Nəsimiyə həsr olunan şeirlər
Tanıdınmı, qoca tarix,
Nəsimiyə həsr olunan şeirlər
Dəyərli oxucuların diqqətinə təqdim olunan zəfər şeirləri istedadlı şair Ramiz Kərəmə məxsusdur. Əslində, ədəbiyyatımızda əsl poetik nümunələr yaratmış Ramiz Kərəmi oxuculara xüsusi təqdim olunmalı deyil. Çünki o,1980-ci ildən bəri Azərbaycan poeziyasına öz töhfələrini verib.
R.Kərəm 1980-ci illər ədəbi nəslinin ən istedadlı nümayəndələrindəndir. Onun şeirləri müntəzəm olaraq “Azərbaycan” və “Ulduz” jurnallarında çap olunub. O, ədəbiyyatımızda özünəməxsus dəst-xəttə, fərdi üsluba malikdir. Öz müşahidəsi, duyğu-düşüncəsi ilə fərqlənən, dünyanın məğzinə, insanın mahiyyətinə varan bir şairdir. Poeziyası öz səmimiyyəti, xalq ruhunun intonasiyası ilə seçilməklə yanaşı, məzmun və mündəricəsində bəşəri duyğuları təcəssüm etdirir. Yaradıcılığında müasir Azərbaycan ədəbi dilinin yeni ifadə çalarları və poetik dilin zənginliyinin şahidi oluruq. “Bütün sevdiklərim, unutduqlarım”, (“Avropa” nəşriyyatı, Bakı, 2007), “Mən sözdən asıldım”, (“Vətənoğlu” nəşriyyatı, Bakı, 2015), “Sərçə qanadında qurğuşun yükü”, (“Zərdabi”nəşriyyatı, Bakı, 2020) şeir kitablarının müəllifidir. Ancaq etiraf edək ki, onun özünün son dərəcə təvazökarlığından bu gün geniş ictimaiyyət onu kifayət qədər tanımır. Bu səbəbdən oxuculara onun haqqında qısa ensiklopedik məlumat verməyi vacib bildik.
Ramiz Kərəm oğlu Ələkbərov 1961-ci ilin mayın 22-də Gədəbəy rayonunun Ataxal kəndində anadan olub. 1977-ci ildə indiki Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsinə daxil olub, 1981-ci ildə oranı bitirib. 1981- 1985- ci illərdə Saatlı, 1985-2006-cı illərdə Gədəbəy rayonunda dil-ədəbiyyat müəllimi işləyib. 2010-cu ildən Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunda elmi işçi kimi fəaliyyətə başlayıb, 2015-ci ildən institutun Şəki bölməsinin rəhbəri vəzifəsində çalışıb. Azərbaycan Yazıçılar Birliyinin üzvü olub.
Onu da xüsusi olaraq qeyd edək edək ki, Vətən torpaqlarının erməni işğalından azad olunmasının ildönümünü görmək istedadlı şairimizə nəsib olmadı. Belə ki, amansız ölüm onu 15 dekabr 2020-ci ildə əbədiyyətə qovuşdurub.
Xeybər Göyyallı
ZƏFƏR ŞEİRİ
Qalx ayağa, qoca tarix,
qalx ayağa, qarı düşmən,
Min illərin o başından
bu dünyanın Türkü gəlir.
dodağında türkü gəlir.
Ayağında dəmir çarıq,
çiynində boz kürkü gəlir.
Qalx ayağa, haqsız dünya,
gözün haqqı görsün bir də.
Bu zəfərin izi vardı
Sən gördüyün min illərdə
tappır-tappır gedən atlar,
yadındamı, qoca tarix?!
Tanıdınmı, qoca tarix,
sənin hər səhifənə
müjdələr yazan Türkü?!
yağıya qan udduran,
səfləri pozan Türkü.
Qovğalarda sədlər yaran,
dinclikdə ozan türkü.
İndi də çox gözəldi,
Kəlbəcər də, Laçın da,
Ağdərə də, Şuşa da-
Şəhidlər də, zəfər də,
bu sevinc də, kədər də-
bizimkidir, ana yurd.
Biz kədərlə sevinci
həmişə qoşa gördük.
Əziz günümüzdə də
Verib baş-başa, gördük.
