Nsiyyət nitq mədəniyyətinin formalarından biri kimi
Vasitəsiz ünsiyyətdə nitq mühüm rol oynayır. Elmi- texniki tərəqqi nəticəsində meydana çıxmış mükəmməl texniki vasitələr insanlar arasında ünsiyyət tərzinin yaranmasına səbəb olmuşdur. Belə ünsiyyət “vasitəli ünsiyyət” adlanır.
Təhsil meneceri: “Məktəblərdə nitq mədəniyyətinin tədrisinə ehtiyac var”
Nitq insanın həyatında olduqca böyük əhəmiyyətə malikdir. Nitq mütəxəssislərinin fikrincə, gözəl nitq dedikdə, düzgün nəfəs almaq, dolğun səs, hərfləri qüsursuz səsləndirmək, mövzunu yaxşı bilmək, onu bol söz ehtiyatı ilə dilə gətirmək, uğurlu bədən dilindən istifadə nəzərdə tutulur. İstənilən bir fikri, informasiyanı, elmi, bədii məlumatı başqalarına çatdırmaq xüsusi bir istedad tələb edən işdir. Ən başlıcası isə bu, mədəniyyətdir.
Nitq mədəniyyətinin, gözəl nitqin təməli ailədən başlasa da, bu işdə tədris müəssisələrinin də rolu önəmlidir. Bəs məktəblərdə bu məsələyə nə dərəcədə diqqət yetirilir?
Təhsil meneceri Turan Həsənli də bildirir ki, müasir dövrdə nitqin rolu olduqca əhəmiyyətlidir:
“Hər kəs dilin, bir xalq üçün nə qədər önəmli olduğunu bilir. Dünyanın istənilən dilində möhtəşəm danışmağın, o dilə olan sevginin və mədəniyyəti göstəricisidir. Dilin gözəlliklərindən istifadə etmək isə nitq mədəniyyətidir. Müasir dünyada nitqin əhəmiyyəti çox böyükdür. Sözü deməklə yanaşı, o sözü necə deməyiniz çox vacibdir”.
Turan Həsənli düşünür ki, məktəblərdə nitq mədəniyyəti fənninin keçirilməsinə ehtiyac var:
“Bu gün orta məktəblərdə nitq mədəniyyəti adlı bir dərs tədris olunmur. Halbuki, ən çox ehtiyac duyulan tədris fənlərindən biridir. Bu gün nəinki orta məktəb , əksər Universitet tələbələri öz fikirlərini ifadə edə bilmir”.
Ekspert hesab edir ki, məktəblərdə nitq mədəniyyətinin keçirilməməsi bir çox problemlərə gətirib çıxarır:
“Müəllim çox bilgiyə sahib olur, lakin o bilgini qarşısındakı dinləyiciyə çatdıra bilmir. Şagirdlər öz problemləri haqqında heç kimə danışa bilmir, danışa bilmədiyi üçün yox , izah edə bilmədiyi üçün danışmırlar. Yüksək bal toplayan bir tələbə, iş görüşməsində öz bilgilərin ifadə edə bilmədiyi üçün işə götürülmür. Dərsə tam hazır gedən şagird, müəllim ona sual verməsin deyə əlindən gələni edir. Qorxusu sualı bilməməsi deyil, danışa bilməməsidir. Valideyin və şagirdlər arasında da ən böyük problem şagirdin öz istəklərini izah edə bilməməsindən yaranır. Sonralar o uşaqlarda özünə qapalı olur”.
Turan Həsənlinin fikrincə, şagirdlər fikirlərini ifadə edə bilmədikləri üçün müəllimlər də onları yetərincə tanıya bilmir:
“Tarixə diqqət yetirsə görərik ki, nitqin önəmliliyi ilə bağlı çox yazılar yazılıb, çox fikirlər səsləndirilib. Antik dövrün böyük filosofu Sokrat həmişə deyərmiş: “Ey insan danış səni tanıyım”. Ən böyük problemlərdən biri burasındadır ki, bu gün müəllimlər öz şagirdlərin tanımır, çünki onlar danışmır. ”
Şəfanə Əfqanqızı
Ünsiyyət nitq mədəniyyətinin formalarından biri kimi
Ünsiyyət nitq mədəniyyətinin formalarından biri kimi
Ünsiyyət dedikdə biz nitq və nitqdənkənar təsirin köməyi ilə həyata keçirilən qarşılıqlı münasibəti nəzərdə tuturuq. Ünsiyyət insanlar arasında təmasın yaranması və inkişafı prosesi kimi meydana çıxır. Heç bir insan birliyi oradakı adamlar arasında təmas yaradılmadan birgə fəaliyyəti həyata keçirə bilməz və qarşılıqlı anlaşma baş verməz. Ünsiyyət insanlar arasında birgə fəaliyyət tələbatından doğan təmasın çoxplanlı inkişaf prosesidir. Başqa sözlə, ünsiyyət iki və daha çox insanın münasibətləri aydınlaşdırmaq və ümumi nəticə əldə etmək məqsədilə öz səylərini əlaqələndirməyə və birləşdirməyə yönəlmiş qarşılıqlı təsirə deyilir.
