Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalı
Salam! Salam-əleyküm! Əleyküm-salam! Xoş gördük! Gün aydın! Sabahınız xeyir! Axşamınız xeyir! Xoş gəlmişsiniz!
Philologist
Nitqin etik məsələləri nəzakətli davranış qaydalarına və etik normalara düzgün riayət edilməsini tələb edir. Etika müəyyən cəmiyyət daxilində insanların bir-birinə münasibətini tənzimləyən, nəzakətli danışıq və əxlaq normalarını özündə ehtiva edir. Nəzakətli rəftar, hərəkət, davranış milli mənəviyyat və mədəniyyətimizin başlıca, əsas komponentlərindən sayılır. Nitqin mədəni səciyyə və keyfiyyətlərinə yiyələnmədən, etik-mədəni ünsiyyət prosesində iştirak etmək qeyri-mümkündür. İstər yazılı, istərsə də şifahi nitq bacarıqlarından məhrum yaxud onlara istənilən səviyyədə yiyələnməyən insan ünsiyyətdən kənar qalır. Ünsiyyət isə insanların mənəvi tələbatıdır və bu tələbatın ödənməməsi əsəb pozuntularına və daha ciddi xəstəliklərə səbəb olur. Ünsiyyət müxtəlif vasitələrlə həyata keçirilir. Jestika, mimika və nitq ünsiyyətin qurulmasında daha geniş istifadə olunan vasitələr hesab olunur. Bildiyimiz kimi, dilin başlıca funksiyası onun əsas ünsiyyət vasitəsi olması, ünsiyyətə xidmət etməsidir. Ünsiyyət vasitəsilə insan yaşadığı cəmiyyətdə özünün daşıdığı ictimai vəzifə və sosial funksiyasını yerinə yetirir, zəruri rəftar və davranış normalarına yiyələnir. Bu prosesdə insan həm də özünənəzarət və idarəetmə funksiyalarını həyata keçirir. Ünsiyyət anlayışı etiketdən daha genişdir. Etiket hər zaman ünsiyyət prosesində həyata keçsə də, hər ünsiyyət etiket ola bilmir. Çünki etik normaları bilmək heç də ona hər zaman əməl etmək demək deyil. Bəzən insan şüurlu şəkildə etik normanı poza bilir.
Etiket qaydaları cəmiyyətdə insanların bir-birinə hörmət və ehtiramını, sevgi və rəğbətini göstərən mühüm amillərdəndir. Etiket qaydalarının tətbiqində cəmiyyətdə mövcud davranış və danışıq stereotipləri nəzərə alınmalıdır. Məhz etiket qaydalarının şifahi və yazılı nitqdə gözlənilməsi müəyyən məqsədli nitqin səmərəliliyini və düzgün ifadə qabiliyyətini səciyyələndirir. Nitqdə riayət edilməsi vacib hesab edilən etiket qaydalarına yerində və zamanında məqsədəuyğun şəkildə istifadə edilməsi üçün insana kiçik yaşlarından davranış və nitq bacarıqları aşılanmalıdır. Gündəlik həyat təcrübəsində bu bacarıqlar vərdiş halını alıb, istənilən situasiyada tətbiqi nəzərdə saxlanmalıdır. Etik davranış, etik nitq ictimai davranış-danışıq normaları ilə tənzimlənir. Bu istiqamətdə dövlət səviyyəsində bir sıra əməli tədbirlər həyata keçirilir. Məsələn, “Baku-Bus” sərnişin marşurtlarında etik normalara riayət olunması tövsiyə edilir və “avtobusa daxil olarkən yaşlılara, əlillərə, körpələrə, hamilə qadınlara yer verin və ehtiyac yaranarsa onlara nəzakətlə köməklik göstərin. Avtobusa etik davranış qaydalarına əməl etmək lazımdır. Digər sərnişinləri narahat edəcək əşyalarla avtobusa daxil olmaq qadağandır” şəklində nitq səsləndirilir. Yaxud ictimai nəqliyyat olan metrolarda da etik davranışın təmin edilməsi məqsədilə nitq verilir. Ayrı-ayrı qatar vaqonlarında stansiyaların birindən digərinə keçid ilə bağlı məlumat verildikdən sonra “əlillərə, qocalara, hamilə qadınlara yer verin” formasında nitq səsləndirilir. Beləliklə, ictimai nəqliyyatda da təbliği geniş yer alan etik qaydaların şagirdlərə onların mənimsədilməsi istiqamətində işin aparılmasını zəruri edir. İctimai yerlərdə, müəyyən cəmiyyət daxilində, kollektivdə və ya ailədə insanın özünü necə aparması, kimə necə müraciət etmək qaydaları etiket qaydalarına daxil edilir. Etiket qaydaları daxilində danışıq etikası xüsusi rola malik olub, bir sistem təşkil edərək məxsusi normalara malikdir. Səmimi və mədəni ünsiyyətin yaradılmasında danışıq etikasının gözlənilməsi olduqca əhəmiyyətlidir. Danışıq etikası bir sıra tərkib komponentlərindən ibarətdir: 1) müraciət qaydaları; 2) şad və ya bəd xəbərləri çatdırma qaydaları; 3) dinləmə qaydaları; 4) söhbətə qoşulma; 5) verilən suallara mədəni cavab qaydaları; 6) mimika və jestlərdən məqamında düzgün istifadə etmə qaydaları. Danışıq etikasına istər şifahi, istərsə də yazılı nitqdə riayət edilməsində nitq etiketlərindən düzgün və səmərəli istifadə gərəkdir.
