Orfoqrafiya lüğti 2018
Bakı şəhəri, 16 aprel 2019-cu il
Orfoqrafiya : Orfoqrafiya Lüğəti
Orfoqrafiya.az or simply orfoqrafiya receives roughly 42,295 pageviews (page impressions) daily from it’s 5,287 unique daily visitor. Orfoqrafiya was registered and it’s hosted on the IP Address 172.67.175.49 in Illinois, United States. It has an estimated worth of $4,179 and a global Alexa rank of 159,648.
Updated 2 years ago
Orfoqrafiya.az Basic information
orfografiya lüğəti, azərbaycan dili, rus dili, ingilis dili,
Azərbaycan, Rus və İngilis dillərinin orfoqrafiya lüğətləri.
Orfoqrafiya.az Alexa Stats
Global Rank | 159,648 |
Links in | 59 |
Local Rank | 1,109 |
Country | Azerbaijan |
Load speed | 2.234 Seconds (64% fast) |
Orfoqrafiya.az Location Stats
IP Address | 172.67.175.49 |
Country | United States |
Region | Illinois |
City | Chicago |
Longitude | -87.6298 |
Latitude | 41.8781 |
Orfoqrafiya lüğti 2018
Xalq Qəzeti (Dərc olunma tarixi: 20-04-2019, Nəşr Nömrəsi: 85), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-04-2019, Nəşr nömrəsi: 04, Maddə nömrəsi: 767)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14201904160174
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
“Azərbaycan dilinin Orfoqrafiya Normaları”nın təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
“Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 2 yanvar tarixli 835 nömrəli Fərmanının 2.1-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası ilə razılaşdırmaqla, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan dilinin orfoqrafiya qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 5 avqust tarixli 108 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 8, maddə 654; 2015, № 6, maddə 775) 1-ci hissəsi ləğv edilsin.
3. Bu Qərarda dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.
Azərbaycan Respublikasının Baş naziri Novruz MƏMMƏDOV
Bakı şəhəri, 16 aprel 2019-cu il
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2019-cu il 16 aprel tarixli 174 nömrəli Qərarı ilə
təsdiq edilmişdir.
Azərbaycan dilinin Orfoqrafiya Normaları
1. Azərbaycan mənşəli sözlərin yazılışı
1.1. Azərbaycan dilinin lüğət tərkibindəki Azərbaycan mənşəli sözlər, əsasən, tələffüz edildiyi kimi yazılır: addım, dəniz, gəlin, günəş, qoşun, oğul, qaranquş və s.
1.2. Son səsi [x] , bəzən də [ğ] kimi tələffüz olunan Azərbaycan mənşəli sözlər q hərfi ilə yazılır: ayaq, barmaq, bulaq, dayanacaq, qatıq, qonaq, qorxaq və s. Bu qəbildən olan sözlərə saitlə başlanan şəkilçi qoşulduqda q~ğ əvəzlənməsi baş verir: otağa, bulağın, qonağımız və s.
1.3. Son səsi [xʹ] kimi tələffüz olunan çoxhecalı Azərbaycan mənşəli sözlər k hərfi ilə yazılır: bilək, birlik, külək, ürək, üzərlik , üzük və s. Bu qəbildən olan sözlərə saitlə başlanan şəkilçi qoşulduqda k~y əvəzlənməsi baş verir: biləyi, birliyimiz, ürəyim, üzüyün və s.
Qeyd. Son səsi [k] kimi tələffüz olunan alınma sözlərə saitlə başlanan şəkilçi qoşulduqda heç bir dəyişiklik baş vermir: əmlak – əmlaka, iştirak – iştirakımız, şərik – şəriki və s.
1.4. Son səsi [t] , bəzən də [d] kimi tələffüz olunan çoxhecalı Azərbaycan mənşəli sözlər d hərfi ilə yazılır: bulud, palıd, söyüd və s.
1.5. Son səsi [ç], bəzən də [c] kimi tələffüz olunan sözlər c hərfi ilə yazılır: qılınc, ülgüc, kərpic və s.
2. Alınma sözlərdə saitlərin yazılışı
2.1. Tərkibində o hərfi olan alınma sözlər [a] və ya [o] ilə tələffüz edilməsindən asılı olmayaraq, o ilə yazılır: avt o mat, k o llec, k o llektiv, lab o rant, M o skva, m o tor, o byekt, O dessa, p o ema, p o eziya, pr o blem, pr o fessor, s o list, vel o siped və s.
2.2. İkinci hecasındakı saiti [i] , bəzən də [ü] kimi tələffüz olunan ərəb mənşəli sözlər tarixi-ənənəvi prinsipə əsasən i ilə yazılır: külli, müdir , müdrik, müflis, müxbir, müxlis, münbit, münsif, mürid, mürşid, müsibət və s.
Qeyd. Mühüm, müşkül və üfüq sözlərindəki ikinci heca ü hərfi ilə yazılır.
2.3. Mənbə dildə [u] saitli alınma sözlər ü hərfi ilə yazılır: b ü lleten, b ü ro, j ü ri, karb ü rator, komp ü ter, paraş ü t, s ü jet, şl ü z və s.
