Baş nazirin müavini: “Nizami Gəncəvinin fikirləri, şeirləri 800 ildən çoxdur ki, yaşayır və yaşayacaq”
Nizami Gəncəvi üçün şəxsiyyətin ən yüksək meyarı insanlıq idi. İrqi, milli və dini ayrı-seçkiliyi qətiyyətlə rədd edən bu şairin qəhrəmanları içərisində türk, fars, ərəb, çinli, hindli, zənci, yunan, gürcü və s. xalqların nümayəndələrinə rast gəlirik. Hümanist şair müxtəlif dinlərə mənsub bu qəhrəmanların heç birinin milliyətinə, dini görüşlərinə qarşı çıxmır. Onun qəhrəmanları ədalət, xalq xöşbəxtliyi, yüksək məqsədlər uğrunda mübarizə aparırlar. İnsan şəxsiyyətinə, insan əməyinə ehtiram şairin yaradıcılığının aparıcı mövzularındandır.
Nizami Gəncəvinin məqbərəsində fars dilindəki şeirlər Azərbaycan dilində olacaq
Bu barədə Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi Mərkəzinin direktoru Xəlil Yusifli deyib.
O bildirib ki, dünya şöhrətli Azərbaycan şairi Nizami Gəncəvinin məqbərəsində üzərində fars dilində şeirlər yazılmış kaşılar 1997-ci ildə yerləşdirilib və tarixi önəm kəsb etmir.
Mərkəzin direktoru deyib ki, məqbərədə yerləşdirilmiş 4 beytdən ibarət şeir İslam peyğəmbəri haqqında Nizaminin “Leyli və Məcnun” poemasının tərkibində olan tərifdir.
Bu dörd beyt poemanın 110 beytdən ibarət olan ikinci fəslindən götürülüb.
X.Yusiflinin sözlərinə görə, həmin dörd beyt Azərbaycan dilinə tərcümə olunub, Elmlər Akademiyası tərəfindən təsdiqlənib və fars versiyasının yerinə məqbərəyə yerləşdiriləcək.
Şeirləri X.Yusiflinin özü tərcümə edib və tərcümələr əski əlifbada yazılıb. Bu dörd şeirlə yanaşı, Nizaminin öz vətəni Gəncəyə həsr etdiyi şeirlərin Azərbaycan dilində tərcüməsi də məqbərədə yerləşdiriləcək.
Onun sözlərinə görə, bəzən məqbərəyə gələnlər fars dilində yazılmış şeirləri görüb səhvən Nizaminin fars şairi olduğunu düşünməsinlər deyə, hamının onun Azərbaycan ədəbiyyatının nümayəndəsi olduğunu bilməsi üçün bu addım atılıb.
Qeyd edək ki, İran xarici işlər nazirinin Asiya və Sakit okean ölkələri üzrə müavini Seyyid Abbas Əraqçi avqustun 18-də Nizaminin Məqbərəsindən fars dilli şeirlərin çıxarılmasına təəssüfləndiyini bildirib.
Bu hadisə İranın bəzi mətbuat orqanlarında Azərbaycanda Nizami Gəncəvinin kimliyinin təhrif edilməsi kimi qiymətləndirilib.
İranda bəzi ədəbiyyatçılar hətta Nizaminin əslən Qum şəhərinin dağlıq Təfriş regionundan olduğunu, ancaq Gəncədə yaşadığını ehtimal edirlər. Bu ədəbiyyatçılar Nizaminin “İqbalnamə” əsərində olan bir beyti əsas gətirirlər.
Lakin bu ideya İranın özündə də qəbul olunmur və 12-ci əsrdən indiyədək tarixşünaslar və təzkirə yazanların hamısı Nizaminin Gəncədən olduğunu vurğulayıblar. Bunu şübhə altına alan heç bir tarixi sənəd yoxdur. Bütün dünyada olduğu kimi İranda da bu şairi (tam adı Cəmaləddin İlyas ibn Yusif Nizami Gəncəvidir) rəsmən Nizami Gənvəvi (Gəncəli) adlanır. Qeyd edək ki, Nizami öz əsərlərində dəfələrlə Gəncə şəhərindən olduğunu vurğulayıb.
Milli.Az
Baş nazirin müavini: “Nizami Gəncəvinin fikirləri, şeirləri 800 ildən çoxdur ki, yaşayır və yaşayacaq”
“Dahi Azərbaycan şairi Nizami Gəncəvinin yaradıcılığı yalnız Azərbaycanla bağlı deyildi, həm də dünyəvi idi”.
Oxu.Az xəbər verir ki, bunu baş nazir müavini Əli Əhmədov Nizami Gəncəvi Beynəlxalq Forumu çərçivəsindəki çıxışı zamanı deyib.
O bildirib ki, Nizami Gəncəvi təkcə dahi şair, söz ustası deyil, həm də böyük mütəfəkkir və filosof olub:
“Nizaminin poeziyasına aid fikirlər mədəniyyətlər, xalqlar və əsrlər arasında körpü olub. Onun əsərlərində ayrı-ayrı xalqların münasibətləri, xalqlar arasında dostluq tərənnüm edilib. Bu gün dünyanın hər bir yerində bütün poeziya sevərlər tərəfindən Nizaminin yaradıcılığına dəyər verilir və yad edilir”.
Əli Əhmədov vurğulayıb ki, 800 il keçməsinə baxmayaraq, Nizami Gəncəvi poeziyasının bədii dəyəri özünü itirməyib, onun fikirlərinin mənası, təsiri azalmayıb:
“Bu gün də dahi şair 800 il bundan əvvəlki kimi sevilir. Nizami Gəncəvi Azərbaycanın fəxri, iftixarıdır. Azərbaycan xalqı arasında böyük bir Nizami sevgisi var. O, azərbaycanlılar tərəfindən öz şairi, öz mütəfəkkiri kimi qəbul edilib. Onun fikirləri, şeirləri 800 ildən çoxdur ki, yaşayır və yaşayacaq”.
Nigar Məmmədova
Nizami Gəncəvi
HƏR KƏLMƏSİ,HƏR CÜMLƏSİ,CANLI VİR XƏZİNƏ.
/Dahi şair Nizami Gəncəvinin anadan olmasının 875 illiyi – 1141 – 1209 /
Metodik vəsait
Salyan – 2016
Nizami 1141-ci ildə Gəncə şəhərində anadan olmuş, bütün ömrü boyu orada yaşayıb yaratmış və 12 mart 1209-cu ildə Gəncədə vəfat etmişdir.
Nizami təhsilini Gəncə mədrəsələrində almış, daha sonra şəxsi mütaliə yolu ilə o dövrün elmlərini mükəmməl öyrənmiş, xüsusən də Yaxın Şərq xalqlarının şifahi və yazılı ədəbiyyatına yaxından bələd olmuşdur. Ana dilindən başqa ərəb və fars dillərini də mükəmməl bilən şairin Yunan dili ilə də tanış olduğu, həmçinin qədim yunan tarix və fəlsəfəsini, astronomiya, tibb və həndəsə elmlərini yaxşı mənimsədiyi əsərlərindən aydın görünür. Təqribən 1169–1170-ci illərdə Dərbənd hökmdarı Seyfəddin Müzəffərin kəniz kimi hədiyyə göndərdiyi qıpçaq qızı Afaq ilə evlənmiş, 1174-cü ildə oğlu Məhəmməd anadan olmusdu
Ölüm günü
Nizami Gəncəvinin məqbərəsində 1947-ci ildə aparılan qazıntı işləri zamanı onun sinə daşı tapılmışdır. Həmin daşda olan yazı onun qriqorian təqvimi ilə 1209-cu il mart ayının 12-də dünyasını dəyişdiyini güman etməyə əsas verir [3] .
Yaradıcılı
Nizami Gəncəvi yaradıcılığa lirik şeirlərlə başlamışdır. Əsərlərindən məlum olur ki, şair böyük divan yaratmış, qəzəl və qəsidələr müəllifi kimi şöhrətlənmişdir. Lakin Şərq təzkirəçilərinin 20 min beyt həcmində olduğunu qeyd etdikləri bu divandakı şerlərin çox az hissəsi dövrümüzədək gəlib çatmışdır. Nizami Gəncəvi bütün yaradıcılığı boyu lirik şerlər yazmış, sonralar poemalarında irəli sürdüyü mütərəqqi ictimai-fəlsəfi fikirlərini ilk dəfə həmin şerlərində ifadə etmişdir.
