Press "Enter" to skip to content

Novruz bayramı haqqında tdbir

1. Qütbəddin Ravəndi «Lubbul-lubab» kitabında belə deyir: Allahın Rəsulu (s) buyurmuşdur: «İki günü sizin üçün iki günlə əvəz etdim: (yəni) Novruz və Mehriqanı Fitr və Qurban bayramı ilə əvəz etdim». İbn Şəhri Aşub (588 h.q) «Əl-mənaqib» kitabında rəvayət edir: Xəlifə Mənsur İmam Kazım (ə)-dan Novruzla əlaqədar olaraq, təbrik etmək və hədiyyələr almaq üçün, taxta əyləşməsini istədi. Həzrət (ə) onun cavabında buyurdu: «Mən cəddim Rəsuləllahın hədisləri arasında bu bayramı təsdiqləyən bir hədis tapmadım. Həqiqətən, bu farsların adət-ənənələridir. İslam dini onu ləğv etmişdir. İslamın ləğv etdiyi bir şeyi yerinə yetirməkdən Allaha pənah aparıram». Mənsur dedi: «Bu işi hərbiçiləri idarə etməyə görə yerinə yetirirəm və sizi Allaha and verirəm, əyləşin». O zaman Həzrət (ə) qəbul etdi. Hökmdar və hərbiçilər təbrik üçün gəldilər və özləri ilə hədiyyələr gətirdilər. Mənsurun xidmətçisi Həzrətin (ə) başı üstə dayanaraq hədiyyələri sayırdı. Sonuncu şəxs yaşlı bir qoca idi. İmam Kazım (ə)-a dedi: «Ey Allah Rəsulunun qızının övladı! Mən yoxsul bir kişiyəm və hədiyyə veriləsi pulum yoxdur, lakin mənim babamın sizin babanız Hüseyn (ə) barəsində yazdığı bir neçə beyt şeri sizə hədiyyə verirəm». Həzrət (ə) buyurdu: «Sənin hədiyyəni qəbul etdim. Əyləş, Allah sənə bərəkət verər!» Mərasim bitdikdən sonra Həzrət (ə) Mənsurun xidmətçisini hədiyyələr barəsində məlumat vermək üçün xəlifənin yanına göndərdi. Xidmətçi gedib qayıtdıqdan sonra dedi: Xəlifə buyurdu ki, «Bu hədiyyələr sizinkidir». İmam Kazım (ə) o qocaya buyurdu: «Bu malları hədiyyə olaraq qəbul et». Novruzun tənqidi barəsində olan bu hədislər heç bir cəhətdən düzgün və etibarlı deyildir. Belə ki: Birinci rəvayət Hacı Nurinin (1320 h.q) «Mustədrəkul-vəsail» kitabından götürülmüş və 5-ci əsrin alimlərindən olan Qütbəddin Ravəndiyə aid edilmişdir. Bu rəvayət tarixi mənbələrdə mövcud deyil. İkinci rəvayət isə, İbn Şəhri Aşubun «Əl-mənaqib» kitabında qeyd olunub. Lakin bu mənbə də çox şübhəlidir. (Onun nə müəllifi, nə də İbn Şəhri Aşubun qeyd etdiyi mənbə məlum deyil.) Rəvayət olunmuş 7 hədis toplusunun isə çox etibarlı sənədi var. Bir çox din alimləri Novruz bayramının fəzilətlərini birbaşa və dolayı yollarla dəstəkləyən rəvayətlər və hikmətlər nəql etmişlər.

Novruz çərşənbələri ��

Hər bir xalqın özünəməxsus adət-ənənələri, qayda-qanunları olur. Azərbaycan xalqı olaraq milli dəyərlərimizə, milli tariximizə v bayramlarımıza xüsusilə önəm verir, onları bü gün də yaşatmağa çalışırıq. Hər kəsin sevərək qeyd etdiyi milli bayramlardan olan Novruz bizə atalarımızdan, babalarımızdna miras qalmış dəyərlərdən biridir. İllər, əsrlər keçsə də, modern zamana ayaq bassaq da, Novruz bayramı ərəfəsində bu milli, qədimi adət-ənənələr hələ də yaşadılır, keçmişdə edilən hər bir inanclara sadiq qalınaraq təkrarlanır.

Novruz bayramının yaranması, tarixi haqqında müxtəlif fikirlər söylənilir. B bayramın keçirilməsinin səbəbi, bayramın tarixi kökləri təbiət hadisələrinə söykənir.

Kəmalə İslamzadə qeyd edir ki; “Bu bayramı zərdüştlük dini ilə əlaqələndirənlər də olub, İslam dini ilə bağlıyanlar da. Amma bu bayram hər iki dindən əvvəl mövcud olub və dini təsəvvürlərlə deyil, təbiət və fəsil anlayışları, zaman və əkinçilik vərdişləri, bolluq və firəvanlıq arzusu ilə əlaqəlidir. İnsanlar soyuq qışdan qurtularaq, ruzi, bərəkət, xoş günlər vəd edən yazın gəlişinə sevinmiş, onun şərəfinə oyun, ayin və nəğmələrlə bəzənmiş bayram etmişlər”.

Novruz deyildikə, müxtəlif növ şirniyyatlar, dadlı təamlar, çərşənbələr ağlımıza gəlir. Çərşənbələr Novruzun gəlişindən xəbər verir. Bəs nədir çərşənbə?

