Press "Enter" to skip to content

Hər hansı bir müğənni kiminsə haqqında yanımda qeybət edəndə. – MÜSAHİBƏ

O zamanın söhbətləri qulaqlarımda indiyə kimi cingildəyir.

Sındıra bilmədiyimiz oyuncaq

28 il əvvəlin dünənki günü Laçın işğal edildi. Yenə də həmişəki kimi çox deyildi, çox ağlandı-sızlandı, çifayda. Zamanın qəddar çarxı da amansızca fırlanmağında. Həmin günü çox yaxşı xatırlayıram, bəlkə də bu artıq yaş fenomenidir, olub-keçmişlər sanki kino lenti tək adamın gözləri önündən ötüb keçir…

Şuşanın verilməsindən cəmi 10 gün keçmişdi ki, Laçının da alınması xəbəri gəldi. Amma əvvəlkilərdən fərqli olaraq, bu dəfə kimsə bunun çox da fərqinə varmadı. Bəlkə ona görə ki, həmin gün hamımız Bakının küçələrində idik, özü də dərindən-dərin eyforiyada.

Bundan bir neçə gün öncə, 14 mayda eks-prezident Ayaz Mütəllibov tərəfdarlarının köməyi ilə hakimiyyətə geri dönməyə cəhd etdi, o zaman Ali Sovetdəki çıxışında tribunadan “lazım olsa diktatura da quruluacaq” kimi şeylər vəd etsə də, sabahısı, 15 mayda geniş kütlələr və hərbi texnikanın belində gedən silahlı dəstələr artıq küçələrdə idi. Cəbhə xəttindəki çox ağır krizis halında onları (silahlıları) Bakıya kim yığıb gətirmişdi – indiyə kimi naməlumdur. Biz o zaman tələbə idik, hamılıqla Ali Sovetin üzərinə olan yürüşdə iştirak etdik, hətta gülləbaran başlayanda Xarici Dillər İnstitutunda oxuyan dostumuz Ruslan əlləri ilə başını tutub: “Vəssalam, başladı Gürcüstan variantı” (1992-ci ilin yanvarında Gürcüstanda o zamankı prezident Zviad Qamsaxurdiyanın devrilməsi tələbi nəticəsində Tiflisdə baş vermiş vətəndaş müharibəsi nəzərdə tutulur) — qışqırdı, qardaşım Samirsə artıq Ali Sovetin içərisində idi. Şükür ki, onda atışma çox qısa çəkdi və o zaman cəmi bir qurbanla ötüşdük. Bizi qarşıda nələrin gözlədiyi, neçə-neçə qurbanlar olacağı heç ağlımıza da gəlmirdi.

Laçın alınan həmin o məşum gün də Parlament binasının önündə yığışmışdıq. Böyük bir kütlə, ətrafımızda da cəhbə xəttindən gətirilmiş həmin o silahlı dəstələr, hərbi texnika…

O zamanın söhbətləri qulaqlarımda indiyə kimi cingildəyir.

  • Əşşi, bu işləri qaydasına qoyaq, sonra hamsını geri alacağıq.
  • Siz başa düşmürsünüz, bizimkilər Laçından ona görə çıxıblar ki, sonra ətrafdan zərbə vursunlar.
  • Başlıcası hakimiyyəti ələ almaqdır, problem Qarabağda deyil, Bakıdadır.
  • Mütəllibov Rusiyanın adamıdır, gərək Rusiyanı buradan qovaq, sonrası yaxşı olacaq.
  • Əsas qoy Cəbhə gəlsin, oturuşsun, başqa işlər hamısı düzələcək.
  • Yox e, Heydər Əliyev gəlməsə düzəlməyəcək heç nə.
  • Eybi yoxdur, nemeslər Moskvaya kimi gəlib çıxmışdı, sonra nə oldu? Erməni kimdir ki? Vaxt da bizə işləyir.

Həmin dövr insanlarımızdakı sadəlövhlüyü çatdırmağa heç bir yazı, ədəbiyyat, film kifayət etməz. Sovetin fağır bəndəsi olan azərbaycanlılar taleyin belə böyük zərbələrinə əsla hazır deyildilər, qarşılarında da kimin durduğundan əsla xəbərsizdilər.

