Neft – Wikipedia
Birinci Dünya müharibəsindən sonra Bakıda aparılan elmi işlər dünya neftayırma sənayesinə ciddi təsir göstərdi. 1918-ci ildə V.V.Markovnikovun elmi işləri əsasında N.Zelinski ağır neft tullantılarından benzin alınmasının katalitik yolunu işləyib-hazırladı. Neftin emalı sahəsində Bakı kimya-texnoloqlarının elmi məktəbinin banisi professor L.Q.Qurviç neft və neft məhsullarının fiziki-kimyəvi təmizlənməsinin əsaslarını yaradaraq onların emalı üsullarını təkmilləşdirdi.
Neft emalının birinci mərhələsi başa çatarkən, yəni 1922-ci ildə Rusiya imperiyasının ərazisində dövlət quruluşu formaca dəyişmişdi. Hakimiyyət sovetlərin əlinə keçmiş, neft sənayesi də milliləşdirilimişdi.
Müəllif: Zöhrə Fərəcova
Azərbaycanda neft sənayesinin tarixi
Neftin distilləsi üçün qədim zamanlarda sadə üsullardan istifadə olunurdu. I əsrdə romalı həkim Kassiy Feliks qara nefti qaynatmaqla ondan ağ neft alındığını qeyd edirdi. XIII əsrdə Abşeronda olan ərəb tarixçisi Məhəmməd ibn Nəcib Bekran əl-Həmdani yazırdı ki, burada neft emalı XII əsrin əvvəllərindən mövcuddur. Digər ərəb və fars mənbələrində, eləcə də Həmdulla M.Qəzvininin «Nüzhət əl-qulub» əsərində XIII əsrdə Abşeronda neftin distilləsi üzrə təcrübələr aparıldığı bildirilib.
1733-cü ildə Bakı neft rayonunda olan rus səfirliyinin İrandakı nümayəndəsi doktor İ.Lerxe yazırdı:«Neft tez yanmır, o, tünd-boz rəngdədir, distillə edəndə açıq sarı rəngə çalır. Ağ neft bir az tutqundur, amma tətbiqdən sonra spirt kimi şəffaf olur və tez yanır».
1771-ci ildə Bakıda olan akademik Samuil Qmelin Suraxanıda ağ nefti (kerosini) əldə etmək məqsədilə neftin distilləsi (emalı) faktını təsdiqləyir.
1823-cü ildə Mozdokda Vasili, Gerasim və Makar Dubinin qardaşları ağır Voznesenski neftini emal etmək üçün ilk sənaye kubunu (ənbiqəni) düzəldib istehsala buraxdıqdan sonra Azərbaycanda neft emalı sənayesi də inkişaf etməyə başladı. Neft emalı sənayemizin bu günə qədərki inkişaf yolları müxtəlif dövrlərdən keçdi. Onu mərhələlərə ayırarkən 1834-1922-ci illəri ilk mərhələ hesab edirlər. Biz də bu yazımızda həmin mərhələni nəzərdən keçirməyə çalışacağıq.
…1834-cü ildə Bakı neft mədənlərinin direktoru Nikolay Voskoboynikov qara və ağ neftdən kerosin alinması üçün xüsusi emal qurğusunu ixtira etdi. 1837-ci ildə Balaxanıda dünyada nefti sənaye üsulu ilə emal edən ilk qurğunun (zavodun) işə salınması ilə Azərbaycan bu sahədə ABŞ-ı 18 il qabaqladı. Ancaq Nikolay Voskoboynikov neftdən distillə yolu ilə kerosin (ağ neft) ala bilmədi. 1846-cı ildə o, istefaya çıxıb Abşerondan getdi.
XIX əsrin ikinci yarısında dünyanın bir çox ölkələrində kerosin istehsalı və emalı ilə bağlı axtarışlar aparılırdı. Həmin vaxtlar neftin yığılıb-saxlanılması, neft məhsullarının alınması vəziyyəti Bakı neft rayonunda da yaxşı deyildi.
V.A.Kokorev, P.İ.Qubonin və alman baronu N.Tornau tərəfindən 1857-ci ildə təsis edilən Закаспийское торговое товарищество (“Zakaspiyskoe torqovoe tovarişestvo” -Xəzəryanı ticarət yoldaşlığı və ya ortaqlığı) səhmdar cəmiyyəti 1858-1859-cu illərdə qırdan kerosin (fotogen) almaq üçün Suraxanıda münhenli professor Yustus Libihin layihəsi əsasında zavod tikməyə başladı. Tikinti 1860-cı ildə başa çatdı, ilk məhsul isə 1861-ci ildə alındı. Almaniyadan gətirilən avadanlıqlar alman mühəndisi E.Moldenhauerin rəhbərliyi ilə quraşdırıldı. Bu, ilk neftayırma zavodu idi. 1859-cu ildə Pirallahı adasında da bu cür zavod quruldu. Amma qırdan distillə sınaqları laboratoriya səviyyəsindən kənara çıxmadı, zavodlar acınacaqlı vəziyyətə düşərək böyük ziyan gətirdi. Zavod sahiblərinin 1860-cı ildə Bakıya dəvət etdikləri Moskva universitetinin magistri Vilhelm (Vasili) Yevstafyeviç Eyhler V.Kokorevə məsləhət gördü ki, zavod yeni texnologiyalar əsasında qurulsun, qır neftlə əvəzlənsin. Qeyd edək ki, bu təklifin E.Moldenhauer tərəfindən verilməsi də istisna olunmur. Demək olar, zavod yenidən inşa edildi. Məşhur alim Dmitri Mendeleyevin təklifi ilə Eyhler ilk dəfə neft emalının elmi üsullarını da tədqiq etməyə başladı. 1863-cü ildə D.Mendeleyev ilk dəfə Bakıya gəldi. Sentyabrın 6-dan oktyabrın 8-dək V.Kokorevin zavodunda çalışdı, bir sıra təcrübələr apardı, kerosinin keyfiyyətini yaxşılaşdırmaq üçün tövsiyələr verdi. Onun tövsiyələri sonralar N.İ.Vittenin, H.Z.Tağıyevin, V.İ.Raqozinin, L.İ.Nobelin və S.M.Şibayevin zavodlarında tətbiq edildi. İlk dəfə Bakıda və bütün Rusiya neft sənayesində V.Kokorevin zavodunda səmt neft qazından kubların altını qızdırmaq, zavodun binasını, həyətini işıqlandırmaq üçün istifadə olundu.
1863-cü ildə Bakıda Cavad Məlikov müasir kerosin zavodu tikdi, neft emalının tarixində ilk dəfə distillə prosesində soyuduculardan istifadə etdi. Tanınmış rusiyalı neft sahibkarı V.İ.Raqozin C. Məlikov barədə deyirdi: «Qəti fikrə malik hər bir insan kimi, o, hər təşəbbüsə yalnız öz fikrini həyata keçirmək üçün vasitə kimi baxırdı, bu da bakılılara qəribə və təəccüblü gəlirdi. Əlbəttə, təəccüblü görünəcəkdi, çünki bu adam asan qazanc axtarmırdı, sabahını düşünməyib əlində olan axırıncı qəpiyini də verirdi ki, təki məqsədinə çatsın. Texniki istehsalların inkişafında biz tez-tez belə qəribə adamlarla rastlaşırıq, istehsallara təkan verir, onları irəli aparır, lakin sonradan özləri işdən kənarda qalır, tanınmır və səfalətdə ölürlər. Onlara inanmayan və gülən kütlə isə sonralar onların bu qəribəliyindən yaranan varidatdan bəhrələnirlər».
1866-cı ildə Bakıda, təqribən, 100 min pud kerosin istehsal edildi. 1867-ci ildə təkcə Kokorevin Suraxanıdakı zavodunda 100 min pud kerosin əldə olundu, bu, rus imperiyasının Moskva, S.-Peterburq və dıgər şəhərlərini kerosinlə təmin edirdi.
Bakılı mühəndis A.Təbrizov 1873-cü ildə neftin fasiləsiz emalı prosesini işləyib-hazırladı. 1874-cü ildə V.Kokorev Bakıda öz şirkətini — «Bakı neft cəmiyyətini» yaratdı.
1875-ci ildə neft sahibkarı V.İ.Raqozin Balaxanıda neftdən mazut ayıran zavodunu işə saldı. Həmin il o, Rusiyada dünya neft sənayesində ilk dəfə neftdən sürtkü yağlarının istehsalına başladı, 1878-ci ildə xarici ölkələrə çıxarılan Bakı yağları Avropa və dünya bazarlarında möhkəm yer tutdu.