Novruz bayramından əvvəl qışın ilk vaxtlarından başlayaraq qırx gün müddətində Böyük Çillə, ondan sonrakı 20 gündə isə Kiçik Çillə davam edir. Xalq təqviminə görə kiçik çillə fevral ayının 19-u öz ömrünü başa vurub, yerini “boz aya” verir. Boz ay kiçik çillənin qurtardığı vaxtdan yazın ilk gününə – martın 21-nə qədər olan dövrü əhatə edir. Xalq arasında boz ay haqqında bir deyim var. “Boz ay bozara-bozara keçər”.

Novruzun gəlişinin xəbərçisi olan çərşənbələrdə hər həftə bir ünsür oyanır.

İlk çərşənbə sudur. Su çərşənbəsi ilə bayram hazırlıqlarına başlanılır. Deyilənə görə, Allah ilk olaraq suyu yaradıb. Buna görə su ilk çərşənbə kimi qeyd olunur. Su çərşənbəsində suyun müqəddəs mahiyyəti bir daha ifadə olunur. Bütün mifik mətnlərdə su həyat verən, dirildən, xoşbəxtlik gətirən müqəddəs bir inam obyekti kimi çıxış edir.

Novruzun ikinci çərşənbəsi od çərşənbəsidir. Adətən müşahidələrə əsasən həmin həftədə havalar istiləşməyə başlayır. Od çərşənbəsində od rəmzi istilah daşıyır. O, yandırıb-yaxan, istilik verən məfhum kimi yox, müqəddəs, sayalı, arındırıcı bir varlıq kimi təsvir edilir. “Suyun yumadığını od təmizlər” ifadəsi də buradan götürülüb. Od çərşənbəsində bayram tonqalını həyət darvazasının ağzında qalarlar. Səbəbi odur ki, həyətə keçən özüylə bərabər ağırlıq, pis niyyəti gətirməsin. Hamısı elə bu alovda yansın, yox olsun.

Novruzun üçüncü çəşənbəsi isə yeldir. Yel çərşənbəsində əsən soyuq və isti küləklər yazın gəlişindən xəbər verir. Gün ərzində küləyin bir neçə dəfə dəyişməsi əslində onun özünün – küləyin – havanın təmizlənməsi, yenilənməsi kimi qəbul edilir. Qədim adətə görə, bu çərşənbədə qəfəsdə saxlanılan quşları və heyvanları azadlığa buraxmaq lazımdır. Yel əslində, sonuncu çərşənbə olmalı imiş Biz bu gün çərşənbələrin sırasını pozmaqla varlığın fəlsəfəsini, mahiyyətini bir qanunauyğunluq kimi rədd edirik. Yel, hava özündən əvvəlki üç varlığın- su, torpaq və odun hərəkətverici qüvvəsidir, o ən sonuncu gəlir və dirilişi tamamlayır.

Novruz çərşənbələrinin sonuncusu Torpaq çərşənbəsidir. Xalq arasında “Yer çərşənbəsi”, “İlaxır çərşənbə” də adlandırılan bu çərşənbə günü yer oyanır, torpaq nəfəs alır, əkinə, toxum səpininə hazır olur. İlaxır çərşənbələrin içində ən möhtəşəmi, böyük təmtəraqla keçiriləni axır çərşənbə axşamıdır. Həmin gün ailəyə səadət, xoşbəxtlik arzulanır. Bütün evlərdə bayram süfrələri açılır, cürbəcür yeməklər, əsasən aş, şirniyyatlar: paxlava, şəkərbura, şəkərçörəyi, şorqoğalı hazırlanır.

Novruz oyanış, yenilik xəbərçisidir. Xalqımız bu bayramı çox böyük şadyanalıqla, təmtəraqla qeyd edir. Bayram hazırlığı olaraq ilk əvvəl evlər, həyət bacalar təmizlənir. Köhnə əşyalar çıxarılır. Bundan başqa Novruz zamanı, xüsusilə də son çərşənbədə xüsusi inanclar vardır ki, hər bayram bu fallar edilir. Üzük, ayaqqabı falı, qapı pusma kimi bir çox fallar vardır. Adətən bu fallar subay qızlar tərəfindən edilir.

Novruz həm də küsülülərin barışdığı, doğmaların bir yerə toplandığı, xoşbəxt anların yaşandığı bayramdır. Uşaqdan böyüyə hər kəsin sevərək hazırlaşdığı, qeyd etdiyi Novruz bayramı ürəkləri isidir, doğmaları sevindirir. Bu bayramda hər kəs bir yerə toplaşaraq dadlı, ləzzərli bayram təamlarından dadır, oyunlar oynayır, bolluca əylənir. Novruz bayramımız mübarək!

Novruz haqqında maraqlı məqamlar

Novruz xalqımızın milli bayramıdır. Sambalına, vüsətinə, kütləviliyinə görə, adət — ənənə zənginliyi baxımından onunla müqayisə ediləcək ikinci bir bayram yoxdur. Novruz adətləri, Novruz etiketləri xalqımızın say niyyətinin, humanist xarakterinin, yüksək əxlaqi — mənəvi keyfiyyətlərinin təcəssümüdür. Dünya üzündə saysız — hesabsız xalqlar, millətlər olduğu kimi, bayramlar, mərasimlər, adət — ənənələr də müxtəlif və saysızdır.

