Azərbaycan dilində hansı sözlərin yazılışının dəyişəcəyi açıqlanıb – TAM SİYAHI
1. Müəssisə nədir.
2. Müəssisələrin növləri,
3. Müəssisələrin təşkilati-hüquqi formaları
4. Formal və qeyri – formal təşkilatlar
5. Müasir idarəçilik formaları.
Müəssisələr, onlarin növləri
1. Müəssisə nədir.
2. Müəssisələrin növləri,
3. Müəssisələrin təşkilati-hüquqi formaları
4. Formal və qeyri – formal təşkilatlar
5. Müasir idarəçilik formaları.
Təbii sərvətlərdən istifadə olunması, cəmiyyət üçün faydalı olan istehlak mallarının yaradılması və bazar tələbatının ödənilməsi, işçinin bilavasitə istehsal vasitələri ilə təması müəssisələrlə bağlıdır. İstehsalın bütün həlqələrində ən başlıca amil və ən əsas özək müəssisədir.
Müəssisə – mülkiyyət formasından asılı olmayaraq ictimai tələbatın ödənilməsi və qazanc əldə edilməsi məqsədilə məhsul istehsal edən və satan, işlər görən və xidmətlər göstərən, qanuna müvafiq yaradılan hüquqi şəxs olan müstəqil təsərrüfatçılıq subyektidir.
Müəssisə, onun növləri və təşkilati – hüquqi formaları barədə aşağıdakıları bilmək vacibdir.
Təsərrüfat fəaliyyətinin növü və xarakterinə görə bütün müəssisələr aşağıdakı beş qrupa ayrılır:
a) Sənaye müəssisələri – sənayenin müxtəlif sahələrində yaradılır və fəaliyyət göstərir;
b) ticarət müəssisələri – əmtəələrin alqı – satqısı üzrə əməliyyatları həyata keçirir;
c) nəqliyyat müəssisələri – yüklərin daşınması ilə məşğul olur;
ç) nəqliyyat – ekspeditor müəssisələri isə məhsulların istehlakçılara çatdırılması ilə məşğul olurlar;
d) sığorta müəssisələri – əmlakın və yüklərin sığortalaşması ilə məşğul olur.
Məlumdur ki, müəssisə hüquqi şəxsdir, müəyyən əmlaka malikdir, ondan istifadə və onu idarə edir, müstəqil balansı var, istehsal – təsərrüfat fəaliyyətinin nəticəsi olan mənfəəti və ziyanı aşkar edə biləcək mükəmməl uçot və hesabat aparır. Müəssisə dövlət və istehlakçıların sifarişi, tapşırıqları və müqavilələri əsasında öz planlarını işləyib hazırlayır və onu həyata keçirir.
Hüquqi vəziyyətinə görə bütün müəssisələr iki qrupa ayrılır:
Fərdi müəssisələr – vətəndaşın və ya onun ailə üzvlərinin ümumi pay mülkiyyətində olan müəssisələrdir. Fərdi müəssisə vətəndaşın ya da ailə üzvlərinin başqa mülkiyyətçilərə məxsus olan müəssisələrin satın alınması yolu ilə də yaradıla bilər. Bu növ müəssisənin mülkiyyətçisi müəssisənin öhdəliklərinin yerinə yetirilməsinə görə öz əmlakı ilə Azərbaycan Respblikasının qanunvericiliyində nəzərdə tutulan qaydada məsuliyyət daşıyır.
Müəssisə birlikləri – həmin birliyin tərkibinə daxil edilmiş müəssisələrin fəaliyyətinin əlaqələndirilməsi, hüquqlarının müdafiə edilməsi, ümumi mənafelərin dövlət və digər orqanlarda və beynəlxalq təşkilatlarda təmsil olunması və digər müəssisələr ilə könüllülük əsasında sahə, ərazi və başqa prinsiplərə əsasən ittifaqlar, konsernlər, şirkətlər və digər birliklər yarada bilərlər. Birlik təsisçilərin təsdiq etdikləri Nizamnamə əsasında fəaliyyət göstərir.
Müəssisə birliklərinin aşağıdakı növlərini fərqləndirirlər:
- Şərikli (tam ortalıqlı) müəssisələr – azı iki fiziki və hüquqi şəxs tərəfindən müqavilə əsasında təsis edilir. Müəssisənin şərikləri onun öhdəliklərinin yerinə yetirilməsinə görə özlərinin bütün əmlakı ilə məsuliyyət daşıyırlar.
- Payçı (kommandit ortalıqlar) müəssisə – azı bir şərik və bir payçı tərəfindən təsis edilir. Şərik və payçı həm fiziki şəxs, həm də hüquqi şəxs ola bilər.
- Məhdud məsuliyyətli müəssisə – bir və ya bir neçə fiziki və yaxud hüquqi şəxs tərəfindən yaradılan, Nizamnamədə müəyyən edilmiş həcmdə fondun təsis müqaviləsi ilə paylara bölünən müəssisədir. Müəssisənin təsisçiləri onun öhdəliklərinə görə ancaq Nizamnamə fondundakı payları həcmində məsuliyyət daşıyırlar.
- Səhmdar cəmiyyəti – təsərrüfat fəaliyyətini həyata keçirmək məqsədilə Nizamnamə fondunu səhm buraxmaq yolu ilə fondlaşdıran fiziki və ya hüquqi şəxslərin könüllü sazişi əsasında yaradılan müəssisədir. Səhmdar cəmiyyəti azı üç fiziki və ya hüquqi şəxs tərəfindən təsis edilir. Mövcud qanuna əsasən səhmdar cəmiyyətinin öhdəliklərinə görə səhmdarlar özlərinin verdikləri pay həcmində məsuliyyət daşıyırlar. Səhmdar cəmiyyəti səhmdarların əmlak öhdəliklərinə görə məsuliyyət daşıyır.
- Konsern – formal olaraq müstəqil, üzərlərində maliyyət nəzarəti qoymaq yolu ilə bir sıra müəssisələri birləşdirən təsərrüfat formasıdır. Konsern adətən, müxtəlif sənaye sahələrinin müəssisələrini, ticarət formalarına, bankları, nəqliyyat və maliyyə kompaniyalarını birləşdirir. Müasir şəraitdə trestlərin konsernlərə çevrilməsi geniş yayılmışdır.
- Maliyyə qrupları – bir və yaxud bir neçə qarşılıqlı əlaqədə olan kapital sahibkarlarının maqnatlarının nəzarəti altında olan sənaye, bank, sığorta, nəqliyyat, ticarət və başqa kompaniyaların məcmusundan ibarət olan maliyyə təşkilatıdır, birliyidir.
- Dövlət müəssisələri – dövlət mülkiyyəti əsasında yaradılır və onun fəaliyyəti dövlət orqanları tərəfindən tənzimlənir. Hazırda dövlət müəssisələri respublikanın iqtisadi inkişafında mühüm rol oynayır. Bu, onunla izah edilir ki, hələlik orta və iri müəssisələr dövlətə məxsusdur. Dövlət müəssisələrinin iki növünü fərqləndirirlər: əmlakı tamamilə dövlət mülkiyyətinə əsaslanan müəssisələr və səhmlərinin nəzarət poketi dövlət orqanlarına məxsus olan müəssisələr. Dövlət müəssisəsi tərəfindən ona təhkim edilmiş əmlak üzərində AR-nın qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və hüdudlarda sahiblik, istifadə etmək və sərəncam vermək məlahiyyətlərini həyata keçirir.
