Prosessual qanunvericiliyin tələblərinə uyğun olmayan
Normativ hüquqi aktların qüvvəsi, qanunla və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə nəzərdə tutulmuş hallar istisna olmaqla, Azərbaycan Respublikasının vətəndaşlarına və hüquqi şəxslərə, habelə Azərbaycan Respublikasının ərazisində olan əcnəbi vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə şamil edilir. (indiki Normativ hüquqi aktlar hq. KQ m.88.2 / 21.12.2010)
Prokurorluq 101 nəfərə saxta test sənədi verən şirkət rəhbərinin bəraət hökmündən protest verdi
Baş Prokurorluq 101 nəfərə saxta COVID-19 test sənədi hazırlayan şirkət rəhbərinin azadlığa buraxılması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.
Baş Prokurorluğun Mətbuat xidmətindən Day.Az-a verilən məlumatda bildirilir ki, bəzi media və sosial şəbəkə səhifələrində “Əsr Travel” MMC-nin təsisçisi və direktoru işləyən Əsgər Bayramovun Yasamal rayon məhkəməsinin qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri qərarının ləğv edilərək məhkəmə iclas zalında azad edilməsi ilə bağlı informasiyalar yayılıb.
“Xəbər verildiyi kimi, Əsgər Bayramov vəzifəli şəxs kimi qabaqcadan əlbir olan bir qrup şəxs halında Ural Hava yolları ilə Gəncə-Sankt-Peterburq reysinə uçuş biletləri almış 101 nəfər şəxsə neqativ nəticəli saxta COVID-19-a dair test sənədlərini hazırlayıb sataraq ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə edib.
Faktla bağla Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 320.1 və 320.2-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işi baxılması üçün Yasamal rayon məhkəməsinə göndərilmiş, məhkəmənin 23 noyabr 2021-ci il tarixli hökmü ilə Əsgər Bayramovun əməli Cinayət Məcəlləsinin 308.1-ci maddəsinə tövsif edilməklə CM-ni 308.1, 320.1 və 320.2-ci maddələri ilə təqsirli bilinərək islah işləri cəzası təyin edilmiş və cəzası faktiki çəkilmiş hesab edilərək barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməklə məhkəmə iclas zalından azad edilib.
Dövlət ittihamçısı tərəfindən həmin hökmdən verilmiş protestə Bakı Apellyasiya Məhkəməsində baxılmış və 21 yanvar 2022-ci il tarixli qərarla hökm dəyişdirilmədən saxlanılıb.
Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası tərəfindən yekun qərar qəbul edilərkən cinayət işi üzrə toplanmış sübutların məcmu qaydada qiymətləndirilməməsi, sübutların cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun tədqiq edilməməsi, bunun nəticəsi olaraq Əsgər Bayramovun əməlinin tövsifində səhvə yol verilməsi, həmçinin cəza təyini zamanı məhkum edilmiş şəxsin şəxsiyyətinə uyğun olmayan yüngüllüyünə görə açıq aydın ədalətsiz cəza təyin olunması əsası ilə dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilib.
Eyni zamanda, digər cinayət işi üzrə də – Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirləndirilən və Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 fevral 2019-cu il tarixli hökmü ilə azadlıqdan məhrum edilmiş İlham Xıdırov və Nazim Mustafayevə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 dekabr 2021-ci il tarixli hökmü ilə bəraət verilməsi səbəbindən dövlət ittihamçısı tərəfindən irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların cinayət-prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq tədqiq edilib qiymətləndirilməməsi əsası ilə kassasiya protesti verilib.
Prosessual qanunvericiliyin tələblərinə uyğun olmayan
28.11.18. C.Əzimovun şikayəti üzrə AR Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının AR Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair
AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN
Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsi Plenumunun
QƏRARI
C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair
28 noyabr 2018-ci il Bakı şəhəri
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Südabə Həsənova, Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze, Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən (məruzəçi-hakim) ibarət tərkibdə,
məhkəmə katibi Fəraid Əliyevin,
ərizəçi Cəlal Əzimov və vəkili Kənan Şirinzadənin iştirakı ilə,
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə müvafiq olaraq konstitusiya məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında C.Əzimovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxdı.
İş üzrə hakim K.Şəfiyevin məruzəsini, ərizəçinin vəkilinin çıxışını dinləyib, iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
MÜƏYYƏN ETDİ:
İnqilab Əlizadə C.Əzimova qarşı borcun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra –Nəsimi Rayon Məhkəməsi) 17 aprel 2017-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Həmin qətnamədən İ.Əlizadə və C.Əzimov tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayəti verilmişdir.
Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 oktyabr 2017-ci il tarixli qətnaməsi ilə C.Əzimovun apellyasiya şikayəti təmin edilməmiş, İ.Əlizadənin apellyasiya şikayəti qismən təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın qismən təmin edilərək C.Əzimovdan 88.500 ABŞ dolları məbləğində borcun tutularaq İ.Əlizadəyə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra – Ali Məhkəmənin Mülki Kollegiyası) 2 aprel 2018-ci il tarixli qərarı ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
C.Əzimov Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) şikayətlə müraciət edərək Ali Məhkəmənin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına (bundan sonra – Konstitusiya) və qanunlarına uyğunluğunun yoxlanılmasını xahiş etmişdir.