Bu mövzuda 25 illik düşüncələrimi geniş “ 100 illik müharibə? ” yazısında qeydə almışam, maraqlananlar daxil olub baxa bilər. Bu dəfə tamam başqa bir məsələdən bəhs etmək, icazənizlə uşaqlıq xatirələrimi bölüşmək istəyirəm.

Uşaqlıqda oyuncaqlarımdan ən sevimlisi metaldan düzəldilmiş reaktiv atıcı qurğusu olan maşın, rəsmi adı “БМ-13” olan məşhur sovet “Katyuşa”sı idi. “Katyuşa” uşaqlıqdan müharibə filmlərində izlədiyim və hədsiz qürur hissi keçirdiyim bir silah növü idi. “Nemesdərdə onnan olmuyub” – bunu “başı çıxan” bizimkilər hər zaman vurğulayırdı, mən də təbii ki, inanırdım.

Almanların ruslar arasında “eşşək” ləqəbi (atəş zamanı çıxardığı səsə görə sovet əsgərləri ona belə bir ad qoymuşdular) ilə məşhur olar Nebelwerfer (alm. – dumanatan) raket sistemi haqda sonralar eşidib öyrəndim. Sovet “Katyuşa”sı ilə birlikdə Nebelwerfer ilk kütləvi istifadə olunan raket sistemlərindən idi. Hər iki silah vasitəsilə atılan raketlər düşmənin canlı qüvvələrini böyük ərazi çevrəsində məhv edirdi.

Nəsə, həmin o “Katyuşa”nı valideynlərimə haçan, necə aldırdığımı xatırlamıram, evimizdə necə peyda olduğunu da bilmirdim, bildiyim bircə o idi ki, bu oyuncağı çox xoşlar, hər gün onunla oynardım. Ən çox xoşladığım xüsusiyyətlərindən biri də bəlkə onu heç bir vəhclə sındıra bilməməyim idi, çünki çox möhkəm metaldan düzəldilmişdi. Bütün oyuncaqları uşaqlar qırır, onun daxili anatomiyasını bilmək üçün bunu edirlər, amma “Katyuşa”nı nə illah edirdimsə sınmırdı, ora-bura çırpmaqdan metalının tünd yaşıl rəngi tədricən ovulsa da, təkərləri (onları da çıxara bilmirdim, çox möhkəm düzəldilmişdi) azacıq yeyilsə də qırılmırdı.

Günlərin bir günü nəhayət böyük səylərdən sonra “Katyuşa”nın raketatan qurğusunu kuzovundan ayırıb qopara bildim, bundan sonra çevrildi adi yük maşınına. Həmin o gurultulu şöhrət arealı olan qorxunc silah davamlı səylərimlə sadə bir “qurzavoya” çevrildikdən sonra cəlbediciliyini tamam itirdi. Bilmirəm, bəlkə də böyümüşdüm artıq, oyuncaqlar sadəcə maraqlı deyildi?

Hərdən mənə elə gəlir ki, təsadüfün təsadüfü nəticəsində əlimizə keçmiş bu dövlət də həmin o “Katyuşa” oyuncağı kimi bir şeydir bizim cəmiyyət üçün. Dövlətin nə olduğundan xəbərsiz, onun yaradılması üçün əsrlərlə necə çabaların, fədakarlıqların (bir çox Avropa dövlətləri: İtaliya, Almaniya, Polşa, Yunanıstan və s., onlar bir yana, lap elə Ermənistanın özü) edilməsindən tamamilə bixəbər bir kütlə olan bizlər üçün.

Az qala bütün postsovet tariximiz bunun bir sübutudur – dövlət bir oyuncaqdır ki, taleyin hökmü ilə təsadüfən keçib əlimizə və tam infatil olan bu cəmiyyət ha gücənir, israrla onu dağıtmaq istəyir amma yenə də sınmır, dağılmır. Üstünün rəngi pozulur, böyük bir hissəsi (20%) qopub düşür, çoxları üçün cəlbediciliyini itirir, “elita”sı isə ona sadəcə firma, “kaprativ”, qısası bazar yeri kimi baxır (elementar son ayda baş verənlərə, gurultulu həbslər və partapart açıqlamalara diqqət edin), amma yenə də var, mövcuddur.

