Press "Enter" to skip to content

Nəşriyyat fəaliyyəti

çap məhsulu – poliqrafiya müəssisələrində çap texnikası vasitəsi ilə hazırlanan dövri mətbu nəşrlər, nəşriyyat məhsulları (elektron nəşrlərdən başqa) və bütün növlərdən olan poliqrafiya məhsullarının məcmusu;

«NƏŞRİyyat iŞİ haqqinda»

nəşriyyat işi nəşriyyat məhsullarının hazırlanması, istehsalı və yayımı ilə məşğul olan hüquqi və fiziki şəxslərin təşkilati-yaradıcılıq və istehsalat-təsərrüfat fəaliyyətini əhatə edən ictimai münasibətlər sahəsi;

naşir nəşriyyat məhsulunun istehsalını maddi-texniki cəhətdən təmin edən (maliyyələşdirən) nəşriyyat və yaxud əsas fəaliyyəti bu sahə ilə əlaqədar olmayan fiziki və ya hüquqi şəxs;

nəşriyyat məhsulu – çap üsulundan və formasından asılı olmayaraq nəşriyyatların (naşirlərin) sifarişi ilə istehlakçı üçün nəzərdə tutulan kitab, broşür, albom, plakat, buklet, acıqca, elektron nəşrlər və digər nəşriyyat məhsullarının məcmusu;

çap məhsulu – poliqrafiya müəssisələrində çap texnikası vasitəsi ilə hazırlanan dövri mətbu nəşrlər, nəşriyyat məhsulları (elektron nəşrlərdən başqa) və bütün növlərdən olan poliqrafiya məhsullarının məcmusu;

nəşriyyat məhsulunu istehsal edən – nəşriyyatın (naşirin) sifarişi əsasında nəşriyyat məhsulunun tirajının, yaxud tirajın bir hissəsinin istehsalını və buraxılışını təmin edən fiziki və ya hüquqi şəxs;

yayıcı – nəşriyyatla (naşirlə) müqavilə bağlamaqla, yaxud digər qanuni əsaslarla nəşriyyat məhsullarının yayılmasını və satışını həyata keçirən fiziki və ya hüquqi şəxs;

sifarişçi – maliyyə öhdəliklərini üzərinə götürməklə nəşriyyat məhsulunun hazırlanmasını, istehsalını və yayımını sifariş edən fiziki və ya hüquqi şəxs;

tiraj nəşr nüsxələrinin miqdarı;

kitabın beynəlxalq standart nömrəsi (İSBN) – hər hansı nəşriyyatın kitabının və ya broşürünün beynəlxalq standart eyniliyini müəyyən edən nömrə;

nəşr – nəşriyyat prosesindən keçirilərək texniki vasitələrin köməyi ilə sayı çoxaldılan yazılı və audiovizual formada bir dəfə, yaxud dəfələrlə yayılan nəşriyyat məhsulu;

redaktə nəşriyyat (naşir) tərəfindən müəllifə (müəlliflərə və tərtibçilərə) verilmiş sifariş əsasında, yaxud müəlliflərin özünün təqdimatı ilə nəşriyyata daxil olmuş əsərin müəllifin razılığı ilə elmi, ədəbi, texniki və bədii cəhətdən təkmilləşdirilməsi, ixtisar, dəyişiklik, əlavə və düzəlişlər etməklə nəşrə hazırlanması;

nəşriyyat redaksiyası – nəşriyyat məhsullarının hazırlanması ilə məşğul olan, əsərləri çap üçün hazırlayan əsas struktur bölmə;

redaktor nəşriyyatlarda çalışan, yaxud müqavilə əsasında kənardan cəlb olunan, nəşriyyat əlyazmasının mətnini elmi, ədəbi, texniki və bədii cəhətdən işləyib nəşrə hazırlayan aparıcı mütəxəssis;

nəşriyyat proqramı – nəşriyyatın nizamnaməsinə, istiqamətinə uyğun olaraq nəşriyyatın (naşirin) tərtib və təsdiq etdiyi rüblük, illik və çoxillik tematik layihə;

zəruri nəşrlər – siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən və dövlət ehtiyaclarını təmin etmək üçün nəzərdə tutulan üstün nəşrlər;

nəşriyyat işinin subyektləri – nəşriyyatlar (naşirlər) müəlliflər, poliqrafiya müəssisələri, nəşriyyat məhsullarının sifarişçiləri və yayıcıları.
Maddə 2. Nəşriyyat işi haqqında Azərbaycan Respublikasının qanunvericiliyi
Nəşriyyat işi haqqında Azərbaycan Respublikasının qanunvericiliyi ilə Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan, digər normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdən ibarətdir.
Maddə 3. Nəşriyyat işi sahəsində dövlət siyasətinin əsas prinsipləri dövlətin vəzifələri
Nəşriyyat işi sahəsində dövlət siyasətinin əsas prinsipləri aşağıdakılardır:

nəşriyyat işinin maddi-texniki bazasının təşkilati, hüquqi və elmi əsaslarının möhkəmləndirilməsinə, milli kitab nəşrinin inkişafına yardım edilməsi.

nəşriyyat işi sahəsində dövlətin əsas vəzifələri aşağıdakılardır:

nəşriyyat işinin inkişafına dair dövlət proqramının hazırlanması və həyata keçirilməsi;

nəşriyyat işi sahəsində inhisarçılığın qarşısının alınması;

əhalini, təhsil müəssisələrini və kitabxanaları latın əlifbası ilə nəşr olunmuş kitablarla təmin etmək məqsədi ilə xüsusi dövlət proqramının hazırlanması və həyata keçirilməsi;

Azərbaycan xalqının klassik irsi və milli-mənəvi sərvətləri sayılan əsərlərin dövlət sifarişi əsasında nəşrinin həyata keçirilməsi, bu məqsədlə güzəştli kreditlər və dövlət tərəfindən qrantların ayrılması;

nəşriyyatların maddi-texniki bazasının genişləndirilməsinin, poliqrafiya sənayesinin inkişafının, nəşriyyat məhsullarının satışının stimullaşdırılması və kənd yerlərində kitab yayımının təmin edilməsi;

idarə, müəssisə və təşkilatların dövlət dilində olan zəruri nəşrlərlə təmin edilməsi;

milli-mədəni sərvətləri əks etdirən kitabların dünya miqyasında təbliği məqsədi ilə onların tərcüməsi, nəşri və yayılmasının stimullaşdırılması;

mətbuatın dövlət statistikasını aparmaqla, əhalinin və bazarın nəşriyyat məhsullarına olan tələbatını, ehtiyaclarını və təkliflərini öyrənməklə nəşriyyatların işinin istiqamətləndirilməsi;

ixtisaslaşmış nəşriyyatlar arasında qapalı tender keçirməklə dövlət sifarişli dərsliklərin nəşrinin təmin edilməsi;

uşaq ədəbiyyatı, dərslik, elmi-texniki ədəbiyyat, tərcümə ədəbiyyatı, lüğət və ensiklopediyaların, yazılı və şifahi mədəniyyət abidələrinin nəşrinə əlavə güzəştlərin müəyyən edilməsi;

milli universal ensiklopediya nəşrinin dövlət vəsaiti hesabına həyata keçirilməsi;

qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının fəaliyyəti, habelə səhiyyə, elm və əhalinin sosial müdafiəsi ilə bağlı nəşriyyat məhsullarının istehsalının dövlət sifarişi əsasında həyata keçirilməsi;

Azərbaycan Respublikasını xarici ölkələrdə təbliğ etmək məqsədi ilə xarici dillərdə buraxılan zəruri nəşrlərin dövlət tərəfindən maliyyələşdirilməsi.

