Nəsimi yaradıcılığı
Xızrın sifətin çeşmeyi-heyvanə yetirdim.
Nəsimi yaradıcılığı: insan, təbiət və kainat
Nəsimi yaradıcılığı bənzərsiz bədii fakt kimi Azərbaycan ədəbiyyatının, orta əsr Şərq poeziyasının nadir incilərindəndir. Onun ədəbi irsinin əsasında vahid dünya modeli dayanır. Bu modelin cövhəri insan, təbiət və kainatın vəhdətindən ibarətdir. Mütəfəkkir Nəsiminin ən kamil insan konsepsiyası sevən və sevilən lirik qəhrəmanın arzu və istəklərindən təşkil olunub. Nəsiminin qəzəllərində sevən aşiq fədakarlıq nümunəsidir. O, sələfləri ilə müqayisədə heç kəsi təkrar etmir, xələflərindən Xətainin “Dəhnamə”sindəki sevən qəhrəmanı isə xeyli qabaqlayır. Nəsimidə sevən aşiq məqsədində ardıcıldır, bütün maneələri dəf edə bilir, eyni zamanda, heç vaxt vədinə xilaf çıxmır. Amma sevgilisinə yaxınlaşdıqca ondan daha da uzaqlaşır, bu, Tanrı işidir, deyəsən, onun özü də qovuşmaq istəmir. Aşiq müqəddəsliyin itməsindən narahatdır, sevgi duyğusunun tükənməsindən qorxur. Nəsimi yaradıcılığında aşiqin sevgilisi dünya gözəlidir, siz ona aşiqin, ya da elə Nəsiminin gözü ilə baxın:
Səni bu hüsni-camal ilə, bu lütf ilə görən,
Qorхdular həq dеməyə, döndülər insan dеdilər.
Bu gözəlin heç bir eybi yoxdur, ay və günəş onun ayaqlarına düşür, ondan utanır.
Bunu AZƏRTAC-a müsahibəsində AMEA-nın müxbir üzvü, Əməkdar elm xadimi, Azərbaycan Universitetinin professoru Kamran Əliyev söyləyib. O bildirib ki, Nəsiminin sevən və sevilən kamil insanı təbiətlə vəhdətdədir. Mütəfəkkir şairin yaradıcılığında insan və təbiət münasibətlərinin harmoniyası xüsusi yer tutduğuna görə, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Nəsiminin 650 illik yubileyi münasibətilə bir gündə respublikamızda 650 min ağac əkilməsi böyük şairin xatirəsinin bu kontekstdə genişmiqyaslı, yaddaqalan tədbirlə əbədiləşdirilməsi ölkəmizin yaşıl, çiçəklənən diyara çevrilməsinə, ətraf mühitin sağlamlaşdırılmasına verilən dəyərli töhfədir.
Kamran Əliyev qeyd edib ki, Nəsimi yaradıcılığında kamil insan təbiəti dəyərləndirmək intellektini həmişə təkmilləşdirir. Bülbülün yerinin gülüstan olduğunu bilir. Lalə, nərgiz, bənövşənin bəzədiyi çəmən insanın ruhunun şəklidir. Nəsiminin qəzəllərində təbiət gözəldir, füsunkardır, sevən və sevilənin qəlbini oxşayır. Aşiq öz sevgilisini təbibim, loğmanım, dinim, imanım adlandırmaqla yanaşı:
Bənövşəm, sünbülüm, vərdim, rəyahim, zanbağım, laləm,
Əbirim, ənbərim, udum, gülüm, qönçəm, gülüstanım.
– deyə şərəfləndirir. Böyük söz ustasının kamil insanı təbiətin içindədir, təbiət də onun qəlbinə hopmuşdur.
Nəsiminin təbiəti duyan kamil insanı hissinin əsiri deyil, o, həm də əql, düşüncə adamıdır. Harada lirik qəhrəman cəmiyyət, təbiətə və insana ağlının gözü ilə baxır, o yerdə həmin qəhrəman elə Nəsimi özüdür. Ona görə ki, Nəsiminin qəzəlləri yalnız hissin deyil, eyni zamanda, ağılın təntənəsidir. Əgər belə olmasaydı, həmin qəzəllərin elmi yükü də bir o qədər görünməzdi. Nəsiminin qəzəllərinin bədii keyfiyyətləri onun elmi təfəkkürünə də borcludur. Bu təfəkkür Nəsimi yaradıcılığına insanın kainatla vəhdətinin təsdiqini gətirmişdir:
Nəsiminin məkanı laməkandır.
Bu, kainatın sonsuzluğu haqqında olan bilgidir.
“Nəsimi XIV-XV əsrlərin şairidir. Nəsiminin yaşadığı dövrdə Kopernik heliosentrik nəzəriyyəsini kəşf etməmişdi, Qaliley və Nyuton isə hələ doğulmamışdılar. Amma Nəsirəddin Tusi öz ömrünü çoxdan yaşamışdı və teleskop da bəlli idi. Orta əsrlərdə kainatı teleskopla yenidən dərk etmək imkanı yaranmışdı və dərk edildi də. Nəsimi isə bütün alimlərdən fərqli olaraq kainata teleskopla deyil, qəlbinin gözü ilə baxdı:
Meraca çıxdı ruhi-Nəsimi Buraq ilən.
Bu, peyğəmbərlik iddiası, yaxud da kainata meydan oxumaq deyil. Öz hərəkəti ilə kainatın hərəkətini uzlaşdırmaqdır. Nəsimi insanın, təbiətin və kainatın harmoniyasını hərəkətdə gördü və özünün ən ali prinsipini elan etdi:
Dünya duracaq yer deyil, ey can, səfər eylə.
Bu, Nəsimi sözünün meraca çıxması və yeni söz sahibliyi idi, onu dar ağacına aparan da məhz yeni söz sahibliyi oldu”, – deyə Kamran Əliyev qeyd edib.