Ərizəçi konstitusiya şikayətini onunla əsaslandırmışdır ki, kassasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) 416, 417, 418 və 424-cü maddələri düzgün tətbiq edilməmiş, nəticədə onun Konstitusiyanın 25, 60 və 71-ci maddələrində təsbit edilmiş hüquqları pozulmuşdur.
Konstitusiya Məhkəməsinin Plenumu şikayətlə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
Konstitusiyanın 60-cı maddəsinin I hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.
Beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 8-ci maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsinin 1-ci bəndi, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi) məhkəmə müdafiəsi müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi vasitəsi kimi qəbul olunur.
Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində də çıxış edir. Həmin hüquq yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur.
Birinci instansiya məhkəməsinin qətnaməsindən görünür ki, İ.Əlizadə C.Əzimova qarşı borcun qaytarılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 88.500 ABŞ dolları əsas borc, 40.250 ABŞ dolları faiz borcu, ümumi olaraq 128.750 ABŞ dolları məbləğində vəsaitin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İ.Əlizadə ev almaq məqsədi ilə C.Əzimova 90.000 ABŞ dolları məbləğində pul vermiş, lakin C.Əzimov öhdəliyini yerinə yetirməmişdir. 23 yanvar 2008-ci il tarixində İ.Əlizadə növbəti dəfə pulu tələb etdikdə onlar arasında akt tərtib edilmiş və həmin akta əsasən C.Əzimov 90.000 ABŞ dolları məbləğində borcu olduğunu təsdiq edərək 23 yanvar 2009-cu ilədək qaytaracağına dair öhdəlik götürmüşdür. Cavabdeh C.Əzimov isə məhkəmədə iddia tələbini qəbul etməyərək iddia müddətinin ötürüldüyünü bildirmiş və iddianın təmin edilməməsini xahiş etmişdir.
Nəsimi Rayon Məhkəməsi hesab etmişdir ki, iddiaçı İ.Əlizadənin cavabdeh C.Əzimova qarşı borcun qaytarılması tələbinə dair iddia ərizəsi iddia müddəti ötürülməklə məhkəməyə təqdim edildiyindən və cavabdeh iddia müddətinin tətbiqinə dair ərizə verdiyindən iddia tələbi təmin edilə bilməz.
Apellyasiya instansiyası məhkəməsi qətnaməsində tərəflərin izahatlarına əsaslanmaqla qeyd etmişdir ki, cavabdeh C.Əzimov iddiaçı İ.Əlizadə ilə 23 yanvar 2008-ci il tarixində şifahi müqavilə bağlamaqla sonuncudan 90.000 ABŞ dolları məbləğində borc almış və həmin borcu 23 yanvar 2009-cu il tarixinədək qaytaracağına dair öhdəlik götürmüşdür. Borc ödənilmədiyindən tərəflər arasında 2013-cü il tarixində borcun 2015-ci ilədək qaytarılması barədə şifahi razılıq bağlanmışdır. Tərəflər arasında belə razılığın olması mübahisələndirilmir. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gələrkən borcun 2015-ci ilədək qaytarılacağına dair 2013-cü ildə razılıq əldə edilməsi və İ.Əlizadəyə pul verməsi barədə C.Əzimovun məhkəmədə verdiyi izahatına əsaslanmışdır.
Beləliklə, apellyasiya instansiyası məhkəməsi işə baxarkən müəyyən etmişdir ki, cavabdeh borclu olduğu 90.000 ABŞ dollarının 1500 ABŞ dollarını nağd şəkildə iddiaçıya verdikdən sonra qalan 88.500 ABŞ dollarını 2015-ci ilin əvvəlinə qədər qaytarmağı öhdəsinə götürmüş, iddiaçı isə bununla razılaşmışdır. Yəni tərəflər öhdəliyin icra müddətini 2015-ci ilin əvvəlinədək uzatmışlar.
Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, C.Əzimovun öz izahatında borcu etiraf etməsi və borcun bir hissəsini qaytarması iddia müddətinin axımını kəsir və bu baxımdan birinci instansiya məhkəməsi iddia müddətini ötürülmüş hesab etməklə səhv nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra –Mülki Məcəllə) 380.1-ci maddəsinin mənasına görə, borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir və fasilədən sonra iddia müddəti yenidən başlanır.
Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakıları qeyd etməyi vacib hesab edir.
İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir(Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarı).
İddia müddətlərinin dəqiq hesablanması üçün müddətin axımının başlanğıcının müəyyənləşdirilməsi həlledici əhəmiyyət kəsb edir. Bu məqamın yanlış müəyyən edilməsi iddia müddətinin süni olaraq uzadılmasına və yaxud da qısaldılmasına səbəb ola bilər.
Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında iddia müddəti institutunun məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (H.Həşimov və qeyrilərinin şikayəti üzrə 30 iyun 2005-ci il, R.Salamovun şikayəti üzrə 30 oktyabr 2007-ci il, X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli və s. qərarlar).
Mülki Məcəllənin 380-ci maddəsinə əsasən, müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir.
Müddətin kəsilməsi tərəflərin iradəvi xarakterli hərəkəti ilə bağlı olur.
Göründüyü kimi, mülki qanunvericilik iddia müddətinin axımının kəsilməsinin iki əsasını nəzərdə tutur:
– müəyyənləşdirilmiş qaydada iddia irəli sürülməsi;
– borclunun borcu etiraf etməsini göstərən hərəkətlər etməsi.