Çox şükür bu günü də
Gördük, ey Vətən, yaşa!
Qeyd:”Zəfər şeiri” 2020-ci ildə Türkiyə Cümhuriyyətində dərc olunan “Hece taşları” aylıq şeir dərgisinin Azərbaycanın Qarabağdakı qələbəsinə həsr olunmuş xüsusi buraxılışında dərc olunub.
8 NOYABR
8-i Noyabr Şuşa günüdü
dualarda yenilik günü.
Biz bu duaları üzü göylərə
hər gün pıçıldadıq,
Vətən və Azadıq eşqinə.
duaların qəbul olunduğu,
Tanrı lütfünün yerə endiyi gün,
bayram paltarı geyindiyi gün.
Heyrətim, inamım, qürurum,
bir az da heyranlığım.
Biz Şuşaya qayıtdıq, Şuşa bizə qayıtdı.
Sənə şükür olsun,ya inandığım!
Xankəndi
Sabah Xocalı faciəsinin 23-cü ildönümüdür. Bununla bağlı yaradıcılığında Qarabağ, müharibə, o cümlədən, Xocalı mövzusuna geniş yer ayıran şair Elnur Coşqunun şeirlərini təqdim edirik. O, fevralı ayını yaradıcılığında `Xocalı ayı` elan edib. “Bəzən oxucular məndən soruşurlar: `Siz Qarabağdansınızmı?` Bu sual məni çaşdırır. Məncə, hamımız Qarabağdanıq”,- deyir Elnur.
O gecə göylər yerə
Narın qar ələyirdi.
Sanki Tanrısı yeri
Qüdrətindən biçdiyi
Kəfənə bələyirdi.
Nagah güllə səsindən,
Oyandı xocalılar.
O gecə.
Sükut qana boyandı.
Ahlar yaratdı,qorxu,
Ölüm adlı bir qoxu,
Sonsuz,əbədi yuxu,
Yumdu Vətən gözünü.
O gecə.
Atanın balasından,
Oğulun anasından,
Utandığı gecəydi.
O gün qara düşmənin,
Allahını dandığı,
Kinlə silahlandığı,
Ən iyrənc gecə idi.
O gecə necə idi?
Bunu bir Allah bilir,
Bir də orda çəkilən,
Qarda donan ah bilir.
Hələ ki o şaxtaya,
Əsirdir donan ahlar.
Hələ ki yuyulmayıb
O qırmızı günahlar.
Hələ ki yaşayırıq,
Bu dərdi ana-ana.
Anam Azərbaycana,
Vurulan bu ləkəni,
Silənədək yaşayaq!
Xocalının adını,
Ordaca qətl olunan,
Uşaq, qoca, qadını,
Yurdumun xoş gününə,
Bükənədək yaşayaq!
İnsanlığa yaxılan,
Bu ləkə silinməyə,
Kimin haqlı,ya haqsız,
Olduğu bilinməyə,
Çox zaman qalmayıbdı.
Kim cəza almayıbdı?
Tökdüyü qana görə.
O gecə göylər yerə,
Nifrət ilə baxırdı
O gecə yerdən – yerə,
İnsan qanı axırdı.
O gecə.
O gecə hökm elədi,qətlinə fərman, Xocalı!
Səni yandırdı o dost söylədiyin yan,Xocalı!
O quru yanda hanı,bir quru vicdan,Xocalı?!
Sakinin gördü o gün evində zindan,Xocalı!
Yaralısan,yaralı yarana qurban,Xocalı!
Düşmənin nəfsi iti,yurddaşa yurd oldu haram,
Qarabağın qara bağrında açılmış bu yaram,
İstərəm,tez sağala,bu yaranı eşqlə saram,
Mən vətəndaş Vətənin hər daşına baş qoyaram,
Gül sinən üstə başım qoyammadım,can,Xocalı!
Xalqımın öz obasında yeni yurd tikməyini,
Yurdumun gözlərinin sevinc suyu tökməyini.
Qaniçən cəlladı öz günahına bükməyini
Düşmənin inləyərək torpaq altda çökməyini,
Görməsəm,vermərəm heç vaxt,onu bil,can,Xocalı!
Ulu Tanrı,qadir Tanrı,
Açılıbdır sənə əlim.
Nədir günahı millətin?