Nizami Gəncəvi lirikası yüksək sənətkarlığı, məhəbbətə dünyəvi münasibəti, insan taleyi haqqında humanist düşüncələri ilə seçilir.
Lakin Nizami Gəncəvi dünya ədəbiyyatı tarixinə məsnəvi formasında yazdığı 5 poemadan ibarət “Xəmsə” (“Beşlik”) müəllifi kimi daxil olmuşdur. 1177-ci ildə bitirdiyi “Məxzənül-əsrar” (“Sirlər xəzinəsi“) adlı ilk poeması şairə böyük şöhrət qazandırmışdır. Qələmə aldığı “Xosrov və Şirin” poemasını 1180-cı ildə bitirmiş və Məhəmməd Cahan Pəhləvana göndərmişdir. Cahan Pəhləvanın ölümündən sonra taxta çıxan Qızıl Arslan Gəncənin yaxınlığında öz çadırında şairlə görüşmüş və onun nəsihətlərini dinləmiş, şairə Həmdünyan adlı bir kənd bağışlamışdır. 1188-ci ildə Şirvan hökumdarı I Axsitan şairə “Leyli və Məcnun” mövzusunda bir əsər yazmağı sifariş etmişdir. Nizami Gəncəvi bundan boyun qaçırmaq istəsə də oğlunun təkidi ilə təklifi qəbul edib az müddətdə “Leyli və Məcnun” poemasını (Şərqdə ilk dəfə) yaratmışdır. 1196-cı ildə Əlaəddin Körpə Arslanın adına “Yeddi gözəl” əsərini, nəhayət, ömrünün sonlarına yaxın bütün ədəbi-estetik, ictimai-fəlsəfi görüşlərini yekunlaşdırdığı “İsgəndərnamə” (təqr. 1203) poemasını qələmə almışdır.
Nizami Gəncəvinin ilkin Şərq Intibahının zirvəsi olan yaradıcılığında dövrünün ən humanist, ümümbəşəri ictimai-siyasi, sosial və mənəvi-əxlaqi idealları parlaq bədii əksini tapmışdır.
Nizami Gəncəvi üçün şəxsiyyətin ən yüksək meyarı insanlıq idi. İrqi, milli və dini ayrı-seçkiliyi qətiyyətlə rədd edən bu şairin qəhrəmanları içərisində türk, fars, ərəb, çinli, hindli, zənci, yunan, gürcü və s. xalqların nümayəndələrinə rast gəlirik. Hümanist şair müxtəlif dinlərə mənsub bu qəhrəmanların heç birinin milliyətinə, dini görüşlərinə qarşı çıxmır. Onun qəhrəmanları ədalət, xalq xöşbəxtliyi, yüksək məqsədlər uğrunda mübarizə aparırlar. İnsan şəxsiyyətinə, insan əməyinə ehtiram şairin yaradıcılığının aparıcı mövzularındandır.
Nizami Gəncəvi həm də vətənpərvər idi. O, təsvir etdiyi bütün hadisələri Azərbaycanla əlaqələndirməyə, vətənin keçmiş günlərini tərənnüm etməyə çalışmışdır. Nizami Gəncəvi yaradıcılığında vətən məhəbbəti doğma xalq yolunda qəhrəmanlıq ideyası ilə birləşir.
Nizami əsərlərini fars dilində yazmışdır. O, türk dilində yazmamasını “Leyli və Məcnun” əsərində özünə qüsur tutmuş, sonra “Yeddi gözəl”də bu məsələyə bir daha toxunmuşdur:
Dilçə şerimizdə olsa da kəsir,
Mənaca böyükdür ondakı təsir.
Nizami Gəncəvi Gəncədə anadan olub. Nizami Gəncəvinin yaradıcılığı hümanizm, yüksək sənətkarlığı ilə Zaqafqaziya, Yaxın Şərq xalqları (fars, tacik, hind, əfqan, kürd, türkmən, özbək, qazax, qırğız və s.) ədəbiyyatlarının inkişafına güclü təsir göstərmiş, dünya mədəniyyəti xəzinəsinə daxil olmuşdur.
Nizami Gəncəvinin əsərləri dünyanın bir çox xalqlarının dilinə tərcümə olunmuşdur. Əsərlərinin nadir əlyazma nüsxələri bir çox şəhərlərin (Moskva, Sankt-Peterburq, Bakı, Daşkənd,Təbriz, Tehran, Qahirə, İstanbul, Dehli, London, Paris və s.) məşhur kitabxana, muzey və əlyazmaları fondlarında qiymətli incilər kimi qorunub saxlanılır.
Gəncədə dəfn olunduğu yerdə Nizami Gəncəvinin möhtəşəm məqbərəsi ucaldılmışdır.
Xəmsə
“Sirlər xəzinəsi“
“Sirlər xəzinəsi”
Sultan Səncər və qarı. “Xəmsə” Nizami. 1539-43 illər. Britaniya kitabxanası, London
“Sirlər xəzinəsi” poeması “Xəmsə”nin birinci kitabıdır. Bu əsərdə dahi Azərbaycan şairi Nizami Gəncəvi qəddar şahları, hökmdarları ədalətli olmağa çağırmış, tənbəlləri, ikiüzlüləri tənqid etmiş, halal zəhmətlə yaşayan sadə adamlara öz yüksək məhəbbətini bildirmişdir. [5] Nizaminin ilk poeması “Sirlər xəzinəsi” (1174–1175) “Xəmsə”nin başqa hissələrindən fərqli olaraq vahid süjet xəttinə malik deyildir. Ancaq burada öz əksini tapan bir çox problemlərin təqdimində müxtəlif hekayə və rəvayətlərdən ustalıqla istifadə edilmişdir.
Poema hər biri dini və etik mövzulardan ibarət ayrı-ayrı parçalardan təşkil olunmuş 20 başlıqdan ibarətdir. Hər bir başlıq şairin özünə xitabı ilə bitir [6] . Şair poemadakı hadisələri adil və nadan hökmdara bağlamış olur və onu bir növ gördüyü işlərinin çavabsız qalmayacağı ilə agah etməyə çalışmışdır. Nizaminin ideal həyat, cəmiyyət sorağında olduğu, insanları sosial təbəqəsindən asılı olmayaraq mənəvi təmizliyə çağırdığı poema boyu göstərilir və təbliq olunur. Bir neçə başlıqda o bilavasitə ədaləti, haqqı unutmamaqları üçün hökmdarlara səslənir.
Hökmdarın xalqa qayğısı və ədaləti
“Ey mərdlik qalxanını atıb diz çökən insan!
Qəflət divi azğınlıq yoluna çəkən insan!
Güvənirsən şahlığa, şahlıq, gəldi-gedərdi.
Güvənirsən həyata həyatın da hədərdi.
Eyş-işrətlə vurursan öz ömrünü sona sən,
Fələk qatıb başını, oyuncaqsan ona sən.
Quranı, qılıncını bir kənara atmısan,
Əlində cam, sürahi nəşəylə baş qatmısan.
Nə güzgün, nə darağın bir an əldən düşəndir,
Gözəl-göyçək qadıntək sığallanmaq peşəndir.
Rabiyə olmasaydı xilaskarı, köməyi,
Susuzluq təşnə düzdə öldürərdi köpəyi.
İgidsənsə, kişilik adından utan barı,
Ərsiz hünər göstərən qadından utan barı.
Qul olmusan iblisə, qəlbə girən şeytana,”
Şair çəkinmədən hökmdarın və onun darğasının ədalətsizliyini, əyyaşlığını, zülmkarlığını ümidi hər şeydən kəsilmiş bir qarının dilindən söyləmiş olur.
“Haqsızlığın odunda bir qarı yandı oda.
Səncərin ətəyindən yapışdı bir gün o da:
“Zülm əlindən qalmışam mən zarıya-zarıya,
Zülmün divan tutdurur bir köməksiz qarıya.
Kefli-kefli qapımın ağzını kəsdi darğan,
Təpiklədi doyunca, o ki var, əzdi darğan.