1875-ci ildə Bakıda H.Z.Tağıyevin ticarət evi benzinin böyük miqdarda istehsalını təşkil edən ilk şirkət oldu. Elə o il Bakıda kerosin istehsalının həcmi 847,7 min puda çatdı. 1876-cı ildə neft məhsullarına aksiz vergisinin ləğvindən sonra yeni neftayırma zavodları istifadəyə verildi.
1876-cı ildə Rusiya Maliyyə Nazirliyi D.Mendeleyevin Filadelfiyada (ABŞ) keçirilən Ümumdünya sərgisində iştirakını təşkil etdi. Səfərin əsas məqsədi kerosinin qiymətinin aşağı enməsi səbəblərini, Amerikada neft işinin müasir vəziyyətini dəqiqləşdirmək idi. Mendeleyev amerikalıların 1865-1866-cı illər üzrə hesabatlarını təhlil etdikdən sonra belə nəticəyə gəldi: «Bizim Bakı… texniklərinə distilləetmədə amerikanlardan öyrəniləsi bir şey yoxdur, əgər nəsə iqtibas etmək olarsa, onda bəzi mexaniki vasitələrə baxmaq olar, onlarda yalnız amerikalılarda olan kimi iri zavodlarda sərfəli tətbiq edilə bilər». Alim belə qənaətə gəldi ki, neftdən yalnız kerosin almaq son dərəcə yanlışdır: «. Səhv bağışlanılandır, tarixidir, lakin öldürücüdür. Bu, Bakı nefti ilə Amerika neftini qarışdırmaq anlamından irəli gəlirdi». Alim hesab edirdi ki, Rusiya neft işi tamamilə Amerika kerosininin qiymətindən asılı qalır. D.Mendeleyevin səyləri 1876-cı ildə aksizin ləğvinə gətirib çıxardı. Rusiyada neft işi sürətlə irəlilədi. Nəticədə, 1887-ci ildə Rusiya tamamilə öz (Bakı) kerosinini istifadə etməyə başladı.
1879-cu ildə Bakıda neftin hasilatı və emalı sahəsində fəaliyyət göstərən Nobel qardaşlarının “Branobel” adlanan irimiqyaslı neft sənayesi şirkəti yaradıldı. Onun yaradıcıları Lüdviq, Robert və Alfred Nobellər və onların dostu Petr Bilderlinq oldu. Nobellərin neftayırma zavodunda bir sıra əsaslı texniki yenidənqurma işləri aparıldı.
1879-cu ildə K.V. Buxovskinin «Mantaşov və KO» cəmiyyətinin iştirakı ilə «Qara şəhər»də neft-yağ zavodunun əsası qoyuldu.
«Qolos» (Səs) qəzetinin 1880-ci il 22 sentyabr tarixli sayında D. Mendeleyevin «Bakı nefti ilə nə etməli?» adlı məqaləsi dərc olundu. Alim neft emalı sənayesinin səmərəli yerləşdirilməsi məsələsini müzakirə edir, neft zavodu sahibkarlarına sübut etməyə çalışırdı ki, emal zavodları neft məhsullarının istehsalının təşkili üçün lazımi materialların, fəhlə qüvvəsinin olduğu yerlərdə inşa edilməlidir. 1880-ci ilin 21 oktyabrında “Novoe vremya” qəzetində gedən «Bakı nefti haqqında məsələlər üzrə» məqaləsində isə o, neftayırma zavodlarının səmərəli yerləşdirilməsinə dair fikirlərinə qarşı çıxan Lüdviq Nobellə Konon Lisenkə iradlarını bildirdi. Alim ilk dəfə kerosin alınandan sonra neft qalıqlarından sürtkü yağları istehsalı üçün istifadə olunmasını təklif etdi.
1880-ci ildə Qafqazdan qayıdarkən o yazırdı: «. Ən əvvəl mən tanınmış zavod sahibi c. Raqozinlə danışmağı vacib hesab etdim; o, son illər Bakı neftinin keyfiyyətlərindən istifadə edərək, ondan əla sürtkü yağları almağı bacarmışdır və bu yağlar baha qiymətə həm Rusiyada, həm də xaricdə böyük həcmdə satılmağa başlanmışdır”. Artıq 1878-ci ildə Parisdə keçirilən ümumdünya sərgisində V. Raqozin rəqabətdənkənar Rusiya yağlarının nümunələrini nümayiş etdirirdi.
1881-ci ildə Konstantinovoda V.Raqozinin zavodunda D.Mendeleyev Bakı neftindən istifadə etməklə özünün neftin fasiləsiz distilləsi qurğusunu sınadı. Tədqiqatları alimi inandırdı ki, Bakı nefti axıradək distillə oluna bilmək və bir sıra yararlı məhsullar vermək qabiliyyətindədir. Əgər ilkin material və daşınma ucuz başa gələrsə, hər yerdə satılmaq imkanı tapa bilər».
1882-ci ildə isə «Branobel» şirkətində ilk dəfə D.Mendeleyevin təklif etdiyi neftin fasiləsiz distilləsinin sənaye prosesi həyata keçirildi. Neft emalı qalıqları C.R.Lensin təklifi ilə neft daşıyan buxar mühərrikli gəmilərdə (paroxodlarda) yanacaq kimi istifadə olunmağa başlandı. Qeyd edək ki, neftin fasiləsiz distilləsi ABŞ-da yalnız 1906-cı ildə həyata keçirildi.
XIX əsrin 70-ci illərinin ikinci yarısında zavodlarda neftin distilləsi iki üsulla aparılırdı: dövri və fasiləsiz. Sonuncusu neft məhsullarının hazırlanmasının təkmilləşdirilməsində mühüm idi və irihəcmli istehsalda tətbiq olunurdu.
1883-cü ildə «Branobel» şirkətinin Bakı zavodlarının birində V.Şuxov və İ.Elinin konstruksiyası əsasında D.Mendeleyev üsulu ilə nefti ayırmaq üçün dünyada ilk kub batareyası quruldu. Buna «nobel batareyası» da deyirlər.
1885-ci ildə ilk dəfə Bakıda S.M.Şibayev zavodunda yağlı qudronun krekinqi vasitəsilə benzin və kerosini əldə etmək üçün sənaye qurğusu tikildi. 1886-cı ilin 26 dekabrında Ticarət və Manufaktura Departamenti «Neftin parçalanması və fasiləsiz distillə edilməsi üçün təkmilləşdirilmiş kub sistemi» ixtirasına görə L.Nobelə imtiyaz (patent)verdi.
Neftayırma zavodları inkişaf etdikcə (onlardan biri 1884-cü ildə «Rus-Qafqaz Səhmdar cəmiyyəti tərəfindən tikilən indiki «Azneftyağ» zavodudur) həm Bakıda, həm də Rusiyanın digər yerlərində yerli istehsaldan olan kerosin daxili bazara daxil olmağa başladı. 1873-cü ildə Rusiyaya kerosinin xaricdən gətirilməsi yüksək həddə çatdı. Sonrakı illər idxalı aşağı endi, 1883-cü ildən xaricdən kerosin idxalı daxili bazardan sıxışdırıldı və Bakının sayəsində 1885-ci ildən Amerika kerosininin Rusiyaya idxalı dayandırıldı. Ancaq Rusiyanın daxili bazarında yerli istehsalla Amerikadan gətirilən kerosin arasında uzun və amansız rəqabət oldu.
1886-cı ilin 8 və 15 dekabrında Rusiya Maliyyə Nazirliyinin nəzdində neftə qoyulan vergi barədə məsələlər üzrə iki iclas keçirildi. Bakı Birca Cəmiyyətinin və Dövlət Əmlak Nazirliyinin nümayəndəsi kimi çıxış edən D.Mendeleyev «Rus və Amerika neftlərindən durulaşdırılmış yağlar» adlı məruzə etdi. O yazırdı: «Bakıda nə gördümsə və öyrəndimsə, məni belə bir fikrə gətirdi, . ən vacibi odur ki, Rusiyanın mərkəzində zavodların tikilməsi barədə ucadan və təkidlə deməliyik — bunun vaxtı çatıb». D.Mendeleyev maliyyə naziri Nikolay Bunqeyə müraciətində bildirdik ki, neft məhsullarına vergi qoyulmasını məqsədəuyğun hesab etmir.
1888-ci ildə “Branobel” və “Elrix” zavodlarında V.Şuxovun hazırladığı tələb olunan keyfiyyətdə məqsədli neft məhsulları almaq üçün defleqmatorlar quraşdırıldı. Onların sayəsində Nobelin bütün zavodlarında yayın qızmar vaxtı texnoloci suyu soyutmaq üçün soyuducu qurğuların (qradirnilərin) tikilib istifadəyə verildi.