2.4. Mənbə dildə a hərfi ilə bitən alınma sözlər iki cür yazılır:
2.4.1. aksiom, anket, aptek, atmosfer, diaqram, diaspor, fabrik, fonem, kaset, kayut, konfet, kontor, qəzet, qrafem, qravür, leksem, lent, maşın, perspektiv, planet, proqram, pyes, reklam, rezin, sistem, sistern, sitat, teorem, vitrin və s. kimi sözlərin sonunda a hərfi yazılmır;
Mənbə dildə tərkibində qoşa b, p, n və m samitləri olan aşağıdakı sözlərin sonunda a ilə yanaşı, qoşa samitlərdən biri də atılır: abreviatur, qrup, ton, diaqram, stenoqram və s.
2.4.2. botanika, doktrina, forma, kamera, qrammatika, norma, poetika, poeziya, respublika, taktika və s. kimi sözlərin sonunda a yazılır.
2.5. Mənbə dildə birhecalı sözlər iki cür yazılır:
2.5.1. iki saitlə yazılanlar: cisim, eyib, ətir, feil, fəsil, fikir, heyif, isim, izin, qəbir, qədir, qisim, meyil, nəsil, ömür, səbir, sətir, sinif, şeir, şəkil, zehin və s.;
2.5.2. bir saitlə yazılanlar: cəbr, əmr, həbs, həsr, hökm, hüsn, hüzn, kəsr, qəbz, qəhr, qəsr, nəbz, nəfs, nəsr, sehr, sədr, üzr, üzv, zülm və s.
3. Alınma sözlərdə samitlərin yazılışı
3.1. Rus dilində tərkibində ц hərfi olan alınma sözlərin yazılışında aşağıdakı qaydalar əsas götürülür:
3.1.1. ümumi isimlər s hərfi ilə yazılır: aseton, dosent, konsert, lisey, kulminasiya, aksiya, sement, sirk və s.;
Qeyd. Metso, vitse morfemləri və blits, ratsiya və s. sözlər istisnadır.
3.1.2. xüsusi isimlərdə sözün əvvəlində s ( Setkin, Siolkovski və s.), sözün ortasında və axırında isə ts ( Motsart, Muromets, Vorontsov və s.) yazılır.
3.2. Rus dilində tərkibində щ hərfi olan alınma sözlərin yazılışında aşağıdakı qaydalar əsas götürülür:
3.2.1. sözün əvvəlində və sonunda işlənən щ hərfi əvəzinə ş yazılır: Şedrin, Şerba, Şors, borş və s.;
3.2.2. ortasında щ hərfi olan sözlər qoşa ş ilə yazılır: meşşan, Vereşşagin və s.
3.3. H samiti ilə başlanan alınma sözlər h ilə yazılır: Haaqa, Hamburq, harmoniya, Havana, Hegel, hektar, Heyne, hidrogen, hippodrom, hospital, humanizm və s.
3.4. Birinci və ikinci hecasındakı samiti həm [m], həm də [n] kimi tələffüz olunan alınma sözlər n ilə yazılır: anbar, günbəz, İstanbul, qənbər, sünbül, şənbə, tənbəl, zanbaq, zənbil və s.
3.5. -iy, -skiy ilə bitən xüsusi isimlərin sonundakı y yazılmır: Qordlevski, Qorki, Mayakovski, Yaroslavski və s.
3.6. Kimyəvi element adları əslinə uyğun olaraq yazılır: kalium, maqnezium, natrium və s.
3.7. Əsli [c] samitli alınma sözlər c ilə də yazılır: Cek London, cemper, Siciliya və s.
3.8. Əsli [q] samitli alınma sözlər incə saitli hecalarda g ilə yazılır: biologiya, dialektologiya, general, genezis, geologiya, gigiyena, etimologiya, gitara və s.
3.9. Əsli w samitli alınma sözlər v hərfi ilə yazılır: veb-sayt, Vilyam, vörd və s.
3.10. Son səsi [kʹ] kimi tələffüz olunan bir qrup alınma sözlər q hərfi ilə yazılır: filoloq, ittifaq, müstəntiq, natiq, şəfəq, üfüq, vərəq və s. Bu qəbildən olan sözlərin sonuna saitlə başlanan şəkilçi qoşulduqda, yazıda heç bir dəyişiklik baş vermir: filoloqa , şəfəqi , üfüqə və s.
4. Qoşasaitli və qoşasamitli sözlərin yazılışı
4.1. Kökündə eynicinsli qoşa və müxtəlifcinsli sait işlənən alınma sözlər qoşa saitlə yazılır: ailə, bədii, camaat, əcaib, əmtəə, ideal, maaş, müalicə, okean, saat, stadion, zəif və s.
4.2. Hecalarından biri [p] samiti ilə bitən, sonrakı hecasının ilk samiti [b] kimi tələffüz olunan sözlər qoşa p ilə yazılır: guppultu, hoppanmaq, şappıltı, tappıltı, toppuz və s.
4.3. Hecalarından biri [k] samiti ilə bitən, sonrakı hecasının ilk samiti [g] kimi tələffüz olunan sözlər qoşa k ilə yazılır: mürəkkəb, mütəkkə, səkkiz və s.
