Press "Enter" to skip to content

Niyə belə deyilir

Bu gün çox acı bir xəbər eşitdim. Əvvəlcə inanmadım. Sənə zəng elədim. Telefonun çağırdığını eşidəndə bir azca ürəkləndim. Bax, indi telefonu qaldıracaqsan, həmişəki kimi «Hə, Vahid» — deyəcəksən. Sənin təmkinli səsini eşidib, gülə-gülə, — sənin haqqında danışılan xəbərdən xəbərin varmı, — deyə soracağam. Sonra da deyəcəm ki, narahat olma, uzun yaşayacaqsan. Amma heç kim telefonu qaldırmadı. Bir neçə dəfə zəng elədim. Uzuz-uzadı cavabsız çağrılar məni nigaran etdi. Axı sən belə iş tutmazdın. Əllərim əsə-əsə mesaj yazdım: — Hacı, necəsiniz?

Niyə belə deyirik?

Qədim türklər, o cümlədən Azərbaycan xalqı ilin fəsilləri, xüsusilə qış və baharla əlaqədar özünəməxsus mifik təsəvvürlərə, inanclara malik olublar. Ruhən baharla bağlı olan əcdadlarımız baharla qışı yeniliklə köhnəliyin, yaxşılıqla pisliyin, gözəlliklə xəbisliyin, isti ilə soyuğun mübarizə anı kimi xarakterizə ediblər. Təsadüfi deyildir ki, bütün bunlar qədim soydaşlarımızın Novruz inanclarında, ənənələrində geniş əksini tapıb. Əcdadlarımız tərəfindən soyuq qarlı qış “Kosa”, günəşli bahar isə bolluq, əminamanlıq rəmzi olan “Keçi” kimi təsəvvür edilib.

Əslində, təbiətin “kasıb vaxtı”, ərzaq, yanacaq, geyim, təsərrüfat problemləri ilə dolu olan qış fəsli xalqımız tərəfindən məmnunluq hissi ilə qarşılanmayıb, adamlarda narahatlıq, narazılıq doğurub. Açığı, “qarlı qış” onları həmişə darıxdırıb, hövsələsiz edib, səbirsizliklə yazın gəlişini gözləməyə, arzulamağa sövq edib:

Gün çıx, gün çıx,

Kəhər atı min çıx.

Keçəl qızı qoy evdə,

Saçlı qızı götür, gəl…

Bu səbəbdən də soydaşlarımız qış fəslinin 3 ayını hissələrə bölməklə öz arzularını gerçəkləşdirməyə can atıblar. Bu mənada, qış dövrü müxtəlif müddətləri əhatə edən Böyük Çilə, Kiçik Çilə və Boz Ay adları altında üç qismə ayrılıb.

Qeyd edək ki, Çilə (Cillə variantı da vardır) dilimizdə doğuşdan və ölümdən sonrakı 40 günün mənasını ifadə edir. Eyni zamanda qış fəslinin 2 ayını da bildirir. Bu söz həmçinin qışın başlanma nöqtəsini də əks etdirir.

Bunu da əlavə edək ki, Böyük Çilə, Kiçik Çilə və Boz Ay qış fəslinin başlandığı andan baharın gəlişinədək olan müddəti əhatə edir. Bu qədim ənənə xalq arasında bu gün də davam etdirilir. Maraqlı burasındadır ki, bu təqvim bölgüsü bilavasitə hicri-şəmsi tarixlə bağlıdır. 1920-ci ilə qədər Azərbaycanda bu tarixdən istifadə olunub. Həmin vaxtdan etibarən ölkəmizdə miladi tarix tətbiq olunmağa başlayıb. Həqiqətdə, 40 gündən ibarət Böyük Çilə, 20 gündən ibarət Kiçik Çilə və 1 aydan ibarət Boz Ay hicri-şəmsi tarixlə əlaqədardır. Boz Ay həmin tarixin cari ilinin sonuncu günündə başa çatır. Daha dəqiq desək, Boz Ay başa çatdıqdan sonra qarşıdan gələn ilin ilk günü qədəm qoyur. Hər il Novruz çərşənbələri adı ilə qeyd etdiyimiz günlər sözügedən təqvimin çərşənbə günlərinə təsadüf edir. Ona görə də ilin axır çərşənbəsi deyəndə, hicri-qəməri tarixin sonuncu ilinin sonuncu çərşənbəsini nəzərdə tutmalıyıq.