- Kooperativ müəssisələr – «Kooperasiya haqqında» Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq istehsal, elmi-istehsal, tikinti, ticarətsatınalma, xidmət və s. fəaliyyət növləri ilə məşğul ola bilərlər. Kooperativlər şəriklik əsasında yaradılır. Kooperativlərin nəzdində «Qız» firmaları və digər filiallar fəaliyytət göstərə bilərlər. Bundan başqa, kooperativlər öz maliyyə vəziyyətlərini yaxşılaşdırmaq və elmi texniki nailiyyətlərdən tez istifadə etmək üçün qiymətli kağızlar (səhmlər) buraxa bilərlər.
Kapital və nəzarət mülkiyyətinə görə müəssisələr 3 qrupa ayrılır: milli, xarici və qarışıq.
Ümumxalq mülkiyyətinə əsaslanan – müəssisələr milli müəssisələr adlanır. Məsələn, Azərbaycan Dövlət Neft Şirkəti milli müəssisədir. Xarici sahibkarların kapitalı əsasında yaradılan və onların nəzarəti altında fəaliyyət göstərən müəssisələrə xarici müəssisələr deyilir. İki və daha çox ölkənin kapitalları əsasında yaradılan müəssisələr qarışıq (müştərək) müəssisələr adlanır.
Buraxılan məhsulun iqtisadi təyinatına görə – bütün müəssisələr iki əsas qrupa bölünür: istehsal vasitələri istehsal edən müəssisələr və istehlak vasitələri (əmtəələri) istehsal edən müəssisələr.
İstehsal etdikləri xammal və materialın xarakterinə görə hasiledici və emaledici müəssisələr fərqləndirilir.
Miqyasına görə müəssisələr üç cür: iri, orta və kiçik olurlar. Son illərə kimi Azərbaycanda bütün müəssisələrin təqribən 60-70%-ni iri və orta müəssisələr təşkil edirdi. Hazırda isə onların sayı xeyli azalmış və bütün müəssisələrin təxminən 55 – 60%-ni kiçik və müştərək müəssisələr təşkil edir.
İxtisaslaşdırılması dərəcəsinə görə – müəssisələr ixtisaslaşdırılmış, universal və qarışıq müəssisələr qrupuna ayrılr.
Formal və qeyri – formal təşkilatlar da mövcuddur.
Formal təşkilatlar – rəhbərlik (və ya dövlət) tərəfindən yaradılan, qeydiyyatdan keçən, möhürü, blankı və bankda hesablaşma-hesabı olan hüquqi şəxslərdir.
Qeyri-formal təşkilatlar – əsasən formal təşkilatların tərkibində dövri yaranan və hər hansı bir problemin aradan qaldırılmaısı məqsədlərinə xidmət edən, adətən müvəqqəti xarakter daşıyan qruplar və ya təşkilatlardır.
Bazar münasibətlərinə keçid və dövlət mülkiyyətinin özəlləşdirilməsi ilə əlaqədar olaraq yuxarıda qeyd edilən çoxsaylı idarəetmə formalarının əksəriyyətindən ölkəmizin sahibkarlıq mühitində istifadə olunur. Kimya və neft – kimya sənayesində: şirkət (konsern), birlik, müştərək müəssisələr artıq yaradılmışlar və fəaliyyət göstərirlər. Bir sıra müəssisələr isə öz mülkiyyət formalarını dəyişdirmişlər və səhmdar cəmiyyəti kimi fəaliyyət göstərirlər.
Bazar iqtisadiyyatı şəraitində iqtisadiyyatın idarə edilməsində geniş tətbiq edilən müəssisə formaları əsasən aşağıdakılardır: konsern, konsorsium, səhmdar cəmiyyəti, birgə müəssisələr, assosiasiyalar, kiçik müəssisələr, kooperativlər, məhdud məsuliyyətli cəmiyyətlər və s.
Lakin müəssisələrin təşkilati formaları təkcə istehsal göstəricilərilə deyil, daha geniş şəkildə təzahür olunur. Həmin müəssisələr əsasən:
İnnovasiya xarakterli – yeni məhsul işləyib hazırlayan şöbə, yeni ixtisaslaşdırılmış idarə orqanı, yeni riskli kiçik təşəbbüs qrupu, bilavasitə inteqrasiya məsələlərilə məşğul olan fəaliyyət qrupu, sərbəst təsərrüfat vahidi, yeni vençur bölmələri, inkubatorlar və s. idarəetmə forması kimi olurlar. Eyni zamanda praktik olaraq – strateji alyans (ittifaq), maliyyə, kontrakt, kollektiv, tərəfkeşlik və s. təşkilati formalar da fəaliyyət göstərirlər.
Maliyyə xarakterli təşkilati formaya – françayzinq firmaları və törəmə müəssisələr, tərəfkeş formaya isə tam və qarışıq yoldaşlıq, məhdud məsuliyyətli və səhmdar tipli cəmiyyətlər aiddir.
Onların təsnifatını aşağıdakı kimi ümumiləşdirmək olar:
- innovasiya;
- maliyyə;
- müqavilə (kontrakt);
- kollektiv;
- tərəfkeşlik (partnyorluq).
İdarəetmənin yuxarıda göstərilən firmadaxili təşkilati formaları və növləri, bütünlükdə müəssisəyə iki qarşılıqlı dinamik xarakterli sistemin tərkib hissəsi olan «planlaşdırılmış davranış» və «sərbəst strateji davranış»ın formalaşmasına şərait yaradır. Birincisi, müəssisənin idarə quruluşunun və strateji planlaşdırma sisteminin formal təşkilini təmin edir, ikincisi isə formal qəbul edilmiş strateji xəttdən çıxaraq, daha geniş fəaliyyət dairəsinə və təşəbbüskarlığa şərait yaradır. Həmin firmadaxili təşkilati formaların diqqəti cəlb edən üstünlüyü ondadır ki, onlar əsaslı xərc tələb etmədən müəssisələrin mövcud istehsal – təsərrüfat şəraitində yaradılırlar. Lakin onların geniş tətbiqinə mane olan başlıca şərt, bütün innovasiya layihələrində olduğu kimi, müvafiq hüquqi bazanın olmaması və ya zəif olmasıdır.
Menecmentin forma və metodlarına həsr edilmiş iqtisadi ədəbiyyatlarda inteqrasiya ilə bilavasitə məşğul olan fəaliyyət qurumunun yaradılmasına üstünlük verilir. Belə ki, bu idarəetmə formasında strateji əhəmiyyətli yeniliklər əsas istehsalla sıx əlaqədə olur, müəssisənin iqtisadi cəhətdən inkişafına şərait yaradır. Odur ki, müəssisənin mövcud idarəetmə sistemi çərçivəsində yaradılan «birbaşa inteqrasiya» forması ali rəhbərliyin nəzarəti altında yaradılaraq, müəssisənin konstruktor – texnoloji, istehsalın idarə edilməsi və s. idarə orqanları ilə sıx əlaqədə fəaliyyət göstərir.