4.4. Hecalarından biri [t] samiti ilə bitən, sonrakı hecasının ilk samiti [d] kimi tələffüz olunan sözlər qoşa t ilə yazılır: əlbəttə, hətta, Səttar və s.
4.5. Hecalarından biri [kʹ] samiti ilə bitən, sonrakı hecasının ilk samiti [q] kimi tələffüz olunan sözlər qoşa q ilə yazılır: diqqət, doqquz, nəqqaş, saqqal və s.
4.6. Mənbə dildə tərkibində qq, ll, mm, pp , tt samitləri olan Avropa mənşəli aşağıdakı alınma sözlər (apellyasiya, attestasiya və akkreditasiya sözləri istisnadır) bir samitlə yazılır: aqlütinativ, paralel, teleqram, aparat, apelyasiya, vat və s. [1]
4.7. Təkhecalı sözlərin sonunda qoşa samitin hər ikisi yazılır: fənn, haqq, hiss, xətt, küll, rədd, sirr, zənn, zidd və s .
Belə sözlərə samitlə başlanan şəkilçi artırıldıqda, qoşa samitlərdən biri düşür: fənn – fənlər, haqq – haqsız, xətt – xətdən, sirr – sirlər və s.
Qeyd. Hiss və küll sözləri istisnadır. Hiss sözünə yalnız –siz şəkilçisi artırıldıqda, kökdəki s samitlərindən biri ixtisar olunur.
4.8. Mənbə dildə qoşa samitlə bitən iki və ya çoxhecalı sözlər bir samitlə yazılır: hüsnxət, kilovat, mühüm, rəsmxət və s .
4.9. Söz ortasında qoşa s samiti olan aşağıdakı alınma sözlər bir s ilə yazılır: aksesuar, kaset, masaj, pasaj, şose .
4.10. Söz sonunda qoşa s samitli aşağıdakı alınma sözlər bir s ilə yazılır: ekspres, konqres, kros, bras, stres və s. [2]
Qeyd. Press (mətbuat) sözü istisnadır.
5. Şəkilçilərin yazılışı
5.1. Tərkibində a-, anti-, ba-, bi-, na-, pre- ön şəkilçiləri olan sözlər bitişik yazılır: anormal, antivirus, baməzə, bisavad, nalayiq, prepozisiya və s.
Qeyd. Anti şəkilçisindən sonra xüsusi isim gəldikdə, defis işarəsi qoyulur: Anti-Azərbaycan, Anti-Rusiya və s.
5.2. Sözdüzəldici şəkilçilər aşağıdakı üç qaydaya əsasən yazılır:
5.2.1. ahəng qanununa tabe olmayan və bir cür yazılan şəkilçilər:
-i şəkilçisi: samitlə bitən sözlərdə -i; cənubi, daxili, elmi, həyati, Naxçıvani, şimali, Şirvani, tarixi və s ; saitlə bitən sözlərdə isə şəkilçinin əvvəlinə v samiti artırılır: ailəvi, dairəvi, Gəncəvi, kütləvi və s.;
-vari şəkilçisi: buynuzvari, qalxanvari, üzükvari, yüngülvari və s. ;
-keş şəkilçisi: qayğıkeş, zəhmətkeş, cəfakeş;
-daş şəkilçisi: yoldaş, əməkdaş, yurddaş, soydaş;
-stan şəkilçisi: samitlə bitən sözlərdə şəkilçinin əvvəlinə ahəng qanununa uyğun olaraq ı, i, u, ü saitlərindən biri artırılır: Dağıstan, Türkmənistan, Monqolustan, Türküstan; saitlə bitən sözlərdə isə şəkilçi olduğu kimi qalır: Gürcüstan;
-gil şəkilçisi: bacımgil, xalamgil, Əhmədgil və s.;
-zadə şəkilçisi: xanzadə, bəyzadə, Axundzadə və s.;
5.2.2. iki cür yazılan şəkilçilər:
kar samitlə bitən sözlərdə: -qan, -kən; cingiltili samitlə bitən sözlərdə -ğan, -gən şəkilçisi: çalışqan, yapışqan, döyüşkən, sürüşkən, deyingən və s .;
-ağan, -əyən şəkilçisi: qaçağan, güləyən, küsəyən və s.;
5.2.3. dörd cür yazılan şəkilçilər:
-kı, -ki, -ku, -kü şəkilçisi: axşamkı, bildirki, səhərki, gündüzkü və s .;
sifət və isim düzəldən -ı, -i, -u, -ü şəkilçisi: darçını, badımcanı, narıncı, çərkəzi, armudu, gümüşü və s.;
saitlə bitən sözlərdə bu şəkilçinin əvvəlinə y samiti artırılır: bənövşəyi, buğdayı, xurmayı, sürməyi və s.
5.3. Feil köklərindən isim və sifət düzəldən şəkilçilər:
5.3.1. kar samitlə bitən sözlərdə:
-qı, -ki, -qu, -kü şəkilçisi: asqı, seçki, pusqu, sürtkü və s.;
-qın, -kin, -qun, -kün şəkilçisi: satqın, bitkin, tutqun, ötkün və s. ;
5.3.2. cingiltili samitlə bitən sözlərdə:
-ğı, -gi, -ğu -gü şəkilçisi: çalğı, vergi, vurğu, bölgü və s.;
-ğın, -gin, -ğun, -gün şəkilçisi: qırğın, əzgin, yorğun, süzgün və s.
