Press "Enter" to skip to content

SON DƏQİQƏ

Vurğulanıb ki, altı yüz ildən çoxdur ki, dahi şairimiz böyük bir coğrafi məkanda mərdlik, fədakarlıq və iradə rəmzi kimi özünə abidə ucaltmışdır. Altı əsrdir öz idealları uğrunda mübarizə aparan, hətta son nəfəsində də öz ideyasından dönməyən bu böyük tarixi şəxsiyyətin irsi öyrənilir.

Nəsiminin 650 illik yubileyi Türkiyədə qeyd olundu – FOTO

Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi münasibətilə Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF), Heydər Əliyev Mərkəzinin və Kocaeli Azərbaycanlı Tələbələr Dərnəyinin (KATD) birgə təşkilatçılığı ilə Kocaeli şəhərində konfrans keçirilib.

TADEF-dən Publika.az-a bildiriblər ki, yerli ictimaiyyətin tanınmış nümayəndələrinin, azərbaycanlı tələbələrin iştirakı ilə keçirilən tədbirdə əvvəlcə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib.

Sonra “Nəsimi” bədii filmi nümayiş olunub.

Tədbirdə TADEF-in və Heydər Əliyev Mərkəzinin sədri Bilal Dündar, KATD-in sədri Akif Kətanov çıxış edərək Nəsiminin yubileyinin bütün türk dünyasında geniş qeyd olunduğunu bildiriblər.

Azərbaycanda fəaliyyət göstərən İctimai-Siyası Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin sədri Samir Adıgözəlli və jurnalist Məhəmmədəli Qəribli Prezident İlham Əliyevin Sərəncamı ilə 2019-cu ilin ölkəmizdə “Nəsimi ili” elan olunması, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın 650 min ağacın əkilməsi barədə təşəbbüsü, Nəsimi yaradıcılığının ucalığı və tədqiqinin əhəmiyyətindən danışıblar.

Konfrans iştirakçıları Kocaeli vilayətinin rəsmi şəxsləri ilə də görüşüblər.

SON DƏQİQƏ

Aprelin 25-də C.Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyində Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə tədbir keçirilib.

Nazirliyin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM -a verilən məlumata görə, tədbirdə Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri Natəvan Qədimova giriş sözü ilə çıxış edərək bildirib ki, bu il Azərbaycanın dahi şairi İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi təkcə ölkəmizdə deyil, dünyada rəngarəng tədbirlərlə qeyd olunmaqdadır.

Böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsimi klassik Azərbaycan poeziyasında öz yaradıcılıq yolu ilə seçilən, ana dilli poeziyamızın inkişafında müstəsna xidmətləri olan söz ustadıdır. Nəsimi yaradıcılığında insanın əzəməti, şəxsiyyətin azadlığı və məhəbbət ideyası mühüm yer tutur. Onun müxtəlif ideyalarla zəngin bədii irsi özündən sonra gələn Azərbaycan şairlərinin yaradıcılığına və bir sıra xalqların bədii-ictimai fikrinin inkişafına güclü təsir göstərib.

Qeyd olunub ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin birinci hakimiyyəti illərində, yəni 1973-cü ildə UNESKO-nun qərarı ilə Nəsiminin anadan olmasının 600 illiyi beynəlxalq miqyasda qeyd olunmuş, Azərbaycanda və Moskvada keçirilən yubiley təntənələrində dünyanın bir çox ölkəsindən gəlmiş nümayəndələr iştirak etmişlər. Bu dövrdə Azərbaycan ədəbiyyatı və incəsənətində Nəsimiyə bir sıra bədii əsərlər, rəsm əsərləri, musiqilər həsr olunmuş, bədii film çəkilmiş, Bakıda heykəli qoyulmuş, adına məktəb, küçə, gəmi verilmiş, haqqında elmi tədqiqat əsərləri yazılmış, əsərləri dönə-dönə çap edilmişdir. Bu gün AMEA-nın Dilçilik İnstitutu böyük şairin adını daşıyır. Paytaxtımızın bir rayonu Nəsiminin adına verilmişdir.

2017-ci ildə Fransanın paytaxtı Parisdə yerləşən UNESKO-nun baş qərargahında böyük Azərbaycan şairi Nəsiminin vəfatının 600 illiyininin qeyd olunması ölkə Prezidenti cənab İlham Əliyevin ədəbiyyatımıza verdiyi böyük önəmin bariz nümunəsidir. 2018-ci il noyabr ayının 15-də isə ölkə Prezidenti “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncam imzalamışdır. Nəsiminin 650 illik yubileyi ilə bağlı tədbirlər sırasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 11 yanvar 2019-cu il tarixli Sərəncamı ilə 2019-cu ilin Azərbaycanda “Nəsimi ili” elan olunması xüsusilə böyük əhəmiyyət daşıyır və ölkəmizin hər yerində Nəsiminin bədii irsi ilə bağlı rəngarəng tədbirlərin keçirilməsinə stimul vermişdir. Muxtar respublikamızda da Nəsimi ilə bağlı müxtəlif tədbirlər keçirilməkdədir.

Vurğulanıb ki, altı yüz ildən çoxdur ki, dahi şairimiz böyük bir coğrafi məkanda mərdlik, fədakarlıq və iradə rəmzi kimi özünə abidə ucaltmışdır. Altı əsrdir öz idealları uğrunda mübarizə aparan, hətta son nəfəsində də öz ideyasından dönməyən bu böyük tarixi şəxsiyyətin irsi öyrənilir.