Göstərilən firmadaxili idarə forması ilə yanaşı rəqabət qabiliyyətli məhsul istehsal edən müəssisələrdə (firmalarda) yeni məhsul işləyib hazırlayan və ya təsərrüfat fəaliyyətinin inkişaf istiqaməti ilə məşğul olan, böyük strateji əhəmiyyətə malik, əsas istehsala yenilik baxımından bilavasitə təmasda olan idarə orqanları da yaradılır. Belə orqanlar adətən, sahibkar xarakterli layihələrin həyata keçirilməsi üçün yaradılır. «Yeni ixtisaslaşdırılmış» idarə orqanı isə “yenilik xarakterli” olsa da, strateji əhəmiyyətə malikdir, lakin o, əsas istehsalla az əlaqədə olur. Qüvvətli inzibati nəzarət, həmin orqanın yalnız strateji vəzifələrini yerinə yetirməyə müvəffəq olur. Həmin orqanlar uzun müddət səmərəli işlədikdə müəssisənin sərbəst istehsal vahidi statusunu alaraq fəaliyyət göstərə bilir.
“Yeni riskli kiçik təşəbbüs qrupu” dəqiq müəyyən edilmiş strateji əhəmiyyətli yeniliklər işləyib hazırlayır və əsas istehsalla sıx əlaqədə olur. Onlar istehsalat bölmələrinin tərkibində yaradılır və “ikinci dərəcəli” yenilik işləyib hazırlayırlar. Əvvəlki idarə orqanından fərqli olaraq, burada inzibati nəzarət zəifdir və təşəbbüs qrupu böyük sərbəstliyə malikdir. Lakin onların fəaliyyəti üçün ayrılan vəsaitə, bu işin yerinə yetirilməsi müddətinə hədd qoyulur. Eyni zamanda, həmin qrup müəssisələr digər elmi – texniki laboratoriyalarla, informasiya bazası ilə, təcrübə – sınaq sahəsi və s. ilə sıx əlaqədə işləyir və öz işlərinin nəticələri haqqında texnoloqlara operativ məlumatlar təqdim edirlər.
Menecmentin digər firmadaxili təşkilati formaları haqqında sahə iqtisadçılarının əsərlərində kifayət qədər izahat verildiyindən, onların təfsilatından yan keçməyə üstünlük veririk. Lakin firmadaxili idarəçilikdə yalnız həmin formalarla kifayətlənmək düzgün olmazdı. Odur ki, bazar münasibətlərinə keçid şəraitində müəssisələrin və firmaların müasir rəqabət qabiliyyətliliyini, onların firmalararası əlaqələrini, elmi – tədqiqat potensialından istifadə etmək imkanlarını nəzərə almamaq mümkün deyildir.
Deməli, müasir şəraitdə innovasiya meylli birgə fəaliyyətin yaranmasına daha çox ehtiyac vardır. Bu baxımdan, daha çox yayılmış idarəetmə forması “françayzinq”“dir. Bazarın tam formalaşmadığı və istehsal edilən məhsulların nisbətən aşağı keyfiyyətdə olması, erqonomik tələbatlara zəif cavab verdiyi şəraitdə “françayzinq“ formasının tətbiqi xüsusi əhəmiyyət kəsb edir. Bu formaya görə müəssisə öz məhsulunu sərbəst fəaliyyət göstərən ticarətçilərə verir, onlar müəyyən ərazidə həmin məhsulları satdıqdan sonra istehsalçıya pulunu ödəyirlər. Deməli, “françayzinq“” satışın genişlənməsinə maksimum şərait yaradır, tələbatın dəyişilməsini operativ hiss edir və bazar sisteminə daxil olmağa şərait yaradır. Eyni zamanda, bu forma çərçivəsində müəssisə öz “ticarət markası”nı“ yeni bazarda yayır, satış obyektlərini genişləndirir, məhsulların satışı və xidmətlərin göstərilməsi üzrə xərcləri azaldır. Çox zaman göstərilən forma “konsaltinq” və “injinirinq” sazişləri ilə tamamlanır.
Bazar iqtisadiyyatlı ölkələrdə geniş yayılmış idarəetmə formalarından biri də “strateji alyans”lar (ittifaqlardır). Sonuncu, adətən iki və ya üç firmanın (kompaniyanın) uzun müddətli istehsal və bazar fəaliyyətlərinin əlaqələndirilməsidir- koordinasiyasıdır. Strateji alyanslar, birgə müəssisələrdən fərqli olaraq, müxtəlif sənaye sahələrinin müəssisələrini cəmləşdirir. Onun strateji məqsədi, alyansa daxil edilən bir müəssisənin məhsulunun digəri tərəfindən alınmasını stimullaşdırır. Digər tərəfdən alyans, müəssisələrin istehsalat, satış, elmi – tədqiqat, konstruktor – texnoloji fəaliyyətlərini birləşdirərək, xərcləri tarazlı bölüşdürür və o zaman bu və ya digər sahədə qüvvətli tərəfkeş istifadə edir. Beləliklə, alyansa daxil olan müəssisələr müflisləşmə təhlükəsindən qorunmuş olurlar.
Son illər bazar iqtisadiyyatlı ölkələrdə firmadaxili idarəçilik formaları içərisində «inkubator»lara üstünlük verilir. Təəssüf ki, bu təcrübə MDB iqtisadi məkanında, o cümlədən bizim ölkəmizdə tətbiq edilmir. Xarici ölkələrin iqtisadçı alimlərinin əsərlərində əsasən inkubatorların bir təyinatından (funksiyalarından) onların köməyilə yüksək ixtisaslı idarəetmə və mühəndis kadrlarının hazırlanmasından söz açılır, halbuki həmin təşkilati formanın daha geniş potensial imkanları mövcuddur. Belə ki, inqubatorlar özünün fəaliyyət dairəsində iştirakçılara səhvlər və risklər üzrə eyni hüquq verir, mühəndis-texniki işçilərin bazar münasibətlərinin tələblərinə uyğun hazırlanmasına və kollektivə rəhbərlik etmək bacarığının formalaşmasına şərait yaradır. İnkubatorların həmin fəaliyyəti ilə yanaşı, «vençur» kapitalı tətbiq edilən yerdə yeni texnologiyanın qeyri-mərkəzləşdirilmiş istehsal bölmələrinin təşkilində yeni metodların, menecmentin innovasiya və strateji planlaşdırılma sahəsində yeni üsulunun tətbiqinə şərait yaradır. Bütün göstərilən hallarda müəssisənin istehsal proqramının yerinə yetirilməsinə mənfi təsir edilmir.