Nəsimi yaradıcılığı
Azərbaycanın dahi mütəfəkkirləri insanları dininə, dilinə və irqinə görə deyil, dəyərlərinə görə qiymətləndirib
Son illər dünyada baş verən bir çox hadisələr, multikulturalizmin Azərbaycan modelinin bütün dünyada təbliğinin daha aktual xarakter aldığını deməyə əsas verir. Hazırda Azərbaycan dövləti multikulturalizmi və qarşılıqlı anlaşmanı fəaliyyətinin prioritet istiqamətlərindən biri kimi qiymətləndirir və bu istiqamətdə görülən bütün işləri dəstəkləyir.
Çünki multikulturalizmin fəaliyyət dairəsi təkcə dini, mədəni və etnik məsələləri əhatə etmir, eləcə də dünya düzənində baş verən siyasi proseslərə ciddi təsir göstərir. Bununla yanaşı, multikulturalizmin ilk növbədə mədəniyyətlərin vəhdətindən və harmoniyasından yarandığı da, heç kimdə şübhə doğurmur. Bu istiqamətdə ölkəmizdə görülən işlər, bütün dünyanın mütərəqqi cəmiyyətləri tərəfindən yüksək qiymətləndirilir.
Azərbaycanda 2016-cı ilin “Multikulturalizm ili”, 2017-ci ilin “İslam həmrəyliyi ili”, 2018-ci ilin “Cümhuriyyət ili”, 2019-cu ilin isə “Nəsimi ili” elan edilməsinin özü də dövlət başçımız, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xalqımıza, mənəviyyatımıza, dəyərlərimizə, milli kimliyimizə verdiyi yüksək dəyərin bariz nümunəsidir.
Məlumdur ki, Azərbaycan xalqı əsrlər boyu öz etnik kimliyinə sadiq qalaraq, onun daha da inkişaf etdirilməsinə çalışıb. Azərbaycan xalqı bu gün də bəşəriyyəti ayrı-ayrı xalqlara deyil, bütün insanlara olan sonsuz sevgisi və tolerantlığı ilə heyran edir. Xalqımız tarixin bütün dönəmlərində insanlar arasında irqinə, dininə, dilinə, dərisinin rənginə görə fərq qoymadan, onların birliyinə və vəhdətinə çalışıb. Azərbaycan xalqının tolerantlığı, başqa xalqlar və dinlərə münasibəti Azərbaycan xalq ədəbiyyatının ən qədim yazılı abidələrindən olan Kitabi-Dədə Qorqud dastanında da öz əksini tapıb. Başqalarına qarşı dözümlülük, xalqlara və dinlərə ehtiram dahi Azərbaycan şairi, mütəfəkkir İmadəddin Nəsimi yaradıcılığında da əsas xətt kimi özünü göstərir. Nəsimi xalqımızın bu dəyərlərini təbliğ etməklə, onun etnik mənsubiyyətini daha geniş təbliğ etməyə çalışıb. Onun yaradıcılığında bəşəriyyətə məhəbbət, müxtəlif dinlərin nümayəndələrinə, bütün insanlara sevgi açıq şəkildə özünü göstərir. Artıq 650 ildir ki, Nəsiminin təfəkkür tərzi, yaradıcılığı Azərbaycan xalqının mənəviyyatının inkişafına xidmət edir. Onun bütün dünyaya xitabən söylədiyi “hər kim olursan ol, mən səni sevirəm,” kəlamı da, insani münasibətlərin aliliyinin göstəricisidir. Şair bütün yaradıcılığında, təfəkkür tərzində, insanlara münasibətində Azərbaycan xalqının milli mənəviyyatını, dəyərlərini, düşüncələrini, insanlara olan münasibətlərini, məhəbbətini tərənnüm edib.
Prezident İlham Əliyevin Nəsiminin 650 illiyinin yüksək səviyyədə qeyd olunması və 2019-cu ilin “Nəsimi ili” elan edilməsi barədə verdiyi sərəncam da, bütün Nəsimisevərləri şairin yaradıcılığının çox ciddi şəkildə öyrənilməsi, araşdırılması və təbliğ edilməsi istiqamətində böyük işlər görməyə sövq etdi. Bu, həm də Azərbaycan xalqının mənəvi dəyərlərinin bir daha dünyada geniş təbliğinə imkan yaratdı.
İnkarediməz faktdır ki, multikultural dəyərlər əsrlər boyu əcdadlarımızın qanında, dünyagörüşündə, psixologiyasında formalaşaraq inkişaf edib və bugünkü səviyyəyə çatıb. Onu da fəxrlə deyə bilərik ki, minillik tarixə malik klassik ədəbiyyat nümunələrində də biz bunlara tez-tez rast gəlirik. Azərbaycanın söz sahibləri, dahi mütəfəkkirlərimiz özlərinin fəlsəfi düşüncələri ilə hər zaman bəşəriyyəti bütöv kimi qələmə veriblər, ayrı-ayrı xalqları, dinləri bir-birinə yaxınlaşdırıb, insanları dininə, dilinə və irqinə görə deyil, dəyərlərinə görə qiymətləndiriblər.
Müxtəlif dinlərə, xalqlara hörmət və ehtiram Nəsimi şeiriyyətində, qəzəllərində də öz əksini tapıb, əsərlərində dövrün mütərəqqi fikirlərini tərənnüm və təbliğ edib. Nəsimi həm də Nizaminin davamçısı olaraq onun Şərq ədəbiyyatına gətirdiyi qabaqcıl ideyaları daha da inkişaf etdirməyə çalışıb, bu yolda ölümə belə gedərək fədakar şair kimi öz adını tarixə yazdırmağı bacarıb. Nəsimi həm də dahi bir söz sərrafı olaraq Azərbaycan ədəbiyyatında ana dilində yaranan fəlsəfi şeirin əsasını qoyub.
