Nazirlik rəsmisi: Əgər bir şəxs ömür boyu az maaşa işləyibsə, bu onun öz günahıdır
Xaricdən gələn mütəxəssislərə şərtlər qoyulur ki, burdakı işçiləri də həmin peşəni öyrətsinlər ki, onlar gedəndə yerlərində kimsə işləyə bilsin.
Tural BAXIŞ: “ATAM SON NƏFƏSİNƏ QƏDƏR TORPAQLARIN QAYTARILACAĞINA İNANIRDI” – Söhbətləşdi: Əyyub QİYAS
1947-ci ildə Qubadlıda, sadə bir ailədə anadan olub. Atası Baxış kişi zəhmətkeş adam idi və övladlarını öz halal çörəyi, alnının təri ilə qazandığı ruzi ilə böyüdürdü. O, ibtidai təhsilini doğma Aşağı Müskənli kəndində alıb, amma bir müddət sonra məktəb direktorunun təzyiqi ilə kənd məktəbindən rayon məktəbinə keçirilib.
Eldar elə uşaqlıqdan ipə-sapa yatmırdı. Kitab-dəftərə sevgisi tükənməz olsa da, ruhu at belində çapmağa, sal qayalara dırmaşmağa, haqqı müdafiə etməyə təşnə idi. 1969-cu ildə ADU-nun Tarix fakültəsini bitirib müəllimlik etdi. Ara-sıra şeirləri dövrü mətbuatda çap olunurdu. Sonra Dövlət Televiziyasında fəaliyyətə başladı. Müstəqillik dövrünün ilk mətbu orqanlarından olan “Səs” qəzetini yaradıb baş redaktoru oldu, kəskin yazıları ilə ölkə ictimaiyyəti arasında böyük hörmət qazandı.
Unudulmaz Eldar Baxışın oğlu, tanınmış teatr və kino aktyoru Tural Baxışla “Ədəbiyyat qəzeti”nin redaksiyasında görüşdük.
Qarabağ Azərbaycandır!
– Tural, sən doğma adamsan, ssenari müəllifi olduğum serialda bərabər işləmişik, çox maraqlı və əsas rollardan birini yaratmısan. Amma bu gün sənin aktyor fəaliyyətin haqqında deyil, atan, unudulmaz Eldar Baxış haqqında danışacağıq. Söhbətə keçməzdən əvvəl fürsətdən istifadə edib bütün Azərbaycan xalqını erməni hərb tarixi üçün rüsvayçı, bizim üçün isə tarixi qələbə münasibətilə təbrik edirəm. Gözümüz aydın olsun! Bəli, artıq həm də tam gerçəkliyi ilə Qarabağ Azərbaycandır!
– Mən də xalqımızı təbrik edirəm. Bu sevincli, qürurlu günləri bizə yaşadan ordumuza və cənab Ali Baş Komandanımıza təşəkkür edirəm. Bu möhtəşəm tarixin şahidi olduğum üçün Allaha şükürlər olsun!
– Tural, gəl söhbətə elə Eldar Baxışın da, sənin də ata yurdun olan Qubadlıdan başlayaq. Kim olub valideynləri? Uşaqlığı necə keçib? Bakıya hansı ümidlərlə gəlib?!
“Məni tanıdın?”
– Atam Aşağı Müskənli kəndində, zəhmətkeş bir adamın ailəsində dünyaya gəlib. Babam Baxış kişi kənddə hörmətlə qarşılanan, sözü keçən ağsaqqallardan olub. 9-cu sinfə kimi kənd məktəbində təhsil alıb, amma dəcəl olduğuna, müxalif fikirlərinə görə məktəb direktoru atamı qovub və sonrakı təhsilini rayon məktəbində davam etdirib. Kənd məktəbi və onun direktoru ilə bağlı atamın maraqlı xatirəsi vardı. Demək, illər sonra atam ali təhsilini bitirir və müəllim kimi fəaliyyətə başlayır. O vaxtkı Maarif Nazirliyinin yaratdığı komissiyanın tərkibində bir vaxtlar qovulduğu məktəbə göndərilir. Direktorla görüşən kimi ilk sualı: “Məni tanıdın?” – olur. Əlbəttə, direktor onu unuda bilməzdi. Direktor deyir ki, hardan biləydim bir gün komissiya üzvü kimi məktəbə qayıdacaqsan?!
Atam Qubadlıya bağlı adam idi. 1988-ci ildə çap olunan “Deyə bilmədiyim sözlər” kitabında “Zori Balayana məktub” poeması yer almışdı və poema az qala əl-əl gəzirdi. Poemanın üzünü əllə köçürüb yayanlar vardı.
Qubadlının Eyvazlı kəndi Ermənistanla sərhəddə yerləşir. Eyvazlı kəndini ermənilər tamamilə yandırmışdılar. O vaxt 13-14 yaşım olardı, bir qədər böyüyəndən sonra həmin hadisə ilə bağlı mətbuatda çox axtarış apardım, təəssüf ki, bir şey tapa bilmədim. Atam danışırdı, hətta mal-heyvan tövlədə diri-diri yanıb, it zəncirdə yanıb və s. Həmin ərəfədə atam bir qrup təəssübkeşlə Eyvazlıda olur və sərhəddə xidmət edən erməni hərbçisi xəbər alır ki, sizdə bir Eldar Baxış adlı şair var, Zori Balayana məktub yazıb, onu tanıyırsınız?
Erməni hərbçisi və Eldar Baxış
Atam deyib həmin adam mənəm. Hərbçi deyib ki, əgər Ermənistanda olsaydın səninlə başqa cür danışardıq. Atam çəkinmədən bildirib ki, problem deyil, istəyirsən oturaq sənin maşınına, hara istəyirsən gedək, orada söhbət edək. Adam deyib mümkün olan şey deyil. Atam isə: “Bu, sənin üçün mümkün deyil, amma istəyirsən mən səni özümlə Bakıya aparım, Dağüstü parkda oturub çay içək. Heç kəs də heç nə deyə bilməz, çünki səni mən aparacağam. Amma sənin belə bir addım atmağa cəsarətin çatmaz”, – deyib. Poemanın sonunda belə bir yer var: “Ölmək istəyirsən – gəl Qarabağa. ” və s. Qarabağın işğalından sonra hər dəfə həmin poemanı oxuyanda ürəyimdə nisgil yaranırdı. Bu şeir yazılanda Qarabağ bizdə idi və bu gün Qarabağ yenə bizdədir, ürəyimdəki nisgil də əriyib itdi. Qubadlı işğaldan azad olan gün getdim Xırdalan qəbiristanındakı məzarını ziyarət elədim, muştuluqladım onu.
– Eldar Baxışın bir oğlunu maşın vurmuşdu, deyəsən. Onun da məzarı Bakıdadır? Çünki uşağın maraqlı adı vardı və ona görə yadımda qalıb. Səhv etmirəmsə, Anday idi.
Dostunun adını qardaşımda yaşadırdı
– Hə. Onu kənddə, yol kənarında oynayanda öz toyuna gedən bəy maşınla vurmuşdu. Bir həftəyə yaxın yaşadı, nə qədər eləsələr də, həyatını xilas etmək mümkün olmadı. Onu Qubadlıda dəfn ediblər. Anday atamın türk dostunun adı idi. 70-ci illərin sonunda Türkiyədə milli tələbə hərəkatının fəallarından olub, həbs etmişdilər, həbsxanada dünyasını dəyişmişdi. Atam qardaşımın adını dostunun xatirəsinə Anday qoymuşdu.
Bir hadisə yadıma düşdü: qardaşım təzə dəyişmişdi dünyasını. Onun kəfənə bürünmüş bədəninə baxanda elə bilirdim bu dəqiqə nəfəs alacaq, bu dəqiqə qalxacaq. Bir də eyni hissləri atam dünyasını dəyişəndə yaşadım. Gözləyirdim, düşünürdüm: bizi qoyub gedə bilməz, mütləq qalxacaq və hər şey bitəcək.
Dəfndən sonra idi. Qubadlıda bağda atamla gəzirdik. Balaca idim, 7 yaşım vardı. Maraqlı şeylər danışırdı, birdən dayandı, məni qucağına alıb alnını üzümə dayadı. Dedi: “Atanın balası, qaqanın ölməyinə pis oldun?”. Başımla hə deyib, kövrəldim. Hələ ölüm nədir bimirdim axı. Qəhər boğdu onu. Məni sinəsinə sıxıb: “Atanın beli qırıldı, bala”, – dedi. O səs hələ də qulaqlarından getməyib. Andaydan sonra atam çox sarsılmışdı, sonra təzə dünyaya gələn qardaşımın da adını Anday qoydu. Yəni atam heç vaxt Qubadlıdan qopa bilmədi, hadisələrdən əvvəl də, sonra da Qubadlı ilə nəfəs aldı.