Odur ki, 40 günlük Böyük Çilə, 20 günlük Kiçik Çilə və 1 aylıq Boz Ay məhz həmin tarixə əsasən hesablanıb və dilimizdə eləcə də qalıb. İndiki dövrdə işlətdiyimiz bölgü üzrə Böyük Çilə müvafiq olaraq, miladi tarixin sonuncu ilinin dekabr ayının 20-dən yeni ilinin yanvar ayının 31-dək, Kiçik Çilə yanvar ayının 31-dən fevral ayının 20-dək, Boz Ay isə fevral ayının 20-dən mart ayının 20-dək olan dövrü əks etdirir. Həmin hesablamaya görə, 2022-ci ildə axırıncı çərşənbə (Yel çərşənbəsi) mart ayının 15-də, Novruz bayramı günü isə mart ayının 20-ə təsadüf edir.

Yeri gəlmişkən diqqətə çatdırmaq istərdik ki, bir vaxtlar qış mövsümünün yanacaq və digər problemindən irəli gələn, xalq arasında geniş istifadə olunan bir çox maraqlı deyimlər bu gün də işlənilməkdədir. Böyük Çilə Allahvermişdir, Kiçik Çilə özünü göstərir, Boz Ay qızaranda yazdandır, bozaranda qışdan, mart çıxdı, dərd çıxdı, martın hamısı, aprelin yarısı, bayramdan sonra 40 kötük yandırarlar və sair kimi misallar bu cəhətdən xüsusi önəm daşıyır.

Yəhya PAŞAZADƏ

Niyə belə deyilir?

Dünya və onun əşrəfi sayılan insan sözsüz çox kasıb görünərdi. Söz bu dünyaya və onun sakini insan oğluna işıq qədər gərəklidir. Hikmətli sözlər və obrazlı ifadələr isə bu dünyanın və insanın yaraşığıdır. Obrazlı və idiomatik ifadələr şifahi və yazılı nitqdə zəruri məqamlarda işlənilir. Bu sözlər nitqə fikir və düşüncə ilə yanaşı, xüsusi çalar, emosionallıq da gətirir. Müdrik kəlamlar dərin fəlsəfi mənaya, zəngin məzmuna malikdir. Obrazlı ifadələr, müdrik kəlamlar bədii təfəkkürün meyar və ifadə vasitəsidir. Bu ifadələr hansı zamanda yaranmasından və kim tərəfindən söylənilməsindən asılı olmayaraq həmişə öz dəyərini qoruyub saxlayıb. Zaman-zaman insanlar obrazlı ifadələrə, hikmətli sözlərə ciddi ehtiyac duymuşlar. Hətta 1864-cü ildə alman alimi Georq Buxman «Qanadlı sözlər» adında bir kitab da buraxmışdır. Həmin kitabda alman dilində işlənən məşhur obrazlı ifadələr toplanmışdı.

Müxtəlif xalqların dillərində fərqli səslənən və yazılan qanadlı ifadələr həmişə zamanın fövqündə dayanıb. Bu ifadələrin çoxu ilkin dövrlərdə məhəlli xarakterli olsa da, sonradan ümumbəşəri məhsula çevrilib.
Həmin ifadələrdən bir neçəsini oxuculara təqdim etmək istərdik. Onu da qeyd edək ki, obrazlı ifadələr və qanadlı sözlərin izahında Musa Adilovun «Niyə belə deyirik» («Gənclik» nəşriyyatı», 1973) kitabına istinad olunub.
Başına kül tökmək – dərd-bəlaya, bədbəxtliyə düçar olunanda işlədilir.
İfadəyə İncildə də rast gəlinir. Keçmişdə bir çox xalqlarda belə adət olub ki, özünün və başqasının dərdinə, bədbəxtliyinə şərik olmaq üçün insanlar başlarına kül ələyər, torpaq tökərmişlər. Elə «kül başına», «başıma nə kül töküm» ifadələri də belə yaranıb. Bu ifadə Firdövsinin «Şahnamə» və Homerin «İliada»sında da işlənilib.
«Şahnamə»də İrəncin ölüm xəbərini eşidən bütün qoşun əhli ağlayıb başına kül tökür. «İliada»da Patrokl öləndə onun yaxın dostu Axilles əllərini kül ilə doldurub başına tökür.