Məlumdur ki, İmadəddin Nəsimi Şamaxıda doğulub. Bəzi mənbələrdə onun əsl adının Əli olduğu bildirilir. Atası Şirvanda Seyid Məhəmməd adı ilə tanınan insanlardan biri olub. Şamaxı o dövrdə İslamın geniş yayıldığı və iri mədəniyyət mərkəzinə çevrildiyi şəhərlərdən biri olduğuna görə, burada çoxlu məktəblər, mədrəsələr, kitabxanalar fəaliyyət göstərib. Bu da həmin dövrdə mütərəqqi fikirli insanların formalaşmasında mühüm əhəmiyyət kəsb edib. Dövrün görkəmli alimlərindən təhsil alan Nəsiminin diqqətini həmin vaxtlarda Azərbaycanda geniş yayılan hürufilik təlimi daha çox cəlb edir. Nəsimi uzun müddət Fəzlullah Nəiminin yanında olur və öz qəzəllərində bu təlimi vəsf edir. Onun qəzəllərini oxuduqca, Nəsiminin qədim yunan fəlsəfəsini, ədəbiyyatını, islamın, yəhudiliyin və xristianlığın əsaslarını yaxşı bildiyi, hətta tibb, astronomiya, riyaziyyat və məntiq kimi elmlərə yiyələndiyi açıq görünür. Nəsimi dövrün ən yaxşı universitetlərinin verə biləcəyi kamil təhsilə malik idi və təsadüfi deyil ki, onun yaradıcılığının əsasında da kamil insan anlayışı önəmli yer tutur. Azərbaycan, fars və ərəb dillərində mükəmməl yazıb oxuya bilməsi onun kamil bir şair kimi şöhrət qazanmasına səbəb olub. Bu da şairin divanlarının əlyazma şəklində bütün Orta Asiyada yayılmasına gətirib çıxarıb. Nəsimi öz şeirlərini müxtəlif dillərdə yazmaqla, mütərəqqi fikirlərini ayrı-ayrı xalqlar arasında yaymağa, eyni zamanda onların arasında mədəni əlaqələrin, xüsusilə kamil insanın tərənnümünə nail ola bilib.
Şairin ilkin yaradıcılığında sufizmin elementləri çox olsa da, sonralar hürufilik təlimini qəbul edir və yaradıcılığının mərkəzində insanı kamilləşdirən, öz nuruna qərq edən Allaha xüsusi diqqət ayırıb. Bununla belə, Nəsiminin şeirlərinə diqqət yetirəndə görürük ki, onun təlqin etdiyi hürufilik təlimi Fəzlullah Nəiminin təlimindən fərqlənir.
Nəsiminin şeir və qəzəllərində müxtəlif dinlərin müqəddəslərinə – İbrahimə, Musaya, Süleymana, Yaquba, İsa Məsihə, Məryəmə çox böyük ehtiram diqqəti cəlb edir. Nəsimi bütün insanlara eyni dəyəri verir, onlardakı kamillik, zənginlik kimi mənəvi amilləri üstün tutur. Xüsusilə də başqa dinlərin peyğəmbərlərinə – İsa peyğəmbərə verdiyi dəyər diqqəti çəkir:
Bu dinə məmur olmadan
Musaya həm Tur olmadan
Bu abi-əngur olmadan
Digər bir qəzəlində deyir:
Ya Yusifi – Kənanmısan?
Vallah ki, canım canmısan,
Mən səndən üz döndərmənəm!
Nəsiminin başqa dinlərə münasibətində tolerant baxışlar bir çox qəzəllərində öz əksini tapıb. Şair, heç bir dini digərindən üstün tutmur, məscidlə kilsə arasında fərq qoymur. Onun fikrincə, hansı millətə, hansı dinə, hansı təriqətə mənsubluğundan asılı olmayaraq bütün insanlar Allah qarşısında bərabərdir, hansı dinə və harada sitayiş etməyin isə heç bir əhəmiyyəti yoxdur:
Mən münacat eylərəm hər dəmbədəm dər kuyi-dust,
Çün vücudum Tur olanda bil ki, Musası nədir?
Əhli-həq hər yerdə məskən dutsa, həqdir mənzili
Kəbəvü bütxanəvü məscid, kəlisası nədir?
Dünyanın qalü qilindən küç, Nəsimi, faqriğ ol,
Aləmi-vəhdəti gözlə, bunca qovğası nədir?
Şairin poeziyasının əsasını təşkil edən kamil insan həyatın yaradıcısı, özəyi, Yer kürəsinin əşrəfidir. Kamil insan dedikdə şair dininə və dilinə görə heç bir fərqliliklərin nəzərə alınmadığı bir bəşəri varlıq nəzərdə tutur. Bütün insanları sevmək, onları doğru yola aparmaq, cahillikdən uzaqlaşdırmaq, bərabər imkanlar yaratmaq, hamıya eyni dəyər vermək, saflaşdırmaq, Tanrıya yaxınlaşdırmaq, onları mücərrəd yerlərdə deyil, qəlbimizdə axtarmaq onun fəlsəfi ideyalarının əsasını təşki edir. Yəni Nəsimi bəşər övladının zahiri yox, daxili aləminə dəyər verir. Onun üçün insanın hansı millətdən olmasının heç bir önəmi yoxdur. Bütün bu fikirlər bəşər övladına multikultural yanaşmanın fəlsəfi təzahürüdür:
İskəndəri zülmatə irişdirdimi döndüm,
Xızrın sifətin çeşmeyi-heyvanə yetirdim.
Həm Yusifi mən çahi-biyabanə buraxdım,
Həm atəşi mən Musayi-İmranə yetirdim.
Mən ol Musayi-İmranəm ki, daim aşiqi-Turəm,
Və leykin xeyli müddətdir cənabından ki, məhcurəm
Gərçi dəmi-Musayəm nurilə nar içində,
Həm bir ölü dirildən İsayi-möcüzatəm.
Bunu da xüsusi qeyd etmək lazımdır ki, Nəsimi irsinin xalqımızın mənəviyyat xəzinəsində layiqli yerini tutması, hələ ötən əsrin 70-ci illərində başlayıb. O dövrdə xalqımızın Ümummilli lideri Heydər Əliyevin Sovet nümayəndə heyətinin başçısı kimi Suriyaya rəsmi səfəri zamanı Hələb şəhərinə gedərək Nəsiminin məzarını ziyarət etmək istəyi bu yolun əsasını qoyub. Tarixi-mədəni irsimizə daim yüksək dəyər verən Ümummilli lider Heydər Əliyev bütün maneələri dəf edərək, öz şəxsi təşəbbüsü ilə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən ilk dəfə Nəsiminin 600 illik yubileyinin YUNESKO-nun tədbirləri siyahısına daxil edilməsinə və 1973-cü ildə beynəlxalq miqyasda qeyd olunmasına nail ola bilib.