– Sən Qubadlının işğal tarixini də, işğaldan azad olunma tarixini də yaşayan nəslin adamısan. Biz xalq olaraq 30 illik həsrətə son qoyduq və tarix yazdıq. Bu, möhtəşəm duyğudur. Özünü necə hiss edirsən?
Mən o işğalın içində olmuşam
– Çox qürurluyam. Tale elə gətirib ki, mən Qubadlının işğılını birbaşa yaşamışam, hadisələrin içində olmuşam. İndi bəzi adamlar deyir ki, işğal tarixi bitdi, bu tarixləri silirlər və s. Belə olmaz. Biz o acı tarixi unuda bilmərik. Bu tarixlərin arxasında yüzlərlə şəhid qanı, qazilər, mülki insanların məhv edilmiş taleləri var. Məncə, hər bir rayonun girəcəyində xatirə lövhəsi qoyulmalıdır. Uşaqlı-böyüklü hər kəs o acı tarixi bilməlidir. Düşmənin kimliyini unutmaq olmaz. Qubadlıdan yeni videolar, fotolar payaşırlar, gördükcə dəhşətə gəlirəm. Xarabaya çeviriblər. Bu vandallığı, bu azğınlığı unutmaqmı olar? Qətiyyən.
1993-cü ilin yayında ortancıl dayımın toyu oldu. İyul ayında toydan sonra hamı Bakıya qayıtsa da mən orada qaldım. Müskənlidən daha çox Qubadlının özünə bağlı idim. Anam da Mollu kəndindəndir, ora da doğmadır mənə. Bibim rayonda ikinci katib idi. Onlarda qalırdım. O vaxt Qubadlını artilleriya atəşi ilə vururdular, amma saatın müəyyən vaxtlarında olurdu və əhali bunu bilirdi. Ona görə də qorxu yox idi. Həm də maraqlı idi. Patron oğurlayırdıq, barıtını boşaldıb yandırırdıq, gilizi parladırdıq. At belində döyüşçü oğlanlar vardı, avtomatla, qumbara ilə gəzirdilər. Yəni yaşımın elə vaxtı idi ki, o mühit məni çəkirdi özünə.
Bomba səsi ilə açılan səhər
Bir səhər yatmışdım, yuxuda taqqıltı səsləri eşidirdim. Anar adlı qohumumuz vardı, qaçaraq gəlib məni oyatdı və sığınacağa qədər qaçdıq. Ətraf toz-duman idi. “Qrad”lar vıyıltı ilə gəlib düşür, hər tərəfi dağıdırdı. Büzüşüb qalmışdım, ürəyimdə deyirdim burada nə işim var, niyə Bakıda ata-anamın yanında deyiləm?! Amma sığınacaqdan çıxan kimi hər şey unudulurdu. Həm də mənim o müddətdə Qubadlıda qalmağıma səbəb atamın tez-tez rayona gəlib-getməsi idi. Ümumiyyətlə, Bakı üçün darıxmırdım. Atam sonuncu dəfə avqustun 26-sı gəldi, artıq vəziyyət kritik idi və qayıdanda məni də özü ilə apardı. Bizimlə bir yerdə nənəm, xəstə, yaşlı qohumlardan bəziləri də gəldi. 31 avqustda isə rayon işğal olundu.
– Eldar Baxış birbaşa hadisələrin içində idi, rayonların işğalı ilə nə düşünürdü? Qənaəti nə idi? O torpaqların nə vaxtsa azad olunacağına inanırdımı?
– Yenə deyirəm, atam dünyasını dəyişəndə 16 yaşım vardı, amma diri uşaq idim, hər şeyi xatırlayıram. 1992-ci ildə insanlar sovet düşüncə tərzindən qurtula bilməmişdi hələ. Hamı eyforiyada idi. Satqınlıq, xəyanət vardı orduda. Başıpozuqluq hökm sürürdü. Vahid komandanlıq yox idi. Hərə özünə görə bir ağa idi. Belə olmasaydı erməni torpaqları çətin işğal edə bilərdi. Amma onu da deyim, atam son nəfəsinə qədər torpaqların azad olunacağına, insanların bir gün geri qayıdacağına inanırdı.
Hadisələr başlayandan sonra.
1988-ci ildən başlayan hadisələr, Sumqayıt hadisələri, Ermənistandan azərbaycanlıların qovulması, qaçqınların gəlməsi. bütün bunlar atamın sağlamlığına pis təsir etmişdi. Demək olar, ailəyə vaxt ayıra bilmirdi. Bəzən həftələrlə üzünü görmürdük. Yəni bu həm də mənim tərbiyəmə təsir edirdi. Atama ehtiyacım vardı, amma istədiyim vaxt yanımda olmurdu. Anam olmasaydı bəlkə də mən tamam başqa mühitə düşəcəkdim. Bir sözlə, hadisələr birbaşa ailəmizin varlığına təsir edirdi. Atam qaçqın düşmüş qohum-əqrəbanı yerləşdirmək üçün dəridən-qabıqdan çıxırdı. Ailəmiz narahatlıq keçirirdi. Bakıda yaşayıb Şamaxıdan olan bir adam bu hadisələri bir başqa cür yaşayar, biz isə tamamilə başqa cür yaşayırdıq. Bir xaos hökm sürürdü. Üstəlik, qohumlar arasında şəhidlərimiz vardı. Yaralılarımız vardı. Qocalar vardı, Qubadlıda sağlam idilər, qaçqınlıq bir ayda sındırdı onları, yaşaya bilmədilər, öldülər. Belə şeyləri yaşamaq çox ağırdır.
O dövrdə bütün ümidini Rusiyaya bağlayan, əqidəcə ruslaşan adamlar vardı, farslaşan, islamofobiya ilə yaşayanlar vardı, amma canı ilə, qanı ilə vətən təəssübünü çəkənlər də vardı və Eldar Baxış onların önündə gedənlərdən biri idi. Əslində, mən atamı işğal tariximiz başlanan gün itirdim. Qaramat hadisələr bir-birini əvəz etdikcə Eldar Baxış da uzaqlaşırdı, daha çox milləşirdi. Ailə üçün yansa da, bizi düşünsə də, bizdən daha çox sevdiyi Azərbaycan vardı və o Azərbaycanı dağıtmaq istəyirdilər.
Onu zəhərləmişdilər.
– Elə o vaxt da, indinin özündə də söhbət gəzir ki, Eldar Baxış zəhərləndiyi üçün həyatını itirib. Mümkünsə, bu məsələyə bir qədər aydınlıq gətir. Mən onun xəstəxanada müalicə olunduğunu xatırlayıram və bir müddət sonra Eldar Baxışın dünyasını dəyişdiyini eşitdik.
– Mən ancaq dəqiq xatırladığım məqamları deyə bilərəm. 1994-cü ildə atam zəhərlənmə diaqnozu ilə əvvəlcə o vaxtkı Semaşko adına xəstəxanada, indiki 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olundu. Vəziyyəti kritik idi. Dostları dəstək olurdu. Bahalı cihazlar, dərmanlar, müalicə proseduru və s. xərc tələb edirdi. Bütün bunları dostları, yaxınlarımız həll edirdilər. 1995-ci ilin sonlarında Moskvadan xüsusi həkim briqadası gəlmişdi Bakıya, onlar atamı müayinə etdikdən sonra konsilium keçirtdilər və yekun nəticə kimi bizə “pasientin orqanizmində süni preparat aşkar olunub” dedilər. Yəni bunun izahı belə idi: Eldar Baxış qida zəhərlənməsindən deyil, süni yolla orqanizminə yeridilmiş kənar maddədən zəhərlənib. Bu qərar böyük səs-küyə səbəb oldu. Artıq hamı Eldar Baxışın səhhəti ilə maraqlanır, mətbuat vaxtaşırı yazırdı. Atamın yaxşı dostları vardı, bu məsələnin üstünə düşdülər. Təxminən iki ay sonra, haradasa 1996-cı ilin yanvar ayında yerli həkimlər yenə konsilium elədilər, amma bu dəfə qərar fərqli oldu: “Pasientin orqanizmində qida zəhərlənməsi əlamətləri aşkar olunmuşdur”. Bizə bildirdilər ki, xəstə artıq bu xəstəxanada müalicə olunmasın. Dövlət səviyyəsində onunla maraqlanırlar, müalicəsini Mərkəzi Kliniki Xəstəxanada davam etdirəcək. Beləcə atam birbaşa dövlət xəstəxanasında dövlətin nəzarəti altında müalicə olunmağa başladı. Biz daha cihazlara, dərmanlara, müalicəyə görə heç bir ödəniş etmirdik.