Bir günahım olmadan çölə atdı daxmadan,
Sürüklədi saçımdan fəryadıma baxmadan
Mən zülmün zindanında qansız gördüm yağını,
Ürəyimə, canıma basdı zülmün dağını.
“Sirlər xəzinəsi”, Nizami Gəncəvi
Nizami poemada hökmdarı ədalətə dəvət etmək üçün qarının dilindən qarğış yağdıraraq onun da bu acıları yaşaya biləcəyini xatırlatmaq və hərəkətlərindən utandırmaq istəmişdir. Əsərdə dul bir qadının hünəri, mənəviyyatını iblisə, şeytana satmış hökmdarın nadanlığına qarşı qoyulmuşdur. Bununla da dahi şair zəmanəsinin ən cəsarətli söz ustadı olduğunu sübut etmişdir. Bu bəlkə də onun sözün inci tək sətirə düzmək məharətində, hər bir söz incisinin isə özlüyündə bir məna xəzinəsinə malik olmasından irəli gəlirdi.
“Sən dadıma çatmasan, şah demərəm adına,
Qiyamətin günündə çatmasınlar dadına.
“Dad, aman”, deyə-deyə qalan görüm səni mən,
Zülmünün cəzasını alan görüm səni mən.
Hər elin hökmdarı el dərdinə qalandı,
Zülmün hara çatıb ki, var-yoxumuz talandı.
.
Qarıların nəyi var, quldurluqdan sən utan!
Utan, utan, onların ağ birçəyindən utan!”
“Sirlər xəzinəsi”, Nizami Gəncəvi
“Xosrov və Şirin“
N. Gəncəvinin büstü, Gəncə.
“Xosrov və Şirin”
XVI əsr əlyazmasına minatür
Xosrov bəylik taxtında, Bakı, naməlum rəssam, Nizami adına Ədəbiyyat Muzeyi
Çeşmə başında Şirin, Nizami Gəncəvi, Xəmsə, “Xosrov və Şirin”, Behzad minyatur məktəbi, 1479, eni 11 sm, hündürlüyü 18,5 sm, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi, Bakı, Nr. 1161/J
“Xosrov və Şirin” (خسرو و شيرين Khusraw o Shīrīn) (1180) — Nizami Gəncəvinin “Xəmsə” toplusuna daxil olan ikinci əsəridir. “Xosrov və Şirin” poeması Nizaminin romanik əsərlərinin, yəni əsasında roman süjeti duran bitkin obrazlar qalereyasına malik poemalarının birincisidir. Əsərin mövzusu İran Sasani hökmdarları sülaləsinin tarixindən götürülsə də, şairin bir çox problemlərin təqdimində öz doğma mühitinin hadisə, şəxsiyyət və problemlərindən çıxış etməsi şübhə doğurmur.
Şair bu əsərində məhəbbətin böyüklüyünü, insan ağlını, düşüncəsini tərənnüm edərək əsrlərlə unudulmayan bədii surətlər, ədəbi qəhrəmanlar yaratmışdır. Bu qəhrəmanlar sırasında dünya ədəbiyyatı xəzinəsinin gözəl incisi olan Şirin öndə durur. Böyük mütəfəkkir şair bu poemasında həm də Şərq ədəbiyyatında ilk dəfə olaraq əmək adamını – Fərhad surətini dərin məhəbbətlə qələmə almış, onu həm əmək, həm də eşq fədası kimi şahlara nümunə göstərmişdir.
Tacı aydan yüksək o Qızıl Arslan
Qərbin pənahıdır. Şərqə hökmran.
“Xosrov və Şirin”, Nizami Gəncəvi
“Xosrov və Şirin” poemasının quruluşu da çox maraqlı və orijinaldır. Əsər bütün orta əsr poemaları kimi minacat, nət, kitabın yazılması səbəbi, Toğrul Arslan, Azərbaycan Atabəylər dövlətinin hökmdarı Məhəmməd ibn Eldəgiz Cavan Pəhləvan və onun qardaşı Qızıl Arslanıntərifi, eşq haqqında şairin mülahizələri kimi giriş fəsillərlə başlanır. Bütün bunlardan sonra əsərin məzmunu gəlir. Hadisələr Xosrovun atası Hürmüzün hakimiyyətinin təsviri ilə başlayır. Xosrovun doğulması, böyüməsi, Hürmüzün ədaləti və s. təhkiyə tərzində verilir. Sonra Şapur Şirin haqqında danışır. Mükalimələr, deyişmələr, Xosrovla Şirinin umuküsüsü və s. çox maraqlı və təbii şəkildə, bir çox hallarda musiqi məclislərində, çalğıçıların nəğmələrində canlandırılır. Hər iki aşiqin məhəbbət yolundakı iztirabları, qarşılaşdıqları maneələr, meydana çıxan əngəllər və s. əsəri daha da maraqlı edir, oxucunun həyəcanını artırır. Poema həcmli olub, özündə bir neçə janrı birləşdirdiyi üçün mürəkkəb qurluşu ilə seçilir. Əsərdə alleqorik təsvirlər ruhun tanrıya istiqamətləndiyini göstərir. Lakin təsvirlər o dərəcədə canlıdırlar ki, ehtiyatı əldən verən oxucu bunu anlamayaraq, əsəri xalis bir sevgi romanı kimi qavramış olur.
Poemadakı hadisələr İran taxtına aid olub, Firdovsinin “Şahnamə” poemasından götürülmüşdür. Əsərin qəhrəmanı tarixi şəxsiyyət olub, süjeti isə tarixi olmuş hadisələrə əsaslanır [7] . Nizami bu mövzunu ilk dəfə yazılı ədəbiyyata gətirən Firdovsini xatırlayır, sələfindən fərqləndiyini, qədim tarixlə bağlı olan bu məşhur mövzunu tamamilə yeni bir tərzdə işlədiyini bildirir:
Söylərkən o həkim bu xoş dastanı,
Çıxarıb içindən eşqi, fəğanı.
Altmış yaşındaydı yazanda bunu,
Saxlaya bilmirdi yayda oxunu.
Altmışda sevginin, eşqin həycanı
Titrədə bilməzdi yorğun qocanı.
“Xosrov və Şirin”, Nizami Gəncəvi
Təsadüfi deyil ki, əsərin qəhrəmanı Xosrov Pərvizin həyatının ancaq Azərbaycan şahzadəsi Şirinlə bağlı məqamlarına daha çox diqqət yetirilir, şairə doğma olan bu gözəl az qala baş qəhrəman kimi təqdim edilir. Poemanın məzmun janrı şairin özü tərəfindən “həvəsnamə” kimi müəyyən edilsə də, Nizami özündən əvvəlki şairlər kimi sadəcə ötəri həvəs və yüngül ehtirasa deyil, insanı mənən zənginləşdirən və kamilləşdirən, onu ilahi mərtəbəyə qaldıran, onun xarakterini mənfidən müsbətə doğru dəyişdirən ülvi məhəbbətə himn yaratmışdır. Poemadakı monumental obrazlardan biri olan Fərhad sonrakı dövrlərdə bir çox Nizami ardıcıllarını ilhamlandırmış və o, bir sıra poemaların baş qəhrəmanı kimi təqdim edilmişdir.
Qəhrəman xarakterinin dinamik inkişafını romantik sənət tipinin tələbləri baxımından əks etdirən Nizami, poemanın sonunda öz qəhrəmanının məhəbbətin təsiri altında heyrətamiz dərəcədə dəyişərək ideal bir şəxsiyyətə çevrildiyini göstərmişdir. Şair Xosrovun faciəsini islam tarixindən götürdüyü başqa bir tarixi hadisə – Məhəmməd peyğəmbərin Xosrova məktub yazıb onu islam dininə dəvət etməsi və şahın həmin məktuba etinasızlıq göstərib onu cırması ilə bağlayır. Bu süjet poemanın sonunda əlavə kimi verilmişdir.
Nizami mövzunun mənşəyi, onun xalq yaradıcılığı və bədii ədəbiyyatdakı əksi barədə məlumat verir. O, mövzuyla bağlı tarixi nümunələri sayır, tarixi kitablardan və xalq ədəbiyyatından faydalandığını bildirib, Fərhada isnad edilən tarixi abidələri xatırlayır:
Xosrovdan, Şirindən qalan yadigar
Gizlində deyildir, durur aşikar:
Şəbdiz atın şəkli, Bisütun dağı,
Pərviz sarayının eyvanı, tağı.