Müəllif: Ağasəf İmran
Mənbə: ”Menecment”(dərslik) BAKI-2007
- Teqlər:
- müəssisə
- , müəssisələrin növləri
Azərbaycan dilində hansı sözlərin yazılışının dəyişəcəyi açıqlanıb – TAM SİYAHI
Bakı. 12 yanvar. REPORT.AZ/ “Azərbaycan dilinin orfoqrafiya qaydaları” layihəsi hazırlanıb və ictimaiyyətə təqdim olunub. “Report”un xəbərinə görə, “Azərbaycan dilinin orfoqrafiya qaydaları” layihəsini Azərbaycan Milli Elmlər Akademiyasının Orfoqrafiya Komissiyası və AMEA Nəsimi adına Dilçilik İnstitutu hazırlayıb. Layihə Milli Elmlər Akademiyası Rəyasət Heyətinin 28 dekabr 2017-ci il tarixində keçirilən iclasında müzakirə olunub və çap üçün tövsiyə edilib. Qaydalar layihəsi təsdiq olunması üçün Nazirlər Kabinetinə göndəriləcək. “Report” layihənin tam variantını təqdim edir: Əsl Azərbaycan sözlərinin yazılışı 1. Azərbaycan dilinin lüğət tərkibində əksəriyyət təşkil edən milli sözlərin bir çoxu deyildiyi kimi yazılır: addım, dəniz, gəlin, günəş, qoşun, oğul və s. 2. Son səsi [x] və ya [ğ] kimi tələffüz olunan milli sözlər q hərfi ilə yazılır: ayaq,barmaq, bulaq, dayanacaq, qatıq, qonaq, otaq, yaxşılıq, yanaq və s. Bu qəbildən olan sözlərə saitlə başlanan şəkilçi qoşulduqda yazıda q~ğ əvəzlənməsi baş verir: otağa, bulağın, qonağımız və s. Qeyd: Son səsi [kʹ] kimi tələffüz olunan bir qrup alınma sözlər də q hərfi ilə yazılır: filoloq,ittifaq, müstəntiq, natiq, şəfəq, texnoloq, üfüq, vərəq və s. Əsl Azərbaycan sözlərindən fərqli olaraq, bu qəbildən olan sözlərin sonuna saitlə başlanan şəkilçi qoşulduqda yazıda heç bir dəyişiklik baş vermir: filoloqa, şəfəqi, üfüqə və s. 3. Son səsi [xʹ] kimi tələffüz olunan iki və çoxhecalı milli sözlər k hərfi ilə yazılır: bilək, birlik, külək, ürək, üzərlik, üzük və s. Bu qəbildən olan sözlərə saitlə başlanan şəkilçi qoşulduqda yazıda k~y əvəzlənməsi baş verir: biləyi, birliyimiz, ürəyim, üzüyün və s. Qeyd: Söz sonunda [k] kimi tələffüz olunan əksər alınma sözlərə isə bu qayda şamil edilmir, yəni onlarda əvəzlənmə baş vermir: əmlak-əmlaka, iştirak-iştirakımız, mexanik-mexanikə, şərik-şəriki, texnik-texnikin və s. 4. Son səsi həm [t], həm də [d] kimi tələffüz olunan iki və çoxhecalı milli sözlər d ilə yazılır: bulud, palıd, söyüd və s. Bu qayda ona əsaslanır ki, həmin sözlərə saitlə başlanan şəkilçi qoşulduqda sondakı samit [d] kimi səslənir. Qeyd: Polad, sənəd, təqaüd və s. kimi alınma sözlər də bu qaydaya əsaslanır. 5. Son səsi həm [k], həm də [g] kimi tələffüz olunan milli sözlər g hərfi ilə yazılır: çələng, pələng, səhəng, tüfəng və s. Dördüncü bənddəki qayda bu sözlərə də aiddir. Qeyd: Bu qayda ahəng, qəşəng, nəhəng kimi alınma sözlərə də şamil edilir. 6. Son səsi həm [c], həm də [ç] kimi tələffüz olunan sözlər c hərfi ilə yazılır: kərpic, qılınc, ülgüc və s. Dördüncü bənddəki qayda bu bəndə də aiddir. 7. Ədəbi tələffüzdə ilk səsi [ı] ilə deyilən sözlər olmadığı üçün aşağıdakı milli sözlər i ilə yazılır: ilan, ildırım, ilğım, ilxı, ilıq, inanmaq, işartı, işıq və s. Alınma sözlərdə saitlərin yazılışı 8. O saitli alınma sözlər [a] və ya [o] ilə tələffüz edilməsindən asılı olmayaraq, o ilə yazılır: avtomat, ensiklopediya, kollec, kollektiv, kombinat, laborant, Moskva, motor, obyekt, Odessa, poçtalyon, poema, poeziya, problem, professor, solist, velosiped və s. 9. İkinci hecasındakı saiti [i], bəzən də [ü] ilə tələffüz olunan ərəbmənşəli sözlər ənənəvi-tarixi prinsipə əsasən i ilə yazılır: külli (miqdarda), müdir, müdrik, müflis,müxbir, müxlis, münbit, münsif, mürid, mürşid, müsibət və s. Qeyd: Mühüm və üfüq sözlərindəki ikinci heca ü hərfi ilə yazılır. 10. Mənbə dildə tərkibində u saiti ilə yazılan və [yu] kimi tələffüz olunan aşağıdakı sözlər ədəbi dilimizin fonetik qaydalarına uyğun olaraq ü ilə yazılır: alüminium, bülleten, büro, jüri, karbürator, kompüter, Lüksemburq, paraşüt, süjet, tütor, uvertüra və s. 11 . Sonu a saiti ilə bitən alınma sözlər iki cür yazılır: a) Aşagıdakı sözlərin sonunda a hərfi yazılmır: aksiom, anket, aptek, atmosfer, fabrik, fonem, kaset, kayut, konfet, kontor, qəzet, qrafem, qravür, qrup, leksem, lent, maşın, perspektiv, planet, pyes, reklam, rezin, sistem, sistern, sitat, teorem, vitrin və s. b) sonundakı a saiti atılarkən mənası anlaşılmayan və ya başqa məna verən sözlər mənbə dildəki kimi a hərfi ilə yazılır: botanika, doktrina, forma, kamera, qrammatika, norma, poetika, poeziya,respublika, taktika və s. Belə sözlərin sonunda a hərfi yazılmadıqda məna dəyişikliyi baş verir. Məsələn, botanika elm sahəsi olduğu halda, botanik sahə üzrə mütəxəssisdir. 12. “Azərbaycan dilinin orfoqrafiya lüğəti”nin 2013-cü il nəşrində metafor, profilaktori, sanatori şəklində verilmiş sözlərin metafora, profilaktoriya, sanatoriya kimi yazılması tövsiyə olunur. 