Təxminən mart ayına qədər həmin xəstəxanada müalicə aldı, evə yazıldıqdan iki ay sonra dünyasını dəyişdi. Bizim üçün qaranlıq qalan bir məqam oldu: haqlı olan kim idi? Moskvadan gəlmiş 11 nəfərlik dünya səviyyəli həkimlər, yoxsa yerli həkimlər?! Bu sualın cavabı hələ də yoxdur.
– Kim ola bilərdi Eldar Baxışın düşmənləri? Niyə onu zəhərləməliydilər? İndiki dövrdə bir şair kimə mane ola bilərdi?
Onu hər şeydən təcrid etmişdilər
– Atam Mərkəzi Kliniki Xəstəxanada müalicə alanda hər şeydən və hər kəsdən təcrid edilmişdi. Bircə anam qala bilirdi yanında. Heç kəsi buraxmırdılar onunla görüşməyə. Məntiqlə düşündükdə adamın ağlına qəribə fikirlər gəlir: kimsə nəyisə kimdənsə gizlətməyə çalışır. Düşmənləri vardımı? Maraqlı sualdır. Atam sözün axırını əvvəldə deyən adam idi, buna görə başı həmişə ağrıyırdı. Qarabağ münaqişəsinin ilk dövrləri idi. Hələ ölkə daxilində ermənipərəst qüvvələr tam zərərsizləşdirilməmişdi. Üstəlik, o dövrdə kəskin yazıları çap olunurdu mətbuatda. Ölkəyə xəyanət edənləri, rüşvətxorları, korrupsiyaçıları ifşa edirdi və az qala hər elə yazısından sonra evə, iş telefonuna anonim zənglər gəlirdi, hədələyirdilər onu. Bu hadisələr “Səs” qəzeti çap olunan dövlərdə lap intensivləşmişdi. Hətta bir dəfə işdən evə qayıdanda qorxutmaq üçün arxasınca üç güllə atmışdılar. Dostu vardı, iş adamı idi, Yelmar Məmmədov, cangüdən ayırmaq istəyirdi, atam razı olmurdu. Maşın alıb bağışladı ona, atam həmin maşını dostuna verdi. Maşına heç vaxt həvəs göstərməyib. Yalnız güllə söhbətindən sonra Azərbaycan Televiziyasının rəhbərliyi onun üçün maşın və sürücü ayırdı. Bura qədər dediklərim məntiqi ardıcıllıqla düşünüb gəldiyim qənaətdir, amma eyni qətiyyətlə deyə bilərəm ki, bu düşüncələrimdə yanıla da bilərəm. Bütün bunlar sadəcə, şübhə də ola bilər. Bir sözlə, xəstəxanadan çıxdıqdan iki ay sonra atam dünyasını dəyişdi və mənim, ümumilikdə, ailəmizin ağır günləri başladı.
– Nə mənada ağır günlər? Atasızlıq, ailə başçısını itirmək, yoxsa maddi çətinliklər? Dediyin kimi, Eldar Baxışın imkanlı dostları çox idi və güman eləmirəm ki, onun yoxluğu ilə bu dostlar kənara çəkilsinlər.
Yalnız 17 ildən sonra özümüzə gəldik
– İlk vaxtlar dostlar yenə vardı, amma qısa müddət sonra hamı kənara çəkildi. Atama cangüdən ayırmaq istəyən iş adamı, dostu, Yelmar Məmmədov da Özbəkistanda xəyanət nəticəsində həyatını itirdi. Biz maddi çətinliklər üzündən evimizi satıb başqa evə köçdük. Sonra həmin evi də satıb 17 il ərzində kirayədə yaşadıq. Bütün bu problemləri həll etmək, ayaqda durmağımız üçün illər lazım oldu. Mənim həyatım dəyişdi. Nəzarətsiz qaldım və meylimi küçələrə saldım. Küçə həyatını bilirsiz, orada başqa qanunlar işləyir. Ağlıma gəlməzdi ki, nə vaxtsa özümdə güc tapıb həyatımı dəyişə bilərəm.
Atam dünyasını dəyişəndə evimizdə 5 minə yaxın kitab vardı. Hər dəfə köçəndə o kitabların 20 faizi it-bata düşdü. Hər dəfə o kitablara baxanda düşünürdüm ki, kaş bunları oxuya biləydim. Amma küçə həyatı buna imkan vermirdi. Təsəvvür edirsiniz, biz 8-ci mikrorayonda yaşayırdıq. Həftədə 3-4 dəfə xırda alverlə məşğul olmaq, nəsə qazanmaq üçün aeroport ərazisindəki ticarət mərkəzinə qədər piyada yol gedirdim. Sadəcə, gedirdim, nəsə qazanıb qazanmayacağımı bilmədən gedirdim. Atamı bilirsiniz, dəli-dolu adam idi, mən də ipə-sapa yatmırdım. Elə bil macəra axtarırdım özüm üçün.
Ən yaxın dostum kitablar oldu
– Yaxşı, bəs nə baş verdi? Küçələrdən necə yığışa bildin? Kim sənə təsir elədi, kimin dəstəyi ilə həyatın yenidən dəyişdi?
– Atamın! Yox, mənə elə baxmayın! Tam səmimi deyirəm, atamın! Yəqin, narahat idi, yuxuda görürdüm onu, çox canlı görürdüm, deyirdim ola bilməz, axı sən ölmüsən, “ölməmişəm” söyləyirdi. Hiss edirdim ki, mənə nəsə demək istəyir, amma demir. Artıq ondan qalan kitablar xeyli azalmışdı, Haradasa dörddə üçü it-bat olmuşdu. Bir gün yenə onlara baxıb fikirləşdim: kaş bu kitabları oxuya biləydim. Amma küçələr maqnit kimi məni özünə çəkirdi. İlk dəfə özümdə cəsarət tapdım, kitablardan birini götürüb ilk sətirləri oxudum. Bir də son nöqtəyə çatanda özümə qayıtdım. Kitab məni alıb aparmışdı. Əlbəttə, ilk olaraq atamın kitablarından başlamışdım. Onlar mənə daha doğma idi. Sonra ən yaxın dostum kitablar oldu. Kitablar məni yeni həyata qaytardı. Hazırlaşdım, Mədəniyyət və İncəsənət Universitetinə daxil oldum. Savadsız müəllimlərlə savaşa-savaşa, bacarıqlı, savadlı müəllimlərdən öyrənə-öyrənə haradasa az da olsa uğur qazana bildim.
– Tural, belə səmimi söhbət üçün sənə təşəkkür edirəm. Açığı, həm sarsıldım, həm də sənə olan hörmətim bir az da artdı. Bunları bilmirdim. Sən bir istedadlı aktyor kimi tanınırsan, sevilirsən. Uğurların bol olsun.
– Təşəkkür edirəm. Atamı xatırladığınız üçün və onu məhz bu günlərdə, qələbə günlərinin sevinci ərəfəsində xatırladığınız üçün çox sağ olun.
Atam anamı qaçırtmışdı
– Eldar Baxışın evlənməyi də maraqlı olub, axı. Bu evlilik, səhv etmirəmsə, hər iki ailənin ciddi etirazına səbəb olub. Yoxsa elə deyil?
– Elədir. Atamgilin ailəsi ilə anamgilin ailəsi arasında düşmənçilik olub. Böyüklərdən eşitmişəm, biz tərəflərdə belə qan düşmənçiliyi olub həmişə. Təsəvvür edin də, anamın ailəsi Molludandır, Qaçaq Nəbinin qohumları. Bunlar həmişə sovet hökumətinə qarşı çıxıblar. Atamın ailəsi isə sırf bolşevik hökumətini dəstəkləyənlərdir. Ona görə də bir-birlərilə yola getməyiblər. Üstəlik, arada kiminsə qohumu kiminsə qohumunu öldürüb. Yəni bütün bunların fonunda onların evlənməsi mümkün deyilmiş. Atam hər şeyi gözə alıb, heç kəsin fikrinə məhəl qoymayıb, ürəyinin səsinə qulaq asaraq anamı qaçırıb. İlk vaxtlar narazılıq olsa da, sonra barışıblar, toy ediblər və bu evlilik həm də illərlə davam edən düşmənçiliyə, soyuqluğa son qoyub. Təəssüf, atam dünyasını dəyişdikdən sonra münasibətlər yenə soyudu.