Bu gün bütün bu işlərin Ulu Öndər Heydər Əliyevin siyasi və mənəvi varisi olan Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi, onun xalqımızın milli dəyərlərinə münasibətinin bariz göstəricisidir.
İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olanın silsilə tədbirlər həm də ölkəmizin bir çox ali təhsil ocaqlarında keçirilib.
Bu baxımdan Azərbaycan Dillər Universitetinin (ADU) multikulturalizm elmi-tədqiqat laboratoriyasının təşkilatçılığı ilə “Hürufilik və Nəsimi yaradıcılığında multikulturalizm və tolerantlıq ideyaları” mövzusunda seminarın keçirilməsi də, Nəsiminin multikultural və tolerant dəyərlərə nə dərəcədə yüksək ideyalarla yanaşdığını bir daha sübut edir.
“Paralel”in
Araşdırma Qrupu
Yazı Azərbaycan
Respublikasının
Prezidenti yanında
KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə
dəstəyi ilə çap olunub
NƏSİMİ yaradıcılığında ictimai, siyasi, qlobal, fəlsəfi, MOTİVLƏR
Azərbaycan xalqının minilliklərə uzanan ənənələrə malik bədii və fəlsəfi fikrində dərin
iz qoymuş mütəfəkkir-şair İmadəddin Seyyid Əli Nəsiminin zəngin irsi bu gün də insanların
mənəvi-əxlaqi kamilləşməsində mühüm rol oynayır.
Türkdilli xalqların mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yer tutan Nəsimi yaradıcılığı uzun illərdən bəri elmi-ədəbi fikrin diqqət mərkəzində olan tədqiqat sahəsidir. Azərbaycan poetik dilinin inkişafında böyük
təsiri olan Nəsimi yaradıcılığında multikultural mahiyyət, birini digərlərindən üstün tutmayan,
hansı millətə, dinə, təriqətə mənsubluğundan asılı olmayaraq, bütün insanların ALLAH
qarşısında bərabər olduğuna dair tolerant baxışlar xüsusi nəzərə çarpır. Mütəfəkkirin bədii
yaradıcılığının tədqiqi istər Azərbaycan dilinin və şeirinin, istərsə də ən qüdrətli
nümayəndələrindən biri olduğu İslam irfan ədəbiyyatının tarixi inkişafının öyrənilməsi
baxımından böyük əhəmiyyətə malikdir. Sözün geniş mənasında, insanı və insanlığı tərənnüm
edən, insana mənəvi kamilliyinə və pak əməllərinə görə qiymət verilməsini zəruri sayan
qüdrətli söz ustadı dünya poeziyasının ən kamil nümunələri sırasında diqqətəlayiq yer tutan
əsərlərində yaradılmışların ən gözəli olan varlığın-insanın əzəmətini, insani məhəbbəti və
şəxsiyyətin azadlığını tərənnüm etmişdir. Dərin poetik fikirləri, fəlsəfi görűşləri bir çox
xalqların bədii ictimai fikrinin inkişafına qüvvətli təsir göstərən sənətkarın qorxmazlığı və
həqiqətpərəstliyi təbliğ edən əsərləri əsrlər sonra da öz aktuallığını qorumaqla, bəşəriyyətin
mütərəqqi ideyaları ilə üst-üstə düşür. Şair qələmə aldığı əsərləri sayəsində demək olar ki,
bütün şərqdə və bir çox avropa dövlətlərində məhşurlaşmışdır. Müxtəlif ölkələrin təzkirəçiləri
Nəsiminin həyat və yaradıcılığına işıq tutmuş, onun əsərlərinə çoxsaylı nəzirələr yazılmışdır.
Bütün bunlar sübut edir ki, Nəsimi özündən sonra ədəbi məktəb yaratmağı bacarmış və türk
ədəbiyyatına təsir etmişdir. Fikirlərimizin təsdiqi üçün XVI əsrdə Ədirnəli Nəzmi tərəfindən
tərtib edilmiş ,,Məcməün-Nəzir,, adlı nəzirə məcmuəsi və XX əsrin əvvəllərində Əli Əmiri
tərəfindən qələmə alınmış ,,Təzkireyi-Şüarayi-Amid,, adlı təzkirəni yada salmaq kifayətdir.
Osmanlı təzkirəçiləri Nəsimini eşq meydanının qorxusuz əsgəri, sevgi Kəbəsinin böyük
fədakarı, seyidlərin rəhbəri kimi böyük müqəddəs keyfiyyətlərlə mədh etmişlər. “İmadəddin
Nəsimi Azərbaycan xalqının bəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustalarındandır. O,
bədii söz sənətinin son dərəcə qiymətli incilərini yaradıb. Mütəfəkkir şairin dövrün elmi-fəlsəfi
düşüncəsinin aydın ifadəçisinə çevrilmiş müstəsna əhəmiyyətli ədəbi irsi qədim köklərə və
çoxəsrlik ənənələrə malik Azərbaycan ədəbiyyatı tarixində xüsusi mərhələ təşkil edir. Nəsimi
Azərbaycan ədəbiyyatı tarixində bədii-fəlsəfi şeirimizin əsasını qoyub, söz sənətimizi forma və
məzmunca zənginləşdirib, özündən sonrakı nəsillər üçün zəngin ədəbi irs qoyub gedib.
Yaradıcılığa aşiqanə şeirlərlə başlayan Nəsimi sonralar siyasi, ictimai, əxlaqi mövzularda
əsərlər yazıb,
Azərbaycan ədəbiyyatı tarixində ana dilində fəlsəfi qəzəlin əsasını qoyub. Zərrədə
Günəş axtararaq varlığın bir vücuddan yarandığını deyən Nəsimi insanları gözəl və çirkin deyə
ikiyə bölmürdü, milli ayrı-seçkilik axtarmırdı. Könül tərbiyəsi və gözəlliyini insan ömrünün
qayəsi sayan şair şеirlərində insana, onun ləyaqətinə, qüdrətinə olan yüksək inamını tərənnüm
еtməklə insanı həyatın yaradıcısı kimi vəsf еdib. Azərbaycan ədəbiyyatının məşhur
simalarından olan Seyyid Muhəmmədoğlu Seyyid Əli İmadəddin Nəsimi təkcə ədəbiyyatda
deyil, həmçinin fəlsəfi, ictimai-siyasi mövzularda da dərin düşüncə sahibi olub. Çünki onun
şeirlərində dini, tarixi, ictimai-siyasi məsələlərlə yanaşı, həm də fəlsəfi mövzularla qarşılaşırıq.