Hər ilin yaz gecə — gündüzü bərabərliyində, varlığın oyanış dönəmində ərgənləşən Novruz həm də qoca türkün özü qədər qədim və uludur. Ulu ən əvvəl, uca Tanrımıza deyirik. Ulu vətənə, yurda deyirik, ana təbiətə deyirik. Ulu yeddi arxa dönənimizdən o üzdəki dədə — babalarımıza deyirik. Ululuq həm də müqəddəslikdir, ülviyyətdir. Novruz ulu bayramdır.

Səmavi kitabların ən dolğunu, qüsursuzu, insan üçün ən faydalısı “Quran-i Kərim” Allah kəlamı, Allah buyruğudur. Novruz adətlərini diqqətlə araşdırsaq, görərik ki, “Quran-i Kərim”də təsbit olunan əxlaqi — bəşəri keyfiyyətlər bu adətlərimizdə ehtiva olunub. Novruzda təbiətə, insana, vətənə sevgi var, şərə qarşı mübarizə və xeyrin təntənəsi var, milli birliyə, barışığa, əqidə bütövlüyünə çağırış var, əbədiyaşarlıq var.

Bu baxımdan Novruz adətlərinin məktəblərimizdə tədrisinə xüsusi önəm verilməlidir. Gənc nəslin istər milli, istər ümumbəşəri keyfiyyətləri əxz etməsində, onların dünyagörüşünün yüksək dəyərlər əsasında formalaşmasında Novruz adətlərinin təbliği, fikrimcə, faydalı və əhəmiyyətli olardı.

Ərgənəkon nədir?
Novruzdan danışarkən, ilk öncə, onun etimologiyasına nəzər salmaq lazımdır. Novruz fars sözü olub, türkcədən hərfi tərcümədir, mənası “yeni gün” deməkdir. Novruz qədim türk dilində “Ergənəkar” (Ərgənəkon) adlandırılırdı. Biz indi də yeniyetmə oğlan və qızlara “ərgən oğlan”, “ərgən qız” deyirik. “Ərgən”, əslində, qədimdə “erkən” şəklində olub. Bunun “ər” (kişi) sözünə heç bir aidiyyatı yoxdur. Çünki ərə gedəsi qıza ərgənə qız deyə bilərik, oğlan özü ərdir, ona bu ifadəni aid edə bilmərik. Fikrimizin təsdiqi üçün onu deyim ki, səhərin ilk çağlarına “er” deyirik. Səhər-səhər səfərə tələsənlərə deyərlər: “Tələsmə, hələ erkəndir”. “Kən” hissəciyi isə transkripsiyaya uğramış və hazırda dilimizdə “gün” kimi işlənir.

Ərgənəkonla bağlı bəzi fikirlərə öz münasibətimi bildirməyi vacib sayıram. Qəbul olunan ümumi fikir belədir ki, Ərgənəkon (Novruz) bayramı qədim türklərin Ərgənəkondan çıxdıqları günlə əlaqədardır. Əfsanələrdən məlum olduğu kimi, türklər döyüşlərin birində məğlub olurlar. Tayfanın kiçik bir hissəsi düşməndən yayına bilir və gözdən uzaq bir məkanda məskən salır. Törəyib-artmaq, yenidən qüvvə toplamaq üçün türklərin salamat qalmış hissəsi yüz illərlə həmin yerdə yaşamalı olur. Yenidən güclənən türk, nəhayət, aşkara çıxır, düşməni məğlub edir, onlardan qisasını alır. Bir çoxları türklərin yüz illərlə qapalı yaşadıqları yeri “Ərgənəkon” adlandırırlar. Guya türklər ərgənəkandan çıxdıqları günü təntənə ilə qeyd ediblər və Novruz bayramı o vaxtdan mövcuddur. Sözsüz ki, Novruz o zamandan bəri qeyd edilməkdədir. Ancaq Ərgənəkon o qapalı məkanın adı deyil, o məkandan çıxıb yenidən dünyaya yayılan türkün “yeni gün”ünün adıdır. “Yeni gün”ün türklərinin qisası amansız olur, yağıları atdöşü edə-edə Sibirdən Avropaya qədər yayılırlar (türklərin yaşadıqları coğrafiyaya fikir verin).

I MƏQAM: Türk səbirlidir, dözümlüdür, əzmkardır, unutqan deyil, nəsli, tayfanı yaşatmaq üçün son damla qanından keçər, qisası qiyamətə qoymaz.
Münasibət bildirmək istədiyim başqa bir məqam Novruzdakı od kultu ilə bağlıdır. Novruzqabağı çərşənbələrin ikincisi od çərşənbəsidir. Şam-çıraqsız, tonqalsız Novruzu təsəvvür etmək mümkün deyil. Biz uzun müddət qonşuluq elədiyimiz, bir yurdda, bir məkanda yanaşı yaşadığımız insanlara “od qonşusu” deyirik. “Od qonşusu” deyimi, zənnimcə, kibritin, hətta çaxmaqdaşının belə olmadığı dövrlərdə yaranıb. İndi yaxın qonşudan lazım olanda bir atım çay, bir qaşıq duz aldığımız kimi, o zaman qonşu qonşudan ocağını alışdırmaq üçün köz, od alarmış. Od, çörəyimizin urvası un olduğu kimi, ocağımızın urvası imiş. Deməli, od daim qorunarmış, sönsə, ümid qonşuya qalarmış. Bu, “od qonşusu” deyiminin qədimiliyinə, eyni zamanda Novruz törənlərinin qədimiliyinə dəlalət edir. Bizə həmişə təlqin ediblər ki, Novruzdakı od inancları atəşpərəstliklə bağlıdır. Onda mən sual edirəm: Adət — ənənələr qədimdir, yoxsa dini görüşlər? Özüm də cavab verirəm: Adət — ənənələr dini görüşlərdən çox-çox öncələr formalaşıb. Aydındır ki, hər hansı dini xalq arasında kütləviləşdirmək üçün o dini xalqın adətlərinə uyğunlaşdırıb təbliğ etmək gərəkdir. Əks halda xalq o dinə inanc gətirməz. Atəşpərəstlik də bir dini dünyagörüşü idi və Zərdüşt öz nəzəriyyəsini o zamandakı xalqların adət-ənənələrinə uyğunlaşdırmalı idi. Xalq isə türklər idi, ən azından böyük əksəriyyəti türklər idi. Bu qanunauyğunluğu islamda da görmək olar. Yaşlı insanlar bilir ki, Novruza Əli bayramı da deyilirdi. Martın 21-i Həzrət Əli Əleyhissəlamın xəlifəlik taxtına çıxdığı gün kimi də qeyd olunurdu.