“Xosrov və Şirin”, Nizami Gəncəvi
Qeyd edildiyi kimi, şair əsərini əsasən məhəbbət üzərində qurmuşdur. Əsərin müqəddiməsində də o, bu məsələyə xüsusi yer ayırmış, eşq haqqında maraqlı mülahizələr söyləmişdir:
Eşqdir mehrabı uca göylərin,
Eşqsiz, ey dünya, nədir dəyərin?!
Eşqin qulu ol ki, doğru yol budur,
Ariflər yanında, bil, eşq uludur.
. Eşqsiz olsaydı xilqətin canı
Dirilik sarmazdı böyük cahanı.
Eşqsiz bir adam bir neydir – qırıq,
Yüz canı olsa da, ölüdür artıq.
“Xosrov və Şirin”, Nizami Gəncəvi
Nizami Hürmüz şahın rəiyyətin xeyrinə qoyulmuş qanunları pozan doğma övladını amansız cəzalandırdığını göstərməklə qanun qarşısında hamının bərabər olması kimi dövrü üçün çox aktual, həm də qabaqcıl bir ideya irəli sürür. Axı orta əsrlərdə qoyulan qanunlar feodal əyanları tərəfindən pozula bilir və onlar məsuliyyətə cəlb olunmurdular. Nizami isə qanunu pozanların, xalqa zərər yetirənlərin, şahzadə olsa belə, amansız cəzalandırılmasını zəruri hesab edirdi. Odur ki, şair Hürmüzün bu ədalətli hökmünü ürəkdən alqışlayır, təsvir etdiyi hadisəni dövrü ilə bağlamağa cəhd edərək ötəri şəkildə dövrünün ədalətsizliklərindən şikayətlənir:
Hanı o ədalət, o insaf hanı?
Verə öz oğluna belə cəzanı.
İndi yüz yoxsulun tökülsə qanı,
Durub tərəf çıxan bir adam hanı?
“Xosrov və Şirin”, Nizami Gəncəvi
Qadını həmişə cəmiyyətin tam ləyaqətli bir üzvu kimi görməyi arzulayan böyük şair tarixdən aldığı bu obrazı öz humanist ideyaları baxımından işləyib, qadınlıq haqqında yüksək fikirlərini onun vasitəsilə ifadə etmişdir. Şahzadə Şirin xristiyan Arran (Alban) hökmdarının – Mehinbanunun qardaşı qızıdir [8] . Şair tükənməz bir məhəbbətlə sevən Şirini saf mənəviyyata malik, ismətli qadınlıq qürurunu yüksək tutan bir adam kimi oxucularına sevdirir. Şirin nəhayətsiz dərəcədə sevdiyi Xosrovla kəbinsiz evlənmir. Ona Xosrovun gizlicə saraya gəlmək təklifini yetirən Şapura acıqlanaraq:
Çağrılmamış gedəm, məgər mən yeləm?
“Xosrov və Şirin”, Nizami Gəncəvi
deyərək öz şərəfini alçaltmayacağını qəti bildirir. Şair xarici görkəmcə çox gözəl təsvir etdiyi sevimli qəhrəmanının daxili aləmini də olduqca zəngin, onun gözəl hüsnü ilə səsləşəcək səviyyədə göstərir. O, sərxoş halda qəsrə gələn Xosrova qapı açmır, onu rədd edir, kəbinsiz evlənməyəcəyini söyləyir. Nəhayət, kəbin kəsildikdən sonra evlənir və sevgilisindən əli üzüldüyü zaman isə özünü öldürür. Şirinin öz sevgilisinin məzarı üstündə intihar etdiyini təsvir edərkən də şair onun bu fədakarlığını alqışlamaqla bərabər qadınlıq haqqında danışmış, qadını ülvi bir varlıq kimi tərifləmişdir:
Alqış bu ölümə, əhsən Şirinə,
Öldürən Şirinə, ölən Şirinə.
Məhəbbət yolunda ölüm budur, bax,
Canana belədir canı tapşırmaq.
Çox gözəl arvad var mərdlikdə bir şir,
Çox ipək içində şirlər gizlənir.
“Xosrov və Şirin”, Nizami Gəncəvi
“Leyli və Məcnun“
Nizami Gəncəvinin Gəncə şəhərində 1946-cı ildə (heykəltəraş:Fuad Əbdürrəhmanov) və 2012-ci ildə (heykəltəraş:Şərif Şərifov) ucaldılmış heykəlləri.
“Leyli və Məcnun” “Xəmsə”nin üçüncü poemasıdır. Nizami Gəncəvi bu qədim məhəbbət əfsanəsinə ustad qələmilə bəzək vurmuş, onu bədii yüksəkliyə qaldırmışdır. Şairin yaratdığı bu məhəbbət dastanı dünya ədəbiyyatı xəzinəsinin ən qiymətli incisinə çevrilmişdir. Nizaminin “Leyli və Məcnun” poeması 1188-ci ildə yazılmışdır. Şirvan hökmdarı Əxistanın sifarişi ilə yazılmış “Leyli və Məcnun” poemasında Nizami Yaxın və Orta Şərq xalqları arasında geniş yayılmış məhəbbət əfsanəsini ilk dəfə ədəbiyyata gətirmiş, vicdan və sevgi azadlığı haqqında ölməz bir dastan yaratmışdır. Şair qadın hüquqsuzluğundan, qadının əşya kimi satılıb alınmasından, feodal adət-ənənələrindən söhbət açır, insan adını uca tutmağa, ali məqsədlərə qulluq etməyə, mərd və mübariz olmağa çağırır. [9]
“Leyli və Məcnun”
XVI əsr əlyazmasina minatür
Yalqız Məcnun, XV əsrdə naməlum rəssam tərəfindən işlənmişdir
Nizami Leyli və Məcnun haqqındakı xırda və pərakəndə, quru və bədii cəhətdən sönük olan müxtəlif rəvayətləri böyük ustalıqla birləşdirmiş, demək olar ki, heç nəyi atmamış, lakin sənətin sərt qanunu əsasında onu sistemə salıb, kədərli və əzəmətli bir söz abidəsi yaratmışdır. Böyük söz ustası mövzunun imkanlarından istifadə edərək həyat, insanlar, onların əxlaqı, rəftarı, əməlləri barədə narahat düşüncələrini qələmə almışdır. Nizami insan və zaman probleminə, bu problemin ayrı-ayrı cəhətlərinə poemada dönə-dönə toxunur. Dahi şair doğru qeyd edir ki, insanda hələ nöqsanlar vardır. Bununla bərabər, o, insanı yaxşılığa, gözəlliyə səsləyir. Yaxşı sözü yaman sözdən üstün tutan şair zamanın eyiblərini də çəkinmədən romantik bir pafosla dilə gətirir.
Bir çox sifətlər var insanda hələ,
Almasan yaxşıdır onları dilə.
Pis sözü ağzına alınca insan,
Qarnında öldürsə yaxşıdır, inan.
Bu dünya dolanıb döndükcə ruzgar,
Qoy səndən yaxşı söz qalsın yadigar.
“Leyli və Məcnun”, Nizami Gəncəvi
Nizami Məcnundakı insanlığın, idrakın, sevginin nə qədər güclü, fədakar, təmənnasız olduğunu, onun “idrak yolundakı əngəlləri” necə qətiyyət və cəsarətlə qaldırıb kənara atdığını öz ecazkar sənətinin əlvan boyalarıyla açıb göstərir. Orta əsrlər şəraitində qadınların oyanması, insanlığını dərk etməsi və faciəsi Leyli surətində əks etdirilmişdir. Məcnun kimi sevən, yanan, duyan, onun kimi şəhid olan Leyli Məcnunun qadın tayıdır. Leylinin də faciəsi köhnəliyin öz yerini yeniliyə könüllü vermək istəməməsi üzündən, onun yeniliyə qarşı qəddar və amansız olmasından yaranır. Orta əsr feodalının mütləq hakimiyyətinin hələ güclü olduğu, lakin sarsılmağa başladığı bir dövrdə Leylinin faciəsi təbii idi. Zaman onun insanlığını, hisslərini, mənəvi sərbəstliyini hələ qəbul etmir, bu barədə eşitmək belə istəmirdi: hələ ona əşya kimi baxır, onu bazara çıxarır, kim çox qızıl versə, ona da satırdı. Zaman belə qanun qoymuşdu ki, qadının düşünməyə, duymağa, sevməyə, seçməyə ixtiyarı yoxdur, əgər o, müstəqil düşüncəyə malik olsa, namussuz hesab edilər, başı kəsilib itə atılardı, ancaq qanundan kənar istəyinə çatmağa imkan verilməzdi.