13. Mənbə dildə birhecalı olub, tələffüz zamanı, adətən, sonundakı iki samit arasına i və ya ü saiti artırmaqla tələffüz olunan ərəbmənşəli sözlər iki cür yazılır: a) iki saitlə yazılanlar: ağıl, cisim, eyib, ətir, feil, fəsil, fikir, heyif, isim, izin, qəbir, qədir, qisim, meyil, Misir, nəsil, ömür, səbir, sətir, sinif, şeir, şəkil, zehin; b) bir saitlə yazılanlar: cəbr, əmr, əsl, həbs, həsr (etmək),hökm, hüsn,hüzn, hüzn, kəsr, qəbz, qəhr, qəsr, nəbz, nəfs, nəsr, sehr, sədr, üzr, üzv, zülm və s., Bu qisimdən olan sözlərin bir çoxu iki saitlə yazıldıqda başqa mənalı sözlər – paronimlər alınır: əsl –əsil, əsr – əsir, həsr – həsir, kəsr – kəsir , nəfs – nəfis və s. Söz köklərində samitlərin yazılışı 14. Rus dilində tərkibində ц samiti olan Avropa mənşəli alınma sözlərin yazılışında aşağıdakı qaydalar əsas götürülür: a) ümumi isimlər s ilə yazılır: aseton, dosent, konsert, lisey, sex, sement, senzura, sirk və s. Qeyd: Vitse sözü istisnadır, ts ilə yazılır. b) xüsusi isimlərdə sözün əvvəlində s ilə (Setkin, Sialkovski və s.); sözün ortasında və axırında isə ts (Motsart, Muromets, Vorontsov və s.) yazılır: 15. Rus dilində tərkibində щ hərfi olan alınma sözlərin yazılışında aşağıdakı qaydalar əsas götürülür: a) sözün əvvəlində və sonunda işlənən щ samiti əvəzinə ş yazılır: borş, Şedrin, Şerba, Şors və s. b) Sözün ortasında işlənən щ samiti əvəzinə qoşa şş yazılır: Quşşin, meşşan, Pleşşunov, Vereşşagin və s. 16. Rus dili vasitəsilə dilimizə keçmiş aşağıdakı alınma sözlər (ümumi və xüsusi isimlər) əslinə uyğun olaraq h hərfi ilə yazılır: Haaqa, Hamburq, harmoniya, Havana, Hegel, hektar, heroqlif, Heyne, hidrogen, himn, hospital, Höte, humanizm və s. 17. Birinci və ikinci hecasındakı samiti, əsasən, [m] ilə tələffüz olunan sözlər n samiti ilə yazılır: anbar, günbəz, İstanbul, qənbər, sünbül, şənbə, tənbəl, zənbil. Kombayn, kombinat, kömbə, pambıq sözləri istisnadır. 18. –iy, –skiy ilə qurtaran xüsusi isimlərin sonundakı y samiti yazılmır: Qorki, Mayakovski, Yaroslavski. 19. Kimyəvi element adları mənbə dildəki kimi yazılır: kalium, maqnezium, natrium və s. 20. Mənbə dildə [c] kimi tələffüz olunan alınma sözlər c hərfi ilə də yazılır: Cek London, cemper, Siciliya və s. 21. Mənbə dildə g samitli alınma sözlər g ilə də yazılır: biologiya, dialektologiya, general, genezis, geologiya, gigiyena, gimnastika, gitara və s. 22. Aşağıdakı sözlərin mənbə dildəki yazılışı əsas götürülərək, k hərfi ilə yazılması məqsədəuyğun sayılır: əskər, əskinas, İskəndər, işkəncə və s. Qeyd: Bu sözlər dilimizdə məhz tələffüzlərinə əsasən indiyədək g hərfi ilə yazılmışdır. Belə ki, mənbə dildə yanaşı gələn kar samitlərdən (sk, şk) ikincisi (k) tələffüzdə cingiltiləşərək, onun cingiltili qarşılığına (g) keçmişdir. 23. Mənbə dildə w samitli alınma sözlər Azərbaycan dilində v ilə yazılır: veb-sayt, Vilyam, vindos, vörd və s. Qoşasaitli və qoşasamitli sözlərin yazılışı 24. Kökündə eynicinsli və müxtəlifcinsli qoşa sait işlənən alınma sözlər ədəbi dildəki tələffüzündən asılı olmayaraq, qoşa saitlə də yazılır: ailə, bədii, camaat, əcaib, əmtəə, ideal, maaş, müalicə, okean, saat, stadion, zəif və s. 25.Milyon və milyard sözləri mənbə dildəki yazılışından asılı olmayaraq, bu şəkildə yazılır. 26. Hecalarından biri p samiti ilə bitib, sonrakı hecasının ilk samiti [b] kimi səslənən sözlər qoşa pp samitiilə yazılır: guppultu, hoppanmaq, şappıltı, tappıltı, toppuz və s. 27. Hecalarından biri k samiti ilə bitib, sonrakı hecasının ilk samiti [g] kimi səslənən sözlər qoşa kk samitiilə yazılır: mürəkkəb, mütəkkə, səkkiz və s. 28. Hecalarından biri t samiti ilə bitib, sonrakı hecasının ilk samiti [d] kimi səslənən sözlər qoşa ttsamitiilə yazılır: əlbəttə, hətta, Səttar və s. 29. Hecalarından biri q samiti ilə bitib, sonrakı hecasının ilk samiti [kʹ] kimi səslənən sözlər qoşa qq samiti ilə yazılır: diqqət, doqquz, saqqal və s. 30. İki sait arasında gələn qoşa samitli sözlər qoşa samitlə yazılır: ballada, kapella, kassa, klassik, qəyyum, libretto, nəqqaş, operetta, səyyar, şassi, vassal, və s. Qeyd: Mənbə dildə tərkibində ll, nn, pp qoşa samitləri olan alınma sözlər aşağıdakı kimi yazılır: paralel, anten, ton, qrup, aparat və s. 31. Mənbə dildə sonu qoşa samitlə bitən iki və ya çoxhecalı sözlər bir samitlə yazılır: hüsnxət, kiloqram, kilovat, metal, mühüm, rəsmxət, sərhəd və s. 32. Təkhecalı sözlərin sonunda qoşa samitin hər ikisi yazılır: fənn, haqq, hiss, xətt, küll, rədd, sirr, vatt, zənn, zidd və s. Belə sözlərə samitlə başlanan şəkilçi artırdıqda onların kökündəki qoşa samitlərdən biri düşür: fənn – fənlər, haqq – haqsız, xətt – xətdən, sirr – sirlər və s. Qeyd: Bu qayda hiss və küll sözlərinə şamil edilmir. Çünki həmin sözlərin son samitlərindən birini atdıqda onlar başqa məna daşıyır: his (ocağın hisi), kül (siqaretin külü). Hiss sözünə yalnız –siz şəkilçisini artırdıqdakökdəki s samitlərindən biri ixtisar olunur. 33. Mənbə dildə bəzi təkhecalı və çoxhecalı sözlərin sonunda işlənən qoşa ss samitindənyalnız biri yazılır: ekspress – ekspres, konqress-konqres, stress – stres və s. 34. Mənbə dildə ss qoşa samiti ilə başlayan ssenari sözünün əvvəlində bir s hərfi yazılır: senari. Həmin sözdən düzələn sözlərdə də bu qaydaya əməl edilir. 