Bu qədər dərd, bu qədər ah,
Dəlib yurdun sinəsini,
Neçə Ana gözü yaşlı,
Əli qanlı, canlı-canlı,
Dəfn edib öz körpəsinin,
Qığıltısın ürəyində.
Gətirdikcə göz önünə,
Heyrət donur göz önündə.
Xoca yurdu Xocalıda,
Günün üzünün döndüyü,
Ulduzun birdən söndüyü,
O gecəyə rəhmim gəlir.
Vəhşiləşmiş insanfason,
Yırtıcıdan qurtarmaqçün,
Körpəsini atıb qaçan,
Bir Ana qəlbinin o an,
Siləmmərəm çalışsam da,
Çığırtısın ürəyimdən.
Ulu Tanrı,adilsən sən,
Xocalıda susdurulan,
Xocalıda basdırılan,
O səsləri öz nuruna,
Rəhmətinə bükmüsən sən.
Onlar Şəhiddirlər, Şəhid!
Zaman-zaman tikələndi tikəmiz,
təndir yandı, kütə getdi kökəmiz.
Həqiqətkən bəlkələndi bəlkəmiz,
İndi şübhə sübhə doğan gümandı,
Qarabağda qan ağlayan Anamdı!
Ağla, Anam,haqsız gedən başlara,
Arxalanma içi çürük boşlara.
Ocaq üstə quru hara, yaş hara,
Quru yansa, yaş da oda yanandı,
Qarabağda qan ağlayan Anamdı!
Fələk sayır,nə sayırsa,sərt sayır,
Ömür həsrət,qübarından dərd sayır,
Qarabağçün ermənilər şərt sayır,
Hamı deyir, yazıq balam, cavandı,
Qarabağda qan ağlayan Anamdı!
Namusumun kirləndiyi o yurdda,
Millətimin şərləndiyi o yurdda,
Düşmənimin hərləndiyi o yurdda,
Vətən göyü qapqara bir dumandı,
Qarabağda qan ağlayan Anamdı!
O torpağın sinəsini yardı ah,
O torpağa hər çəkilən ah,günah.
Ah yox,döyüş meydanında,ay Allah,
Öz lütvünü bəxş et bizə, amandı,
Qarabağda qan ağlayan Anamdı!
Xocalı dəhşətinə ağlaram,yana-yana,
Burda bir soy məhv olub,insan qıyıb insana.
Necə insan deyim bu lənətlənmiş şeytana,
Yox,insan belə olmur!
Bir iltək Xocalıda o gecə çox uzandı,
Zaman dondu şaxtada,vaxt axsadı, yubandı.
Şəhər səhərə qədər, Allah, tamam talandı,
Yox,insan belə olmur!
Neçə gülçöhrələri tikanlarla cızdılar,
Düşmənlər bu oyunda mənliyi uduzdular.
İnsanlığın alnına qara hərflə yazdılar,
Yox,insan belə olmur!
Ağappaq qarın üstə qan qırmızı ləkəydi,
O gün insanlıq ölən,ruhlar çökən gün idi.
İnsanı düşündükcə dərdim birə-min idi,
Yox,insan belə olmur!
Fələyin həyasıydı, qar üstə qan ləkəsi,
Tanrısına çatmadı o gün insan tikəsi,
Necə də yaman imiş yaman qonşu hikkəsi?
Yox,insan belə olmur!
Qorxulu düşmənimin Adəm gələndən bəri,
Etdiyini etməyib heç bir insan əlləri.
Dünya,aç gözlərini,gör bu həqiqətləri,
Yox,insan belə olmur!
Baxırsan, dondurur qanı,
Hərə tərəf ölü, Xocalı.
Yer qalıb, yerlisi hanı?
Sağ ikən ölü – Xocalı.
Bu nə gün millət yaşadı?
Zaman da heyrət yaşadı.
O gecə dəhşət yaşadı,
Kərbəla çölü, Xocalı.
Gözünü yumub cahana,
Hər vücud döndü zamana.
Yaralı Azərbaycana,
Daşan qan gölü, Xocalı.
Dağ çəkibdilər sinənə,
Ağlama, Anam,ağlama!
Qıydılar neçə sənəmə,
Ağlama, Anam,ağlama!
Gözü önündə övladı,
Namərd düşmənin ovladı.