Nəsimi şeirlərini oxuduqda hədsiz fəlsəfi terminlərin mövcudluğunun şahidi oluruq. Onun elə
bir misrası yoxdur ki, burada insanı düşünməyə vadar etməyən mövzu olmasın. Hər bir misrası
həm daxili və həm də batini mənaları əks etdirir. Şairin həyat və yaradıcılığını təhlil etdikdə
burada çox mühüm bir məsələ diqqətimizi cəlb edir. Bu ondan ibarətdir ki, bir çox hallarda şair
mütəfəkkir, filosof adlandırılır. Şairin belə adlandırılmasının səbəbi odur ki, şeirlərində fəlsəfi,
ictimai-siyasi mövzuları və həm də mövcud aləmdə olan varlıqları nəzmə çəkir, yəni bu
mövzuları şeirin dili ilə bizə çatdırır. Nəsimi fəlsəfi ideyaların yaradıcısı deyil, bəlkə bu
ideyaları nəzm üslubunda yazaraq gələcək nəsillərə çatdırmışdır. Bundan əlavə, şair filosof
ruhlu, həmçinin şeirlərində humanizm, insansevərlik, haqq, ədalət, mənəviyyat, mübarizlik və
digər əxlaqi keyfiyyətlər olduğu üçün filosof şair və mütəfəkkir adlandırılmışdır. Mütəfəkkir
şairin ədəbi və fəlsəfi irsi ilə tanış olduqda onun insanı müqəddəs bir varlıq hesab etməklə
yanaşı, həm də onu dünyanın yaradıcısı, əzəli və əbədi bir varlığı kimi gördüyünü anlayırıq.
Nəsimi insanı köləlikdən azad olub öz qüdrətini və dəyərini dərk etməyə çağırır. Nəsimi fəlsəfi
ideyaların yaradıcısı deyil, bəlkə bu ideyaları nəzm üslubunda yazaraq gələcək nəsillərə
çatdırmışdır.
Bundan əlavə şair filosof ruhlu, həmçinin şeirlərində humanizm, insansevərlik,
haqq, ədalət, mənəviyyat, mübarizlik və digər əxlaqi keyfiyyətlər olduğu üçün filosof şair və
mütəfəkkir adlandırılmışdır. Mütəfəkkir şairin ədəbi və fəlsəfi irsi ilə tanış olduqda onun
insanı müqəddəs bir varlıq hesab etməklə yanaşı, həm də onu dünyanın yaradıcısı, əzəli və
əbədi bir varlığı kimi gördüyünü anlayırıq. Nəsimi insanı köləlikdən azad olub öz qüdrətini və
dəyərini dərk etməyə çağırır. Nəsimi insana sevgi və məhəbbət bəsləməyi önə çəkir. Nəsimi
insanı məftunluqla tərənnüm edir, onun cismani və mənəvi gözəlliyindən aldığı təəssüratı
emosional bir qüvvə ilə ifadə edir. Nəsiminin insana olan məhəbbəti iki şəxs arasında olan adi
məhəbbət deyil, onun baxışlarında insana olan məhəbbət həm də insana olan diqqət və dəyərin
nişanəsidir. Məhz bu üstünlüklərə görə də mütəfəkkir şair insanın yüksək dərəcəyə layiq
olduğunu bütün yaradıcılığı boyunca tərənnüm edir. Nəsimi insana heyran olduğunu bildirir:
insanın batində gizli, sirli və əbədi bir xəzinə olduğunu yazır, amma bununla belə, mövcud
aləmdə isə insanın viran olduğunu və dəyərsiz hesab edildiyini gördükdə hədsiz sarsılır. Nəsimi
şeirlərini oxuduqda hurifi təriqəti barədə məlumatın olması zəruridir. Onun şeirlərində Qurani-
Kərimdən alınmış ibarələr çoxdur. Şair bu dini ibarələri islam ruhanilərinin başa düşdüyü
kimi deyil, hürufi baxımdan mənalandırır. Nəsiminin fikrincə, yeganə varlıq adlanan mütləq
varlıq-Allah insan camalında təcəlli etmişdir. Quran ayəsinə əsasən, Allah bütün məlaikələrə
əmr etmişdir ki, Adəmə, yəni insana səcdə etsinlər. İblis adlı mələk
insana səcdə etmədiyinə
görə adı şeytan olaraq Allah dərgahından qovulmuşdur. Mütəfəkkirin fəlsəfi şeirlərində ərəb,
fars sözləri və hədis ibarələri çoxluq təşkil edir və bunların hər birinin geniş izaha ehtiyacı
vardır. Hürifilər eyni zamanda, Allahın gözəl insan üzündə təcəssüm etdiyini, yaradılış sirrinin
sözdə olduğunu, sözün hərflərlə ifadə olunduğunu, hərflərin isə insan üzündə yerləşdiyini
iddia edirlər. Buna görə də kainatın bütün sirlərini insanı öyrənmək yolu ilə izah edir və özünü
düzgün dərk edən Allah ola biləcəyini söyləyirlər. Onlar çalışırdılar ki, islam dinində ilahi
göstərişlərin səbəbini cazibəli və maraqlı formada ədəd və hərflərə istinad etməklə təfsir
etsinlər. Bu məktəbin əsas ideyalarından biri insan və ona verilən dəyərdir. İnsan və insana olan
eşq və onun varlığının vəsfi mühüm məqamlardan biri olaraq demək olar ki, Nəsimi
yaradıcılığını bütövlükdə əhatə edir. İnsan maddi və mənəvi aləmin vəhdətindən yaranmışdır,
insan mənəvi baxımdan öz yaradanına bağlıdır.