Bir günlük xəlifə

Bu ifadə daha çox qısa zaman ərzində hakimlik etmiş, müvəqqəti səlahiyyət sahibi olmuş şəxslər barədə işlənir. Əslində ifadənin maraqlı bir yaranma tarixi var. IX əsrdən etibarən Abbasi xəlifələri yalnız xüsusi qoşun qüvvələrinin silahlı müdaxiləsi ilə hakimiyyətə sahib olurdular. Həmin qoşun qüvvələri içərisində türklərdən təşkil olunmuş dəstələr xüsusilə seçilirdilər. IX əsrin ortalarından həmin silahlı dəstələrin komandirləri əslində qeyri-rəsmi hakimiyyətə sahib idilər. Onların silahlı müdaxiləsi ilə Abbasi xəlifələrindən olan İbn əl-Murtazın hakimiyyət müddəti bircə gün olmuşdur. İbn əl-Murtaz xəlifə Müqtədiri saray çevrilişi nəticəsində əvəz etmiş (17 dekabr 908-ci il) və elə həmin gün də digər bir çevriliş nəticəsində öldürülmüşdü.

Bu idiomatik ifadə ilə bağlı ikinci versiya da var. Xalq nağılında söylənilir ki, Bağdadda yaşayan Əbülhəsən adlı gəncə bir nəfər qonaq gəlir. Əbülhəsən ürəyindəki ən böyük arzunu qonağına söyləyir. Onun arzusu bir gün də olsa xəlifəlik etməkdir. Sən demə, Əbülhəsənin qonağı tacir paltarında gəzməyə çıxmış xəlifə Harun-ər-Rəşid imiş. Xəlifə Harun-ər-Rəşid Əbülhəsənin badəsinə yuxu dərmanı tökür. Əbülhəsən məst olub yuxuya dalır. Xəlifənin əmri ilə onu saraya aparırlar. Sarayda ona xəlifə kimi hörmət bəslənilir, əmrlərinə əməl olunur. Əbülhəsən xəlifə olduğuna inanır. Həmin gün o, xəlifəlik edir. Axşam yeməyi zamanı yenidən onun badəsinə yuxu dərmanı tökürlər. Yuxulamış Əbülhəsən bir də evində ayılır. Ancaq xəlifəliyinin yuxu, yoxsa həqiqət olduğunu ayırd edə bilmir.

Frazeoloji birləşmə hələ bizim eradan əvvəl işlədilib. IX əsrdə yaşamış böyük yunan şairi Homerin «İliada» və «Odisseya» əsərlərində dönə-dönə işlədilib. Hömerə görə, o sözlər «qanadlı sözlər» adlanır ki, həmin sözlər çox sürətlə danışanın ağzından çıxıb, dinləyənin qulağına çatır. Bu ifadə sonralar mənasını bir qədər də genişləndirmiş, filoloji termin kimi işlənilmişdir. Ədəbi-bədii və tarixi mənbələrdə hikmətli ifadələr «qanadlı sözlər» adlandırılmışdır. Azərbaycan ədəbiyyatında isə bu ifadəni ilk dəfə S.Vurğun işlətmişdir:
«Cəlal yaxşı bilir. kişi şairdir!
Qanadlı sözlər də ona dairdir. »
(«İnsan»)

Qum üzərində ev tikmək

İfadə əsassız, təməlsiz görülən bir işlə əlaqədar olaraq işlədilir. Bu ifadə Bibliyadakı hekayətdən qidalanır. Həmin hekayətdə söylənilir ki, ağıllı bir şəxs qumun üzərində ev tikibmiş. Az keçməmiş külək əsib, yağış yağmış, ev uçmuşdu.

Bu frazeoloji birləşmə çətin tapılan, mümkün olmayan şey mənasında işlənilir. İfadə haqqında müxtəlif fikirlər söylənilir. Məlumdur ki, quşun südü ola bilməz. Ancaq dildə belə ifadələr mövcuddur: «Quş südünəcən hər şey var». Nizami Gəncəvi Bərdənin vəsfində yazırdı: «İstəsən quş südü taparsan orda». Bu ifadə zənginliyi bildirir. İfadənin ən qədim variantı eramızdan əvvələ aiddir. İlk dəfə bu ifadə Petroniy (e.ə. 66-cı ildə vəfat etmişdir) tərəfindən işlədilmişdir.

Bu ifadənin əvəzinə zənciri, kəndiri kəsilmək də işlənir. İfadə, adətən, qarğış kimi işlədilir: «ipin qırılsın», «kəndirin kəsilsin», «Allah zəncirini kəssin». İnanca görə, hər kəsin həyatı və taleyi sirli ip (zəncir) ilə göylərə bağlıdır.
Mövhumi inam digər xalqlarda da olmuşdur. «Həyat ipi» ifadəsi bir sıra xalqlarda işlənilir. Bu ifadə qədim yunan əfsanəsi ilə ilişgilidir.
Yunan əfsanəsinə görə, insanların taleyini, həyatını ilahələr idarə edirlər. Bu ilahələr insanların həyatı üçün ip eşməklə (məcazi məna daşıyan «ipini eşmək» ifadəsi də buradan yaranıb) məşğuldurlar. İnsanların taleyini üç ilahə həll edir. Biri tale ipini eşib hazırlayır, ikincisi bu ipi taleyin çətinliklərindən keçirir, üçüncüsü ipi kəsməklə insan həyatına son qoyur. Bu qarı – ilahələrin mifik obrazı ədəbiyyatda kifayət qədər işıqlandırılıb.