Dünyada ilk dəfə V.Şuxov və S.Qavrilov krekinq zamanı birbaşa odla qızdırılan metal kublardan istifadənin əvəzinə, qızmar qazların təsirinə məruz qalan düz və ya spiralvari əyilmiş borular sistemini təklif etdilər. Krekinq-prosesin ilk ixtiraçısı olan V.Şuxov bu sahədə amerikalı Uilyam Bartonu 20 ildən çox qabaqladı.
Məşhur ingilis səyyahı, yazıçı-curnalist Çarlz Marvin 1886-cı ildə Londonda çap olunan «Bakı — Avropa neftidir» kitabında H.Z.Tağıyevin zavodlarında Bakı neftindən yeni yanacaq — benzin istehsal edilən ilk sahibkarlardan olduğunu yazırdı. H.Z.Tağıyev hesab edirdi ki, kerosin istehsalçılarının ittifaqında birləşərək daxili bazarda rəqabəti aradan götürə, xarici bazarı zəbt edə, amerikalılarla satış bazarını bölüşdürə bilərlər.
A.Rotşildin şirkəti 1887-ci ildən öz məhsulları ilə bərabər digər 40-50 Bakı neft sənayeçilərinin ağ neftinin (kerosininin) də komisyon satışını başladılar. Xarici bazara çıxmaq, satış dairəsini genişləndirmək fikrini 1889-cu ildə rus neft sahibkarı V.İ.Raqozin də təkrar etdi. Amerikalılarla rəqabəti udmaq Bakı kerosin istehsalçılarının vahid ittifaqı yaradılacağı halda mümkün idi. 1893-cü ildə S.-Peterburqda neft sənayeçilərinin iclasında bu fikirin həyata keçirilməsi qərara alındı və “Bakı neft zavodçularının ittifaqı” yaradıldı. Ancaq bu sahədə Nobel qardaşları və Rotşildlər ailəsinin yaratdıqları «İttifaq» inhisarçı olaraq qaldı.
Rusiyada 1872-ci ilin sonunda iltizam sistemi ləğv edildikdən sonra, neftayırma zavodlarının sayı artdı. 1893-cü ildə yalnız Bakı neft rayonunda 69 belə zavod var idi.
1890-1891-ci illərdə Bakıda “Branobel” şirkəti kimya sənayesinin tələbatı üçün yalnız benzin istehsal edən kiçikhəcmli zavodu inşa etdirdi. Sonralar benzin Bakı neftayırma müəssisələrinin əsas məhsullarından birinə çevrildi. Bakıda 1892-ci ildə 3, 1900-cü ildə 4 xüsusiləşdirilmış benzin zavodu var idi.
XIX əsrin 90-cı illərinin əvvəllərində Rusiyadakı neft zavodları imperiyanın neft məhsullarına, yüksək keyfiyyətli şürtkü yağlarına tələbatını tam ödəyirdi. «Bakı neft sənayesinin 1892-ci il üzrə icmalı»nda keyfiyyətli sürtkü yağlarının istehsalında xammal olan Bakı neftinin Rusiya iqtisadiyyatında və xaricdə satışında əhəmiyyətli rol oynadığı qeyd edilib. 1893-ci ildə neft məhsullarının satışında razılaşdırılmış və rəqabətədavamlı siyasət aparmaq üçün «Bakı kerosin zavodçularının ittifaqı» yaradıldı.
1894-cü ildə Bakıda ilk dəfə S.D.Yefremov öz zavodunda quraşdırdığı qurğu ilə yağ istehsalının qələvi tullantılarından ucuz sürtkü yağları aldı.
1909-cu ildə Rusiyanın sürtkü yağlarının ixracı 1901-ci illə müqayisədə 3 dəfədən çox azalsa da, Avropa neft bazarında hələ mübarizə aparmaq mümkün idi. Q.Şpisin 1913-cü ildə Almaniyada kerosinə dövlət inhisarının yaradılması barədə araşdırılmasında qeyd edirdi ki, Rusiyadan ixrac potensialını 400 min tondan 1,4 mln tona çatdırmaqla buna nail olmaq mümkündür. 1914-cü ildə isə E.Şmidt «Alman kerosin istehsalının ilkin şərtləri» kitabında Q.Şpisin fikirlərini uyğun olaraq Rusiyanın ixrac imkanlarının daim aşağı düşəcəyini, onun neft ixrac edən ölkədən idxal edən ölkəyə çevrilməkdə olduğunu qeyd edirdi.
Dünya bazarında məğlub olan rus neft zavodçuları itkilərini daxili bazarda neft məhsullarının qiymətlərini artırmaqla ödəmək istədilər. 1913-cü ildə Dövlət Duması neft yanacağına yüksək qiymətlərin olması məsələsini müzakirə etdi və neft sənayeçilərini, neft yanacağının qiymətlərini qeyri-qanuni artırmaqda təqsirləndirdi. Ancaq 1913-cü ilin sonunda neft zavod sahibkarları mazutun qiymətini yenidən qaldırdilar. Neft sənayesinin ilk çağlarında neftdən alınan yanacaq məhsulu kerosin idisə, forsunkanın ixtirasından sonra mazut yanacaq kimi sürətlə yayılmağa başladı. Sonra neftdən sürtkü yağları almağı öyrəndilər, o da xarici bazarda sərfəli satış tapdı. Mazuta tələbat gündən-günə artırdı. Bir vaxtlar kerosin istehsalının tullantısı olan mazut neft sənayesinin əsas məhsullarından biri kimi neft sənayeçilərinin önəmli gəlir mənbəyi oldu. Kerosin neft məhsullarının ümumi istehsalında mazutdan sonrakı yerdə dayandı.
1911-ci ildə mühəndis-kimyaçı S.K.Kvitko benzin almaq üçün neft karbohidrogenlərinin, neft məhsullarının, neft qalıqlarının termik parçalanması (hissələrə bölünməsi) üzrə qurğu təklif etdi.
Birinci Dünya müharibəsi ərəfəsində Rusiyada istehsal edilən neftin 75 faizi buxar qazanlarının odluğunda yandırılırdı. Yanacağın əsas istehlakçıları sənaye sahələri, dəmir yolu və su nəqliyyatı idi. Bu illər Bakı rayonunda neft hasilatının azalmasına baxmayaraq, neft məhsullarının istehsalı əvvəlki səviyyədə idi. Ümumi neft məhsullarının istehsalında mazut və digər qalıqların payı 50 faizdən artıq, işıqlandırma yağları 26 faiz, sürtkü yağları 7,3 faiz, benzin və digər məhsullar idi.
Birinci Dünya müharibəsindən sonra Bakıda aparılan elmi işlər dünya neftayırma sənayesinə ciddi təsir göstərdi. 1918-ci ildə V.V.Markovnikovun elmi işləri əsasında N.Zelinski ağır neft tullantılarından benzin alınmasının katalitik yolunu işləyib-hazırladı. Neftin emalı sahəsində Bakı kimya-texnoloqlarının elmi məktəbinin banisi professor L.Q.Qurviç neft və neft məhsullarının fiziki-kimyəvi təmizlənməsinin əsaslarını yaradaraq onların emalı üsullarını təkmilləşdirdi.
Neft emalının birinci mərhələsi başa çatarkən, yəni 1922-ci ildə Rusiya imperiyasının ərazisində dövlət quruluşu formaca dəyişmişdi. Hakimiyyət sovetlərin əlinə keçmiş, neft sənayesi də milliləşdirilimişdi.
Müəllif: Zöhrə Fərəcova
- Teqlər:
- neft
- , neft sənayesi
- , Bakı nefti
- , Bakının tarixi
- , Azərbaycan nefti
Neft – Wikipedia
Neft (əski akkad dilində “napatum”, yəni iylənən, alovlanan deməkdir) — əsasən karbohidrogenlərin və digər üzvi birləşmələrin mürrəkkəb qarışığından ibarət spesifik iyi olan yanar maye. Karbohidrogenlərin qarışıqda çəki payı böyük intervalda dəyişir.
Neft buruqları (Neft Daşları)
Neft istehsalında istifadə edilən mancanaq dəzgahı
Yüngül (xüsusi çəkisi aşağı və sıxlığı kiçik) neftlərdə 97%, ağır neftlər və bitumlarda isə bu rəqəm 50%-ə qədər azala bilər. Neftin tərkibindəki karbohidrogenlər başlıca olaraq alkanlar, tsikloalkanlar və müxtəlif aromatik karbohidrogenlərlə təmsil olunur. Bundan əlavə neftin tərkibində azot, oksigen, kükürdlü birləşmələr və çox cüzi miqdarda dəmir, nikel, mis və vanadium metallarına da rast gəlinir.
