Neft və milyonlar səltənətində əsəri
“Neft və milyonlar səltənətində” Azərbaycanın ilk tammetrajlı bədii filmidir. 1916-cı ildə yazıçı İbrahim bəy Musabəyovun eyniadlı povesti əsasında ekranlaşdırılmışdır.
Neft və milyonlar səltənətində əsəri
2016-cı ildə Azərbaycan kinosu tarixində ilk tammetrajlı bədii ekran əsəri olan “Neft və milyonlar səltənəti” filminin 100 yaşı tamam oldu.
Film haqqında zamanında və sonralar bir çox yazılar yazılsa, araşdırmalar aparılsa da, təəssüf ki, bu gün əlimizdə baxa biləcəyimiz ekran materialı yoxdur. Yalnız onu deyə bilərik ki, mərhum rejissor Fikrət Əliyev tərəfindən 1980-ci ildə ekranlaşdırılan “Qızıl uçurum” filmi “Neft və milyonlar səltənəti”nin rimeyk variantıdır.
XIX əsrin sonunda başlanan neft bumu sayəsində Bakı müxtəlif ölkələrin iri kapital sahibləri ilə yanaşı, müxtəlif peşə adamlarını da cəlb etməkdə idi. 1915-ci ildə Pirone qardaşları Bakıda “Filma” Səhmdar Cəmiyyətini yaratdılar. 1915-1916-cı illərdə cəmiyyət bir neçə bədii film, o cümlədən neft sahibkarlarının maliyyə dəstəyi ilə “Neft və milyonlar səltənətində” kinodramını istehsal etdi. İkihissəli səssiz və ağ-qara bədii filmin 1-ci seriyası 1916-cı il mayın 14-də, 2-ci seriyası mayın 27-də ekranlara buraxılmışdı. Ekran əsəri yazıçı İbrahim bəy Musabəyovun eyniadlı povesti əsasında lentə alınmış, ssenarini A.D.Panova-Potyomkina yazmış, Boris Svetlov quruluş vermişdi. Filmin pavilyon epizodları Tiflisdə, təbiət səhnələri Bakı və şəhər ətrafında – Balaxanı, Binəqədi, Zığ və dəniz kənarında çəkilmişdi. Binəqədidəki mədəndə baş verən yanğın, həmçinin Balaxanı neft mədənlərində milyonçu Səlimovun nəhəng neft sahələrindəki yanğın hadisəsi sənədli surətdə lentə alınaraq filmə salınmışdı.
Kino tədqiqatçısı, Əməkdar incəsənət xadimi Aydın Kazımzadə film haqqında tədqiqatlarında kinorejissor Məmməd Əlilinin xatirələrini qələmə alıb: “1915-ci il idi. Bir gün dostum Cəfər Cabbarlı mənə dedi: Məmməd ağa, artist Murad Muradov mənə deyib ki, Peterburqdan kino çəkmək üçün Bakıya bir dəstə gələcək. Elə də oldu. Bakıda rejissor Boris Svetlov olmaqla kino çəkən dəstə artist M.Muradovun məsləhəti ilə istedadlı tragik Hüseyn Ərəblinskini baş rolda çəkilməyə dəvət etdi. Filmin adı “Neft və milyonlar səltənətində” idi. Cəfər mənə dedi ki, kinonun mənzərə hissələri Bakı şəhərində, neft mədənləri isə Balaxanı kəndində çəkiləcək. Sən Balaxanıda oxumusan, o yerləri yaxşı bilirsən. Onlara çox köməyin dəyə bilər. Əminəm ki, onlar sizin də mollaxanaya gələcəklər. Çalış səni də filmə çəksinlər. Bir neçə gündən sonra artist M.Muradov filmin rejissoru B.Svetlovla bizim mollaxanaya gəldilər. Sınaq çəkilişləri üçün beş nəfər uşaq seçdilər. Artıq yaşım ötdüyü üçün Cəlilin uşaqlıq roluna yaramadım. Amma kütləvi səhnədə çəkildim”.
“Neft və milyonlar səltənətində” bir neçə səbəbdən, o cümlədən ilk tammetrajlı Azərbaycan bədii filmi olduğuna və əsas rollardan birini (Lütfəli bəy) görkəmli aktyorumuz Hüseyn Ərəblinski ifa etdiyinə görə bizim üçün əhəmiyyətlidir. Filmdə (toy səhnəsi) məşhur tarzən Qurban Pirimov və Cabbar Qaryağdıoğlu da çəkilmişdi.