İfadə mənasız, əhəmiyyətsiz iş və hadisə ilə əlaqədar olaraq işlənir. Bu deyimi ilk dəfə məşhur fransız mütəfəkkiri Monteskyö dilə gətirib. Monteskyö bu ifadəni San-Marino cırtdan respublikasında baş vermiş siyasi hərc-mərclik, qayda-qanunsuzluqla bağlı işlətmişdir.

Hər şey yaxşıya doğru. Şerlər və lirik lövhələr

Kitabda müəllifin son illərdə yazdığı şerlər və lirik lövhələr toplanmışdır. Əsərlər sadə xalq dilində yazılmışdır. Yaş məhdudiyyəti yoxdur.

Оглавление

  • Bu kitabı atam Valehin və anam Pərizadın xatırəsinə həsr edirəm

© Vahid Çəmənli, 2018

Создано в интеллектуальной издательской системе Ridero

Bu kitabı atam Valehin və anam Pərizadın xatırəsinə həsr edirəm

Qədriyyə Çiçəyin «Mən anayam» publisistik əsərini birnəfəsə oxudum. İlk baxışdan sadə görünən bu əsərdə nələr vardı? Əqli cəhətdən sağlam olmayan övladını cəmiyyətə layiqli fərd, savadlı, bilikli insan kimi yetişdirmək üçün illərlə hər məşəqqətə qatlanan, həkimlərə müraciət etməklə kifayətlənməyib özü də oxuyan, araşdıran bir ananın ağrılı-acılı, eyni zamanda şərəfli həyatı təsvir olunmuşdu. Heyrətdən donub qalmışdım. Bu nə idi, İlahi? Borc idimi? Vicdan çağrışı idimi? Allahın hökmünə boyun əyərək öz yükünü axıra qədər çəkmək vəzifəsi idimi? Bilmirəm. Bəzən çəkdiyi əzablardan bezib asi olan insanlar da görmüşəm. Bəzən səbrini cilovlaya bilməyib partlayan, yanan insanlar da görmüşəm. Amma övladı yolunda çəkdiyi zəhmətlərdən bezən ana görməmişəm. Çox qədim bir əfsanə var:

Ana bətnində son saniyələrini yaşayıb bu dünyada uzun yolçuluğa hazırlaşan bir körpə Allahdan soruşur:

— Allahım, dünyaya göz açacağam, amma orada nə edəcəyimi bilmirəm.

— Mən sənin üçün bir mələk yaratdım, O qayğına qalacaq, — deyir Allah.

— Allahım, mən insanların dilini bilmirəm axı. Onlara dərdimi, istəyimi necə başa salacam?

— Sənin üçün yaratdığım mələk sənə onların dilini öyrədəcək, — buyurur Allah.

— Allahım, eşitmişəm ki, dünya pisliklərlə doludur. Onlarla necə mübarizə aparacam?

— Sənin üçün yaratdığım mələk öz həyatı bahasına səni qoruyacaq. Narahat olma!

— Allahım, sənin hüzuruna necə qayıdacam?

— Sənin üçün yaratdığım mələk hüzuruma necə qayıtmağı sənə öyrədəcək, — buyurur Allah.

Bu zaman mələklər gəlib uşağın dünyaya getmə vaxtının çatdığını söyləyirlər. Uşaq sonuncu anda qışqırır:

— Adı, Allahım adı. O mələyin adı nədir?

— Adı əhəmiyyətli deyil. Sən ona sadəcə «ANA» deyəcəksən! — buyurur Allah.

Bu ibrətamiz rəvayəti göz yaşları içində oxudum. İçimdən bir fəryad qopdu. Körpə niyə soruşmadı ki, Allahım, bəs mən nə edim? Məni yedizdirib-içizdirən, qədəm-qədəm böyüdən, qayğımı çəkib dünyanın hər bir çətinliyindən qoruyan, əvəzində isə heç nə istəməyən o mələklə necə rəftar edim? Soruşsa, bəlkə də layiqli bir cavab alardı. Lakin Allah insanın dalınca müqəddəs kitablarını ğöndərdi. Bu kitablarda isə hər şey yazılmışdı. «Mən cənnəti ananın ayaqları altında yaratdım.»