O, Yer kürəsində ən mühüm təbii enerji ehtiyatlarından sayılır. Neft elektrik enerjisinin əldə edilməsi və nəqliyyat vasitələrində yanacaq kimi istifadə edilir. Bundan əlavə neft kimya sənayesində süni materialların və başqa məhsulların alınmasında istifadə edilir. Buna görə də, o həm də “Qara qızıl” adlanır.
Neft-qaz sıralı karbohidrogen yataqlarına yerin min, 2 min metrdən 5–6 min metrə qədər dərinliklərində rast gəlinir. Adətən, bu dərinlik 1000–3000 metr təşkil edir. Yer səthinə yaxınlaşdıqca atmosfer sularının və bakteriyaların təsiri altında neft deqradasiyaya məruz qalır (biodeqradasiya) və qatılaşır. Kimyəvi tərkibinə görə neft təbii qaza və asfalta yaxındır. Bu səbəbdən də çox vaxt bu maddələr ümumilikdə petrolitlər də adlanırlar.
Mündəricat
- 1 Fiziki xassələri
- 2 Kimyəvi tərkibi
- 3 Alışma temperaturu
- 3.1 Alışma temperaturunun təyini
- 3.2 Açıq putada təyini
- 3.3 Alışma temperaturunun bağlı putada təyini
- 3.4 Alovlanma temperaturu
- 3.5 Öz-özünə alovlanma temperaturu
- 4.1 Araşdırmalar
- 4.2 Mərhələlər
- 4.2.1 I mərhələ
- 4.2.2 II mərhələ
- 4.2.3 III mərhələ
- 4.2.4 IV mərhələ
Fiziki xassələri
Neft açıq şabalıdı rəngə malikdir. Orta molekul çəkisi 220–330 q/mol həddindəir. Sıxlığı 0,65–1,05 q/sm 3 olur. Sıxlığı 0,83-dən kiçik olanlara yüngül neft, 0,831–0,860 arasında olanlara orta, 0,860-dan yuxarı olanlara isə ağır neft deyilir. Onun tərkibində çoxlu sayda üzvi maddələr olduğundan o qaynama temperaturu ilə yox, maye üzvi maddələrin qaynama temperaturu (>28 °C, ağır neftlərdə ≥100 °С) ilə səciyyələndirilir.
Onun tərkibinə daxil olan bəzi komponentləri əvvəlcə atmosfer təzyiqində, sonra vakuumda 450–500 °С-də, bəzi hallarda isə 560–580 °С-də qaynadaraq ayrırırlar. Neftin donma temperaturu tərkibində parafinin həddindən asılı olaraq −60 ilə + 30 °C arasında dəyişir. Özüllüyü böyük həddə dəyişir (1,98 ilə 265,90 мм²/с arasında). Bu, neftin tərkibində olan yüngül fraksiyalardan asılı olur. Xüsusi istilik tutumu 1,7–2,1 кJ/(kq∙К); dielektrik ötürücülüyü 2,0–2,5; elektrik keçiriciliyi 2∙10–10 ilə 0,3∙10−18 Om −1 ∙cm −1 arasında olur.
Kimyəvi tərkibi
Neft təxminən 1000-dən çox komponentin qarışığından ibarətdir. Onların bir çoxunu 3 maye karbohidrogenlər (80–90 %) və azotlu, oksigenli və kükürdlü heteroatomlu üzvi birləşmələr (4–5 %) təşkil edir. Buraya həmçinin metallar (vanadium və nikel), həll olunmuş karbohidrogen qazları (C1-C4, maksiumum 4 %-ə qədər), su (maksiumum 10 %ə qədər), müxtəlif minerallar (xloridlər, 0,1–4000 mq/l və daha artıq), üzvi turşuların duzlarının məhlulu və s. də daxildir.
Alışma temperaturu
Alışma temperaturu-neft məhsulunun buxarı ilə ətraf mühitin havasının qarışığına xaricdən alov mənbəyi (alov, elektrik qığılcımı və s.) müdaxilə etməklə qısa müddətli alov yaradan minimal temperaturdur. [1]
Alışma temperaturunun təyini
Neft məhsullarının alışma temperaturunun təyini- ГОСТ və beynəlxalq ASTM sınaq üsulları ilə açıq və bağlı putada aparılır. [1]
Açıq putada təyini
Neft və neft məhsullarının alışma temperaturunun açıq putada təyini- ГОСТ 4333; ASTM D92 sınaq üsulları ilə aparılır. [1]
Alışma temperaturunun bağlı putada təyini
Neft və nef məhsullarının alışma temperaturunun bağlı putada təyini — ГОСТ 6356; ASTM D93 sınaq üsulları ilə aparılır. . Alışması yüksək temperaturlarda olan neft və neft məhsulların sınağı açıq, aşağı olan isə — bağlı putalarda aparılır. [1]
Alovlanma temperaturu
Alovlanma temperaturu- sınanan məhsulun buxarına xaricdən alov mənbəyi (alov, elektrik qığılcımı və s.) müdaxilə etməklə sabit sönməyən alov yaradan minimal temperaturdur. Alovlanma temperaturu alışma temperaturundan 30–40 dərəcə yüksək olur. [1]
Öz-özünə alovlanma temperaturu
Öz-özünə alovlanma temperaturu — neft məhsulunun buxarı ilə ətraf mühitin havasının qarışığını xaricdən alov mənbəyi olmadan öz-özünə alovlanan minimal temperaturdur. Özü-özünə alovlanma temperaturu alışma temperaturundan bir neçə yüz dərəcə yüksək olur. [1]
Əmələ gəlməsi
Təbiətin ən böyük sirlərindən biri də neftin və qazın yaranmasıdır. Hər gün milyardlarla insan bu təbii sərvətlərdən istifadə edir. Neft və təbii qaz bizim üçün yalnız işıq, istilik vasitəsi deyil, istifadə etdiyimiz hər bir əşyanın hazırlanmasında onların müəyyən rolu var. Ancaq həyatımız üçün bu qədər əhəmiyyətli olan neft və qaz sərvətlərinin əmələ gəlməsinin tam şəkildə elmi izahı hələ də tam başa çatmayıb.
Araşdırmalar
Alimlər əsrlərdən bəridir bu istiqamətdə araşdırmalar aparırlar. Onların gəldikləri nəticələr müxtəlifdir. Bu gün onları ümumiləşdirərək neftin yaranması barədə irəli sürülən fikirləri elmi cəhətdən iki əsas hissəyə ayırırlar. Birincisi neftin üzvi yolla — heyvan və bitki qalıqlarından (biogen), ikincisi isə mineral əsasında (abiogen), yəni neftin təbiətdə qeyri-üzvi birləşmələrlə sintezi ilə yaranmasıdır. Fərqli düşüncələr, müxtəlif rəylər zaman-zaman elmi mübahisələrə səbəb olub, amma alimlərin əksəriyyəti bu qənaətdədir ki, neftin və təbii qazın yaranması prosesi milyon illər boyu davam edib.
Mərhələlər
Mütəxəssislər neftin yaranmasını müxtəlif mərhələlərə ayırırlar.
I mərhələ
Qədimlərdən 1760-cı ilədək olan dövrü əhatə edən birinci mərhələdə neftin yaranması ilə bağlı müxtəlif fikirlər meydana çıxıb. Birinci nəzəriyyə 950-ci ildə ərəb alimi İh-van-əs-Səfa tərəfindən irəli sürülüb. O yazırdı:”Su və hava atəş təsiri altında yetişir və alovlu kükürdü və su civəsini yaradır. Bu ikincidərəcəli elementlər müxtəlif torpaq miqdarı ilə qarışır və temperaturdan asılı olaraq yerin içində yerləşən mineralları, o cümlədən neft kimi bituminoz substansiyasını yaradırlar. Buna görə onların yüksək havası var və neft sıxılır, tez alışır”. Bir başqa alim — italyan alimi P. S. Bekkone XVII əsrdə ingilis alimi V. Çarmetona istinad edərək, kəhrəba və qırın (bitumların) mənşəyinin eyni olduğunu və neftin yerdən gələn vulkanik güclərdən və kükürddən əmələ gəldiyini qeyd edirdi. XVII əsrin axırında fransız alimi Lemerenin elmi işlərinin mühakiməsinə əsasən, neftin kəhrəbanın təbii distilləsi nəticəsində yaranması fikri formalaşdı. Daş kömür bu distillənin qalığıdır. Lemere özü isə neftin yaranmasının bitumun distilləsi nəticəsində baş verdiyini düşünürdü. XVIII əsrin əvvəllərində alman alimi Henkel qeyd edirdi ki, neft heyvan və bitkilərin qalıqlarından yaranır. 1739-cu ildə alman əsilli rus akademiki İ. Veybrext neftlə bağlı fikirləri ümumiləşdirdi. O, neftin — dəniz suyunun qoyduğu islahedilmiş yanar duzlardan ibarət olduğunu diqqətə çatdırdı. “Bitkilərin yağlı hissələrinin xassələrinin neft yağına yaxın olması” tədqiqat zamanı əsaslandırıldı. Buna istinadən belə fikir meydana çıxdı: “Ola bilər bütün bitkilərin alovlu və yağlı hissələri bitkilərin yerin təkindən çəkdikləri neftdən yaranır”. Mütəxəssislər bu fikrin daha çox qəbul olunduğunu diqqətə çatdırırlar. 1750-ci ildə alman alimi Şpilman yazırdı ki, neft bitkilərdən, əsasən küknar ağacından yaranır. Fransa Elmlər Akademiyasının üzvü, kimyaçı P. J. Maker 1758-ci ildə bitumların bitki yağlarının və turşuların qarşılıqlı təsiri nəticəsində yarandığını bildirdi.
