Oğuznamə
Seyfəddin Rzasoy. Əbülqazi «Oğuznamə»sində mif və ritual, Bakı, “Nurlan”, 2013, 172 səh.
Kitabda XVII əsr oğuz-türkmən tarixçisi Əbülqazi Bahadır xanın «Şəcəreyi-tərakimə» («Türkmənlərin şəcərəsi») əsərindəki «Oğuznamə» əsasında oğuzların mif və ritualları tədqiqə cəlb olunmuşdur. Bu tədqiqat müəllifin Oğuz mifologiyasının bərpası istiqamətində ardıcıl şəkildə apardığı araşdırmaların tərkib hissəsidir. Müəllifin «Oğuz mifinin transformativ paradiqmalar sistemi» kimi götürdüyü «Oğuznamə» eposunun Əbülqazi variantı mif və ritualların zənginliyi ilə seçilir. Struktur-semiotik metodla həyata keçirilmiş bu tədqiqat mütəxəssislər üçün nəzərdə tutulmuşdur.
R 4603000000 Ãðèôëè íÿøð
Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu seyfəDDİn rzasoy əBÜlqazi «OĞuznamə»SİNDƏ
Seyfəddin Rzasoy. Əbülqazi «Oğuznamə»sində mif və ritual, Bakı, “Nurlan”, 2013, 172 səh.
Kitabda XVII əsr oğuz-türkmən tarixçisi Əbülqazi Bahadır xanın «Şəcəreyi-tərakimə» («Türkmənlərin şəcərəsi») əsərindəki «Oğuznamə» əsasında oğuzların mif və ritualları tədqiqə cəlb olunmuşdur. Bu tədqiqat müəllifin Oğuz mifologiyasının bərpası istiqamətində ardıcıl şəkildə apardığı araşdırmaların tərkib hissəsidir. Müəllifin «Oğuz mifinin transformativ paradiqmalar sistemi» kimi götürdüyü «Oğuznamə» eposunun Əbülqazi variantı mif və ritualların zənginliyi ilə seçilir. Struktur-semiotik metodla həyata keçirilmiş bu tədqiqat mütəxəssislər üçün nəzərdə tutulmuşdur.
R 4603000000 Ãðèôëè íÿøð
© Seyfəddin Rzasoy, 2013
BİSMİLLAHİR-RƏHMANİR-RƏHİM
BİRİNCİ FƏSİL
«OĞUZ MİFİ» VƏ «OĞUZNAMƏ» EPOSU ANLAYIŞLARI
§ 1. «Oğuz mifi» anlayışı
«Oğuz mifi» çoxmənalı anlayışdır. Onun məna səviyyələri biri-biri ilə əlaqədar, biri digərini şərtləndirən sistem təşkil edir. Sistem elementlərinin münasibətlər dialektikasının, funksional hərəkətinin əsasında «mif-mifologiya» münasibətlərinin kateqorial münasibətlər semantikası durur.
A.K.Bayburin yazır: «Mif» iki əsas mənada işlədilən termindir:
1) sözlü təhkiyə mətni kimi;
2) dünya haqqında təsəvvürlər sistemi (dünya modeli) kimi.
«Mif» birinci halda sintaqmatik, ikinci halda paradiqmatik planda başa düşülür. «Mif» sintaqmatik vahid kimi (mədəniyyətin başqa mətnləri – ritual, sosial institutlar, maddi mədəniyyət elementləri və s. ilə bir sırada) mənaların paradiqması olan «mif»in gerçəkləşməsinin ayrıca halı kimi çıxış edir. «Mif»in birinci və ikinci mənaları arasında olan fərq «mif» ilə «mifologiya» arasında olan fərqlə eyni deyildir. Ona görə ki, «mifologiya» adı altında mifin bir sistem (dünya modeli sistemi – S.R.) olması yox, (sintaqmatik) təhkiyə vahidləri olan miflərin sistemi başa düşülür» 1 .
Y.M.Meletinski yazır ki, «mif» yunan sözü olub, hərfən, rəvayət, söyləmə anlamını bildirir. Adətən, tanrılar, ruhlar, ilahiləşdirilmiş, yaxud öz mənşəyi etibarilə tanrılarla əlaqəli olan qəhrəmanlar, ilk zamanda fəaliyyət göstərmiş, dünyanın, onun təbii və mədəni elementlərinin yaradılmasında birbaşa, yaxud dolayısı ilə iştirak etmiş ilk əcdadlar haqqında əhvalatlar nəzərdə tutulur. Mifologiya həm tanrılar və qəhrəmanlar haqqında belə əhvalatların məcmusu, həm də eyni zamanda dünya haqqında fantastik təsəvvürlərin sistemidir. Miflər haqqında elmi də mifologiya adlandırırlar 2 .