Nitq etiketi cəmiyyət tərəfindən müəyyən edilmiş, müxtəlif nitq situasiyalarında istifadə olunan, insanlar arasında mədəni ünsiyyət və nitq davranışını tənzimləyən etik qaydalar sistemini ehtiva edən nitq formullarıdır. Onlar nitq daşıyıcısının davranış norma və qaydalarını ehtiva etməklə, etik davranış mədəniyyətini formalaşdırır. Bundan başqa, insanların verbal və qeyri-verbal davranışını müəyyənləşdirməklə insanların bir-birinə olan münasibətinin təzahürüdür. Verbal ünsiyyət kommunikasiya vasitələrinin – dilin, söz və ifadələrin köməyi ilə yaradılır. Qeyri-verbal ünsiyyət isə mimika, jestika, pantomimika, işarələr sistemi ilə qurulur. Nitq etiketlərindən müxtəlif ünsiyyət situasiyalarında geniş istifadə olunur. Mədəni nitq etiketində situasiya əsas meyardır, dialoqun hansı istiqamətdə getməsi, mədəni ünsiyyətin məramının açılması situasiyadan bilavasitə asılıdır. Nitq etiketi formalarından istifadə situasiya tipləri ilə əlaqədar olaraq müəyyənləşir. Situasiya tipləri rəsmi, qeyri-rəsmi, yarırəsmi məqamlarda mövcud olur və onlara tanışlığın dərəcəsi, söhbət iştirakçılarının sosial statusu, təhsili, söhbət iştirakçıların sayı da təsirini göstərir. Məhz etiket situasiyaların düzgün qiymətləndirilib həmin situasiya üçün düzgün, norma hesab edilən ifadələrin seçilməsini tələb edir. Məlumdur ki, ünsiyyət müraciətlə başlanır. Azərbaycan dilində xalqımızın milli təfəkkürünə, əxlaqi-etik dəyərlərinə müvafiq müraciət formaları mövcuddur. Cəmiyyətin müxtəlif təbəqələrinin bir-birinə – kişinin qadına, qadının kişiyə, böyüyün kiçiyə, kiçiyin böyüyə, tabeliyində işləyənin rəhbərə, rəhbər şəxsin işçilərinə dair məxsusi müraciət formaları vardır. Müraciət formalarının asılı olduğu bir sıra xüsusiyyətlərə diqqət yetirilməlidir: danışan ilə adresat arasındakı tanışlıq dərəcəsi, onlar arasında qohumluğun mövcudluğu yaxud qeyri-mövcudluğu, danışanın yaşı ilə adresatın yaşının nisbəti, adresatın ictimai mövqeyi və tutduğu vəzifəsi, peşə və məşğuliyyəti, mövcud situasiyada müraciət edənin funksiya və məqsədi.
Nitq etiketləri cəmiyyətdə insanlar arasında sağlam münasibətin tənzimlənməsində böyük əhəmiyyət kəsb edir. Bu və ya digər situasiyalarda nitqin səlis, məqsədəuyğun qurulmasında hər situasiyaya müvafiq söz və ifadələrdən lazımınca və məqsədli surətdə istifadə insanlar arasında anlaşıqlı dialoqun qurulmasını təmin edir. Müxtəlif nitq-ünsiyyət prosesində işlədilən nitq etiketləri aşağıdakı etik söz və ifadələrdən ibarətdir. Salamlaşma situasiyasında bu nitq etiketlərindən istifadə edilir: “Salam” yaxud “Salaməleyküm” deyər, günün hansı çağında qarşılaşdıqlarından asılı olaraq, “Sabahın (sabahınız) xeyir!”, “Günortanız xeyir!”, “Axşamınız xeyir!” ifadələrindən birini işlədər, müsahibi isə öz növbəsində, “Hər vaxtın xeyir!”, “Aqibətin xeyir!” ifadələrindən biri ilə qarşılıq verər. Vidalaşma situasiyasında işlədilən nitq etiketləri: “Xudahafiz!”, “Sağlıqla qalın!”, “Salamat qalın!”, “Sağ olun!”, “Görüşənədək!”, “Görüşərik!”, “Sabaha qədər!”, “Həmişə şadlığa gələk!”, “Sizə də əziyyət verdik!”, “Yolunuzu tez-tez buradan salın!”, “Hər zaman qapımız üzünüzə açıqdır”, “Bizi tez-tez yad edin!”, “Allah yolunuzu açıq eləsin!”, “Yenə gözləyirik!”. Qarşılaşma məqamında: “Xoş gördük!”, “Nə gözəl təsadüf!”, “Həmişə siz gələsiniz!”, “Lap vaxtında gəlmisiniz!”, “Buyurun, buyurun!”, “Buyurun, əyləşin!”, “Keçin içəri!”, “Gəlişinizə şadıq!”, “Lap vaxtında gəlmişsiniz!”, “Uzun zamandır sizi gözləyirdik!”, “Nə yaxşı edib gəlmisiniz!”, “Qədəmləriniz var olsun!”, “Sizi görməkdən məmnunuq!” kimi xoş təəssürat yaradacaq etik ifadələrdən istifadə olunması mühüm cəhətlərdəndir. Hal-əhval tutma situasiyalarında nəzakətli söz və ifadələrdən istifadə tanış yaxud tanış olmayan kimsə ilə səmimi münasibət yaratmaq və şirin söhbət aparmaq məqsədilə “Necəsiniz?”, “Əhvalınız necədir?”, “Özünüzü necə hiss edirsiniz?”, “Necə dolanırsınız?”, “İşləriniz necədir?”, “Xanımınız necədir?” tipli ifadələrlə həmsöhbəti ilə soraqlaşmaq olar. Xahiş, rica məqamlarında: “Xahiş edirəm”, “Mümkünsə”, “Zəhmət olmasa”, “Mənə kömək edə bilərsiniz?”, “Kömək