Leyli ilə Məcnunun Əsevişməsi
Hər gün parladıqca sübhün güzgüsü,
Doğardı şərqin də Yusif üzlüsü.
Öz reyhan köksünə turuncu fələk
Qızıl bir turuncla verirdi bəzək.
Leyli də bəhs edib turunc fələklə,
Turunc çənəsini alardı ələ.
Turunclu gördükcə xalq o nigarı,
Açıldı eşqinin yetişmiş narı.
O təzə turunca baxdığı zaman
Turunc tək, əlini kəsərdi insan.
Qeys onun turunca bənzər üzündən
Saralıb narınca dönmüşdü bilsən.
Narıncla turuncun ətri dünyada
Dostlar damağını gətirdi dada.
Böyləcə bir müddət gəlib dolandı,
Bu iki nazənin odlara yandı.
Çəkib qılıncını zalım məhəbbət.
Bu gənc ürəkləri eylədi qarət.
Ürək əvəzində qəm verdi yalnız,
Ürəklə səbri də apardı vaxtsız.
Onlar bir-birinə könül verdilər,
Tezcə dildən-dilə düşdü bu xəbər.
“Leyli və Məcnun”, Nizami Gəncəvi
“Leyli və Məcnun” poemasında Nizami əsərdəki hadisələrlə bağlı iki müstəqil hekayə də vermişdir ki, bu hekayələr poemanın əsas ideyası ilə birbaşa bağlıdır. Bunlardan ən məşhuru “İt saxlayan padşah” hekayəsidir. Çox vaxt bu hekayə əsərin əsas mövzusu ilə o qədər də bağlı olmayan bir əlavə kimi şərh olunur. Əslində isə həmin hekayə əsərin ideyası ilə birbaşa əlaqəlidir və ancaq dövrün şahlarının zülmkarlığını tənqid etmək üçün qələmə alınmış bir hekayə deyil; on il şaha sədaqətlə xidmət eləyən, ancaq sonra şah tərəfindən quduz və yırtıcı itlərə atdırılan gənc əslində Məcnundur. Çöldə Məcnunla dost olan, ona toxunmayan, əksinə, onu qoruyan vəhşilər isə həmin quduz itlərdir. Nizami bu fikirdədir ki, mövcud cəmiyyət, onun insanları həmin yırtıcı itlər saxlayan və xoşu gəlməyən adamları o itlərə atıb parçaladan padşaha bənzəyir, nəinki bənzəyir, elə onun özüdür. Bu baxımdan hekayənin sonunda Nizaminin dediyi aşağıdakı sözlər təsadüfi deyildir:
Bunu söyləməkdə bir məqsədim var,
Səxavət qələdir, o, can qoruyar.
Məcnun bəslədikcə o heyvanları,
Çəkdi dövrəsinə bir can hasarı.
Hasar ətrafında gəzən hər heyvan
Məcnunun işinə yaradı hər an.
Məcnuna bənzəsən insanlıqda sən,
Dünyada nə qüssə, nə qəm çəkərsən.
“Leyli və Məcnun”, Nizami Gəncəvi
Yeddi gözəl
“Yeddi gözəl”
Bəhramın yeddi gözəlin rəsmlərinə baxarkən, Nizami Gəncəvinin Xəmsəsindən “Yeddi Gözəl” poemasına çəkilmiş minyatür, Behzad məktəbi, 1479, eni 11 sm, hündürlüyü 18,5 sm, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi, Bakı, Nr. 1161/N
Bəhramın əjdahanı öldürməsi, Nizami, Xəmsə, “Yeddi gözəl” poemasına çəkilmiş minyatür, XVI əsr eni 24 sm, hündürlüyü 33 sm, Elmlər Akademiyası, Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu, Bakı, M-156
Bəhramın iki şir arasından tacını götürməsi, Nizami Gəncəvinin Xəmsəsindən “Yeddi Gözəl” poemasına çəkilmiş minyatür, Behzad məktəbi, 1479, eni 10,5 sm, hündürlüyü 20 sm, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi, Bakı, Nr. 1161/31
“İsgəndərnamə “
XVII minatürü İsgəndər ov zamanı
Yeddi gözəl (farsca: Həft Peykər – هفت پیکر) — Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin “Xəmsə” toplusuna daxil olan əsərlərdən biridir. Nizami Gəncəvi bu əsəri 1197-ci ildə tamamlamış və onu Marağa hakimi Ələddin Körpə Arslana ithaf etmişdir. Poemanın mövzusu qədim İran tarixindən götürülmüşdür. Əsərdə təsvir olunan hadisələrinmərkəzində Sasanilər sülaləsinin beşinci hökmdarı Bəhram Gur dayanır. Şair əsərdə onun həyatını əks etdirmək adı altında, öz dövrü haqqında kəskin tənqidi fikirlər, romantik düşüncələr dolu bir əsər yaratmışdır. “Yeddi gözəl” adı rəmzi məna daşıyır. Lakin əsərə verilən bu romantik addan düzgün nəticə çıxarmaq lazımdır. Burada söhbət təkcə Bəhramın gözəllərlə əylənməsindən getmir, şairi düşündürən hökmdar və xalq problemi bu poemanın da mərkəzi xəttini təşkil edir. Bəhram ölkəni idarə etməyi əmək adamlarından çobandan öyrənib. O, fitnənin sözləri qarşısında öz səhvini başa düşüb haqsız hərəkətlərindən peşman olur. Şair ölkənin abadlaşması, xalqın firavan yaşaması üçün hökmdarı ədalətli olmağa, xalqa arxalanmağa çağırır.
Nizaminin bu mövzuya nə qədər ciddi yanaşdığı, uzun müddət axtarışlar apardığını belə dilə gətirmişdir:
Dünyada nə qədər kitab var belə,
Çalışıb, əlləşib gətirdim ələ,
Ərəbcə, dəricə, yeri düşərkən,
Buxari, Təbəri əsərlərindən.
Oxudum, oxudum, sonra da vardım,
Hər gizli xəznədən bir dürr çıxardım.
Əlimə yetişən hər bir varaqdan
Nüsxələr bağladım mən zaman-zaman.
Onda ki fikrimi saldım səhmana,
Dedim ki, qoy onu düzüm dastana.
Oxuyan bəyənib afərin desin,
Ariflər, alimlər mənə gülməsin.
“Yeddi gözəl”, Nizami Gəncəvi
Nizami Bəhramı əsər boyu özünüdərketmə prossesində əks etdirir. “Oğlum Məhəmmədə nəsihət” adlı bəhslərdə şairin yeni insan idealı ifadə olunmuşdur:
İnsan yem dalınca qaçmasın gərək,
Quşdan ayıq olsun zirəkdən-zirək.
Çalış zəhmətinlə xalqının işinə yara,
Geysin əməlinlə dünya zər-xara.
İnsana arxadır onun kamalı,
Ağıldır hər kəsin dövləti, malı.
“Yeddi gözəl”, Nizami Gəncəvi
Əsərdə Bəhram Gurun iki şir arasından tacı götürməsi onun taxtı-tacı əldə saxlamağa qadir olduğunu göstərir.
Səhər qızıl taclı, sabah xeyli şən,
Bir taxt yaratmışdı fil sümüyündən,
Rəy deyən, iş görən qolu güclülər,
Amirlər, hakimlər, kimdə var hünər,
Ərəblər, əcəmlər hey atlandılar,
Şirlər meydanına qanadlandılar.
Şirbanlar gətirdi şirləri gəldi,
Açıb buraxdılar, meydan düzəldi.