5.4. Rəqəmlə yazılan miqdar saylarına mənsubiyyət və hal şəkilçiləri əlavə edildikdə, şəkilçidən əvvəl defis qoyulur: 2-yə, 3-də, 5-i, 6-nın, 17-si, 20-dən. Rəqəmlərdən sonra ahəng qanununa görə sıra sayının şəkilçisi ixtisarla (-cı, -ci, -cu, -cü ) yazılır: 2-ci, 3-cü, 6-cı, 10-cu.
5.5. Roma rəqəmlərindən sonra şəkilçi yazılmır: beşinci – V, onuncu – X və s.
6. Mürəkkəb sözlərin yazılışı
6.1. Aşağıdakı hallarda sözlər bitişik yazılır:
6.1.1. bir vurğu ilə deyilən müxtəlifmənalı sözlər: arabir, balacaboy, beşillik, beşmərtəbəli, bugünkü, dilucu, əmioğlu, bacıoğlu, xalaoğlu, gülərüz, günəbaxan, hərgecəki, köhnəfikirli, qalxanabənzər, qanunvericilik, qarasaçlı, qurultayqabağı, müxtəliftərəfli, özbaşınalıq, soyuqqanlı, ucdantutma, ümumbəşəri, yenifikirli və s.;
6.1.2. eyni feil kökünün təkrarı və a, ə, ha bitişdiriciləri vasitəsilə yaranan mürəkkəb isimlər: qaçaqaç, kəsəkəs, gəlhagəl, tutatut, vurhavur və s.;
Qeyd. Sözün kökü kar samitlə bitdikdə, ahəng qanununa görə a, ə, cingiltili samitlə bitdikdə isə ha bitişdiricisi yazılır. Gethaget sözü istisnadır.
6.1.3. eyni sözün təkrarı və ba , bə bitişdiriciləri vasitəsilə yaranan mürəkkəb zərflər: addımbaaddım, aybaay, günbəgün, ilbəil və s.
6.2. Tərkibində aero-, aqro-, audio-, avia-, avto-, ekzo-, endo-, elektro-, foto-, makro-, mikro-, mini-, mono-, multi-, nano-, neo-, oksi-, oliqo-, paleo-, para-, post-, proto-, psevdo-, psixo-, stereo-, super-, tele-, termo-, trans-, ultra-, ümum- morfemləri olan mürəkkəb sözlər bitişik yazılır: aeroklub, aqromüxtəliflik, audioəlaqə, aviasalon, avtopark, endoplazma, mikrocərrahiyyə, elektromaqnit, fotoçəkiliş, miniavtobus, monopredikativ, monokristal, multimilyonçu, nanotexnologiya, nanohissəcik, neofaşizm, neorealizm, oksitetrasiklin, oliqofreniya, paleoxəritə, paramaqnetizm, postsovet, psixonevroloji, postmodernizm, prototürk, stereotəsvir, superdövlət, supermarket, teletamaşa, termoaçar, transmilli, ultrasəs, ümumbəşəri və s.
Qeyd. Bu morfemlərin bəziləri xüsusi isimlərə qoşulduqda, defislə yazılır: trans-Asiya, trans-Avropa, trans-Avrasiya, trans-Qafqaz, paleo-Azərbaycan, proto-Azərbaycan, ümum-Azərbaycan, ümum-Avropa və s.
6.3. Tərkibindəki sözlərin səciyyəsindən asılı olaraq aşağıdakı mürəkkəb sözlər defislə yazılır:
6.3.1. qoşa sözlər: adda-budda, aşıq-aşıq, az-maz, dedi-qodu, əzik-üzük, həlləm-qəlləm, kağız-kuğuz, qara-qura, qonaq-qara, sür-sümük və s .;
6.3.2. tərkibində art-, eks-, əks-, kontr-, qeyri-, ober-, veb-, vitse- morfemləri olan mürəkkəb sözlər: art-obyekt, eks-prezident , əks-səda , kontr-admiral, qeyri-adi, qeyri-iradi, ober-leytenant, veb-dizayner , veb-səhifə, vitse-admiral;
6.3.3. izafət birləşmələri: həddi-büluğ, külli-aləm, külli-ixtiyar, nöqteyi-nəzər, tərcümeyi-hal, tərzi-hərəkət və s.;
6.3.4. mürəkkəb coğrafi sözlər: cənub-qərb, şərq-qərb, şimal-şərq və s.;
6.3.5. tərkibində mənaca bir-birinə yaxın və ya əks anlayışları bildirən sözlər: ab-hava, adlı-sanlı, ağıllı-kamallı, az-çox, baş-ayaq, dərə-təpə, dinməz-söyləməz, elə-belə, gec-tez, iki-üç, naz-qəmzə, nəvə-nəticə, ölüm-itim, pis-yaxşı, söz-söhbət, təhvil-təslim, ucsuz-bucaqsız və s.;
6.3.6. ölçü vahidlərini bildirən isimlər: kiloelektron-volt, kilovat-saat, qram-kalori və s.;
6.3.7. birinci tərəfi sifətin dərəcə əlaməti kimi işlənən açıq və tünd sözlərinin, eləcə də müəyyən məna çaları bildirən ala sözünün iştirakı ilə yaranan mürəkkəb sifətlər: açıq-sarı, tünd-göy, ala-seyrək və s.