Ekran əsərində neft Bakısının XX əsrin əvvəllərindəki həyatı, Bakı müsəlman milyonçularının məişəti, bir parça çörək üçün neft mədənlərində ən çətin şəraitdə işləyib yaşayan fəhlələrin ağır güzəranı təsvir edilmişdi. Bütün əhvalatlar əsərin qəhrəmanı Cəlilin taleyi fonunda cərəyan edir. Təsadüf nəticəsində yoxsul və kimsəsiz Cəlil neft sahibkarına çevrilir. Lakin o var-dövlətin qədrini bilmir, Lütfəli kimi əyyaş sahibkar ilə dostluğu onu nəinki müflisləşdirir, bütün həyatını məhv edir…
Bəs 100 yaşını qeyd etdiyimiz ilk filmimizin aqibəti necə olub? Bu haqda fərziyyələr müxtəlifdir. Bəzi fərziyyələrə görə, 1918-ci il hadisələri vaxtı Tağıyev teatrı yandırılanda teatrda olan “Neft və milyonlar səltənətində” filminin lenti də məhv olub. Ancaq kinoşünas Aydın Kazımzadənin dediyinə görə, “Filma” şirkətinin öz ofisi varkən filmi niyə teatrda saxlamalıydı ki? Aydın müəllimin fikrincə, film Rusiyanın kino arxivində olub. Sonralar yararsız hala düşdüyündən arxivdən çıxarılıb.
Bu gün əlimizdə sadəcə filmin bukleti var, Azərbaycan və rus dillərində buklet Milli Kitabxananın nadir nüsxələr şöbəsində saxlanılır.
“Mədəniyyət” qəzeti
Neft və milyonlar səltənətində əsəri
İlk Azərbaycan bədii filminin çəkilişindən 105 il ötür
Azərbaycan Şərqlə Qərb mədəniyyətlərinin qovuşduğu məkan kimi daim diqqət mərkəzində olub. Böyük İpək yolu üzərində yerləşməsi, burada “qara qızıl”ın üzə çıxması uzaq məmləkətlərdən ölkəmizə insan axını yaradıb. Ən diqqətçəkən məqam isə Fransada ixtira edilən sinematoqrafiyanın çox keçmədən Bakıda peyda olması idi. Neft Bakısında yerli həyat tərzindən bəhs edən müxtəlif mövzulu ilk kinosüjetlərin çəkilməsi bir daha Azərbaycanın mədəniyyət mərkəzinə çevrilməsi anlamını verirdi. Bildiyimiz kimi, kinonun incəsənət inciləri sırasına çıxarılmasında rejissorun dünyaya və hadisəyə fəlsəfi baxışı, duyumu və dünyagörüşü mühüm rol oynayır.
1898-ci ildə Bakıda lentə alınan “Bibiheybətdə neft fontanı” xronikası Azərbaycanda kino sənətinin əsasını qoyub. 1900-cü ildə Parisdə keçirilən Ümumdünya Kino Sərgisində nümayiş etdirilən həmin filmdə, eləcə də sonralar ekranlaşdırılmış əsərlərin ayrı-ayrı epizodlarında böyük sənətkarlıq nümunəsi yaradan səhnə və ekran fədailərinin adları dillər əzbərinə çevrilib. “Neft və milyonlar səltənətində”, “Mavi dənizin sahillərində”, “Kəndlilər”, “Arşın mal alan”, “Babək”, “Dənizi fəth edənlər”, “Xəzər neftçiləri haqqında dastan” və s. kimi filmlər xalqımızın yaddaşında özünə yer tutmaqla yanaşı, dünya kinosevərlərinin unutmadığı ekran əsərləri sırasında da yer tutub.
Belə filmlərin sırasına daxil olanlardan biri də İbrahim Musabəyovun “Neft və milyonlar səltənətində” romanı əsasında çəkilmiş eyniadlı ilk Azərbaycan bədii filmidir. Filmi çəkmək üçün Peterburqdan rejissor Boris Svetlov və operator Qriqori Lemberq dəvət edilib.
Ərəblinskinin ilk və son filmi
Azərbaycanda ilk səssiz film kimi yadda qalan “Neft və milyonlar səltənətində”ki yazılı fikirlər Azərbaycan və rus dillərində olub. Film neft Bakısının XX əsrin əvvəllərindəki həyatını, Bakı müsəlman milyonçularının məişətini, mədənlərdə ən çətin şəraitdə işləyib yaşayan fəhlələrin ağır güzəranını ekranda canlandırır.