– Tural, necə fikirləşirsən, məncə, çox vaxt adam dostlarında yanılır. Bu müsahiblərdə dəfələrdə eyni fikirləri eşitmişəm: atam dünyasını dəyişdikdən sonra dostları bizi unutdu. Niyə belə olur? Maraqlıdır mənim üçün, Eldar Baxış sənə dostluqla bağlı nəsə məsləhət veribmi?
O, hər gün bizdən uzaqlaşırdı
– Bizim ona vaxtımız çatmadı. Dedim axı, hadisələr başlayanda mənim 8 yaşım vardı və elə o vaxtdan atam məndən də, ailədən uzaq düşdü. Biz onu evdə qayğılı, narahat, daha çox millətin dərdini çəkən biri kimi görürdük. Sağlığında prolemlərimizi, qayğılarımızı həll edirdi, amma bizim ona ehtiyacımız vardı. O isə milli problemlər artdıqca hər gün bizdən daha da uzaqlaşırdı. O mənə nəinki dostluq, ümumiyyətlə, çox şeylə bağlı çox şey deyə bilmədi.
– Belə başa düşürəm ki, atanla bağlı xatirələrin çox azdır.
– Evdə qələmləri var, onlara baxanda barmaqlarını görürəm. Həmin qələmlə kağız üzərində tələsən barmaqlarını. Evdə əlyazmaları qalıb, hələ də ürək eləmirəm onları açıb oxumağa. (Fikrə gedir). Rəfdən kitab götürüb mənə verib deyirdi ki, üç gündən sonra soruşacağam. Mən də biclik edirdim, bir az əvvəldən, bir az ortadan, bir az da sondan oxuyurdum. Vaxtı gəlib çatanda imtahan başlayırdı. Mənə oxumadığım yerdən sual verirdi. Pərt olurdu: “Atanın balası, belə olmaz”, – deyirdi və növbəti dəfə oxuyurdum.
– Əziz Tural, söhbətimiz yekunlaşır. Sonda yenə Qubadlı ilə bağlı soruşmaq istəyirəm səndən. Rayon işğal olundu, atan dünyasını dəyişdi, sən tamam başqa bir sahəni seçib öz həyatını qurdun. Amma Qubadlı işğaldan azad oldu. Səni ora bağlayan nəsə qalıbmı?
– Əlbəttə! Ora mənim uşaqlığımın, xatirələrimin ünvanıdır. Orada mənim nakam, balaca qardaşım Andayın məzarı var. Bir də atamın vəsiyyəti var və Qubadlı işğaldan azad olduğu üçün bu barədə ciddi düşünüb qərar verməliyik. Atam da, anam da vəsiyyət etmişdi ki, torpaqlar alındıqdan sonra onların nəşini Qubadlıya, Andayın yanına aparaq. Bilmirəm nə qərar verəcəyik.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
Nazirlik rəsmisi: “Əgər bir şəxs ömür boyu az maaşa işləyibsə, bu onun öz günahıdır”
– 2016-cı ildə Dövlət Məşğulluq Xidmətinin yerli orqanlarına 204 283 nəfər müraciət edib. Onlardan 56 631 nəfərin işlə təmin olunmağına köməklik göstərilib.
2015-ci ildə isə bu rəqəm 59 mindən yuxarı olub. 2016-cı ildə isə müraciətlərin sayında xeyli artım olub. Bu artımın müəyyən obyektiv və subyektiv səbəbləri var idi. Məşğulluq xidmətinin təşviqi, müəyyən layihələrin həyata keçirilməsi insanlarda məşğulluq xidmətinə inamı artırıb.
2017-ci ilin birinci rübü ərzində xidmətə 52 694 nəfər iş üçün müraciət edib, 26 717 nəfər işlə təmin olunub. Bu ilin ötən dövründə müraciət edənlərin sayı 2016-cı ilin eyni dövrü ilə müqayisə etsək, azalma qeydə alınıb.
– Ən çox hansı sahə üzrə işlə təminat həyata keçirilir?
– Müxtəlif sahə üzrə işaxtaranlara kömək edilir.
Əvvəlcə onu qeyd edim ki, Dövlət Məşğulluq Xidmətinə müraciət edən vətəndaş kateqoriyası ilk növbədə himayəyə ehtiyacı olan, əmək bazarında rəqabət qabiliyyətsiz işçi qüvvəsidir. Onların sosial müdafiəsinin təmin edilməsinə ehtiyac var.
2016-cı ildə işə götürülən 56 631 nəfərin 35-40 faizi əsasən fəhlə peşələri üzrə işlə təmin olunub. Digər kateqoriyaların içərisində isə müraciət edənlər informasiya kommunikasiya texnologiyaları sahəsi üzrə: kompüter operatoru, kompüter mühəndisləri, mühasiblər, menecerlər, marketoloqlar və s. sahələr üzrə işlə təmin olunublar.
– Tələbə və məzunlar da Məşğulluq Xidmətinə müraciət edirmi?
– Tələbələr çox müraciət etmir, çünki onlar oxuyurlar, vaxtla əlaqədar problem yaranır. Əsasən məzunlar müraciət edir. Əlbəttə, burda işəgötürənlərlə onlar arasında müəyyən problemlər ortaya çıxır, çünki ali məktəbləri bitirən tələbələrin əksəriyyətinin iş təcrübələri olmur.
İxtisarla əlaqədar müraciət edənlər də olur, təbii ki, yüksək kateqoriyalı mütəxəssislər də xidmətə müraciət edir.
Amma ümumi götürdükdə bizə müraciət edənlərin çox faizi qeyri-rəqabət qabiliyyətli işçi qüvvəsidir. Müraciət edənlərin bəziləri uzun müddət dövlət idarələrində müxtəlif işlərdə çalışıblar, sonralar müxtəlif səbəblərdən işdən azad olunublar. Pensiya yaşı ilə bağlı iş tapa bilməyən vətəndaşlar, peşəsi, ixtisası olmayan insanlar, ali məktəbi bitirib uzun müddət ticarətlə məşğul olan və yenidən öz peşəsi ilə məşğul olmaq istəyən şəxslər də xidmətə müraciət edir, bu insanlar peşə və ixtisas vərdişlərini itirmiş adamlardır. Belə insanlara müvcud əmək bazarında müstəqil şəkildə iş tapmaq çətindir.
– Məzunların iş təcrübəsinin olmamağı normal haldır. Onlara təcrübə qazanmaqla bağlı hansı köməkliklər olunur, bu istiqamətdə hansısa proqramlar varmı?
– Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində bununla bağlı layihə həyata keçirilmişdi. Beynəlxalq Əmək Təşkilatının vasitəçiliyi ilə Dünya Bankı tərəfindən vəsait ayrılmışdı, işəgötürənlərlə danışıqlar aparılmışdı ki, 6 ay müddətində həmin şəxslərin əmək haqqı subsidiya vasitəsilə ödənilsin. Təcrübə qazandıqdan sonra, həmin şəxslərdən özünü təsdiqləyənlər işlə təmin olunublar.
Xəzər və İqtisad universitetlərində virtual müəssisələr kabineti yaradılıb. Tələbələr həmin kabinetdə virtual şəkildə özlərinin oxuduqları ixtisas üzrə müəyyən təcrübələr qazanmaq imkanı əldə edirlər.
İşsiz gənclərin təcrübə yığması ilə bağlı cənab Prezident tərəfindən yeni 2016-cı ildə sərəncam imzalanıb. Bunun əsasında Əmək münasibətlərinin tənzimlənməsi ilə bağlı üçtərəfli komissiya yaradıldı.
– Bəs işəgötürənlər tərəfindən edilən müraciətlərin sayı il ərzində nə qədər olur?
– Respublika üzrə işəgötürən qismində fəaliyyət göstərən təxminən 550-600 min hüquqi və fiziki şəxs var. Həmin işəgötürənlərdən yalnız 15-20 faizi Dövlət Məşğulluq Xidmətinin yerli orqanlarına vakant yerlərlə bağlı məlumat verir.
İllər üzrə vakant yerlərin sayı fərqli olur. Ötən il 67 717 vakansiya haqqında məlumat daxil olub. 2015-ci ildə bu rəqəm 48 minə yaxın idi.
2017-ci ilin birinci rübündə 17-18 min yeni vakant yer haqqında xidmətə məlumat daxil olub. Ötən ildən isə 11 min boş vakansiya qalıb.
– İş üçün hansı bölgələrdən müraciətlər daha çox daxil olur?
– Dövlət Məşğuluq Xidmətinin bütün bölgələrdə mərkəzləri var. Naxçıvan Muxtar Respublikası da daxil olmaqla 86 yerli Məşğulluq Mərkəzi var. Statistikaya gələndə təbii haldır ki, hansı regionda əhalinin sayı çoxdursa, söhbət əmək qabiliyyətli əhalidən gedir, həmin regionlarda müraciətlər daha çox olacaq. Nəzərə alsaq ki, ölkədə ən çox əhali Bakıda yaşadığı üçün müraciətlər də burda çox olacaq.