Qeyd. Tərkibində təhər morfemi olan sifətlər istisnadır: bu cür sözlər bitişik yazılır: göytəhər, sarıtəhər və s.
7. Köməkçi sözlərin yazılışı
7.1. İdi, imiş, ikən köməkçi sözləri adlardan (isim, sifət, say, əvəzlik), saitlə bitən zərflərdən və feillərdən sonra ayrı, samitlə bitən feillərdən sonra həm ayrı, həm də ilk saiti buraxılaraq, şəkilçiləşmiş variantlarda bitişik yazılır: uşaq idi, uşaq ikən, uşaq imiş, gəlirkən, gəlirmiş, gəlməli idi, gəlməli ikən, gecə idi, gecə ikən, gəlməli imiş, gəlmiş imiş, gəlmişdi və s.
Qeyd. Saitlə bitən feillərdən sonra gələn bu köməkçi sözlər ilk saiti buraxılaraq, y bitişdiricisinin əlavəsi ilə bitişik də yazıla bilər: almalıydı, gəlməliymiş, alaydı, alasıydı, gəlməliydi və s.
7.2. Qoşmalar iki cür yazılır:
7.2.1. təkhecalı qoşmalar (-can, -cən, -dək, -tək) aid olduqları sözə bitişik yazılır: dağacan, evəcən, küçəyədək, quştək və s.;
7.2.2. ikihecalı qoşmalar (ilə, kimi, qədər, ötrü, təki, üçün) aid olduqları sözdən ayrı yazılır: gəmi ilə, adam kimi, ondan ötrü, sənin təki, şagird üçün və s.
Qeyd. 1. İlə qoşması samitlə bitən sözlərdə ahəng qanununa uyğun olaraq -la, -lə şəklində bitişik yazıla bilər: qatar la , qələm lə və s.
2. Etibarilə, məqsədilə, münasibətilə, vasitəsilə sözləri bitişik yazılır.
7.3. Mənşəcə mürəkkəb olan bağlayıcılar bitişik yazılır: çünki, habelə, halbuki, həmçinin, hərçənd, hərgah, nəinki, yaxud, yainki və s.
7.4. Tərkibi bağlayıcılar və bağlayıcı sözlər ayrı yazılır: belə ki, buna görə, buna görə də, bunun üçün, bununla da, daha da, guya ki, həm də, odur ki, ona görə də, ona görə, onun üçün də, tutaq ki, və ya, və yaxud, kim ki, o zaman ki, onda ki və s.
7.5. Ədatlar aid olduqları sözlərdən ayrı yazılır: daha gözəl, dedim də, di get, ən yaxşı, gör ha, lap pis, sən ki və s.
-mı, -mi, -mu, -mü; -sana, -sənə, -ca, -cə ədatları aid olduqları sözlərə bitişik yazılır: Qəşəngdir mi ? Oxudu mu ? A kos-kosa, gəl sənə , torbanı doldur sana ! Yaxşı ca dincəldim. İndi cə gəlmişik və s.
7.6. Eyni nidanın təkrarından əmələ gələn nidalar defislə yazılır: bəh-bəh, ha-ha-ha, pəh-pəh, uy-uy, vay-vay və s.
7.7. Müxtəlif sözlərdən əmələ gələn nidalar ayrı yazılır: ay aman, ay haray.
8. Birinci hərfi böyük yazılan sözlər
8.1. Ad, soyad, təxəllüs və ləqəb bildirən sözlərin ( bəy , oğlu və qızı sözlərindən başqa) birinci hərfi böyük yazılır: Nizami Gəncəvi, İmadəddin Nəsimi, Uzun Həsən, Şah İsmayıl Xətai, Məhəmməd Füzuli, Mirzə Fətəli Axundzadə, Xan qızı Natəvan, Süleyman Sani Axundov, Üzeyir bəy Əbdülhüseyn oğlu Hacıbəyli, Mehdi Hüseynzadə, Səməd Vurğun, Süleyman Rüstəm, Bəxtiyar Vahabzadə və s.
Qeyd. Xüsusi isimlər cəm şəkilçisi qəbul etdikdə də böyük hərflə yazılır: Nizamilər, Füzulilər, Hacı Qaralar, Həzi Aslanovlar, Mehdi Hüseynzadələr və s.
8.2. Bədii əsərlərdə heyvanlara və cansız əşyalara verilən adlar böyük hərflə yazılır: Alapaça, Badə, Bəng, Bozdar, Qırat, Məstan və s.