Filmdə baş verən bütün əhvalatlar əsərin qəhrəmanı Cəlilin taleyi fonunda cərəyan edir. Yoxsul və kimsəsiz olan Cəlil təsadüf nəticəsində varlı bir neft sahibkarına çevrilir. Təəssüf ki, qəddar, əyyaş neft milyonçusu Lütfəli ilə dostluğu onu müflisləşdirir və məhv edir. Filmdə varlı neft sahibkarlarının xoş və firavan, yoxsul fəhlələrin isə acınacaqlı həyatı, gecə-gündüz neft mədənlərində işləyib bir parça çörək pulu qazanmaları, bu kimi digər səhnələr tamaşaçıda dövrün ab-havası barədə müəyyən təsəvvürlər yaradır.
Təbiət mənzərələri Bakı və ətrafında – Balaxanı, Binəqədi, Zığ və sahil kənarında, pavilyonla bağlı səhnələr isə Tiflisdə çəkilib. O vaxtı Balaxanıda neft mədənlərində baş vermiş yanğın da filmə daxil edilib.
Bədii filmin birinci seriyası 1916-cı il may ayının 14-də, ikincisi isə may ayının 27-də ekranlara buraxılıb. Film ilk dəfə Hacı Zeynalabdin Tağıyevin pasajında “Fransız elektrobioqrafı”nda göstərilib. Əsas rolları Hüseyn Ərəblinski, Vladimir Lenin, K.M.Piontkovskaya, Regina Lazareva, Yevgeni Muromski, Y.S.Orlitskaya, Y.V.İvanovski, Vladimir Vyazemski və N.M.Dobrınin ifa ediblər.
Filmdə Lütfəli bəy rolunu görkəmli Azərbaycan teatr və kino xadimi Hüseyn Ərəblinski ifa edib. Bu, həm də ilk azərbaycanlı kino artisti hesab olunan Ərəblinskinin çəkildiyi ilk və son filmdir. Məşhur tarzən Qurban Pirimov sənətşünas N.Sadıxovla söhbətində bu barədə danışarkən deyib: “Filmin “Toy” və “Kazinoda şənlik” epizodlarında xanəndə Cabbar ilə mən də çəkilmişdim. Mən çalırdım, Cabbar (Cabbar Qaryağdıoğlu-red.) oxuyurdu. H.Ərəblinskinin oynaması mənim çox xoşuma gəlirdi. Lütfəli bəyin par-par parıldayan faytondan düşməsi indiki kimi yadımdadır. Onun iti baxışları elə bil gözümün qabağındadır. Lütfəli bəyin obrazı Ərəblinskiyə çox yaraşırdı”.
Kinorejissor Məmməd Əlili isə o dövrlə bağlı xatirələrində yazırdı ki, 1914-cü ilin axır günləri idi. Cəfər Cabbarlının evinə getmişdim. O, mənə dedi ki, artist Murad Muradov mənə xəbər yollayıb. Peterburqdan kino çəkmək üçün Bakıya bir dəstə gələcək. Sonra Cəfər mənə başa saldı ki, kinonun mənzərə hissələri Bakı şəhərində, neft mədənləri isə Balaxanı kəndində çəkiləcək: “Sən Balaxanıda oxumusan, o yerləri yaxşı bilirsən. Onlara çox köməyin dəyə bilər. Onlar çəkiliş üçün mollaxanalardan uşaq seçəcəklər. Çox güman ki, sizin yanınıza da gələcəklər. Zirək tərpən, fürsəti əldən vermə. Qoy bizlərdən də bir artist çıxsın ortaya”.
Bir neçə gündən sonra artist Murad Muradov filmin rejissoru Boris Svetlovla bizim mollaxanaya gəldilər. Sınaq çəkilişləri üçün beş nəfər uşaq seçdilər. Artıq yaşım ötdüyü üçün Cəlilin uşaqlıq roluna yaramadım. Amma kütləvi səhnədə çəkildim. Maraqlısı odur ki, filmin çəkilişinin axırına kimi mən bir növ qeyri-rəsmi rejissor köməkçisi işlədim.
“Neft və milyonlar səltənəti”nin taleyi
Murad Muradovun, xüsusilə Cəfərin filmi çəkən dəstəyə çox köməyi olmuşdu. Filmin inandırıcı səhnələrindən biri Bayıl tərəfdə çəkilmişdi. C.Cabbarlının məsləhəti ilə yuxarı məhəllənin arvad-uşaqlarını xalça-palaz yumaq üçün Bayıla gətirtdirirdim. O vaxtlar hələ Bakıya çəkilən Şollar suyu gəlmədiyindən əhali quyulardan istifadə edirdi. Suyu səhənglərdə evlərə daşıyırdılar. Bu səhnələr filmdə çox inandırıcı çıxmışdı. Filmi çox qısa müddətə – dörd aya çəkib başa vurdular”.