O, Tanrını dərk etməyə qadir deyil, amma mütləq varlığı tanımağa səy göstərməlidir və bu nisbi tanıma
yalnız insanın özünü dərk etməsi və özünə verdiyi dəyərlə mümkündür. Nəsimi şeirlərində insanı, insanın mövcud
olduğu cəmiyyəti və bu cəmiyyətdə insan təkamülünün formalaşmasını dini ehkamlarda deyil,
reallıqda axtarırdı və bu reallıq insanın özü idi: Mütəfəkkir insan aləminə, onun ləyaqətinə,
qüdrətinə olan hədsiz sevgisini ifadə edərək, insanı təbiət aləminin yaradıcısı və əsl
gözəlliklərin mənbəyi olaraq görürdü. Nəsimi şeirlərində hikmət dolu mənaların bilərəkdən
yanlış dərk olunmasına səy göstərən savadsız, satqın ruhaniləri, özlərini dindar adlandıran və
cəhalət içində qərq olan üzdəniraq din sahiblərini açıq-aşkar tənqid edirdi. Nəsimi yaradıcılığı
bütünlüklə insan gözəlliyinə, insan varlığının üstünlüyünə həsr olunub. Amma bu gözəllik
bütün insanlara aid ola bilməz, şairin vəsf etdiyi insana xas olan üstün keyfiyyətlər ancaq
özünü dərk edən insana aiddir və Nəsimi kəlamlarında belə insanı kamil insan adlandırır. O,
insanı “canımın cananəsi” adlandırmaqla ona səcdə etməyin vacib olduğunu bildirir. Kamil
insana səcdə etməyənlər isə haqq yolundan azmışlardır: Nəsimi şeirlərində diqqəti cəlb edən
digər mühüm məsələlərdən biri də onun dövrün ictimai-siyasi hadisələrinə biganə qalmaması,
daim insan və insanlığı tərənnüm edən, köləlikdən qurtularaq azad düşüncə və parlaq gələcəyə
çağıran fikirlərinin şahidi oluruq. O, feodal zülmünə, istilaya qarşı etirazını bildirmiş, islam
dinini öz mənafelərinə uyğun təbliğ edən ruhaniləri tənqid etmişdir. Mütəfəkkir insanları həyat
və kainatın sirlərini öyrənmək üçün dini mülahizələri diqqətlə təhlil etməyə çağırır, ibadət və
səcdənin yalnız insana mənsub olduğunu tərənnüm edər. Şairin şeirlərinin hər bir misrasında
ədəbi, fəlsəfi, ictimai, siyasi və tarixi irsin müxtəlif çalarlarda poetik inikasının şahidi oluruq.
Nəsimi söz sənətini nəinki şeirdə, həm də ictimai həyatda əks etdirmişdir. Onun şeirlərini
dinlədikcə sanki şair insanı möhkəm olmağa, mübarizliyə, dönməzliyə, hər hansı bir hadisə
zamanı sarsılmamağa və mənən güclü olmağa çağırır.
Nəsimi insan varlığını həm ruhi və həm də cismani yönümdə nəzmə çəkərək insanın bütün canlılardan
üstün olduğunu əqli sübutlarla göstərmişdir. Şair həm insanın ruhu və həm də cismi ilə danışır və insanı aləmdə
ən dəyərli sərvət hesab edir. İnsan ilahi təcəssümdür: insanın kamalı, zəkası yaradıcılıq qüdrəti və
gözəlliyi dünyaya zinnətdir, hər şey insana və onun səadətinə xidmət etməlidir. Şair mövcud
aləm barədə olan fikirlərini adi sözlərlə deyil, əqli nəzəriyyə əsasında bəyan edən
mütəfəkkirdir. Şairin yaradıcılığı təkcə Şərqdə deyil, hətta xristian xalqları arasında da
sevilmişdir. Onun dərin fikriləri Hammer, Purqştall, Cibb, Braun, A.Bombaççi, V.Smirnov,
A.Krımski və digər görkəmli şərqşünaslar tərəfindən yüksək qiymətləndirilmişdir. Nəsimi
düşüncəsi insanı xarüqələr yaradıb kainatın sirlərini, elmin və hünərin qüdrətini dərk etməyə
sövq edir. Nəsimi yaradıcılığı real həyatı göstərən və təsdiq edən elə bir hikmətdir ki, onun hər
bir hissəsi bütün əsrlərdə sevilərək öyrənilir. Bu öyrənmə təkcə şeirə olan istək deyil, bu, həm
də vətənpərvər mütəfəkkir şairə olan sevgidən irəli gəlir. Nəsimi ruhu o qədər lətif və zərifdir
ki, ilk oxunuşda bunu hiss etmək çətin deyil. Şairin şeirlər ilə yanaşı, nəzm ruhu Nəsimi
sevənlərin qəlbində həmişə yaşayacaq. Nəsiminin ədəbi-fəlsəfi irsi milli mədəniyyətimizin
incilərindən hesab olunur. Milli mədəniyyətimizin inkişafında böyük rol oynamış Ulu Öndər
Heydər Əliyevin təşəbbüsü ilə Nəsiminin 600 illik yubileyi ilk dəfə YUNESKO-nun tədbirləri
siyahısına daxil edilib və 1973-cü ildə beynəlxalq miqyasda keçirilərək, həmin il “Nəsimi ili”
elan olunmuşdur. Bunun davamı olaraq Prezident İlham Əliyevin 2019-cu ili “Nəsimi ili” elan
etməsi də klassik ədəbiyyatın dahi mütəfəkkirlərindən olan Nəsimi yaradıcılığını, onun fəlsəfi,
ədəbi, ictmai-siyasi irsini daha dərindən yeni araşdırmalar əsasında öyrənilməsi və tədqiq
olunması deməkdir. Nəsimi irsini tədqiq etməklə yanaşı, həm də onun ədəbi fəaliyyətinin
əsasını təşkil edən humanizm, insansevərlik, vətənpərvərlik, mübarizlik ideyalarını insanlar
arasında yaymaq və bunu gələcək nəsillərə çatdırmaq vacibdir. İctimai-fəlsəfi lirik şeirin ən
qüdrətli yaradıcılarından olan İmadəddin Nəsimi qələmini müxtəlif janrlarda sınayaraq qəzəl,
qəsidə, tuyuq, rübai və bu kimi janrların mükəmməl nümunələrini yaradıb. Dövrümüzə qədər
zəngin ədəbi-bədii irsi gəlib çatan ölməz sənətkarın əsərləri tədqiqatçılar tərəfindən mövzu və
ideyasına görə təriqət şeirləri və dünyəvi şeirlər olmaqla iki yerə bölünüb. Ədəbiyyatımızda,
ümumən isə dünya ədəbi mühitində daha çox təriqət şeirləri ilə-sufiyanə, xüsusilə də hürufilik
mövzularında yazılmış nümunələr müəllifi kimi tanınan İmadəddin Nəsimi yaradıcılığının
mühüm bir hissəsini isə dünyəvi mövzuda qələmə aldığı əsərlər təşkil edir. Sayca çox,
mövzuca isə zəngin və rəngarəng olan dünyəvi şeirlərində Nəsimi məhəbbət və gözəlliyi
tərənnüm edib, təbiətin təsvirinə yer verib.