Qızğın həmlə etdi şir üstünə şir,
Qazılırdı sanki Bəhrama qəbir.
Şirlər arasına o şir saxlayan
Gətirib tac qoydu tamam qızıldan
Bəhram ətəyini sancdı belinə,
Həmlə etdi dönüb sabah yelinə.
Nərəsi şirlərə vəlvələ saldı,
Onların əlindən tac vurub aldı.
Şirlər gördü şahın məharətini,
Onun şirliyini, cəsarətini.
“Yeddi gözəl”, Nizami Gəncəvi
İsgəndərnamə
İsgəndərnamə (fars. اسکندرنامه) — Böyük Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin “Xəmsə” toplusuna daxil olan əsərlərindən sonuncusudur. Poemanın 1200–1203-cü illər arasında yazıldığı ehtimal edilir. Şairin lirik şeirlərində və digər poemalarında qaldırdığı ictimai problemlər bu əsərdə tam bədii əksini tapmışdır.
İyirmi min misraya yaxın olan “İsgəndərnamə” poeması iki hissədən ibarətdir: birinci hissə “Şərəfnamə”, ikinci hissə “İqbalnamə” adlanır. “Şərəfnamə” Azərbaycan Atabəylərindən Nüsrətəddin Əbubəkr ibn Məhəmmədə, “İqbalnamə” isə Mosul hakimi Məlik İzzəddinə ithaf edilmişdir. “Şərəfnamə” Abdulla Şaiq, “İqbalnamə” isə Mikayıl Rzaquluzadə tərəfindən fars dilindən Azərbaycan dilinə tərcümə edilmişdir.
Nizami bu poemanı yazarkən qədim dünyanın ən böyük sərkərdələrindən Makedoniyalı İsgəndəri öz əsəri üçün qəhrəman seçmiş, onun haqqında müxtəlif mənbələrdən material toplamış, onları öz həyat idealına istək və arzularına uyğun şəkildə işləyib möhtəşəm bir sənət əsəri yaratmışdır. İsgəndər bir imperator, peyğəmbər, filosof olduğu qədər də, bir aşiqdir. Onun hər hansı hərbi və siyasi qələbəsi belə mütləq könülə aid bir eşqin qələbəsi bir toyla tamamlanır.
İsgəndərnamə poeması Nizaminin həcmcə ən böyük və son əsəridir. 60 illik yaradıcılıq təcrübəsindən sonra yazılmış həmin poemanı şair heç kimdən sifariş almadan, öz arzusu ilə yazmışdır. Əsərin qəhrəmanını o, tarixi bir şəxsiyyət, müharibələr aparmış işğalçı fateh kimi deyil, bədii obraz kimi canlandırmışdır. İki hissədən ibarət olan poemada müəllif əvvəlki əsərlərdə təsvir etdiyi bir sıra fikir və düşüncələrini ümumiləşdirmişdir. Nizami mərd, iradəli, ağıllı və bacarıqlı Bərdə hökmdarı Nüşabə obrazını yaratmaqla yeni tipli dövlət başçısından, ədalətli quruluşdan söhbət açmışdır. Bu əsərdə Nizaminin məqsədi müharibələrin təfsilatı deyil, yunanların şərq mədəniyyətlərilə tanışlığı və bu yolla iki mədəniyyətin sintezləşməsidir. İsgəndər yanındakı filosofların təkidləri ilə dəri üzərində yazılmış “Avesta” mətnlərini Yunanıstana göndərərək tərcümə edilib öyrənilməsini tövsiyə edir. İsgəndər Nizaminin yazdığına görə öz vətənində görmədiyi bir çox mədəniyyət və cəmiyyətlərlə bağlı real hadisələrə həyatın möcüzələri kimi baxır. O, yol boyu müxtəlif ölkə, xalq və mədəniyyətlərlə üzləşir, hind çarbaklarının təlimlərilə tanış olur, şimala doğru qayıdarkən almaz çölünə gəlib çıxır, əsgərlər almaz parçalarını yığıb torba-torba özlərilə daşıyırlar. Əsərdə ən əhəmiyyətli mədəni hadisə İsgəndərin “başçısızlar” ölkəsinə gəlib çıxmasıdır. O, buradakı insanların həyatı, düşüncəsi, bərabərliyə əsaslanan ictimai idarə üsulunu gördükdə heyrət edir. Nəhayət İsgəndər şimal zülmətində dirilik suyunun olması xəbərini eşidir və oraya yol tapmaq istəyir. Əbədi həyat vasitələrinin axtarışı ən qədim mədəniyyətlərdə, həmçinin şumer dastanlarında mövcud olmuşdur. Şumer dastanında da ölümsüzlük çarəsi şərqdə, ehtimal ki, Xəzər və ya Urmiya gölündəki adaların birində axtarılır. Onun çarəsini bu adanın sakini Uminanitdin bilir. Zərdüştilik inancına görə isə ölümsüzlüyün dərmanı “Hoym” bitkisidir.
İsgəndər Xızır peyğəmbərlə zülmətə gedərkən yolu azır, Xızır isə əbədiyyət suyunu tapıb içir və bu haqda İsgəndərə xəbər verir. Beləliklə, İsgəndər Yunanıstanda deyil, şərqə səyahətləri dövründə görüb öyrəndiyi şərq mədəniyyətləri, şərq elmi-fəlsəfi dünyagörüşü nəticəsində əqli təkamülün zirvəsi olan peyğəmbərlik məqamına yüksəlir. Bu cəhətdən “İsgəndərnamə” Nizaminin bədii-fəlsəfi yaradıcılığında son kamil intibah əsəridir.
Lirikası
Əsas məqalə: Nizami Gəncəvinin türkcə divanı
2013-cü ildə Zəncan Universitetinin professoru, azərbaycanlı alim Hüseyn Türksoy Misirin Xədəviyyə kitabxanasında, Nizami qovluğunda Nizami Gəncəviyə aid olduğu iddia edilən azərbaycanca-türkcə divan nüsxəsi tapmışdır. Prof. Sənan İbrahimov divana ön söz yazaraq, onu transliterasiya edib, nəşr etdirmişdir.
Nizaminin iqtisadi fikirləri
Nizami Gəncəvinin iqtisadi fikrini araşdırmaq və sistemə salmaq üçün onun fikir dünyasını bütövlükdə dərk etmək, yaşadığı ictimai-iqtisadi mühitə yaxından bələd olmaq tələb olunurdu. Bunun üçün nizamişünaslığa dair əsas mənbələrlə tanış olmadan, fəlsəfi, əxlaqi və bədii görüşlərini öyrənmədən, onun “Xəmsə” boyu sənədləşmiş iqtisadi ideya və fikirlərini araşdırmaq çətin olardı.
Artıq XII əsrdə Azərbaycanda iqtisadi fikir və ideyalar özünün yüksək inkişaf səviyyəsinə çatmışdır.28 N.Gəncəvi (1141-1209) əmək və sərvət haqqında mükəmməl təlim yaradır. Bu təlimə görə əmək maddi və mənəvi sərvətləri artıran əsas mənbədir. Əmək fəaliyyətinin səmərəliliyi əməyə stimul doğuran amillərdən asılıdır. Dahi söz ustası böyük mütəfəkkir şairimiz N.Gəncəvi əməyin yüksək nətiçələr verməsi üçün hər şeydən əvvəl onun azad əmək olması ideyasını hər kəsin öz qabiliyyətinə görə işlə təmin olunması fikri, əmək adamının daima öz baçarıq və ustalığını artırması ideyalarını irəli sürmüşdür.
Dahi mütəfəkkir alimimiz N.Gəncəvi alqı-satqı prosesində bərabərlik prinsipinin gözlənilməsindən bəhs edir, tələb və təklifin əmtəələrin bazar qiymətlərinə təsirini aydın təsvir edir.
XII əsrdə N.Gəncəvi Azərbaycanda pul sistemi haqqında, ümumiyyətlə pulun sosial-iqtisadi təbiəti haqqında mükəmməl elmi fikir və təsəvvürlər yaradır.