Nəşriyyat işi sahəsində dövlət siyasətini müvafiq icra hakimiyyəti orqanı həyata keçirir.

Maddə 4. Nəşriyyat işinin sərbəstliyi
Nəşr üçün nəzərdə tutulmuş əsərlərin, əlyazmaların və digər materialların senzurasına yol verilmir.

Nəşriyyat materiallarının müəllifi deyillərsə, dövlət orqanlarının, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, habelə vəzifəli şəxslərin, nəşrə hazırlanan materialların qabaqcadan onlarla razılaşdırılmasını tələb etmək və yayılmasını qadağan etmək hüququ yoxdur.

Nəşriyyatlar, poliqrafiya müəssisələri, yayıcıları tematik plan və proqram hazırlamaqda, mövzu və müəlliflər seçməkdə, nəşrlərin tirajını, qiymətini və ticarət əlavələrini (güzəştlərini) müəyyən etməklə (dövlət proqramları əsasında hazırlanan, maliyyələşdirilən nəşrlərdən başqa), öz aralarında və digər hüquqi və fiziki şəxslərlə əlaqə formalarını müəyyənləşdirməkdə tam sərbəstdirlər.

Materialların hazırlanması zamanı tərcümə və müəllif mətnlərində müəlliflik hüququnu qorumaq şərti ilə ixtisarlara və redaktəyə yol verilə bilər.

Maddə 5. Nəşriyyat işinin sərbəstliyində suiistifadənin yolverilməzliyi
Nəşriyyat işinin subyektlərinin hazırladıqları, istehsal etdikləri və yaydıqları nəşriyyat məhsullarında dövlət sirlərini yaymağa, mövcud konstitusiyalı dövlət quruluşunu zorakılıqla devirməyə, yaxud dəyişməyə, ölkənin təhlükəsizliyinə, dövlətin bütövlüyünə qəsd etməyə, müharibəni, zorakılığı, milli, irqi, dini müstəsnalığı, dözülməzliyi, sosial ədavəti təbliğ etməyə, habelə pornoqrafik xarakterli materialları nəşr etməyə və yaymağa, böhtan atmağa və digər qanun pozuntularına çağırışlara yol verilmir.

II FƏSİL
NƏŞRİYYAT İŞİNİN TƏŞKİLİ VƏ HƏYATA KEÇİRİLMƏSİ

Maddə 6. Nəşriyyat işi sahəsində fəaliyyətin təşkilatihüquqi formaları
Nəşriyyat işi sahəsində fəaliyyət mülkiyyətin bütün növlərinə əsaslanan müxtəlif təşkilati-hüquqi formalarda həyata keçirilə bilər.
Maddə 7. Nəşriyyat işi subyektlərinin dövlət qeydiyyatı
Nəşriyyat (naşir), çap məhsullarını hazırlayan və yayıcı Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq dövlət qeydiyyatına alınırlar.

Dövlət əhəmiyyətli sənədlərin, uşaq ədəbiyyatının, dərsliklərin, elmi-texniki kitabların, tərcümə ədəbiyyatının, ensiklopedik nəşrlərin hazırlanması ilə məşğul olan ixtisaslaşmış nəşriyyatlar (naşirlər), nəşriyyat məhsulunu istehsal edənlər və yayıcılar dövlət qeydiyyat rüsumunu güzəştli qaydada ödəyirlər.

Maddə 8. Təsisçi (həmtəsisçi)
Hüquqi və fiziki şəxslər nəşriyyatların, poliqrafiya və kitab ticarəti müəssisələrinin təsisçiləri (həmtəsisçiləri) ola bilərlər. Xarici hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının bağladığı dövlətlərarası müqavilələrdə müəyyənləşdirilmiş hallarda təsisçi (həmtəsisçi) ola bilərlər.

Təsisçi ilə onun təsis etdiyi nəşriyyat, poliqrafiya, yaxud kitab ticarəti və təchizat müəssisəsi arasındakı münasibətlər nizamnamə, təsis müqaviləsi və mövcud qanunvericiliklə tənzimlənir.

Təsisçi nəşriyyatın tematikasını və (və ya) ixtisaslaşmasını müəyyənləşdirir, onun nizamnaməsini təsdiq edir, qanunvericilikdə nəzərdə tutulan hallarda məhkəmədə iddiaçı və ya cavabdeh kimi çıxış edir.

Təsisçi eyni zamanda nəşriyyat məhsulunun naşiri, istehsalçısı və yayıcısı ola bilər.

Maddə 9. Nəşriyyatın (naşirin hüquq vəzifələri)
Nəşriyyatın (naşirin) aşağıdakı hüquqları vardır:

nəşriyyat məhsulu buraxılışının proqramını tərtib və təsdiq etmək;

nəşriyyat proqramını və müqavilə öhdəliklərinin yerinə yetirməsini təmin edəcək göstəriciləri müəyyənləşdirib öz redaksiyaları və digər struktur bölmələri arasında paylaşdırmaq:

nizamnaməsində göstərilən fəaliyyət istiqamətlərinə (ixtisas yönümünə) uyğun olaraq hər hansı bir mövzuda bədii, bədii-publisistik, ictimai-siyasi və elmi xarakterli əsərlərin yaradılması ilə bağlı sifariş almaq və vermək;

müəlliflərlə müəllif müqavilələri bağlamaq;

müəlliflərin əsərlərindən başqa ölkələrdə və xarici müəlliflərin əsərlərindən Azərbaycan Respublikasında istifadə edilməsi üçün müəlliflərin icazəsi ilə xarici hüquqi və fiziki şəxslərlə müəllif müqavilələrinin bağlanmasında vasitəçi kimi iştirak etmək;

xarici ölkələrin hüquqi və fiziki şəxsləri ilə qanunvericiliyə uyğun olaraq müqavilələr bağlamaq;

çap məhsulunu hazırlayanı və yayıcısı qismində çıxış etmək;

Azərbaycan Respublikasının qanunvericiliyinə və öz nizamnaməsinə müvafiq olaraq digər istehsalat-təsərrüfat fəaliyyətini həyata keçirmək;

nəşriyyat tərəfindən hazırlanmış elmi, bədii və incəsənət əsərlərini müəyyən edilmiş qaydada dövlət mükafatlarına, ictimai və beynəlxalq mükafatlara təqdim etmək;

müəyyən edilmiş qaydada beynəlxalq təşkilatların işində iştirak etmək, öz nəşrlərini milli və beynəlxalq müsabiqələrə, sərgilərə, yarmarkalara təqdim etmək.

Nəşriyyatın (naşirin) aşağıdakı vəzifələri vardır:

istehlak ehtiyaclarının ödənilməsini təmin etmək;

öz məhsullarını dövlət standartlarına müvafiq tərtib etmək;

müəlliflik hüququna, dövlət standartlarının və beynəlxalq standartların tələblərinə, nəşriyyat işini tənzimləyən normativ hüquqi aktlara əməl etmək;

nəşriyyat məhsulları haqqında dövlət hesabatını və məlumatı müəyyən olunmuş qaydada təqdim etmək.

Nəşriyyat (naşir) qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqlardan da istifadə edir və vəzifələr daşıyır.

Poliqrafiya müəssisələri nəşriyyat məhsulu sayılmayan digər çap məhsullarının istehsalını qanunvericiliklə müəyyən olunmuş qaydada həyata keçirirlər.

Müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, nəşriyyat öz məhsullarının buraxılışına görə tam məsuliyyət daşıyır.