2017-ci ilin aprel ayı ərzində Bakı üzrə 2 608, Abşeron iqtisadi rayonu üzrə 760, Sumqayıt üzrə 512, Gəncə-Qazax iqtisadi rayonu üzrə 1 214, Şəki Zaqatala üzrə 650, Lənkəran iqtisadi rayonu üzrə 498, Aran iqtisadi rayonu üzrə 1566 , Yuxarı Qarabağ 345 , Naxçıvan 375 nəfər xidmətə iş üçün müraciət edib.
– Əmək yarmarkaları il ərzində neçə dəfə keçirilir? Müraciət edənlər nə qədər olur? Ən çox hansı yaş aralığında müraciətlər olur?
– Əmək yarmarkasının vasitəsilə iş axtaran və işsiz vətəndaşlar birbaşa görüşürlər və özlərinə lazım olan məlumatlar toplayırlar. O cümlədən özlərinin əldə etdiyi peşə ixtisaslarının həmin təklif olunan tələbata uyğun olub olmamağını müəyyənləşdirirlər.
Bölgələr üzrə ildə bir dəfə hər rayonda əmək yarmarkasının keçirilməsi nəzərdə tutulub. Bakı şəhərinə gəlincə, paytaxtın bəzi rayonlarında bir yerdə yarmarkalar təşkil olunur. 2016-cı ildə Azərbaycanda 54 əmək yarımarkası keçirilib.
Bu yarmarkalarda on minlərlə adam iştirak edib, onlardan 4 045 nəfərinə göndərişlər verilib, 3 900-dən çox adam isə iş yerləri ilə təmin olunmasına köməklik edilib.
Əmək yarmarkaları vasitəsilə peşə hazırlığı kurslarına cəlb olunma, ictimai işlərə yönəltmə, peşə yönümlü məsləhətlərin verilməsi və s. tədbirlər həyata keçirilir.
– Əlillər üçün xüsusi vakant yerlər olurmu?
– Əlillər üçün bu gün müəyyən olunmuş kvota iş yerlərindən başqa xüsusiləşmiş vakant iş yerləri yoxdur.
– İşsizlik statusunun verilməsi ilə bağlı ötən il və bu il nə qədər müraciət daxil olub? Ən çox qadınlar, yoxsa kişilər müraciət edir? İşsizlik müavinətinin təyin edilməsi zamanı əsas şərtlər hansılardır?
– 2016-cı ildə 11 552 nəfərə işsiz statusu verilərək, işsizlik müavinətləri təyin edilib. 01.05.2017-ci il tarixinə Dövlət Məşğulluq Xidmətində qeydiyyata olan 35 854 nəfər isə işsiz statuslu şəxs var ki,onlardan da 13 390 nəfərini və yaxud 37 faizinı qadınlar təşkil edir.
2017-ci ilin may ayının 1-nə olan məlumata görə, ölkədə 5 495 nəfər işsizlik müavinəti alır. Onların içərisində 1 804 nəfəri qadındır.
İşsiz statusu qanunda olan müddəalara əsasən verilir. İşsiz statusu əsasən əmək bazarında münasib iş təklif edilə bilinməyən, yəni əgər məşğulluq xidməti həmin şəxsə münasib iş təklif edə bilmirsə, bu təqdirdə həmin vətəndaşlara digər məşğulluq tədbirləri də tətbiq olunduqdan sonra sonuncu olaraq işsizlik statusu verilir.
15 yaşına çatmayanlara,təhsilindən asılı olmayaraq ilk dəfə iş axtaranlara, pensiya hüququ qazanan vətəndaşlara (istisna hal ancaq ailə başçısını itirməyə görə pensiya alanlardır), məşğulluq xidmətində qeydiyyata alındıqdan sonra 10 gün müddətində munasib iş axtarmayanlara, iki munasib işdən imtina edənlərə işsiz statusu verilmir.
2016-cı ildə müavinət təyin edilənlərin içərisində 31.5 faizi, yəni 3636 nəfəri qadındır. 2017-ci ilin birinci rübündə isə müavinət təyin edilənlən 4444 nəfərdən 1437 nəfəri qadındır.
– Hazırda ölkədə nə qədər işsiz və neçə işsizlik müavinəti alan şəxs var?
– Ümumən bir var ki, işsiz statusu alan kimi qeydiyyatda olanlar, yəni işaxtaran kimi qeydiyyatdadırlar, amma işsiz statusları var, bir də var ki, cari il üzrə 1 may tarixinə işsizlik statusu alanların sayı, bunlar müxtəlifdir.
Yəni, işsiz statusu dedikdə müxtəlif dövrlərdə müraciət edənlərin hamısı nəzərdə tutulur, bunların içərisində bir dəfə və ya iki dəfə 6 aylıq işsizlik müavinəti alanlar var. Amma həmin adamlar iş tapmayıblarsa bu status onların üzərində qalır. Bəzən bunu qarışdırırlar ki, “Necə olur ki, Azərbaycanda mayın ayına 35 854 nəfər işsiz statusu alıb, amma müavinət alanlar azdır”. Bu məfhumları qarışdırmamaq lazımdır.
– Nazirlik bildirir ki, ölkədə işsizliyin səviyyəsi 5 faizdir, lakin bəzi ekspertlər bunun real rəqəm olmadığını deyir. Bu göstərici nəyə əsasən hesablanıb?
– Yeni iş yerlərinin yaradılması dövlətin məşğulluq strategiyasını həyata keçirən strateji məsələlərdən biridir. Yeni iş yerlərinin açılmasının nəticəsidir ki, Azərbaycanda işsizlik səviyyəsi 5 faiz səviyyəsindədir.
Doğrudur. Bəzən insanlar düşünür ki, mənim ətrafımda, qohumlarımın arasında nə qədər işləməyən adam var, bu, necə olur ki, Azərbaycanda işsizlik səviyyəsi bu qədər az göstərilir. Bu rəqəm təsadüf nəticəsində ortaya çıxmayıb. Bu, Beynəlxalq Əmək Təşkilatının metodologiyasına uyğun, “kim işsiz sayılır” anlayışına əsasən müəyyənləşdirilib.
Biz 35 min nəfərə rəsmi qaydada işsizlik statusu vermişik, amma respublikada 2017-ci ilin bir yanvar tarixinə Beynəlxalq Əmək Təşkilatının metadologiyasına uyğun 252.800 nəfər işsiz müəyyən edilib.
Azərbaycanda bilirsiz ki, torpaq islahatı aparılıb, bunun nəticəsində vətəndaşlara təqdim olunan torpaq sahələri, yəni şəhadətnamələr kimlərə verilmişdisə, onlar məşğulluq qanununda məşğul əhali kimi qeyd olunub. Bu da 1 600 000-dən çox insan deməkdir. Yəni, əmək resurslarını nəzərə alsaq həmin insanlar məşğul sayılır.
Digər tərəfdən, bu gün qeyri-formal məşğulluq mövcuddur. Məsələn, tikinti sahəsində, xidmət sahəsində işləyən insalar var ki, onlarla hər hansı əmək müqaviləsi bağlanılmayıb, bu insanlar ola bilsin desin ki, biz işsizik, amma onlar gəlir əldə edirlər və müəyyən əmək haqqı alırlar, bu da məşğulluğun bir növüdür. Yaxud ev qulluqçusudur, dayədir, xidmətçidir, yenə eyni.
Dövlət statistika komitəsi də, bizim nazirlik də çalışır ki, bu cür qeyri-formal işlər formallaşsın. Prezident də bununla bağlı tapşırıqlar verib ki, qeyri-formal məşğulluq formal məşğulluğa çevrilsin.
Yəni, biz deyə bilmərik ki, mən bir ayda üç gün işə çıxmışam, deməli mən işsizəm. İşsiz anlayışı bir az fərqlidir. Ona görə bəzən biz fikirləşəndə deyirik ki, Azərbaycanda işsizlik faizi çox böyükdür, ancaq belə deyil. İnsanlar mütləq nə iləsə məşğuldur, biri sənətkardır, biri ticarətçidir, ya qeyri-formal sahədə işləyir. Bunlar da işsizlik anlamına gəlmir.
Beynəlxalq təşkilatların yanaşması fərqlidir, onlar deyir, pul qazanırsansa deməli məşğulsan.
– Hazırda daha çox hansı sahələr üzrə işçi axtarılır?