Mənim Novruz bayramı haqqında ilk təəssüratım 7 yaşıma təsadüf edir. Bu, ona görə dəqiq yadımdadır ki, həmin il I sinfə getmişdim. Nənəm təndir damına unla naxışlar vururdu. Təndir damının divarları, dirək və kənarları, adətən, hisli olardı. Bir də, o zamanlar (52 il əvvəl) indiki kirəmitli, şiferli ağ otaqlar yox idi. Evlər torpaq damlı, üstü bacalı idi. Qara his üstündə ağ naxışlar indi də gözümün qabağındadır. Naxışlar girdə dairə, kiçik dairəciklər, aypara formasında idi. İnsan və müxtəlif heyvan fiqurları da çox idi. Çox — çox sonralar Qobustan qaya təsvirlərini görəndə ilk yadıma gələn nənəmin vurduğu naxışlar oldu. Ancaq nənəmin naxışları bir qədər primitiv idi. Nənəmin naxışları ilə Qobustan təsvirlərinin eyniyyət təşkil etməsi haradan qaynaqlanır? Novruzun qədimiliyi Qobustan dövrünə getmirmi?

II MƏQAM: Novruzun tarixi türkün qədim tarixidir, Azərbaycan xalqının ulu tarixidir.
Novruzqabağı çərşənbələr kiçik çillədən sonra — boz ay girəndə başlanır. Boz ay bir çox yerlərdə, konkret olaraq Qərbi Azərbaycanın Ağbaba — Şörəyel bölgəsində “bərdənəcüz”lə başlardı. Bu, fevralın 21-22-nə təsadüf edir. Həmin günlər Xıdır Elləz mərasimləri keçirilirdi. Xızır, Xıdır İlyas əbədiyaşarlıq timsalıdır. O gün xəşil bişirər, qovut ovardılar. Qışın bitməsi ilə əlaqədar hamı bir-birinə sovqat aparardı. Elə həmin gecə Qurdoğlu (ona Kürdoğlu da deyirlər) “qayada qalır”. Bacısına sovqat apararkən yolda şiddətli borana düşür. Bir qayanın koğuşuna daldalanır. Soyuqdan bədəni keyləşir. Qar koğuşun ağzını subayır. Səhərə yaxın Qurdoğlunun soyuqdan öləziyən bədəninə hənir gəlir. Torpaqdan çıxan ilıq buğ — nəfəs onun canını isidir. Yenidən cana gələn Qurdoğlu ölümdən xilas olur. “Bərdəncüz” dirçəliş, oyanış anlamındadır. “Bər” farsca quru çöl, səhra, “cüz” isə ərəbcə hissə deməkdir.

Bilmirəm, bəlkə, bu ifadənin özü də hərfi tərcümədir, amma dirçəliş çölün Qurdoğlu borana düşdüyü hissəsindən başlayır (türkün xilaskarı Boz Qurdu yadımıza salaq). Elə su çərşənbəsi də bərdənəcüzdən sonra gəlir. İlk çərşənbənin su ilə bağlı olması təsadüfi deyil. Su başlanğıcdır. Bütün canlı aləm sudan təşəkkül tapıb. “Oğuz xan” dastanında Oğuz oğlu öz qadınını suyun içindəki ağacın koğuşundan tapır. Növbəti çərşənbə od çərşənbəsidir. Od hərarətdir. Su odla qaynayar. Əvvəl su lazımdır: boş çaydanı ocağın üstünə qoymazlar. Odla suyun birliyindən isti buxar yaranır, havanı isidir (Yel çərşənbəsi). Nəhayət, ilaxır çərşənbə — Torpaq çərşənbəsi. Dörd ünsürün birləşməsindən dirilik, həyat, oyanış və əhya başlanır.

III MƏQAM: Novruz həyatın, mövcudiyyatın fəlsəfəsidir.
Hər çərşənbə arasının öz boran — çovğunu olur. Mənim yadımda qalan dörd borandır: bərdənəcüzün, durnanın, leyləyin, qaranquşun boranları. Bircə o yadımdadır ki, leyləyin boranı martın 8-9-na təsadüf edir. Nənəmdən eşitdiyimə görə, leylək istilərin düşməsini görüb köç edir. Lakin təbiətin şıltaqlığına aldanır. Martın 8-də gələn leylək qar-boranı görüb dübarə geri uçub gedir. Bu haqda nənəm deyərdi: 8-ə gəlməz, 9-a qalmaz. Novruzaqədərki boranlar bir növ qışın can çəkişməsidir. Qış qışlığından əl çəkmək istəmir, oyanışa qarşı dirənir, əsib-coşur. Lakin su, od, hava və torpağın birliyinə bata bilmir, ömrünü başa vurur. Qar hələ əriyib qurtarmamış torpaq canlanır, çəmənlər cücərir, danaqıran, mollabaşı kimi ilk bahar çiçəkləri qar qatını deşib həyata boylanır.