Hamı deyir ki, ana müqəddəsdir. Amma, nə gizlədim, biz övladlar bəzən onu incidir, öyüdlərinə qulaq asmır, nəticədə özlərinə zülm edənlərdən oluruq. Uzağa getmək lazım deyil. Mən anamı itirəndə on iki yaşım vardı. Bu on iki ilin xatirələri içimi ğöynədir. Anama verdiyim əziyyətlər yadıma düşəndə məni xəcalət təri basır. Özümə yer tapa bilmirəm. Ana! Mən səni hardan alım? Sənə necə deyim ki, peşimanam? Səsim işimdə boğulur. Harayım kimə, hara çatar? İnsanlara səslənirəm: — Analarınızı sevin. Onun qədrini bilin. Elə yaşayın ki, sonra başınıza döyməyəsiniz. Neçə il qəlbimdə yaşatdığım bir xatirəni sizinlə bölüşürəm. 8 mart 1975-ci il idi. Foye Qadınlar günü münasibətilə al-əlvan bəzənmişdi. Təntənəli bir gecə keçirilirdi. Sevimli müəlliməm Fatmaxanım müəllimə başda olmaqla, hamı burada idi. Gecənin aparıcılarından biri də mən idim. Mahnılar, təbriklər bir-birini əvəz edir, hamı deyir, gülür şənlənirdi. Dostlarım analara həsr edilən şerləri, mahnıları oxuyub gurultulu alğışlar altında səhnəni tərk edirdilər. Heç kimin mənim o ğecəyə hazırladığım sürprizdən xəbəri yox idi. Neçə gün idi ki, onu cibimdə gəzdirirdim. Gecədə dostluğumuzun bünövrəsi elə o gündən qoyulan unudulmaz xanəndə-mənim adaşım Vahid Abdullayev də iştirak edirdi. Budur, dostum analara həsr olunmuş gözəl bir mahnı ilə çıxışını yekunlaşdırıb alqış payını qazanır. Səhnəyə çıxıram. Əlimi cibimə salıb neçə gündən bəri cibimi yandıran dördqat bükülmüş yazını çıxarıram. Bütün baxışlar üzümə tikilib. Hamı intizarla növbəti nömrəni elan etməyimi gözləyir. Mənsə həzin bir səslə deyirəm: — İndi də icazə verin, özümün yazdıgım «Ana» şerini sizə oxuyum. Tamaşaçıların üzündə təəccüb dolu bir maraq var. Fatmaxanım müəllimədən başqa… O mənim azdan-çoxdan nəsə yazdığımı bilirdi. Amma bu dəqiqə burada oxunacaq şerdən onun da xəbəri yox idi. Bu şer mənim neçə il sinəmdə gəzdirdiyim anasızlıq dərdinə, anasız qalan dünyama bir üsyan idi. Yad şəhərdə, ana nəvazişinə həsrət qala-qala yaşadığım, cibimdəki beş qəpiyi çörəyə verib uzun bir yolu piyada getməyə məcbur olduğum anlarımda yazmışdım. Şeri oxuduqca qəhər məni boğur, səsim titrəyirdi. Gözlərimdə gilələnən yaş vərəqdəki yazıları görməyə imkan vermirdi. Buna gərək də yox idi. Şeri yazdığım andan əzbərləmişdim. Buna şer də demək olmazdı. Bu neçə illər anasız yaşayan bir gəncin fəryadı idi. Mən bu sətirləri, bu anda mən dərdə olan insanlar üçün oxuyurdum. Bəlkə də, onların qəlblərindən keçirdikləri, lakin deyə bilmədikləri sözləri deyirdim. (Şer ilk dəfə nə cür yazılıbsa, o cür də çap edilir)

Mən səni səslədim, mənə can dedin

,Can deyən dilinə qurbanam, ana.

Odlu ürəyini sən qurban dedin,

Odlu ürəyinə qurbanam, ana.

Deyirdin, nə zaman yaşa dolarsan,

Boyuna baxaram mənsə doymadan.

Gəlib baxacaqsan söylə bəs haçan?

Baxan gözlərinə qurbanam, ana.

Qədrin bilmədiyim o əllərindən,

İstərəm, yüz dəfə öpüm indi mən.

Başımı sığalla, oxşa yenidən,

Zərif əllərinə qurbanam, ana.

«Ağıllı ol» — dedin hər zaman mənə,

Hər şeyi duymağı öyrətdin mənə,

Məni qərq elədin məhəbbətinə,

Saf məhəbbətinə qurbanam, ana.