– Rəqabət qabiliyyətli işçi qüvvəsi işi özü axtarır. Bu, bütün dünyada belədir. Təbii ki, mütəxəssislər arasından da məşğulluq xidmətinə müraciət edənlər olur.
Aqrar sahə üzrə mütəxəssislərə ehtiyac duyulur. Son dövrlərdə baytar həkimlərə, istixanalarda, neft və digər sahələrdə müəyyən vakansiyalar meydana çıxıb ki, onlar bizdə yoxdur. Həmin sahələr üzrə mütəxəssislər yetişdirməyə ehtiyac var.
Bəzən bizdə mütəxəssislər olmadığı üçün məcbur qalıb xaricdən mütəxəssis çağırırıq. Azərbaycanda Peşə Təhsili üzrə Dövlət Agentliyi yaradılıb ki, həmin sahələr üzrə ölkədə mütəxəssizlər yetişdirsinlər. Məsələn, yeni karusellər, müasir texniki qurğular, işıqlandırma sistemləri quraşdırılır, bu işlər üçün xüsusi mütəxəssislər yetişdirilməlidir.
Xaricdən gələn mütəxəssislərə şərtlər qoyulur ki, burdakı işçiləri də həmin peşəni öyrətsinlər ki, onlar gedəndə yerlərində kimsə işləyə bilsin.
– Mövcud vakansiyalarda ən az və ən çox maaş nə qədərdir?
– Hazırda mövcud olan vakansiyalarda ən aşağı maaş 125 manatdır. 2000 manatdan yuxarı əmək haqqı olan vakansiyalar da mövcuddur.
– Yüksək maaşlı vakansiyalar hansılardır?
– İstehsalat sahə rəisi var, mühəndis, elektronçu və s.
– Ən az maaşlı işlər hansılardır? Bu maaşla Azərbaycanda bir ay təmin olunmaq mümkündürmü?
– Əmək haqlarının müəyyənləşdirilməsi iş yerləri üçün vahid sorğu kitabçaları nəticəsində müəyyənləşdirilir. Ən az maaşlı iş yerləri hər hansı bir bacarıq, təhsil, ixtisas və digər əlavə bacarıqlar tələb etmədiyi üçün, yəni aşağı səviyyəli iş sayıldığı üçün əmək haqqı da həmin peşəyə uyğundur. Bu gün Azərbaycanda minimum əmək haqqı müəyyən olunub ki, dövlət əmək haqqının müəyyənləşməsində minimum əmək haqqından aşağı olmaması prinsipini qoyub. Ən aşağı əmək haqqı 116 manatdır.
Digər əmək haqqı formalarının müəyyənləşdirilməsi bilavasitə işəgötürəndən asılıdır.
Maaşın az olmasına gəlincə bu sosial məsələ kimi qəbul olunandır. Təbii ki, aşağı maaşdır. Amma ki, o kateqoriyadan olan şəxslər üçün müəyyən olunmuş maaş budur.
– 50-60 arası yaşı olan kişi 120-200 arası maaşla necə ailə saxlaya və ya dolana bilər?
– Əgər bir şəxs ömür boyu az maaşa işləyibsə, bu onun öz günahıdır. Biz bəzən deyirik ki, dövlətin maaşı çox azdır. Maaş az olduğu halda insanlar öz üzərlərində çalışmalı, əlavə biliklər, bacarıqlar əldə etməli, daha yaxşı maaşlı işlərə yönəlməlidirlər. Kim ki, 10-15-20 il az maaşa qane olub işləyirsə, deməli, bu maaş onu qane edir. Etməsə idi əlavə biliklər əldə edib onu qane edəcək maaş verən işə keçərdi.
Bilirsiz ki, hazırda bazar iqtisadiyyatı dövrüdür. Bazar iqtisadiyyatının da əsas tələblərindən biri, şəxsin özünün rəqabət qabiliyyəti olmasıdır ki, rəqabətə dözə bilsin. Yəni insanların çevikliyindən, hərəkətliliyindən, öz üzərlərində çalışmaqlarından da çox şey asılıdır. İnsanlar yaşam tərzlərini təmin etmək üçün daha çox çalışmalıdır.
– Həm məşğulluq, həm də sosial yardım məsələsində əvvəllər süründürməçilik olduğunu, ünvanlı sosial yardımın uzun müddətdən sonra almaq mümkün olduğunu bildirirdilər. İndi vəziyyət necədir?
– Bu məsələ ilə bağlı əvvəllər neqativ hallar çox idi. Vətəndaşlar bilavasitə məmurdan asılı idi. Sonradan bu sistem bütün elektronlaşdı, əvvəlki sistem bütün ləğv olundu. Onların işçilərinin yarısı məşğulluq xidmətinə, bir hissəsini isə Dövlət Sosial Müdafiə Fonduna verildi.
İndi hər bir vətəndaş özü haqqında məlumatları elektron göndərir, ona həmin formada da cavab verirlər. Yəni məmur-vətəndaş münasibəti ləğv olunub.
Bunu da nəzərə almalıyıq ki, ünvanlı sosial yardım müəyyən qədər ələ baxımlılığa öyrədən bir sistemdir. Bu yardımları alan şəxslər aktiv məşğulluq tədbirlərinə yönəlməlidirlər. Bu gün özünəməşğulluq proqramının həyata keçirilməsi elə bilavasitə yardım və müavinətlərdən qurtarmaq üçün nəzərdə tutulub. Hazırda “İşsizlikdən sosial sığorta haqqında qanun” Milli Məclisdə müzakirə olunur. Bu qanunun qəbul olunması nəticəsində, məşğulluq xidmətində müəyyən bir fond yaranacaq və ora xeyli vəsait daxil olacaq. Həmin vəsait vasitəsilə insanların özünəməşğulluğunun təmin olunması, peşə yönümü, peşə hazırlığı, bazara uyğunlaşdırma proseslərinin həyata keçirilməsində xeyli köməkliyi olacaq.
– Süpürgəçi yeri ilə bağlı vakansiyaları hansı qurumlar elan edir? Sizcə niyə Azərbaycanda süpürgəçilərin çoxu qadınlardır? Kişi süpürgəçilərə əsasən hansı sahələrdə rast gəlinir?
– Bu, çox maraqlı sualdır. Əgər insan varsa, həyat, yaşayış varsa küçələri təmizləyən insanlar da olmalıdır. Yəni insaların bir hissəsi də o sahə ilə məşğul olmalıdır.
İnsan öz alın təri ilə pul qazanırsa, bununla qürur duymalıdır, heç bir əziyyətlə görülən işdən utanmaq olmaz.
Bizdə ənənəvi şəkildə belədir ki, kommunal xidmətlər rayon kommunal xidmətinin tərkibindədir. Parklar, yollar, küçələr, müxtəlif yerlərin təmizlik işlərinə onlar baxırlar. Son dövrlərdə onların əmək haqqında xeyli irəliləyiş var. Əvvəl bu işlə məşğul olan qadınlar çox faizi təşkil edirdisə, indi baxsanız kişilərin sayı da çoxalıb.
Xarici ölkələrə nəzər salsaq, orda təmizlik işləri ilə məşğul olan kişilərin sayı qadınlardan daha çoxdur. Bizdə indiyədək psixoloji, sosial ərazi yanaşması, mentalitet baxışı kişilərin təmizlik işləri ilə məşğul olmasına imkan verməyib. İnsanlar bunu qürur mənbəyi kimi bilib. Amma bu iş də digər işlərdən fərqlənmir, sən zəhmət çəkirsən və əmək haqqını qazanırsan. Son dövrlərdə ölkədə keçirilən idman oyunları, böyük tədbirlər zamanı çoxlu gənc oğlanlar da təmizlik işlərində işləyir. Yəni, son dövrlərdə təmizlik işlərində işləyən kişilərin sayı çoxalıb. Bu əmək haqqının əvvəlki illərə nisbətdə artmağından və insanların düşüncə tərzinin dəyişməsindən asılıdır.
Bir var evdə oturub heç bir iş görməyəsən, bir də var ki, bir işlə məşğul olub pul qazanasan. Kimdənsə asılı qalmaqdansa gedib hər hansı bir işdə işləmək daha yaxşıdır.
Məsələn hər hansı bir şəxs və ya mən gəlib kabinetdə oturmuşam, bu mənim işimdir. Ola bilsin sabah burdan çıxandan sonra bu cür iş tapa bilmədim, gedib süpürgəçi də işləyəcəm ki, heç kimdən asılı olmayım. İnsanda dünyagörüşü dəyişməlidir, hər kəs özünə hörmətlə yanaşmalıdır, hörmətin də ən vacibi işdə fərq qoymamaqdır. Ali təhsilli gənclər var ki, onların işlərinə münasib vakansiya olmayanda başqa işi qəbul etmirlər. Əgər sənin təcrübən yoxdursa, işin yoxdursa təklif olunan digər işləri də işləmək olar, nəinki gündə valideyndən pul istəmək əvəzinə.