Novruzda gecə və gündüz bərabərləşir. Amma bu bərabərlik işığa meyillidir, gündüzün xeyrinədir. İşıq xeyri, qaranlıq şəri təmsil edir. Amma unutmayaq ki, sentyabrda ilin bir payız bərabərliyi də var. Bu bərabərlik ilk baxışdan sanki qaranlığın xeyrinədir. Ancaq diqqət etsək, görərik ki, heç də belə deyil. Şər-zülmətin xisləti məhv etməkdir, xeyir-işığın xisləti isə yaşatmaqdır. İndi görək, şər-zülmət öz öhdəsinə düşəni həyata keçirə bilirmi? Əsla yox! Xeyir-işıq isə əhya edir, yaşadır, həm də əbədi yaşadır. Burda fəlsəfə var: ölüm nə qədər güclü olsa da, heç nəyi əbədiyyən məhv etməyə qadir deyil. Ölüm müvəqqəti, həyat isə əbədidir. Diqqət edin, “Qurani Kərim”in xəbər verdiyi axirətdə ölüm anlayışı yoxdur.

IV MƏQAM: Novruz əbədiyyət bayramıdır.
Novruz törənlərində milli birliyə, barışığa, əmin-amanlğa çağırış var. Hər çərşənbə günü tonqal çatılır, insanlar onun ətrafında cəm olur. Hamı birlikdə deyir-gülür, şənlik edir. Münasibətlər bayram tonqalının hərarəti kimi daha da istiləşir. Yaxın-uzaq, qohum-yad bir-birini təbrik edir, xoş arzular diləyir. İnsanlar bir-birinin evinə gedir, bayram sovqatı aparır, bayramlaşırlar. Təzə gəlinlərin “baca”sına gedirlər, hədiyyələr aparırlar. İl ərzində dünyasını dəyişənlərin “qəbirüstü” keçirilir, onları yad edir, rəhmət oxuyurlar. Hamı evdə xoş danışmağa çalışır: qulaq falına (“qapı pusu”ya) çıxan olar. Bayramda bütün küsülülər barışmalıdır. Bayramda sulaşmaq adəti duruluğa, aydınlığa çıxmaq əlamətini bildirməklə yanaşı, insanların bir-biri ilə qaynayıb-qarışmasına xidmət edir.

V MƏQAM: Novruz barışıq, milli həmrəylik və əmin-amanlıq bayramıdır.
Novruzda həyatın oyanışı ruhun yeniləşməsi ilə həmahəngdir. Maddi yeniləşmə mənəvi gözəlliyin intibahıdır. Söz yox ki, insanın xarakteri onu əhatə edən mühitlə müəyyənləşir, inkişaf edir. Bayramadək qapı-baca, ev-eşik səliqəyə salınır, tər-təmiz silinib süpürülür. Yorğan-döşək, xalça-palaz, boğça paltarları havaya verilir. Günəşin sığalından çıxan yorğan-döşək və xalça-palaz evə xüsusi ətir verir. Bayramadək çirkli, bulaşıqlı heç nə qalmamalıdır. Bayram gününədək bəzək-düzək işləri başa çatmalıdır. Novruzda təbiət, həyat gözəlləşdiyi kimi, ruhlar da təzələnir. İnsanlar baş verən bu oyanışa “qan oynayan vaxt” deyirlər. Qışın qəraməti atılır, yeni həyat başlanır. Yeniləşmiş həyat toy-bayramla, şadlıq və sevinclə təravətlənir. Bu təravəti “Kosa-kosa” oyunları daha da rövnəqləndirir.

VI MƏQAM: Novruz təmizlik, sevinc və gözəllik bayramıdır.
Bayram süfrələri xüsusi diqqət və əliaçıqlıqla bəzədilir. Şirniyyatlar hazırlanır, cürbəcür meyvələr alınır.
Bayram üçün tədarük olunan mer-meyvəyə bayram yemişi deyilir. Bayramlaşmağa gedənlər bu şirniyyat və meyvələrdən bayram xonçası tuturlar. Bayram qurşağı üçün də (papaq atmaq) xeyli bayram yemişi nəzərdə tutulur. İlaxır çərşənbədə “yeddilərin” süfrəsi açılır. Əslində məsələ burada süfrədə yeddi nov təamın olmasında deyil. Müqəddəs rəqəm olan yeddi burada məlum sayı deyil, çoxluğu, bolluğu bildirir. Koroğlunun, əlbəttə, 7777 dəlisi yox idi, bu, sadəcə saysız-hesabsız anlamındadır. Yəni süfrədə imkan olduğu dərəcədə bol nemətlər olmalıdır. 7 rəqəminin orfoepiyası “yetdi” (yetmək, bəs etmək) felinin tələffüzü ilə eynidir. Bu, o deməkdir ki, süfrədə nemətlər hər kəsə yetəcək dərəcədə olmalıdır. Bizim bayram süfrələrində 4 nemətin olması mütləq vacib sayılırdı: süd aşı (süddə bişirilmiş düyü sıyığı), qurudulmuş ərik bişməsi (kompot), qırmızı boyanmış yumurta, səməni halvası.