Bu yaxınlarda tanışlardan biri ilə söhbət edirdik, “müəllim, mənim üçün bu ölkə, dövlət, ümumiyyətlə Azərbaycan barədə təəssüblər azalıb, çünki Azərbaycanın o boyda gücü var, pulu var, bunlarsa biznes kimi baxır ona, özlərinə firma hesab edir elə bil. Bu boyda gücü olan dövlətdirsə, onun məmurları ona istismar yeri kimi baxırsa, ehtiyacın dibində olan bizlər nə təəssübü çəkəcəyik, necə çəkəcəyik?” – deyib sual etdi mənə. Dediklərində də tam haqlı idi bu vətəndaş…

Sındıra bilmədiyimiz oyuncaqdır bizim üçün əlimizə təsadüfən keçmiş bu dövlət. Nə olduğundan xəbərsiz, anlamsız bizlər üçün. Nə qədər çalışsaq da sındıra bilmədiyimiz oyuncaq. Zatən təsadüfən ələ keçən şeyin heç qədri də bilinməz.

Ortaya çıxan yeganə təsəlli müstəsna bəxtli millət olmağımızdır. Mövcud potensial və təfəkkür tərzi ilə bu oyuncaq bizim əlimizə əslində keçməməli idi ki, yenə də keçib və indiyə kimi də sınmır.

“Hər hansı bir müğənni kiminsə haqqında yanımda qeybət edəndə. ” – MÜSAHİBƏ

“Kristal” qrupununun rəhbəri Mədinə Məlik in oxumeni.az-a müsahibəsi.

Kristal simmetrik şəkildə düzülmüş çoxbucaqlıların düzgün və estetik formada yaratdıqları bərk maddədir. Göründüyü kimi o, simmetriya, yəni qayda-qanun, çoxbucaqlılıq, yəni zənginlik, eyni zamanda dözümlülük və estetika rəmzidir. O, həm də saflıq nişanəsidir. Heç təsadüfi deyil ki, duz da kristal şəklində olur. Deməli, kristal yüksək zövqün damaq dadıdır.

Kristalı ana təbiət yaratdığı kimi, “Kristal” qrupunu da Mədinə Məlik yaradıb. “Şəlalə” rubrikasının bugünkü qonağı da Mədinə xanımdır.

– Mümkünsə özünüz haqda məlumat verərdiniz?

– 1968-ci ildə Salyan rayonunda anadan olmuşam. Şir bürcündənəm. Bir oğlum var. Rusiyada tibbi təhsil almışam. “Kristal” qrupunun yaradıcısı və rəhbəriyəm.

– Necə oldu ki, “Kristal” qrupunu yaratmaq fikrinə düşdünüz? Əvvəllər hansısa qrupda çalışmışdınız?

– İlk dəfə “Enbrazes” qrupu ilə çalışmışam. Bilirsinizsə, birinci EN yaradılanda mətbuatda, efirlərdə mən müsahibə verirdim. Sonralar Namiq çıxıb danışdı. Müəyyən səbəblər oldu, mən qrupdan ayrıldım. Qrupun özü də dağıldı. Danışmaq istəməzdim bu haqda. Fikirləşdim qızlardan ibarət qrup yaradım. İyulun biri 8 ili tamam olur qrupumuzun. Qızlarla “Cücələrim” klipini təqdim etdik, yekun olsun deyə. Biznesdə varam, şouda yoxam. “Kristal” qrupu təmiz, saf, paklıqdır. Ona görə adını elə qoydum.

– Mədinə xanım, bir çox söz-söhbətlər olur sizin qızlar haqda, necə reaksiya verirsiniz? İndiki zamanda qız qrupu saxlamaq çox çətindir?

– İnanın, hər hansı bir müğənni kiminsə haqqında yanımda qeybət edəndə həmişə ağzından vururam. Yanımda oturan müğənni başlayır ağzına gələni danışmağa, gör onu kim aldı. Bax, sənə nə, qoy xoşbəxt olsun da. Qoy xalqımız görsün ki, müğənni qızlarımız ailə qurur, başımızın ucalığıdır da, niyə paxıllıq edirsiniz. Allahdan qorxmaq lazımdır. Mənim 13-14 yaşımda necə olub xasiyyətim, 43 yaşım var, indi də həmin xasiyyətdəyəm.