Təbii ki gəncləri də anlayıram. Gənclərin işsizliyi bütün dünyada digər kateqoriyaya mənsub insanlardan qat-qat yüksəkdir. Söhbət xüsusən ali təhsilli gənclərdən gedir. Yadınızda saxlayın ki, nə qədər çətin yoldan keçsə də, son nəticədə udan həmişə bacarıqlı, savadlı, öz üzərində çalışan insanlar olur. Öz üzərində çalışmayan insanlara nə hazır stol, nə də çörək vermirlər. İnsanlarda sovet dövrü psixologiyası formalaşıb, düşünürlər ki, hər şeyi dövlət etməlidir. Bazar iqtisadiyyatı tərzi hələ də insanların düşüncəsinə yerləşməyib.
– Tanışlarınız, qohumlarınız işlə bağlı Sizə müraciət edirlərmi?
– Təbii ki. Azərbaycanda kimsə işləyirsə, digərləri fikirləşir ki, bu mənə iş tapmaqda kömək edə bilər. Bizə də olur, biz də Dövlət Məşğulluq Xidmətinin yerli orqanlarına yönləndiririk ki, ora müraciət et və ya CV-lərini harasa yolla, nəyisə öyrənməyə çalış, biliyini çoxalt, dövlət qulluğuna müraciət et. Yəni, bir az əziyyət çəkmək lazımdır.
– Övladınız özü iş tapıb, yoxsa siz köməklik etmisiz?
– Oğlum ADNA-ni bitirib. Əsgərlikdən gələndən sonra ilk işlədiyi yerin əməkhaqqını bəyənmədiyi üçün, ona iş tapmaqda kömək etməyimi istədi. Mən də dedim ki, get özün tap ki, qədrini də biləsən. Təbii ki, böyük, valideyn övlada kömək edər, təkan verər. Ancaq insan özü təkana cəhd etmirsə, əlavə bilik öyrənmək, özünü inkişaf etdirmək istəmirsə, ona təkanın heç bir köməyi yoxdur.
Öz-özünə işləyən, mən hardan biləydim ki, o, ailə vergisi müavinəti alıb
İşsizlik müavinəti kimlərə verilə bilər?
10:33 29-01-2016
KRİMİNAL
Artıq bir müddətdir ki, “Azərbaycan Respublikasının Məşğulluq Konsepsiyası (2016-2025-ci illər)” layihəsinin hazırlanması üzərində iş aparılır. Bu ölkədə işsiz əhalinin sayının minimuma endirilməsi istiqamətində görülən mühüm tədbirlərdən biridir. Bu istiqamətdə atılan addımlardan biri də, işsizlərin qeydiyyata alınması məsələsidir. Bəs görəsən bu qanunvericiliklə necə öz həllini tapır? Əhalinin aztəminatlı hissəsi hesab olunan işsizlərə hansı hallarda müavinət ödənilir?
Dövlət Məşğulluq Xidmətindən verilən məlumata görə, Nazirlər Kabinetinin “İşsizlərin qeydiyyata alınması Qaydalarının təsdiq edilməsi haqqında” 2002-ci il, 14 saylı qərarı var. İşsizlərin qeydiyyata alınması qaydaları “Məşğulluq haqqında” ölkə qanununa uyğun hazırlanıb. Bu qayda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin yerli orqanlarında müvafiq qaydada işaxtaran və işsiz hesab edilən ölkə vətəndaşlarının, ölkəmizdə daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin və əcnəbilərin qeydiyyatının aparılmasında vahid qaydaları müəyyən edir. Qanuna görə, 15 yaşına çatmış hər bir vətəndaş yaşadığı ərazi üzrə şəhər, rayon məşğulluq mərkəzinə şəxsən aşağıdakı sənədləri təqdim etdikdən sonra işaxtaran kimi qeydiyyata alınır və ona işaxtaranın fərdi qeydiyyat vərəqəsi açılır. Bunun üçün şəxsiyyətini təsdiq edən sənəd, əmək kitabçası, peşə və ya ixtisasını təsdiq edən sənəd təqdim olunur. Pensiyaçılar və məşğul vətəndaşlar əmək kitabçasını təqdim etməyə bilərlər. İlk dəfə işaxtaranlar şəxsiyyətini təsdiq edən və təhsil haqqında sənədləri təqdim edirlər.
NK-nın müəyyən etdiyi qərara əsasən işsiz vətəndaş-işi və qazancı olmayan, işə başlamağa hazır olub, şəhər, rayon məşğulluq mərkəzlərində işaxtaran kimi qeydiyyata alınan, əmək qabiliyyəti yaşda olan əmək qabiliyyətli şəxsdir. 15 yaşına çatmayanlar, pensiya hüququ qazanmış vətəndaşlar, qeydiyyata alındıqdan sonrakı 10 gün müddətində münasib iş axtarmaq məqsədilə üzürsüz səbəbdən şəhər, rayon məşğulluq mərkəzinə gəlməyənlər və ya bu müddət ərzində təklif edilən iki münasib işdən imtina edənlər, ilk dəfə iş axtaranlar, azadlıqdan məhrumetmə cəzasını çəkənlər,muzdla işləyən, o cümlədən əmək müqaviləsi ilə tam və tam olmayan iş vaxtı ərzində haqq müqabilində iş görən, habelə haqqı ödənilən başqa işi olanlar, sahibkarlar, fərdi əmək fəaliyyəti ilə məşğul olanlar, mülkiyyətində torpaq payı olanlar, haqqı ödənilən vəzifəyə seçilən, təyin və ya təsdiq edilənlər, Silahlı Qüvvələrdə və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət edənlər, əmək qabiliyyətinin müvəqqəti itirilməsi, məzuniyyət, ixtisasartırma, tətil, istehsalatın dayandırılması və ya başqa səbəblər ilə əlaqədar iş yerində müvəqqəti olmayan vətəndaşlar işsiz sayıla bilməzlər. Həmçinin bu siyahıya ölkə ərazisində qanuni əsaslarla haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər,ölkəmizin hüdudlarından kənarda qanuni əsaslarla əmək fəaliyyəti ilə məşğul olan Azərbaycan Respublikasının vətəndaşları da aiddir. İşi və qazancı olmayan, işə başlamağa hazır olub şəhər, rayon məşğulluq mərkəzində işaxtaran kimi qeydiyyata alınmış, əmək qabiliyyətli yaşda olan əmək qabiliyyətli vətəndaşlar işsiz statusu almaq hüququna malikdirlər. İşaxtaran kimi qeydiyyata alınmış və işsiz statusu almaq hüququna malik olan vətəndaş aşağıdakı sənədləri təqdim etdiyi andan ona münasib iş təklif edilmədiyi halda şəhər, rayon məşğulluq mərkəzi 11 gün ərzində həmin şəxsə işsiz statusu verilməsi və müavinət təyin edilməsi haqqında qərar qəbul edir. Şəhər, rayon əhalinin sosial müdafiə mərkəzlərindən pensiya, yaşa görə və əlilliyə görə sosial müavinət almaması haqqında arayış, yaşadığı yeri üzrə vergi orqanlarından fərdi qaydada sahibkarlıqla məşğul olmaması haqqında arayış, yerli İcra hakimiyyətinin ərazi üzrə nümayəndəliyindən mülkiyyətində torpaq payı olmaması haqqında arayış, himayəsində olan 18 yaşına çatmamış uşaqların doğum haqqında şəhadətnamələrinin surəti, qeydiyyata alındıqdan əvvəlki 12 ay ərzində 26 təqvim həftəsindən az olmayan müddətdə haqqı ödənilən işə malik olanlar üçün axırıncı iş yerindən son 12 ay üzrə əmək haqqı barədə arayış tələb olunur. İşsiz statusu müəyyən olunan vaxtdan 12 ay keçdikdən sonra işsiz vətəndaş münasib işlə təmin olunmayıbsa, onun təkrarən işsizliyə görə müavinət almaq hüququ vardır. İşsizliyin başlanmasından əvvəlki 12 ay ərzində işəgötürənin təqsiri olmadan müəssisədə işin dayandırılması ilə əlaqədar işçilərin qrup halında məcburi ödənişsiz məzuniyyətdə olduğu hallarda və bu səbəbdən həmin 12 ay ərzində 26 təqvim həftəsindən az müddətdə haqqı ödənilən işə malik olan vətəndaşlar yuxarıda qeyd olunan sənədlərlə yanaşı, işəgötürənin və həmkarlar ittifaqı təşkilatının təsdiq etdiyi işəgötürənin təqsiri olmadan işin dayandırılması və müddəti haqqında arayış təqdim edirlər. Şəhər, rayon məşğulluq mərkəzi işaxtaran vətəndaşa işsiz statusu verilməsi ilə əlaqədar qanunvericilikdə tələb olunan sənədlər haqqında fərdi qeydiyyat vərəqəsində imza etdirməklə müvafiq izahat verməlidir. Şəhər, rayon məşğulluq mərkəzləri işsizlik müavinətinin ödənilməsinin başlanması, dayandırılması və başa çatdırılması haqqında əmrlərə əsasən vətəndaşın əmək kitabçasında müəyyən olunmuş qaydada qeydlər aparırlar. Vətəndaşın əmək kitabçası olmadıqda, həmin mərkəz tərəfindən ona müvafiq əmrlərin nüsxələri verilir. İşaxtarana müəyyən olunmuş qaydada işsiz statusu verilmədiyi halda, onun bir aydan sonra təkrarən işsiz statusu almaq üçün müvafiq şəhər, rayon məşğulluq mərkəzinə müraciət etmək hüququ vardır.