N.Gəncəvinin “Xəmsə”sində səpələnən xüsusi forma və üsulunda ifadə edilən iqtisadi fikir və ideyalar müəyyən sistem halına salındıqda, onun cəmiyyətin ictimai-iqtisadi münasibətləri haqqındakı təsəvvürləri daha aydın nəzərə çarpır. Bu baxımdan onun irsinin tədqiqi göstərir ki, Nizami Gəncəvi çox zaman humanizm və demokratizmi dahi mütəfəkkirin iqtisadi ideyalarının da əsasını təşkil edir. Nizami Gəncəvi çox hallarda əməyə, sərvətə, mübadiləyə, pula, bölgü və istehlaka öz əxlaq fəlsəfəsi mövqeyindən yanaşmışdır. Əmək və əməkçi surətləri (obrazları) demək olar ki, onun bütün əsərlərinin başlıca qayəsini təşkil edir.
Dahi mütəfəkkir şairimiz N.Gəncəvinin nəzəri-iqtisadi ideyaları onun yaradıcılığında mühüm yerlərdən birini tutur. O, cəmiyyətin ictimaiiqtisadi quruluşu, əmək, əmək bölgüsü, sərvət və onun mənbələri, bölgü, istehlak məsələləri üzrə özünə məxsus bir tərzdə qiymətli fikirlər irəli sürmüşdür. Onun mübadilə, ticarət, qiymət, pul və s. haqqında fikir və ideyaları haqqında baxışları iqtisadi fikir tariximizi zənginləşdirən qiymətli töhfədir.
N.Gəncəvinin yaşadığı cəmiyyətin ictimai ziddiyyətlərini dərindən qavraması, cəmiyyətdəki sosial ədalətsizliyə qarşı mübarizəsi və nəticədə cəmiyyətin yenidən qurulması üçün yollar axtarması, ideal cəmiyyət haqqındakı fikirləri ictimai-iqtisadi fikir tariximizin ən qiymətli inciləridir. N.Gəncəvi bir mütəfəkkir alim kimi elmin qarşısında qoyduğu vəzifəni “Sən çalış yaxşı öyrən dünyanı, bəşəri, bitkini, daşı, heyvanı” fikri ilə şərəflə yerinə yetirmişdir.
N.Gəncəvinin “Xəmsə”sində: “Sirrlər xəzinəsi”, “Xosrov və Şirin”, “Leyli və Məcnun”, “Yeddi gözəl” və “İsgəndərnamə” kimi böyük əsərlərində özünün dünyagörüşünü, təbiət və cəmiyyətin inkişaf qanunauyğunluqları, onların dərk edilməsinin əhəmiyyəti haqqında nəzəri fikirlərini poetik formada əks etdirmişdir. O yazır: “Yeni tarixlərdən ziyadə Yahudi, Nəsrani (xristian) və Pəhləvi tarixini aradım. hər dildə olan xəzinələri topladım”.
Böyük mütəfəkkir şairimizin “Dünyanın ucqarlarına dağılmış kitabları, Ərəb və Dari dilində deyilmiş sözləri, Buxari və Təbərinin əlyazmalarını. müxtəlif evlərin (sarayların) xəzinələrində saxlanılan əsərləri topladım, öyrəndim, “nə qədər gizli və dərin elmlər vardırsa” hamısından xəbərdar oldum və varlıqların sirrini axtarmağa başladım”.
N.Gəncəvi öz yüksək bilik səviyyəsi və yiyələndiyi dillərin vasitəsilə Şərqin böyük mütəfəkkirlərinin: Əl Fərabi, İbn Sina, Biruni, Əl Kindi və başqa görkəmli alimlərin əsərləri ilə tanış olmuş, antik, hind və yunan fəlsəfəsini və mədəniyyəti mənimsəmişdir. Buna görə də o dahi şair olmaqla yanaşı öz dövrünə qədər və öz zəmanəsində mövcud olan əsas bilik sahələrinə: tarix, fəlsəfə, məntiq, ilahiyyət, astranomiya, kimya, fizika və s. dərindən bələd olan və bunlardan bəşəriyyətin faydalanması üçün
yollar arayan böyük mütəfəkkir alimdir. N.Gəncəvinin əsərlərində insan, onun dünyada yeri və rolu, insanın insana, insanın cəmiyyətə və onu əhatə edən təbii mühitə münasibəti, cəmiyyətin ədalət və təbii qanunlar əsasında qurulması və idarə edilməsi kimi həyati məsələlər əsas yer tutur. Onun nəzəri irsinin və fikir dünyasının hərtərəfli və dərindən öyrənilməsi göstərir ki, o öz dövrünün mühüm ictimai, iqtisadi və siyasi hadisələrinə, bu hadisələrin cərəyan etdiyi mühitə biganə qalmamışdır.
Dahi Nizami özünün dərin müşahidəçilik qabiliyyəti və elmi müşahidələri sayəsində XII əsrdə Azərbaycanda və ona qonşu olan ölkələrdə mövcud olan ictimai-iqtisadi quruluşun xarakterini və ziddiyyətlərini açıb göstərməyə çalışmışdır. Onun “Xəmsə”si əvvəldən axıradək yaşadığı dövrün ictimai, iqtisadi, sosial və mənəvi problemlərin
həllinə, öz xalqının və bütün bəşəriyyətin əzab-əziyyətdən, ictimai bərabərsizlikdən xilas olması məsələlərinə yönəldilmişdir. O. keçmişdən danışarkən öz dövrünün ictimai quruluşuna və üsul-idarəsinə qarşı açıq və kəskin etirazlarını bildirmiş və cəmiyyətin gələcəyinə nikbin nəzərlərlə baxmışdır. Buna görə də N.Gəncəvinin yaradıcılığı öz aktuallığını itirməmiş, bəşər sivilizasiyasına 900 ilə yaxındır ki, xidmət etmiş və indi də etməkdədir.
N.Gəncəvinin iqtisadi ideyaları onun Azərbaycan iqtisadi fikrinin inkişafında tutduğu yer xüsusi və geniş tədqiqat obyekti olmamışdır. Lakin bu mövzuda ilk təşəbbüsü unudulmaz görkəmli iqtisadçı alimimiz, respublikada mühasibat və təhlil nəzəriyyəsinin əsasını yaradan mərhum prof. Ə.Q.Fərəcovun 50-ci illərdə yazdığı bir neçə məqalə və 1956-cı ildə nəşr olunmuş «Nizaminin iqtisadi görüşləri haqqında»kı 50 səhifəlik kitabçası vardır. Görkəmli alimimiz Ə.Fərəcovun dahi mütəfəkkir şairimiz
N.Gəncəvinin iqtisadi görüşləri haqqındakı ilk təşəbbüsü təqdirəlayiqdir və Azərbaycan iqtisadi fikir tarixinin yazılması və öyrənilməsi üçün də əhəmiyyətlidir. Bunu da qeyd etməliyik ki, Ə.Fərəcovun əsərində N.Gəncəvinin iqtisadi görüşlərinin yalnız bir qismi işıqlandırılmış, onun iqtisadi hadisələr və proseslər haqqındakı elmi ideyaları tam əhatə olunmamışdır. Həmin kitabçada istər-istəməz dahi Nizamiyə və onun iqtisadi ideyalarına yalnız marksizm-leninizm metodologiyası baxımdan yanaşılmışdır. Buna görə də bütövlükdə Nizami irsinə və onun bizim üçün tədqiq olunması ən çox vaçib olan iqtisadi-nəzəri ideyalarına obyektiv və qərəzsiz yanaşılması yenidən müstəqillik qazanmış Azərbaycanımızın bazara keçid dövrünün başlıca tələblərindən biridir.
Bunu da qeyd etməliyik ki, N.Gəncəvinin «Xəmsə»sində səpələnən, xüsusi forma və üslubla ifadə edilən iqtisadi fikir və ideyalar müəyyən sistem halına salındıqda, onun cəmiyyətin ictimai-iqtisadi münasibətləri haqqındakı təsəvvürləri daha aydın formada nəzərə çarpır. Buna görə də dahi mütəfəkkir şairimizin irsinin tədqiqi göstərir ki, onun humanizm və demokratizmi iqtisadi baxışlarının da əsasını təşkil edir. İqtisadi-nəzəri və tarixi araşdırmalar mövqeyindən yanaşdıqda onun iqtisadi həyat hadisələri və prosesləri haqqında irəli sürdüyü fikir və ideyalar çoğdaş dövrümüzdə də çox mütərəqqi və öz aktuallığını itirməyən bir sistem haqqında ifadə edilmişdir.
