boyalı qablar və ya Qızılvəng mədəniyyəti
Bu qədim nekropolda aparılmış arxeoloji qazıntılar nəticəsində daş qutu qəbirlərdə bükülü, bəzən isə oturdulmuş halda basdırılmış meyidlər aşkar edilmişdir. Bundan başqa, qəbirlərdən küpə, çölmək, kasa, vaza, çaydan tipli qablar, tunc xəncərlər, ox ucluqları, toppuzlar, dəmir alət və silahlar, gözəl bədii tərtibatda hazırlanmış qızıl bəzək əşyaları, əqiq və pastadan hazırlanmış muncuqlar və digər mədəniyyət nümunələri tapılmışdır.
Ümumiyyətlə, 1896, 1904 və 1926-cı illərdə burada tapılan tunc dövrünün qırmızı rəngli qabları qara və qəhvəyi, yaxud, qara və qırmızı boyalarla çəkilmiş həndəsi naxışlarla, bəzən də insan və heyvan təsvirləri ilə bəzədilmişdir. İlk Dəmir dövrünə aid qablar qırmızı boya ilə, nisbətən enli xətlərlə naxışlanmışdır. Bu səbəbdən də, tədqiqatçılar Naxçıvan mədəniyyəti adı ilə yanaşı, bu mədəniyyəti Boyalı Qablar mədəniyyəti də adlandırmışlar. Bu mədəniyyət eyni zamanda yalnız erməni arxeoloji ədəbiyyatında bir müddət Qızılvəng mədəniyyəti kimi tanınmışdır. Bunun da əsas səbəbi Naxçıvan mədəniyyətinə aid olan ilk əşyaların ilk dəfə Qızılvəng monastırı yaxınlığında aşkarlanması olmuşdur.
Bu mədəniyyətin sahibləri patriarxal – icma quruluşunda yaşamış, əkinçilik və maldarlıqla məşğul olmuşlar. Qızılvəng boyalı qabları ilə oxşar keramika nümunələri Türkiyədə (Boğazköy, Əlişarhöyük), Güney Azərbaycanda (Təpə Sialk, Göytəpə, Təpəhissar), Ermənistanda (Təzəkənd) aşkar edilmişdir.
Böyük bir tarixi mərhələni əks etdirən Boyalı Qablar mədəniyyəti – Qızılvəng mədəniyyəti və ya Naxçıvan mədəniyyəti, əsasən Naxçıvan MR ərazisində yayılmış Tunc və İlk Dəmir dövrlərinə (e.ə. II minillik-I minilliyin əvvəlləri) aid arxeoloji mədəniyyət hesab olunur. Boyalı Qablar mədəniyyəti üçün erkən şəhər mədəniyyəti (Kültəpə, Qədim Naxçıvan, Oğlanqala, Qazançı qalası, Govurqala, Qalacıq və s), yaşayış yerləri (Şortəpə, Nəhəcir, Meydantəpə, Kərki, Əznəbürt, Vayxır, Dəmirçilər və s.), siklop tikililəri, istehkamlar, torpaq və daş qutu qəbirlər, kurqanlar xarakterikdir.
Naxçıvan mədəniyyətinin dörd inkişaf mərhələsindən biri
Ümumiyyətlə götürdükdə isə, Naxçıvan mədəniyyəti dörd inkişaf mərhələsi keçmişdir. Bəhs etdiyimiz qabların yarandığı dövr bu mədəniyyətin ikinci mərhələsinə aiddir. Əgər e.ə. XX-XVII əsrləri əhatə edən I mərhələ üçün qırmızı rəngli monoxrom naxışlı (qara rəngli) qablar səciyyəvidirsə, e.ə. XVII- XV əsrləri əhatə edən II mərhələ üçün mürəkkəb həndəsi motivlər, insan, heyvan və quş rəsmləri (II Kültəpə, Şahtaxtı, Qızılvəng) ilə zövqlə naxışlanmış boz və sarı rəngli, polixrom qablar xarakterikdir. Birinci mərhələdə qara və boz rəngli, qismən cilalı, cızma, çərtmə, basma və yapma naxışlı sadə saxsı nümunələr təsadüf edilir. Bu mərhələdə boyalı qablar dalğalı, sınıq və düz xətlər, bucaq, üçbucaq, trapesiya, romb və dairələrlə bəzədilmişdir. Bəzi qabların (Nəhəcir və Yaycı yaşayış yerləri) üzərində insan, keçi, maral və quş təsvirləri var. İkinci mərhələni əks etdirən qabların üzəri isə əsasən açıq çəhrayı və sarı rənglə örtülmüş, tünd qırmızı, qəhvəyi, qara və ağ rənglərlə bəzədilmişdir.
Bundan başqa, bəhs olunduğu kimi, Qızılburun nekropolu ərazisində yerləşən çox maraqlı bir abidə də qeydə alınmışdır. Bu, orta əsrlərə aid Qızılvəng monastırıdır. Məbəd yaxşı yonulmuş qırmızı tuf daşı və bişmiş kərpicdən inşa edilmişdir. Salamat qalmış əsas kilsə binasının daxilində on səkkiz freska var. Bunlardan səkkizi böyük dördkünc sütunlar üzərində, onu isə günbəzdə çəkilmişdir. Məbədin hazırda ancaq izləri qalmışdır.
Bu ərazidə eyni adı daşıyan bir neçə maraqlı yer var. Onlardan biri də Babək rayonunun ərazisində, Naxçıvan şəhərinin yaxınlığında yerləşən Qızılvəng mineral su bulağıdır. Bulaq Naxçıvan şəhərindən18 km cənub-şərqdə, Şordərə çayının töküldüyü dərədə yerləşir. Suyu soyuq və acı-şordur. Bu hidronim də adını ərazidəki eyniadlı Qızılvəng məbədindən almışdır.
“Azadlıq” qəzeti
Comments are closed, but trackbacks and pingbacks are open.