Ağdaş ədəbiyyatımızın 10 ən gözəl sevgi şeiri
6. Eldar Baxış – Sərçə balası
Xəlvətdə yanan şam – NƏRİMAN HƏSƏNZADƏ
Çox sevdiyim İnsan, şair, dramaturq, Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri namizədi, Azərbaycanın Əməkdar İncəsənət xadimi, Azərbaycanın Xalq şairi, Heydər Əliyev mükafatı laureatı, “İlin şairi” makafatı laureatı, “Şərəf” ordenli, 2002-ci ildən Beynəlxalq Elmlər Akademiyasının (Azərbaycan bölməsi) müxbir üzvü, akademik NƏRİMAN HƏSƏNZADƏnin doğum günüdür.
Nəriman müəllimi 90 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, uzun sağlam ömür, könül xoşluğu, ürək rahatlığı və yeni-yeni yaradıcılıq uğurları arzulayırıq!
Nəriman Həsənzadə:
“Şeir mənim aləmimdə bütöv bir kainatdır, müxtəlif səslərilə, rənglərilə birlikdə təbiətin özüdür, əslidir, surəti deyil. O da canlı orqanizmdir, təbiət qədər doğma və amansızdır. Mən indiyə qədər nə çəkmişəmsə, şeirdən çəkmişəm. Onun ağırlığı altında təntimişəm, amma həmişə bu, mənə fərəh verib. Ağrılardan doğan sevincim olub. Mən bu əzabı həyatda bəlkə də heç bir əyləncəyə dəyişmərəm. Axı, bir də bu məndən asılı olan şey deyil. Mənim səadətim də bundadır”.
Azərbaycan ədəbiyyatının görkəmli simalarından biri, dünyada daim gözəllik, səadət, zəriflik axtaran, olduqca həssas, nəcib bir insan – Nəriman Həsənzadə.
Canına məhəbbət, saflıq, insaniyyət, vətəndaşlıq hissləri hopmuş poeziyası ilə oxucularında dərin maraq oyadan, nurlu siması, həlim xasiyyəti, həssas təbiəti, həzin, mülayim danışıq tərzi ilə xalqın sevimlisinə çevrilən şair, dramaturq, nasir, ən önəmlisi, əsl ziyalı Nəriman Həsənzadə.
Həyatda daim itkilərlə üzləşən, heç bir zaman nikbinliyindən qalmayan Nəriman Həsənzadə sevgi şairidir. Görkəmli şair hər zaman insani dəyərləri üstün tutan şəxsiyyətlərdən biridir.
Onun xarakterindəki səmimilik, təbiilik, dilinin şirinliyi əsərlərində də aydın hiss olunur. Onun yaradıcılığı ilə şəxsiyyəti bir-birini tamamlayır. Bəlkə elə ona görə də, o bu qədər sevilir.
Yüksək istedadını əməyi və zəhməti hesabına ortaya qoymağı bacaran, geniş təfəkkürlü, zəngin dünyagörüşlü pedaqoq, Xalq şairi, Əməkdar İncəsənət xadimi, görkəmli alim Nəriman Həsənzadə yaradıcılığının bütün dövrlərində zamanın nəbzini tutmağı bacarıb. O, “Nəriman”, “Kimin sualı var?”, “Zümrüd quşu”, “Poylu – beşiyim mənim”, “Nizami”, “Nuru Paşa” və s. poemaları, yüzlərlə dərin məzmunlu şeirləri, “Nabat xalanln çörəyi”, “Pompeyin Qafqaza yürüşü”, “Atabəylər”. kimi əsərləri ilə Azərbaycan ədəbi irsini zənginləşdirib.
Xalq şairi Nəriman Həsənzadənin “Xəlvətdə yanan şam” dramatik poemasında sonsuz səmimiyyət, şairə xas olan axıcı dil, lisan və ləhcə var.
Ən başlıcası isə əsərin mehvərində təmənnasız yaxşılıqları, xeyirxah insanları unutmamağa dair bir çağırış səslənir.