Qrupumda Səidə, Aysel ailə qurdular, balaları var artıq. Çox sevinirəm. Mənim qrupumdan yel kimi gəlib keçənlər də olub. Sınaq müddəti 6 aydır. Mən də 2 aydan sonra görmüşəm ki, yolunu düz gedən deyil, özüm uzaqlaşdırmışam. Bir dəfə qrupumda bir qız var idi, onu uzaqlaşdırdım, sonra mənə gəlib çatdırdılar ki, həmin qız deyib: “”Kristal” qrupunu mən parlatdım”. Daha düşünmür ki, “Kristal” onu parlatdı. Ona görə mən heç kimlə müqavilə bağlamıram, ancaq iş müqaviləsi bağlayıram vergiyə görə. Mən işdə çox ciddiyəm. Qızları gözümdən qoymuram. Bir də ailədən gəlməlidir ciddilik, nəzarət. Əgər hansısa qız mənim tələbimlə getmirsə, onu uzaqlaşdırıram. Onsuz da istəyən pis hərəkətini edəcək, bilən kimi uzaqlaşdırıram.

– Həyat məktəbdir. “Kristal” qrupu sizə nə öyrədib?

– Hər bir insanın səhvi var həyatda. Nəsə bir səhvim olsa da, qrupumdakı qızlara gəlib deyirəm ki, gərək mən elə eləməzdim. Əgər səhvimi boynuma ala bilirəmsə, bu günah deyil. Ümumiyyətlə, saç düzümünü, geyim tərzini, musiqini “Kristal” qrupu ilə birlikdə öyrənmişəm.

– Sirr deyilsə, toylara neçəyə gedirsiniz?

– Kasıb toylar olanda ortaq məxrəcə gəlib aşağı qiymətdə gedirik. Mən “Kristal” brendini saxlaya bilmişəm. Yarım saatı 1 000 manata gedirik. Qrup estrada janrında ifa edir.

– “Kristal” qrupundakı qızlar gözəldir. İndiki zamanda toy məclisinə getmək asandırmı, bir problem yaranmır ki?

– Mən həmişə demişəm, həm onların rəhbəriyəm, “axranalarıyam”, “şoferiyəm”. Elə olub ki, çıxıblar səhnəyə, lazım olanda kömək eləmişəm ayaqqabılarını geyinməyə. Əlbəttə, toya üç qızla gedib iştirak etmək çox çətindir. Sənin bacın Yaqut müğənnidir, o, çox gözəl bilir ki, musiqiçilərlə bir yerdə otursan, birdən kimsə ağzından nəsə bir söz çıxardar. Ola bilər də, həyatdır. Mən qızları həmişə mətbəxdə oturdub gözlədirəm, vaxtları çatan kimi oxuyub çıxırlar. Heç bir musiqiçiyə icazə vermirəm ki, onlarla danışsınlar. Nardaran, Maştağa toylarında çox iştirak edirəm, qadın məclislərindən kişi məclislərinə keçmirik.

– Məndə olan məlumata görə, “Kleopatra” restoranında sizə yarım saata 6 000 $ veriblər, siz razı olmamısınız. Səbəb nə olub?

– Hə, olub belə bir hadisə. Olduğu kimi deyəcəm. Bu hadisə 6 il öncə baş verib. Onda “Kristal” qrupu 300 dollara gedirdi. Bir gün mənə zəng gəldi, dedilər ki, sizin qrup bir mahnı oxusun, 300 dollar deyil, 2000 dollar verirəm. Mən də bildirdim ki, kişi məclisinə biz getmirik. Əl çəkmədilər, məbləğ 6 000 dollara kimi çıxdı, yenə razı olmadım. Günlərin bir günü “Yeganə” şadlıq sarayında toyda idim, birdən zəng gəldi, həmin toyun yiyələri mənimlə görüşmək istədilər. Dedim, “Yeganə”dəyəm, gəldilər ora. Dedi, Mədinə xanım, həmin gün kimin cibində nə qədər pul var idi yığılmışdı, 6 000 dollar pul eləmişdi, mərcə durmuşduq, siz gəlsəydiniz, biz udacaqdıq. Gəlmədiniz, uduzduq. Gör nə fikirlərə düşənlər var imiş. İndi udmuşam, bu 2 000 dolları sizə çatdırmaq istəyirəm. Mən də pulu götürmədim, bildirdim ki, bundan sonra bahalı maşından mərc durarsınız. Hamı bilsin, Mədinənin “Kristal” qrupu kişi məclislərinə getmir, getməyəcək də.