İçdi,türk qanın,doymadı,
Ağlama, Anam,ağlama!
Xocalı boyandı qana,
Qıyıldı,neçə gül cana?
Zaman da şahiddir ona,
Ağlama, Anam, ağlama!
Sığmır, idraka, ağıla,
De, kim inandı, dağıla?
Həqiqət döndü nağıla,
Ağlama, Anam, ağlama!
Nağılın sonunda bu, nə?
Göydən üç alma yerinə,
Güllə yağdı yer üzünə,
Ağlama, Anam, ağlama!
Boğdular,yurdumun ahın,
Düşmən kirlədi, sabahın.
Zaman dərk edir, günahın,
Ağlama, Anam, ağlama!
Gün-gündən Vətən yüksəlir,
Bu, düşmən bağrını dəlir.
Mübariz oğullar gəlir,
Ağlama, Anam, ağlama!
Coşqun ruh,bu ruha sən can,
Özün boyda, Azərbaycan!
Səsini,duyacaq cahan,
Ağlama,Anam,ağlama!
Nəsimiyə həsr olunan şeirlər
2018-05-09 20:58:52
Ədəbiyyatımızın ən gözəl müharibə şeirləri – MƏTNLƏR
AzEdu.az Kulis.az-a istinadən 9 May – Qələbə günü münasibəti ilə Azərbaycan ədəbiyyatında Böyük Vətən Müharibəsinə həsr olunmuş ən gözəl şeirlərdən bir neçəsini təqdim edir. Səməd Vurğun Ananın öyüdü Geyib əsgər paltarını, silahlandı qəhrəman, Onun polad sinəsinə sığışmadı ürəyi. Dayan! – deyib, yaxın gəldi, öpdü onun alnından Yay gününün xoş səhəri, bir da dağlar küləyi. – Ana! Getdim salamat qal! – deyib öpdü qarını. Ana igid balasına açdı öz qollarını, Üz-gözündən öpə-öpə bağrına basdı onu, Ana yurdun bu qəhrəman, bu namuslu oğlunu. Dedi: “Oğlum, göz bəbəyim, sən ey ömür çiçəyim! Tarixlərin şahididir mənim bu ağ birçəyim. Görürəm ki, qəhrəmansan, sənə halaldır südüm. Qulağında yaxşı qalsın, mənim sənə öyüdüm: Biz sənsiz də dolanarıq, uğur olsun yoluna, Qılıncını çalan zaman qüvvət gəlsin qoluna! Sən düşmənin qabağında igid tərpən vüqarla, Tüfəngini təmiz saxla, atını da tumarla! Öz yerində olsun gərək igidin yar-yarağı, Hər gün yeni bir zəfərlə gəlsin onun sorağı. İgid balam! Hərçəndi ki, öz ananam mən sənin, Çörəyilə böyümüsən bizim ana Vətənin. Bizim ellər koroğlular, çapayevlər yurdudur, Hər nəfəri güllə batmaz, top dağıtmaz ordudur. . Payız vaxtı bağçamızın heyvaları dəyəndə, Şaftalılar şirələnib budağını əyəndə. Göndərərəm sovqatını – sənin də öz payını, Sən də artır öz əlinlə zəfərlərin sayını. Get, düşmənin qabağında igid tərpən vüqarla, Tüfəngini təmiz saxla, atını da tumarla”. Əsgər artıq yola düşdü, dağ tərpəndi yerindən; Günəş yaydı şöləsini Vətənin göylərindən. Ana baxdı öz oğluna, su da səpdi dalınca. Şair qəlbi bu səhnədən ilhamını alınca, – Yaşa, – dedi, – ey qəhrəman! Yaşa, – dedi, – ey Vətən! Sonra şair dodaqları öpdü ana əlindən. 