İmadəddin Nəsiminin dünyəvi mövzuda qələmə aldığı bədii yaradıcılığında digər istiqamət
isə ictimai-fəlsəfi motivli şeirlərdən ibarətdir. Şairin ictimai-fəlsəfi şeirlərini əhatə edən mövzular
isə olduqca geniş və çox şaxəlidir. Nəsimi bu motivli şeirlərində əvvəlcə insanları dünyanın yaradılışı və
onun hikməti barədə düşünməyə və bu zaman yaranan suallara cavab axtarmağa sövqedir.
“Nədir?” rədifli qəzəlində Nəsimi dünya və onun yaranmasının hikməti məsələsinə toxunaraq insanları xilqət və onun hikməti, istər qeybi, istər sədə cismani varlıqların sirli yaradılışı, müxtəlif hadisələr, gedişat və sair barədə
düşünməyə çağırır, düşündürücü və cavabı əsrarlı olan suallarla bəşər övladını dünyanın,
varlığın mahiyyətini dərk etməyə yönləndirir.
Əslində, millətindən, dinindən asılı olmayaraq, insanları daim düşündürən, məşğul edən qlobal mətləbləri
İmadəddin Nəsimi poeziya dili ilə ifadə edir. “Gecəsi-gündüzü olan bu kainat, doqquz fələk, zaman, bürclər və
sonsuz sayda ulduzlar həm ocaq, həm də nur mənbəyi olan günəşnədir?”,-deyərək bizi – oxucunu bu
deyilənləri cavablandırmağa məcbur edir.
Nəsiminin yaradıcılığında nə üçün insanları dünyadan qaçmağa, “mülki-cahana” bağlanmamağa çağırış var?
Şair hesab edir ki, bu dünya vəfasızdır, onun vəfası yoxdur. Buna görə də dünyaya bağlanmaq əbəsdir, insanoğluna xoşbəxtlik gətirməyəcək. Dünya və onun vəfasızlığından şikayət, dünyanın tənqidi
mövzularında yazdığı şeirlərində Nəsimi dünyanın vəfasızlığı qənaətini əks etdirir, şair
insanları dünyanın gözəlliyinə aldanmamağa səsləyir, bu “gözəlliyə” aldananların isə sonradan
münfəil olacağını – utanacağını deyir. Bu mövzuda yazılmış başqa şeirində Nəsimi dünya
mülkünü yenə də dəyərsiz hesab edir, ona bağlananı isə əsir adlandırır. Şairin fikrincə, dünya
mülkü heç kimə qalmayacaq və beş günlük dünya səltənəti üçün şər işlər törətməyin
əhəmiyyəti yoxdur. İmadəddin Nəsimi ictimai-fəlsəfi lirikasında şər xislətli insanlarından
narazılıq və onları tənqiddə mühüm yer tutur. Nəsiminin fikrincə şər xislətli insanları tanımaq
asandır, insanın izzətindən, sifətindən onun necəliyinə varmaq mümkündür. Şairin bu mövzuda
yazdığı əsərlərində insandakı yalançılıq, qeybət, paxıllıq, ədavətçilik kimi şər işləri pisləyir, bu
kimi xislətlərin mövcudluğunun xalqı xəstələnməyə sürüklədiyini qeyd edir.
Dünyanı vəfasız adlandıran, insanları şər işlərdən uzaq durmağın əhəmiyyətinə varmağa çağıran Nəsimi bəşər
övladını hansı yolu tutduğunu düşünməyə səsləyir, saleh əməl işləməyə dəvət edir.
Göründüyü kimi, İmadəddin Nəsimi ictimai-fəlsəfi motivli şeir yaradıcılığında dünya və insan
barədə müxtəlif fikirlər, qənaətlər ortaya qoyur, bəşər övladının doğru yolu tapmasında bu iki
məfhumun – varlığın və yaradılışının mahiyyətini dərk etmədə görür. Amma şairin həyatının
bu sakit, azadə, şux axarı çox az çəkdi. Çünki ehtimal edilən möcüzə baş vermədi.
Əmir Teymurla Toxtamış xan nəinki toqquşub bir-birlərini zəiflətmədilər, əzmədilər,
əksinə, qısa zaman kəsiyində – 1385-1399-cu illərdə hərəsi üç dəfə Azərbaycanı və ona
qonşu dövlətləri qana bələdi, xarabalığa çevirdi. Gördüyü qorxunc səhnələr, eşitdiyi
fəryadlar-nalələr iyirmi dörd-iyirmi beş yaşlı Nəsimini dəhşətə gətirdi. Ruhu, düşüncəsi,
dünyaya baxışı tamamilə dəyişdi. 1394-cü ildə Bakıda Nəimi ilə görüşərək, o dövrdə
yeganə nicat yolu sanılan hürufiliyə tapındı. Ustadının amansızcasına öldürülməsindən
sonra təriqətin bayraqdarına çevrildi. Nəticədə isə qələmi nikbin gözəlləmələrdən
soyudu, yazı tərzinə siyasi-fəlsəfi motivlər hakim kəsildi. Məsnəvilərinə, tərcibəndlərinə
ictimai ab-hava hopdu. Yaradıcılığında dərvişlərin asan əzbərləyə, çevik yaya biləcəyi
yığcam tuyuğlar, dördlüklər geniş yer aldı.