Nəşriyyat dövri mətbu orqanın təsisçisi kimi çıxış etdikdə, «Kütləvi informasiya vasitələri haqqında» Azərbaycan Respublikası Qanununun normalarına əməl etməlidir.

Maddə 10. Nəşriyyat məhsullarını istehsal edənin hüquq vəzifələri

Poliqrafiya müəssisələri, istifadəsində poliqrafik, surətçıxarma və ya müvafiq texniki vasitələr olan digər hüquqi və fiziki şəxslər nəşriyyat məhsullarını istehsal edə bilərlər.

Nəşriyyat məhsullarını istehsal edən poliqrafiya müəssisələri nəşriyyatlardan və naşirlərdən daxil olan sifarişlər əsasında nəşriyyat məhsullarının istehsalını və buraxılışını həyata keçirə bilərlər.

Sifarişlərin yerinə yetirilməsinin şərtləri və müddəti tərəflər arasındakı müqavilə ilə müəyyən edilir.

Nəşriyyat məhsullarını istehsal edən poliqrafiya müəssisəsi poliqrafiya sahəsində dövlət standartlarına və beynəlxalq standartlara, texniki şərtlərə və normativ hüquqi aktlara əməl etməlidir.

Qanunvericilikdə nəzərdə tutulmuş hallardan başqa, nəşriyyat məhsulunu istehsal edən poliqrafiya müəssisəsi nəşrin hazırlanmış tirajını və ya onun bir hissəsini, nəşrin orijinal nüsxəsini, market nüsxəsini, market və fotoları və ya çap formalarını sifarişçinin icazəsi olmadan başqasına verə, habelə nəşrin əlavə və təkrar tirajını çap edə bilməz.

Maddə 11. Sifarişçinin hüquq vəzifələri
Hər bir hüquqi və fiziki şəxs qanunvericilikdə nəzərdə tutulmuş qaydada nəşriyyat məhsulunun sifarişçisi ola bilər.

Sifarişçi qismində müəlliflər (həmmüəlliflər), tərtibçilər (həmtərtibcilər) və tərcüməçilər redaksiya-nəşriyyat işlənməsi, hazırlanması və buraxılışı üçün aşağıdakı materialları nəşriyyata (naşirə) təqdim edə bilər:

belletristik, ictimai-siyasi, reklam, məlumat, tədris, elmi, tətbiqi və texniki səciyyəli əsərlər;

çıxışlar, mühazirələr, nitqlər, məruzələr, moizələr;

mətnli və mətnsiz musiqi əsərləri;

dram, musiqili dram əsərləri;

tətbiqi sənət əsərləri;

fotolar, illüstrasiyalar, xəritələr, planlar, eskizlər;

tərcümələr, işləmələr, annotasiyalar, icmallar, xülasələr, əsərlərin digər işləmələri və əsasında törəmə əsərlər yaradılan, orijinalın məzmununa ziyan vurmayan folklor işləmələri;

almanaxlar, antologiyalar, ensiklopediyalar və digər toplular;

Sifarişçi nəşrin dilini, həcmini, tirajını müəyyən edir və onun istifadə və yayımı qaydasını müstəqil həll edir.

Naşir nəşriyyat məhsulunu hazırlayana (poliqrafiya müəssisəsinə) öz məhsulunun hazırlanmasını, yayıcıya isə həmin məhsulun yayılmasını sifariş edə bilər.

Verilmiş sifarişlərin icra şərtləri, tərəflərin hüquq və vəzifələri müəllif (həmmüəllif) və ya sifariş obyektinin mülkiyyətçisi olan şəxs, sifarişçi, naşir, çap məhsulunu hazırlayan və yayıcı arasında qanunvericiliyə uyğun bağlanmış müqavilə ilə müəyyən edilir.

Maddə 12. Xüsusi şərtlər
Naşir, müəllif, çap məhsulunu hazırlayan poliqrafiya müəssisəsi və onun yayıcısı olan kitab ticarəti təşkilatları öz müqavilə öhdəliklərində Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olmayan xüsusi şərtlər də müəyyən edə bilərlər.
Maddə 13. Mühafizə prinsipli sənədlərin nəşri
Dövlət əhəmiyyətli sənədlərin, qiymətli kağızların, nömrəli çap məhsullarının nəşrinin qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Maddə 14. Nəşrdən imtina
Müqavilə öhdəliklərinin pozulma faktının məhkəmə tərəfindən müəyyənləşdirildiyi hallardan başqa, heç kəs nəşriyyatı (naşiri) çapından imtina olunmuş əlyazmaları, yaxud digər materialları çap etməyə məcbur edə bilməz.
Maddə 15. Müəllif nəşrləri
Vətəndaşlar və təşkilatlar öz əlyazmalarını və digər materialları öz hesablarına və müəllif redaktəsi ilə çap etdirə bilərlər.
Maddə 16. Nəşriyyat məhsulunun buraxılışı

Nəşriyyat məhsulunu istehsal edənlər (poliqrafiya müəssisəsi, digər hüquqi və fiziki şəxslər) nəşriyyatın (naşirin), yaxud onun nümayəndəsinin razılığı olmadan nəşriyyat məhsulunu buraxa bilməzlər.

Maddə 17. Nəşriyyat işi sahəsində reklam
Nəşriyyat məhsullarında reklamın verilməsi qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir.

Uşaq ədəbiyyatı, dərsliklər, dövlət əhəmiyyətli zəruri nəşrlər, ensiklopediyalar pulsuz və yaxud güzəştli şərtlərlə reklam oluna bilər.

Maddə 18. Buraxılış məlumatı
Hazır məhsulun hər nüsxəsində aşağıdakı məlumatlar olmalıdır:

nəşriyyatın və çap məhsulunu hazırlayanın adı, ünvanı, xüsusi razılığın nömrəsi və verilmə tarixi;

buraxılış yeri və ili;

əlyazmanın yığıma verildiyi və çapa imzalandığı tarix;

şriftin növü (qarnituru);

qiyməti, yaxud «müqavilə qiyməti ilə» və ya «pulsuz» qeydi.

Nəşriyyat məhsullarında beynəlxalq kitab kodu, müəlliflik hüququnu göstərən nişan (işarə), standarta uyğun annotasiya, kitab təsnifatı göstəriciləri də qeyd olunmalıdır.

Buraxılış məlumatı olmayan nəşrlərin çap olunmasına yol verilmir.
Maddə 19. Nəşriyyat işi sahəsində əqli mülkiyyət hüququ
Nəşriyyat məhsulunun hazırlanması və istehsalı prosesində bədii və texniki tərtibatla əlaqədar yaradılmış məhsul üzərində əqli mülkiyyət hüququ nəşriyyata (naşirə) məxsusdur.
Maddə 20. Naşirlərin, çap məhsullarını hazırlayanların yayıcıların məsuliyyəti
Nəşriyyat və nəşriyyat işinin subyektləri:

müəlliflik hüququ ilə qorunan əsərlərin müəlliflik müqaviləsi olmadan istehsalına;

naşirlik fəaliyyətinin dayandırılması haqqında qərar qəbul olunduqdan sonra işin davam etdirilməsinə;

dövlət standartlarını pozmaqla məhsul istehsal edilməsinə görə inzibati və maddi məsuliyyət daşıyır.

Nəşr olunmuş, müəlliflik hüquqi ilə qorunan obyektlərin hüquq sahibinin icazəsi olmadan həmin obyektlərin tam, yaxud qismən surətinin çıxarıldığı (çap edildiyi) hallarda zərər çəkən hüquq sahibinin hüquqlarının bərpası Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq təmin edilir.