M.Eliade göstərir ki, «mifin elə bir tərifini tapmaq mümkün deyildir ki, həm bütün alimlər tərəfindən qəbul edilsin, həm də mütəxəssis olmayanlar üçün də anlaşıqlı olsun. Bununla bərabər, bütün arxaik və ənənəvi cəmiyyətlərdəki bütün mifləri və onların bütün funksiyalarını əhatə edən universal tərifi tapmaq mümkündürmü? Mif mədəniyyətin fövqəladə dərəcədə mürəkkəb gerçəklərindən biridir. Onu ən çoxsaylı və biri-birini tamamlayan aspektlərdə öyrənmək və şərh etmək olar. Mənə elə gəlir ki, aşağıdakı tərif daha yatımlı olacaqdır. Ona görə ki, o, bizi maraqlandıran məsələni geniş şəkildə əhatə edir: mif müqəddəs tarixi bəyan edir, «bütün başlanğıcların başlanğıcı olan» yaddaşaqədərki (tarixəqədərki – S.R.) zamanda baş vermiş hadisələr haqqında danışır. Mif nəql edir ki, reallıq hər şeyi bütünlükdə ehtiva edən dünya, kosmos şəklində, yaxud təkcə onun fraqmentləri (adaların, bitki aləminin, insan davranışı, yaxud dövlət qurulması) şəklində olmasından asılı olmayaraq, fövqəladə varlıqların igidlikləri sayəsində öz təcəssümünü, gersəkləşməsini necə tapmışdır. Bu, həmişə hansısa «yaradılış» haqqındakı hekayədir. Bizə xəbər verilir ki, nə necə baş verib və biz mifdə bu «nə isənin» mövcudluğunun qaynaqlarına yaxın oluruq. Mif baş verənlər haqqında həmişə həqiqəti danışır. » 3 . M.İ.Steblin-Kamenskinin yazdığı kimi, «. mif nə dərəcədə qeyri-həqiqət olmasından asılı olmayaraq, yarandığı və yaşadığı yerdə həqiqət kimi qəbul olunan hekayədir» 4 . Yaxud K.Levi-Strosun təsbit etdiyi kimi, «. mif nə qədər ki, mif kimi qavranılır, o, mif olaraq qalır» 5 .
Beləliklə, mif bir halda sözlü mətn – dünyanı söz vasitəsi ilə təsvir edən təhkiyə bütövü (sistemi), başqa halda gerçəkliyin mifoloji şüurdakı obrazlaşmış təsəvvürlər sistemi – dünya modelidir. Bu halda «mif-mifologiya» münasibətləri ilk baxışdan sadə görünsə də, kifayət qədər mürəkkəb terminoloji sistemi təşkil edir. A.K.Bayburinin ümumiləşdirdiyi kimi, «mifologiya» bir neçə mənada işlədilən anlayışdır:
1. Bir mədəni-tarixi ənənəyə məxsus olan miflərin (söyləmələrin) toplusu.
2. Dünya qavrayışının xüsusi forması. «Mifiologiya» bu mənasında paradiqmatik aspektdə götürülən «mif» anlayışına yaxın, hətta eyni mənadadır. Dünyanın mifoloji mənzərəsi (dünya modeli – S.R.) miflərin toplusu olan «mifologiya» və mif-təhkiyə ilə məzmun planının ifadə planına münasibəti nisbətində əlaqələnir.
3. Mifləri və mifoloji sistemləri öyrənən elmi fənn 6 .
Deyilənlərin axarında görürük ki, paradiqmatik mənada götürülən «mif» və «mifologiya», demək olar ki, eyni anlamı ifadə edir. Başqa sözlə, oğuzların qavrayıb obrazlaşdırdıqları dünyanın şüurdakı modeli olan «oğuz mifi» və «oğuz mifologiyası» eyni anlamdadır.
Şüurdakı modelin sintaqmatik gerçəkləşməsi olan sözlü mətn – təhkiyə mənasında olan «mif» ilə həmin mif-təhkiyələrin toplusu olan «mifologiya»nın mənaları biri-biri ilə kəsişsə də, eyni deyildir. Şüurda olan mifoloji dünya modeli söz kodu vasitəsi ilə «mif-mətn»də reallaşır. Bu «mif-mətn» öz daxili məzmunu etibarilə dünya modelini özündə ehtiva edən sintaqmatik sistemdir. Bu «mif-mətn»lərin cəmindən toplu halına gələn «mifologiya» da sistemdir. Lakin o, hər hansı etnik-mədəni ənənənin miflərini vahid münasibətlər sistemində birləşdirən sistemdir. Burada təkin ümumiyə münasibəti var. Ümumi təklərdən təşkil olunduğu, tək ümuminin əlamətlərini daşıdığı halda, (damla dəniz suyunun keyfiyyətlərinə malik olsa da, heç vaxt dənizi əvəz edə bilmədiyi kimi) tək (mif-mətn) də heç vaxt ümuminin (miflərin sistemi olan mifologiyanın) ekvivalenti ola bilmir. Bu halda sintaqmatik «mif» və onların toplusu olan «mifologiya» ifadə planları nisbətində olub, məzmun planı olan «mif-dünya modelinin» müxtəlif təzahür-ifadə səviyyələrini təşkil edir. Başqa sözlə, «mif-sintaqm» və «mifologiya-sintaqm» öz aralarında vahid məzmunun ifadələnməsinin fərqli pillələri nisbətindədir.