II mərhələ
Mütəxəssislər 1761–1859-cu illəri əhatə edən ikinci mərhələdə neftin üzvi yaranması nəzəriyyəsinin əsasını M. V. Lomonosovun qoyduğunu yazırlar. XVIII yüzilliyin ortalarında rus alimi neftin daş kömürdən üzvi yolla yarandığını bildirdi: “Yerin təkində yaranan daş kömürdən yeraltı hərarətin gücünə boz və qara rəngli yağlar üzə çıxır. …müxtəlif növ yanar mayelərin və bərk quru maddələrin yaranması baş verir (mahiyyətcə bu daş yağ, maye qatran, neftdir). Onlar (tərkibinin) təmizliyi ilə fərqlənir, lakin bir mənbədən törəyirlər”. XIX əsrdə neftin mənşəyi haqqında əsasən M. V. Lomonosovun fikirləri qəbul olundu.
III mərhələ
Üçüncü mərhələdə, yəni 1860–1931-ci illərdə bir sıra maraqlı fikirlər meydana çıxdı. Alman alimi Karl Enqler Abşeronda çıxan neftin təbiətini və əmələ gəlməsini öyrənmək məqsədilə 1885-ci ildə Bakıya gəldi. Onun 1888-ci ildə dərc etdirdiyi neftin üzvi maddələrdən əmələ gəlməsi nəzəriyyəsi sonrakı analoji nəzəriyyələrin əsası oldu. Bu nəzəriyyə bir növ D. Mendeleyev və digərləri tərəfindən irəli sürülmüş neftin mineral maddələrdən yaranması nəzəriyyəsinə zidd idi.
1867-ci ilədək neftin üzvi yaranmasının tərəfdarı olan D. Mendeleyev 1877-ci ildə onun mineral yaranması fərziyyəsini inkişaf etdirdi. Sonrakı illərdə neftin qeyri-üzvi yaranmasının müxtəlif ehtimalları irəli sürüldü.
D. Mendeleyev Bakıda olarkən alman əsilli rus alimi G. Abixdən neft yataqlarının çox zaman ərazi cəhətdən yer qabığının xüsusi tipli çatlarında – çökmələrində yerləşdiyini öyrənir və bunda fikirlərinin sübutunu görür.
IV mərhələ
Mütəxəssislərin fikrincə, dördüncü mərhələdə — 1932–1950-ci illərdə əsasən akademik İ. M. Qubkinin “Neft elmi haqqında” adlı kitabı 1932-ci ildə nəşr ediləndən sonra, ardınca gələn mərhələdə böyük miqdarda dəniz hövzələrinin çöküntülərindən yığılmış üzvi maddələrdən neftin yaranmasına dair fərziyyə hökmranlıq edirdi.
V mərhələ
Beşinci mərhələni — 1951-ci ildən indiki dövrədək olan mərhələni isə alimlər cəsarətlə neftin üzvi maddələrdən yaranması nəzəriyyəsinin təşəkkül tapması dövrü adlandırırlar. Bu mərhələnin 1950-ci ildən, məhz sovet və amerikalı alimlər tərəfindən müasir çöküntülərdə karbohidrogen tapıldığı ildən başladığını nəzərə çatdırırlar. Amerikalı tədqiqatçılar P. V. Smitin rəhbərliyi altında Meksika körfəzində, Sakit okeanın Kaliforniyaya yaxın hissəsində və bir neçə şirin sulu hövzələrdə yerləşən müasir çöküntülərdə karbohidrogenlər aşkar etdilər. Sonrakı tədqiqatlar nəticəsində məlum oldu ki, müasir çöküntülərdəki karbohidrogenlər neftdən çox fərqlənir. Bu tədqiqatların olduqca əhəmiyyətli olduğunu söyləyən mütəxəssislər səbəbini belə izah edirlər: Əvvəla, onlar karbohidrogenlərin bitki və heyvanların qalıqları olan çöküntülərdən əmələ gəlməsini göstərdilər və bununla neftin əmələ gəlməsi üçün hansı üzvi maddənin ilk sayıla bilər sualı haqqında təxminən 200 il ərzində davam edən müzakirələrə müvəqqəti son qoyuldu. İkincisi, məlum oldu ki, neft və qazın yaranma prosesi demək olar ki, istənilən su hövzəsi çöküntülərində inkişaf edə bilər və bunun üçün hansısa qeyri-adi şərait tələb olunmur.
Bakı neft buruqları
Azərbaycan ərazisində
Dünyanın ən zəngin neft və qaz yataqlarına malik hissələrindən biri də Azərbaycandır. Ona görə də bu ölkəyə ta qədim zamanlardan bu sahənin tədqiqatçıları diqqət göstərib, müxtəlif ölkələrdən olan böyük alimlər yollarını Azərbaycandan salıblar. Bu gün respublikamızın özündə başqa sahələrdə olduğu kimi, neft sahəsində də bacarıqlı alimlər az deyil. Onların araşdırması üçün isə Azərbaycanın böyük neft tarixi var.
Yer kürəsindəki 800 palçıq vulkanının da çoxu Azərbaycanda yerləşir. Onlar mənşəcə neft və təbii qaz yataqları ilə əlaqədardır. Ona görə də neftin və təbii qazın tədqiqatı ilə məşğul olan alimlərin diqqət göstərdiyi sahələrdən biri də palçıq vulkanlarıdır. Azərbaycanda palçıq vulkanlarının yerləşdiyi sahələrdə — Lökbatan, Neft Daşları, Qaradağ, Mişovdağ və digər yerlərdə zəngin neft və qaz-kondensant yataqları aşkar edilib. Onların içində Lökbatan palçıq vulkanı fəallığı və yerləşdiyi yerin neft-qazlılıq strukturları ilə sıx əlaqədə olmasıyla fərqlənir. Mütəxəssislər burada vulkanın mütəmadi olaraq öz fəaliyyətini büruzə verdiyini nəzərə çatdırırlar.
Alimlər onu da qeyd edirlər ki, məhsuldar qatın neftli layları uzun müddət aşınmaya məruz qalmalarına baxmayaraq, öz neftlilik əlamətlərini bu günə kimi saxlayırlar. Məlumdur ki, təbiətin nadir geoloji muzeyi olan Qırməki dərəsində dərinliyi 30–50 metr olan əllə qazılmış iri diametrli, ağzı açıq iki neft quyusu ölkəmizin neft sənayesinin tarixini öyrənmək baxımından maraqlıdır. Min illərdir şölələnən Qırməki dərəsinin yaxınlığında yerləşən Qırməki palçıq vulkanı və Yanardağın alovları təbiətsevənlər üçün əvəzolunmaz geoloji muzey sayılır. Azərbaycanda, Binəqədi ərazisində olan, dördüncü dövrə aid heyvanat qəbiristanlığı da böyük marağa səbəb olub.
1938-ci ildə Binəqədi qəsəbəsi yaxınlığında qır (bitum) axtaran zaman Azərbaycan Sənaye İnstitutunun tələbəsi, geoloq A. Məstanzadə ibtidai heyvanlara aid sümüklər tapdı. Burada 50 minə yaxın heyvanat aləminə məxsus sümük aşkar edildi. Mütəxəssislərin fikrincə, Binəqədidəki dördüncü dövrə aid heyvanat və bitki aləminin qalıqları o zaman Azərbaycanın bu hissəsinin flora və faunası, eləcə də burada neftin mövcud olması barədə məlumat verir.