əlinizi məndən əsirgəməyin!”, “Bu məsələdə mənə yardımçı olsanız sevinərdim”, “Xahiş edirəm məni qəbulunuza yazasınız”, “Xahiş edirəm, ərizəmi qəbul edəsiniz”. Kömək əli uzatmaq, yardım etmək, qulluğunda olmaq məqsədilə danışan digərinə “Sizə necə kömək etmək olar?”, “Köməyə ehtiyacınız varmı?”, “İcazə verin, kömək edim”, “Nə buyurursunuz?”, “Mənim köməyim dəyə bilər?”, “Sizi narahat edən nədir?”, “Məndən istədiyin qulluğun?” nitq yarlıqları ilə müraciət edə bilər. İcrası bu və ya digər səbəbdən mümkün olmayan işin, məsələnin müqabilində şəxs “Sizə zəhmət verdim!”, “Əziyyət çəkdiniz!”, “Daha nə etmək olar?!”, “Siz bacardığınızı etdiniz!” ifadələri ilə iş görənin zəhmətini qiymətləndirib, öz məmnuniyyətini bildirə bilər. Dəvətlə bağlı işlədilən nitq etiketləri: “Sabahkı tədbirə hamınız dəvətlisiniz!”, “18.10.2017-ci il tarixdə keçiriləcək xalq yazıçısı Anar Rzayev haqqında yazılmış kitabın təqdimatına hər kəs dəvət olunur!”, “Dəvət olunur: AYB-nin kollektivi, şair və yazıçılar!”. Üzr istəmə situasiyasında işlədilən nitq etiketləri: “Bağışlayın”, “Üzr istəyirəm”, “Narahat etdiyimə görə üzrlü sayın!”, “Sizə zəhmət verdim”. Şad gün münasibəti ilə insanları təbrik etmək, xoş niyyət və arzularını sözün məna imkanları daxilində çatdırmaq arzu, təbrik etiketlərinin köməyilə reallaşır. Arzu (alqış), təbrik etiketləri: “İşiniz avand olsun!”, “Gözünüz aydın olsun!”, “Allah işinizə fərəc versin!”, “Həmişə şənlikdə!”, “Əlin-qolun var olsun!”, “Allah sizə yar olsun!”, “Min budaq olun!”, “Başın var olsun!” “Allah səni bəd-nəzərdən, bəd nəfsdən saxlasın!”, “Xeyirli olsun!”, “Bərəkətli olsun!”, “Bəhrəsini görəsiniz!”, “Uğurlu olsun!”, “Ad günün mübarək!”, “Qurban bayramınızı təbrik edirəm!”, “Uğurların davamlı olsun!”. Alqış bildirən nitq etiketləri: “Halal olsun!”, “Zəhmətin alqışa layiqdir”, “Uğurlu iş ortaya gətirmisən!”, “Əhsən!”, “Afərin!”, “Əllərin dərd görməsin!”, insanın daxili və zahiri keyfiyyətlərinə əsasən işlədilən: “Sənin kimi övlada halal olsun”, “Çalışqan tələbədir”, “Üzündən tərbiyə yağır, hiss olunur ki, yaxşı ailə tərbiyəsi alıb”, əzizləmə məqsədli etik ifadələr: “Başına dönüm!”, “Qurbanın olum!”, “Canım qurban!” , “Baş üstə!”, “Göz üstə yerin var!”, “Xala qurban!”, “Gözəlim!”, “Sonam!”, “Əzizim!”, “Quzum!”. Təşəkkür bildirən nitq etiketləri: “Təşəkkür edirəm!”, “Minnətdaram!”, “Allah sizdən razı olsun!”, “Çox sağ ol!” (Çox sağ olun!), “Diqqətinizə görə minnətdaram!”, “Qulluğunuzda olum! (Qulluğunuzda olaq!)”, “Allah səni (sizi) bizə çox görməsin!”. İntizama dəvət etmə: “Sizdən bu hərəkəti gözləməzdim”, “Bu cür (belə) hərəkət sizə yaraşmır!”, “Siz adınıza layiq hərəkət etmirsiniz!”, “Danışığınıza fikir verin!”, “Nəzakətli olun!”, “Səsinizi yüksəltməyin!”, “Bir qədər səmimi olun!”, “Səhvinizi etiraf edin!”, “Çalışın, bir az nəzakətli olasınız ki, başqaları sizdən ibrət götürsün!”, “Mənə elə gəlir ki, siz səhv edirsiniz!”, “Özünüzü ələ alın!”, “Emosiyalarınıza hakim olun!”, “Sizin belə danışmağa haqqınız çatmır!”, “Səhvinizi etiraf etməkdən çəkinməyin!” kimi nitq etiketlərindən istifadə bu zaman yararlıdır. Xəstə yanına getmə, xəstələrə baş çəkmə situasiyalarında: “Allah şəfa versin!”, “Yastığınız yüngül osun!”, “Allaha şükür, indi yaxşısınız!”, “Sizi daha yaxşı gördüm!”, “Belə görürəm, siz tezliklə sağalacaqsınız!”, “Həmişəki kimi gümrahsınız!”, “Gözümə yaxşı dəyirsiniz, belə getsə iki-üç günə qalmaz ayağa qalxarsınız!” və s. ; Sualvermə, söhbətəqoşulma situasiyalarında: “İcazənizlə, fikrimi bildirim”, “Mənə söz verdiyiniz üçün minnətdaram!”, “Bağışlayın, müdaxilə edirəm”, “Üzr istəyirəm, sual vermək olar?”, “Mane olduğum üçün dəfələrlə üzr istəyirəm”. Bir məsələyə aydınlıq gətirmək, müsahibi söhbətə cəlb etmək məqsədilə işlədilən ifadələrə misal olaraq: “Deyə bilərsiniz ki”, “Zəhmət olmasa, deyin görüm”, “Zəhmət olmasa, başa salın”, “Sizin fikriniz necədir?”, “Bir məsələyə aydınlıq gətirməyinizi istərdim”. Söhbət, məruzə və s. adresatı qənaətləndirmirsə, danışana müəyyən ifadələrlə müraciət edib, niyyətini bildirə bilər: “Fikriniz aydın olmadı, xahiş edirəm, bir də təkrarlayın”, “Zəhmət olmasa, nümunə göstərin”, “Sizin şəxsi münasibətiniz necədir?, “Siz belə fikirləşmirsiniz ki?”