Ey gözümün nuru, bir mənə bax sən,

Oğlun heç çıxmayıb öyüdlərindən,

Onu amal edib yaşamışam mən.

Gözəl sözlərinə qurbanam, ana.

Sən qurban olardın mənə həmişə,

İndi yox! Qocalam, saça dən düşə,

Əllərim əlinə bir də yetişə,

Mən sənin qurbanın olaram, ana!

Şeri bitirib, bayaqdan imkan tapıb baxa bilmədiyim zala baxdım. Müəllimələrim, qızlar, oğlanlar — hamının gözündə yaş gilələnmişdi. Hönkür-hönkür ağlayanlar da vardı. Mən də artıq gözlərimdən sel kimi axan göz yaşlarını saxlayacaq halda deyildim. Yavaşca səhnəni tərk etdim. Arxamca eşitdiyim gürültulu alqışların arasından Qalib müəllimin həyəcanlı səsini eşitdim:-Oğlum, sən nə etdin, biz camaatı bura yəğmışdıq ki, bayram münasibətilə təbrik edək, xoş sözlərlə ürəklərini açaq. Sən aləmi göz yaşlarına qərq elədin ki… Bu gecədən sonra adımın əvvəlinə bir şair sözü də əlavə edildi. Gecə-gündüz bu şeri köçürüb dostlarıma paylayırdım. Kimə rast gəlirdimsə məndən şeri ona yazıb verməyimi xahiş edirdi. Şerin bədii səviyyəsi barədə bir söz demək fikrim yoxdur. Amma bu sadə sözlər insanların ürəyinə ona görə yol tapa bilmişdi ki, onlar ürəkdən gələn səmimi bir etiraf idi. Neçə illər sonra mən anama daha bir şer həsr elədim:

Bir an gecikəndə bənövşə kimi,

Doqqazın ağzında bitirdin, ana.

Bir ′′ana′′ deyəndə, əvəzində sən,

Yüz dəfə ′′can′′ deyə öpürdün, ana.

Beşiyim başında qaldın yuxusuz,

Qoymadın böyüyəm hissiz, duyğusuz,

Böyüdə-böyüdə məni qayğısız,

Özün gəncliyini itirdin, ana.

Nə toyda şad oldun, nə də düyündə,

Unutdun ətrini gül-çiçəyin də,

Bu qədər qayğını zərif çiyində,

Bilmədim, nə təhər götürdün, ana?

Vahidəm, sinəmdə dağ neçə-neçə,

Qarışdı gözümdə gündüzlə gecə,

Mən səni dünyadan aparım necə?

Sən məni dünyaya gətirdin, ana.

P.S. Bu şeri unudulmaz müəllimim Şahmar Əkbərzadəyə oxuyanda, o sonuncu iki misranın altından xətt çəkdi. Sonra mənə dedi ki, neçə ildir Məmməd İşmayılla (əgər səhv etmirəmsə) Bəxtiyar Vahabzadənin arasında bu fikrin ilk dəfə kimim ağlına gəlməsi barədə mübahisə gedir. Nə yaxşı ki, mənim bundan xəbərim yox idi. Şahmar müəllimə elə-belə də dedim. Qədriyyə Çiçəyə dərin minnətdarlıq hissi ilə 22 aprel 2012 ci il.

(Atam aşıq Valehin əziz xatirəsinə)

Həyatda bir atasız, xəyallarda bir atalı dünyam vardı, Ata. Hər addımımda, hər sözümdə, hər aldığım-verdiyim nəfəsimdə sən vardın. Adın dilimi göynədirdi. Atalı uşaqları görəndə dodağım həsrətdən paralanırdı. Amma özümü tox tuturdum. Qəribədi, mənə elə gəlirdi ki, bizim ayrılığımız müvəqqətidir. Haçansa qayıdacaqsan. Bu ayrılıq bitəcək.

Səni gözləyə-gözləyə sənsiz yaşamağı öyrəndim.

Səni gözləyə-gözləyə sənin kimi oturub-durmağı, danışmağı öyrəndim.

Səni gözləyə-gözləyə sənin kimi sevməyi öyrəndim.

Səni gözləyə-gözləyə dünyanı, insanları sənin kimi duymağı, onlara sənin kimi dəyər verməyi öyrəndim.

Səni gözləyə-gözləyə anladım ki, sən bir daha geri dönməyəcəksən, anladım ki, bu həsrət heç zaman bitməyəcək. Yazdığım şer də atasız cocuğun gəlimli-gedimli dünyaya sualları idi. Bu suallar uzun zaman cavabsız qaldı. Sonralar, çox-çox sonralar hər şeyi anladım. Bir şeyi də anladım. Bizi ayıran illər, zaman keçdikcə bizi bir-birimizə yaxınlaşdırır. Bir tövsiyyəm də var: Atalarınızı sevin.