Yüksək enerji tutumuna malik, asan nəql edilən neft XX əsrin ortalarından başlayaraq dünyada ən gərəkli enerji mənbəyi hesab olunur. Hazırda hasil olunan neftin həcminin 84%-i yanacaq istehsalına sərf edilir. Qalan 16% plastmas, kimyəvi həlledicilər, gübrələr, dərman vasitələri və digər məhsullar hazırlamaq üçün xammal rolunu oynayır. Beynəlxalq Enerji Agentliyinin (BEA) proqnozlarına əsasən, neft illik hasilat zirvə həcminə 2030-cu ildə çatacaq. Bundan sonra sabitləşəcək, daha sonra isə tədricən azalmağa başlayacaq.
Ancaq mütəxəssislər əmindirlər ki, hətta gələcəkdə neft yanacaq kimi üstünlüyünü itirsə, onun qiyməti azalmayacaq. Çünki bəşəriyyət əvvəlki kimi neftdən hazırlanan əşyalarsız ötüşə bilməyəcək, alternativ və bərpa olunan enerji mənbələrinin inkişafı ilə neft daha çox, neft-kimya kompleksinə yönəldiləcək. 1908-ci ildə rus ixtiraçısı İ. İ. Orlov neftin karbogen oksid və hidrogendən alınmasının, yəni “sulu qaz”ın alınmasının mümkün olduğunu sübut etdi. İlkin olaraq sintetik nefti ruslar deyil, almanlar, özü də “qonur kömür”dən aldılar. Bu, Birinci Dünya müharibəsi dövründə baş verdi, çünki o dövrdə Almaniyada yanacaqla bağlı problemlər ortaya çıxdı. Almanlar hətta “süni nefti” istehsal edən zavodlar tikdilər. Müharibədən sonra təbii neftlə müqayisədə baha başa gələn sintetik neft rəqabətə davam gətirə bilmədi.
Bu gün də süni üsulla nefti “yanacaq şistləri”ndən alırlar. Mütəxəssislər bu fikirdədirlər ki, sintetik neftin gələcəkdə yanacaq şistlərindən alınması səmərəli ola bilər, çünki geoloqların hesablamalarına görə, onların ehtiyatları neftinkindən 2–3 dəfə çoxdur.
Alimlər bu fikirdədirlər ki, əgər Yerin təkində indiyədək üzvi sintez baş veribsə, demək yeni-yeni neft yataqlarının açılmasına hələ ümid var. Əgər o, sırf üzvi mənşəlidirsə, demək gələcəyi ümidsizdir. Hesab edilir ki, neftin istehlakı bu səviyyədə saxlanılarsa, artıq bizim əsrin ikinci yarısında onun tükənmək ehtimalı vardır. Ancaq texnologiyalar inkişaf etdikcə, nefti əvvəllər çıxarmaq mümkün olmayan yerlərdən, məsələn, təbii bitumlardan əldə etmək imkanı yaranacaq ki, onun ehtiyatları da 600 milyard ton dəyərləndirilir. Bu da indiki sübut olunmuş çıxarıla bilən neft ehtiyatlarından 4 dəfə çoxdur. Bir sözlə, bəşəriyyət artıq xeyli vaxtdır ki, neftsiz öz gələcəyinin necə olacağını düşünür və yollar axtarır.
Neft məhsullarının pirolizi
Neft xammalının pirolizindən müxtəlıf karbohidrogen qarışığından ibarət neft məhsulları alınır. Bu neft məhsulları aşağıdakı qruplar üzrə təsnif olunurlar:
- yanacaq
- neft yağları
- neft bitumları
- neft həllediciləri
- bərk karbohidrogenlər
- digər neft məhsulları
- Birinci qrup neft məhsullarına maye və qaz halında yanacaq aid edilir. Bu məhsullar ümumi neft məhsullarının 65%-nı təşkil edir. Karbohidrogen qazları, benzin, dizel və qazanxana yanacağı birinci qrupa aiddir. Mazut kimi işlədilən qazanxana yanacağından başqa bütün neft yanacaqları ciddi təmizlənmə prosesindən keçir.
- İkinci qrupa neft yağları aiddir. Bu müxtəlif məqsədlər üçün istifadə olunan sürtgü yağlarıdır.
- Üçüncü qrupu sənayedə, əsasən tikinti sahəsində geniş istifadə olunan texniki neft bitumları təşkil edir.
- Dördüncü qrupa detalların yuyulmasında, çirklənmənin aradan qaldırılmasında, boyaların durulaşdırılmasında həlledici kimi istehsalatda və məişətdə istifadə olunan neft həllediciləri aiddir.
- Beşinci qrupa vazelin, petrolatun, serezin, parafin, ozokerit və s. kimi bərk karbohidrogenlər daxil edilmişdir. Neft pirolizin bu məhsullarının istifadə sahəsi çox genişdir: tibb, yeyinti, kağız, rezin, elektrotexniki, plastik sürtgülərin istehsalı və s. Altıncı qrupa neft kimyasında xammal kimi istifadə olunan-benzol, toluol, naftalin, ksilol, yaşıl yağ və s.kimi maddələr aiddir.
Neft emalının bir çox üsulları mövcuddur, lakin piroliz ən perspektivlisidir. Çünki bu üsul vasitəsi ilə altıncı qrupa daxil olan neft məhsullarının maksimum miqdarda alınmasını təmin edir. Piroliz prosesi neft kimya sənayesini lazımlı qədər xammalla təmin etməyə imkan verir. Onu da qeyd etmək lazımdır ki, hal-hazırda neft olmadan da müxtəlif neft məhsullarını almaq üçün daha bir üsul var. Adi zibildən sintetik yanacaq alınır ki, bu da neft kimi təbii ehtiyatların qənaət edilməsinə imkan verir.
Karbohidrogen tərkibi
Neft əsasən parafinli (adi halda 30–35, bəzi hallarda 40–50%)və parafinsiz (25–75%) olmaqla iki qrupa bölünür. Az miqdarda aromatik birləşmələrə (aromatik karbohidrogenlər) malik olurlar.
Element tərkibi
Neftin tərkibinə karbohidrogenlərlə bərabər kükürdlü birləşmələr, mono və disulfidlər, tioefenlər, və həmçinin politsiklik maddələrdə daxildirlər. Element tərkibi (%): С — 82–87,Н2 — 11–14,5, S — 0,01–6 (nadir hallarda 8-ə qədər), N — 0,001–1,8, O2 — 0,005–0,35 (nadir hallarda 1,2-yə qədər) və s. Neftin tərkibində 50-dən artıq kimyəvi element vardır. Qeyd olunanlarla bərabər V (10 −5 — 10 −2 %), Ni (10 −4 −10 −3 %), Cl (2•10 −2 %-ə qədər) və başqaları. Bu tərkib neft hasil olunan ərazilərdən asılı olaraq dəyişir. Ona görə də, bu haqda ümumi fikir söyləmək çətindir.
Cədvəl 1. Müxtəlif neft yataqlarından hasil olunan neftin elementar tərkibi (% ilə))
Yataq Sıxlılığı, q/sм 3 С Н S N O Kül Uxtin (Rusiya) 0,897 85,30 12,46 0,88 0,14 – 0,01 Qroznı (Rusiya) 0,850 85,95 13,00 0,14 0,07 0,74 0,10 Suraxanı (Azərbaycan) 0,793 85,34 14,14 0,03 – 0,49 – Kaliforniya (ABŞ) 0,912 84,00 12,70 0,40 1,70 1,20 – Tural Isgandarov`s Blog
Travel is the only thing you buy that makes you richer!
. Azərbaycan neftinin tarixi.
Posted by Tural M. Isgandarov on January 12, 2010 January 19, 2011
Azərbaycan neftinin tarixi çox qədilərə qədər gedib çıxır. Belə ki, hələ e.ə. VI-V əsrlərə dair mənbələrdə göstərilir ki, müasir Cənubi Azərbaycanın ərazisində mövcud olmuş Atropatena da Xəzər dənizi sahillərində əhali neft çıxarma ilə məşğul olurdu. Mənbələrdə həmin neft “Midiya yağı” adlanır. Lakin ölkəmizdə neftin çıxarılmasına dair daha geniş faktlara ərəb istilası dövründə rast gəlmək mümkündür. IX əsrdə ərəb tarixçisi və coğrafiyaşünası Əhməd Əl-Bəlaruri Abşerondakı iqtisadi həyatın qədimdən neftlə bağlı olduğunu göstərmişdir.