Xatırladırıq ki, Nəriman Həsənzadə 1931-ci il fevralın 18-də Qazax (indiki Ağstafa) rayonunun Poylu qəsəbəsində anadan olub. Bir yaşında atasını (1932), iyirmi üç yaşında isə anasını itirib (1954). İbtidai və orta təhsilini öz doğma rayonlarında alıb. 1949-cu ildə H.Zərdabi adına Kirovabad Dövlət İnstitutunun (indiki Gəncə Dövlət Pedaqoji Universitetinin) filologiya fakültəsinə daxil olmuşdur. 1953-cü ildə həmin Universiteti bitirmişdir. 1954-1956-cı illərdə ordu sıralarında hərbi xidmətdə olmuşdur. Azərbaycan Yazıçılar İttifaqı onu Moskvadakı İkiillik ədəbiyyat kursuna göndərir. Buranı bitirdikdən sonra Qorki adına Ədəbiyyat İnstitutuna daxil olur. Beş il burada təhsil alıb, Bakıya qayıdır. 1962-1965-ci illərdə Azərbaycan Dövlət Universitetinin “Azərbaycan Ədəbiyyatı tarixi” kafedrasının aspirantı olmuşdur. 1965-ci ildə “Azərbaycan-Ukrayna ədəbi əlaqələri” mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsini almışdır. 1962-ci ildə Respublika Televiziya və Radio Verilişləri Komitəsində böyük redaktor, sonralar “Uşaq və gənclər ədəbiyyatı nəşriyyatı”nda redaktor, “Azərbaycan gəncləri” qəzetində, “Azərbaycan” jurnalında şöbə müdiri, “Ədəbiyyat və incəsənət” qəzetinin baş redaktoru (1976-1990) vəzifələrində işləmişdir. 1975-ci ildə Belarusiya SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı və medal ilə təltif olunmuşdur. SSRİ yazıçıları Ədəbiyyat Fondu Azərbaycan bölməsinin direktoru olmuşdur. 1991-2001-ci illərdə Mətbuat və İnformasiya nazirinin birinci müavini vəzifəsində çalışmış, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 221 saylı sərəncamı ilə Mətbuat və İnformasiya nazirini əvəz etmişdir. Azərbaycanın və Belarusun Fəxri fərmanları ilə təltif olunub.
Hazırda Azərbaycan Milli Aviasiya Akademiyasının “Humanitar fənlər kafedrası”nın müdiri vəzifəsində çalışır, dosentdir.
O, Milli Aviasiya Akademiyası Elmi Şurasının üzvüdür.
Azərbaycanın görkəmli yazıçısı və ədəbiyyatşünası Mir Cəlal Paşayev:
“Nəriman olduqca həssas bir şairdir. O, bir qartalın uçuşunda, bir lalənin duruşunda, bir körpənin baxışında bütün kainatı, ictimai aləmi və məna dolu həyatımızı görmək istəyir.
Nərimanın şeirləri danışıq dilinə yaxın, sadə, səlis üslubu ilə də seçilir. Adama elə gəlir ki, bunlar yazılmır, söylənir. Kitabdan, rəsmiyyətdən uzaq, ürəkdən gələn şirin, maraqlı bir söhbətdir. Əlbət ki, bu yalnız şeirlərin şəkli xüsusiyyəti ilə yox, həm də məzmunu ilə bağlıdır. Nəriman oxucusunu çoxdanın dostu, tanışı və ürək sirdaşı kimi dindirir”.
Böyük ədibimiz Mirzə İbrahimov: “Nərimanın şeirlərini oxuduqca biz belə qənaətə gəlirik ki, sənət əsəri, xüsusən lirik şeir o zaman adamı əfsunlayır ki, həyat, təbiət və insanlar haqqında, onların bitməz-tükənməz işığı, qaranlığı, gözəlliyi, eybəcərliyi, sevinc və faciələri barədə oxucuya nə isə yeni bir şey deyir, onu bu vaxta qədər bilmədiyi, duymadığı, xəyalına da gətirmədiyi qəribə hisslərlə, duyğularla tanış edir, dərin fəlsəfi mənalar və füsunkar gözəlliklər aləminə aparır, fikrini, düşüncəsini bu aləmin sirlərini dərk etməyə yönəldir”.
Filologiya elmləri doktoru Vaqif YUSİFLİ:
“Oxucularla açıq və səmimi danışmaq ədası, onların ürəyinə, hiss və duyğularına yol tapmaq bacarığı, təbiilik və səmimiyyət. bütün bunlar Nəriman Həsənzadə poeziyasını elə ilk baxışda təyin edən xüsusiyyətlərdir. Nə yaxşı, şeirimizin Nərimanı var,-deyirik.
Nəriman Həsənzadə gözəl insandır! Onu bu yaşında da ruhən cavan saxlayan elə bu insanlığıdır. Bu insani xüsusiyyətlər onun şeirlərində də öz əksini tapır.