Qeyd edək ki, bu universal sxemin «oğuz mifi» və «oğuz mifologiyası» anlayışlarına tətbiqi xüsusi əsaslandırma tələb edir. Əks halda, əldə olunan nəticələr mexaniki yanaşmanın məhsulu ola bilər. Çünki paradiqmatik «oğuz mifi» anlayışı «Oğuz kağan» mifində bir sintaqmatik reallıq (sözlü təhkiyə mətni) kimi mövcuddur. Təbii ki, bu sintaqmatik mətn reallığından «oğuz dünya modeli» avtomatik hasil olur. Çünki əvvəlki tədqiqatlarımızda apardığımız ümumiləşdirməyə görə, «mif bir tərəfdən düşüncə vahidi, mifopoetik təfəkkürün işi, qavrayış, obrazlaşdırma üsulu, simvollaşdırma, yaxud V.N.Toporovun dediyi kimi, «dünya təəssüratı, dünyanı onunla əlaqə prosesində yaşantı» 7 , dünya duyumudur. O biri yandan isə mif düşüncə hadisəsi olan dünya modelinin müxtəlif mətnlərdə reallaşmasıdır. Bu mənada, şüurda modelləşən dünya «ikinci modelləşdirici sistemlərdə», yəni «dilin əsasında (birinci sistem) yaranan» və «əlavə olaraq xüsusi tipli ikinci struktur alan» 8 işarələr sistemlərində – mətnlərdə maddiləşir. Bu mətnlərin çeşidi genişdir: mifopoetik çağın dünyanı qlobal qatlardan qavrayan sözlü təhkiyə mətnləri – kosmoqonik, etnoqonik və təqvim mifləri, ritual və mərasimlər, ictimai təsisatlar, maddi mədəniyyət abidələri, ibtidai incəsənət və s. Başqa sözlə, dünya modeli dil hərəkət, jest, naxış, ictimai ierarxiya və s. kodlarla ifadə olunaraq gerçəkləşdirdiyi obyekti işarələrin düzümündən ibarət «mətnə» çevirir 9 . V.V.İvanov və V.N.Toporov yazırlar ki, dünya modeli insan davranışının müxtəlif formalarında və bu davranışın nəticələrində gerçəkləşir və «hər hansı belə gerçəkləşmə mətn adlanır» 10 .
Beləliklə, «Oğuz kağan» mifi sintaqmatik təhkiyə mətni kimi bütün hallarda paradiqmatik «oğuz mifinin» – oğuz dünya modelinin söz kodu vasitəsi ilə reallaşmış mətn hadisəsidir. Sintaqmatik «Oğuz (kağan) mifi» varsa, demək «oğuz» adı ilə işarələnən dünya modeli – şüurda mövcud olan təsəvvürlər sistemi avtomatik olaraq vardır. Oğuz dünya modeli gerçəkliyi qavrayışın xüsusi formasıdır və o, özünün bu mənasında həm də «oğuz mifologiyasıdır». Paradiqmatik «mif» və gerçəkliyin xüsusi qavrayış forması olan «mifologiya» yaxın, hətta eyni anlayışlardır. Başqa sözlə, sintaqmatik «oğuz mifi» «Oğuz kağan» sözlü təhkiyə mətninin simasında paradiqmatik «oğuz mifinin» varlığını, o da öz növbəsində onunla eynimənalı olan «oğuz mifologiyasının» varlığını məntiqi olaraq şərtləndirir. Lakin «oğuz mifologiyası» anlayışının təhkiyə mətnlərinin – mifoloji hekayətlərin toplusu mənasında elmi dövriyyəyə daxil edilməsi əsaslandırma tələb edir. Çünki bunun üçün öncə mətnlərin (təklərin) birləşməsindən əmələ gələn sistemi (ümumini) bərpa etmək lazımdır. Həmin bərpa həm də «oğuz mifologiyasının» «türk mifologiyasının» diferensial-sinxron ekvivalenti (yandaşı), yaxud diferensial-diaxron paradiqması (törəməsi) olduğunu aydınlaşdıra bilər.
«Oğuz mifi» anlayışı haqqında apardığımız araşdırmaların monoqrafik nəticələrində daim təkmilləşdirmə yolu ilə təsbit etdiyimiz tezislərə görə 11 , oğuz mifi sintaqmatik mətn hadisəsi olaraq ümumi türk mifinin diferensial mətn tipidir.
Qeyd olunduğu kimi, mif düşüncə və mətn hadisəsidir. Bu, uyğun olaraq, mifin paradiqmatik və sintaqmatik səviyyələri deməkdir. Oğuz mifinin sintaqmatik mətn paradiqmaları geniş mətnlər korpusu ilə təmsil olunur. Həmin mətnlər onu şərtləndirən təsvir kodu, janr sistemi və s. baxımından əlvan və dolğun struktura malikdir. Təkcə oğuz eposu («Oğuznamə») onu təşkil edən mətnlərin janr sistemi və kəmiyyət göstəriciləri baxımından oğuz mifinin sintaqmatik hadisə kimi arxetipik əzəmətini tam görməyə imkan verir. Bununla bərabər, oğuz mifinin sintaqmatik mətn korpusu bütövlükdə türk mifologiyasının sintaqmatik struktur tipini təşkil edir. Oğuz mif mətnlərinin türk mifinə münasibəti birincinin sintaqmatik paradiqmalar kimi ikincinin metainvariantının diferensial tipini təşkil etməsi şəklindədir. Başqa sözlə, Oğuz mifinin sintaqmatik mətn korpusu ümumi türk mifi çevrəsində onun sintaqmatik nüvəsini təşkil etmiş, «oğuz» diferensial işarəsi ilə funksionallaşmışdır.