X-XI əsrlərdə isə ərəb səyyahları Əbu-İshaq İstəxri və Əbu-d-Həsən Əli Məsudi Bakının neftli torpağı, Abşeronun “ağ” və “qara” nefti haqqında məlumat vermişdir. İtalyan səyyəhı Marko Polo (XIII-XIV əsrlər) Bakı neftinin yaxın Şərq ölkələrinə aparılması, alman diplomatı və səyyahı Adam Oleari (XVII əsr)
Bakıdakı neft quyuları, türk səyyahı Evliya Çələbi (XVII əsr) neft mədənləri, neftin İrana, Orta Asiyaya, Türkiyəyə və Hindistana aparılması və neftin gətirdiyi illik gəlir haqqında məlumat vermişdir. Balaxanıdakı neft quyularından birində aşkar edilmiş daş üzərindəki yazı quyunun (35 m dərinliyində)hələ 1594-cü ildə usta Allahyar Məmmədnur oğlu tərəfindən qazılıb istifadəyə verildiyi göstərilir. Əmin Əhməd
Razinin (İran, 1601) məlumatına görə XVI əsrin əvvəllərində Bakı ətrafında 500-ə qədər belə neft çalaları və quyusu mövcud idi ki, bunlardan da həm “qara”, həm də “ağ” neft çıxarılırdı. Alman səyyahı, həkim və təbiətşünası Engelbert Kempfer İsveç səfirliyinin katibi kimi 1683-cü ildə Abşeron yarımadasında Balaxanı, Binəqədi, Suraxanı yataqlarında olmuş, neftin Abşeron yarımadasından İrana, Orta Asiyaya və Şimali Qafqaza aparılmasını təsvir etmişdir.
Azərbaycanda neft hasilatı xanlıqlar dövründə daha da genişlənir. Corc Foster göstərir ki, neft və zəfəran Bakı xanlığının əsas ticarət mallarıdır. Yerli əhalinin əsrlərdən bəri məşğul olduğu neft istehsalı aşağı səviyyədə idi, quyular əllə qazılır, neft isə adi vedrələrlə çıxarılırdı. S.Bronevski göstərir ki, ağ neft daha təmiz olduğu üçün çox baha satılır, işıqlandırma və müalicə vasitəsi kimi istifadə edilirdi. Həm qara, həm də ağ nefti satmaq üçün meşin kisələrə doldurub başqa vilayətlərə göndərirdilər. 1803-cü (1798) ildə Bakı sakini Qasımbəy Mənsurbəyov Bibiheybət yaxınlığında, dənizdə, sahildən 18 m və 30 m aralı iki neft quyusu qazdırmışdır. Bu dövrün neft istehsalı kustar üsulla həyata keçirilir, hasil olunan neft Xəzər dənizi və Volqa çayı ilə Rusiya, Tiflis, İstanbul, Xorasan, hətta Hindistana qədər aparılırdı. Bu dövrdə neft Bakı xanlığının əsas maliyyə mənbəyinə çevrilməyə başlamışdı.
Azərbaycanın Rusiya və İran arasında bölüşdürülməsindən sonra Şimali Azərbaycanın neft quyuları çarın sərəncamına keçdi. Bu dövrdə Bakı ətrafı kəndlərdə 120-dən çox neft quyusundan ildə 200-220 min pud neft hasil olunurdu. Çar hökuməti bu quyular üzərində iltizam sistemi tətbiq etdi. Bu sistemə əsasən hər 4 ildən bir bütün neft quyularını müəyyən məbləğ müqabilində bir nəfərin – iltizamçının istifadəsinə verilirdi. Bu isə neft hasilatı üzərində inhisarçılığa səbəb olurdu və neft sənayesinin inkişafını ləngidirdi. Bu dövrdə daha çox Balaxanı və Binəqədi kəndlilərinin əməyindən istifadə olunurdu. Mədənlərdə işləyən kəndlilər vergilərdən azad olsalar da, çox cüzi əmək haqqı alırdılar. Quyuların qazılması, təmizlənməsi, neftin çıxarılması və daşınması əl ilə görülürdü. XIX əsrin əvvəllərində dünyada ilk dəfə olaraq Bibiheybətdə sahildən 30 m aralı dənizdə qazılmış əl quyusundan neft hasil edilmişdir. Dünyada ilk dəfə ağ neftin alınması texnikası da məhz ilk dəfə XIX əsrin 30-cu illərində Bakıda tətbiq edilmişdi. 1847-ci ildən neftin mexaniki üsulla qazılmış quyulardan hasil edilməsi ilə başlanır və 1920-ci ilə kimi davam edir. 1847-1848-ci illərdə ilk dəfə Bibiheybət və sonra Balaxanı yataqlarında mexaniki üsulla qazılmış quyulardan sənaye əhəmiyyətli neft alınmış və həmin ildən də Azərbaycanın neft sənayesinin inkişafı başlanır. 1859-cu ildə Bakıda ilk neftayırma zavodu (qurğusu) tikilir. 1863-cü ildə Cavad Məlikov Bakıda kerosin zavodu tikdirdi və dünyada ilk dəfə neftayırma prosesində soyuduculardan istifadə etdi.
1867-ci ildə 15 neftayırma qurğusu fəaliyyət göstərirdi. Mexaniki üsulla quyuların qazılmasının texnika-texnologiyası inkişaf etdikcə bir sıra yeni neft yataqları aşkar edilir (Binəqədi, Pirallahı a., Suraxanı və s.), neft hasilatı artır, neft sənayesinin infrastrukturu və neftin emalı inkişaf etməyə başlayır, neftin hasilatı, emalı və satışı üzrə yüzlərlə firmalar yaradılır. Azərbaycanda milli burjuaziya formalaşır, Bakı şəhəri dünyanın sənaye mərkəzlərindən birinə çevrilir. İlk dəfə Abşeron yarımadasında 1871-ci ildə Balaxanı-Sabunçu-Ramanı yatağı sənaye üsulu ilə işlənilməyə başlandı. XIX əsrin 60-cı illərində neftə olan
tələbatın kəskin artması, lakin neft hasilatının azlığı iltizam sisteminin ləğvini gündəmə gətirir. Beləliklə, neft sənayesinin inkişafını ləngidən və kapital axıına mane olan iltizam sistemi 1872-ci ildə ləğv edildi.
Bununla yanaşı, 1872-ci ildə neft sənayesində münasibətləri tənzimləmək məqsədilə iki qanun qəbul edilir: “Neft mədənləri və neft məhsullarından aksiz vergisi haqqında” və “İcarədarların əlində olan neftli səhələrin hərracla fiziki şəxslərə satılması”. 31 dekabr 1872-ci ildə neftli sahələrin ilk satışında Balaxanıda 15 sahə, Bibiheybətdə 2 sahə hərraca qoyulur. Neftlə zəngin torpaqlar qruplara bölünərək müzaidə – torq şəklində ayrı –ayrı kapital sahiblərinə uzun müddətli icarəyə verilirdi. 1872-ci ilin dekabrında ilk dəfə satışa çıxarılan neftlə zəngin torpaqlar böyük kapital qoyuluşu tələb etdiyi üçün daha çox rus və xarici kapitalistlərin əlinə keçirdi. Əgər 1870-ci ilərin əvvəllərində Bakının neftlə zəngin torpaqlarında 12 şirkət fəalliyyət göstərirdisə, əsrin sonunda onların sayı 140-a çatır. 1871-ci ildə ilk dəfə Balaxanıda buruqla neft quyusunun qazılıb istifadəyə verilməsi ve 1873-cü ildə Balaxanıda ilk neft fontanının vurması Bakıya olan marağı daha da artırdı. İlk dövrlərdə, neft sahəsinə kapital qoyanazərbaycanlı yalnız Hacı Zeynəlabdin Tağıyev idisə, əsrin sonrakı illərində bu siyahıya Musa Nağıyev, Şəmsi Əsədullayev, Murtuza Muxtarov və başqaları da daxil oldu. 1879-cu ildə İsveç təbəəsi olan Nobel qardaşları eyni adlı şirkətin əsasını qoydular. 1880-ci illərdə Rotşildin və 1890-cı illərdə Vişaunun timsalında fransız və ingilis kapitalı Bakıya nüfuz edir.İltizam sisteminin ləğvi 1870-80 ci illərdə neft sənayesində 10 dəfədən artıq inkişafa gətirib çıxartdı. 1873-cü ildə quyuların qazılmasında ilk dəfə olaraq buxar mühərriklərindən istifadə olunur. Mədənləri neft ayırma müəssisələri ilə birləşdirən və buxar mühərrikli nasoslarla təchiz olunan ilk neft kəməri 1878-ci ildə fəaliyyətə başlayır. 1880-ci ildə mədənlər arasında neft və sərnişin daşımaq üçün ilk darxətli dəmir yolu “Nobel qardaşları” şirkəti tərəfindən tikilərək istifadəyə verilir. Bu şirkətin sifarişi ilə İsveçdə hazırlanan dünyanın ilk neft tankeri 1878-ci ildə Bakı ilə Həştərxan arasında fəaliyyətə başlayır. Neft məhsullarına marağın artması 1873-cü ildə “Qara şəhər” adlanan zavodlar rayonunun yaranmasına gətirib çıxardır. Bakı şəhəri həm neftçıxarma, həm də neft emalı mərkəzinə çevrilir. 1897-ci ildə Bakı ilə Batumi arasında birbaşa neft kəmərinin tikintisinə başlanıldı ve 10 il sonra tamamlandı.