N.Gəncəvinin «Xəmsə»sindəki iqtisadi fikir və ideyalar yaşadığı dövrün ictimai-iqtisadi quruluşunun, ən çox feodalizm dövrünün tənqidi təhlili və ifadəsi kimi meydana çıxmışdır. O, ən çox feodal mülkiyyət formaları, ondan doğan ziddiyyətlər, vergi sistemi haqqındakı fikirlər öz əksini tapmışdır. Elə buna görə də şərq dünyasına məxsus xüsusiyyətlərə malik olan feodal mülkiyyət formalarına qısa nəzər salmadan N.Gəncəvinin bu sahədə irəli sürdüyü iqtisadi fikirləri dərk etmək çətindir.
Tarixi mənbələrdə və N.Gəncəvinin əsərlərində verilən məlumatlara görə o dövrdə vergilərin çox olduğu aydın olur ki, bu da vergilərin miqdarı, növləri və toplama formaları haqqında müxtəlif fikirlər söyləməyə əsas verir.
Bu da məlumdur ki, Nizaminin yaşadığı dövr (XII əsr) Azərbaycanda və eləcə də Yaxın və Orta Şərq ölkələrində intibah (renessans) dövrü adlandırılmışdır. Bu dövr Şərqdə ondan xeyli əvvəl başlamış və N.Gəncəvinin yaşadığı XII əsrdə özünün ən yuksək inkişaf mərhələsinə çatmışıdır ki, bu dövrdə intibahın ən böyük simalarından biri N.Gəncəvi olmuşdur. İntibah adlandırılan həmin dövr elmin, sənətin və mədəniyyətin geniş vüsət alması və çiçəklənməsi dövrü kimi səciyyələndirilir.
N.Gəncəvi «Xəmsə»də daxili və xarici ticarət mənbələrinə, onların inkişafına və aparılması qayda-qanunlarına dair qiymətli fikirlər söyləmişdir. O, tacirlərə, alqı-satqı ilə məşğul olanlara şərait və ədalət qanunları ilə sövdələşməyi tövsiyə edir. Həm də onların dükanlarını, mallarını oğru-quldurlardan qorumağı da dövlət məmurlarının vəzifəsi hesab edir. Bunu nəzərdə tutub yazır ki, «Bu çartı-bazarla mən necə dükan qurum ki, oğru-quldurdan amanda qalım. Kimin bu çartı-bazarda dükanı
varsa, onu hər tərəfdən yarıb oğurlayıblar. Əgər oğru aparandan səs-səmir çıxmadısa, demək oğru tutan darğanın əli mala çatıb».35 Bununla da o, xarici ticarətlə məşğul olan tacirlərdən danışarkən yenə də onların hüquqlarının müdafiə olunmasını xatırladan, yollarda qarşılaşdıqları təhlükədən xilas olmaq üçün tədbirlər görülməsini vacib hesab edirdi.
N.Gəncəvi ölkələr və xalqlar arasında ticarət əlaqələrinin inkişaf etdirilməsinin mütərəqqi yolunu düzgün qiymətləndirərək deyir ki, «Dünya al-ver siyasətində çiçəklənməyə başlanmışdır». Dahi mütəfəkkir şairimiz N.Gəncəvinin yaşadığı doğma Gəncə şəhəri o dövrdə Qafqazda deyil, həm də yaxın və Orta Şərqin ən böyük və
sənətkarlığın, tiçarətin, mədəniyyətin yüksək inkişaf etdiyi mərkəzlərdən biri idi. 1139-cu ildə baş verən fəlakətli zəlzələdən əvvəl və şəhərin bərpa edilməsindən sonra onu görən və ya tarixi materiallara istinad edərək Gəncəni təsvir edən tarixçilərin və səyyahların əsərlərində orada iqtisadi və mədəni həyatın yüksək inkişafından, gözəl tikililərindən, ətrafında göz oxşayan bağ-bağçalarından, əhalisindən, xoş və mülayim iqlimindən danışılır. O dövrün məşhur Ərəb tarixçisi İbn-əl-Əsir (1160-1234) Gəncəni Arranın anası və mərkəzi adlandırmışdır. O qeyd edirdi ki, 1139-cu ildə (sentyabrın 30-da) Arranın da digər vilayətlərində baş verən dəhşətli zəlzələdən ən çox dağıntıya və insan tələfatına məruz qalan şəhər olmuşdur. Bu zəlzələ nəticəsində təxminən 230 minə qədər insan, o cümlədən, Gəncə hakimi Qara Sunqurun 2 oğlu tələf olmuş və külli miqdarda saraylar, evlər dağılıb batmışdır.Bunlardan Müşdəsəsid Bəhruzə məxsus olan böyük istehkam, zəngin xəzinə və əmlak da dağılmış və
xarabalıqlar altında qalmışdır.
Beləliklə, dahi mütəfəkkir N.Gəncəvinin iqtisadi fikir və ideyaları, onun «Xəmsə»sindəki iqtisadi baxışları sistem halında yaşadığı ictimai iqtisadi quruluşun tənqidi təhlili və ifadəsi kimi meydana çıxmışdır. Onun bu sahədə söylədiyi fikir və ideyaların «Xəmsə»boyu səpələnmiş beyitlərdə, misralarda yaratdığı çox saylı obrazların deyimlərində iqtisadçıların adət etmədiyi bir tərzdə açıqlanır və nəticədə onun baxışları bir sistem halında müəyyənləşir. Buna görə də o dövrdə iqtisad elmi olmadığını, iqtisadi fikrin başqa elm sahələri tərkibində inkişaf etdirilməsini nəzərə alaraq dahi mütəfəkkir şair N.Gəncəviyə haqq qazandırmaq və qiymət vermək olar.
Dünya səviyyəsində tanınması
20 Aprel 2012-ci ildə İtaliyanın paytaxtı Roma şəhərində Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycanın İtaliyadakı səfirliyinin iştirakı ilə Roma şəhərindəki məşhur “Villa Borghese” parkında Nizami Gəncəvinin abidəsinin açılışı olub. Abidənin açılışında Neapol Şərqşünaslıq Universitetinin professoru Mineli Bernardini çıxış edərək Nizami Gəncəvinin yaradıcılığını yüksək qiymətləndirib və Azərbaycanın Gəncə şəhərində dünyaya göz açan dahi şairin əsərlərini bütün dövrlər üçün əvəzsiz xəzinə adlandırıb. Professor bildirmişdir ki, dahi Nizaminin yaradıcılığı Azərbaycan xalqına xidmət etməklə yanaşı, digər xalqlar üçün də böyük əhəmiyyət daşıyır. “Nizamini İtaliyada da yaxşı tanıyırlar”, – deyən alim xalqımızın dahi oğlunun əsərlərinin italyan dilinə tərcümə edildiyini və sevildiyini, onun bütün yaradıcılığının bəşəri əhəmiyyət daşıdığını diqqətə çatdırib. [13]
Haqqında olan ədəbiyyat[redaktə
- Babayeva T. Nizami Gəncəvinin ədəbi irsində şəxsiyyət problemi. Bakı: 2000, 200 s.
- Kərimli T. Nizami və tarix. Bakı: Elm, 2002, 241 s.
- Əlibəyzadə E. Nizami və tariximiz. Bakı: 2004, 186 s.
- Rzasoy S. Nizami poeziyası: Mif-tarix konteksti. Bakı: Ağrıdağ, 2003, 212 s.
Tərtib edən : Abbasova İradə Metodiki işlərin təşkili şöbəsinin müdiri
Bu vəaitdə dahi şair Nizami Gəncəvinin anadan olmasının 870 illik yubileyi ilə bağlı kitabxanalarda keçiriləcək tədbirlərin metodikası göstərilmişir.Metodik vəsait : Əsrlərə nur saçan poeziya / Dahi şair Nizami Gəncəvinin anadan olmasının 870 illiyi / . Tərt. edən İ.Abbasova, – Gəncə, 2011. s.28.
Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sistemi. 2011.
Ünvan : Nizami Gəncəvi küç.81.
www. Gencekitab. az
Comments are closed, but trackbacks and pingbacks are open.