Oğuz mifi düşüncə hadisəsi olaraq türk mif metamodelinin paradiqmasıdır. Başqa sözlə, oğuz mifoloji mətnləri türk mifologiyasının mətn korpusunun struktur hadisəsini təşkil etdiyi kimi, oğuz mifoloji düşüncəsi də türk mifologiyasının struktur nüvəsində dayanır. Türk mifoloji düşüncəsi ümumi türk etnosunun etnik struktur əlvanlığını özündə mif kodu ilə işarələmiş, inikas etmişdir. Ümumtürk etnosunun etnik struktur əlvanlığı onun mifoloji düşüncəsinin strukturunun təşkilini şərtləndirmişdir. Bu baxımdan, oğuz mifoloji düşüncəsi bir tərəfdən türk mifoloji düşüncə invariantının paradiqması, o biri tərəfdən türk mif metamodelinin tərkibini təşkil etmiş struktur tipidir.
§ 2. «Türk mif metamodeli» anlayışı
Burada «türk mif metamodeli» ifadəsi özünə münasibətdə xüsusi yanaşma tələb edir. Bu ifadənin epistemoloji nüvəsini «dünya modeli»nin «meta» təyini, yəni «model»in «metamodel»ləşməsi təşkil edir. «Meta» təyini semiotik tədqiqatlarda, əsasən, «metadil» anlayışında işlənir. Bu cəhətdən «model» anlayışının bizim tərəfimizdən «metamodelləşdirilməsi» onun «metadil» anlayışı ilə müqayisədə öyrənilməsini tələb edir.
Y.M.Lotman mədəniyyətin tipoloji cəhətdən təsvirinin metadili haqqındakı araşdırmasında metadili bu və ya digər mədəniyyətin onda mövcud olan məkani təsəvvürləri baxımından səciyyələndirərək belə hesab etmişdir ki, məkanın mədəniyyət tipi ilə əhəmiyyətli münasibətləri kontekstində başa düşülməsi zamanı «məkan modelləri bir metadil kimi çıxış edir» 12 .
Burada «məkanın mədəniyyət tipi ilə əhəmiyyətli münasibətləri» dedikdə Lotman verilmiş mədəniyyətin strukturunun – kosmik xronotopunun (məkan-zaman sisteminin) ən əhəmiyyətli layı olan məkan qatı nəzərdə tutmuşdur. Belə ki, mədəniyyətin təşkilolunma materialından asılı olmayaraq, o, bir məkan sistemidir; məkani struktura malikdir və bu mənada həmin mədəniyyət tipinin strukturunu şərtləndirən, müəyyənləşdirən məkan modelləri, mədəniyyət məkanının təşkilolunma sxemləri onun ifadələnməsinin metadili statusundadır. Başqa sözlə desək, hər hansı konkret mədəniyyət tipinin məkanının quruluş modelləri həmin tipi ən ümumi şəkildə təsvir edən metadildir.
A.F.Losev Lotmanın yuxarıdakı fikrini şərh edərək yazır: «Başqa sözlə, verilmiş mədəniyyətin məkani səciyyəsi məkanın ümumiyyətlə mövcudluğunu nəzərdə tutduğu kimi, məhz verilmiş mədəniyyət tipinin məkanını da nəzərdə tutur» 13 .
Lakin Losev Lotmanın «metadil» anlayışını «mədəniyyətin məkanı» anlayışının ümumi və konkret (verilmiş mədəniyyət tipi) səviyyələrinə bönməsini artıq hesab edərək öncə «metadil»ə belə bir tərif verir: «Az anlaşıqlı olan «metadil» termini verilmiş əşyanın, sadəcə, ən ümumi formada (ən ümumi elementlər səviyyəsində – S.R.) təsvirindən başqa bir şey deyildir» 14 . Müəllif ardı ilə yazır: «Əgər hər bir kəsə əvvəlcədən məlumdursa ki, məkanın müxtəlif tiplərinin müəyyən edilməsi məkanın nə demək olduğunu bildiyimiz halda mümkündür, onda bu halda «məkanın metadili» anlayışını işlətməyə dəyərmi?» 15 . Başqa sözlə, Losevə görə, məkanın daha konkret (dar) olan müxtəlif tiplərini müəyyənləşdirmək üçün biz öncə ümumiyyətlə məkan anlayışının nə olduğunu bilməliyik. Və biz bu ən ümumi məkan anlayışını biliriksə, onda konkret mədəniyyət tipinin ən ümumi səciyyəsi olan «metadil» anlayışını işlətməyə ehtiyac yoxdur. Losevin fəlsəfi məntiqincə, bizə tipindən asılı olmayaraq qabaqcadan məlum olan məkan anlayışı elə həmin metadildir və bu halda konkret mədəniyyət tipinin metadili anlayışına ehtiyac qalmır.
Təbii ki, görkəmli filosof ümumiyyətlə məkan (ümumi) və konkret məkan (tək) arasında olan fərqi unuda bilməzdi. O yazır ki, «verilmiş mədəniyyət tipinin «metadili» özünü həmin tipin müxtəlif sahələrində, başqa sözlə, daha az ümumiliyə malik olan «mətnlərində» fərqli şəkillərdə və tamamilə özünəməxsus olaraq təzahür etdirir» 16 . Başqa sözlə, mədəniyyətin ümumi anlayışı (metadili) xüsusi hallarda (konkret tiplərdə) konkret özünəməxsusluq kəsb edir.