35. Mənbə dildə söz ortasında qoşa ss samiti olan aşağıdakı sözlər də bir s hərfi ilə yazılır: masaj, pasaj, şose və s. 36. Mənbə dildə tərkibində qoşa mm samiti olan və sonu a saiti ilə bitən sözlər aşağıdakı kimi yazılır: diaqram, proqram, stenoqram, teleqram və s. 37. Əvvəlki orfoqrafiya lüğətlərində tərkibində –iyyat,- iyyət və -iyyə şəkilçisi olan sözlər qoşa yy samiti ilə yazılmışdır. Hazırda həmin sözlər bir [y] ilə tələffüz olunur. Buna görə də fonetik prinsipə əsaslanaraq tərkibində həmin şəkilçilər olan sözlərin bir y ilə yazılması məqsədəuyğun sayılır. Məsələn: cərrahiyyə – cərrahiyə, dövriyyə – dövriyə, ədəbiyyat – ədəbiyat, fəaliyyət – fəaliyət, maliyyə – maliyə, üslubiyyat – üslubiyat və s. Qeyd: Qəyyum, səyyah, səyyar, səyyarə, təyyar kimi sözlər istisnadır. Ehtiyat, mərsiyə, saniyə, təhkiyə, tərbiyə, təziyə, tövsiyə kimi sözlər isə indiyədək bir y ilə yazılmışdır və onların yazılışı olduğu kimi qalır. Şəkilçilərin yazılışı 38. Sözdüzəldici şəkilçilər aşağıdakı kimi yazılır: 1) Bir cür yazılan alınma şəkilçilər: –i şəkilçisi: cənubi, daxili, elmi, həyati,Naxçıvani, şimali, Şirvani, tarixi və s. Sonu saitlə bitən sözlərdə bu şəkilçi –vi şəklində olur: ailəvi, dairəvi, Gəncəvi, kimyəvi, kütləvi və s. –varı şəkilçisi: buynuzvarı, qalxanvarı, üzükvarı, yüngülvarı və s. –stan şəkilçisi: Samitlə bitən sözlərdə bu şəkilçinin əvvəlinə ahəng qanununa uyğun olaraq ı, i, u, ü saitləri artırılır: Dağıstan, Türkmənistan, Monqolustan, Türküstan. Saitlə bitən sözlərdə isə şəkilçi olduğu kimi qalır: Gürcüstan. 2) İki cür yazılan şəkilçilər: Kar samitlə bitənlərdə: –qan, –kən; cingiltili samitlə bitənlərdə –ğan, –gən: burulğan, çalışqan, deyingən, döyüşkən, sürüşkən, yapışqan və s. 3) Dörd cür yazılan şəkilçilər: –kı, –ki, –ku, –kü şəkilçisi: axşamkı, bildirki, gündüzkü, onunku, səhərki və s. Sifət və isim düzəldən –ı, –i, –u, –ü şəkilçisi: badımcanı, Ceyranı, çərkəzi, darçını, dərbəndi, gümüşü, narıncı, novruzu, Vağzalı və s. Sonu saitlə bitən sözlərdə bu şəkilçilərin əvvəlinə y samiti artırılır: bənövşəyi, buğdayı, xurmayı, sürməyi və s. 4) Feil köklərindən isim və sifət düzəldən şəkilçilər. Sonu kar samitlə bitən sözlərdə: – qı, –ki, –qu, –kü: asqı, pusqu, seçki, sürtkü və s. – qın, –kin, –qun, –kün: bitkin, ötkün, satqın, tutqun və s. Sonu cingiltili samitlə bitən sözlərdə: –ğı, –gi, –ğu –gü: bölgü, çalğı, vergi, vurğu; –ğın, –gin, –ğun, –gün: əzgin, qırğın, süzgün, yorğun. 39. Rəqəmlə yazılan miqdar saylarına mənsubiyyət və hal şəkilçiləri əlavə edildikdə şəkilçidən əvvəl defis qoyulur: 2-yə, 3-də, 5-i, 6-nın, 17-si, 20-dən. Ərəb rəqəmlərindən sonra ahəngə görə sıra sayının şəkilçisi ixtisarla (-cı, –ci, –cu, –cü) yazılır: 2-ci, 3-cü, 6-cı, 10-cu. 40.Roma rəqəmlərindən sonra şəkilçi yazılmır: beşinci – V, onuncu – X və s. Mürəkkəb sözlərin yazılışı 41. Aşağıdakı mürəkkəb sözlər bitişik yazılır: a) bir vurğu ilə deyilən müxtəlif sözlər: arabir, balacaboy, beşillik, beşmərtəbəli, bugünkü, Bülbüloğlu, Çərkəzqızı, dilucu, Əliağa, gülərüz, günəbaxan, hərgecəki, Həsənoğlu, köhnəfikirli, qalxanabənzər, qanunvericilik, qarasaçlı, Qənbərqızı, qurultayqabağı, müxtəliftərəfli, özbaşınalıq, soyuqqanlı, türkmənşəli, ucdantutma, ümumbəşəri, yenifikirli və s. b) eyni feil kökünün təkrarı və a, ha bitişdiricilərinin vasitəsilə yaranan mürəkkəb isimlər: gəlhagəl, qaçaqaç, tutatut, vurhavur və s. Qeyd: Sözün kökü kar samitlə bitdikdə a, cingiltili samitlə bitdikdə isə ha bitişdiricisi yazılır. c) eyni sözün təkrarı və ba, bə bitişdiricisinin vasitəsilə yaranan mürəkkəb zərflər: addımbaaddım, aybaay, günbəgün,ilbəil və s. ç) kino və foto sözləri ilə başlanan mürəkkəb isimlər: fotoalbom, fotomüxbir, kinofilm, kinoteatr və s. 42.Tərkibində anti, audio, avia, avto, makro, mikro, mini, mono, multi, nano, neo, post, super, ultrahissəcikləri olan mürəkkəb sözlər bitişik yazılır: antivirus, multikulturalizm, superdövlət, supermarket, aviasalon, avtopark, miniavtobus, nanotexnologiya, nanohissəcik, neofaşizm, neorealizm, postsovet, postmodernizm və s. 43. Tərkibindəki sözlərin səciyyəsindən asılı olaraq aşağıdakı mürəkkəb sözlər defislə yazılır: a) qoşa sözlər: adda-budda, aşıq-aşıq, az-maz, dedi-qodu, əzik-üzük, həlləm-qəlləm, kağız-kuğuz,qara-qura, qonaq-qara, sür-sümük, top-top və s. b) tərkibində eks, əks, kontr, qeyri, ober, vebhissəcikləri olan mürəkkəb sözlər: eks-prezident, əks-səda, kontr-admiral, qeyri-adi, qeyri-iradi, ober-leytenant, veb-dizayner, veb-səhifə, vitse-admiral; c) izafət tərkibləri: həddi-büluğ, külli-aləm, külli-ixtiyar, nöqteyi-nəzər, tərcümeyi-hal, tərzi-hərəkət; ç) cəhətlər arasını bildirən mürəkkəb sözlər: cənub-qərb, şərq-qərb, şimal-şərq; d) tərkibində mənaca bir-birinə yaxın və ya zidd anlayışları bildirən sözlər: ab-hava, adlı-sanlı, ağıllı-kamallı, alğı-satqı, az-çox, baş-ayaq, dərə-təpə, dinməz-söyləməz, elə-belə, gec-tez, iki-üç, naz-qəmzə, nəvə-nəticə, ölüm-itim, pis-yaxşı, söz-söhbət, təhvil-təslim, ucsuz-bucaqsız və s. e) ölçü vahidlərini bildirən isimlər: kiloelektron-volt, kilovat-saat, qram-kalori