Nəriman Həsənzadə şeirlərinə, şeirləri də ona oxşayır. Mən onun üzündə həmişə xoş bir təbəssüm görmüşəm. Vallah, inanmağım gəlmir ki, Nəriman Həsənzadə kiminsə paxıllığını çəkə, kiməsə badalaq vura, öz şəxsi mənafeyi və istəkləri üçün məkrli yollardan keçib istəyinə nail ola. Təbii ki, onun da bu dünyada xoşlamadığı insanlar, xasiyyətlər, hadisələr ola bilər, lap elə dostları olduğu kimi, düşmənləri də ola bilər, amma yenə inanmağım gəlmir ki, kimsə Nəriman Həsənzadəni özünə əbədi düşmən hesab eləsin.
Şeir yazdığım gün məğrur oluram,
İlham ki, xəfifcə sinəmə dolur;
Bir şeh damlasıtək büllur oluram,
Dünya dünyada yox, məndə əks olur.
Nəriman Həsənzadə mənim fikrimcə, müasir Azərbaycanın ən xoşbəxt şairlərindəndir. O, yaradıcılığının “məşq” dövrünü – əllinci illəri arxada qoyandan sonra, altmışıncı illərdə artıq istedadlı bir şair kimi ədəbi aləmdə etiraf edildi.”
Nəriman Həsənzadə Azərbaycan yazıçıları XI qurultayında katibliyin qərarı ilə Ədəbiyyat Fondu İdarə Heyətinin sədri təyin edilmişdir (2004). 2002-ci ildə Beynəlxalq Elmlər Akademiyasının (Azərbaycan bölməsi) müxbir üzvü, 2004-cü ildə isə akademiki seçilmişdir. Müstəqil Azərbaycan Respublikasının “Şərəf” ordeni (2011) ilə təltif olunmuş və Fərdi prezident təqaüdünə layiq görülmüşdür.
Bir sıra Avropa və Şərq ölkələrində keçirilən elmi-ədəbi konfransların, poeziya simpoziumlarının, rəsmi dövlət səfərlərinin iştirakçısıdır. 1992-ci ildə Türkiyənin Böyük Millət Məclisində və Beynəlxalq konqresində xalq deputatı kimi nümayəndə heyəti adından çıxışlar etmişdir. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2005-ci ildə Azərbaycanın xalq şairi adına layiq görülmüşdür. Xalq şairi Nəriman Həsənzadənin xarici mətbuat səhifələrində “Vətənsiz” (Rumıniya, 2009) və “Nuru Paşa” (Türkiyənin 9 jurnalında) poemaları dərc edilmişdir.
“Kayseri poeziya günləri”ndən (Türkiyə, 2009) şair yüksək təəssüratlar və ödüllərlə qayıtmışdır. N. Həsənzadə ilin şairi elan olunmuş, ona “Uğur — 2009” diplomu verilmişdir. 2016-cı ildə Cəfər Cabbarlı mükafatına layiq görülmüşdür.
Bu gün daha bir xoş xəbər eşitdik.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 17 fevral 2021-ci il tarixli sərəncamı ilə “Azərbaycan mədəniyyətinin inkişafında xüsusi xidmətlərinə və uzunmüddətli səmərəli fəaliyyətinə görə” Nəriman Əliməmməd oğlu Həsənzadə “İstiqlal” ordeni ilə təltif edilib.
Təbrikdə deyilir:
“Siz ötən əsrin ortalarında ədəbiyyat aləminə qədəm qoyduğunuz vaxtlardan öz dəst-xəttinizi formalaşdırmış və geniş oxucu auditoriyasının ehtiramını qazanmısınız. Şair və dramaturq kimi uzunmüddətli səmərəli fəaliyyətiniz boyu yüksək sənətkarlıqla meydana gətirdiyiniz ədəbi əsərlər söz xəzinəmizə layiqli töhfədir. Qayəsini Vətən məhəbbəti, milli azadlıq duyğuları, ənənəvi dəyərlərə bağlılıq və mənəvi ucalığa çağırış təşkil edən bu əsərlər Sizi ədəbi prosesin ön mövqelərinə çıxarmışdır. Bədii-estetik kamilliyi ilə seçilən şeir və poemalarınıza dərin səmimiyyət, həssaslıq və güclü lirizm hakimdir. Dövrün mənzərəsini dolğun canlandıran və xalqımızın mübarizliyinin tərənnümünə çevrilən mənzum tarixi dramlarınız tamaşaçılar tərəfindən rəğbətlə qarşılanmış, teatrlarımızın repertuarında özünəməxsus yer tutmuşdur. Yaratdığınız poetik nümunələrə bəstələnən mahnılar dillər əzbəridir. Ziyalı vətəndaş mövqeyi nümayiş etdirərək ictimai sahədə göstərdiyiniz təqdirəlayiq fəaliyyət kitablarınızdakı fikir və düşüncələrinizi əməli surətdə gerçəkləşdirmək istəyinizin bariz təzahürüdür.