Qeyd edək ki, Losevin Lotmanla mübahisəsinin mahiyyətini «metadil» anlayışının idrakının (dərk edilməsinin) məntiqə uyğun olub-olmaması təşkil edir və həmin mübahisə məhz bu mənasında bizim üçün aktual deyil. Burada əsas olan «metadil» anlayışına verilən izahlarla «metamodel» anlayışının semantikasına yol açmaqdır. «Oğuz mifi» ilə «türk mifi»nin münasibətlərində «metamodel» anlayışı, fikrimizcə, həlledici məntiqi açar rolunu oynayır.
Beləliklə, «metadil» M.Y.Lotmana görə, ümumiyyətlə, mədəniyyət tipinin məkani struktur modelidir. Bu halda o, modeldir: tipin məkan elementləri vasitəsi ilə təsvir olunduğu sistemdir.
A.F.Losevə görə, «metadil» əşyanın ən ümumi formada təsviridir. Bu halda da o, modeldir. Əşyanın ən ümumi təsviri onun struktur modelidir.
Göründüyü kimi, «metadil» bütöv varlığın, yaxud onun hər hansı tərkib ünsürünün modelidir. Bu halda mifoloji dünya modeli elə dünyanın mifoloji şüurda işarələr vasitəsi ilə təsvir olunduğu metadildir. Bu halda sual meydana çıxır: «metadil» «model»dirsə, onda «metamodel» anlayışına ehtiyac qalırmı? Bizcə, qalır.
Belə hesab edirik ki, türk mif «modeli» ilə türk mif «metamodeli» arasında fərqin olması (yaxud bu anlayışların işlədilməsi) «oğuz» mifinin kateqorial-epistemoloji mahiyyətinin bir sistem kimi aydınlaşdırılması baxımından zəruridir.
«Türk mifi» anlayışını üç mənada işlətmək mümkündür:
1. Mifoloji şəcərədə Yafəsin oğlu Türk haqqındakı sintaqmatik mif-mətn;
2. Türk mifoloji düşüncə universumu (mif vahidi) anlamında olan paradiqmatik türk mifi (dünya modeli);
3. Türk etnokosmik anlayışını təşkil edən bütün türk xalqlarının miflərini (sintaqmatik, yaxud paradiqmatik səviyyədə olmasından asılı olmayaraq) vahid modeldə birləşdirən ümumi mif tipi (həm sintaqmatik, həm də paradiqmatik mənada).
Bu üç məna qatının biri-birindən ayrılmaz olması (birinin varlığının digərləri ilə şərtlənməsi) «oğuz mifi»ni «türk mifi»nin hər üç anlamı ilə əlaqələndirsə də, bizim üçün mühüm olan «oğuz mifi» anlayışının ümumi türk mif tipindəki yeridir. Burada iki əsas sual var:
1. Bu iki mif modelindən hansı arxetip, hansı törəmədir?
2. Hər iki mif modeli daha ümumi invariantı, başqa sözlə, metamodeli əks etdirirmi?
Burada kateqorial-epistemoloji əyarlandırma ona görə vacibdir ki, «türk» adı sinxron aspektdə həm bütün türk adlandırılan xalqlarının etnokosmik universumu, həm də diaxron aspektdə oğuzlara sonradan verilmiş addır. Biz burada türk etnoonomastik tarixinin dialektik məntiqini (təbii-ilahi bakirəliyini) qoruyaraq daşlaşmış ənənədə nominativ yeniliklərin edilməsini (əslində, ziddiyyətlərin yaradılmasını) artıq hesab edirik. Bu mənada, «türk mif metamodeli» anlayışının daxil edilməsi «oğuz mifi» və «türk mifi» anlayışlarını bir təhlil müstəvisinə gətirmək üçün kontekst verir. Bu halda bir daha təsdiq edirik ki, oğuz mifi düşüncə hadisəsi olaraq türk mif metamodelinin paradiqmasıdır. Türk mif metamodeli bütün türk xalqlarının mifoloji mətnlərində mövcud olan dünya modellərini vahid sistemdə birləşdirməklə oğuz mifini də öz içinə alır və bununla da metodoloji dolaşıqlığın aradan qaldırılması, həmçinin bu sahədə perspektiv tədqiqatlar üçün kontekst verir.
Əlbəttə, burada məsələnin mahiyyəti heç də oğuz türklərinin sonradan türk adı ilə tanınması ilə bağlı deyildir. Dil ailəsində etnik ümumilik mərhələsinin adı həmişə törəmələrdən birinə miras qalır. Bizim fikrimizcə, oğuz mifinə münasibətdə məsələ daha fərqlidir. Söhbət oğuz mifinin türk mifinin nüvəsini təşkil etməsi, yaxud oğuz mifologiyasının struktur muxtariyyətinin tarixi-mədəni mahiyyətindən gedir. Bu, aşağıdakı tezislə şərtlənir:
Oğuz mifi etnik özünüifadənin düşüncə kodu olaraq türk etnosunun aparıcı laylarından olan oğuzların etnokosmik düşüncə və mətn hadisəsidir. Başqa sözlə, oğuzlar ümumtürk etnosunun ən mühüm qollarından biridir. Türk etnosunun formalaşmasında hunların rolunu, o cümlədən oğuzların hun etnik kütləsinin davamı olduğunu nəzərə alsaq, oğuzlar türk etnosunun əsas etnik oxlarından birini təşkil etmişlər. Oğuzlar türk etnosunun qolu kimi başqa türk xalqlarından aydın bilinən diferensial əlamətləri ilə fərqlənmişlər. Onlar, heç təsadüfi deyildir ki, yüzillər boyu «oğuzlar» adı altında işarələnmiş, özünəməxsus semiotik atributlar sistemi ilə «oğuzlar» olaraq qala bilmişlər. Bu, etnosiçi fərqlənmə onların mif və rituallarında həm ifadə olunmuş, həm də onlarla müəyyənləşmişdir. Bu baxımdan, ümumi türk mifi və ritualı çevrəsində oğuz mif və ritualı türk metadünya modelinin xüsusi təzahür tipləri kimi daim seçilmişdir. Məhz bu həm də oğuz mifini türk mifologiyasının müstəqil etnokosmik təzahürü kimi bərpa etməyə imkan verən elmi-metodoloji bünövrədir.