Bu nemətlərin hər biri Novruzaqədərki 4 çərşənbə ilə bağlıdır. Süd aşı su çərşənbəsinə aiddir. Süd (ana südü) yaşamın ilk şərtidir. Yumurta ən qidalı yemdir, əbədi qutdur. Dədə Qorqud adındakı qor (od) və qut (güc, vüsət) diriliyin əbədiliyinə işarədir. Böyük loğman İbn Sina deyib: “Mən bilmirəm, yumurta onu bərk bişirib yeyənlərin mədəsini niyə deşmir? Yumurtanı boş bişirib yeyənlər niyə qanadlanıb uçmur?” Nənəm həmişə deyərdi: “Oğul, səhər-səhər bir şey ye ki, qarnında qut olsun”. “Qut” sözü həm də xeyirli, mübarək deməkdir.

Qırmızı boyanmış yumurta od çərşənbəsinə aiddir. Ərik bişməsi qaynadarkən otağa necə xoş ətir yayıldığına fikir verin. Ərik bişməsi damağa dad qatır, həm ab-havanı həlimləşdirir, həm də münasibətləri şirinləşdirir. Bu, yel çərşənbəsinin nemətidir. Səməni halvası səməninin şirəsindən hazırlanır. Buğdanı kündə yaymaq üçün istifadə olunan məişət əşyasının — peşxunun üstünə iki barmaq qalınlığında yayır, su çiləyir və işıq düşməyən bir yerdə saxlayırlar. Cücərən buğdada fotosintez getmir, yaşıllaşmır, əvəzinə şirinlik kəsb edir. Bir qarış boy atmış ağ-sarı rəngli cücərtini sıxır, şirəsini süzgəcdən keçirirlər. Həmin şirəni iri qazana töküb təndirin üstünə qoyurlar, az-az un əlavə etməklə qarışdırırlar. Bu qarışıq qırmızı-qəhvəyi rəngə dönüncə qaynadılır, müəyyən dərəcədə qatılaşınca təndirdən götürülür. Səməni cücərtidir, sözsüz, torpağın nemətidir.

Beləliklə, su, od, hava və torpağa aid nemətlər birlikdə həyatı, yaşamı təmsil edir. Bu dörd ünsürdən bircəciyi belə olmasa, həyat sönər, maddi nemətlər ələ gəlməz.

VII MƏQAM: Novruz dirilik, yaşam, bərəkət, ruzi bayramıdır.
Bütün bu dediklərimizdən bir həqiqət də hasil olur ki, Novruz adətlərimizi sistemli və məqsədəuyğun şəkildə təbliğ etmək gənc nəslin əxlaqi-mənəvi, ideoloji tərbiyəsində əhəmiyyətli fayda verər, onlarda vətənə, yurda, milli dəyərlərə məhəbbət hissini möhkəmlədər, ümummilli və ümumbəşəri keyfiyyətləri bir istiqamətdə inkişaf etdirər.

Sonda qeyd etməyi vacib bilirəm ki, qədim Ərgənəkon — müasir Novruz bayramı humanist, ümumbəşəri xarakterinə görə BMT tərəfindən Beynəlxalq Novruz Günü kimi elan edilib. Bayramın mübarək, Azərbaycan!

Sultan ORUCOĞLU
Bakı təhsili.- 2010.- 19 mart.- S.8-9.