İnanıram ki, Siz vətənpərvərlik ruhu və əxlaqi-mənəvi saflıq aşılayan əsərlərinizlə Azərbaycan oxucusunu bundan sonra da sevindirəcəksiniz.”
Ağsaqqal ziyalımızı 90 illik yubileyi və “İstiqlal” ordeni ilə təltif olunması münasibətilə bir daha təbrik edir, gələcək fəaliyyətinizdə uğurlar diləyirik!
Çağdaş ədəbiyyatımızın 10 ən gözəl sevgi şeiri
Milli.Az Kulis.az-a istinadən çağdaş Azərbaycan poeziyasının 10 ən yaxşı sevgi şeirini təqdim edir.
1. Əli Kərim – Qayıt
2. Bəxtiyar Vahabzadə – Bir salama dəymədi
3. Nəbi Xəzri – Dəniz, göy, məhəbbət
4. Nəriman Həsənzadə – Elə dayanırsan, elə baxırsan.
5. Musa Yaqub – Taleyin qisməti
6. Eldar Baxış – Sərçə balası
7. Nüsrət Kəsəmənli – Getmək istəyirsən.
8. Ramiz Rövşən – Ayrılıq
9. Vaqif Bayatlı Odər – Səni niyə belə sevdim
10. Aqşin Yenisey – Şəkil
Əli Kərim – Qayıt
Həsrətin araya atdı dağ, dərə,
Sönən işıq oldun, batan səs oldun,
Qayıt, mənim gülüm, qayıt bu yerə,
Ey mənim istəyim, nə gəlməz oldun!
Ümidlər, arzular pərən-pərəndir,
Qəlbə təsəllidir xatirələrim.
Bir halını soruş, könlümü dindir;
Axşamlar yadıma düşür səhərim.
Qayıt, mənim gülüm, yerbəyer elə
Dərdli səhərləri, gecələri sən.
Çaşıb başqa yolla keçirəm evə,
Düz öz qaydasınca küçələri sən.
Qayıt, yerinə qoy Ayı, Günəşi-
Yenə olduğu tək görüm həyatı.
Qayıt, gözüm nuru, könlüm atəşi,
Qayıt, sahmana sal bu kainatı!
Bəxtiyar Vahabzadə – Bir salama dəymədi
Bu gün mən səni gördüm,
Salam vermək istədim,
Üzünü yana tutdun.
Söylə, illərdən bəri
Qəlbimizin bir duyub
bir vurduğu illəri,
Axı, nə tez unutdun?
Beş ildə gözümüzdən axan o qanlı sellər,
Bir salama dəymədi?
Həyəcanla, fərəhlə, qəmlə dolu o illər
Bir salama dəymədi?
Heç üzümə baxmadan yanımdan necə keçdin?
Sən eşqin salamını qorxuyamı dəyişdin?
Yoxsa sən öz əhdinə, ilqarına ağ oldun?
O qədər yaxın ikən, bu qədər uzaq oldun.
Şirin gülüşlərimiz, acı fəğanlarımız
Bir salama dəymədi?
Qayğılı anlarımız, qayğısız anlarımız
Bir salama dəymədi?
Sən neylədin, bir düşün!
Yalnız indi anladım: ah, sən daha mənimçün
Əlçatmaz bir çiçəksən,
Yaşanmış günlərim tək geri dönməyəcəksən.
Qop, ey tufan, əs, ey yel! Xəzəl olum, tökülüm
Düz beş il ürəyimdə
Bəslədiyim məhəbbət, bir salama dəymədi.
Bir günlük həsrətimə dözə bilməyən, gülüm,
Bəs nə oldu?
Bu həsrət bir salama dəymədi?
Getdin, dalınca baxdım, can ayrıldı canımdan,
Sən necə etinasız ötə bildin yanımdan,
Ah çəkdim, başım üstə yarpaqlar əsdi, gülüm,
Sənin qəlbin əsmədi.