Nəşriyyat hüququ olmayan təşkilatlardan qəbul edilmiş nəşrlərin poliqrafiya müəssisələri tərəfindən çapına, kitab ticarəti müəssisələri tərəfindən yayımına, həmçinin dövlət standartlarını pozaraq buraxılış məlumatları olmadan nəşrinə yol vermiş fiziki və hüquqi şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar.

Maddə 21. Nəşriyyat fəaliyyətinə xitam verilməsi
Nəşriyyat fəaliyyətinə:

təsisçi qərarı ilə;

bu Qanunun 5-ci maddəsinin tələbləri pozulduqda, habelə qanunvericiliklə nəzərdə tutulmuş digər hallarda məhkəmənin qərarı ilə xitam verilə bilər.
Maddə 22. Məcburi nüsxələr
Nəşriyyat məhsulunu və digər çap məhsullarını hazırlayan müəssisə sifarişçinin hesabına buraxılmış hər bir nəşrin pulsuz məcburi nüsxələrini Azərbaycan Respublikasının Milli Kitabxanasına, Kitab Palatasına, qanunvericilik və müvafiq icra hakimiyyəti orqanlarının və qanunvericilikdə nəzərdə tutulmuş digər orqanların kitabxanalarına, ödənişli nüsxələri isə müəyyən edilmiş qaydada müvafiq idarə, müəssisə və təşkilatlara göndərir.

Məcburi nüsxələr nəşrin ümumi tirajına daxildir.

Maddə 23. Nəşriyyat məhsullarının yayım qaydası
Müəlliflik müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, çap məhsulunun yayımı naşir, yaxud onun nümayəndəsi buraxılışa icazə verdikdən sonra mümkündür.

Müəlliflik məhsulunun yayımı aralarındakı razılaşmaya əsasən təsisçi, naşir, nəşriyyat məhsulunu hazırlayan və müəllif tərəfindən, yaxud müqavilə və ya digər qanuni əsaslarla hüquqi və fiziki şəxslər tərəfindən həyata keçirilə bilər.

Maddə 24. Nəşriyyat işinin maliyyələşdirilməsi
Nəşriyyat işinin subyektləri:

dövlət büdcəsindən qanunvericilikdə müəyyən edilmiş ayırmalar;

hüquqi və fiziki şəxslərin ianələri;

dövlət və ictimai təşkilatlardan ayrılmış qrantlar;

nəşriyyatların (naşirlərin) sahibkarlıq fəaliyyətindən əldə etdikləri gəlirlər;

qanunvericiliklə qadağan olunmayan digər vəsaitlər hesabına maliyyələşdirilə bilərlər.

Maddə 25. Dövlət Kitab Palatası
Azərbaycan Respublikasında buraxılmış bütün çap məhsulları növlərinin toplanmasını, onların biblioqrafik qeydiyyatını və kataloqlaşdırılmasını, nəşriyyat fəaliyyəti sahəsində inkişafın dinamikasını göstərən statistik materialların hazırlanmasını və mətbuatın dövlət statistikasının aparılmasını Kitab Palatası həyata keçirir. Kitab Palatası öz nizamnaməsi əsasında fəaliyyət göstərir və dövlət büdcəsindən maliyyələşdirilir.

Kitab Palatası özəlləşdirilə bilməz.

Maddə 26. Azərbaycan Milli Ensiklopediyası
Azərbaycan Milli Ensiklopediyası Azərbaycan xalqının tarixi inkişaf mərhələlərini, milli-mənəvi sərvətlərini, həmçinin dünya elmi və mədəniyyəti nailiyyətlərini özündə əks etdirməklə yaradılan, büdcədən maliyyələşdirilən universal, milli, elmi nəşriyyat müəssisəsidir.

Azərbaycanın elmi və mədəni sərvətini özündə əks etdirən Azərbaycanın Milli Ensiklopediyası Azərbaycan xalqının milli sərvətidir.

Azərbaycan Milli Ensiklopediyası:

dövlət proqramına uyğun olaraq milli universal və sahə ensiklopediyalarının, ensiklopedik məlumat və sorğu kitablarının, müxtəlif lüğətlərin nəşrini həyata keçirir;

öz fəaliyyətini genişləndirmək və inkişaf etdirmək üçün qanunvericilikdə müəyyən edilmiş qaydada hüquqi və fiziki şəxslərlə müqavilələr bağlayır;

ölkədə universal və sahə ensiklopediyalarının, ensiklopedik məlumat ədəbiyyatının nəşrini koordinasiya edir;

Azərbaycanı təbliğ edən informasiyaları toplayır, hazırlayır və onların ölkə daxilində və xaricdə yayılmasını təmin edir, informasiya mübadiləsi ilə məşğul olur;

ensiklopedik nəşrlərlə bağlı beynəlxalq tədbirlərdə, sərgi və yarmarkalarda iştirak edir.

Dövlət təşkilatları, elmi müəssisələr Azərbaycan Milli Ensiklopediyasının, digər ensiklopedik nəşrlərin hazırlanması üçün zəruri olan sənəd və məlumatları, başqa informasiyaları təqdim etməlidirlər.
Maddə 27. Kitabxana Kollektoru
Kitabxana Kollektoru aşağıdakı vəzifələri həyata keçirir;

Dövlət proqramına uyğun olaraq nəşr olunmamış kitab məhsulları ilə dövlət və qeyri-dövlət kitabxanalarının fondlarını zənginləşdirir;

elm və təhsil müəssisələrinin, dövlət təşkilatlarının, idarə və müəssisələrin, özəl qurumların, icra hakimiyyəti orqanlarının, bələdiyyələrin sifarişləri əsasında nəşriyyat məhsullarını əldə edərək onların kitabxanalarının təchiz olunmasına kömək göstərir.

kitabxanaların və oxucuların nəşriyyat məhsullarına olan tələbatını öyrənir, bu sahədə sosioloji sorğular aparır və onun nəticələri barədə əlaqədar təşkilatlara məlumat verir;

öz fəaliyyətini genişləndirmək və inkişaf etdirmək üçün mülkiyyət formasından asılı olmayaraq qanunvericilikdə müəyyən olunmuş qaydada hüquqi və fiziki şəxslərlə müqavilələr bağlayır;

xarici ölkələrin kitabxana kollektorları ilə əməkdaşlıq edir, qanunvericiliklə müəyyən olunmuş qaydada nəşriyyat məhsullarının ölkəyə gətirilməsini və xaricə göndərilməsini təmin edir.

III FƏSİL

YEKUN MÜDDƏALARI
Maddə 28. Beynəlxalq əməkdaşlıq
Nəşriyyat işi sahəsində beynəlxalq əməkdaşlıq Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqaviləyə əsasən həyata keçirilir.

Bu Qanunla Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət olarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir.