Yenə qəlbimdə fərəh,

Sən yadıma düşürsən.

Saçımı oxşayır meh,

Sən yadıma düşürsən.

Çəmən, meşə göyərir,

Sən yadıma düşürsən.

Qış gedir, bahar gəlir,

Sən yadıma düşürsən.

Sarmaşıq gül sarılıb

Yoxsa ulduzlar qopub,

Vaxt keçir, görünmürsən,

Qalıb qulağım səsdə.

Soyuyub buza dönür

Çayın masanın üstə,

Sən yadıma düşürsən.

Mənə necə tanışdır.

Xan çinarın bu gecə

Təzə nağıl danışır.

Qonşuda toy çalınır,

İki aşıq yarışır,

Sən yadıma düşürsən.

Qonşu bir noğul verdi,

Qonşu hardan biləydi,

Nədi körpənin dərdi?

Qonşu qonşu olsaydı,

Göz yaşımı silərdi.

Qonşu bir noğul verdi,

Atam bir cib verərdi —

Sən yadıma düşürsən.

Ay işığı tükənib,

Sanki süzgəcdən axır.

Sanki ay da utanır,

Mənə kənardan baxır.

Oynamağa səbrim yox,

Bu gün gözlərim gülmür.

Gəlib könül almaqda

Ay da bir məna görmür,

Sən yadıma düşürsən.

Kim düzsün ümidləri

Qalmayıb məndə dözüm.

Bacıma nişan gəlir,

Ata oluram özüm,

Mən səni hardan tapım?

Mən səni harda gəzim?

Sən yadıma düşürsən,

Sən yadıma düşürsən…

Əlvİda, dostum Yusİf Məmmədov

Bu gün çox acı bir xəbər eşitdim. Əvvəlcə inanmadım. Sənə zəng elədim. Telefonun çağırdığını eşidəndə bir azca ürəkləndim. Bax, indi telefonu qaldıracaqsan, həmişəki kimi «Hə, Vahid» — deyəcəksən. Sənin təmkinli səsini eşidib, gülə-gülə, — sənin haqqında danışılan xəbərdən xəbərin varmı, — deyə soracağam. Sonra da deyəcəm ki, narahat olma, uzun yaşayacaqsan. Amma heç kim telefonu qaldırmadı. Bir neçə dəfə zəng elədim. Uzuz-uzadı cavabsız çağrılar məni nigaran etdi. Axı sən belə iş tutmazdın. Əllərim əsə-əsə mesaj yazdım: — Hacı, necəsiniz?

Yenə üzücü sükut. Sonra cavab mesajı: — Vahid dayı, mənəm, Zərifədi. Atam rəhmətə gedib. Desəydilər Kür çayı geri axar, inanardım. Desəydilər səmadakı bütün ulduzlar yerə tökülər, yer göylərə çıxar, inanardım. Desəydilər okeanların suyu quruyar, yenə inanardım. Bircə sənin ölümünə inanmazdım. Sən, — bütün həyatı boyu sağlam həyat tərzi sürən, heç vaxt səhhətindən zərrə qədər də olsa şikayətlənməyən Yusıf Məmmədov, — necə ölə bilərsən axı…

Sən demə Allahın öz qanunları varmış, sən demə yüz ildə bir dəfə ağac da atəş açarmış, sən demə milyon ildə bir dəfə Tanrı sap-sağlam, qocaman bir palıd ağacını da qurudarmış. Sən demə…