. Deyilənlərlə razılaşmaq, mübahisədən qaçma və imtina situasiyasında: “Razıyam”, “Etiraz etmirəm!”, “Tamamilə razıyam”, “Fikrinizə şərikəm”, “Bu məsələdə sizinlə həmfikirəm”, “Bu məsələ barədə danışmaq istəmirəm”, “Məsələ mənə tamamilə aydındır”, “Sizin fikrinizə şərikəm”, “Hər şey aydındır”, “Bu barədə söhbət açmağa gərək duymuram”, “Daha bu məsələni uzatmaq istəmirəm”, “Məsələ mənə tam aydındır”. Etiraz etmək, razılıq verməmək kimi hallarda: “Etirazımı bildirirəm”, “Bu, məni təmin etmir” “Etiraz edirəm”, “Bu mənim xoşuma gəlmir”, “Sizin fikrinizlə şərik deyiləm”, “Mən başqa cür düşünürəm”, “Bağışlayın, sizin kimi düşünmürəm”, “Bu məsələdə sizinlə razılaşa bilmirəm”. Cavabvermə məqamında: “Lütfən, buyurun!”, “Sizə məmnuniyyətlə cavab verməyə hazıram”, “Buyurun, eşidirəm”. Sualı eşidən kəsin məsələ barədə məlumatı yoxdur və ya azdırsa, o zaman: “Bağışlayın, bu barədə məlumatım azdır”, “Bu dəqiqə öyrənib məlumat verərəm” dəqiqləşməyə ehtiyac duyulduqda: “Bir dəqiqə gözləyin, dəqiqləşdirim”, “İndi dəqiqləşdirib məlumat verərəm” tipli nitq vahidlərindən biri ilə cavab vermək olar. Məruzə, çıxış zamanı verilən sualları qəbul edərkən: “Sualınız mənə aydındır”, “Çalışaram bu məsələ aydınlıq gətirəm”, “Sualınıza görə təşəkkür edirəm, bu məsələ ilə məruzəmdə ətraflı danışacağam” ifadələrindən birini seçib istifadə etməklə sualı qəbul etməli və müvafiq cavabı verməlidir. Cavabın sual verən üçün qənaətbəxş, aydın olub-olmadığını öyrənmək məqsədilə “Razı qaldınızmı?”, “Cavabda qaranlıq qalan bir şey qaldımı?”, “Cavab sizi qane etdimi?”, “Deyilənlərə etirazınız yoxdur ki?” tipli etik ifadələrdən istifadə etmək olar. Şad xəbərlərin verilmə situasiyasında: “Sənə əla xəbərim var”, “Muştuluğumu ver, deyim”, “Bir xəbərim var ki, duysan uçmağa qanad axtaracaqsan” kimi nitq etiketlərindən istifadə etmək informasiya verənin məqsədini düzgün şəkildə ifadə etməsinə kömək edəcəkdir. Bəd xəbərlərin çatdırılması situasiyasında: “Narahat olma, hər şey düzələcək”, “Sən qoçaqsan, hər şeyi yoluna qoyacaqsan”, “Dərd etmə” kimi təsirli, ruhlandırıcı və insana mənəvi “güc” verən ifadələrə müraciət olunmalıdır. Adamlar birisinə çox yaxını, əzizi barədə pis xəbər verərkən olduqca həssas yanaşılmalıdır. “Özündə deyil”, “Vəziyyəti ağırdır”, “Huşunu itirib”, “Hələ özünə gəlməyib”, “Halı yaxşı deyil” qəbildən olan nitq yarlıqlarından istifadə edilməsi məqsədəuyğundur. “Bəd xəbərlərin münasib formada başqasına çatdırılması insanlara qayğıdır, mərhəmətdir”(1, 92). Rəy, münasibət bildirmə situasiyalarında: “İşiniz olduqca uğurlu alınıb”, “Əhsən”, “Mən bu cür gözəl işin ortaya çıxacağını gözləmirdim”, “Məsələ ilə bağlı qeyd etdiyiniz nüanslar olduqca doğrudur”, “Bu, çox dəqiq, düzgün vurğulanmış məsələdir”. Danışan isə öz növbəsində, “Fikrinizi bildirdiyiniz üçün təşəkkür edirəm”, “Rəyiniz mənim üçün olduqca önəmlidir”, “Rəyinizə görə çox sağ olun”, “Sizdən bu cür xoş sözlər eşitməyi özümə şərəf hesab edirəm”, “Sizin münasibətinizi bilmək mənə görə çox vacib idi, minnətdaram”. Təskinlik etmək, razı salmaq məqamında: “Əsəbləşməyin!”, “Darıxmayın!”, “Səbrli olun!”, “Narahat olmayın, hər şey yaxşı olacaq!”, “O qədər çətinliyin öhdəsindən gəlmisiniz,inanıram ki, bunu da tezliklə həll edəcəksiniz”, “Bir qədər səbrli olun!”, “Nə etmək olar axı?!”, “Özünüzü darıxdırmayın!”, “Mən sizə inanıram!”, “Bir qədər ətraflı düşünün!”, “Sakitləşin!”. Məsləhət vermə situasiyasında: “Bu, sizin xeyrinizədir”, “Bunları nəzərə alsan, əminəm ki, böyük uğur qazanacaqsan!”, “Bu məsələnin həllində dediyim amilləri nəzərə alsanız, çatışmazlıqları asanlıqla aradan qaldıra bilərsiniz!”, “Məhz bu, sizə başucalığı gətirəcəkdir”. Məsləhətin qəbul edilməsi situasiyasında: “Məsləhətiniz üçün təşəkkür edirəm!”, “Düşünürəm ki, bunlar mənim xeyrimə olacaq!”, “Dəyərli məsləhətinizə görə minnətdaram!”, “Çalışacağam ki, dediklərinizə əməl edim”, “Bu faydalı məsləhətinizi heç vaxt unutmaram!”, “Bu məsləhət mənə çox lazımlı olacaq!” nitq etiketlərindən yararlanmaq olar.