8.3. Tarixi hadisələrin, dövrlərin, sülalələrin, eləcə də qədim yazılı abidələrin və s. adlarının birinci sözünün ilk hərfi böyük yazılır: Azadlıq meydanı, Çaldıran döyüşü, Dəmir dövrü, Orxon-Yenisey abidələri, Sasanilər dövrü, Səfəvilər sülaləsi, Şuşa qalası, Versal sülhü, Vətən müharibəsi, Yeddiillik müharibə və s. Belə mürəkkəb adlara fərqləndirici söz əlavə olunduqda, onun da birinci hərfi böyük yazılır: Orta Paleolit dövrü, Son Paleolit dövrü.
8.4. Ölkələrin, muxtar respublikaların, vilayət və diyarların rəsmi adlarının tərkibindəki bütün sözlərin ilk hərfi böyük yazılır: Azərbaycan Respublikası, Birləşmiş Ərəb Əmirlikləri, İran İslam Respublikası, Naxçıvan Muxtar Respublikası və s.
8.5. Səmavi kitabların, fəza cisimlərinin adları böyük hərflə yazılır: Quran, Bibliya, Əhdi-cədid, Əhdi-ətiq, İncil, Tövrat, Zəbur, Ülkər, Günəş, Ay, Yupiter, Saturn, Venera və s.
8.6. Ali dövlət vəzifələri – Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Azərbaycan Respublikasının Baş naziri, Azərbaycan Respublikası Milli Məclisinin sədri kimi yazılır. Dövlət orqanları (qurumları), birlik, cəmiyyət, akademiya, universitet, kollec, teatr, filarmoniya, siyasi partiya, tarixi günlər və s. bu kimi mürəkkəb adların bütün sözlərinin (adına, üzrə, və, yanında, qarşı və s. bu kimi yardımçı sözlərdən başqa) birinci hərfi böyük yazılır: Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Respublikasının Milli Məclisi, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Yeni Azərbaycan Partiyası, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Bakı Şəhər İcra Hakimiyyəti, Ağstafa Rayon Təhsil Şöbəsi və s. [3]
Qeyd. 1. Dövlət rəmzlərinin, həmçinin tərkibində gün sözü olan və təqvimə düşən əlamətdar günlərin adlarında bütün sözlər böyük hərflə yazılır: Azərbaycan Respublikasının Dövlət Himni, Beynəlxalq Ana Dili Günü, Beynəlxalq Qadınlar Günü, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və s. [4]
2. Məşhur tarixi gün və bayram adlarında yalnız birinci sözün ilk hərfi böyük yazılır: İyirmi yanvar, İyirmi səkkiz may, Səkkiz mart, Qurban bayramı, Novruz bayramı və s. Həmin günlər rəqəmlə göstərilərsə, 20 Yanvar, 28 May, 8 Mart və s. rəqəmdən sonrakı birinci sözün ilk hərfi böyük yazılır.
3. Azərbaycan Respublikasının səhiyyə naziri, Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri tipli mürəkkəb adlarda sahə (səhiyyə) və vəzifə (nazir) bildirən sözlər kiçik hərflə yazılır. [5]
4. Tərkibində lisey, gimnaziya, vəqf, məktəb, fakültə, şöbə sözləri olan mürəkkəb adlarda ilk söz böyük, sonrakı sözlər kiçik hərflə yazılır: Avropa liseyi, Dəyanət vəqfi, Humanitar fənlər gimnaziyası, Humanitar siyasət məsələləri şöbəsi, Uşaq-gənclər şahmat məktəbi, BDU-nun Filologiya fakültəsi, Nəsimi adına Dilçilik İnstitutunun Terminologiya şöbəsi və s.
5. Tərkibində okean, dəniz, çay, göl, şəhər, rayon, qəsəbə, kənd, prospekt, meydan, küçə, xiyaban, saray, qala, türbə, qoruq, boğaz, düz, ada, burun, körpü, düzənlik, dağ, səhra, dərə sözləri olan adlarda ilk söz böyük hərflə yazılır: Sakit okean, Xəzər dənizi, Qara dəniz, Kür çayı, Baykal gölü, Bakı şəhəri, Salyan rayonu, Şüvəlan qəsəbəsi, Hökməli kəndi, Neftçilər prospekti, Azadlıq meydanı, Əhməd Cavad küçəsi, Şəhidlər xiyabanı, Səadət sarayı, Ramana qalası, Möminə xatun türbəsi, Şirvan qoruğu, Dardanel boğazı, Mil düzü, Nargin adası, Xudafərin körpüsü, Culfa düzənliyi, Kəpəz dağı, Qaraqum səhrası, İynə burnu.
8.7. Fəxri adların özək hissəsini təşkil edən ilk söz böyük hərflə, sonrakı sözlər kiçik hərflə yazılır: Əməkdar müəllim, Əməkdar incəsənət xadimi, Xalq şairi və s.
Qeyd. Azərbaycanın Milli Qəhrəmanı, Sovet İttifaqı Qəhrəmanı mürəkkəb adlarında hər üç söz böyük hərflə yazılır.