1941 Əhməd Cəmil Can nənə bir nağıl de – Ay nənə, bir nağıl da de! – Ömrüm-günüm, yat daha, Hamısını indi desəm, nağıl qalmaz sabaha. – Can nənə, de birini də. – Ağrın alım, sözə bax. Evimizdə səndən savay, gör heç varmı bir oyaq? Gecə keçib, ev soyuyub, hənir gəlmir ocaqdan; Taxt üstündə məstan pişik, odur, yatıb bayaqdan. Ört üstünü, dərdin mənə, bax, eşikdə yel əsir… – Qar yağırmı? – Elə yağır… sazaq qılınc tək kəsir… Belə yağsa, qar sübhəcən yolu-izi örtəcək; Kirpiklərin lap qovuşub, cırtdan bala, yat görək. Nənə yığır düyünçəyə iynəsini, sapını, Külək hərdən taqqıldadır pəncərəni, qapını. Körpə çəkir təzə, güllü yorğanını üzünə, Gözlərini yumur… amma yuxu getmir gözünə. – Ay nənə, o kimdir elə pəncərəni bərk vurur? – Heç kim deyil, yat, ay bala, yeldir, qarı sovurur. Bir gizilti duyur uşaq vücudunda bu ara, Həsrət qonan gözlərini zilləyərək divara, Çarpayının baş ucunda öz əliylə asdığı Şəklə baxır, fikrə gedir, qucaqlayıb yastığı… – Bəs ay nənə, atam indi haradadır, görəsən?! – Bıy başıma nələr, oğul, yatmayıbsan hələ sən?! – Axı, nənə, heç demirsən atam haçan gələcək, İndi onu səngərdə bəs üşütmürmü qar, külək? – Ömrüm-günüm, körpə quzum, qurban olum adına, Niyə köks ötürürsən o düşəndə yadına? Atan yazır: hələ xoşdur bu tərəfdə havalar. Deyir oğlum darıxmısan, görüşərik bu bahar. Bağçalarda çiçək açar gülöyşə nar, yasəmən, Qaranquşla bir zamanda qayıdaram kəndə mən… Heç darıxma, dərdin alım, atan gələr, o zaman Sənə çoxlu nağıl deyər əsgərlikdən, davadan! Di yat, indi gecə keçir… – Onda, nənə, ay nənə! Qoy kəsməyək ağ toğlunu, qalsın atam gələnə. – Yaxşı, bala, qoy bağlarda çiçək açsın nar, ərik, Sağlıq olsun, ağ toğlunu atan üçün kəsərik. Mən eyvana xalı sallam, anan evi bəzəyər, El qaydası süfrə açar, qohum-qonşumuz gələr. Sən atanı qucaqlar, üz-gözündən öpərsən, Qoca baban saz kökləyib, nağıl deyər sübhəcən… Körpə güldü… həsrət qonan gözlərindən uçdü qəm, Öpdü onun xəyalını indi özgə bir aləm; Qaranquşlar uçub gəldi, açdı çiçək, güldü yaz… Qucaqladı atasını, sonra kimsə çaldı saz… Körpə özü hiss etmədən, onu yuxu apardı, Çöldə isə bütün gecə külək tufan qopardı. Rəsul Rza Bəxtiyar Külək qarı səpələr, Bəxtiyar! Ağ geyinib təpələr, Bəxtiyar! Gecə qara, yol uzaq, qardaşım; Göylər bulud, çöl-düz ağ, qardaşım. Kaman çalan kimdir o, Bəxtiyar? Küləkdi, ya simdir o, Bəxtiyar? Hənirtini duydumu kəhərin? Tüfənginə yapışdı əllərin. Düşmən əli bir, təkcə sən, nə zərər? Tənlik işarəsidir güllələr! Gənclik, həyat şirindir, qardaşım; Vətən qat-qat şirindir, qardaşım. Ellərimin balası, Bəxtiyar! Qəlbi vətən qalası, Bəxtiyar! Qurtarırsa əsgərin gülləsi, silahıdır qəlbinin kin səsi. Məhv etdin on yağını, qəhrəman! Qan sızırdı sənin də yarandan. Boğazını zabitin gəmirdin. İradə qüvvətinlə dəmirdin! Qalib nəğmə səslənir, qardaşım! Qalibiyyət nəğmədir, qardaşım! Kaman çalsn kimdir o, Bəxtiyar? Küləkdi ya simdir o, Bəxtiyar? Adın bu nəğmələrdə – nəqarət! Dostlar gedir cəbhəyə, rahat yat! Bax, qızarır üfüqlər, qardaşım! Bizimdir günəş, zəfər, qardaşım! Sən qorudun vətəni, Bəxtiyar! Vətən unutmaz səni, Bəxtiyar! Bundan sonra fəxr ilə analar Körpəsinə ad qoyar Bəxtiyar! Süleyman Rüstəm Ana və poçtalyon