Borclu şəxsin borcu etiraf etməsini göstərən və təsdiqləyən hərəkətləri müxtəlif formada ifadə oluna bilər. Borcun etiraf olunması hallarına:
– borcun qismən ödənilməsi;
– əsas borc üzrə faizin köçürülməsi;
– kreditora borcun etirafını nəzərdə tutan məktub, teleqram göndərilməsi;
– öhdəliyin icrası üçün möhlət istənməsi və digər mühüm hallar aid edilə bilər.
Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin yalnız iddiaçı tərəfindən irəli sürülən dəlillərə və cavabdehin həmin məhkəmədə 2013-cü ildən sonra 1500 ABŞ dollarının nağd şəkildə iddiaçıya verməsinə dair izahatına istinad edərək iddia müddətinin kəsilməsi nəticəsinə gəlməsi ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakıları qeyd edir.
Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübutetmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir.
Bu maddənin tələblərinə görə, faktın etiraf olunması məhkəmə iclasının protokoluna qeyd olunur və etiraf edən tərəf protokolu imzalayır. Lakin C.Əzimov məhkəmə iclasının protokolunu imzalamamış, əksinə protokolda qeyd olunan etiraf izahatı ilə bağlı etirazını təqdim etmişdir.
C.Əzimovun məhkəmə iclasının protokoluna dair qeydləri apellyasiya instansiyası məhkəməsi tərəfindən onun iştirakı olmadan baxılmış və 27 noyabr 2017-ci il tarixli qərardadla rədd edilmişdir.
Göründüyü kimi, sübutlar mülki prosessual qanunvericiliyin tələblərinə uyğun əldə edilməmişdir. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsinə əsasən, qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir.
Sübutların əldə edilməsi zamanı qanunvericiliyin tələblərinin pozulması aşağıdakı formada baş verə bilər:
– sübutların qanunla nəzərdə tutulmayan sübutetmə vasitələri ilə əldə edilməsi;
– sübutların əldə edilməsinin prosessual qaydalarının pozulması;
– qanunsuz yolla əldə edilmiş məlumatların sübut kimi işə cəlb edilməsi.
Sübutların mötəbərliyini təmin etmək üçün onların əldə edilməsi, rəsmiləşdirilməsi və işə əlavə olunması ilə bağlı qanunvericiliyin tələblərinə riayət edilməlidir.
Protokol yalnız prosessual qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edildikdə hüquqi əhəmiyyət daşıyır. Məhz düzgün tərtib edilmiş protokol sübutların obyektiv şəkildə qiymətləndirilməsinə xidmət edir və nəticə etibarilə qərarın ədalətli və əsaslı olmasına mühüm töhfə verir.
Bununla yanaşı, Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin.
Məhkəmə faktın etiraf edilməsi barədə işdə iştirak edən şəxsin izahatını dərhal əsaslı sübut kimi qəbul edə bilməz. Etiraf hər bir halda prosessual qanunvericiliyə əsasən məhkəmə tərəfindən yoxlanılmalıdır. Aşağıdakı hallar aşkar edilərsə, etirafın sübut kimi qəbul edilməsindən imtina edilməlidir:
– faktın etirafı işin həqiqi hallarının gizlədilməsinə yönəldikdə;
– faktın etirafı aldatma, zor, hədə təsiri altında baş verdikdə;
– faktın etirafı yanılma təsiri nəticəsində baş verdikdə.
Konstitusiyanın 125-ci maddəsinin VII hissəsinə görə, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməli, 129-cu maddəsinin III hissəsinə əsasən isə məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır.
Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli olmasını şübhə altına alır (F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar 2008-ci il 30 dekabr tarixli, X.Xəlilovun şikayəti üzrə 2009-cu il 16 yanvar tarixli, N.Manafovun şikayəti üzrə 2009-cu il 13 iyul tarixli qərarlar).
İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar).
Lakin apellyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə həqiqətə nail olmaq üçün qanunvericiliyin ona verdiyi mümkün vasitələrdən istifadə etməmiş, yalnız iddiaçı tərəfindən irəli sürülən dəlillərə və cavabdehin qanunvericiliyə uyğun rəsmiləşdirilməyən izahatına istinad etməklə birinci instansiya məhkəməsinin gəldiyi qənaəti rədd etmişdir. Bu isə Konstitusiyada və mülki prosessual qanunvericilikdə təsbit olunmuş tərəflərin bərabərliyi və çəkişmə prinsiplərinin mahiyyəti ilə uzlaşmır və nəticədə mübahisəli məsələ üzrə işin düzgün və ədalətli həll edilməsini istisna edir.
Kassasiya instansiyası məhkəməsində işə baxmanın hədləri isə Mülki Prosessual Məcəllənin 416-cı maddəsində təsbit edilmişdir. Bu normaya əsasən, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Mülki Prosessual Məcəllənin 418.1 və 418.3-cü maddələrinə görə, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
Lakin Ali Məhkəmənin Mülki Kollegiyası mülki prosessual qanunvericiliyin göstərilən tələblərinə əməl etməmiş, apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda qeyd olunan prosessual hüquq normalarının pozulmasına düzgün qiymət verməyərək qətnaməni dəyişdirilmədən saxlamış, nəticədə ərizəçinin Konstitusiyanın 60-cı maddəsinin I hissəsində nəzərdə tutulmuş məhkəmə müdafiəsi hüququ pozulmuşdur.