  • Teqlər:
  • bayramlar
  • , Novruz bayramı
  • , Novruz adətləri
  • , Novruz

Novruz bayramı haqqında hədislər

1. Kuleyni (329 h.q) «Əl-kafi»-də belə rəvayət edir: İbrahim Kərəxi deyir: İmam Sadiq (ə)-dan soruşdum: Mehreqan (İranda payız bayramı) və Novruz günü mənə gətirilən hədiyyələri qəbul edim, ya yox? Buyurdu: Onlar namaz qılandırlarmı? Dedim: Bəli. Buyurdu: Onların hədiyyəsini qəbul edin və əvəzini verin. Rəsuləllah (s) belə buyurub: Əgər mənim üçün keçi budu hədiyyə gətirsələr, qəbul edərəm və bu dindarlığın bir əlamətidir. Əgər bir kafir, ya münafiq mənə inək, ya qoyun budu hədiyyə gətirsə qəbul etməyəcəyəm və bu da dindarlığın bir əlamətidir. Allah-Taala münafiq və müşrikin hədiyyələrini bizə rəva bilməyib. 2. Şeyx Səduq (381 h.q) «Mən la yəhzuruhul-fəqih» kitabında belə bir hədis nəql edir: Əli (ə) üçün Novruz hədiyyəsi gətirdilər. Buyurdu: «Bu nədir?» Dedilər: «Ey Əmirəl-möminin, bu gün iranlıların Novruzudur. Bu günü onlar bayram edib, bir-birinə hədiyyələr bağışlayırlar». Buyurdu: «Bizim hər günümüzü Novruz edin». 3. Noman ibn Muhəmməd Təmimi (363 h.q) «Dəaimul-İslam» kitabında rəvayət edir: Əli (ə) üçün (gülab və şərbət) hədiyyə gətirdilər. Buyurdu: «Bu nədir?» Dedilər: «Bu gün Novruzdur». Buyurdu: «Əgər edə bilsəniz, hər günü Novruz edin» (yəni Allaha xatir bir-birinizə hədiyyə verin və bir-birinizin görüşünə gedin). 4. Şeyx Tusi: «Misbahul-mutəhəccid» kitabında bir hədis nəql edir: İmam Sadiq (ə) Novruz günündə buyurdu: «Novruz günü qüsl et, təmiz paltar geyin, özünü ətirlə və o günü oruc tut. Zöhr və əsr namazlarının nafilələrini yerinə yetirdiyin zaman 4 rəkətli namaz qıl. Onun 1-ci rəkətində «Həmd» və 10 dəfə «Qədr» surələrini, 2-ci rəkətində «Həmd» və 10 dəfə «Kafirun» surələrini, 3-cü rəkətində «Həmd» və 10 dəfə «Tovhid» surələrini və 4-cü rəkətdə «Həmd», «Fələq» və «Nas» surələrini de. Namazdan sonra şükr səcdəsini yerinə yetirib, dua et. Bu tərtiblə 50 illik günahların bağışlanar». 5. İbn Fəhd Hilli (841 h.q) «Əl-muhəzzəbul-bare» kitabından bir rəvayət gətirir: İmam Sadiq (ə) buyurur: «Novruz günü Allahın Rəsulunun (s) Qədir-xumda müsəlmanlardan möminlərin əmiri Əli (ə) barədə beyət aldığı və müsəlmanların onun vilayətini təsdiq etmələrini istədiyi gündür. Bu beyətdə möhkəm duranların xoş halına və bu beyətdən boyun qaçırıb onu sındıranların vay halına. Bu, Allah-Taalanın əmri ilə Peyğəmbərin (s) Əli (ə)-ı cinlərin məntəqəsinə göndərib onlardan əhd-peyman almasını istədiyi gündür. Bu, Əli (ə)-ın Nəhrivanlılara qələbə çaldığı və Zussədiyyəni qətlə yetirdiyi gündür. Bu, İmam Zamanın (ə.c) zühur edəcəyi və Allahın izni ilə Dəccala qələbə çalıb, onu Kufənin zibilxanasında dara çəkəcəyi gündür. » 6. Əllamə Məclisi (1111 h.q) «Biharul-ənvar»da belə qeyd edir: Xuneysin oğlu Muəlla deyir: Novruz günü İmam Sadiq (ə)-ın yanına getmişdim. İmam (ə) buyurdu: «Bu günün qiymətini bilirsənmi?» Dedim: «Sənə qurban olum! Bu günü farslar əziz tutarlar və bir-birinə hədiyyə verərlər». Buyurdu: «Kəbənin Allahına and olsun ki, bu qədim bir adətdir». Dedim: «Ey sərvərim! Sizin bunu mənə açıqlamanız əzizlərimizin dirilməsindən və düşmənlərin məhv olmasından daha vacib olar». O zaman buyurdu: «Ey Muəlla! Novruz günü, Allahın bəndələrindən Ona pərəstiş edib şərik qoşmamaları, Peyğəmbər (s) və onların höccətlərinə tərəfdar olmaları və İmamlara iman gətirmələri üçün əhd-peyman aldığı gündür. Bu, günəşin çıxdığı, küləklərin əsməyə başladığı və torpaqdakı güllərin bəhrələndiyi gündür. Bu, Nuh (ə) gəmisinin Cud dağının sahilinə çıxdığı və ölüm qorxusundan ev-eşiklərindən çıxmış minlərlə insanın dirildiyi gündür. Bu, Cəbrailin (ə) İslam Peyğəmbərinə (s) nazil olduğu və Peyğəmbərin (s) İmam Əli (ə)-ı Məscidul-həramda Qureyşin bütlərini sındırmaq üçün çiyninə çıxartdığı və həmçinin İbrahim (ə)-ın bütləri qırdığı gündür. Bu gün Peyğəmbərin (s) səhabələrinə Əli (ə) ilə beyət etmələrinə göstəriş verdiyi və Əli (ə)-ı cinlərin yanına beyət almaq üçün göndərdiyi gündür. 7. Muhəddis Nuri (1320 h.q) «Mustədrəkul-vəsail»də Hüseyn ibn Həmədanın kitabından yazır: Mufəzzəl ibn Əmr, İmam Sadiq (ə)-dan nəql edib: Allah-Taala buyurmuşdur: «Novruz günü mənim yanımda əzəmətli və ehtiramlı bir gündür. Hər bir mömin bu gündə məndən hacət istəsə, onu yerinə yetirəcəyəm».