Ədəbiyyat:
1. Abdullayev N. Nitq mədəniyyətinin əsasları. Bakı, 2013
2. AMEA Nəsimi adına Dilçilik İnstitutu. Azərbaycan dilində nitq etiketləri (məqalələr toplusu). Bakı, , 2016
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalı
Sayt 2012-ci il fevral ayının 14-də Bakı şəhərində gerçəkləşdirilən “Çağdaş Azərbaycan ədəbiyyatının inkişafına dəstək” layihəsi çərçivəsində istifadəyə verilib. E-mail:edebiyyat-az.com@mail.ru Əlaqə telefonu: 051 785 44 33; 070 815 12 96 Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri
Təhminə VƏLİYEVA.”Nitq etiketlərinin nəzəri və metodik məsələlərinə həsr olunmuş məqalə silsiləsindən: 8. “Baybörə oğlu Bamsı Beyrəyin boyu”nun dilində işlənən nitq etiketləri”
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin kiçik elmi işçisi,
Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin (gundelik.info) və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) “Publisistika” şöbəsinin redaktoru.
“KİTABİ-DƏDƏ QORQUD” DASTANININ “BAYBÖRƏ OĞLI BAMSI BEYRƏYİN BOYU”NUN DİLİNDƏ İŞLƏNƏN NİTQ ETİKETLƏRİ
Keywords: Kitabi-Dada Qorqud, speech etiquette, Beyrak, thinking of people, morally values.
Azərbaycan dilinin ən zəngin dil materiallarını özündə ehtiva edən “Kitabi-Dədə Qorqud” yazılı abidəsinin dilində xalqın etnik təfəkkürü, əxlaqi-etik dəyərlərinin dildə ifadəsi olan nitq etiketlərinə kifayət qədər çox rast gəlinir. Qədim oğuz türklərinin məişət həyatı, etnik düşüncəsi ilə bağlı işlədilən nitq etiketlərinin bu və ya digər situasiyaya müvafiq olaraq müxtəlif formalarından istifadə özünü göstərir. “Kitabi-Dədə Qorqud” abidəsinin dilində işlənmiş nitq etiketləri müxtəlif aspektdən tədqiqata cəlb olunmuş, sistemli şəkildə tədqiq edilmişdir. Hətta professor N.Cəfərov abidənin dilində yer alan müraciət etiketləri ilə bağlı fundamental surətdə tədqiqat aparmış və ayrıca kitab şəklində – “Xanım, hey!” monoqrafiyasını ərsəyə gətirmişdir. Professor Əzizxan Tanrıverdi “Dədə Qorqud kitabı”nın dil möcüzəsi” adlı monoqrafik əsərində daha az tədqiq edilmiş ayrılma etiketlərinə dair ayrıca fəsil vermiş, onları təsnif etmişdir.
“Kitabi-Dədə Qorqud” abidəsinin “Baybörə oğlu Bamsı Beyrəyin boyu” öz poetik tutumu və özündə zəngin dil materiallarını ehtiva etməsi ilə xüsusi fərqlənərək istər folklor, ədəbiyyatşünaslıq və istərsə də dilçilik, dil tarixi aspekti üzrə tədqiqatların aparılması üçün zəmin yaradır. Boyda müxtəlif situaiv məqam və hadisələrin gedişatı ilə bağlı işlədilən nitq etiketləri qədim oğuz türklərinin milli-etnik düşüncəsi və əxlaqi-etik dəyərlərinin dildə ifadəsidir. “Baybörə oğlı Bamsı Beyrəyin boyu”nda müraciət, alqış, qarğış, təbrik münasibətiləvə ayrılma, sözvermə, andiçmə, qarşılaşma məqamlarında işlədilənnitq etiketləri diqqəti cəlb edir. Boyda işlənən nitq etiketlərinin qruplaşdırılaraq verilməsi onların boyda işlənmə vəziyyətini müəyyənləşdirməyə imkan verir. “Baybörə oğlı Bamsı Beyrəyin boyu”nda işlənən xoş arzunun bildirilməsi münasibəti ilə işlədilən nitq etiketlərində xalqın arzu və istəyi ifadə olunur. “Kitabi-Dədə Qorqud” abidəsinin “Baybörə oğlı Bamsı Beyrəyin boyu”nun dilində işlədilən alqış etiketlərində bu xoş arzu və niyyət əksini tapır.
“Böylə digəc Qalın Oğuz bəgləri yüz gögə tutdılar. Əl qaldırıb, dua eylədilər. “Allah-Taala sana bir oğul versün!”- dedilər.
Ol zamanda bəglərin alqışı alqış, qarğışı qarğış idi. Baybican bəg dəxi yerindən uru durdı, aydır:
“Bəglər, mənim dəxi haqqıma bir dua eylən. Allah Taala man ada bir qız verə”. Qalın Oğuz bəgləri əl qaldırdılar, dua eylədilər: “Allah Taala sənə də bir qız verə”- dedilər” (4, 52).