Yuxarıda göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, İ.Əlizadənin C.Əzimova qarşı borcun qaytarılması tələbinə dair iş üzrə Ali Məhkəmənin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarı Konstitusiyanın 60-cı maddəsinə, Mülki Prosessual Məcəllənin 416, 418.1 və 418.3-cü maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilməlidir. İşə bu Qərara uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılmalıdır.
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V və IX hissələrini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 52, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Konstitusiya Məhkəməsinin Plenumu
QƏRARA ALDI:
1. İnqilab Əlizadənin Cəlal Əzimova qarşı borcun qaytarılması tələbinə dair iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 418.1 və 418.3-cü maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. İşə bu Qərara uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılsın.
2. Qərar dərc olunduğu gündən qüvvəyə minir.
3. Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.
4. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir oluna bilməz.
Qanunsuz Yazar
Qanunvericilik aktlarının hüquqi qüvvəsi dedikdə, bu aktların müəyyən zaman ərzində, müəyyən ərazi hüdudlarında, müəyyən subyektlər dairəsinin iştirak etdiyi münasibətləri tənzimləməsi başa düşülür.
1. QANUNVERİCİLİK AKTLARININ ZAMANA GÖRƏ QÜVVƏSİ
Qanunvericilik sisteminə daxil olan normativ-hüquqi aktlar və sistemin ayrılmaz tərkib hissəsi olan beynəlxalq müqavilələr, bir qayda olaraq yalnız qüvvədə olduqları dövr ərzində baş verən hadisə və hərəkətlərə tətbiq olunurlar. Bütün hadisə və hərəkətlər, bağlanan müqavilə və əqdlər, törədilən cinayət və inzibati xətalar baş verdikləri an qüvvədə olan normativ hüquqi aktlara əsasən hüquqi nəticələrə səbəb olurlar. Həmin aktlar isə müəyyən zaman kəsiyində qüvvədə olurlar.
Zaman kəsiyi dedikdə, qanunvericilik aktının qüvvəyə mindiyi andan qüvvədən düşənədək olan müddət anlaşılır. Bu baxımdan bu iki anlayışın, yəni qanunvericilik aktının qüvvəyə minməsi və qüvvədən düşməsi anlayışlarının düzgün müəyyənləşdirilməsinin böyük elmi və praktiki əhəmiyyəti vardır.
Bu məsələlərin əsas müddəaları Konstitusiyanın 149-cu maddəsində, bütün təfərrüatı ilə tənzimlənməsi isə “Normativ-hüquqi aktlar haqqında” 21.12.2010-cu il tarixli Konstitusiya Qanununda nəzərdə tutulmuşdur. Konstitusiyada birmənalı şəkildə nəzərdə tutulmuşdur ki, referendumla qəbul olunmuş aktlar yalnız dərc edildikdə qüvvəyə minirlər. Konstitusiya Qanununa görə; – “Q anunlar, fərmanlar və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları isə həmin aktlarda qüvvəyə minmənin daha gec müddəti nəzərdə tutulmadıqda onların rəsmi dərc edildiyi gündən qüvvəyə minir.” (m.85.1.)
Bu aktların dərc olunduğu rəsmi nəşrlər isə əsasən bunlardır: “Azərbaycan” qəzeti, “Azərbaycan Respublikasının qanunvericilik toplusu”, “Respublika” qəzeti, “Azərbaycan Respublikasının normativ aktlarının bülleteni”vs. Normativ hüquqi aktların rəsmi dərc edilməsi dedikdə, onların mətninin rəsmi dövri mətbu nəşrdə dərc edilməsi yolu ilə, ictimai radio və televiziya kanallarında səsləndirilməsi yolu ilə ümumi diqqətə çatdırılması nəzərdə tutulur. Normativ hüquqi aktların ictimai radio və televiziya kanallarında səsləndirilməsi onların rəsmi dövri mətbu nəşrdə dərc edilməsini əvəz etmir. Ayrı-ayrı müddəaları dövlət sirrini əks etdirən normativ hüquqi aktlar istisna olmaqla natamam normativ hüquqi aktların dərc edilməsinə yol verilmir.
Normativ hüquqi akt onun mətnində digər hal nəzərdə tutulmadıqda müddətsiz qüvvədədir. Normativ hüquqi akt və ya onun struktur elementləri üçün qüvvədə olmanın müddəti müəyyən edilə bilər. Bu halda normativ hüquqi aktda (struktur elementdə) onun qüvvədə olma müddəti və ya normativ hüquqi aktın (onun struktur elementinin) ləğv edilməsinə səbəb olan hadisə göstərilməlidir. Göstərilən müddət başa çatdıqda və ya normativ hüquqi aktda göstərilən hadisə baş verdikdə normativ hüquqi akt (onun struktur elementi) avtomatik olaraq ləğv edilir. Müəyyən edilmiş müddət başa çatana qədər normativ hüquqi aktı qəbul etmiş orqan normativ hüquqi aktın (onun struktur elementinin) qüvvəsinin yeni müddətə uzadılması və ya ona müddətsiz statusunun verilməsi haqqında qərar qəbul edə bilər.