Dörd ay vardı, ananın gözləri yol çəkirdi, Başqa bir dərdi yoxdu, oğul dərdiydi dərdi. Sorurdu: – “Balam hanı?” – Hər cəbhədən gələndən Ondan xəbər gəlməyir, xəbər gəlir öləndən. Yerəmi batdı oğlum, göyəmi çıxdı oğlum? Bəlkə mən yanılmışam, əzəldən yoxdu oğlum?! El bilir, uşaqlıqdan o naxələf olmayıb. Ürəyimə damıb ki, oğlum tələf olmayıb… Səbəb nədir ki, yazmır anaya bircə kağız, Oğul, oğul, – deməkdən qabar oldu dil, ağız! Qəlbindəki ilk yara təzəydi, builkiydi; Onu bu hala salan nübarıydı, ilkiydi. Qalxırdı yatağından dan yeri söküləndə… Hər qapı açılanda, hər qapı döyüləndə, Dikilirdi ananın gözləri bir nöqtəyə. Sevinirdi: – “Oğlumdan bəlkə məktub var!” – deyə. Dörd ay vardı, ananın gözləri yol çəkirdi, Başqa bir dərdi yoxdu, oğul dərdiydi dərdi. Tanımayan tapılmaz məhlədə poçtalyonu, Hamı istərdi onu, hamı sevərdi onu. Onu tanıyırdılar adamlar addımından, Bir bayramda çantası dolu gəldiyi zaman. Anaya şad xəbərlər gətirmişdi vaxtilə, İndi kağız almayan ana gələrək dilə, Söylədi poçtalyona bir neçə acı kəlmə: “Məktub olmasa, bir də sən bu həyətə gəlmə!” Poçtalyon söz demədi, dilsiz dayanıb durdu, Elə bil dağ başında onu ildırım vurdu… Ananın gözlərində sual gördü bir yığın, Başını yerə dikib dayandı xeyli dalğın. Sinəsini ötürüb sonra küçəyə çıxdı, Fikirlər, düşüncələr həssas qəlbini sıxdı. Deyirdi öz-özünə: “Ananın haqqı vardır, Geniş dünya oğulsuz onun qəlbinə dardır…” Dörd ay vardı, ananın gözləri yol çəkirdi, Başqa bir dərdi yoxdu, oğul dərdiydi dərdi. Günlər keçdi… poçtalyon bu həyətə girmədi, Ana, gözüylə onu çox aradı, görmədi. Bütün həyətdəkilər öyrənmişdilər ona, Hamı dedi: “Görəsən nə oldu poçtalyona?!” Bu qoca poçtalyon da anaya bir dərd oldu; Yolunu gözləməkdən hər gün gözü dörd oldu. Heç olmasa poçtalyon bu həyətə gələndə, Məktub alan qonşular sevinəndə, güləndə, Oğlunu xatırlayıb sevinirdi ana da – Sevincindən hamının pay düşürdü ona da. Ana düşündü: “Bəlkə qəlbini qırdım onun, Kim bilir nə gəlibdir başına poçtalyonun… Bəlkə onun da oğlu qanlı döyüşlərdədir, Kim bilir, bəlkə o da mənimlə bir dərddədir… Xəstədir, baxan yoxdur bəlkə də poçtalyona, Evlərini bilsəydim, bir baş çəkərdim ona. Bundan artıq nə gələr, nə gələr ki, əlimdən?! Kaş ki o sözlər mənim çıxmayaydı dilimdən! Məktub gətirməsə də, qoy gəlsin, görək onu, Sevir bir ana kimi bu dərdli ürək, onu…” Dərdli ananın artdı indi birə on dərdi, Bir doğma oğul dərdi, bir də poçtalyon dərdi… Bir gün küçə qapısı açıldı çox sürətlə, Qonşular çıxdı evdən təəccüblə, heyrətlə. Gördülər ki, poçtalyon əlində məktub gəlir, Elə bil caynağında qartal ov tutub gəlir. Aldılar bir qırpımda poçtalyonu dövrəyə, – Məktub kimədir? Söylə, niyə dinmirsən, niyə? Zilləyib gözlərini ananın gözlərinə, Poçtalyon qanad taxdı öz şirin sözlərinə: – Bundan neçə gün əvvəl məndən