Geriyə də baxmadın!
Niyə sənin yolunu məhəbbətin kəsmədi.
Qazancımız de, bumu?
Deyilməmiş o salam əlvidamız oldumu?
Sən mənə zülm eylədin, mənə zülm yaraşır.
Bir salama dəyməyən eşqə ölüm yaraşır.
Nəbi Xəzri – Dəniz, göy, məhəbbət
– Dənizi hədiyyə verirəm sənə.
Mən dedim, sən baxdın, sən gülümsədin.
Göylərin şəfəqi düşdü üzünə.
– Mən isə. göyləri verirəm, – dedin.
Ayrıldıq qəribə hədiyyələrlə,
Göylər eşqim kimi mənə əzizdir.
Ayrıldıq dənizlə, ağ ləpələrlə,
Necə aparasan? Dəniz dənizdir.
Dənizi verdim ki, sənə hədiyyə,
Gəldiyim sahilə gələsən bir də.
Məni görməyəndə o mənəm – deyə,
Mənimlə danışıb, güləsən bir də.
– Əgər görüşməsək, bizə dağ olar,
Dedim, neçə dəfə belə dedim mən.
Dəniz sahilinə qayıtmaq olar,
Göylərin sahili varmı, gedim mən?!
Düşündüm, ayrıldıq gələndən bəri,
Sən mənim eşqimə çıraq olasan.
Onunçün verdinmi mənə göyləri,
Məndən göylər qədər uzaq olasan?!
Mən bir dənizəm ki, eşqim səhərdir,
Səni düşünürəm, əzizim, yenə.
Mənim dalğalarım xatirələrdir,
Qoy çatsın qəlbinin
sahillərinə.
Əsl məhəbbət ki, böyük hünərdir,
Coşar ümman kimi təzə arzular.
Mənim dalğalarım
xatirələrdir,
Orda tufan da var, burulğan da var.
Dənizəm, eşqimdən qaçmaq hədərdir,
Mən ki, adlayıram çölü, çəməni.
Mənim dalğalarım,
xatirələrdir,
Gecə də, gündüz də tapacaq səni.
İstəsən yuxuna gələrəm sənin,
gələrəm dəniz kimi.
Üzünə incilər çilərəm sənin,
çilərəm dəniz kimi.
Yoluna şəfəqlər səpərəm hərdən
səpərəm dəniz kimi.
İstəsən üzündən öpərəm hərdən,
öpərəm dəniz kimi.
Adını qəlbinin sahillərinə
yazaram dəniz kimi,
“Sevirəm” söyləsən bir axşam mənə,
Susaram dəniz kimi,
Susaram dəniz kimi.
Nəriman Həsənzadə – Elə dayanırsan, elə baxırsan.
Elə dayanırsan, elə baxırsan,
Elə bil qarşında quru bir daşam.
İpək saçlarını bir vaxt oxşayan
Elə bil hardasa mən olmamışam.
Səni dostlarımla, tanışlarımla,
Mən tanış edərdim nə vaxtsa bir-bir.
İndi özgələri yad ehtiramla,
Deyirlər tanış ol.
Nə qəribədir?!
Yuxuda görərdin nə vaxtsa hər dəm,
Yolumu gözlərdin yollardan uzaq.
Mən sənin yuxundan çıxıb gəlmişəm,
Bu da bir yuxudur, gəl tanış olaq.
Qoluna girərdim. bu, yadındadır,
gedərdik. yolumuz , arzumuz şərik.
Qolum qollarının lap yanındadır,
toxunsa biz indi üzr istəyirik.
Hayanda oldumsa səhər, ya axşam,
Aradın sən məni, gördün sən məni.
İndi gözlərinin qabağındayam,
Hayanda durum ki,
Görəsən məni?
Musa Yaqub – Öyrətmə özünə, öyrətmə məni
Taleyin qisməti rast saldı bizi.
Yolumuz hardasa qırılacaqsa,
İtirəcəyiksə bir birimizi,
Xatirəm yadında qalmayacaqsa,
Bu əllər mənimki olmayacaqsa,
Bu tellər mənimki olmayacaqsa,
Sən Allah, özünə öyrətmə məni,
Hicran qorxusuyla göynətmə məni.
Əlimi əlinə öyrətmə belə,
Gözümü gözünə öyrətmə belə,
Üzümü üzünə öyrətmə belə.