– “Kristal” qrupuna yüksək məbləğdə pul təklif olunarsa, bir daha açıq-saçıq şəkilli fotosessiyalar edərdinizmi?

– Çox olur, mən razı olmuram. Bilirsiniz ki, “Kristal” araqları var, onun reklamında istədilər ki, bizim qrup reklam etsin araqları, razı olmadım, yaxşı da pul verirdilər. Konsertlərin birində çimərlikdə qızlar “kupalniklə” çıxıb oxumalıydılar, təklif elədilər, mən razı olmadım.

– Haqqınızda şayiə olanda necə reaksiya verirsiniz?

– Mənim haqqımda deyirlər ki, yekəxanadır, özünü dartır, kişi məclisinə getmir. Kişi var öz ailəsinin yanında 100 qram araq içəndən sonra özünü itirir. Bu qızlar da evlərinə çörək aparırlar. Kim nəsə desə, Allah var göydə. Allahdan qorxsunlar. Bizim əgər bir dənə toyumuz varsa, oxuyub çıxıb gedirik evə. İki-üç ilin söhbətidir. Bir dəfə İradə İbrahimova mənə dedi: “gördün səni haçansa pisləyirlər, o zaman bil ki, ulduzsan, pisləmədilərsə, sən maraqsızsan”. İradənin sözü yadıma indi düşür, yəqin biz artıq ulduzuq, söz-söhbətlər olur haqqımızda.

– Yaşamaq üçün sevmək, sevmək üçün nə lazımdır?

– Sevilmək lazımdır ürəkdən.

– İndiki dövrdə qrup saxlamaq asandır?

– Yox, çox çətindir, özü də qızlarla işləmək. Onları göz bəbəyim kimi qoruyuram. Məsələn, hər qız ifaçısı dəyişiləndə yeni klip çəkdirirəm, mahnı yazdırıram. Bizim qızlar estrada ifaçılarıdır. Əvvəllər müğənni 10 min dollara populyar olurdu. Mən çox emosional insanam. Kiməsə yaxşılıq edirəmsə, sırf ürəkdən edirəm. Biri bilməsə də, göydə Allah var, o görür, bəsdir. EN qrupunun yaradılmasında mənim də əziyyətim olub. Bunu az-çox media işçiləri bilir. Bir çox səbəblər oldu, mənə yaraşmaz açıb danışım, kişi xasiyyətli qadınam. Həmin EN qrupunda Famil, Samsor – Cəmil var idi. Mən xoşlamıram haqqım tapdalansın.

– Həyatda kimin üçün yaşayırsınız?

– Oğlum Zamiq üçün, anam, bacım üçün. Məni istəyən kimlər var, onlar üçün. Hərdən qızlara deyirəm. Sizi çox istəyirəm, özümü sizdən də çox istəyirəm. Özümdən də çox oğlumu istəyirəm. Həyat davam edir.

– Bəs EN Namiqlə münasibətiniz necədir?

– Mən kitabı iki dəfə oxumuram, o söhbət artıq bağlanıb. Uşağımın atasıdır deyə ona hörmətim var. Allah onun canını sağ eləsin, xoşbəxt eləsin! Onun öz yolu, mənim öz yolum var artıq. Mən sevdiyimi tapdım. Mənə o, insan maraqlıdır. Artıq bu barədə heç kimə müsahibə verməyəcəm.

– Bəzi müğənnilər yaşlarını gizlədirlər. Sizin buna münasibətiniz necədir?

– Mən gizlətmirəm. Mənim 42 yaşım var. Avqustun 22-si 43 tamam olacaq. Mənə maraqlıdır, qadınları başa düşmək olar, cavan görünmək istəyirlər. Bəs bu kişilər özlərini niyə gülünc vəziyyətə qoyurlar? 45 yaşın varsa, niyə yaşını 40 deyirsən? Özünü allada bilərsən, axı xalqı aldatmaq olmaz.