Normativ hüquqi aktın qəbul edilməsi ilə əlaqədar həmin akta daxil edilmiş normalara zidd olan və ya bu normalarla əhatə olunan, yaxud faktiki olaraq əhəmiyyətini itirən, həmin və ya daha aşağı hüquqi qüvvəyə malik olan bütün aktlar və ya onların struktur elementləri (bölmələr, fəsillər, maddələr, hissələr və s.) ləğv edilməlidir.
Qanunvericilik aktları, bir qayda olaraq yalnız qüvvədə olduqları dövr ərzində baş verən hadisə və hərəkətlərə tətbiq olunurlar. Lakin qayda bu olmaqla yanaşı, qanunvericilikdə normativ hüquqi aktların qüvvəyə minməsindən əvvəl baş vermiş münasibətlərə şamil ediləcəyi də müstəsna hal kimi nəzərdə tutulmuşdur. “Normativ-hüquqi aktlar haqqında” KQ`nun 87-ci maddəsində bu məsələ ilə bağlı olaraq AR K`na istinad edilmişdir; – “ Normativ hüquqi aktın geriyə qüvvəsi Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin VII hissəsi ilə tənzimlənir.” (m.87.1)
AR K`da isə n ormativ hüquqi aktların geriyə qüvvəsi aşağıdakı kimi tənzimlənmişdir; – “ Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir.” (m.149.VII)
Konstitusiya Qanununda da buna bənzər müddəa vardır; – “Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktın qüvvəsi həmin normativ hüquqi aktda və ya onun qüvvəyə minməsi haqqında aktda birbaşa göstərilib-göstərilməməsindən asılı olmayaraq onun qüvvəyə minməsindən əvvəl əmələ gələn münasibətlərə şamil edilir.” (m.87.2)
– “Törədilməsi anında məsuliyyətə səbəb olmayan və ya daha yüngül məsuliyyətə səbəb olan əməllərə görə fiziki və hüquqi şəxslərin məsuliyyətinin yaranmasını və ya ağırlaşdırılmasını nəzərdə tutan normativ hüquqi aktın qüvvəsinin geriyə şamil edilməsinə yol verilmir.” (m.87.3)
Ayrı-ayrı məcəllələrdə də normativ hüquqi aktların geriyə qüvvəsi ilə əlaqədar maddələr də vardır.
1.1. MÜLKİ QANUNVERİCİLİYİN ZAMANA GÖRƏ QÜVVƏSİ
Mülki Məcəlləyə görə bütün qanunvericilik aktları kimi mülki qanunvericilik də Konstitusiyada nəzərdə tutulmuş müstəsna hallar xaric, bir qayda olaraq yalnız qüvvədə olduqları dövrə tətbiq edilirlər; – “Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin VII hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir.” (AR MM m.7.1)
Məsələn, Mülki Məcəllənin 1159.4-cü və 1159.5-ci maddələrinə əsasən, keçmiş mülki qanunvericiliyə əsasən ölənin, vərəsəsi sayılmayan bir sıra şəxslər – onun xalaları, bibillri, dayıları, əmiləri və onların uşaqları qanun üzrə vərəsələr sırasına daxil edilmişlər. Nə qədər ki, yeni qanun sadalanan şəxslərin hüquqi vəziyyətini yaxşılaşdırır, onun qüvvəsi geriyə şamil edilməlidir. Bu maddədə nəzərdə tutulmuş şəxslər yeni Məcəllə qəbul olunanadək açılmış vərəsəliyə, vərəsəliyin qəbulu və növbəlilik qaydalarına riayət etməklə iddia etmək hüququ əldə etmişlər.
– “Mülki hüquq subyektlərinə ziyan vurarsa və ya onların vəziyyətini pisləşdirərsə, mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilməz.” (AR MM m.7.3)
Məsələn, Mərkəzi Bank tərəfindən normativ xarakterli akt olan bir təlimatda dəbbə pulunun dərəcəsi daha yüksək səviyyədə müəyyən edilir. Həmin təlimat daha əvvəl bağlanmış kredit müqavilələrindən irəli gələn mülki-hüquq münasibətlərinə şamil edilməz. Çünki, bu borclunun hüquqi vəziyyətini ağırlaşdırır.