İnkar edən hədislər

1. Qütbəddin Ravəndi «Lubbul-lubab» kitabında belə deyir: Allahın Rəsulu (s) buyurmuşdur: «İki günü sizin üçün iki günlə əvəz etdim: (yəni) Novruz və Mehriqanı Fitr və Qurban bayramı ilə əvəz etdim». İbn Şəhri Aşub (588 h.q) «Əl-mənaqib» kitabında rəvayət edir: Xəlifə Mənsur İmam Kazım (ə)-dan Novruzla əlaqədar olaraq, təbrik etmək və hədiyyələr almaq üçün, taxta əyləşməsini istədi. Həzrət (ə) onun cavabında buyurdu: «Mən cəddim Rəsuləllahın hədisləri arasında bu bayramı təsdiqləyən bir hədis tapmadım. Həqiqətən, bu farsların adət-ənənələridir. İslam dini onu ləğv etmişdir. İslamın ləğv etdiyi bir şeyi yerinə yetirməkdən Allaha pənah aparıram». Mənsur dedi: «Bu işi hərbiçiləri idarə etməyə görə yerinə yetirirəm və sizi Allaha and verirəm, əyləşin». O zaman Həzrət (ə) qəbul etdi. Hökmdar və hərbiçilər təbrik üçün gəldilər və özləri ilə hədiyyələr gətirdilər. Mənsurun xidmətçisi Həzrətin (ə) başı üstə dayanaraq hədiyyələri sayırdı. Sonuncu şəxs yaşlı bir qoca idi. İmam Kazım (ə)-a dedi: «Ey Allah Rəsulunun qızının övladı! Mən yoxsul bir kişiyəm və hədiyyə veriləsi pulum yoxdur, lakin mənim babamın sizin babanız Hüseyn (ə) barəsində yazdığı bir neçə beyt şeri sizə hədiyyə verirəm». Həzrət (ə) buyurdu: «Sənin hədiyyəni qəbul etdim. Əyləş, Allah sənə bərəkət verər!» Mərasim bitdikdən sonra Həzrət (ə) Mənsurun xidmətçisini hədiyyələr barəsində məlumat vermək üçün xəlifənin yanına göndərdi. Xidmətçi gedib qayıtdıqdan sonra dedi: Xəlifə buyurdu ki, «Bu hədiyyələr sizinkidir». İmam Kazım (ə) o qocaya buyurdu: «Bu malları hədiyyə olaraq qəbul et». Novruzun tənqidi barəsində olan bu hədislər heç bir cəhətdən düzgün və etibarlı deyildir. Belə ki: Birinci rəvayət Hacı Nurinin (1320 h.q) «Mustədrəkul-vəsail» kitabından götürülmüş və 5-ci əsrin alimlərindən olan Qütbəddin Ravəndiyə aid edilmişdir. Bu rəvayət tarixi mənbələrdə mövcud deyil. İkinci rəvayət isə, İbn Şəhri Aşubun «Əl-mənaqib» kitabında qeyd olunub. Lakin bu mənbə də çox şübhəlidir. (Onun nə müəllifi, nə də İbn Şəhri Aşubun qeyd etdiyi mənbə məlum deyil.) Rəvayət olunmuş 7 hədis toplusunun isə çox etibarlı sənədi var. Bir çox din alimləri Novruz bayramının fəzilətlərini birbaşa və dolayı yollarla dəstəkləyən rəvayətlər və hikmətlər nəql etmişlər.

Novruz İslami bir bayram deyil. doğrudur Novruz haqqında gələm məzəmmətedici rəvayətlər zəifdir lakin Novruzun bayram olduğunu bildirən rəvayətlər də zəifdir. içərisində Novruza yer verilməyinə baxmayaraq Novruzun bayram olmağına dəlalət etməyən bəzi hədislər də vardır. bunları Şeyx əs-Səduq və Kuleyni r.a rəvayət etmişdirlər. Şeyx əs-Səduq r.a deyir:

و ” اتي علي عليه السلام بهدية النيروز، فقال عليه السلام: ما هذا؟ قالوا: يا أمير المؤمنين اليوم النيروز، فقال عليه السلام: اصنعوا لنا كل يوم نيروزا “
Əli a.s-a Novruz hədiyyəsi gətirdilər, imam a.s dedi: “bu nədir?” dedilər: “ey Möminlərin Əmiri (bu) Novruz günüdür.” imam a.s dedi: “hər günü novruz edin.”

وروي أنه قال عليه السلام: ” نيرزونا كل يوم “
və rəvayət edilir ki, o a.s demişdir: “Bizim hər günümüz novruzdur.”

وروى الحسن بن محبوب، عن إبراهيم الكرخي قال: ” سألت أبا عبد الله عليه السلام عن الرجل يكون له الضيعة الكبيرة، فإذا كان يوم المهرجان والنيروز أهدوا إليه الشئ ليس هو عليهم يتقربون بذلك الشئ إليه، فقال: أليس هم مصلين قلت: بلى، قال: فليقبل هديتهم وليكافهم “

və Həsən b. Məhbub İbrahim əl-Kərxidən belə rəvayət etmişdir: Əbu Abdullah (imam Cəfər əs-Sadiq a.s)-dan tarlası olan bir şəxs haqqında soruşdum ki, Mehrəqan və ya Novruz günündə ona hədiyyələr verirlər, o bu hədiyyələri onlardan götürsünmü? imam a.s dedi: “Onlar namaz qılandırlarmı?” Dedim: “Bəli.” imam a.s dedi: “Gərək onların hədiyyəsini alsın və əvəzini versin.”

Şeyx əs-Səduq “Fəqih”, 3/300-301, Hədiyyə, onun müstəhəbləri və əhkamı babı, hədis 4073, 4074 və 4078
http://shiaonlinelibrary.com/الكتب/1151_من-لا-يحضره-الفقيه-الشيخ-الصدوق-ج-٣/الصفحة_300#top

burada yazdığım sonuncu (İbrahim əl-Kərxinin imam Cəfər əs-Sadiq a.s-dan rəvayət etdiyi) hədisi Kuleyni “əl-Kafi”, 5/141-142, Hədiyyə babı, hədis 2-də rəvayət etmişdir.
online link: http://www.al-shia.org/html/ara/books/lib-hadis/al-kafi-5/06.htm#19

buradaki hədislərin birinci və ikincisi sənədsizdir.

Xülasə bu Novruzu din bayramı bilən heç bir alim olmamışdır.

Bəşir Badkubei.
Vəlhəmdulilləh.

Comments are closed, but trackbacks and pingbacks are open.