və s. ə) birinci tərəfi sifətin dərəcə əlaməti kimi işlənən açıq və tünd sözlərinin, eləcə də müəyyən məna çalarlığı bildirən ala sözünün iştirakı ilə yaranan mürəkkəb sifətlər: açıq-sarı, ala-seyrək, tünd-göy və s. Köməkçi sözlərin yazılışı 44. İdi, imiş, ikən köməkçi sözləri adlardan (isim, sifət, say, əvəzlik) və saitlə qurtaran zərflərdən və feillərdən sonra ayrı, samitlə bitən feillərdən sonra həm ayrı, həm də ilk saiti buraxılaraq, şəkilçiləşmiş variantlarda bitişik yazılır: ata idi, ata ikən, ata imiş, gəlirkən, gəlməli idi, gəlməli ikən, gəlməli imiş, gəlmiş imiş, gəlmişdi, uşaq idi, uşaq ikən, uşaq imiş və s. Qeyd: Saitlə bitən feillərdən sonra gələn bu köməkçi sözlərin ilk saiti buraxılaraq y bitişdiricisinin əlavəsi ilə yazılışı da məqbul sayılır: almalıydı, gəlməliymiş, alaydı, alasıydı, gəlməliydi və s. 45. Qoşmalar iki cür yazılır: 1) birhecalı qoşmalar (–can, –cən, –dək, –tək) aid olduqları sözə bitişik yazılır: dağacan, evəcən, küçəyədək, quştək; Qeyd: Xas qoşması istisnadır, aid olduğu sözdən ayrı yazılır: Bu dilə xas xüsusiyyət. 2) ikihecalı qoşmalar (ilə. kimi, qədər, ötrü, təki, təkin, üçün) aid olduqları sözdən ayrı yazılır: evə qədər, adam kimi, ondan ötrü, sənin təki, şagird üçün. Qeydlər: 1) İlə qoşması samitlə bitən sözlərdə ahəng qanununa uyğun olaraq –la, –lə şəklində bitişik yazıla bilər: çəkiclə, qatarla, qələmlə və s. 2) etibarilə, köməyilə, məqsədlə, məqsədilə, münasibətilə, vaxtilə, vasitəsilə sözləri yalnız bu şəkildə yazılır. 46. Aşağıdakı mürəkkəb bağlayıcılar bitişik yazılır: çünki, habelə, halbuki, həmçinin, hərçənd, hərgah, nəinki, yaxud, yainki. 47. Aşağıdakı bağlayıcılar və bağlayıcı sözlər ayrı yazılır: belə ki, buna görə də, bunun üçün, bununla da, daha da, guya ki, həm də, odur ki, ona görə də, ona görə, onun üçün də, tutaq ki, və ya, və yaxud, yoxsa ki. 48. Ədatlar sözlərdən ayrı yazılır: daha gözəl, dedim də, di get, ən yaxşı, gör ha, lap pis, sən ki. –mı, –mi, –mu, –mü; –sana, –sənə və -ca, – cə ədatları istisnadır. Onlar aid olduqları sözlərə bitişik yazılır: A kos-kosa, gəlsənə, torbanı doldursana? İndicə gəlmişsən?Kitabdırmı? Qəşəngdirmi? Oxudumu? Yaxşıca dincəldim. Qeyd: –mı, –mi, –mu, –mü sual ədatı –da, –də köməkçi nitq hissəsindən sonra işləndikdə ayrı yazılır: O, yenə də mi danışacaq? Sən də mi gedirsən? 49. Eyni nidanın təkrarından əmələ gələn nidalar defislə yazılır: bəh-bəh, ha-ha-ha, pəh-pəh, uy-uy, vay-vay 50. Müxtəlif sözlərdən əmələ gələn nidalar ayrı yazılır: ay aman, ay haray. Birinci hərfi böyük yazılan sözlər 51. Ad, soyad və təxəllüs bildirən sözlərin (bəy, oğlu və qızı sözlərindən başqa) birinci hərfi böyük yazılır: Bəxtiyar Vahabzadə, İmadəddin Nəsimi, Mehdi Hüseynzadə, Məhəmməd Füzuli, Mirzə Fətəli Axundzadə, Nizami Gəncəvi, Səməd Vurğun, Süleyman Rüstəm, Süleyman Sani Axundov, Şah İsmayıl Xətai, Uzun Həsən, Üzeyir bəy Əbdülhüseyn oğlu Hacıbəyli və s. Qeyd: Xüsusi isimlər cəm şəkilçisi qəbul etdikdə də böyük hərflə yazılır: Nizamilər, Füzulilər, Hacı Qaralar, Həzi Aslanovlar, Mehdi Hüseynzadələr və s. 52. Bədii əsərlərdə heyvanlar və cansız əşyalar surət kimi işləndikdə böyük hərflə yazılır: Alapaça, Badə, Bəng, Bozdar, Qarğa, Qırat, Məstan, Samovar, Tülkü və s. 53. Tarixi hadisələrin, dövrlərin, sülalələrin, nomenklatur terminlə işlənən yer adlarının, eləcə də qədim yazılı abidələrin və s. adlarının birinci sözünün ilk hərfi böyük yazılır: Azadlıq meydanı, Çaldıran döyüşü, Dəmir dövrü, Xəzər dənizi, Orxon-Yenisey abidələri, Sasanilər dövrü, Səfəvilər sülaləsi, Şuşa qalası Versal sülhü, Vətən müharibəsi, Yeddiillik müharibə və s.Belə mürəkkəb adlara fərqləndirici söz əlavə olunduqda onun da birinci hərfi böyük yazılır: Orta Paleolit dövrü, Son Paleolit dövrü. 54. Ölkələrin, muxtar respublikaların, vilayət və diyarların rəsmi adlarının tərkibindəki bütün sözlərin ilk hərfi böyük yazılır: Azərbaycan Respublikası, Birləşmiş Ərəb Əmirlikləri, İran İslam Respublikası, Naxçıvan Muxtar Respublikası. 55. Yaradanın və səmavi kitabların adları böyük hərflə yazılır: Allah, Rəbb, Tanrı, Bibliya, Əhdi-cədid, Əhdi-ətiq, İncil, Qurani-kərim, Tövrat, Zəbur və s. 56. Planet adları, mifonimlər böyük hərflə yazılır: Ay, Günəş, Ülkər; Afrodita, Herakl, Zevs və s. 57. Yüksək dövlət vəzifələri (Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikasının Baş Naziri, Azərbaycan Respublikası Milli Məclisinin Sədri), nazirlik, komitə, birlik, cəmiyyət, qurum, akademiya, universitet, texnikum, teatr, filarmoniya, siyasi partiya, eləcə də tarixi günlərin və s. adlarının tərkibindəki bütün sözlərin (adına, üzrə kimi yardımçı sözlərdən başqa) birinci hərfi böyük yazılır: Azərbaycan Respublikasının Milli Məclisi, Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Yeni Azərbaycan Partiyası, M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyası, Heydər Əliyev adına Bakı Beynəlxalq Aeroportu, Azərbaycan Dövlət Nəşriyyatı, M.Mirqasımov adına Respublika Klinik Xəstəxanası, Bakı Şəhər İcra Hakimiyyəti, Ağstafa Rayon Təhsil Şöbəsi və s. Qeydlər: 1) Tərkibində gün sözü olan və təqvimə düşən əlamətdar günlərin adlarında bütün sözlər böyük hərflə yazılır: Beynəlxalq Ana Dili Günü, Beynəlxalq Qadınlar Günü, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və s. 2) Azərbaycan Respublikasının Təhsil naziri, Azərbaycan Respublikasının Səhiyyə naziri tipli mürəkkəb adlarda sahə bildirən söz (Səhiyyə) böyük, vəzifə bildirən söz (nazir) kiçik hərflə yazılır. 