8.8. Orden, medal, bədii əsər, opera, balet, kinofilm, qəzet, jurnal, kinoteatr, mehmanxana, nəşriyyat, kafe, restoran və s. adları dırnaqda və birinci sözü böyük hərflə yazılır: “Vətənə xidmətə görə” ordeni, “Dövlət qulluğunda fərqlənməyə görə” medalı , “Ata və oğul” povesti, “Yeddi gözəl” baleti, “Uzaq sahillərdə” filmi, “Azərbaycan” qəzeti, “Cücələrim” kafesi, “Bahar” mağazası, “Badamlı” mineral suyu və s. [6]
Qeyd. Dırnaqda yazılan belə adlara artırılan şəkilçi dırnaqdan kənarda yazılır: “Xalq qəzeti”nin bugünkü nömrəsi, “Yeddi gözəl”in ilk tamaşası və s.
8.9. Mirzə, hacı, şeyx, seyid, şah, sultan, bəyim və s. sözlər rütbə, ləqəb və titul bildirib, aid olduğu sözlərdən əvvəl gəldikdə böyük hərflə, sonra gəldikdə isə kiçik hərflə yazılır: Hacı Qara, Mirzə Fətəli, Nadir şah, Seyid Əzim, Sultan Süleyman, Şah İsmayıl, Şeyx Nəsrullah və s.
Qeyd. Ağa, bəy, xan, xanım sözləri insan adlarının tərkib hissəsi kimi işləndikdə bitişik yazılır: Ağacavad, Ağabəy, Əlibəy, Xanoğlan, Böyükxanım və s. Həmin sözlər adlara qoşularaq titul kimi və ya hörmət məqsədilə işləndikdə isə ayrı yazılır: Abbasqulu ağa Bakıxanov, Nəcəf bəy Vəzirov, Fətəli xan Xoyski, Fatma xanım Kəminə və s.
9. İxtisarlar (akronimlər) və qısaltmalar [7]
9.1. İxtisarlar (akronimlər) və qısaltmalar aşağıdakı kimi yazılır: [8]
9.1.1. tam ixtisarlar (akronimlər) və qısaltmalar aid olduqları sözlərə uyğun olaraq böyük hərflə yazılır: Azərbaycan Respublikası – AR, Birləşmiş Millətlər Təşkilatı – BMT, Milli Məclis – MM və s.; [9]
9.1.2. tam ixtisarlar ümumi isimlərə aid olduqda kiçik hərflə yazılır: metr – m, cild – c, və sairə – və s., və başqaları – və b.;
9.1.3. yarımçıq ixtisarlar aid olduqları sözlərə uyğun olaraq, böyük və ya kiçik hərflərlə, mürəkkəb adların tərkib hissələri isə bitişik yazılır: akademik – akad., doktor – dok., dosent – dos., professor – prof., Azərbaycan Dövlət Nəşriyyatı – Azərnəşr və s. [10]
9.2. İxtisarlara (akronimlərə) əlavə edilən şəkilçilər son səsin tələffüzünə uyğun olaraq yazılır: AMEA-dan, MDB-nin, UNESCO-nun, ISESCO-da , BDU-ya və s. [11]
10. Sözün sətirdən sətrə keçirilməsi
10.1. Sözlər sətirdən sətrə hecalarla keçirilir: və-tən, mək-təb-li-lər və s.
Sözün bir saitdən ibarət olan hecasını sətrin sonunda saxlamaq və ya yeni sətrə keçirmək olmaz: a-ilə, a-zadlıq, iddi-a və s. Bu qəbildən olan sözlər sətirdən sətrə bu şəkildə keçirilir: ai-lə, azad-lıq, id-dia və s.
10.2. Saylar rəqəmlə yazıldıqda, onlara artırılan şəkilçilər sətirdən sətrə keçirilmir: 5-cilər, 7-ci, 9-da və s.
10.3. Mürəkkəb ixtisarlar və onlara artırılan şəkilçilər sətirdən sətrə keçirilmir.
10.4. Ad və ata adlarının bir hərfdən ibarət qısaltmalarını ( M.F.Axundzadə, M.S.Ordubadi, Y.V.Çəmənzəminli və s.) sətrin sonunda saxlamaq olmaz.
10.5. Durğu işarələri yeni sətrə keçirilmir.
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1. 3 noyabr 2020-ci il tarixli 438 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ( “Xalq” qəzeti, 4 noyabr 2020-ci il, № 229, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 11, maddə 1382)
QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1] 3 noyabr 2020-ci il tarixli 438 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ( “Xalq” qəzeti, 4 noyabr 2020-ci il, № 229, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 11, maddə 1382) ilə “Azərbaycan dilinin Orfoqrafiya Normaları”nın 4.6-cı bəndinə “alınma sözlər” sözlərindən sonra “(apellyasiya, attestasiya və akkreditasiya sözləri istisnadır)” sözləri əlavə edilmişdir və həmin bənddən “, apelyasiya” sözü çıxarılmışdır.
[2] 3 noyabr 2020-ci il tarixli 438 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ( “Xalq” qəzeti, 4 noyabr 2020-ci il, № 229, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 11, maddə 1382) ilə “Azərbaycan dilinin Orfoqrafiya Normaları”nın 4.10-cu bəndində “stres.” sözü “stres və s.” sözləri ilə əvəz edilmişdir.