Mən bir az baharlı budaq kimiyəm
Bir azda sadəlövh uşaq kimiyəm,
Bala anasına qovuşan kimi,
Leylək yuvasına qovuşan kimi,
Ari gül çiçəyə uyuşan kimi,
Eh, mən də adama tez yovuşanam,
Sevgi atəşində tez alışanam.
Amma ki, sönməyim çox çətin olur,
Sevgidən dönməyim çox çətin olur,
Öyrətmə özünə öyrətmə məni!
Bəlkə gözləmirdik bu xoş görüşü,
Yaman qəribədir dünyanın işi,
Heç vaxt yollarında dayanmadığın,
Heç həndəvərində dolanmadığın,
Gəlib birdən sənə nə şirin olur!
Ömrünün içində ömür doğulur!
Bir şirinim acı olacaq isə,
Bir qismət çiçəyim solacaq isə,
Öyrətmə özünə, öyrətmə məni
Könlümdə yerin var, qopmaz yerindən,
Bir əkiz ləçəyi, haça budağı,
Ayırmaq olmursa biri birindən
Məni də ayırmaq çətindir axı.
Öyrətmə özünə öyrətmə məni,
Yox buna taqətim,yox buna tabım,
Əlimi əlindən üzmək əzabım,
Sonra bu əzaba dözmək əzabım.
Yoxsa da könlümün sınıqları var,
Hicranın köz basmış yanıqları var,
Mənim dərdlərimin ayaqları var,
Harda olsa, gəlib tapacaq məni,
Yaxıb yandıracaq bu ocaq məni.
Gəl məni özünə öyrətmə belə,
Əlimi əlinə öyrətmə belə,
Gözümü gözünə öyrətmə belə.
Eldar Baxış – Sərçə balası
İlahi, mənə yox, mən istəmirəm,
İlahi, yazığın gəlsin bu qıza.
Elə eləmə ki,
oğlanlar, qızlar,
Kişilər, arvadlar gülsün bu qıza.
Elə eləmə ki,
vüsal yerinə
Göz yaşı danışsın, qəhər danışsın.
Bir qızdan bir bölük adam danışsın,
Bir qızdan bir böyük şəhər danışsın.
Elə eləmə ki, bu qız bu eldə,
Dilə-dişə düşsün məndən ötəri.
Sərçə balasıdı bu qız bu saat,
Boynunu uzadıb dəndən ötəri.
Bu qızın
bu saat məndən umduğu,
Məndən istədiyi dən məndə yoxdu.
Bu qız ay istəyir, ay yoxdu məndə,
Bu qız gün istəyir gün məndə yoxdu.
Sevgi yoxdu məndə sevəm bu qızı,
Elə axan suyu belə döndərim.
Çevirəm özümü kəpənəyə mən,
Bu qızı çiçəyə, gülə döndərim.
Səndən çiçək olmaz, səndən gül olmaz,
Məndən də kəpənək, sərçə balası.
Durduğumuz yerdə biz niyə duraq,
Biz niyə tərpənək, sərçə balası?
Lap belə tərpəndik, lap belə getdik,
Sən deyən, mən deyən olası deyil.
Sərçə balasısan sən bu dünyada,
Şair ki, kəpənək balası deyil.
Kəpənək olmuşam dünyada bir vaxt,
Qanadım da olub bilmək istəsən.
İstəyim də olub özümə görə,
İnadım da olub, bilmək istəsən.
O qanad,
o inad,
o istək hanı,-
O qanad,
o inad,
o istək öldü.
Bircə gün çəkmədi gəlib-getməyi,
Kəpənək doğuldu, kəpənək öldü.
Ağca pambıq kimi,
ağca yun kimi,
Diddilər, diddilər o kəpənəyi.
Daraşıb qanadlı, əlli-ayaqlı,
Yedilər, yedilər o kəpənəyi.
Hanı o kəpənək, hanı o sevgi?-
Yaşamır, yaşamır, sərçə balası.
Bu ağ kəpənəklər o kəpənəyə,
Oxşamır, oxşamır, sərçə balası.
. Sən ey yeri, göyü yaradan kişi,
Uzaq görünürmü ordan yer sənə?!
Bu qıza bu boyda sevgi vermisən,
Mənə də bir azca sevgi versənə.
Səni də düşəsən mənim günümə,
Sənin göyün olsun,
quşun olmasın.
İlahi, neyləsən, sən mənə eylə,
İlahi, bu qızla işin olmasın.