Nəsimi poeziyasında mübarizə ruhu qüdrətlə tərənnüm etdirilir. Mübarizə ruhu bu poeziyanın əsas cövhəridir. Şairin fikrincə, ilahi varlıq səviyyəsinə yüksələn insan kamil olduğu zaman dünyanın sirlərinə vaqif olacaq, real ədalətli cəmiyyət yaranacaqdır. Nəsimi şeirlərində ilhamla vəsf olunan kamil insan obrazı əzəmət və əyilməzlik simvoludur. Bu baxımdan “Məndə sığar iki cahan, mən bu cahana sığmazam” misrası ilə başlayan qəzəl Nəsimi yaradıcılığının kamil nümunəsidir.

Natəvan Qədimova deyib ki, Nəsimi şeirlərində dərin kədər, istilaçıların zülmünə və azğınlıqlarına etiraz motivləri də vardır. Bu kədər isə bəzən onun həyəcanlarının ifadəsi kimi özünü göstərir. Şair qaranlıq bir mühitdə insanları və xalqları dostluğa, gözəlliyə, hünərli olmağa, buxovlardan azad olmağa səsləyir. Böyük şair feodal dünyasının ağır, amansız həyatından, hökmdarların zülm və özbaşınalığından şikayətlənir, xalqa zülm edənləri həqiqi insan hesab etmir. Nəsimi zəmanəsindən narazı olmasına baxmayaraq ümidsizliyə qapılmır, ömrü bəxtiyar keçirməyə çağırır. Şair xalqları bir-birinə yaxınlaşdıran, mehriban edən bir amala doğru gedir ki, bununla da bizim müasirimizə çevrilir.

İmadəddin Nəsiminin ölməz irsi Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin və böyük arzularının, ideyalarının, duyğu və düşüncələrinin zəngin tükənməz xəzinəsidir. Ölkə Prezidentinin Sərəncamı ilə “Nəsimi ili” elan edilməsi böyük şair və mütəfəkkirə dövlət səviyyəsində verilən dəyərin və ehtiramın ifadəsidir. Eyni zamanda Sərəncam Azərbaycan mədəniyyətinin, zəngin tarixi-mədəni irsin təbliğinə də çox böyük töhfədir.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi Asim Əliyev “Ana dilli şeirimizin böyük ustadı”, Əməkdar elm xadimi, professor Hüseyn Həşimli “İmadəddin Nəsimi yaradıcılığının ideya-bədii xüsusiyyətləri” mövzularında çıxış ediblər. Çıxışlarda qeyd edilib ki, Nəsimi Azərbaycan ədəbi dilinin inkişafına çox əhəmiyyətli təsir göstərmiş, onu leksika, bədii ifadə vasitələri ilə zənginləşdirmişdir. Nəsimi poeziyasının ideya-bədii xüsusiyyətləri onun davamçısı olan şairlərin yaradıcılığında aydın duyulmaqdadır.

Tədbirin bədii hissəsində Xalq artisti Həsən Ağasoy, aktyorlar Zakir Fətəliyev, Nurbəniz Niftəliyeva dahi şairin qəzəllərini bədii qiraət etmişlər. Sonra muzeyin ekspozisiyasına baxış olmuşdur.

Nəsiminin 650 illik yubileyi ilə əlaqədar Qaradağda 11 mindən çox ağac əkiləcək

Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar 2019-cu il “Nəsimi ili” elan etməsi ölkə ictimaiyyəti tərəfindən çox əlamətdar və təqdirəlayiq hadisə kimi qarşılanır.

Bunub Trend-ə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısının müavini Nadir Muradov deyib.

Onun sözlərinə görə, “Nəsimi ili” ilə əlaqədar ölkə ərazisində bir çox mühim tədbirlər həyata keçirilib: “Növbəti belə tədbir çərçivəsində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibəti ilə bir gündə respublikamızda 650 min ağacın əkilməsinin nəzərdə tutulmasıdır. Bu təşəbbüs ölkəmizdə ekoloji mühitin sağlamlaşdırılmasına böyük bir töhfədir. “Nəsimi ili” ilə əlaqədar olaraq Qaradağ rayon ərazisində 11 800 ədəd ağac və 6200 ədəd oleandrın əkilməsi nəzərdə tutulub”.

N.Muradov deyib ki, Qaradağ rayonunda ağacəkmə aksiyası 27 ərazidə keçiriləcək: “Həmin ərazilər Lökbatan qəsəbəsi, Bakı Dairəvi yolunun 5-ci (20 Yanvar dairəsi istiqamətinə yolun sağ tərəfi) və 11-ci km-i (Lökbatan dairəsi istiqamətinə yolun sağ tərəfi), Lökbatan-Qobu yolunun 1-ci km-i (yolun sol və sağ tərəfi), Lökbatan-Qızıldaş yolunun 1-4-cü km-i (yolun sol və sağ tərəfi), Sahil qəsəbəsi, Bakı-Ələt yolunun 27, 33 və 57-ci km-i, Qobustan qəsəbəsi, Qoruq yolu küçəsi, Ələt qəsəbəsi, Salyan yolu küçəsi (yolun sağ və sol tərəfi), Ələt qəsəbəsi, Bakı-Qazax yolunun 70-75-ci km-i (yolun sağ və sol tərəfi), Müşfiqabad qəsəbəsi, Bakı-Şamaxı yolunun 20-ci km-i (yolun sol tərəfi), məscid yolu (yolun sağ tərəfi), Qızıldaş qəsəbəsi, qəsəbənin girişindən yolun sonunadək, Ümid qəsəbəsi, Mərkəzi küçə (yolun sağ və sol tərəfi), qəsəbə məscidinin ətrafı və s-dir”.

  • ağacəkmə aksiyası
  • Qaradağ Rayon İcra Hakimiyyəti
  • Nəsimi İli

Comments are closed, but trackbacks and pingbacks are open.