Baybörə bəg Qalın Oğuz bəglərini çağırdı, qonaqladı. Dədəm Qorqut gəldi, oğlana ad qoydu. Aydır:
Allah Taala sana bir oğul vermiş, tuta versün!
Ağır sancaq götürəndə müsəlmanlar arxası olsun!
Qarşu yatan qara qarlu dağlardan aşar olsa,
Allah Taala sənin oğluna aşut versün!
Qanlu-qanlu sulardan keçər olsa, keçit versün!
Qalabalıq kafirə girəndə
Allah Taala sənin oğluna fürsət versün!
Qalın Oğuz bəgləri əl götürüb dua qıldılar: “Bu ad bu yigidə qutlu olsun!”- dedilər (4, 55).
“Dügün qanlu olsun, xan qızı!” deyü barmağından altın yüzügi çıqardı, qızın parmağına keçürdi.Ortamızda bu, nişan olsun, xan qızı! – dedi (4,57)” – cümləsində həm müraciət- “Xan qızı”, həm də alqış bildirən – “Dügün qanlu olsun!” nitq etiketləri işlənmişdir.
Bundan başqa, “Yüziniz ağ olsun!”, “Ağanuzun ətməgi sizə halal olsun!”, “Əlün var olsun!” kimi alqış etiketləri və “Əlün qurısun, parmaqların çürisün, hey, donuz oğlı donuz,- derdi, göygülərə qurban ol!”, “Çalırsan, əlün qurısun!” kimi qarğış bildirən ifadələr yer alır: Beyrək aydır: “Mərə, yüziniz ağ olsun! Ağanuzun ətməgi sizə halal olsun!”- dedi.Qaçan kim Budağ atsa, Beyrək “Əlün var olsun!” dedi. Göygü atsa, “Əlün qurısun, parmaqların çürisün, hey, donuz oğlı donuz,- derdi, göygülərə qurban ol!” – derdi; Dədə Qorqut ayıtdı: “Çalırsan, əlün qurısun!”-dedi.
Xahiş, rica bildirən nitq etiketləri boyun dilində işlənən nitq etiketləri sırasındadır: Dədənin ayağuna düşdi: “Allah eşqinə məni qurtar!”- dedi; Böylə digəc Qazan bəg aydır: “Mərə, dəlü ozan! Məndən nə dilərsən? …”- dedi.
Boyun dilində sözvermə, andiçmə məqamı ilə bağlı olaraq işlədilən nitq etiketlərinin mövcudluğu da diqqəti cəlb edir: Baybican bəg aydır: “Bəglər, Allah Taala mana bir qız verəcək olursa, siz tanıq olun, mənim qızım Baybörə bəg oğlına beşikkərtmə yavıqlı olsun!”- dedi; Beyrək and içdi: “Qılıcıma doğranayın! Oxuma sancılayın! Yer kibi kərtiləyin, topraq kibi savrılayın! Sağlıqla varacaq olursam, Oğuza gəlüb, səni halallığa almaz isəm!”- dedi.
Vokativ səciyyəli müraciət bildirən nitq etiketləri boyun dilində müraciət olunanın daşıdığı keyfiyyəti və səciyyəsinə uyğun olaraq işlədilir. “Yigit” sözünün müraciət etiketi kimi boy qəhrəmanları tərəfindən işlədilməsi təsadüfi deyil. Öz igidliyi, şücaəti ilə ad qazanan el oğullarına “yigit” müraciətinin edilməsi tarixi ənənədir. “Yigit” sözü müraciət forması olaraq, “yigit”, “bəg yigit” şəklində əksini tapır: Bazirgan aydır: “Yigit, yigit, bəg yigit! Sən bənim ünüm anla, sözüm dinlə!”; Bazirganlar aydır: Bəg yigit, bizə sən ərlik işlədin. Gəl imdi bəgəndigin maldan al!- dedilər.
“Hey” müraciət forması boyun dilində geniş işləklik hüququ qazanmışdır. Bu müraciət şəklinin işlənmə vəziyyətinə baxaq: Banıçiçək aydır: “Hey, hey, dayələr, babam mana bən səni yüzi niqablu Begrəgə vermişəm”,- derdi; “Hey, bəg yigit, bizə dəxi bu keyikdən pay ver!” dedi; Beyrək qalqdı, ağlayu-ağlayu qırq yigidin yanına gəldi. Aydır: “Hey, mənim qırq yoldaşım!”; Dədə Qorqud: “Hey, oğul Qarçar, adama uş bögələk kibi bunludar…..”- dedi; Dəli Qarçar aydır: “Hay, Dədə Sultan, Tanrı bunun simüzin də alsın, aruğın da alsun! Haman qapıdan tışarı eylə, mədəd!”- dedi.
Titul, rütbə, vəzifə, təbəqələşməni ifadə edən müraciət etiketləri də “Baybörə oğlı Bamsı Beyrəyin boyu”nun dilində heç də az deyil. “Bəg oğlı bəg”, “sultanım”, “mərə dayələr”, “mərə ozan” tipli müraciət etiketlərinə əyani misaldır. Qız aydır: “Çün böylə oldı, həman imdi ilərü durmaq gərək, bəg oğlı”- dedi; Qızlar aydır: “Vallah, sultanım, bu yigit yüzi niqablı yaxşı yigitdir. Bəg oğlı bəg imiş”, – dedilər; Banıçiçək otaxdan baqırdı. “Mərə dayələr, bu qavat oğlı qavat bizə ərlikmi göstərir?”;
Yenə qız aydır:
Mərə ozan! Qarşu yatan qara dağdan
Aşub gəldigində-keçdigində
Beyrək aldı bir yigidə bulışmadınmı? (4, 68).