1884-cü ildə Bakıda Neft Sənayeçiləri Qurultayı təsis olunur. 1893-cü ildə Peterburqda keçirilən neft sənayeçilərinin müşavirəsində “Bakı ağ neft zavodçuları ittifaqı” adlı inhisar birliyi yaradılır. Lakin daxili çəkişmələr üzündən bu birlik 1897-ci ildə dağılır. Buna baxmayaraq, birlik Bakıda istehsal olunan neft məhsullarının 98 faizini verirdi. 1894-cü ildə H.Z.Tağıyev Gəncə qəzasında “Naftalan” neft sənayesi və ticarət şirkəti təsis edir. O, 1897-ci ildə Azərbaycanda başqa sənaye sahələrinə kapital qoymaq üçün öz neft mədənlərini müəssisələri ilə birlikdə 5 milyon manata ingilis kapitalistlərinə satır. Həm də eyni zamanda, bu müəssisələr əsasında formalaşan “Oleum” şirkətinin 1 milyon manatlıq səhmini də öz əlində saxlamaqla cəmiyyətin işraçı direktorlarından biri olur.
XX əsrin əvvəllərində dünyanı bürüyən fəhlə tətilləri Bakının neft tarixində xüsusi yer tutur. Belə ki, 1904-cü ildə Balaxanı Mədənlərində başlayan tətil hərəkatı dekabrın 30-da neft sənayeçiləri ilə fəhlələr arasında müştərək müqavilənin imzalanmasına gətirib çıxardır. “Mazut konstitusiyası” adını almış bu sənəd neft sənayesinin inkişaf tarixində özünə məxsus yer tutur.
I Dünya Müharibəsinin başlanması neft sənayesinin inkişafına mənfi təsir göstərir. Əgər 1914-cü il üçün 431 milyon pud neft çıxarılmışdırsa, 1917-ci ildə bu 402 milyon puda enmişdir. Rusiyada inqilabın başlanması, Bakı Xalq Komissarlar Sovetinin 1918-ci il 2 iyunda neft sənayesini milliləşdirməsi 1 milyon 300 min ton neft və neft məhsullarının heç bir əvəzi olmadan Sovet Rusiyasına göndərilməsinə şərait yaratdı. 1918-ci il 15 sentyabrda Baki işğaldan azad edilən kimii Azərbaycan Xalq Cümhuriyyəti Bakı XKS-nin milliləşdirmə qərarını ləğv edərək, müəssisələri əvvəlki sahiblərinə qaytardı. Neft ixracını artırmaq üçün 10 dekabrda neft və neft məhsullarının satışı üzrə büro yaradıldı. Neft sənayesində yenidən canlanma müşahidə olundu. Azərbaycanda Sovet Hökuməti qurulduqdan sonra 1920-ci il 24 may dekreti ile neft sənayesi yenidən milliləşdirilir, bu sahədə fəaliyyət göstərən 272 xüsusi firma ləğv edilərək, Azərbaycan Neft Komitəsi (sonralar “Azərneft”) təşkil olunur. Onun başçısı isə Lenin tərəfindən Bakıya göndərilmiş A.Serebrovski təyin olunur. Azərbaycan SSRİ-nin tərkibinə daxil olduqdan sonra “Azərneft” ABŞ-ın “Standard Oil” və Britaniyanın “Gikkers Limited” firmaları ilə müqavilələr imzalayır. İkinci ilə imzalanan müqavilə nəticəsində 1924-1925-ci illərdə Azərbaycan ilk krekinq qurğusunun texniki avadanlığını istehsal etmək üçün lisenziya alır. 1924-cü ildə Suraxanıda turbobur vasitəsilə ilk quyu qazılır. “Azerneft” London, Paris və Nyu-Yorkda öz nümayəndəliklərini açır. Maraqlı faktdır ki, SSRİ-də ilk elektrikləşdirilmiş dəmir yolu 1926-cı ildə Bakıda – şəhərlə neft rayonları arasında çəkilir. Bu həm də dünyada ilk elektrikləşdirilmiş dəmir yolu idi.
II Dünya Müharibəsi Bakı nefinin tarixi üçün yeni bir mərhələ oldu. Almaniyanın işöalçılıq planlarına görə Bakı zəbt olunmalı ve neft hasilatı Almaniyanın əlinə keçməli idi. Bunun üçün hələ 1941-ci ilin martında Bakı neftinin hasili və emalı Berlindəki “Kontinental Neft Cəmiyyətinə” tapşırılmışdı. Müharibə neft sənayesinə yeni bir canlanma gətirmişdir. Müharibədə SSRİ-nin ümumi neft tələbatın təminatı demək olar ki, Bakı neftinin üzərində idi. Görkəmli alim Yusif Məmmədəliyev aviasiya üçün ilk dəfə yüksəkoktanlı benzin istehsalının yeni texnologiyasını hazırladı.
Amma bütün bunlara baxmayaraq, müharibə neft hasilatını iki dəfə azaltdı. Müharibədən sonra başlanan quruculuq işləri öz bəhrəsini verdi. 1948-ci ildə açıq dənizdə – Xəzər dənizindı dünyada ilk dəfə mədən estakadaları quruldu. 1949-cu il 7 noyabrda Xəzər dənizindəki Neft Daşlarında ilk neft quyusu fontan vurdu. 5 il ərzində 10 yeni neftayırma müəssisəsi tikildi. 1955-ci ildə SSRİ-də 5 min metr dərinliyində olan ən dərin neft quyusu Bakıda qazıldı.Lakin Uralda və Sibirdə zəngin neft yataqlarının aşkar edilməsi Mərkəzin Bakı neftinə olan marağını azaltdı və 1950-ci illərin ortalarından başlayaraq neft sənyesində yenidən geriləmə müşahidə olundu. XX əsrin 70-80-ci illəri neft sənayesinin yenidən yüksəliş dövrü kimi xarakterizə olunsa da, bu daha çox neftin emalı ilə bağlı idi, yəni neft hasilatı hələ də azalırdı. 1976-cı ildə Yeni Bakı Neftayırma Zavodu, 1982-ci ildə Bakı Neftayırma zavodunda neftin ilkin emalı üçün ELOU-AVT qurğusu işə salındı. 1983-cü ildə Qroznı – Bakı neft kəmərinin istifadəyə verilməsi ilə Azərbaycan Sovet İttifaqının vahid neft kəmərinə qoşuldu.
SSRİ-nin süqutu, Azərbaycanın yenidən dövlət müstəqilliyini bərpa etməsi neft sənayesinin inkişaf tarixində dönüş nöqtəsi olur. İlk vaxtlarda neftin hasilatı kəskin surətdə azalır. Əgər 1970-ci illərin əvvəli üçün ildə 17,3 milyon ton neft hasil edilirdisə, 1990-cı illərin əvvəli üçün bu ildə sadəcə 12,9 milyon ton idi. 1994-cü ildə atəşkəsin əldə olunması, Azərbaycanda istər siyasi, istərsə də iqtisadi həyatda sabitliyin yaranması xarici investorların neft sənayesinə axınını sürətləndirdi.
1994-cü il 20 sentyabrda imzalanan “Əsrin Müqaviləsi” Azərbaycan Respublikasının Neft Strategiyasının ən böyük uğurlarından biri idi. “Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraqlı” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi haqqında” 30 il müddətinə 7 ölkənin 11 neft şirkəti müqavilə imzalayır. Sonradan müqaviləyə ABŞ-ın “Eksson” və Yaponiyanın “İtoçu” şirkəti də qoşulur və ümumilikdə 8 ölkədən 13 şirkət iştirak edir. Müqavilənin dəyəri 11,5 milyard dollardır. Bununla da Azərbaycanın uğurlu neft strategiyasının əsası qoyulur.
Ardınca Bakı – Tbilisi – Supsa (1999), Bakı – Tbilisi – Ceyhan (2006) neft boru-oxrac kəmərlərinin və Bakı – Tbilisi – Ərzurum qaz ixrac kəmərinin işə düşməsi bugün Azərbaycanda neft sənayesini ölkə iqtisadiyyatının əsas hissəsini təşkl etməsinə şərait yaradıb. Bugün Azərbaycanda neft hasilatı tarix boyunca özünün ən yüksək səviyyəsini yaşamaqdadır.by Tural Isgandarov
Comments are closed, but trackbacks and pingbacks are open.