1.2. CİNAYƏT QANUNVERİCİLİYİNİN ZAMANA GÖRƏ QÜVVƏSİ
Cinayət Məcəlləsinə görə bütün qanunvericilik aktları kimi cinayət qanunvericiliyi də Konstitusiyada nəzərdə tutulmuş müstəsna hallar xaric, bir qayda olaraq yalnız qüvvədə olduqları dövrə tətbiq edilirlər; – “Əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Törədildiyi zaman cinayət sayılmayan əmələ görə heç kəs cinayət məsuliyyətinə cəlb oluna və cəzalandırıla bilməz.” (AR CM m.10.1)
– “İctimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilmə vaxtı, onun nəticələrinin baş verdiyi andan asılı olmayaraq, cinayətin törədildiyi vaxt sayılır.” (AR CM m.10.2)
– “Əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır.” (AR CM m.10.3)
– “Əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və həmin əmələ görə cəza müəyyən edən, cəzanı ağırlaşdıran, yaxud cinayət törətmiş şəxsin vəziyyətini başqa cür ağırlaşdıran cinayət qanununun geriyə qüvvəsi yoxdur.” (AR CM m.10.4)
1.3. MÜLKİ PROSESSUAL QANUNVERİCİLİYİN ZAMANA GÖRƏ QÜVVƏSİ
Məhkəmə icraatı işə baxılan, ayrı-ayrı prosessual hərəkətlər həyata keçirilən və yaxud məhkəmə aktı icra edilən zaman qüvvədə olan mülki prosessual qanuna əsasən aparılır. (AR MPM m.3.1)
1.4. CİNAYƏT-PROSESSUAL QANUNVERİCİLİYİN ZAMANA GÖRƏ QÜVVƏSİ
Azərbaycan Respublikasında cinayət-prosessual hərəkətlərin aparılması, cinayət-prosessual qərarların qəbul və icra edilməsi həmin anda qüvvədə olan Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyinin müddəalarına uyğun həyata keçirilir. (AR CPM m.4.1)
2. QANUNVERİCİLİK AKTLARININ MƏKANA GÖRƏ QÜVVƏSİ
Qanunvericilik aktları müəyyən zaman ərzində ancaq müəyyən məkan dairəsində tətbiq edilir ki, buna qanunvericiliyin məkana görə qüvvəsi deyilir. Qanunvericilik aktlarının məkana görə qüvvəsi territoriallıq və eksterritoriallıq prinsipləri nəzərə alınaraq müəyyən edilir. Territoriallıq prinsipi hər bir qanunvericilik aktının onu qəbul etmiş dövlət orqanın yurisdiksiyasının siyasi və ya inzibati hüdudları daxilində qüvvədə olmasını ifadə edir. Eksterritoriallıq prinsipi isə normativ aktın onu qəbul etmiş orqanın yurisdiksiyasının hüdudları xaricində də tətbiq olmasını ifadə edir.
Qüvvədən düşmüş keçmiş Normativ-hüquqi aktlar haqqında qanunun 45.1-ci maddəsində deyilirdi ki, – “Normativ hüquqi aktlar müvafiq olaraq Azərbaycan Respublikasının bütün ərazisində və ya inzibati ərazi vahidinin ərazisində qüvvədə olur.” Hal-hazırki qanuna görə isə; – “ Normativ hüquqi aktlar Azərbaycan Respublikasının bütün ərazisində məcburi qüvvəyə malikdir.”
Bəs “Azərbaycan Respublikasının bütün ərazisi” dedikdə nə başa düşülür? Respublikanın ərazisi məsələləri Konstitusiyanın 11-ci maddəsinə nəzərdə tutulmuşdur; – “Azərbaycan Respublikasının daxili suları, Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsi, Azərbaycan Respublikasının üzərindəki hava məkanı Azərbaycan Respublikası ərazisinin tərkib hissəsidir.” (ARK m.11. II)
Deməli, territoriallıq prinsipinə əsasən AR qanunları, Prezident fərmanları, Nazirlər Kabinetinin qərarları, mərkəzi icra hakimiyyəti orqanlarının normativ xarakterli aktları bütün ölkə torpaqlarında (territoriya), daxili sularda və Xəzərin Azərbaycan sektorunda (akvatoriya) və bunlar üzərindəki hava təbəqəsində qüvvədə olur.
Lakin bununla yanaşı respublikanın müxtəlif bölgələrində qüvvədə olan qanunvericilik aktları da qəbul edilə bilər. Bundan başqa müəyyən ərazi vahidinin səlahiyyətli orqanları da ancaq öz ərazilərində qüvvədə olan aktlar qəbul edə bilərlər. Naxçıvan Muxtar Respublikası öz səlahiyyətləri dairəsində qanunlar qəbul edə bilər ki, bu aktlar ancaq muxtar respublikanın ərazisində qüvvədə olur.
2.1. TERRİTORİALLIQ PRİNSİPİNƏ ƏSASƏN
2.1.1. MÜLKİ QANUNVERİCİLİYİN MƏKANA GÖRƏ QÜVVƏSİ
“Mülki qanunvericilik Azərbaycan Respublikasının istisnasız olaraq bütün ərazisində qüvvədədir.” (AR MM m.8.1.)
2.1.2. CİNAYƏT QANUNVERİCİLİYİNİN MƏKANA GÖRƏ QÜVVƏSİ
“Azərbaycan Respublikasının ərazisində cinayət törətmiş şəxs bu Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilir. ” (AR CM m.11.1.)
“Azərbaycan Respublikasının ərazi sularında, Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində, Azərbaycan Respublikasının üzərindəki hava məkanında və iqtisadi zonasında törədilən cinayət Azərbaycan Respublikası ərazisində törədilmiş cinayət sayılır.” (AR CM m.11.2.)
2.1.3. MÜLKİ PROSESSUAL QANUNVERİCİLİYİN MƏKANA GÖRƏ QÜVVƏSİ
“Azərbaycan Respublikasının ərazisində hər hansı haldan asılı olmayaraq, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi qüvvədə olur.” (AR MPM m.3.2.)