Ünsiyyət müxtəlif vasitələrlə həyata keçirilir. Onların içərisində nitq xüsusi yer tutur. Ünsiyyətin ekspressiv mimik vasitələri də mühümdür: təbəssüm, tərs baxış, mimika, əl və bədənin ifadəli hərəkətləri, vokal mimikası -bunlardan hər birinin ünsiyyət prosesində öz yeri vardır.
Ünsiyyət prosesində insanlar nəinki mühit haqqında məlumat əldə edir, eyni zamanda müxtəlif adət və ənənələrə yiyələnir ki, bunlar da real varlığın dərk edilməsinə xüsusi istiqamət verir. Deməli ünsiyyət hər şeydən əvvəl obyektiv varlığın dərk edilməsini təmin edən əsas şərtdir. Həyati faktlar göstərir ki, ünsiyyət eyni zamanda psixi proseslərin təzahüründə özünəməxsus tərzdə iştirak edir. Ünsiyyət psixi proseslərin dinamikasına, təzahürünə təsir göstərir və onları daha da mütəhərrik edir. Ünsiyyət eyni zamanda şəxsiyyətin formalaşmasına da müəyyən tərzdə istiqamət verir. Şəxsiyyətin təşəkkülü ünsiyyət prosesinin məhsuludur. Belə ki, ünsiyyət sayəsində insan keyfiyyətcə dəyişir, onun hərtərəfli, ahəngdar inkişafı mümkün olur, o, müəyyən ictimai vəzifəni yerinə yetirir, sosial rolu ifa edir, zəruri rəftar və davranış normalarına, praktik fəaliyyət vərdişlərinə yiyələnir, ətraf aləmə fəal surətdə təsir göstərməyə can atır.
Ünsiyyətin vasitəli və vasitəsiz növləri vardır. Vasitəsiz ünsiyyət həm verbal, həm də qeyri-verbal ola bilər.
Vasitəsiz ünsiyyətdə nitq mühüm rol oynayır. Elmi- texniki tərəqqi nəticəsində meydana çıxmış mükəmməl texniki vasitələr insanlar arasında ünsiyyət tərzinin yaranmasına səbəb olmuşdur. Belə ünsiyyət “vasitəli ünsiyyət” adlanır.
Kollektiv əmək fəaliyyətinin planlaşdırılması və tənzim edilməsini təmin etmək ünsiyyətin yerinə yetirdiyi ən başlıca sosial funksiyadır. Ünsiyyət eyni zamanda idarəetmə və ictimai nəzarətetmə funksiyasını yerinə yetirir. Yəni ünsiyyətin xüsusən də nitqin köməyilə cəmiyyət öz üzvlərinə bu və ya digər davranış və rəftar normalarını yayır, onun mənafeyinə zidd olanları isə pisləyir. Ünsiyyət vasitəsilə qruplararası qarşılıqlı təsir təmin edilir.
Ünsiyyət informasiya mübadiləsi dedikdə informasiyanın iki tərəfi fərqləndirilir. Birinci, kommunikator -informasiyanı verən, ikincisi resipient -informasiyanı qəbul edən.
İnsanlar ünsiyyət prosesində bir- birlərinin fikirləri, ideyaları, hissləri və s. ilə tanış olurlar. Onlar keçmişdə baş vermiş müxtəlif hadisələr haqqında bir-birinə məlumat verir, ayrı-ayrı məsələlər barəsində bir-birlərinin rəyini və mülahizələrini öyrənirlər. Bu baxımdan kommunikasiya prosesi informasiya mübadiləsi kimi təhlil oluna bilər. Kommunikasiyanın iki tipini fərqləndirmək olar: verbal və qeyri-verbal kommunikasiya.