Ailə münasibəti, qohumluq əlaqələri ilə bağlı olaraq işlədilən müraciət etiketləri qədim oğuz türklərinin məişət həyatını, təfəkkürünü ortaya qoyan ifadələrdir. Bu qəbildən olan müraciət etiketlərində ata-oğul doğmalığından irəli gələn sevgi, el ağsaqqalına hörmət, gəlinə münasibətoğuz etnik, əxlaqi dəyərlərinin ifadəsi şəklində çıxış edir. Beyrək aydır: “Bəli, pəs, əvət, ağ saqallu əziz baba, mənim dəxi istədigüm oldur”, – dedi;
“Oğul! Dünlügi altun ban evimin qəbzəsi oğul!
Qaza bənzər qızımın-gəlinimin çiçəgi oğul!
Görər gözüm aydını oğul!
Tutar belüm qüvvəti oğul!
Qalın Oğuz imrəncəsi, canım oğul!”- deyübən
çoq ağladı,
Allahına şükrlər eylədi” (4, 76).
Atanın “Altun uca evinin qəbzəsi”, “qız-gəlinin çiçəyi”, “aydın görən gözü”, “tutan belinin qüvvəti” adlandırdığı oğluna müraciətində oğuz mentalitetindən irəli gələn münasibət bilavasitə əksini tapır və “Ata evin biləyi, oğul yıxılan evin dirəyidir” atalar sözü ilə birbaşa səsləşir.
“Dilün içün öləyin, gəlincigüm!
Yoluna qurban olayın, gəlincigüm!
Yalansa bu sözlərin, gerçək ola gəlincigüm!
Sağ-əsən çıqub gəlsə,
Qarşu yatan qara dağlar sana yaylaq olsun!
Sovuq-sovuq suları sana içət olsun!
Qulum-xəlayığım sana qırnaq olsun!
Şahbaz atlarım sana binət olsun!
Qatar-qatar dəvələrim sana yüklət olsun!
Ağayılda ağca qoyunum sana şülən olsun!
Altun aqçam sana xərclıq olsun!
Dünlügi altun ban evim sana kölgə olsun!
Qara başım qurban olsun sana, gəlincigüm!- dedi” (4, 75).
Beyrəyin nitqindən verilən nümunədə sevənin sevdiyinə arzu alqış etiketlərində ifadə olunmuş, “gəlincigüm” müraciət etiketi isə əzizləmə, oxşama məqsədilə işlədilmişdir.
Könül verib sevdiyinin ölüm xəbərini alan nişanlı qızın ah-naləsini bildirildiyi Banuçiçəyin nitqində bədbəxt hadisədən doğan təəssürat yer almış və ona qarşı sevgisi müraciət etiktlərində ifadəsini tapmışdır. Güz alması kibi yanağın yırtdı:
Vay, göz açub gördigim!
Könül verib sevdigim!
Vay, al duvağum iyəsi!
Vay, alnum-başım umudı,
xan Beyrək!- deyü ağladu (4, 62)
Bəy oğlu bəyə öz sədaqətini bildirən naibin dilində də ağasına sevgi və hörmətdən doğan münasibət alqış etiketindən istifadə ilə əks olunmuşdur. “Naibi qılınıcın sıyırdı, əlinə aldı. “Mənim başım Beyrəgin başına qurban olsun!”- dedi.
Salamlaşma, qarşılaşma məqamı ilə işlədilən “əleyk-əssalam” sözü oğuzların dini mənsubiyyətinə işarə edir, islam təfəkkürünün dildə ifadəsi kimi səslənir. “Dəli Qarçar ağzın köpükləndirdi. Dədə Qorqudun yüzinə baqdı. Aydır: “Əleyk-əssalam! Ay əməl azmış, feli dönmüş, qadir Allah ağ alnına qada yazmış!….”- dedi.”– cümləsində xoş münasibət yaratmayan müraciət etiketlərinə də rast gəlinir ki, bu da Dəli Qarçar mənfi xarakter səciyyəsindən irəli gəlir.
“Kitabi-Dədə Qorqud” abidəsinin dilində işlənən ayrılma məqamı ilə bağlı işlədilən nitq etiketlərinin təsnifatını verən prof. Ə.Tanrıverdi “Baybörə oğlı Bamsı Beyrəyin boyu”ndakı ayrılıq etiketlərinə də nəzər salımışdır.Yola salanların gördüyü işin təsviri və yola düşənin dilində ayrılma etiketinin işlənməsi: “…. Dədə Qorqudun sözi məqbul gəldi. Vardılar, bayındır xanın tövləsindən ol eki atı gətürdilər. Dədə Qorqut birin bindi, birin yetdi. “Yaranlar, sizi Haqqa ismarladım!”- dedi, getdi” (3, 97).
Yola düşənin heç nə demədən, vidalaşmayıb getməsi, yola salmalı olanların isə onun dalınca xoş sözlər söyləməsi: “Yigit barmağını ısırdı, aydır: Bunda minnətlə almaqdan isə, anda babam yanında minnətsiz almaq yegdir!”, – dedi; Yola salanın hədə-qorxu məzmunlu son cümləsinə görə yola düşənin heç nə demədən getməsi: “…Əgər bu dedigim nəsnələri gətürərsinüz, xoş, verdim. Əmma gətürmiyəcək olursan, bu qatla öldürmədim, ol vəqtin öldürərin!- dedi. Dədə döndi, Baybörə bəgin evlərinə getdi (3, 98).
Yola salan və yola düşənin dilində işlənmiş son cümlələrin ayrılma etiketləri funksiyasında çıxış etməsi: Qız aydır: “Çün böylə oldı, həman imdi ilərü turmaq gərək, bəg oğlı!- dedi. Beyrək dəxi: “Nola, xanım, baş üzərinə!” – dedi (3, 101).