Sevimli nəvələrin ilə

Bu yazını sənin dəfn mərasimindən sonra yazıram. Səninlə həyatın yollarında birgə addımladığımız son 29 il bir sinema lenti kimi gözlərimin önündən keçib gedir. İlk tanışlığımız, sonra birgə işlədiyimiz, sonra ayrı-ayrı yerlərdə işləsək də, tez-tez görüşdüyümüz xoşbəxt çağlar, Kəbə-Məkkə yollarına birgə çıxdığımız günlər, gecə Mina dağında bir odeyala büründüyümüz gecələr, Həcəri-Əsvədi öpərkən bir ayaq üstündə qaldığım zaman son anda mənə doğru uzanan əllərin, qurban kəsib sonuncu tikəsini uşaq evlərinə göndərməyin, — hamısı, hamısı qəlbimdə həm şirin, həm da ağrılı bir xatirəyə çevridi. Sənə həmişə zarafatla 301-ci spartanlı deyirdim. Həyat tərzin əsil spartanlıların həyat tərzi kimi idi. Heç vaxt özünü əzizləməzdin, heç vaxt tənbəllik eləməzdin. İstər qar, istər yağış, istər tufan, — heç nə səni səhər saat 7-00-da səhər idmanından saxlaya bilməzdi. Bu idman ən azı iki saat çəkərdi. Bu iki saat ərzində bir dəfə də olsun şikayətlənməzdin, yoruldum deməzdin. Hətta 64 yaşında da daş kimi əzələlərini görənlərheyran qalardı. Sənə Tanrı çox yumşaq qəlb vermişdi. Hər hansı bir xoş xəbər eşidəndə gözlərin yaşarardı, üzünü yana çevirib, isti göz yaşlarını silərdın. Amma uşaq evlərində atasız uşaqlara yardım edəndə, sənə həsrətlə baxan uşaqlara tərəf çevrilməzdin. Bir dəfə səbəbini soruşanda dedin ki, çörək vermək ayrıdı, ümid vermək ayrı. Mən onlarıa çörək verə bilərəm, amma ümid verə bilmərəm. Onların onsuz da yaralı olan qəlblərinə daha bir yaramı vurum? İnanırsınız, bu məni qane etdi.

Sən çox gözəl təşkilatçı idin. Ülvi müəllimlə birgə rəhbərlik etdiyiniz Karate fedarasiyasının qazandığı uğurlardan gecə-gündüz danışsaq, qurtarmaz. Hələ gənc yaşlarından bu fedarasiyada söz sahibi idin. Sənin şərəfinə neçə dəfə Azərbaycan bayrağı qaldırıldı, neçə dəfə zəfər himnimiz səsləndi. 7-ci dan qara kəmər sahibi idin. Bu, yüz milyonlarla insanlardan yalnız birinə nəsib olur. Son zamanlar yarışılara hakimlik edirdin. Bu sahədə də uğurun ən yüksək pilləsinə qalxdın. Beynəlxalq dərəcəli hakim idin. Hamı səni ən oyektiv hakim kimi tanıyır, verdiyin qərarla razılaşırdılar. Sənin ədalətli hakimliyin də, idman zəfərlərin kimi Azərbaycan idmanına böyük şöhrət gətirirdi. Əllərindən tutub, idmanın sirrlərini öyrətdiyin gənclər öz əzmkarlığı ilə hamıdan seçilirdi. IV İslam Oyunlarında zəfər qazanan karateçi idmançılarımızın arasında sənin də layıqli payın var. Bu gün səninlə vidalaşdıq. Yaşadığın evdən Qurd qapısınacan uzanan qəm karvanına baxdıqca, kövrəlirdim. İnana bilmirdim… İnana bilmirdim ki, sən həyatda yoxsan. Məni ən çox ağrıdan amillərdən biri də canın qədər sevdiyin oğlun Emilin Bakıda olmaması idi. Bəli, bu məni ağrıdırdı. Ata oğul çiynində getməlidir. Təəssüf ki, Emil bu şərəfli yükə, bu qəm yükünə öz çiyinlərini verə bilmədi. Bu, məni hələ çox ağrıdacaq.

İnanmaq olmur ki, bu sənin üzündəki son təbəssümdür!

Son zamanlar özünə ev tikirdin. Amma taleyin qismətii başqa imiş. O, sənə soyuq, dar məzar hazırlayırmış. Eybi yox, canın qədər sevdiyin vətən torpağıdır.

Əlvida, əziz dostum Yusif Məmmədov! Rahat uyu, Cənabi-Haqq son mənzilini nurla doldursun.

P.S. Deməyə bilmərəm. Sənin ölüm xəbərini yayan KİV-nin qərəzli yazılarını həzm edə bilmirəm. Doğrudur, sən IV İslam oyunlarındaki qələbəni restoranda qeyd edərkən dünyanı dəyişmisən. Amma, məlumatı yayanlar, onu oxuyan insanlarda belə bir fikir formalaşırdılar ki, guya sən kef məclisində yeyib-içəndən sonra bu hadisə baş verib. Bu cür söz dəllalarına demək istəyirəm ki, sən yüksək intizama malik bir idmançı idin. Heç vaxt siqaret çəkməzdin, spirtli içkilər qəbul eləməzdin. Belə məlumat yaymaq istəyənləri də öz vicdanı ilə baş-başa qoyuram Bakı 25 may 2017-ci il

Dəlİ Çəmənlİ haqqında ballada

Comments are closed, but trackbacks and pingbacks are open.