Verbal kommunikasiya. Ünsiyyət prosesində nitq mühüm rol oynayır. İnsan istər onu əhatə edən mühit, istərsə də keçmiş və gələcək barədə hər cür məlumatı əsasən yazılı və şifahi nitq vasitəsilə alır. Nitqin əsas struktur vahidi olmaq etibarilə söz çox böyük qüvvəyə malikdir. İ.P.Pavlovun sözləri ilə desək, «Söz fırtına kimi insanın orqanizminin ən etibarlı hesab edilən psixofizioloji prosesləri belə dağıda bilər, tərsinə çevirər, hətta yox edər və ya dəyişə bilər». Söz yalnız pozan, dağıdan deyil, eyni zamanda müsbət təsirə malik ən qüvvətli qıcıqlandırıcıdır. Ən çətin şəraitdə deyilən bircə kəlmə söz belə insanda ruh yüksəkliyi yaradır, onda müsbət emosiyaların baş qaldırmasına, nəcib əxlaqi keyfiyyətlərin yaranmasına, təzahürünə, həmçinin formalaşmasına istiqamət verə bilər. Burada əsl məsələ hər sözdən yerində istifadə etmək, bununla da ünsiyyətə düzgün qiymət verməkdir.
Nitqin müxtəlif funksiyaları var. Onlardan bəzilərini qeyd edək:
- Nitq insanın intellektual fəaliyyətinin əsas silahıdır;
- Ictimai- tarixi şərait haqqında məlumatı nitq vasitəsilə alınır;
- Nitq ümumbəşəri təcrübənin mövcudluğunu təmin edir;
- Nitq milli mədəniyyətin inikas vasitəsidir;
- Nitq idrak alətidir.
Nitqin əsas funksiyası ilə yanaşı, köməkçi funksiyaları da mövcuddur: a) nitqin emotiv funksiyası ( danışanın emosiyasını, hisslərini ifadə etməsi); b) nitqin poetik, yaxud da estetik funksiyası; j) nitqin nominativ funksiyası; ç) nitqin yardımçı funksiyası ( məs: allo); d) nitqin fərqləndirmə (diakritik) funksiyası; ə) nitqin interdiktiv (qadağanedici) funksiyası və s.
Kütləvi informasiya prosesi 4 tərkib hissədən ibarətdir: kommunikator, resipient, verilən məlumat, informasiyanın verilməsini və qəbulunu təmin edən vasitələr.
- Adi kommunikasiya prosesində kommunikator konkret fərddir. Burada isə məlumatı verən müəyyən kollektiv və ya qrupdur. Daha doğrusu, verilən məlumat konkret fərdin adından yox, hər hansı kollektiv adından verilir.
- Kütləvi informasiya prosesində adətən müəyyən ixtisas sahibləri və ya hər hansı yaş qrupunu təmsil edən adamlar resipient rolunda çıxış edirlər.
- Verilən məlumat. Kütləvi informasiya prosesində veriləcək məlumatın düzgün seçilməsi vacib məsələlərdən biridir. Bu baxımdan, hansı tipli məlumatlar necə və kimlərin fəal iştirakı ilə çatdırılmalıdır, qeyri-verbal ünsiyyət vasitələrindən nə şəkildə istifadə edilməlidir və s. kimi məsələlərin düzgün həlli ciddi əhəmiyyət kəsb edir.
- İnformasiyanın verilməsini və qəbulunu təmin edən vasitələr. Bu vasitələrin düzgün müəyyənləşdirilməsi kütləvi informasiya prosesinin əsas şərtlərindən biridir. Bununla əlaqədar olaraq aşağıdakı məsələlərin aydınlaşdırılması zəruridir: hansı kanallar vasitəsilə verilən məlumatları kimlər daha asan, düzgün qavraya bilər, nə tipli məlumatlar hansı kanallar vasitəsilə verilsə, daha təsirli olar və s.
Qeyri-verbal kommunikasiya vasitələrinin müxtəlif tipləri var. Bu baxımdan aşağıdakılar xüsusi olaraq qeyd olunur:
- Mimika sifət əzələlərinin dinamik ifadəsi kimi özünü göstərir. Qaş, göz, yanaq, dodaqlar və s. sifətin bu və ya digər dərəcədə lokal mimika sahələridir.
Son zamanlar vizual ünsiyyət- «gözlərin təması» problemi diqqəti daha çox cəlb edir. Anatomik baxımdan gözlər nə qədər müxtəlif olsa da, onların kodları, başqa sözlə, psixosemantikası baxışların, necə deyərlər, rəqsində açıqlanır. - İntonasiya ünsiyyətin başlıca akustik vasitəsidir. Ünsiyyət prosesində kommunikatorun resipientə münasibəti bilavasitə onun intonasiyasında əks olunur. Onun ekspressiv- emosional funksiyası önəmlidir. İntonasiyanın bu funksiyası xüsusi məntiqi vurğu, pauza və s. kimi akustik vasitələrlə qaynaqlanır.