2.1.4. CİNAYƏT PROSESSUAL QANUNVERİCİLİYİN MƏKANA GÖRƏ QÜVVƏSİ
– “Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi Azərbaycan Respublikasının ərazisində bu Məcəllənin 3.3 və 3.4-cü maddələrində nəzərdə tutulan istisnalarla, heç bir məhdudiyyət qoyulmadan qüvvədədir.” (AR CPM m.3.1). Bu istisnalar Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş ola bilər;
– “Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyinin məkana görə qüvvəsinin digər qaydalarının tətbiqi halları müəyyən edilə bilər.” (AR CPM m.3.3)
– “Xarici dövlətin cinayət-prosessual qanunvericiliyinin normalarının Azərbaycan Respublikasının ərazisində tətbiqinə yalnız Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulduqda və Azərbaycan Respublikası cinayәt-prosessual qanunvericiliyinin vəzifə və prinsiplərinə zidd olmadıqda yol verilir.” (AR CPM m.3.4)
2.2. EKSTERRİTORİALLIQ PRİNSİPİNƏ ƏSASƏN
2.2.1. CİNAYƏT QANUNVERİCİLİYİNİN MƏKANA GÖRƏ QÜVVƏSİ
“Azərbaycan Respublikasının hərbi donanmasına və ya hərbi hava qüvvələrinə məxsus olan gəmidə cinayət törətmiş şəxs, həmin gəminin olduğu yerdən asılı olmayaraq, bu Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilir.” (AR CM m. 11.4.)
“Azərbaycan Respublikasının hava və ya dəniz limanında qeydiyyatda olan, Azərbaycan Respublikasının bayrağı və ya tanınma nişanı altında Azərbaycan Respublikasının hüdudlarından kənarda açıq sularda və ya hava fəzasında hərəkət edən su və ya hava gəmisində cinayət törətmiş şəxs bu Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilir. (AR CM m. 11.3.)
Cinayət Məcəllənin 12-ci maddəsinə görə xaricdə törədilən cinayətlərə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Hadisənin xaricdə, yəni Milli Məclisin yurisdiksiyasının siyasi və inzibati hüdudları xaricində baş verməsinə baxmayaraq AR CM-nin tətbiq edilməsi (eksterritoriallıq) nəzərdə tutulur. Bu məsuliyyət cinayətin subyektləri və əməlin növü baxımından 3 qrupa bölünmüşdür;
1-cisi cinayətkar baxımından: “Azərbaycan Respublikasının vətəndaşları və Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənarda törətdikləri əmələ (hərəkət və ya hərəkətsizliyə) görə, bu əməl həm Azərbaycan Respublikasının, həm də ərazisində törədildiyi xarici dövlətin qanunvericiliyinə əsasən cinayət sayılırsa və bu cinayətə görə həmin şəxslər xarici dövlətdə məhkum olunmamışlarsa, bu Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilirlər.” (AR m. 12.1.)
2-cisi zərərçəkmiş baxımından: “Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının maraqlarına (mənafelərinə) qarşı cinayət törətdikləri halda, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda və bu cinayətə görə xarici dövlətdə məhkum olunmadıqda, bu Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilə bilərlər.” (AR m. 12.2.)
3-cüsü əməlin növü baxımından: “Sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, insan alveri, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hava gəmisini qaçırma, girov götürmə, işgəncələr, dəniz quldurluğu, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi, saxta pul və ya qiymətli kağızları hazırlama və ya satma, beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə, radioaktiv materiallarla əlaqədar cinayətlər, habelə cəzalandırılması Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn digər cinayətlər törətmiş Azərbaycan Respublikası vətəndaşları, əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər, cinayətlərin törədilməsi yerindən asılı olmayaraq, bu Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilir və cəzalandırılır.” (AR m. 12.3.)
2.2.2. MÜLKİ PROSESSUAL QANUNVERİCİLİYİN MƏKANA GÖRƏ QÜVVƏSİ
Azərbaycan Respublikasının ərazisindən kənarda Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin müddəaları Azərbaycan Respublikasının bayrağını daşıyan və yaxud tanınma nişanı olan dəniz, çay və yaxud hava gəmilərində və ya onların olduğu limanlarda tətbiq olunur. (AR MPM m.3.3)
2.2.3. CİNAYƏT-PROSESSUAL QANUNVERİCİLİYİN MƏKANA GÖRƏ QÜVVƏSİ
Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyinin müddəaları Azərbaycan Respublikasının ərazisindən kənarda Azərbaycan Respublikasının bayrağı altında olan və ya onun tanınma nişanlarını daşıyan, yaxud onun limanlarında qeydə alınan dəniz, çay və ya hava gəmilərində də tətbiq olunur. (AR CPM m.3.2)
Beləcə, normativ-hüquqi akt (Cinayət Məcəlləsi), onu qəbul etmiş dövlət orqanının (Milli Məclis) yurisdiksiyasının hüdudları (ölkə ərazisi) xaricində törədilən əməllərə tətbiq edilmiş olur.
2.2.4. MÜLKİ QANUNVERİCİLİYİNİN MƏKANA GÖRƏ QÜVVƏSİ
Dövlətlər beynəlxalq xüsusi hüquq normaları və beynəlxalq müqavilələrlə müxtəlif sahələrdə müəyyən ölçüdə eksterritoriallıq prinsipini qarşılıqlı olaraq qəbul edirlər. Beləcə, xarici elementli mülki hüquqi münasibətlərinə tətbiq olunacaq xarici hüquq normaları müəyyən edilir.
Xarici dövlətlərin qanunvericilik bazasına daxil olan normativ hüquqi aktların respublika ərazisində qüvvəsi AR Beynəlxalq xüsusi hüquq haqqında qanunla müəyyən edilir. Belə ki, bu qanunumuz xarici elementli mülki-hüquq münasibətlərinə hansı dövlətin maddi hüquq normalarının tətbiq ediləcəyi müəyyən edir. Məsələn;
“Fiziki şəxsin hüquq və fəaliyyət qabiliyyəti onun istinad etdiyi qanunla müəyyən olunur.” (m.10.1.)