Filmin bukleti M.F.Axundov adına Milli Kitabxananın nadir nüsxələr şöbəsində saxlanılır. Bukletdə Azərbaycan və rus dillərində filmin məzmunu yazılıb, həmçinin filmdən fotoşəkillər çap olunub.Təəssüf ki, bu əvəzsiz tarixi film yalnız qəzet resenziyalarında və bukletlərdə qalıb, günümüzədək gəlib çıxmayıb.
“Neft və milyonlar səltənətində” povestinin motivləri əsasında çəkilmiş filmin ikinci variantı 1980-ci ildə “Qızıl uçurum” adı ilə yenidən ekranlarda nümayiş etdirilib. Quruluşçu rejissoru Fikrət Əliyev olan melodramda Cəlil rolunda Əliabbas Qədirov çəkilib. Lütfəli bəy rolunu isə Hamlet Xanızadə yaradıb.
1983-cü ildə rejissor Fikrət Əliyev Sankt-Peterburqda XIV Ümumittifaq Kinofestivalında bu filmə görə mükafatlandırılıb.
Azərbaycanda kino sənətinin yaradılmasında Bakı elmi fotodərnəyinin katibi, naşir və fotoqraf Aleksandr Mişonun əməyi danılmazdır. O dövrlərdə Azərbaycanda kino sənəti yenicə ayaq açdığından həmin süjetləri məhz 25 il Bakıda yaşayıb-yaratmış A.Mişon lentə alıb.
Neft və milyonlar səltənətində əsəri
“Neft və milyonlar səltənətində”
“Neft və milyonlar səltənətində” Azərbaycanın ilk tammetrajlı bədii filmidir. 1916-cı ildə yazıçı İbrahim bəy Musabəyovun eyniadlı povesti əsasında ekranlaşdırılmışdır.
“B” şəhərinin müəllifi
İbrahimbəy Musabəyov (1880-1942) Qəbələdə doğulmuşdu. Zaqafqaziya müəllimlər Seminariyasını bitirib müəllimliklə məşğul olurdu. Özünün didaktik, təlim və tərbiyəyə dair hekayələrini “Məktəb” jurnalında, iri həcmli əsərlərini isə müxtəlif nəşriyyatlarda kitabça şəklində çap etdirirdi. İbrahim bəy ömrünün son illərini sürgündə keçirir. Və 1942-ci ildə elə sürgündə- Qazaxıstanın Qaraqan vilayətində vəfat edir (bəlkə də öldürülür).
İsmayıl bəy əsərində konkret olaraq neft şəhəri Bakını təsvir etsə də, Şəhəri B şəhəri adlandırır. Lakin Balaxanı kimi daha kiçik lokal məkanların yerlərin adı dəqiq göstərilib.
Filmə Lenin də çəkilmişdi
Film neft Bakısının XX əsrin əvvəllərindəki həyatını, Bakı müsəlman milyonçularının məişətini, bir parça çörək üçün neft mədənlərində ən çətin şəraitdə işləyib yaşayan fəhlələrin ağır güzəranını ekranda canlandırmışdır. Filmdə baş verən bütün əhvalatlar əsərin qəhrəmanı Cəlilin (V. A. Lenin) taleyi fonunda cərəyan edir. Təsadüf nəticəsində (aldığı balaca ərazidən neft çıxması nəticəsində) yoxsul və kimsəsiz Cəlil varlı bir neftxudaya çevrilir. Lütfəli (Hüseyn Ərəblinski) kimi pozğun və qəddar neft milyonçusu ilə dostluq etməsi isə onu nəinki müflisləşdirir, hətta mənəvi cəhətdən məhv edir. Burjua cəmiyyətinin ali təbəqəsinə qədər yüksələn kasıb balasının burada özünə yer tapa bilməməsi və buna mənən hazır olmaması onun faciəsi ilə nəticələnir. “Neft və milyonlar səltənətində” adlı iki seriyalı ağ-qara film aktyor Hüseyn Ərəblinskinin kinoda ilk və son işidir.
İlk film- İlk sərmayə
“Filma”səhmdar cəmiyyətinin istehsalı olan filmi çəkmək üçün Peterburqdan rejissor Boris Svetlovu Bakıya dəvət olunub. Çəkilişlər Bakıda və ətrafında (Balaxanıda, Binəqədidə, Xəzər sahilində) aparılırdı, pavilyon çəkilişləri isə Tiflisdə. “Neft və milyonlar səltənətində” Bakıdan başqa Zaqafqaziya və Orta Asiyanın bir çox şəhərlərində nümayiş etdirildi. ilk dəfə olaraq isə Hacı Zeynalabdin Tağıyevin pasajında “Fransız Elektrobioqrafı”nda (indiki Bakı Universal Mağazası) göstərilmişdi.