- Kinesika «bədən hərəkətlərinin dili» kimi meydana çıxır. İnformasiya mübadiləsində onun kodları jestlər vasitəsilə açıqlanır.
Nitqin inkişafı anlayışı
İnsanın mədəni yetkinliyinin meyarlarından biri onun nitq mədəniyyətinə yiyələnməsidir. Bu baxımdan, uşaqların nitqinin inkişaf etdirilməsi uşaq bağçalarının qarşısında qoyulan pedaqoji problemlərdən biridir.
Nitqdə təbilik, düzgünlük, məntiqilik, təmizlik, müyəssərlik, məqsədyönlülük, zənginlik, aydınlıq, sadəlik, səlistlik, yığcamlıq, ifadəlilik, obrazlılıq, emosionallıq, gözəllik, incəlik, ardıcıllıq, nəzakətlilik kimi normalar gözlənilməlidir.
Son illərdə elm və texnikanın sürətlə inkişaf etdiyi, insanlar arasında dil vasitəsi ilə ünsiyyətin genişləndiyi bir dövrdə nitq inkişafı böyük əhəmiyyətə malikdir. Uşaq bağçalarından başlamış məktəb, ali təhsil müəsisələri, iclaslar və yığıncaqlar, yarışlar, görüşlər, radio və televiziya verlişləri, kino və teatrlar- bir sözlə, həyatımızın hər bir sahəsi mükəmməl nitqə yiyələnməyi tələb edir. Çox kiçik yaşlarından nitq insan həyatında mühüm əhəmiyyətə malikdir. 1 yaş 6 ayından 3 yaşadək olan dövrdə uşaqların nitq mənimsəmələri onların ətraf aləmlə qarşılıqlı əlaqəsində mühüm dəyişikliyə səbəb olur, insanlar arasında onun mövqeyi və özünə münasibətini dəyişir.
Nitqin əhəmiyyəti.
- Söz nəyi isə bildirməklə əşyaların üzvlərinə ayrılmasına, əlamətlərinin, hərəkətlərinin ayrılmasına xidmət edir.
- Söz ümumiləşdirmə kimi çoxlu əşyaların qruplarda, kateqoriyalarda birləşməsi vasitəsinə xidmət edir.
- Yalnız əşyaları deyil, onlar arasında əlaqəni, münasibətləri də bildirməklə söz xarici aləmdəki əşya və hadisələri, onlarin müxtəlif qarşılıqlı asılılıqlarında qavranmasına xidmət edir.
- Dilin mənimsənilməsi uşağın fəaliyyətini dəyişir, onun hərəkətinə istiqamət verir, onu sərbəst edir.
- Yaşlıların sözləri uşağın davranış qaydalarını formalaşdırır.
- İnsan nitqində nəyə isə münasibətini bildirir, onu qiymətləndirir. Belə qiymətlə o, uşağın davranışına təlabatı möhkəmləndirir: “yaxşı”, “afərin” kimi sözlər uşaqda mənəvi təfəkkür və anlayışlar yaradır və bunun əsasında onlarda ətraf aləmə münasibət formalaşır.
- Sözlərin köməyi ilə uşaq özünü dərk edir: özü mənini dərk edir. Özünü başqaları ilə müqayisə edir.
Dar mənada nitq inkişafı anlayışı dedikdə, ilk növbədə, uşağın anadan olduğu gündən nitq səslərini tələffüz etməyə, nitqi anlamağa, danışmağa, fikrini başqalarına çatdırmağa, nitqdən bir ünsiyyət vasitəsi kimi istifadə etməyə hazırlanması nəzərdə tutulur. Hər bir uşaq körpəlik dövründən nitqi ətrafdakılardan sərbəst mənimsəyir, lüğət ehtiyyatını genişləndirir. Ali sinir sistemi inkişaf etdikcə onun məntiqi təfəkkür qabiliyyəti təkminləşir, şifahi nitqi daha zəngin, aydın və dəqiq olur. Eyni zamanda onun həyat təəssüratı genişlənir, yaradıcı təxəyyülü artır. Bu isə axtarmağa sərbəst cəhd yaradır.