3) Tərkibində şöbə, lisey, gimnaziya, vəqf, məktəb sözləri olan mürəkkəb adlarda ilk söz böyük, sonrakı sözlər kiçik hərflə yazılır: Avropa liseyi, Dəyanət vəqfi, Humanitar fənlər gimnaziyası, Humanitar siyasət məsələləri şöbəsi, Uşaq-gənclər şahmat məktəbi və s. 58. Aşağıdakı mürəkkəb adların tərkibində olan sözlərin ancaq birincisi böyük hərflə yazılır: a) məşhur tarixi gün və bayram adlarında: İyirmi yanvar (20 Yanvar), Qurban bayramı, Səkkiz mart (8 Mart), Novruz bayramı və s. b) tərkibində okean, dəniz, çay, göl, şəhər, rayon, qəsəbə, kənd, prospekt, meydan, küçə, xiyaban, saray, qala, türbə, qoruq, boğaz, düz, ada, burun, körpü, düzənlik, dağ, səhra, dərə sözləri olan adlarda: Sakit okean, Qara dəniz, Kür çayı, Baykal gölü, Bakı şəhəri, Salyan rayonu, Şüvəlan qəsəbəsi, Hökməli kəndi, Neftçilər prospekti, Azadlıq meydanı, Ə.Cavad küçəsi, Şəhidlər xiyabanı, Səadət sarayı, Ramana qalası, Möminə xatun türbəsi, Şirvan qoruğu, Dardanel boğazı, Mil düzü, Nargin adası, Xudafərin körpüsü, Culfa düzənliyi, Kəpəz dağı, Yasamal dərəsi, Qaraqum səhrası, İynə burnu. 59. Fəxri adların özək hissəsini təşkil edən ilk söz böyük hərflə, sonrakı söz kiçik hərflə yazılır: Azərbaycan Respublikasının Əməkdar müəllimi, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, Azərbaycan Respublikasının Xalq şairi və s. Qeyd: Azərbaycan Milli Qəhrəmanı mürəkkəb adında hər üç söz böyük hərflə yazılır. 60. Orden, medal, bədii əsər, opera, balet, kinofilm, qəzet, jurnal, kinoteatr, mehmanxana, nəşriyyat, kafe, restoran, düşərgə, yeməkxana, mağaza və s. adları dırnaqda və böyük hərflə yazılır: “İstiqlal” ordeni, “Azərbaycan Bayrağı” ordeni, “Ata və oğul” povesti, “Yeddi gözəl” baleti, “Uzaq sahillərdə” filmi, “Azərbaycan” qəzeti, “Cücələrim” kafesi, “Bahar” mağazası, “Badamlı”, “İstisu” mineral suları. Qeyd:Dırnaqda yazılan belə adlara artırılan şəkilçi dırnaqdan kənarda yazılır: “Xalq qəzeti”nin bugünkü nömrəsi, “Yeddi gözəl”in ilk tamaşası və s. 61. Mirzə, hacı, şeyx, seyid, şah, soltan, bəyim və s. sözlər rütbə, ləqəb və titul bildirib, sözlərdən əvvəl gəldikdə böyük hərflə, sözlərdən sonra gəldikdə isə kiçik hərflə yazılır: Fətəli xan, Hacı Qara, Heyran xanım, Mirzə Fətəli, Nadir şah, Seyid Əzim, Soltan Mahmud, Şah İsmayıl, Şeyx Nəsrullah və s. Qeyd: Ağa, bəy, xan, xanım sözləri insan adlarının tərkib hissələrini təşkil etdikdə bitişik yazılır: Ağacavad, Ağabəy, Əlibəy, Xanoğlan, Böyükxanım və s. Həmin sözlər adlara qoşularaq titul kimi və ya hörmət məqsədilə işləndikdə isə ayrı yazılır: Abbasqulu ağa (Bakıxanov), Üzeyir bəy (Hacıbəyli), Fətəli xan (Xoyski), Fatma xanım (Kəminə) və s. İxtisarlar (abreviaturlar) 62. İxtisarlar üç cür yazılır: 1. Tam ixtisarlar aid olduqları sözlərə (xüsusi və ya ümumi isimlər) uyğun olaraq böyük və ya kiçik hərflə yazılır: AR (Azərbaycan Respublikası), BMT (Birləşmiş Millətlər Təşkilatı), MM (Milli Məclis), m. (metr), c. (cild) və s. 2. Yarımçıq ixtisarlar aid olduqları sözlərə uyğun olaraq, böyük və kiçik hərflərlə, mürəkkəb adların tərkib hissələri isə bitişik yazılır: akad. (akademik), prof. (professor), Azərkitab (Azərbaycan kitabı), AzərTAC (Azərbaycan Teleqraf Agentliyi) və s. 3. Sözün orta hissəsinin düşməsi ilə yaranan ixtisarlar defislə yazılır: d-r (doktor), z-d (zavod) və s. 63. İxtisarlara əlavə edilən şəkilçilər onların tələffüzünə uyğun olaraq yazılır: AMEA-dan, BMT-yə, MDB-nin və s. Sözün sətirdən sətrə keçirilməsi 64. Sözlər yeni sətrə hecalarla keçirilir: və-tən, mək-təb-li-lər və s. Sözün bir saitdən ibarət olan hecasını sətrin sonunda saxlamaq və ya yeni sətrə keçirmək olmaz: a-ilə, a-zadlıq, iddi-a və s. Bu qəbildən olan sözlər sətirdən sətrə bu şəkildə keçirilir: ai-lə, azad-lıq, id-dia və s. 65. Saylar rəqəmlə yazıldıqda onlara artırılan şəkilçilər sətirdən sətrə keçirilmir: 5-cilər, 7-ci, 9-da və s. 66. Mürəkkəb ixtisarlar və onlara artırılan şəkilçiləri də sətirdən sətrə keçirmək məqbul sayılmır: ADTU-da, BMT-nin, BDU-ya və s. 67. Ad və ata adlarının bir hərfdən ibarət qısaltmalarını (M.F.Axundzadə, M.S.Ordubadi və s.) sətrin sonunda saxlamaq olmaz. 68. Durğu işarələri (tire, defis, mötərizə, dırnaq işarələri və s.) yeni sətrə keçirilmir. 69. Vaxtilə apostrofla yazılan cürət, məşəl, vüsət və s. sözlər apostrofa görə cür-ət, məş-əl, vüs-ət kimi sətirdən sətrə keçirilirdi. Bu qəbildən olan sözlərin aşağıdakı şəkildə sətirdən sətrə keçirilməsi məqsədəuyğun sayılır: Qu-ran, cü-rət, he-yət, Kə-nan, mə-sud, mə-sul, mə-şəl, Sə-nan, sü-rət,vü-sət və s.
Comments are closed, but trackbacks and pingbacks are open.