Nüsrət Kəsəmənli – Getmək istəyirsən bəhanəsiz get
Getmək istəyirsən bəhanəsiz get
Oyatma mürgülü xatirələri
Səsin həmin səsdir, baxışın ögey
Gedirsən səsin də yad olsun barı.
Sən dəniz qoynuna tullanmış çiçək
Üstünə dalğalar atılacaqdır
Saxta məhəbbətin, saxta sənəd tək
Nə vaxtsa üstünə tutulacaqdır.
Demirəm sən uca bir dağsan əyil,
Demirəm əlacım qalıbdır sənə,
Nə səndə məhəbbət pul deyil,
Nə məndə dilənçiyəm əl açım sənə.
Döşənim yollar tək ayaqlarına
Sənə yalvarım mən, bu mümkün deyil.
Qoymaram qəlbim tək vüqarım sına
Alçalıb yaşamaq ömür-gün deyil.
Getmək istəyirsən o yol o da sən
Bir cüt göz baxacaq arxanca sənin.
Getdinmi geriyə dönmək istəsən
Tikanlı yastığa dönəcək yerin.
Getmək istəyirsən nə danış nə din
Yaxın yol uzaqlar, dumanda-çəndə.
Nəyimi sevmişdin deyə bilmədin
İndisə yüz eyib görürsən məndə.
Getmək istəyirsən bəhanəsiz get
Oyatma mürgülü xatirələri.
Səsi həmin səsdir baxışın ögey
Gedirsən səsin də yad olsun barı.
Ramiz Rövşən – Ayrılıq
Yenə bu şəhərdə üz-üzə gəldik
Neyləyək, ayrıca şəhərimiz yox.
Bəlkə də, biz xoşbəxt ola bilərdik,
Bəlkə də, xoşbəxtik, xəbərimiz yox.
Aradan nə qədər il keçib görən, –
Tanıya bilmədim, məni bağışla.
Mən elə bilirdim, sənsiz ölərəm,
Mən sənsiz ölmədim, məni bağışla!
“Ölmədim” deyirəm, nə bilim axı, –
Bəlkə də, mən sənsiz ölmüşəm elə,
Qəbirsiz-kəfənsiz ölmüşəm elə.
Bəlkə də, biz onda ayrılmasaydıq,
Nə mən indikiydim, nə sən indiki, –
Ayrıldıq, şeytanı güldürdük onda;
Bu ilin, bu ayın, bu günündəki,
Elə bu küçənin bu tinindəki
məni də, səni də öldürdük onda.
. Sağımız-solumuz adamla dolu,
Qol-qola kişilər, qadınlar keçir.
Özündən xəbərsiz, ömründə min yol
Özünü öldürən adamlar keçir.
Keçir öz qanına batan adamlar,
Bir də ki, qan hanı?
Qan axı yoxdu.
Hamı günahkardı dünyada, amma
Dünyada heç kəsin günahı yoxdu.
Bizsiz yazılmışdı bu tale, bu baxt,
Sapanddan atılan bir cüt daşıq biz.
Bəlkə bu dünyada on-on beş il yox,
Min il bundan qabaq ayrılmışıq biz.
Halal yolumuzu dəyişib, nəsə
Çaşmışıq, bir özgə yoldan getmişik.
Bəlkə min il qabaq səhv düşüb nəsə,
Minillik bir səhvə qurban getmişik.
Dəyişib yerini bəlkə qış-bahar,
Qarışıb dünyanın şəhəri, kəndi.
Bəlkə öz bətnində ögey analar
Ögey balaları gəzdirir indi.
Ömrüm başdan-başa yalandı bəlkə,
Taleyim başqaymış doğrudan elə.
O yoldan ötən qız, anamdı bəlkə,
Bəlkə də, oğlumdu bu oğlan elə.
Bu yalan ömrümdə görən sən nəsən?
Bəlkə heç sevgilim deyilsən mənim.
Anamsan, bacımsan, nənəmsən, nəsən.
Bircə Allah bilir, nəyimsən mənim.
Bizi kim addadar bu ayrılıqdan,
Çatmaz dadımıza, nə yol, nə körpü.
Ölüsən, dirisən, hər nəsən, dayan!
Dayan, heç olmasa əlindən öpüm.
Deyirsən: “Ölüyəm, ölünü öpmə. ”
Əlimin içində, soyuyur əlin.