Biz uşaqları həyatın kortəbii axınına buraxaraq onların fiziki və mənəvi inkişafı ilə birlikdə nitqində də inkişafa ümid bəsləyə bilmərik. Yalnız isedadlıların deyil, hamının nitqinin ədəbi normalara cavab verməsini təmin etmək lazımdır ki, insanlar arasında ünsiyyət anlayışının inkişaf prosesi daha sürətlə getsin. Nitq inkişafı şəxsiyyətin formalaşmasının mühüm bir amilinə çevrilsin, ümumi mədəniyyətimizin fonunda nitq mədəniyyəti də təmin edilsin.
1-ci sinfə daxil olan uşaqların fəaliyyəti üzərində müşahidə prosesində nitq inkişafı baxımından ailədə başlı-başına buraxılmış uşaqlarla uşaq bağçasından gələn uşaqlar arasında fərq özünü aydın gəstərir. Uşaq bağçalarında, hətta sonrakı pillələrdə biz insanın nitqə yiyələnməsindən, onun nitqinin inkişafından söz aça bilərik, lakin kifayət qədər nitq mədəniyyətinə yiyələndiyini söyləyə bilmərik. Nitq mədəniyyəti tələffüz normalarını, sözlərin dəqiq mənada işlədilməsini, cümlələrin düzgün qurulmasını tələb edir. Normativlik anlayışına həmçinin məntiqlilik, dəqiqlik, aydınlıq, təmizlik, ifadəlilik kimi keyfiyyətlər daxildir.
Nitq inkişafı üzrə işlər, xüsusi nitq inkişafı məşğələləri nitq mədəniyyətinin təmin olunmasına xidmət edir. Nitq inkişafı prosesində uşağa öyrədilməlidir:
- Söz və cümlələri başa düşmək qabliyyəti
- Sözlərin formalarını, söz birləşmələrini və cümlələri nitqdə işlətmək qabiliyyəti. Bunlara uyğun olaraq qeyri-fəal və fəal nitqin inkişafı metodikası qurulmalıdır.
Şifahi nitqə aşağıdakı tələblər verilir:
Zənginlik, məzmunluluq, məntiqi ardıcıllıq, düzgünlük, aydınlıq, dəqiqlik, ifadəlilik, təmizlik.
Zənginlik – fəal lüğətdə çox sözün olmasını tələb edir. Bu olmadan eyni fikri müxtəlif formada, təkrarsız ifadə etmək olmaz. Nitq yeknəsək, kasıb və sönük olar.
Məzmunluluq – haqqında söhbət gedən əşya, hadisə obyekti yaxşı tanımağı tələb edir.
Məntiqi ardıcıllıq – Məlumat vermə, nağıletmə, təsəvvüretmə prosesində mahiyyət etibarı ilə mühüm epizodu buraxmaq, hadisənin inkişaf dinamikasını nəzərə almamaq, səbəb-nəticə əlaqəsini gözləyə bilməmək, ağıllı mühakimə yürütməyi, düzgün nəticəyə gəlməyi bacarmamaq, məntiqi ardıcıllığı pozmaq deməkdir.
Düzgünlük – şifahi nitq qrammatik cəhətdən düzgün olmalı, xüsusi ilə cümlənin konstuksiyasına üstünlük verilməlidir.
Aydınlıq – şifahi nitq onu dinləyənlərin səviyyəsinə uyğun olmalıdır.
Dəqiqlik – əşya və hadisə haqqında deyilənlər, gətirilən faktlar həqiqətə uyğun və dəqiq olmalıdır.
İfadəlilik – fikrin parlaq, obrazlı, ifadəli olmasını tələb edir. Elə sözlər, ifadələr işlənməlidir ki, yığcam, lakonik nitqlə dinləyiciyə təsir göstərmək mümkün olsun. İfadəlilik həm də nitqin gözəl, canlı, estetik təsir qüvvəsinə malik olmasını tələb edir.
Təmizlik – Nitqin təmizliyini, başqa dillərdən götürülmüş yersiz sözlər işlətməməyi tələb edir.
Hər bir kəs gözəl nitq mədəniyyətinə sahib olmaq üçün öz üzərində çalışmalıdır. Bu baxımdan, kiçik yaşlarda olan uşaqların və məktəblilərin nitqinin inkişafında valideynlərin və müəllim-pedaqoqların rolu vacib əhəmiyyət kəsb edir.
YAZAR: Gülnar Nəzirli
- ← Nitq və uşaqlarda nitq inkişafı
- Psixologiya və tədqiqat →
Comments are closed, but trackbacks and pingbacks are open.