Maddə 29. Bu Qanunun pozulmasına görə məsuliyyət
Qanunu pozan hüququ və fiziki şəxslər Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 may 2000-ci il

Nəşriyyat fəaliyyəti

2020-01-29 17:16:00

AMEA-nın Şərqşünaslıq İnstitutunun ötənilki nəşriyyat fəaliyyəti uğurlu olub

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu 2019-cu ildə səmərəli elmi fəaliyyət göstərib. AzEdu.az xəbər verir ki, il ərzində elmi müəssisədə nəşr olunmuş 25 kitab və toplu bu fəaliyyətin bir göstəricisidir. Bu kitablar şərqşünaslıq elminin müxtəlif istiqamətlərini əhatə edir. Çap olunmuş elmi əsərlər sırasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Nəsimi ili” və Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi ilə bağlı müvafiq sərəncamlarına əsasən görülən işləri xüsusi qeyd etmək olar. İnstitutda böyük şairə həsr olunmuş işlərdən ikisi 2019-cu ildə kitab şəklində geniş ictimaiyyətə təqdim olunub. Bunlardan biri İran filologiyası şöbəsinin aparıcı elmi işçisi, institutda fəaliyyət göstərən “Nəsimi” qrupunun rəhbəri, filologiya üzrə fəlsəfə doktoru Səadət Şıxıyevanın “Nəsiminin lirikası: irfani mündəricə və poetik zinətlər” kitabıdır. Monoqrafiyada şairin poetik irsinin tədqiqi tarixinə nəzər salınır, bu kontekstdə nəsimişünaslıqda mövcud olan mübahisəli məsələlərə münasibət bildirilir, onun irfani düşüncəsinin ifadəçiləri olan başlıca məcaz və motivlər araşdırılır. Nəsiminin söz sənətindəki yerini göstərən və bədii təxəyyülünün imkanlarını açıqlayan poetik fiqurlar ənənə və fərdiyyət kontekstində dəyərləndirilir. Monoqrafiyanın birinci fəslində XX əsrdə yazılmış tədqiqat əsərləri faktiki material əsasında və xronoloji ardıcıllıqla təhlil edilir, eləcə də XX əsr nəsimişünaslığı barədə dolğun təsəvvür yaratmaq niyyəti ilə Türkiyə, İran və digər ölkələrdə aparılmış tədqiqatlarda Nəsimi irsinin öyrənilmə səviyyəsindən bəhs edilir. İkinci fəsildə “Nəsimi lirikasının başlıca irfani məcaz və motivləri”ni incələyən tədqiqatçı araşdırma nəticəsində gəldiyi qənaətləri “Nəsimi şeirində folklor motivlərinin irfani interpretasiyası”, “Hürufilik təlimi və Nəsimi hürufiliyinin özəllikləri”, “Nəsiminin təsəvvüfi-lirik səciyyəli şeirlərində eşq anlayışı”, “Spesifik irfani termin-məcazlar və anlam tutumları”, “Təsəvvüfün ənənəvi motivlərinin Nəsiminin düşüncə sistemində yeri”, “Təsəvvüfi anlayışlar: ənənə və fərdiyyət” bölmələri üzrə qruplaşdırır. Bu yöndə araşdırma aparılması isə nəticə etibarilə şairin təsəvvüf şeiri tarixindəki yerini dəqiq müəyyən etməyə, onun yaradıcılığında fərdi özünüifadələrin daha güclü olduğunu aşkara çıxarmağa yardım edir. Bütün bu məsələlərə monoqrafiyanın “Nəsiminin söz sənətkarlığı” adlı üçüncü fəslində işıq salınır. Bu güclü işığın yaratdığı aydınlıqda Nəsimi şeiriyyəti “Mənəvi və üslubi-mənəvi fiqurlar”, “Üslubi fiqurlar” kimi istiqamətlərdə incələnir. Digər bir kitab isə Vüsal Hətəmovun “Nəsiminin şeirləri nə deyir?” əsəridir. Kitabda Nəsiminin şeirlərində “Quran motivləri“, “Tövhid” və “Vəhdəti-vücud” təlimi, “Kamil insan fenomeni”, “Məhdəviyyət mövzusu”, “Rəqəm və hərflərin simvolikası”, “Əhli-beyt”, “Ənəlhəqq” şüarı, “Sufilik”, “Hürufilik”, “İrfani-eşq” kimi məsələlər təhlilə cəlb olunub. Həmçinin kitabda Nəsiminin yaradıcılığı ilə yanaşı, görkəmli şəxslərin İmadəddin Nəsimi haqqında fikirləri də öz əksini tapıb. 2019-cu ildə “Nəsimi ili” ilə əlaqədar institutun “Azərbaycan şərqşünaslığı” elmi-kütləvi jurnalının xüsusi buraxılışı dərc olunub. Əsas mövzusu Nəsimi ilə bağlı olan jurnalda akademik Gövhәr Baxşәliyevanın “Nәsimi әdәbi mirasında әrәb dili”, akademik Möhsün Nağısoylunın “İmadәddin Nәsimi: Azәrbaycan klassik poeziyasının vә әdәbi dili tarixinin parlaq siması”, Sәadәt Şıxıyevanın “Nәsimi şeiriyyәtinin fәrdi özәlliklәri” və digər məqalələr yer alıb. Professor Rafiq Abbasovun tərcümə edərək Çin və Azərbaycan dillərində təqdim etdiyi “Heydər Əliyev və Çin (çıxışlar, nitqlər, bəyanatlar, müsahibələr, məktublar, məruzələr, müraciətlər)” kitabı da diqqətçəkən işlərdəndir. Kitabda ümummilli lider Heydər Əliyevin 1993-2003-cü illər ərzində Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında ikitərəfli siyasi, iqtisadi və mədəni əlaqələrin inkişafına dair çıxışları, nitqləri, bəyanatları, müsahibələri, məktubları, məruzələri, müraciətləri əks olunub. Görkəmli şərqşünas alim Aida İmanquliyevanın 80 illik yubileyi ilə əlaqədar nəşr olunmuş “Ağ günlərin sorağında (İraq ədəbiyyatından seçmələr)” kitabı elmi ictimaiyyət tərəfindən maraqla qarşılanıb. İraq yazıçılarının əsərlərindən ibarət toplu 1983-cü ildə nəşr olunmuş kitabın ikinci nəşridir. Toplu şeirlər və hekayələrdən ibarətdir. Topluda Cəmil Sidqi əz-Zəhavi, Məruf ər-Rusafi, Ənvər Xəlil, Hüseyn Mərdan kimi şairlərin şeirləri ilə yanaşı, Şakir Xusbak, Müvəffəq Xıdır, Yusif Həddad, Mahmud əz-Zahirin də hekayələri yer alıb. “Ön söz”ün müəllifi olan Aida İmanquliyevanın Mahmud əz-Zahirdən tərcümə etdiyi “Boğulmuş hıçqırıqlar” adlı hekayəsi, eləcə də Vilayət Cəfər, Bəxtiyar Vahabzadə, Süleyman Rüstəm, Məmməd Araz, Malik Qarayev və digərlərinin tərcümələri oxucuları İraq ədəbiyyatı ilə yaxından tanış edir. Toplunu ötən əsrin 80-ci illərində filologiya elmləri