[3] 3 noyabr 2020-ci il tarixli 438 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ( “Xalq” qəzeti, 4 noyabr 2020-ci il, № 229, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 11, maddə 1382) ilə “Azərbaycan dilinin Orfoqrafiya Normaları”nın 8.6-cı bəndinin birinci abzası yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
8.6. Yüksək dövlət vəzifələri ( Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikasının Baş Naziri, Azərbaycan Respublikası Milli Məclisinin Sədri ), nazirlik, komitə, birlik, cəmiyyət, qurum, akademiya, universitet, texnikum, teatr, filarmoniya, siyasi partiya, eləcə də tarixi günlərin və s. mürəkkəb adların tərkibindəki bütün sözlərin ( adına, üzrə, yanında, qarşı kimi yardımçı sözlərdən başqa) birinci hərfi böyük yazılır: Azərbaycan Respublikasının Milli Məclisi, Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Yeni Azərbaycan Partiyası, Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyası, Azərbaycan Dövlət Nəşriyyatı, Bakı Şəhər İcra Hakimiyyəti, Ağstafa Rayon Təhsil Şöbəsi və s.
[4] 3 noyabr 2020-ci il tarixli 438 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ( “Xalq” qəzeti, 4 noyabr 2020-ci il, № 229, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 11, maddə 1382) ilə “Azərbaycan dilinin Orfoqrafiya Normaları”nın 8.6-cı bəndin “Qeyd”inin 1-ci hissəsində “Tərkibində” sözü “Dövlət rəmzlərinin, həmçinin tərkibində” sözləri ilə əvəz edilmişdir və həmin hissəyə “yazılır:” sözündən sonra “Azərbaycan Respublikasının Dövlət Himni,” sözləri əlavə edilmişdir.
[5] 3 noyabr 2020-ci il tarixli 438 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ( “Xalq” qəzeti, 4 noyabr 2020-ci il, № 229, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 11, maddə 1382) ilə “Azərbaycan dilinin Orfoqrafiya Normaları”nın 8.6-cı bəndin “Qeyd”inin 3-cü hissəsi yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
3. Azərbaycan Respublikasının Səhiyyə naziri, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri tipli mürəkkəb adlarda sahə bildirən söz ( Səhiyyə ) böyük, vəzifə bildirən söz ( nazir ) kiçik hərflə yazılır.
[6] 3 noyabr 2020-ci il tarixli 438 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ( “Xalq” qəzeti, 4 noyabr 2020-ci il, № 229, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 11, maddə 1382) ilə “Azərbaycan dilinin Orfoqrafiya Normaları”nın 8.8-ci bəndinə “dırnaqda və” sözlərindən sonra “birinci sözü” sözləri əlavə edilmişdir və həmin bənddə “İstiqlal” ordeni, “Azərbaycan Bayrağı” ordeni” sözləri “Vətənə xidmətə görə” ordeni, “Dövlət qulluğunda fərqlənməyə görə” medalı” sözləri ilə əvəz edilmişdir.
[7] 3 noyabr 2020-ci il tarixli 438 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ( “Xalq” qəzeti, 4 noyabr 2020-ci il, № 229, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 11, maddə 1382) ilə “Azərbaycan dilinin Orfoqrafiya Normaları”nın 9-cu hissəsinin adı yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
9. İxtisar və qısaltmalar
[8] 3 noyabr 2020-ci il tarixli 438 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ( “Xalq” qəzeti, 4 noyabr 2020-ci il, № 229, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 11, maddə 1382) ilə “Azərbaycan dilinin Orfoqrafiya Normaları”nın 9.1-ci bəndində “İxtisar və qısaltmalar” sözləri “İxtisarlar (akronimlər) və qısaltmalar” sözləri ilə əvəz edilmişdir.
[9] 3 noyabr 2020-ci il tarixli 438 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ( “Xalq” qəzeti, 4 noyabr 2020-ci il, № 229, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 11, maddə 1382) ilə “Azərbaycan dilinin Orfoqrafiya Normaları”nın 9.1.1-ci yarımbəndinə “ixtisarlar” sözündən sonra “(akronimlər)” sözü əlavə edilmişdir.
[10] 3 noyabr 2020-ci il tarixli 438 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ( “Xalq” qəzeti, 4 noyabr 2020-ci il, № 229, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 11, maddə 1382) ilə “Azərbaycan dilinin Orfoqrafiya Normaları”nın 9.1.3-cü yarımbəndində “böyük və” sözləri “böyük və ya” sözləri ilə və “Azərbaycan Nəşriyyatı” sözləri “Azərbaycan Dövlət Nəşriyyatı” sözləri ilə əvəz edilmişdir.
[11] 3 noyabr 2020-ci il tarixli 438 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ( “Xalq” qəzeti, 4 noyabr 2020-ci il, № 229, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 11, maddə 1382) ilə “Azərbaycan dilinin Orfoqrafiya Normaları”nın 9.2-ci bəndə “İxtisarlara” sözündən sonra “(akronimlərə)” sözü əlavə edilmişdir və həmin bənddə “UNESKO-nun, İSESKO-da” sözləri “UNESCO-nun, ISESCO-da” sözləri ilə əvəz edilmişdir.
Comments are closed, but trackbacks and pingbacks are open.