“Əqdlərin forması onların bağlandığı yerin hüququna tabedir. ” (m. 17.1..)
“Ayrı-ayrı ölkələrdə olan tərəflər arasında bağlanan əqdin forması həmin ölkələrdən birinin hüququna uyğundursa, etibarlı sayılır.” (m.17.2.)
“Predmeti torpağa mülkiyyət hüququ və ya torpaqdan istifadə hüququ olan əqdin forması həmin torpağın yerləşdiyi ölkənin imperativ hüquq normaları ilə müəyyən edilir. ” (m. 17.3.)
“Etibarnamənin forması və qüvvədə olması müddəti onun verildiyi ölkənin hüququ ilə müəyyən olunur. ” (m. 17.3.)
“20.1. Daşınar və daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqları, qanunla başqa hallar nəzərdə tutulmayıbsa, əmlakın yerləşdiyi ölkənin hüququ ilə müəyyən olunur.”
3. QANUNVERİCİLİK AKTLARININ SUBYEKTLƏRƏ GÖRƏ QÜVVƏSİ
Ümumi prinsip olaraq, qanunvericilik aktları bütün ölkə ərazisində fəaliyyət göstərən fiziki və hüquqi şəxslər üçün qüvvədədir. Lakin qanunda əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin və xarici hüquqi şəxslərin iştirak etdikləri münasibətlərə başqa qaydalar nəzərdə tutula bilər. Yəni, qanunvericilik aktlarının qüvvəsi qanunla müəyyən edilmiş hallar istisna olmaqla Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan və ya müvəqqəti olan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə, habelə dövlət və yerli özünüidarə orqanlarının, siyasi partiyaların, ictimai birliklərin, həmkarlar ittifaqları təşkilatlarının və başqa hüquqi şəxslərin vəzifəli şəxslərinə tətbiq edilir. (keçmiş Normativ hüquqi aktlar hq. ARQ m.45.2 / 22.11.1999 №761-İQ)
Normativ hüquqi aktların qüvvəsi, qanunla və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə nəzərdə tutulmuş hallar istisna olmaqla, Azərbaycan Respublikasının vətəndaşlarına və hüquqi şəxslərə, habelə Azərbaycan Respublikasının ərazisində olan əcnəbi vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə şamil edilir. (indiki Normativ hüquqi aktlar hq. KQ m.88.2 / 21.12.2010)
3.1. MÜLKİ QANUNVERİCİLİYİN ŞƏXSLƏRƏ GÖRƏ QÜVVƏSİ
Mülki qanunvericilik Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bütün fiziki və hüquqi şəxslər üçün qüvvədədir. Belə ki, Mülki Məcəllənin 9-cu maddəsinə görə; – “Mülki qanunvericiliklə müəyyənləşdirilmiş qaydalar, əgər qanunda ayrı hal nəzərdə tutulmayıbsa, əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin və xarici hüquqi şəxslərin iştirak etdiyi münasibətlərə də tətbiq olunur.” (AR MM m.9)
Prinsip olaraq, mülki qanunvericilik Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bütün fiziki və hüquqi şəxslər üçün qüvvədədir. Lakin maddədə göstərildiyi kimi qanunda əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin və xarici hüquqi şəxslərin iştirak etdikləri münasibətlərə başqa qaydalar nəzərdə tutula bilər. Məsələn,
“Dövlət qulluğu haqqında” 21 iyul 2000-ci il tarixli 926-İQ saylı Qanun dövlət qulluğu sahəsində dövlətlə dövlət qulluqçuları arasında yaranan münasibətləri və dövlət qulluqçularının hüquqi vəziyyəti ilə bağlı məsələləri tənzimləyir.
“Torpaq islahatı haqqında” 16 iyul 1996-cı il tarixli qanunun 4-cü maddəsinə əsasən “ Torpaq xüsusi mülkiyyətə Azərbaycan Respublikasının vətəndaşlarına və hüquqi şəxslərinə verilir. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, habelə xarici dövlətlər Azərbaycan Respublikasında torpaq sahələrini yalnız icarə hüququ əsasında əldə edə bilərlər.”
Lakin elə hallar ola bilər ki, mülki qanunvericilik aktı ayrı-ayrı kateqoriyadan olan və ya ayrı-ayrı ərazilərdə yaşayan fiziki və hüquqi şəxslərə görə qüvvədə olsun. Məsələn, “Hərbi qulluqçuların dövlətə vurduqları ziyana görə maddi məsuliyyəti haqqında” 10 yanvar 1995-ci il tarixli Əsasnamə yalnız hərbi qulluqçulara görə qüvvədədir.
Beləliklə, qanunvericilik aktları bütün respublika ərazisində və ya müəyyən bölgəsində fəaliyyət göstərən fiziki və hüquqi şəxslər, eləcə də müəyyən kateqoriya (dövlət qulluqçuları, hərbçilər, tələbələr, məhbuslar vs.) üçün qüvvədə ola bilər ki, buna normativ-hüquqi aktların şəxslərə görə qüvvəsi deyilir.
Comments are closed, but trackbacks and pingbacks are open.