doktorları Aida İmanquliyeva və Vilayət Cəfər tərtib ediblər. Görkəmli alimin 80 illik yubileyi ilə əlaqədar “Azərbaycan şərqşünaslığı” jurnalının xüsusi buraxılışı da professor Aida İmanquliyevaya həsr olunub. Burada akademik Gövhәr Baxşәliyevanın “Şәrqşunaslıq elmimizin dünya şöhrәtli görkәmli nümayәndәsi”, professor Vilayәt Cәfәrovun “Mәn Aida İmanquliyeva haqqında yazdığım ilk mәqalәmdә nәdәn danışırdım” məqalələri və digər yazılar yer alıb. Jurnalda, həmçinin Aida İmanquliyevanın özünün vaxtilə yazdığı bir neçə məqalə oxuculara təqdim olunub. Şərqşünaslıq İnstitutunun Azərbaycan Demokratik Respublikasının 100 illiyinə həsr etdiyi “Şərqin ilk Demokratik Respublikası” mövzusunda elmi konfransın materialları ötən il dərc olunub. Topluda AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibəylinin “Azərbaycan Xalq Cümhuriyyətində maarifçilik hərəkatı və müasir dövr”, AMEA-nın İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Nərgiz Axundovanın “Azərbaycan Xalq Cümhuriyyəti – müasir Azərbaycanın sələfidir”, akademik Gövhər Baxşəliyevanın “Azərbaycan Xalq Cümhuriyyətinin qadın siyasəti və milli-mədəni sahədə fəaliyyəti”, professor Fəzail İbrahimlinin “Azərbaycan Xalq Cümhuriyyəti – 100”, Şərqşünaslıq İnstitutunun Mərkəzi Asiya ölkələri şöbəsinin müdiri Dünyamalı Vəliyevin “Azərbaycan Xalq Cümhuriyyətinin iqtisadi və maliyyə siyasəti”, İran tarixi və iqtisadiyyatı şöbəsinin müdiri Vidadi Mustafayevin “Azərbaycan Xalq Cümhuriyyəti–İran münasibətlərinin ideoloji problemləri” və s. məruzələrin mətnləri dərc olunub. Cümhuriyyətin 100 illiyi ilə bağlı tarix üzrə elmlər doktoru Solmaz Rüstəmova-Tohidinin “Azərbaycan Xalq Cümhuriyyəti – 100. Müstəqilliyin çətin yolu” toplusu da nəşr olunub. Kitab 1918-ci il azərbaycanlıların soyqırımı və Azərbaycan Xalq Cümhuriyyəti tarixinə həsr olunmuş məqalələr toplusudur. İyirmi iki məqalədən ibarət kitabın I hissəsində Cənubi Qafqazın müsəlman əhalisinin 1916-cı ildən başlayaraq erməni milli-siyasi-hərbi qüvvələri və əsasən ermənilərdən ibarət bolşevik qoşunları tərəfindən məruz qaldığı kütləvi qırğınlar ayrı-ayrı Azərbaycan bölgələri – Bakı, Şamaxı, Quba, Göyçay, Cavad, Ərəş, Qarabağ, Zəngəzur, İrəvan üzrə Fövqəladə Təhqiqat Komissiyasının sənədləri əsasında geniş araşdırılır, eləcə də həmin hadisələr müxtəlif problemlər baxımından nəzərdən keçirilir. İkinci hissəyə Azərbaycan Xalq Cümhuriyyətinın yaradılmasını və Azərbaycanda milli dövlət quruculuğunu mümkün edən mühüm tarixi hadisələrdən bəhs edən məqalələr daxil edilib. Şərqşünaslıq İnstitutunun 2019-cu ildə mühüm elmi nəticələri kimi professor Mehdi Kazımovun rus dilində nəşr olunmuş “XVI-XVII əsrlər farsdilli poeziya”, fəlsəfə üzrə fəlsəfə doktoru Esmeralda Həsənovanın “Türkiyədə millətçiliyin müxtəlif növlərinin tipologiyası və modelləri” və filologiya üzrə fəlsəfə doktoru Sədaqət Qasımlının “Türkiyə ədəbiyyatında yeni hekayəçilik (XIX əsrin I yarısı – XX əsr)” monoqrafiyalarını qeyd etmək olar. “XVI-XVII əsrlər farsdilli poeziya” kitabı farsdilli ədəbiyyat tarixinin nisbətən az öyrənilmiş dövrünə həsr olunub. Burada XVI-XVII əsrlər farsdilli poeziyanın bəzi aspektlərinə nəzər salınır, onun doqquz nümayəndəsinin yaradıcılığı təhlil olunur. Onların həyat yolları, ədəbi irsi, poeziyalarının ideya-məzmun əsasları, janr özəllikləri və ədəbi xüsusiyyətləri izlənilir. “Türkiyədə millətçiliyin müxtəlif növlərinin tipologiyası və modelləri” monoqrafiyasında 1918-ci ildə Osmanlı imperiyasının süqutu ərəfəsi, 1923-cü ildə Türkiyə Cümhuriyyətinin qurulması və günümüzə qədərki dövrlərdə millətçilik ideologiyasının tarixi aspektləri, fenomenologiyası, təkamülü və Türkiyədə təzahürləri təhlil edilir. Müəllif Türkiyədəki millətçiliyin bütün növlərində klassik millətçiliyə xas olan ümumi müddəaların olması qənaətinə gəlir və buna əsasən “Türk millətçiliyi” terminindən geniş istifadə edir. “Türkiyə ədəbiyyatında yeni hekayəçilik” kitabında Türkiyə ədəbiyyatında yeni hekayəçiliyin inkişaf mərhələlərindən və bu inkişafa böyük xidmətlər göstərən türk ədəbiyyatının görkəmli hekayəçilərinin həyat və yaradıcılığından söhbət açılır. Monoqrafiyada yeni hekayəçiliyin təşəkkülü dövrü, Tənzimat ədəbiyyatı, Sərvəti-fünun ədəbiyyatı, Cümhuriyyət dövründə yeni hekayəçiliyin inkişaf yolları, 50-ci illərdən sonrakı hekayənin yeni ənənələri, sosial-psixoloji üslubda yazan hekayəçilərin yaradıcılığı və digər mövzular araşdırılır. Ötən il institutda görülən və geniş ictimaiyyətin marağına səbəb olan işlərdən biri də “Tövrat”ın orijinal mətndən Azərbaycan dilinə tərcüməsidir. Kitabı filologiya üzrə fəlsəfə doktoru Teymur Sadıqov tərcümə edib. Tərcümə zamanı bir çox çətinliklərə baxmayaraq, Teymur Sadıqovun ibri, türk, ingilis, ərəb və rus dillərini mükəmməl bilməsi ona yəhudi dilinə aid təfsirlərə, şərhlərə və ümumilikdə bu mövzu ilə bağlı əsərlərə müraciət etməklə bu problemləri həll etmək imkanı verib. Gözləmək olar ki, akademik səviyyədə yerinə yetirilən bu tərcümədən sonra Azərbaycan şərqşünaslıq elmində yeni-yeni müqayisəli elmi mövzular və tədqiqat işləri meydana çıxacaq. Filologiya üzrə fəlsəfə doktoru Təranə Həşimovanın “Milli-ideoloji məsələlər kontekstində