– Hazırda hansı işlərlə məşğulsunuz?

– Yeni mahnılar üzərində çalışırıq. Mənim musiqi duyumum çox güclüdür. Qızların oxuduğu mahnıların çoxunun bek vokallarını mən oxuyuram. Qrupumuzdan ayrılan Lalə solo karyeraya başlayıb. Onunla da ayrıca işləyirəm. Salyanda fermer təsərrüfatım var. Arada bir gedib nəzarət edirəm.

– Müsbət cəhətiniz nədir?

– Sınmağı xoşlamıram. Çox çətin günlərim olub. Qardaşım rəhmətə getdi, anamın ayağı tutuldu. Gec ailə qurdum, övladım gec oldu. Peşman deyiləm. Günün bu günü anam yanımdadır. Elə günüm olub, cibimdə 10 qəpiyim olmayıb ki, avtobusla gedim xəstəxanaya. Onda 19-21 yaşım var idi. Utana-utana iynə vurmağa gedirdim. Cürbəcür əşyalar toxuyub satırdım. Pul qazanırdım ki, ailəmin heç nəyə ehtiyacı olmasın. Utanmıram keçmişimdən. İndi şükürlər olsun, evim, biznesim, övladım var. Anam əməliyyat oldu, ayaqları açıldı. Allah-Təala mənim ömrümdən kəssin, anama versin. Bütün əziyyətlərim geridə qaldı, indi anam yanımdadır, bundan böyük xoşbəxtlik nə ola bilər ki.

– Mənfi cəhətiniz nədir?

– Kinli insan deyiləm, tez bağışlayanam həmin şəxsi. Çox əsəbi insanam, qarşımdakı insana əl qaldıra bilərəm. Beş gün onunla küsülü olum, gəlib “bağışla” desə, ürəkdən bağışlayaram.

– Dediniz, çox əsəbi insansınız, olubmu ki, kiməsə əl qaldırasınız?

– Bu yaxınlarda qızlarla maşınla gedirdik. Gördüm bir maşın mənim qarşıma çıxdı, başladı o yan, bu yana getməyə. Sirkin yanında saxladım maşını, düşdüm aşağı, maşında məndə “dubinka” var, çox möhkəmdir, yaxınlaşıb maşının şüşəsini sınıq-sınıq elədim. İçərisində olan oğlanlar əl-qollarını qaldırıb üzlərini tutdular ki, şüşə dəyməsin onlara. Sonra çıxıb getdilər. Qızlar da qorxmuşdu. Bütün hamı baxırdı. Gözlədim xəbər çıxsın, bir xəbər çıxmadı. Dost-tanış dedi ki, onların günahı olub, olmasaydı, çoxdan xəbərləri çıxardı. Elə əsəbiləşmişdim, gözlərim heç nə görmürdü.

– Həyatda nədən qorxursunuz?

– Şərəfsiz ölümdən çox qorxuram. Hamı bilir ki, bu dünya müvəqqətidir. Gərək elə iz qoyasan, yaddaşlarda sənin adın qalsın.

– Ən çox xoşunuza hansı qrup gəlir? Özünüzə rəqib kimi görürsünüz?

– Hörmət elədiyim qrup çoxdur. Gündəmdə olan qız qrupu tanımıram. Amma olmayan yerdə qrup dediyin, milçək kimi vızıldayıb “Kristal” qrupunun yanından keçirsə, mən onları rəqib görmürəm. Çox bəyənirəm “Şeron” qrupunu, istedadlıdırlar. Başqa heç kimi özümüzə rəqib bilmirəm. Rəqabət aparmaq istəyən olsa, bu meydan, bu da biz.

– Hər gözəlin bir eybi var. Sizin eybiniz nədədir?

– Çox kökəm, burnumu bəyənmirəm.

– Sizin üçün sevgi nədir?

– Günün 24 saatı unutmamaq, hər an görmək, duymaq, görəndə də susub danışmamaq ki, sevdiyin insan səninlədir, ondan həzz almaqdır sevgi.

– Ən böyük günahdır xəyanət. Xəyanəti bağışlamaq olmaz.

– Əlbəttə, sevirəm-sevilirəm. Mənim artıq arxa-dayağım var. Sənət aləmində deyil həmin insan. Ən böyük birinci sevgim oğlum, sonra məni sevən insandır. Axır ki, çox xoşbəxtəm, öz yarımı tapdım. O da bütün varlığı ilə məni qəbul edir.