küsən, inciyən, “Məktub olmasa, bir də bu evə gəlmə! – deyən Mərhəmətli, möhtərəm anayadır bu kağız! Hamı bir səslə dedi: “Gözlərin aydın, ay qız!” Ana, gözləri yaşlı, ətir saçdı dilindən, Tez öpdü poçtalyonun məktub verən əlindən… Məmməd Araz Müharibə olmasa Əridib silahları Biz marten sobasında, Körpü yarada billik Yerlə Mars arasında, — Müharibə olmasa! Yer min illik barını Bircə gündə yetirər, Alim ayı, ulduzu Dartıb yerə gətirər, — Müharibə olmasa! General gözündə də Bu hissi duyur adam: “Tullayıb çinlərimi Bir kənddə sədr olaram, — Müharibə olmasa!” Bəşərin qapısından Vaxtsız ölüm gen düşər, İnsanın saçlarına Yüz yaşında dən düşər, — Müharibə olmasa! Sevənlər aləmində Nə qəm, nə həsrət olar, Bəşərin gülləsi — söz, Sözü — məhəbbət olar — Müharibə olmasa! 1956 İsa İsmayılzadə Güllələr demədi Getdilər. Getdilər fit çala-çala, Getdilər atları çimizdirməyə – Bizi aparmadılar, Qulançar yığmağa, moruq dərməyə Bizi aparmadılar. Yalvarıb-yalvarıb, dil tökəndə biz onlar üstümüzə od ələdilər, qışqırıb-təpinib, hədələdilər: «Hələ uşaqsınız… nə yaşınız var…» Bir gün xəbər gəldi: dava başlanıb… Onlar əsgərliyə çağırıldılar. Nə tütək çaldılar, nə fit çaldılar, fikirli oldular, ağır oldular… Yola salanlara qoşulanda biz yalvarıb-yalvarıb, dil tökdü onlar: «Gəlməyin, qayıdın… geri qayıdın… Qayıdın atları çimizdirməyə, Qulançar yığmağa, moruq dərməyə». Biz getdik atları çimizdirməyə, qulançar yığmağa, moruq yeməyə: düşüb arxamızca gəldi uşaqlar. Dilimiz gəlmədi bir söz deməyə. Onların yoxluğu düşdü araya, Oyunlar, «məclislər» qaldı yarımçıq. Toylar da seyrəldi, toyxanalar da, aşıq da havanı çaldı yarımçıq – Kəndimiz yamanca uralanmışdı, hərdən korun-korun yanırdı ocaq. Bir ağzıgöyçək də qaralanmışdı: «Deyəsən, gedənlər qayıtmayacaq» – Mərmilər, güllələr fit çala-çala Hey böyür-başından ötdü onların. Kətmən vura-vura, ot çala-çala baxdıq yollara. Getdilər, getdilər Berlinə sarı, getdilər, getdilər ölümə sarı. Güllələr demədi: geri qayıdın. Lülələr demədi: geri qayıdın, qəlpələr demədi: geri qayıdın, hələ uşaqsınız, nə yaşınız var… 1971
Bu bölməyə aid digər xəbərlər
Bayram günlərində regionlar üçün hava PROQNOZU
2023-03-20 15:28:16
Onlar qalın kitabın ilk səhifələridir – AzEdu-nun bayram VİDEOSU
2023-03-20 13:20:30
Deputatdan valideynlərə 10 tövsiyə: Oğlanlarınızı qız kimi böyütməyin!
2023-03-20 13:02:16
Sabah hava yağışlı olacaq – PROQNOZ
2023-03-20 12:53:28
Bu gün Yer Kürəsi Günüdür
2023-03-20 11:15:21
Novruzun badına gedən DÖVLƏT ADAMI
2023-03-20 09:41:54
Mehriban Əliyevadan Novruz paylaşımı
2023-03-20 09:18:26
Azərbaycan Novruz bayramını qeyd edir
2023-03-20 08:49:02
Son sutkada 48 yoluxma.
2023-03-19 17:22:00
Yer canlı planetdir, Ay kimi ölü deyil – Məktəblilər üçün OXU
Comments are closed, but trackbacks and pingbacks are open.