Məsələnin konkret tarixi mənzərəsinə gəlincə, türk tarixçisi F.Sümər yazır: «Oğuz» Türkiyə, Azərbaycan, İran, İraq və Türkmənistan türklərinin ataları olan məşhur bir türk qövmüdür. Oğuzlara XI əsrdən etibarən türkmən də deyilməyə başlanmış və iki əsr sonra bu ad hər yerdə «Oğuz»un adını almağa başlamışdır. Bugünkü bilgilərimizə görə, Oğuz adına ilk dəfə Yenisey kitabələrində rast gəlinməkdədir. Oğuzlar Orxon kitabələrində adı çox keçən türk qövmlərindən biridir 17 .
Digər tərəfdən, N.Cəfərov yazır ki, I minilliyin ortalarında Hun-türk dövləti dağılır. Şərqdə oğuzların Göy türk (Tanrı türk), Qərbdə isə qıpçaqların müxtəlif dövlətləri yaranır. Məhz bu dövrdən başlayaraq türklərin diferensiasiyası münbit coğrafi-sosial mühitə düşüb güclənir. I minilliyin ikinci yarısında bir-birindən həm iqtisadi-ekoloji həyat tərzinə, həm də müəyyən qədər dünyagörüşünə görə fərqlənən (seçmə bizimdir – S.R.) oğuz, qıpçaq və karluq-uyğur birlikləri formalaşır. Qıpçaqlar, əsasən, Qərb, oğuzlarla karluqlar isə, əsasən, Şərq dünyası ilə bağlı idilər, lakin haqqında söhbət gedən diferensiasiya türklüyün daxili kontaktlarının aktivliyini heç də tamamilə sarsıtmır 18 .
Oğuz mifi etnik epos kontekstində janr və say baxımından zəngin mətn korpusu ilə təmsil olunan oğuz eposunun arxetipidir. Bu, məsələnin son dərəcə mürəkkəb kontekstlərindən biri olmaqla oğuz mifininin (ümumən – mifin) bərpasında mühüm metodoloji-məntiqi məqamı təşkil edir. «Oğuz mifinin semiotik strukturunun öyrənilməsi» probleminin konkret mənada «oğuz mifinin bərpası» demək olduğunu bir daha xatırlasaq, onda oğuz mifinin oğuz eposunun arxetipi olması tezisi birbaşa rekonstruksiyanın obyekti ilə predmeti arasındakı mürəkkəb metodoloji texnologiyanı nəzərdə tutur.
Məsələnin ümumnəzəri aspektinə gəlincə, oğuz mifi bütövlükdə oğuz eposuna transformasiya olunmuşdur. Mif və eposun münasibətləri burada Arxetip-Tip, İnvariant-Paradiqma və s. münasibətlər modeli çərçivəsində gerçəkləşməklə etnik-bəşəri düşüncənin iki mövcud tipini nəzərdə tutur: mifik düşüncə və tarixi düşüncə. Kosmoloji epoxanın başa çatması ilə onun düşüncə tipi parçalanır və tarixi düşüncə tipinə transformasiya olunur. Mif bu halda «desakralizasiya» və «deritualizasiya» keçirir. Birinci onun yeganə gerçək, inanılan, qutsal (müqəddəs) informasiya olmasından, ikinci isə etnokosmik ritual əsaslarından məhrum olması deməkdir. Get-gedə öz müqəddəsliyini və mərasimi əsaslarını itirən mif daha çox bədii-estetik, dini, fəlsəfi əsaslar kəsb etməyə başlamışdır. Ən mühüm və başlıca hadisə gerçəkliyin qavrayış göstəricilərində baş vermişdir: qapalı-təkrarlanan («qeyri-xətti», «qeyri-müəyyən», «qeyri-səlis») zaman və məkan düzxətli zaman və məkana keçmişdir. Kosmoloji düşüncədən tarixi düşüncəyə keçiddə mif yox olmamış və etnik eposa transformasiya olunmuşdur.
Eposun genetik strukturunu mif təşkil edir: mifoloji struktur alt qatda qalaraq eposun struktur böyüməsinin arxetipi rolunu oynayır. Burada o, arxetip rolunu hər iki anlamında oynayır: həm eposun ilkin tipi, həm də onun sinxron strukturunun funksional dinamikasını şərtləndirən arxetipik obraz (mifogenetik struktur örnəyi, inkişafın arxitektonik sxemi, arxisemlər sistemi və s.) olur. Bu baxımdan, oğuz eposunun struktur arxetipində bütövlükdə oğuz mifi dayanır 19 .