Azərbaycan-özbək ədəbi əlaqələri” kitabında müstəqil respublikamızın ədəbi əlaqələri, bu əlaqələrdə milli inkişaf xüsusiyyətləri araşdırılır. Zəngin tarixə malik Azərbaycan və özbək ədəbi əlaqələrini çoxsaylı faktlar və materiallar əsasında araşdırma obyektinə çevirən alim müasir Azərbaycan və özbək poeziyalarının ortaq xüsusiyyətlərini, qarşılıqlı bədii tərcümə problemlərini, müstəqillik dövründə Azərbaycan və özbək xalqlarının ədəbiyyatlarının nəzəri-tipoloji müqayisəsini, müstəqillik dövründə qarşılıqlı ədəbi nəşrləri və digər elmi-ədəbi məsələləri diqqət mərkəzində saxlayır. Fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Elvüsal Məmmədovun “Orta əsr İslam fikrində din və fəlsəfə” kitabında din-fəlsəfə münasibətləri klassik və müasir mənbələr əsasında kompleks şəkildə öyrənilib, orta əsr İslam rasional fikrinin təşəkkülü tarixi, rasional proseslər və din-fəlsəfə münasibətləri, Quranda rasional düşüncə tərzinə, ağıla verilmiş əhəmiyyət, peyğəmbər və səhabələrin yaşadıqları dövrün rasional mənzərəsi, erkən İslam dövründə rasional düşüncə tərzinin təşəkkülü və ilk rasional təlimlərin yaranmasında daxili və xarici amillərin rolu, qeyri-fəlsəfi rasional islam fikrində iman-ağıl münasibətləri və bu zəmində ortaya çıxmış ziddiyyətlərin səbəbləri, rasional-dini təlimlərin metodoloji bazasında dinin ehkamlarının yeri, sufilik, “Saflıq qardaşları” və işraqilik təlimlərində iman-ağıl məsələləri, İslam fəlsəfəsi – məşşailikdə isə din-fəlsəfə problemi öyrənilib, əlaqələr ideya və konsepsiyalar təhlil olunub. Tarix üzrə fəlsəfə doktoru Həsən Səfərinin fars dilindən tərcümə etdiyi “M.Ə.Rəsulzadə “İran türkləri” kitabı İranda yaşayan azərbaycanlılar barədə dünya ictimaiyyətinə çatdırılması zəruri olan məlumat toplusundan ibarətdir. Kitabda Güney Azərbaycanın türk əhalisi, eləcə də İranın şərqində və cənubunda yaşayan türkmənlər və qaşqaylar barədə ətraflı məlumat verilib. 1912-ci ildə qələmə alınan əsərdə Arazın o tayında yaşayan soydaşlarımızın sayı, həyat tərzi, və ümumiyyətlə onların yaşadığı tarixi Azərbaycan ərazisində ictimai-siyasi vəziyyət barədə ətraflı məlumat verilir. Filologiya üzrə fəlsəfə doktoru Şəmsi Pənahoğlunun ötən il bir neçə tərcümə kitabı işıq üzü görüb. “Mirzə Müslüm Qüdsi İrəvaninin türkcə əsərləri” kitabı transliterasiya və şərhlərdən ibarətdir. Bəhs edilən nəşrdə Mirzə Müslüm Qüdsi İrəvaninin hələlik elm aləminə məlum olan və fars, türk və ərəb dillərində əsərləri əhatə edən “Divan”ından türkcə əsərləri yer alıb. Ş.Pənahoğlu, həmçinin Mirzə Müslüm Qüdsi İrəvaninin “İrəvanın vəsfi” məsnəvisini fars dilindən tərcümə edərək, şərhlərlə oxuculara təqdim edib. Məsnəvi digər məziyyətləri ilə yanaşı, azərbaycanşünaslıq üçün siyasi və strateji maraq doğurur. Məsnəvi İrəvan şəhəri və tarixi “Çuxursəəd” vilayətinin milli türk kimliyinin minlərlə təkzibolunmaz faktlarından biri kimi əhəmiyyətlidir. Ş.Pənahoğlunun fars dilindən tərcümə etdiyi Cemelli Karerinin “Səfərnamə”si Azərbaycan və bütövlükdə İran tarixinin Səfəvilər dövrünə aid ən qiymətli mənbə və məxəzlərindən biridir. İtaliyalı Cemelli Kareri XVII əsrin 90-cı illərində Şah Süleyman Səfəvi vaxtında Osmanlı yolu ilə İrana gəlib. Güclü qələmə və təsvir qabiliyyətinə sahib olan C.Kareri İranda gördüklərini və eşitdiklərini özünün “Səfərnamə” əsərində işıqlandırıb. Ş.Pənahoğlunun digər bir tərcüməsi Rudolf Broysun “Sağalmaz hesab olunan xəstəliklərin təbii vasitələrlə müalicəsi”dir. R.Broysun təlimi birbaşa bu gün də əksər həkimlərin belə sağalmaz dedikləri xərçəngin və digər bu qəbildən olan xəstəliklərin müalicəsi haqqındadır. İnstitut alimlərinin ötən il dərslik və dərs vəsaitləri də işıq üzü görüb. Professor Elman Quliyevin “Türk xalqları ədəbiyyatı” dərsliyində türk, qazax, qırğız, türkmən, özbək, tatar, iraq-türkmən yazarlarının həyat və yaradıcılıqları geniş şəkildə təhlil olunub. Eyni zamanda, hər bir türk xalqının ədəbiyyatları və zəngin folklor yaradıcılığı haqqında məlumatlar verilib. Filologiya üzrə fəlsəfə doktoru Aygün Əlizadənin iki fars dili dərsliyi çapdan çıxıb. Bu dərsliklərdən biri ibtidai, digəri orta səviyyə üçün nəzərdə tutulub. Kitab və CD-dən ibarət dərsliklərdə mətnlər, qrammatik qaydalar, cizgi filmləri, digər videomateriallar, eləcə də “Şeyx Sənan” dastanının və Cəlaləddin Ruminin “Məsnəvi-ye mənəvi” əsərindən yeddi hekayənin oxunuşu yer alıb. Fidan Nəsirovanın Əsmətxanım Məmmədova ilə birgə fars dilinə tərcümələrdən ibarət “Tərcümə mətnləri” dərs vəsaiti Azərbaycanda fars dilinin tədrisi tarixində dərsliklər daxilində verilmiş azərbaycanca mətnlər istisna olmaqla, əks tərcümə materiallarından tərtib olunmuş ilk kitabdır. Kitabda mətnlərin sonunda çətin sözlərin lüğəti, onların oxunuş qaydası, bir çox hallarda söz və tərkiblərin sinonimləri verilib. İnstitutda mütəmadi olaraq bir neçə jurnal və məqalələr toplusu dərc olunur. “Azərbaycan şərqşünaslığı” elmi-kütləvi jurnalı ilə yanaşı, “Şərq filologiyası məsələləri” toplusunun 9-cu buraxılışı çap olunub, “Şərq araşdırmaları” toplusunun isə ilk sayı işıq üzü görüb. İnstitutun nəşriyyat fəaliyyətindəki aktivlik davam etməkdədir və bir neçə kitab çap üçün artıq nəşriyyata təqdim olunub.