Deyirsən: “Sən allah, əlimi öpmə,
əlimdən, deyəsən, qan iyi gəlir.
Vaqif Bayatlı – Səni niyə belə sevdim?
Səni niyə belə sevdim,
belə istədim niyə,
canımdakı min tikana,
bir gülə istədim niyə?!
Eşqdə gizlətdim bu canı
görəmməyən varmı, hanı?!
həm gizlətdim, həm də hamı
bilə istədim niyə?
Min illərçün də Allahdan
Gecə-gündüz, hər an, hər an
səni özümə həm sultan,
həm də, həm də
kölə istədim niyə?!
Aqşin Yenisey – Şəkil
Evdə təkəm,
şəkilinə baxıram
Zəng eləyir arvadımın xalası.
Yağış yağır çəkdirdiyin şəkildə
Bir it də var,
arsız həyət tulası
Yağış yağır çəkdirdiyin şəkildə
Hətta bir az külək əsir, sazaqlı
Sol yanında hüzünlü bir uzaq var
Şəkillərdə yaxşı düşür uzaqlıq
Bir kişi də keçir arxa tərəfdən
Heç baxmırsan,
gözün elə məndədir
Həyata bax, necə gözəl yalandı
Gecə keçir,
ömür qalır,
gün gedir
O kişidən mənim gözüm su içmir
O kişini tanımırıq sən, ya mən.
O kişini evdən qova bilmirəm
Neçə ildir, bizdə qalır şəkilnən
Gecə hərdən hürür həyət tulası
– Ay it! Ay it!
Çımxırıram şəkilə
Bu şəkildə özündən də gözəlsən
Necə edim bu şəkilə çəkiləm?
Bir uşaq da bərk-bərk tutub əlindən
Sağın uşaq,
sol tərəfin uzaqlıq
Mən bilirəm,
şəkillərə çəkilib
Qocalıqdan daldalanır uşaqlıq
Bilirəm ki, yorulmusan şəkildə
Necə alım əlindəki səbəti
Necə öpüm yanındakı uşağı
Necə qovum
o kişini, o iti
Necə qovum,
kişi bəlkə ərindir
Uşaq sizin,
it də evin tulası
Evdə təkəm,
şəkilinə baxıram
Zəng eləyir arvadımın xalası.
Milli.Az
Nəriman həsənzadə poeziyasına bir baxış
Şuşada Vaqif Poeziya Günlərinin yenidən keçirilməsi nəinki tərcümeyi-halımızda, hətta taleyimizdə tarixi hadisədir. Erməni işğalı dövründə Şuşada dağıdılmış abidələr bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən bərpa etdirilib. Vaqif məqbərəsi yenidən ucalır.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Xalq şairi Nəriman Həsənzadə deyib. Heydər Əliyevin təşəbbüsü ilə Şuşada inşa edilmiş Vaqif məqbərəsinin 1982-ci ildə keçirilmiş açılış mərasimində iştirakını xatırladan Nəriman Həsənzadə vaxtilə olduğu kimi, indi də Vaqif Poeziya Günlərinə Azərbaycanının görkəmli insanlarının gəldiyini vurğulayıb.
Nəriman Həsənzadə deyib: “Şuşa qədim tarixi, zəngin mədəniyyəti olan Azərbaycan şəhəridir. Şuşanın taleyi Azərbaycanın taleyi oldu. Prezident İlham Əliyevin “Qarabağ Azərbaycandır” fikri tarixi mahiyyət daşıyır. Azərbaycanın taleyi həll olundu. Torpaqlarımız işğaldan azad edildi”.
Prezident İlham Əliyevin Vaqif Poeziya Günlərinin açılış mərasimində çıxışı zamanı söylədiyi “Vaqif Poeziya Günləri keçirilərkən atamın 59 yaşı var idi. Bu gün mənim 59 yaşım var. Bəziləri hesab edə bilər ki, bu, təsadüfdür. Ancaq mən hesab edirəm ki, burada böyük rəmzi məna var, tarix təkrarlanır. Azərbaycan tarixinin qara səhifəsi artıq arxada qaldı və biz yenidən nəfəs almağa başlamışıq” fikirlərini xatırladan Nəriman Həsənzadə bu tədbirin hər bir azərbaycanlının taleyində mühüm hadisə olduğunu vurğulayıb.
Xatırladaq ki, avqustun 30-dan Şuşada Vaqif Poeziya Günləri başlanıb.
Comments are closed, but trackbacks and pingbacks are open.