Neft filmin süjetində olduğu kimi filmin maaliyyələşməsində də əsas rolu oynamışdı- film o zamanın neft sahibkarlarının puluna çəkilmişdi. İlk film və İlk sərmayə. Əlbəttə ki riqqətləndiricidir!
100 il sonra tənqid
Binəqədi neft mədənlərində və Balaxanıda milyonçu Səlimovun nəhəng neft sahələrindəki yanğın lentə alınaraq filmə salınmışdır. “Yeni İqbal” qəzetinin 07.07.1916 saylı nömrəsində belə yazılmışdı: “Mədənlərdəki böyük yanğın dəxi göstəriləcəkdir”
“Neft və milyonlar səltənəti” filmi həm də aktyor Məmməd Əlilinin kinoda ilk işi olub. O burada mollaxana şagirdini oynayıb. Filmin üç qadın obrazını (Şəfiqə, Cəlilin anası və Olqa) rus aktrisalar canlandırıb. Canlandırmaq demişkən, səssiz film Azərbaycan, həm də rus dillərində köhnə psixoloji və salon dram əsərləri ruhunda yazılmış titrlərlə müşaiyət olunub. Cabbar Qaryağdıoğlu, Qurban Pirimovun ifası da filmdə yer almışdır. Hərçənd səssiz filmdə bu ifa immitasiya bənzəyib. Bu məsələ bir qədər mübahisəlidir. Kinoşünas Aydın Kazımov bunun vacib olduğunu vurğulayır: “Məsələ orasındadır ki, bu toy epizodlarında çalğıçılar olmalıdır. Toyu çalğıçı olmadan təsəvvür etmək olmaz. O yerdə də Cəlil evlənir və toyda xanəndə oxuyur”.
Kinoşünas Aydın Dadaşovun fikri daha əhatəlidir:«Toy» və «Kazinoda şənlik» epizodlarında isə xanəndə Cabbar Qaryağdıoğlunun musiqi üçlüyünün ifası səssiz olduğundan, illüstrativ səciyyə daşıyır. Bununla belə «Neft və milyonlar səltənətində» filmi rejissorun peşəkar üslubu hesabına dövrün rus filmlərinin estetikasını yaşatsa da, milli aktyor məktəbində romantizmin banisi Hüseyn Ərəblinskinin oyunu, tarzən Qurban Primovun, xanəndə Cabbar Qaryağdıoğlunun ekranda görünmələri ilə müvəffəqiyyət qazandı” (A.Dadaşov. “Kinoşünaslıq” dərsliyi, 2009)
İlk filmimiz hara yox olub?
Çox təəssüf ki bu film yalnız qəzet resenziyalarında, bukletlərdə qalıb. Əvəzsiz tarixi filmimiz bu günə gəlib çatmayıb. Bir ehtimal var ki, 1918-ci il hadisələri vaxtı Tağıyev teatrı növbəti dəfə yananda orda saxlanılan «Neft və milyonlar səltənətində» filmi də yanıb külə dönür. Ancaq kinoşünas Aydın Kazımzadə bu ehtimala inanmır: «Filma» şirkətinin öz ofisi ( keçmiş Birja -Ü.Hacıbəyov) var idi. Filmi niyə teatrda saxlamalıydı ki? Ola bilsin, film Rusiyanın kino arxivində olub. Sonralar yararsız hala düşdüyündən, atılıb. Mən bu filmi çox axtardım, təəssüf ki bir nəticə vermədi. ”
“Qızıl uçurum”
Eyni süjet əsasında Mirzəağa Atəşinin yazdığı ssenari ilə 1980-ci ildə “Qızıl Uçurum” filmi çəkilib. Rejissoru Fikrət Əliyev olan bu filmdə Əliabbas Qədirov (Cəlil), Həmidə Ömərova (Şəfiqə), Hamlet Xanızadə (Lütfəli bəy) oynayıb. Fikrət Əliyev XIV Ümumittifaq festivalında “Uğurlu debütə görə” xüsusi priz alıb.
- Bakıda bəhreynli rəssamın sərgisinin açılışı oldu
- Azərbaycanın “Təhminə”si 30 il sonra yeni layihə ilə geri döndü – VİDEO
- “Kuklaçılar” yenidən Ağalıda
Comments are closed, but trackbacks and pingbacks are open.