Bu bölməyə aid digər xəbərlər

AMEA-dakı hazırkı durum- Nələr baş verir?- Qurum sözçüsü

2022-03-11 13:08:00

UNEC-də əcnəbi vətəndaşlar üçün dil kurslarına qəbul davam edir

2021-11-29 12:12:00

Ramiz Mehdiyev vəzifədən AZAD EDİLDİ

2020-11-19 12:15:00

LDU AMEA-nın daha bir institutu ilə əməkdaşlıq edəcək

2020-08-21 15:33:00

Azərbaycanın yeni intellektual tədris sisteminin təqdimatı keçirildi

2020-07-29 16:11:00

Aqil Abbasdan Tarix İnstitutuna Şuşa İTTİHAMI

2020-06-05 11:37:00

BDU professorunun məqaləsi yüksək impakt faktorlu jurnalda dərc edilib

2020-05-06 16:49:00

Akademiyanın vitse-prezidenti: “UNEC-in başlatdığı bu təşəbbüs təqdirəlayiqdir”

2020-05-02 15:09:00

Magistrantlar üçün dərslər distant formada davam etdirilir

2020-04-06 14:47:00

Naxçıvan Dövlət Universitetinin müəllimi ixtirasına görə patent alıb

Fəaliyyətin əsas növləri

İnsan fəaliyyətini nəzərdən keçirdikdə onun məxtəlif və çoxsaylı olduğunu görürük. Adətən insanlar həyatları boyu öz tələbatlarını ödəmək üçün məxtəlif fəaliyyət növlərindən istifadə edirlər. Bunlardan bəziləri ötəri, dəyişkən, digərləri isə uzun müddətli, insanın bütün həyatı boyu onun tələbatlarını ödəyəcək fəaliyyət kimi özünü göstərir. Demək olar ki, istisnasız olaraq bütün insanların hamısı üçün xas olan fəaliyyət növlərini əsas fəaliyyət növləri adlandırırlar. İnsanın bütün həyatı boyu istifadə etdiyi bu cür əsas fəaliyyət növlərinə oyun, təlim və əmək fəaliyyətini aid edirlər. Fəaliyyətin bu növlərindən biri müəyyən yaş dövründə aparıcı fəaliyyət, digərləri isə köməkçi, yardımçı fəaliyyət kimi özünü göstərir. Belə ki, məktəbəqədər yaş dövründə oyun aparıcı fəaliyyət növü hesab olunur. Bu dövrdə uşaqlar öz tələbatlarını əsasən oyunun köməyi ilə ödəyirlər. Bununla yanaşı olaraq həmin dövrdə uşaqlar həm öyrənir, həm də sadə özünəxidmət əməyindən istifadə edirlər. Məktəb yaşı dövründə aparıcı fəaliyyət təlim fəaliyyəti olur. Bu dövrdə şagirdlər həm oyundan, həm də əmək məşğələlərindən istifadə edirlər. Yaşlı adamlar üçün aparıcı fəaliyyət əmək fəaliyyəti olsa da bu dövrdə adamlar oyundan və təlim fəaliyyətindən də istifadə edirlər.
Oyun, təlim və əməklə yanaşı olaraq psixoloji ədəbiyyatda ünsiyyəti də əsas fəaliyyət növü kimi qeyd edirlər. Həqiqətən həyatının bütün dövrlərində insanlar ünsiyyətə hədsiz tələbat hiss edir, bir-biriləri ilə informasiya mübadiləsi, qarşılıqlı təsir və bir-birini qavrama, anlama prosesini həyata keçirirlər. Sonrakı fəsildə ünsiyyətdən geniş bəhs olunduğuna görə burada oyun, təlim və əmək fəaliyyətinin psixoloji xüsusiyyətləri və onların insanın psixi inkişafında rolunu qısaca nəzərdən keçirək.
Oyun – elə fəaliyyət növüdür ki, onun nəticəsində heç bir maddi və mənəvi məhsul əldə edilmir (yaşlıların və uşaqların işgüzar və quraşdırma oyunlarından başqa). Oyun ən çox əyləncə xarakteri daşıyır, istirahət məqsədi güdür. Oyunun məqsədi «fəaliyyətin» köməyi ilə əldə ediləcək praktik nəticələr deyil, yerinə yetiriləcək «fəaliyyətin» özü olur.
Oyunun müxtəlif tipləri mövcuddur. Bunlara aşağıdakıları aid etmək olar: əşyavi və süjetli, hərəki və didaktik, fərdi və qrup halında, rollu və qaydalı oyunlar və s.
Əşyavi oyunlar insanın oyun fəaliyyətinə hər hansı bir əşyanı daxil etməsi ilə bağlıdır. Əşyalarla əlaqədar olaraq aparılan oyunlar insanların həmin şeylərə münasibətləri ilə bağlı funksiyaları kimi çıxış etməyə başlayır. Süjetli oyunlar müəyyən ssenari üzrə aparılır və bu zaman həmin ssenarinin əsas detalları əks etdirilir. Bağça yaşının sonunda uşaqlarda sosial təcrübənin genişlənməsi süjetli oyunların məzmununun genişlənməsinə səbəb olur. Nəticədə tədricən oyunun məzmunu praktik işləri təkrar etməkdən insanların əlaqələrinin təsvirinə keçir. Hərəki oyunlar bilavasitə hərəkətlərlə icra olunur. Bu cür oyunlar hərəki vərdişlərin inkişafına kömək edir. Didaktik oyunlara gəldikdə bu cür oyunlar öyrətmə xarakteri daşıyır. Məsələn, «nə yerini dəyişmişdir?», «səsindən tanı» tipli oyunların köməyi ilə uşaqlarda müşahidəçilik, dəqiq qavrama imkanları inkişaf etdirilir.
Oyunlar fərdi və qrup halında da aparılır. Fərdi oyun ancaq bir nəfər tərəfindən həyata keçirilir. Qrup halında oyunlarda isə bir neçə nəfər iştirak edir. Rollu oyunlara gəldikdə bu zaman oynayan adam (uşaq və ya yaşlı) oyun zamanı müəyyən rolu öz üzərinə götürür və həmin rola uyğun hərəkət edir. Məsələn, uşaq müəllim, həkim rollarını oynayır. Öz oyuncaqlarına «dərs deyir», onları «müalicə» edir və s. Bu zaman uşağın işi onun indiki anda istifadə etdiyi şeylərin xüsusiyyətləri ilə deyil, müəllimin, həkimin vəzifəsi haqqında təsəvvürlə idarə olunur.
Qaydalı oyunlar müvafiq qaydalara əsasən aparılır və oynayanlar bu qaydalardan kənara çıxa bilmirlər. İndi artıq işlər mücərrəd tələblər və qaydalarla tənzim olunur. Çox vaxt həyatda oyunun əşyavi-rollu, süjetli-rollu, süjetli-qay­dalı və s. kimi qarışıq tipinə də rast gəlmək olur.
Yuxarıda qeyd edildiyi kimi, oyun məktəbəqədər dövrdə aparıcı fəaliyyət növü olub uşaqların həm fiziki, həm də psixi inkişafında mühüm rol oynayır. M.Qorkinin qeyd etdiyi kimi, oyun uşağın yaşadığı və gələcəkdə dəyişdirilməli olduğu mühiti dərk etmə yoludur. Oyun uşağın tələbatını ödəməklə yanaşı, yaşlılarla ünsiyyət saxlamaq, həyatı başa düşmək, ətrafdakıları təqlid etmək və bu yolla bir növ gələcək həyata hazırlaşmaq işində mühüm vasitəyə çevrilir.
Təlim fəaliyyəti – məktəblilərin və tələbələrin nəzəri bilikləri və onlarla bağlı bacarıq və vərdişləri mənimsəmələrinə yönəldilmiş fəaliyyət növlərindən biri, aparıcı fəaliyyətləridir. Yaşlı adamlarda təlim özünütəhsil xarakteri daşıya bilər.
Təlim insanın fəaliyyət və davranışını bəşəriyyətin ictimai təcrübəsini mənimsəməsinə yönəldən fəal bir prosesdir. Təlim fəaliyyəti təkcə məktəblilərdə və tələbələrdə bilik, bacarıq və vərdişlərin formalaşmasını təmin etməklə kifayətlənmir. Bu prosesdə onlarda psixi inkişafa, şəxsiyyətin formalaşmasına da əsaslı təsir göstərir. Məhz buna görə də təlim fəaliyyətinin başlıca xüsusiyyəti ondan ibarətdir ki, o, fərdin birbaşa psixi inkişafı vasitəsi kimi xidməti həyata keçirir.
İnsan fəaliyyəti sistemində əmək xüsusi yer tutur. Əmək fəaliyyəti son nəticədə özünün məhsuldarlığı ilə fərqlənir. Məhz buna görə də əməyi müəyyən ictimai- faydalı, maddi və ya ideal məhsullar istehsalına yönəldilmiş fəaliyyət kimi qəbul edirlər.
Əmək fəaliyyəti təkcə insanın maddi və mənəvi tələbatlarını ödəməyə xidmət etmir, o, eyni zamanda insanın bir şəxsiyyət kimi formalaşmasında aparıcı rol oynayır.

Comments are closed, but trackbacks and pingbacks are open.