İşsiz statusu almış vətəndaşların qeydiyyatı müvafiq qeydiyyat kitabında aparılır. İşsiz vətəndaş işə düzəldikdə, hərbi xidmətə çağırıldıqda, yaşayış yerini dəyişdikdə, azadlıqdan məhrumetmə cəzasına məhkum edildikdə, müvafiq qanunvericiliyə uyğun olaraq pensiyaya çıxdıqda, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olduqda və torpaq payı aldıqda şəhər, rayon məşğulluq mərkəzinə məlumat verməlidir. Bu qaydaların 3.9-cu bəndində nəzərdə tutulan hallarda, habelə işsiz vətəndaş vəfat etdikdə, eləcə də işsiz statusunu saxta sənədlər təqdim etmək yolu ilə aldıqda, şəhər, rayon məşğulluq mərkəzinin göndərişi ilə peşə hazırlığı kurslarına üzürsüz səbəbdən gəlmədikdə və yaxud tədrisi başa vurduqdan sonra təklif olunan iki münasib işdən imtina etdikdə şəhər, rayon məşğulluq mərkəzi tərəfindən işsiz statusu ləğv edilir və həmin vətəndaş işsiz statusu almış vətəndaşların qeydiyyatından çıxarılır.
Qeydiyyata alındıqdan sonrakı iki il ərzində şəhər, rayon məşğulluq mərkəzi ilə əlaqə yaratmayan işaxtaran vətəndaşlar qeydiyyatdan çıxarılırlar. İşsiz vətəndaşların qeydiyyatdan çıxarılması üçün əsas verən təsdiqedici sənəd şəhər, rayon məşğulluq mərkəzinə təqdim olunduqdan sonra onların fərdi qeydiyyat vərəqəsinə tikilir və həmin mərkəz tərəfindən qeydlər aparılmaqla qeydiyyatdan çıxarılır. İşsizlik müavinəti alan vətəndaşlar ayda bir dəfə əmək kitabçası təqdim etməklə şəhər, rayon məşğulluq mərkəzində müvafiq qeydiyyat kitabında yenidən qeydə alınmalıdırlar. Vətəndaşa işsiz statusu təyin olunan gün qeydiyyat günü hesab edilir. Müəssisə, idarə və təşkilatların ləğv edilməsi, işçilərin sayının və ya ştatların ixtisar edilməsi tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verilmiş sərbəstləşdirilən işçilər 1 ay müddətində yaşadıqları ərazi üzrə şəhər, rayon məşğulluq mərkəzində işaxtaran vətəndaş kimi qeydə alınmalıdırlar. Bu halda həmin işçilər işlə təmin olunmadıqda, Azərbaycan Respublikasının Əmək Məcəlləsində müəyyən edilmiş təminatları almaq üçün şəhər, rayon məşğulluq mərkəzi tərəfindən onlara müvafiq arayışlar verilir. Həmin arayışlar işçinin işdən çıxarıldığı gündən yeni işə düzələn günədək əmək kitabçası və ya onu əvəz edən sənədi təqdim etmək şərti ilə ikinci və üçüncü ayların tamamında verilir. Müəssisə, idarə və təşkilatlardan sərbəstləşdirilən vətəndaşlar üzürsüz səbəbdən qanunvericilikdə nəzərdə tutulmuş bir ay müddətində şəhər, rayon məşğulluq mərkəzində müvafiq qaydada qeydiyyata alınmadıqları halda onlara ikinci və üçüncü aylarda orta aylıq əmək haqqının ödənilməsi üçün arayış verilmir. Bu vətəndaşlara işsiz statusunun verilməsi bu qaydaların 3-cü bəndinə uyğun olaraq müəyyən edilir. Hüquqi şəxslərin ləğvi və ya işçilərin sayının və ştatların ixtisar olunması, əmək şəraitinin şərtlərinin dəyişdirilməsi ilə əlaqədar olaraq sərbəstləşdirilmiş və işdən azad edildikdən sonra şəhər, rayon məşğulluq mərkəzində qeydiyyata alınmış, lakin əmək qanunvericiliyi ilə müəyyən edilmiş işdənçıxarma müavinəti və orta aylıq əmək haqqı ödənilən müddət ərzində işə düzəldilməmiş vətəndaşlara işsiz statusu bu müddətin qurtardığı birinci gündən təyin edilir. İşçilərin sayının azaldılması və ya ştatların ixtisarı ilə əlaqədar müəyyən edilmiş xəbərdarlıq müddətləri əvəzinə işçiyə onun razılığı ilə azı iki aylıq əmək haqqını bir dəfəyə ödəməklə müvafiq əsaslarla əmək müqaviləsinə xitam verildiyi və işdənçıxarma müavinəti ödənildiyi hallarda həmin şəxsə sərbəstləşdirildiyi gündən sonrakı bir ay müddət bitdikdən sonra işsiz statusu təyin edilə bilər. Əmək şəraitinin şərtlərinin dəyişdirilməsi ilə əlaqədar müəyyən edilmiş xəbərdarlıq müddətləri əvəzinə işçiyə onun razılığı ilə azı iki aylıq əmək haqqını bir dəfəyə ödəməklə müvafiq əsaslarla əmək müqaviləsinə xitam verildiyi və müavinətin ödənildiyi hallarda həmin şəxsə işdən çıxdığı gündən sonrakı iki ay müddət bitdikdən sonra işsiz statusu təyin edilə bilər. Bu hallarda işsiz statusunun verilməsi bu qaydaların 3-cü bəndinə uyğun olaraq müəyyən edilir. İşsizlik müavinətinin məbləğinin müəyyənləşdirilməsi orta aylıq qazanca əsasən işsiz statusu almış vətəndaşlar işsizliyin başlanmasından şəhər Məşğulluq Mərkəzlərində işaxtaran kimi qeydiyyata alındığı gündən əvvəlki 12 ay ərzində 26 təqvim həftəsindən çox müddətdə haqqı ödənilən işə malik olduqda onların işsizlik müavinəti axırıncı iş yerindəki son 12 ay ərzində hesablanmış orta aylıq əmək haqqının 70 faizi məbləğində müəyyən edilir. Orta aylıq qazanca əsasən təyin olunmuş müavinətin məbləği müavinət təyin olunan dövr üçün respublika üzrə müəyyən edilmiş orta aylıq əmək haqqının məbləğindən çox, təsdiq olunmuş müavinətin minimum məbləğindən az ola bilməz. Minimum məbləğdə isə işsiz statusu almış vətəndaşlar işsizliyin başlanmasından şəhər Məşğulluq Mərkəzlərində işaxtaran kimi qeydiyyata alındığı gündən əvvəlki 12 ay ərzində 26 təqvim həftəsindən az müddətdə haqqı ödənilən işə malik olduqda onların işsizlik müavinəti təsdiq olunmuş müavinətin minimum məbləğində müəyyən edilir. Təkrar müavinət işsiz statusu müəyyən olunan vaxtdan 12 ay keçdikdən sonra vətəndaş münasib işlə təmin olunmayıbsa, onun təkrarən müavinət almaq hüququ vardır. Təkrar müavinət təsdiq olunmuş müavinətin minimum məbləğində müəyyən olunur. Müavinətə edilən əlavələr işsizin himayəsində 18 yaşına çatmamış uşağı olduqda işsizlik müavinətinin məbləği hər bir uşaq üçün müavinətin 10 faizi məbləğində, lakin 50 faizindən çox olmamaq şərti ilə artırılır.
Comments are closed, but trackbacks and pingbacks are open.