Mifoloji şüurdan tarixi şüura keçid zamanı mif parçalanır və tarixi şüurun, demək olar ki, ictimai formalarının hamısının əsasını təşkil edir. Bu mənada, oğuz mifini «oğuz» adı (universum-işarəsi) altında bilinən bütün mətnlərdən bərpa etmək olar. Lakin belə bir bərpanın ən məhsuldar obyekti oğuz eposudur. Bu, hər şeydən öncə onunla bağlıdır ki, oğuz eposu oğuz mifinin paradiqmalar sistemini təşkil edir. Oğuz mifinin paradiqmatik və sintaqmatik struktur modeli oğuz eposuna transformasiya olunmaqla onu da paradiqmatik (düşüncə) və sintaqmatik (sözlü mətn) səviyyələrdən ibarət sistem kimi təşkil edir.
Oğuznamə
Oğuznamə – oğuz folkloru toplusu, Berlin kitabxanasında saxlanılan, XV-XVI əsrlərdə üzü köçürülən əlyazmasıdır. “Hazihi-r-risaləti-min kəlimati Oğuznamə əl-məşhur bi-atalar sözü” adlanan bu əlyazmanın 400 atalar sözünü ilk dəfə alman şərqşünası F.fon Dits 1889-cu ildə nəşr etdirmişdir. İkinci əlyazma Sankt-Peterburq Şərqşünaslıq İnstitutunun əlyazmalar fondunda saxlanılan və birinci vərəqi “Haza kitabi-Oğuznamə” adlanan “Məcməüləmsali- Məhəmmədəli”dir. Bu əlyazma tam şəkildə ilk dəfə 1987-ci ildə Bakıda S.Əlizadə tərəfindən ön sözü ilə birlikdə nəşr olunmuşdur. Əlyazmadakı paremik vahidlərin sayı 2000-ə yaxındır.
A [ redaktə ]
- Ac qatıq istəməz.
- Aç ol, dinc ol.
- Aç toyuq özünü taxıl bazarında görər.
- Adın ki, oldu Rəşid, bir söylə, bir eşit.
- Axşam olsa yat, sabah olsa, get.
- Ağlama ölü üçün, ağla dəli üçün.
- Alan satandan umur.
- Allah işin bilir.
- Alət işlər, ər öyünər.
- Allah öldürməyəni kimsə öldürə bilməz.
- Allah sağ gözü sol gözə möhtac eyləməsin.
- Arvad kişini atadan-anadan, dostdan-yoldaşından ayırar.
- At minənindir, qılınc qurşananındır.
- At muraddır.
- Ata minmək can üstündə can bəsləməkdir.
- Ata sənəti oğula mirasdır.
- Atdan düşən ölməz, eşşəkdən düşən ölər.
- Atılan ox geri dönməz.
- Ay var ikən ulduza nə minnət?
- Ayı gör, oruc tut, ayı gör, bayram et.
- Azacıq başım, ağrımaz başım.
B [ redaktə ]
- Bal deməklə ağız dadlı olmaz.
- Bal tutan barmağın yalar.
- Başına gələn başmaqçıdır.
- Bayquş viranələri sevər.
- Bazar bazara sığmaz.
- Bazar elin bazarıdır.
- Bilmədiyini söyləmə.
- Bilmirsən, bir biləndən soruş.
- Bir daş ilə iki quş vurulmaz.
- Borclu ölməz, bənizi saralar.
- Böyük başın böyük ağrısı var.
C [ redaktə ]
- Cahil vaxtsız xoruz kimidir.
Ç [ redaktə ]
- Çıraq dibi qaranlıq olur.
- Çox gəzən, çox görər.
- Çox gülən, çox ağlar.
- Çox yaşayan çox bilməz, çox gəzən çox bilir.
- Çörək kəsmək hünərdir.
D [ redaktə ]
- Dama-dama göl olar.
- Dənizdəki balığı satma.
- Dişi aslan da aslandır.
- Doğruya zaval yoxdur.
- Dost başa baxar, düşmən ayağa baxar.
- Dörd divarı yox, qoz ağacından qapısı var.
- Döyülmək eşşəyə yaraşır.
- Dünyada ölüm olmasa, adam adamın ətini yeyər.
- Düşmənin ömrü qar ömrü kim i ola.
- Düzənlik hardadırsa, bərəkət də ordadır.
E [ redaktə ]
- El baylı-yoxsullu olar.
- El eybini sənə söyləyən sənin də eybini elə söylər.
- El ilə gələn bəla bayramdır.
- El keçən körpüdən sən də keç.
- Eldə söz çox olar.
- Elə uyan arvadını boşayar.
- Elin atdığı daş uzaq gedər.
- Enişdən yoxuş yaxşıdır.
- Enmədiyin yerə çıxma.
- Eşşəyinə gücün çatmırsa, palanı döymə.
- Ev alma, qonşu al.
- Evdəki hesab bazarda düz gəlməz.
- Evlənən bir kərə ox deyir, ölüncə ah deyir.
- Eyibsiz yar istəyən yarsız qalar.
Ə [ redaktə ]
- Əl əldən üstündür.
- Əl əli yuyur, iki əl üzü yuyur.
- Əmanətə minən tez enər.
- Ər ər gərək, övrət övrət gərək.
- Ər ölmüş, qanun ölməmiş.
- Ərəb doyunca yeyər, türk ölüncə yeyər.
- Ət ilə dırnaq arasına girən iylənib çıxar.
- Əvvəl hesab, sonra qəssab.
- Əvvəl təam, sonra kəlam.