– 17-18 yaşında olan qızların ailəli kişilərlə münasibətinə necə baxırsınız?

– Əgər qızın 17, kişinin 40 yaşı varsa, fikirləşsin ki, 20 ildən sonra o kişi qıza lazım olmayacaq. Sevgiyə, var-dövlətə inanıb gənc qızlar aldanmasınlar. Əvvəlcə addım atanda fikirləşsinlər ki, bu kişi onun tayıdır, yoxsa yox. Mən çox pis baxıram.

– Prodüser olmaq üçün təhsil vacibdir?

– Düzdür, musiqi savadım yoxdur, sırf haranısa bitirməmişəm. Amma musiqi duyumum çox güclüdür. Notdan anlayışım var. Elə savadlı prodüser var, musiqidən xəbərsizdir. Elə insanları susuz aparıb gətirərəm. Elə insan da var ki, beş institut qurtarıb, əlində qələm tuta bilmir. Oğlumun yeddi yaşı var. Aparatura duyumu çox güclüdür. İstedad önəmlidir. İstedadın, qabiliyyətin varsa, demək, sən öndəsən.

– Bu yaxınlarda bir müsahibim, daha doğrusu, Namiq qardaş Əli Mirəliyevin dilində qüsur olduğunu bildirdi. Səbəb də Əli Mirəliyevin bəzi qrupları bəyənməmi idi. Bəs sizinlə münasibəti necədir Əli müəllimin?

– Əli Mirəliyev yaşlı sənətkardır. Qüsursuz insan yoxdur. Vay o insana ki, vicdanında qüsur olsun. Vicdanda qüsur olanda keçmək olmur. Əli Mirəliyevlə münasibətimiz çox gözəldir. Onun oxuduğu hər bir mahnı hamı üçün örnəkdir. Əli Mirəliyevin tənqidi də bizim üçün sənət dərsidir.

– Nəyə biganə qala bilmirsiniz?

– Yolda gedirsən, görürsən qızlara söz atırlar, ilişirlər, bax buna biganə qala bilmirəm.

– Həyatınızda yeri boş qalan nədir?

– (Kövrəlir) Qardaşımın vəfatı. Avtomobil qəzasına düşüb öldü. Onun oğlu Rusiyadan hər dəfə zəng vuranda deyir, bibi, oğlum oldu, çox sevinirəm, qoy nə qədər olur olsun. Üç oğlu, bir qızı var. Yenə də qardaşımın balaları mənə təsəllidir.

– Hərdən bir təbiətin guşəsinə çəkilib tək-tənha qalmaq istəyirəm. Çox qəlbi kövrək insanam.

– Sizin üçün Şəlalə nə deməkdir?

– Şəlalədən bu gün zövq aldıq. Bir də görürsən müsahibə verirsən, vaxt tez keçir. Amma bu gün səninlə çox rahatlıq tapdım, müsbət aura aldım, yeni dost qazandım. Sualların mənim çox xoşuma gəldi, arzum budur, böyük zirvələrdə olasan.

– Sizcə qadın sevəndə təhlükəli ola bilər?

– İnanın ki, sevgimə görə diz çökə bilərəm, ölə də bilərəm. Əgər kimsə məni hansısa atılan dırnağıma dəyişirsə, onu sındıra bilərəm, çox güclü-savadlı xanımam, sevdiyim insana görə hər şeydən keçə bilərəm. Əgər o, mənim sevgimə layiq deyilsə, atıb gedirsə, bir gün, bir ay, bir il də o, mənə lazım deyil. Sonda, Şəlalə, sualım sənədir. Səmimi cavabını gözləyirəm. Mədinəni necə kəşf etdin?

Kristal saflıq rəmzi olduğu kimi Mədinə də müqəddəs məkanın nişanəsidir. Yer üzündə ən müqəddəs varlıq ana olduğu üçün bütün analar Tanrının yerdəki elçiləridir. O ki qaldı Kristal qrupunun rəhbəri Mədinə xanıma, o anadır, özü də çoxuşaqlı ana.

Comments are closed, but trackbacks and pingbacks are open.