Qəzəlləri də kövrəkləşməklə yanaşı kəskinləşdi, mübarizə elementləri ilə cilalandı. Beləcə, nadanlıqdan xilası, kamilliyə qovuşmağı, özünüdərki xoşbəxtliyin qızıl açarı kimi zəmanəsinə, bizə, gələcəyə təqdim
etdi. Dəfələrlə məhbəsə salınan, illərcə qəriblik keçirən, didərginlik yaşayan, fiziki ömrü
işgəncəli ölümlə sonuclanan bu əqidə şəhidinin elə əsərləri də özü kimi yetərincə
qadağalar, məhrumiyyətlər görüb. Azərbaycan əruzunun əzəmətli nümayəndələrindən biri,
anadilli fəlsəfi şeirin banisi olmasına rəğmən, qəzəlləri-qitələri muğamatın formalaşıb
pərvəriş tapdığı saraylara əsrlər boyu yaxın buraxılmayıb. Musiqi ilə vəhdətdən kənar
qalıb. Yetmiş illik mövcudluğunun son iyirmi iki ilini çıxsaq, heç sovet dönəmində də
dahi şairə münasibət tam səmimi deyildi. Bir yandan saflaşıb müdrikləşməklə Allahın
bəyəndiyi dərəcəyə ucalmaq mənasında işlətdiyi “ənəlhəq” ifadəsi israrla ateizmə
yönəldilərək “Mənəm Allah!” küfrünə yozulur, o biri yandan “Həqqin kəlamı məndədir,
sanma məni həqdən iraq” kimi Yaradana itaət bildirən misrasının əsl şərhindən qaçılırdı.
Bir çox ədəbi simalar kimi, Nəsiminin də taleyinə gur işığın düşməsi ulu öndərin adı
ilə bağlıdır. Məhz Heydər Əliyevin respublikaya ilk rəhbərliyi zamanı, 1973-cü ildə
keçirilən 600 illik yubileyi zəminində şairin nüfuzu layiq olduğu həddə yüksəldi.
Şəxsiyyəti, şeiriyyəti ədəbiyyatla paralel, kinoda, teatrda, rəssamlıqda, heykəltaraşlıqda əsas
mövzuya döndü. O cümlədən, musiqiyə sirayət edib, bəstəkarların yaradıcılığında öz
əksini tapdı. Haqqında vokal-xoreoqrafik poemalar, kantatalar, simfonik əsərlər yarandı,
sözlərinə mahnılar, romanslar bəstələndi.
Milli ruhla bəşəri ruhu özündə birləşdirən sənət hər dövrdə, hər formasiyada aktual olur və vaxtdan-vaxta
ictimai çəkisini artırır. Möhtərəm Prezidentimiz İlham Əliyevin 2019-cu ilin “Nəsimi ili” elan edilməsi barədə
imzaladığı Sərəncamda bu hikmətli deyim şairə ünvanlanaraq onun 650 illiyinin
keçirilməsini zəruriləşdirən səbəb kimi göstərilmişdir. Azərbaycan xalqının çoxəsrlik
ənənələrə malik bədii və fəlsəfi fikrində dərin iz qoymuş mütəfəkkir şair İmadəddin
Nəsiminin zəngin irsi bu gün də insanların mənəvi əxlaqi kamilləşməsində mühüm
əhəmiyyətə malikdir. İmzaladığı qərarlarda həmişə dövlətimizin mənafeyini önə çəkən
ölkə başçımızın sözlərindən aydın görünür ki, bu yubiley təkcə görkəmli qələm
sahibinə ehtiram naminə gündəmə gətirilməyib, eyni zamanda, praktiki məqsəd daşıyır.
Nəsimi yaradıcılığında olan mubarizlik, humanistlik, mənəvi kamillik, tolerantlıq, qlobal sülh
onun Hürifilik hərakatındakı fəaliyyətində də özünü göstərir. Hər cür azadlığa və ədalətə
çağırış bu gün də Azərbaycan reallığında ən aktual mövzulardan biridir. Mənfur
qonşularımızın dövlətimizə qarşı olan ərazi iddiaları gənclərimizdə Nəsimi ruhu, Nəsimi
üsyankarlığı tələb edir. Bu gün bu ruhi əhval, əyilməzlik, mubarizlik Azərbaycan gəncliyində
var və bu özünü praktik olaraq 44 günlük Vətən Müharibəsində özünü göstərdi. Böyük şair,
mütəfəkkir, filosof, hürufilik dini fəlsəfi təlimini və siyasi hərakatını əbədi qalacaq zirvəyə
çatdıran, həmçinin bu cərayanın ən parlaq siması olan Nəsimi haqqında yekun olaraq belə bir
qənaətə gəlmək olar ki, Nəsimi kainat kimidir, sonsuzdur, tükənməzdir, onda bir silsilə bitir,
digəri başlayır. Nəsimi bir yeldir, onun məkanı yoxdur, azaddır, tabeliyi qəbul etmir. Nəsimi bir
ruh adamıdır və o ALLAHLA öz arasında vasitəçi görmür. Və yekun olaraq Nəsiminin bir
kafir olaraq edam olunmasını yazan, oxuyan, bilən bütün insanlara tam əminliklə deyirəm ki,
Nəsimi dini əqidəsinə və baxışlarına görə yox Qaraqoyunlu, Ağqoyunlu hakimləri ilə gizli
siyasi əlaqələr yaradaraq Osmanlıya qarşı apardığı siyasi fəaliyyətinə görə edam edilib. Kafir
kimi edam edilən bir şəxs məsciddə dəfn edilə bilməz. Şairin məzarı üzərində yazılıb:
Siz Yeni Bir Nəfəs Duymaq İstəyirsinizsə, Əgər Dünyanı Dərk Etmək İstəyirsinizsə Nəsiminin
Mənəvi Dünyasına Yaxınlaşın.
Ağdam rayon 95 saylı tam məktəbin direktoru, ixtisasca tarixçi KƏRİM NOVRUZOV
Comments are closed, but trackbacks and pingbacks are open.