- Əyri otur, doğru söylə.
G [ redaktə ]
- Göz tərəzidir.
- Gözəl arvaddan çirkin ər yaxşıdır.
- Gözəl nazlı gərək.
- Gözəlin müştərisi çox olar.
- Gözü ancaq torpaq doyurar.
- Gül tikansız olmaz.
- Gündüz yarasaya gecədir.
H [ redaktə ]
- Haqq söz açı olar.
- Haram dadlı olur.
- Havadakı quşu satma.
- Heyvanın cəlladı qəssabdır.
X [ redaktə ]
- Xəbəri uşaqdan al.
- Xədimin oğlu-qızı olmaz.
- Xəlbirdə su durmaz.
İ [ redaktə ]
- İgidim sağ olsun, tapılmayan qız olsun.
- İgidin yorğunluğu qarnı doyana kimidir.
- İgidlik on, doqquzu hiylədir.
- İki gönül bir olarsa, samanlıq da saraydır.
- İki könüllü olma.
- İki qarpız bir qoltuğa sığmaz.
- İki sevgi bir könüldə olmaz.
- İlanın qisasını kərtənkələdən alma.
- İnək südünə görə mələr.
- İnsaf din yarısıdır.
- İş bacaranındır.
- İt ağzında sümük tutar.
- İt dişi donuz dərisinə münasibdir.
K [ redaktə ]
- Kiminə hay-hay, kiminə vay-vay.
- Kişiyə əvvəl can gərək, sonra cahan gərək.
- Köhnə düşmən dost olmaz, köhnə dost düşmən olmaz.
- Könüldən könülə yol var.
- Kölgəsində yatacağın ağacı budama.
- Kül təpəcik olmaz.
Q [ redaktə ]
- Qar üstündə yatan ölməmiş, un üstündə yatan ölmüş.
- Qara xəbər yerdə qalmaz.
- Qapısız ev olmaz.
- Qardaşdan qarın yaxındır.
- Qələmin qiymətini yazıçı bilər.
- Qəribin dostu olmaz.
- Qılınc yarası sağalar, söz yarası sağalmaz.
- Qılıncdan qaşıq yaxşıdır.
- Qış göydə qışlamaz.
- Qış qılınc kimidir.
- Qız almaq hasar almaq kimidir.
- Qızlar tez böyüyər.
- Qoca qoynunda çörək var, igid qoynunda çomaq var.
- Qocaları yoxsul bilmə, bay bil.
- Qonaq qonağı sevməz, ev sahibi ikisini də sevməz.
- Qonşun kimdirsə, qardaşın odur.
- Qonşunun eşşəyini doqquz istə, sənin on olsun.
- Quduzun ömrü qırx gündür.
- Qurd balası yenə qurd olar.
- Qurd yanında quş da doyar.
- Quru gön bit artırar.
M [ redaktə ]
- Mal kişiyə düşməndir.
- Mən nə vaxt ölsəm, qiyamət o gün qopar.
- Məscid yanında məscid yaraşmaz.
- Min gör, bir al.
- Min haramdan bir halal yaxşıdır.
- Min ölç, bir kəs.
- Müxənnət körpüsündən keçməkdənsə, suda boğulmaq yaxşıdır.
N [ redaktə ]
- Nakəsə əl açmaqdan ac qalmaq yaxşıdır.
- Nə çiy ye, nə də qarnın ağrısın.
O [ redaktə ]
- Od imandandır.
- Odunsuz ocaq olur, külsüz ocaq olmaz.
- Oğlum kimi sevsə, gəlinim odur.
- Oğlun varsa, oöruya gülmə.
- Oğul ataya görə süfrə yayar.
- Oynaşına inanan övrət ərsiz qalır.
Ö [ redaktə ]
- Ölüm haqq işidir.
- Ölünün dostu olmaz.
- Öpüb-qucmaqla oğul-qız olmaz.
S [ redaktə ]
- Sağ baş yastıq istəməz.
- Sədəqə verən əllər dərd görməsin.
- Sənə söyləyirəm qızım, sən də eşit gəlinim.
- Sərçədən qorxan darı əkməz.
- Sərçəyə civ-civ öyrətmə.
- Söyləyənə dinləyici gərək.
- Söz sözü çəkər.
- Sözü bişirib söylə.
- Su ilə odun nə oyunu var?
- Su istəyənindir.
T [ redaktə ]
- Tutulmayan oğru – bəydən doğru
U [ redaktə ]
- Ucuzluq səndən, bərəkət Allahdan.
- Utananın oğlu-qızı olmaz.
Ü [ redaktə ]
- Üz üzdən qızarar.
- Üz üzdən utanar.
Y [ redaktə ]
- Yaxşılıq elə, dənizə burax, balıq bilməsə də, xalıq bilər.
- Yağlı qazan yağlı qazana girər.
- Yalançıdan it yaxşıdır.
- Yanlış Bağdaddan dönər.
- Yaramaz işin sonu peşmanlıqdır.
- Yatan ilanın quyruğunu basma.
- Yeri də qulağı var.
- Yoxdan tanrı da bezər.
- Yoxsulun qoyunu toyuqdur.
- Yuxu yastıq istəməz.
- Yüyənsiz ata minmə.
İstinadlar [ redaktə ]
- Ədəbiyyat
- Kitablar
- Şifahi xalq ədəbiyyatı
Comments are closed, but trackbacks and pingbacks are open.