“Baybörə oğlı Bamsı Beyrəyin boyu”nun sonunda Dədə Qorqudun dilindən yum verilir, el ağsaqqalı bu zaman alqış etiketlərindən istifadə edir: “Dədəm Qorqud gəldi, şadlıq çaldı. Boy boyladı, soy soyladı. Qazı ərənlər başına nə gəldigün söylədi. “Bu Oğuznamə Begrəgin olsun!”- dedi. Yum verəyin, xanım:
Yerlü qara dağların yıqılmasun!
Kölgəlicə qaba ağacın kəsilməsün!
Ağ saqallu baban yeri uçmaq olsun!
Ağ birçəkli anan yeri behişt olsun!
Oğulla qarındaşdan ayırmasun!
Axır vaqtında arı imandan ayırmasun!
“Amin! Amin! Deyənlər didar görsün!
Yığışdırsun, durışdırsun günahınızı
Adı görklü Məhəmməd Mustafa yüzi suyuna
bağışlasun, xanım, hey!…”(4, 77).
“Baybörə oğlı Bamsı Beyrəyin boyu”nun timsalında “Kitabi-Dədə Qorqud” abidəsinin dilində işlənən nitq etiketlərinə nəzər salınması onlara tarixilik və müasirlik aspektindən yanaşılmasına imkan yaradır.
Ədəbiyyat:
1. Abdullayev B. “Kitabi-DədəQorqud”da nitq etiketlərinin etnomifik poetikası. Bakı: Elm, 2007, 100 s.
2. Cəfərov N. Xanım, hey!. Bakı: 1999
3. Tanrıverdi Ə. “Dədə Qorqud kitabı”nın dil möcüzəsi. Bakı: “Nurlan”, 2008, 184 s.
4. “Kitabi-Dədə Qorqud” (əsil və sadələşdirilmiş mətnlər). Bakı: Öndər, 2004, 376 s.
5. “Kitabi-Dədə Qorqud” ensiklopediyası. 2 cilddə. II cild. Bakı:Yeni Nəşrlər Evi, 2000, 567 s.
Valiyeva Tahmina
A EPOS OF “KİTABİ-DADA QORQUD” İN THE LANGUAGE “BAYBORA OGLI BAMSI BEYRAK BOYU”S PROCESSED SPEECH ETİQUETES.
SUMMARY: Ethnic-national thinking of ancient oghuz turks have been used in epos language of “Kitabi-Dada Qorqud” different speech etiquettes. In “Baybora oglı Bamsı Beyrayin boyu” of epos was included on occasion of vocativation, congrulation, happines and in permission, oathing, meeting situations used speech etiquettes. “Baybora oglı Bamsı Beyrayin boyu” in the epos narrative language of “Kitabi-Dada Qorqud” have a look used speech etiquettes by historical and contemporarial aspects.
Son Yazılar
- Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrik
- 21 Mart-Novruz bayramıdı!
- 22 Mart-Xalq yazıçısı İsmayıl Şıxlının doğum günüdü
- 22 Mart-Xalq yazıçısı Mehdi Hüseynin doğum günüdü
- 21 Mart-Xalq şairi Səməd Vurğunun doğum günüdü
Nitq etiketləri
Hər bir xalqın öz milli təfəkkürünə, etnoqrafiyasına uyğun olaraq, müraciət, görüşmə, ayrılma, təbrik və s. formaları, ifadələri olur ki, onlara nitqetiketləri, yaxud nitqyarlıqları deyilir.
1) Müraciət etiketləri
Xanım! Cənab! Müəllim! Oğlum! Qızım! Əmi! Dayı! A bala! Qardaşoğlu! Bacıoğlu! Qardaş! Əzizim! Qadası! Dərdin alım! Başına dönüm!
Müsahib yaşca böyük olduqda, yaxud ortada tanışlıq olmadıqda ona “siz” deyə müraciət olunur.
Müraciət etiketləri iki yerə ayrılır:
- rəsmi müraciət: Cənab prezident! Vətəndaş hakim!
- qeyri-rəsmi müraciət: Oğlum! Qadan alım!
2) Görüşmə etiketləri
Salam! Salam-əleyküm! Əleyküm-salam! Xoş gördük! Gün aydın! Sabahınız xeyir! Axşamınız xeyir! Xoş gəlmişsiniz!
3) Ayrılma etiketləri
Xudahafiz! Əlvida! Salamat qalın! Sağ olun! Allah amanında! Gecəniz xeyrə qalsın! Xeyrə qənşər (qabaq, doğru) gedin! Uğur olsun! Yaxşı yol! Görüşənə qədər!
4) Təbrik etiketləri
Təbrik edirəm! Gözünüz aydın! Mübarəkdir!
Mübarək olsun! (hamısının cavabında: Sağ olun!)
5) Alqışlar
Allah sizə kömək olsun! Yastığınız yüngül olsun! Allah rəhmət eləsin! Görüm neylim, necə eliyim deməyəsiniz.
6) Qarğışlar
Allah öldürsün! Allah evini yıxsın! Gözün tökülsün.
7) Söyüşlər
Səni yerə soxum! Üzünə tüpürüm.
QEYD: Son illərə qədər fəal işlənən Yoldaş! Vətəndaş! müraciət formaları artıq qeyri-fəaldır. Halbuki son illərə qədər, demək olar ki, işlənməyən cənab sözü artıq geniş miqyasda yayılmışdır.
Müəllif: KAMRAN ƏLİYEV
Mənbə: AZƏRBAYCAN DİLİ, abituriyentlər üçün köməkçi vəsait, Bakı — «Elm» — 2011, ISBN 978-9952-453-30-0
Comments are closed, but trackbacks and pingbacks are open.